Məhkəmə qərarları › İş №1(019)-48/2022

Balakən Rayon Məhkəməsi Hökm — İş №1(019)-48/2022

19.04.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Balakən Rayonu İş № 1(019)-48/2022 19.04.2022 BALAKƏN RAYON MƏHKƏMƏSİ Balakən Rayon Məhkəməsinin hakimi Tahirov Zamin Cəbrayıl oğlunun sədrliyi, Qədirov İbadulla Şamil oğlunun katibliyi, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, müdafiəçi-Balakən rayon Vəkil Bürosunun vəkili Müdafiəçi və Təqsirləndirilən şəxs iştirakı ilə xx.xx.1996-cı ildə Balakən rayonu Kortala kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, fərdi əməklə məşğul olan, məhkum olunmayan, Balakən rayonu Kortala kəndində qeydiyyatda olan və həmin kənddə daimi yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş- Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası CM) 263-1.2-ci maddəsilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs yol hərəkəti qaydalarını nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan pozaraq, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına ağır zərər vurmaya səbəb olan cinayət əmələini törətmişdir. Belə ki, o, 12 dekabr 2022-ci il tarixdə saat 22 radələrində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 33-cü maddəsinin 4-cü hissəsinin tələblərini pozaraq, sürücülük vəsiqəsi olmadan etibarnamə əsasında idarə etdiyi, Balakən rayonu Mahamalar kənd sakini X3 məxsus olan VAZ-21074 markalı 08 BK-257 dövlət qeydiyyat nişanlı avtomobillə Balakən rayonu Kortala kəndinin ərazisində hərəkətdə olduğu zaman «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərini pozaraq, yəni yol hərəkətinin iştirakçıları yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı olduğu halda, öz hərəkətləri və ya hərəkətsizliyi ilə həmin maddənin tələblərini pozaraq, idarə etdiyi avtomobili ilə yolun əks istiqamətində hərəkətdə olan velosipedçi Zərərçəkmiş şəxs avtomobilin ön hissəsi ilə vurmuş, nəticədə velosipedçi Zərərçəkmiş şəxs ehtiyatsızlıqdan ağır koma ilə müşayiət olunan baş beyin əziyi, sağ incik sümüyünün yuxarı 1/3-nin yerdəyişən sınığı, sağ baldırın yaraları ilə nəticələnən, dərəcələrinə görə ümumilikdə onun həyatı üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid edilən bədən xəsarətləri yetirilməsi və Zərərçəkmiş şəxs məxsus «Skot» markalı velosipedə 600 (altı yüz) manat məbləğində ziyan vurulması ilə nəticələnən yol nəqliyyat hadisəsi törətmişdir. Təqsirləndirilən şəxs həmin cinayət əməlini törətməsi məhkəmə iclasında özünün etirafedici ifadəsi, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, bilavasitə tədqiq olunan digər sübutlarla aşağıdakı qaydada tam sübuta yetirildi. Belə ki, məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 263-1.2-ci maddəsilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, Balakən rayonu Kortala kəndində valideynləri ilə birlikdə yaşayır. Fərdi əməklə məşğul olur. Əvvəllər məhkum olunmamış və psixi xəstəliklər keçirməmişdir. VAZ-2107 markalı 08 BK-257 dövlət qeydiyyat nişanlı avtomobil Balakən rayon sakini olan X4 adlı şəxsə məxsusdur, həmin avtomobili təxminən 2021-ci ilin sentyabr ayından etibarnamə əsasında idarə edir. Sürücülük vəsiqəsi olmayıb və hazırda da yoxdur. Etibarnamə əsasında VAZ-2107 markalı 08 BK-257 dövlət qeydiyyat nişanlı avtomobili nəqliyyat vasitələrini idarə etmə hüququ olmadan idarə etmişdir. 12.12.2021-ci il tarixdə gecə saat 22 radələrində etibarnamə əsasında idarə etdiyi VAZ-2107 markalı 08 BK-257 dövlət qeydiyyat nişanlı avtomobili idarə edərək, Balakən rayonu Kortala Bələdiyyəsinin inzibati binasının qonşuluğunda olan ərazidə yerləşən Ənvər adlı şəxsin işlətdiyi kafeyə gəlmişdir. Orada hazırda xatırlamadığı həmkəndlilərinə yaxınlaşıb bir neçə dəqiqə söhbət etdikdən sonra evə qayıtmaq məqsədilə VAZ-2107 markalı 08 BK-257 dövlət qeydiyyat nişanlı avtomobili idarə edərək, Kortala kəndinin ərazisində olan “dörd yol” adlanan ərazi istiqamətinə sürmüşdür. “Dörd yol”a çatmağa az qalmış yolda qarşısına qəflətən əks istiqamətdə hərəkət edən velosipedçi, sonradan adının Zərərçəkmiş şəxs olduğunu bildiyi şəxs çıxmışdır. Avtomobili saxlaya bilməyərək, həmin velosipedçi Zərərçəkmiş şəxs vurmuşdur. Qəza ani baş verdiyindən qəzanın qarşısını almaq üçün heç bir hərəkəti edə bilməmişdir. Hadisə səsinə qonşu evlərdə yaşayan şəxslər çıxmışlar. Həmin şəxslərin köməyi ilə və hadisə yerinə VAZ-2106 markalı 08 BX-840 dövlət qeydiyyat nişanı olan avtomobillə gəlmiş şəxslərin köməyi ilə xəsarət almış velosipedçini həmin avtomobilə mindirərək, Balakən Mərkəzi Rayon Xəstəxanasına aparmışlar. Hadisənin təsirindən şokda olduğundan onlarla birlikdə xəstəxanaya gedə bilməmişdir. Xəsarət almış şəxsi aparan avtomobil hadisə yerindən uzaqlaşan kimi oraya gəlmiş həmkəndlisi Qiyas Musayevə məxsus olan VAZ-2106 markalı 08 BJ-286 dövlət qeydiyyat nişanlı avtomobilə Balakən Mərkəzi Rayon Xəstəxanasına getmək üçün minmişdir. “Dörd yol” a çatdıqda Qiyasın avtomobilindən düşüb İmran adlı həmkəndlisi ilə birlikdə Turan adlı digər həmkəndlisinə məxsus olan “Opel” markalı avtomobilə minib xəsarət almış şəxs Zərərçəkmiş şəxs vəziyyətini bilmək üçün Balakən Mərkəzi Rayon Xəstəxanasına getmişdir. Avtomobili idarə edən zaman ayıq olmuşdur. Spirtli içkilər qəbul etmir. Hadisə zamanı avtomobili hansı sürətlə idarə etdiyini xatırlamır. Hadisə baş verən zaman yolda başqa kimlərin və və nəqliyyat vasitəsinin olduğunu xatırlamır. Hadisələrin təsadüfi axarı zəminində ilk dəfə olaraq az ağır cinayət törətmişdir. Zərərçəkmiş şəxs ilə barışıq əldə etmiş, cinayət nəticəsində dəymiş ziyanı könüllü olaraq tamamilə zərərçəkmiş şəxsə ödəmişdir. Cinayət əməli törətməsini etiraf edib bu əməli törətməsindən peşmançılıq hissi keçirir. Bu halların ona cəza verilməsində nəzərə alınmasını xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində bildirmişdir ki, Balakən rayonu Püştətala kəndində ailəsi ilə birlikdə yaşayır. Fərdi əməklə məşğul olur.12 dekabr 2021-ci il tarixdə gecə saat təxminən 22 radələrində özünə məxsus olan velosipedlə Kortala kəndindən Püştətala kəndinə yaşadığı evə getdiyi zaman Kortala kəndinin ərazisində «dörd yol» adlanan ərazini keçib bir qədər irəlilədikdən sonra, sonradan adının Təqsirləndirilən şəxs olduğu bildiyi şəxsin idarə etdiyi VAZ-2107 markalı ağ rəngli dövlət qeydiyyat nömrəsini xatırlamadığı avtomobil onu vurmuşdur. Hadisə ani baş verdiyindən avtomobilin hərəkət istiqamətini tam dəqiq xatırlamır. Hadisə nəticəsində idarə etdiyi velosipedin də arxa təkəri əzilmiş, yararsız vəziyyətə düşmüşdür. ABŞ istehsalı olan «Skot» markalı velosipedi işlənmiş vəziyyətdə hadisədən təxminən bir ay əvvəl Balakən şəhər sakini olan Zaur adlı şəxsdən 600 (altı yüz) manata almışdır. Təqsirləndirilən şəxs onunla barışıq əldə etmiş, cinayət nəticəsində dəymiş ziyanı könüllü olaraq tamamilə ona ödəmişdir. Təqsirləndirilən şəxs yüngül cəza verilməsini xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində bildirmişdir ki, Balakən rayonu Kortala kəndində valideynləri ilə birlikdə yaşayır. Fərdi təsərrüfatla məşğul olur. 12.12.2021-ci il tarixdə təxminən saat 22 radələrində Kortala kəndində, “dörd yol” adlanan ərazidə Əfəndiyev Fərman və Şahid2 adlı həmkəndliləri ilə söhbət etmişlər. Bu zaman yol-nəqliyyat hadisəsinə oxşayan səs eşitmişlər. Həmin vaxtı özünə məxsus olan VAZ-2106 markalı 08 BX-840 dövlət qeydiyyat nişanı olan avtomobilə minib o, Fərman və Rəfail səs gələn tərəfə getmişlər. “Dörd yol” adlanan ərazidə təxminən 200-300 metr içəriyə Kortala kənd tam orta məktəbinə doğru hərəkət etdikdə, yolun sol tərəfində həmkəndlisi Təqsirləndirilən şəxs məxsus olan VAZ-2107 markalı 08 BK-257 dövlət qeydiyyat nişanlı avtomobilin saxlanıldığını görmüşlər. Avtomobilin qabaq aynası qırılmış vəziyyətdə olmuşdur. Həmin yerdən təxminən 30 metr irəli getdikdə, asfalt örtüyün üzərində velosipedçi, sonradan adının Zərərçəkmiş şəxs olduğunu bildiyi şəxsin yerə yıxılmış vəziyyətdə olduğunu görmüşlər. Onlar hadisə yerinə çatdıqda yol-nəqliyyat hadisəsi nəticəsində xəsarət almış velosipedçi Zərərçəkmiş şəxs yanına kənd sakinlərinin yığıldığını görmüşlər. Fərmanı və Rəfaili xəsarət alan şəxsin yanında maşından düşürüb, özü maşını bir qədər irəlidən geri çevirmişdir. Həmin vaxtı Akşinin harada olduğunu görməmişdir. Fərman, Rəfail və hadisə yerinə gəlmiş qonşuların köməyi ilə xəsarət almış şəxsi idarə etdiyi avtomobilin arxa sərnişin oturacağına mindirib Balakən Mərkəzi Rayon Xəstəxanasına aparmışlar. Xəsarət alan şəxsi xəstəxanaya çatdıran zaman avtomobildə o, Rəfail, Fərman və xəsarət alan şəxs Zərərçəkmiş şəxs özü olmuşdur. Onlar xəstəxanada olduqları zaman Təqsirləndirilən şəxs da xəstəxanaya gəlmişdir. Akşin ondan xəstənin vəziyyətinin necə olduğunu soruşduqda həkimləri apardığını və xəstənin nəfəs aldığını bildirmişdir. Həmin vaxt xəstəxanada olan İmran adlı həmkəndlisi Akşin ağladığına görə onu sakitləşdirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində bildirmişdir ki, Balakən rayonu Kortala kəndində valideynləri ilə birlikdə yaşayır. Fərdi əməklə məşğul olur. 12.12.2021-ci il tarixdə təxminən saat 22 radələrində Kortala kəndində, “dörd yol” adlanan ərazidə Əfəndiyev Fərman və Göndolov Təbriz adlı həmkəndliləri ilə söhbət etmişlər. Bu zaman yol-nəqliyyat hadisəsinin səsinə oxşayan səs eşitmişlər. Təbrizin idarə etdiyi VAZ-2106 markalı sonu “840” ilə bitən dövlət qeydiyyat nişanı olan avtomobilə minib səs gələn tərəfə getmişlər. “Dörd yol” adlanan ərazidən təxminən 200-300 metr içəriyə, Kortala kənd tam orta məktəbinə doğru hərəkət etdikdə, yolun sol tərəfində həmkəndlisi Təqsirləndirilən şəxs məxsus olan VAZ-2106 markalı 08 BK-257 dövlət qeydiyyat nişanlı avtomobilin saxlanıldığını görmüşlər. Avtomobilin qabaq aynası qırılmış vəziyyətdə olmuşdur. Həmin yerdən təxminən 30 metr irəli getdikdə asfalt örtüyün üzərində velosipedçi, sonradan adının Zərərçəkmiş şəxs olduğunu bildiyi şəxsin yerə yıxılmış vəziyyətdə olduğunu görmüşlər. Onlar hadisə yerinə çatdıqda yol- nəqliyyat hadisəsi nəticəsində xəsarət almış velosipedçi Zərərçəkmiş şəxs yanında Təqsirləndirilən şəxs və hadisə yerinin qonşuluğunda yaşayan şəxslər olmuşlar. Həmin vaxtı Akşin yerdə uzanmış xəsarət almış Zərərçəkmiş şəxs “oyan, oyan” deyərək, müraciət etmiş, özü də şokda olmuşdur. Fərman, Təbriz və hadisə yerinə gəlmiş qonşuların köməyi ilə xəsarət almış şəxs Zərərçəkmiş şəxs Təbrizin idarə etdiyi avtomobilin arxa sərnişin oturacağına mindirib, Balakən Mərkəzi Rayon Xəstəxanasına gətirmişlər. Xəsarət alan şəxsi xəstəxanaya çatdıran zaman avtomobildə o, Təbriz, Fərman və xəsarət alan şəxs Zərərçəkmiş şəxs özü olmuşdur. Xəstəxanada olduqları zaman Təqsirləndirilən şəxs da xəstəxanaya gəlmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində bildirmişdir ki, Balakən rayonu Kortala kəndində ailəsi ilə birlikdə yaşayır. Heç bir yerdə işləmir. 12.12.2021-ci il tarixdə gecə saat təxminən 22 radələrində Balakən rayonu Kortala Bələdiyyəsinin inzibati binasının qonşuluğunda olan ərazidə yerləşən Ənvər adlı şəxsə məxsus olan kafedə Musayev Qiyas və Bayramov Sərxan adlı şəxslərlə birlikdə pivə içmişlər. Həyətə çıxdığı zaman kafeyə həmkəndliləri Təqsirləndirilən şəxs da gəlmişdir. Akşin ona əl-üzünü yumaq istədiyini bildirərək, işıq salmağını xahiş etmişdir. Akşinlə birlikdə yaxınlıqdakı bulağa getmişlər. Orada telefonla işıq salmışdır ki, Akşin əl-üzünü yusun. Bulaqdan birlikdə geri kafeyə qayıtmışlar. Akşinə pivə, çay təklif etsələr də, Akşin içməmişdir. Akşin təxminən 5 dəqiqə onlarla söhbət etdikdən sonra işinin olduğunu bildirərək, çıxıb getmiş və daha geri qayıtmamışdır. Akşindən 5-10 dəqiqə sonra evə getmək məqsədilə Qiyas Musayevə məxsus olan VAZ-2106 markalı 08 BJ-286 dövlət qeydiyyat nişanlı avtomobilə minib üçü, yəni o, Qiyas və Sərxan kəndin «dörd yol» adlanan ərazisinə tərəf gəldikdə, «dörd yol»a çatmağa təxminən 200 metr qalmış yolun sağında Akşinə məxsus olan VAZ-2107 markalı 08 BK-257 dövlət qeydiyyat nişanlı avtomobilin saxlanıldığını görmüşlər. Akşinin avtomobilinin qabaq aynası qırılmış vəziyyətdə olmuşdur. Yerə də avtomobilin qırılmış hissələri səpələnmişdi. Həmin yerə xeyli kənd sakinləri yığılmışdı. Akşin başını tutub ağlamışdır. Gah “adam vurmuşam”, gah da “adam öldümü? “ demiş, özü də şokda olmuşdur. Hadisə yerində olanlardan nə baş verdiyini soruşduqda Akşinin maşınla velosipedçini vurduğunu və vurulan şəxsin xəstəxanaya aparıldığını demişlər. VAZ-2106 markalı 08 BX-840 dövlət qeydiyyat nişanı olan avtomobilin hadisə yerindən uzaqlaşdığını görmüş və hadisə yerində olan şəxslərin dediklərindən xəsarət almış velosipedçinin həmin avtomobillə Balakən Mərkəzi Rayon Xəstəxanasına aparıldığını bilmişlər. Qiyasın, Sərxanın və onun xəstəxanaya getdiklərini bildikdə, Akşin də xəsarət almış şəxsin vəziyyətini bilmək üçün onlarla birlikdə avtomobilə əyləşmişdir. Avtomobili artıq Əhməd adlı həmkəndliləri idarə etmiş, avtomobillə “dörd yol”a qədər getmişlər. Akşin avtomobildə siqaret çəkib ağlamış və “öldü” demişdir. “Dörd yol”a çatdıqda deyəsən siqaret almaq üçün avtomobili saxlamışlar. Bu zaman həmkəndlisi Turan da idarə etdiyi avtomobillə oraya yaxınlaşmışdır. O və Akşin Turana məxsus “Opel” markalı sonu “541“ nömrəsi ilə bitən avtomobilə minib onunla birlikdə xəsarət almış şəxsin vəziyyətini bilmək üçün Balakən Mərkəzi Rayon Xəstəxanasına gəlmişlər. Əhməd, Qiyas və Sərxan Əhmədin idarə etdiyi Qiyasa məxsus olan avtomobillə Balakən Mərkəzi Rayon Xəstəxanasına gəlmişlər. X5 Rayon Xəstəxanasında siqaret çəkib ağladığına görə Akşini sakitləşdirmiş və xəsarət alan şəxsin yaxşı olacağını demişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində bildirmişdir ki, 12 dekabr 2021-ci il tarixdə təxminən saat 22:20 radələrində yaşadığı Balakən rayonu Kortala kəndinin mərkəzində yerləşən adsız kafedən çıxıb evə getdiyi vaxt kənd sakinləri Fərman Əfəndiyev,Şahid1 və Rafayıl Qasımov kafenin yaxınlığında dayanıb söhbət etmişlər. Yaşadığı evə doğru bir qədər getdikdən sonra Xurçu yaşayış məntəqəsi istiqamətindən gələn bir avtomobilin yolda nəsə ilə toqquşduğunu görmüşdür. Buna görə hadisə yerinə doğru qaçmışdır. Hadisə yerinə çatanda Kortala kənd sakini Təqsirləndirilən şəxs idarə etdiyi VAZ 2107 markalı avtomobillə sonradan adının Zərərçəkmiş şəxs olduğunu bildiyi bir şəxsi vurduğunu görmüşdür. Bu zaman Fərmangil gəlib hadisə yerinə çatmışlar. Ətrafda olan evlərdən birinin qapısını döyüb su istəyən zaman Fərmangil artıq həmin yaralı şəxs Zərərçəkmiş şəxs Təbrizin avtomobilinə qoyub xəstəxanaya aparmışlar. Həmin vaxt hadisə yerinə xeyli adam toplaşmışdır. Daha sonra Akşinin idarə etdiyi avtomobilin kapotunun, damının əzildiyini, qabaq şüşəsinin sındığını, həmçinin hadisə yerindən bir qədər geridə, hadisə yerinin sol tərəfində velosiped olduğunu görmüşdür. Bundan sonra oradan yaşadığı evə qayıtmışdır. İş materiallarında olan 13.12.2021-ci il tarixli hadisə yerinə baxış keçirilməsi haqqında protokoldan görünür ki, baxış zamanı aşağıdakılar müəyyən edilmişdir: Aparılmış ilkin araşdırma zamanı tərtib edilmiş yol-nəqliyyat hadisəsi yerinə baxış keçirilməsi haqqında protokoldan, protokola əlavə edilmiş sxemdən və fotoşəkillərdən görünür ki,hadisə yeri Balakən şəhəri-Kortala kəndi istiqamətində Balakən rayonu Kortala kəndinin ərazisində yerləşir. Hadisə yerində hərəkət ikiistiqamətlidir. Yol örtüyü asfaltbeton olmaqla quru, düzünə hamardır. Yolun eni 6,2 metr təşkil edir. Yolun hərəkət hissəsində hərəkət istiqamətlərini ayıran xəttlər yoxdur. Yol kənar obyektlərdən düşən işıqla zəif işıqlandırılır. Balakən şəhəri- Kortala kəndi istiqamətində yolun sağ hissəsində yol çiyni 3,9 metr, Kortala kəndi - Balakən şəhəri istiqamətində isə yol çiyni 2,3 metrdir. Hadisədən əvvəl VAZ-21074 markalı 08 BK 257 dövlət qeydiyyat nişanlı minik avtomobili Kortala kəndi -Balakən şəhəri istiqamətində yolun sağı ilə hərəkətdə olmuşdur. Baxış zamanı velosipedçinin hərəkət istiqamətini müəyyən etmək mümkün olmamışdır. VAZ-21074 markalı 08 BK 257 dövlət qeydiyyat nişanlı avtomobil hadisə yerində Kortala kəndi- Balakən şəhəri istiqamətində yolun sağ çiynində üzü Balakən şəhəri istiqamətində avtomobilin yarısı asfalt örtüyün üzərində, yarısı isə yol çiynində dayanmışdır. Velosiped isə əks istiqamətdə yol çiynində yerə düşmüş və əzilmiş vəziyyətdədir. Yolda minik avtomobilinə məxsus olan tormozlama izlərinin uzunluğu 20 metr təşkil edir. Hadisə yerində VAZ-21074 markalı ** BK *** dövlət qeydiyyat nişanlı minik avtomobilinə məxsus sınmış hissələr aşkarlanmışdır. Nəqliyyat vasitəsinin ətrafdakı əşyalara toxunma izləri yoxdur. VAZ-21074 markalı 08 BK 257 dövlət qeydiyyat nişanlı avtomobilin sol sürücü tərəf qapısında qapını açmaq üçün olan tutacağın, qapıya aid olan hissəsindən, sol qabaq qapının üst hissəsindən, sükanından, sürətlər qutusunun başlığından, sol qanad hissəsindən və maşının mühərriki örtən dəmir örtük hissəsindən ümumilikdə 11 (on bir) ədəd əl-barmaq və 02 (iki) ədəd ovuc izləri götürülmüşdür. Hadisə yeri yaşayış məntəqəsidir. Baxış zamanı fotoşəkillər çəkilmişdir. Baxış zamanı baxış iştirakçılarından ərizə və qeydlər daxil olmamışdır. İştirakçılar tərəfindən protokolun və sxemin düzgünlüyü imzalarla təsdiq edilmişdir. Baxış zamanı çəkilmiş fotoşəkillər protokola əlavə edilmişdir. İş materiallarında olan məhkəmə-tibbi ekspertizasının 06.01.2022-ci il tarixli, 404 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs müəyyən edilmiş xəsarətlər-ağır koma ilə müşayiət olunan baş beyin əziyi, sağ incik sümüyünün yuxarı 1\3-nin yerdəyişən sınığı, sağ baldırın yaraları bərk küt əşyanın (əşyaların) təsirindən törənmişlər, qərarın təsviri hissəsində göstərilən müddətdə və şəraitdə, yəni 12.12.2021-ci ildə yol-nəqliyyat hadisəsi zamanı hərəkətdə olan avtomobilin qabarıq hissələrinin dəyməsi təsirindən əmələ gələ bilərdilər, dərəcələrinə görə ümumilikdə onun həyatı üçün təhlükəli olan sağlamlığa AĞİR zərər vurmaya aid edilirlər. İş materiallarında olan məhkəmə yol-nəqliyyat hadisələri ekspertizasının 21 fevral 2022-ci il tarixli, 8/237 nömrəli rəyindən görünür ki, 1-2. İstintaq tərəfindən təqdim olunmuş məlumatlara əsasən VAZ 2107 markalı ** BK *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə qiayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur; sürücü Təqsirləndirilən şəxs VAZ 2107 markalı avtomobili sürücülük vəsiqəsi olmadan idarə etdiyindən onun hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 33-cü maddəsinin 4-cü hissəsinin tələblərinə uyğunsuzluq olmuşdur. Ekspertiza tədqiqatının dəyəri 45 manat təşkil edir. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi BƏSİİ tərəfindən verilmiş tələbnamə üzrə 15.01.2022-ci il tarixli, 6 saylı arayışdan görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan Azərbaycan Respublikası DİN-in BDYPİ Şəki RQİ və TBŞ-dən daxil olmuş 25.01.2022-ci il tarixli, ***-***-**-**22 nömrəli məktubdan görünür ki, DİN-in BDYPİ Şəki RQİ və TBŞ-də yaradılan mərkəzləşdirilmiş kompüter bazasına əsasən xx.xx.1996-cı il təvəllüdlü Balakən rayonu Kortala kəndində qeydiyyatda olan Təqsirləndirilən şəxs sürücülük vəsiqəsi almamışdır. İş materiallarında olan Azərbaycan Resublikası DİN-in BDYPİ Şəki RQİ və TBŞ tərəfindən verilmiş 16.03.2021-ci il tarixli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsindən görünür ki, VAZ-2107 markalı ** BK *** dövlət qeydiyyat nişanlı avtomobil Balakən rayonu Mahamalar kənd sakini X3 məxsusdur. İş materiallarında olan nəqliyyat vasitələrinə sərəncam verilməsi haqqında 13.09.2021-ci il tarixli etibarnamədən görünür ki, Balakən rayonu Mahamalar kənd sakini X4 özünə məxsus olan VAZ-2107 markalı ** BK *** dövlət qeydiyyat nişanlı avtomobili 13.09.2022-ci il tarixədək, yəni 01 il müddətinə Balakən rayonu Kortala kənd sakini Təqsirləndirilən şəxs həmin nəqliyyat vasitəsinə sərəncam verilməsini etibar etmişdir. İş materiallarında olan 07.03.2022-ci il tarixli 92 nömrəli “Nəqliyyat vasitəsini idarə edən şəxsin sərxoşluq vəziyyətinin müəyyən edilməsi Qaydaları”na əlavə sərxoşluq vəziyyətinin tibbi müayinəsi aktından görünür ki, sürücü Təqsirləndirilən şəxs yol-nəqliyyat hadisəsi zamanı ayıq olmuşdur. İş materiallarında olan Balakən RPŞ-nin İB-nin müstəntiqinin 09 mart 2022-ci il tarixli sübutların qiymətləndirilməsi haqqında qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş, onun barəsində əməlində cinayət tərkibinin olmaması əsası ilə Azərbaycan Respublikası CM-nin 264-cü maddəsilə cinayət təqibinin başlanması rədd edilmişdir. İş materiallarından görünür ki, Zərərçəkmiş şəxs ibtidai istintaq orqanına ərizə ilə müraciət edərək, Təqsirləndirilən şəxs tərəfindən ona vurulmuş maddi və mənəvi ziyanın tam şəkildə ödənildiyini, Təqsirləndirilən şəxsla barışdığını və ondan heç bir şikayətinin olmadığını bildirərək, Təqsirləndirilən şəxs tərəfindən ona vurulmuş ziyanın ödənilməsinin, onunla barışmasının və ondan heç bir şikayətinin olmadığının cinayət işi üzrə nəzərə alınmasını xahiş etmişdir. İş materiallarına əlavə olunmuş Zərərçəkmiş şəxs Balakən Rayon Məhkəməsinə ünvanladığı yazılı ərizəsindən görünür ki, o, Təqsirləndirilən şəxs ilə barışmışdır, Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyan tam ödənilmişdir, Təqsirləndirilən şəxs heç bir tələb və şikayəti yoxdur. Beləliklə, məhkəmə iclasında tədqiq olunmuş mümkün və mötəbər sübutların məcmuyu ilə müəyyən edildi ki, Təqsirləndirilən şəxs yol hərəkəti qaydalarını nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan pozaraq, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına ağır zərər vurmaya səbəb olan yol- nəqliyyat hadisəsi törətmişdir. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası CPM) 346-cı maddəsinin tələbinə uyğun olaraq Təqsirləndirilən şəxs əməlinin hüquqi tövsifi məsələsinə baxaraq, qeyd edir ki, bu Məcəllənin 263.1-ci maddəsində nəzərdə tutulmuş əməllərin alkoqollu içkilərin qəbulu, narkotik vasitələrdən, psixotrop maddələrdən və digər güclü təsir edən maddələrdən istifadə edilməsi nəticəsində sərxoş halda olan və ya nəqliyyat vasitələrini idarə etmək hüququ olmayan şəxs tərəfindən törədilməsi ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına ağır zərər vurulmasına, yaxud ümumi istifadədə olan nəqliyyat vasitəsinin idarə edilməsi zamanı ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır və ya ağır zərər vurulmasına səbəb olduqda Azərbaycan Respublikası CM-nin 263-1.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlinin tərkibi yaranır. «Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 15 noyabr 2013-cü il tarixli, 5 nömrəli Qərarının 3-cü bəndində göstərilir ki, “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin 18-ci bəndinə əsasən, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263 və 263-1-ci maddələrində nəzərdə tutulmuş cinayətlərin predmeti olan nəqliyyat vasitələri dedikdə mexaniki nəqliyyat vasitələri, yəni asma mühərrikli velosipedlər və tramvaylardan başqa relsli nəqliyyat vasitələri istisna olmaqla hər hansı özügedən nəqliyyat vasitələri başa düşülür. Bunlara avtomobillər, tramvaylar, trolleybuslar, operativ nəqliyyat vasitələri, qoşqular, yarımqoşqular, uzun ölçülü nəqliyyat vasitələri, özügedən maşınlar, təkərli traktorlar və motosikletlər aiddir. Həmin Qərarın 4-cü bəndində isə göstərilir ki, CM-nin 263 və 263-1-ci maddələrində nəzərdə tutulmuş cinayətlərin subyekti yalnız yol-nəqliyyat hadisəsinin törədildiyi anda 16 yaşına çatmış, anlaqlı vəziyyətdə olan və nəqliyyat vasitəsini idarə edən şəxs ola bilər. Nəqliyyat vasitəsini idarə etmək hüququna malik olan şəxs tərəfindən CM-nin 263-cü maddəsində nəzərdə tutulmuş əməlləri törətməsi onun həmin maddə ilə cinayət məsuliyyətinə səbəb olur. Məhkəmə, Azərbaycan Respublikasının Konstitusiyasının 63-cü maddəsində təsbit edilmiş təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq, məhkəmə baxışında ittihamın baxılması nəticələrinə, məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslanaraq, bu nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir, onun əməlində Cinayət Məcəlləsinin 263-1.2-ci maddəsinin tərkibi vardır, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinməlidir. Həmin əməlin cinayət olmasını aradan qaldıran hallar və təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilmələri üçün əsaslar yoxdur, Təqsirləndirilən şəxs törətdiyi əmələ görə cəzalanmalıdır. Azərbaycan Respublikası CM-nin cəzanın anlayışını və məqsədini müəyyən edən 41-ci maddəsinə görə cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1 və 58.3-cü maddələrinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir.Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. “Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr və dəyişikliklər edilməsi barədə” 11 iyun 2004-cü il tarixli, 688-İİQD saylı Azərbaycan Respublikası Qanununun 3-cü hissəsinin 9-cu bəndinin və 4-cü hissəsinin 7-ci bəndinin Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin 9-cu hissəsinə uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 yanvar 2005-ci il tarixli Qərarında qeyd olunur ki, istənilən məhkəmə aktının qanuni və əsaslı hesab olunması üçün mütləq şərtlərdən biri onun ədalətli olmasıdır, çünki ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir. «Yol hərəkəti haqqında» 1968-ci il tarixli Vyana Konvensiyasının 7-ci maddəsinin 1-ci bəndinə əsasən yol istifadəçiləri özlərini elə aparmalıdırlar ki, hərəkət üçün təhlükə və ya maneə törətməsinlər, adamları təhlükəyə məruz qoymasınlar və dövlət, ictimai və ya şəxsi əmlaka zərər vurmasınlar. «Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 15 noyabr 2013-cü tarixli, 5 №-li qərarının 21-ci bəndində göstərilir ki, məhkəmələr tərəfindən bu kateqoriyadan olan işlər üzrə işin cəzaya təsir edə biləcək bütün hallar, o cümlədən təqsirləndirilən şəxsin əvvəllər yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalar və ya hərəkət təhlükəsizliyi və nəqliyyat vasitələrinin istismarı qaydaları əleyhinə olan cinayətlər törədib-törətməməsi, buna görə onun inzibati məsuliyyətə cəlb edilməmiş sayılıb-sayılmaması və ya məhkumluğunun ödənilibödənilməməsi, inzibati və ya cinayət mühakimə icraatı qaydasında nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum edilib-edilməməsi, digər tərəfdən isə yol-nəqliyyat hadisəsinin baş verməsində zərərçəkmişin və ya yol hərəkətinin digər iştirakçılarının qarşılıqlı təqsirinin mövcudluğu, təqsirləndirilən şəxsin hadisədən sonrakı davranışı, onun hadisə yerindən qaçmayaraq, zərərçəkmişə tibbi və ya digər yardım göstərməsi, yolnəqliyyat hadisəsi nəticəsində zərər çəkmiş şəxsin təqsirkarın yaxın qohumu olması, təqsirləndirilən şəxsin özünün də hadisə nəticəsində xəsarət alması, onun tərəfindən maddi və mənəvi zərərin ödənilməsi və bu kimi sair hallar araşdırılmalı və cəza təyini zamanı nəzərə alınmalıdır. Azərbaycan Respublikası CM-nin 59.1.1-ci maddəsində hadisələrin təsadüfi axarı zəminində ilk dəfə olaraq böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətin törədilməsi, Cinayət Məcəlləsinin 59.1.12-ci maddəsində zərərçəkmiş şəxslə və ya onun yaxın qohumu olan hüquqi varisi ilə barışıq əldə edilməsi və Cinayət Məcəlləsinin 59.1.13cü maddəsində cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə ödənilməsi və ya aradan qaldırılması cəzanı yüngülləşdirən hallar kimi nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə əsasən cəza təyin edilərkən bu Məcəllənin 59.1.1-59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Məhkəmə istinad olunan bu qanun normalarının tələbinə əsasən hadisələrin təsadüfi axarı zəminində ilk dəfə olaraq az ağır cinayət törətməsini, zərərçəkmiş şəxslə barışıq əldə etməsini, cinayət nəticəsində dəymiş ziyanı könüllü olaraq tamamilə zərərçəkmiş şəxsə ödəməsini və cinayət əməli törətməsini etiraf edib bu əməli törətməsindən peşmançılıq çəkməsini Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə qeyd edir ki,Təqsirləndirilən şəxs cinayəti etiraf edib əməlinə görə təəsüflənməklə peşman olduğunu bildirməsi, onun öz əməlinə tənqidi münasibətini ifadə etməklə həqiqətən də onu müsbət xarakterizə edən haldır. Bu konteksdə nəzərə çatdırılmalıdır ki, səmimi peşmançılıq şəxsin törətdiyi əmələ tənqidi münasibətini əks etdirən hiss olmaqla istənilən cinayəti, o cümlədən az ağır cinayəti törədən şəxs tərəfindən də yaşana və Cinayət Məcəlləsinin 72.1-ci maddəsində göstərilməyən formalarda da ifadə oluna bilər. Bu konteksdə diqqətə alınmalıdır ki, Rusiya Federasiyası Cinayət Məcəlləsinin 75-ci maddəsində şəxsin cinayət məsuliyyətindən azad edilməsinə əsas verən hal (AR CM-nin 72-ci maddəsi ilə eyni hallarda) səmimi peşmançılıq deyil, əməli peşmançılıq adlandırılmış, yəni səmimi peşmançılığın üstün-yalnız əməli hərəkətlərlə ifadə olunmuş forması olaraq qeyd edilmişdir. Ona görə də təqsirləndirilən şəxsin cinayət əməli törətməsini etiraf edib bu əməli törətməsindən peşmançılıq çəkməsi məhz onun istinad olunan Azərbaycan Respublikası CM-nin 263-1.2-ci maddəsində nəzərdə tutulmuş əməlin törədilməsinə təəssüflənməklə bu əmələ tənqidi münasibətini ifadə edir və bu xüsusda onun cəzasını yüngülləşdirən hal kimi qiymətləndirilməlidir. Həm də təqsirləndirilən şəxsin cinayəti etiraf edib əməlinə görə təəsüflənməklə peşman olması onun konkret hərəkətləri ilə də sübut olunur. Belə ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs dəymiş ziyanı könüllü şəkildə ona tam olaraq ödəmiş və zərərçəkmiş şəxslə barışıq əldə etmişdir. Məhkəmə tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulmuş cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası CM-nin 263-1.2-ci maddəsinin sanksiyasında dörd ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə dörd ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edərkən bir daha qeyd edir ki, Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin tördilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. Məhkumun islah edilməsi onun qanuna tabe olan insana çevrilməsini, məhkumu yeni cinayətlərə sövq edə bilən zərərli sosial-psixoloji meyllərdən, kriminogen xüsusiyyətlərdən azad etməyi nəzərdə tutur. İslah prosesi məhkumun ictimai-faydalı fəaliyyətə qayıtması, ümumi yaşayış qaydalarına hörmətlə yanaşması, normal cəmiyyətə tamamilə uyğunlaşması məqsədlərini güdür. Azərbaycan Respublikası CM-nin 9.2-ci maddəsinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Başqa sözlə, cəza «talion» prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Heç təsadüfi deyildir ki, qanunverici cəza təyin edərkən şəxsin bütün sosial-psixoloji keyfiyyətlərinin nəzərə alınmasını tələb edir. Şəxsin ictimai təhlükəliliyi məhz onun şəxsiyyətini xarakterizə edən amillərdəndir. Məhkəmə bildirir ki, bu zəmində şəxsin ictimai təhlükəliliyini müəyyən etmək üçün birinci növbədə onun törətdiyi cinayətin başqa cinayətlərin arasında yeri, şəxsin antisosial yönümünün davamlı olub-olmaması, onun cinayətin törədilməsinə gətirib çıxaran vərdişləri diqqətlə aydınlaşdırılmalıdır. Şəxsin antisosial yönümü onun törətdiyi cinayətdə özünü büruzə verir. Ancaq bu, təkcə şəxsin törətdiyi cinayətin ictimai təhlükəliliyi ilə deyil, eyni zamanda onun əvvəlki dövrlərdəki hərəkətlərində ifadə olunan antisosial davranışı və keyfiyyəti ilə də ölçülür. Məhkəmə qeyd edir ki, təqsirləndirilən şəxsə cəza təyin edilməsi zamanı onun xarakteri, sosial-psixoloji vəziyyətinin bütün çalarları, şəxsiyyətinin xarakterik cəhətləri də nəzərə alınmalıdır. Yalnız bu halda cəzanın ədalətliliyinə və fərdiliyinə, həmçinin onun məqsədlərinə nail olmaq mümkün olar. Məhkəmə hesab edir ki, cəza təyin edilərkən şəxsin sosial və psixoloji kriteriyalarına xüsusi önəm vermək lazımdır. Şəxsin sosial kriteriyası onun qanunlara və digər sosial normalara, əməyə, ictimai vəzifələrə, ailəyə münasibətini, təhsilini, tərbiyəsini və sair sosial şərtləri özündə əks etdirir. Şəxsin psixoloji kriteriyası isə onun xarakterini, iradəsini, qabiliyyətini və digər şəxsiyyətə xas olan cəhətlərini özündə ehtiva edir. Bu cəhətlərin tədqiq olunması və qiymətləndirilməsi şəxsin mənəvi deqradasiyaya məruz qalıb-qalmamasını, törətdiyi cinayətin onun anticəmiyyət yönümünün məntiqi nəticəsi olduğunu, yoxsa təsadüfi olaraq baş verdiyini, şəxsin islah olunması üçün hansı imkanların olması və bununla bağlı hansı qanuni vasitələrin seçilməsini müəyyənləşdirmək üçün çox vacibdir. Çünki insan sosiumun tərkib hissəsidir və onun fəaliyyətinin hansı yönümə istiqamətlənməsi cəmiyyət üçün əhəmiyyətlidir. Ancaq hər bir halda bu keyfiyyətlər şəxsin törətdiyi cinayətin xarakteri və ictimai təhlükəliliyi ilə vəhdətdə nəzərə alınmalıdır. Xüsusi ilə nəzərə alınmalıdır ki, cəzanın məqsədlərinə çatmaq üçün hansı yol seçilməlidir: təqsirləndirilən şəxsi azadlıqdan məhrum etməklə onu cəmiyyətdən təcrid etmək, fiziki cəhətdən imkanlarını məhdudlaşdırmaqla cəzanın məqsədlərinə nail olmaq, yoxsa, azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza seçməklə şəxsə etimad göstərib, bu yolla onun islah olunmasına və cəzanın digər məqsədlərinə çatmaq. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 263-1.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməli az ağır və ehtiyatsızlıqdan törədilən cinayətdir. Ancaq onu da nəzərə almaq lazımdır ki, Təqsirləndirilən şəxs hadisələrin təsadüfi axarı zəminində ilk dəfə az ağır cinayət əməli törətmiş, zərərçəkmiş şəxslə barışıq əldə etmiş və cinayət nəticəsində dəymiş ziyanı könüllü olaraq tamamilə zərərçəkmiş şəxsə ödəmiş, cinayət əməli törətməsini etiraf edib bu əməli törətməsindən peşman olmuşdur. Məhkəmə hesab edir ki, bu hallar, onun ictimai təhlükəliliyini azaldan hallar sayılmaqla, eyni zamanda onun, cinayətə sövq edə bilən zərərli sosial-psixoloji meyllərdən, kriminogen xüsusiyyətlərdən azad olmasına, ictimai-faydalı fəaliyyətə qayıtması və islah olunması, həmçinin normal cəmiyyətə qovuşması istəyinə və cinayət əməli törətməsindən peşmançılığının həqiqi olmasına dəlalət edir. Məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli davamlı antisosial yönümün nəticəsi olmamış, hadisələrin təsadüfi axarı zəminində ilk dəfə olaraq baş vermişdir. Ona görə də şərh olunan bu hallar cəzanın məqsədlərinə nail olunması baxımından Təqsirləndirilən şəxs cəza təyin edilməsində mütləq nəzərə alınmalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, hadisələrin təsadüfi axarı zəminində ilk dəfə olaraq az ağır cinayət törətməsi, zərərçəkmiş şəxslə barışıq əldə etməsi, cinayət nəticəsində dəymiş ziyanı könüllü olaraq tamamilə zərərçəkmiş şəxsə ödəməsi və cinayət əməli törətməsini etiraf edib bu əməli törətməsindən peşmançılıq çəkməsi kimi cəzasını yüngülləşdirən halları, cəzasını ağırlaşdıran halların olmamasını, ədalət və humanizm prinsiplərini, cəzanın məqsədlərinə nail olunması baxımından məqsədəuyğunluğunu nəzərə alaraq, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263-1.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməlidir. Məhkəmə Azərbaycan Respublikası CPM-nin 346.1.12-ci maddəsinə uyğun olaraq təqsirlndirilən şəxs Təqsirləndirilən şəxs təyin ediləcək cəzanın çəkilməli olub-olmaması məsələsinə baxaraq, işin hallarını, təqsirləndirilən şəxsin şəxsiyyətini, Cinayət Məcəlləsinin 70-ci maddəsinin tətbiq olunması üçün əsasların olmamasını nəzərə alaraq, həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs ona təyin ediləcək cəzanı çəkməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 56.1.1-ci maddəsinə əsasən ona təyin olunacaq azadlıqdan məhrum etmə cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməlidir. Belə ki, Azərbaycan Respublikası CM-nin 56.1.1-ci maddəsinin tələbinə görə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq olmayan müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün azadlıqdan məhrum etmə növündə cəzanın məntəqə tipli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən olunmuşdur. Məhkəmə, Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 67.2-ci maddəsində cəzasının icrası müddətinin məhkumun məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablanmasının müəyyən edildiyini nəzərə alaraq, həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə cəzasını çəkməsinin əvvəli onun məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanmalıdır. Məhkəmə həmçinin hesab edir ki, iş üzrə 45 manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutulub, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin VÖEN **********;AZ34CTRE********************, X1, KOD 210005, VÖEN ********** Müxbir hesab AZ41NABZ013601**********3944 SFİFT BİK CTREAZ22 hesabına ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 197.1.4-cü maddəsinə əsasən o cümlədən ekspertə ödənilməli haqlar məhkəmə məsrəflərinə aid edilmişdir. Azərbaycan Respublikası CPM-nin 198.1-ci maddəsinə əsasən bu Məcəllənin o cümlədən 197.1.4-cü maddəsində göstərilən məhkəmə məsrəfləri məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər və məhkəmənin qərarı ilə ondan tutulub dövlət nəfinə və ya müvafiq xərc çəkmiş fiziki, yaxud hüquqi şəxsin hesabına keçirilə bilər. Azərbaycan Respublikası CPMnin 353.4.10-cu maddəsinə əsasən o cümlədən məhkəmə xərclərinin kimin və hansı məbləğdə ödəməsi məhkəmənin ittiham hökmünün nəticəvi hissəsində göstərilməlidir. Azərbaycan Respublikası CPM-nin 346.1-ci və 346.1.19-cu maddələrinə əsasən, məhkəmə hansı əmlakın müsadirə edilməli olduğu məsələsinə baxaraq, Təqsirləndirilən şəxs hazırkı cinayəti törətdiyi zaman cinayət yolu ilə hər hansı əmlak əldə etməməsini nəzərə alaraq, həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CMnin 99-1.1-ci maddəsində nəzərdə tutulan xüsusi müsadirə edilməli olan əmlak mövcud deyildir. İş materiallarından görünür ki, Balakən rayon Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən məhkəmə icraatı zamanı işlə tanış olunması və hazırlıq iclasında hüquqi yardımla bağlı Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsinə 3 iş saatı vaxt sərf edilmişdir. Azərbaycan Respublikası CPM-nin 193.2-193.3-cü maddələrinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının Dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Məhkəmə şübhəli və ya təqsirləndirilən şəxsin orta aylıq gəlirini, maddi, əmlak və ailə vəziyyətini, habelə digər halları nəzərə alaraq həmin şəxsin müdafiəçi tərəfindən göstərilən hüquqi yardımı ödəməkdən azad edilməsi və ödəmənin Azərbaycan Respublikasının Dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilməsi barədə əsaslandırılmış qərar qəbul edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 3 may 2018-ci il tarixli, 202 №-li qərarı əsasında “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli,11 №-li qərarına edilmiş dəyişikliklərə uyğun olaraq təqsirləndirilən şəxslərin hüquqlarını müdafiə etmələrinə görə müdafiəçilərə hər iş saatı üçün 6 manat məbləğində haqq ödənilməlidir. Ona görə də məhkəmə həmçinin hesab edir ki, Balakən rayon Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs məhkəmə icraatı zamanı göstərilən hüquqi yardımla bağlı 18 manat Müdafiəçi ödənilməsi üçün Azərbaycan Respublikası Dövlət büdcəsinin vəsaiti hesabından Balakən rayon Vəkil Bürosunun nəfinə, «KAPİTALBANK» X2 Rekvizitləri: VÖEN **********, kod 201382, Müxbir hesab AZ37NABZ013501**********1944 hesabına köçürülməlidir. İş üzrə mülki iddia və maddi sübut yoxdur. Azərbaycan Respublikası CPM-nin 349-cü maddəsinin tələblərinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Məhkəmənin hökmü Azərbaycan Respublikası Konstitusiyasının, bu Məcəllənin, Azərbaycan Respublikasının cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir. Məhkəmənin hökmü məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə əsaslı hesab edilir. Kondraşinanın Rusiya Federasiyasına qarşı iş üzrə qərarında Avropa Məhkəməsi göstərmişdir ki, məhkəmələr qərar qəbul edərkən hüququn aliliyinə əməl etməlidirlər. Hüququn aliliyinin əsas cəhətlərindən biri hüquqi müəyyənlik prinsipidir ki, onun tələbinə görə məhkəmələr yekun qərarı elə qəbul etməlidirlər ki, o, mübahisə olunmasın. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və 1 (bir) il 6 (altı) ay müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs ona təyin olunmuş azadlıqdan məhrum etmə cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəksin; cəza çəkmə müddətinin əvvəli onun məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə 45 manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutulub, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin VÖEN **********;AZ34CTRE********************, X1, KOD 210005, VÖEN ********** Müxbir hesab AZ41NABZ013601**********3944 SFİFT BİK CTREAZ22 hesabına ödənilsin. Hazırki iş üzrə Balakən rayon Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs məhkəmə icraatı zamanı göstərilən hüquqi yardımla bağlı 18 manat Müdafiəçi ödənilməsi üçün Azərbaycan Respublikası Dövlət büdcəsinin vəsaiti hesabından Balakən rayon Vəkil Bürosunun nəfinə, «KAPİTALBANK» X2 Rekvizitləri: VÖEN **********, kod 201382, Müxbir hesab AZ37NABZ013501**********1944 hesabına köçürülsün. Hökmün icrası Balakən rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Hökmdən elan olunduğu andan (həbsdə olan məhkum hökmün surəti ona verildiyi andan) 20 gün müddətində Balakən Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən: Zamin Tahirov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar