Azərbaycan Respublikası adından HÖKM Balakən Rayonu İş № 1(019)-50/2020 04.08.2020 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Səlimov Hümbət Qamuna oğlunun sədrliyi, məhkəmə iclas katibi X6 qızının katibliyi, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçi-fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi və Təqsirləndirilən şəxs iştirakları ilə TƏQSİRLƏNDİRİLƏN ŞƏXS:Təqsirləndirilən şəxs-xx.xx.1992-ci ildə Balakən rayonun Hənifə kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ümumi orta təhsilli, subay, fərdi əməklə məşğul olan, məhkum olunmamış, Balakən rayonu Hənifə kəndində qeydiyyatda olan və həmin ünvanda yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Təqsirləndirilən şəxs 2019-cu ilin avqust ayında Balakən rayonu Hənifə kəndində Gülzan adlı ərazidən moruq yığarkən çay kənarından tapdığı yabanı halda bitmiş üç ədəd narkotik tərkibli çətənə (kannabis) bitkisinin üzərindən hissələrini yığıb həmin yerdə sellofan torbanın üzərinə sərib qurudaraq satış məqsədi olmadan, qəsdən, qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda–ümumi təmiz çəkisi 340,00 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə- qurudulmuş marixuana əldə edib, bir həftə sonra yaşadığı evdən bir ədəd şüşə balon gətirib həmin qurudulmuş marixuananı daşımaqla balonun içərisinə doldurub həmin yerdə gizlədərək üzərini ətrafdan götürdüyü zibillə örtmüş, xx.xx.2020-ci il tarixdə isə bir ədəd sellofan torbada bir ədəd şüşə balonun içərisində saxladığı kustar üsulla hazırlanmış həmin narkotik vasitə–qurudulmuş marixuananı gizlətdiyi yerdən çıxardıb daşıyaraq öz istehlakı üçün üzərində saxlamışdır. xx.xx.2020-ci il tarixdə saat 15 radələrində Balakən RPŞ-nin əməkdaşlarının keçirdikləri əməliyyat–axtarış tədbirləri nəticəsində Əzizova X5 RPŞ-yə dəvət edilərək şübhəli şəxs qismində tutulub üzərində şəxsi axtarış aparılarkən əlindəki qara rəngli sellofan torbada bir ədəd şüşə balonda saxladığı təmizçəkisi 340,00 qram olan kustar üsulla hazırlanmış həmin narkotik vasitə-qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs həmin cinayət əməlini törətməsi məhkəmə iclasında özünün səmimi etirafedici ifadəsi, şahidlərin ifadələri və məhkəmə iclasında tədqiq olunan digər sübutlarla aşağıdakı qaydada tam sübuta yetirildi. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 234.1–ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək göstərdi ki, Balakən rayonun Hənifə kəndində ailəsi ilə birlikdə yaşayır. İki azyaşlı uşağı var. Fərdi əməklə məşğul olur. 2019-cu ilin avqust ayında Balakən rayonun Hənifə kəndində çaykənarında moruq yığdığı zaman kolların içərisində yabanı halda bitmiş 03 ədəd çətənə kolunu görmüşdür. Çətənə bitkilərinin müalicəvi əhəmiyyətə malik olduğunu bilmişdir. Çətənə bitkisinin kollarını televizordan, internetdən görüb tanıyır. Çətənə bitkisinin hissələrini qurudub dəmləyib içəndə insana rahatlıq verməsi barədə eşitmişdir. Ailədə olan problemlərlə əlaqədar olaraq tez-tez stress keçirdiyindən həmin çətənə bitkisinin hissələrini yığıb qurudub özü üçün istifadə etmək qərarına gəlmişdir. Bu məqsədlədə çətənə kolunun hissələrini yığıb özü ilə götürdüyü sellofan torbanın üstünə sərib çayın kənarında gizlətmişdir. 1 həftə sonra evdən bir ədəd şüşə balon götürüb çətənə hissələrini gizlətdiyi yerə getmişdir və həmin yerdə artıq qurumuş çətənə bitkisinin hissələrini həmin şüşə balona doldurub yaxınlıqda gizlətmişdir. Üzərini ətrafdan tapdığı zir-zibillə örtmüşdür ki, görünməsin. xx xxx 2020-ci il tarixdə gizlətdiyi yerdən həmin içərisində qurumuş çətənə bitkisinin hissələri olan balonu götürüb başqa yerdə gizlətmək istəmişdir. Həmin vaxtı polis əməkdaşları Hənifə kəndinin ərazisində ona yaxınlaşaraq üzərində narkotik vasitə saxlamaqda şübhəli olduğunu bildirmişlər və onu polis şöbəsinə dəvət etmişlər. Polis şöbəsində ona şübhəli şəxs qismində tutulduğu bildirilmişdir. Ona təqdim olunmuş vəkillər siyahısından hüquqlarını müdafiə etmək üçün seçdiyi vəkil Müdafiəçi iştirakı ilə üzərində şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış aparılmazdan əvvəl ona üzərində hər hansı qanunsuz əşya və ya predmet varsa təqdim etməyi təklif edilmişdir. Üzərində qara rəngli sellofan torbada bir ədəd şüşə balonda saxladığı qurudulmuş çətənə bitkisinin hissələrini polis əməkdaşlarına təqdim etmişdir. Üzərində şəxsi axtarış aparılan zaman polis əməkdaşları tərəfindən başqa heç bir qanunsuz əşya və ya predmet aşkarlanmamışdır. Üzərindən aşkarlanmış qurudulmuş çətənə bitkisinin hissələri polis əməkdaşları tərəfindən elektron tərəzidə çəkildikdə çəkisi 780 qram olmuşdur. Həmin şüşə balon bir ədəd kağız zərfə qoyularaq qablaşdırılıb möhürlənmiş və polis əməkdaşları tərəfindən götürülmüşdür. Protokol tərtib edilmiş və iştirakçılar tərəfindən imzalanmışdır. Şəxsi axtarış fasiləsiz olaraq videoqeydiyyata alınmışdır. Yaşadığı evədə polis əməkdaşları tərəfindən onun, vəkili Müdafiəçi iştirakı ilə onun razılığına əsasən baxış keçirilmişdir. Baxış zamanı yaşadığı evdən narkotik vasitə və ya qanunsuz heç bir əşya aşkarlanmamışdır. Baxış fasiləsiz olaraq videoqeydiyyata alınmışdır. Protokol tərtib olunmuş və iştirakçılar tərəfindən imzalanmışdır. AR ƏN Məhkəmə X3 Regional Bölməsi tərəfindən verilmiş ekspert rəyi ilə hüquqlarını müdafiə edən vəkil Müdafiəçi iştirakı ilə tanış olmuşdur. Vəkilin iştirakı ilə ekspert rəyi ilə tanış olduqda üzərindən aşkarlanmış narkotik vasitə–qurudulmuş marixuananın çəkisinin 340 qram olması ona aydın olmuşdur. Üzərindən aşkarlanmış narkotik vasitənin çəkisinin ekspert rəyinə uyğun olduğunu hesab edir. Həmin qurudulmuş marixuananı özü istifadə etmək üçün üzərində saxlamışdır. Həmin narkotik vasitənin yerini dəyişmək istəmişdir. Kiminsə onu gizlətdiyi yerdən tapmasından ehtiyat etmişdir. Narkotik vasitədən əvvəllər heç vaxt istifadə etməmişdir. Saxladığı narkotik vasitədən gələcəkdə istifadə etmək fikri olmuşdur. Heç vaxt narkotik vasitələrin əkilib-becərilməsi və satışı ilə məşğul olmamışdır. Bundan əvvəl heç vaxt üzərində və ya hər hansı başqa bir yerdə narkotik vasitələri saxlamamışdır. Əməlindən çox peşimandır. Bir daha belə əməllərə yol verməyəcəkdir. Barəsində yüngül cəza tətbiq olunmasını xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 göstərmişdir ki, Balakən RPŞ-nin CAB-nin əməliyyat müvəkkili vəzifəsində işləyir. xx.xx.2020-ci il tarixdə Balakən rayonu Hənifə kənd sakini Təqsirləndirilən şəxs üzərində qanunsuz olaraq narkotik vasitə saxlaması barədə ona daxil olmuş məlumat haqqında RPŞ rəhbərliyinə raportla məruzə etmişdir. Həmin məlumat əsasında xx.xx.2020-ci il tarixdə günorta radələrində Təqsirləndirilən şəxs onun tərəfindən Balakən RPŞ-yə dəvət edilərək gətirilmişdir. xx.xx.2020-ci il tarixdə üzərində qanunsuz olaraq narkotik vasitə saxlamaqda şübhəli olduğundan Balakən RPŞ-də şübhəli şəxs qismində tutulmuş Balakən rayonu Hənifə kənd sakini Təqsirləndirilən şəxs üzərində aparılan şəxsi axtarışda iştirak etmişdir. Şəxsi axtarışda ondan başqa təhqiqatçı Qiya Musayev, RPŞ-nin polis nəfəri Şahid2, RPŞ-nin KTQ-nun baş inspektoru Sadiq Vəzirov, Təqsirləndirilən şəxs hüquqlarını müdafiə etmək üçün seçdiyi vəkil Müdafiəçi iştirak etmişlər. Şəxsi axtarış başlamazdan əvvəl Təqsirləndirilən şəxs üzərində qanunsuz olaraq narkotik vasitə və ya hər hansı başqa bir qanunsuz əşyanı saxlayıb-saxlaması barədə təhqiqatçı tərəfindən sual verildikdə Təqsirləndirilən şəxs əlində olan bir ədəd qara rəngli sellofan torbanın içərisində saxladığı bir ədəd şüşə balonu təqdim etmiş və həmin şüşə balonun içərisindəki bitki kütləsinin narkotik vasitə olduğunu bildirmişdir. Həmin narkotik vasitəni Balakən rayonun Hənifə kəndinin Gülzan adlanan yerində moruq yığarkən tapdığı bitkinin üzərindən yığdığını, sonra həmin bitkini evdən kənarda, kanalın içində gizlətdiyini, xx.xx.2020-ci il tarixdə isə həmin bitki kütləsini gizlətdiyi yerdən yerini dəyişmək məqsədi ilə götürdüyünü bildirmişdir. Təqsirləndirilən şəxs həmin narkotik vasitəni heç kimə satmadığını və əvvəllərdə heçkimə vermədiyini demişdir. Bir ədəd sellofan torbaya qoyulmuş şüşə balonda olan qurudulmuş marixuanaya bənzər bitki kütləsi təhqiqatçı tərəfindən elektron tərəzidə şüşə qabqarışıq çəkilərkən çəkisi 780 qram olmuşdur. Aşkar edilmiş bir ədəd sellofan torbada olan bir ədəd şüşə balondakı marixuanayabənzər bitki kütləsi balonla birlikdə bir ədəd kağız zərfə qablaşdırılaraq möhürlənib maddi sübut kimi götürülmüşdür. Axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən hər hansı başqa bir qanunsuz əşya və ya predmet aşkarlanmamışdır. Axtarış fasiləsiz olaraq videokamera ilə qeydə alınmışdır. Protokol tərtib edilmiş və iştirakçılar tərəfindən imzalanmışdır. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid2 Şahid1 ilə eyni məzmunlu ifadə verərək ifadəsində onun göstərdiyi xüsusatları tam təsdiq etmişdir. İşin 18-21-ci vərəqələrində olan və məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş xx xxx 2020-ci il tarixli şübhəli şəxsin üzərində şəxsi axtarış aparılması barədə protokoldan görünür ki, şəxsi axtarış xx.xx.2020-ci il tarixdə saat 15:32-dən saat 16:10-dək olan müddət ərzində keçirilmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərində hər hansı bir qeyri-qanuni əşya, predmet, narkotik vasitənin olub-olmaması ilə bağlı sual olunduqda Təqsirləndirilən şəxs əlində olan 1 ədəd qara rəngli sellofan torbanın içərisində saxladığı bir ədəd şüşə balonu təqdim etmiş və bir ədəd şüşə balonun içərisində olan bitki kütləsinin narkotik olduğunu bildirmişdir. Balakən rayon ərazisində Gülzan adlanan yerdə moruq yığarkən çay kənarından həmin bir ədəd şüşə balonda olan bitki kütləsini yığmışdır. Daha sonra həmin bitki kütləsini evdən kənarda kanalın içində gizlətmişdir. Həmin gün, yəni xx.xx.2020-ci il tarixdə narkotik vasitəyəbənzər bitki kütləsinin yerini dəyişmək istəmişdir. Aşkar edilmiş bir ədəd şüşə balonda aşkar edilmiş narkotik vasitəyəbənzər bitki kütləsini satmadığını, əvvəllərdə heçkimə vermədiyini bildirmişdir. Təqsirləndirilən şəxs əlində olan bir ədəd qara rəngli sellofan torbada saxladığı bir ədəd şüşə balonda olan narkotik vasitəyəbənzər bitki kütləsi elektron tərəzidə çəkilmiş və onun çəkisi 780 qram etmişdir. Aşkar edilmiş bir ədəd şüşə balonda olan ümumi çəkisi 780 qram olan narkotik tərkibli çətənə bitkisinə oxşar bitki kütləsi bir ədəd ağ rəngli kağız zərfə qoyulmuş və DİNin zərflər üçün 185 nömrəli möhürü ilə möhürlənmişdir. Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış davam etdirilmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən hər hansı bir əlavə qeyri-qanuni əşya, predmet, narkotik vasitəyə bənzər bitki kütləsi aşkar edilməmişdir. Şəxsi axtarış “Sony” markalı videokamera vasitəsi ilə qeydə alınmışdır. Protokol ucadan oxunmuş, əlavə şikayət və vəsatətlər daxil olmamış, doğruluğu imzalarla təsdiq edilmişdir. İşin 33-34-cü vərəqələrində olan və məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş AR Ədliyyə Nazirliyinin Məhkəmə X3 Regional Bölməsinin xx xxx 2020-ci il tarixli 17/330 nömrəli ekspert rəyində göstərilmişdir: Tədqiqata təqdim olunmuş, üzərində “Təqsirləndirilən şəxs əlində olan 1 ədəd qara rəngli sellofan torbada aşkar edilmiş...” sözləri yazılmış zərfin içərisində 01 (bir) ədəd qara rəngli sellofan torbadakı 01 (bir) ədəd şüşə balonda, təmiz çəkisi-340,00 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə-qurudulmuş marixuanadır. İşin 72-ci vərəqəsində olan və məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Gəncə şəhər Səhiyyə İdarəsinin Rayonlararası Narkoloji Dispanserinin Məhkəmə-Narkoloji ekspert komissiyasının xx xxxx 2020-ci il tarixli 480 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə etmir. Narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı yoxdur. İşin 13-cü vərəqəsində olan və məhkəmə iclasında elan olunmaqla tədqiq olunmuş xx xxx 2020-ci il tarixli cinayət işi başlanana kimi şəxsi tutma protokolundan görünür ki, xx xxx 2020-ci ildə saat 15:07-də Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuş və Balakən RPŞ-nin MSY-də saxlanılmışdır. İşin 59-60-cı vərəqələrində olan və məhkəmə istintaqında elan olunmaqla tədqiq olunmuş xx xxxx 2020-ci il tarixli qətimkan tədbirinin seçilməsi barədə qərardan görünür ki, Təqsirləndirilən şəxs oğlunun barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilməsi qərara alınmış və qərar icra edilməsi üçün surəti Balakən RPŞ-nə göndərilmişdir. İşin 78-ci vərəqəsində olan və məhkəmə iclasında elan olunmaqla tədqiq olunmuş Balakən rayon İHB-nın Hənifə kənd inzibati ərazi dairəsi tərəfindən verilmiş xasiyyətnamədə Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Barəsində nümayəndəliyə heç bir şikayət daxil olmadığı göstərilir. İşin 77-ci vərəqəsində olan və məhkəmə iclasında elan olunmaqla tədqiq olunmuş Balakən rayon İHB-nın Hənifə kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi tərəfindən verilmiş 19.06. 2020-ci il tarixli 844 nömrəli arayışdan görünür ki, Əzizova X5 rayonu Hənifə kəndində yaşayır, himayəsində 2013-cü ildə anadan olmuş Nadir və 2014-cü ildə anadan olmuş Ömər adlı uşaqları vardır. İşin 71-ci vərəqəsində olan və məhkəmə iclasında elan olunmaqla tədqiq olunmuş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Beləliklə məhkəmə iclasında tədqiq olunmuş mümkün və mötəbər sübutların məcmuyu ilə müəyyən edildi ki, Təqsirləndirilən şəxs qəsdən qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə əldə etmə, daşıma və saxlama cinayət əməlini törətmişdir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 346-cı maddəsinin tələbinə uyğun olaraq təqsirləndirilən şəxsin əməlinin hüquqi tövsifi məsələsini müzakirə edərək qeyd edir ki,cinayət məsuliyyətinin əsaslarını müəyyənləşdirən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsində göstərilmişdir ki, yalnız Azərbaycan Respublikasının Cinayət Məcəlləsi ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyətini yaradır. Satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə və ya saxlamağa görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində cinayət məsuliyyəti nəzərdə tutulmuşdur. "Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi haqqında" Azərbaycan Respublikası Qanununun 1.0.5-ci maddəsinə görə narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi- Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələr, psixotrop maddələr və onların prekursorları ilə bağlı törədilən hər hansı hərəkətlərdir. Həmin Qanunun 1.0.9-cu maddəsinə görə narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi-həyata keçirilməsi üsulundan asılı olmayaraq, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlərdir. Həmin Qanunun 1.0.10-cu maddəsinə görə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması-məqsədindən asılı olmayaraq, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlərdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” xx xxxx 2011-ci il tarixli 02 nömrəli qərarının 4-cü bəndinə görə törədilmiş cinayət əməlinin CM-in 234.1-ci maddəsi ilə tövsif olunması yalnız təqsirkarın bu cinayətin predmetini şəxsi istehlak miqdarından artıq miqdarda əldə etməsi və saxlaması müəyyən edildikdə mümkündür. Narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak miqdarından artıq miqdarı “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə külli miqdarına görə siyahısının təsdiq edilməsi haqqında” xx xxxx 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə müəyyən olunmuşdur. Həmin siyahıda bu miqdar qurudulmuş marixuana üçün 5 qram müəyyən edilmişdir. Məhkəmə təqsirləndirilən şəxsin və şahidlərin ifadələrini, dövlət ittihamçısının və müdafiəçinin çıxışlarını dinləyib, işdə olan ekspertiza rəylərini və digər sənədləri bilavasitə tədqiq edib, bu sübutları tam, hərtərəfli və obyektiv yoxlayıb, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib, Azərbaycan Respublikasının Konstitusiyasının 63-cü maddəsində təsbit edilmiş təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq, məhkəmə baxışında ittihamın baxılması nəticələrinə əsaslanaraq, tədqiq olunan sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq bu nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir, həmin əməldə Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin tərkibi vardır, həmin əməl təqsirləndirilən şəxs tərəfindən törədilmişdir, təqsirləndirilən şəxs həmin cinayətin törədilməsində təqsirlidir, onun cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir, əməlin cinayət olmasını aradan qaldıran hallar, təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur, təqsirləndirilən şəxs törətdiyi əmələ görə cəzalanmalıdır. Cinayət Məcəlləsinin cəzanın anlayışını və məqsədini müəyyən edən 41-ci maddəsinə görə cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cinayət Məcəlləsinin 58.1 və 58.3-cü maddələrinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin xx xxxxxx 2017-ci il tarixli Sərəncamının 13.3 v. 13.4-cü bəndlərində məhkəmələrə tövsiyyə edilmişdir ki, cəzanın növü və həddi müəyyən edilərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyi əsas tutulmalı, cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirilməlidir. Sərəncamın 8-ci bəndində isə tövsiyyə edilmişdir ki, məhkəmələr tərəfindən cəzanın məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza tədbirlərinin tətbiqi genişləndirilsin. "Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 4 nömrəli, xx xxxx 2003-cü il tarixli Qərarının 1-ci bəndində məhkəmələrə izah edilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Qərarın 2-ci bəndində göstərilmişdir ki,cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Təqsirləndirilən şəxs himayəsində iki nəfər azyaşlı uşaqlarının olması Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsində nəzərdə tutulan cəzanı yüngülləşdirən haldır, onun əməlində Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulan cəzanıağırlaşdıran hallar yoxdur. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən ona hansı növ cəzanın təyin olunması məsələsinə baxaraq, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, əməlini səmimi etiraf etməklə əməlindən peşiman olmasını, yaşayış yeri üzrə müsbət cəhətdən xarakterizə olunmasını, əvvəllər məhkum olunmamasını, cəzanı yüngülləşdirən halı, cəzanı ağırlaşdıran halların olmamasını, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, cəmiyyətdən təcrid edilmədən də islah olunmasının mümkünlüyünü, daha ciddi cəzanın təyin edilməsi üçün əsasların olmamasını nəzərə alaraq Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş həddə azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməsini qanuni, əsaslı və ədalətli hesab edir. Onun şübhəli şəxs qismində tutulub saxlandığı 2 (iki) gün müddətin hər bir günü Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən təyin ediləcək azadlığın məhdudlaşdırılması cəzasının 2 gününə bərabər hesablanmaqla həmin cəzadan çıxılmalıdır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 346.1.12-ci maddəsinə uyğun olaraq Təqsirləndirilən şəxs təyin ediləcək cəzanın çəkilməli olubolmaması məsələsinə baxaraq, işin hallarını, təqsirləndirilən şəxsin cəzadan azad edilməsi, yaxud barəsində Cinayət Məcəlləsinin 70-ci maddəsinin tətbiq olunması üçün əsasların olmamasını nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxs ona təyin ediləcək cəzanı çəkməlidir. Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini gecə vaxtı saat 22:00-da səhər saat 07:00-a kimi tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Balakən və qonşu Zaqatala rayonunun ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəməqərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəsini alana kimi dəyişdirilmədən saxlanmalıdır. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri olan 35,97 (otuz beş manat doxsan yeddi qəpik) manat Təqsirləndirilən şəxs tutulub Az. MEM; VÖEN **********; AZ34CTRE********************, Dövlət Xəzinədarlığı Agentliyi, KOD 210005, VÖEN ********** Müxbir hesab AZ41NABZ ******************** SWİFT BİK CTREAZ22 hesaba köçürülməlidir. İş üzrə maddi sübut kimi tanınmış və ekspert tədqiqatından sonra Balakən rayon polis şöbəsində saxlanılan Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş ekspert tədqiqatından sonra təmiz çəkisi 339,95 qram narkotik vasitə qurudulmuş marixuana məhv edilməlidir. İş üzrə maddi sübut iki ədəd CD diski cinayət işinin materiallarında saxlanmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 346.1-ci və 346.1.19-cu maddələrinə uyğun olaraq məhkəmə müsadirə edilməli əmlakın olub-olmaması məsələsinə baxaraq, təqsirləndirilən şəxsin hazırkı cinayəti törətdiyi zaman cinayət yolu ilə hər hansı əmlak əldə etməməsini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulan xüsusi müsadirə edilməli olan əmlak mövcud deyildir. İş üzrə mülki iddia yoxdur. İş materiallarından həmçinin görünür ki, Balakən rayonunda fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi, məhkəməyədək icraat zamanı Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsinə 27 iş saatı, məhkəmə icraatı zamanı 09 saat sərf etmişdir. Azərbaycan Respublikası CPM-nin 193.2-193.3-cü maddələrinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Məhkəmə şübhəli və ya təqsirləndirilən şəxsin orta aylıq gəlirini, maddi, əmlak və ailə vəziyyətini, habelə digər halları nəzərə alaraq həmin şəxsin müdafiəçi tərəfindən göstərilən hüquqi yardımı ödəməkdən azad edilməsi və ödəmənin Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilməsi barədə əsaslandırılmış qərar qəbul edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin x xxx 2018-ci il tarixli, 202 №-li qərarı əsasında “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli, 11 №-li qərarına edilmiş dəyişikliklərə uyğun olaraq təqsirləndirilən şəxslərin hüquqlarını müdafiə etmələrinə görə müdafiəçilərə hər iş saatı üçün 6 manat məbləğində haqq ödənilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəməyədək icraat və məhkəmə icraatı zamanı göstərilən hüquqi yardımla bağlı Azərbaycan Respublikası Dövlət büdcəsinin vəsaiti hesabından fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi nəfinə, «KAPİTALBANK» X4 Rekvizitləri: VÖEN **********, kod 200695, Müxbir hesab AZ37NAB013501**********1944, BİK AİİBAZ2x. hesabına cəmi 216 manat (162 manat+54 manat) köçürülməlidir. Azərbaycan Respublikası CPM-nin 349-cü maddəsinin tələblərinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Məhkəmənin hökmü Azərbaycan Respublikası Konstitusiyasının, bu Məcəllənin, Azərbaycan Respublikasının cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir. Məhkəmənin hökmü məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə əsaslı hesab edilir. X1rşı iş üzrə qərarında Avropa Məhkəməsi göstərmişdir ki, məhkəmələr qərar qəbul edərkən hüququn aliliyinə əməl etməlidirlər. Hüququn aliliyinin əsas cəhətlərindən biri hüquqimüəyyənlikprinsipidir ki, onun tələbinə görə məhkəmələr yekun qərarı elə qəbul etməlidirlər ki, o mübahisə olunmasın. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351- 353, 356 və 384.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib 2 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Onun xx xxx 2020-ci il tarixdən xx xxxx 2020-ci il tarixədək şübhəli şəxs qismində tutulub saxlandığı 02 gün müddətin hər bir günü Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən ona təyin edilən azadlığın məhdudlaşdırılması cəzasının 2 (iki) gününə bərabər hesablanmaqla 4 (dörd) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilən cəzadan çıxılsın və onun üzərində qəti olaraq 1 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlansın. Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini saat 22:00-dan 07:00-a kimi tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Balakən və Zaqatala rayonlarının ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs cəza çəkmə müddətinin əvvəli cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəsini alana kimi dəyişdirilmədən saxlansın. İş üzrə 35.97 (otuz beş manat doxsan yeddi qəpik) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutulub Az. MEM; VÖEN **********; AZ34CTRE********************, Dövlət Xəzinədarlığı Agentliyi, KOD 210005, VÖEN ********** Müxbir hesab AZ41NABZ ******************** SWİFT BİK CTREAZ22 hesaba köçürülsün. İş üzrə maddi sübut kimi tanınmış və ekspert tədqiqatından sonra Balakən rayon polis şöbəsində saxlanılan ekspert rəyindən sonra təmiz çəkisi 339,95 qram narkotik vasitə olan qurudulmuş marixuanahökm qanuni qüvvəsini aldıqdan sonra tam həcmdə məhv edilsin. İş üzrə maddi sübut iki ədəd CD diski cinayət işinin materiallarında saxlansın. Hökmün icrası Balakən rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs məhkəməyədək icraat və məhkəmə icraatı zamanı göstərilən hüquqi yardımla bağlı Azərbaycan Respublikası Dövlət büdcəsinin vəsaiti hesabından fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi nəfinə, «KAPİTALBANK» X4 Rekvizitləri:VÖEN **********, kod 200695, Müxbir hesab AZ37NAB013501**********1944, BİK AİİBAZ2x. hesabına 216 manat köçürülsün. Hökmdən elan olunduğu andan (həbsdə olan məhkum hökmün surəti ona verildiyi andan) 20 gün müddətində Balakən Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apellyasiya şikayəti və ya protesti verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən H.Q.Səlimov
Məhkəmə qərarları › İş №1(019)-50/2020
Balakən Rayon Məhkəməsi Hökm — İş №1(019)-50/2020
04.08.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver