Azərbaycan Respublikası adından HÖKM Balakən Rayonu İş № 1(019)-50/2021 07.07.2021 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Tahirov Zamin Cəbrayıl oğlunun sədrliyi, məhkəmə iclas katibi Qədirov İbadullah Şamil oğlunun katibliyi, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçi-Balakən Rayon Vəkil Bürosunun vəkili-Müdafiəçi və Təqsirləndirilən şəxs iştirakı ilə 27 iyun 1981-cı il tarixdə Balakən rayonu Talalar kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, fərdi əməklə məşğul olan, məhkum olunmayan, Balakən rayonu Talalar kəndində qeydiyyatda olan və yaşayan barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş- Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası CM) 139-1.1-ci maddəsilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs qəsdən karantin rejimini pozmaqla xəstəliklərin yayılması üçün real təhlükə yaratma cinayət əməlini törətmişdir. Belə ki o, “Covid-19” virusuna yoluxaraq, 14 gün ərzində, yəni 07.04.2021-ci il tarixdən 20.04.2021-ci il tarixədək evdən çıxmadan ev şəraitində müalicə almalı olduğu halda və bu barədə xüsusi qaydada məlumatlandırılmaqla ona xəbərdarlıq edilməsinə baxmayaraq, 14 aprel 2021-ci il tarixdə, saat 16 radələrində qonşusu Şahid4 Zaqatala rayonuna aparmaq məqsədilə sonuncunu idarə etdiyi avtomaşının ön sərnişin oturacağına əyləşdirərək, yaşadığı və “Covid-19” virusundan müalicə aldığı Balakən rayonu Talalar kəndində yerləşən ünvanı əsaslı səbəb olmadan icazəsiz tərk edib, etibarnamə əsasında idarə etdiyi “VAZ 2103” markalı, **-FN-*** dövlət qeydiyyat nişanlı avtomaşınla hərəkət edərək, qəsdən karantin rejimini pozmaqla “Covid-19” xəstəliyinin yayılması üçün real təhlükə yaradaraq, insanların sıx olduğu və intensiv hərəkət etdiyi, ictimai yer olan Balakən şəhəri ərazisinə çıxmış, 14 aprel 2021-ci il tarixdə, saat 16 radələrində Balakən Rayon Polis Şöbəsinin (bundan sonra Balakən RPŞ) əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs insanların sıx olduğu və intensiv hərəkət etdiyi, ictimai yer olan Balakən şəhəri Heydər Əliyev prospektində yerləşən “Azpetrol ” yanacaqdoldurma məntəqəsinin qarşısında saxlanılaraq, Balakən RMX-nın işçilərinə təhvil verilmişdir. Təqsirləndirilən şəxs həmin cinayət əməlini törətməsi məhkəmə iclasında özünün səmimi etirafedici ifadəsi, şahidlərin ifadələri və məhkəmə iclasında tədqiq olunan digər sübutlarla aşağıdakı qaydada tam sübuta yetirildi. Belə ki, məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Ceerov oğlu ona Azərbaycan Respublikası CM-nin 139-1.1-ci maddəsilə elan edilmiş ittiham üzrə özünü tam təqsirli bilərək, ifadəsində göstərdi ki, Balakən rayonu Talalar kəndində qeydiyyatdadır və həmin ünvanda anası X2, qardaşı X7, qardaşı Azərin həyat yoldaşı X1, qardaşı Azərin uşaqları X10, X11 və X8 ilə birlikdə yaşayır. 30.04.2021ci il tarixdə anası Tənzilə İsmayılova “Covid 19 ” virusuna yoluxduğuna görə Şəki rayonuna xəstəxanaya aparılaraq, orada xəstəxanaya yerləşdirilmişdir. Bundan 2-3 gün sonra o, “Covid 19” analizi vermiş, 06.04.2021-ci il tarixdə anlizin cavabının pozitiv olması barədə ona sms gəlmişdir. Həmin vaxtdan sonra o və digər ailə üzvləri karantinə alınmışlar. Ona 14 gün ərzində, yəni 07.04.2021-ci il tarixdən 20.04.2021-ci il tarixədək evdə qalmaqla ev şəraitində müalicə olunması və evdən çıxmaması haqda SMS vasitəsilə məlumat verilmişdir. Lakin həmin sms-i telefonundan silmişdir. Müalicə həkimi Alvina Xəlilova gündəlik olaraq onlarla əlaqə saxlayaraq, karantin qaydalarına riayət etmələri, yaşayış yerini tərk etməməli olduqlarını bildirmişdir. 14.04.2021-ci il tarixdə, saat 15 radələrində qonşusu Şahid4 ona telefonla zəng edərək, Zaqatala rayonuna getməli olduğunu bildirərək, onu avtomobili ilə aparmasını xahiş etmiş, o da evinə bazarlıq etməli olduğuna görə etiraz etməmiş, onunla getməyə razılaşmışdır. Şahid4 onun etibarnamə əsasında idarə etdiyi VAZ 2103 markalı, **-FN-*** dövlət qeydiyyat nişanlı avtomobilə əyləşmiş, onlar Balakən şəhəri, Heydər Əliyev prospekti ilə hərəkətdə olduqları zaman polis əməkdaşları tərəfindən saxlanılmışlar. O, səhvini başa düşdüyünü, karantin müddətinin həmin gün başa çatmasını, lakin bu barədə sms gəlməsə də, yaşayış yerini tərk etdiyini bildirmişdir. Həmin ərazidə videoçəkiliş aparılmaqla polis işçiləri tərəfindən baxış keçirilmiş və bu barədə protokol tərtib edildikdən sonra hər bir iştirakçıyla yanaşı protokol onun tərəfindən imzalanmışdır. Sonra onu təcili yardım avtomobili ilə Balakən MRX-ya çatdırmışlar. Orada ona 14 gün tamam olmadan evdən çıxmamaq şərtilə müalicə olunması barədə bir daha xəbərdarlıq edilmişdir. O, evə qayıdaraq ev şəraitində müalicəsini davam etdirmişdir. Törətdiyi cinayət əməlini səmimi olaraq etiraf edir və bu əməlindən peşmandır.Şahid4 onun “Covid 19” virusuna yoluxduğunu, ev şəraitində müalicə aldığını, yaşayış yerini tərk etməməli olduğunu bilməmişdir. 06.04.2021-ci il tarixdən 20.04.2021-ci il tarixədək evdə qalmaqla ev şəraitində müalicə olunmalı və yaşayış yerini tərk etməməli olduğunu bilmiş, ancaq qonşusu Şahid4 ondan idarə etdiyi avtomobillə Zaqatala rayonuna getməyi xahiş etdikdə, onun sözünü yerə salmaq istəməmişdir. 14.04.2021-ci il tarixdə Balakən RPŞ-nin əməkdaşları tərəfindən saxlanılarkən həyəcanlı olduğuna görə fikrini belə ifadə etmiş, yəni həmin gün ev şəraitində müalicə müddətinin bitdiyini bildirmişdir. İntiqam ona avtomaşınla aparılması əvəzində pul verməyi vəd etməmiş, ona pul verməmişdir. Əməlindən çox peşimandır. Barəsində yüngül cəza tətbiq olunmasını xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərdi ki, Balakən rayonu Talalar kəndində ailə üzvləri ilə birlikdə yaşayır. 14.04.2021-ci il tarixdə Zaqatala rayonuna getməli olduğuna görə qonşusu Təqsirləndirilən şəxs telefon vasitəsi ilə zəng edib əlaqə saxlayaraq, onu avtomobili ilə Zaqatala rayonuna aparmasını xahiş etmişdir. Daha sonra küçəyə çıxıb, Etibarın idarə etdiyi “VAZ 2103” markalı, **-FN-*** dövlət qeydiyyat nişanlı avtomobilə əyləşmiş, Balakən şəhəri, Heydər Əliyev prospekti ilə hərəkətdə olduqları zaman Balakən RPŞ-nin DYPB-nin YPX-nın əməkdaşı tərəfindən avtomobil saxlanılmışdır. Həmin vaxt məlum olmuşdur ki, qonşusu Təqsirləndirilən şəxs “Covid 19” virusuna yoluxduğundan ev şəraitində müalicə alan xəstədir və o, yaşayış yerini tərk etməməlidir. Daha sonra hadisə yerinə Balakən RPŞ-nin əməkdaşları tərəfindən baxış keçirilmişdir. Təqsirləndirilən şəxs “Covid 19” virusuna yoluxduğuna görə ev şəraitində müalicə alması və onun yaşayış yerini tərk etməyə icazəsi olmaması barədə əvvəlcədən məlumatı olmamışdır. 14.04.2021-ci il tarixdə, saat 16 radələrində Təqsirləndirilən şəxs zəng etdiyi zaman Etibar ona evi tərk etməsinə icazə verilməməsi barədə heç nə deməmişdir. O, Təqsirləndirilən şəxs idarə etdiyi VAZ 2103 markalı, **-FN- *** dövlət qeydiyyat nişanlı avtomobildə ön sağ oturacaqda, avtomobili idarə edən Təqsirləndirilən şəxs yanında əyləşmiş, hər ikisi həmin vaxt maskadan istifadə etmişlər. Təqsirləndirilən şəxs onu Zaqatala rayonuna aparması müqabilində pul verməyi vəd etməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Balakən RPŞ-nin Post Patrul Xidməti Bölüyünün polis nəfəri, polis serjantı Şahid3 ifadəsində göstərdi ki,14.04.2021-ci il tarixdə, saat təxminən 16 radələrində Balakən şəhəri, Heydər Əliyev prospektində xidmətdə olarkən Balakən RPŞ-nin X4 şəhəri Heydər Əliyev prospektində “Covid 19” virusuna yoluxaraq ev şəratində müalicə almalı olan xəstənin saxlanıldığı barədə məlumat verilərək, RPŞ-nin inzibati binasına yaxınlaşıb, xüsusi forma geyinib, həmin yerə getmələri barədə göstəriş verilmişdir. Balakən RPŞ-nin PPXB-nin polis nəfəri, polis kiçik serjantı Şahid2lə birlikdə Balakən RPŞ-yə gəlmiş, Balakən RPŞ-nin İB-nin müstəntiqi, polis mayoru Məhəmməd Əliyevlə birlikdə xüsusi formaları geyindikdən sonra Balakən şəhəri, Heydər Əliyev prospekti ərazisində “Azpetrol” YDM-in yaxınlığında saxlanılmış VAZ 2103 markalı, **-FN-*** dövlət qeydiyyat nişanlı avtomobilə yaxınlaşmışlar. Xidməti avtomobildən düşüb sürücüyə yaxınlaşaraq, ondan avtomobildən, sükan arxasından düşüb, müstəntiq Məhəmməd Əliyevə yaxınlaşmağı xahiş etmişlər. Sürücü avtomobildən düşmüş, özünü təqdim edərək Təqsirləndirilən şəxs olduğunu bildirmişdir. Ona müstəntiq tərəfindən nə üçün “Covid 19” virisuna yoluxduğuna görə ev şəraitində müalicə almalı, yaşadığı evi tərk etməməli olduğu halda, yaşayış yerini tərk etməsi barədə sual verilmiş, Təqsirləndirilən şəxs ev şəratində karantinə alındıqlarını, həmin gün, yəni 14.04.2021-ci il tarixdə karantin müddətinin başa çatdığını, lakin onun mobil telefonuna karantin müddəti başa çatsa da, sms gəlmədiyini, sms gəlməsə də yaşayış yerini tərk etdiyini bildirərək, cavab vermişdir. Təqsirləndirilən şəxs özbaşına yaşadığı ünvanı tərk etməsi haqda Balakən RMX-ya məlumat verilmiş və o, həmin əraziyə təcili yardım avtomobili ilə gələn X19 Xidməti əməkdaşlarına təhvil verilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Balakən RPŞ-nin Post Patrul Xidməti Bölüyünün polis nəfəri, polis kiçik serjantı Şahid2 da Şahid3 ifadəsinə uyğun ifadə verərək, onun ifadəsində göstərdiyi halları təsdiq etmişdir. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdarlıq olunmasına baxmayaraq, iş üzrə Şahid1 məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası CPM) 317.1-ci maddəsinə əsasən bu Məcəllənin 226.1-226.3-cü maddələrinin müddəalarına uyğun olaraq məhkəmə iclasına çağrılmış şahid, ekspert və mütəxəssisdən hər hansı biri məhkəmə iclasına gəlmədikdə, məhkəmə növbə ilə cinayət prosesi tərəflərindən hər birinin fikrini dinlədikdən sonra məhkəmə baxışının davam etdirilməsi və ya onun təxirə salınması haqqında qərar çıxarır. Göstərilən şəxslərdən hər hansı birinin gəlməməsi cinayət təqibi ilə bağlı olan bütün halların hərtərəfli, tam və obyektiv tədqiq edilməsinə mane olmadıqda məhkəmə baxışı davam etdirilə bilər. Azərbaycan Respublikası CPM-nin 329.1-ci maddəsinə əsasən şahid tərəfindən məhkəməyədək icraat, davam edən məhkəmə baxışı zamanı əvvəllər keçirilmiş məhkəmə iclasında və ya cari məhkəmə iclasında verilmiş ifadələrin şahidin məhkəmə iclasında iştirakı olmadan elan edilməsinə, habelə həmin ifadələrin audio yazısının səsləndirilməsinə, video və kino çəkilişinin göstərilməsinə yalnız şahidin məhkəmə baxışına gəlməsini istisna edən səbəblərə görə, həmçinin bu Məcəllənin 327.1-ci maddəsində nəzərdə tutulmuş digər hallarda yol verilir. Azərbaycan Respublikası CPM-nin 327.1.2-ci maddəsinə əsasən məhkəmə baxışı təqsirləndirilən şəxsin iştirakı olmadan aparıldıqda təqsirləndirilən şəxsin məhkəməyədək icraat zamanı, davam edən məhkəmə baxışı zamanı əvvələr keçirilmiş məhkəmə iclasında və ya cari məhkəmə iclasında verdiyi ifadələr və həmin ifadələrin audio yazısı, video və ya kino çəkilişi elan edilə və ya göstərilə bilər. Məhkəmə, yuxarıda göstərilən qanun normalarına istinad edib, ittiham və müdafiə tərəflərinin razılığını nəzərə alaraq, hazırki iş üzrə Şahid1 ibtidai istintaqda şahid qismində verdiyi ifadəsinin elan olunmasını zəruri hesab edir. Məhkəmə iclasında ibtidai istintaqda şahid qismində verdiyi ifadəsi elan olunmuş Balakən RPŞ-nin DYPB-nin YPX-nın inspektoru, polis baş serjantı Şahid1 ifadəsində göstərmişdir ki, ölkə ərazisində elan edilmiş “Covid-19” xəstəliyinin yayılmasına qarşı mübarizə sahəsində Balakən RPŞ-nin əməkdaşları tərəfindən Balakən rayonu ərazisində bir sıra tədbirlər keçirilir. Belə ki, rayon ərazisində ictimai yerlərdə qoruyucu maskadan istifadə etməyən və digər karantin qaydalarını pozan vətəndaşlarla izahat işləri aparılır və həmin qaydaları pozan şəxslər barədə müvafiq inzibati tədbirlər görülür. Həmçinin “Covid- 19” virusuna yoluxaraq, evdə karantin şəraitində 14 gün müddətində izolyasiya olunaraq, ev şəraitində müalicə olunan şəxslərin yaşadıqları evlərindən küçəyə çıxaraq, xəstəliyin digər vətəndaşlara yoluxma riskini artıra bilmələrinin qarşısını almaq məqsədilə yoluxmuş və evdə müalicə olunan şəxslərin yaşadıqları mənzili tərk edib-etməmələri yoxlanılaraq, nəzarət edilir. Balakən rayonu ərazisində olan “Covid 19” virusuna yoluxaraq, ev şəraitində karantinə alınmış aktiv xəstələrin siyahısı Balakən RPŞ-nin DYPB-nin YPX-nin əməkdaşlarına da verildiyindən, saxlanılan sürücülərin şəxsiyyəti həmin siyahıda olan aktiv xəstə olan şəxslərin siyahısı ilə eyniləşdirilməklə, yoxlanılır. 14.04.2021-ci il tarixdə, saat təxminən 16 radələrində Balakən şəhəri, Heydər Əliyev prospektində xidmətdə olarkən “BMW” markalı, **-YP-*** dövlət qeydiyyat nişanlı avtomobillə xidmət apardığı zaman VAZ 2103 markalı, **-FN-*** dövlət qeydiyyat nişanlı avtomobil manevr qaydalarını pozduğuna görə onun tərəfindən saxlanılmış, yoxladığı zaman avtomobilin sürücüsü olan Balakən rayonu Talalar kənd sakini Təqsirləndirilən şəxs “Covid 19 virusuna yoluxaraq, aktiv xəstə olmaqla 14 gün ərzində ev şəraitində müalicə almalı olduğu halda, karantin rejimi qaydalarını pozaraq, yaşayış yerini tərk etdiyi məlum olmuşdur. Həmçinin onun yanında, yəni avtomobilin ön sağ oturacağında 1 nəfər, sonradan Balakən rayonu Talalar kənd sakini Şahid4 olması ona məlum olan şəxsin əyləşdiyini görmüşdür. Bu barədə dərhal Balakən RPŞ-nin Növbətçi Hissəsinə zəng edib, məlumat vermişdir. Balakən RPŞnin PPXB-nin əməkdaşları və İstintaq-Əməliyyat Qrupunun üzvləri gələnədək gözləmiş, daha sonra oranı tərk etmişdir. İş materiallarında olan 14 aprel 2021-ci il tarixli baxış keçirilməsi haqqında protokoldan görünür ki, Balakən RPŞ-nin İB-nin müstəntiqi X3 tərəfindən Təqsirləndirilən şəxs və polis əməkdaşlarının iştirakı ilə Təqsirləndirilən şəxs karantin qaydalarını pozduğu əraziyəhadisə yerinə baxış keçirilmiş və müvafiq protokol tərtib olunmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası İcbari Tibbi Sığorta Üzrə X14 Ərazi Bölmələrini İdarəetmə Birliyi Balakən rayon X6 Hüquqi Şəxsinin arayışından görünür ki, 07.04.2021-ci il tarixdə Təqsirləndirilən şəxs icra olunan PZR-müayinəsinin nəticəsi (+) pozitiv covid 19 kimi qiymətləndirilmişdir. İş materiallarında olan Balakən rayonunda aktiv koronavirus xəstələri haqqında məlumatda Təqsirləndirilən şəxs 06.04.2021-ci il tarixdə koronavirus xəstəliyinə yoluxduğu və ailədə 4 nəfərdə yeni yoluxmanın olduğu qeyd edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası İcbari Tibbi Sığorta Üzrə X14 Ərazi Bölmələrini İdarəetmə Birliyi Balakən rayon X6 Hüquqi Şəxsinin 15.04.2021-ci il tarixli, 46 №-li məktubunda göstərilmişdir ki, Balakən rayon sakini Təqsirləndirilən şəxs 07.04.2021ci il tarixdə covid 19 analizi pozitiv olduğu üçün ev şəraitində müalicə nəzarətə götürülmüş və həkim Xəlilova Alvinanın nəzarətində müalicəsi davam etdirilmişdir. Karantin müddəti 20.04.2021-ci il tarixə qədərdir. 21.04.2021-ci il tarixdən karantin müddətindən azad olunur. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi BƏSİİ tərəfindən verilmiş tələbnamə üzrə 08.05.2021-ci il tarixli, 7 saylı arayışdan görünür ki, Təqsirləndirilən şəxs məhkum olunmamışdır. İş materiallarında olan Balakən RPŞ-nin İB-nin baş müstəntiqinin sübutların qiymətləndirilməsi və əmələ hüquqi qiymət verilməsi haqqında 21 may 2021-ci il tarixli qərarından görünür ki, iş üzrə hadisə yerinə baxış keçirilərkən aparılmış videoçəkiliş köçürülərək protokola əlavə edilmiş 01 ədəd DVD diski sübut növü kimi qiymətləndirilmiş və cinayət işinin materiallarına əlavə edilmişdir. Beləliklə, məhkəmə iclasında tədqiq olunmuş mümkün və mötəbər sübutların məcmuyu ilə müəyyən edildi ki, təqsirləndirilən Təqsirləndirilən şəxs qəsdən karantin rejimini pozmaqla xəstəliklərin yayılması üçün real təhlükə yaratma cinayət əməlini törətmişdir. Məhkəmə Azərbaycan Respublikası CPM-nin 346-cı maddəsinin tələbinə uyğun olaraq təqsirləndirilən şəxsin əməlinin hüquqi tövsifi məsələsini müzakirə edərək qeyd edir ki, cinayət məsuliyyətinin əsaslarını müəyyənləşdirən Azərbaycan Respublikası CM-nin 3-cü maddəsində göstərilmişdir ki, yalnız Azərbaycan Respublikasının CM ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyətini yaradır. Azərbaycan Respublikası CM-nin 139-1.1-ci maddəsində epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və ya karantin rejimlərinin pozulması xəstəliklərin yayılmasına səbəb olduqda və ya xəstəliklərin yayılması üçün real təhlükə yaratdıqda cinayət məsuliyyəti nəzərdə tutulmuşdur. Məhkəmə təqsirləndirilən şəxsin və şahidlərin ifadələrini, dövlət ittihamçısının və müdafiəçinin çıxışlarını dinləyib, işdə olan sənədləri bilavasitə tədqiq edib, bu sübutları tam, hərtərəfli və obyektiv yoxlayıb, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib, Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsində təsbit edilmiş təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq, məhkəmə baxışında ittihamın baxılması nəticələrinə əsaslanaraq, tədqiq olunan sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq, bu nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 139-1.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir, həmin əməldə CM-nin 139-1.1-ci maddəsinin tərkibi vardır, həmin əməl təqsirləndirilən şəxs tərəfindən törədilmişdir, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 139- 1.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlinin törədilməsində təqsirli bilinməlidir, onun cinayət əməli Azərbaycan Respublikası CM-nin 139-1.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir, əməlin cinayət olmasını aradan qaldıran hallar, təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur, təqsirləndirilən şəxs törətdiyi əmələ görə cəzalanmalıdır. Azərbaycan Respublikası CM-nin cəzanın anlayışını və məqsədini müəyyən edən 41 ci maddəsinə görə cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-nin 58.1 və 58.3-cü maddələrinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir; cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamının 13.3 v. 13.4-cü bəndlərində məhkəmələrə tövsiyyə edilmişdir ki, cəzanın növü və həddi müəyyən edilərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyi əsas tutulmalı, cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirilməlidir. Sərəncamın 8-ci bəndində isə tövsiyyə edilmişdir ki, məhkəmələr tərəfindən cəzanın məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza tədbirlərinin tətbiqi genişləndirilsin. "Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 4 nömrəli, 25 iyun 2003-cü il tarixli Qərarının 1-ci bəndində məhkəmələrə izah edilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Qərarın 2-ci bəndində göstərilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. İş materiallarına əsasən məhkəmə tərəfindən Təqsirləndirilən şəxs Ceerov oğlunun Azərbaycan Respublikası CM-nin 59-cu maddəsində nəzərdə tutulmuş cəzasını yüngülləşdirən hallar və Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulmuş cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edərkən bir daha qeyd edir ki, Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. Azərbaycan Respublikası CM-nin 9.2-ci maddəsinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Başqa sözlə, cəza «talion» prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Heç təsadüfi deyildir ki, qanunverici cəza təyin edərkən şəxsin bütün sosial-psixoloji keyfiyyətlərinin nəzərə alınmasını tələb edir. Şəxsin ictimai təhlükəliliyi məhz onun şəxsiyyətini xaraketrizə edən amillərdəndir. Bu zəmində şəxsin ictimai təhlükəliliyini müəyyən etmək üçün birinci növbədə onun törətdiyi cinayətin başqa cinayətlərin arasında yeri, şəxsin antisosial yönümünün davamlı olub-olmaması, onun cinayətin törədilməsinə gətirib çıxaran vərdişləri diqqətlə aydınlaşdırılmalıdır. Şəxsin antisosial yönümü onun törətdiyi cinayətdə özünü büruzə verir. Ancaq bu, təkcə şəxsin törətdiyi cinayətin ictimai təhlükəliliyi ilə deyil, eyni zamanda onun əvvəlki dövrlərdəki hərəkətlərində ifadə olunan antisosial davranışı və keyfiyyəti ilə də ölçülür. İnsan öz imkanlarından kənara çıxmaq qabiliyyətinə malik deyil. Ancaq o, öz həyatı baxışlarına uyğun hərəkət vasitəsi seçməkdə azaddır. Əgər o, cəmiyyət tərəfindən qəbul olunmuş sosial-mənəvi normalara zidd olan davranış forması seçirsə, onda bu, şəxsin psixologiyasında antisosial yönümün olduğunu göstərir. Lakin bu yönümün davamlı olması, yəni şəxsin psixologiyasında dominantlıq təşkil edərək model davranışa çevrilməsi, yoxsa təsadüf nəticəsində meydana çıxması hallarını fərqləndirmək lazımdır. Məhkəmə qeyd edir ki, təqsirləndirilən şəxsə cəza təyin edilməsi üçün onun xarakteri, sosial-psixoloji vəziyyətinin bütün çalarları, şəxsiyyətinin xarakterik cəhətləri də nəzərə alınmalıdır. Yalnız bu halda cəzanın ədalətliliyinə və fərdiliyinə, həmçinin onun məqsədlərinə nail olmaq mümkün olar. Şübhəsiz ki, cəza təyin edilərkən şəxsin sosial və psixoloji kriteriyalarına xüsusi önəm vermək lazımdır. Şəxsin sosial kriteriyası onun qanunlara və digər sosial normalara, əməyə, ictimai vəzifələrə, ailəyə münasibətini, təhsilini, tərbiyəsini və sair sosial şərtləri özündə əks etdirir. Şəxsin psixoloji kriteriyası isə onun xarakterini, iradəsini, qabiliyyətini və digər şəxsiyyətə xas olan cəhətlərini özündə ehtiva edir. Bu cəhətlərin tədqiq olunması və qiymətləndirilməsi şəxsin mənəvi deqradasiyaya məruz qalıb-qalmamasını, törətdiyi cinayətin onun anticəmiyyət yönümünün məntiqi nəticəsi olduğunu, yoxsa təsadüfi olaraq baş verdiyini, şəxsin islah olunması üçün hansı imkanların olması və bununla bağlı hansı qanuni vasitələrin seçilməsini müəyyənləşdirmək üçün çox vacibdir. Çünki insan sosiumun tərkib hissəsidir və onun fəaliyyətinin hansı yönümə istiqamətlənməsi cəmiyyət üçün əhəmiyyətlidir. Ancaq hər bir halda bu keyfiyyətlər şəxsin törətdiyi cinayətin xarakteri və ictimai təhlükəliliyi ilə vəhdətdə nəzərə alınmalıdır. Xüsusi ilə nəzərə alınmalıdır ki, cəzanın məqsədlərinə çatmaq üçün hansı yol seçilməlidir: təqsirləndirilən şəxsi azadlıqdan məhrum etməklə onu cəmiyyətdən təcrid etmək, fiziki cəhətdən imkanlarını məhdudlaşdırmaqla cəzanın məqsədlərinə nail olmaq, yoxsa, azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza seçməklə şəxsə etimad göstərib bu yolla onun islah olunmasına və cəzanın digər məqsədlərinə çatmaq. Yuxarıda istinad olunan Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsi cəzanın aşağıdakı məqsədlərini önə çəkir: sosial ədalətin bərpası; məhkumun islah edilməsi; məhkum tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınması (xüsusi prevensiya) və başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınması (ümumi prevensiya). Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsi haqq-ədaləti bərabər mənafelərə bərabər münasibət kimi təsbit edir. Bu xüsusda məhkəmə bildirir ki, Cinayət Məcəlləsinin 41.2-ci maddəsində nəzərdə tutulmuş cəza tətbiq edilmək yolu ilə sosial ədalətin bərpası bütövlükdə cəmiyyətə, burada hökm sürən ictimai münasibətlərə münasibətdə həyata keçirilməklə iki istiqaməti nəzərdə tutur: 1) dövlət cinayət törədən şəxs tərəfindən vurulmuş zərərin ödənilməsini qanunda nəzərdə tutulmuş cəzalar, habelə xüsusi müsadirə növündə cinayət-hüquqi xarakterli tədbir tətbiq etməklə təmin edir. Həm də burada söhbət təkcə maddi zərərdən getmir. Əslində sosial ədalətin bərpası dedikdə, cinayətkarın barəsində təyin edilən qanuni cəza vasitəsilə başqasına vurduğu zərərə adekvat məhrumiyyətlərə məruz qalması başa düşülməlidir. 2) vətəndaşlar dövlətin cinayətkarı cəzalandırmağa qadir olmasına, həm də bu cəzanın təyin edilməsi zamanı humanizm, ədalətlilik, cəzanın törədilmiş cinayətin ağırlığına uyğunluğu, cəzanın fərdiləşdirilməsi prinsipləri əsas götürülməklə qanuna uyğun tətbiq edilməsinin təmin edilməsinə inanırlar. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 139-1.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməli CM-nin 15.3-ci maddəsinə əsasən az ağır cinayətlər kateqoriyasına aiddir. Bu zaman cəza təyinatında onu da nəzərə almaq lazımdır ki, Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran və yüngülləşdirən hallar müəyyən edilməmişdir. Yuxarıda göstərildiyi kimi, qanunvericilik şəxsə ədalətli cəza, yəni törətdiyi cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilmə hallarına və şəxsiyyətinə uyğun cəza təyin olunmasını tələb edir. Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 139-1.1-ci maddəsinin sanksiyasında iki min beş yüz manatdan beş min manatadək miqdarda cərimə, üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə növlərində cəzalar nəzərdə tutulmuşdur. Qeyd edildiyi kimi, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası CMnin 139-1.1-ci maddəsinin sanksiyasında azadlıqdan məhrum etmə cəzasından əvvəl cərimə və azadlığın məhdudlaşdırılması növündə cəzalar nəzərdə tutulmuşdur. Yuxarıda istinad olunan Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinin tələbinə görə isə törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilməsin. Məhkəmə nəzərə çatdırır ki, Təqsirləndirilən şəxs şəxsiyyətinin xarakterizasiyası ilə bağlı cəzasını yüngülləşdirən və ağırlaşdıran halların olmaması ilə əlaqədar xüsusatlar onu cinayətə sövq edə bilən zərərli sosial-psixoloji meyllərdən, kriminogen xüsusiyyətlərdən azad olması istəyinə dəlalət edir. Cəzanın əsas məqsədlərindən də biri məhz şəxsin ictimai-faydalı fəaliyyətə qayıtması və islah olunması, həmçinin normal cəmiyyətə qovuşması üçün zəmin yaratmaqdır. Buna görə Azərbaycan Respublikasının cinayət qanunvericiliyi şəxsə cəza təyin edilməsi zamanı həm də hümanizm prinsipini önə çəkir (Cinayət Məcəlləsinin 9-cu maddəsi). Məhkəmə xüsusi qeyd edir ki, humanizm insanın şəxsiyyət kimi dəyərini müəyyən edən, onun ləyaqətinə hörmətlə yanaşmağı aşılayan, onun rifahını ictimai prosesin məqsədi kimi qəbul edən mənəvi mövqedir. Humanizm prinsipi insan şəxsiyyətini əsas prioritet sayan Azərbaycan Respublikasının konstitusion quruluşundan irəli gələn bir meyardır. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 12-ci maddəsinə əsasən insan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsi dövlətin ali məqsədidir. Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinə əsasən Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Azərbaycan Respublikası Konstitusiyasının və qanunlarının qarantı olan Azərbaycan Respublikası Prezidentinin «Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə» 10 fevral 2017-ci il tarixli Sərəncamı da Azərbaycan Dövlətinin humanizm siyasətinin, o cümlədən cəza siyasətində humanizminin bariz nümunəsidir. Həmin Sərəncamda penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi barədə istiqamətlərin müəyyən olunması ilə yanaşı, cinayət qanunvericiliyinin prinsiplərinə və cəza təyin etmənin ümumi əsaslarına ciddi riayət edilməsi, cəza siyasətinin humanistləşdirilməsi barədə qanun layihələrinin hazırlanması, cinayətlərin, xususilə iqtisadi fəaliyyət sahəsində cinayətlərin dekriminallaşdırılması, cinayətlərin sanksiyalarına azadlıqdan məhrum etməyə alternativ cəzaların əlavə olunması və mövcud alternativ cəzaların tətbiqi əsaslarının təkmilləşdirilməsi, törədilən əməlin ictimai təhlükəliliyi maddi ziyanla bağlı olan hallarda vurulmuş ziyan tamamilə ödənildikdə həbslə əlaqədar olmayan qətimkan tədbirlərinin tətbiqi və azadlıqdan məhrum etməyə alternativ cəzaların təyin edilməsi əsaslarının müəyyən olunması, azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş hissəsini daha yüngül cəza ilə əvəz etmə, cəzanın çəkilməmiş hissəsindən şərti olaraq vaxtından əvvəl azad etmə və şərti məhkum etmə institutlarının daha geniş tətbiq edilməsi, həbsə alternativ olan qətimkan tədbirinin tətbiq edilməsi hallarının genişləndirilməsi, həbsin alternativ qətimkan tədbirləri ilə əvəz edilməsi qaydasının sadələşdirilməsi, böyük ictimai təhlükə törətməyən və az ağır cinayətlərə görə həbs qətimkan tədbirinin seçilməsi əsaslarının daha da məhdudlaşdırılması barədə aidiyyəti orqanlara strateji tapşırıqlar verilmiş, o cümlədən məhkəmələrə cəzanın növü və həddini müəyyən edərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyinin əsas tutulması, cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinin tələblərinə riayət edilməsinə xüsusi diqqət yetirilməsi, Azərbaycan Respublikasının Ali Məhkəməsinə isə həbs qətimkan tədbirinin seçilməsi və azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi ilə bağlı məhkəmə təcrübəsinin mütəmadi ümumiləşdirilməsi və bu sahədə ədalətli məhkəmə təcrübəsinin formalaşdırılmasının təmin edilməsi barədə tövsiyyələr verilmişdir. Bununla bağlı cəza siyasətinin humanistləşdirilməsi nöqteyi-nəzərindən də Azərbaycan Respublikasının mövcud qanunvericiliyinə, o cümlədən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə xeyli dəyişikliklər edilmişdir. Göründüyü kimi, Azərbaycan Respublikası cəzanın hümanistləşdirilməsi üçün xüsusilə böyük ictimai təhlükə törətməyən və az ağır cinayətlərə görə azadlıqdan məhrum etməyə nisbətən digər alternativ cəzaların tətbiq edilməsini, şərti məhkum etmə institutunun daha geniş tətbiq edilməsini, mediasiya institutundan daha geniş istifadə edilməsini, cinayətlərin, xüsusilə iqtisadi sahədə olan cinayətlərin dekriminallaşdırılmasını strateji istiqamət kimi müəyyənləşdirmişdir. Cəza siyasətinə məhz bu mövqedən yanaşan Azərbaycan Respublikası da cəza təyin edilməsi zamanı mediasiya, azadlıqdan məhrum etmə ilə bağlı olmayan və şərti məhkum etmə institutlarının geniş tətbiq olunmasını qanunvericilik qaydasında təsbit edir. Qanunla təqsirləndirilən şəxsin bağışlanması hüququnun sahibi olan o cümlədən dövlət az ağır cinayətə görə təqsirləndirilən şəxsə humanizmlə yanaşılmasını-ona mərhəmət göstərilməsini, onun bağışlanmasını tələb edirsə, Azərbaycan Respublikasının Prezidenti dövlətin strateji xətti kimi cəzanın humanistləşdirilməsini, xüsusilə böyük ictimai təhlükə törətməyən və az ağır cinayətlərə görə azadlıqdan məhrum etməyə nisbətən digər alternativ cəzaların tətbiq edilməsini, şərti məhkum etmə institutunun daha geniş tətbiq edilməsini, mediasiya institutundan daha geniş istifadə olunmasını, cinayətlərin, xüsusilə iqtisadi sahədə olan cinayətlərin dekriminallaşdırılmasını müəyyən edirsə, təbii ki, bu tələblər hazırki iş üzrə də mütləq qaydada nəzərə alınmalıdır. Məhkəmə qeyd edir ki, cinayət qanunvericiliyinin tətbiqi humanizm prinsipinin həyata keçirilməsi üsullarından biridir. Cinayət qanunvericiliyində humanizm prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsində öz əksini tapır. Əks hal, yəni humanizm prinsipinin ancaq zərərçəkmiş şəxslərə tətbiq edilməsi qanunçuluq, ədalət və humanizm prinsiplərinin pozuntusu olardı. Dünya praktikasında cinayət əməli törədən şəxsə qarşı münasibət humanizm prinsipinin cinayət hüququnda həyata keçirilməsinin göstəricisidir. Heç şübhəsiz ki, hazırki iş üzrə də təqsirləndirilən şəxsə, onun islah olunmasına, qanunlara hörmətlə yanaşmasına, yeni cinayət əməlinin törədilməsinin qarşısının alınmasına böyük mənəvi və hüquqi stimul yaradan cəza təyin edilməlidir ki, həmin cəza da həm ədalət prinsipini, həm də humanizm prinsipini özünə ehtiva etsin və fərdin hüquqları ilə cəmiyyətin maraqları arasında ədalət tarazlıq yaratmış olsun. Göstərildiyi kimi, qanunvericilik şəxsə ədalətli cəza, yəni törətdiyi cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilmə hallarına və şəxsiyyətinə uyğun cəza təyin olunmasını tələb edir. Qeyd olunanların işığında heç şübhəsiz ki, Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid edilməsi formasında cəzaya, yəni azadlıqdan məhrum etmə cəzasına məruz qalması törətdiyi cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və şəxsiyyətinə uyğun olmamaqla, ədalətli olmazdı. Belə ki, cəzasını yüngülləşdirən halların və cəzasını ağırlaşdıran halların olmadığı, həmçinin onun təqsirləndirildiyi maddənin sanksiyasında azadlıqdan məhrum etmədən əvvəl iki cəza növünün nəzərdə tutulduğu şəraitdə, Təqsirləndirilən şəxs ən sərt cəzanın-azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi, onun fərdi azadlıq hüququ ilə şəxslərin sağlamlığı ilə bağlı ictimai münasibətlərin qorunmasında ifadə olunan ictimai maraq arasında ədalətli tarazlığı pozmuş olardı, işin hallarına əsasən heç də cəzanın məqsədlərinə nail olunmasına xidmət etməzdi və bir növ ondan qisas almağa xidmət edərdi ki, bu da qanunla yolverilməzdir. Belə ki, qeyd edildiyi kimi, cəza «talion» prinsipinə, yəni təqsirləndirilən şəxsdən əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Cəzanın məqsədi sosial ədalətin bərpası, xüsusi prevensiya (şəxsin özünü cinayət əməlinin törədilməsindən çəkindirmək) və ümumi prevensiyanın (başqa şəxsləri cinayət əməlinin törədilməsindən çəkindirmək) təmin edilməsidir. Qeyd edilənlərə əsasən məhkəmə hazırki işdə cəzanın məqsədlərinə nail olunması üçün Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə cəzasının təyin edilməsinə lüzum görmür. Digər tərəfdən, «Azərbaycan Respublikasında 2021-ci il üçün yayayış minimumu haqqında» Azərbaycan Respublikasının Qanununa əsasən ölkə üzrə yaşayış minimumunun 196 manat, əmək qabiliyyətli əhali üçün yaşayış minimumunun 207 manat müəyyən olunduğu, onun daşınmaz əmlakının, pensiya və digər müavinətlərinin olmadığı və yaşayış minimumu məbləğində aylıq qazancının olub-olmadığının müəyyən edilmədiyi şəraitdə Təqsirləndirilən şəxs Azərbaycan Respulikası CM-nin 139-1.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan iki min beş yüz manatdan beş min manatadək miqdarda cərimə cəzasının təyin edilməsi şübhə yoxdur ki, onun üçün ağır maddi məhrumiyyətlər yaratmış olardı və qətiyyən cəzanın məqsədlərinə xidmət etməzdi. Ona görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması növündə cəzanın təyin edilməsi, onun islah olunması və cəzanın digər məqsədlərinə nail olunması nöqteyi-nəzərindən daha məqsədəuyğundur. Həm də bu cəza törədilmiş cinayətin xarakterinə, ictimai təhlükəlilik dərəcəsinə, şəxsiyyətinə tam uyğun olmaqla, ədalətlidir. Bu cəza ilə Təqsirləndirilən şəxs azadlığına müəyyən məhdudiyyətlər tətbiq edilməklə cəzanın məqsədlərinə nail olunması mümkündür. Göstərilənlərə əsasən məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən ona hansı növ cəzanın təyin olunması məsələsinə baxaraq, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, cəzasını yüngülləşdirən və cəzasını ağırlaşdıran halların olmamasını, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini,ona törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddinin təyin edilməsi üçün əsasların olmamasını, cinayət əməlini etiraf etməsini onun ictimai dəyərlərə və ədalət mühakiməsinə hörmət hissinin qorunub saxlandığına dəlalət etməsini, cinayət əməlini törətməsindən səmimi peşmançılıq çəkməsini, eyni zamanda hazırkı vaxtda “Covid-19” pandemiyası ilə bağlı mübarizənin daha ciddi aparılmasının zəruriliyini nəzərə alaraq, Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş həddə azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməsini qanuni, əsaslı və ədalətli hesab edir. Azərbaycan Respublikası CM-nin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 15.5-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir. Həmin Məcəllənin 51-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. Azərbaycan Respublikası CM-nin 52-1.2-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: 52-1.2.1. yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; 52-1.2.2. elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; 52-1.2.3. məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; 52-1.2.4. müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinini dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini gecə vaxtı saat 23:00-dan növbəti gün səhər saat 07:00-a kimi tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Balakən və Zaqatala rayonlarının ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Hazırki hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Balakən rayon İcra və Probasiya Şöbəsinə həvalə edilməli, onun cəzaçəkmə müddətinin əvvəli cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanmalıdır. Məhkəmə həmçinin hesab edir ki, hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut kimi tanınmış 14.04.2021-ci il tarixdə hadisə yerinə baxış keçirilərkən aparılmış videoçəkiliş əks olunmuş 01 ədəd DVD diski hazırki cinayət işi üzrə icraat materiallarının saxlama müddəti ərzində işdə saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası CPM-nin 132.1-ci maddəsinə əsasən maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar məhkəmə yekun qərar çıxararkən aşağıdakı qaydalara riayət etməlidir:... 132.1.6. maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalı və ya maraqlı təşkilatların və şəxslərin vəsatəti olduqda bu Məcəllənin 136.3-cü maddəsində nəzərdə tutulmuş qaydada onlara verilməlidir. Azərbaycan Respublikası CPM-nin 346.1-ci və 346.1.19-cu maddələrinə əsasən, məhkəmə hansı əmlakın müsadirə edilməli olduğu məsələsinə baxaraq, Təqsirləndirilən şəxs hazırkı cinayəti törətdiyi zaman cinayət yolu ilə hər hansı əmlak əldə etməməsini nəzərə alaraq, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 99- 1.1-ci maddəsində nəzərdə tutulan xüsusi müsadirə edilməli olan əmlak mövcud deyildir. İş materiallarından görünür ki, Balakən rayon Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən məhkəmə icraatı zamanı Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsinə 5 iş saatı vaxt sərf edilmişdir. Azərbaycan Respublikası CPM-nin 193.2-193.3-cü maddələrinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının Dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Məhkəmə şübhəli və ya təqsirləndirilən şəxsin orta aylıq gəlirini, maddi, əmlak və ailə vəziyyətini, habelə digər halları nəzərə alaraq həmin şəxsin müdafiəçi tərəfindən göstərilən hüquqi yardımı ödəməkdən azad edilməsi və ödəmənin Azərbaycan Respublikasının Dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilməsi barədə əsaslandırılmış qərar qəbul edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 3 may 2018-ci il tarixli, 202 №-li qərarı əsasında “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli,11 №-li qərarına edilmiş dəyişikliklərə uyğun olaraq təqsirləndirilən şəxslərin hüquqlarını müdafiə etmələrinə görə müdafiəçilərə hər iş saatı üçün 6 manat məbləğində haqq ödənilməlidir. Ona görə də məhkəmə hesab edir ki, hazırki iş üzrə Balakən rayon Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs məhkəmə icraatı zamanı göstərilən hüquqi yardımla bağlı 30 manat Müdafiəçi ödənilməsi üçün Azərbaycan Respublikası Dövlət büdcəsinin vəsaiti hesabından Balakən rayon Vəkil Bürosunun nəfinə, «KAPİTALBANK» X9 Rekvizitləri: VÖEN **********, kod 201382, Müxbir hesab AZ37NABZ******************** hesabına köçürülməlidir. İş üzrə mülki iddia və məhkəmə xərci yoxdur. Azərbaycan Respublikası CPM-nin 349-cü maddəsinin tələblərinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Məhkəmənin hökmü Azərbaycan Respublikası Konstitusiyasının, bu Məcəllənin, Azərbaycan Respublikasının cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir. Məhkəmənin hökmü məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə əsaslı hesab edilir. Kondraşinanın Rusiya Federasiyasına qarşı iş üzrə qərarında Avropa Məhkəməsi göstərmişdir ki, məhkəmələr qərar qəbul edərkən hüququn aliliyinə əməl etməlidirlər. Hüququn aliliyinin əsas cəhətlərindən biri hüquqi müəyyənlik prinsipidir ki, onun tələbinə görə məhkəmələr yekun qərarı elə qəbul etməlidirlər ki, o, mübahisə olunmasın. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 139-1.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və 02 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini gecə vaxtı saat 23:00-dan növbəti gün səhər saat 07:00-a kimi tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Balakən və Zaqatala rayonlarının ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs cəza çəkmə müddətinin əvvəli onun cəzasını icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut kimi tanınmış 14.04.2021ci il tarixdə hadisə yerinə baxış keçirilərkən aparılmış videoçəkiliş əks olunmuş 01 ədəd DVD diski hazırki cinayət işi üzrə icraat materiallarının saxlama müddəti ərzində işdə saxlanılsın. Hökmün icrası Balakən rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Balakən rayon Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs məhkəmə icraatı zamanı göstərilən hüquqi yardımla bağlı 30 manat Müdafiəçi ödənilməsi üçün Azərbaycan Respublikası Dövlət büdcəsinin vəsaiti hesabından Balakən rayon Vəkil Bürosunun nəfinə, «KAPİTALBANK» X9 Rekvizitləri: VÖEN **********, kod 201382, Müxbir hesab AZ37NABZ******************** hesabına köçürülsün. Hökmdən elan olunduğu andan (həbsdə olan məhkum hökmün surəti ona verildiyi andan) 20 gün müddətində Balakən Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apellyasiya şikayəti və ya protesti verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən: Z.C.Tahirov
Məhkəmə qərarları › İş №1(019)-50/2021
Balakən Rayon Məhkəməsi Hökm — İş №1(019)-50/2021
07.07.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver