Məhkəmə qərarları › İş №1(019)-51/2021

Balakən Rayon Məhkəməsi Hökm — İş №1(019)-51/2021

23.06.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Balakən Rayonu İş № 1(019)-51/2021 23.06.2021 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Səlimov Hümbət Qamuna oğlunun sədrliyi, məhkəmə iclas katibi X8 qızının katibliyi, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində DİMÜŞ-nin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçi-Balakən rayon Vəkil Bürosunun vəkili Müdafiəçi və Təqsirləndirilən şəxs iştirakları ilə Təqsirləndirilən şəxs - xx xxxxxxxx 1991-ci il tarixdə Balakən rayon Qullar kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, Balakən Rayon Məhkəməsinin 24 aprel 2019-cu il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək 02 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş və Şəki Rayon Məhkəməsinin 25 mart 2020-ci il tarixli qərarı ilə 06 ay 04 gün vaxtından əvvəl şərti azad edilmiş, məhkumluğu ödənilməmiş Balakən rayon Qullar kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan və barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Təqsirləndirilən şəxs 2020-ci ilin sentyabr ayında Balakən rayonu Gərəkli kəndinin ərazisində “Mazım” çayının kənarında yabanı halda bitmiş 01 ədəd narkotik tərkibli çətənə (kannabis) bitkisinin üzərindən topladığı şəxsi istehlak miqdarından artıq miqdarda, yəni ayrıayrılıqda təmiz çəkiləri 6,66 qram və 450,00 qram, ümumi təmiz çəkiləri 456,66 qram olan narkotik tərkibli çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananı qəsdən, satış məqsədi olmadan, qanunsuz olaraq əldə edib öz istifadəsi üçün yaşadığı evdə, həmçinin üzərində daşıyaraq saxlamışdır. 17 mart 2021-ci il tarixdə Təqsirləndirilən şəxs Balakən RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş tədbirlər nəticəsində RPŞ-nə dəvət edilərək şübhəli şəxs qismində tutulduqdan sonra saat 13:40-dan saat 14:05-dək üzərində şəxsi axtarış aparılan zaman onun əynindəki qara rəngli gödəkcənin sol iç cibindən 01 ədəd ağ rəngli kağız bükümdə təmiz çəkisi 6,66 qram olan və həmin tədbirin davamı olaraq saat 14:30-dan saat 15:05-dək Balakən rayon Qullar kəndində yaşadığı evə baxış keçirilən zaman yataq otağındakı çarpayının üzərində olan döşəyin altından 01 ədəd göy rəngli sellofan torbada təmiz çəkisi 450,00 qram olan, ümumi təmiz çəkiləri 456,66 qram olan eyni tərkibli kustar üsulla hazırlanmış narkotik vasitə marixuanalar aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs həmin cinayət əməlini törətməsi məhkəmə iclasında özünün səmimi etirafedici ifadəsi, şahidlərin ifadələri və məhkəmə iclasında tədqiq olunan digər sübutlarla aşağıdakı qaydada tam sübuta yetirildi. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək göstərdi ki, o, hazırda Balakən rayonu Qullar kəndində yerləşən özünə məxsus evdə tək yaşayır. Sonuncu dəfə Balakən Rayon Məhkəməsinin 24 aprel 2019-cu il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-cü maddələrinə əsasən təqsirli bilinərək 02 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və Şəki Rayon Məhkəməsinin 25 mart 2020-ci il tarixli qərarı ilə 06 ay 04 gün vaxtından əvvəl şərti azad edilmişdir. Təxminən 01 ildir narkotik vasitə marixuanadan istifadə edir. Lakin mütəmadi yox, təxminən ayda 1-2 dəfə istifadə edir. 2020-ci ilin sentyabr ayında balıq tutmaq üçün tək Balakən rayonu Gərəkli kəndindən keçən “Mazım” çayına getmiş, orada balıq tutan zaman çayın kənarında yabanı halda bitən və qurumuş halda olan 01 ədəd çətənə bitkisinin ağacını görmüş, həmin narkotik vasitəni özü istifadə etmək məqsədi ilə bitkinin yararlı hissələrindən toplayıb üzərində olan 01 ədəd göy rəngli sellofan torbanın içərisinə yığmış, daha sonra bitki ağacını məhv edib çaya atmış, topladığı narkotik vasitəni və balıq tutmaq üçün apardığı əşyaları götürüb yaşadığı evə qayıtmışdır. Topladığı narkotik vasitə marixuananı yaşadığı evdə günün altında tam qurutduqdan sonra yenidən həmin sellofan torbaya yığıb yataq otağında olan çarpayının üzərindəki döşəyin altında gizlətmişdir. Kənd yerində mağazalar tez bağlandığına görə, həmin narkotik vasitə marixuananı gecə saatlarında siqareti olmayanda istifadə etmək üçün yaşadığı evdə gizlədib saxlamış və cəmi bir dəfə siqareti olmayanda həmin marixuanadan istifadə etmişdir. 17 mart 2021-ci il tarixdə səhər saatlarında yaşadığı evdə olan zaman sellofan torbada saxladığı marixuanadan bir qədər götürüb ağ rəngli kağıza bükərək ehtiyacı olduğu halda istifadə etmək məqsədi ilə əynindəki qara rəngli gödəkcənin sol iç cibinə qoymuşdur. Sonra isə şəxsi işləri ilə bağlı Balakən şəhəri ərazisinə getmiş, şəhər ərazisində piyada gəzən zaman polis əməkdaşları ona yaxınlaşıb özlərini təqdim edərək Balakən rayon Polis Şöbəsinin əməkdaşları olduqlarını, onun üzərində və yaşadığı evdə qanunsuz olaraq narkotik vasitə saxlamaqda şübhəli olduğunu bildirmişlər və onu Balakən rayon Polis Şöbəsinə dəvət etmişlər. O da etiraz etmədən polis əməkdaşları ilə birlikdə PŞnə getmiş, orada şübhəli şəxs qismində tutulmuş, daha sonra vəkillər siyahısından seçmiş olduğu vəkil Müdafiəçi hüquqlarının müdafiə edilməsi üçün PŞ-nə dəvət olunmuşdur. Bundan sonra video çəkiliş aparılmaqla müdafiəçinin və polis əməkdaşlarının iştirakları ilə ona hüquq və vəzifələri izah olunmuşdur.Üzərində şəxsi axtarış aparılmadan əvvəl ona üzərində qanunsuz əşya varsa könüllü təqdim etməsi təklif olunmuşdur. Bu təklifdən sonra o, əynindəki qara rəngli gödəkcənin iç cibində daşıyaraq üzərində saxladığı 01 ədəd ağ rəngli kağıza bükülmüş narkotik vasitə marixuananı çıxarıb polis əməkdaşlarına təqdim edərək “nəşə” olduğunu, həmin narkotik vasitəni 2020-ci ilin avqust-sentyabr aylarında Gərəkli kəndinin ərazisində çay kənarından yığdığını və şəxsi istifadəsi üçün yaşadığı evdə və üzərində saxladığını bildirmişdir. Təqdim etdiyi büküm polis əməkdaşı tərəfindən açılan zaman içərisində narkotik vasitə marixuanaya oxşar kütlə olduğu aşkar edilmişdir. Daha sonra təqdim etdiyi büküm elektron tərəzidə ölçülərək çəkisinin 8,40 qram olması müəyyən edilmiş, həmin büküm 01 ədəd ağ rəngli kağız zərfə qoyulub qablaşdırılaraq möhürlənmiş və zərf bütün iştirakçılar tərəfindən imzalanmışdır. Həmçinin, bu barədə protokol tərtib edilərək bütün iştirakçılar tərəfindən imzalanmışdır. Bundan sonra polis əməkdaşları tərəfindən üzərində şəxsi axtarış aparılmış, lakin üzərindən digər hər hansı qanunsuz əşya və ya predmet aşkar edilməmişdir. Şəxsi axtarış bitdikdən sonra onun ərizəsi əsasında polis əməkdaşları tərəfindən yaşadığı evə baxış keçirilmişdir. Baxış zamanı o, yataq otağında çarpayının üzərindəki döşəyin altında gizlədib saxladığı 01 ədəd göy rəngli sellofan torbanı polis əməkdaşlarına təqdim etmişdir. Həmin sellofan torba polis əməkdaşı tərəfindən açılan zaman eyni ilə içərisində narkotik vasitə marixuanaya oxşar kütlə olduğu aşkar edilmiş və elektron tərəzidə ölçülərək çəkisinin 470,00 qram olması müəyyən edilmişdir. Bundan sonra həmin sellofan torbada 01 ədəd ağ rəngli kağız zərfə qoyulub qablaşdırılaraq möhürlənmiş, bu barədə protokol tərtib edilmiş, tərtib edilmiş protokol və zərf bütün iştirakçılar tərəfindən imzalanmışdır. Daha sonra yaşadığı evə baxış keçirilmiş, lakin evdən digər hər hansı qanunsuz əşya və ya predmet aşkar edilməmişdir. Məhkəməbioloji-ekspertizasının rəyi ilə tanış olduqdan sonra ona məlum olmuşdur ki, üzərindən 01 ədəd ağ rəngli kağız bükümdə aşkar edilmiş narkotik vasitə qurudulmuş marixuananın təmiz çəkisi 6,66 qram, yaşadığı evdən 01 ədəd göy rəngli sellofan torbada aşkar edilmiş narkotik vasitə qurudulmuş marixuananın təmiz çəkisi isə 450,00 qramdır.Əməlindən peşimandır, bir daha belə əməllərə yol verməyəcəkdir. Barəsində yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Balakən RPŞ-nin PPXB-nin manqa komandiri, polis baş serjantı Şahid1 ifadəsində göstərdi ki, 17 mart 2021-ci il tarixdə Balakən rayonu Qullar kənd sakini Təqsirləndirilən şəxs üzərində və yaşadığı evdə qanunsuz olaraq narkotik vasitə saxlaması barədə daxil olmuş əməliyyat məlumatı onun tərəfindən raportla RPŞ-nin rəhbərliyinə məruzə olunmuş və həmin məlumatın yoxlanılması məqsədi ilə Təqsirləndirilən şəxs həmin tarixdə Balakən şəhəri ərazisində saxlanılaraq RPŞnə dəvət olunmuşdur. Təqsirləndirilən şəxs etiraz etmədən Polis şöbəsinə gəldikdən sonra sonuncunun üzərində şəxsi axtarış aparılması üçün Təhqiqat Bölməsinin təhqiqatçısı Natiq Muradov tərəfindən şübhəli şəxs qismində tutulmuş və Təqsirləndirilən şəxs hüquqlarının müdafiə edilməsi üçün Balakən rayon Vəkil Bürosunun vəkili Müdafiəçi RPŞ-nə dəvət olunmuşdur. Daha sonra dəvət olunmuş müdafiəçinin, onun, Balakən RPŞ-nin CAB-nin baş əməliyyat müvəkkili polis kapitanı Şahid2, CAB-nin əməliyyat müvəkkili polis leytenantı Şahid3 və Balakən RPŞ-nin KTQ-nun baş İnspektor Kriminalisti polis mayoru X3 iştirakı ilə şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs təhqiqatçı tərəfindən hüquq və vəzifələri izah olunaraq üzərində şəxsi axtarış aparılacağı bildirilmişdir. Şəxsi axtarış başlamazdan əvvəl Təqsirləndirilən şəxs üzərində qanunsuz əşya varsa könüllü təqdim etməsi təklif olunmuş, bu təklifdən sonra Təqsirləndirilən şəxs əynindəki qara rəngli gödəkcənin sol iç cibindən 01 ədəd ağ rəngli kağız büküm çıxarıb təqdim edərək həmin bükümün içərisində narkotik vasitə “nəşə” olduğunu, həmin narkotik vasitəni 2020-ci ilin avqust-sentyabr aylarında Gərəkli kəndinin ərazisində çay kənarından yığıb şəxsi istifadəsi üçün evində və üzərində saxladığını bildirmişdir. Aşkar olunmuş büküm açılan zaman içərisində narkotik vasitə marixuanaya oxşar bitki kütləsi olduğu aşkar edilmişdir. Daha sonra həmin büküm elektron tərəzidə ölçülərək çəkisinin 8,40 qram olması müəyyən edilmiş, 01 ədəd ağ rəngli kağız zərfə qoyulub qablaşdırılaraq möhürlənmiş və zərf bütün iştirakçılar tərəfindən imzalanmışdır. Bu barədə protokol tərtib edilərək bütün iştirakçılar tərəfindən imzalanmışdır. Bundan sonra Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmış, lakin sonuncunun üzərindən digər hər hansı qanunsuz əşya aşkar edilməmişdir. Şəxsi axtarış bitdikdən sonra Təqsirləndirilən şəxs ərizəsi əsasında yaşadığı evə baxış keçirilmiş, baxış zamanı sonuncu mənzilin yataq otağındakı çarpayının üzərində olan döşəyin altında gizlədib saxladığı 01 ədəd göy rəngli sellofan torbanı təqdim etmişdir. Həmin sellofan torba açılan zaman eyni ilə içərisində narkotik vasitə marixuanaya oxşar bitki kütləsi olduğu aşkar edilmiş və elektron tərəzidə ölçülərək çəkisinin 470,00 qram olması müəyyən edilmişdir. Bundan sonra həmin sellofan torba da 01 ədəd ağ rəngli kağız zərfə qoyulub qablaşdırılaraq möhürlənmiş, bu barədə protokol tərtib edilmiş, tərtib edilmiş protokol və zərf bütün iştirakçılar tərəfindən imzalanmışdır. Daha sonra Təqsirləndirilən şəxs yaşadığı evə baxış keçirilmiş, lakin evdən digər hər hansı qanunsuz əşya aşkar edilməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Balakən RPŞ-nin CAB-nin baş əməliyyat müvəkkili polis kapitanı Şahid2 və Şahid3 Şahid1 ilə eyni məzmunlu ifadə verərək sonuncunun ifadəsində göstərdiyi xüsusatları bir daha təsdiq etmişdir. İşin 23-25-ci vərəqələrində olan və məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş 17 mart 2021-ci il tarixli şübhəli şəxsin üzərində şəxsi axtarış aparılması barədə protokoldan görünür ki, Balakən rayonu Qullar kənd sakini Təqsirləndirilən şəxs üzərində və yaşadığı evdə qanunsuz olaraq narkotik vasitə saxlamaqda şübhəli olduğundan həmin tarixdə Balakən RPŞ-nə dəvət edilmiş, TB-nin təhqiqatçısı Natiq Muradov tərəfindən şübhəli şəxs qismində tutulmuş və Təqsirləndirilən şəxs üzərinə vəkillərin adlı siyahısından seçdiyi vəkil Müdafiəçi və polis əməkdaşlarının iştirakı ilə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış keçirilməzdən əvvəl Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CPM-də nəzərdə tutulan hüquq və vəzifələri izah olunmuşdur. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynindəki qara rəngli gödəkcənin sol iç cibindən 01 ədəd ağ rəngli kağız bükümü təqdim edərək həmin bükümün içərisində narkotik vasitə olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs üzərində saxladığı bitki kütləsini 2020-ci ilin avqust-sentyabr aylarında Balakən rayonu Gərəkli (Poştbinə) kəndinə balıq tutmaq üçün getdiyi zaman Mazım çayının kənarında yabanı bitən 01 ədəd çətənə bitkisindən yığaraq şəxsi istifadəsi üçün üzərində saxladığını bildirmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi içərisində narkotik vasitə qurudulmuş marixuanaya oxşar bitki kütləsi olan 01 ədəd ağ rəngli kağız büküm elektron tərəzidə çəkilərkən ümumi çəkisi 8,40 qram gəlmişdir. Aşkar edilmiş 01 ədəd kağız büküm 01 ədəd ağ rəngli kağız zərfə qoyulmuş və möhürlənərək götürülmüşdür. Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilən zaman başqa qanunsuz əşya, vasitə aşkar edilməmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs yaşadığı evdə də narkotik vasitə saxladığını, həmin narkotik vasitəni də qeyd olunan vaxt çayın kənarından yabanı halda bitmiş çətənə bitkisindən yığaraq saxladığını bildirmişdir. Şəxsi axtarış “Sony” markalı videokamera vasitəsilə qeydə alınmış, videogörüntünün olduğu disk gələcəkdə protokola əlavə olunacaqdır. Şəxsi axtarış zamanı əlavə vəsatət və şikayətlər daxil olmamışdır. Protokol tərtib olunmuş və doğruluğu imzalarla təsdiq olunmuşdur. İşin 28-31-ci vərəqələrində olan və məhkəmə iclasında elan edilməklə tədqiq edilmiş 17 mart 2021-ci il tarixli baxış protokolundan görünür ki, 17 mart 2021-ci il tarixdə saat 14:30-dan saat 15:05-dək olan müddət ərzində şübhəli şəxs Təqsirləndirilən şəxs Balakən rayonu Qullar kəndində yaşadığı evə baxış keçirilmişdir. Təqsirləndirilən şəxs yaşadığı ev iki mərtəbə olmaqla 04 otaqdan ibarətdir. Təqsirləndirilən şəxs evin ikinci mərtəbəsindəki yataq otağındakı çarpayının üzərindəki döşəyin altında saxladığı 01 ədəd göy rəngli sellofan torbanı təqdim edərək torbanın içərisində narkotik vasitə olduğunu, həmin bitki kütlələrini 2020-ci ilin avqust-sentyabr aylarında Balakən rayonu Gərəkli kəndinə Mazım çayına balıq tutmaq üçün getdiyi zaman çayın kənarında yabanı halda bitən 01 ədəd çətənə bitkisindən yığaraq saxladığını, həmin bitki kütlələrinin üzərində saxladığı bitki kütlələri ilə eyni olduğunu, bitki kütlələrinin olduğu yeri xatırlamadığını və yabanı halda bitən çətənə bitkisini isə sonradan məhv etdiyini, yaşadığı evdə saxladığı narkotik vasitə qurudulmuş marixuanaya oxşar bitki kütlələrini şəxsi istifadəsi üçün saxladığını bildirmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi 01 ədəd sellofan torba elektron tərəzidə çəkilərkən üzərindəki sellofanla birlikdə ümumi çəkisi 470 qram gəlmişdir. Aşkar edilmiş 01 ədəd içərisində narkotik vasitə qurudulmuş marixuanaya oxşar bitki kütləsi olan sellofan torba 01 ədəd ağ rəngli kağız zərfə qoyularaq möhürlənmiş və götürülmüşdür. Daha sonra Təqsirləndirilən şəxs yaşadığı evin digər otaqlarına baxış keçirilən zaman əlavə qanunsuz əşya, vasitə aşkar edilməmişdir. Baxış “Sony” markalı videokamera vasitəsilə qeydə alınmış, videogörüntünün olduğu disk gələcəkdə protokola əlavə olunacaqdır. Baxış zamanı iştirakçılar tərəfindən vəsatət və şikayətlər daxil olmamışdır.Protokol tərtib olunmuş və doğruluğu imzalarla təsdiq olunmuşdur. İşin 39-43-cü vərəqələrində olan və məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza X7 Bölməsinin 17 mart 2021-ci tarixli 17/209 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim olunmuş, üzərində “...Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitə...” sözləri yazılmış zərfin içərisindəki 01 (bir) ədəd ağ rəngli kağız bükümdə, təmiz çəkisi 6,66 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Tədqiqata təqdim olunmuş, üzərində “...Təqsirləndirilən şəxs yaşadığı evindən aşkar edilmiş 1 ədəd sellofan....” sözləri yazılmış zərfin içərisindəki 01 (bir) ədəd göy rəngli sellofan torbada, təmiz çəkisi 450,00 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Tədqiqata təqdim olunmuş, 01 (bir) ədəd ağ rəngli kağız bükümdə olan qurudulmuş marixuana ilə 01 (bir) ədəd göy rəngli sellofan torbada olan qurudulmuş marixuana tərkiblərinə görə eynidirlər. İşin 97-ci vərəqəsində olan və məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Gəncə şəhər Narkoloji Dispanserinin 15 aprel 2021-ci il tarixli 376 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan kannobinoidlərdən sui-istifadə nəticəsində narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. İşin 17-ci vərəqəsində olan və məhkəmə iclasında elan olunmaqla tədqiq olunmuş 17 mart 2021-ci il tarixli cinayət işi başlanana kimi şəxsi tutma protokolundan görünür ki, 17 mart 2021-ci ildə saat 13:05-də Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuş və Balakən RPŞ-nin MSY-də saxlanılmışdır. İşin 87-88- ci vərəqələrində olan və məhkəmə istintaqında elan olunmaqla tədqiq edilən 19 mart 2021-ci il tarixli qətimkan tədbirinin seçilməsi barədə qərardan görünür ki, Təqsirləndirilən şəxs oğlunun barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilməsi qərara alınmış və qərar icra edilməsi üçün surəti Balakən RPŞ-nə göndərilmişdir. İşin 94-95-ci vərəqələrində olan və məhkəmə iclasında elan olunmaqla tədqiq olunmuş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs oğlu Balakən Rayon Məhkəməsinin 27 aprel 2012-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsi ilə təqsirli bilinərək 04 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş 27.04.2016-cı ildə cəzasının sonu ilə azad edilmişdir. O, Balakən Rayon Məhkəməsinin 24 aprel 2019-cu il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək 02 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş və Şəki Rayon Məhkəməsinin 25 mart 2020-ci il tarixli qərarı ilə 06 ay 04 gün vaxtından əvvəl şərti azad edilmiş, 29.09.2020-ci ildə cəzası başa çatmışdır. Məhkumluğu ödənilməmişdir. İşin 107-ci vərəqəsində olan və məhkəmə iclasında elan olunmaqla tədqiq olunmuş Balakən rayon İHB-nın Qullar kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi tərəfindən verilmiş 17 may 2021-ci il tarixli 419 nömrəli arayışdan görünür ki, Təqsirləndirilən şəxs Balakən rayonu Qullar kəndində yaşayır. İşin 108-ci vərəqəsində olan və məhkəmə iclasında elan olunmaqla tədqiq olunmuş Balakən rayon İHB-nın Qullar kənd inzibati ərazi dairəsi tərəfindən verilmiş xasiyyətnamədə Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Barəsində nümayəndəliyə heç bir şikayət daxil olmadığı göstərilir. Məhkəmə iş üzrə şahidlər- Şahid1, X4 və Şahid3 ifadələrini, ekspertiza rəylərini, məhkəmə və ibtidai istintaq hərəkətlərinin protokollarını və sair sənədləri tam, hərtərəfli və obyektiv yoxlayıb, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliliyi üzrə qiymətləndirib, həmin sübutları inandırıcı, məntiqli olduqları, ziddiyyət təşkil etmədikləri, əksinə, bir-biri ilə uyğun şəkildə işin faktiki hallarını təsdiq etdikləri üçün mötəbər sübutlar kimi qəbul edir. Məhkəmə, eyni zamanda Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 126.6-cı maddəsinin tələbinə əsasən Təqsirləndirilən şəxs ittiham olunduğu əməldə öz təqsirini etiraf etməsini iş üzrə bütün sübutların məcmuyu ilə təsdiq edildiyi üçün ona qarşı ittihamı təsdiq edən əsas kimi qəbul edir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 346-cı maddəsinin tələbinə uyğun olaraq təqsirləndirilən şəxsin əməlinin hüquqi tövsifi məsələsinə baxaraq məhkəmə tərəfindən müəyyən edildi ki, Təqsirləndirilən şəxs qəsdən, satış məqsədi olmadan, qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə əldə etmə, daşıma və saxlama cinayət əməlini törətmişdir Satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə və ya saxlamağa görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində cinayət məsuliyyəti nəzərdə tutulmuşdur. "Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi haqqında" Azərbaycan Respublikası Qanununun 1.0.5-ci madəsinə görə narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi- Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələr, psixotrop maddələr və onların prekursorları ilə bağlı törədilən hər hansı hərəkətlərdir. Həmin Qanunun 1.0.9-cu maddəsinə görə narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi-həyata keçirilməsi üsulundan asılı olmayaraq, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlərdir. Həmin Qanunun 1.0.10-cu maddəsinə görə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması-məqsədindən asılı olmayaraq, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlərdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 04 mart 2011-ci il tarixli 02 nömrəli qərarının 4-cü bəndinə görə törədilmiş cinayət əməlinin CM-in 234.1-ci maddəsi ilə tövsif olunması yalnız təqsirkarın bu cinayətin predmetini şəxsi istehlak miqdarından artıq miqdarda əldə etməsi və saxlaması müəyyən edildikdə mümkündür. Narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak miqdarından artıq miqdarı “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə külli miqdarına görə siyahısının təsdiq edilməsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə müəyyən olunmuşdur. Həmin siyahıda bu miqdar qurudulmuş marixuana üçün 5 qram müəyyən edilmişdir. Məhkəmə təqsirləndirilən şəxsin və şahidlərin ifadələrini, dövlət ittihamçısının və müdafiəçinin çıxışlarını dinləyib, işdə olan ekspertiza rəylərini və digər sənədləri bilavasitə tədqiq edib, bu sübutları tam, hərtərəfli və obyektiv yoxlayıb, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib, Azərbaycan Respublikasının Konstitusiyasının 63-cü maddəsində təsbit edilmiş təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq, məhkəmə baxışında ittihamın baxılması nəticələrinə əsaslanaraq, tədqiq olunan sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq bu nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir, həmin əməldə Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin tərkibi vardır, həmin əməl təqsirləndirilən şəxs tərəfindən törədilmişdir, təqsirləndirilən şəxs həmin cinayətin törədilməsində təqsirlidir, onun cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir, əməlin cinayət olmasını aradan qaldıran hallar,təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur, təqsirləndirilən şəxs törətdiyi əmələ görə cəzalanmalıdır. Cinayət Məcəlləsinin cəzanın anlayışını və məqsədini müəyyən edən 41 -ci maddəsinə görə cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cinayət Məcəlləsinin 58.1 və 58.3-cü maddələrinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. "Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 4 nömrəli, 25 iyun 2003-cü il tarixli Qərarının 1-ci bəndində məhkəmələrə izah edilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Qərarın 2-ci bəndində göstərilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1ci maddəsində nəzərdə tutulan cəzanı yüngülləşdirən hallar yoxdur. Onun əməlində CM-in 61.1-ci maddəsinə əsasən cəzanı ağırlaşdıran hal cinayətlərin residividir. Belə ki, Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə görə qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Cinayət Məcəlləsinin 83.3.2-1-ci maddəsinə əsasən böyük ictimai təhlükə törətməyən cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsindəonlar cəzanı çəkib qurtardıqları gündən bir il keçdikdə, həmin Məcəllənin 83.3.4-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində-onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə onların məhkumluqları ödənilmiş hesab olunur. İş materiallarından göründüyü kimi Təqsirləndirilən şəxs Balakən Rayon Məhkəməsinin 24 aprel 2019-cu il tarixli hökmünə əsasən az ağır cinayət hesab edilən Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək 02 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş və Şəki Rayon Məhkəməsinin 25 mart 2020-ci il tarixli qərarı ilə 06 ay 04 gün vaxtından əvvəl şərti azad edilmiş, 29.09.2020-ci ildə cəzası başa çatmışdır. O, cəzasını çəkib qurtardığı gündən iki il keçməmiş hazırkı cinayət əməllərini törətmişdir. Ona görə onun hazırkı əməlləri cinayətin residivini yaradır. Cinayət Məcəlləsinin 65.1-65.2-ci maddələrinə görə residivə, təhlükəli residivə və xüsusilə təhlükəli residivə görə cəza təyin edilərkən əvvəllər törədilmiş cinayətlərin sayı, xarakteri, ağırlığı və nəticələri, əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına səbəb olan hallar, habelə yeni cinayətin xarakteri, ağırlığı və nəticələri nəzərə alınır. Residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən ona hansı növ cəzanın təyin olunması məsələsinə baxaraq, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, əməlini etiraf etməklə əməlindən peşiman olmasını, əvvəllər məhkum olunmasını, yaşayış yeri üzrə müsbət cəhətdən xarakterizə olunmasını, cəzanı yüngülləşdirən halların olmamasını, cəzanı ağırlaşdıran halı , habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, barəsində CM-in 62-ci maddəsinin tətbiq olunması üçün əsasların olmamasını, onun islah olunması üçün cəmiyyətdən təcrid edilməsinin zəruri olmasını nəzərə alaraq Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş həddə Cinayət Məcəlləsinin 65.1-65.2ci maddələrinin tələblərinə uyğun azadlıqdan məhrum etmə növündə cəza edilməsini qanuni, əsaslı və ədalətli hesab edir. Onun şübhəli şəxs qismində tutulub saxlandığı 02 (iki) gün müddət Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən təyin ediləcək cəza müddətinə hesablanmaqla həmin cəzadan çıxılmalıdır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 346.1.12-ci maddəsinə uyğun olaraq Təqsirləndirilən şəxs təyin ediləcək cəzanın çəkilməli olubolmaması məsələsinə baxaraq, işin hallarını, təqsirləndirilən şəxsin cəzadan azad edilməsi, yaxud barəsində Cinayət Məcəlləsinin 70-ci maddəsinin tətbiq olunması üçün əsasların olmamasını nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxs ona təyin ediləcək cəzanı çəkməlidir.CM-in 56.1.3-cü maddəsinə uyğun olaraq cəzasını ciddi rejimli cəzaçəkmə müəssisələrində çəkməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri dəyişdirilərək, onun barəsində həbs qətimkan tədbiri seçilməli, o məhkəmə iclas zalında həbs edilməli, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alana kimi dəyişdirilmədən saxlanmalıdır. Ekspert rəyinə əsasən Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı olduğundan CM-in 93.1.2-ci maddəsinə əsasən ona narkomaniyadan məcburi müalicə təyin edilməli və o narkomaniyadan məcburi müalicə olunmalıdır. O, narkoloji kabinetdə profilaktiki qeydiyyata alınmalı və onun profilaktiki qeydiyyata alınması üçün hökmün surəti yaşayış yeri üzrə Balakən Rayon Mərkəzi X5 Şəxsinə göndərilməlidir. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri olan 35.97 (otuz beş manat 97 qəpik) manat Təqsirləndirilən şəxs tutulub Az. MEM; VÖEN **********; AZ34CTRE********************, X1, KOD 210005, VÖEN ********** Müxbir hesab AZ41NABZ ******************** SWİFT BİK CTREAZ22 hesaba köçürülməlidir. İş üzrə maddi sübut kimi tanınmış və ekspert tədqiqatından sonra Balakən rayon polis şöbəsində saxlanılan ekspert tədqiqatından sonra ümumi qalıq təmiz çəkisi 456,56 qram olan narkotik vasitə qurudulmuş marixuana hökm qanuni qüvvəsini aldıqdan sonra tam həcmdə məhv edilməlidir. İş üzrə maddi sübut olan üç ədəd DVD diskləri cinayət işinin materiallarında saxlanmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 346.1-ci və 346.1.19-cu maddələrinə uyğun olaraq məhkəmə müsadirə edilməli əmlakın olub-olmaması məsələsinə baxaraq, təqsirləndirilən şəxsin hazırkı cinayəti törətdiyi zaman cinayət yolu ilə hər hansı əmlak əldə etməməsini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs oğlunda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulan xüsusi müsadirə edilməli olan əmlak mövcud deyildir. İş üzrə mülki iddia yoxdur. İş materiallarından həmçinin görünür ki, Balakən rayon Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmə icraat zamanı Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsinə 09 iş saatı sərf etmişdir. Azərbaycan Respublikası CPM-nin 193.2-193.3-cü maddələrinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Məhkəmə şübhəli və ya təqsirləndirilən şəxsin orta aylıq gəlirini, maddi, əmlak və ailə vəziyyətini, habelə digər halları nəzərə alaraq həmin şəxsin müdafiəçi tərəfindən göstərilən hüquqi yardımı ödəməkdən azad edilməsi və ödəmənin Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilməsi barədə əsaslandırılmış qərar qəbul edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 3 may 2018-ci il tarixli, 202 №-li qərarı əsasında “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli,11 №-li qərarına edilmiş dəyişikliklərə uyğun olaraq təqsirləndirilən şəxslərin hüquqlarını müdafiə etmələrinə görə müdafiəçilərə hər iş saatı üçün 6 manat məbləğində haqq ödənilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə icraatı zamanı göstərilən hüquqi yardımla bağlı Azərbaycan Respublikası Dövlət büdcəsinin vəsaiti hesabından 54 manat tutulub vəkil Müdafiəçi ödənilməsi üçün Balakən rayon Vəkil Bürosunun nəfinə, «KAPİTALBANK» X6 Rekvizitləri: VÖEN **********, kod 201382, Müxbir hesab AZ37NABZ013501**********1944 hesaba köçürülməlidir. Azərbaycan Respublikası CPM-nin 349-cü maddəsinin tələblərinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Məhkəmənin hökmü Azərbaycan Respublikası Konstitusiyasının, bu Məcəllənin, Azərbaycan Respublikasının cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir. Məhkəmənin hökmü məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə əsaslı hesab edilir. Kondraşinanın Rusiya Federasiyasına qarşı iş üzrə qərarında Avropa Məhkəməsi göstərmişdir ki, məhkəmələr qərar qəbul edərkən hüququn aliliyinə əməl etməlidirlər. Hüququn aliliyinin əsas cəhətlərindən biri hüquqi müəyyənlik prinsipidir ki, onun tələbinə görə məhkəmələr yekun qərarı elə qəbul etməlidirlər ki, o mübahisə olunmasın. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356 və 384.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin, 2(iki) il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Onun 17 mart 2021-ci il tarixdən 19 mart 2021-ci il tarixədək şübhəli şəxs qismində tutulub saxlandığı 02 (iki) gün müddət Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən təyin edilmiş cəzanın müddətinə hesablanmaqla həmin cəzadan çıxılsın və üzərində qəti olaraq 1(bir) il 11(on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrumetmə cəzası saxlansın. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisələrində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 23 iyun 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs oğlu barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri dəyişdirilərək, onun barəsində həbs qətimkan tədbiri seçilsin. O, məhkəmə iclas zalında həbs edilsin, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alana kimi dəyişdirilmədən saxlansın. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı olduğundan CM-in 93.1.2-ci maddəsinə əsasən ona narkomaniyadan məcburi müalicə təyin edilsin və o narkomaniyadan məcburi müalicə olunsun. O, narkoloji kabinetdə profilaktiki qeydiyyata alınsın və onun profilaktiki qeydiyyata alınması üçün hökmün surəti yaşayış yeri üzrə Balakən Rayon Mərkəzi X5 Şəxsinə göndərilsin. 35.97 (otuz beş manat 97 qəpik) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutulub Az. MEM; VÖEN **********; AZ34CTRE********************, X1, KOD 210005,VÖEN ********** Müxbir hesab AZ41NABZ ******************** SWİFT BİK CTREAZ22 hesaba köçürülsün. İş üzrə maddi sübut kimi tanınmış və ekspert tədqiqatından sonra Balakən rayon polis şöbəsində saxlanılan ümumi qalıq təmiz çəkisi 456,56 qram olan narkotik vasitə qurudulmuş marixuana hökm qanuni qüvvəsini aldıqdan sonra tam həcmdə məhv edilsin. İş üzrə maddi sübut olan üç ədəd DVD diskləri cinayət işinin materiallarında saxlansın. Təqsirləndirilən şəxs oğluna məhkəmə icraatı zamanı göstərilən hüquqi yardımla bağlı Azərbaycan Respublikası Dövlət büdcəsinin vəsaiti hesabından 54 manat tutulub vəkil Müdafiəçi ödənilməsi üçün Balakən rayon Vəkil Bürosunun nəfinə, «KAPİTALBANK» X6 Rekvizitləri: VÖEN-**********, kod 201382, Müxbir hesab AZ37NABZ013501**********1944 hesaba köçürülsün. Hökmdən elan olunduğu andan (həbsdə olan məhkum hökmün surəti ona verildiyi andan) 20 gün müddətində Balakən Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apellyasiya şikayəti və ya protesti verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən Hümbət Səlimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar