Azərbaycan Respublikası adından HÖKM Balakən Rayonu İş № 1(019)-52/2025 16.07.2025 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Cəfərova Arifə Namus qızının sədrliyi, məhkəmə iclas katibi Mirzəyeva Afina Şakir qızının katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru vəzifəsini icra edən, İİ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, müdafiəçi Balakən rayon Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1992-ci ildə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, 2 azyaşlı uşağı olan, fərdi əməklə məşğul olan, məhkum olunmayan, Balakən rayonu Gərəkli kəndində qeydiyyatda olmaqla yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan, qanunsuz olaraq xeyli miqdarda narkotik vasitəni əldə etmiş, saxlamış və daşımışdır. Belə ki, o, istintaqa məlum olmayan vaxtda və mənbədən qanunsuz olaraq, satış məqsədi olmadan xeyli miqdarda - 0,662 qram çəkidə kustar üsulla hazırlanmış psixotrop maddə - metamfetamin əldə edib üzərində saxlayaraq daşımış, Balakən rayon polis şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 01 may 2025-ci il tarixdə saat 19:44-də Balakən rayonunun Mahamalar kəndinin ərazisində küçədə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsində şübhəli şəxs kimi saxlanılaraq üstü yoxlanılan zaman kustar üsulla hazırlanmış həmin psixotrop maddə - metamfetamin bir ədəd sellofan bükümdə olmaqla əynindəki cins şalvarın sağ yan cibindən aşkar olunaraq götürülmüşdür. Təqsirləndirilən şəxs elan edilmiş ittiham aşağıdakı qaydada tam sübuta yetirilmişdir: Məhkəmə iclasında Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilmiş və ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək göstərmişdir ki, 20 aprel 2025-ci il tarixdə Balakən rayonu Gərəkli kəndinin ərazisindən axan Hunbul çayının kənarına getdiyi zaman oradan bir ədəd sellofan bükümdə psixotrop maddə olan metamfetamin tapmışdır. Həmin psixotrop maddəni gələcəkdə istifadə etmək üçün üzərində saxlamışdır. 01 may 2025-ci il tarixdə saat 19:44 radələrində Balakən rayonu Mahamalar kəndində küçədə olduğu zaman üç nəfər polis əməkdaşları ona yaxınlaşaraq özlərini təqdim etmişlər. Üzərində narkotik vasitə və psixotrop maddə saxlamaqda şübhəli olduğunu bildirərək əgər üzərində narkotik vasitə və ya psixotrop maddə saxlayırsa təqdim etməyini təklif etmişlər. O da əynindəki cins şalvarın sağ yan cibində bir ədəd sellofan bükümdə saxladığı psixotrop maddəni çıxardıb polis əməkdaşlarına təqdim etmişdir. Sonradan üstü yoxlanılarkən başqa heç bir qanunsuz əşya aşkarlanmamışdır. Polis əməkdaşları üzərində aşkar olunmuş psixotrop maddəni elektron tərəzidə çəkdiklərində ümumi çəkisi 0,79 qram olmuşdur. Polis əməkdaşları həmin bükümü bir ədəd kağız zərfə qoyaraq qablaşdırmış, möhürlənərək imzalanmışdır. Sonra polis əməkdaşları ilə polis şöbəsinə gəldikdə ona təqdim edilmiş siyahıdan seçdiyi vəkil Müdafiəçi qismində dəvət edilərək təyin edilmişdir. Həmin psixotrop maddəni tapdıqdan sonra bir dəfə istifadə etmişdir. Üzərində psixotrop maddənin olması barədə heç kimə deməmişdir. Saxlanılan zaman polis əməkdaşları tərəfindən ona heç bir zorakılıq tətbiq edilməmişdir. Əməlindən çox peşmandır. Ona yüngül cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində bildirmişdir ki, Balakən RPŞ-nin CAB-nin baş əməliyyat müvəkkili vəzifəsində çalışır. 01 may 2025-ci il tarixdə Təqsirləndirilən şəxs üzərində qanunsuz olaraq narkotik vasitələr əldə edib saxlaması və üzərində narkotik vasitələr gəzdirməsi barədə məlumat daxil olmuşdur. Daha sonra həmin məlumat raportla Balakən RPŞ-yə məruzə olunmuşdur. Həmin tarixdə Balakən RPŞ-nin NMQ-nin əməliyyat müvəkkili Şahid1 və Balakən RPŞ-nin CAB-nin əməliyyat müvəkkili Şahid3 ilə birgə keçirdikləri tədbirlər nəticəsində qanunsuz olaraq narkotik vasitələr əldə edib saxlamaqda şübhəli olan Əliyev X3 rayonunun Mahamalar kəndinin ərazisində küçədə aşkarlanaraq saxlanılmışdır və ona hüquq və vəzifələri izah olunmuşdur. Daha sonra Təqsirləndirilən şəxs üzərini yoxlamağa başlamışlar. Üstünü yoxlama və götürmə aparılmasından əvvəl ona üzərində hər hansı qeyri-qanuni əşya varsa verməsi təklif edilmişdir. Bundan sonra o, əynindəki cins şalvarının sağ yan cibində olan sellofan bükümü təqdim etmişdir, həmin sellofan bükümdə psixotrop maddə metamfetaminə bənzər kütlə aşkar edilmişdir. Bundan sonra həmin büküm elektron tərəzidə çəkilmişdir. Təqsirləndirilən şəxs üstünün yoxlanılması zamanı mobil telefon vasitəsilə videoçəkiliş aparılmışdır. Daha sonra material və maddi sübut təhqiqatçıya təhvil verilmiş və maddi sübuta və Təqsirləndirilən şəxs üstünün yoxlanmasının əks olunduğu diskə baxış keçirilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 istintaq zamanı verdiyi ifadəni təsdiq etmiş, onun ifadəsi Şahid2 ifadəsi ilə eyni məzmunlu olmuşdur. Məhkəmə iclasında şahid Balakən RPŞ-nin NMQ-nin əməliyyat müvəkkili Şahid1 iştirak etmədiyindən istintaq zamanı verdiyi ifadəsi elan edilmiş, o, Şahid2 ilə eyni məzmunlu ifadə vermişdir. 250320043 nömrəli cinayət işinin: 6-10-cu vərəqələrində olan 01 may 2025-ci il tarixli “əməliyyat-axtarış tədbirinin keçirilməsinə və şübhəli şəxsin üstünün yoxlanılmasına dair” protokoldan görünür ki, 01 may 2025-ci il tarixdə saat 19:44 radələrində Balakən RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində qanunsuz olaraq narkotik vasitə və psixotrop maddə əldə edib üzərində saxlamaqda şübhəli bilinən Əliyev X3 rayonu Mahamalar kəndi ərazisində küçədə saxlanılmış, sonuncuya hüquq və vəzifələri, o cümlədən tutulan andan müdafiəçiyə malik olma hüququ izah olunmuşdur. Təqsirləndirilən şəxs saxlanılan zaman paltarında, əşyalarında və ya bədənində narkotik vasitənin, psixotrop maddənin, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaların və ya sənədlərin olmasını ehtimal etməyə kifayət qədər əsaslar olduğundan saxlanıldığı yerdə, Balakən rayonu Mahamalar kəndi ərazisində küçədə üzəri yoxlanılmazdan əvvəl Təqsirləndirilən şəxs paltarlarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri və psixotrop maddələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və sənədləri verməsi təklif edildikdə Təqsirləndirilən şəxs əynindəki cins şalvarın sağ yan cibindən 01 (bir) ədəd sellofan bükümdə psixotrop maddə - metamfetaminə bənzər kütləni çıxardaraq təqdim etmişdir. Təqsirləndirilən şəxs üzərində yoxlama aparılan zaman əlavə hər hansı bir qanunsuz əşya və ya vasitə aşkar edilməmişdir. Daha sonra Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 1 (bir) ədəd sellofan bükümdə olan psixotrop maddə - metamfetaminə bənzər kütlə elektron tərəzidə çəkilmişdir və sellofan büküm ilə birlikdə ümumi çəkisi 0,79 qram olduğu müəyyən olunmuşdur. Sonra həmin kütlə saxlanılan şəxs və iştirakçılar tərəfindən imzalanaraq götürülmüşdür. Təqsirləndirilən şəxs verilən suallara cavab olaraq üzərindən aşkar edilmiş kütləni 10 gün əvvəl çay kənarından tapdığını, şəxsi istifadəsi üçün üzərində saxladığını, tapdığı həmin kütlədən bir dəfə istifadə etdiyini, psixotrop maddəni heç kimə satmadığını, əlavə olaraq narkotik vasitə və ya psixotrop maddə saxlamadığını, onda psixotrop maddə olmasından heç kimin xəbərinin olmadığını bildirmişdir. Üstünü yoxlama Balakən rayonu Mahamalar kəndi ərazisində küçədə keçirilmişdir. Üstünü yoxlama zamanı Balakən RPŞnin CAB-nin əməliyyat müvəkkili, polis kiçik leytenantı Şahid3 tərəfindən “Samsung A24” markalı mobil telefonun kamerası ilə videoçəkiliş aparılmışdır. Protokolu yerində tərtib etmək üçün şərait olmaması səbəbindən Balakən RPŞ-nin inzibati binasında tərtib edilmişdir. Üstünü yoxlama zamanı tərtib edilmiş protokol iştirakçılara ucadan oxunmuşdur, iştirakçılar tərəfindən şikayət, təklif və protokola qeydlər daxil olmamışdır, protokolun doğruluğu imzalarla təsdiq edilmişdir. Üstünü yoxlama zamanı qeydə alınmış videogörüntülərin köçürüldüyü 01 ədəd DVD disk protokola əlavə edilmişdir. 13-14-cü vərəqlərində olan 01 may 2025-ci il tarixli “təqdim olunan əşyaya baxış keçirilməsi və götürmə haqqında” protokoldan görünür ki, Balakən rayonu Gərəkli kəndində qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs narkotik vasitə və psixotrop maddə əldə edib üzərində saxlamaqda şübhəli bilindiyi üçün, 01 may 2025-ci il tarixdə, saat 19:44-də Balakən rayonu Mahamalar kəndi ərazisindəki küçədə saxlanılaraq üstü yoxlanılmış, bu zaman onun əynindəki cins şalvarın sağ yan cibindən 1 ədəd sellofan bükümdə ümumi çəkisi 0,79 qram olan psixotrop maddə metamfetaminə bənzər kütlə aşkar edilərək 01 (bir) ədəd ağ rəngli zərfdə qablaşdırılmış və maddi sübut kimi götürülmüşdür. Təqdim olunan 1 (bir) ədəd ağ rəngli zərfə və 1 (bir) ədəd DVD diskə baxış keçirilmişdir. Üzərində “Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş” yazılı zərfdən 1 (bir) ədəd sellofan bükümdə psixotrop maddə-metamfetaminə bənzər kütlə aşkar olunmuşdur. Sonra həmin kütlə yenidən qablaşdırılıb möhürlənmişdir. Daha sonra 1 (bir) ədəd DVD diskə HP markalı kompüterdə baxış keçirilmişdir. DVD diskdə olan görüntülərdə təhqiqata təqdim olunan psixotrop maddə - metamfetaminə bənzər kütlənin aşkar olunması, Təqsirləndirilən şəxs ondan psixotrop maddə - metamfetamin aşkar olunması barədə bildirməsi əksini tapmışdır. Baxış və götürmə süni işıqlandırma şəraitində keçirilmişdir. Baxış və götürmə zamanı “Panasonic” markalı videokamera vasitəsi ilə Balakən RPŞ-nin PPXB-nin polis nəfəri, polis serjantı Yüzbaşiyev Vasif Cavanşir oğlu tərəfindən videoçəkiliş aparılmışdır. Protokol iştirakçılara ucadan oxunmuş, onlara protokola daxil edilməli olan qeydlər etmək hüququ və protokolu olduğu kimi və qeydlərlə birlikdə imzalamaq vəzifəsi izah olunmuşdur. İştirakçılar tərəfindən şikayət, təklif və protokola qeydlər daxil olmamışdır. Protokol düzgün tərtib edilmişdir, imzalarla təsdiq edilmişdir. Təqdim olunan əşyaya baxış və götürmə keçirilməsi zamanı qeydə alınmış videogörüntülərin köçürüldüyü 01 ədəd DVD disk protokola əlavə edilmişdir. 23-cü vərəqində olan 01 may 2025-ci il tarixli “şübhəli şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs azadlığının məhdudlaşdırıldığı vaxtdan, yəni 01 may 2025-ci ildə saat 19:44 dəqiqədən tutulmuş hesab edilir. 38-ci vərəqində olan məhkəmə-bioloji ekspertizasının 02 may 2025-ci il tarixli 17/319 nömrəli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “ Balakən rayonu Gərəkli kənd sakini Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş kütlə. 0,79 qram psixotrop maddəyə bənzər kütlə." yazısı, adlar və imzalar yazılmış 01 (bir) ədəd zərfin içərisindəki 01 (bir) ədəd şəffaf sellofan bükümdə, təmiz çəkisi - 0,662 qram olan maddə kustar üsulla hazırlanmış psixotrop maddə - metamfetamindir. Qalıq - 0.612 qr. 65-67-ci vərəqələrində olan təqsirləndirilən şəxsin müvəqqəti saxlama yerindən azad edilməsi və barəsində qətimkan tədbirinin seçilməsi haqqında 03 may 2025-ci il tarixli qərardan və təqsirləndirilən şəxsin müvəqqəti saxlama yerindən azad edilməsi haqqında aktdan görünür ki, Təqsirləndirilən şəxs 03 may 2025-ci il tarixdə saat 19:44-də Balakən RPŞ-nin MSY-dən azad edilmişdir və onun barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. 76-cı vərəqində olan Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. 79-cu vərəqində olan arayışdan görünür ki, 2019-cu il təvəllüdlü X1 və 2014-cü il təvəllüdlü X2 atası Təqsirləndirilən şəxsdur. 80-ci vərəqində olan Balakən rayon İcra Hakimiyyəti Gərəkli kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi tərəfindən verilmiş xasiyyətnamədə Təqsirləndirilən şəxs barəsində nümayəndəliyə heç bir yazılı və ya şifahi şikayət daxil olmadığı göstərilir. 84-cü vərəqində olan Gəncə şəhəri Narkoloji Dispanserinin 12 may 2025-ci il tarixli 773 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs psixotrop maddələrdən istifadə edir. Psixotrop maddə olan metamfetamindən epizodik istifadə etmə halları olub. Narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı yoxdur. Narkoloji kabinetdə profilaktiki qeydiyyata alınması məsləhət görülür. 86-91-ci vərəqlərində olan 02 iyun 2025-ci il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, ekspertiza tədqiqatından sonra qalıq qalmış 0.612 qram psixotrop maddə metamfetamin iş üzrə maddi sübut kimi tanınmış və Balakən RPŞ-nin maddi sübutların saxlanc anbarına təhvil verilmiş, 02 ədəd DVD disk iş materiallarına əlavə edilmişdir. Satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri xeyli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşımağa görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində cinayət məsuliyyəti nəzərdə tutulmuşdur. "Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında" Azərbaycan Respublikası Qanununun 1.0.8, 1.0.9 və 1.0.10-cu maddələrinə görə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlərdir; narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlərdir; narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması - məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlərdir. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş siyahıda metamfetamin üçün xeyli miqdar 0,15 qramdan 2 qramadək müəyyən edilmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Həmin Məcəllənin 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Həmin Məcəllənin 146.1-ci maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Məhkəmə təqsirləndirilən şəxsin, şahidlərin məhkəmə iclasında və ibtidai istintaq zamanı verdikləri ifadələrini, əməliyyat-axtarış tədbirinin keçirilməsinə və şübhəli şəxsin üstünün yoxlanılmasına dair, təqdim olunan əşyaya baxış keçirilməsi və götürmə haqqında protokolları, məhkəmə-bioloji ekspertizasının rəyi, ambulator məcburi-narkoloji tibbi yoxlama rəyi və digər iş materiallarını tam, hərtərəfli və obyektiv yoxlayıb, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliliyi üzrə qiymətləndirib, həmin sübutları mötəbər sübutlar kimi qəbul edir və cinayət təqibi üzrə toplanmış həmin sübutlar Təqsirləndirilən şəxs elan edilmiş ittiham üzrə mötəbər və yekun nəticəyə gəlməyə imkan verir. Eyni zamanda Azərbaycan Respublikası CPM-in 126.6-cı maddəsinin tələbinə əsasən təqsirləndirilən şəxsin ittiham olunduğu əməldə təqsirini etiraf etməsi digər sübutların məcmusu ilə təsdiq edildiyi üçün ona qarşı ittihamın əsası kimi qəbul edilir. Beləliklə, məhkəmə Azərbaycan Respublikası CPM-in 346-cı maddəsinin tələbinə uyğun olaraq təqsirləndirilən şəxsin əməlinin hüquqi tövsifi məsələsinə baxaraq qeyd edir ki, məhkəmə iclasında tədqiq olunmuş mümkün və mötəbər sübutların məcmusu ilə cinayət hadisəsinin olması, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CMin 234.1-ci maddəsinin tərkibinin olması, onun cinayətin törədilməsində aidiyyəti və cinayətin törədilməsində təqsirliliyi sübuta yetir. Onun əməli istintaq orqanı tərəfindən Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir, əməlin cinayət olmasını aradan qaldıran hallar, cinayət məsuliyyətindən azad edilmək üçün əsaslar yoxdur, odur ki, həmin maddə ilə təqsirli bilinib cəzalanmalıdır. Azərbaycan Respublikası CM-in: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. 59.1.4-cü maddəsinə əsasən cinayət törətmiş şəxsin himayəsində azyaşlı uşağın olması cəzanı yüngülləşdirən haldır. 59.2-ci maddəsinə əsasən cəza təyin edilərkən bu Məcəllənin 59.1.1-59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 4 nömrəli, 25 iyun 2003-cü il tarixli Qərarının 1-ci bəndində məhkəmələrə izah edilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. 2. Cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hal kimi himayəsində 2 azyaşlı uşağının olması müəyyən edilmişdir. Həmçinin təqsirləndirilən şəxsin əməlini etiraf etməklə səmimi peşman olması onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alınmalıdır. Belə ki, onun ibtidai istintaq və məhkəmə istintaqı zamanı cinayət əməlini səmimi etiraf etməklə əməlindən peşman olmasını bildirməsi ictimai dəyərlərə və ədalət mühakiməsinə hörmət hissini qoruyub saxlamasına dəlalət edir və tutduğu əmələ görə özü-özünü məzəmmət etdiyini təsdiq edir. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs təyin olunacaq cəzanın növü və həddi məsələsinə baxaraq, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, cəzanı yüngülləşdirən halları, cəzanı ağırlaşdıran halların olmamasını, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, onun cəmiyyətdən təcrid edilmədən islah olunmasının mümkün olmasını, daha ciddi cəza növünün təyin edilməsi üçün əsasların olmamasını nəzərə alaraq ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş həddə azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməsini qanuni, əsaslı və ədalətli hesab edir. Onun 01 may 2025-ci il tarixdən 03 may 2025-ci il tarixədək şübhəli şəxs qismində tutulub saxlandığı 02 (iki) gün müddətin hər bir günü CM-in 69.3-cü maddəsinə əsasən bir günə iki gün hesabı ilə nəzərə alınmaqla təyin ediləcək cəzadan çıxılmalıdır. Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini gecə saat 23:00-dan növbəti gün səhər saat 07:00-a kimi tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Balakən rayonunun ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Cəza çəkmə müddətinin əvvəli cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Məhkəmə Azərbaycan Respublikası CPM-nin 346.1.12-ci maddəsinə uyğun olaraq təqsirləndirilən şəxsə təyin ediləcək cəzanın çəkilməli olub-olmaması məsələsinə baxaraq hesab edir ki, təqsirləndirilən şəxs ona təyin ediləcək cəzanı çəkməlidir. Məhkəmə ambulator məcburi-narkoloji tibbi yoxlama rəyinə əsasən təqsirləndirilən şəxsin narkomaniyadan məcburi müalicəyə ehtiyacı olmadığını nəzərə alır. Təqsirləndirilən şəxs qeydiyyat ünvanı üzrə narkoloji kabinetdə qeydiyyata alınmalıdır. Ekspertiza tədqiqatının dəyəri 69.10 manat Təqsirləndirilən şəxs tutulub Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülməlidir. İş üzrə maddi sübut kimi tanınmış və Balakən rayon Polis Şöbəsinin maddi sübutların saxlanc anbarında saxlanılan, Təqsirləndirilən şəxs üzərindən aşkarlanaraq götürülmüş ekspert tədqiqatından sonra qalıq qalmış çəkisi 0.612 qram olan psixotrop maddə metamfetamin hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilməlidir. Əməliyyat-axtarış tədbirinin keçirilməsi və şübhəli şəxsin üstünün yoxlanılması və təqdim olunan əşyaya baxış keçirilməsi və götürməni əks etdirən 02 ədəd disk cinayət işinin materiallarında saxlanılmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəsini alana kimi dəyişdirilmədən saxlanmalıdır. Azərbaycan Respublikası CPM-nin 346.1.19-cu maddəsinə uyğun olaraq məhkəmə xüsusi müsadirə edilməli əmlakın olub-olmaması məsələsinə baxaraq müəyyən edir ki, təqsirləndirilən şəxsdə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində nəzərdə tutulan xüsusi müsadirə edilməli olan əmlak mövcud deyildir. İş üzrə mülki iddia yoxdur. “Müdafiəçilərə (vəkillərə), tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 fevral 2001-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2, 193.4-cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 11 manat məbləğində müəyyən edilmişdir. Balakən rayon Vəkil Bürosunun vəkili Müdafiəçi Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsinə məhkəmə icraatı zamanı 7 iş saatı sərf etmişdir. Məhkəmə hesab edir ki, dövlət büdcəsinin vəsaiti hesabından 77 manat tutulub vəkil Müdafiəçi ödənilməsi üçün Balakən rayon Vəkil Bürosunun hesabına köçürülməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 144-146, 346-347, 349, 351-353 və 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və 02 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs 01 may 2025-ci il tarixdən 03 may 2025-ci il tarixədək şübhəli şəxs qismində tutulub saxlandığı 02 (iki) gün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən bir günə iki gün hesabı ilə nəzərə alınmaqla ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından 04 (dörd) gün çıxılsın və üzərində qəti olaraq 01 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlansın. Təqsirləndirilən şəxs üzərinə yaşayış yeri Balakən rayonu Gərəkli kəndindəki ünvanı gecə saat 23:00-dan növbəti gün səhər saat 07:00-a kimi tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Balakən rayonunun ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs cəza çəkmə müddətinin əvvəli cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Hökmün icrası təqsirləndirilən şəxsin yaşayış yeri üzrə Balakən Rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəsini alana kimi dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs narkoloji kabinetdə qeydiyyata alınsın. Ekspertiza tədqiqatının dəyəri 69.10 manat Təqsirləndirilən şəxs tutulub Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülsün. İş üzrə maddi sübut kimi tanınmış və Balakən rayon Polis Şöbəsinin maddi sübutların saxlanc anbarında saxlanılan Təqsirləndirilən şəxs üzərindən aşkarlanaraq götürülmüş ekspertiza tədqiqatından sonra qalıq qalmış çəkisi 0.612 qram olan psixotrop maddə metamfetamin hökm qanuni qüvvəsini aldıqdan sonra tam məhv edilsin. İş üzrə “əməliyyat-axtarış tədbirinin keçirilməsi və şübhəli şəxsin üstünün yoxlanılması” və “təqdim olunan əşyaya baxış keçirilməsi və götürmənin” əks olunduğu 02 ədəd disk cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs məhkəmə icraatı zamanı göstərilən hüquqi yardımla bağlı dövlət büdcəsinin vəsaiti hesabından 77 manat tutulub vəkil Müdafiəçi ödənilməsi üçün Balakən rayon Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Balakən Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apellyasiya şikayəti və ya protesti verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Arifə Cəfərova
Məhkəmə qərarları › İş №1(019)-52/2025
Balakən Rayon Məhkəməsi Hökm — İş №1(019)-52/2025
16.07.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver