Məhkəmə qərarları › İş №1(019)-55/2022

Balakən Rayon Məhkəməsi Hökm — İş №1(019)-55/2022

08.06.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Balakən Rayonu İş № 1(019)-55/2022 08.06.2022 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Səlimov Hümbət Qamuna oğlunun sədrliyi, məhkəmə iclas katibi X1 katibliyi, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində DİMÜŞ-nin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçi-Balakən rayon Vəkil Bürosunun vəkili Müdafiəçi2, Təqsirləndirilən şəxs iştirakları ilə TƏQSİRLƏNDİRİLƏN ŞƏXS-xx xxxx 1984-cü il tarixdə Ağdam şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, əvvəllər məhkum olunmayan, işləməyən, ünvan 1 ünvanında pasport qeydiyyatında olan, ünvan 2aşayan və barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Təqsirləndirilən şəxs 20 fevral 2022-ci il tarixdə saat 16 radələrində Balakən şəhəri, Cəlil Məmmədquluzadə küçəsi ilə piyada yol gedərkən yolda olan zibilliyin kənarından, yerdən taparaq qəsdən, satış məqsədi olmadan, qanunsuz olaraq, şəxsi istehlak miqdarından artıq miqdarda, yəni təmiz çəkisi 6,58 qram olan 01 ədəd kibrit qutusunda narkotik tərkibli çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananı əldə edib öz istifadəsi məqsədi ilə əynindəki qırmızı rəngli qış gödəkçəsinin sağ yan cibində daşıyaraq üzərində saxlamışdır. Təqsirləndirilən şəxs 24 fevral 2022-ci il tarixdə Balakən RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş tədbirlər nəticəsində RPŞ-nə dəvət edilərək şübhəli şəxs qismində tutulduqdan sonra saat 22:40-dan saat 22:55-dək müddətdə üzərində şəxsi axtarış aparılan zaman onun qəsdən, satış məqsədi olmadan, qanunsuz olaraq, şəxsi istehlak miqdarından artıq miqdarda əldə edib daşıyaraq öz istifadəsi məqsədi ilə üzərində saxladığı 01 ədəd kibrit qutusunda təmiz çəkisi 6,58 qram olan narkotik tərkibli çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana əynindəki qırmızı rəngli qış gödəkcəsinin sağ yan cibindən aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs göstərilən cinayət əməlini törətməsi məhkəmə iclasında özünün etirafedici ifadəsi, şahidlərin ifadələri, işdə olan ekspertiza rəyləri və digər sübutlarla aşağıdakı qaydada tam sübuta yetirildi. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək göstərdi ki, ünvan 3 ünvanında pasport qeydiyyatındadır,lakin ünvan 4 üzvləri ilə birlikdə daimi yaşayır. Heç yerdə işləmir. Əvvəllər məhkum edilməmişdir.Təxminən 1 ilə yaxındır ki, narkotik vasitə marixuanadan vaxtaşırı istifadə edir.20 fevral 2022-ci il tarixdə günorta saatlarında yaşadığı evdən çıxıb rayon ərazisinə gəzməyə getmişdir. Balakən şəhər ərazisində bir qədər gəzdikdən sonra evə geri qayıtdıqda Balakən şəhəri Cəlil Məmmədquluzadə küçəsinə çatdığı zaman küçədə yolun kənarında olan zibil atılan zibilliyin yanında sellofan torbalarda qurumuş çörək qırıntıları olduğunu görmüşdür. O, həmin zibilliyə yaxınlaşıb toyuqlarına yem olması üçün orada olan qurumuş çörək qırıntıları olan sellofan torbaları götürmüşdür. Həmin vaxt zibilliyin yanında yerdə 1 ədəd kibrit qutusu görmüşdür. Kibrit qutusunu istifadə etmək üçün götürmüşdür.Həmin kibrit qutusunu götürüb içərisinə baxdığında kibrit qutusunun içərisində onun istifadə etdiyi narkotik vasitə qurudulmuş marixuana olduğunu görmüşdür. O da narkotik vasitə marixuanadan istifadə etdiyi üçün gələcəkdə özü çəkib istifadə etmək məqsədi ilə həmin kibrit qutusunu üzərində olan qış gödəkcəsinin sağ yan cibinə qoyub evə getmişdir. Həmin gündən tapıb əldə edərək əynindəki qış gödəkcəsinin sağ yan cibinə qoyduğu kibrit qutusunda olan narkotik vasitə qurudulmuş marixuana gödəkcəsinin sağ yan cibində qalmışdır. 24 fevral 2022-ci il tarixdə axşam saatlarında o, sağ yan cibində narkotik vasitə qurudulmuş marixuana saxladığı qış gödəkcəsini geyinib çörək almaq üçün yaşadığı evdən çıxmışdır. Balakən şəhəri ərazisində yolla piyada getdiyi zaman 2 nəfər polis əməkdaşı ona yaxınlaşmışlar, özlərini ona təqdim etmişlər və onu polis şöbəsinə dəvət etmişlər. Həmin vaxt Balakən şəhəri Cəlil Məmmədquluzadə küçəsində olan zibilliyin yanından tapdığı kibrit qutusunda olan narkotik vasitə qurudulmuş marixuana əynindəki qış gödəkçəsinin sağ yan cibində olmuşdur.Polis şöbəsində o, üzərində narkotik vasitə saxlamaqda şübhəli olduğundan şübhəli şəxs qismində tutulmuş və ona təqdim edilmiş Balakən rayon vəkil bürosunun vəkillər siyahısından seçmiş olduğu vəkil Müdafiəçi1 iştirakı təmin edilmişdir. Daha sonra vəkili Müdafiəçi1 və polis əməkdaşlarının iştirakı ilə üzərində şəxsi axtarış aparılmışdır.Şəxsi axtarış zamanı ona hüquq və vəzifələri izah edilmişdir.Bundan sonra təhqiqatçı Zaur Xəlilov üzərində hər hansı qanunsuz əşya olubolmadığı barədə ona sual vermiş və əgər üzərində qanunsuz əşya varsa təqdim etməyini təklif etmişdir.Bu zaman o,əynindəki qırmızı rəngli qış gödəkçəsinin sağ yan cibində 01 ədəd kibrit qutusunda saxladığı narkotik vasitə qurudulmuş marixuananı könüllü olaraq çıxarıb masanın üzərinə qoymuşdur.Təqdim etdiyi 01 ədəd kibrit qutusunda olan narkotik vasitə qurudulmuş marixuana elektron tərəzidə çəkilmiş və kibrit qutusu ilə birlikdə marixuananın ümumi çəkisi 9,47 qram təşkil etmişdir.Şəxsi axtarış zamanı onun üzərindən başqa digər hər hansı qanunsuz əşya və ya predmet aşkar edilməmişdir. Bundan sonra təqdim etdiyi 01 ədəd kibrit qutusunda olan narkotik vasitə qurudulmuş marixuana təhqiqatçı tərəfindən 01 ədəd ağ rəngli kağız zərfə qoyulub qablaşdırılmış,zərf möhürlənmiş və bütün iştirakçılar tərəfindən imzalanaraq götürülmüşdür.Bundan sonra şəxsi axtarış aparılması barədə protokol tərtib edilərək bütün iştirakçılar tərəfindən imzalanmışdır.Məhkəmə-bioloji ekspertizasının 25 fevral 2022-ci il tarixli 17/183 nömrəli rəyi ilə tanış olduqdan sonra ona məlum olmuşdur ki, şəxsi axtarış zamanı üzərindən aşkar edilərək götürülmüş 01 ədəd kibrit qutusunda olan narkotik vasitə qurudulmuş marixuananın təmiz çəkisi 6,58 qramdır.O, heç vaxt narkotik vasitələrin satışı ilə məşğul olmamışdır.Əməlindən peşimandır. Gələcəkdə belə hallara yol verməyəcəkdir.Himayəsində iki azyaşlı uşağı vardır.Ona yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki,hazırda Balakən RPŞ-nin NMQ-nın baş əməliyyat müvəkkili vəzifəsində çalışır və polis polkovnikleytenantı rütbəsini daşıyır. 24 fevral 2022-ci il tarixdə ünvan 5 ünvanında qeydiyyatda olan, Balakən şəhəri Səməd Vurğun küçəsi ev 6 ünvanında yaşayan Təqsirləndirilən şəxs üzərində qanunsuz olaraq narkotik vasitə saxlaması barədə əməliyyat məlumatı daxil olmuşdur. Daha sonra həmin məlumat tərəfindən raportla RPŞ-nin rəhbərliyinə məruzə olunmuş və həmin məlumatın yoxlanılması, yəni Təqsirləndirilən şəxs cinayət əməlinin ifşa olunması məqsədi ilə RPŞ-nin CAB-ın əməliyyat müvəkkili polis leytenantı Şahid2 ilə birlikdə tərəflərindən keçirilən əməliyyat tədbiri zamanı həmin tarixdə axşam saatlarında Təqsirləndirilən şəxs Balakən şəhəri ərazisində saxlanılmış və dəvət olunaraq Balakən RPŞ-nə gətirilmişdir. Təqsirləndirilən şəxs onlarla birlikdə Polis Şöbəsinə gəldikdən sonra əvvəlcə Təhqiqat Bölməsinin təhqiqatçısı Zaur Xəlilov tərəfindən şübhəli şəxs kimi saxlanılmış, daha sonra Təqsirləndirilən şəxs vəkillər siyahısından seçdiyi vəkil Müdafiəçi1 PŞ-nə dəvət olunmuş və Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmuşdur. Bundan sonra müdafiəçinin və polis əməkdaşlarının iştirakları ilə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış zamanı əvvəlcə təhqiqatçı tərəfindən şübhəli şəxs Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah olunmuş və üzərində hər hansı qanunsuz əşya olub-olmaması barədə sual verilmişdir. Bundan sonra şübhəli şəxs Təqsirləndirilən şəxs əynindəki qırmızı rəngli qış gödəkçəsinin sağ yan cibindən 01 ədəd kibrit qutusunu çıxarıb masanın üzərinə qoyaraq həmin kibrit qutusunu tapdığını və içərisində narkotik vasitə olduğunu bildirmişdir. Həmin kibrit qutusu təhqiqatçı tərəfindən açılan zaman içərisində yaşıl rəngli, spesifik qoxulu, narkotik vasitə qurudulmuş marixuanaya oxşar bitki mənşəli kütlə olduğu aşkar edilmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi 01 ədəd kibrit qutusundakı narkotik vasitə qurudulmuş marixuanaya oxşar bitki kütləsi elektron tərəzidə çəkilmiş və kibrit qutusu ilə birlikdə ümumi çəkisi 9,47 qram təşkil etmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən digər hər hansı qanunsuz əşya və ya predmet aşkar edilməmişdir. Bundan sonra Təqsirləndirilən şəxs təqdim etdiyi 01 ədəd kibrit qutusu təhqiqatçı tərəfindən 01 ədəd ağ rəngli kağız zərfə qoyulub qablaşdırılmış, zərf möhürlənmiş və bütün iştirakçılar tərəfindən imzalanaraq götürülmüşdür. Daha sonra şəxsi axtarış aparılması barədə protokol tərtib edilərək bütün iştirakçılar tərəfindən imzalanmışdır. Şəxsi axtarış Balakən RPŞ-nin KTQ-nun ekspert-kriminalisti polis mayoru Sadiq Vəzirov tərəfindən videokamera vasitəsi ilə fasiləsiz olaraq lentə alınmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Balakən RPŞ-nin CAB-ın əməliyyat müvəkkili, polis baş leytenantı Şahid2 Şahid1 ilə eyni məzmunlu ifadə verərək sonuncunun ifadəsində göstərdiyi xüsusatları bir daha təsdiq etmişdir. İşin 21-23-cü vərəqələrində olan və məhkəmə iclasında elan edilməklə tədqiq edilmiş 24 fevral 2022-ci il tarixli “şübhəli şəxsin üzərində şəxsi axtarış aparılması barədə” protokoldan görünür ki, daxil olmuş məlumat əsasında həmin tarixdə saat 22:40-dan saat 22:55-dək olan müddət ərzində iştirakçılar və vəkilin iştirakı ilə ünvan 7 ünvanında pasport qeydiyyatında olan, Balakən şəhəri Səməd Vurğun küçəsi ev 6 ünvanında yaşayan Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynində göy rəngli cins şalvar, qara rəngli ayaqqabı, qırmızı rəngli qış gödəkçəsi, gödəkçənin altında ağ rəngli poliver, başında isə boz rəngli papaq olmuşdur. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərində hər hansı qeyri-qanuni əşya, predmet olub-olmaması barədə sual verildikdə, sonuncu əynində olan qırmızı rəngli qış gödəkçəsinin sağ yan cibindən 01 ədəd kibrit qutusunu çıxarıb təqdim etmişdir. Həmin qutunun içərisinə baxdıqda spesifik iyli, tünd yaşıl rəngli narkotik vasitə qurudulmuş marixuanaya oxşar kütlə aşkar edilmişdir. Həmin kütlə kibrit qutusu ilə birlikdə elektron tərəzidə çəkilərkən çəkisi 9,47 qram təşkil etmişdir. Həmin kütlə 01 ədəd ağ rəngli kağız zərfə qablaşdırılmış, möhürlənmiş, maddi sübut kimi götürülmüşdür. Bundan başqa Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılan zaman hər hansı əşya və ya predmet aşkar olunmamışdır. Şəxsi axtarış “Panasonic HD” markalı videokamera vasitəsilə görüntülənmiş, həmin videogörüntü 01 ədəd DVD diskə köçürülərək protokola əlavə olunmuşdur. Şəxsi axtarış zamanı tərtib olunmuş protokol ucadan oxunmuş, əlavə hər hansı şikayət, vəsatət daxil olmamış, doğruluğu imzalarla təsdiq edilmişdir. Videogörüntünün əks olduğu DVD diskə məhkəmə iclasında baxılmış, protokolda göstərilənlərin düzgünlüyü müəyyən edilmişdir İşin 30-33-cü vərəqələrində olan və məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X6 Bölməsinin 25 fevral 2022-ci tarixli 17/183 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim olunmuş, üzərində “vət. Təqsirləndirilən şəxs oğlunun üzərindən aşkar edilmiş 1 ədəd kibrit qutusunda.....” sözləri yazılmış zərfin içərisindəki 01 (bir) ədəd kibrit qutusunda, təmiz çəkisi 6,58 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə - qurudulmuş marixuanadır. İşin 92-ci vərəqəsində olan və məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Gəncə şəhər Narkoloji Dispanserinin 12 aprel 2022-ci il tarixli 474 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan kannabinoidlərdən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir.Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. İşin 14-cü vərəqəsində olan və məhkəmə iclasında elan olunmaqla tədqiq olunmuş 24 fevral 2022-ci il tarixli “şübhəli şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs 24 fevral 2022-ci ildə saat 20:20-də Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuş və Balakən RPŞ-nin MSY-də saxlanılmışdır. İşin 67-68-ci vərəqəsində olan və məhkəmə iclasında tədqiq edilmiş təqsirləndirilən şəxsin müvəqqəti saxlama yerindən azad edilməsi və barəsində qətimkan tədbirinin seçilməsi haqqında 26 fevral 2022-ci il tarixli qərardan və təqsirləndirilən şəxsin müvəqqəti saxlama yerindən azad edilməsi haqqında aktdan görünür ki, Təqsirləndirilən şəxs oğlu 26 fevral 2022-ci il tarixdə saat 20:15-də Balakən Rayon PŞ-nin MSY-dən azad edilmişdir və onun barəsində “polisin nəzarəti altına vermə “ qətimkan tədbiri seçilmişdir. İşin 77-ci vərəqəsində olan və məhkəmə iclasında elan olunmaqla tədqiq olunmuş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi BƏSİİ tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İşin 90-cı vərəqəsində olan və məhkəmə iclasında elan olunmaqla tədqiq olunmuş Balakən rayon İHB-nin şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəsi tərəfindən verilmiş 13.04.2022-ci il tarixli 581nömrəli arayışdan görünür ki, Təqsirləndirilən şəxs Balakən şəhəri, S.Vurğun küçəsi 6 nömrəli evdə yaşayır. Himayəsində 08.07.2013-cü ildə anadan olmuş Zəhra və 28.10.2007-ci ildə anadan olmuş Məhəmməd adlı iki uşağı vardır. İşin 91-ci vərəqəsində olan və məhkəmə iclasında elan olunmaqla tədqiq olunmuş Balakən rayon İHB-in şəhər inzibati ərazi dairəsi tərəfindən verilmiş xasiyyətnamədə Təqsirləndirilən şəxs barəsində nümayəndəliyə heç bir şikayət daxil olmadığı göstərilir. Məhkəmə iş üzrə şahidlər-Şahid1 və Şahid2 ifadələrini, ekspertiza rəylərini, məhkəmə və ibtidai istintaq hərəkətlərinin protokollarını və sair sənədləri tam, hərtərəfli və obyektiv yoxlayıb, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliliyi üzrə qiymətləndirib, həmin sübutları inandırıcı, məntiqli olduqları, ziddiyyət təşkil etmədikləri, əksinə bir-biri ilə uyğun şəkildə işin faktiki hallarını təsdiq etdikləri üçün mötəbər sübutlar kimi qəbul edir. Məhkəmə, eyni zamanda Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 126.6-cı maddəsinin tələbinə əsasən Təqsirləndirilən şəxs oğlunun ittiham olunduğu əməldə öz təqsirini etiraf etməsini iş üzrə bütün sübutların məcmuyu ilə təsdiq edildiyi üçün ona qarşı ittihamı təsdiq edən əsas kimi qəbul edir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 346-cı maddəsinin tələbinə uyğun olaraq təqsirləndirilən şəxsin əməlinin hüquqi tövsifi məsələsinə baxaraq qeyd edir ki, məhkəmə iclasında tədqiq olunmuş mümkün və mötəbər sübutların məcmuyu ilə müəyyən edildi ki, təqsirləndirilən şəxs şəxs Təqsirləndirilən şəxs oğlu qəsdən qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə əldə etmə, daşıma və saxlama cinayət əməlini törətmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsində göstərilmişdir ki, yalnız Azərbaycan Respublikasının Cinayət Məcəlləsi ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyətini yaradır. Satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə və ya saxlamağa görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində cinayət məsuliyyəti nəzərdə tutulmuşdur. "Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi haqqında" Azərbaycan Respublikası Qanununun 1.0.5-ci maddəsinə görə narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi- Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələr, psixotrop maddələr və onların prekursorları ilə bağlı törədilən hər hansı hərəkətlərdir. Həmin Qanunun 1.0.8-ci maddəsinə görə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlərdir. Həmin Qanunun 1.0.9-cu maddəsinə görə narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi-həyata keçirilməsi üsulundan asılı olmayaraq, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlərdir. Həmin Qanunun 1.0.10-cu maddəsinə görə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması-məqsədindən asılı olmayaraq, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlərdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 04 mart 2011-ci il tarixli 02 nömrəli qərarının 4-cü bəndinə görə törədilmiş cinayət əməlinin CM-in 234.1-ci maddəsi ilə tövsif olunması yalnız təqsirkarın bu cinayətin predmetini şəxsi istehlak miqdarından artıq miqdarda əldə etməsi və saxlaması müəyyən edildikdə mümkündür. Narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak miqdarından artıq miqdarı “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə külli miqdarına görə siyahısının təsdiq edilməsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə müəyyən olunmuşdur. Həmin siyahıda bu miqdar qurudulmuş marixuana üçün 5 qram müəyyən edilmişdir. Məhkəmə təqsirləndirilən şəxsin və şahidlərin ifadələrini, dövlət ittihamçısının və müdafiəçinin çıxışlarını dinləyib, işdə olan ekspertiza rəylərini və digər sənədləri bilavasitə tədqiq edib, bu sübutları tam, hərtərəfli və obyektiv yoxlayıb, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib, Azərbaycan Respublikasının Konstitusiyasının 63-cü maddəsində təsbit edilmiş təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq, məhkəmə baxışında ittihamın baxılması nəticələrinə əsaslanaraq, tədqiq olunan sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq bu nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir, həmin əməldə Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin tərkibi vardır, həmin əməl təqsirləndirilən şəxs tərəfindən törədilmişdir, təqsirləndirilən şəxs həmin cinayətin törədilməsində təqsirlidir,onun cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir, əməlin cinayət olmasını aradan qaldıran hallar, təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur, təqsirləndirilən şəxs törətdiyi əmələ görə cəzalanmalıdır. Cinayət Məcəlləsinin cəzanın anlayışını və məqsədini müəyyən edən 41-ci maddəsinə görə cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cinayət Məcəlləsinin 58.1 və 58.3-cü maddələrinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. "Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 4 nömrəli, 25 iyun 2003-cü il tarixli Qərarının 1-ci bəndində məhkəmələrə izah edilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Qərarın 2-ci bəndində göstərilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Təqsirləndirilən şəxs himayəsində azyaşlı uşağının olması onun cəzasını yüngülləşdirən haldır, onun cəzasını ağırlaşdıran hallar yoxdur. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən ona hansı növ cəzanın təyin olunması məsələsinə baxaraq, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini,onun şəxsiyyətini,əvvəllər məhkum olunmamasını, əməlindən peşiman olmasını, cəzanı yüngülləşdirən halı, cəzanı ağırlaşdıran halların olmamasını, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, onun cəmiyyətdən təcrid edilmədən islah olunmasının mümkün olmasını, daha ciddi cəza növünün təyin edilməsi üçün əsasların olmamasını, hazırkı məhkəmə təcrübəsini nəzərə alaraq Təqsirləndirilən şəxs oğluna təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş həddə azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməsini qanuni, əsaslı və ədalətli hesab edir. Onun 24 fevral 2022-ci il tarixdən 26 fevral 2022-ci il tarixədək şübhəli şəxs qismində tutulub saxlandığı 02 (iki) gün müddətin hər bir günü Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən ona təyin ediləcək azadlığın məhdudlaşdırılması cəzasının 2 (iki) gününə bərabər hesablanmaqla təyin ediləcək cəzadan çıxılmalıdır. Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini gecə saat 23:00-dan növbəti gün səhər saat 07:00-a kimi tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, yaşadığı Balakən və qonşu Zaqatala rayonlarının ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 346.1.12-ci maddəsinə uyğun olaraq Təqsirləndirilən şəxs təyin ediləcək cəzanın çəkilməli olubolmaması məsələsinə baxaraq, işin hallarını, təqsirləndirilən şəxsin cəzadan azad edilməsi, yaxud barəsində Cinayət Məcəlləsinin 70-ci maddəsinin tətbiq olunması üçün əsasların olmamasını nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxs ona təyin ediləcək cəzanı çəkməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəsini alana kimi dəyişdirilmədən saxlanmalıdır. Ekspert rəyinə əsasən Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı olduğundan CM-in 93.1.2-ci maddəsinə əsasən ona narkomaniyadan məcburi müalicə təyin edilməli və o narkomaniyadan məcburi müalicə olunmalıdır. O, narkoloji kabinetdə profilaktiki qeydiyyata alınmalı və onun profilaktiki qeydiyyata alınması üçün hökmün surəti yaşayış yeri üzrə Balakən Rayon Mərkəzi X4 Şəxsinə göndərilməlidir. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 34.55 (otuz dörd manat əlli beş qəpik) manat Təqsirləndirilən şəxs tutulub Az. MEM; VÖEN **********; AZ34CTRE********************, X2, KOD 210005, VÖEN ********** Müxbir hesab AZ41NABZ ******************** SWİFT BİK CTREAZ22 hesaba köçürülməlidir. İş üzrə maddi sübut kimi tanınmış və Balakən rayon Polis Şöbəsinin maddi sübutların saxlama yerində saxlanılan, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş və tədqiqata təqdim edilmiş 01 ədəd kibrit qutusunda təmiz çəkisi 6,58 qram olan narkotik vasitə qurudulmuş marixuananın tədqiqata sərf edilən 0,05 qram miqdarı nəzərə alınmaqla, qalıq təmiz çəkisi 6,53 qram olan narkotik vasitə qurudulmuş marixuana hökm qanuni qüvvəsini aldıqdan sonra tam həcmdə məhv edilməlidir. İş üzrə maddi sübut olan bir ədəd DVD disk cinayət işinin materiallarında saxlanmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 346.1-ci və 346.1.19-cu maddələrinə uyğun olaraq məhkəmə müsadirə edilməli əmlakın olub-olmaması məsələsinə baxaraq, təqsirləndirilən şəxsin hazırkı cinayəti törətdiyi zaman cinayət yolu ilə hər hansı əmlak əldə etməməsini nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxs şəxs Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulan xüsusi müsadirə edilməli olan əmlak mövcud deyildir. İş üzrə mülki iddia yoxdur. İş materiallarından həmçinin görünür ki, Balakən rayon Vəkil Bürosunun vəkili Müdafiəçi2 məhkəmə icraat zamanı Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsinə 11 iş saatı sərf etmişdir. Azərbaycan Respublikası CPM-nin 193.2-193.3-cü maddələrinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Məhkəmə şübhəli və ya təqsirləndirilən şəxsin orta aylıq gəlirini, maddi, əmlak və ailə vəziyyətini, habelə digər halları nəzərə alaraq həmin şəxsin müdafiəçi tərəfindən göstərilən hüquqi yardımı ödəməkdən azad edilməsi və ödəmənin Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilməsi barədə əsaslandırılmış qərar qəbul edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 3 may 2018-ci il tarixli, 202 №-li qərarı əsasında “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli,11 №-li qərarına edilmiş dəyişikliklərə uyğun olaraq təqsirləndirilən şəxslərin hüquqlarını müdafiə etmələrinə görə müdafiəçilərə hər iş saatı üçün 6 manat məbləğində haqq ödənilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə icraatı zamanı göstərilən hüquqi yardımla bağlı Azərbaycan Respublikası Dövlət büdcəsinin vəsaiti hesabından 66 manat tutulub vəkil Müdafiəçi2 ödənilməsi üçün Balakən rayon Vəkil Bürosunun nəfinə, "xxxx" ASC-in X5 Rekvizitləri: VÖEN:**********, kod 201382, Müxbir hesab AZ37NABZ013501**********1944 hesaba köçürülməlidir. Azərbaycan Respublikası CPM-nin 349-cü maddəsinin tələblərinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Məhkəmənin hökmü Azərbaycan Respublikası Konstitusiyasının, bu Məcəllənin, Azərbaycan Respublikasının cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir. Məhkəmənin hökmü məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə əsaslı hesab edilir. Kondraşinanın Rusiya Federasiyasına qarşı iş üzrə qərarında Avropa Məhkəməsi göstərmişdir ki, məhkəmələr qərar qəbul edərkən hüququn aliliyinə əməl etməlidirlər. Hüququn aliliyinin əsas cəhətlərindən biri hüquqi müəyyənlik prinsipidir ki, onun tələbinə görə məhkəmələr yekun qərarı elə qəbul etməlidirlər ki, o mübahisə olunmasın. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356 və 384.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin, 2(iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Onun 24 fevral 2022-ci il tarixdən 26 fevral 2022-ci il tarixədək şübhəli şəxs qismində tutulub saxlandığı 02 (iki) gün müddətin hər bir günü Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının 2 (iki) gününə bərabər hesablanmaqla həmin cəzadan çıxılsın və Təqsirləndirilən şəxs üzərində qəti olaraq 01 (bir) il 11(on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlansın. Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini gecə saat 23:00-dan növbəti gün səhər saat 07:00-a kimi tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Balakən və Zaqatala rayonlarının ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs cəzasını yaşayış yeri üzrə çəksin, onun cəza çəkmə müddətinin əvvəli cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı olduğundan CM-in 93.1.2-ci maddəsinə əsasən ona narkomaniyadan məcburi müalicə təyin edilsin və o, səhiyyə orqanlarında narkomaniyadan məcburi müalicə olunsun. O, narkomaniyadan məcburi müalicə olunduğu müddətdə onun yaşayış yeri cəzanı icra edən orqan tərəfindən müvəqqəti olaraq yerləşdirildiyi müvafiq tibb müəssisəsinin yerləşdiyi ərazi hesab olunsun və göstərilən müddət ərzində cəzanın icrasına nəzarət həmin tibb müəssisəsinin yerləşdiyi ərazi üzrə icra və probasiya şöbəsinə tapşırılsın. Təqsirləndirilən şəxs ərazi narkoloji kabinetində profilaktiki qeydiyyata alınsın, onun ərazi narkoloji kabinetində profilaktiki qeydiyyata alınması üçün hazırki hökmün surəti yaşayış yeri üzrə Balakən Rayon Mərkəzi X4 Şəxsinə göndərilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəsini alana kimi dəyişdirilmədən saxlansın. 34.55 (otuz dörd manat 55 qəpik ) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutulub Az.MEM; VÖEN **********; AZ34CTRE********************, X2, KOD 210005,VÖEN ********** Müxbir hesab AZ41NABZ ******************** SWİFT BİK CTREAZ22 hesaba köçürülsün. İş üzrə maddi sübut kimi tanınmış və Balakən rayon Polis Şöbəsinin maddi sübutların saxlama yerində saxlanılan, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş və tədqiqata təqdim edilmiş 01 ədəd kibrit qutusunda təmiz çəkisi 6,58 qram olan narkotik vasitə qurudulmuş marixuananın tədqiqata sərf edilən 0,05 qram miqdarı nəzərə alınmaqla, qalıq təmiz çəkisi 6,53 qram olan narkotik vasitə qurudulmuş marixuana hökm qanuni qüvvəsini aldıqdan sonra tam həcmdə məhv edilsin. İş üzrə maddi sübut olan bir ədəd DVD diski cinayət işinin materiallarında saxlansın. Hökmün icrası Balakən rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs məhkəmə icraatı zamanı göstərilən hüquqi yardımla bağlı Azərbaycan Respublikası Dövlət büdcəsinin vəsaiti hesabından 66 manat tutulub vəkil Müdafiəçi2 ödənilməsi üçün Balakən rayon Vəkil Bürosunun nəfinə, "xxxx" ASC-in X5 Rekvizitləri: VÖEN-**********, kod 201382, Müxbir hesab AZ37NABZ013501**********1944 hesaba köçürülsün. Hökmdən elan olunduğu andan (həbsdə olan məhkum hökmün surəti ona verildiyi andan) 20 gün müddətində Balakən Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apellyasiya şikayəti və ya protesti verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən Hümbət Səlimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar