Məhkəmə qərarları › İş №1(019)-56/2020

Balakən Rayon Məhkəməsi Hökm — İş №1(019)-56/2020

28.07.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Balakən Rayonu İş № 1(019)-56/2020 28.07.2020 BALAKƏN RAYON MƏHKƏMƏSİ Balakən Rayon Məhkəməsinin hakimi Tahirov Zamin Cəbrayıl oğlunun sədrliyi, Qədirov İbadulla Şamil oğlunun katibliyi, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçi-fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi2 və Təqsirləndirilən şəxs iştirakı ilə xx.xx.1995-cı ildə Balakən şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli-himayəsində bir azyaşlı uşağı olan, orta təhsilli, əvvəllər məhkum olunmayan, fərdi əməklə məşğul olan, ünvan 1 mənzil 10 ünvanında qeydiyyatda olan, ünvan 2 ünvanında daimi yaşayan və barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş- Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası CM) 234.1-ci maddəsilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qəsdən, qanunsuz olaraq, şəxsi istehlak miqdarından artıq miqdarda, psixotrop maddə əldə etmə, daşıma və saxlama cinayətini törətmişdir. Belə ki, o, xx xxx 2020-ci il tarixdə, saat 19 radələrində, Balakən şəhəri, Qafqaz küçəsi ilə yolla getdiyi zaman həmin yolda, yerdən, bir ədəd kağız bükümün içərisində, təmiz çəkisi 0,184 qram psixotrop maddə-metamfetamini taparaq, satış məqsədi olmadan, qəsdən, qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda əldə edib, daşıyaraq, üzərində saxlamışdır. xx xxx 2020-ci il tarixdə Balakən Rayon Polis Şöbəsinin (bundan sonra Balakən RPŞ) əməkdaşları tərəfindən keçirilmiş tədbirlər nəticəsində Təqsirləndirilən şəxs üzərində 20 radələrində şəxsi axtarış aparılarkən əynindəki şalvarın arxa cibindən təmiz çəkisi 0,184 qram psixotrop maddə metamfetamin aşkar edilərək, götürülmüşdür. Təqsirləndirilən şəxs həmin cinayət əməlini törətməsi məhkəmə iclasında özünün səmimi etirafedici ifadəsi, şahidlərin ifadələri və məhkəmə iclasında tədqiq olunan digər sübutlarla aşağıdakı qaydada tam sübuta yetirildi. Belə ki, məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsilə elan edilmiş ittiham üzrə özünü tam təqsirli bilərək, ifadəsində göstərdi ki, ünvan 2 ünvanında anası X7, həyat yoldaşı X6, azyaşlı qızı X9 və bacısı X10 ilə birlikdə yaşayır. ünvan 1 mənzil 10 ünvanında pasport qeydiyyatındadır, lakin ünvan 2 ünvanında daimi yaşayır. Fərdi əməklə məşğul olur. 1 ildir ki, müxtəlif vaxtlarda narkotik vasitədən istifadə edir. Lakin daimi istifadə etmir. xx xxx 2020-ci ildə Balakən şəhəri, Qafqaz küçəsi ilə axşam saat 19 radələrində yolla getdiyi zaman yerdə bir ədəd kağız büküm görmüşdür. Həmin kağız bükümü yerdən götürmüş və içini açıb baxdıqda, içərisində psixotrop maddə metamfetamin olduğunu görmüşdür. Lakin Qafqaz küçəsində metamfatamini tapdığı yer dəqiq yadında qalmadığından, həmin yeri göstərə bilmir. Metamfetamini kağız bükümlə birlikdə əynindəki şalvarın cibinə qoymuşdur ki, gələcəkdə metamfetamini çəkib istifadə etsin. Lakin istifadə etməmişdir. xx xxx 2020-ci ildə Balakən şəhərində, yaşadığı Qafqaz küçəsində yolun kənarında dayandığı zaman polis əməkdaşları ona yaxınlaşaraq, polis şöbəsinə dəvət etmişlər. Həmin vaxt onun üzərində, yəni əynindəki şalvarın cibində yoldan tapdığı psixotrop maddə metamfetamin də olmuşdur. Polis şöbəsində şübhəli şəxs qismində tutulmuş və Balakən və Zaqatala rayonlarında fəaliyyət göstərən vəkillərin siyahısından seçmiş olduğu dövlət hesabına hüquqlarını müdafiə edən vəkil Müdafiəçi1 iştirakı təmin edilmişdir. Daha sonra polis şöbəsində üzərində şəxsi axtarış aparılmış, şəxsi axtarış aparılarkən polis əməkdaşı tərəfindən üzərində narkotik vasitə, yaxud hər hansı qadağan edilmiş əşya olub-olmaması soruşulmuş, əgər varsa, təqdim etməsi təklif edilmişdir. Bu zaman o, əynindəki şalvarın arxa cibindən yoldan tapıb üzərində saxladığı metamfetamini çıxarıb stolun üstünə qoyaraq, polis əməkdaşına təqdim etmişdir. Daha sonra təqdim etdiyi psixotrop maddə metamfetamin polis əməkdaşı tərəfindən elektron tərəzi vasitəsilə çəkilərkən çəkisinin 0,26 qram olması müəyyən edilmiş və sonra ağ rəngli kağız zərfə qoyularaq, möhürlənmişdir. Ekspert rəyi ilə tanış olduqdan sonra üzərində saxladığı və polis əməkdaşlarına təqdim etdiyi metamfetaminin təmiz çəkisinin 0,184 qram olması ona məlum olmuşdur. Yolda tapdığı psixotrop maddə metamfetamini öz şəxsi istifadəsi üçün saxlamışdır. Lakin istifadə etməmişdir. Metamfetamini yoldan tapmağı və üzərində saxlamağı barədə heç kimə bir söz deməmişdir. Həmçinin metamfetamini satmaq və kiməsə vermək fikri də olmamışdır. Şəxsi axtarış zamanı fasiləsiz videoçəkilişdən istifadə edilmiş, həmçinin təhqiqatçı tərəfindən protokol tərtib edilmiş, protokol ucadan oxunmuş və iştirakçılar tərəfindən imzalanmışdır. Bundan başqa, xx xxx 2020-ci ildə ailə üzvləri ilə birlikdə daimi yaşadığı ünvan 3 nömrəli ünvanda yaşadığı evə baxış keçirilmiş, baxış keçirilməsinə heç bir etirazının olmadığını bildirmiş və bu barədə Balakən RPŞ-yə ərizə də vermişdir. Yaşadığı evə baxış zamanı evdən hər hansı narkotik vasitə, yaxud qadağan edilmiş digər əşya aşkar edilməmişdir. Baxış zamanı fasiləsiz videoçəkilişdən istifadə edilmişdir. Daha sonra təhqiqatçı tərəfindən baxış keçirilməsi haqqında protokol tərtib edilmiş, tərtib edilmiş protokol ucadan oxunmuş, onun və digər iştirakçılar tərəfindən imzalanmışdır Cinayət əməli törətməsini etiraf edir və bu əməli törətməsindən səmimi peşmançılıq hissi keçirir. Bir daha belə əmələ yol verməyəcəkdir. Himayəsində bir azyaşlı uşaq vardır. Göstərilənləri nəzərə alıb, ona yüngül cəza təyin edilməsini xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, Balakən RPŞ-nin post patrul xidməti bölüyünün polis nəfəri, polis serjantı vəzifəsində işləyir. xx xxx 2020-ci ildə raportla ünvan 4 ünvanında yaşayan Təqsirləndirilən şəxs qanunsuz narkotik vasitə saxlamaqda şübhəli olduğunu bildirmişdir. Raportu əsasında Balakən RPŞ-nin rəhbərliyinin müvafiq göstərişinə əsasən Balakən RPŞ-nin əməkdaşlarının keçirdikləri tədbirlər zamanı Təqsirləndirilən şəxs saxlanılaraq, Balakən RPŞ-yə dəvət edilmişdir. Polis şöbəsində Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılarkən videokamera ilə fasiləsiz videoçəkilişdən istifadə edilmişdir. xx xxx 2020-ci ildə Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmuş, Balakən və Zaqatala rayonlarında fərdi qaydada fəaliyyət göstərən vəkillərin siyahısından dövlət hesabına seçmiş olduğu vəkil Müdafiəçi1 iştirakı ilə onun üzərində saat 20 radələrində şəxsi axtarış aparılmışdır. Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılarkən təhqiqatçı Mikayıl Mahmudov ondan üzərində narkotik vasitə, yaxud qadağan olunmuş digər əşyanın olub-olmaması barədə soruşmuş, əgər narkotik vasitə, yaxud qadağan edilmiş əşya varsa, təqdim etməsini ona təklif etmişdir. Həmin vaxt Təqsirləndirilən şəxs şalvarının arxa cibindən 01 ədəd kağız büküm çıxarıb stolun üstünə qoymuş, təhqiqatçı X13 Yusifovdan həmin kağız bükümün nə olduğunu soruşduqda, Təqsirləndirilən şəxs həmin bükümün içərisində psixotrop maddə metamfetamin olduğunu, həmin psixotrop maddə metamfetmini tapdığını, öz şəxsi istifadəsi üçün saxladığını və narkotik istifadəçisi olduğunu bildirmişdir. Daha sonra Təqsirləndirilən şəxs təqdim etdiyi bir ədəd kağız bükümdə olan psixotrop maddə metamfetaminə oxşar maddə elektron tərəzi vasitəsilə çəkilərkən çəkisinin 0,26 qram olması müəyyən edilmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi psixotrop maddə metamfetaminə oxşar maddə ağ rəngli kağız zərfə qoyularaq, qablaşdırılmış, möhürlənmiş və maddi sübut kimi götürülmüşdür. Həmçinin təhqiqatçı Mikayıl Mahmudov tərəfindən protokol tərtib edilmiş, ucadan oxunmuş və iştirakçılar tərəfindən imzalanmışdır. Bundan başqa, xx xxx 2020-ci ildə, saat 21 radələrində Təqsirləndirilən şəxs ünvan 2 ünvanında daimi yaşadığı evə baxış keçirilmişdir. Təqsirləndirilən şəxs yaşadığı evə baxış onun özünün, həmçinin polis əməkdaşlarının və müdafiəçisi Müdafiəçi1 iştirakı ilə keçirilmişdir. Baxış zamanı fasiləsiz videoçəkilişdən istifadə edilmişdir. Təqsirləndirilən şəxs baxış keçirilməsinə heç bir etirazının olmadığını bildirmiş və bu barədə Balakən RPŞ-yə ərizə də vermişdir. Baxış zamanı Təqsirləndirilən şəxs yaşadığı evdən narkotik vasitə, yaxud qadağan olunmuş digər əşya aşkar edilməmişdir. Baxış zamanı təhqiqatçı tərəfindən protokol tərtib edilmiş, tərtib edilmiş protokol ucadan oxunmuş və iştirakçılar tərəfindən imzalanmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Balakən RPŞ-nin post patrul xidməti bölüyünün polis nəfəri Şahid2 da Şahid1 ifadəsinə uyğun ifadə verərək, onun ifadəsində göstərdiyi halları təsdiq etmişdir. İşin 18-20-ci vərəqələrində olan və məhkəmə iclasında elan olunmaqla tədqiq olunmuş xx.xx.2020-ci il tarixli şübhəli şəxsin üzərində şəxsi axtarış aparılması barədə protokoldan görünür ki, Balakən RPŞ-də xx xxx 2020-ci il tarixdə, saat 20.20-dən saat 20.50-dək Təqsirləndirilən şəxs üzərində şübhəli şəxs qismində şəxsi axtarış aparılmış, axtarış zamanı Təqsirləndirilən şəxs şalvarının arxa cibindən 01 ədəd kağız büküm çıxarıb stolun üstünə qoymuş və həmin bükümün içərisində psixotrop maddə metamfetamin olduğunu bildirmiş, həmin psixotrop maddə metamfetaminə oxşar maddə tərəzidə çəkilmiş və çəkisinin 0, 26 qram olması müəyyən edilmişdir. İşin 31-32-ci vərəqələrində olan və məhkəmə iclasında elan olunmaqla tədqiq olunmuş materialların məhkəmə ekspertizasının xx xxx 2020-ci il tarixli, 17/323 nömrəli rəyində göstərilmişdir ki, tədqiqata təqdim olunmuş üzərində «vət. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş maddi sübut…» yazısı olan zərfin içərisindəki 01 (bir) ədəd gümüşü-ağ rəngli kağız bükümdə təmiz çəkisi 0,184 qram olan maddə Azərbaycan Respublikası ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələrin siyahısına daxil olan-metamfetamindir. Qeyd: a) metamfetaminin təmiz çəkisi-0,184 qram, tədqiqata sərf edildi-0,020 qram, qalıq-0,164 qram. İşin 82-ci vərəqəsində olan və məhkəmə iclasında elan olunmaqla tədqiq olunmuş ambulator məhkəmə-narkoloji ekspertizasının xx xxxx 2020-ci il tarixli, 499 saylı rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir, narkotik vasitə olan metamfetamindən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. İşin 16-cı vərəqəsində olan və məhkəmə iclasında elan olunmaqla tədqiq olunmuş xx xxx 2020-ci il tarixli cinayət işi başlanana kimi şəxsi tutma protokolundan görünür ki, xx xxx 2020-ci ildə saat 19:55-də Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsilə nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuş və Balakən RPŞ-nin MSY-də saxlanılmışdır. İşin 57-ci vərəqəsində olan və məhkəmə iclasında elan olunmaqla tədqiq olunmuş xx xxx 2020-ci il tarixli qətimkan tədbirinin seçilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş, onun polis şöbəsinin MSY-dən azad edilməsi qərara alınmış və qərarın icra edilməsi Balakən RPŞ-yə həvalə edilmişdir. İşin 45-ci vərəqəsində olan və məhkəmə iclasında elan olunmaqla təsdiq olunmuş xx xxxx 2018-ci il tarixdə verilmiş AZ-İV seriyalı, 090792 №-li doğum haqqında şəhahdətnamədən görünür ki, xx.xx.2018-ci il tarixdə doğulmuş X9 olmaqla Təqsirləndirilən şəxs himayəsində bir azyaşlı uşaq vardır. İşin 81-ci vərəqəsində olan və məhkəmə iclasında elan olunmaqla tədqiq olunmuş Balakən rayon İHB-şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəsi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli, 1599 nömrəli arayışdan görünür ki, Yusifov X11 şəhəri, Qafqaz küçəsi 35 nömrəli evdə yaşayır, himayəsində anası, bacısı və xx.xx.2018-ci il təvəllüdlü qızı Sevda vardır. İşin 65-66-cı vərəqələrində olan və məhkəmə iclasında elan olunmaqla tədqiq olunmuş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi BƏSİİ tərəfindən verilmiş tələbnamə üzrə xx.xx.2020-ci il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İşin 84-92-ci vərəqələrində olan və məhkəmə iclasında elan olunmaqla tədqiq olunmuş xx xxxx 2020-ci il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs götürülmüş təmiz çəkisi 0,184 qram olan və məhkəmə fiziki-kimyəvi və bioloji ekspertizasının rəyindən sonra faktiki çəkisi 0,164 qram olan psixotrop maddə metamfetamin maddi sübut kimi tanınmış və saxlanması üçün Balakən RPŞ-nin saxlanc anbarına verilmiş, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılarkən və onun yaşadığı evə baxış keçirilərkən aparılmış videoçəkilişlər əks olunmuş 02 ədəd CD diski maddi sübut kimi tanıraraq, cinayət işinə əlavə edilmişdir. Məhkəmə iş üzrə şahidlərin ifadələrini, xx xxx 2020-ci il tarixli şəxsi axtarış protokolunu, həmin tarixli yaşayış evinə baxış protokolunu, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılan zaman və yaşadığı evə baxış keçirilən zaman qeydə alınmış videoçəkilişlərin əks olunduğu 02 ədəd CD diskini, materialların məhkəmə ekspertizasının xx xxx 2020-ci il tarixli, 17/323 nömrəli rəyini, maddi sübutu, ambulator məhkəmə-narkoloji ekspertizasının xx xxxx 2020-ci il tarixli, 499 nömrəli rəyini, məhkəmə və ibtidai istintaq hərəkətlərinin protokollarını və sair sənədləri inandırıcı, məntiqli olduqları, ziddiyyət təşkil etmədikləri, əksinə, bir-biri ilə uyğun şəkildə işin faktiki hallarını təsdiq etdikləri üçün mötəbər sübutlar kimi qəbul edir. Məhkəmə, eyni zamanda Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası CPM) 126.6-cı maddəsinin tələbinə əsasən Təqsirləndirilən şəxs ittiham olunduğu əməldə öz təqsirini etiraf etməsini iş üzrə bütün sübutların məcmuyu ilə təsdiq edildiyi üçün ona qarşı ittihamı təsdiq edən əsas kimi qəbul edir. Məhkəmə həmçinin nəzərə alır ki, bu etiraf könüllü şəkildə, nəyəsə məcbur edilmədən həyata keçirildiyi üçün sübut kimi qəbul edilməklə yanaşı, təqsirləndirilən şəxsin şəxsiyyətini xarakterizə edən hal kimi də dəyərləndirilməli və nəzərə alınmalıdır. X18 Avropa Məhkəməsi, İnsan Hüquqlarının və X5 Haqqında Konvensiyanın (Avropa Konvensiyası) 6-cı maddəsilə əlaqədar Con X4rşı işi üzrə qərarında qeyd etmişdir ki, milli məhkəmə ittiham tərəfinin təqdim etdiyi sübutların əsaslılığını qiymətləndirərkən təqsirləndirilən şəxs tərəfindən izahat verilməsini onun buna məcbur edilib-edilməməsi zəminində dəyərləndirməlidir. Əgər təqsirləndirilən şəxs ifadə verməyə və ya susmağa məcbur edilməyibsə, onda onun söylədikləri başqa sübutlarla tutuşdurulmaqla sübut əhəmiyyəti daşıya bilər. Məhkəmə, təqsirləndirilən şəxsin və şahidlərin ifadələrini dinləyib, işdə olan ekspertiza rəylərini və digər sənədləri bilavasitə tədqiq edib, bu sübutları tam, hərtərəfli və obyektiv yoxlayıb, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib, Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsində təsbit edilmiş təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq, məhkəmə baxışında ittihamın baxılması nəticələrinə əsaslanaraq, tədqiq olunan sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq, bu nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs qəsdən qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda psixotrop maddə əldə etmə, daşıma və saxlama cinayət əməlini törətmişdir. Məhkəmə, Azərbaycan Respublikası CPM-nin 346-cı maddəsinin tələbinə uyğun olaraq təqsirləndirilən şəxsin əməlinin hüquqi tövsifi məsələsini müzakirə edərək, qeyd edir ki, cinayət məsuliyyətinin əsaslarını müəyyənləşdirən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsində göstərilmişdir ki, yalnız Azərbaycan Respublikasının Cinayət Məcəlləsi ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyətini yaradır. Satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə,daşımaya görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində cinayət məsuliyyəti nəzərdə tutulmuşdur. "Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi haqqında" Azərbaycan Respublikası Qanununun 1.0.5-ci madəsinə görə narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi- Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələr, psixotrop maddələr və onların prekursorları ilə bağlı törədilən hər hansı hərəkətlərdir. Həmin Qanunun 1.0.9-cu maddəsinə görə narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi-həyata keçirilməsi üsulundan asılı olmayaraq, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlərdir. Həmin Qanunun 1.0.10-cu maddəsinə görə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması-məqsədindən asılı olmayaraq, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlərdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” xx xxxx 2011-ci il tarixli, 02 nömrəli qərarının 4-cü bəndinə görə törədilmiş cinayət əməlinin CM-in 234.1-ci maddəsi ilə tövsif olunması yalnız təqsirkarın bu cinayətin predmetini şəxsi istehlak miqdarından artıq miqdarda əldə etməsi və saxlaması müəyyən edildikdə mümkündür. Narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak miqdarından artıq miqdarı “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə külli miqdarına görə siyahısının təsdiq edilməsi haqqında” xx xxxx 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə müəyyən olunmuşdur. Həmin siyahıda bu miqdar qurudulmuş marixuana üçün 5 qram müəyyən edilmişdir. Məhkəmə, işdəki sübutları, işin yuxarıda qeyd edilən hallarını, hüquq normalarının tələblərini nəzərə alaraq, bu nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir, həmin əməldə Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin tərkibi vardır, həmin əməl təqsirləndirilən şəxs tərəfindən törədilmişdir, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinməlidir, onun cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsilə düzgün tövsif edilmişdir. Əməlin cinayət olmasını aradan qaldıran hallar, təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur, Təqsirləndirilən şəxs törətdiyi əmələ görə cəzalanmalıdır. Azərbaycan Respublikası CM-nin cəzanın anlayışını və məqsədini müəyyən edən 41-ci maddəsinə görə cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir.Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-nin 58.1 və 58.3-cü maddələrinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin xx xxxxxx 2017-ci il tarixli Sərəncamının 13.3 və 13.4-cü bəndlərində məhkəmələrə tövsiyyə edilmişdir ki, cəzanın növü və həddi müəyyən edilərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyi əsas tutulmalı, cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirilməlidir. Sərəncamın 8-ci bəndində isə tövsiyyə edilmişdir ki, məhkəmələr tərəfindən cəzanın məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza tədbirlərinin tətbiqi genişləndirilsin. "Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 4 nömrəli, xx xxxx 2003-cü il tarixli Qərarının 1-ci bəndində məhkəmələrə izah edilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Həmin qərarın 2-ci bəndində göstərilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Azərbaycan Respublikası CM-nin 59.1.4-cü maddəsində cinayət törətmiş şəxsin himayəsində azyaşlı uşağın olması cəzanı yüngülləşdirən hal kimi nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsində göstərilmişdir ki, cəza təyin edilərkən bu Məcəllənin 59.1.1-59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Məhkəmə, himayəsində bir azyaşlı uşağın olmasını, ilk dəfə cinayət əməli törətməsini və cinayət əməli törətməsini etiraf edib, bu əməli törətməsindən səmimi peşmançılıq çəkməsini Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə tərəfindən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edərkən qeyd edir ki, Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin tördilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. Məhkumun islah edilməsi onun qanuna tabe olan insana çevrilməsini, məhkumu yeni cinayətlərə sövq edə bilən zərərli sosial-psixoloji meyllərdən, kriminogen xüsusiyyətlərdən azad etməyi nəzərdə tutur. İslah prosesi məhkumun ictimai-faydalı fəaliyyətə qayıtması, ümumi yaşayış qaydalarına hörmətlə yanaşması, normal cəmiyyətə tamamilə uyğunlaşması məqsədlərini güdür. Azərbaycan Respublikası CM-nin 9.2-ci maddəsinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Başqa sözlə, cəza «talion» prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Heç təsadüfi deyildir ki, qanunverici cəza təyin edərkən şəxsin bütün sosial-psixoloji keyfiyyətlərinin nəzərə alınmasını tələb edir. Şəxsin ictimai təhlükəliliyi məhz onun şəxsiyyətini xarakterizə edən amillərdəndir. Məhkəmə hesab edir ki, bu zəmində şəxsin ictimai təhlükəliliyini müəyyən etmək üçün birinci növbədə onun törətdiyi cinayətin başqa cinayətlərin arasında yeri, şəxsin antisosial yönümünün davamlı olub-olmaması, onun cinayətin törədilməsinə gətirib çıxaran vərdişləri diqqətlə aydınlaşdırılmalıdır. Şəxsin antisosial yönümü onun törətdiyi cinayətdə özünü büruzə verir. Ancaq bu, təkcə şəxsin törətdiyi cinayətin ictimai təhlükəliliyi ilə deyil, eyni zamanda onun əvvəlki dövrlərdəki hərəkətlərində ifadə olunan antisosial davranışı və keyfiyyəti ilə də ölçülür. Məhkəmə qeyd edir ki, təqsirləndirilən şəxsə cəza təyin edilməsi zamanı onun xarakteri, sosial-psixoloji vəziyyətinin bütün çalarları, şəxsiyyətinin xarakterik cəhətləri də nəzərə alınmalıdır. Yalnız bu halda cəzanın ədalətliliyinə və fərdiliyinə, həmçinin onun məqsədlərinə nail olmaq mümkün olar. Məhkəmə hesab edir ki, cəza təyin edilərkən şəxsin sosial və psixoloji kriteriyalarına xüsusi önəm vermək lazımdır. Şəxsin sosial kriteriyası onun qanunlara və digər sosial normalara, əməyə, ictimai vəzifələrə, ailəyə münasibətini, təhsilini, tərbiyəsini və sair sosial şərtləri özündə əks etdirir. Şəxsin psixoloji kriteriyası isə onun xarakterini, iradəsini, qabiliyyətini və digər şəxsiyyətə xas olan cəhətlərini özündə ehtiva edir. Bu cəhətlərin tədqiq olunması və qiymətləndirilməsi şəxsin mənəvi deqradasiyaya məruz qalıb-qalmamasını, törətdiyi cinayətin onun anticəmiyyət yönümünün məntiqi nəticəsi olduğunu, yoxsa təsadüfi olaraq baş verdiyini, şəxsin islah olunması üçün hansı imkanların olması və bununla bağlı hansı qanuni vasitələrin seçilməsini müəyyənləşdirmək üçün çox vacibdir. Çünki insan sosiumun tərkib hissəsidir və onun fəaliyyətinin hansı yönümə istiqamətlənməsi cəmiyyət üçün əhəmiyyətlidir. Ancaq hər bir halda bu keyfiyyətlər şəxsin törətdiyi cinayətin xarakteri və ictimai təhlükəliliyi ilə vəhdətdə nəzərə alınmalıdır. Xüsusi ilə nəzərə alınmalıdır ki, cəzanın məqsədlərinə çatmaq üçün hansı yol seçilməlidir: təqsirləndirilən şəxsi azadlıqdan məhrum etməklə onu cəmiyyətdən təcrid etmək, fiziki cəhətdən imkanlarını məhdudlaşdırmaqla cəzanın məqsədlərinə nail olmaq, yoxsa, azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza seçməklə şəxsə etimad göstərib, bu yolla onun islah olunmasına və cəzanın digər məqsədlərinə çatmaq. Məhkəmə qeyd edir ki, hazırki cinayət işi üzrə Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət öz xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə görə az ağır və qəsdən törədilən cinayətdir. Digər tərəfdən, cəza təyinatında mütləq nəzərə alınmalıdır ki, Təqsirləndirilən şəxs himayəsində bir azyaşlı uşaq vardır, o, ilk dəfədir ki, cinayət əməli törətmişdir və cinayət əməli törətməsini etraf edib, bu əməli törətməsindən səmimi peşmançılıq hissi keçirir. Onun cəzasını ağırlaşdıran hallar mövcud deyildir. Yuxarıda istinad olunan Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsi cəzanın aşağıdakı məqsədlərini önə çəkir: sosial ədalətin bərpası; məhkumun islah edilməsi; məhkum tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınması (xüsusi prevensiya) və başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınması (ümumi prevensiya). Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsi haqq-ədaləti bərabər mənafelərə bərabər münasibət kimi təsbit edir. Bu xüsusda məhkəmə bildirir ki, CM-nin 41.2-ci maddəsində nəzərdə tutulmuş cəza tətbiq edilmək yolu ilə sosial ədalətin bərpası bütövlükdə cəmiyyətə, burada hökm sürən ictimai münasibətlərə münasibətdə həyata keçirilməklə iki istiqaməti nəzərdə tutur: 1) dövlət cinayət törədən şəxs tərəfindən vurulmuş zərərin ödənilməsini qanunda nəzərdə tutulmuş cəzalar, habelə xüsusi müsadirə növündə cinayət-hüquqi xarakterli tədbir tətbiq etməklə təmin edir. Həm də burada söhbət təkcə maddi zərərdən getmir. Əslində sosial ədalətin bərpası dedikdə, cinayətkarın barəsində təyin edilən qanuni cəza vasitəsilə başqasına vurduğu zərərə adekvat məhrumiyyətlərə məruz qalması başa düşülməlidir. 2) vətəndaşlar dövlətin cinayətkarı cəzalandırmağa qadir olmasına, həm də bu cəzanın təyin edilməsi zamanı humanizm, ədalətlilik, cəzanın törədilmiş cinayətin ağırlığına uyğunluğu, cəzanın fərdiləşdirilməsi prinsipləri əsas götürülməklə qanuna uyğun tətbiq edilməsinin təmin edilməsinə inanırlar. Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinin sanksiyasında bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə cəzaları nəzərdə tutulmuşdur. Törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, Təqsirləndirilən şəxs şəxsiyyətini xarakterizə edən halları, o cümlədən cəzasını yüngülləşdirən halları və cəzasını ağırlaşdıran halların olmamasını və cəzanın məqsədlərinə nail olunması baxımından məqsədəuyğunluğunu nəzərə alaraq, məhkəmə hesab edir ki, cəzanın məqsədləri Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəza təyin olunduğu təqdirdə təmin edilə bilər. Bu növ cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Məhkəmə, Təqsirləndirilən şəxs törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, o cümlədən cəzasını yüngülləşdirən halları, cəzasını ağırlaşdıran halların olmamasını, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, onun cəmiyyətdən təcrid olunmadan da islah olunmasının mümkünlüyü qənaətinə gələrək, hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddənin sanksiyasında müəyyən edilmiş azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməli, Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən onun xx xxx 2020-ci il tarixdən xx xxx 2020-ci il tarixədək şübhəli şəxs qismində tutulub həbsdə saxlandığı 02 (iki) gün müddətin bir günü təyin ediləcək azadlığın məhdudlaşdırılması cəzasının iki gününə bərabər hesablanmaqla, həmin cəzadan çıxılmalıdır. Belə ki, Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanır. Azərbaycan Respublikası CPM-nin 158.2.1-ci maddəsinə əsasən tutulduğu və həbsdə saxlandığı müddət təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə daxildir. Azərbaycan Respublikası CPM-nin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Məhkəmə Azərbaycan Respublikası CPM-nin 346.1.12-ci maddəsinə uyğun olaraq Təqsirləndirilən şəxstəyin ediləcək cəzanın çəkilməli olub-olmaması məsələsinə baxaraq, işin hallarını, təqsirləndirilən şəxsin cəzadan azad edilməsi, yaxud barəsində Cinayət Məcəlləsinin 70-ci maddəsinin tətbiq olunması üçün əsasların olmamasını nəzərə alaraq,həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs ona təyin ediləcək cəzanı çəkməlidir. Azərbaycan Respublikası CM-nin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 15.5-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 51-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. Azərbaycan Respublikası CM-nin 52-1.2-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: 52-1.2.1. yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; 52-1.2.2. elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; 52-1.2.3. məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; 52-1.2.4. müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinini dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini gecə saat 23:00-da növbəti gün səhər saat 07:00-a kimi tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Balakən və Zaqatala rayonlarının ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Hazırki hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Balakən rayon İcra və Probasiya Şöbəsinə həvalə edilməli, onun cəzaçəkmə müddətinin əvvəli cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanmalıdır. Məhkəmə, ambulator məhkəmə-narkoloji ekspertizasının xx xxxx 2020-ci il tarixli, 499 nömrəli rəyinə hüquqi qiymət verib, həmin rəylə Təqsirləndirilən şəxs narkomaniya xəstəliyindən əzab çəkdyinin, narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacının olduğunun və narkoloji kabinetdə qeydiyyata alınmasının məsləhət görüldüyünün müəyyən edildiyini nəzərə alaraq, həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji kabinetində qeydiyyata alınmalıdır. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə olunduğu müddətdə onun yaşayış yeri cəzanı icra edən orqan tərəfindən müvəqqəti olaraq yerləşdirildiyi müvafiq tibb müəssisəsinin yerləşdiyi ərazi hesab olunmalı və göstərilən müddət ərzində cəzanın icrasına nəzarət həmin tibb müəssisəsinin yerləşdiyi ərazi üzrə icra və probasiya şöbəsinə tapşırılmalıdır. Həmçinin Təqsirləndirilən şəxs ərazi narkoloji kabinetində qeydiyyata alınması üçün hazırki hökmün surəti onun yaşayış yeri üzrə Balakən Rayon Mərkəzi X8 Şəxsinə göndərilməlidir. İş üzrə aparılmış məhkəmə-bioloji ekspertizası tədqiqatının dəyəri olan 71,94 (yetmiş bir manat 94 qəpik) manat Təqsirləndirilən şəxs tutulub, AzərbaycanRespublikasıƏdliyyəNazirliyiMəhkəməEkspertizasıMərkəziAz. MEM; VÖEN **********; AZ34CTRE********************, Dövlət Xəzinədarlığı Agentliyi, KOD 210005, VÖEN ********** Müxbir hesab AZ41NABZ ******************** SWİFT BİK CTREAZ22 hesabına köçürülməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 197.1.4-cü maddəsinə əsasən o cümlədən ekspertə ödənilməli haqlar məhkəmə məsrəflərinə aid edilmişdir. Azərbaycan Respublikası CPM-nin 198.1-ci maddəsinə əsasən bu Məcəllənin o cümlədən 197.1.4-cü maddəsində göstərilən məhkəmə məsrəfləri məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər və məhkəmənin qərarı ilə ondan tutulub dövlət nəfinə və ya müvafiq xərc çəkmiş fiziki, yaxud hüquqi şəxsin hesabına keçirilə bilər. Azərbaycan Respublikası CPMnin 353.4.10-cu maddəsinə əsasən o cümlədən məhkəmə xərclərinin kimin və hansı məbləğdə ödəməsi məhkəmənin ittiham hökmünün nəticəvi hissəsində göstərilməlidir. Məhkəmə hesab edir ki, hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut kimi tanınmış və Balakən RPŞ-nin saxlanc anbarında saxlanılan 0,184 qram çəkidə psixotrop maddə metamfetaminin ekspertiza tədqiqatından sonrakı maddə qalığını təşkil edən 0,164 qramıməhv edilməli, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılarkən və onun yaşadığı evə baxış keçirilərkən aparılmış videoçəkilişlər əks olunmuş 02 ədəd CD diski hazırki cinayət işi üzrə icraat materiallarının saxlama müddəti ərzində işdə saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası CPM-nin 132.0.1-ci maddəsinə əsasən maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar məhkəmə hökm çıxararkən məhkum edilmiş şəxslərə məxsus cinayətin alətləri, həmçinin dövriyyəsi qadağan edilmiş əşyalar müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların qiyməti olmadıqda isə məhv edilməlidir. Azərbaycan Respublikası CPM-nin 132.0.2-ci maddəsinə əsasən dəyəri olmayan digər əşyalar məhv edilməli, maraqlı şəxslərin vəsatəti olduqda isə onlara verilə bilər. Azərbaycan Respublikası CPM-nin 132.0.5-ci maddəsinə əsasən maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılır və ya maraqlı təşkilatlara və şəxslərə verilir. Azərbaycan Respublikası CPM-nin 346.1-ci və 346.1.19-cu maddələrinə əsasən, məhkəmə hansı əmlakın müsadirə edilməli olduğu məsələsinə baxaraq, Təqsirləndirilən şəxs hazırkı cinayəti törətdiyi zaman cinayət yolu ilə hər hansı əmlak əldə etməməsini nəzərə alaraq, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulan xüsusi müsadirə edilməli olan əmlak mövcud deyildir. İş materiallarında olan vəkil tərəfindən dövlət hesabına göstərilən hüquqi yardım barədə hesabatda fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi1 məhkəməyədək icraat zamanı Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsinə 10 iş saatı vaxt sərf etməsi göstərilmişdir. Məhkəmə hesabatı iş materialları ilə birlikdə nəzərdən keçirib hesab edir ki, həmin hesabat təmin edilməlidir. Belə ki, iş materiallarından görünür ki, müdafiəçinin təqsirləndirilən şəxsə məhkəməyədək icraat zamanı göstərilən hüquqi yardımın hesabatda göstərilən vaxtı ağlabatandır və əsaslıdır. İş materiallarından həmçinin görünür ki, Müdafiəçi1 məhkəmə icraatı zamanı Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsinə 5 saat vaxt sərf etmişdir. Azərbaycan Respublikası CPM-nin 193.2-193.3-cü maddələrinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Məhkəmə şübhəli və ya təqsirləndirilən şəxsin orta aylıq gəlirini, maddi, əmlak və ailə vəziyyətini, habelə digər halları nəzərə alaraq, həmin şəxsin müdafiəçi tərəfindən göstərilən hüquqi yardımı ödəməkdən azad edilməsi və ödəmənin Azərbaycan Respublikasının Dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilməsi barədə əsaslandırılmış qərar qəbul edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin x xxx 2018-ci il tarixli, 202 №-li qərarı əsasında “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli,11 №-li qərarına edilmiş dəyişikliklərə uyğun olaraq təqsirləndirilən şəxslərin hüquqlarını müdafiə etmələrinə görə müdafiəçilərə hər iş saatı üçün 6 manat məbləğində haqq ödənilməlidir. Ona görə də məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı göstərilən hüquqi yardımla bağlı 60 manat və məhkəmə icraatı zamanı göstərilən hüquqi yardımla bağlı 30 manat, cəmi 90 manat Azərbaycan Respublikası Dövlət büdcəsinin vəsaiti hesabından fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi1 nəfinə, onun X14 rayon filialındakı CİF ******* valyuta: AZN Benefisiarın Bankı: Kapital Bank ASC Balakən rayon filialı Filialın Kodu:200695 VÖEN: ********** SVVİFT kod: AİİBAZ2X Benefisiarın adı: Hidayət X3 hesabı: AZ71AİİB******************** VÖEN:********** Muxbir bank:SVVİFT kod: Müxbir hesabına köçürülməlidir. Azərbaycan Respublikası CPM-nin 349-cü maddəsinin tələblərinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Məhkəmənin hökmü Azərbaycan Respublikası Konstitusiyasının, bu Məcəllənin, Azərbaycan Respublikasının cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir. Məhkəmənin hökmü məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə əsaslı hesab edilir. X1rşı iş üzrə qərarında Avropa Məhkəməsi göstərmişdir ki, məhkəmələr qərar qəbul edərkən hüququn aliliyinə əməl etməlidirlər. Hüququn aliliyinin əsas cəhətlərindən biri hüquqi müəyyənlik prinsipidir ki, onun tələbinə görə məhkəmələr yekun qərarı elə qəbul etməlidirlər ki, o mübahisə olunmasın. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və 02 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin; Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən onun xx xxx 2020-ci il tarixdən xx xxx 2020-ci il tarixədək şübhəli şəxs qismində tutulub həbsdə saxlandığı 02 (iki) gün müddətin bir günü ona təyin edilən azadlığın məhdudlaşdırılması cəzasının iki gününə bərabər hesablanmaqla həmin cəzadan çıxılsın və Təqsirləndirilən şəxs üzərində qəti olaraq 01 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini gecə saat 23:00-dan növbəti gün səhər saat 07:00-a kimi tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Balakən və Zaqatala rayonlarının ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs cəza çəkmə müddətinin əvvəli cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji kabinetində qeydiyyata alınsın. Təqsirləndirilən şəxs narkoloji kabinetdə qeydiyyata alınması üçün hazırki hökmün surəti onun yaşayış yeri üzrə Balakən Rayon Mərkəzi X8 Şəxsinə göndərilsin. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə olunduğu müddətdə onun yaşayış yeri cəzanı icra edən orqan tərəfindən müvəqqəti olaraq yerləşdirildiyi müvafiq tibb müəssisəsinin yerləşdiyi ərazi hesab olunsun və göstərilən müddət ərzində cəzanın icrasına nəzarət həmin tibb müəssisəsinin yerləşdiyi ərazi üzrə icra və probasiya şöbəsinə tapşırılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə 71,94 (yetmiş bir manat doxsan dörd qəpik) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutulub, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Az.MEM; VÖEN **********; AZ34CTRE********************,Dövlət Xəzinədarlığı Agentliyi, KOD 210005,VÖEN ********** Müxbir hesab AZ41NABZ ******************** SWİFT BİK CTREAZ22 hesabına köçürülsün. Hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut kimi tanınmış və Balakən Rayon Polis Şöbəsinin saxlanc anbarında saxlanılan 0,184 qram çəkidə psixotrop maddə metamfetaminin ekspertiza tədqiqatından sonrakı maddə qalığını təşkil edən 0,164 qramı məhv edilsin; Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılarkən və onun yaşadığı evə baxış keçirilərkən aparılmış videoçəkilişlər əks olunmuş 02 ədəd CD diski hazırki cinayət işi üzrə icraat materiallarının saxlama müddəti ərzində işdə saxlanılsın. Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı göstərilən hüquqi yardımla bağlı 60 manat və məhkəmə icraatı zamanı göstərilən hüquqi yardımla bağlı 30 manat, cəmi 90 manat Azərbaycan Respublikası Dövlət büdcəsinin vəsaiti hesabından fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi1 nəfinə, onun X14 rayon filialındakı CİF ******* valyuta: AZN Benefisiarın Bankı: Kapital Bank ASC Balakən rayon filialı Filialın Kodu:200695 VÖEN: ********** SVVİFT kod: AİİBAZ2X Benefisiarın adı: Hidayət X3 hesabı: AZ71AİİB******************** VÖEN:********** Muxbir bank:SVVİFT kod: Müxbir hesabına köçürülsün. Hökmün icrası Balakən rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Hökmdən elan olunduğu andan (həbsdə olan məhkum hökmün surəti ona verildiyi andan) 20 gün müddətində Balakən Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apellyasiya şikayəti və ya protesti verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən: Zamin Tahirov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar