Məhkəmə qərarları › İş №1(019)-57/2024

Balakən Rayon Məhkəməsi Qərar — İş №1(019)-57/2024

05.06.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Balakən Rayonu İş № 1(019)-57/2024 05.06.2024 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Tahirov Zamin Cəbrayıl oğlunun sədrliyi, Qədirov İbadullah Şamil oğlunun katibliyi, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, müdafiəçi: Balakən rayon Vəkil Bürosunun vəkili Müdafiəçi və Təqsirləndirilən şəxs iştirakı ilə xx.xx.1986-cı ildə Balakən rayonu Qazma kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, natamam orta təhsilli, fərdi əməklə məşğul olan, məhkum olunmayan, Balakən rayonu Hənifə kəndində qeydiyyatda olan və həmin kənddə daimi yaşayan- Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası CM) 127.1-ci maddəsilə təqsirləndirilməsinə dair cinayət təqibi üzrə məhkəməyədək sadələşdirilmiş icraat materialına «05» iyun 2024-cü il tarixdə Balakən şəhərində açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə saat 22.00 radələrində Balakən rayonu Qazma kəndində, kəndarası yolda aralarında yaranmış şəxsi münasibətlər zəminindəki mübahisə zamanı sərxoş vəziyyətdə Balakən rayonu Hənifə kənd sakini Zərərçəkmiş şəxs sol qaş nahiyyəsinə yumruqla qəsdən bir zərbə, onun əlindəki ağac parçasını əlindən aldıqdan sonra həmin ağac parçası ilə kürək nahiyyəsinə bir zərbə vuraraq, Zərərçəkmiş şəxs yerə yıxmış, yıxılı vəziyyətdə onun sağ böyür, qabırğa nahiyyəsinə təpiklə iki-üç dəfə qəsdən vuraraq, ona sol qaşın bayır bucağında, sol saidin yuxarı 1/3-nin bayır səthində yara, sağ 10-cu qabırğanın qoltuqaltı xətt üzrə az yerdəyişən tam sınığı xəsarətləri ilə nəticələnən sağlamlığının uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aid xəsarətlər yetirmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 127.1-ci maddəsilə ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək, ifadəsində xx.xx.2024-cü il tarixdə saat 22.00 radələrində Balakən rayonu Qazma kəndində, kəndarası yolda aralarında yaranmış şəxsi münasibətlər zəminindəki mübahisə zamanı sərxoş vəziyyətdə Balakən rayonu Hənifə kənd sakini Zərərçəkmiş şəxs sol qaş nahiyyəsinə yumruqla qəsdən bir zərbə, onun əlindəki ağac parçasını əlindən aldıqdan sonra həmin ağac parçası ilə kürək nahiyyəsinə bir zərbə vuraraq, Zərərçəkmiş şəxs yerə yıxdığını, yıxılı vəziyyətdə onun sağ böyür, qabırğa nahiyyəsinə təpiklə iki-üç dəfə qəsdən vuraraq, ona sağlamlığa az ağır zərər vurmaya aid xəsarətlər yetirdiyini təsdiq etmişdir. Təqsirləndirilən şəxs məhkəmə iclasında həmçinin cinayət əməli törətməsini etiraf edib, bu əməli törətməsindən səmimi peşmançılıq hissi keçirdiyini, Zərərçəkmiş şəxs dəymiş ziyanı könüllü şəkildə tamamilə ona ödədiyini, zərərçəkmiş şəxslə barışdığını, Zərərçəkmiş şəxs ona qarşı heç bir tələbi və şikayətinin olmadığını göstərərək, zərərçəkmiş şəxslə barışmasını və zərərçəkmiş şəxsə dəymiş ziyanı tamamilə ödəməsini nəzərə alaraq, ona qarşı Azərbaycan Respublikası CM-nin 127.1-ci maddəsilə başlanmış cinayət təqibinə xitam verilməsini və cinayət məsuliyyətindən azad edilməsini xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ibtidai araşdırma zamanı verdiyi izahatında göstərdiyi faktoloji halları təsdiq edib onlara istinadən verdiyi ifadəsində Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə saat 22.00 radələrində Balakən rayonu Qazma kəndində, kəndarası yolda aralarında yaranmış şəxsi münasibətlər zəminindəki mübahisə zamanı sərxoş vəziyyətdə onun sol qaş nahiyyəsinə yumruqla qəsdən bir zərbə, onun əlindəki ağac parçasını əlindən aldıqdan sonra həmin ağac parçası ilə kürək nahiyyəsinə bir zərbə vuraraq, onu yerə yıxdığını, yıxılı vəziyyətdə onun sağ böyür, qabırğa nahiyyəsinə təpiklə iki-üç dəfə qəsdən vuraraq, ona sol qaşın bayır bucağında, sol saidin yuxarı 1/3-nin bayır səthində yara, sağ 10-cu qabırğanın qoltuqaltı xətt üzrə az yerdəyişən tam sınığı xəsarətləri ilə nəticələnən sağlamlığa az ağır xəsarət yetirdiyini təsdiq etmiş, həmçinin Təqsirləndirilən şəxs ona dəymiş ziyanı könüllü şəkildə tamamilə ona ödədiyini, onun Təqsirləndirilən şəxs ilə barışdığını, Təqsirləndirilən şəxs qarşı heç bir tələbi və şikayətinin olmadığını qeyd edərək, Təqsirləndirilən şəxs qarşı Azərbaycan Respublikası CM-nin 127.1-ci maddəsilə başlanmış cinayət təqibinə xitam verilməsini və onun cinayət məsuliyyətindən azad edilməsini xahiş etmişdir. İş materiallarında olan məhkəmə-tibbi ekspertizasının xx.xx.2024-cü il tarixli 119 №-li rəyindən görünür ki, Zərərçəkmiş şəxs müəyyən edilmiş xəsarətlər-sol qaşın bayır bucağında, sol saidin yuxarı 1/3-nin bayır səthində yara, sağ 10-cu qabırğanın qoltuqaltı xətt üzrə azyerdəyişən tam sınığı- küt əşyanın (əşyaların) təsirindən törənmişlər, qərarın təsviri hissəsində göstərilən müddətdə və şəraitdə, yəni xx.xx.2024-cü ildə əmələ gələ bilərdilər, ümumilikdə onun sağlamlığının uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aid edilirlər. İş materiallarında olan Tələbnamə üzrə Azərbaycan Respublikası DİN BƏSİİ tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli 5 saylı arayışdan görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Azərbaycan Respublikası CM-nin 127.1-ci maddəsində zərərçəkmiş şəxsin həyatı üçün təhlükəli olmayan və bu Məcəllənin 126-cı maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmayan, lakin sağlamlığın uzun müddət pozulmasına səbəb olmuş və ya ümumi əmək qabiliyyətinin üçdə bir hissəsindən az olmaqla əhəmiyyətli dərəcədə itirilməsi ilə nəticələnən qəsdən sağlamlığa az ağır zərər vurmaya görə cinayət məsuliyyəti nəzərdə tutulmuşdur. Məhkəmə iclasında Zərərçəkmiş şəxs yazılı ərizə ilə məhkəməyə müraciət edib, Təqsirləndirilən şəxs ilə barışdığını və Təqsirləndirilən şəxs ona dəymiş ziyanı tamamilə ödədiyini qeyd edərək, Təqsirləndirilən şəxs qarşı Azərbaycan Respublikası CM-nin 127.1-ci maddəsilə başlanmış cinayət təqibinə xitam verilməsini və onun cinayət məsuliyyətindən azad edilməsini xahiş etmişdir. Eyni zamanda Təqsirləndirilən şəxs da yazılı ərizə ilə məhkəməyə müraciət edərək, Zərərçəkmiş şəxs ilə barışdığı və zərərçəkmiş şəxsə dəymiş ziyanı tamamilə ödədiyi üçün ona qarşı Azərbaycan Respublikası CM-nin 127.1-ci maddəsilə başlanmış cinayət təqibinə xitam verilməsini və onun cinayət məsuliyyətindən azad edilməsini xahiş etmişdir. Təqsirləndirilən şəxsin müdafiəçisi Azərbaycan Respublikası CM-nin 73.2-ci maddəsi tətbiq edilməklə, Təqsirləndirilən şəxs qarşı Azərbaycan Respublikası CM-nin 127.1-ci maddəsilə başlanmış cinayət təqibinə xitam verilməsinə və onun cinayət məsuliyyətindən azad olunmasına razı olduğunu bildirmişdir. Azərbaycan Respublikası CM-nin 72.1-ci maddəsinə əsasən böyük ictimai təhlükə törətməyən cinayət törətmiş şəxs könüllü gəlib təqsirini boynuna aldıqda, cinayətin üstünün açılmasına fəal kömək etdikdə, cinayət nəticəsində dəymiş ziyanı ödədikdə və ya vurulmuş zərəri başqa yolla aradan qaldırdıqda cinayət məsuliyyətindən azad edilə bilər. Azərbaycan Respublikası CM-nin 72.2-ci maddəsinə əsasən başqa növ cinayət törətmiş şəxs, bu Məcəllənin 72.1-ci maddəsində nəzərdə tutulmuş şərtlər mövcud olduqda, yalnız bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddələrində bilavasitə müəyyən edilmiş hallarda cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Resipublikası CM-nin 72-ci maddəsinin Qeyd hissəsinin 1-ci bəndinə əsasən şəxs bu Məcəllənin 72-73-2 və 74-1-ci maddələrində nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətindən yalnız bir dəfə azad edilir. Azərbaycan Respublikası CM-nin 73.1-ci maddəsinə əsasən böyük ictimai təhlükə törətməyən cinayət törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı ödədikdə və ya vurulmuş zərəri aradan qaldırdıqda cinayət məsuliyyətindən azad edilə bilər. Azərbaycan Respublikası CM-nin 73.2-ci maddəsinə əsasən bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Məhkəmə hesab edir ki, hazırki işdə Azərbaycan Respublikası CM-nin 73.2-ci maddəsi tətbiq edilərək, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 127.1-ci maddəsilə cinayət məsuliyyətindən azad edilməli və onun barəsində Azərbaycan Respublikası CMnin 127.1-ci maddəsilə olan cinayət təqibinə xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası CPM) 37.4-cü maddəsinə görə ictimai-xüsusi ittiham qaydasında cinayət təqibinə Azərbaycan Respublikası CM-nin 73-cü maddəsində nəzərdə tutulmuş hallardan başqa, zərərçəkmiş şəxslə təqsirləndirilən şəxsin barışması ilə əlaqədar xitam verilə bilməz. Azərbaycan Respublikası CPM-nin 39.1.8-ci maddəsinə əsasən zərərçəkmiş şəxsin şikayəti olmadıqda (cinayət təqibi xüsusi ittiham qaydasında həyata keçirildikdə, habelə cinayət təqibinin başlanmasına prokurorun təşəbbüsü olmadığı halda cinayət təqibi ictimai-xüsusi ittiham qaydasında həyata keçirildikdə) cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). Azərbaycan Respublikası CPM-nin 40.3-cü maddəsinə əsasən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72.2-ci, 73.2-ci, 73.3-cü, 73-1.1-ci və 73-1.2-ci maddələrində, habelə Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmır və ya ona xitam verilir. Azərbaycan Respublikası CPM-nin 40.2.2-ci maddəsinə əsasən şəxs zərərçəkmiş şəxslə barışdıqda, onun haqqında cinayət təqibinə xitam verilə bilər. Azərbaycan Respublikası CPM-nin 41.3-cü maddəsinə əsasən dövlət ittihamçısı məhkəmədə cinayət təqibini istisna edənvə bu Məcəllənin 40.3-cü və 40.4-cü maddələrində göstərilən cinayət təqibinin həyata keçirilməməsinə imkan verən halları aşkar edərsə, təqsirləndirilən şəxs barəsində cinayət təqibindən imtina edilməsini bildirməlidir. Dövlət ittihamçısı bəraətverici əsaslar olmadıqda təqsirləndirilən şəxs barəsində ittihamdan müdafiə tərəfinin razılığı ilə imtina edir. Xüsusi ittihamçı ittihamı müdafiə etməkdə davam edərsə, təqsirləndirilən şəxsin cinayət təqibindən imtina edilməsi barədə dövlət ittihamçısının mövqeyi cinayət işinə və ya cinayət təqibi ilə bağlı digər materiala məhkəmədə baxılmasının davam etdirilməsinə mane olmur. Azərbaycan Respublikası CPM-nin 41.6-cı maddəsinə əsasən dövlət ittihamçısı bu Məcəllənin 40.2-ci maddəsində göstərilən cinayət təqibinin həyata keçirilməməsinə imkan verən halları məhkəmədə aşkar edərsə, təqsirləndirilən şəxsin barəsində cinayət təqibindən imtina edilməsini bildirməyə haqlıdır. Dövlət ittihamçısının cinayət təqibindən imtina etməsi barədə mövqeyi xüsusi ittihamçının təqsirləndirilən şəxsin barəsində cinayət təqibini davam etdirməsinə mane olmur. Azərbaycan Respublikası CPM-nin 43.1-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı aşağıdakı hallarda çıxarılır: 43.1.1. dövlət ittihamçısı və xüsusi ittihamçı cinayət təqibindən imtina etdikdə;43.1.2. Bu Məcəllənin 39.1.4, 39.1.6–39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda. Azərbaycan Respublikası CPM-nin 43.3-cü maddəsinə əsasən məhkəmə baxışının gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə, həmçinin bu Məcəllənin 39.1.3, 39.1.12 və 40.2-ci maddələrində nəzərdə tutulmuş hallarda müdafiə tərəfinin razılığı ilə xitam verilməsi barədə məhkəmə qərar çıxarmağa haqlıdır. «Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 37.4, 39.1.9, 40.2 və 41.7-ci maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 15 iyul 2011-ci il tarixli qərarında göstərilir ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 37.4-cü maddəsinin tələblərinə görə, həmin Məcəllənin 37.3-cü maddəsində sadalanan ilk dəfə böyük ictimai təhlükə törətməyən cinayət törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı ödədikdə və ya vurulmuş zərəri aradan qaldırdıqda ictimai-xüsusi ittiham qaydasında cinayət təqibinə xitam verilə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72-ci maddəsinin “Qeyd” hissəsinin 1-ci bəndinin “cinayət məsuliyyətindən yalnız bir dəfə azad edilməsi ilə bağlı müddəasının şərh edilməsinə dair» 28 dekabr 2022-ci il tarixli qərarında göstərilir ki, 1. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72-ci maddəsinin “Qeyd” hissəsinin 1-ci bəndinə əsasən, şəxs həmin Məcəllənin 72–73-2 və 74-1-ci maddələri üzrə ümumilikdə yalnız bir dəfə cinayət məsuliyyətindən azad edilə bilər; Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72-ci maddəsinin “Qeyd” hissəsinin 1-ci bəndinə uyğun olaraq cinayət məsuliyyətindən bir dəfə azad edilmiş şəxs tərəfindən yenidən cinayət törədildiyi təqdirdə, onun cinayət məsuliyyətindən azad edilmə üçün zəruri olan hərəkətləri icra etməsi Məcəllənin 59-cu maddəsinə müvafiq olaraq cəzanı yüngülləşdirən hallar kimi nəzərə alına bilər; 2. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72-ci maddəsinin “Qeyd” hissəsinin 1-ci bəndi həmin Məcəllənin 72–73-2 və 74-1-ci maddələri ilə cinayət məsuliyyətindən azad edilmiş şəxsin məsuliyyətdən azad edilənədək törətmiş olduğu digər cinayət əməlinə görə cinayət məsuliyyətindən azad olunmasının mümkünlüyünü istisna etmir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CM-nin 73.2-ci maddəsi tətbiq edilməklə Təqsirləndirilən şəxs ilk dəfə Azərbaycan Respublikası CM-nin 127.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməli törətdiyinə, zərərçəkmiş şəxslə barışdığına və zərərçəkmiş şəxsə dəymiş ziyanı tamamilə ödədiyinə görə cinayət məsuliyyətindən azad edilməklə barəsində olan hazırki məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə icraata xitam verilməlidir. İş materiallarından həmçinin görünür ki, Balakən rayon Vəkil Bürosunun vəkili Müdafiəçi, işin məhkəmə icraatı zamanı Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsinə 10 iş saatı sərf etmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 3 may 2018-ci il tarixli, 202 №li qərarı əsasında «Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında» Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli, 11 №-li qərarına edilmiş dəyişikliyə uyğun olaraq, təqsirləndirilən şəxslərin hüquqlarını müdafiə etmələrinə görə müdafiəçilərə hər iş saatı üçün 6 manat məbləğində haqq ödənilməlidir. Azərbaycan Respublikası CPM-nin 193.2 və 193.4-cü maddələrinə əsasən müdafiəçinin hüquqi yardımının ödənilməsi Azərbaycan Respublikasının Dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Ona görə də məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs göstərilən hüquqi yardımla bağlı Balakən rayon Vəkil Bürosunun vəkili Müdafiəçi ödənilməsi üçün Azərbaycan Respublikası Dövlət büdcəsinin hesabından 60 manat Balakən rayon Vəkil Bürosunun nəfinə, «KAPİTALBANK» X1 Rekvizitləri: VÖEN **********, kod 201382, Müxbir hesab AZ37NABZ******************** hesabına köçürülməlidir. İş üzrə mülki iddia,maddi sübut və məhkəmə məsrəfləri yoxdur. Qeyd olunanları nəzərə alaraq, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsini və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 40.2, 43.1.2, 43.3, 321, 344-347, 356 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1-ci maddəsilə təqsirləndirilməsinə dair olan məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1-ci maddəsilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə icraata xitam verilsin. Təqsirləndirilən şəxs göstərilən hüquqi yardımla bağlı Balakən rayon Vəkil Bürosunun vəkili Müdafiəçi ödənilməsi üçün Azərbaycan Respublikası Dövlət büdcəsinin hesabından 60 manat Balakən rayon Vəkil Bürosunun nəfinə, «KAPİTALBANK» X1 Rekvizitləri: VÖEN **********, kod 201382, Müxbir hesab AZ37NABZ******************** hesabına köçürülsün. Qərardan 20 (iyirmi) gün müddətində Balakən Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Sədrlik edən:Zamin Tahirov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar