Məhkəmə qərarları › İş №1(019)-58/2023

Balakən Rayon Məhkəməsi Hökm — İş №1(019)-58/2023

26.04.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Balakən Rayonu İş № 1(019)-58/2023 26.04.2023 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Səlimov Hümbət Qamuna oğlunun sədrliyi, məhkəmə iclas katibi X1 katibliyi, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Birinci instansiya məhkəmələrində DİMÜŞ-nin prokuroru vəzifəsini icra edən , İİ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, müdafiəçi-Balakən Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs(İskandarov Kamilin) iştirakları ilə TƏQSİRLƏNDİRİLƏN ŞƏXS- xx xxxxxx 1993-cü il tarixdə Gürcüstanın Laqodexi rayonunun Qabal kəndinin Qaracalar yaşayış məntəqəsində anadan olmuş,Gürcüstan vətəndaşı, subay,ibtidai təhsilli, işləməyən, Balakən Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Şəki Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarı ilə 02 ay 24 gün müddətində vaxtından əvvəl şərti azad edilmiş, məhkumluğu ödənilməmiş, Gürcüstanın Laqodexi rayonu Qabal kəndinin Qaracalar yaşayış məntəqəsində qeydiyyatda olan, ünvan 1ində yaşayan və barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs (İskandarov Kamil) Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Təqsirləndirilən şəxs (İskandarov Kamil) 2022-ci ilin avqust ayının əvvəllərində ünvan 1i ərazisindən keçən çayın kənarında aşkar etdiyi 01 ədəd yabanı halda bitmiş narkotik tərkibli çətənə (kannabis) bitkisinin yararlı hissələrini yığıb qurudaraq qəsdən, satış məqsədi olmadan, qanunsuz olaraq, öz şəxsi istifadəsi məqsədi ilə əldə etdiyi 01 ədəd qara rəngli sellofan torbanın içərisindəki şəxsi istehlak miqdarından artıq miqdarda, yəni təmiz çəkisi 355 qram tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananı şəxsi istifadəsi məqsədi ilə üzərində daşıyaraq ünvan 1ində yaşadığı evin qarşısındakı küçədə kolluğun içərisində, xx.xx.2023-cü il tarixdən etibarən isə əynindəki göy rəngli cins şalvarın ön içəri hissəsində daşıyaraq üzərində saxlamışdır. 21 fevral 2023-cü il tarixdə Balakən RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş tədbirlər nəticəsində Təqsirləndirilən şəxs (İskandarov Kamil) Rayon Polis Şöbəsinə dəvət edilib şübhəli şəxs qismində tutulduqdan sonra həmin tarixdə saat 22:45-dən saat 23:15-dək üzərində şəxsi axtarış aparılan zaman onun qəsdən, satış məqsədi olmadan, qanunsuz olaraq, əldə edib daşıyaraq üzərində saxladığı, 01 ədəd qara rəngli sellofan torbanın içərisindəki şəxsi istehlak miqdarından artıq miqdarda, yəni təmiz çəkisi 355 qram tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana əynindəki göy rəngli cins şalvarın ön içəri hissəsindən aşkar olunaraq götürülmüşdür. Təqsirləndirilən şəxs (İskandarov Kamilin) həmin cinayət əməlini törətməsi məhkəmə iclasında özünün etirafedici ifadəsi, şahidlərin ifadələri və məhkəmə iclasında tədqiq olunan digər sübutlarla aşağıdakı qaydada tam sübuta yetirildi. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs (İskandarov Kamil) ona Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək göstərdi ki, xx xxxxxx 1993-cü ildə Gürcüstanda anadan olmuş, 2003-cü ildən ailəsi ilə birlikdə Balakən rayonunda yaşayır. 2015-ci ildə Balakən rayonu Katex kənd sakini X7 ilə rəsmi nikah bağlamadan ailə qurmuş və o ünvan 1ində yaşayır. Həmin evlilikdən onların 2014-cü il təvəllüdlü X3 və 2016-cı il təvəllüdlü X11 adlı övladları olmuşdur. Gürcüstan vətəndaşı olduğu üçün X7 ilə rəsmi nikah bağlaya bilməmişdir. 2018-ci ildə arvadı X7 ilə ayrılmışdır. Bundan sonra isə övladları onun himayəsində olmaqla onunla birlikdə yaşayırlar. O, Azərbaycan dilində oxuya bilsə də, yazmağı bacarmır. Balakən Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Şəki Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarı ilə 02 ay 24 gün müddətində vaxtından əvvəl cəzasından şərti azad edilmişdir. Təxminən bir neçə ildir ki, narkotik vasitədən istifadə edir. 2022-ci ilin avqust ayının əvvəllərində o, yaşadığı evdən çıxıb günorta saatlarında yol ilə piyada Sarıbulaq kəndi ərazisindən keçən çaya balıq tutmaq üçün getmişdir. Çayın kənarında olduğu zaman kolluğun içərisində 1 ədəd yabanı halda bitən və qurumuş halda narkotik tərkibli çətənə bitkisinin olduğunu görmüşdür. Narkotik vasitə istifadə etdiyi üçün həmin bitkinin üzərindən yığaraq istifadə etmək qərarına gəlmişdir. Buna görə də həmin bitkinin üzərindən yararlı hissələrini yığmış və həmin yerdə daşın üzərinə sərib qurutmuşdur.Daha sonra həmin narkotik vasitəni paltarının ciblərinə doldurmuşdur. Həmin yerdəki 1 ədəd yabanı halda bitən çətənə bitkisinin qalan hissələrini isə məhv edərək çaya atmışdır. Bundan sonra o, həmin narkotiki yaşadığı evə gətirib bir hissəsini bir ədəd qara rəngli sellofan torbaya doldurub yaşadığı evin qarşısında yol tərəfdə kolluğun içərisində gizlədərək saxlamış, qalan hissəsini isə istifadə etmişdir. Həmçinin kolluğun içərisində saxladığı həmin narkotik vasitədən bir neçə dəfə istifadə etmişdir. Sonuncu dəfə isə 20 fevral 2023-cü il tarixdə saat təxminən 21 radələrində həmin narkotik vasitə olan bir ədəd qara rəngli sellofan torbanı götürüb başqa yerdə gizlətmək və bir azda götürüb istifadə etmək məqsədilə əynində olan göy rəngli cins şalvarın ön içəri hissəsinə qoyub üzərində saxlamışdır. Yaşadığı Sarıbulaq kəndi ərazisində olduğu zaman mülki geyimli şəxslər ona yaxınlaşaraq özlərini təqdim etmiş, Balakən RPŞ-nin əməkdaşları olduqlarını bildirmişlər və üzərində qanunsuz olaraq narkotik vasitə saxlamaqda və daşımaqda şübhəli olduğunu deyərək onu Balakən RPŞ-nin Qabalçöl PB-nə dəvət etmişlər. O da polis əməkdaşları ilə razılaşaraq Qabaqçöl PB-nə gəlmişdir. Polis Şöbəsində xidməti otaqların birində Təhqiqat Bölməsinin təhqiqatçısı Qasım Hüseynov tərəfindən ona Balakən rayon Vəkillər Bürosunun siyahısı təqdim edilmiş, daha sonra onun vəkillər siyahısından seçdiyi müdafiəçi Muradov X6 PB-nə dəvət olunmuş və bundan sonra o, şübhəli şəxs qismində tutulmuşdur. Müdafiəçinin və polis əməkdaşlarının iştirakları ilə təhqiqatçı tərəfindən ona hüquq və vəzifələri izah edildikdən sonra üzərində şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış zamanı təhqiqatçı tərəfindən ona üzərində hər hansı qeyri-qanuni əşya, predmet, narkotik vasitə olub-olmaması barədə sual verilmiş, həmin vaxt o, əynindəki göy rəngli cins şalvarın ön içəri hissəsində saxladığı, bir ədəd qara rəngli sellofan torbanın içərisindəki narkotik vasitə marixuananı çıxarıb masanın üzərinə qoymaqla polis əməkdaşlarına təqdim etmişdir. Bundan başqa şəxsi axtarış zamanı onun üzərindən digər hər hansı bir qeyri-qanuni əşya və ya predmet aşkar edilməmişdir. Daha sonra onun təqdim etdiyi 01 ədəd qara rəngli sellofan torba təhqiqatçı tərəfindən açılaraq içərisinə baxılmış, ona həmin sellofan torbanın içərisindəkinin nə olması barədə sual verilmiş, o da sellofan torbanın içərisindəki kütlənin narkotik vasitə qurudulmuş marixuana olduğunu bildirmişdir. Bundan sonra təqdim etdiyi 01 ədəd qara rəngli sellofan torbanın içərisindəki narkotik vasitə sellofan torba ilə birlikdə təhqiqatçı tərəfindən elektron tərəzidə ölçülmüş və ümumi çəkisi 364 qram təşkil etmişdir. Həmin 01 ədəd qara rəngli sellofan torba içərisindəki narkotik vasitə ilə birlikdə təhqiqatçı tərəfindən 01 ədəd ağ rəngli kağız zərfə qoyulub qablaşdırılmış, zərf möhürlənmiş və üzəri bütün iştirakçılar tərəfindən imzalanaraq götürülmüşdür. Sonda şəxsi axtarış aparılması barədə protokol tərtib edilərək bütün iştirakçılar tərəfindən imzalanmışdır. Şəxsi axtarış bir polis əməkdaşı tərəfindən videokamera vasitəsi ilə fasiləsiz olaraq lentə alınmışdır. Məhkəmə bioloji ekspertizasının 21 fevral 2023-cü il tarixli 17/201 nömrəli rəyi ilə tanış olduqdan sonra ona məlum olmuşdur ki, şəxsi axtarış zamanı üzərindən aşkar edilərək götürülmüş, yəni 01 ədəd qara rəngli sellofan torbanın içərisində olan kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananın təmiz çəkisi 355 qramdır.Əməlindən peşimandır.Gələcəkdə belə hallara yol verməyəcəkdir. Ona yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 göstərmişdir ki, Balakən RPŞnin Qabaqçöl PB-nin əməliyyat müvəkkili vəzifəsində çalışır və polis leytenantı rütbəsini daşıyır. 20 fevral 2023-cü il tarixdə Gürcüstanın Laqodexi rayonu Qabal kəndinin Qaracalar yaşayış məntəqəsində qeydiyyatda olmaqla müvəqqəti olaraq ünvan 1ində yaşayan Təqsirləndirilən şəxs (İskandarov Kamilin) qanunsuz olaraq üzərində narkotik vasitə saxlamaqda və daşımaqda şübhəli olması barədə əməliyyat məlumatı daxil olmuşdur. Daha sonra daxil olmuş məlumat tərəfindən raportla Balakən RPŞ-nin Qabaqçöl PB-nin rəhbərliyinə məruzə olunmuş və həmin məlumatın yoxlanılması, yəni Təqsirləndirilən şəxs cinayət əməlinin ifşa olunması məqsədi ilə Balakən RPŞ-nin Qabaqçöl PB-nin əməkdaşları ilə birlikdə tərəflərindən keçirilən əməliyyat tədbiri zamanı həmin tarixdə saat təxminən 22 radələrində Təqsirləndirilən şəxs (İskandarov Kamil) ünvan 1i ərazisində saxlanılmış və dəvət olunaraq Balakən RPŞ-nin Qabaqçöl PB-nə gətirilmişdir. Təqsirləndirilən şəxs (İskandarov Kamil) onlarla birlikdə Qabaqçöl PB-nə gəldikdən sonra əvvəlcə Təhqiqat Bölməsinin təhqiqatçısı, polis baş leytenantı Qasım Hüseynov tərəfindən təqdim edilmiş vəkillər siyahısından seçdiyi vəkil Muradov X6 PB-nə dəvət olunmuş və bundan sonra Təqsirləndirilən şəxs (İskandarov Kamil) şübhəli şəxs qismində tutulmuşdur. Daha sonra müdafiəçinin və polis əməkdaşlarının iştirakları ilə təhqiqatçı Qasım Hüseynov tərəfindən Təqsirləndirilən şəxs(İskandarov Kamilin) üzərində şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış zamanı əvvəlcə təhqiqatçı Qasım Hüseynov tərəfindən şübhəli şəxs Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah olunmuş və üzərində hər hansı qanunsuz əşya, predmet, narkotik vasitə olub-olmaması barədə sual verilmişdir. Bu zaman şübhəli şəxs Təqsirləndirilən şəxs əynindəki göy rəngli cins şalvarın ön iç hissəsindən 01 ədəd sellofan torba çıxarıb masanın üzərinə qoymuşdur. Şəxsi axtarış zamanı şübhəli şəxs Təqsirləndirilən şəxs üzərindən digər hər hansı bir qeyriqanuni əşya və ya predmet aşkar edilməmişdir. Daha sonra şübhəli şəxs Təqsirləndirilən şəxs (İskandarov Kamilin) təqdim etdiyi sellofan torba təhqiqatçı Qasım Hüseynov tərəfindən açılan zaman içərisində tünd yaşıl rəngli spesifik iyə malik narkotik vasitə olan qurudulmuş marixuanaya oxşar bitki kütləsi aşkar edilmişdir. Daha sonra şübhəli şəxs Təqsirləndirilən şəxs təqdim etdiyi 01 ədəd sellofan torba təhqiqatçı tərəfindən elektron tərəzidə ölçülmüş və ümumi çəkisi 364 qram təşkil etmişdir. Həmin sellofan torba təhqiqatçı Qasım Hüseynov tərəfindən 01 ədəd ağ rəngli kağız zərfə qoyulub qablaşdırılmış, zərf möhürlənmiş və üzəri bütün iştirakçılar tərəfindən imzalanaraq götürülmüşdür. Sonda şəxsi axtarış aparılması barədə protokol tərtib edilmiş və bütün iştirakçılar tərəfindən imzalanmışdır. Şəxsi axtarış Balakən RPŞ-nin PPXB-nin polis nəfəri Arif Ağcayev tərəfindən videokamera vasitəsi ilə fasiləsiz olaraq lentə alınmışdır. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdarlıq olunmasına baxmayaraq,iş üzrə şahid- Şahid2 məhkəmə iclasına gəlməmişdir. Balakən Rayon Polis Şöbəsinin 26 aprel 2023-cü il tarixli 3-13-66/2-886/2023 nömrəli məktubundan görünür ki, Balakən RPŞ-nin Qabalçöl PB-nin TH-nin kiçik inspektoru polis serjantı Şahid2 məzuniyyətdə olduğu üçün məhkəmə iclasında iştirakının təmin edilməsi mümkün deyildir.Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 317.1-ci maddəsinə əsasən bu Məcəllənin 226.1-226.3-cü maddələrinin müddəalarına uyğun olaraq məhkəmə iclasına çağırılmış şahid, ekspert və mütəxəssisdən hər hansı biri məhkəmə iclasına gəlmədikdə, məhkəmə növbə ilə cinayət prosesi tərəflərindən hər birinin fikrini dinlədikdən sonra məhkəmə baxışının davam etdirilməsi və ya onun təxirə salınması haqqında qərar çıxarır. Göstərilən şəxslərdən hər hansı birinin gəlməməsi cinayət təqibi ilə bağlı olan bütün halların hərtərəfli, tam və obyektiv tədqiq edilməsinə mane olmadıqda məhkəmə baxışı davam etdirilə bilər. Azərbaycan Respublikası CPM-nin 329.1-ci maddəsinə əsasən şahid tərəfindən məhkəməyədək icraat, davam edən məhkəmə baxışı zamanı əvvəllər keçirilmiş məhkəmə iclasında və ya cari məhkəmə iclasında verilmiş ifadələrin şahidin məhkəmə iclasında iştirakı olmadan elan edilməsinə, habelə həmin ifadələrin audio yazısının səsləndirilməsinə, video və kino çəkilişinin göstərilməsinə yalnız şahidin məhkəmə baxışına gəlməsini istisna edən səbəblərə görə, həmçinin bu Məcəllənin 327.1-ci maddəsində nəzərdə tutulmuş digər hallarda yol verilir. Məhkəmə, yuxarıda göstərilən qanun normalarına istinad edib, ittiham və müdafiə tərəflərinin razılığını nəzərə alaraq, hazırki iş üzrə Şahid2 ibtidai istintaqda şahid qismində verdiyi ifadəsinin elan olunmasını zəruri hesab edir. Məhkəmə iclasında ifadəsi elan olunmaqla tədqiq edilmiş Şahid2 ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, Balakən RPŞ-nin Qabalçöl PB-nin TH-nin sürücüsü işləyir. 20 fevral 2023-cü il tarixdə Gürcüstanın Laqodexi rayonu Qabal kəndinin Qaracalar yaşayış məntəqəsində qeydiyyatda olmaqla müvəqqəti olaraq ünvan 1ində yaşayan Təqsirləndirilən şəxs (İskandarov Kamilin) qanunsuz olaraq üzərində narkotik vasitə saxlamaqda və daşımaqda şübhəli olması barədə əməliyyat məlumatı daxil olmuşdur. Daxil olmuş məlumat əməliyyat müvəkkili Şahid1 tərəfindən raportla Balakən RPŞ-nin Qabaqçöl PB-nin rəhbərliyinə məruzə olunmuş və həmin məlumatın yoxlanılması, yəni Təqsirləndirilən şəxs(İskandarov Kamil) cinayət əməlinin ifşa olunması məqsədi ilə birlikdə tərəflərindən keçirilən əməliyyat tədbiri zamanı həmin tarixdə saat təxminən 22 radələrində Təqsirləndirilən şəxs (İskandarov Kamil) ünvan 1i ərazisində saxlanılmış və dəvət olunaraq Balakən RPŞ-nin Qabaqçöl PB-nə gətirilmişdir. Təqsirləndirilən şəxs (İskandarov Kamil) onlarla birlikdə Qabaqçöl PB-nə gəldikdən sonra əvvəlcə Təhqiqat Bölməsinin təhqiqatçısı, polis baş leytenantı Qasım Hüseynov tərəfindən təqdim edilmiş vəkillər siyahısından seçdiyi vəkil Muradov X6 PB-nə dəvət olunmuş və bundan sonra Təqsirləndirilən şəxs (İskandarov Kamil) şübhəli şəxs qismində tutulmuşdur. Daha sonra müdafiəçinin və polis əməkdaşlarının iştirakları ilə təhqiqatçı Qasım Hüseynov tərəfindən Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış zamanı əvvəlcə təhqiqatçı Qasım Hüseynov tərəfindən şübhəli şəxs Təqsirləndirilən şəxs(İskandarov Kamilə) hüquq və vəzifələri izah olunmuş və üzərində hər hansı qanunsuz əşya, predmet, narkotik vasitə olub-olmaması barədə sual verilmişdir. Bu zaman şübhəli şəxs Təqsirləndirilən şəxs (İskandarov Kamil) əynindəki göy rəngli cins şalvarın ön iç hissəsindən 01 ədəd sellofan torba çıxarıb masanın üzərinə qoymuşdur. Şəxsi axtarış zamanı şübhəli şəxs Təqsirləndirilən şəxs üzərindən digər hər hansı bir qeyri-qanuni əşya və ya predmet aşkar edilməmişdir. Daha sonra şübhəli şəxs Təqsirləndirilən şəxs (İskandarov Kamilin) təqdim etdiyi sellofan torba təhqiqatçı Qasım Hüseynov tərəfindən açılan zaman içərisində tünd yaşıl rəngli spesifik iyə malik narkotik vasitə olan qurudulmuş marixuanaya oxşar bitki kütləsi aşkar edilmişdir.Daha sonra şübhəli şəxs Təqsirləndirilən şəxs (İskandarov Kamilin) təqdim etdiyi 01 ədəd sellofan torba təhqiqatçı tərəfindən elektron tərəzidə ölçülmüş və ümumi çəkisi 364 qram təşkil etmişdir. Həmin sellofan torba təhqiqatçı Qasım Hüseynov tərəfindən 01 ədəd ağ rəngli kağız zərfə qoyulub qablaşdırılmış, zərf möhürlənmiş və üzəri bütün iştirakçılar tərəfindən imzalanaraq götürülmüşdür. Sonda şəxsi axtarış aparılması barədə protokol tərtib edilmiş və bütün iştirakçılar tərəfindən imzalanmışdır. Şəxsi axtarış Balakən RPŞ-nin PPXB-nin polis nəfəri Arif Ağcayev tərəfindən videokamera vasitəsi ilə fasiləsiz olaraq lentə alınmışdır. İşin 22-24-cü vərəqələrində olan və məhkəmə iclasında elan edilməklə tədqiq edilmiş 20 fevral 2023-cü il tarixli “şübhəli şəxsin üzərində şəxsi axtarış aparılması barədə” protokoldan görünür ki, xx.xx.2023-cü il tarixdə Gürcüstanın Laqodexi rayonu Qabal kəndinin Qaracalar yaşayış məntəqəsində qeydiyyatda olmaqla, müvəqqəti olaraq ünvan 1ində yaşayan Təqsirləndirilən şəxs(İskandarov Kamilin) üzərində qanunsuz olaraq narkotik vasitə saxlaması və daşıması barədə daxil məlumat əsasında xx.xx.2023-cü il tarixdə saat 22:45-dən 23:15-dək olan müddətdə şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs(İskandarov Kamilin) üzərində şəxsi axtarış aparılmış, şəxsi axtarış zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs (İskandarov Kamilin) əynində ağ rəngli qış köynəyi, göy rəngli cins şalvar və qara rəngli idman ayaqqabısı olmuşdur. Təqsirləndirilən şəxs (İskandarov Kamilin) üzərinə şəxsi axtarış keçirilməmişdən əvvəl üzərində hər-hansı qeyri-qanuni əşya və predmet, həmçinin narkotik vasitə olubolmaması barədə sual verilmiş, Təqsirləndirilən şəxs (İskandarov Kamil) da əynində olan göy rəngli cins şalvarın iç hissəsindən 1 ədəd qara torba çıxarıb təqdim etmişdir. Daha sonra Təqsirləndirilən şəxs (İskandarov Kamilə) təqdim etdiyi qara rəngli 1 ədəd torbanın içərisində nə olması barədə sual verilmiş, Təqsirləndirilən şəxs (İskandarov Kamil) da həmin bağlamanın içərisində narkotik vasitə marixuana olduğunu bildirmişdir. Bundan sonra həmin bağlama açılmış və içərisində tünd yaşıl rəngli spesifik qoxuya malik qurudulmuş narkotik vasitə marixuanaya bənzər kütlə olması müəyyən edilmişdir. Aşkar olunmuş torbadakı narkotik vasitə marixuanaya bənzər kütlə elektron tərəzi vasitəsi ilə ölçülmüş və çəkisi 364 qram təşkil etmişdir. Bundan sonra isə içərisində narkotik vasitə marixuanaya bənzər kütlə qara rəngli torba ilə birlikdə 1 ədəd ağ rəngli zərfdə qablaşdırılmış, zərf möhürlənmiş və iş üçün sübut əhəmiyyətinə malik olduğuna görə zərfin üzəri bütün iştirakçılar tərəfindən imzalanmış və maddi sübut kimi götürülmüşdür. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs (İskandarov Kamilin) üzərindən başqa hər hansı bir qanunsuz predmet və əşya aşkar edilməmişdir. Həmçinin şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs (İskandarov Kamilə) həmin torbadakı narkotik vasitə marixuanaya bənzər kütləni haradan əldə etməsi barədə sual verilmiş, Təqsirləndirilən şəxs (İskandarov Kamil) da həmin torbadakı narkotik vasitə marixuanaya bənzər kütləni 6-7 ay əvvəl ünvan 1 istiqamətində olan çay kənarından tapdığını bildirmişdir. Həmçinin də həmin narkotik vasitədən özü istifadə etdiyini, digər şəxs və ya şəxslərə satmadığını bildirmişdir. Şəxsi axtarış Panasonic markalı videokamera vasitəsi ilə qeydə alınmış, qeydə alınmış videogörüntülər bir ədəd DVD diskə köçürülərək protokola əlavə edilmişdir. Tərtib olunmuş protokol iştirakçılara ucadan oxunmuş, əlavə hər hansı şikayət və vəsatət daxil olmadığından doğruluğu imzalarla təsdiq edilmişdir. Şəxsi axtarış zamanı qeydə alınmış videogörüntünün əks olunduğu DVD markalı diskə məhkəmə istintaqı zamanı baxış keçirilərkən, protokolda qeyd edilənlərin düzgünlüyü müəyyən edilmişdir İşin 32-33-cü vərəqələrində olan və məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş Azərbaycan Respublikası ƏN-nin MEM-nin Şəki Regional bölməsindən alınmış 21 fevral 2023-cü il tarixli 17/201 nömrəli ekspert rəyində göstərilmişdir: Tədqiqata təqdim olunmuş, üzərində "Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş narkotik vasitəyə bənzər kütlə.." sözləri, adlar və imzalar yazılmış zərfin içərisindəki 01 (bir) qara rəngli torbada, təmiz çəkisi- 355 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Qurudulmuş marixuana 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr siyahısı”na daxildir. (İ siyahı) Qeyd: 1) Marixuananın təmiz çəkisi -355,00 qr,. tədqiqata sərf edildi-0,10 qr, qalıq- 354,90 qr. İşin 116-cı vərəqəsində olan və məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş Gəncə şəhər ambulator məhkəmə-narkoloji ekspertizasının 06 mart 2023-cü il tarixli 399 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs (İskandarov Kamil) narkotik vasitələrdən istifadə edir.Narkotik vasitə olan kannabinoidlərdən istifadə nəticəsində narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. İşin 15-ci vərəqəsində olan və məhkəmə iclasında elan olunmaqla tədqiq olunmuş 20 fevral 2023-cü il tarixli “şübhəli şəxsin tutma” protokolundan görünür ki, 20 fevral 2023-cü ildə saat 22:30-da Təqsirləndirilən şəxs (İskandarov Kamil) Azərbaycan Respublikası CMnin 234.1 maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuş və Balakən RPŞ-nin MSY-də saxlanılmışdır. İşin 81-84-cü vərəqələrində olan Balakən Rayon Məhkəməsinin 22 fevral 2023-cü il tarixli 4(005)-17/2023 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs (İskandarov Kamil) barəsində 03 ay müddətə həbs qətimkan tədbiri seçilmişdir. Həbs müddətinin əvvəli 20 fevral 2023-cü il tarixdən hesablanmışdır. İşin 118-ci vərəqəsində olan və məhkəmə iclasında elan olunmaqla tədqiq olunmuş Balakən rayon İHB-nin Sarıbulaq kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi tərəfindən verilmiş 13 mart 2023-cü il tarixli 66 nömrəli arayışdan görünür ki, Təqsirləndirilən şəxs (İskandarov Kamil) ünvan 1i ünvanında yaşayır. İşin 119-cu vərəqəsində olan və məhkəmə iclasında elan olunmaqla tədqiq olunmuş Balakən rayon İHB-nin Sarıbulaq kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi tərəfindən verilmiş 13 mart 2023-cü il tarixli 67 nömrəli arayışdan görünür ki, Təqsirləndirilən şəxs (İskandarov Kamilin) himayəsində işləməyən anası, 2014-cü il təvəllüdlü oğlu Kənan və 2016-cı il təvəllüdlü oğlu Sənan vardır. İşin 120-ci vərəqəsində olan və məhkəmə iclasında elan olunmaqla tədqiq olunmuş Balakən rayon İHB-in Sarıbulaq kənd inzibati ərazi dairəsi tərəfindən verilmiş xasiyyətnamədə Təqsirləndirilən şəxs(İskandarov Kamil) yaşayış yeri üzrə müsbət xarakterizə olunur, barəsində nümayəndəliyə heç bir şikayət daxil olmadığı göstərilir. İşin 114-115-ci vərəqələrində olan və məhkəmə iclasında elan olunmaqla tədqiq olunmuş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi BƏSİİ tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs (İskandarov Kamil) Balakən Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib 01 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Şəki Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarı ilə 02 ay 24 gün vaxtından əvvəl şərti azad edilmiş, xx.xx.2021-ci ildə cəza müddəti başa çatmışdır. İşin 89-97-ci vərəqələrində olan və məhkəmə iclasında elan olunmaqla tədqiq olunmuş Balakən Rayon Məhkəməsinin 01 dekabr 2020-ci il tarixli 1(019)-74/2020 nömrəli hökmünün surətindən görünür ki, Təqsirləndirilən şəxs (İskandarov Kamil) Balakən Rayon Məhkəməsininin 01 dekabr 2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib 01 (bir) müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. İşin 105-107-ci vərəqələrində olan və məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş Şəki Rayon Məhkəməsinin 26 may 2021-ci il tarixli 7(075)-103/2021 nömrəli qərarından görünür ki, həmin qərarla məhkum Təqsirləndirilən şəxs (İskandarov Kamilin) ərizəsi təmin edilmiş, məhkum X4 (İskandarov Kamil) cəzadan şərti olaraq 02 (iki) ay 24 (iyirmi dörd) gün vaxtından əvvəl azad edilmişdir. İşin 123-cü vərəqəsində olan və məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş Balakən rayon Qeydiyyat Şöbəsi tərəfindən xx.xx.2021-ci il tarixdə verilmiş AZ-İV seriyalı 616599 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X5 xx.xx.2016cı ildə anadan olmuş, atası Təqsirləndirilən şəxs , anası X7 qeyd edilmişdir. İşin 124-cü vərəqəsində olan və məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş Balakən rayon Qeydiyyat Şöbəsi tərəfindən xx.xx.2021-ci il tarixdə verilmiş AZ-İV seriyalı 616600 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X3 xx.xx.2014cü ildə anadan olmuş, atası Təqsirləndirilən şəxs , anası X7 qeyd edilmişdir. Məhkəmə iş üzrə şahidlər- Şahid1 və Şahid2 ifadələrini, ekspertiza rəylərini, məhkəmə və ibtidai istintaq hərəkətlərinin protokollarını və sair sənədləri tam, hərtərəfli və obyektiv yoxlayıb, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliliyi üzrə qiymətləndirib, həmin sübutları inandırıcı, məntiqli olduqları, ziddiyyət təşkil etmədikləri, əksinə bir-biri ilə uyğun şəkildə işin faktiki hallarını təsdiq etdikləri üçün mötəbər sübutlar kimi qəbul edir. Məhkəmə, eyni zamanda Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 126.6-cı maddəsinin tələbinə əsasən Təqsirləndirilən şəxs (İskandarov Kamilin) ittiham olunduğu əməldə öz təqsirini etiraf etməsini iş üzrə bütün sübutların məcmuyu ilə təsdiq edildiyi üçün ona qarşı ittihamı təsdiq edən əsas kimi qəbul edir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 346-cı maddəsinin tələbinə uyğun olaraq təqsirləndirilən şəxsin əməlinin hüquqi tövsifi məsələsinə baxaraq qeyd edir ki, məhkəmə iclasında tədqiq olunmuş mümkün və mötəbər sübutların məcmuyu ilə müəyyən edildi ki, Təqsirləndirilən şəxs (İskandarov Kamil ) qəsdən qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə əldə etmə, daşıma və saxlama cinayət əməlini törətmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsində göstərilmişdir ki, yalnız Azərbaycan Respublikasının Cinayət Məcəlləsi ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyətini yaradır. Satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə və ya saxlamağa görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində cinayət məsuliyyəti nəzərdə tutulmuşdur. "Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi haqqında" Azərbaycan Respublikası Qanununun 1.0.5-ci maddəsinə görə narkotik vasitələrin,psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi- Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələr, psixotrop maddələr və onların prekursorları ilə bağlı törədilən hər hansı hərəkətlərdir. Həmin Qanunun 1.0.8-ci maddəsinə görə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlərdir. Həmin Qanunun 1.0.9-cu maddəsinə görə narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi-həyata keçirilməsi üsulundan asılı olmayaraq, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlərdir. Həmin Qanunun 1.0.10-cu maddəsinə görə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması-məqsədindən asılı olmayaraq, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlərdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 04 mart 2011-ci il tarixli 02 nömrəli qərarının 4-cü bəndinə görə törədilmiş cinayət əməlinin CM-in 234.1-ci maddəsi ilə tövsif olunması yalnız təqsirkarın bu cinayətin predmetini şəxsi istehlak miqdarından artıq miqdarda əldə etməsi və saxlaması müəyyən edildikdə mümkündür. Narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak miqdarından artıq miqdarı “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə külli miqdarına görə siyahısının təsdiq edilməsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə müəyyən olunmuşdur. Həmin siyahıda bu miqdar qurudulmuş marixuana üçün 05 qram müəyyən edilmişdir. Məhkəmə təqsirləndirilən şəxsin və şahidlərin ifadələrini, dövlət ittihamçısının və müdafiəçinin çıxışlarını dinləyib, Azərbaycan Respublikasının Konstitusiyasının 63-cü maddəsində təsbit edilmiş təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq, məhkəmə baxışında ittihamın baxılması nəticələrinə, məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslanaraq, tədqiq olunan sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq bu nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs (İskandarov Kamil ) Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Həmin əməldə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin tərkibi vardır, həmin əməl təqsirləndirilən şəxs tərəfindən törədilmişdir, təqsirləndirilən şəxs həmin cinayətin törədilməsində təqsirlidir,onun cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir, əməlin cinayət olmasını aradan qaldıran hallar, təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur, təqsirləndirilən şəxs törətdiyi əmələ görə cəzalanmalıdır. Cinayət Məcəlləsinin cəzanın anlayışını və məqsədini müəyyən edən 41-ci maddəsinə görə cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cinayət Məcəlləsinin 58.1 və 58.3-cü maddələrinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. “Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr və dəyişikliklər edilməsi barədə” 11 iyun 2004-cü il tarixli 688-İİQD saylı Azərbaycan Respublikası Qanununun 3-cü hissəsinin 9-cu bəndinin və 4-cü hissəsinin 7-ci bəndinin Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin 9-cu hissəsinə uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 yanvar 2005-ci il tarixli Qərarında qeyd olunur ki, istənilən məhkəmə aktının qanuni və əsaslı hesab olunması üçün mütləq şərtlərdən biri onun ədalətli olmasıdır, çünki, ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir. "Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 4 nömrəli, 25 iyun 2003-cü il tarixli Qərarının 1-ci bəndində məhkəmələrə izah edilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Qərarın 2-ci bəndində göstərilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Təqsirləndirilən şəxs (İskandarov Kamilin) himayəsində iki nəfər az yaşlı uşaqlarının olması onun cəzasını yüngülləşdirən haldır, onun əməlində cəzanı ağırlaşdıran hal cinayətlərin residividir. Belə ki, Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə görə qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Cinayət Məcəlləsinin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində-onlar cəzanı çəkib qurtardıqları gündən 02 il keçdikdə onların məhkumluqları ödənilmiş hesab olunur. İş materiallarından göründüyü kimi Təqsirləndirilən şəxs (İskandarov Kamil) Balakən Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib 01 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Şəki Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarı ilə 02 ay 24 gün müddətə vaxtından əvvəl şərti azad edilmişdir.O,xx.xx.2021-ci il tarixdə cəzadan olunmaqla məhkumluğu ödənilmədən, yəni cəzadan azad edildiyi vaxtdan 2 il müddət keçməmiş hazırkı cinayət əməlini törətmişdir. Ona görə də onun əməli cinayətlərin residivini yaradır. Cinayət Məcəlləsinin 65.1-65.2-ci maddələrinə görə residivə, təhlükəli residivə və xüsusilə təhlükəli residivə görə cəza təyin edilərkən əvvəllər törədilmiş cinayətlərin sayı, xarakteri, ağırlığı və nəticələri, əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına səbəb olan hallar, habelə yeni cinayətin xarakteri, ağırlığı və nəticələri nəzərə alınır. Residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Məhkəmə Təqsirləndirilən şəxs (İskandarov Kamilə) cəza təyin edərkən ona hansı növ cəzanın təyin olunması məsələsinə baxaraq, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, əməlini etiraf etməklə əməlindən peşiman olmasını, yaşayış yeri üzrə müsbət cəhətdən xarakterizə olunmasını, cəzanı yüngülləşdirən halı və cəzanı ağırlaşdıran halı, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, eyni zamanda, onun cəmiyyətdən təcrid edilmədən islah olunmasının mümkün olmayacağını nəzərə alaraq ona CM-in 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan həddə, Cinayət Məcəlləsinin 65-ci maddəsinin tələbləri nəzərə alınmaqla azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsini qanuni, əsaslı və ədalətli hesab edir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 346.1.12-ci maddəsinə uyğun olaraq Təqsirləndirilən şəxs (İskandarov Kamilə) təyin ediləcək cəzanın çəkilməli olub-olmaması məsələsinə baxaraq, işin hallarını, təqsirləndirilən şəxsin cəzadan azad edilməsi, yaxud barəsində Cinayət Məcəlləsinin 70-ci maddəsinin tətbiq olunması üçün əsasların olmamasını nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxs ona təyin ediləcək cəzanı çəkməlidir. Təqsirləndirilən şəxs (İskandarov Kamilin) hazırkı əməli cinayətlərin residivini yaratdığından və əvvəllər azadlıqdan məhrumetmə növündə cəza çəkdiyindən Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə uyğun olaraq o, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, Təqsirləndirilən şəxs (İskandarov Kamilin) cəzaçəkmə müddətinin əvvəli həbsə alındığı gündən hesablanmalıdır. Təqsirləndirilən şəxs (İskandarov Kamilin) barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alana kimi dəyişdirilmədən saxlanmalıdır. Ekspert rəyinə əsasən Təqsirləndirilən şəxs (İskandarov Kamilin) məcburi müalicəyə ehtiyacı olduğundan CM-in 93.1.2-ci maddəsinə əsasən ona narkomaniyadan məcburi müalicə təyin edilməli və o narkomaniyadan məcburi müalicə olunmalıdır. Təqsirləndirilən şəxs (İskandarov Kamil) narkoloji kabinetdə profilaktiki qeydiyyata alınmalı və onun profilaktiki qeydiyyata alınması üçün hökmün surəti yaşayış yeri üzrə Balakən Rayon Mərkəzi X8 Şəxsinə göndərilməlidir. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 35,97 (otuz beş manat doxsan yeddi qəpik) manat Təqsirləndirilən şəxs (İskandarov Kamildən) tutulub Az. MEM; VÖEN **********; AZ34CTRE********************, X2, KOD 210005, VÖEN ********** Müxbir hesab AZ41NABZ ******************** SWİFT BİK CTREAZ22 hesaba köçürülməlidir. İş üzrə maddi sübut kimi tanınmış və Balakən rayon Polis Şöbəsinin saxlanc anbarında saxlanılan Təqsirləndirilən şəxs(İskandarov Kamilin) üzərindən aşkar edilərək götürülmüş bir ədəd kağız zərfdə qablaşdırılmış ekspert rəyindən sonra təmiz çəkisi 354,90 qram tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana hökm qanuni qüvvəsini aldıqdan sonra tam həcmdə məhv edilməlidir. İş üzrə maddi sübut olan bir ədəd DVD disk cinayət işinin materiallarında saxlanmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 346.1-ci və 346.1.19-cu maddələrinə uyğun olaraq məhkəmə müsadirə edilməli əmlakın olub-olmaması məsələsinə baxaraq, təqsirləndirilən şəxsin hazırkı cinayəti törətdiyi zaman cinayət yolu ilə hər hansı əmlak əldə etməməsini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs (İskandarov Kamildə) Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulan xüsusi müsadirə edilməli olan əmlak mövcud deyildir. İş üzrə mülki iddia yoxdur. İş materiallarından həmçinin görünür ki, Balakən rayon Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmə icraat zamanı Təqsirləndirilən şəxs(İskandarov Kamilin) hüquqlarının müdafiəsinə 10 iş saatı sərf etmişdir. Azərbaycan Respublikası CPM-nin 193.2-193.3-cü maddələrinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Məhkəmə şübhəli və ya təqsirləndirilən şəxsin orta aylıq gəlirini, maddi, əmlak və ailə vəziyyətini, habelə digər halları nəzərə alaraq həmin şəxsin müdafiəçi tərəfindən göstərilən hüquqi yardımı ödəməkdən azad edilməsi və ödəmənin Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilməsi barədə əsaslandırılmış qərar qəbul edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 3 may 2018-ci il tarixli, 202 №-li qərarı əsasında “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli,11 №-li qərarına edilmiş dəyişikliklərə uyğun olaraq təqsirləndirilən şəxslərin hüquqlarını müdafiə etmələrinə görə müdafiəçilərə hər iş saatı üçün 6 manat məbləğində haqq ödənilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs (İskandarov Kamilə) məhkəmə icraatı zamanı göstərilən hüquqi yardımla bağlı Azərbaycan Respublikası Dövlət büdcəsinin vəsaiti hesabından 60 manat tutulub vəkil Müdafiəçi ödənilməsi üçün Balakən rayon Vəkil Bürosunun nəfinə, "xxxx" X9 Rekvizitləri: VÖEN **********, kod 201382, Müxbir hesab AZ37NABZ013501**********1944 hesaba köçürülməlidir. Azərbaycan Respublikası CPM-nin 349-cü maddəsinin tələblərinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Məhkəmənin hökmü Azərbaycan Respublikası Konstitusiyasının, bu Məcəllənin, Azərbaycan Respublikasının cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir. Məhkəmənin hökmü məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə əsaslı hesab edilir. Kondraşinanın Rusiya Federasiyasına qarşı iş üzrə qərarında Avropa Məhkəməsi göstərmişdir ki, məhkəmələr qərar qəbul edərkən hüququn aliliyinə əməl etməlidirlər. Hüququn aliliyinin əsas cəhətlərindən biri hüquqi müəyyənlik prinsipidir ki, onun tələbinə görə məhkəmələr yekun qərarı elə qəbul etməlidirlər ki, o mübahisə olunmasın. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356 və 384.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs (İskandarov Kamil) Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin, 02 (iki) il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəza çəkmə müddətinin əvvəli 20 fevral 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs (İskandarov Kamil) barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alana kimi dəyişdirilmədən saxlansın. Təqsirləndirilən şəxs (İskandarov Kamilə) CM-in 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin edilsin və o narkomaniyadan məcburi müalicə olunsun. Təqsirləndirilən şəxs (İskandarov Kamil) narkoloji kabinetdə profilaktiki qeydiyyata alınsın və onun profilaktiki qeydiyyata alınması üçün hökmün surəti yaşayış yeri üzrə Balakən Rayon Mərkəzi X8 Şəxsinə göndərilsin. 35,97 (otuz beş manat doxsan yeddi) manat ekspertiza xərci Təqsirləndirilən şəxs (İskandarov Kamildən) tutulub Az. MEM; VÖEN **********; AZ34CTRE********************, X2, KOD 210005,VÖEN ********** Müxbir hesab AZ41NABZ ******************** SWİFT BİK CTREAZ22 hesaba köçürülsün. İş üzrə maddi sübut kimi tanınmış və Balakən rayon Polis Şöbəsinin saxlanc anbarında saxlanılan Təqsirləndirilən şəxs (İskandarov Kamilin) üzərindən aşkar edilərək götürülmüş bir ədəd kağız zərfdə qablaşdırılmış ekspert rəyindən sonra təmiz çəkisi 354,90 qram tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana hökm qanuni qüvvəsini aldıqdan sonra tam həcmdə məhv edilsin. İş üzrə maddi sübut olan bir ədəd DVD diski cinayət işinin materiallarında saxlansın. Təqsirləndirilən şəxs (İskandarov Kamilə) məhkəmə icraatı zamanı göstərilən hüquqi yardımla bağlı Azərbaycan Respublikası Dövlət büdcəsinin vəsaiti hesabından 60 manat tutulub vəkil Müdafiəçi ödənilməsi üçün Balakən rayon Vəkil Bürosunun nəfinə, "xxxx" ASC-in X9 Rekvizitləri: VÖEN-**********, kod 201382, Müxbir hesab AZ37NABZ013501**********1944 hesaba köçürülsün. Hökmdən elan olunduğu andan (həbsdə olan məhkum hökmün surəti ona verildiyi andan) 20 gün müddətində Balakən Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apellyasiya şikayəti və ya protesti verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən Hümbət Səlimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar