Məhkəmə qərarları › İş №1(019)-61/2021

Balakən Rayon Məhkəməsi Hökm — İş №1(019)-61/2021

04.08.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Balakən Rayonu İş № 1(019)-61/2021 04.08.2021 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Səlimov Hümbət Qamuna oğlunun sədrliyi, məhkəmə iclas katibi X9 qızının katibliyi,dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində DİMÜŞ-nin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, müdafiəçi-Balakən rayon Vəkil Bürosunun vəkili Müdafiəçi və Təqsirləndirilən şəxs iştirakları ilə Təqsirləndirilən şəxs -xx.xx.1963-cü ildə Balakən rayon Talalar kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, Balakən rayon Talalar kəndində qeydiyyatda olan və həmin ünvanda yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Təqsirləndirilən şəxs 14.02.2021-ci il tarixdə saat 11:30 radələrində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 33-cü maddəsinin 4-cü hissəsinin tələblərini pozaraq, yəni sürücülük vəsiqəsi olmadan idarə etdiyi VAZ 21063 markalı, **-BK- *** dövlət qeydiyyat nişanlı avtomobillə Balakən rayonu Talalar kəndindən Balakən şəhəri istiqamətində hərəkətdə olarkən, rayonun Talalar kəndinin ərazisində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərini pozaraq, yəni hərəkət üçün təhlükə yarandığını gördükdə,nəqliyyat vasitəsinin surətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməli olduğu halda bunu etməmiş və nəticədə avtomobilin ön sağ hissəsi ilə yolun sağ tərəfindən sol tərəfinə doğru hərəkət edən piyada Zərərçəkmiş şəxs vurmaqla ehtiyatsızlıqdan sonuncuya döyənəkləşmə ilə müşayiət olunan sol qasıq və oturaq sümüklərinin qapalı sınıqları, döyənəkləşmə ilə müşayiət olunan sol incik sümüyünün qapalı sınığı, sol göz ətrafı nahiyədə sıyrıq, sol döş qəfəsinin əziyi, sol baldırın orta 1/3-də sıyrıqları, sağ dirsək oynağında, saidin yuxarı 1/3-də sıyrıqlarla müşayiət olunan, dərəcələrinə görə sağlamlığının uzun müddətə pozulmasına səbəb olan sağlamlığına az ağır zərər vurmaya aid xəsarətlər yetirməklə yol-nəqliyyat hadisəsi törətmişdir. Təqsirləndirilən şəxs sözügedən cinayət əməlini törətməsi məhkəmə iclasında özünün səmimi etirafedici ifadəsi, zərərçəkmiş şəxsin, şahidlərin ifadələri və bilavasitə tədqiq olunan digər sübutlarla aşağıdakı qaydada tam sübuta yetirildi. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 263-1.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək göstərdi ki, Balakən rayonu Talalar kəndində ailəsi ilə birlikdə yaşayır, evlidir, 3 övladı vardır. Daimi iş yeri yoxdur, fərdi əməklə məşğul olur. 2020-ci ilin oktyabr ayında Balakən rayon, Yeni Şərif kənd sakini olan İlham adlı şəxsdən VAZ 21063 markalı, **-BK-*** dövlət qeydiyyat nişanlı avtomobili almışdır. Avtomaşını İlham adlı şəxsdən alsa da avtomobil Quba rayon sakini X2 məxsusdur. Avtomobili öz adına sənədləşdirmək istəsə də karantin rejimi ilə bağlı sənədləşdirə bilməmişdir.Ümumiyyətlə avtomobili idarə etmək üçün etibarnamə götürməmişdir. Avtomobildən lazım olduqda öz şəxsi işləri üçün istifadə edir. Nəqliyyat vasitəsini idarə etmək hüququ yoxdur. Ona görə də avtomobili aldıqdan sonra idarə etməmişdir. Qalan vaxtlarda avtomobili idarə etmədən həyətində saxlamışdır. Gələcəkdə sürücülük vəsiqəsi aldıqdan sonra avtomobili mütəmadi olaraq idarə etmək fikrində olmuşdur.14.02.2021-ci il tarixdə qonşuluqda yaşayan Nurcahan adlı qadın vəfat etmiş, həmin şəxs qonşusu olduğundan onu dəfn etmək üçün Balakən şəhər məscidinin imamını gətirmək üçün saat təxminən 11:30 radələrində VAZ 21063 markalı, **-BK-*** dövlət qeydiyyat nişanlı avtomobillə Balakən şəhəri istiqamətində hərəkət etmişdir. Yolun sağ hərəkət hissəsi ilə Balakən şəhəri istiqamətində hərəkətdə olduğu zaman Balakən rayonu, Talalar kəndi ərazisində “Natiq market” adlı mağazanın qarşısında yolun sağ ehtiyat hissəsində dayanmış, adının sonradan Alimə olduğunu bildiyi şəxsin yolun sol ehtiyat hissəsində dayanmış Yeganə adlı qadınla söhbət etdiyini görmüşdür. Həmin şəxslərə çatmağa təxminən 6 metr məsafə qalmış Alimə yolun sağından soluna yeriyərək keçməyə başlamışdır. O bu zaman avtomobil yolun əks hərəkət istiqamətinə hərəkətləndirərək əyləcdən istifadə etmişdir. Alimə avtomobilin ön sağ hissəsi və ön alın şüşəsinə toxunaraq təxminən 2 metr qabaq tərəfə düşmüşdür. O tez avtomobili saxlayaraq düşmüş, orada olan Anar adlı mağazada işləyən şəxslə birlikdə Aliməni hadisə yerinə gələn Rauf adlı qonşusuna məxsus avtomobillə Balakən RMX-na aparmışdır. Bundan sonra polis əməkdaşları ilə birlikdə hadisə yerinə gəlmiş və polis əməkdaşları hadisə yerinə baxış keçirmişlər. Hadisə baş verən zaman orada Yeganə və Alimə olmuş, sonradan Anar adlı şəxs gəlmişdir. Zərərçəkmiş şəxs əvvəllər tanımamış, onunla əvvəllər heç bir düşmənçiliyi və ədavəti olmamışdır. Yol nəqliyat hadisəsi törətdiyi zaman 60 km/saat sürətlə hərəkət etmişdir. İdarə etdiyi avtomobildə hadisədən əvvəl hər hansı texniki nasazlıq olmamışdır.Hadisə baş verərəkən Zərərçəkmiş şəxs 6 metr məsafədən görmüşdür. Hadisənin qarşısını almaq üçün əyləcdən istifadə etmiş və avtomobili sola tərəf çəkmişdir. Əməlindən peşimandır,bir daha belə əməllərə yol verməyəcəkdir. Zərərçəkmiş şəxslə barışmış,ona dəymiş zərər və ziyanı tam ödəmişdir. Zərərçəkmiş şəxsin ondan heç bir şikayəti və tələbi yoxdur. Ona yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs göstərdi ki, Balakən rayonu, Talalar kəndində əri X5, qızı X6 ilə birlikdə yaşayır. 14.02.2021-ci il tarixdə saat 11:30 radələrində evinin yaxınlığında yerləşən “Natiq” marketə getmək üçün küçəyə çıxmış, təxminən 250 metr mağaza istiqamətində getdikdən sonra mağazaya təxminən 20 metr qaldıqda qonşusu Yeganəni görmüş, o yolun digər tərəfində olsa da birbiri ilə hal-əhval tutmuşlar.Yeganə ilə söhbət etmək üçün mağazanın qarşısında deyil, mağazaya çatmağa təxminən 20 metr qalmış yolu sağ ehtiyat hissədən sol hissəyə doğru adi yerişlə çəpinə keçərkən Balakən rayonu, Talalar kəndindən Balakən şəhəri istiqamətində hərəkət edən avtomobil qəfildən yolun asfalt örtüklü hissəsinin ortasında onu vurmuş, avtomobilin ön sağ tərəfi onun sol tərəfinə toxunmuşdur. O zərbənin təsirindən avtomobilin motorxana qapısı üzərinə qalxıb sonra yerə yıxılmışdır.Onu vuran avtomaşının sürücüsü, həmin vaxtadək tanımadığı, sonradan adının Rövşən olduğunu bildiyi şəxs olmuşdur. Qohumu Rauf və mağazada işləyən Anar həmin şəxslə birlikdə onu avtomobilə əyləşdirərək xəstəxanaya aparmışlar. Təqsirləndirilən şəxs ona dəymiş zərər və ziyanı tam ödəmişdir.O,Təqsirləndirilən şəxslə barışmışdır,onun təqsirləndirilən şəxsdən heç bir şikayəti və tələbi yoxdur. Təqsirləndirilən şəxsə yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 göstərdi ki, 14.02.2021-ci il tarixdə təxminən saat 11:30 radələrində o vəfat etmiş qohumu Nurcahanın yas mərasimində iştirak etmək üçün onların evinə tərəf gedən zaman Balakən rayonu, Talalar kəndi ərazisində “Natiq” marketinin qarşısına çatdıqda əks istiqamətdə piyada halda yolun sağ tərəfi ilə həmkəndlisi Zərərçəkmiş şəxs gəldiyini görmüş, Alimə yolun digər tərəfindən çağırıb onun əhvalını soruşmuş, daha sonra o mağazaya tərəf yolu keçməyə başlamışdır. O gün düşdüyündən şərfini gözünün üzərinə salmış, Alimə yolu keçərək asfalt yolun ortasına çatdıqda Balakən şəhəri istiqamətində hərəkət edən avtomobil onu vurmuşdur. Alimə yerə yıxılmışdır. O da qorxduğundan huşunu itirib yerə yıxılmışdır. Ayılanda bilmişdir ki, həmkəndlisi Rövşən idarə etdiyi avtomobillə Aliməni vurmuşdur. Daha sonra onu yaşadığı evə aparmışlar. Hadisə baş verən zaman orada o və Alimədən başqa kimsə olmamışdır. Avtomobil Aliməni vurduğu an o çığırdıqda “Natiq” marketdə işləyən Anar adlı şəxs küçəyə çıxmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 göstərdi ki, 14.02.2021-ci il tarixdə təxminən saat 11:30 radələrində yaşadığı evin həyətyanı sahəsində olarkən küçədən qadının çığıran səsini eşidib çıxdıqda görmüşdür ki, Alimə adlı qonşusunu həmkəndlisi Təqsirləndirilən şəxs idarə etdiyi VAZ 21063 markalı, **-BK-*** dövlət qeydiyat nişanlı avtomobillə vurmuş, Alimə yerdə uzanmışdır. Rövşənə kömək etmiş, orada olan taksiyə Aliməni əyləşdirib Balakən RMX-ya yola salmışlar. Rövşən də Aliməni aparıb getmişdir. O avtomobilin Zərərçəkmiş şəxs vurduğunu görməmişdir. Yalnız səs eşidib küçəyə çıxdıqda Alimənin Rövşənin idarə etdiyi avtomobillə vurulduğunu, xəsarət aldığını görmüşdür. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 göstərdi ki, 14.02.2021-ci il tarixdə təxminən saat 11:30 radələrində Balakən rayonu, Talalar kəndi ərazisində olan Eyvaz Baradova məxsus avtomobil təmiri sexində Eyvaz Baradovla söhbət etdiyi vaxt küçənin aşağı tərəfindən səs-küy gəldiyini eşidib ona məxsus “Opel Astra” markalı, **-BX- *** dövlət qeydiyyat nişanlı avtomobillə səs-küy gələn yerə getmiş, görmüşdür ki, qonşuluqda yaşayan əmisi oğlunun arvadı Zərərçəkmiş şəxs həmkəndlisi Təqsirləndirilən şəxs idarə etdiyi VAZ 21063 markalı avtomobillə vurmuşdur. Rövşənin idarə etdiyi avtomobil yolun ortasında dayanmış vəziyyətdə olmuşdur. Hadisədən sonra Alimə yolun kənarında oturmuş, ayağa qalxa bilməmişdir. Dərhal Rövşən və orada yerləşən “Natiq market” ərzaq mağazasını işlədən Şahid1la birlikdə Aliməni avtomobilə əyləşdirib Balakən rayon mərkəzi xəstəxanasına aparmışlar. Daha sonra xəstəxanaya polis əməkdaşları gəlmiş, Təqsirləndirilən şəxs də xəstəxanadan polis əməkdaşları ilə birlikdə hadisə yerinə qayıtmışdır. Hadisə baş verən vaxt o orada olmamışdır. Hadisəni görməmişdir. İşin 19-20-ci vərəqələrində olan və məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Tibbi Ekspertiza və X4 X13 tərəfindən verilmiş, 10 aprel 2021-ci il tarixli 94 nömrəli rəyin nəticə hissəində göstərilmişdir: Vət. Zərərçəkmiş şəxs müəyyən edilmiş xəsarətər- döyənəkləşmə ilə müşayiət olunan sol qasıq və oturaq sümüklərinin qapalı sınıqları, döyənəkləşmə ilə müşayiət olunan sol incik sümüyünün qapalı sınığı, sol göz ətrafı nahiyədə sıyrıq, sol döş qəfəsinin əziyi, sol baldırın orta 1/3-də sıyrıqlar, sağ dirsək oynağında, saidin yuxarı 1/3-də sıyrıqlar-bərk küt əşyanın (əşyaların) təsirindən törənmişlər, qərarın təsviri hissəsində göstərilən müddətdə və şəraitdə, yəni 14.02.2021-ci il tarixdə yol-nəqliyyat hadisəsi zamanı əmələ gələ bilərdilər, dərəcələrinə görə onun sağlamlığının uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aid edilirlər. İşin 60-63-cü vərəqələrində olan və məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 27 may 2021-ci il tarixli 8/1018 nömrəli rəyində göstərilmişdir; istintaq tərəfindən təqdim edilən məlumatlara əsasən VAZ 21063 markalı, **-BK-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Sürücü Təqsirləndirilən şəxs avtomobili sürücülük vəsiqəsi olmadan idarə etdiyindən, onun hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 33-cü maddəsinin 4-cü hissəsinin tələblərinə uyğunsuzluq olmuşdur. İşin 107-ci vərəqəsində olan və məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş Balakən rayon 777 nömrəli Avtoservisdən Balakən rayon polis şöbəsinə daxil olmuş 05.06.2021-cil tarixli aktda göstərilmişdir: VAZ 21063 markalı, **-BK-*** dövlət qeydiyyat nişanlı avtomobilə baxış zamanı müəyyən edilmişdir ki, maşına heç bir zərər dəyməmişdir. İşin 80-cı vərəqəsində olan və məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş 04 iyun 2021-ci il tarixli 183 nömrəli sərxoşluq hallarının təyini məqsədi ilə aparılan tibbi müayinə protokolundan görünür ki, 14.02.2021-ci il tarixdə saat 12:25-də Təqsirləndirilən şəxs ayıq olmuşdur. İşin 43-cü vərəqəsində olan və məhkəmə iclasında elan olunmaqla tədqiq olunmuş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İşin 68-ci vərəqəsində olan və məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş Balakən RPŞ-in DYPB-in rəisinin 01.06.2021-ci il tarixli məktubundan görünür ki, Balakən rayonu Talalar kənd sakini Təqsirləndirilən şəxs ümumiyyətlə,o cümlədən 14 fevral 2021-ci il tarixdə nəqliyyat vasitələrini idarə etmək üçün sürücülük vəsiqəsi olmamışdır,VAZ 21063 markalı, **-BK-*** dövlət qeydiyyat nişanlı avtomobilin mülkiyyətçisi ünvan 2 ünvanında yaşayan X3r. İşin 32-ci vərəqəsində olan və məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş Balakən rayon İHB-nın Talalar kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi tərəfindən verilmiş 15 aprel 2021-ci il tarixli 354 nömrəli arayışdan görünür ki, Təqsirləndirilən şəxs Balakən rayonu Talalar kəndində yaşayır. Himayəsində işləməyən arvadı, oğlu gəlini və nəvəsi vardır. İşin 34-cü vərəqəsində olan və məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş Balakən rayon İHB-nın Talalar kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi tərəfindən 15 aprel 2021-ci il tarixdə verilmiş 355 nömrəli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. İnzibati ərazi dairəsinə barəsində heç bir şikayət daxil olmamışdır. Məhkəmə iş üzrə zərərçəkmiş şəxs və şahidlərin ifadələrini, məhkəmə və ibtidai istintaq hərəkətlərinin protokollarını və sair sənədləri tam, hərtərəfli və obyektiv yoxlayıb, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliliyi üzrə qiymətləndirib, həmin sübutları inandırıcı, məntiqli olduqları, ziddiyyət təşkil etmədikləri, əksinə, bir-biri ilə uyğun şəkildə işin faktiki hallarını təsdiq etdikləri üçün mötəbər sübutlar kimi qəbul edir. Məhkəmə,eyni zamanda Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 126.6-cı maddəsinin tələbinə əsasən Təqsirləndirilən şəxs ittiham olunduğu əməldə öz təqsirini etiraf etməsini iş üzrə bütün sübutların məcmuyu ilə təsdiq edildiyi üçün ona qarşı ittihamı təsdiq edən əsas kimi qəbul edir. Məhkəmə, məhkəmə iclasında tədqiq olunmuş mümkün və mötəbər sübutların məcmuyu əsasında bu nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan avtomobil idarə etməklə və yol hərəkəti qaydalarını pozmaqla ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulmasına səbəb olan yol-nəqliyyat hadisəsi cinayət əməlini törətmişdir. Yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması, alkoqollu içkilərin qəbulu, narkotik vasitələrdən, psixotrop maddələrdən və digər güclü təsir edən maddələrdən istifadə edilməsi nəticəsində sərxoş halda olan və ya nəqliyyat vasitələrini idarə etmək hüququ olmayan şəxs tərəfindən törədilməsi ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulmasına səbəb olduqda Cinayət Məcəlləsinin 263- 1.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlinin tərkibi yaranır. «Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 15 noyabr 2013-cü il tarixli 5 nömrəli Qərarının 3-cü bəndində göstərilir ki, “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanunun 1-ci maddəsinin 18-ci bəndinə əsasən, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263 və 263-1.2-ci maddələrində nəzərdə tutulmuş cinayətlərin predmeti olan nəqliyyat vasitələri dedikdə mexaniki nəqliyyat vasitələri, yəni asma mühərrikli velosipedlər və tramvaylardan başqa relsli nəqliyyat vasitələri istisna olmaqla hər hansı özügedən nəqliyyat vasitələri başa düşülür. Bunlara avtomobillər, tramvaylar, trolleybuslar, operativ nəqliyyat vasitələri, qoşqular, yarımqoşqular, uzun ölçülü nəqliyyat vasitələri, özügedən maşınlar, təkərli traktorlar və motosikletlər aiddir. Həmin Qərarın 4-cü bəndində isə göstərilir ki, CM-nin 263 və 263-1.1-ci maddələrində nəzərdə tutulmuş cinayətlərin subyekti yalnız yol-nəqliyyat hadisəsinin törədildiyi anda 16 yaşına çatmış, anlaqlı vəziyyətdə olan və nəqliyyat vasitəsini idarə edən şəxs ola bilər. Nəqliyyat vasitəsini idarə etmək hüququna malik olan şəxs tərəfindən CM-nin 263-cü maddəsində nəzərdə tutulmuş əməlləri törətməsi onun həmin maddə ilə cinayət məsuliyyətinə səbəb olur. Məhkəmə Azərbaycan Respublikasının Konstitusiyasının 63-cü maddəsində təsbit edilmiş təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq, məhkəmə baxışında ittihamın baxılması nəticələrinə, məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslanaraq bu nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir, onun əməlində Cinayət Məcəlləsinin 263-1.1-ci maddəsinin tərkibi vardır, təqsirləndirilən şəxs həmin cinayətin törədilməsində təqsirlidir Həmin əməlin cinayət olmasını aradan qaldıran hallar, təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur, təqsirləndirilən şəxs törətdiyi əmələ görə cəzalanmalıdır. Cinayət Məcəlləsinin cəzanın anlayışını və məqsədini müəyyən edən 41-ci maddəsinə görə cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cinayət Məcəlləsinin 58.1 və 58.3-cü maddələrinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir.Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. “Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr və dəyişikliklər edilməsi barədə” 11 iyun 2004-cü il tarixli 688-İİQD saylı Azərbaycan Respublikası Qanununun 3-cü hissəsinin 9-cu bəndinin və 4-cü hissəsinin 7-ci bəndinin Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin 9-cu hissəsinə uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 yanvar 2005-ci il tarixli Qərarında qeyd olunur ki, istənilən məhkəmə aktının qanuni və əsaslı hesab olunması üçün mütləq şərtlərdən biri onun ədalətli olmasıdır, çünki, ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir. Təqsirləndirilən şəxs hadisələrin təsadüfi axarı zəminində ilk dəfə olaraq az ağır cinayət törətməsi , zərərçəkmiş şəxslə barışıq əldə etməsi Cinayət Məcəlləsinin 59.1.12-ci maddəsinə və cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə ödənilməsi və aradan qaldırılması Cinayət Məcəlləsinin 59.1.13-cü maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallardır.Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar yoxdur. Cinayət Məcəlləsinin 263-1.1-ci maddəsinin sanksiyasında üç ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə altı min manatdan səkkiz min manatadək miqdarda cərimə və ya üç ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə üç ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Məhkəmə Təqsirləndirilən şəxs hansı növ cəzanın təyin edilməsi məsələsinə baxaraq, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, əvvəllər məhkum olunmamasını, yaşayış yeri üzrə müsbət cəhətdən xarakterizə olunmasını, əvvəllər yol hərəkəti qaydasını pozmağa görə məsuliyyətə cəlb olunmamasını, o cümlədən cəzanı yüngülləşdirən halları, cəzanı ağırlaşdıran halların olmamasını, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxsə ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulan həddə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, həmçinin təqsirləndirilən şəxs nəqliyyat vasitələrini idarəetmə hüququndan müəyyən müddətə məhrum edilməlidir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 346.1.12-ci maddəsinə uyğun olaraq təqsirlndirilən şəxs Təqsirləndirilən şəxs təyin ediləcək cəzanın çəkilməli olub-olmaması məsələsinə baxaraq, işin hallarını, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzadan azad edilməsi, Cinayət Məcəlləsinin 70-ci maddəsinin tətbiq olunması üçün əsasların olmamasını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs ona təyin ediləcək cəzanı çəkməlidir. Cinayət Məcəlləsinin 56.1.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş olan polisin nəzarəti altına vermə qətimkan tədbirinin şərtlərinə əməl etdiyindən onun barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək qüvvədə saxlanmalıdır. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 100 (bir yüz) manat Təqsirləndirilən şəxs tutulub Az.MEM; VÖEN: **********; AZ34CTRE ********************,X1, KOD 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ******************** SWİFT BİK STREAZ22 hesaba keçirilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 346.1-ci və 346.1.19-cu maddələrinə uyğun olaraq məhkəmə müsadirə edilməli əmlakın olub-olmaması məsələsinə baxaraq, təqsirləndirilən şəxsin hazırkı cinayəti törətdiyi zaman cinayət yolu ilə hər hansı əmlak əldə etməməsini nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxsdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulan xüsusi müsadirə edilməli olan əmlak mövcud deyildir. İş üzrə mülki iddia yoxdur. İş üzrə maddi sübut olan və Balakən rayon Polis Şöbəsinin DYPB-nin cərimə meydançasında saxlanılan VAZ-21063 markalı,**-BK-*** dövlət qeydiyyat nişanlı avtomobil mülkiyyətçisi X2 qaytarılmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 346.1-ci və 346.1.19-cu maddələrinə uyğun olaraq məhkəmə müsadirə edilməli əmlakın olub-olmaması məsələsinə baxaraq, təqsirləndirilən şəxsin hazırkı cinayəti törətdiyi zaman cinayət yolu ilə hər hansı əmlak əldə etməməsini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulan xüsusi müsadirə edilməli olan əmlak mövcud deyildir. İş materiallarından həmçinin görünür ki, Balakən rayon Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmə icraatı zamanı Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsinə 10 iş saatı sərf etmişdir. Azərbaycan Respublikası CPM-nin 193.2-193.3-cü maddələrinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Məhkəmə şübhəli və ya təqsirləndirilən şəxsin orta aylıq gəlirini, maddi, əmlak və ailə vəziyyətini, habelə digər halları nəzərə alaraq həmin şəxsin müdafiəçi tərəfindən göstərilən hüquqi yardımı ödəməkdən azad edilməsi və ödəmənin Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilməsi barədə əsaslandırılmış qərar qəbul edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 3 may 2018-ci il tarixli, 202 №-li qərarı əsasında “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli,11 №-li qərarına edilmiş dəyişikliklərə uyğun olaraq təqsirləndirilən şəxslərin hüquqlarını müdafiə etmələrinə görə müdafiəçilərə hər iş saatı üçün 6 manat məbləğində haqq ödənilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə icraatı zamanı göstərilən hüquqi yardımla bağlı Azərbaycan Respublikası Dövlət büdcəsinin vəsaiti hesabından 60 manat tutulub vəkilə ödənilməsi üçün Balakən rayon Vəkil Bürosunun nəfinə, "xxxx" X7 Rekvizitləri: VÖEN **********, kod 201382, Müxbir hesab AZ37NABZ013501**********1944 hesaba köçürülməlidir. Azərbaycan Respublikası CPM-nin 349-cü maddəsinin tələblərinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Məhkəmənin hökmü Azərbaycan Respublikası Konstitusiyasının, bu Məcəllənin, Azərbaycan Respublikasının cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir. Məhkəmənin hökmü məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə əsaslı hesab edilir. Kondraşinanın Rusiya Federasiyasına qarşı iş üzrə qərarında Avropa Məhkəməsi göstərmişdir ki, məhkəmələr qərar qəbul edərkən hüququn aliliyinə əməl etməlidirlər. Hüququn aliliyinin əsas cəhətlərindən biri hüquqi müəyyənlik prinsipidir ki, onun tələbinə görə məhkəmələr yekun qərarı elə qəbul etməlidirlər ki, o mübahisə olunmasın. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-354, 356 və 384.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və 1(bir) il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 1(bir) il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs ona təyin olunmuş azadlıqdan məhrum etmə cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli onun məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək qüvvədə saxlansın. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 100 (bir yüz) manat Təqsirləndirilən şəxs tutulub Az.MEM; VÖEN: **********; AZ34CTRE ********************,X1, KOD 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ******************** SWİFT BİK STREAZ22 hesaba keçirilsin. İş üzrə maddi sübut olan və Balakən rayon Polis Şöbəsinin DYPB-nin cərimə meydançasında saxlanılan VAZ-21063 markalı,**-BK-*** dövlət qeydiyyat nişanlı avtomobil hökm qanuni qüvvəsini aldıqdan sonra mülkiyyətçisi X2 qaytarılsın. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Balakən rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs məhkəmə icraatı zamanı göstərilən hüquqi yardımla bağlı Azərbaycan Respublikası Dövlət büdcəsinin vəsaiti hesabından 60 manat tutulub vəkil Müdafiəçi ödənilməsi üçün Balakən rayon Vəkil Bürosunun nəfinə, "xxxx" ASC-in X7 Rekvizitləri: VÖEN **********, kod 201382, Müxbir hesab AZ37NABZ013501**********1944 hesaba köçürülsün. Hökmdən elan olunduğu andan (həbsdə olan məhkum hökmün surəti ona verildiyi andan) 20 gün müddətində Balakən Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apellyasiya şikayəti və ya protesti verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən Hümbət Səlimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar