Məhkəmə qərarları › İş №1(019)-61/2023

Balakən Rayon Məhkəməsi Hökm — İş №1(019)-61/2023

01.08.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Balakən Rayonu İş № 1(019)-61/2023 01.08.2023 BALAKƏN RAYON MƏHKƏMƏSİ Balakən Rayon Məhkəməsinin hakimi Tahirov Zamin Cəbrayıl oğlunun sədrliyi, Qədirov İbadulla Şamil oğlunun katibliyi, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru vəzifəsini icra edən İİ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, tərcüməçi X2, müdafiəçi-Balakən rayon Vəkil Bürosunun vəkili Müdafiəçi və Təqsirləndirilən şəxs iştirakı ilə xx xxxxxx 1978-ci ildə Gürcüstanın Laqodexi rayonunda anadan olmuş, subay, orta təhsilli, işləməyən, məhkum olunmayan, Gürcüstanın Laqodexi rayonunun Uzuntala kəndində qeydiyyatda olan və Balakən rayonu Hənifə inzibati ərazi vahidinin Roçəhməd kəndində yaşayan və barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş,- Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 318.1-ci maddəsilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının mühafizə olunan dövlət sərhədini qəsdən qanunsuz olaraq dövlət sərhədinin nəzarət-buraxılış məntəqələrindən kənarda Gürcüstandan Azərbaycan Respublikasına keçmişdir. Belə ki, Təqsirləndirilən şəxs qanunla müəyyən edilmiş qaydada dövlət sərhədindən keçə bilmədiyi üçün qanunsuz yol ilə Azərbaycan Respublikasına gəlmək məqsədilə 22 yanvar 2023-cü il tarixdə saat 14 radələrində Azərpbaycan Respublikasının mühafizə olunan dövlət sərhədini dövlət sərhədinin nəzarət-buraxılış məntəqələrindən kənarda, yəni Dövlət Sərhəd Xidmətinin N nömrəli hərbi hissəsinin Balakən rayonunun ərazisində yerləşən 7-ci sərhəd zastavasının 16-cı sahəsindən Gürcüstandan Azərbaycan Respublikasına qəsdən qanunsuz olaraq keçmiş, daxil olmuş məlumat əsasında 26 yanvar 2023-cü il tarixdə DSX-nin Sərhəd Qoşunlarının hərbi qulluqçuları tərəfindən saxlanılmışdır. Təqsirləndirilən şəxs sözügedən cinayət əməlini törətməsi məhkəmə iclasında özünün səmimi etirafedici ifadəsi, şahidlərin ifadələri və tədqiq olunan digər sənədlərlə aşağıdakı qaydada tam sübuta yetirildi. Belə ki, məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 318.1-ci maddəsilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, o, 22 yanvar 2023-cü il tarixdə saat 08 radələrində yaşadığı Laqodexi rayonu Uzuntala kəndində olan mənzilindən çıxmış və Laqodexi rayonu Maçimi kəndinə gəlmişdir. Həmin gün saat 10 radələrində o, Maçimi kəndinə yaxın olan sərhədyanı əraziyə gəlmiş, orada olan kafelərin birində nahar yeməyi yemişdir. Bir qədər istirahət etdikdən sonra meşəlik əraziyə daxil olmuş, məxminən 3000 metr yol getmiş və Gürcüstan ərazisindən Azərbaycan Respublikasına keçmişdir. Azərbaycan Respublikası Balakən rayonu Xalatala kəndi ərazisinə keçdikdən sonra Balakən rayonu Qabaqçöl qəsəbəsinə getmişdir. Balakən rayonu Qabaqçöl qəsəbəsinə getdikdə, orada taksi fəaliyyəti ilə məşğul olan tanımadığı bir şəxsin avtomobilinə oturub Balakən rayonu Hənifə kənd inzibati ərazi vahidinin Roçəhməd kəndində olan mənzillərinə getmişdir. 22 yanvar 2023-cü il tarixdən 25 yanvar 2023-cü il tarixədək Balakən rayonu Roçəhməd kəndindəki ailəsinə məxsus evdə qalmışdır. 26 yanvar 2023-cü il tarixdə yaşadığı ünvandan çıxıb Balakən şəhərinə gəlmişdir. Balakən şəhərinin mərkəzində olan Bayraq meydanında gəzişərkən ona iki nəfər hərbi qulluqçu yaxınlaşaraq, ondan kim olduğunu soruşmuşlar. O da onlara özünü təqdim etmiş və Gürcüstandan qeyri-qanuni yolla Azərbaycan Respublikasına keçdiyini bildirmişdir. 26 yanvar 2023-cü il tarixdə inzibati qaydada tutulmuş və 28 yanvar 2023-cü il tarixdə axşam vaxtı həbsdən azad edilmişdir. O, 1993-cü ildən valideynləri ilə birlikdə Azərbaycan Respublikası Balakən rayonu Hənifə kənd inzibati ərazi vahidinin Roçəhməd kəndində yaşayır. 30 ildir ki, Azərbaycan Respublikasında yaşayır. İlk dəfədir ki, cinayət əməli törədir. Cinayət əməli törətməsini etiraf edib, bu əməli törətməsindən səmimi peşmançılıq hissi keçirir. Bir daha belə hərəkətlərə yol verməyəcəkdir. Bu halları nəzərə alaraq ona yüngül cəza təyin edilməsini xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş sərhəd xidməti 1-ci sərhəd komendantlığının komendantının əməliyyat işi üzrə müavini, baş leytenant Şahid1 ifadəsində göstərmişdir ki, 26 yanvar 2023-cü il tarixdə Gürcüstan istiqamətindən Azərbaycan Respublikası ərazisinə bir nəfərin qeyri-qanuni yolla keçməsi və Balakən rayonu ərazisində olması barədə məlumat daxil olmuşdur. Daxil olmuş məlumata əsasən o, əməliyyat-axtarış şöbəsinin əməliyyat müvəkkili, kapitan Şahid2 ilə birlikdə Balakən rayonu ərazisinə gəlmiş və Balakən şəhəri Bayraq meydanı ərazisində bir nəfər şəxsin gəzişdiyini görmüşdür. O, həmin şəxsə yaxınlaşmış və ondan şəxsiyyət vəsiqəsini təqdim etməsini xahiş etmişdir. Həmin şəxs üzərində heç bir sənədin olmadığını, Gürcüstan vətəndaşı Təqsirləndirilən şəxs olduğunu və qeyri-qanuni yolla Azərbaycan Respublikasına keçdiyini bildirmişdir. Bu barədə aidiyyəti üzrə məruzə etmiş və həmin şəxsi hərbi hissəyə dəvət etmişdir. İlkin sorğu zamanı həmin şəxs 22 yanvar 2023-cü il tarixdə saat 14 radələrində Gürcüstan istiqamətindən qeyri-qanuni yolla Azərbaycan Respublikası Balakən rayonu Xalatala kəndi ərazisinə keçdiyini bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 da Şahid1 ifadəsinə uyğun ifadə verərək, onun ifadəsində göstərdiyi halları təsdiq etmişdir. İş materiallarında olan DSX SQ 7-ci SD Əməliyyat-Axtarış şöbəsinin rəisinin N №-li hərbi hissənin komandiri Əli Əliyevə ünvanlanmış raportundan görünür ki, xx.xx.2023-cü il tarixdə saat 13.30 radələrində Balakən şəhər ərazisində bir nəfər şübhəli şəxsin olması barədə qabaqlayıcı əməliyyat məlumatı daxil olmuşdur. Daxil olmuş əməliyyat məlumatına əsasən SD ƏAŞ-nin əməliyyat müvəkkili, kapitan Şahid2 və 1-ci SKK-nın ƏAİÜ müavini, baş leytenant Şahid1 qeyd olunan ərazidə hərəkət etmişlər. Şübhəli şəxs əməliyyat işçiləri tərəfindən Balakən şəhərində X9rşısında müşahidə olunmuş, uyğun mövqe seçilərək, saxlanılmışdır. Saxlanılmış şəxslə ilkin sorğu aparılmış və həmin şəxsin xx.xx.1978-ci il təvəllüdlü Gürcüstanın Laqodexi rayonu Uzuntala kənd sakini Təqsirləndirilən şəxs olması məlum olmuşdur. İlkin dindirilmə zamanı xx.xx.2023-cü il tarixdə saat 14.00 radələrində 7ci və 8-ci SZ-nın qovuşuq sahələrindən DS-ni qanunsuz olaraq Gürcüstandan AR-a keçdiyini və hazırki vaxtadək Balakən rayonu Roçəhməd kəndində gizli şəkildə valideynləri ilə birgə yaşadığını bildirmişdir. Saxlanılmış şəxs müvafiq tədbirlərin görülməsi məqsədilə Zaşatala şəhərinə N nömrəli hərbi hissəyə gətirilmişdir. İlkin dindirmə zamanı o, bir neçə müddətdir ki, sənədlərində qüsur olması səbəbindən rəsmi olaraq AR-ə gələ bilmədiyini qeyd etmişdir. Bundan əlavə olaraq o, atası və anasının xəstə olmasını, həmçinin qardaşını hərbi xidmətə yol salmaq niyyəti ilə qanunsuz olaraq AR-ə gəldiyini etiraf etmişdir. İş materiallarında olan N №-li hərbi hissəsinin komandiri tərəfindən Dövlət Sərhəd Xidməti İstintaq və Təhqiqat İdarəsinin rəisinə ünvanlanmış xx.xx.2023-cü il tarixli 10/226 nömrəli məktubdan görünür ki, xx.xx.2023-cü il tarixdə Gürcüstan istiqamətindən bir nəfər şəxsin dövlət sərhədini qeyri-qanuni yolla Azərbaycan Respublikası ərazisinə keçməsi və həmin şəxsin hal-hazırda Balakən rayonu ərazisində olması barədə məlumatlar daxil olmuş, daxil olmuş məlumata əsasən əməliyyat-axtarış şöbəsinin əməliyyat müvəkkili, kapitan Şahid2 və 1-ci sərhəd komendantlığının komendantının əməliyyat üzrə müavini, baş leytenant Əliyev X7 şəhəri «Bayraq meydanı» ərazisində bir nəfər şəxsin gəzişdiyini müşahidə etmiş və həmin şəxsin kimliyini müəyyən etmək üçün ona yaxınlaşmışlar. Həmin şəxs özünü 1978-ci il təvəllüdlü Gürcüstan vətəndaşı Təqsirləndirilən şəxs olduğunu və xx.xx.2023-cü il tarixdə saat 14.00 radələrində 7-ci sərhəd zastavasının 16-cı sahəsi istiqamətindən Gürcüstandan qeyri-qanuni yolla Azərbaycan Respublikası ərazisinə keçdiyini bildirmişdir. İş materiallarında olan 26 yanvar 2023-cü il tarixli inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs 26 yanvar 2023-cü il tarixdə saat 17.10-da inzibati qaydada tutulmuşdur. İş materiallarında olan 26 yanvar 2023-cü il tarixli şəxsi axtarış, fiziki şəxsdə olan şeyləri yoxlama, şeylərin və sənədlərin götürülməsi haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmış və ondan 1 ədəd «Redmi» markalı telefon və 1 ədəd qulaqcıq aşkar edilmişdir. İş materiallarında olan 26 yanvar 2023-cü il tarixli hadisə yerinə baxış keçirilməsi haqqında protokoldan və xəritədən görünür ki, baxış yeri N №-li hərbi hissəsinin Balakən rayonu Poçtbinə kəndi ərazisində yerləşən 7-ci sərhəd zastavasının 16-cı sahəsidir. Balakən rayonu Poçtbinə kəndində 7-ci sərhəd zastavasına qədər olan məsafə 50 metr təşkil edir, 7-ci sərhəd zastavasından 16-cı sahəsinə qədər olan məsafə 3200 metr təşkil edir. 16-cı sahədən müqabil dövlətin ərazisində Gürcüstan Respublikası Laqodexi rayonu Maçimi kəndi yerləşir və oraya qədər olan 1800 metr təşkil edir. Azərbaycan Respublikası ərazisində Xalatala kəndi yerləşir, oraya qədər olan məsafə 1500 metr təşkil edir. 16-cı sahənin ərazisi sıx meşəlik bir ərazidir. Gürcüstan vətəndaşı Təqsirləndirilən şəxs dövlət sərhədini pozduğu ərazini göstərdi. Baxış zamanı ərazidə digər hər hansısa bir əhəmiyyət kəsb edən əşya və predmet aşkar olunmamışdır. İş materiallarında olan 27 yanvar 2023-cü il tarixli şübhəli şəxsi tutma haqqında qərar və protokoldan görünür ki, Təqsirləndirilən şəxs 27 yanvar 2023-cü il tarixdə saat 19.30-da Azərbaycan Respublikası CM-nin 318.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən tələbnamə üzrə verilmiş xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarından həmçinin görünür ki, Təqsirləndirilən şəxs barəsində 28 yanvar 2023-cü il tarixli qərarla başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş və o, həbsdən azad edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi «Respublika Psixiatriya Xəstəxanası» X11 xx.xx.2023-cü il tarixli 1405 nömrəli məktub-arayışından görünür ki, xx.xx.1978-ci il təvəllüdlü Gürcüstan vətəndaşı Təqsirləndirilən şəxs arxiv məlumatlarına görə yuxarıda adı göstərilən xəstəxanada müalicədə olmayıb. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi «Respublika Narkoloji Mərkəzi» X11 xx.xx.2023-cü il tarixli xx/xx-2434 №-li məktub-arayışından görünür ki, xx.xx.1978-ci il təvəllüdlü Gürcüstan vətəndaşı Təqsirləndirilən şəxs yuxarıda adı göstərilən mərkəzdə müalicədə olmayıb və qeydiyyatda yoxdur. İş materiallarında olan DSX-nin İstintaq və Təhqiqat İdarəsinin müstəntiqinin 10 mart 2023-cü il tarixli protokolundan görünür ki, Təqsirləndirilən şəxs üstündən çıxan 1 ədəd «Redmi» markalı mobil telefon və 1 ədəd qulaqcıq xx.xx.2023-cü il tarixdə Dövlət Sərhəd Xidmətinin İstintaq və Təhqiqat İdarəsinin inzibati binasının 4 nömrəli xidməti otağında Təqsirləndirilən şəxs təqdim edilmişdir. İş materiallarına əlavə olunmuş Balakən Rayon İcra Hakimiyyəti başçısının Hənifə kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyinin 15 may 2023-cü il tarixli 506 nömrəli arayışından görünür ki, Təqsirləndirilən şəxs 1993-cü ildən anası X3 məxsus təsərrüfatda müvəqqəti qeydiyyatda yaşayır. Məhkəmə iş üzrə şahidlər- Şahid2 və Şahid1 ifadələrini, DSX SQ 7-ci SD Əməliyyat-Axtarış şöbəsinin rəisinin N №-li hərbi hissənin komandiri Əli Əliyevə ünvanlanmış raportunu, N №-li hərbi hissəsinin komandiri tərəfindən Dövlət Sərhəd Xidməti İstintaq və Təhqiqat İdarəsinin rəisinə ünvanlanmış xx.xx.2023-cü il tarixli 10/226 nömrəli məktubu, 26 yanvar 2023-cü il tarixli inzibati qaydada tutma haqqında protokolu, 26 yanvar 2023-cü il tarixli şəxsi axtarış, fiziki şəxsdə olan şeyləri yoxlama, şeylərin və sənədlərin götürülməsi haqqında protokolu, 26 yanvar 2023-cü il tarixli tarixli hadisə yerinə baxış keçirilməsi haqqında protokolu və xəritəni, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən tələbnamə üzrə verilmiş xx.xx.2023-cü il tarixli arayışı, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi «Respublika Psixiatriya Xəstəxanası» X11 xx.xx.2023-cü il tarixli 1405 nömrəli məktub-arayışını, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi «Respublika Narkoloji Mərkəzi» X11 xx.xx.2023-cü il tarixli xx/xx-2434 №-li məktubarayışını, DSX-nin İstintaq və Təhqiqat İdarəsinin müstəntiqinin 10 mart 2023-cü il tarixli protokolunu, Balakən Rayon İcra Hakimiyyəti başçısının Hənifə kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyinin 15 may 2023-cü il tarixli 506 nömrəli arayışını, məhkəmə və ibtidai istintaq hərəkətlərinin protokollarını və sair sənədləri tam, hərtərəfli və obyektiv yoxlayıb, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliliyi üzrə qiymətləndirib, həmin sübutları inandırıcı, məntiqli olduqları, ziddiyyət təşkil etmədikləri, əksinə, bir-biri ilə uyğun şəkildə işin faktiki hallarını təsdiq etdikləri üçün mötəbər sübutlar kimi qəbul edir. Məhkəmə, eyni zamanda Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 126.6-cı maddəsinin tələbinə əsasən Təqsirləndirilən şəxs ittiham olunduğu əməldə öz təqsirini etiraf etməsini iş üzrə bütün sübutların məcmuyu ilə təsdiq edildiyi üçün ona qarşı ittihamı təsdiq edən əsas kimi qəbul edir. Beləliklə məhkəmə iclasında tədqiq olunmuş mümkün və mötəbər sübutların məcmuyu ilə müəyyən edildi ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının mühafizə olunan dövlət sərhədini qəsdən qanunsuz olaraq dövlət sərhədinin nəzarətburaxılış məntəqələrindən kənarda Gürcüstandan Azərbaycan Respublikasına keçmişdir. Belə ki, Təqsirləndirilən şəxs qanunla müəyyən edilmiş qaydada dövlət sərhədindən keçə bilmədiyi üçün qanunsuz yol ilə Azərbaycan Respublikasına gəlmək məqsədilə 22 yanvar 2023-cü il tarixdə saat 14 radələrində Azərbaycan Respublikasının mühafizə olunan dövlət sərhədini dövlət sərhədinin nəzarət-buraxılış məntəqələrindən kənarda, yəni Dövlət Sərhəd Xidmətinin N nömrəli hərbi hissəsinin Balakən rayonunun ərazisində yerləşən 7-ci sərhəd zastavasının 16-cı sahəsindən Gürcüstandan Azərbaycan Respublikasına qəsdən qanunsuz olaraq keçmiş, daxil olmuş məlumat əsasında 26 yanvar 2023-cü il tarixdə DSXnin Sərhəd Qoşunlarının hərbi qulluqçuları tərəfindən saxlanılmışdır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 346-cı maddəsinin tələbinə uyğun olaraq təqsirləndirilən şəxsin əməlinin hüquqi tövsifi məsələsini müzakirə edərək qeyd edir ki, cinayət məsuliyyətinin əsaslarını müəyyənləşdirən Azərbaycan Respublikası CM-nin 3-cü maddəsində göstərilmişdir ki, yalnız Azərbaycan Respublikasının Cinayət Məcəlləsi ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyətini yaradır. “Azərbaycan Respublikasının dövlət sərhədi haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə görə Azərbaycan Respublikasının dövlət sərhədi Azərbaycan Respublikasının dövlət ərazisinin (quru və su ərazisinin, yerin təkinin, dəniz və hava fəzasının) hüdudlarını müəyyən edən xətt və bu xətt üzrə keçən şaquli səthdir. Azərbaycan Respublikasının dövlət sərhədi Azərbaycan Respublikasının dövlət suverenliyinin ərazi hüdududur. “Ölkədən getmək, ölkəyə gəlmək və pasportlar haqqında” Azərbaycan Respublikası Qanununun 12-ci maddəsinə görə əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Qanunda nəzərdə tutulmuş qaydada xüsusi ayrılmış nəzarət məntəqələrindən keçmək şərti ilə şəxsi pasportları və beynəlxalq müqavilələrə uyğun olaraq rəsmiləşdirilmiş icazəviza əsasında Azərbaycan Respublikasına gələ və Azərbaycan Respublikasından gedə bilərlər. Azərbaycan Respublikasının mühafizə olunan dövlət sərhədini müəyyən edilmiş sənədlər olmadan və ya dövlət sərhədinin nəzarət-buraxılış məntəqələrindən kənarda keçməyə görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 318.1-ci maddəsində cinayət məsuliyyəti nəzərdə tutulmuşdur. Məhkəmə təqsirləndirilən şəxsin və şahidlərin ifadələrini, dövlət ittihamçısının və müdafiəçinin çıxışlarını dinləyib, Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsində təsbit edilmiş təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq, məhkəmə baxışında ittihamın baxılması nəticələrinə, məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslanaraq, tədqiq olunan sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq, bu nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 318.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir, həmin əməldə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 318.1-ci maddəsinin tərkibi vardır, həmin əməl təqsirləndirilən şəxs tərəfindən törədilmişdir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 318.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlinin törədilməsində təqsirli bilinməlidir. Onun cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 318.1-ci maddəsilə düzgün tövsif edilmişdir, əməlin cinayət olmasını aradan qaldıran hallar, təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur, təqsirləndirilən şəxs törətdiyi əmələ görə cəzalanmalıdır. Azərbaycan Respublikası CM-nin cəzanın anlayışını və məqsədini müəyyən edən 41-ci maddəsinə görə cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir.Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-nin 9.2-ci maddəsinə əsasən cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. Azərbaycan Respublikası CM-nin 58.1 və 58.3-cü maddələrinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. “Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr və dəyişikliklər edilməsi barədə” 11 iyun 2004-cü il tarixli 688-İİQD saylı Azərbaycan Respublikası Qanununun 3-cü hissəsinin 9-cu bəndinin və 4-cü hissəsinin 7-ci bəndinin Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin 9-cu hissəsinə uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 yanvar 2005-ci il tarixli Qərarında qeyd olunur ki, istənilən məhkəmə aktının qanuni və əsaslı hesab olunması üçün mütləq şərtlərdən biri onun ədalətli olmasıdır, çünki, ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 4 nömrəli, 25 iyun 2003-cü il tarixli Qərarının 1-ci bəndində məhkəmələrə izah edilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Həmin qərarın 2-ci bəndində göstərilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən cəza təyin edərkən bu Məcəllənin 59.1.1-59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Məhkəmə ilk dəfə cinayət əməli törətməsini və cinayət əməli törətməsini etiraf edib, bu əməli törətməsindən səmimi peşmançılıq çəkməsini Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə ilk dəfə cinayət əməli törətməsi və cinayət əməli törətməsini etiraf edib, bu əməli törətməsindən səmimi peşmançılıq çəkməsi hallarının təqsirləndirilən şəxsin cəzasını yüngülləşdirən hallar kimi nəzərə alınmasını onunla əsaslandırır ki, iş materiallarına əsasən Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamış, hüquq pozuntuları törətməmiş, hər hansı antisosial davranışa yol verməmişdir. İlk dəfə cinayət əməli törətməsi halı Təqsirləndirilən şəxs psixologiyasında antososial yönümün model davranışa çevrilmədiyini göstərir və onu digər məhkumlardan fərqləndirən xüsusatdır. Məhkəmə həmçinin nəzərə çatdırır ki, Təqsirləndirilən şəxs cinayəti etiraf edib əməlinə görə təəsüflənməklə səmimi peşman olduğunu bildirməsi, onun öz əməlinə tənqidi münasibətini ifadə etməklə həqiqətən də onu müsbət xarakterizə edən haldır. Bu konteksdə nəzərə çatdırılmalıdır ki, səmimi peşmançılıq şəxsin törətdiyi əmələ tənqidi münasibətini əks etdirən hiss olmaqla istənilən cinayəti, o cümlədən böyük ictimai təhlükə törətməyən cinayəti törədən şəxs tərəfindən də yaşana və Cinayət Məcəlləsinin 72.1-ci maddəsində göstərilməyən formalarda da ifadə oluna bilər. Bu konteksdə diqqətə alınmalıdır ki, Rusiya Federasiyası Cinayət Məcəlləsinin 75-ci maddəsində şəxsin cinayət məsuliyyətindən azad edilməsinə əsas verən hal (AR Cinayət Məcəlləsinin 72-ci maddəsi ilə eyni hallarda) səmimi peşmançılıq deyil, əməli peşmançılıq adlandırılmış,yəni səmimi peşmançılığın üstün-yalnız əməli hərəkətlərlə ifadə olunmuş forması olaraq qeyd edilmişdir. Ona görə də Təqsirləndirilən şəxs cinayət əməli törətməsini etiraf edib, bu əməli törətməsindən səmimi peşmançılıq çəkməsi məhz onun istinad olunan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 318.1-ci maddəsində nəzərdə tutulmuş əməlin törədilməsinə təəssüflənməklə bu əmələ tənqidi münasibətini ifadə edir və bu xüsusda onun cəzasını yüngülləşdirən hal kimi qiymətləndirilməlidir. O da nəzərə çatdırılmalıdır ki, Təqsirləndirilən şəxs cinayət əməli törətməsini etiraf etməsi bu əməlinə tənqidi münasibəti və zərərli sosial-psixoloji meyllərdən uzaqlaşmaq istəyi konteksində qiymətləndlirilməklə onun şəxsiyyətinin xarakterizə edən hal kimi də nəzərə alınmalıdır. İnsan Hüquqları Üzrə Avropa Məhkəməsinin İnsan Hüquqlarının və X6 Haqqında Konvensiyanın (Avropa Konvensiyası) 6-cı maddəsilə bağlı presedentləri də belə yanaşmanı təqdir və qəbul edirlər. Belə ki, X1rşı iş üzrə qərarında Avropa Məhkəməsi təqsirləndirilən şəxsin cinayətin etirafı ilə bağlı ifadəsini sübut kimi qiymətləndirməklə yanaşı onun şəxsiyyətini xarakterizə edən hal kimi dəyərləndirilməsini tələb edir. Cinayət Məcəlləsinin 58-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin şəxsiyyətini xarakterizə edən halların isə ona cəza təyin edilməsində nəzərə alınması imperativ tələb kimi qeyd edilmişdir. Ona görə də məhkəmə işdəki sübutlara istinadən ilk dəfə cinayət əməli törətməsini və cinayət əməli törətməsini etiraf edib, bu əməli törətməsindən səmimi peşmançılıq çəkməsini Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar kimi nəzərə almışdır. Məhkəmə xüsusi olaraq nəzərə çatdırır ki, ilk dəfə cinayət əməli törətməsi və cinayət əməli törətməsini etiraf edib, bu əməli törətməsindən səmimi peşmançılıq çəkməsinin nəzərə alınması xüsusanda Təqsirləndirilən şəxs ədalətli, əməlinə adekvat cəzanın təyin edilməsi onun hazırki cinayəti törətməkdə ifadə olunan zərərli sosial-psixoloji meyllərdən uzaqlaşması və qanunlara hörmət ruhunda islah olunması üçün cəmiyyətin və dövlətin ona verdiyi bir şans kimi də dəyərləndirilməlidir. Məhkəmə tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəllənin 61-ci maddəsində nəzərdə tutulan cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə cəza təyinatı ilə bağlı qeyd edir ki, yuxarıda istinad olunan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsi cəzanın aşağıdakı məqsədlərini önə çəkir: sosial ədalətin bərpası; məhkumun islah edilməsi; məhkum tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınması (xüsusi prevensiya) və başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınması (ümumi prevensiya). Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsi haqq-ədaləti bərabər mənafelərə bərabər münasibət kimi təsbit edir. Bu xüsusda məhkəmə bildirir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsində nəzərdə tutulmuş cəza tətbiq edilmək yolu ilə sosial ədalətin bərpası bütövlükdə cəmiyyətə, burada hökm sürən ictimai münasibətlərə münasibətdə həyata keçirilməklə iki istiqaməti nəzərdə tutur: 1) dövlət cinayət törədən şəxs tərəfindən vurulmuş zərərin ödənilməsini qanunda nəzərdə tutulmuş cəzalar, habelə xüsusi müsadirə növündə cinayət-hüquqi xarakterli tədbir tətbiq etməklə təmin edir. Həm də burada söhbət təkcə maddi zərərdən getmir. Əslində sosial ədalətin bərpası dedikdə, cinayətkarın barəsində təyin edilən qanuni cəza vasitəsilə başqasına vurduğu zərərə adekvat məhrumiyyətlərə məruz qalması başa düşülməlidir. 2) vətəndaşlar dövlətin cinayətkarı cəzalandırmağa qadir olmasına, həm də bu cəzanın təyin edilməsi zamanı humanizm, ədalətlilik, cəzanın törədilmiş cinayətin ağırlığına uyğunluğu, cəzanın fərdiləşdirilməsi prinsipləri əsas götürülməklə qanuna uyğun tətbiq edilməsinin təmin edilməsinə inanırlar. Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 318.1-ci maddəsinin sanksiyasında min beş yüz manatdan üç min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə cəzaları nəzərdə tutulmuşdur. Yuxarıda istinad olunan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələbinə görə isə törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilməsin. Məhkəmə bir daha qeyd edir ki, Təqsirləndirilən şəxs şəxsiyyətinin xarakterizasiyası ilə bağlı cəzasını yüngülləşdirən halların olması və cəzasını ağırlaşdıran halların olmaması ilə əlaqədar xüsusatlar onu cinayətə sövq edə bilən zərərli sosial-psixoloji meyllərdən, kriminogen xüsusiyyətlərdən azad olması istəyinə dəlalət edir. Cəzanın əsas məqsədlərindən də biri məhz şəxsin ictimai-faydalı fəaliyyətə qayıtması və islah olunması, həmçinin normal cəmiyyətə qovuşması üçün zəmin yaratmaqdır. Buna görə Azərbaycan Respublikasının cinayət qanunvericiliyi şəxsə cəza təyin edilməsi zamanı həm də hümanizm prinsipini önə çəkir (Cinayət Məcəlləsinin 9-cu maddəsi). Məhkəmə bildirir ki, cinayət qanunvericiliyinin tətbiqi humanizm prinsipinin həyata keçirilməsi üsullarından biridir. Cinayət qanunvericiliyində humanizm prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsində öz əksini tapır. Əks hal, yəni humanizm prinsipinin ancaq zərərçəkmiş şəxslərə tətbiq edilməsi qanunçuluq, ədalət və humanizm prinsiplərinin pozuntusu olardı. Dünya praktikasında cinayət əməli törədən şəxsə qarşı münasibət humanizm prinsipinin cinayət hüququnda həyata keçirilməsinin göstəricisidir. Heç şübhəsiz ki, hazırki iş üzrə də təqsirləndirilən şəxsə, onun islah olunmasına, qanunlara hörmətlə yanaşmasına, yeni cinayət əməlinin törədilməsinin qarşısının alınmasına böyük mənəvi və hüquqi stimul yaradan cəza təyin edilməlidir ki, həmin cəza da həm ədalət prinsipini, həm də humanizm prinsipini özündə ehtiva etsin və fərdin hüquqları ilə cəmiyyətin maraqları arasında ədalət tarazlıq yaratmış olsun. Göstərildiyi kimi, qanunvericilik şəxsə ədalətli cəza, yəni törətdiyi cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilmə hallarına və şəxsiyyətinə uyğun cəza təyin olunmasını tələb edir. Qeyd olunanların işığında heç şübhəsiz ki, Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid edilməsi formasında cəzaya,yəni azadlıqdan məhrum etmə cəzasına məruz qalması törətdiyi cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və şəxsiyyətinə uyğun olmamaqla, ədalətli olmazdı. Belə ki, ilk dəfə cinayət əməli törətməsi və cinayət əməli törətməsini etiraf edib, bu əməli törətməsindən səmimi peşmançılıq çəkməsi kimi cəzasını yüngülləşdirən halların olduğu və cəzasını ağırlaşdıran halların olmadığı, həmçinin onun təqsirləndirildiyi maddənin sanksiyasında azadlıqdan məhrum etmədən əvvəl cərimə cəzasının nəzərdə tutulduğu şəraitdə, Təqsirləndirilən şəxs ən sərt cəzanın-azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi, onun fərdi azadlıq hüququ ilə dövlət sərhədinin mühafizəsi sahəsində dövlət idarəçiliyinin əsaslarının və dövlət sərhəd rejiminin qorunmasında ifadə olunan ictimai maraq arasında ədalətli tarazlığı pozmuş olardı, işin hallarına əsasən heç də cəzanın məqsədlərinə nail olunmasına xidmət etməzdi və bir növ ondan qisas almağa xidmət edərdi ki, bu da qanunla yolverilməzdir. Belə ki, cəza «talion» prinsipinə, yəni təqsirləndirilən şəxsdən əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Cəzanın məqsədi sosial ədalətin bərpası, xüsusi prevensiyanın (şəxsin özünü cinayət əməlinin törədilməsindən çəkindirmək) və ümumi prevensiyanın (başqa şəxsləri cinayət əməlinin törədilməsindən çəkindirmək) təmin edilməsidir. Qeyd edilənlərə əsasən məhkəmə hazırki işdə cəzanın məqsədlərinə nail olunması üçün Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə cəzasının təyin edilməsinə lüzum görmür. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən ona hansı növ cəzanın təyin edilməsi məsələsinə baxaraq, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzasını yüngülləşdirən halların mövcudluğunu və cəzasını ağırlaşdıran halların olmamasını, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş həddə cərimə cəzasının təyin edilməsini qanuni əsaslı və ədalətli hesab edir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs 26 yanvar 2023-cü il tarixdə saat 17.10-da inzibati qaydada tutulmuş, 28 yanvar 2023-cü il tarixdə axşam saatlarında həbsdən azad edilmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 147.4-cü maddəsinə əsasən barəsində tutulma tətbiq edilən şəxs azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan tutulmuş hesab edilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə aşağıdakılar daxildir: 158.2.1. tutulduğu və həbsdə saxlanıldığı müddət; 158.2.2. ev dustaqlığında saxlanıldığı müddət; 158.2.3. məhkəmənin qərarı əsasında prosessual məcburiyyət tədbirlərinin tətbiqi ilə tibb müəssisəsində stasionar ekspertizanın keçirilməsi və ya müvəqqəti xəstəliyi ilə əlaqədar saxlandığı müddət. 158.2.4. Azərbaycan Respublikasının hüdudlarından kənarda tutulduğu andan Azərbaycan Respublikasının ərazisində cinayət prosesini həyata keçirən orqana təhvil verilənədək olan müddət. Məhkəmə hesab edir ki, qanunvericiliyə əsasən şəxsin tutulması onun azadlığının faktiki məhdudlaşdırılması vaxtından hesablandığından və Təqsirləndirilən şəxs azadlığının faktiki məhdudlaşdırılması vaxt 26 yanvar 2023-cü il tarixdə baş verdiyindən, tutulması vaxtı 26 yanvar 2023-cü il tarixdən hesablanmaqla onun azadlığa buraxıldığı 28 yanvar 2023-cü il tarixədək tutulduğu vaxt 2 gün (26 yanvar 2023-28 yanvar 2023-cü il) sayılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.4-cü maddəsinə əsasən həbsdə saxlanılan şəxsə cərimə və ya müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə növündə əsas cəza təyin edilərkən məhkəmə həbsdə saxlama müddətini nəzərə alaraq, təyin edilmiş cəzanı yüngülləşdirir və ya şəxsi bu cəzadan tamamilə azad edir. Məhkəmə işin hallarını, Təqsirləndirilən şəxs 26 yanvar 2023-cü il tarixdən 28 yanvar 2023-cü il tarixədək iki gün tutulub həbsdə saxlama müddəti nəzərə alaraq, hesab edir ki, ona təyin ediləcək cərimə cəzası yüngülləşdirilməlidir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 346.1.12-ci maddəsinə uyğun olaraq təqsirləndirilən şəxsə təyin ediləcək cəzanın çəkilməli olubolmaması məsələsinə baxaraq,işin hallarını,təqsirləndirilən şəxsin cəzadan azad edilməsi, yaxud barəsində Cinayət Məcəlləsinin 70-ci maddəsinin tətbiq olunması üçün əsasların olmamasını nəzərə alaraq, həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs ona təyin ediləcək cəzanı çəkməlidir. Həmçinin Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəsini alana kimi dəyişdirilmədən saxlanmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 346.1-ci və 346.1.19-cu maddələrinə uyğun olaraq məhkəmə müsadirə edilməli əmlakın olub-olmaması məsələsinə baxaraq, təqsirləndirilən şəxsin hazırkı cinayəti törətdiyi zaman cinayət yolu ilə hər hansı əmlak əldə etməməsini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulan xüsusi müsadirə edilməli olan əmlak mövcud deyildir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs Gürcüstan vətəndaşı olmasına baxmayaraq, 1993-cü ildən Balakən rayonu Hənifə inzibati ərazi vahidinin Roçəhməd kəndində yaşayan anası X3 məxsus təsərrüfatda müvəqqəti qeydiyyatdadır və 1993-cü ildən, yəni beş ildən artıq olmaqla Balakən rayonu Roçəhməd kəndində-Azərbaycan Respublikasının ərazisində yaşayır. Ona görə də Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-ci maddəsinin tələbləri qaydasında Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarma cəzası tətbiq edilə bilməz. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52.2.1-ci maddəsinə əsasən barəsində ittiham hökmü qanuni qüvvəyə minənədək beş il Azərbaycan Respublikasının ərazisində daimi yaşayan şəxslərə Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarma cəza növü şamil edilmir. İş materiallarından həmçinin görünür ki, Balakən rayon Vəkil Bürosunun vəkil Müdafiəçi məhkəmə icraatı zamanı Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsinə 5 iş saatı vaxt sərf etmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-193.3-cü maddələrinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının Dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Məhkəmə şübhəli və ya təqsirləndirilən şəxsin orta aylıq gəlirini, maddi, əmlak və ailə vəziyyətini, habelə digər halları nəzərə alaraq həmin şəxsin müdafiəçi tərəfindən göstərilən hüquqi yardımı ödəməkdən azad edilməsi və ödəmənin Azərbaycan Respublikasının Dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilməsi barədə əsaslandırılmış qərar qəbul edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 3 may 2018-ci il tarixli, 202 №-li qərarı əsasında “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli,11 №-li qərarına edilmiş dəyişikliklərə uyğun olaraq təqsirləndirilən şəxslərin hüquqlarını müdafiə etmələrinə görə müdafiəçilərə hər iş saatı üçün 6 manat məbləğində haqq ödənilməlidir. Ona görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə icraatı zamanı göstərilən hüquqi yardımla bağlı Balakən rayon Vəkil Bürosunun vəkili Müdafiəçi ödənilməsi üçün 30 manat Azərbaycan Respublikası Dövlət büdcəsinin vəsaiti hesabından Balakən rayon Vəkil Bürosunun nəfinə, «KAPİTALBANK» X8 Rekvizitləri: VÖEN **********, kod 201382, Müxbir hesab AZ37NABZ******************** hesabına köçürülməlidir. İş üzrə maddi sübut, mülki iddia və məhkəmə xərci yoxdur. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 349-cü maddəsinin tələblərinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Məhkəmənin hökmü Azərbaycan Respublikası Konstitusiyasının, bu Məcəllənin, Azərbaycan Respublikasının cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir. Məhkəmənin hökmü məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə əsaslı hesab edilir. Kondraşinanın Rusiya Federasiyasına qarşı iş üzrə qərarında Avropa Məhkəməsi göstərmişdir ki, məhkəmələr qərar qəbul edərkən hüququn aliliyinə əməl etməlidirlər. Hüququn aliliyinin əsas cəhətlərindən biri hüquqi müəyyənlik prinsipidir ki, onun tələbinə görə məhkəmələr yekun qərarı elə qəbul etməlidirlər ki, o, mübahisə olunmasın. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 318.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və 2000 (iki min) manat miqdarında cərimə cəzasına məhkum edilsin; Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.4-cü maddəsinə əsasən onun 26 yanvar 2023-cü il tarixdən 28 yanvar 2023-cü il tarixədək iki gün tutulub həbsdə saxlandığı müddət nəzərə alınaraq ona təyin edilmiş cərimə cəzası yüngülləşdirilsin və Təqsirləndirilən şəxs üzərində qəti olaraq 1500 (bir min beş yüz) manat miqdarında cərimə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs ona təyin edilmiş cərimə məbləğini hökm qanuni qüvvəyə mindiyi gündən bir aydan gec olmayaraq müvafiq bank hesabına köçürməklə ödəsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəsini alana kimi dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs məhkəmə icraatı zamanı göstərilən hüquqi yardımla bağlı Balakən rayon Vəkil Bürosunun vəkili Müdafiəçi ödənilməsi üçün 30 manat Azərbaycan Respublikası Dövlət büdcəsinin vəsaiti hesabından Balakən rayon Vəkil Bürosunun nəfinə, «KAPİTALBANK» X8 Rekvizitləri: VÖEN **********, kod 201382, Müxbir hesab AZ37NABZ******************** hesabına köçürülsün. Hökmün icrası Balakən Rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Hökmdən elan olunduğu andan (həbsdə olan məhkum hökmün surəti ona verildiyi andan) 20 gün müddətində Balakən Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən: Zamin Tahirov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar