Məhkəmə qərarları › İş №1(019)-62/2020

Balakən Rayon Məhkəməsi Hökm — İş №1(019)-62/2020

16.09.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Balakən Rayonu İş № 1(019)-62/2020 16.09.2020 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Tahirov Zamin Cəbrayıl oğlunun sədrliyi, məhkəmə iclas katibi Qədirov İbadullah Şamil oğlunun katibliyi, dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri X5, Zərərçəkmiş şəxs, müdafiəçi-fərdi qaydada fəaliyyət göstərən vəkil X6 və Təqsirləndirilən şəxs iştirakı ilə xx xxxxxx 1986-cı ildə Balakən rayonu Tülü kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, Balakən rayonu Tülü kəndində qeydiyyatda olan və yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş- Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası CM) 306.1-ci maddəsilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini qərəzli olaraq icra etməmişdir. Belə ki, Təqsirləndirilən şəxs cavabdeh kimi ondan xx xxxxxx 2018-ci il tarixdən başlayaraq xx xxxxxx 2009-cu ildə anadan olmuş X8 və xx xxxxxxxx 2010-cu ildə anadan olmuş X7 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay hər uşağa görə 154,00 manat sabit pul məbləğində alimentin tutulub, Nəbiyeva (Dabaxova) Turanə Loğman qızına verilməsinə dair Balakən Rayon Məhkəməsinin xx xxx 2019-cu il tarixli, 2(019)- 203/2019 saylı qanuni qüvvəyə minmiş qətnaməsinin icrası ilə bağlı icra məmurunun qanuni tələbini üzrsüz səbəbdən yerinə yetirmədiyinə görə həmin rayon məhkəməsi tərəfindən xx xxxxxxx 2019-cu il tarixdə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinib, 11 gün müddətinə inzibati qaydada həbs edilməsinə, icra üçün yeni müddətin təyin edilməsinə, həmçinin məsuliyyəti barədə dəfələrlə rəsmi xəbərdarlıq edilməsinə baxmayaraq, hərəkətlərindən nəticə çıxarmamış və cinayət təqibi başlanılması məsələsinə baxılması üçün təqdimat verilənədək, yəni xx xxxxxx 2020-ci il tarixədək cəmi 3654,00 manat aliment borcunu tələbkara ödəməməklə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini qərəzli olaraq icra etməyərək və zərər çəkmiş şəxsə qeyd olunan məbləğdə maddi ziyan vuraraq, ədalət mühakiməsinin mənafeyinə xələl gətirmişdir. Təqsirləndirilən şəxs həmin cinayət əməlini törətməsi məhkəmə iclasında özünün səmimi etirafedici ifadəsi, zərərçəkmiş şəxsin və şahidin ifadələri, eləcə də işdə olan digər sübutların tədqiqi əsasında aşağıdakı qaydada tam sübuta yetirildi. Belə ki, məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsi ilə verilmiş ittiham üzrə özünü tam təqsirli bilərək, ifadəsində göstərmişdir ki, o, 2008-ci ildə Nəbiyeva (Dabaxova) Turanə Loğman qızı ilə qeyri-rəsmi qaydada evlənməklə ailə qurmuşdur. Nikahlarını isə xx xxxxxx 2009-cu il tarixdə rəsmiləşdirmişlər. Birgə nikahdan xx xxxxxx 2009-cu il tarixdə Xədicə, xx xxxxxxxx 2010-cu il tarixdə isə Rəşid adını verdikləri uşaqları anadan olmuşdur. Ailə qurduqdan sonra bir müddət səmimi ailə münasibətləri olsa da, sonradan münasibətləri pisləşdiyindən, Turanə uşaqları götürüb atası evinə getmişdir. Bundan bir müddət sonra isə Turanə aralarında bağlanmış nikahın pozulması və aliment tələbi ilə məhkəməyə müraciət etmiş və Balakən Rayon Məhkəməsi nikahın pozulması, həmçinin ondan xx xxxxxx 2018-ci il tarixdən başlayaraq xx xxxxxx 2009-cu ildə anadan olmuş X8 və xx xxxxxxxx 2010-cu ildə anadan olmuş X7 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay hər uşağa görə 154 manat sabit pul məbləğində alimentin tutulub, Nəbiyeva (Dabaxova) Turanə Loğman qızına verilməsinə dair xx xxx 2019-cu il tarixli qətnamə çıxarmışdır. İcra məmurları qətnamənin icrasını dəfələrlə ondan tələb etmişlər. Lakin qətnamə ilə müəyyən edilmiş aliment məbləği həddindən artıq çox olduğundan, həmçinin maddi imkanı zəif olduğundan həmin məbləği ödəyə bilməmişdir. O, istintaq müddətində 3654 manat maddi ziyandan 150 manat ödəmişdir. Hazırda yaranmış aliment borcunu ödəməyə maddi imkanı yoxdur. Lakin çalışıb borcunu ödəyəcəkdir. Maddi vəziyyətinin ağır olmasına görə borcunu ödəyə bilməməsini nəzərə alaraq, ona yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə iclasında zərər çəkmiş şəxs qismində dindirilmiş Nəbiyeva (Dabaxova) Turanə Loğman qızı ifadəsində göstərmişdir ki, həqiqətən o, 2008-ci ildə Təqsirləndirilən şəxs ilə qeyri-rəsmi qaydada evlənməklə ailə qurmuşdur. Nikahlarını isə xx xxxxxx 2009cu il tarixdə rəsmiləşdirmişlər. Birgə nikahdan xx xxxxxx 2009-cu il tarixdə Xədicə, xx xxxxxxxx 2010-cu il tarixdə isə Rəşid adında uşaqları anadan olmuşdur. Ailə qurduqdan sonra bir müddət səmimi ailə münasibətləri olsa da, sonradan münasibətləri pisləşdiyindən ayrılmışlar. Ayrılarkən uşaqlar onun himayəsində qalmışdır. Buna baxmayaraq, ayrı yaşadıqları müddətdə Bəhruz uşaqlarla maraqlanmamış və onların saxlanılmasına maddi köməklik göstərməmişdir. Həmçinin barışıb bir ailə kimi yaşamları da mümkünsüz olmuşdur. Buna görə də nikahın pozulması və aliment tələbi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Balakən Rayon Məhkəməsi nikahın pozulması, həmçinin Təqsirləndirilən şəxs xx xxxxxx 2018-ci il tarixdən başlayaraq xx xxxxxx 2009-cu ildə anadan olmuş X8 və xx xxxxxxxx 2010-cu ildə anadan olmuş X7 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay hər uşağa görə 154 manat sabit pul məbləğində alimentin tutulub, ona verilməsinə dair xx xxx 2019-cu il tarixli qətnamə çıxarmışdır. Qətnamənin qəbul edilməsindən xeyli müddətin keçməsinə baxmayaraq Bəhruz barəsində olan məhkəmə qətnaməsinə məhəl qoymamış və müəyyən olunmuş aliment məbləğini ödəməkdən yayınmışdır. Halbuki, Bəhruz fərdi qaydada işləyir və onun alimenti ödəməyə kifayət qədər maddi imkanı vardır. Buna baxmayaraq aralarında olan münasibətlərə görə ötən müddətdə qətnamənin icrasını qərəzli olaraq təmin etmir. Uşaqlar böyüdüyündən onların maddi təlabatları da xeyli artmışdır. Bundan başqa Xədicə adlı övladı “Serebral iflic” xəstəliyindən əziyyət çəkir, əlləri və ayaqları işləmir. Xədicənin daimi qulluğa və müalicəyə ehtiyacı vardır. Uşağa qulluq etdiyinə görə özü də işləyə bilmir. Uşaqlarla birlikdə kirayədə qalır. Müəyyən edilmiş aliment məbləğini ala bilmədiyindən, uşaqların gündəlik zəruri xərclərini, müalicə xərclərini, o cümlədən evin kirayə pulunu və kommunal xərclərini ödəməkdə olduqca çətinliklər çəkir. Bəhruz isə uşağın xəstə olduğunu bildiyi halda, onun müalicəsinə hər hansı köməklik etmir, ümumiyyətlə uşaqlarla maraqlanmır, müəyyən edilmiş alimenti belə ödəmir. Alimentin alınmasına köməklik etmələri üçün dəfələrlə icra məmurlarına müraciət etmiş və icra məmurları tərəfindən Bəhruz barəsində zəruri tədbirlər görülmüşdür. Həmçinin Balakən Rayon Məhkəməsində Bəhruz barəsində inzibati işə baxılarkən iştirak etmişdir. Məhkəmədə Bəhruz alimenti ödəyəcəyinə dair söz versə də, bundan sonra da ödəniş etməmişdir. Bəhruz ibtidai istintaq müddətində 3654 manat maddi ziyandan 150 manat ödəniş etmişdir. Odur ki, uşaqların maddi təlabatlarını ödəməkdə çətinliklər çəkdiyini, həmçinin uşağın ağır xəstə olduğunu nəzərə alaraq, Təqsirləndirilən şəxs qətnamə üzrə yaranmış aliment borcunun alınaraq, ona verilməsinə köməklik göstərilməsini xahiş edir. Həmçinin Təqsirləndirilən şəxs barəsində ən ağır cəzanın verilməsini xahiş edir. Əgər alimenti ödəməyən Təqsirləndirilən şəxs yüngül cəza verilərsə, o, ən yuxarı instansiyalara şikayət edəcəkdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Balakən Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Şahid ifadəsində göstərmişdir ki, xx xxx 2019-cu il tarixdə icraatına Təqsirləndirilən şəxs xx xxxxxx 2018-ci il tarixdən başlayaraq xx xxxxxx 2009-cu ildə anadan olmuş X8 və xx xxxxxxxx 2010-cu ildə anadan olmuş X7 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay hər uşağa görə 154 manat sabit pul məbləğində alimentin tutulub, Nəbiyeva (Dabaxova) Turanə Loğman qızına verilməsinə dair Balakən Rayon Məhkəməsinin xx xxx 2019-cu il tarixli, 2(019)-203/2019 saylı qətnaməsi əsasında verilmiş icra sənədi daxil olmuşdur. İcra sənədini icraata qəbul edərək, tələbin könüllü icrası üçün borcluya müvafiq bildiriş vermişdir. Verilmiş müddətdə borclu tələbin icrasını təmin etmədiyindən, məcburi icra tədbirlərinə başlanılmışdır. Borclu Təqsirləndirilən şəxs İcra və Probasiya Şöbəsinə çağırılaraq, icra sənədinin mahiyyəti ona izah olunmuş, məsuliyyəti diqqətinə çatdırılmışdır. Borclu Təqsirləndirilən şəxs 50 manat ödəniş etmiş və izahat verərək maddi imkanının zəif olduğundan yaranmış aliment borcunu ödəyə bilməyəcəyini bildirmişdir. İcra məmurunun qanuni tələblərini yerinə yetirmədiyinə görə Təqsirləndirilən şəxs barəsində inzibati xəta haqqında protokol tərtib edilərək, baxılması üçün məhkəməyə göndərilmişdir. Balakən Rayon Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli qərarı ilə borclu Təqsirləndirilən şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinib, 11 gün müddətinə inzibati qaydada həbs edilmişdir. İnzibati məsuliyyətə cəlb edildikdən sonra yeni icra müddəti təyin edilərək, qətnamənin icrası borcludan tələb olunmuş, ona məsuliyyəti barədə rəsmi xəbərdarlıqlar edilmişdir. Həmçinin məcburi icra tədbirləri çərçivəsində borclunun işlə təmin edilməsinə köməklik göstərilməsi məqsədi ilə Balakən rayon Məşğulluq Mərkəzinə müraciət olunmuş, Mərkəz tərəfindən Təqsirləndirilən şəxs müvafiq iş təklif edilmiş, lakin o, əmək haqqı az olduğundan təklif edilən işdən imtina etmişdir. Eyni zamanda icra sənədinin icrası istiqamətində borclu ilə fərdi söhbətlər aparılmış, aliment borcunun ödənilməsi üçün dəfələrlə ona vaxt verilmişdir. Təqsirləndirilən şəxs aliment borcundan qısa müddətdə qismən ödəniş edəcəyini bildirsə də, bundan sonra da ödəniş etməmişdir. Təqsirləndirilən şəxs ona edilən xəbərdarlıqlara da məhəl qoymamış, icra sənədinin icraya yönəldilməsindən xeyli müddət keçməsinə və barəsində görülmüş məcburi icra tədbirlərinə baxmayaraq, hərəkətlərində dönüş yaratmamış, müəyyən edilmiş aliment məbləğini ödəməkdən yayınmaqda davam etmişdir. Nəticədə xx xxxxxx 2020-ci il tarixə 3654 manat aliment borcu yaranmışdır. Təqsirləndirilən şəxs bu ziyandan 150 manat ibtidai istintaq müddətində ödəniş etmişdir. İcra müddətində tələbkar Zərərçəkmiş şəxs isə dəfələrlə Balakən rayon İcra və Probasiya Şöbəsinə müraciət edərək, Xədicə adlı uşağının xəstə olduğunu, onun mütəmadi olaraq müalicəyə ehtiyacı olduğunu, maddi vəziyyətlərinin olduqca ağır olduğunu bildirərək, Təqsirləndirilən şəxs qətnamə üzrə yaranmış aliment borcunun alınaraq, ona verilməsinə köməklik göstərilməsini xahiş etmişdir. Göstərilənlərə əsasən borclu Təqsirləndirilən şəxs qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini qərəzli olaraq icra etmədiyinə görə onun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306-cı maddəsilə cinayət məsuliyyətinə cəlb olunması məqsədəmüvafiq hesab edildiyi üçün Ədliyyə Nazirliyinin İstintaq İdarəsinə müvafiq təqdimat göndərilmişdir. İşin 8-13-cü vərəqələrində olan və məhkəmə istintaqında elan edilməklə tədqiq edilən Balakən Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 1(019)-203/2019 saylı qətnaməsindən və Balakən Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 1(019)-203/2019 saylı icra vərəqəsindən görünür ki, xx xxxxxx 2018-ci il tarixdən başlayaraq xx xxxxxx 2009-cu ildə anadan olmuş X8 və xx xxxxxxxx 2010-cu ildə anadan olmuş X7 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün Təqsirləndirilən şəxs hər ay hər uşağa görə 154 manat sabit pul məbləğində aliment tutulub, Nəbiyeva (Dabaxova) Turanə Loğman qızına verilməlidir. İşin 16,39-42,61-ci vərəqələrində olan və məhkəmə istintaqında elan edilməklə tədqiq edilən məhkəmə qətnaməsinin icrası ilə bağlı Təqsirləndirilən şəxs adına ünvanlanmış tələbin könüllü icrası haqqında bildirişdən, xəbərdarlıqlardan və digər sənədlərdən görünür ki, Təqsirləndirilən şəxs həqiqətən də qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini qərəzli olaraq icra etməmişdir. İşin 39-42-ci vərəqələrində olan və məhkəmə istintaqında elan edilməklə tədqiq edilən Balakən Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 3(019)-313/2019 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinib, 11 (on bir) gün müddətə inzibati qaydada həbs edilmişdir. İşin 45 və 61-ci vərəqələrində olan və məhkəmə istintaqında elan edilməklə tədqiq edilən Balakən rayon İcra və Probasiya Şöbəsi tərəfindən Təqsirləndirilən şəxs ünvanlanmış xx.xx.2019-cu il tarixli, 71531/2019-46-1 848/2 №-li və xx.xx.2019-cu il tarixli, 930/2 xəbərdarlıqlardan görünür ki, Təqsirləndirilən şəxs icra sənədi üzrə tələbin təmin edilməsi, əks təqdirdə Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb olunacağı barədə xəbərdarlıqlar edilmişdir. İşin 63-65-ci vərəqələrində olan və məhkəmə istintaqında elan edilməklə tədqiq edilən Balakən Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 8(019)-98/2019 saylı qərardadından görünür ki, borclu Təqsirləndirilən şəxs ölkədən getmək hüququ müvəqqəti-Balakən Rayon Məhkəməsinin xx xxx 2019-cu il tarixli, 2(019)-203/2019 nömrəli icra sənədi üzrə aliment borcu tam ödənilənədək məhdudlaşdırılmışdır. İşin 130-131-ci vərəqələrində olan və məhkəmə istintaqında elan edilməklə tədqiq edilən xx xxxx 2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. İşin 104-cü vərəqəsində olan və məhkəmə iclasında elan olunmaqla tədqiq olunmuş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən verilmiş tələbnamə üzrə xx.xx.2020-ci il tarixli, 7 saylı arayışdan görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Beləliklə məhkəmə iclasında tədqiq olunmuş mümkün və mötəbər sübutların məcmuyu ilə müəyyən edildi ki, Təqsirləndirilən şəxs cavabdeh kimi ondan xx xxxxxx 2018-ci il tarixdən başlayaraq xx xxxxxx 2009-cu ildə anadan olmuş X8 və xx xxxxxxxx 2010-cu ildə anadan olmuş X7 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay hər uşağa görə 154,00 manat sabit pul məbləğində alimentin tutulub, Nəbiyeva (Dabaxova) Turanə Loğman qızına verilməsinə dair Balakən Rayon Məhkəməsinin xx xxx 2019-cu il tarixli, 2(019)-203/2019 saylı qanuni qüvvəyə minmiş qətnaməsinin icrası ilə bağlı icra məmurunun qanuni tələbini üzrsüz səbəbdən yerinə yetirmədiyinə görə həmin rayon məhkəməsi tərəfindən xx xxxxxxx 2019-cu il tarixdə Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinib 11 gün müddətinə inzibati qaydada həbs edilməsinə, icra üçün yeni müddətin təyin edilməsinə, həmçinin məsuliyyəti barədə dəfələrlə rəsmi xəbərdarlıq edilməsinə baxmayaraq, hərəkətlərindən nəticə çıxarmamış və cinayət təqibi başlanılması məsələsinə baxılması üçün təqdimat verilənədək, yəni xx xxxxxx 2020-ci il tarixədək cəmi 3654,00 manat aliment borcunu tələbkara ödəməməklə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini qərəzli olaraq icra etməyərək və zərər çəkmiş şəxsə qeyd olunan məbləğdə maddi ziyan vuraraq ədalət mühakiməsinin mənafeyinə xələl gətirmişdir. Qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini, hökmünü, qərardadını, qərarını və ya əmrini qərəzli olaraq icra etməmə və ya həmin məhkəmə aktlarının icrasına maneçilik törətməyə görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsində cinayət məsuliyyəti nəzərdə tutulmuşdur. Məhkəmə Azərbaycan Respublikasının Konstitusiyasının 63-cü maddəsində təsbit edilmiş təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq, məhkəmə baxışında ittihamın baxılması nəticələrinə əsaslanaraq, məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslanaraq, təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilməyən şübhələri onun xeyrinə şərh edərək, Balakən Rayon Məhkəməsinin xx xxx 2019cu il tarixli, 2(019)-203/2019 saylı qətnaməsinin qanuni qüvvəsini almasını, təqsirləndirilən şəxsin inzibati qaydada həbs edilməsinə, icra üçün yeni müddətin təyin edilməsinə və məsuliyyəti barədə rəsmi xəbərdarlıqlar edilməsinə baxmayaraq, məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsini qərəzli olaraq icra etməməsini nəzərə alaraq, bu nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs ittiham olunduğu cinayət hadisəsi baş vermişdir, onun əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsinin tərkibi vardır, həmin əməl təqsirləndirilən şəxs tərəfindən törədilmişdir, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinməlidirvəonun cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsilə düzgün tövsif edilmişdir, əməlin cinayət olmasını aradan qaldıran hallar, təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur, təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinə görə cəzalanmalıdır. Azərbaycan Respublikası CM-nin 41 -ci maddəsinə görə cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası CM-nin 58.1 və 58.3-cü maddələrinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. “Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr və dəyişikliklər edilməsi barədə” xx xxxx 2004-cü il tarixli, 688-İİQD saylı Azərbaycan Respublikası Qanununun 3-cü hissəsinin 9-cu bəndinin və 4-cü hissəsinin 7-ci bəndinin Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin 9-cu hissəsinə uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxxxx 2005-ci il tarixli Qərarında qeyd olunur ki, istənilən məhkəmə aktının qanuni və əsaslı hesab olunması üçün mütləq şərtlərdən biri onun ədalətli olmasıdır, çünki, ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs 3654 manat maddi ziyandan 150 manatını ödəmişdir. Azərbaycan Respublikası CM-nin 59.1.14-cü maddəsində cinayət nəticəsində dəymiş ziyanın qismən ödənilməsi və ya ziyanın azaldılması ilə nəticələnmiş digər hərəkətlərin edilməsi cəzanı yüngüləşdirən hal kimi göstərilmişdir. Qeyd edilənlərə əsasən məhkəmə cinayət nəticəsində dəymiş ziyanın qismən ödənilməsini Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə tərəfindən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən bir daha qeyd edir ki, Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. Məhkumun islah edilməsi onun qanuna tabe olan insana çevrilməsini, məhkumu yeni cinayətlərə sövq edə bilən zərərli sosial-psixoloji meyllərdən, kriminogen xüsusiyyətlərdən azad etməyi nəzərdə tutur. İslah prosesi məhkumun ictimai-faydalı fəaliyyətə qayıtması, ümumi yaşayış qaydalarına hörmətlə yanaşması, normal cəmiyyətə tamamilə uyğunlaşması məqsədlərini güdür. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-nin 9.2-ci maddəsinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Başqa sözlə, cəza «talion» prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Heç təsadüfi deyildir ki, qanunverici cəza təyin edərkən şəxsin bütün sosial-psixoloji keyfiyyətlərinin nəzərə alınmasını tələb edir. Şəxsin ictimai təhlükəliliyi məhz onun şəxsiyyətini xarakterizə edən amillərdəndir. Məhkəmə hesab edir ki, bu zəmində şəxsin ictimai təhlükəliliyini müəyyən etmək üçün birinci növbədə onun törətdiyi cinayətin başqa cinayətlərin arasında yeri, şəxsin antisosial yönümünün davamlı olub-olmaması, onun cinayətin törədilməsinə gətirib çıxaran vərdişləri diqqətlə aydınlaşdırılmalıdır. Şəxsin antisosial yönümü onun törətdiyi cinayətdə özünü büruzə verir. Ancaq bu, təkcə şəxsin törətdiyi cinayətin ictimai təhlükəliliyi ilə deyil, eyni zamanda onun əvvəlki dövrlərdəki hərəkətlərində ifadə olunan antisosial davranışı və keyfiyyəti ilə də ölçülür. İnsan öz imkanlarından kənara çıxmaq qabiliyyətinə malik deyil. Ancaq o, öz həyatı baxışlarına uyğun hərəkət vasitəsi seçməkdə azaddır. Əgər o, cəmiyyət tərəfindən qəbul olunmuş sosial-mənəvi normalara zidd olan davranış forması seçirsə, onda bu, şəxsin psixologiyasında antisosial yönümün olduğunu göstərir. Lakin bu yönümün davamlı olması, yəni şəxsin psixologiyasında dominantlıq təşkil edərək model davranışa çevrilməsi, yoxsa təsadüf nəticəsində meydana çıxması hallarını fərqləndirmək lazımdır. Məhkəmə qeyd edir ki, təqsirləndirilən şəxsə cəza təyin edilməsi zamanı onun xarakteri, sosial-psixoloji vəziyyətinin bütün çalarları, şəxsiyyətinin xarakterik cəhətləri də nəzərə alınmalıdır. Yalnız bu halda cəzanın ədalətliliyinə və fərdiliyinə, həmçinin onun məqsədlərinə nail olmaq mümkün olar. Bu xüsusda cəza təyin edilərkən şəxsin sosial və psixoloji kriteriyalarına xüsusi önəm vermək lazımdır. Şəxsin sosial kriteriyası onun qanunlara və digər sosial normalara, əməyə, ictimai vəzifələrə, ailəyə münasibətini, təhsilini, tərbiyəsini və sair sosial şərtləri özündə əks etdirir. Şəxsin psixoloji kriteriyası isə onun xarakterini, iradəsini, qabiliyyətini və digər şəxsiyyətə xas olan cəhətlərini özündə ehtiva edir. Bu cəhətlərin tədqiq olunması və qiymətləndirilməsi şəxsin mənəvi deqradasiyaya məruz qalıb-qalmamasını, törətdiyi cinayətin onun anticəmiyyət yönümünün məntiqi nəticəsi olduğunu, yoxsa təsadüfi olaraq baş verdiyini, şəxsin islah olunması üçün hansı imkanların olması və bununla bağlı hansı qanuni vasitələrin seçilməsini müəyyənləşdirmək üçün çox vacibdir. Çünki insan sosiumun tərkib hissəsidir və onun fəaliyyətinin hansı yönümə istiqamətlənməsi cəmiyyət üçün əhəmiyyətlidir. Ancaq hər bir halda bu keyfiyyətlər şəxsin törətdiyi cinayətin xarakteri və ictimai təhlükəliliyi ilə vəhdətdə nəzərə alınmalıdır. Xüsusi ilə nəzərə alınmalıdır ki, cəzanın məqsədlərinə çatmaq üçün hansı yol seçilməlidir: təqsirləndirilən şəxsi azadlıqdan məhrum etməklə onu cəmiyyətdən təcrid etmək, fiziki cəhətdən imkanlarını məhdudlaşdırmaqla cəzanın məqsədlərinə nail olmaq, yoxsa, azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza seçməklə şəxsə etimad göstərib bu yolla onun islah olunmasına və cəzanın digər məqsədlərinə çatmaq. Məhkəmə bildirir ki, hazırki cinayət işi üzrə Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməli birbaşa qəsdlə törədilən cinayətdir. Yəni, təqsirləndirilən şəxs qanuni qüvvəyə minmiş məhkəmə aktını qərəzli olaraq icra etmədiyini dərk etmiş, bununla ədalət mühakiməsinin nüfuzuna xələl gətirməsini və zərərçəkmiş şəxsin hüquqlarının pozulmasını görmüş və bunları arzu etmişdir. Digər tərəfdən, təqsirləndirilən şəxs bu əməli qərəzli olaraq həyata keçirmişdir. Belə ki, bu hərəkətlər ona yazılı xəbərdarlıq olunduqdan, inzibati məsuliyyətə cəlb edildikdən və icra üçün təkrar vaxt verildikdən sonra davam etmişdir. Məhkəmə xüsusilə qeyd edir ki, məhkəmə qətnaməsinin və ya digər məhkəmə qərarının icra edilməməsinin təhlükəliliyi ondan ibarətdir ki, qanuni qüvvəyə minmiş məhkəmə aktlarını icra etməmə məhkəmə orqanlarını nüfuzdan salır, pozulmuş hüquqların bərpası, dəymiş ziyanın ödənilməsi qeyri-mümkün olur və ədalət mühakiməsinin həyata keçirilməsi zamanı dövlət adından çıxarılmış qərarlar icrasız qalır. Digər tərəfdən, bu əməllə demokratik cəmiyyət və ədalət mühakiməsinin fundamental hüquqlarından biri olan ədalətli məhkəmə araşdırması hüququ real mahiyyət kəsb etməyən xəyali bir hüquqa çevrilir. Məhkəmə nəzərə çatdırır ki, ədalət mühakiməsi cəmiyyətin fundamental dəyərlərinin qorunub saxlanması və bərpa olunmasına, insan toplumunun hüquq və azadlıqlardan yararlanmasına xidmət edən əhəmiyyətli bir mexanizmdir. Ədalət mühakiməsi isə dövlət adından çıxarılan konkret qərarlarda öz əksini tapır. Məhkəmə qərarlarının icra olunmaması isə ədalət mühakiməsinin nüfuzuna zərbə vurmaqla, onun insan hüquq və azadlıqlarının qorunması və bərpa olunmasında yerinə yetirdiyi etibarlı mexanizm rolunu aşağı salır və nəticədə insanların bu mexanizmdən yararlanmasının real mahiyyəti heçə enir. Bu nüfuzun bərpa olunması isə insan hüquq və azadlıqlarının deklarativ deyil, real mahiyyət kəsb etməsi üçün son dərəcə vacibdir. Avropa Məhkəməsi “Strən” yunan neftayırma müəssisələri Yunanıstana qarşı işdə məhkəmə qətnaməsini Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinin müddəlarına müvafiq olaraq “əmlak” hesab edilməsi qərarına gəlmişdir Avropa Məhkəməsi Hornsbi Yunanıstana qarşı iş üzrə xx xxxx 1997-ci il tarixli qərarında xatırlatmışdır ki, “Konvensiyasının 6-cı maddəsinin 1-ci bəndi mülki hüquq və vəzifələri barədə mübahisə yaranan hər kəsin məhkəməyə müraciət etmək hüququnu təsbit edir; beləliklə, həmin bənd «ədalət mühakiməsi hüququnu» özündə ehtiva edir, bunun bir aspekti də məhkəməyə müraciət etmək hüququndan ibarətdir, bu hüquq məhkəmələrdə iddia icraatına başlamaq hüququnu bildirir. Lakin qanuni qüvvəyə minmiş və icrası məcburi olan məhkəmə qərarının tərəflərdən birinin maraqları əleyhinə olaraq qüvvəyə malik olmamasına Avropa Konvensiyasının iştirakçısı olan dövlətin hüquq sistemi ilə yol verilsəydi, sözügedən hüquq xəyali olardı. Tərəflərə verilən prosessual təminatları sadalayan Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndində məhkəmə qərarlarının icrasının təmin olunması prosesinin nəzərdə tutulmaması ağlabatan deyil: Konvensiyanın 6-cı maddəsinin yalnız məhkəməyə müraciət etmək hüququnu təmin edən və məhkəmə araşdırmasının qaydasını müəyyən edən müddəa kimi şərh edilməsi, yəqin ki, qanunun aliliyi ilə bir araya sığmayan situasiyalara gətirib çıxarardı, halbuki Avropa Konvensiyasının iştirakçısı olan dövlətlər Konvensiyanı imzalamaqla bu prinsipə riayət etməyi öhdələrinə götürüblər. Beləliklə, istənilən məhkəmə tərəfindən qəbul edilmiş qərarın icrasına Konvensiyanın 6-cı maddəsində nəzərdə tutulan mənada «məhkəmə araşdırmasının» tərkib hissəsini təşkil edən element kimi baxılmalıdır. Avropa Məhkəməsi Burdov Rusiyaya qarşı işdə (x xxx 2002-ci il) eyni xarakterli məsələlərə bir daha münasibət bildirərək, qeyd etmişdir ki, məhkəmə qərarlarının icrası üçün zəruri tədbirlər görməkdən uzun müddət yayınma 6-cı maddənin 1-ci bəndində ifadəsini tapmış müddəanı faydalılıq qüvvəsindən məhrum etmiş olur. Tarverdiyev Azərbaycana qarşı işdə Avropa Məhkəməsi xatırlatmışdır ki, ərizəçi məhkəmə çəkişməsini udduqdan sonra bu uduşdan yararlanmağa maneələrin yaradılması Konvensiyanın 6-cı maddəsində təsbit olunmuş ədalətli məhkəmə araşdırması hüququnun pozuntusudur. Qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini icra etmək üçün zəruri tədbirlərin görülməməsi ilə Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndinin səmərəsi heçə endirilir. Həmçinin cəza təyinatında Təqsirləndirilən şəxs cinayət nəticəsində dəymiş ziyanın qismən ödənilməsi kimi cəzasını yüngülləşdirən halın olması, cəzasının ağırlaşdıran halların olmaması, lakin eyni zamanda məhkəmə qətnaməsində göstərilmiş aliment pulunun mütləq əksər məbləğinin ödənilməməsi, bununla da məhkəmə qətnaməsinin icrasına etinasızlıq göstərilməsi və ədalət mühakiməsinin nüfuzuna ciddi xələl gətirməsi halları mütləq qaydada nəzərə alınmalıdır. Göstərilənlərə əsasən məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən ona məhz hansı növ cəzanın təyin olunması məsələsinə baxaraq, cəzanın sosial ədalətin bərpası və məhkumun islah olunması məqsədilə tətbiq olunmasını, təqsirləndirilən şəxsin hal-hazıra kimi qətnaməni qərəzli olaraq icra etməməsini nəzərə alaraq, hesab edir ki, onun barəsində təqsirli bilindiyi maddənin sanksiyası həddində azadlıqdan məhrumetmə cəzası təyin edilməlidir. Təqsirləndirilən şəxs ona təyin ediləcək azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Belə ki, Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün azadlıqdan məhrum etmə növündə cəzanın ümumi rejimli cəza çəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Həmçinin Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri həbs qətimkan tədbirinə dəyişdirilməli və o, məhkəmə iclas zalında həbs edilməli, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası CPM) 175.1-ci maddəsinə əsasən qətimkan tədbiri cinayət prosesini həyata keçirən orqan tərəfindən öz səlahiyyəti daxilində, bunun zəruriliyi sübutlarla təsdiq olunduqda daha ciddi qətimkan tədbiri ilə, cinayət işi üzrə icraatın gedişində şübhəli və ya təqsirləndirilən şəxsin lazımi qaydada davranışının və hökmün icrasının təmin edilməsinə nail olmaq mümkün olduğu halda isə daha yüngül qətimkan tədbiri ilə əvəz edilə bilər.Azərbaycan Respublikası CPM-nin 175.5-ci maddəsinə əsasən müvafiq qətimkan tədbiri onun ləğvindən, dəyişdirilməsindən, habelə şübhəli və ya təqsirləndirilən şəxsin barəsində cinayət təqibinə xitam verildikdən və ya məhkuma təyin edilən cəza icraya yönəldikdən sonra qüvvədən düşmüş sayılır. İş üzrə mülki iddia, maddi sübut və xüsusi müsadirə olunmalı əmlak yoxdur. İş materiallarında olan vəkil tərəfindən dövlət hesabına göstərilən hüquqi yardım barədə hesabatda Şəki Vəkil Bürosunun vəkili X9 müstəntiq Elxan Azayevin xx xxxx 2020ci il tarixli qərarı əsasında məhkəməyədək icraat zamanı Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsinə 10 iş saatı vaxt sərf etməsi göstərilmişdir. Məhkəmə hesabatı iş materialları ilə birlikdə nəzərdən keçirib hesab edir ki, hesabat təmin edilməlidir. Belə ki, iş materiallarından görünür ki, müdafiəçi X15 qeyd edilən cinayət işi ilə bağlı Təqsirləndirilən şəxs müdafiəsinə məhkəməyədək icraat zamanı 10 iş saatı vaxt sərf etmişdir. Eyni zamanda iş materiallarından görünür ki, müdafiəçi X10 hazırki cinayət işi ilə bağlı Təqsirləndirilən şəxs müdafiəsinə məhkəmə icraatı zamanı 10 iş saatı vaxt sərf etmişdir. Azərbaycan Respublikası CPM-nin 193.2-193.3-cü maddələrinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Məhkəmə şübhəli və ya təqsirləndirilən şəxsin orta aylıq gəlirini, maddi, əmlak və ailə vəziyyətini, habelə digər halları nəzərə alaraq həmin şəxsin müdafiəçi tərəfindən göstərilən hüquqi yardımı ödəməkdən azad edilməsi və ödəmənin Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilməsi barədə əsaslandırılmış qərar qəbul edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin x xxx 2018-ci il tarixli, 202 №-li qərarı əsasında “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli,11 №-li qərarına edilmiş dəyişikliklərə uyğun olaraq təqsirləndirilən şəxslərin hüquqlarını müdafiə etmələrinə görə müdafiəçilərə hər iş saatı üçün 6 manat məbləğində haqq ödənilməlidir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı göstərilən hüquqi yardımla bağlı 60 manat Azərbaycan Respublikası Dövlət büdcəsinin vəsaiti hesabından Şəki Vəkil Bürosunun vəkili X9 nəfinə, onun bank hesabına və Təqsirləndirilən şəxs məhkəmə icraatı zamanı göstərilən hüquqi yardımla bağlı 60 manat Azərbaycan Respublikası Dövlət büdcəsinin vəsaiti hesabından fərdi qaydada fəaliyyət göstərən vəkil X6 nəfinə, X14 rayon filialındakı CİF ******* valyuta: AZN Benefisiarın Bankı: Kapital Bank ASC Balakən rayon filialı Filialın Kodu:200695 VÖEN: ********** SVVİFT kod: AİİBAZ2X Benefisiarın adı: X1 hesabı: AZ71AİİB******************** VÖEN:********** Muxbir bank:SVVİFT kod: Müxbir hesabına köçürülməlidir. Azərbaycan Respublikası CPM-nin 349-cü maddəsinin tələblərinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Məhkəmənin hökmü Azərbaycan Respublikası Konstitusiyasının, bu Məcəllənin, Azərbaycan Respublikasının cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir. Məhkəmənin hökmü məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə əsaslı hesab edilir. X2rşı iş üzrə qərarında Avropa Məhkəməsi göstərmişdir ki, məhkəmələr qərar qəbul edərkən hüququn aliliyinə əməl etməlidirlər. Hüququn aliliyinin əsas cəhətlərindən biri hüquqi müəyyənlik prinsipidir ki, onun tələbinə görə məhkəmələr yekun qərarı elə qəbul etməlidirlər ki, o, mübahisə olunmasın. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinsin və 8 (səkkiz) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin; cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin; Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri həbs qətimkan tədbirinə dəyişdirilsin və Təqsirləndirilən şəxs məhkəmə iclas zalında həbs edilsin; onun cəza çəkmə müddətinin əvvəli hazırki hökmün çıxarıldığı xx xxxxxxxx 2020-ci il tarixdən hesablansın; barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı göstərilən hüquqi yardımla bağlı 60 manat Azərbaycan Respublikası Dövlət büdcəsinin vəsaiti hesabından Şəki Vəkil Bürosunun vəkili X9 nəfinə, onun bank hesabına köçürülsün. Təqsirləndirilən şəxs məhkəmə icraatı zamanı göstərilən hüquqi yardımla bağlı 60 manat Azərbaycan Respublikası Dövlət büdcəsinin vəsaiti hesabından fərdi qaydada fəaliyyət göstərən vəkil X6 nəfinə, X14 rayon filialındakı CİF ******* valyuta: AZN Benefisiarın Bankı: Kapital Bank ASC Balakən rayon filialı Filialın Kodu:200695 VÖEN: ********** SVVİFT kod: AİİBAZ2X Benefisiarın adı: X1 hesabı: AZ71AİİB******************** VÖEN:********** Muxbir bank:SVVİFT kod: Müxbir hesabına köçürülsün. Hökmdən elan olunduğu andan (həbsdə olan məhkum hökmün surəti ona verildiyi andan) 20 gün müddətində Balakən Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apellyasiya şikayəti və ya protesti verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən: Zamin Tahirov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar