Azərbaycan Respublikası adından HÖKM Balakən Rayonu İş № 1(019)-62/2023 03.05.2023 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Səlimov Hümbət Qamuna oğlunun sədrliyi, məhkəmə iclas katibi X1 katibliyi, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin rayon (şəhər) məhkəmələrində dövlət ittihamı müdafiəsi üzrə şöbəsinin prokuroru vəzifəsini icra edən, İİ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, müdafiəçi-Balakən rayon Vəkil Bürosunun vəkili Müdafiəçi və Təqsirləndirilən şəxs iştirakları ilə TƏQSİRLƏNDİRİLƏN ŞƏXS-xx xxxxxxx 1992-ci il tarixdə Balakən rayonu Mahamalar kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ali təhsilli, Vətən müharibəsi iştirakçısı, “Cəbrayılın azad olunmasına görə” və “Vətən müharibəsi iştirakçısı” medalları ilə təltif edilmiş, "xxxx" MMC-də nəzarətçi köməkçisi işləyən, Balakən Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il 05 ay 26 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, hazırda cəza çəkən, Balakən şəhəri A.Məmmədov küçəsi ev 35 ünvanında qeydiyyatda olan və yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Təqsirləndirilən şəxs 2022-ci ilin avqust ayının sonlarında Balakən rayonu Gərəkli kəndinin Poştbinə yaşayış məntəqəsi ərazisindən axan çayın kənarından aşkar etdiyi, yabanı halda bitmiş və qurumuş 01 ədəd çətənə (kannabis) bitkisinin üzərindən yararlı hissələrini yığaraq qəsdən, satış məqsədi olmadan, qanunsuz olaraq əldə etdiyi şəxsi istehlak miqdarından artıq miqdarda, yəni 01 kibrit qutusunda təmiz çəkisi 7,62 qram olan, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananı 01 ədəd kibrit qutusuna doldurub üzərində daşıyaraq öz şəxsi istifadəsi məqsədi ilə aparıb əvvəlcə yaşadığı Balakən şəhəri A.Məmmədov küçəsində daşın altında gizlədib saxlamış, daha sonra 18 fevral 2023-cü il tarixdə saat 22 radələrindən etibarən isə əldə etdiyi həmin şəxsi istehlak miqdarından artıq miqdarda, yəni 01 ədəd kibrit qutusunda təmiz çəkisi 7,62 qram olan narkotik vasitə qurudulmuş marixuananı qəsdən, satış məqsədi olmadan, qanunsuz olaraq gizlətdiyi yerdən götürüb əynindəki qara rəngli idman gödəkçəsinin sol yan cibinə qoyaraq öz şəxsi istifadəsi məqsədi ilə üzərində daşıyıb saxlamışdır.18 fevral 2023-cü il tarixdə Balakən RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirlər nəticəsində Təqsirləndirilən şəxs RPŞ-yə dəvət edilib təhqiqatçı tərəfindən şübhəli şəxs qismində tutularaq saat 22:50 dəqiqədən saat 23:35 dəqiqəyədək olan müddət ərzində üzərində şəxsi axtarış aparılan zaman onun qəsdən, satış məqsədi olmadan, qanunsuz olaraq əldə edib öz şəxsi istifadəsi məqsədi ilə üzərində daşıyaraq saxladığı şəxsi istehlak miqdarından artıq miqdarda, yəni 01 ədəd kibrit qutusunda təmiz çəkisi 7,62 qram olan, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana onun əynindəki qara rəngli idman gödəkçəsinin sol yan cibindən aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs göstərilən cinayət əməlini törətməsi məhkəmə iclasında özünün səmimi etirafedici ifadəsi, şahidlərin ifadələri, işdə olan ekspertiza rəyləri və digər sübutlarla aşağıdakı qaydada tam sübuta yetirildi. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, ailəsi ilə birlikdə yaşayır. Balakən Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il 05 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş və hazırda cəza çəkir. 2022-ci ilin avqust ayının sonlarında yaşadığı evdən çıxıb Balakən rayonu Gərəkli kəndinin Poştbinə yaşayış məntəqəsindən keçən çaya balıq tutmaq üçün getmişdir. Həmin vaxtı çayın kənarında olan kolluğun içərisində yabanı halda bitmiş və qurumuş 1 ədəd narkotik bitkisini görmüşdür. Bu zaman o, həmin bitkinin üzərindən yararlı hissələri yığıb cibində olan bir ədəd kibrit qutusuna dolduraraq özü ilə gətirmiş və yaşadığı evin qarşısındakı küçədə həmin kibrit qutusunu gizlətmişdir. xx.xx.2023-ci il tarixdə saat 22 radələrində, hal-hazırda yaşadığı Balakən şəhəri A.Məmmədov küçəsi ev 35 ünvanında yerləşən evindən küçəyə çıxaraq bir ədəd kibrit qutusunda gizlətdiyi narkotik vasitə olan marixuananı özü ilə götürmüş və əynində olan qara rəngli idman gödəkcəsinin sol yan cibinə qoymuşdur. Daha sonra prospektdə yoldan keçən tanımadığı taksiyə əl edərək saxlatmış, taksiyə mindikdən sonra isə H.Əliyev prospektində yerləşən “Azpetrol” yanacaq doldurma məntəqəsinin yaxınlığına sürməsini xahiş etmişdir. Taksi ilə Balakən şəhərində Bayraq meydanının yanına çatdığı zaman mağazaların birindən su almaq üçün taksi sürücüsünə avtomobili saxlamasını bildirmiş, avtomobildən yerə düşdüyü zaman isə polis əməkdaşları ona yaxınlaşaraq özlərini təqdim etmişlər. Bundan sonra isə ona narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda və mütəmadi olaraq üzərində qanunsuz olaraq narkotik vasitələr gəzdirməkdə şübhəli olduğunu bildirərək üzərində şəxsi axtarış keçirilməsi üçün polis şöbəsinə dəvət etmişlər. O da polis əməkdaşlarının dəvəti ilə polis şöbəsinə gəlmişdir. Polis şöbəsində hüquqlarının müdafiəsi üçün vəkillərin adlı siyahısı ona təqdim edilmişdir. O,təqdim edilmiş vəkillərin siyahısından Müdafiəçi hüquqlarını müdafiə etməsini istəmişdir. Bundan sonra onun seçdiyi Müdafiəçi iştirakı ilə hüquq və vəzifələri izah edildikdən sonra şübhəli şəxs qismində tutulduğu ona elan edilmişdir. Bundan sonra ona üzərində hər hansı qeyri qanuni əşya və ya predmetin olub-olmaması, əgər varsa təqdim etməyini bildirmişlər. O da əynində olan qara rəngli idman gödəkcəsinin sol yan cibindən bir ədəd kibrit qutusunda olan narkotik vasitəni çıxardıb təqdim etmişdir. Həmin bir ədəd kibrit qutusunda olan narkotik vasitə təhqiqatçı tərəfindən kibrit qutusu ilə birlikdə elektron tərəzidə çəkilmiş, çəkisi 9,93 qram təşkil etmişdir. Daha sonra həmin narkotik bir ədəd kibrit qutusu ilə birlikdə 1 ədəd kağız zərfdə qablaşdırılıb polis əməkdaşları tərəfindən götürülmüşdür. Polis əməkdaşları tərəfindən üzərində apardıqları şəxsi axtarış zamanı əynindəki idman şalvarının sağ yan cibindən nəzarət qolbağının cihazı aşkar edilmişdir. Onun üzərində qanunla qadağan edilmiş heç bir əşya və ya predmet aşkar edilməmişdir. Məhkəmə bioloji ekspertizasının 19 fevral 2023-ci tarixli 17/194 nömrəli rəyi ilə tanış olduqdan sonra onun üzərindən aşkar edilmiş 01 ədəd kibrit qutusunda aşkar edilmiş təmiz çəkisi 7,62 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə kannabis bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana olduğunu bilmişdir. Əməlindən çox peşimandır. Bir daha belə əməllərə yol verməyəcəkdir. O,X3 iştirak etmiş, “Cəbrayılın azad olunmasına görə” və “Vətən müharibəsi iştirakçısı” medalları ilə təltif edilmişdir.Eyni zamanda müharibədən sonra onda hepatit C virusu aşkar olunmuşdur. O,müntəzəm olaraq bu xəstəlikdən müalicə olunur. Ona yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, hazırda Balakən RPŞ-nin CAB-nin əməliyyat müvəkkili vəzifəsində xidmət edir və polis mayoru rütbəsini daşıyır. 18 fevral 2023-cü il tarixdə Balakən şəhər sakini Təqsirləndirilən şəxs narkotik vasitələr qəbul etməsi və mütəmadi olaraq üzərində qanunsuz olaraq narkotik vasitələr gəzdirməsi barədə əməliyyat məlumatı daxil olmuş, həmin məlumat onun tərəfindən raportla RPŞ-nin rəhbərliyinə məruzə olunmuşdur. Təqsirləndirilən şəxs cinayət əməlinin ifşa olunması məqsədi ilə həmin tarixdə Balakən RPŞ-nin PPXB-nin polis nəfəri, polis baş serjantı Şahid2 və Balakən RPŞ-nin PPXB-nin polis nəfəri, polis serjantı Şahid3 ilə birlikdə tərəflərindən keçirilən əməliyyat tədbiri zamanı saat 22 radələrində Təqsirləndirilən şəxs Balakən şəhəri, H.Əliyev prospektində “Bayraq meydanı” adlanan yerin yaxınlığında saxlanılaraq Balakən RPŞ-nə dəvət olunmuşdur. Təqsirləndirilən şəxs da etiraz etmədən onlarla birlikdə Polis Şöbəsinə getmişdir. Polis Şöbəsinə getdikdən sonra xidməti otaqların birində Balakən RPŞ-nin Təhqiqat Bölməsinin təhqiqatçısı Vasif Əliyev tərəfindən Balakən rayon Vəkillər Bürosunun siyahısı Təqsirləndirilən şəxs təqdim edilmiş, sonuncunun vəkillər siyahısından seçdiyi Müdafiəçi RPŞ-yə dəvət olunmuş və bundan sonra Təqsirləndirilən şəxs təhqiqatçı Vasif Əliyev tərəfindən şübhəli şəxs qismində tutulmuşdur. Daha sonra müdafiəçinin və polis əməkdaşlarının iştirakları ilə təhqiqatçı Vasif Əliyev tərəfindən Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah edilməklə üzərində şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış başlamazdan əvvəl təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs üzərində hər hansı qanunsuz əşya olub-olmaması barədə sual verilmiş, həmin vaxt Təqsirləndirilən şəxs əynindəki qara rəngli idman gödəkçəsinin sol yan cibindən 01 ədəd kibrit qutusunu çıxarıb masanın üzərinə qoymaqla təqdim etmiş və həmin kibrit qutusunun içərisində narkotik vasitə olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi 01 ədəd kibrit qutusunda olan narkotik vasitə qurudulmuş marixuanaya oxşar bitki kütləsi təhqiqatçı Vasif Əliyev tərəfindən elektron tərəzidə çəkilmiş və 01 ədəd kibrit qutusu ilə birlikdə ümumi çəkisi 9,93 qram təşkil etmişdir. Daha sonra içərisində narkotik vasitə qurudulmuş marixuanaya oxşar kütlə olan həmin kibrit qutusu kağız zərfə qoyularaq möhürlənmiş və təhqiqatçı tərəfindən götürülmüşdür. Şəxsi axtarış davam etdirildiyi zaman Təqsirləndirilən şəxs əynindəki idman şalvarının sağ yan cibindən 01 ədəd elektron nəzarət vasitəsi, sol ayağında isə nəzarət bilərziyi aşkar edilmişdir. Təqsirləndirilən şəxs həmin bilərziyin Balakən rayon məhkəməsi tərəfindən ayağına bağlandığını bildirmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən digər hər hansı qanunsuz əşya və ya predmet aşkar edilməmişdir. Həmçinin şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs həmin narkotik vasitə qurudulmuş marixuanaya oxşar bitki kütləsini haradan əldə etməsi barədə sual verilmiş, Təqsirləndirilən şəxs da 2022-ci ilin avqust ayının sonlarında balıq tutmaq üçün Balakən rayonu Gərəkli kəndinin Poştbinə yaşayış məntəqəsində çay kənarına getdiyi zaman çay kənarından qurumuş halda bir ədəd özü bitən narkotik ağacını tapdığını, həmin ağacın üzərində olan yararlı hissələri yığaraq həmin kibrit qutusuna doldurduğunu, narkotik ağacını isə kökündən çıxararaq çaya atdığını bildirmişdir. Şəxsi axtarış prosesi Balakən RPŞ-nin PPXB-nin pols nəfəri polis baş serjantı Arif Ağcayev tərəfindən videokamera vasitəsi ilə fasiləsiz olaraq lentə alınmışdır. Sonda təhqiqatçı Vasif Əliyev tərəfindən şəxsi axtarış aparılması barədə protokol tərtib edilərək ucadan oxunmuş, şikayət və təklif daxil olmadığından bütün iştirakçılar tərəfindən imzalanmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Balakən RPŞ-nin PPXB-nin polis nəfəri, polis baş serjantı Şahid2 və Şahid3 Şahid1 ilə eyni məzmunlu ifadə verərək sonuncunun ifadəsində göstərdiyi xüsusatları bir daha təsdiq etmişlər. İşin 23-28-ci vərəqələrində olan və məhkəmə iclasında elan edilməklə tədqiq edilmiş 18 fevral 2023-cü il tarixli “şübhəli şəxsin üzərində şəxsi axtarış aparılması barədə” protokoldan görünür ki,həmin tarixdə saat 22:50-dən saat 23:35-dək olan müddət ərzində müdafiəçinin və polis əməkdaşlarının iştirakları ilə üzərində qanunsuz olaraq narkotik vasitə saxlamaqda və daşımaqda şübhəli bilinərək xx.xx.2023-cü il tarixdə ünvan 1 ünvanında qeydiyyatda olan və həmin ünvanda yaşayan Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış keçirilməmişdən əvvəl Təqsirləndirilən şəxs onun Balakən rayonu Vəkillər Bürosunun adlı siyahısından seçdiyi vəkil Müdafiəçi və digər iştirakçıların iştirakları ilə onun hüquq və vəzifələri elan edilərək şübhəli şəxs qismində tutulduğu elan edilmişdir.Şəxsi axtarış keçirilməmişdən əvvəl Təqsirləndirilən şəxs üzərində narkotik vasitə və ya qanunla qadağan edilmiş vasitə, kütlə olub olmadığı soruşulduqda Təqsirləndirilən şəxs əynindəki qara rəngli idman gödəkçənin sol yan cibində saxladığı kibrit qutusunu təqdim etmiş və həmin kibrit qutusunun içərisindəki kütlənin narkotik vasitə olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi 1 ədəd kibrit qutusu içərisindəki qurudulmuş marixuanaya oxşar kütlə ilə birlikdə elektron tərəzidə çəkilmiş,çəkisi 9,93 qram təşkil etmişdir.Həmin 1 ədəd kibrit qutusu 1 ədəd zərfdə qablaşdırmış,zərfin üzəri möhürlənərək iştirakçılar tərəfindən imzalanmışdır.Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərində aşkar edilmiş qurudulmuş marixuanaya oxşar kütləni haradan əldə etdiyi soruşulımuş, Təqsirləndirilən şəxs da həmin kütləni 2022-ci ilin avqust ayında Balakən rayonu Gərəkli kəndinin Poştbinə yaşayış məntəqəsinə balıq tutmaq üçün getdiyi zaman 1 ədəd qurumuş halda özü bitən narkotik ağacını tapdığını və həmin ağacdan yığdığı narkotiki kibrit qutusuna yığdığını, həmin narkotik ağacını isə çaya atdığını bildirmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs ayağına bağlanmış biləzik və cibində həmin biləziyə məxsus cihaz aşkar edilmiş və Təqsirləndirilən şəxs həmin cihazın məhkəmə tərəfindən bağlandığını bildirmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən hər hansı qanunla qadağan edilən kütlə, vasitə aşkar edilməmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs ona qarşı Balakən RPŞ-də hər hansı fiziki və ya psixi təsir göstərilib göstərilmədiyi soruşulmuş, Təqsirləndirilən şəxs da belə bir halın olmadığını bildirmişdir. Şəxsi axtarış Balakən RPŞ-nin PPXB-nin polis nəfəri, polis serjantı Arif Ağcayev tərəfindən videokamera vasitəsi ilə qeydə alınmış və həmin videogörüntü diskə köçürülərək protokola əlavə edilmişdir. Şəxsi axtarış zamanı tərtib edilmiş protokol iştirakçılara ucadan oxunmuş, əlavə şikayət və vəsatət daxil olmadığından protokolun doğruluğu imzalarla təsdiq edilmişdir. Şəxsi axtarış zamanı qeydə alınmış videogörüntünün əks olunduğu DVD markalı diskə məhkəmə istintaqı zamanı baxış keçirilərkən, protokolda qeyd edilənlərin düzgünlüyü müəyyən edilmişdir İşin 34-36-cı vərəqələrində olan və məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X11 Bölməsinin 19 fevral 2023-ci tarixli 17/194 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim olunmuş, üzərində “Vət.Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş kütlə” sözləri, adlar və imzalar yazılmış zərfin içərisindəki 01 (bir) ədəd qutusunda təmiz çəkisi- 7,62 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. İşin 93-cü vərəqəsində olan və məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Gəncə şəhər Narkoloji Dispanserinin 24 fevral 2023-cü il tarixli 326 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir.Narkotik vasitə olan kannabinoiddən istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. Hal- hazırda abstinensiya əlamətləri (narkotik vasitələrin aclığı) olmadığına görə məcburi müalicəyə ehtiyac yoxdur. İşin 16-cı vərəqəsində olan və məhkəmə iclasında elan olunmaqla tədqiq olunmuş 18 fevral 2023-cü il tarixli “şübhəli şəxsi tutma” protokolundan görünür ki, Təqsirləndirilən şəxs oğlu 18 fevral 2023-cü ildə saat 22:40-da Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuş və Balakən RPŞ-nin MSY-də saxlanılmışdır. İşin 65-67-ci vərəqələrində olan və məhkəmə iclasında tədqiq edilmiş təqsirləndirilən şəxsin müvəqqəti saxlama yerindən azad edilməsi və barəsində qətimkan tədbirinin seçilməsi haqqında 20 fevral 2023-cü il tarixli qərardan və təqsirləndirilən şəxsin müvəqqəti saxlama yerindən azad edilməsi haqqında aktdan görünür ki, Təqsirləndirilən şəxs 20 fevral 2023-cü il tarixdə saat 18:45-də Balakən Rayon PŞ-nin MSY-dən azad edilmişdir və onun barəsində “polisin nəzarəti altına vermə “ qətimkan tədbiri seçilmişdir. İşin 109-110-cu vərəqələrində olan və məhkəmə iclasında elan olunmaqla tədqiq olunmuş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi BƏSİİ tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Balakən Rayon Məhkəməsinin xx.xx.2022ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib 01 il 05 ay 26 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. İşin 99-105-ci vərəqələrində olan və məhkəmə iclasında elan olunmaqla tədqiq olunmuş Balakən Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmünün surətindən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinmiş və 01 (bir) il 6(altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən onun şübhəli şəxs qismində tutulub həbsdə saxlandığı 02 (iki) gün müddətin bir günü ona təyin edilən azadlığın məhdudlaşdırılması cəzasının iki gününə bərabər hesablanmaqla həmin cəzadan çıxılmış və Təqsirləndirilən şəxs üzərində qəti olaraq 01 il 05 ay 26 gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmışdır. İşin 115-ci vərəqəsində olan və məhkəmə iclasında elan olunmaqla tədqiq olunmuş Balakən rayon İHB-nin şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəsi tərəfindən verilmiş 15 mart 2023-cü il tarixli 531nömrəli arayışdan görünür ki, Təqsirləndirilən şəxs ünvan 3 ünvanda yaşayır, himayəsində işləməyən atası,təqaüdçü anası, işləməyən bacısı,xx.xx.2015-ci il təvəllüdlü bacısı qızı Ayla, işləməyən arvadı,xx.xx.2019-cu il təvəllüdlü Çiçək adlı qızı və xx.xx.2020-ci il təvəllüdlü Şamil adlı oğlu vardır. İşin 116-cı vərəqəsində olan və məhkəmə iclasında elan olunmaqla tədqiq olunmuş Balakən rayon İHB-in şəhər inzibati ərazi dairəsi tərəfindən verilmiş 15 mart 2023-cü il tarixli 532 nömrəli xasiyyətnamədə Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə edilir və barəsində nümayəndəliyə heç bir şikayət daxil olmadığı göstərilir. İşin 117-ci vərəqəsində olan və məhkəmə iclasında elan olunmaqla tədqiq olunmuş şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X7 xx.xx.2020-ci ildə doğulmuşdur. İşin 117-ci vərəqəsində olan və məhkəmə iclasında elan olunmaqla tədqiq olunmuş şəxsiyyət vəsiqəsinini surətindən görünür ki, X4 xx.xx.2019-cu ildə doğulmuşdur. İşin 85-ci vərəqəsində olan və məhkəmə iclasında elan olunmaqla tədqiq olunmuş Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış Üzrə Dövlət Xidmətinin Balakən rayon Şöbəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 32 nömrəli arayışdan görünür ki, 1992-ci il təvəllüdlü Balakən rayonu Mahamalar kənd sakini Soltanov X5 və Zəngilan rayonlarının işğaldan azad olunmasında iştirak etmişdir. Təqsirləndirilən şəxs “Cəbrayılın azad olunmasına görə və “Vətən müharibəsi iştirakçısı” medalları ilə təltif olunmuşdir. İşin 86-cı vərəqəsində olan və məhkəmə iclasında elan olunmaqla tədqiq olunmuş N nömrəli hərbi hissənin komandiri Klos Abbasov tərəfindən imzalanmış, 28 dekabr 2020-ci il tarixli fəxri fərmandan görünür ki, əsgər Soltanov X5 və Zəngilan rayonlarının işğaldan azad olunmasında vəzifə borcunu layiqincə yerinə yetirdiyinə görə təltif olunmuşdur. İş materiallarına əlavə edilmiş xəstənin ambulator stasionar tibbi kartasından çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs xroniki virus hepatit C xəstəliyi ilə Balakən RMX-nın poliklinika Şöbəsində dispanser qeydiyyatındadır. İş materiallarına əlavə edilmiş Balakən Rayon İcra və Probasiya Şöbəsinin 175 nömrəli, xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, Balakən Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək qəti olaraq 01 il 05 ay 26 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş məhkum Təqsirləndirilən şəxs xx.xx.2023cü il tarixədək cəzasının çəkilməmiş hissəsi 05 ay 22 gün təşkil edir. Məhkəmə iş üzrə şahidlər-Şahid1, Şahid2 və Şahid3 ifadələrini, ekspertiza rəylərini, məhkəmə və ibtidai istintaq hərəkətlərinin protokollarını və sair sənədləri tam, hərtərəfli və obyektiv yoxlayıb, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliliyi üzrə qiymətləndirib, həmin sübutları inandırıcı,məntiqli olduqları,ziddiyyət təşkil etmədikləri, əksinə bir-biri ilə uyğun şəkildə işin faktiki hallarını təsdiq etdikləri üçün mötəbər sübutlar kimi qəbul edir. Məhkəmə, eyni zamanda Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 126.6-cı maddəsinin tələbinə əsasən Təqsirləndirilən şəxs ittiham olunduğu əməldə öz təqsirini etiraf etməsini iş üzrə bütün sübutların məcmuyu ilə təsdiq edildiyi üçün ona qarşı ittihamı təsdiq edən əsas kimi qəbul edir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 346-cı maddəsinin tələbinə uyğun olaraq təqsirləndirilən şəxsin əməlinin hüquqi tövsifi məsələsinə baxaraq qeyd edir ki, məhkəmə iclasında tədqiq olunmuş mümkün və mötəbər sübutların məcmuyu ilə müəyyən edildi ki, təqsirləndirilən şəxs şəxs Təqsirləndirilən şəxs qəsdən qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə əldə etmə, daşıma və saxlama cinayət əməlini törətmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsində göstərilmişdir ki, yalnız Azərbaycan Respublikasının Cinayət Məcəlləsi ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyətini yaradır. Satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə və ya saxlamağa görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində cinayət məsuliyyəti nəzərdə tutulmuşdur. "Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi haqqında" Azərbaycan Respublikası Qanununun 1.0.5-ci maddəsinə görə narkotik vasitələrin,psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi- Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələr, psixotrop maddələr və onların prekursorları ilə bağlı törədilən hər hansı hərəkətlərdir. Həmin Qanunun 1.0.8-ci maddəsinə görə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlərdir. Həmin Qanunun 1.0.9-cu maddəsinə görə narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi-həyata keçirilməsi üsulundan asılı olmayaraq, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlərdir. Həmin Qanunun 1.0.10-cu maddəsinə görə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması-məqsədindən asılı olmayaraq,Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlərdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 04 mart 2011-ci il tarixli 02 nömrəli qərarının 4-cü bəndinə görə törədilmiş cinayət əməlinin CM-in 234.1-ci maddəsi ilə tövsif olunması yalnız təqsirkarın bu cinayətin predmetini şəxsi istehlak miqdarından artıq miqdarda əldə etməsi və saxlaması müəyyən edildikdə mümkündür. Narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak miqdarından artıq miqdarı “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə külli miqdarına görə siyahısının təsdiq edilməsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə müəyyən olunmuşdur. Həmin siyahıda bu miqdar qurudulmuş marixuana üçün 05 qram müəyyən edilmişdir. Məhkəmə təqsirləndirilən şəxsin və şahidlərin ifadələrini,dövlət ittihamçısının və müdafiəçinin çıxışlarını dinləyib, işdə olan ekspertiza rəylərini və digər sənədləri bilavasitə tədqiq edib,bu sübutları tam,hərtərəfli və obyektiv yoxlayıb,hər bir sübutu mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib, Azərbaycan Respublikasının Konstitusiyasının 63-cü maddəsində təsbit edilmiş təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq, məhkəmə baxışında ittihamın baxılması nəticələrinə əsaslanaraq, tədqiq olunan sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq bu nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir, həmin əməldə Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin tərkibi vardır, həmin əməl təqsirləndirilən şəxs tərəfindən törədilmişdir, təqsirləndirilən şəxs həmin cinayətin törədilməsində təqsirlidir,onun cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir, əməlin cinayət olmasını aradan qaldıran hallar, təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur, təqsirləndirilən şəxs törətdiyi əmələ görə cəzalanmalıdır. Cinayət Məcəlləsinin cəzanın anlayışını və məqsədini müəyyən edən 41-ci maddəsinə görə cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cinayət Məcəlləsinin 58.1 və 58.3-cü maddələrinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamının 13.3 v. 13.4-cü bəndlərində məhkəmələrə tövsiyyə edilmişdir ki,cəzanın növü və həddi müəyyən edilərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyi əsas tutulmalı, cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirilməlidir. Sərəncamın 8-ci bəndində isə tövsiyyə edilmişdir ki, məhkəmələr tərəfindən cəzanın məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza tədbirlərinin tətbiqi genişləndirilsin. “Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr və dəyişikliklər edilməsi barədə” 11 iyun 2004-cü il tarixli 688-İİQD saylı Azərbaycan Respublikası Qanununun 3-cü hissəsinin 9-cu bəndinin və 4-cü hissəsinin 7-ci bəndinin Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin 9-cu hissəsinə uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 yanvar 2005-ci il tarixli Qərarında qeyd olunur ki, istənilən məhkəmə aktının qanuni və əsaslı hesab olunması üçün mütləq şərtlərdən biri onun ədalətli olmasıdır, çünki, ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir. "Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 4 nömrəli, 25 iyun 2003-cü il tarixli Qərarının 1-ci bəndində məhkəmələrə izah edilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Qərarın 2-ci bəndində göstərilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Təqsirləndirilən şəxs himayəsində iki azyaşlı uşağının olması onun cəzasını yüngülləşdirən haldır onun cəzasını ağırlaşdıran hallar yoxdur. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən ona hansı növ cəzanın təyin olunması məsələsinə baxaraq, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini,X9 iştirakçısı olmasını,müharibə zamanı göstərdiyi sücaətlərə görə “Cəbrayılın azad olunmasına görə və “Vətən müharibəsi iştirakçısı” medalları ilə təltif olunmasını, yaşayış yerindən müsbət xasiyyətnamə ilə xarakterizə olunmasını, hepatit C virusu ilə xəstə olmasını,cəzanı yüngülləşdirən halı, cəzanı ağırlaşdıran halların olmamasını, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, onun cəmiyyətdən təcrid edilmədən islah olunmasının mümkün olmasını,Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamındakı tövsiyyələri nəzərə alaraq Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş həddə azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməsini qanuni, əsaslı və ədalətli hesab edir. Balakən Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə ona təyin edilmiş 01 il 05 ay 26 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş hissəsi- 05 ay 22 gün hissəsi Azərbaycan Respublikası CM-nin 67.1-ci maddəsinə əsasən qismən hazırkı hökmlə təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzası ilə birləşdirilməklə qəti cəza təyin edilməli, onun 18 fevral 2023-cü il tarixdən 20 fevral 2023-cü il tarixə kimi şübhəli şəxs qismində tutulub saxlandığı 02 (iki) gün müddət Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən bir günü təyin edilən azadlığın məhdudlaşdırılması cəzasının iki gününə bərabər hesablanmaqla, həmin cəzadan çıxılmalı və Təqsirləndirilən şəxs qəti cəza təyin edilməlidir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 346.1.12-ci maddəsinə uyğun olaraq Təqsirləndirilən şəxs təyin ediləcək cəzanın çəkilməli olubolmaması məsələsinə baxaraq, işin hallarını, təqsirləndirilən şəxsin cəzadan azad edilməsi, yaxud barəsində Cinayət Məcəlləsinin 70-ci maddəsinin tətbiq olunması üçün əsasların olmamasını nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxs ona təyin ediləcək cəzanı çəkməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəsini alana kimi dəyişdirilmədən saxlanmalıdır. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 34.55 (otuz dörd manat əlli beş qəpik) manat Təqsirləndirilən şəxs tutulub Az. MEM; VÖEN **********; AZ34CTRE********************, X2, KOD 210005, VÖEN ********** Müxbir hesab AZ41NABZ ******************** SWİFT BİK CTREAZ22 hesaba köçürülməlidir. İş üzrə maddi sübut kimi tanınmış və Balakən rayon Polis Şöbəsinin maddi sübutların saxlama yerində saxlanılan, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş və tədqiqata təqdim edilmiş ümumi təmiz çəkisi 7,62 qram olan narkotik vasitə qurudulmuş marixuananın tədqiqata sərf edilən 0,05 qram miqdarı nəzərə alınmaqla, qalıq təmiz çəkisi 7,57 qram olan narkotik vasitə qurudulmuş marixuana hökm qanuni qüvvəsini aldıqdan sonra tam həcmdə məhv edilməlidir. İş üzrə maddi sübut olan bir ədəd DVD disk cinayət işinin materiallarında saxlanmalıdır. İş materiallarından həmçinin görünür ki, Balakən rayon Vəkil Bürosunun vəkili Müdafiəçi Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsinə məhkəmə icraatı zamanı 10 iş saatı sərf etmişdir. Azərbaycan Respublikası CPM-nin 193.2-193.3-cü maddələrinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Məhkəmə şübhəli və ya təqsirləndirilən şəxsin orta aylıq gəlirini, maddi, əmlak və ailə vəziyyətini, habelə digər halları nəzərə alaraq həmin şəxsin müdafiəçi tərəfindən göstərilən hüquqi yardımı ödəməkdən azad edilməsi və ödəmənin Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilməsi barədə əsaslandırılmış qərar qəbul edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 3 may 2018-ci il tarixli, 202 №-li qərarı əsasında “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli,11 №-li qərarına edilmiş dəyişikliklərə uyğun olaraq təqsirləndirilən şəxslərin hüquqlarını müdafiə etmələrinə görə müdafiəçilərə hər iş saatı üçün 6 manat məbləğində haqq ödənilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə icraatı zamanı göstərilən hüquqi yardımla bağlı Azərbaycan Respublikası Dövlət büdcəsinin vəsaiti hesabından 60 manat tutulub vəkil Müdafiəçi ödənilməsi üçün Balakən rayon Vəkil Bürosunun nəfinə, "xxxx"ASC-in X10 Rekvizitləri: VÖEN **********, kod 201382, Müxbir hesab AZ37NABZ013501**********1944 hesaba köçürülməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 346.1-ci və 346.1.19-cu maddələrinə uyğun olaraq məhkəmə müsadirə edilməli əmlakın olub-olmaması məsələsinə baxaraq, təqsirləndirilən şəxsin hazırkı cinayəti törətdiyi zaman cinayət yolu ilə hər hansı əmlak əldə etməməsini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulan xüsusi müsadirə edilməli olan əmlak mövcud deyildir. Azərbaycan Respublikası CPM-nin 349-cü maddəsinin tələblərinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Məhkəmənin hökmü Azərbaycan Respublikası Konstitusiyasının, bu Məcəllənin, Azərbaycan Respublikasının cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir. Məhkəmənin hökmü məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə əsaslı hesab edilir. Kondraşinanın Rusiya Federasiyasına qarşı iş üzrə qərarında Avropa Məhkəməsi göstərmişdir ki, məhkəmələr qərar qəbul edərkən hüququn aliliyinə əməl etməlidirlər. Hüququn aliliyinin əsas cəhətlərindən biri hüquqi müəyyənlik prinsipidir ki, onun tələbinə görə məhkəmələr yekun qərarı elə qəbul etməlidirlər ki, o mübahisə olunmasın. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356 və 384.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və 2(iki) il 6 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin.Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən hazırki yeni hökm üzrə təyin edilmiş cəzaya Balakən Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü üzrə təyin edilmiş 01 il 05 ay 26 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş 05 ay 22 gün hissəsi qismən-1(bir) ayı birləşdirilməklə Təqsirləndirilən şəxs 2 (iki) il 7(yeddi) ay müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən onun 18 fevral 2023-cü il tarixdən 20 fevral 2023-cü il tarixədək şübhəli şəxs qismində tutulub həbsdə saxlandığı 02 (iki) gün müddətin hər bir günü təyin edilən azadlığın məhdudlaşdırılması cəzasının iki gününə bərabər hesablanmaqla, həmin cəzadan çıxılsın və Təqsirləndirilən şəxs üzərində qəti olaraq 2(iki) il 06 (altı) ay 26 (iyirmi altı ) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini gecə saat 23:00-dan növbəti gün səhər saat 06:00-dək tərk etməmək,elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Balakən və Zaqatala rayonlarının ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs cəzasını yaşayış yeri üzrə çəksin və cəza çəkmə müddətinin əvvəli cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəsini alana kimi dəyişdirilmədən saxlansın. 34.55 (otuz dörd manat əlli beş qəpik ) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutulub Az.MEM; VÖEN **********; AZ34CTRE********************, X2, KOD 210005,VÖEN ********** Müxbir hesab AZ41NABZ ******************** SWİFT BİK CTREAZ22 hesaba köçürülsün. İş üzrə maddi sübut kimi tanınmış və Balakən Rayon Polis Şöbəsinin maddi sübutların saxlama yerində saxlanılan, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş və tədqiqata təqdim edilmiş ümumi təmiz çəkisi 7,62 qram olan narkotik vasitə qurudulmuş marixuananın tədqiqata sərf edilən 0,05 qram miqdarı nəzərə alınmaqla, qalıq təmiz çəkisi 7,57 qram olan narkotik vasitə qurudulmuş marixuana hökm qanuni qüvvəsini aldıqdan sonra tam həcmdə məhv edilsin. İş üzrə maddi sübut olan bir ədəd DVD diski cinayət işinin materiallarında saxlansın. Təqsirləndirilən şəxs məhkəmə icraatı zamanı göstərilən hüquqi yardımla bağlı Azərbaycan Respublikası Dövlət büdcəsinin vəsaiti hesabından 60 manat tutulub vəkil Müdafiəçi ödənilməsi üçün Balakən rayon Vəkil Bürosunun nəfinə, "xxxx" ASC-in X10 Rekvizitləri: VÖEN **********, kod 201382, Müxbir hesab AZ37NABZ013501**********1944 hesaba köçürülsün. Hökmdən elan olunduğu andan (həbsdə olan məhkum hökmün surəti ona verildiyi andan) 20 gün müddətində Balakən Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apellyasiya şikayəti və ya protesti verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən Hümbət Səlimov
Məhkəmə qərarları › İş №1(019)-62/2023
Balakən Rayon Məhkəməsi Hökm — İş №1(019)-62/2023
03.05.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver