Azərbaycan Respublikası adından HÖKM Balakən Rayonu İş № 1(019)-64/2024 03.09.2024 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Tahirov Zamin Cəbrayıl oğlunun sədrliyi, Qədirov İbadullah Şamil oğlunun katibliyi, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru vəzifəsini icra edən, İİİ dərəcəli hüquqşünas X2, Zərərçəkmiş şəxs, müdafiəçi-Balakən rayon Vəkil Bürosunun vəkili Müdafiəçi və Təqsirləndirilən şəxs iştirakı ilə xx.xx.1988-ci il tarixdə Balakən şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanda yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş - Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası CM) 306.1-ci maddəsilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini qərəzli olaraq icra etməmişdir. Belə ki, Təqsirləndirilən şəxs cavabdeh kimi ondan 01 mart 2018-ci il tarixdən başlayaraq 15 avqust 2016-cı ildə doğulmuş X4 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay 110,00 manat sabit pul məbləğində alimentin tutularaq İsmayılova (Omarova) Hüsniyyə Hüseynağa qızına verilməsinə dair Balakən Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş 2(019)-481/2018 saylı 09 iyul 2018-ci il tarixli qətnaməsini üzrsüz səbəbdən müəyyən olunmuş müddətdə icra etmədiyinə və icra məmurunun qanuni tələblərini yerinə yetirmədiyinə görə barəsində Balakən Rayon Məhkəməsinin 3(019)- 29/2019 saylı xx.xx.2019-cu il tarixli və 3(019)-186/2022 saylı xx.xx.2022-ci il tarixli qərarları ilə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati xəta törətməkdə təqsirli bilinərək, hər iki halda 10 gün olmaqla ümumilikdə 20 gün müddətinə inzibati qaydada həbs edilmiş, bundan sonra icra üçün yeni müddət təyin edilmiş və ondan aliment borcunun ödənilməsinə dair məhkəmə qətnaməsinin könüllü icra etməsi tələb olunmuş, əks halda barəsində Azərbaycan Respuğblikası CM-nin 306.1-ci maddəis ilə cinayət işi başlanması üçün təqdimat veriləcəyi haqqında sonuncu dəfə xx.xx.2023-cü il tarixdə məsuliyyəti elan olunmanqla rəsmi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, öz hərəkətlərini davam etdirməklə şəxsi maraq niyyəti ilə xx.xx.2018-ci il tarixdən başlayaraq cinayət təqibinin başlanılması məsələsinə baxılması üçün təqdimat verilən günə, yəni xx.xx.2023-cü il tarixədək 6024,00 manat məbləğində aliment borcunu zərərçəkmiş şəxs İsmayılova (Omarova) Hüsniyyə Hüseynağa qızına ödəməyərək, sonuncu maddi ziyan vurmaqla yanaşı, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini qərəzli olaraq qəsdən icra etməməklə ədalət mühakiməsinin nüfuzuna xələl gətirmişdir. Təqsirləndirilən şəxs həmin cinayət əməlini törətməsi işdə olan mötəbər sübutlarla tam qaydada tam sübuta yetirildi. Belə ki, xx.xx.2024-cü il tarixdə keçirilən məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək, həqiqətən də göstərilən məbləğdə aliment borcunun olduğunu, aliment borcunun müəyyən hissəsini ödədiyini, lakin zərərçəkmiş şəxs tərəfindən ona uşaqla görüşə imkan verilmədiyi, işləmədiyi və aylıq hər hansı qazancı olmadığı üçün aliment borcunu ödəmədiyini bildirmişdir. xx.xx.2024-cü il tarixdə keçirilən məhkəmə iclasında Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsi ilə özünü təqsirli bilmədiyini və ifadə vermək istəmədiyini bioldirmiş, proses iştirakçılarının suallarına cavabında boşanma barədə ərizə verəndə onun iştirak etmədiyini, işlədiyi müəddətdə ödəniş etdiyini, pulun yığılmasında səbəbin uşaqla görüşə imkan verilmədiyini, 6024 manat aliment borcundan 1250 manatı zərərçəkmiş şəxsə ödədiyini bildirmişdir. İbtidai istintaqda təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsi ilə ona elan edilmiş ittiham özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, 02 dekabr 2015-ci il tarixdə İsmayılova (Omarova) Hüsniyyə Hüseynağa qızı ilə rəsmi nikah bağlamaqla ailə qurmuşdur. Birgə nikahdan xx.xx.2016-cı il tarixdə Gülmira adını verdikləri övladları anadan olmuşdur. Ailə qurduqdan sonra bir müddət səmimi ailə münasibətləri olsa da, sonradan münasibətləri pozulduğundan ayrılmışlar. Bir müddət ayrı yaşadıqdan sonra Hüsniyyə aralarında bağlanmış nikahın pozulması və aliment tələbi ilə məhkəməyə müraciət etmişdir. Balakən Rayon Məhkəməsi nikahın pozulması, həmçinin cavabdeh kimi ondan 01 mart 2018-ci il tarixdən başlayaraq 15 avqust 2016-ci ildə doğulmuş X4 yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün hər ay 110,00 manat sabit pul məbləğində alimentin tutularaq İsmayılova (Omarova) Hüsniyyə Hüseynağa qızına verilməsinə dair 09 iyul 2018-ci il tarixli qətnamə çıxarmışdır. Qətnamənin icrası icra məmurları tərəfindən dəfələrlə ondan tələb olunmuşdur. Həmçinin alimenti ödəmədiyinə görə inzibati məsuliyyətə cəlb edilərək inzibati qaydada həbs edilmişdir. Lakin maddi imkanı zəif olduğundan müəyyən edilmiş aliment məbləğini tam olaraq ödəməmişdir. Balakən Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli qanuni qüvvəyə minmiş qətnaməsi üzrə xx.xx.2018-ci il tarixdən başlayaraq cinayət təqibinin başlanılması məsələsinə baxılması üçün təqdimat verilən xx.xx.2023-cü il tarixə kimi ödəməli olduğu 7590,00 manat aliment borcundan icra dövründə cəmi 1566,00 manat ödəniş etmiş, lakin ödənilməmiş 6024,00 manat aliment borcu qalmışdır. Həmin aliment borcundan istintaq dövründə cəmi 1100,00 manat ödəniş etmişdir. Hazırda fərdi qaydada taksi sürücüsü kimi işləyir, aylıq gəliri 300,00-400,00 manat təşkil edir. Həmin vəsaiti özünün gündəlik zəruri tələbatları üçün xərcləyir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş, İsmayılova (Omarova) Hüsniyyə Hüseynağa qızı ibtidai istintaqda verdiyi ifadəsini təsdiq edib, həmin ifadəsində göstərdiyi hallara istinad etməklə ifadəsində göstərmişdir ki, 02 dekabr 2015-ci il tarixdə Təqsirləndirilən şəxs ilə rəsmi nikah bağlamaqla ailə qurmuşdur. Birgə nikahdan xx.xx.2016-cı il tarixdə Gülmira adında övladları anadan olmuşdur. Ailə qurduqdan sonra bir müddət səmimi ailə münasibətləri olsa da sonradan münasibətləri pozulduğundan Xürrəmdən ayrılmışdır. Ayrılarkən övladının da onun himayəsində qalmasına baxmayaraq Xürrəm uşaqla maraqlanmamış və onun saxlanılmasına maddi köməklik göstərməmişdir. Həmçinin artıq bir ailə kimi yaşamaları da mümkünsüz olmuşdur. Aralarında bağlanmış nikahın pozulması və aliment tələbi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Balakən Rayon Məhkəməsi nikahın pozulması, həmçinin Təqsirləndirilən şəxs 01 mart 2018-ci il tarixdən başlayaraq 15 avqust 2016-cı ildə doğulmuş X4 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay 110,00 manat sabit pul məbləğində alimentin tutularaq ona verilməsinə dair 09 iyul 2018-ci il tarixli qətnamə çıxarmışdır. Qətnamənin çıxarılmasından beş ildən çox müddətin keçməsinə baxmayaraq Təqsirləndirilən şəxs məhkəmə qətnaməsinə məhəl qoymamış və ötən müddətdə müəyyən edilmiş aliment məbləğini vaxtı-vaxtında və tam olaraq ödəməmişdir. Halbuki Xürrəm fərdi qaydada işləyir və onun alimenti ödəməyə maddi imkanı vardır. Buna baxmayaraq o, qərəzli olaraq alimenti ödəmir. Uşaq böyüdüyündən onun maddi tələbatı da xeyli artmışdır. Təkbaşına uşağın zəruri xərclərini ödəməkdə çətinliklər çəkir. Buna görə də müəyyən edilmiş aliment məbləğinə ehtiyacı çoxdur. Alimenti ala bilmədiyinə görə dəfələrlə icra məmurlarına da müraciət etmişdir. İcra məmurları tərəfindən zəruri tədbirlər görülsə də, Xürrəm yenə də alimenti vaxtı-vaxtında ödəmir. Onu da qeyd edir ki, alimentin müəyyən olunduğu 2018-ci il tarixdən bu tərəfə hər il uşaqlar üçün yaşayış minimumunun artmasına baxmayaraq, o, Xürrəmə güzəşt edərək, alimentin artırılması ilə bağlı iddia ilə məhkəməyə müraciət etməmişdir. Xürrəmin guya uşaqla ünsiyyətə imkan verməməsinə görə alimenti ödəməməsi barədə gətirdiyi arqument əsassızdır. Belə ki, o, Xürrəmin uşaqla görüşməsinə heç bir maneçilik yaratmır. Xürrəm sadəcə alimenti ödəmək istəmir. Onu da bildirir ki, X9 cinayətin predmetini təşkil edən 6024 manat aliment borcundan 1250 manatı ona ödəmişdir. Cinayət işi üzrə Təqsirləndirilən şəxs ona 4774 manat borcu qalmışdır. Təqsirləndirilən şəxs şikayətçidir. Təqsirləndirilən şəxs ən sərt cəzanın verilməsini tələb edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Balakən rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Şahid ibtidai istintaqda verdiyi ifadəsində göstərdiyi hallara istinad edib, ifadəsində göstərmişdir ki, Balakən Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş 2(019)-481/2018 saylı, 09 iyul 2018-ci il tarixli qətnaməsinə əsasən Təqsirləndirilən şəxs 01 mart 2018-ci il tarixdən başlayaraq 15 avqust 2016-cı ildə doğulmuş X4 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay 110,00 manat sabit pul məbləğində aliment tutularaq İsmayılova (Omarova) Hüsniyyə Hüseynağa qızına verilməlidir. Həmin qətnamə əsasında verilmiş icra sənədi üzrə xx.xx.2018-ci il tarixli qərarla icraata başlanılaraq tələbin könüllü icrası barədə borcluya bildiriş verilmişdir. Məcburi icra tədbirləri çərçivəsində borclunun adına tələbin yönəldilə biləcək əmlakının və gəlirlərinin olub-olmaması öyrənilmiş, nəticədə mülkiyyətində VAZ-21065 markalı 08BX066 dövlət qeydiyyat nişanlı avtomobilin qeydiyyata alındığı müəyyən edilsə də, görülmüş icra tədbirləri nəticəsində həmin avtomobilin xx.xx.2018-ci il tarixində onun mülkiyyətindən çıxarıldığı məlum olmuşdur. Həmçinin icra müddətində Təqsirləndirilən şəxs dəfələrlə icra şöbəsinə çağırılaraq, icra sənədinin mahiyyəti ona izah edilmiş, alimentin ödənilməsi tələb olunmuş və məsuliyyəti barədə xəbərdarlıq olunmuşdur. Lakin xeyli müddətin keçməsinə baxmayaraq, Təqsirləndirilən şəxs ödəniş etməmiş, eyni zamanda görülümüş icra tədbirləri nəticəsində olduğu yeri müəyyən etmək mümkün olmamışdır. xx.xx.2022-ci il tarixli qərarla Təqsirləndirilən şəxs barəsində axtarış elan edilmişdir. xx.xx.2022-ci il tarixdə borclu Təqsirləndirilən şəxs Balakən RPŞ-nin əməkdaşları tərəfindən saxlanılaraq, icra və probasiya şöbəsinə gətirilməsi təmin edilmişdir. İcra şöbəsində borcludan yaranmış aliment borcunun ödənilməsi bir daha tələb olunmuş, məsuliyyəti diqqətinə çatdırılmışdır. Təqsirləndirilən şəxs maddi imkanının olmadığını əsas gətirərək, ödəniş etməkdən yayınmışdır. Təqsirləndirilən şəxs barəsində sonuncu dəfə inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. Balakən Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarına əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası İXMnin 528.1-ci maddəsi ilə təqsirli bilinib 10 gün müddətinə inziabti qaydada həbs edilmişdir. İnzibati məsuliyyətə cəlb edildikdən sonra yeni icra müddəti təyin edilərək qətnamənin icrası borcludan tələb olunmuş, məsuliyyəti barədə dəfələrlə xəbərdarlıqlar verilmişdir. Eyni zamanda icra sənədinin icrası ilə bağlı borclu ilə fərdi söhbətlər aparılmış, məsuliyyəti şəxsən diqqətinə çatdırılmışdır. Lakin görülmüş icra tədbirlərinə baxmayaraq, Təqsirləndirilən şəxs hərəkətlərində dönüş yaratmamış və 30 noyabr 2023-cü il tarixədək 6024,00 manat alimenti ödəməməklə qətnamənin icrasından qərəzli olaraq yayınmışdır. Ümumiyyətlə icra müddətində Təqsirləndirilən şəxs icra sənədinin icrasına etinasız yanaşmış, aliment borcunu ödəyəcəyi barədə vədlər versə də, sonradan vədinə əməl etməmişdir. Hazırda əldə etdiyi məlumata görə Təqsirləndirilən şəxs cinayət işi üzrə 6024 manat aliment borcundan 1250 manatını zərərçəkmiş şəxsə ödəmişdir. İş materiallarında olan Balakən Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş 2(019)-481/2018 saylı, 09 iyul 2018-ci il tarixli qətnaməsindən və həmin tarixli icra sənədindən görünür ki, Təqsirləndirilən şəxs 01 mart 2018-ci il tarixdən başlayaraq 15 avqust 2016-cı ildə doğulmuş X4 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay 110,00 manat sabit pul məbləğində aliment tutularaq İsmayılova (Omarova) Hüsniyyə Hüseynağa qızına verilməlidir. İş materiallarından həmçinin görünür ki, Balakən rayon İcra və Probasiya Şöbəsiin icra məmuru tərəfindən xx.xx.2018-ci il tarixli qərarla Balakən Rayon Məhkəməsinin 2(019)-481/2018 saylı, 09 iyul 2018-ci il tarixli icra sənədi üzrə icraata başlanılaraq tələbin könüllü icrası barədə borcluya bildiriş verilmişdir. İş materiallarında olan Balakən Rayon Məhkəməsinin 22 yanvar 2019-cu il tarixli 3(019)-29/2019 nömrəli qərarından görünür ki, Balakən Rayon Məhkəməsinin 2(019)- 481/2018 saylı, 09 iyul 2018-ci il tarixli icra sənədini üzrsüz səbəbdən icra etməməsi və həmin icra sənədinin icrası ilə bağlı icra məmurunun qanuni tələblərini yerinə yetirməməsi əsası ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 10 gün müddətə inzibati qaydada həbs edilmişdir. İş materiallarında olan Balakən rayon İcra və Probasiya Şöbəsi tərəfindən Təqsirləndirilən şəxs ünvanlanmış xx.xx.2019-cu il tarixli xəbərdarlıqdan görünür ki, Təqsirləndirilən şəxs Balakən Rayon Məhkəməsinin 2(019)-481/2018 saylı, 09 iyul 2018-ci il tarixli icra sənədini icra etməsi təklif olunmuş, əks təqdirdə cinayət məsuliyyətinə cəlb olunacağı barədə ona xəbərdarlıq olunmuşdur. İş materiallarından həmçinin görünür ki, Balakən rayon İcra və Probasiya Şöbəsinirn xx.xx.2021-ci il tarixli qərarı, xx.xx.2021-ci il tarixli qərarı, xx.xx.2022-ci il tarixli qərarı və xx.xx.2023-cü il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində 4 dəfə axtarış elan edilmişdir. İş materiallarında olan Balakən Rayon Məhkəməsinin 21 may 2022-ci il tarixli 3(019)- 186/2022 nömrəli qərarından görünür ki, Balakən Rayon Məhkəməsinin 2(019)-481/2018 saylı, 09 iyul 2018-ci il tarixli icra sənədini üzrsüz səbəbdən icra etməməsi və həmin icra sənədinin icrası ilə bağlı icra məmurunun qanuni tələblərini yerinə yetirməməsi əsası ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 10 gün müddətə inzibati qaydada həbs edilmişdir. İş materiallarında olan Balakən rayon İcra və Probasiya Şöbəsi tərəfindən Təqsirləndirilən şəxs ünvanlanmış 30 iyun 2022-ci il tarixli xəbərdarlıqdan görünür ki, Təqsirləndirilən şəxs Balakən Rayon Məhkəməsinin 2(019)-481/2018 saylı, 09 iyul 2018-ci il tarixli icra sənədini icra etməsi təklif olunmuş, əks təqdirdə cinayət məsuliyyətinə cəlb olunacağı barədə ona xəbərdarlıq olunmuşdur. İş materiallarında olan Balakən rayon İcra və Probasiya Şöbəsi tərəfindən Təqsirləndirilən şəxs ünvanlanmış 10 avqust 2023-cü il tarixli xəbərdarlıqdan görünür ki, Təqsirləndirilən şəxs Balakən Rayon Məhkəməsinin 2(019)-481/2018 saylı, 09 iyul 2018-ci il tarixli icra sənədini icra etməsi təklif olunmuş, əks təqdirdə cinayət məsuliyyətinə cəlb olunacağı barədə ona xəbərdarlıq olunmuşdur. İş materiallarında olan Balakən rayon Qeydiyyat Şöbəsi tərəfindən 23 yanvar 2020-ci il tarixdə verilmiş AZ-İ 337342 nömrəli nikahın pozulması haqqında şəhadətnamədən görünür ki, Təqsirləndirilən şəxs və X3 arasında olan nikah ləğv edilmiş və bu barədə nikahın ləğv edilməsi haqqında akt qeydləri kitabında 2020-ci ilin yanvar ayının 23 günündə 12 № ilə qeyd edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası DİN BƏSİİ tərəfindən tələbnamə əsasında verilmiş xx.xx.2024-cü il tarixli 6 saylı arayışdan görünür ki, Təqsirləndirilən şəxs məhkum olunmamışdır. İş materiallarında olan X5 X1 Filialının xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Məşğulluq” altsistemində işaxtaran şəxs kimi qeydiyyata alınmamışdır. İcra məmurunun təklifi nəzərə alınaraq filialın əməkdaşları tərəfindən Təqsirləndirilən şəxsla mobil telefon vasitəsi ilə əlaqə saxlanılmış və onunla söhbət aparılmışdır. Təqsirləndirilən şəxs söhbət zamanı yalnız sürücü kimi münasib işlə təmin olumağını istəmişdir. Lakin “Məşğulluq” altsistemin vakansiya bankında Təqsirləndirilən şəxs tələbinə uyğun boş iş yeri olmadığına görə ona iş təklif etmək mümkün olmamışdır. İş materiallarında olan Balakən Rayon Məhkəməsinin 8(019)-86/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadından görünür ki, Təqsirləndirilən şəxs ölkədən getmək hüququ müvəqqəti olaraq məhdudlaşdırılmışdır. Beləliklə məhkəmə iclasında tədqiq olunmuş mümkün və mötəbər sübutların məcmuyu ilə müəyyən edildi ki, Təqsirləndirilən şəxs qanuni qüvvəyə minmiş Balakən Rayon Məhkəməsinin 09 iyul 2018-ci il tarixli 2(019)-481/2018 saylı qətnaməsini qərəzli olaraq icra etməmişdir. Qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini, hökmünü, qərardadını, qərarını və ya əmrini qərəzli olaraq icra etməmə və ya həmin məhkəmə aktlarının icrasına maneçilik törətməyə görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsində cinayət məsuliyyəti nəzərdə tutulmuşdur. Məhkəmə Azərbaycan Respublikasının Konstitusiyasının 63-cü maddəsində təsbit edilmiş təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq, məhkəmə baxışında ittihamın baxılması nəticələrinə əsaslanaraq, məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslanaraq, təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilməyən şübhələri onun xeyrinə şərh edərək, Balakən Rayon Məhkəməsinin 09 iyul 2018ci il tarixli 2(019)-481/2018 saylı qətnaməsinin qanuni qüvvəsini almasını, təqsirləndirilən şəxsin inzibati qaydada həbs edilməsinə, icra üçün yeni müddətin təyin edilməsinə və məsuliyyəti barədə rəsmi xəbərdarlıqlar edilməsinə baxmayaraq, məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsini qərəzli olaraq icra etməməsini nəzərə alaraq, bu nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs ittiham olunduğu cinayət hadisəsi baş vermişdir, onun əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsinin tərkibi vardır, həmin əməl təqsirləndirilən şəxs tərəfindən törədilmişdir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinməlidir və onun cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsilə düzgün tövsif edilmişdir, əməlin cinayət olmasını aradan qaldıran hallar, təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur, təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinə görə cəzalanmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsinin şərh edilməsinə dair» 02 oktyabr 2012-ci il tarixli Qərarında göstərilmişdir ki, bu maddə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinin, hökmünün, qərardadının və ya qərarının icra edilməməsinin iki üsulunu nəzərdə tutmuşdur: məhkəmə aktlarını qərəzli icra etməmə; məhkəmə aktlarının icrasına maneçilik törətmə. Qeyd edilən hər iki üsul CM-nin 306-cı maddəsində nəzərdə tutulmuş əməlin tövsif edilməsi zamanı böyük rol oynayan spesifik əlamətlərə malikdir. Birinci halda bir qaydada olaraq, cinayət hərəkətsizlik nəticəsində baş verir. Borclu məhkəmə qərarının icrası üçün müəyyən hərəkətləri etmir. Bununla yanaşı, icra etməmə borclunun müəyyən hərəkətləri etməsi ilə də həyata keçirilə bilər. Məsələn, subyekt yazılı və ya şifahi şəkildə məhkəmə qərarını icra etməyəcəyi barədə məlumat verir və ya məhkəmə qərarını icra etmək niyyətinin olmadığını ifadə edir. Göstərilənlərdən belə nəticəyə gəlmək olar ki, məhkəmə qətnaməsini, hökmünü, qərarını, yaxud digər aktını icra etməmə dedikdə, icra üçün daxil olmuş məhkəmə qətnaməsinin, hökmünün, qərardadının və ya qərarının icrasını həyata keçirmək üçün bu və ya digər hərəkəti etməli olan şəxsin qanunla müəyyən edilmiş müddətdə həmin hərəkətləri etməməsi başa düşülür. Məhkəmə aktlarını icra etməmə yalnız qərəzli olduqda CM-nin 306-cı maddəsində nəzərdə tutulmuş cinayət tərkibini yaradır. İcra etməmə o halda qərəzli olur ki, təqsirkar şəxsə yazılı şəkildə xəbərdarlıq edildikdən sonra da o, məhkəmə aktının tələbini icra etmir və ya məhkəmə aktlarının icrasını mümkünsüz etməyə yönələn hərəkətlərini davam etdirir. Konstitusiya Məhkəməsinin sözügedən 02 oktyabr 2012-ci il tarixli qərarındakı hüquqi mövqeyinə görə məhkəmə aktlarının qərəzli icra edilməməsini aşağıdakılara əsasən müəyyən etmək olar: məhkəmə qərarında nəzərdə tutulmuş tələblərin həmin qərarda müəyyən edilmiş müddət ərzində icra edilməməsi; borcluya məhkəmə qərarının icra edilməməsi haqqında dəfələrlə rəsmi xəbərdarlıq edilməsi; borclunun məhkəmə qərarını icra etməməsinə görə inzibati məsuliyyətə cəlb edilməsi; borclu tərəfindən məhkəmə qərarının icrası üçün yetərli tədbirlərin görülməməsi; borclunun məhkəmə qərarının icrası üçün faktiki imkanların olması. Belə hərəkətlər nəticəsində borclu icra sənədini qərəzli olaraq icra etmədikdə, icra məmuru həmin şəxsin Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətinə cəlb olunması haqqında müvafiq cinayətlərə dair işlər üzrə ibtidai istintaq aparan orqana, icra xidmətinin rəhbəri (baş icra məmuru) tərəfindən təsdiq olunan təqdimat verməlidir («İcra haqqında» Qanunun 82.3-cü maddəsi). Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsinin şərh edilməsinə dair» 02 oktyabr 2012-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306-cı maddəsində nəzərdə tutulmuş cinayət tərkibi məhkəmə aktını icra etməməsinə görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 313-1.1-ci maddəsi ilə (hazırda qüvvədə olan Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi) inzibati məsuliyyətə cəlb edildikdən sonra şəxs tərəfindən icra sənədinin yenidən qərəzli olaraq icra edilmədiyi hallarda yaranır. Məhkəmə eyni zamanda Təqsirləndirilən şəxs məhkəmə iclasında verdiyi ifadəsində aliment borcunu ödəməməsinin onun işləməməsi və maddi imkanının olmaması, həmçinin uşaqla ünsiyyətinin təmin edilməməsi halları ilə bağlaması barədə gətirdiyi arqumentləri qəbul etmir və bu xüsusatı özünümüdafiə kimi qiymətləndirir. Belə ki, iş materiallarından görünür ki, icra məmuru tərəfindən ondan dəfələrlə tələb edilməsinə baxmayaraq, Təqsirləndirilən şəxs aliment borcundan tam ödəniş etməmiş, eyni zamanda görülmüş icra tədbirləri nəticəsində olduğu yeri müəyyən etmək mümkün olmadığına görə barəsində 4 dəfə axtarış elan edilmiş, icra və probasiya şöbəsində yaranmış aliment borcunun ödənilməsi tələb olunmasına və hüquqi məsuliyyətinin diqqətinə çatdırılmasına baxmayaraq, o, maddi imkanının olmadığını əsas gətirərək, ödəniş etməkdən yayınmış, Balakən Rayon Məhkəməsinin 22 yanvar 2019-cu il tarixli 3(019)-29/2019 nömrəli qərarı ilə Balakən Rayon Məhkəməsinin 2(019)-481/2018 saylı, 09 iyul 2018-ci il tarixli icra sənədini üzrsüz səbəbdən icra etməməsi və həmin icra sənədinin icrası ilə bağlı icra məmurunun qanuni tələblərini yerinə yetirməməsi əsası ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 10 gün müddətə inzibati qaydada həbs edilmiş və ona icra sənədinin icrası ilə bağlı yeni müddət təyin edilmiş, əks təqdirdə cinayət məsuliyyətinə cəlb ediləcyi barədə xəbərdarlıq edilmiş, həmçinin Balakən Rayon Məhkəməsinin 21 may 2022-ci il tarixli 3(019)-186/2022 nömrəli qərarı ilə Balakən Rayon Məhkəməsinin 2(019)-481/2018 saylı, 09 iyul 2018-ci il tarixli icra sənədini üzrsüz səbəbdən icra etməməsi və həmin icra sənədinin icrası ilə bağlı icra məmurunun qanuni tələblərini yerinə yetirməməsi əsası ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 10 gün müddətə inzibati qaydada həbs edilməklə inzibati məsuliyyətə cəlb edildikdən sonra yeni icra müddəti təyin edilərək qətnamənin icrası borcludan tələb olunmuş, məsuliyyəti barədə dəfələrlə xəbərdarlıqlar edilmiş, lakin təqsirləndirilən şəxs tərəfindən cinayət işi üzrə cəmi 1250 manat aliment ödənilməklə həmin aliment borcu tam olaraq ödənilməmişdir. Qeyd edilənlər Təqsirləndirilən şəxs tərəfindən sözügedən məhkəmə qətnaməsinin icra edilməməsinin onun maddi imkanının olmaması ilə bağlı olmadığını göstərməklə, onun tərəfindən qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinin qərəzli olaraq icra edilmədiyini təsdiq edir. Digər tərəfdən Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016-cı il tarixli, 8 nömrəli qərarının 8.2 bəndində də qeyd edilmişdir ki, aliment ödəyən əmək qabiliyyətli valideyinin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağın saxlamaq, qanunvericilikdə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Bundan başqa qanunvericiliyə əsasən uşaqla ünsiyyətinin təmin edilməməsi valideyni, hazırki halda təqsirləndirilən şəxsi uşağına aliment ödəmək vəzifəsindən heç bir halda azad etmir. Uşaqla ünsiyyət barədə məhkəmə qətnaməsi ayrıca icra icraatının predmetidir və Təqsirləndirilən şəxs hazırki cinayət işi üzrə aliment öhdəliyindən azad etmir. Azərbaycan Respublikası CM-nin 41 -ci maddəsinə görə cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası CM-nin 58.1 və 58.3-cü maddələrinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. “Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr və dəyişikliklər edilməsi barədə” 11 iyun 2004-cü il tarixli, 688-İİQD saylı Azərbaycan Respublikası Qanununun 3-cü hissəsinin 9-cu bəndinin və 4-cü hissəsinin 7-ci bəndinin Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin 9-cu hissəsinə uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 yanvar 2005-ci il tarixli Qərarında qeyd olunur ki, istənilən məhkəmə aktının qanuni və əsaslı hesab olunması üçün mütləq şərtlərdən biri onun ədalətli olmasıdır, çünki, ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs hazırki cinayət işi üzrə 6024,00 manat maddi ziyanın az hissəsini- 1250 manatını ödəmiş, həmçinin Təqsirləndirilən şəxs ilk dəfə cinayət əməli törətmişdir. Azərbaycan Respublikası CM-nin 59.1.14-cü maddəsində cinayət nəticəsində dəymiş ziyanın qismən ödənilməsi və ya ziyanın azaldılması ilə nəticələnmiş digər hərəkətlərin edilməsi cəzanı yüngüləşdirən hal kimi göstərilmişdir. Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə əsasən cəza təyin edilərkən bu Məcəllənin 59.1.1-59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Məhkəmə qanun normalarının tələbinə əsasən cinayət nəticəsində dəymiş ziyanın qismən ödənilməsini və ilk dəfə cinayət əməli törətməsini Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs ilk dəfə cinayət əməli törətməsi, bununla da kriminal meyilli şəxs olmaması, antisosial yönümün psixikasında model davranışa çevrilməməsi işdəki sübutlarla təsdiq olunur. Ona görə də məhkəmə tərəfindən ilk dəfə cinayət əməli törətməsi Təqsirləndirilən şəxs kriminal meyilli şəxslərdən fərqləndirmək üçün ağlabatan əsas kimi qiymətləndirilməklə cəzasını yüngülləşdirən hal kimi nəzərə alınmışdır. Məhkəmə tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulmuş cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən bir daha qeyd edir ki, Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. Məhkumun islah edilməsi onun qanuna tabe olan insana çevrilməsini, məhkumu yeni cinayətlərə sövq edə bilən zərərli sosial-psixoloji meyllərdən,kriminogen xüsusiyyətlərdən azad etməyi nəzərdə tutur. İslah prosesi məhkumun ictimai-faydalı fəaliyyətə qayıtması, ümumi yaşayış qaydalarına hörmətlə yanaşması, normal cəmiyyətə tamamilə uyğunlaşması məqsədlərini güdür. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-nin 9.2-ci maddəsinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Başqa sözlə, cəza «talion» prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Heç təsadüfi deyildir ki, qanunverici cəza təyin edərkən şəxsin bütün sosial-psixoloji keyfiyyətlərinin nəzərə alınmasını tələb edir. Şəxsin ictimai təhlükəliliyi məhz onun şəxsiyyətini xarakterizə edən amillərdəndir. Məhkəmə hesab edir ki, bu zəmində şəxsin ictimai təhlükəliliyini müəyyən etmək üçün birinci növbədə onun törətdiyi cinayətin başqa cinayətlərin arasında yeri, şəxsin antisosial yönümünün davamlı olub-olmaması, onun cinayətin törədilməsinə gətirib çıxaran vərdişləri diqqətlə aydınlaşdırılmalıdır. Şəxsin antisosial yönümü onun törətdiyi cinayətdə özünü büruzə verir. Ancaq bu, təkcə şəxsin törətdiyi cinayətin ictimai təhlükəliliyi ilə deyil, eyni zamanda onun əvvəlki dövrlərdəki hərəkətlərində ifadə olunan antisosial davranışı və keyfiyyəti ilə də ölçülür. İnsan öz imkanlarından kənara çıxmaq qabiliyyətinə malik deyil. Ancaq o, öz həyatı baxışlarına uyğun hərəkət vasitəsi seçməkdə azaddır. Əgər o, cəmiyyət tərəfindən qəbul olunmuş sosial-mənəvi normalara zidd olan davranış forması seçirsə, onda bu, şəxsin psixologiyasında antisosial yönümün olduğunu göstərir. Lakin bu yönümün davamlı olması, yəni şəxsin psixologiyasında dominantlıq təşkil edərək model davranışa çevrilməsi, yoxsa təsadüf nəticəsində meydana çıxması hallarını fərqləndirmək lazımdır. Məhkəmə qeyd edir ki, təqsirləndirilən şəxsə cəza təyin edilməsi zamanı onun xarakteri, sosial-psixoloji vəziyyətinin bütün çalarları, şəxsiyyətinin xarakterik cəhətləri də nəzərə alınmalıdır. Yalnız bu halda cəzanın ədalətliliyinə və fərdiliyinə, həmçinin onun məqsədlərinə nail olmaq mümkün olar. Bu xüsusda cəza təyin edilərkən şəxsin sosial və psixoloji kriteriyalarına xüsusi önəm vermək lazımdır. Şəxsin sosial kriteriyası onun qanunlara və digər sosial normalara, əməyə, ictimai vəzifələrə, ailəyə münasibətini, təhsilini, tərbiyəsini və sair sosial şərtləri özündə əks etdirir. Şəxsin psixoloji kriteriyası isə onun xarakterini, iradəsini, qabiliyyətini və digər şəxsiyyətə xas olan cəhətlərini özündə ehtiva edir. Bu cəhətlərin tədqiq olunması və qiymətləndirilməsi şəxsin mənəvi deqradasiyaya məruz qalıb-qalmamasını, törətdiyi cinayətin onun anticəmiyyət yönümünün məntiqi nəticəsi olduğunu, yoxsa təsadüfi olaraq baş verdiyini, şəxsin islah olunması üçün hansı imkanların olması və bununla bağlı hansı qanuni vasitələrin seçilməsini müəyyənləşdirmək üçün çox vacibdir. Çünki insan sosiumun tərkib hissəsidir və onun fəaliyyətinin hansı yönümə istiqamətlənməsi cəmiyyət üçün əhəmiyyətlidir. Ancaq hər bir halda bu keyfiyyətlər şəxsin törətdiyi cinayətin xarakteri və ictimai təhlükəliliyi ilə vəhdətdə nəzərə alınmalıdır. Xüsusi ilə nəzərə alınmalıdır ki, cəzanın məqsədlərinə çatmaq üçün hansı yol seçilməlidir: təqsirləndirilən şəxsi azadlıqdan məhrum etməklə onu cəmiyyətdən təcrid etmək, fiziki cəhətdən imkanlarını məhdudlaşdırmaqla cəzanın məqsədlərinə nail olmaq, yoxsa, azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza seçməklə şəxsə etimad göstərib bu yolla onun islah olunmasına və cəzanın digər məqsədlərinə çatmaq. Məhkəmə bildirir ki, hazırki cinayət işi üzrə Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməli birbaşa qəsdlə törədilən cinayətdir. Yəni, təqsirləndirilən şəxs qanuni qüvvəyə minmiş məhkəmə aktını qərəzli olaraq icra etmədiyini dərk etmiş, bununla ədalət mühakiməsinin nüfuzuna xələl gətirməsini və zərərçəkmiş şəxsin hüquqlarının pozulmasını görmüş və bunları arzu etmişdir. Digər tərəfdən, təqsirləndirilən şəxs bu əməli qərəzli olaraq həyata keçirmişdir. Belə ki, bu hərəkətlər ona yazılı xəbərdarlıq olunduqdan, inzibati məsuliyyətə cəlb edildikdən və icra üçün təkrar vaxt verildikdən sonra davam etmişdir. Məhkəmə xüsusilə qeyd edir ki, məhkəmə qətnaməsinin və ya digər məhkəmə qərarının icra edilməməsinin təhlükəliliyi ondan ibarətdir ki, qanuni qüvvəyə minmiş məhkəmə aktlarını icra etməmə məhkəmə orqanlarını nüfuzdan salır, pozulmuş hüquqların bərpası, dəymiş ziyanın ödənilməsi qeyri-mümkün olur və ədalət mühakiməsinin həyata keçirilməsi zamanı dövlət adından çıxarılmış qərarlar icrasız qalır. Digər tərəfdən, bu əməllə demokratik cəmiyyət və ədalət mühakiməsinin fundamental hüquqlarından biri olan ədalətli məhkəmə araşdırması hüququ real mahiyyət kəsb etməyən xəyali bir hüquqa çevrilir. Məhkəmə nəzərə çatdırır ki, ədalət mühakiməsi cəmiyyətin fundamental dəyərlərinin qorunub saxlanması və bərpa olunmasına, insan toplumunun hüquq və azadlıqlardan yararlanmasına xidmət edən əhəmiyyətli bir mexanizmdir. Ədalət mühakiməsi isə dövlət adından çıxarılan konkret qərarlarda öz əksini tapır. Məhkəmə qərarlarının icra olunmaması isə ədalət mühakiməsinin nüfuzuna zərbə vurmaqla, onun insan hüquq və azadlıqlarının qorunması və bərpa olunmasında yerinə yetirdiyi etibarlı mexanizm rolunu aşağı salır və nəticədə insanların bu mexanizmdən yararlanmasının real mahiyyəti heçə enir. Bu nüfuzun bərpa olunması isə insan hüquq və azadlıqlarının deklarativ deyil, real mahiyyət kəsb etməsi üçün son dərəcə vacibdir. Həmçinin cəza təyinatında Təqsirləndirilən şəxs cinayət nəticəsində dəymiş ziyanı qismən ödəməsi və ilk dəfə cinayət əməli törətməsi kimi cəzasını yüngülləşdirən halların olması, cəzasının ağırlaşdıran halların olmaması, lakin eyni zamanda məhkəmə qətnaməsində göstərilmiş aliment borcunun mütləq əksər məbləğinin ödənilməməsi, bununla da təqsirləndirilən şəxs tərəfindən məhkəmə qətnaməsinin icrasına etinasızlıq göstərilməsi və ədalət mühakiməsinin nüfuzuna ciddi xələl gətirilməsi halları mütləq qaydada nəzərə alınmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə hansı növ cəzanın təyin olunması məsələsinə baxaraq,törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, cəzasını yüngülləşdirən halları, cəzasını ağırlaşdıran halların olmamasını, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq Təqsirləndirilən şəxs təqsirli bilindiyi CM-nin 306.1-ci maddəsinin sanksiyasında müəyyən edilmiş azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini qanuni, əsaslı və ədalətli hesab edir. Məhkəmə eyni zamanda hesab edir ki, Təqsirləndirilən şəxs ona təyin ediləcək azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Belə ki, Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün azadlıqdan məhrum etmə növündə cəzanın ümumi rejimli cəza çəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Həmçinin Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri həbs qətimkan tədbirinə dəyişdirilməli və o, məhkəmə iclas zalında həbs edilməli, barəsində seçilən həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası CPM) 175.1-ci maddəsinə əsasən qətimkan tədbiri cinayət prosesini həyata keçirən orqan tərəfindən öz səlahiyyəti daxilində, bunun zəruriliyi sübutlarla təsdiq olunduqda daha ciddi qətimkan tədbiri ilə, cinayət işi üzrə icraatın gedişində şübhəli və ya təqsirləndirilən şəxsin lazımi qaydada davranışının və hökmün icrasının təmin edilməsinə nail olmaq mümkün olduğu halda isə daha yüngül qətimkan tədbiri ilə əvəz edilə bilər. Azərbaycan Respublikası CPM-nin 175.5-ci maddəsinə əsasən müvafiq qətimkan tədbiri onun ləğvindən, dəyişdirilməsindən, habelə şübhəli və ya təqsirləndirilən şəxsin barəsində cinayət təqibinə xitam verildikdən və ya məhkuma təyin edilən cəza icraya yönəldikdən sonra qüvvədən düşmüş sayılır. İş üzrə mülki iddia, maddi sübut, məhkəmə xərcləri və xüsusi müsadirə olunmalı əmlak yoxdur. İş materiallarından həmçinin görünür ki, Balakən rayon Vəkil Bürosunun vəkil Müdafiəçi məhkəmə icraatı zamanı Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsinə 12 iş saatı vaxt sərf etmişdir. Azərbaycan Respublikası CPM-nin 193.2-193.3-cü maddələrinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Məhkəmə şübhəli və ya təqsirləndirilən şəxsin orta aylıq gəlirini, maddi, əmlak və ailə vəziyyətini, habelə digər halları nəzərə alaraq, həmin şəxsin müdafiəçi tərəfindən göstərilən hüquqi yardımı ödəməkdən azad edilməsi və ödəmənin Azərbaycan Respublikasının Dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilməsi barədə əsaslandırılmış qərar qəbul edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 3 may 2018-ci il tarixli, 202 №-li qərarı əsasında “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli,11 №-li qərarına edilmiş dəyişikliklərə uyğun olaraq təqsirləndirilən şəxslərin hüquqlarını müdafiə etmələrinə görə müdafiəçilərə hər iş saatı üçün 6 manat məbləğində haqq ödənilməlidir. Ona görə də məhkəmə həmçinin hesab edir ki, təqsirləndirilən şəxs kimi Təqsirləndirilən şəxs məhkəmə icraatı zamanı göstərilən hüquqi yardımla bağlı 72 manat Balakən rayon Vəkil Bürosunun vəkili Müdafiəçi ödənilməsi üçün Azərbaycan Respublikası Dövlət büdcəsinin vəsaiti hesabından Balakən rayon Vəkil Bürosunun nəfinə, «KAPİTALBANK» X8 Rekvizitləri: VÖEN: **********, kod 201382, Müxbir hesab AZ37NABZ******************** hesaba köçürülməlidir. Azərbaycan Respublikası CPM-nin 349-cü maddəsinin tələblərinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Məhkəmənin hökmü Azərbaycan Respublikası Konstitusiyasının, bu Məcəllənin, Azərbaycan Respublikasının cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir. Məhkəmənin hökmü məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə əsaslı hesab edilir. Kondraşinanın Rusiya Federasiyasına qarşı iş üzrə qərarında Avropa Məhkəməsi göstərmişdir ki, məhkəmələr qərar qəbul edərkən hüququn aliliyinə əməl etməlidirlər. Hüququn aliliyinin əsas cəhətlərindən biri hüquqi müəyyənlik prinsipidir ki, onun tələbinə görə məhkəmələr yekun qərarı elə qəbul etməlidirlər ki, o, mübahisə olunmasın. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinsin və 10 (on) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin; cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin; Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri həbs qətimkan tədbirinə dəyişdirilsin və Təqsirləndirilən şəxs məhkəmə iclas zalında həbs edilsin; barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın; Təqsirləndirilən şəxs cəza çəkmə müddətinin əvvəli hazırki hökmün çıxarıldığı 03 sentyabr 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs kimi Təqsirləndirilən şəxs məhkəmə icraatı zamanı göstərilən hüquqi yardımla bağlı 72 manat Balakən rayon Vəkil Bürosunun vəkili Müdafiəçi ödənilməsi üçün Azərbaycan Respublikası Dövlət büdcəsinin vəsaiti hesabından Balakən rayon Vəkil Bürosunun nəfinə, «KAPİTALBANK» X8 Rekvizitləri: VÖEN: **********, kod 201382, Müxbir hesab AZ37NABZ******************** hesaba köçürülsın. Hökmdən elan olunduğu andan (həbsdə olan məhkum hökmün surəti ona verildiyi andan) 20 gün müddətində Balakən Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən: Zamin Tahirov
Məhkəmə qərarları › İş №1(019)-64/2024
Balakən Rayon Məhkəməsi Hökm — İş №1(019)-64/2024
03.09.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver