Məhkəmə qərarları › İş №1(019)-67/2023

Balakən Rayon Məhkəməsi Hökm — İş №1(019)-67/2023

17.05.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Balakən Rayonu İş № 1(019)-67/2023 17.05.2023 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Səlimov Hümbət Qamuna oğlunun sədrliyi, məhkəmə iclas katibi X2 katibliyi, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin rayon (şəhər) məhkəmələrində dövlət ittihamı müdafiəsi üzrə şöbəsinin prokuroru vəzifəsini icra edən, İİ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs, onun qanuni nümayəndəsi Qanuni nümayəndə, Təqsirləndirilən şəxs və müdafiəçisi- Balakən rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə TƏQSİRLƏNDİRİLƏN ŞƏXS- xx xxxxxx 1989-cu il tarixdə Balakən rayonu Şambul kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, natamam orta təhsilli, məhkumluğu olmayan, işləməyən, Balakən rayonu Talalar kəndində qeydiyyatda olan və həmin ünvanda yaşayan, 28 mart 2023-cü il tarixdə barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 267.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: Təqsirləndirilən şəxs 29 dekabr 2022-ci il tarixdə saat 18 radələrində idarə etdiyi “Minsk D4 50” markalı mopedlə Balakən şəhəri H.Əliyev prospekti ilə təxminən 30 km/saat sürətlə yaşadığı Balakən rayonu Talalar kəndi istiqamətində hərəkət edərkən “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 54-cü maddəsinin 1-ci hissəsinin tələblərini pozaraq, yəni nizamlanmayan piyada keçidinə yaxınlaşarkən sürəti lazımınca azaldaraq yolu keçməyə başlamış, piyadaları təhlükəyə məruz qoymamalı, eləcə də,əgər piyada keçidə daxil olmuşdursa və ya daxil olmaqdadırsa nəqliyyat vasitəsini dayandırmalı və piyadaya yol verməli olduğu halda, bunları etməyərək yolun sağ kənarından piyada keçidinə daxil olub yolu qarşı tərəfə keçmək istəyən piyada Zərərçəkmiş şəxs idarə etdiyi mopedin ön hissəsi ilə vurub yerə yıxmış, nəticədə yol hərəkəti qaydasını pozub ehtiyyatsızlıqdan piyada Zərərçəkmiş şəxs alnında, burnunda, alt çənədə sıyrıqlar, sağ saidində və sağ əlin üstündə şişkinlik, sol baldırın yuxarı 1/3-də bayır səthdə sıyrıq, sağ əlin qayıqvari sümüyünün və 1-ci daraq sümüyünün qapalı yerdəyişməyən sınıqları kimi ümumilikdə Zərərçəkmiş şəxs sağlamlığının uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aid edilən xəsarətlər yetirərək yol-nəqliyyat hadisəsi cinayət əməlini törətmişdir. Təqsirləndirilən şəxs sözügedən cinayət əməlini törətməsi məhkəmə iclasında özünün səmimi etirafedici ifadəsi, zərərçəkmiş şəxsin və şahidin ifadələri və bilavasitə tədqiq olunan digər sübutlarla aşağıdakı qaydada tam sübuta yetirildi. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 267.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, hazırda Balakən rayonu Talalar kəndində ailə üzvləri ilə birlikdə yaşayır. Evlidir, himayəsində 3 azyaşlı övladı var. Rəsmi olaraq heç bir yerdə işləmir, fərdi qaydada fəhləlik edərək pul qazanıb ailəsini dolandırır. O, idarə etdiyi “Minsk D4 50” markalı qırmızı rəngli mopedi 2022-ci ilin oktyabr ayının əvvəllərində Bakı şəhərində olarkən 700 manat pul ödəyib X5 almış və həmin mopedi özü sürüb Bakı şəhərindən yaşadığı Balakən rayonu Talalar kəndinə gətirmişdir. Həmin mopeddə mühərrikin işçi həcmi 49 sm3 olduğuna görə, həmin mopedi idarə etmək üçün sürücülük vəsiqəsinə ehtiyac yoxdur. O, həmin mopeddən evinə lazım olan ərzaq və digər məhsulları almaqdan ötrü Balakən şəhəri ərazisinə gəlib-getmək üçün istifadə edir. 29 dekabr 2022-ci il tarixdə günorta saatlarından sonra o, evinə lazım olan ərzaq məhsullarını almaq üçün idarə etdiyi mopedlə Balakən şəhəri ərazisinə gəlmişdir. O, evinə lazım olan ərzaq məhsullarını bir neçə saat ərzində şəhər ərazisindən aldıqdan sonra yaşadığı evə qayıtmaq məqsədi ilə yola düşmüşdür. Təxminən saat 18 radələrində o, idarə etdiyi “Minsk D4 50” markalı mopedlə Balakən şəhəri H.Əliyev prospekti ilə, yolun hərəkət hissəsinin sol zolağı ilə, təxminən 30 km/saat sürətlə Balakən rayonu Talalar kəndi istiqamətinə hərəkətdə olarkən H.Əliyev prospektində yerləşən musiqi məktəbinin qarşısındakı piyada zolağına çatanda onun qarşısında hərəkət edən və hazırda markasını və dövlət qeydiyyat nişanını xatırlamadığı mikroavtobus qəflətən dayanmış, o, həmin mikroavtobusun dayandığını görüb mopedi dayandırmaq üçün əl əyləcindən istifadə etmiş, lakin həmin vaxt mikroavtobusla onun arasında məsafə az olduğuna görə mopedin dayanmayacağını və mikroavtobusa çırpılacağını düşünmüş, buna görə sükanı sola döndərib mikroavtobusun sol yan tərəfindən keçmək istəmişdir. Həmin vaxt o, mikroavtobusun qarşısındakı piyada zolağı ilə yolu sağdan sola keçmək istəyən piyada oğlanı görmüş, lakin ara məsafələri az olduğuna görə mopedi dayandıra bilməmiş və öz hərəkət zolağında idarə etdiyi mopedin ön təkəri ilə həmin piyada oğlanı, yəni sonradan soyadının, adının və ata adının Zərərçəkmiş şəxs olduğunu bildiyi şəxsi vurmuşdur. Nəticədə Sabir yerə yıxılmış, həmçinin moped yerə aşdığına görə o da yerə yıxılmış və moped irəli sürüşərək yolun əks hərəkət istiqamətində dayanıb piyadaya yol verən şəxsin, yəni sonradan soyadının, adının və ata adının Şahid olduğunu bildiyi şəxsin idarə etdiyi “NAZ Lifan” markalı avtomobilin ön sol təkərinə dəyib dayanmışdır. Hadisə nəticəsində Sabir xəsarət aldığına görə, həmin vaxt hadisə yerinə toplaşan insanlar dərhal köməklik göstərib Sabiri hadisə yerində olan bir avtomobilə qoyaraq xəstəxanaya aparmışlar.O isə hadisə yerində qalıb polis əməkdaşlarının gəlməsini gözləmişdir. Bir neçə dəqiqədən sonra Balakən rayon Polis Şöbəsinin əməkdaşları hadisə yerinə gedərək ilkin araşdırma aparmışlar. Daha sonra o, polis əməkdaşlarının göstərişi ilə Balakən rayon Mərkəzi Xəstəxanasına gedərək sərxoşluq müayinəsindən keçmiş, bundan sonra isə Balakən rayon Polis Şöbəsinə gələrək hadisə ilə bağlı izahat vermişdir.Həmin hadisə vaxtı mopedlə birlikdə yerə yıxılaraq hər iki diz nahiyəsindən cuzi xəsarətlər almışdır.Hadisə zamanı onun idarə etdiyi “Minsk D4 50” markalı moped texniki cəhətdən tam saz vəziyyətdə olmuşdur. Hadisə zamanı mopedə hər hansı maddi ziyan dəyməmişdir.O, hadisədən sonra 30 dekabr 2022-ci il tarixdə Zərərçəkmiş şəxs Zaqatala rayonunda yerləşən Hayat hospitalına aparıb orada Sabirin əlinin Rentgen və KT müayinəsi üçün kassaya ümumilikdə 115 manat pul ödəmiş, daha sonra Sabiri Balakən rayon Mərkəzi Xəstəxanasına aparıb orada Sabirin sağ qoluna gips sağrısı qoydurmaq üçün həkimə 5 manat pul vermiş, həmçinin 15 manat pul verib Sabir üçün aptekdən karset almışdır. Bundan başqa, o, 06 yanvar 2023-cü il tarixdə Zərərçəkmiş şəxs Zaqatala rayonunda yerləşən LABSTYLE hospitalına aparıb əl-bilək nahiyəsini yenidən KT müayinəsi etdirmək üçün kassaya 85 manat pul ödəmişdir. Beləliklə, o, Zərərçəkmiş şəxs müayinə və müalicəsi üçün ümumilikdə 220 manat pul xərcləmişdir. Əməlindən çox peşimandır, bir daha belə əməllərə yol verməyəcəkdir. Ona yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, hazırda Balakən şəhəri ünvan 2 ünvanında ailə üzvləri ilə birlikdə yaşayır və ünvan 3təbin 11-ci sinif şagirdidir. O, 29 dekabr 2022-ci il tarixdə günorta saatlarından sonra yaşadığı evdən çıxıb gəzmək üçün Balakən şəhəri ərazisində yerləşən “H.Əliyev adına istirahət parkı”na getmişdir. O, parkda bir neçə saat gəzdikdən sonra təxminən saat 18 radələrində parkdan çıxıb Balakən şəhəri H.Əliyev prospekti ilə piyada yaşadığı evə doğru getməyə başlamış, H.Əliyev prospekti ilə gedib həmin prospektə yerləşən musiqi məktəbinin qarşısındakı piyada zolağına çatanda yolu qarşı tərəfə keçmək istəmiş, buna görə o, piyada zolağına daxil olanda H.Əliyev prospekti ilə Balakən rayonu Qullar kəndi istiqamətinə hərəkət edən mikroavtobus dayanıb ona yol vermiş, o da mikroavtobusun dayandığını görüb yolu qarşı tərəfə keçməyə başlamış, mikroavtobusun qarşısından keçib yolun ortasında olan qoşa xəttə çatmağa təxminən 1 addım qalmış mikroavtobusun sol tərəfi ilə Qullar kəndi istiqamətinə hərəkət edən qırmızı rəngli moped onu vurmuşdur. O, zərbənin təsirindən asfaltın üzərində yıxılmış və nəticədə müxtəlif bədən xəsarətləri almışdır. Həmin vaxt hadisə yerinə toplaşan insanlar dərhal köməklik göstərib onu hadisə yerində olan bir avtomobilə qoyaraq Balakən rayon Mərkəzi Xəstəxanasına aparmışlar. Xəstəxanada ona ilkin tibbi yardım göstərildikdən sonra evə buraxılmışdır. Daha sonra o, anası Qanuni nümayəndə ilə birlikdə Balakən rayon Polis Şöbəsinə gələrək hadisə ilə bağlı izahat vermişdir. Hadisənin səhəri günü, yəni 30 dekabr 2022-ci il tarixdə sağ əlində şiddətli ağrılar olduğuna görə o, müayinə olunmaq məqsədi ilə Zaqatala rayonunda yerləşən Hayat hospitala getmiş, orada həkim müayinəsi zamanı onun sağ əlində sınıq olması müəyyən edilmişdir. Hadisə nəticəsində ona 1000 manat məbləğində maddi ziyan dəymişdir. Belə ki, anası Qanuni nümayəndə mütəmadi olaraq ona xərcləmək üçün pul vermiş, o da həmin pulları gələcəkdə öz təhsili üçün yığmış, yığdığı pulun 1000 manatını da hadisə zamanı aldığı xəsarətlə əlaqədar xərcləmişdir. Hadisədən sonra 30 dekabr 2022-ci il tarixdə sürücü Təqsirləndirilən şəxs onlarla birlikdə Zaqatala rayonunda yerləşən Hayat hospitala getmiş və orada onun əlinin rentgen müayinəsi üçün həkimə 25 manat pul ödəmişdir. Daha sonra Orxan oradan onlarla birlikdə Balakən rayon Mərkəzi Xəstəxanasına getmiş, orada da onun sağ qoluna gips sağrısı qoydurmaq üçün həkimə 5 manat pul vermiş, həmçinin qolunu boynundan asmaq üçün 4 manat pul verib ona parça karset almışdır. Təqsirləndirilən şəxs şikayətçidir, ona ağır cəza təyin edilməsini xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid ifadəsində göstərdi ki, hazırda ünvan 4 ünvanında ailə üzvləri ilə birlikdə yaşayır və özünə məxsus “NAZ Lifan” markalı **-BF-*** dövlət qeydiyyat nişanlı avtomobillə taksi fəaliyyəti ilə məşğul olaraq pul qazanıb ailəsini dolandırır. O, 29 dekabr 2022-ci il tarixdə təxminən saat 18 radələrində idarə etdiyi avtomobillə Balakən şəhəri H.Əliyev prospekti ilə, yolun hərəkət istiqamətinin sol zolağı ilə “Bayraq Meydanı” istiqamətinə hərəkətdə olmuşdur. O, Balakən şəhəri H.Əliyev prospektində yerləşən musiqi məktəbinin qarşısındakı piyada zolağına çatanda onun sol tərəfindən cavan bir oğlanın piyada zolağına daxil olub yolu qarşı tərəfə keçmək istədiyini və əks istiqamətdən gələn mikroavtobusun dayanıb həmin piyada oğlana yol verdiyini görmüş, buna görə o da avtomobili saxlayıb həmin piyada oğlanın yolu keçməsini gözləmiş, bu zaman yolun əks hərəkət zolağında dayanıb piyadaya yol verən mikroavtobusun arxasından çıxıb gələn qırmızı rəngli moped həmin piyada oğlanı vurmuş və zərbənin təsirindən piyada oğlan yerə yıxılmışdır. Eləcə də, moped piyadanı vurduqdan sonra yerə aşmış, mopedin sürücüsü yerə yıxılmış və moped sürüşərək gedib onun idarə etdiyi avtomobilin ön sol təkərinə dəyib dayanmışdır. Həmin vaxt hadisə yerinə toplaşan insanlar dərhal köməklik göstərib piyada oğlanı hadisə yerində olan bir avtomobilə qoyaraq xəstəxanaya aparmışlar. Moped sürücüsü ilə o isə hadisə yerində qalıb polis əməkdaşlarının gəlməsini gözləmişlər. Bir neçə dəqiqədən sonra Balakən rayon Polis Şöbəsinin əməkdaşları hadisə yerinə gedərək ilkin araşdırma aparmışlar.Daha sonra o,polis əməkdaşlarının göstərişi ilə Balakən rayon Mərkəzi Xəstəxanasına gedərək sərxoşluq müayinəsindən keçmiş, bundan sonra isə Balakən rayon Polis Şöbəsinə gələrək hadisə ilə bağlı izahat vermişdir. Sonradan ona məlum olmuşdur ki, piyada oğlan Balakən şəhər sakini Sabir adlı şəxs, mopedin sürücüsü isə Balakən rayonu Talalar kənd sakini Təqsirləndirilən şəxsdur. İşin 2-13-cü vərəqələrində olan və məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş 29 dekabr 2022-ci il tarixli “yol-nəqliyyat hadisəsi yerinə baxış keçirilməsi haqqında” protokoldan, həmin protokola əlavə edilmiş sxemdən və fotoşəkillərdən görünür ki, qeyd edilən yol-nəqliyyat hadisəsi 29 dekabr 2022-ci il tarixdə Balakən şəhəri H.Əliyev prospektində piyada keçidinin üzərində baş vermişdir. Hadisə yerində yol asfalt beton örtüklü olmaqla yolun hərəkət hissəsi düz, yol örtüyünün vəziyyəti isə quru olmuşdur. Hadisə yerində yolun iki hərəkət istiqaməti, dörd hərəkət zolağı var. Hadisə baş verdiyi yerdə yolun hər iki hərəkət hissəsinin eni 3,5 metr olmaqla, yolun ümumi hərəkət hissəsinin eni 7,35 metrdir. Yolun hərəkət hissəsində qarşı-qarşıya nəqliyyat axınını ayırmaq üçün uzununa nişanlanma xətti vardır. Yolun hərəkət hissəsinin sağ və sol tərəflərində yol çiyni vardır. Həmçinin, hadisə yerinin sağ və sol tərəflərində şəhər tipli tikililər yerləşir. Hadisə yerində piyada keçidi vardır. Hadisə yerində yol şəhər elektrik işığı ilə işıqlandırılır. Moped Balakən şəhəri H.Əliyev prospekti ilə Balakən rayon İcra Hakimiyyətinin inzibati binası istiqamətində hərəkətdə olmuşdur. Hadisə yerində şin və tormoz izləri aşkar edilməmişdir. Hadisə yeri Balakən şəhər sakini Şahid tərəfindən əyani şəkildə göstərilmişdir. İşin 32-33-cü vərəqələrində olan və məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş məhkəmə-tibbi ekspertizasının 07 yanvar 2023-cü il tarixli 346 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs müəyyən edilmiş xəsarətlər-alnında, burnunda, alt çənədə sıyrıqlar, sağ saidində və sağ əlin üstündə şişkinlik, sol baldırın yuxarı 1/3-də bayır səthdə sıyrıq, sağ əlin qayıqvari sümüyünün və 1-ci daraq sümüyünün qapalı yerdəyişməyən sınıqları --bərk-küt əşyanın (əşyaların) təsirindən törənmişlər, qərarın təsviri hissəsində göstərilən müddətdə, yəni 29 dekabr 2022-ci ildə hərəkətdə olan nəqliyyat vasitəsinin (motosikl) qabarıq hissələrinin dəyməsi təsirindən əmələ gələ bilərdilər, dərəcəsinə görə ümumilikdə onun sağlamlığının uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aid edilirlər. İşin 71-72-ci vərəqələrində olan və məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş məhkəmə-tibbi ekspertizasının 23 yanvar 2023-cü il tarixli 10 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs müəyyən edilmiş xəsarətlər --- sağ dizin ön yuxarı səthində, sol dizin ön orta səthində, sol baldırın orta 1/3-də ön səthdə sıyrıqlar --- bərk-küt əşyanın (əşyaların) təsirindən törənmişlər, qərarın təsviri hissəsində göstərilən müddətdə və şəraitdə, yəni 29 dekabr 2022-ci ildə yol-nəqliyyat hadisəsi zamanı (hərəkətdə olan iki təkərli motosikletdən asfalta yıxılması nəticəsində dizlərinin asfalta sürtülməsi) əmələ gələ bilərdilər, birlikdə və ayrı-ayrılıqda sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün dərəcələri təyin edilmir. İşin 80-83-cü vərəqələrində olan və məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş məhkəmə yol-nəqliyyat hadisələri ekspertizasının 21 fevral 2023-cü il tarixli 8/173 nömrəli rəyindən görünür ki, 1) “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən nəqliyyat vasitəsi – yolda hərəkət üçün konstruksiya imkanları olan və insan tərəfindən idarə edilən qurğu, habelə onun qoşqusudur (nəqliyyat vasitələri mexaniki və insanın, yaxud heyvanın əzələ enerjisi ilə hərəkətə gətirilən nəqliyyat vasitələrinə bölünür). 2) İstintaq tərəfindən təqdim olunmuş məlumatlara əsasən “Minsk” markalı mopedin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 54-cü maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki ikmanı olmuşdur. 3) Mövcud metodikanın tələblərinə əsasən piyadalar məhkəmə yol-nəqliyyat hadisələri ekspertizasının tədqiqat obyekti olmadığından və piyadaların hərəkətlərinin tədqiqi xüsusi texniki bilik tələb etmədiyindən piyadaların hərəkətlərinin tədqiqi ekspertin səlahiyyətinə aid deyildir. İşin 80-cı vərəqəsində olan və məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş 30 dekabr 2022-ci il tarixli 436 nömrəli sərxoşluq hallarının təyini məqsədi ilə aparılan tibbi müayinə protokolundan görünür ki, Təqsirləndirilən şəxs 29 dekabr 2022-ci il tarixli saat 19:18-də ayıq olmuşdur. İşin 69-70-ci vərəqələrində olan və məhkəmə iclasında elan olunmaqla tədqiq olunmuş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu olmayan şəxsdir. İşin 75-ci vərəqəsində olan və məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş Balakən rayon İHB-nın Talalar kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi tərəfindən verilmiş 24 yanvar 2023-cü il tarixli 82 nömrəli arayışdan görünür ki, Həsənov X7 rayonu Talalar kəndində yaşayır. Himayəsində atası, anası, qardaşı, bacıları, qardaş və bacısı uşaqları, xx.xx.2019-cu il təvəllüdlü qızı Fatimə və xx.xx.2021-ci il təvəllüdlü oğlu Yusif vardır. İşin 76-cı vərəqəsində olan və məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş Balakən rayon İHB-nın Talalar kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi tərəfindən 24 yanvar 2023-cü il tarixdə verilmiş 83 nömrəli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. İnzibati ərazi dairəsinə barəsində heç bir şikayət daxil olmamışdır. İşin 97-ci vərəqəsində olan və məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş Balakən rayonu Talalar kənd inzibati ərazi dairəsi tərəfindən 04 dekabr 2019-cu il tarixdə verilmiş AZ-İİ seriyalı 379751 nömrəli nikah haqqında şəhadətnamənin surətindən görünür ki,Təqsirləndirilən şəxs ilə X1 arasında xx.xx.2019-cu il tarixdə nikah bağlanmış,nikah bağlanandan sonra arvada Həsənova soyadı verilmişdir. İşin 98-ci vərəqəsində olan və məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş Balakən rayon qeydiyyat şöbəsi tərəfindən 20 sentyabr 2019-cu il tarixdə verilmiş AZ-İVseriyalı 347095 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X9 xx.xx.2019-cu ildə anadan olmuş, atası Təqsirləndirilən şəxs, anası X1 qeyd edilmişdir. İşin 99-cu vərəqəsində olan və məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş Balakən rayon qeydiyyat şöbəsi tərəfindən 25 fevral 2021-ci il tarixdə verilmiş AZ-İVseriyalı 561295 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X12 xx.xx.2021-ci ildə anadan olmuş, atası Təqsirləndirilən şəxs, anası X1 qeyd edilmişdlir. İşin 100-cu vərəqəsində olan və məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş Balakən regional “ASAN xidmət”mərkəzi qeydiyyat şöbəsi tərəfindən 21 mart 2023-cü il tarixdə verilmiş AZ-İV seriyalı 832083 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X11 xx.xx.2023-cu ildə anadan olmuş, atası Təqsirləndirilən şəxs, anası X1 qeyd edilmişdir. Məhkəmə iş üzrə zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs, şahid- Şahid ifadələrini, məhkəmə və ibtidai istintaq hərəkətlərinin protokollarını və sair sənədləri tam,hərtərəfli və obyektiv yoxlayıb,hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliliyi üzrə qiymətləndirib, həmin sübutları inandırıcı, məntiqli olduqları, ziddiyyət təşkil etmədikləri, əksinə, bir-biri ilə uyğun şəkildə işin faktiki hallarını təsdiq etdikləri üçün mötəbər sübutlar kimi qəbul edir. Məhkəmə, eyni zamanda Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 126.6-cı maddəsinin tələbinə əsasən Təqsirləndirilən şəxs ittiham olunduğu əməldə öz təqsirini etiraf etməsini iş üzrə bütün sübutların məcmuyu ilə təsdiq edildiyi üçün ona qarşı ittihamı təsdiq edən əsas kimi qəbul edir. Məhkəmə, məhkəmə iclasında tədqiq olunmuş mümkün və mötəbər sübutların məcmuyu əsasında bu nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs yol hərəkətinin digər iştirakçısı kimi yol hərəkəti qaydalarını pozaraq ehtiyyatsızlıqdan zərər çəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulmasına səbəb olan yol-nəqliyyat hadisəsi cinayət əməlini törətmişdir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 346-cı maddəsinin tələbinə uyğun olaraq təqsirləndirilən şəxsin əməlinin hüquqi tövsifi məsələsinə baxaraq qeyd edir ki, sərnişin, piyada və ya yol hərəkətinin digər iştirakçıları (bu Məcəllənin 263-264 maddələrində nəzərdə tutulmuş şəxslər istisna olmaqla) tərəfindən yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulmasına səbəb olduqda Cinayət Məcəlləsinin 267.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlinin tərkibi yaranır. Məhkəmə Azərbaycan Respublikasının Konstitusiyasının 63-cü maddəsində təsbit edilmiş təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq, məhkəmə baxışında ittihamın baxılması nəticələrinə, məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslanaraq bu nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 267.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir, onun əməlində Cinayət Məcəlləsinin 267.1-ci maddəsinin tərkibi vardır, təqsirləndirilən şəxs həmin cinayətin törədilməsində təqsirlidir Həmin əməlin cinayət olmasını aradan qaldıran hallar, təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur, təqsirləndirilən şəxsə törətdiyi əmələ görə ədalətli cəza təyin edilməlidir. Cinayət Məcəlləsinin cəzanın anlayışını və məqsədini müəyyən edən 41-ci maddəsinə görə cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cinayət Məcəlləsinin 58.1 və 58.3-cü maddələrinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir.Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamının 13.3 v. 13.4-cü bəndlərində məhkəmələrə tövsiyyə edilmişdir ki,cəzanın növü və həddi müəyyən edilərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyi əsas tutulmalı, cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirilməlidir. Sərəncamın 8-ci bəndində isə tövsiyyə edilmişdir ki, məhkəmələr tərəfindən cəzanın məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza tədbirlərinin tətbiqi genişləndirilsin. “Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr və dəyişikliklər edilməsi barədə” 11 iyun 2004-cü il tarixli 688-İİQD saylı Azərbaycan Respublikası Qanununun 3-cü hissəsinin 9-cu bəndinin və 4-cü hissəsinin 7-ci bəndinin Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin 9-cu hissəsinə uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 yanvar 2005-ci il tarixli Qərarında qeyd olunur ki, istənilən məhkəmə aktının qanuni və əsaslı hesab olunması üçün mütləq şərtlərdən biri onun ədalətli olmasıdır, çünki, ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir. "Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 4 nömrəli, 25 iyun 2003-cü il tarixli Qərarının 1-ci bəndində məhkəmələrə izah edilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Qərarın 2-ci bəndində göstərilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Təqsirləndirilən şəxs hadisələrin təsadüfi axarı zəminində ilk dəfə olaraq böyük ictimai təhlükə törətməyən cinayət törətməsi Cinayət Məcəlləsinin 59.1.1-ci maddəsinə, himayəsində üç azyaşlı uşağının olması Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə, cinayət nəticəsində dəymiş ziyanı qismən ödəməsi Cinayət Məcəlləsinin 59.1.14-cü maddəsinə əsasən cəzanı yüngülləşdirən hallardır. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar yoxdur. Məhkəmə Təqsirləndirilən şəxs hansı növ cəzanın təyin edilməsi məsələsinə baxaraq, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, məhkumluğunun olmamasını, yaşayış yeri üzrə müsbət cəhətdən xarakterizə olunmasını, o cümlədən cəzanı yüngülləşdirən halları, cəzanı ağırlaşdıran halların olmamasını, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxsə ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulan həddə islah işləri növündə cəza təyin edilməlidir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 346.1.12-ci maddəsinə uyğun olaraq təqsirlndirilən şəxs Təqsirləndirilən şəxs təyin ediləcək cəzanın çəkilməli olub-olmaması məsələsinə baxaraq, işin hallarını, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzadan azad edilməsi, Cinayət Məcəlləsinin 70-ci maddəsinin tətbiq olunması üçün əsasların olmamasını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs ona təyin ediləcək cəzanı çəkməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş olan başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək qüvvədə saxlanmalıdır. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 85 (səksən beş) manat Təqsirləndirilən şəxs tutulub Az.MEM; VÖEN: **********; AZ34CTRE********************, X3, KOD 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ******************** SWİFT BİK STREAZ22 hesaba keçirilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 346.1-ci və 346.1.19-cu maddələrinə uyğun olaraq məhkəmə müsadirə edilməli əmlakın olub-olmaması məsələsinə baxaraq, təqsirləndirilən şəxsin hazırkı cinayəti törətdiyi zaman cinayət yolu ilə hər hansı əmlak əldə etməməsini nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxsdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulan xüsusi müsadirə edilməli olan əmlak mövcud deyildir. İş üzrə mülki iddia yoxdur. İş üzrə maddi sübut olan, Balakən rayon X13 X15 cərimə meydançasında saxlanılan Təqsirləndirilən şəxs idarə etdiyi Minsk D4 50” markalı moped hökm qanuni qüvvəsini aldıqdan sonra Təqsirləndirilən şəxs qaytarılmalıdır. İş materiallarından həmçinin görünür ki, Balakən rayon Vəkil Bürosunun vəkili Müdafiəçi Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsinə məhkəmə icraatı zamanı 09 iş saatı sərf etmişdir. Azərbaycan Respublikası CPM-nin 193.2-193.3-cü maddələrinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Məhkəmə şübhəli və ya təqsirləndirilən şəxsin orta aylıq gəlirini, maddi, əmlak və ailə vəziyyətini, habelə digər halları nəzərə alaraq həmin şəxsin müdafiəçi tərəfindən göstərilən hüquqi yardımı ödəməkdən azad edilməsi və ödəmənin Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilməsi barədə əsaslandırılmış qərar qəbul edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 3 may 2018-ci il tarixli, 202 №-li qərarı əsasında “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli,11 №-li qərarına edilmiş dəyişikliklərə uyğun olaraq təqsirləndirilən şəxslərin hüquqlarını müdafiə etmələrinə görə müdafiəçilərə hər iş saatı üçün 6 manat məbləğində haqq ödənilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə icraatı zamanı göstərilən hüquqi yardımla bağlı Azərbaycan Respublikası Dövlət büdcəsinin vəsaiti hesabından 54 manat tutulub vəkil Müdafiəçi ödənilməsi üçün Balakən rayon Vəkil Bürosunun nəfinə, "xxxx"ASC-in X10 Rekvizitləri: VÖEN **********, kod 201382, Müxbir hesab AZ37NABZ013501**********1944 hesaba köçürülməlidir. Azərbaycan Respublikası CPM-nin 349-cü maddəsinin tələblərinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır . Məhkəmənin hökmü Azərbaycan Respublikası Konstitusiyasının, bu Məcəllənin, Azərbaycan Respublikasının cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir. Məhkəmənin hökmü məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə əsaslı hesab edilir. Kondraşinanın Rusiya Federasiyasına qarşı iş üzrə qərarında Avropa Məhkəməsi göstərmişdir ki, məhkəmələr qərar qəbul edərkən hüququn aliliyinə əməl etməlidirlər. Hüququn aliliyinin əsas cəhətlərindən biri hüquqi müəyyənlik prinsipidir ki, onun tələbinə görə məhkəmələr yekun qərarı elə qəbul etməlidirlər ki, o mübahisə olunmasın. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-354, 356 və 384.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 267.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin, aylıq qazancının 20 (iyirmi) faizi dövlət nəfinə tutulmaqla 01(bir) il müddətə islah işləri cəzasına məhkum edilsin. Cəzasını iş yerində çəksin. Cəzaçəkmə müddətinin əvvəli onun qazancından tutulmalar aparıldığı gündən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında qətimkan tədbiri hökm qanuni qüvvəsini alana kimi dəyişdirilmədən saxlansın. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 85 (səksən beş) manat Təqsirləndirilən şəxs tutulub Az.MEM; VÖEN: **********; AZ34CTRE ********************,X4, KOD 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ******************** SWİFT BİK STREAZ22 hesaba keçirilsin. İş üzrə maddi sübut olan, Balakən rayon X13 X15 cərimə meydançasında saxlanılan Təqsirləndirilən şəxs idarə etdiyi Minsk D4 50” markalı moped hökm qanuni qüvvəsini aldıqdan sonra Təqsirləndirilən şəxs qaytarılsın. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Balakən rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs məhkəmə icraatı zamanı göstərilən hüquqi yardımla bağlı Azərbaycan Respublikası Dövlət büdcəsinin vəsaiti hesabından 54 manat tutulub vəkil Müdafiəçi ödənilməsi üçün Balakən rayon Vəkil Bürosunun nəfinə, "xxxx" ASC-in X10 Rekvizitləri: VÖEN **********, kod 201382, Müxbir hesab AZ37NABZ013501**********1944 hesaba köçürülsün. Hökmdən elan olunduğu andan (həbsdə olan məhkum hökmün surəti ona verildiyi andan) 20 gün müddətində Balakən Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apellyasiya şikayəti və ya protesti verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən Hümbət Səlimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar