Məhkəmə qərarları › İş №1(019)-68/2025

Balakən Rayon Məhkəməsi Hökm — İş №1(019)-68/2025

19.08.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Balakən Rayonu İş № 1(019)-68/2025 19.08.2025 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Cəfərova Arifə Namus qızının sədrliyi, məhkəmə iclas katibi Mirzəyeva Afina Şakir qızının katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru vəzifəsini icra edən, İİ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, zərərçəkmiş şəxsin hüquqi varisi X8, müdafiəçi Balakən rayon Vəkil Bürosunun vəkili Müdafiəçi2, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxxxx 1986-cı il tarixdə Balakən rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, 2 azyaşlı uşağı olan, fərdi əməklə məşğul olan, orta təhsilli, məhkum olunmamış, Balakən rayonu Mahamalar kəndində qeydiyyatda olmaqla yaşayan, barəsində 30 iyun 2025-ci il tarixdə başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 14 aprel 2025-ci il tarixdə saat 13 radələrində Yevlax-Zaqatala- Gürcüstan sərhəddi avtomobil yolunun Balakən rayonu, Katex kəndi ərazisindən keçən 139-cu kilometrliyində idarə etdiyi texniki cəhətdən saz vəziyyətdə olan özünə məxsus Kia Rio markalı ** KF *** dövlət qeydiyyat nişanlı avtomobil ilə Zaqatala rayonundan Balakən şəhəri istiqamətində hərəkətdə olan zaman “Yol Hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə riayət etməli olduğu halda yəni, yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalı, diqqətini daim dəyişən yol şəraitindən və avtomobilin idarə olunmasından ayırmamalı, qarşıda yolun sağ kənarı ilə hərəkətdə olan piyadanın olmasını nəzərə almalı və əvvəlcədən həmin piyada ilə təhlükəsiz yan məsafəni təmin etmək üçün zəruri tədbirlər görməli, lazım gəldikdə həmin piyadaya çatmadan avtomobilin dayandırılmasını təmin etməli olduğu halda bunlara əməl etməyərək hadisənin qarşısını almağa texniki imkanı olduğu halda yol hərəkəti qaydalarını pozaraq yolun sağ kənarı ilə gedən piyada Balakən rayonu Katex kənd sakini X9 ehtiyatsızlıqdan avtomobilin sağ ön hissəsi ilə vuraraq sonuncuya ağır kəllə-beyin travması, alnın sağ hissəsində şişkinlik, sol qaşın üstə yara, sol bazunun orta 1/3-də sıyrıq, sol saidin orta 1/3-də ön səthdə sıyrıq, sağ ayağının üstündə sıyrıqlar, sağ baldırın orta 1/3-də bayır səthində sıyrıq, baş beynin sərt və yumşaq qişalarında qansızma-əzilmə, baş beyin maddəsində ödem, sağ gicgah və təpə sümüyünün sınığı, kəllə əsasının sağ gicgah hissəsində sınıq ilə müşayiət olunan həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vuran xəsarətlər yetirməklə sonuncunun yol-nəqliyyat hadisəsi zamanı aldığı baş beyində əzilmə-qansızma və ödəmdən həmin tarixdə Zaqatala rayon Mərkəzi xəstəxanasında ölümünə səbəb olan yol nəqliyyat hadisəsi törətmişdir. Təqsirləndirilən şəxs elan edilmiş ittiham aşağıdakı qaydada tam sübuta yetirilmişdir: Məhkəmə iclasında Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilmiş və ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək göstərmişdir ki, onun özünə məxsus Kia Rio markalı ** KF *** dövlət qeydiyyat nişanlı avtomobili olmuşdur. Həmin avtomobili o, etibarnamə ilə idarə etmişdir. Həmçinin avtomobili idarə etmək üçün sürücülük vəsiqəsi də olmuşdur. Həmin avtomobillə o, Balakən rayonu ərazisində taksi fəaliyyəti ilə məşğul olmuşdur. Hadisəni tam xatırlamır. Balakən rayonu Katex kəndində olan sürət ölçən radarı keçdikdən bir qədər sonra o, yolun sağ hərəkət hissəsinin kənarında olan bir qadını vurmuşdur. O, avtomobili bir qədər irəlidə saxlayaraq tez qadına tərəf qaçmışdır. O, ətrafa toplaşan şəxslərdən kömək istədikdə xatırlamadığı bir şəxs öz avtomobili ilə qadını xəstəxanaya aparmağı təklif etmişdir. O, tez qadını qucağına götürərək həmin şəxsin avtomobilinə mindirərək Zaqatala rayon mərkəzi xəstəxanasına aparmış və təcili yardım şöbəsinə təhvil verərək orada dayanmışdır. Daha sonra polis xəstəxanaya gələn polis əməkdaşlarına hadisəni törətdiyi barədə məlumat vermiş və polis əməkdaşları ilə hadisə yerinə getmişdir. Əməlindən çox peşmandır. Zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışıq əldə etmişdir. 2 azyaşlı uşağının olmasını nəzərə alaraq ona yüngül cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxsin hüquqi varisi qismində dindirilmiş X12 ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək göstərmişdir ki, X10 onun arvadı olmuşdur. Nazxanım təxminən 8 il olar ki, yaşadığı kəndin ərazisində yol təmizlənməsi işində işləmişdir. 14 aprel 2025-ci il tarixdə səhər saatlarında o, işdən evə gəlmiş, həmin vaxtı Nazxanım işə getmək üçün hazırlaşmış və saat təxminən 08:30 radələrində evdən çıxaraq işə getmişdir. Saat təxminən 13 radələrində iş yoldaşları olan Şahid2 və Fərid müəllim onlara gələrək Nazxanımı avtomobil vurduğunu və Zaqatala rayon xəstəxanasına aparıldığını bildirmişlər. O, tez evdən çıxaraq Zaqatala rayon Diaqnostika mərkəzinə getmişdir. Orada həkimlər ona Nazxanımın ağır vəziyyətdə olduğunu bildirmişlər. Təxminən bir saat sonra isə həkimlər Nazxanımın öldüyünü demişlər. Bundan sonra Nazxanımın meyiti tibbi müayinə olunduqdan sonra onlara təhvil verilmiş və onlar Nazxanımı 15 aprel 2025-ci il tarixdə kənd qəbiristanlığında dəfn etmişlər. Sonradan o bilmişdir ki, Nazxanımla iş yoldaşı Gülmira magistral yol təmizləyə-təmizləyə yaşadığı ev istiqamətində gəldiyi zaman avtomobil Nazxanımı yol kənarında vurmuşdu Həmin vaxtı Nazxanımı vuran avtomobilin sürücüsü Nazxanımı başqa yol keçən avtomobillə Zaqatala rayon Diaqnostika mərkəzinə aparmışdır. Aldığı xəsarətlə çox ağır olduğundan Nazxanım xəstəxanada ölmüşdür. Təqsirləndirilən şəxslə barışmışdır, ona qarşı heç bir şikayət və tələbi yoxdur. Ona yüngül cəza təyin edilməsini xahiş etmişdir. Şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, əvvəllər o, "xxxx" MMCdə işləmişdir. İşi kənd yollarının, həmçinin magistral yolun təmizliyinə baxmaqdan ibarət olmuşdur. 15 aprel 2025-ci il tarixdə müqaviləsinə xitam verildiyindən işdən dayanmışdır. İşlədiyi vaxtlar o, çox vaxtı həmkəndlisi olan Nazxanımla işə çıxmışdır. İkisi də onlara bölgüdə düşən küçələri təmizləmişlər. 14 aprel 2025-ci il tarixdə onların ikisidə səhər saat 09 radələrində işə getmişlər. Həmin gündə o, Nazxanımla birgə magistral yolu təmizləməyə başlamışdır. Saat təxminən 12 radələrində onlar süpürgələri icra nümayəndəliyinə qoyduqdan sonra Balakən şəhəri istiqamətində yolun sağ tərəfi ilə yolda olan tullantıları toplaya-toplaya getmişlər. Həmin vaxtı o, səkinin üzəri ilə, Nazxanım isə yolun kənarı ilə getmişdir. Nazxanımın və onun əlində tullantıları topladıqları torba olmuşdur. Onlar yolda olan sürətölçən radarı keçdikdən bir qədər təxminən 300 metr getdiklərində qəfildən tappıltı səsi olmuş və Nazxanım bir neçə metr irəliyə, sağ tərəfdə olan su arxına, əlində olan torbası ilə telefonunun qarşısına düşdüyünü görmüşdür. Həmin anda da o, sola baxdığında səkiyə yaxın məsafədən xatırladığı qədər gümüşü rəngli avtomobilin keçərək bir neçə metr irəlidə dayandığını görmüşdür. Həmin avtomobildən cavan bir oğlan düşərək tez köməyə gəlmişdir. Bu zaman həyət evlərindən çıxan şəxslər, eləcə də yaxınlıqda olan mağazadan çıxan şəxslər köməyə gəlmişlər. Arxadan gələn avtomobillərdən birinin sürücüsü tez Nazxanımı xəstəxanaya aparmağı demişdir. Həmin vaxtı Nazxanımın huşu özündə olmamışdır. Kənar şəxslərin köməkliyi ilə Nazxanımı vuran şəxs onu başqa bir avtomobilə qoyaraq Zaqatala rayon xəstəxanasına aparmışdı. Nazxanımı vuran avtomobil isə yol kənarında qalmışdır. Bir qədər sonra isə o, Nazxanımın xəstəxanada öldüyünü eşitmişdir. Nazxanım avtomobillə vurulmazdan öncə səkidən 50 santimetr məsafədə getmiş, avtomobildə onu həmin yerdə vurmuşdur. Avtomobil də Nazxanımı vurduqdan sonra səkiyə yaxın məsafədən keçib getmişdir. Şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, Balakən rayonu Katex 3 saylı tam orta məktəbində təsərrüfat müdiri işləmişdir. Nazxanım Qalayçiyeva onun qonşusu olmuşdur. Nazxanımın əri İslam da onun işlədiyi məktəbdə gözətçi işləmişdir. Nazxanım isə yaşadığı kənddə yolda təmizlik işlərinə baxmışdır. 14 aprel 2025-ci il tarixdə saat təxminən 13 radələrində o, məktəbdə olduğu zaman tanışlarından biri ona zəng edərək Nazxanımı Balakən rayonu Katex kəndi ərazisində magistral yolun kənarında avtomobil vurduğunu, vəziyyəti ağır olduğundan Zaqatala rayon xəstəxanasına aparıldığını bildirmişdir. Həmçinin İslama bu barədə deməyi ondan xahiş etmişlər. Bundan sonra o, məktəbdən çıxaraq İslamın yaşadığı evə getmiş və İslamın evdə olduğunu görmüşdür. İslama Nazxanımı avtomobil vurduğunu bildirmiş və Zaqatala rayon mərkəzi xəstəxanasına getməyi demişdir. Bundan sonra İslamla o, tanışlarının birinin avtomobili ilə Zaqatala rayon mərkəzi xəstəxanasına getmişdir. Onlar xəstəxanaya çatdığında həkimlər onlara Nazxanımın ağır vəziyyətdə olduğunu bildirmişlər. Təxminən bir saat sonra isə onlara Nazxanımın öldüyü məlum olmuşdur. Daha sonra Nazxanımın meyiti müayinə olunduqdan sonra ailəsinə təhvil verilmiş və 15 aprel 2025-ci il tarixdə kənd qəbiristanlığında dəfn edilmişdir. Sonradan onlar bilmişlər ki, Nazxanımı iş yoldaşı Gülmira ilə birlikdə yolu təmizləyə təmizləyə yaşadığı ev istiqamətində getdiyində Zaqatala rayonu istiqamətindən gələn markasını və dövlət qeydiyyat nişanını bilmədiyi avtomobil vurmuş, daha sonra isə yol keçən avtomobillərin birinə qoyaraq Zaqatala rayon mərkəzi xəstəxanasına aparmışdır. 251500049 nömrəli cinayət işinin: 8-17-ci vərəqlərində olan xx.xx.2025-ci il tarixli yol nəqliyyat hadisəsi yerinə baxış keçirilməsi haqqında protokoldan görünür ki, yol nəqliyyat hadisəsi yerinə baxış zamanı məlum olmuşdur ki, hadisə baş verən ərazi Yevlax-Zaqatala-Gürcüstan avtomobil yolunun 139-cu kilometrliyindədir, maksimum icazə verilən sürət həddi 60 km/saatdır. Yolun hərəkət hissəsi asfalt örtüklüdür, hamardır, düz və qurudur. Yolun hərəkət hissəsinin eni 8.6 metrdir. Yolun sol kənarında eni 1.8 metr sağ kənarında isə eni 1.8 metr enində yol çiyni vardır. Yolda əks istiqamətli nəqliyyat axınlarını ayıran 1.1 üfüqi nişanlama xətti vardır. Yol nəqliyyat hadisəsi Zaqatala rayonundan Balakən şəhəri istiqamətində yolun sağ hərəkət zolağında baş vermişdir. Yolda hər hansı tormuzlama və sürüşmə izi yoxdur. Kia Rio markalı avtomobil yolun sağ hərəkət hissəsinin kənarında piyadanın vurulduğu yerdən 26 metr irəlidə dayanmışdır, avtomobilin sağ farası və alın şüşəsi sağ aşağı hissədən sınmış vəziyyətdədir. 18-ci vərəqində olan 14 aprel 2025-ci il tarixli 135 nömrəli sərxoşluq vəziyyətinin tibbi müayinəsi aktından görünür ki, Təqsirləndirilən şəxs 14 aprel 2025-ci il tarixdə müayinə zamanı ayıq olmuşdur. 27-ci vərəqində olan sürücülük vəsiqəsindən görünür ki, Təqsirləndirilən şəxs aid sürücülük vəsiqəsinin etibarlılıq müddəti xx.xx.2021-ci il tarixdən xx.xx.2031-ci il tarixədəkdir. 28-ci vərəqində olan nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsindən görünür ki, X3 Rio minik markalı, ** KF *** dövlət qeydiyyat nişanlı avtomobilin sahibidir. 29-cu vərəqində olan AZ-İV seriyalı 895967 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X20 xx.xx.2023-cü il tarixdə doğulmuşdur. Atası Təqsirləndirilən şəxs, anası X11r. 30-cu vərəqində olan nəqliyyat vasitələrindən istifadə edilməsi haqqında etibarnamədən görünür ki, Təqsirləndirilən şəxs məxsus Kia Rio minik markalı ** KF *** dövlət qeydiyyat nişanlı avtomobil icbari qaydada sığortalanmışdır. 31-ci vərəqində olan AA seriyalı ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X17 xx.xx.2019-cu il tarixdə doğulmuşdur. 32-ci vərəqində olan Balakən rayon İcra Hakimiyyəti Başçısının Mahamalar kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi tərəfindən verilmiş xasiyyətnamədə Təqsirləndirilən şəxs barəsində nümayəndəliyə heç bir şikayət və narazılıq daxil olmadığı göstərilir. 63-66-cı vərəqlərində olan 03 may 2025-ci il tarixli ifadənin yerində yoxlanılması haqqında protokoldan görünür ki, şahid qismində dindirilmiş Şahid1 ifadəsində qeyd etdiyi xüsusatla əlaqədar ifadəsinin yerində yoxlanılması istintaq hərəkəti keçirilərkən X23- Zaqatala-Gürcüstan sərhəddi avtomobil yolunun 139-cu kilometrliyində X6 avtomobillə vurulduğu yeri göstərərək baş vermiş yol nəqliyyat hadisəninin təfərrüatlarını tam və dolğun surətdə ifadəsində göstərilənlərə uyğun olaraq bir daha təsdiq etmiş, ifadənin yerində yoxlanılması istintaq hərəkəti rəsmiləşdirilərək onun şahid qismində istintaqa vermiş olduğu ifadəsinin düzgünlüyü müəyyən edilmişdir. 75-77-ci vərəqlərində olan Məhkəmə-Tibbi Ekspertiza və X19 Publik Hüquqi şəxsi tərəfindən verilən 06 may 2025-ci il tarixli 04 nömrəli ekspert rəyindən görünür ki, X1 meyitinin müayinəsinə tibbi sənədində qeyd edilənlərə, labarator müayinənin cavabına, hadisə haqqında olanları nəzərə alaraq, ekspertiza qarşısında qoyulmuş suallara əsasən aşağıdakı nəticəyə gəlinir. 1. X1 meyitinin müayinəsində aşkar edilmiş xəsarətlər aşağıdakılardır. Ağır kəllə-beyin travması, alnının sağ hissəsində şişkinlik, sol qaşının üstündə yara, sol bazunun orta 1/3-də ön səthdə sıyrıq, sağ ayağının üstündə sıyrıqlar, sağ baldırın orta 1/3-də bayır səthdə sıyrıq. Baş beyin sərt və yumşaq qişalarında qansızma-əzilmə, baş beyin maddəsində ödəm. Sağ gicgah və təpə sümüyünün sınığı, kəllə əsasının sağ gicgah hissəsində sınıq. 2. X2 yuxarıda qeyd edilmiş xəsarətlər bərkküt əşyanın (əşyaların) təsirindən törənmişlər, qərarın təsviri hissəsində göstərilən müddətdə və şəraitdə yəni, xx.xx.2025-ci ildə hərəkətdə olan avtomobilin qabarıq hissələrinin dəyməsi təsirindən əmələ gələ bilərdilər. Ümumilikdə canlı şəxslərdə təyin edildiyi kimi, onun həyatı üçün təhlükəli olan sağlamlığa AĞİR zərər vurmaya aid edilirlər.

3. X1 ölümünə səbəb – yol nəqliyyat hadisəsi nəticəsində baş beyində əzilmə-qansızma, ödəm olmuşdur. 4. X1 ölümü Zaqatala rayon mərkəzi xəstəxanasında onun adına doldurulmuş xəstəlik tarixində qeyd edildiyinə görə, xx.xx.2025-ci ildə saat 13:50-də baş vermişdir. 5. Məhkəmə-Tibbi Ekspertiza və X14 Kimya şöbəsindən X1 meyitindən götürülmüş qanın kimyəvi müayinəsinə dair verilmiş xx.xx.2025-ci il tarixli 1571/K saylı Aktda qeyd edilənlərə görə onun qanında məhkəmə-kimya tədqiqatı nəticəsində Metil, etil, propil, butil və amil spritləri, barbitur turşusu tərəmələri, alkoloidlər (həmçinin tiryək qrupu) fenilalkilamin qrupuna aid olan anfetamin və metamfetamin, fenotiazin, pirazolon, 1.4 benzodiazepin tərəmələri və salisilatlar aşkar edilməmişdir. 78-79-cu vərəqlərində olan Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. 80-ci vərəqində olan BDYPİ-dən daxil olmuş məktubdan görünür ki, DİN-in Baş Dövlət Yol Polisi İdarəsinin Qeydiyyat İmtahan İdarəsinin kompüter uçot bazasının məlumatlarına əsasən xx.xx.1986-cı il təvəllüdlü, Təqsirləndirilən şəxs xx.xx.2021-ci il tarixdə (xx.xx.2031-ci il tarixədək etibarlı olan) BD 700603 nömrəli “B1, B, C1, C” kateqoriyalı sürücülük vəsiqəsi verilib və onun sürücülük hüququnun məhdudlaşdırılması ilə bağlı hər hansı məlumat qeydə alınmayıb. 82-84-cü vərəqlərində olan xx.xx.2025-ci il tarixli, 8/1151 nömrəli ekspert rəyindən görünür ki, istintaq tərəfindən təqdim edilmiş məlumatlara əsasən Kia Rio markalı ** KF *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. 105-106-cı vərəqlərində olan 30 iyun 2025-ci il tarixli təqsirləndirilən şəxsin barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbirinin seçilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. 113-121-ci vərəqlərində olan 03 iyul 2025-ci il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, Kia Rio markalı ** KF *** dövlət qeydiyyat nişanlı avtomobil iş üzrə maddi sübut kimi tanınmış və təqsirləndirilən və zərərçəkmiş şəxslərin iş materialları ilə tanış olmasından sonra qanuni sahibinə qaytarılmışdır. İş materiallarına əlavə olunan xx.xx.2025-ci il tarixli notarial qaydada təsdiq edilmiş ərizədən görünür ki, X12 baş vermiş yol nəqliyyat hadisəsi ilə əlaqədar sürücü Təqsirləndirilən şəxs qarşı heç bir şikayəti, iddiası və tələbi yoxdur. xx.xx.2025-ci il tarixli X8 ərizəsindən görünür ki, zərərçəkmiş şəxsin hüquqi varisi olaraq Təqsirləndirilən şəxs ilə barışmışdır, şikayət və tələbi yoxdur, yüngül cəza verilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Həmin Məcəllənin 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Həmin Məcəllənin 146.1-ci maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Məhkəmə təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin hüquqi varisinin, şahidlərin ifadələrini, ekspertiza rəylərini, məhkəmə və ibtidai istintaq hərəkətlərinin protokollarını və sair sənədləri tam, hərtərəfli və obyektiv yoxlayıb, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliliyi üzrə qiymətləndirib, həmin sübutları mötəbər sübutlar kimi qəbul edir və cinayət təqibi üzrə toplanmış həmin sübutlar Təqsirləndirilən şəxs elan edilmiş ittiham üzrə mötəbər və yekun nəticəyə gəlməyə imkan verir. Eyni zamanda Azərbaycan Respublikası CPM-in 126.6-cı maddəsinin tələbinə əsasən təqsirləndirilən şəxsin ittiham olunduğu əməldə təqsirini etiraf etməsi digər sübutların məcmusu ilə təsdiq edildiyi üçün ona qarşı ittihamın əsası kimi qəbul edilir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 346-cı maddəsinin tələbinə uyğun olaraq təqsirləndirilən şəxsin əməlinin hüquqi tövsifi məsələsinə baxaraq qeyd edir ki, avtomobil, tramvay və ya digər mexaniki nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda Cinayət Məcəlləsinin 263.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlinin tərkibi yaranır. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanunun 36-cı maddəsinin İ. hissəsinin 3-cü bəndinə əsasən yol hərəkətinin iştirakçıları yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalıdırlar “Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 15 noyabr 2013-cü il tarixli 5 nömrəli Qərarının 3-cü bəndində göstərilir ki, “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanunun 1-ci maddəsinin 18-ci bəndinə əsasən, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263 və 263-1-ci maddələrində nəzərdə tutulmuş cinayətlərin predmeti olan nəqliyyat vasitələri dedikdə mexaniki nəqliyyat vasitələri, yəni asma mühərrikli velosipedlər və tramvaylardan başqa relsli nəqliyyat vasitələri istisna olmaqla hər hansı özügedən nəqliyyat vasitələri başa düşülür. Bunlara avtomobillər, tramvaylar, trolleybuslar, operativ nəqliyyat vasitələri, qoşqular, yarımqoşqular, uzun ölçülü nəqliyyat vasitələri, özügedən maşınlar, təkərli traktorlar və motosikletlər aiddir. Həmin Qərarın 4-cü bəndində isə göstərilir ki, CM-nin 263 və 263-1-ci maddələrində nəzərdə tutulmuş cinayətlərin subyekti yalnız yol-nəqliyyat hadisəsinin törədildiyi anda 16 yaşına çatmış, anlaqlı vəziyyətdə olan və nəqliyyat vasitəsini idarə edən şəxs ola bilər. Nəqliyyat vasitəsini idarə etmək hüququna malik olan şəxs tərəfindən CM-nin 263-cü maddəsində nəzərdə tutulmuş əməlləri törətməsi onun həmin maddə ilə cinayət məsuliyyətinə səbəb olur. Həmin Qərarın 12-ci bəndində qeyd olunur ki, yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması ilə bağlı cinayət işləri üzrə şəxsin təqsirlilik məsələlərini həll edərkən məhkəmələr işin bütün faktiki hallarını hərtərəfli, tam və obyektiv araşdırmaqla yanaşı, həm də təqsirləndirilən şəxsin «Yol hərəkəti haqqında» Qanunun məhz hansı normasının tələblərini pozduğunu və bu pozuntunun konkret nədə ifadə olunduğunu göstərməli, həmin qayda pozuntuları ilə baş vermiş nəticə arasında səbəbli əlaqənin mövcudluğunu, habelə təqsirləndirilən şəxsin yol-nəqliyyat hadisəsinin qarşısını almaq üçün texniki cəhətdən imkanının olub-olmadığını müəyyənləşdirməlidir. Göründüyü kimi iş üzrə tədqiq edilmiş sübutlarla müəyyən edilmişdir ki, baş vermiş yol nəqliyyat hadisəsi zamanı Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 36-cı maddəsinin İ. hissəsinin 3-cü bəndinin tələblərinə uyğunsuzluq olmuş, həmin maddələrin tələblərinə riayət etməklə onun hadisənin qarşısını almağa texniki imkanı olmuş və sürücünün hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 36-cı maddəsinin İ. hissəsinin 3-cü bəndinin tələblərinin pozulması ilə baş vermiş nəticə arasında səbəbli əlaqə olmuşdur. Beləliklə, məhkəmə Azərbaycan Respublikası CPM-in 346-cı maddəsinin tələbinə uyğun olaraq təqsirləndirilən şəxsin əməlinin hüquqi tövsifi məsələsinə baxaraq qeyd edir ki, məhkəmə iclasında tədqiq olunmuş mümkün və mötəbər sübutların məcmusu ilə cinayət hadisəsinin olması, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CMin 263.2-ci maddəsinin tərkibinin olması, onun cinayətin törədilməsində aidiyyəti və cinayətin törədilməsində təqsirliliyi sübuta yetir. Onun əməli istintaq orqanı tərəfindən Azərbaycan Respublikası CM-in 263.2-ci maddəsi ilə düzgün tövsif edilmişdir, əməlin cinayət olmasını aradan qaldıran hallar, cinayət məsuliyyətindən azad edilmək üçün əsaslar yoxdur, odur ki, həmin maddə ilə təqsirli bilinib cəzalanmalıdır. Azərbaycan Respublikası CM-in 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 45.1-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum etmə cəza növü bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsi ilə nəzərdə tutulmuş hallarda, cinayətin xarakteri, təqsirkar şəxsin şəxsiyyəti və cinayətin digər halları nəzərə alınmaqla, bir ildən beş ilədək müddətə təyin edilə bilər. Həmin Məcəllənin 45.2-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum etmə cəza növünün intizam xarakterli hərbi hissədə saxlama və ya azadlıqdan məhrum etmə cəzalarına əlavə olaraq təyin edildiyi hallarda, əlavə cəza əsas cəzanın çəkildiyi bütün müddətə və bundan əlavə, hökmdə bu cəza növü üçün müəyyən edilmiş müddətə şamil olunur. Bu cəza növünün digər əsas cəzalara əlavə olaraq təyin edildiyi hallarda, habelə şərti məhkum etmə zamanı əlavə cəzanın müddəti hökmün qanuni qüvvəyə mindiyi andan hesablanır. Həmin Məcəllənin 56.1.1-ci maddəsinə əsasən ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq olmayan müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün —məntəqə tipli cəzaçəkmə müəssisələrində; Həmin Məcəllənin 58.1 və 58.3-cü maddələrinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Həmin Məcəllənin 59.1-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən hallar aşağıdakılardır: 59.1.4. cinayət törətmiş şəxsin himayəsində azyaşlı uşağın olması; 59.1.12. zərərçəkmiş şəxslə və ya onun yaxın qohumu olan hüquqi varisi ilə barışıq əldə edilməsi; Həmin Məcəllənin 59.2-ci maddəsinə əsasən cəza təyin edilərkən bu Məcəllənin 59.1.1-59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Həmin Məcəllənin 60.1-ci maddəsinə əsasən bu Məcəllənin 59.1.8, 59.1.10— 59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 4 nömrəli, 25 iyun 2003-cü il tarixli Qərarının 1-ci bəndində məhkəmələrə izah edilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hal kimi himayəsində 2 azyaşlı uşağının olması və zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışması müəyyən edilmişdir. Həmçinin təqsirləndirilən şəxsin əməlini etiraf etməklə səmimi peşman olması onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alınmalıdır. Belə ki, o ibtidai istintaq və məhkəmə istintaqı zamanı cinayət əməlini səmimi etiraf etməklə əməlindən peşman olmasını bildirməsi onun ictimai dəyərlərə və ədalət mühakiməsinə hörmət hissini qoruyub saxlamasına dəlalət edir və tutduğu əmələ görə özü-özünü məzəmmət etdiyini təsdiq edir. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs təyin olunacaq cəzanın növü və həddi məsələsinə baxaraq, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, cəzanı yüngülləşdirən halları, cəzanı ağırlaşdıran halların olmamasını, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini qanuni, əsaslı və ədalətli hesab edir. Məhkəmə Azərbaycan Respublikası CPM-nin 346.1.12-ci maddəsinə uyğun olaraq təqsirləndirilən şəxsə təyin ediləcək cəzanın çəkilməli olub-olmaması məsələsinə baxaraq hesab edir ki, təqsirləndirilən şəxs ona təyin ediləcək cəzanı çəkməlidir. Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 56.1.1-ci maddəsinə uyğun olaraq cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməli, cəzaçəkmə müddətinin əvvəli onun məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı gündən hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəsini alana kimi dəyişdirilmədən saxlanmalıdır. Ekspertiza tədqiqatının dəyəri 128 manat Təqsirləndirilən şəxs tutulub Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülməlidir. İş üzrə maddi sübut kimi tanınmış Təqsirləndirilən şəxs idarə etdiyi Kia Rio markalı ** KF *** dövlət qeydiyyat nişanlı avtomobilin qanuni sahibi X4 qaytarılması nəzərə alınmalıdır. Azərbaycan Respublikası CPM-nin 346.1.19-cu maddəsinə uyğun olaraq məhkəmə xüsusi müsadirə edilməli əmlakın olub-olmaması məsələsinə baxaraq müəyyən edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində nəzərdə tutulan xüsusi müsadirə edilməli olan əmlak mövcud deyildir. İş üzrə mülki iddia yoxdur. “Müdafiəçilərə (vəkillərə), tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 fevral 2001-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2, 193.4-cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 11 manat məbləğində müəyyən edilmişdir. Balakən rayon Vəkil Bürosunun vəkili Müdafiəçi2 Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsinə məhkəmə icraatı zamanı 8 iş saatı sərf etmişdir. Məhkəmə hesab edir ki, dövlət büdcəsinin vəsaiti hesabından 88 manat tutulub vəkil Müdafiəçi2 ödənilməsi üçün Balakən rayon Vəkil Bürosunun hesabına köçürülməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 144-146, 346-347, 349, 351-353 və 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ:

Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin, 01 (bir) il 06 (altı) ay müddətə nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum edilməklə 03 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəksin. Cəza çəkmə müddətinin əvvəli məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəsini alana kimi dəyişdirilmədən saxlansın. Ekspertiza tədqiqatının dəyəri 128 manat Təqsirləndirilən şəxs tutulub Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülsün. İş üzrə maddi sübut olan Təqsirləndirilən şəxs idarə etdiyi Kia Rio markalı, ** KF *** dövlət qeydiyyat nişanlı avtomobilin qanuni sahibi X4 qaytarılması nəzərə alınsın. Hökmün icrası təqsirləndirilən şəxsin yaşayış yeri üzrə Balakən rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs məhkəmə icraatı zamanı göstərilən hüquqi yardımla bağlı dövlət büdcəsinin vəsaiti hesabından 88 manat tutulub vəkil Müdafiəçi2 ödənilməsi üçün Balakən rayon Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Balakən Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apellyasiya şikayəti və ya protesti verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Sədrlik edən: Arifə Cəfərova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar