Məhkəmə qərarları › İş №1(019)-69/2021

Balakən Rayon Məhkəməsi Hökm — İş №1(019)-69/2021

15.07.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Balakən Rayonu İş № 1(019)-69/2021 15.07.2021 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Tahirov Zamin Cəbrayıl oğlunun sədrliyi, məhkəmə iclas katibi Qədirov İbadullah Şamil oğlunun katibliyi, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçi-Balakən rayon Vəkil Bürosunun vəkili Müdafiəçi və Təqsirləndirilən şəxs iştirakı ilə xx.xx.1966-cı ildə, Balakən rayon Qazma kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, məhkum olunmuş-Balakən Rayon Məhkəməsinin 20.05.2020-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək, 02 (iki) il 05 (beş) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, hazırda cəza çəkən, məhkumluğu ödənilməyən,ünvan 1 ünvanında qeydiyyatda olan və tutulan günə kimi həmin ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş - Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası CM) 234.1-ci maddəsilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsilə ittiham verilmişdir ona görə ki, o, qəsdən, satış məqsədi olmadan, qanunsuz olaraq, şəxsi istehlak miqdarından artıq miqdarda, narkotik vasitə əldə etmə, daşıma və saxlama cinayət əməlini törətmişdir. Belə ki, o, 30 aprel 2021-ci il tarixdə, saat 16 radələrində, Balakən şəhəri, C.M.Quluzadə küçəsi ilə piyada gedərkən, yolun kənarından, yerdən taparaq, qəsdən, satış məqsədi olmadan, qanunsuz olaraq, şəxsi istehlak miqdarından artıq miqdarda, yəni, 01 ədəd gümüşü-ağ rəngli kağız bükümdə, təmiz çəkisi 0,264 qram olan, kustar üsulla hazırlanmış narkotik vasitə heroini əldə edib, üzərində daşıyaraq, öz istifadəsi məqsədi ilə əynindəki gödəkçənin sağ yan cibində saxlamışdır. 30 aprel 2021-ci il tarixdə Təqsirləndirilən şəxs Balakən Rayon Polis Şöbəsinin (bundan sonra Balakən RPŞ) əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində Balakən RPŞ-yə dəvət edilərək, şübhəli şəxs qismində tutulduqdan sonra saat 20:40-dan saat 21:15-dək üzərində şəxsi axtarış aparılan zaman, onun qəsdən, satış məqsədi olmadan, qanunsuz olaraq, şəxsi istehlak miqdarından artıq miqdarda əldə edib, daşıyaraq, öz istifadəsi məqsədi ilə üzərində saxladığı həmin 01 ədəd gümüşü-ağ rəngli kağız bükümdə təmiz çəkisi 0,264 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroin əynindəki gödəkçənin sağ yan cibindən aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsilə ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək, ifadəsində göstərdi ki, hal-hazırda tək yaşayır.Heç yerdə işləmir. Balakən Rayon Məhkəməsinin 20 may 2020-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə 02 (iki) il 05 (beş) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Hal-hazırda cəza çəkir. 2 ilə yaxın müddətdir ki, narkotik vasitə heroindən istifadə edir. 30 aprel 2021-ci il tarixdə yaşadığı evdən çıxıb çörək almaq üçün piyada yol ilə şəhər ərazisində olan çörəkbişirmə sexinə getmişdir. Oradan 1 ədəd çörək alandan sonra yaşadığı evə gəlmək üzrə yola düşmüşdür. Yolda piyada gəlib, Cəlil Məmmədquluzadə küçəsi ilə hərəkətdə olarkən Nəsimi adına 2 saylı orta məktəbin yanına çatmışdır ki, yerdə, yolun kənarında 1 ədəd bükülü kağız görmüşdür. Həmin kağız büküm narkotik vasitənin kağız bükümünə oxşamışdır. Buna görə də həmin kağızı götürüb, içərisini açıb, baxdıqda kağızın içərisində narkotik vasitə olan heroin olduğunu görmüşdür. Bu zaman kağızı geri, yerinə büküb həmin narkotik vasitəni kurtkasının sağ yan cibinə qoymuşdur. İçərisində heroin olan kağız bükümü cibinə qoymağında məqsədi gələcəkdə heroini istifadə etməsi olmuşdur. Bundan sonra isə yaşadığı evə çatmış, çörək yedikdən sonra axşam yenidən yola çıxmış və şəhər istiqəmətinə tərəf gəlməyə başlamışdır.Həmin vaxt yoldan taparaq, öz şəxsi istifadəsi üçün saxladığı narkotik vasitə heroin də üzərində olmuşdur. Balakən şəhəri, Z.Əliyeva küçəsi ilə hərəkətdə olarkən 2 nəfər polis əməkdaşları ona yaxınlaşmışlar. Həmin vaxt 30 aprel 2021-ci il, saat 20 radələri olmuşdur. Polislər ona özlərini təqdim etmiş, həmin polislərdən biri onu polis şöbəsinə dəvət etmişdir. Polis şöbəsində onu üzərində narkotik vasitə saxlamaqda şübhəli olduğundan şübhəli şəxs qismində tutmuşlar. Ona təqdim edilmiş vəkillər siyahısından dövlət hesabına seçmiş olduğu vəkil Müdafiəçi və polis əməkdaşlarının iştirakı ilə üzərində şəxsi axtarış aparmışlar. Şəxsi axtarış zamanı polis əməkdaşı ona üzərində narkotik vasitə, yaxud qadağan edilmiş əşya olub-olmadığını soruşmuş, əgər üzərində narkotik vasitə, yaxud qadağan edilmiş əşya, yaxud vasitə vardırsa, təqdim etməyi təklif etmişdir. Bu zaman o, əynindəki qara rəngli kurtkasının sağ yan cibində 1 ədəd kağız bükümdə saxladığı narkotik vasitə heroini təqdim etmişdir. Onun təqdim etdiyi kağız bükümdə olan narkotik vasitə heroin elektron tərəzidə çəkilmiş və çəkisi 0.33 qram təşkil etmişdir. Sonra isə ağ rəngli zərfə qoyulub, möhürlənib götürülmüşdür. Bundan sonra polis əməkdaşları üzərində axtarış apardıqları zaman üzərindən 1 ədəd alışqan və 1 ədəd cib dəsmalı aşkar edilmişdir. Həmçinin şəxsi axtarış aparılan zaman məhkum olunmağı ilə bağlı Balakən Rayon Məhkəməsi tərəfindən 02 (iki) il 05 (beş) ay 26 (iyirmi altı) gün müddətində azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilməsi ilə əlaqədar üzərində olan elektron nəzarət qurğusu aşkar edilmişdir. Ekspertizanın rəyindən sonra ona məlum olmuşdur ki, yoldan taparaq, üzərində öz şəxsi istifadəsi üçün saxladığı heroinin təmiz çəkisi 0,264 qram olması müəyyən edilmişdir.Törətdiyi əməlini səmimi olaraq etiraf edir və bu əməlindən peşmandır. Gələcəkdə belə hallara yol verməyəcəkdir. Ona yüngül cəza təyin edilməsini xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Balakən RPŞ-nin CAB-nin əməliyyat müvəkkili Şahid2 Məhəməd oğlu ifadəsində göstərmişdir ki, Balakən RPŞ-nin Cinayət Axtarış Bölməsinin əməliyyat müvəkkili vəzifəsində çalışır. 30 aprel 2021-ci il tarixdə Balakən şəhər sakini Təqsirləndirilən şəxs üzərində qanunsuz olaraq narkotik vasitə saxlamaqda şübhəli bilinərək, Balakən RPŞ-nin CAB-nin əməliyyat müvəkkili Şahid1 tərəfindən polis şöbəsinə dəvət olunmuşdur. Təqsirləndirilən şəxs polis şöbəsinə gəldikdən sonra üzərində şəxsi axtarış aparılması üçün təhqiqat bölməsinin təhqiqatçısı Zaur Xəlilov tərəfindən şübhəli şəxs qismində tutulmuş, daha sonra dəvət olunmuş Müdafiəçi, Balakən RPŞ-nin CAB-nin əməliyyat müvəkkili Şahid1, Balakən RPŞ-nin KTQnın baş inspektor X1 və onun iştirakı ilə şübhəli şəxs Təqsirləndirilən şəxs təhqiqatçı tərəfindən hüquq və vəzifələri izah olunaraq, üzərində şəxsi axtarış aparılacağı bildirilmişdir. Şəxsi axtarış aparılmamışdan əvvəl Təqsirləndirilən şəxs üzərində olan qanunsuz əşyaları könüllü təqdim etməsi təklif olunmuşdur. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynindəki gödəkçənin sağ yan cibindən bir ədəd kağız bükümü təqdim etmiş və sonra isə həmin kağız bükümün içərisində narkotik vasitə heroin olduğunu bildirmişdir. Həmin kağız bükümün içərisinə baxılarkən kağız bükümün içərisində qəhvəyi rəngli tozşəkilli narkotik vasitə heroinə oxşar kütlə olması müəyyən edilmişdir. Daha sonra Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmiş, lakin üzərindən digər hər hansı qanunsuz əşya və ya predmet aşkar edilməmişdir. Bundan sonra içərisində qəhvəyi rəngli tozşəkilli narkotik vasitə heroinə oxşar kütlə kağız bükümlə birlikdə elektron tərəzi vasitəsi ilə çəkilərək, çəkisinin 0,33 qram olması müəyyən edilmişdir. Aşkar edilmiş 01 ədəd kağız büküm təhqiqatçı tərəfindən ağ kağız zərflərə qoyulub qablaşdırılmış və zərflər bütün iştirakçılar tərəfindən imzalanmışdır. Təqsirləndirilən şəxs əlavə olaraq qeyd etmişdir ki, üzərindən aşkar edilmiş 01 ədəd kağız bükümdə narkotik vasitə heroinə oxşar kütləni 30 aprel 2021-ci ildə Balakən şəhəri, C.M.Quluzadə küçəsində yerdən tapmış özü istifadə etmək üçün üzərində daşıyaraq saxlamışdır. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdarlıq olunmasına baxmayaraq, iş üzrə Şahid1 məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası CPM) 317.1-ci maddəsinə əsasən bu Məcəllənin 226.1-226.3-cü maddələrinin müddəalarına uyğun olaraq məhkəmə iclasına çağrılmış şahid, ekspert və mütəxəssisdən hər hansı biri məhkəmə iclasına gəlmədikdə, məhkəmə növbə ilə cinayət prosesi tərəflərindən hər birinin fikrini dinlədikdən sonra məhkəmə baxışının davam etdirilməsi və ya onun təxirə salınması haqqında qərar çıxarır. Göstərilən şəxslərdən hər hansı birinin gəlməməsi cinayət təqibi ilə bağlı olan bütün halların hərtərəfli, tam və obyektiv tədqiq edilməsinə mane olmadıqda məhkəmə baxışı davam etdirilə bilər. Azərbaycan Respublikası CPM-nin 329.1-ci maddəsinə əsasən şahid tərəfindən məhkəməyədək icraat, davam edən məhkəmə baxışı zamanı əvvəllər keçirilmiş məhkəmə iclasında və ya cari məhkəmə iclasında verilmiş ifadələrin şahidin məhkəmə iclasında iştirakı olmadan elan edilməsinə, habelə həmin ifadələrin audio yazısının səsləndirilməsinə, video və kino çəkilişinin göstərilməsinə yalnız şahidin məhkəmə baxışına gəlməsini istisna edən səbəblərə görə, həmçinin bu Məcəllənin 327.1-ci maddəsində nəzərdə tutulmuş digər hallarda yol verilir. Azərbaycan Respublikası CPM-nin 327.1.2-ci maddəsinə əsasən məhkəmə baxışı təqsirləndirilən şəxsin iştirakı olmadan aparıldıqda təqsirləndirilən şəxsin məhkəməyədək icraat zamanı, davam edən məhkəmə baxışı zamanı əvvələr keçirilmiş məhkəmə iclasında və ya cari məhkəmə iclasında verdiyi ifadələr və həmin ifadələrin audio yazısı, video və ya kino çəkilişi elan edilə və ya göstərilə bilər. Məhkəmə, yuxarıda göstərilən qanun normalarına istinad edib, ittiham və müdafiə tərəflərinin razılığını nəzərə alaraq, hazırki iş üzrə Şahid1 ibtidai istintaqda şahid qismində verdiyi ifadəsinin elan olunmasını zəruri hesab edir. Məhkəmə iclasında ibtidai istintaqda şahid qismində verdiyi ifadəsi elan olunmuş Balakən RPŞ-nin CAB-ın əməliyyat müvəkkili Şahid1 da Şahid2 ifadəsinə uyğun ifadə verərək, onun ifadəsində göstərdiyi halları təsdiq etmişdir. İşdə olan və məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş 30 aprel 2021-ci il tarixli şübhəli şəxsin üzərində şəxsi axtarış aparılması barədə protokoldan görünür ki, 30 aprel 2021-ci il tarixdə saat 20:40-dan 21:15-dək olan müddət ərzində Təqsirləndirilən şəxs üzərində aparılan şəxsi axtarış zamanı aşağıdakılar müəyyən edilmişdir: Balakən şəhər sakini Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmış və Təqsirləndirilən şəxs əynində tünd göy rəngli şalvar, boz rəngli poliver, qara rəngli qış gödəkçəsi və qara rəngli ayaqqabı olmuşdur. Təqsirləndirilən şəxs üzərində şəxs axtarış aparılan zaman onun əynindəki qış gödəkçəsinin sağ yan cibindən 01 ədəd kağız bükümdə qəhvəyi rəngli, spesifik iyə malik olan narkotik vasitə heroinə bənzər kütlə aşkar edilmişdir. Həmin kütlə kağız büküm ilə birlikdə 01 ədəd elektron tərəzidə çəkilərkən 0,33 qram olması müəyyən edilmişdir. Həmin kütlə 01 ədəd kağız zərfə qoyulmuş və möhürlənərək təhqiqatçı tərəfindən götürülmüşdür. Bundan başqa Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılan zaman onun üzərində Balakən Rayon Məhkəməsinin hökmünə əsasən azadlığın məhdudlaşdırılması cəzasına əsasən ona tətbiq edilmiş elektron nəzarət qurğusu, arxa ciblərindən 01 ədəd alışqan ilə 01 ədəd cib dəsmalı aşkar edilmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən başqa qanunsuz heç nə aşkar edilməmişdir. Şəxsi axtarış “Panasonic” markalı videokamera vasitəsi ilə qeydə alınmış və 01 ədəd DVD disk protokola əlavə olunmuşdur. Protokol tərtib olunmuş, doğruluğu imzalarla təsdiq olunmuşdur. İşdə olan və məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş materialların məhkəmə ekspertizasının 01 may 2021-ci tarixli, 17/317 nömrəli rəyində göstərilmişdir ki, tədqiqata təqdim olunmuş üzərində “Vət. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş maddi sübut....” sözləri yazılmış zərfin içərisindəki 01(bir) ədəd gümüşü-ağ rəngli kağız bükümdə təmiz çəkisi 0,264 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə-heroindir. Qeyd: Heroinin təmiz çəkisi-0,264 qram, tədqiqata sərf edildi-0,050 qram, qalıq-0,214 qram. Ekspertiza tədqiqatının dəyəri 71,94 manat təşkil edir. İşdə olan və məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş ambulator məhkəmənarkoloji ekspertizanın 18 iyun 2021-ci il tarixli,730 saylı rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir, narkotik vasitə olan heroindən suiistifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. İşdə olan və məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş 30 aprel 2021-ci il tarixli şübhəli şəxsi tutma haqqında protokoldan görünür ki, 30 aprel 2021-ci ildə saat 20:30-da Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuş və Balakən RPŞ-nin MSY-də saxlanılmışdır. İşdə olan və məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş Balakən Rayon məhkəməsininin 02 may 2021-ci il tarixli, 4(019)-36/2021-ci il tarixli qərarından görünür ki, həmin qərarla Təqsirləndirilən şəxs barəsində 03 ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəli onun şübhəli şəxs kimi tutulduğu 30 aprel 2021-ci il tarixdən hesablanmışdır. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Şəki Apellyasiya Məhkəməsininin Cinayət Kollegiyasının 08 may 2021-ci iil tarixli, 4(107)-41/2021 nömrəli qərarından görünür ki, həmin qərarla Balakən Rayon Məhkəməsinin 02 may 2021-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Balakən Rayon Məhkəməsininin 20 may 2020-ci il tarixli, 1(019))37/2020 nömrəli hökmün surətindən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-ninin 234.1-ci maddəsi ilə təqsirli bilinib, qəti olaraq 02 (iki) il 05 (beş) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. İşdə olan və məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş Balakən RPŞ-nin İB-nin müstəntiqinin sübutların qiymətləndirilməsi haqqında 23 iyun 2021-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs oğlunun üzərindən götürülmüş 0,264 qram çəkidə narkotik vasitə heroinin ekspertiza tədqiqatından sonrakı maddə qalığını təşkil edən 0,214 qramı maddi sübut kimi tanınaraq, saxlanması üçün Balakən RPŞ-nin maddi sübutların saxlanc anbarına təhvil verilmiş, Təqsirləndirilən şəxs üzərində aparılmış şəxsi axtarışın videogörüntüləri əks olunmuş 01 ədəd DVD diski sübut kimi qiymətləndirilərək, cinayət işinə əlavə edilmişdir. İşə əlavə olunan və məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin X2 Tibbi-sanitar hissəsinin 30 iyun 2021-ci il tarixli arayışından və 223 saylı stasionar xəstənin tibbi kartasından çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs müəssisəyə daxil olduğu gündən ilkin tibbi müayinəyə və təqdim etdiyi sənədlərə əsasən «Keçirilmiş ağ ciyər vərəmi.ÜİX.Stabil gərginlik stenokardiyası İİ f.s..Keçirilmiş miokard infarktı» diaqnozları ilə Tibbi-sanitar hissəsində qeydiyyata götürülmüşdür. Qeyd edilən xəstəliklərlə əlaqədar olaraq daim həkim nəzarətində saxlanılır və vaxtaşırı müvafiq müalicə kurslarına cəlb edilir. Hazırda ümumi vəziyyəti dəyişkəndir, yuxarıda sadalanan xəstəliklər səbəbli simptomatik müalicə kurslarına cəlb edilir. İşə əlavə olunan və məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş Balakən rayon İcra və Probasiya Şöbəsinin 12.07.2021-ci il tarixli, 290/3 nömrəli arayışından görünür ki, Balakən Rayon Məhkəməsinin 20.05.2020-ci il tarixdli, 1(019)-37/2020 saylı hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək, 2 il 5 ay 26 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuş Təqsirləndirilən şəxs 16.06.2020-ci il tarixdə məhkum kimi Balakən rayon İcra və Probasiya Şöbəsinin qeydiyyatına götürülmüşdür. Beləliklə, işdəki sübutlarla Təqsirləndirilən şəxs qəsdən, satış məqsədi olmadan, qanunsuz olaraq narkotik vasitə-heroini şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, daşıma və saxlama cinayət əməlini törətməsi təsdiq olunmuşdur. Məhkəmə Azərbaycan Respublikası CPM-nin 346-cı maddəsinin tələbinə uyğun olaraq təqsirləndirilən şəxsin əməlinin hüquqi tövsifi məsələsini müzakirə edərək, qeyd edir ki, cinayət məsuliyyətinin əsaslarını müəyyənləşdirən Azərbaycan Respublikası CM-nin 3-cü maddəsində göstərilmişdir ki, yalnız Azərbaycan Respublikasının Cinayət Məcəlləsi ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyətini yaradır. Satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşımaya görə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində cinayət məsuliyyəti nəzərdə tutulmuşdur. "Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi haqqında" Azərbaycan Respublikası Qanununun 1.0.5-ci madəsinə görə narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi- Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələr, psixotrop maddələr və onların prekursorları ilə bağlı törədilən hər hansı hərəkətlərdir. Həmin Qanunun 1.0.9-cu maddəsinə görə narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi-həyata keçirilməsi üsulundan asılı olmayaraq, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlərdir. Həmin Qanunun 1.0.10-cu maddəsinə görə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması-məqsədindən asılı olmayaraq, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlərdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 04 mart 2011-ci il tarixli 02 nömrəli qərarının 4-cü bəndinə görə törədilmiş cinayət əməlinin CM-in 234.1-ci maddəsi ilə tövsif olunması yalnız təqsirkarın bu cinayətin predmetini şəxsi istehlak miqdarından artıq miqdarda əldə etməsi və saxlaması müəyyən edildikdə mümkündür. Narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak miqdarından artıq miqdarı “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə külli miqdarına görə siyahısının təsdiq edilməsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə müəyyən olunmuşdur. Həmin qanunla təsdiq edilmiş narkotik vasitələrin siyahısında (İ siyahı) bu miqdar heroin üçün 0,15 qram müəyyən edilmişdir. Məhkəmə təqsirləndirilən şəxsin və şahidlərin ifadələrini, dövlət ittihamçısının və müdafiəçinin çıxışlarını dinləyib, Azərbaycan Respublikasının Konstitusiyasının 63-cü maddəsində təsbit edilmiş təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq, məhkəmə baxışında ittihamın baxılması nəticələrinə, məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslanaraq, tədqiq olunan sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq, bu nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs 30 aprel 2021-ci il tarixdə, saat 16 radələrində, Balakən şəhəri C.M.Quluzadə küçəsi ilə piyada gedərkən, yolun kənarından, yerdən taparaq, qəsdən, satış məqsədi olmadan, qanunsuz olaraq, şəxsi istehlak miqdarından artıq miqdarda, yəni, 01 ədəd gümüşü-ağ rəngli kağız bükümdə, təmiz çəkisi 0,264 qram olan, kustar üsulla hazırlanmış narkotik vasitə heroini əldə edib, üzərində daşıyaraq, öz istifadəsi məqsədi ilə əynindəki gödəkçənin sağ yan cibində daşıma və saxlama ilə bağlı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Həmin əməldə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin tərkibi vardır, həmin əməl təqsirləndirilən şəxs tərəfindən törədilmişdir, Təqsirləndirilən şəxs oğlu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlinin törədilməsində təqsirli bilinməlidir, onun cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir, əməlin cinayət olmasını aradan qaldıran hallar, təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur, təqsirləndirilən şəxs törətdiyi əmələ görə cəzalanmalıdır. Azərbaycan Respublikası CM-nin cəzanın anlayışını və məqsədini müəyyən edən 41ci maddəsinə görə cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-nin 58.1 və 58.3-cü maddələrinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. “Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr və dəyişikliklər edilməsi barədə” 11 iyun 2004-cü il tarixli 688-İİQD saylı Azərbaycan Respublikası Qanununun 3-cü hissəsinin 9-cu bəndinin və 4-cü hissəsinin 7-ci bəndinin Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin 9-cu hissəsinə uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 yanvar 2005-ci il tarixli Qərarında qeyd olunur ki, istənilən məhkəmə aktının qanuni və əsaslı hesab olunması üçün mütləq şərtlərdən biri onun ədalətli olmasıdır, çünki, ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir. "Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 4 nömrəli, 25 iyun 2003-cü il tarixli Qərarının 1-ci bəndində məhkəmələrə izah edilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Qərarın 2-ci bəndində göstərilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə əsasən cəza təyin edilərkən bu Məcəllənin 59.1.1-59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Göstərilən qanun normasının tələbinə əsasən məhkəmə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin X2 Tibbi-sanitar hissəsinin 30 iyun 2021-ci il tarixli arayışına və iş materiallarına əsasən «Keçirilmiş ağ ciyər vərəmi.ÜİX.Stabil gərginlik stenokardiyası İİ f.s..Keçirilmiş miokard infarktı» diaqnozları üzrə xəstə olmasını X3 cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə hesab edir ki, Balakən Rayon Məhkəməsinin 20.05.2020-ci il tarixli, 1 (019)- 37/2020 saylı hökmü ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, qəti olaraq 02 il 5 ay 26 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmasına və onun məhkumluğunun ödənilməməsinə baxmayaraq, onun əməli cinayətin təkrar törədilməsi halını və cinayətin residivini yaratmır. Belə ki, Azərbaycan Respublikası CMnin 16.3-cü maddəsinə əsasən əvvəllər törətdiyi cinayətə görə məhkum olunmuş, məhkumluğu götürülmüş və ya ödənilmiş, yaxud cinayət məsuliyyətindən azad olunmuş şəxs tərəfindən bu Məcəllənin eyni bir maddəsi ilə nəzərdə tutulmuş və ya həmin Məcəllənin Xüsusi hissəsində birbaşa göstərilən hallarda müxtəlif maddələri ilə nəzərdə tutulmuş cinayətin yenidən törədilməsi, cinayətin təkrar törədilməsi hesab edilmir. Həmçinin Azərbaycan Respublikası CM-nin 18.4.4-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilmiş cinayətlərə görə məhkumluqlar residivin müəyyən edilməsi zamanı nəzərə alınmır. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs Balakən Rayon Məhkəməsinin 20.05.2020-ci il tarixli hökmü ilə CM-nin 234.1-ci maddəsi ilə məhkum olunmuş və həmin hökmlə ona azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza, yəni azadlığın məhdudlaşdırılması cəzası təyin edilmişdir. Məhkəmə tərəfindən Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulmuş Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, Təqsirləndirilən şəxs şəxsiyyətini xarakterizə edən halları, o cümlədən cəzasını yüngülləşdirən halı və cəzasını ağırlaşdıran halların olmamasını, Balakən Rayon Rayon Məhkəməsinin 20.05.2020-ci il tarixli hökmü ilə ona azadlığın məhdudlaşdırılması cəzasının təyin olunmasına baxmayaraq, onun bu cəzanı çəkdiyi müddətdə yenidən qəsdən cinayət törətməsini, bununla da onun cəmiyyətdən təcrid olunmadan islah olunmasının və cəzanın digər məqsədlərinə nail olunmasının mümkün olmamasını nəzərə alaraq, hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi CM-nin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Belə ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi, onun islah olunması və cəzanın digər məqsədlərinə nail olunması nöqteyi-nəzərindən daha məqsədəuyğundur. Həm də bu cəza törədilmiş cinayətin xarakterinə, ictimai təhlükəlilik dərəcəsinə və şəxsiyyətinə tam uyğun olmaqla, ədalətlidir. İş materiallarından görünür ki, Balakən Rayon Məhkəməsinin 20.05.2020-ci il tarixli, 1(019)-37/2020 nömrəli hökmü ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, qəti olaraq 02 il 5 ay 26 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, onun çəzaçəkmə müddətinin əvvəlinin cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanması müəyyən edilmişdir. İşə əlavə olunan Balakən rayon İcra və Probasiya Şöbəsinin 12.07.2021-ci il tarixli, 290/3 nömrəli arayışından görünür ki, Balakən Rayon Məhkəməsinin 20.05.2020-ci il tarixli, 1(019)-37/2020 saylı hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək, 02 il 05 ay 26 gün müddətə azadlığın məhdudlaşdırılması növündə cəzaya məhkum edilmiş Təqsirləndirilən şəxs 16.06.2020-ci il tarixdə məhkum kimi Balakən rayon İcra və Probasiya Şöbəsinin qeydiyyatına götürülmüşdür. Həmçinin iş materialları ilə müəyyən olunur ki, Təqsirləndirilən şəxs 30 aprel 2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, Balakən Rayon Məhkəməsinin 02 may 2021-ci il tarixli qərarı ilə onun barəsində 03 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir və o, 30 aprel 2021-ci il tarixdən hazırki vaxtadək həbsdədir. Qeyd edilənlərdən müəyyən olunur ki, Təqsirləndirilən şəxs Balakən rayon İcra və Probasiya Şöbəsində qeydiyyata alındığı 16.06.2020-ci il tarixdən tutulduğu 30 aprel 2021-ci il tarixədək Balakən Rayon Məhkəməsinin 20.05.2020-ci il tarixli hökmü ilə ona təyin olunmuş 02 il 05 ay 26 gün azadlığın məhdudlaşdırılması cəzasının 10 ay 14 gününü çəkmişdir və onun həmin hökm üzrə çəkilməmiş qalan 1 il 7 ay 12 gün azadlığın məhdudlaşdırılması cəzası vardır. İşin faktoloji hallarına istinad edən məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməli hökmlərin məcmusunu yaratdığından, ona Azərbaycan Respublikası CM-nin 67.1-ci maddəsinin tələbləri qaydasında cəza təyin edilməli, bu zaman yeni hökm üzrə təyin ediləcək azadlıqdan məhrum etmə cəzasına Balakən Rayon Məhkəməsinin 20.05.2020-ci il tarixli, 1(019)-37/2020 nömrəli hökmü ilə təyin olunmuş və çəkilməmiş qalan 1 il 7 ay 12 gün azadlığın məhdudlaşdırılması cəzası Azərbaycan Respublikası CMnin 68.1 və 68.1.1-1-ci maddələrinə əsasən azadlıqdan məhrum etmənin bir gününə azadlığın məhdudlaşdırılmasının iki günü bərabər tutulmaqla 9 ay 21 gün müddətə azadlıqdan məhrum etmə cəzasına hesablanıb qismən birləşdirilməklə Təqsirləndirilən şəxs qəti olaraq azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Belə ki, Azərbaycan Respublikası CM-nin 67.1-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. Azərbaycan Respublikası CM-nin 67.2-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə təyin edilmiş və azadlıqdan məhrum etmə ilə əlaqədar olmayan qəti cəzanın müddəti və ya həcmi, bu Məcəllənin Ümumi hissəsində həmin cəza növü üçün müəyyən edilmiş yuxarı həddən artıq ola bilməz. Azərbaycan Respublikası CM-nin 67.4-cü maddəsinə əsasən hökmlərin məcmusu üzrə qəti cəza həm yeni törədilmiş cinayətə görə təyin edilmiş cəzadan, həm də məhkəmənin əvvəlki hökmü ilə təyin edilmiş cəzanın çəkilməmiş hissəsindən çox olmalıdır. Azərbaycan Respublikası CM-nin 68.1-ci maddəsinə əsasən cinayətlərin məcmusu və hökmlərin məcmusu üzrə cəzalar qismən və ya tamamilə toplanılarkən azadlıqdan məhrum etmənin bir gününə: ...68.1.1-1. azadlığın məhdudlaşdırılmasının iki günü bərabər tutulur. Həmçinin Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 30 aprel 10 iyun 2021-ci il tarixdən şübhəli şəxs qismində tutulub hazırki günədək həbsdə saxlandığı müddət ona təyin ediləcək azadlıqdan məhrum etmə cəzası müddətinə daxil edilməklə cəza çəkməsinin əvvəli 30 aprel 2021-ci il tarixdən hesablanmalıdır. Belə ki, Azərbaycan Respublikası CPM-nin 147.4-cü maddəsinə əsasən barəsində tutulma tətbiq edilən şəxs azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan tutulmuş hesab edilir. Azərbaycan Respublikası CPM-nin 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə aşağıdakılar daxildir: 158.2.1. tutulduğu və həbsdə saxlanıldığı müddət. Azərbaycan Respublikası CPM-nin 158.3-cü maddəsinə əsasən cinayət işi üzrə məhkəməyədək icraat zamanı həbsdə saxlama müddəti bu Məcəllənin 159-cu maddəsində nəzərdə tutulmuş həmin müddətlərin uzadılması halları istisna olmaqla, yuxarıda göstərilən müddətlərdən artıq ola bilməz. Şəxsin həbsdə, ev dustaqlığında və tibb müəssisəsində saxlanıldığı bütün müddətlər toplanılmaqla bütövlükdə təqsirləndirilən şəxsin həbsdə saxlanılma müddətinə hesablanır. Azərbaycan Respublikası CPM-nin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanır. Məhkəmə Azərbaycan Respublikası CPM-nin 346.1.12-ci maddəsinə uyğun olaraq Təqsirləndirilən şəxs təyin ediləcək cəzanın çəkilməli olub-olmaması məsələsinə baxaraq, işin hallarını, təqsirləndirilən şəxsin cəzadan azad edilməsi, yaxud barəsində Cinayət Məcəlləsinin 62 və 70-ci maddələrinin tətbiq olunması üçün əsasların olmamasını nəzərə alaraq, həmçinin hesab edir ki, təqsirləndirilən şəxs ona təyin ediləcək cəzanı çəkməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 56.1.2ci maddəsinə əsasən ona təyin ediləcək azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Belə ki, Azərbaycan Respublikası CM-nin 56.1.2-cü maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün azadlıqdan məhrum etmə növündə cəzanın ümumi rejimli cəza çəkmə müəssisələrində çəkilməsi müəyyən olunmuşdur. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi qənaətinə gəlindiyi üçün Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə, ambulator məhkəmə-narkoloji ekspertizasının 18 iyun 2021-ci il tarixli, 730 nömrəli rəyinə hüquqi qiymət verib, həmin rəylə Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə etdiyinin, narkotik vasitə olan heroindən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkdiyinin, narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı olduğunun və narkoloji kabinetdə qeydiyyata alınmasının məsləhət görüldüyünün müəyyən edildiyini nəzərə alaraq, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji kabinetdə qeydiyyata alınmalıdır. Belə ki, Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən məhkəmə cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə tibbi xarakterli məcburi tədbirlər təyin edir. Həmçinin Təqsirləndirilən şəxs ərazi narkoloji kabinetində qeydiyyata alınması üçün hazırki hökmün surəti onun yaşayış yeri üzrə Balakən Rayon Mərkəzi X6 Şəxsinə göndərilməlidir. Məhkəmə həmçinin hesab edir ki, iş üzrə 71,94 manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutulub, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Büdcə təsnifatının kodu:142319 Büdcə səviyyəsinin kodu:3, ekspertiza xərci SAP (XİİS) hesabı X9 Agentliyi Kodu 210005, VÖEN ********** Müxbir hesab AZ41NABZ ******************** SWİFT BİK CTREAZ 22 Məhkəmə Ekspertizası Mərkəzi VÖEN ********** Hesab AZ34CTRE******************** saylı hesabına ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 197.1.4-cü maddəsinə əsasən o cümlədən ekspertə ödənilməli haqlar məhkəmə məsrəflərinə aid edilmişdir. Azərbaycan Respublikası CPM-nin 198.1-ci maddəsinə əsasən bu Məcəllənin o cümlədən 197.1.4-cü maddəsində göstərilən məhkəmə məsrəfləri məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər və məhkəmənin qərarı ilə ondan tutulub dövlət nəfinə və ya müvafiq xərc çəkmiş fiziki, yaxud hüquqi şəxsin hesabına keçirilə bilər. Azərbaycan Respublikası CPM-nin 353.4.10-cu maddəsinə əsasən o cümlədən məhkəmə xərclərinin kimin və hansı məbləğdə ödəməsi məhkəmənin ittiham hökmünün nəticəvi hissəsində göstərilməlidir. Məhkəmə hesab edir ki, hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut kimi tanınmış və Balakən RPŞ-nin maddi sübutların saxlanc anbarında saxlanılan Təqsirləndirilən şəxs oğlunun üzərindən götürülmüş 0,264 qram çəkidə narkotik vasitə heroinin ekspertiza tədqiqatından sonrakı maddə qalığını təşkil edən 0,214 qramı məhv edilməli, Təqsirləndirilən şəxs üzərində aparılmış şəxsi axtarışın videogörüntüləri əks olunmuş 01 ədəd DVD diski hazırki cinayət işi üzrə icraat materiallarının saxlama müddəti ərzində işdə saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası CPM-nin 132.1-ci maddəsinə əsasən maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar məhkəmə yekun qərar çıxararkən aşağıdakı qaydalara riayət etməlidir:132.1.1. şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir; 132.1.2. şəxsin cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlak, habelə həmin pul vəsaitləri və ya digər əmlak hesabına əldə edilmiş gəlirlər (qanuni sahibinə qaytarılmalı olan pul vəsaitləri və ya digər əmlak və ondan əldə edilmiş gəlirlər istisna olmaqla), həmçinin şəxsin cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlakın mülki-hüquqi əqdlərin bağlanması və ya digər üsullarla tam və ya qismən çevrildiyi digər əmlak və ya onun müvafiq hissəsi xüsusi müsadirə olunmalı və cinayət nəticəsində vurulmuş ziyanın ödənilməsinə yönəldilməli, qalan hissəsi dövlətin nəfinə keçirilməlidir (zərər çəkmiş şəxs məlum olmadıqda isə tam həcmdə dövlətin nəfinə keçirilməlidir); 132.1.3. terrorçuluğun, qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələrin və ya qrupların, mütəşəkkil dəstələrin və ya cinayətkar birliklərin (cinayətkar təşkilatların) maliyyələşdirilməsi üçün nəzərdə tutulan və ya istifadə olunan əmlak xüsusi müsadirə olunmalı və dövlət nəfinə keçirilməlidir; 132.1.4. mülki dövriyyəsi məhdudlaşdırılmış (qanuni əsaslarla əldə etmə halları istisna olmaqla) və mülki dövriyyədən çıxarılmış əşyalar müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir; 132.1.5. cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi nəticəsində qanuni sahiblikdən çıxarılmış pul və qiymətli əşyalar sahiblərinə, mülkiyyətçilərinə və ya hüquqi varislərinə qaytarılmalıdır; 132.1.6. maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalı və ya maraqlı təşkilatların və şəxslərin vəsatəti olduqda bu Məcəllənin 136.3cü maddəsində nəzərdə tutulmuş qaydada onlara verilməlidir; 132.1.7. dəyəri olmayan digər əşyalar məhv edilməlidir. Azərbaycan Respublikası CPM-nin 346.1-ci və 346.1.19-cu maddələrinə əsasən, məhkəmə hansı əmlakın müsadirə edilməli olduğu məsələsinə baxaraq, Təqsirləndirilən şəxs hazırkı cinayəti törətdiyi zaman cinayət yolu ilə hər hansı əmlak əldə etməməsini nəzərə alaraq, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulan xüsusi müsadirə edilməli olan əmlak mövcud deyildir. İş üzrə mülki iddia yoxdur. İş materiallarından həmçinin görünür ki, Balakən rayon Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmə icraatı zamanı Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsinə 5 iş saatı vaxt sərf etmişdir. Azərbaycan Respublikası CPM-nin 193.2-193.3-cü maddələrinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Məhkəmə şübhəli və ya təqsirləndirilən şəxsin orta aylıq gəlirini, maddi, əmlak və ailə vəziyyətini, habelə digər halları nəzərə alaraq, həmin şəxsin müdafiəçi tərəfindən göstərilən hüquqi yardımı ödəməkdən azad edilməsi və ödəmənin Azərbaycan Respublikasının Dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilməsi barədə əsaslandırılmış qərar qəbul edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 3 may 2018-ci il tarixli, 202 №-li qərarı əsasında “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli,11 №-li qərarına edilmiş dəyişikliklərə uyğun olaraq təqsirləndirilən şəxslərin hüquqlarını müdafiə etmələrinə görə müdafiəçilərə hər iş saatı üçün 6 manat məbləğində haqq ödənilməlidir. Ona görə də məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə icraatı zamanı göstərilən hüquqi yardımla bağlı 30 manat Balakən rayon Vəkil Bürosunun vəkili Müdafiəçi ödənilməsi üçün Azərbaycan Respublikası Dövlət büdcəsinin vəsaiti hesabından Balakən Rayon Vəkil Bürosunun nəfinə, «KAPİTALBANK» X7 Rekvizitləri: VÖEN: **********, kod 201382, Müxbir hesab AZ37NABZ013501**********1944 hesaba köçürülməlidir. Azərbaycan Respublikası CPM-nin 349-cü maddəsinin tələblərinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Məhkəmənin hökmü Azərbaycan Respublikası Konstitusiyasının, bu Məcəllənin, Azərbaycan Respublikasının cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir. Məhkəmənin hökmü məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə əsaslı hesab edilir. Kondraşina Rusiya Federasiyasına qarşı iş üzrə qərarında Avropa Məhkəməsi göstərmişdir ki, məhkəmələr qərar qəbul edərkən hüququn aliliyinə əməl etməlidirlər. Hüququn aliliyinin əsas cəhətlərindən biri hüquqi müəyyənlik prinsipidir ki, onun tələbinə görə məhkəmələr yekun qərarı elə qəbul etməlidirlər ki, o, mübahisə olunmasın. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və 1 (bir) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin; Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən hazırki yeni hökm üzrə təyin edilmiş bu cəzaya Balakən Rayon Məhkəməsinin 20.05.2020-ci il tarixli, 1(019)-37/2020 nömrəli hökmü ilə təyin olunmuş və çəkilməmiş qalan 1 il 7 ay 12 gün azadlığın məhdudlaşdırılması cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 68.1 və 68.1.1- 1-ci maddələrinə əsasən azadlıqdan məhrum etmənin bir gününə azadlığın məhdudlaşdırılmasının iki günü bərabər tutulmaqla 9 ay 21 gün müddətə azadlıqdan məhrum etmə cəzasına hesablanıb qismən birləşdirilməklə Təqsirləndirilən şəxs qəti olaraq 01 (bir) il 10 (on) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin; Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin; Təqsirləndirilən şəxs 30 aprel 2021-ci il tarixdən şübhəli şəxs qismində tutulub hazırki günədək həbsdə saxlandığı müddət ona təyin edilən cəza müddətinə daxil edilməklə cəza çəkməsinin əvvəli 30 aprel 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin edilsin. Təqsirləndirilən şəxs ərazi narkoloji kabinetdə qeydiyyata alınsın; onun ərazi narkoloji kabinetdə qeydiyyata alınması üçün hazırki hökmün surəti yaşayış yeri üzrə Balakən Rayon Mərkəzi X6 Şəxsinə göndərilsin. İş üzrə 71,94 manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutulub, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Büdcə təsnifatının kodu:142319 Büdcə səviyyəsinin kodu:3, ekspertiza xərci SAP (XİİS) hesabı X9 Agentliyi Kodu 210005, VÖEN ********** Müxbir hesab AZ41NABZ ******************** SWİFT BİK CTREAZ 22 Məhkəmə Ekspertizası Mərkəzi VÖEN ********** Hesab AZ34CTRE******************** saylı hesabına ödənilsin. Hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut kimi tanınmış və Balakən RPŞ-nin maddi sübutların saxlanc anbarında saxlanılan Təqsirləndirilən şəxs oğlunun üzərindən götürülmüş 0,264 qram çəkidə narkotik vasitə heroinin ekspertiza tədqiqatından sonrakı maddə qalığını təşkil edən 0,214 qramı məhv edilsin; Təqsirləndirilən şəxs üzərində aparılmış şəxsi axtarışın videogörüntüləri əks olunmuş 01 ədəd DVD diski hazırki cinayət işi üzrə icraat materiallarının saxlama müddəti ərzində işdə saxlanılsın. Təqsirləndirilən şəxs məhkəmə icraatı zamanı göstərilən hüquqi yardımla bağlı 30 manat Balakən rayon Vəkil Bürosunun vəkili Müdafiəçi ödənilməsi üçün Azərbaycan Respublikası Dövlət büdcəsinin vəsaiti hesabından Balakən Rayon Vəkil Bürosunun nəfinə, «KAPİTALBANK» X7 Rekvizitləri: VÖEN: **********, kod 201382, Müxbir hesab AZ37NABZ013501**********1944 hesaba köçürülsün. Hökmdən elan olunduğu andan (həbsdə olan məhkum hökmün surəti ona verildiyi andan) 20 gün müddətində Balakən Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Hakim: Zamin Tahirov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar