Azərbaycan Respublikası adından QƏRAR Balakən Rayonu İş № 1(019)-69/2025 19.08.2025 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Cəfərova Arifə Namus qızının sədrliyi, məhkəmə iclas katibi Mirzəyeva Afina Şakir qızının katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamı müdafiəsi üzrə şöbəsinin prokuroru vəzifəsini icra edən Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, müdafiəçi Balakən Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxxx 1986-cı ildə Balakən rayonu Talalar kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, fərdi əmək fəaliyyəti ilə məşğul olan, əvvəllər məhkum olunmamış, Balakən rayonu Talalar kəndində qeydiyyatda olmaqla yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini qərəzli olaraq icra etməmişdir. Belə ki, Təqsirləndirilən şəxs cavabdeh kimi ondan 24 avqust 2023-cü il tarixdən başlayaraq 19 oktyabr 2016-cı ildə doğulmuş X1 və 07 dekabr 2018-ci ildə doğulmuş X3 yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün hər ay hər bir uşaq üçün 180,00 manat olmaqla, hər ay cəmi 360.0 manat sabit pul məbləğində alimentin tutularaq Zərərçəkmiş şəxs verilməsinə dair Balakən Rayon Məhkəməsinin e-2(019)-85/2024 saylı 12 yanvar 2024-cü il tarixli qanuni qüvvəyə minmiş qətnaməsinin icrası ilə bağlı icra məmurunun qanuni tələblərini yerinə yetirmədiyinə görə həmin rayon məhkəməsinin xx.xx.2024-cü il tarixli 3(019)-381/2024 saylı qərarına əsasən Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinib 08 gün müddətinə inzibati qaydada həbs edilməsinə, icra üçün yeni müddətin təyin edilməsinə, həmçinin məsuliyyəti barədə 01,10.2024-cü il və xx.xx.2025-ci il tarixlərdə rəsmi xəbərdarlıq edilməsinə baxmayaraq hərəkətlərindən nəticə çıxarmamış və cinayət təqibi başlanılması məsələsinə baxılması üçün təqdimat verilənədək, yəni 01 aprel 2025-ci il tarixədək şəxsi maraq niyyətilə 5895,00 manat məbləğində aliment borcunu ödəməməklə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini qərəzli olaraq və qəsdən icra etməməklə zərər çəkmiş şəxsə qeyd olunan məbləğdə maddi ziyan vuraraq ədalət mühakiməsinin mənafeyinə xələl gətirmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-in 306.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində hazırda Zərərçəkmiş şəxs ilə barışdığını, zərərin hamısını ödədiyini, bugünədək olan alimenti tam ödədiyini, zərərçəkmiş şəxsin ondan heç bir şikayət və tələbinin olmadığını göstərərək iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs ifadəsində Təqsirləndirilən şəxs ilə barışdığını, aliment borcunu tam şəkildə ödədiyini, ondan heç bir şikayət və tələbi olmadığını göstərərək iş üzrə icraatına xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Balakən rayon İcra və Probasiya şöbəsinin rəisi Şahid ifadəsində göstərmişdir ki, Balakən Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş e-2(019)-85/2024 saylı 12 yanvar 2024-cü il tarixli qətnaməsinə əsasən Təqsirləndirilən şəxs 24 avqust 2023-cü il tarixdən başlayaraq 19 oktyabr 2016-cı ildə doğulmuş X1 və 07 dekabr 2018-ci ildə doğulmuş X3 yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün hər ay hər bir uşaq üçün 180,00 manat olmaqlahər ayda cəmi 360,00 manat sabit pul məbləğində aliment tutularaq Zərərçəkmiş şəxs verilməlidir. Həmin icra sənədi üzrə xx.xx.2024-cü il tarixli qərarla icraata başlanılaraq tələbin könüllü icrası barədə borcluya bildiriş verilmişdir. Verilmiş müddətdə borclu tələbin icrasını təmin etmədiyindən məcburi icra tədbirlərinə başlanılmışdır. Məcburi icra tədbirləri çərçivəsində borclunun adına tələbin yönəldilə biləcək əmlakının və gəlirlərinin olub-olmaması öyrənilmiş, nəticədə 3-cü qurup əlil kimi 150 manat pensiya aldığı müəyyən edilmişdir. Odur ki, tələb onun pensiyasına yönəldilmiş və 2024-cü ilin iun ayından etibarən hər ay 105.0 manatın tutularaq tələbkara ödənilməsi təmin edilmişdir. Müəyyən edilmiş aylıq aliment məbləğinin qalan hissəsi, o cümlədən yaranmış aliment borcunun ödənilməsinin təmin edilməsi məqsədilə məcburi icra tədbirləri davam etdirilmiş, lakin görülmüş tədbirlər nəticəsində borclunun olduğu yeri müəyyən etmək mümkün olmamışdır. Odur ki, xx.xx.2024-cü il tarixli qərarla borclu barəsində axtarış elan edilmişdir. Borclunun 21 avqust 2024-cü il tarixdə Balakən RPŞ-nin əməkdaşları tərəfindən saxlanılaraq icra şöbəsinə gətirilməsi təmin edilmişdir. İcra şöbəsində icra sənədinin mahiyyəti borcluya izah olunmuş, tələbin icrası ondan tələb olunmuşdur. Borclu işləmədiyini və maddi imkanının zəif olduğunu əsas gətirərək aliment borcunu ödəməkdən yayınmışdır. Odur ki, barəsində inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. Balakən Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarına əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası İXM-in 528.1 -ci maddəsi ilə təqsirli bilinib 08 gün müddətinə inziabti qaydada həbs edilmişdir. İnzibati məsuliyyətə cəlb edildikdən sonra borcluya yeni icra müddəti təyin edilərək yaranmış aliment borcunun ödənilməsi ondan tələb olunmuş, məsuliyyəti barədə dəfələrlə xəbərdarlıqlar verilmişdir. Eyni zamanda icra sənədinin icrası ilə bağlı borclu ilə fərdi söhbətlər aparılmış, məsuliyyəti şəxsən diqqətinə çatdırılmışdır. Lakin görülmüş icra tədbirləri nəticəsiz qalmış, Təqsirləndirilən şəxs hərəkətlərində dönüş yaratmamış və 01 aprel 2025-ci il tarixədək 5895,00 manat alimenti ödəməməklə qətnamənin icrasından qərəzli olaraq yayınmışdır. İcra müddətində tələbkar Zərərçəkmiş şəxs isə dəfələrlə icra və probasiya şöbəsinə yazılı və şifahi qaydada müraciət edərək uşaqların maddi tələbatını ödəməkdə çətinliklər çəkdiyini və maddi vəziyyətlərinin ağır olduğunu bildirərək Təqsirləndirilən şəxs yaranmış aliment borcunun alınaraq ona verilməsinə köməklik göstərilməsini xahiş etmişdir. Göstərilənlərə əsasən borclu Təqsirləndirilən şəxs qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini qərəzli olaraq icra etmədiyinə görə onun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306-cı maddəsilə cinayət məsuliyyətinə cəlb olunması məqsədəmüvafiq hesab edildiyi üçün Ədliyyə Nazirliyinin İstintaq idarəsinə müvafiq təqdimat göndərilmişdir. Hazırda aliment tam ödənilmişdir. 253820004 nömrəli cinayət işinin: 10-19-cu vərəqlərində olan Balakən Rayon Məhkəməsinin e-2(019)-85/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsindən görünür ki, iddia qismən təmin edilmiş, iddiaçı Zərərçəkmiş şəxs ilə cavabdeh Təqsirləndirilən şəxs arasında 18 fevral 2015-ci il tarixdə Balakən rayonu Talalar kənd İnzibati Ərazi dairəsi üzrə nümayəndəliyində 03 nömrə ilə qeydə alınmış nikah pozulmuş, nikah pozularkən tərəflərin birgə nikahından 19 oktyabr 2016-cı il tarixdə doğulmuş X5 və 07 dekabr 2018-ci il tarixdə doğulmuş X6 anası Zərərçəkmiş şəxs yanında saxlanılmışdır, ərizənin verildiyi 24 avqust 2023-cü il tarixdən başlayaraq 19 oktyabr 2016-cı il tarixdə doğulmuş X1 və 07 dekabr 2018-ci il tarixdə doğulmuş X3 yetkinlik yaşına çatana kimi saxlanılması üçün cavabdeh Təqsirləndirilən şəxs hər ay hər bir uşaq üçün 180 manat olmaqla hər ayda cəmi 360 manat sabit pul məbləğində aliment tutularaq iddiaçı Zərərçəkmiş şəxs ödənilməlidir. 24-cü vərəqində olan 15 yanvar 2024-cü il tarixli icraata başlamaq haqqında qərardan görünür ki, Balakən Rayon Məhkəməsinin 2(019)-85/2024 nömrəli, xx.xx.2024-cü il tarixli icra sənədi üzrə icraata başlanılmış, borclu Təqsirləndirilən şəxs dərhal icranı təmin etməyi təklif olunmuşdur. 25-ci vərəqində olan bildirişdən görünür ki, xx.xx.2024-cü il tarixdə tələbin könüllü icrası haqqında borcluya bildiriş göndərilmişdir. 38-43-cü vərəqlərində olan Balakən Rayon Məhkəməsinin 3(019)-381/2024 saylı xx.xx.2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs Balakən Rayon Məhkəməsinin e-2(019)-85/2024 saylı 12 yanvar 2024-cü il tarixli qətnaməsinin icrası ilə bağlı icra məmurunun qanuni tələblərini yerinə yetirmədiyinə görə Azərbaycan Respublikası İXM-nın 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək 08 gün müddətinə inzibati həbs edilmişdir 47, 77-78-ci vərəqlərində olan bildirişdən, xx.xx.2024-cü il və xx.xx.2025-ci il tarixli xəbərdarlıqlardan görünür ki, Təqsirləndirilən şəxs müəyyən edilmiş aylıq alimentin və yaranmış aliment borcunun ödənilməklə məhkəmə qətnaməsinin icrası tələb edilmiş, məsuliyyət diqqətinə çatdırılmışdır. 122-ci vərəqində olan Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən tərtib olunmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum edilməmişdir. 151-152-ci vərəqlərində olan 03 iyul 2025-ci il tarixli başqa yerə getməmək haqqında iltizam qətimkan tədbirinin seçilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. İş materiallarına əlavə olunan Zərərçəkmiş şəxs xx.xx.2025-ci il tarixli ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs ona borclu olduğu 5895 manat maddi ziyanı tam ödəmişdir. Ondan heç bir tələbi yoxdur. Cinayət işinə xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs ərizəsindən görünür ki, o zərərçəkmiş şəxsə vurduğu ziyanı tam ödəmiş, onunla barışmışlar. Buna görə də barəsində başladılan cinayət işinə xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini, hökmünü, qərardadını, qərarını və ya əmrini qərəzli olaraq icra etməmə və ya həmin məhkəmə aktlarının icrasına maneçilik törətməyə görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsində cinayət məsuliyyəti nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsinin şərh edilməsinə dair” 02 oktyabr 2012-ci il tarixli qərarında göstərilmişdir ki, məhkəmə aktlarını icra etməmə yalnız qərəzli olduqda CM-in 306-cı maddəsində nəzərdə tutulmuş cinayət tərkibini yaradır. İcra etməmə o halda qərəzli olur ki, təqsirkar şəxsə yazılı şəkildə xəbərdarlıq edildikdən sonra da məhkəmə aktının tələbini icra etmir və ya məhkəmə aktlarının icrasını mümkünsüz etməyə yönələn hərəkətlərini davam etdirir. X2 Məhkəməsinin Plenumu tərəfindən qərara alınmışdır ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306-cı maddəsində nəzərdə tutulmuş cinayət tərkibi məhkəmə aktını icra etməməsinə görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 313-1.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edildikdən sonra şəxs tərəfindən həmin icra sənədinin yenidən qərəzli olaraq icra edilmədiyi hallarda yaranır. Məhkəmə iş üzrə Təqsirləndirilən şəxs, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs, Şahid ifadələrini, iş materiallarına əlavə edilmiş sənədləri tam, hərtərəfli və obyektiv yoxlayıb, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliliyi üzrə qiymətləndirib, həmin sübutları inandırıcı, məntiqli olduqları, ziddiyyət təşkil etmədikləri, əksinə bir-biri ilə uyğun şəkildə işin faktiki hallarını təsdiq etdikləri üçün mötəbər sübutlar kimi qəbul edir. Məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 126.6-cı maddəsinin tələbinə əsasən təqsirləndirilən şəxsin ittiham olunduğu əməldə öz təqsirini etiraf etməsini iş üzrə bütün sübutların məcmuyu ilə təsdiq edildiyi üçün ona qarşı ittihamın əsası kimi qəbul edir. Məhkəmə Azərbaycan Respublikasının Konstitusiyasının 63-cü maddəsində təsbit edilmiş təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq, məhkəmə baxışında ittihamın baxılması nəticələrinə, məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslanaraq, tədqiq olunan sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq bu nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs ittiham olunduğu cinayət hadisəsi baş vermişdir. Həmin əməldə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsinin tərkibi vardır, həmin əməl təqsirləndirilən şəxs tərəfindən törədilmişdir, təqsirləndirilən şəxs həmin cinayətin törədilməsində təqsirlidir, onun cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Cinayət Məcəlləsinin 306.1-ci maddəsinin Qeyd hissəsinə görə bu Məcəllənin 306.1 və ya 306.2-ci maddələrində nəzərdə tutulmuş əməlləri törətmiş şəxs qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini, hökmünü, qərardadını, qərarını və ya əmrini həmin əməllərlə bağlı hökm qanuni qüvvəyə minənədək tam icra etdikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin: 40.3-cü maddəsinə əsasən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72.2-ci, 73.2-ci, 73.3-cü, 73-1.1-ci və 73- 1.2-ci maddələrində, habelə Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmır və ya ona xitam verilir. 43.1-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı aşağıdakı hallarda çıxarılır: 43.1.2. Bu Məcəllənin 39.1.4, 39.1.6–39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda. Məhkəmə işin hallarını, təqsirləndirilən şəxs məhkəmə qətnaməsi üzrə 5895,00 manat məbləğində aliment borcunu hökm çıxarılanadək tam ödədiyini, zərərçəkmiş şəxsin bu barədə ərizə təqdim etdiyini, qanunvericiliyin tələblərini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsində nəzərdə tutulan əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işi üzrə cinayət təqibinə Cinayət Məcəlləsinin 306-cı maddənin “Qeyd” hissəsinə əsasən xitam verilməli və Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməlidir. Azərbaycan Respubikası Cinayət-Prosessual Məcəlləsinin 156.4-cü maddəsinə əsasən cinayət işi üzrə icraata xitam verildiyi hallarda, şübhəli və ya təqsirləndirilən şəxs barəsində seçilmiş qətimkan tədbirləri xitam olunur. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv edilməlidir. “Müdafiəçilərə (vəkillərə), tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 fevral 2001-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2, 193.4-cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 11 manat məbləğində müəyyən edilmişdir. Balakən rayon Vəkil Bürosunun vəkili Müdafiəçi Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsinə məhkəmə icraatı zamanı 7 iş saatı sərf etmişdir. Məhkəmə hesab edir ki, dövlət büdcəsinin vəsaiti hesabından 77 manat tutulub vəkil Müdafiəçi ödənilməsi üçün Balakən rayon Vəkil Bürosunun hesabına köçürülməlidir. Yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası CPM-nin 321, 344- 347, 356 və 383-384-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsində nəzərdə tutulan əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işi üzrə cinayət təqibinə Cinayət Məcəlləsinin 306-cı maddəsinin “Qeyd” hissəsinə əsasən xitam verilsin və Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv edilsin. Təqsirləndirilən şəxs məhkəmə icraatı zamanı göstərilən hüquqi yardımla bağlı dövlət büdcəsinin vəsaiti hesabından 77 manat tutulub vəkil Müdafiəçi ödənilməsi üçün Balakən rayon Vəkil Bürosunun hesabına köçürülsün. Qərardan elan olunduğu andan 20 (iyirmi) gün müddətində Balakən Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Sədrlik edən: Arifə Cəfərova
Məhkəmə qərarları › İş №1(019)-69/2025
Balakən Rayon Məhkəməsi Qərar — İş №1(019)-69/2025
19.08.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver