Məhkəmə qərarları › İş №1(019)-70/2020

Balakən Rayon Məhkəməsi Hökm — İş №1(019)-70/2020

30.09.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Balakən Rayonu İş № 1(019)-70/2020 30.09.2020 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Səlimov Hümbət Qamuna oğlunun sədrliyi, məhkəmə iclas katibi X10 qızının katibliyi, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçi-fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi və Təqsirləndirilən şəxs iştirakları ilə Təqsirləndirilən şəxs-xx xxx 1969-cu ildə Balakən rayonu Qullar kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla orada yaşayan və barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Təqsirləndirilən şəxs xx xxxx 2020-ci il tarixdə Balakən rayonu Hənifə kəndi ərazisindəki “Mal bazarı”nın qarşısındakı yolun kənarından 1 ədəd kağız bükümün içərisində ayrı-ayrılıqda selofan bükümlərdə təmiz çəkiləri 0,109 qram və 0,127 qram olan şəxsi istehlak miqdarından artıq miqdarda yəni, ümumilikdə təmiz çəkisi 0,236 qram kustar üsulla hazırlanmış narkotik vasitə olan heroini taparaq satış məqsədi olmadan, qəsdən, qanunsuz olaraq əldə edib əynindəki şalvarın sağ yan cibində saxlamaqla daşımışdır. xx xxxx 2020-ci il tarixdə saat 11 radələrində Balakən rayon polis şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində Təqsirləndirilən şəxs Balakən RPŞ-nə dəvət edilərək şübhəli şəxs qismində tutulub üzərində şəxsi axtarış aparılarkən əynindəki şalvarın sağ yan cibindən şəxsi istehlak miqdarından artıq miqdarda həmin təmiz çəkisi 0,236 qram kustar üsulla hazırlanmış narkotik vasitə-heroin aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs həmin cinayət əməlini törətməsi məhkəmə iclasında özünün səmimi etirafedici ifadəsi, şahidlərin ifadələri və məhkəmə iclasında tədqiq olunan digər sübutlarla aşağıdakı qaydada tam sübuta yetirildi. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, hazırda rəsmi olaraq heç bir yerdə işləmir. Təxminən 7-8 ildir ki, narkotik vasitə istifadə edir. xx xxxx 2020-ci il tarixdə Balakən rayonu Hənifə kəndində yerləşən mal-qara satılan bazara getdiyi zaman bazarın qarşısındakı yolda 2 ədəd gümüşü rəngli kağız büküm diqqətini cəlb etdiyindən bükümü götürüb açmışdır. Həmin bükümlərin içərisində 3 ədəd ayrı-ayrı bükümlərdə narkotik vasitə olan heroin olduğunu görmüşdür. İki ədəd bükümdə olan maddənin rəngi qəhvəyi-sarı rəngli, digər 3cü bükümdə olan maddə isə ağ rəngli olmuşdur. Bükümün digərinin içərisində isə palçığa bulanmış halda siqaretə doldurularaq istifadə edilmək üçün üyüdülmüş tütün olmuş və həmin tütünü tullamışdır. O, narkotik olan bükümü üzərində saxlamış, həmin maddədən elə həmin gün, yəni xx xxxx 2020-ci il tarixdə 1 dəfə yaşadığı evdə sanitar qovşağında istifadə etmiş, qalanını isə yenə üzərində saxlamışdır ki, kimsənin bundan xəbəri olmasın. Ehtiyacı olanda istifadə edər. xx.xx.2020-ci il tarixdə səhər saatlarında Balakən şəhəri Heydər Əliyev prospekti ilə R.Əhmədzadə küçələrinin kəsişməsi istiqamətində piyada hərəkət edən zaman polis əməkdaşları ona yaxınlaşmışlar. Ona üzərində narkotik vasitə saxlamaqda şübhəli olduğunu bildirərək Balakən RPŞ-yə dəvət etmişlər. O, da polis əməkdaşlarına etiraz etmədən onlarla birlikdə Balakən RPŞ-yə gəlmişdir. O, qeyd etdiyi narkotik vasitəni əynində olan şalvarın sağ yan cibində saxlamışdır. Balakən rayon polis şöbəsində ona təqdim edilmiş vəkillərin siyahısından seçdiyi vəkil Müdafiəçi və polis əməkdaşlarının iştirakı ilə üzərinə video çəkiliş aparılmaqla şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarışa başlanmazdan əvvəl ona üzərində qanunsuz saxlanılan əşya, predmet və ya narkotik vasitənin olub-olmaması soruşulduqda cibində saxladığı kağız bükümü çıxarıb təqdim etmişdir. Bundan sonra üzərində şəxsi axtarış davam etdirilmişdir. Lakin başqa qanunsuz saxlanılan nə isə aşkar edilməmişdir. Polis əməkdaşları tərəfindən həmin kağız büküm içərisində olan 2 ədəd bükümün içərisində qəhvəyi sarı rəngli, digər, yəni üçüncü bükümün içərisində isə ağ rəngli toz halında narkotik vasitəyə oxşar maddənin olması aşkar edilmişdir. 1 ədəd bükümdə olan ağ rəngli narkotik vasitəyə oxşar maddə elektron tərəzidə çəkildikdə kağız bükümlə birlikdə çəkisinin 0,18 qram, içərisində sarı qəhvəyi rəngli maddələr olan bükümlər çəkildikdə kağız bükümlərlə birlikdə çəkiləri 0,17 qram və 0,15 qram olmuşdur. 3 ədəd kağız büküm bir ədəd ağ rəngli kağız zərfə qoyulmuş, üzəri möhürlənmiş, o və digər iştirakçılar tərəfindən zərfin üzəri imzalanmışdır. Bundan sonra şəxsi axtarış aparılmasına dair protokol tərtib edilmiş və ucadan oxunmuşdur. Protokola heç bir əlavə olmadığından digər iştirakçılarla birlikdə protokolun doğruluğunu imzalarla təsdiq etmişlər. Daha sonra yaşadığı evə baxış keçirilməsi üçün gedəcəklərini bildirmişlər. O, da baxış keçirilməsinə heç bir etirazının olmadığını demişdir. Bundan sonra yaşadığı Gərəkli kəndində yerləşən evinə baxış keçirilməyə başlanmışdır. Baxış zamanı yaşadığı evdə qanunsuz saxlanılan əşya, predmet və sairə aşkar edilməmişdir. Baxış keçirilməsinə dair protokol tərtib edilmiş və ucadan oxunmuşdur. Protokola heç bir əlavə və şikayət olmadığından digər iştirakçılarla birlikdə protokolun doğruluğunu imzalarla təsdiq etmişlər. Sonradan ekspert rəyi ilə tanış olan zaman ona məlum olmuşdur ki, üzərində aşkar edilmiş 1 ədəd kağız bükümün içərisindəki 2 ədəd bükümlərdə ayrı-ayrılıqda çəkiləri 0,109 qram və 0,127 qram olan narkotik vasitə heroin və çəkisi 0,137 qram olan psixotrop maddə metamfetamindir. O, metamfetamin adlı maddəni tanımır. Həmin maddə ağ rəngli olsa da, fərqli görünsə də onu narkotik vasitə olan heroinin bir növü hesab etmişdir. Ona görə də üzərində saxladığı maddənin hamısının narkotik vasitə olan heroin olduğunu bildirmişdir. Çünki həmin kağız bükümləri bir yerdə tapmış və tapdığı zaman da həmin bükümlərdə olan maddələrin narkotik vasitə olduğunu bilmişdir. O, üzərindən aşkar edilmiş narkotik vasitə və psixotrop maddənin hamısını narkotik vasitə olan heroin bilib özü istifadə etmək üçün üzərində saxlamışdır. O, üzərindən aşkar edilmiş narkotik vasitə və psixotrop maddəni özü bükümlərə ayırmamışdır. Həmin vəziyyətdə, yəni bükümlərin içərisində tapmışdır. O, heç vaxt narkotik vasitələrin satışı ilə məşğul olmamışdır. Üzərində narkotik vasitə və psixotrop maddə saxlamasından heç kimin məlumatı olmamışdır. Ona polis şöbəsində nə fiziki, nədə ki, psixi zor tətbiq edilməmişdir. Əməlindən çox peşimandır. Bir daha belə əməllərə yol verməyəcəkdir. Barəsində yüngül cəza təyin olunmasını xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, Balakən RPŞ-nin CAB-ın əməliyyat müvəkkili vəzifəsində xidmət edir. xx xxxx 2020-ci il tarixdə Balakən rayonu Gərəkli kənd sakini Təqsirləndirilən şəxs üzərində qanunsuz olaraq narkotik vasitə saxlaması barədə Balakən RPŞ-nə məlumat daxil olmuşdur. Həmin məlumatın yoxlanılması məqsədi ilə Təqsirləndirilən şəxs saxlanılaraq RPŞ-nə gətirilmiş və barəsində tədbir görülməsi məqsədilə RPŞ-nin rəhbərliyinə tərəfindən raportla müraciət edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs təhqiqatçı tərəfindən şübhəli şəxs qismində tutularaq hüquq və vəzifələri izah edildikdən sonra üzərində şəxsi axtarış aparılmağa başlanmışdır. Şəxsi axtarışa başlanmazdan əvvəl Təqsirləndirilən şəxs üzərində qanunsuz saxlanılan əşya və ya narkotik vasitə olub-olmaması soruşulduqda Təqsirləndirilən şəxs əynindəki şalvarın sağ yan cibindən 1 ədəd kağız büküm çıxardıb təqdim etmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış davam etdirilmiş, lakin qanunsuz saxlanılan hər hansı əşya və ya predmet aşkar edilməmişdir. Daha sonra Təqsirləndirilən şəxs təqdim etdiyi 1 ədəd büküm açıldıqda içərisində 3 ədəd ayrı-ayrı gümüşü ağ rəngli bükümlərin olması müəyyən edilmişdir. Bükümlərin 2 ədədinin içərisində qəhvəyi sarı rəngli, digər bükümün içərisində isə ağ rəngli toz halında narkotik vasitəyə oxşar maddənin olması aşkar edilmişdir. 1 ədəd bükümdə olan ağ rəngli narkotik vasitəyə oxşar maddə elektron tərəzidə çəkildikdə kağız bükümlə birlikdə çəkisinin 0,18 qram, içərisində sarı qəhvəyi rəngli maddələr olan bükümlər çəkildikdə kağız bükümlərlə birlikdə çəkiləri 0,17 qram və 0,15 qram olmuşdur. 3 ədəd kağız büküm bir ədəd ağ rəngli kağız zərfə qoyulub qablaşdırılaraq DİN-nin arayışlar üçün 185 nömrəli möhürü ilə möhürlənmişdir. Zərfin üzərini digər iştirakçılarla birlikdə imzalamışlar. Şəxsi axtarış aparılmasına dair protokol tərtib edilmiş və ucadan oxunmuşdur. Protokola heç bir əlavə, qeyd daxil olmadığından digər iştirakçılarla birlikdə protokolun doğruluğunu imzalarla təsdiq etmişlər. Daha sonra Təqsirləndirilən şəxs yaşadığı evə baxış keçirilməsi üçün yaşadığı ünvana getmişlər. Təqsirləndirilən şəxs baxış keçirilməsinə heç bir etirazının olmadığını demişdir. Bundan sonra Təqsirləndirilən şəxs yaşadığı ünvana baxış keçirilməyə başlanmışdır. Baxış zamanı yaşadığı evdə qanunsuz saxlanılan əşya, predmet və ya sair vasitə aşkar edilməmişdir. Baxış keçirilməsinə dair protokol tərtib edilmiş və ucadan oxunmuşdur. Protokola heç bir əlavə və qeyd daxil olmadığından digər iştirakçılarla birlikdə protokolun doğruluğunu imzalarla təsdiq etmişlər. Təqsirləndirilən şəxs həmin narkotik vasitələri yoldan tapıb öz istifadəsi üçün saxladığını bildirmiş, həmçinin əməliyyat yolu ilə onun narkotik vasitə və psixotrop maddəni satmaq məqsədi olması müəyyən edilməmişdir. İş üzrə şahid qismində dindirilmiş Balakən RPŞ-nin əməkdaşı Şahid2 Şahid1 ilə oxşar məzmunlu ifadə verərək onun göstərdiklərini təsdiq etmişdir. İşin 19-21-ci vərəqələrində olan və məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş baxış keçirilməsi barədə protokoldan görünür ki, xx xxxx 2020-ci il tarixdə Balakən şəhər sakini Təqsirləndirilən şəxs üzərində qanunsuz olaraq narkotik vasitə saxlaması barədə daxil olmuş əməliyyat məlumatı əsasında Təqsirləndirilən şəxs rayon polis şöbəsinə dəvət edilib şübhəli şəxs qismində tutulub həmin gün saat 11:55-dən 12:15-dək olan müddətdə üzərində şəxsi axtarış aparılmışdır. Şəxsi axtarışa başlamazdan əvvəl Təqsirləndirilən şəxs üzərində narkotik vasitə və digər qanunsuz olaraq saxladığı əşya, vasitə varsa könüllü təqdim etməsi təklif edilmişdir. Təqsirləndirilən şəxs isə üzərində narkotik vasitə olduğunu bildirərək şalvarının sağ ön cibindən 1 ədəd gümüşü kağız büküm çıxarıb təqdim etmişdir. Həmin bükümün içərisinə baxıldıqda 3 ədəd gümüşü ağ rəngli bükümlər olduğu müəyyən olunmuşdur. Bükümlərin 2 ədədinin içərisində qəhvəyi-sarı rəngli, 3-cü bükümün içərisində isə ağ rəngli toz halında narkotik vasitəyə oxşar maddə aşkar olunmuşdur. 1 ədəd bükümdə olan ağ rəngli narkotik vasitəyə oxşar maddə elektron tərəzidə çəkilərkən çəkisi 0,18 (sıfır tam yüzdə on səkkiz) qram, 2 ədəd içərisində qəhvəyi sarı rəngli maddə olan bükümlər çəkilərkən onlardan birinin çəkisi 0,17 (sıfır tam yüzdə on yeddi) qram, digərinin çəkisi isə 0,15 (sıfır tam yüzdə on beş) qram olduğu müəyyənləşmişdir. Təqsirləndirilən şəxs üzərinə axtarış davam etdirilərkən əlavə cinayət xarakterli qanunsuz olaraq saxlanılan əşya, vasitə aşkar edilməmişdir. Aşkar edilmiş 3 ədəd bükümlərdə olan narkotik vasitə heroinə oxşar maddələr 1 ədəd ağ rəngli kağız zərfə qoyularaq üzəri DİNnin arayışlar üçün 185 nömrəli möhürü ilə möhürlənmiş, üzəri iştirakçılar tərəfindən imzalanmış və maddi sübut kimi götürülmüşdür. Daha sonra şəxsi axtarış aparılmasına dair protokol tərtib edilmiş, iştirakçılar tərəfindən əlavə, şikayət və vəsatət daxil olmadığından imzalarla təsdiq edilmişdir. Şəxsi axtarış polis əməkdaşı Sadiq Vəzirov tərəfindən “Panasonic” markalı videokamera ilə qeydə alınmışdır. İşin 33-34-cü vərəqələrində olan və məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası X6 Bölməsindən alınmış xx xxxx 2020-ci il tarixli 17/451 nömrəli ekspert rəyindən görünür ki, tədqiqata təqdim olunmuş, üzərində "Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitə ..." sözləri yazılmış 01 (bir) ədəd zərfin içərisindəki 01 (bir) ədəd gümüşü ağ rəngli kağıza bükülmüş 02 (iki) ədəd gümüşü-ağ rəngli kağız bükümlərdə, ayrı-ayrılıqda təmiz çəkiləri 0,109 qram və 0,127 qram, ümumi təmiz çəkisi 0,236 qram olan maddələr kustar üsulla hazırlanmış narkotik vasitə heroinlərdir. 01 (bir) ədəd digər gümüşü ağ rəngli kağız bükümdə, təmiz çəkisi 0,137 qram olan maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Tədqiqata təqdim edilmiş 02 (iki) ədəd gümüşü-ağ rəngli kağız bükümlərdə olan heroinlər tərkiblərinə görə eynidirlər. Metamfetaminin təmiz çəkisi 0,137 qr., tədqiqata sərf edildi 0,050 qr., qalıq 0,087 qramdır. Heroinlərin ümumi təmiz çəkisi 0,236 qr., tədqiqata sərf edildi 0,050 qr., (hər ob.0,025 qr.) qalıq 0,186 qramdır. İşin 95-ci vərəqəsində olan və məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş X7 Gəncə şəhər ambulator məhkəmə-narkoloji ekspertizasından alınmış xx xxxxxx 2020-ci il tarixli 680 nömrəli rəydən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitə olan heroindən epizodik istifadə etmə halları olub. Narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı yoxdur. Narkoloji kabinetdə proflaktiki qeydiyyata alınması məsləhət görülür. İşin 14-cü vərəqəsində olan və məhkəmə iclasında elan olunmaqla tədqiq olunmuş xx xxxx 2020-ci il tarixli cinayət işi başlanana kimi şəxsi tutma protokolundan görünür ki, xx xxxx 2020-ci ildə saat 11:35-də Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuş və Balakən RPŞ-nin MSY-də saxlanılmışdır. İşin 58-59-cu vərəqələrində olan və məhkəmə istintaqında elan olunmaqla tədqiq edilən xx xxxx 2020-ci il tarixli qətimkan tədbirinin seçilməsi barədə qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilməsi qərara alınmış və qərar icra edilməsi üçün surəti Balakən RPŞ-nə göndərilmişdir. İşin 79-cu vərəqəsində olan və məhkəmə iclasında elan olunmaqla tədqiq olunmuş Balakən rayon İHB-nın şəhər inzibati ərazi dairəsi tərəfindən verilmiş xasiyyətnamədə Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. İşin 78-ci vərəqəsində olan və məhkəmə iclasında elan olunmaqla tədqiq olunmuş Balakən rayon İHB-nın şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəsi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli 2147 nömrəli arayışdan görünür ki, Təqsirləndirilən şəxs Balakən şəhəri Həsən Əliyev küçəsi-10 ünvanında yaşayır. İşin 78-ci vərəqəsində olan və məhkəmə iclasında elan olunmaqla tədqiq olunmuş Balakən rayon İHB-nın şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəsi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli 2148 nömrəli arayışdan görünür ki, Təqsirləndirilən şəxs himayəsində işləməyən arvadı vardır. İşdə olan və məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş Tərtər rayon Hacıqərvənd kənd İƏD üzrə nümayəndəliyi tərəfindən xx xxxxxxx 2018-ci il tarixdə verilmiş 140848 nömrəli doğum haqqında şəhadətnamədən görünür ki, X3 xx.xx.2012-ci ildə anadan olmuşdur. İşin 73-74-cü vərəqələrində olan və məhkəmə iclasında elan olunmaqla tədqiq olunmuş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən verilmiş tələbnamədən görünür ki,Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmuş, lakin onun həmin məhkumluqları ödənildiyindən o, hazırda məhkumluğu olmayan şəxsdir. Beləliklə məhkəmə iclasında tədqiq olunmuş mümkün və mötəbər sübutların məcmuyu ilə müəyyən edildi ki, Təqsirləndirilən şəxs qəsdən qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə əldə etmə, daşıma və saxlama cinayət əməlini törətmişdir. Eyni zamanda məhkəmə hesab edir ki, şəxsi istehlak miqdarında, təmiz çəkisi 0,136 qram kustar üsulla hazırlanmış psixotrop maddə-metamfetaminin aşkar edilərək götürülməsinin təqsirləndirilən şəxsə verilmiş ittihama daxil edilməsi əsassız olduğundan həmin müddəalar ittihamdan xaric edilməlidir. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” xx xxxx 2011-ci il tarixli 02 nömrəli qərarının 14cü bəndinə görə satış məqsədi olmadan narkotik vasitələrin və ya psixotrop maddələrin əldə edilməsi və saxlanılması cinayətinin tərkibinin mövcudluğu həll edilərkən də nəzərə alınmalıdır ki, CM-in 234.1-ci maddəsi ilə cinayət məsuliyyəti aşkar olunmuş narkotik vasitələrin və ya psixotrop maddələrin heç olmasa bir növünün miqdarı adı çəkilən siyahılarda bu növ üçün şəxsi istehlak miqdarından artıq miqdar daxil olmaqla yuxarı həddi göstərilmiş miqdardan çox olduqda yaranır. Aşkar edilmiş ayrı-ayrı növ narkotik vasitə, psixotrop maddələrin hər birinin miqdarı həmin siyahılarda göstərilənlərdən az olduqda isə belə məsuliyyət yaranmır (bir neçə növ narkotik vasitələrin miqdarlarının cəmi hər hansı növ maddə üçün həmin siyahılarda göstərilən miqdardan çox olduqda belə). Maddənin tərkibini bir necə növ narkotik vasitə (psixotrop maddə) təşkil etdikdə də narkotik vasitənin (psixotrop maddənin) miqdarı yuxarıda göstərilən qaydada müəyyən edilməlidir. Maddənin tərkibində olan narkotik vasitə sayılmayan maddələrin çəkisi isə nəzərə alınmamalıdır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 346-cı maddəsinin tələbinə uyğun olaraq təqsirləndirilən şəxsin əməlinin hüquqi tövsifi məsələsini müzakirə edərək qeyd edir ki, cinayət məsuliyyətinin əsaslarını müəyyənləşdirən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsində göstərilmişdir ki, yalnız Azərbaycan Respublikasının Cinayət Məcəlləsi ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyətini yaradır. Satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə və ya saxlamağa görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində cinayət məsuliyyəti nəzərdə tutulmuşdur. "Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi haqqında" Azərbaycan Respublikası Qanununun 1.0.5-ci maddəsinə görə narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi- Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələr, psixotrop maddələr və onların prekursorları ilə bağlı törədilən hər hansı hərəkətlərdir. Həmin Qanunun 1.0.9-cu maddəsinə görə narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi-həyata keçirilməsi üsulundan asılı olmayaraq, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlərdir. Həmin Qanunun 1.0.10-cu maddəsinə görə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması-məqsədindən asılı olmayaraq, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlərdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” xx xxxx 2011-ci il tarixli 02 nömrəli qərarının 4-cü bəndinə görə törədilmiş cinayət əməlinin CM-in 234.1-ci maddəsi ilə tövsif olunması yalnız təqsirkarın bu cinayətin predmetini şəxsi istehlak miqdarından artıq miqdarda əldə etməsi və saxlaması müəyyən edildikdə mümkündür. Narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak miqdarından artıq miqdarı “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə külli miqdarına görə siyahısının təsdiq edilməsi haqqında” xx xxxx 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə müəyyən olunmuşdur. Həmin siyahıda bu miqdar heroin üçün 0,15 qram və metamfetamin üçün 0,15 qram müəyyən edilmişdir. Məhkəmə təqsirləndirilən şəxsin və şahidlərin ifadələrini, dövlət ittihamçısının və müdafiəçinin çıxışlarını dinləyib, işdə olan ekspertiza rəylərini və digər sənədləri bilavasitə tədqiq edib, bu sübutları tam, hərtərəfli və obyektiv yoxlayıb, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü, mötəbərliliyi üzrə qiymətləndirib, Azərbaycan Respublikasının Konstitusiyasının 63-cü maddəsində təsbit edilmiş təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq, məhkəmə baxışında ittihamın baxılması nəticələrinə əsaslanaraq, tədqiq olunan sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq bu nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir, həmin əməldə Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin tərkibi vardır, həmin əməl təqsirləndirilən şəxs tərəfindən törədilmişdir, təqsirləndirilən şəxs həmin cinayətin törədilməsində təqsirlidir, onun cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir, əməlin cinayət olmasını aradan qaldıran hallar, təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur, təqsirləndirilən şəxs törətdiyi əmələ görə cəzalanmalıdır. Cinayət Məcəlləsinin cəzanın anlayışını və məqsədini müəyyən edən 41 -ci maddəsinə görə cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cinayət Məcəlləsinin 58.1 və 58.3-cü maddələrinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin xx xxxxxx 2017-ci il tarixli Sərəncamının 13.3 v. 13.4-cü bəndlərində məhkəmələrə tövsiyyə edilmişdir ki, cəzanın növü və həddi müəyyən edilərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyi əsas tutulmalı, cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirilməlidir. Sərəncamın 8-ci bəndində isə tövsiyyə edilmişdir ki, məhkəmələr tərəfindən cəzanın məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza tədbirlərinin tətbiqi genişləndirilsin. "Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 4 nömrəli, xx xxxx 2003-cü il tarixli Qərarının 1-ci bəndində məhkəmələrə izah edilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Qərarın 2-ci bəndində göstərilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Təqsirləndirilən şəxs himayəsində bir azyaşlı uşağının olması Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə əsasən cəzanı yüngülləşdirən haldır, onun əməlində Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulan cəzanıağırlaşdıran hallar yoxdur. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən ona hansı növ cəzanın təyin olunması məsələsinə baxaraq, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, yaşayış yeri üzrə müsbət cəhətdən xarakterizə olunmasını, cəzanı yüngülləşdirən halı, cəzanı ağırlaşdıran halların olmamasını, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, onun barəsində daha ciddi cəza növünün təyin edilməsi üçün əsasların olmamasını nəzərə alaraq belə nəticəyə gəlir ki, onun cəmiyyətdən təcrid edilmədən də islah olunması mümkündür. Odur ki, məhkəmə Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş həddə azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməsini qanuni, əsaslı və ədalətli hesab edir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 346.1.12-ci maddəsinə uyğun olaraq Təqsirləndirilən şəxs təyin ediləcək cəzanın çəkilməli olubolmaması məsələsinə baxaraq, işin hallarını, təqsirləndirilən şəxsin cəzadan azad edilməsi, yaxud barəsində Cinayət Məcəlləsinin 70-ci maddəsinin tətbiq olunması üçün əsasların olmamasını nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxs ona təyin ediləcək cəzanı çəkməlidir. Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini gecə vaxtı saat 22:00-dan növbəti gün səhər saat 07:00-a kimi tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Balakən rayonunun ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəməqərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəsini alana kimi dəyişdirilmədən saxlanmalıdır. Təqsirləndirilən şəxs narkoloji kabinetdə profilaktiki qeydiyyataalınmalıdır.Onun profilaktiki qeydiyyata alınması üçün hökmün surəti yaşayış yeri üzrə Balakən Rayon Mərkəzi X4 Şəxsinə göndərilməlidir. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri olan 71,94 (yetmiş bir manat doxsan dörd qəpik) manat Təqsirləndirilən şəxs tutulub Az. MEM; VÖEN **********; AZ34CTRE********************, Dövlət Xəzinədarlığı Agentliyi, KOD 210005, VÖEN ********** Müxbir hesab AZ41NABZ ******************** SWİFT BİK CTREAZ22 hesaba köçürülməlidir. İş üzrə maddi sübut kimi tanınmış və Balakən rayon polis şöbəsində saxlanılan Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş ekspert rəyindən sonra təmiz çəkisi 0,186 qram narkotik vasitə heroin məhv edilməlidir. İş üzrə maddi sübut olan bir ədəd CD diski cinayət işinin materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 346.1-ci və 346.1.19-cu maddələrinə uyğun olaraq məhkəmə müsadirə edilməli əmlakın olub-olmaması məsələsinə baxaraq, təqsirləndirilən şəxsin hazırkı cinayəti törətdiyi zaman cinayət yolu ilə hər hansı əmlak əldə etməməsini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulan xüsusi müsadirə edilməli olan əmlak mövcud deyildir. İş üzrə mülki iddia yoxdur. İş materiallarından həmçinin görünür ki, Balakən rayonunda fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi məhkəməyədək icraat zamanı Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsinə 29 iş saatı, məhkəmə icraatı zamanı isə 8 iş saatı sərf etmişdir. Azərbaycan Respublikası CPM-nin 193.2-193.3-cü maddələrinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Məhkəmə şübhəli və ya təqsirləndirilən şəxsin orta aylıq gəlirini, maddi, əmlak və ailə vəziyyətini, habelə digər halları nəzərə alaraq həmin şəxsin müdafiəçi tərəfindən göstərilən hüquqi yardımı ödəməkdən azad edilməsi və ödəmənin Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilməsi barədə əsaslandırılmış qərar qəbul edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin x xxx 2018-ci il tarixli, 202 №-li qərarı əsasında “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli,11 №-li qərarına edilmiş dəyişikliklərə uyğun olaraq təqsirləndirilən şəxslərin hüquqlarını müdafiə etmələrinə görə müdafiəçilərə hər iş saatı üçün 6 manat məbləğində haqq ödənilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəməyədək və məhkəmə icraat zamanı göstərilən hüquqi yardımla bağlı Azərbaycan Respublikası Dövlət büdcəsinin vəsaiti hesabından fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi nəfinə, «KAPİTALBANK» X5 Rekvizitləri: VÖEN **********, kod 200695, Müxbir hesab AZ37NAB013501**********1944, BİK AİİBAZ2x. hesabına 222 manat köçürülməlidir. Azərbaycan Respublikası CPM-nin 349-cü maddəsinin tələblərinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Məhkəmənin hökmü Azərbaycan Respublikası Konstitusiyasının, bu Məcəllənin, Azərbaycan Respublikasının cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir. Məhkəmənin hökmü məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə əsaslı hesab edilir. X1rşı iş üzrə qərarında Avropa Məhkəməsi göstərmişdir ki, məhkəmələr qərar qəbul edərkən hüququn aliliyinə əməl etməlidirlər. Hüququn aliliyinin əsas cəhətlərindən biri hüquqimüəyyənlikprinsipidir ki, onun tələbinə görə məhkəmələr yekun qərarı elə qəbul etməlidirlər ki, o mübahisə olunmasın. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356 və 384.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib 3 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Onun xx xxxx 2020-ci il tarixdən xx xxxx 2020-ci il tarixədək şübhəli şəxs qismində tutulub saxlandığı 02 (iki) gün müddətin hər bir günü Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən ona təyin edilən azadlığın məhdudlaşdırılması cəzasının 2 (iki) gününə bərabər hesablanmaqla həmin cəzadan çıxılsın və onun üzərində qəti olaraq 2 (iki) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlansın. Cəzasını yaşayış yeri üzrə çəksin. Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini axşam saat 22:00-dan növbəti gün səhər saat 07:00-a kimi tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Balakən rayonunun ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs narkoloji kabinetdə profilaktiki qeydiyyata alınsın. Onun profilaktiki qeydiyyata alınması üçün hökmün surəti yaşayış yeri üzrə Balakən Rayon Mərkəzi X4 Şəxsinə göndərilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəsini alana kimi dəyişdirilmədən saxlansın. İş üzrə 71.94 (yetmiş bir manat doxsan dörd qəpik) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutulub Az.MEM; VÖEN **********; AZ34CTRE********************, DövlətXəzinədarlığı Agentliyi, KOD 210005, VÖEN ********** Müxbir hesab AZ41NABZ ******************** SWİFT BİK CTREAZ22 hesaba köçürülsün. İş üzrə maddi sübut kimi tanınmış və Balakən rayon polis şöbəsində saxlanılan Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş ekspert rəyindən sonra təmiz çəkisi 0,186 qram narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut olan bir ədəd CD diskləri cinayət işinin materiallarında saxlansın. Hökmün icrası Balakən rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs məhkəməyədək və məhkəmə icraatı zamanı göstərilən hüquqi yardımla bağlı Azərbaycan Respublikası Dövlət büdcəsinin vəsaiti hesabından fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi nəfinə, «KAPİTALBANK» X5 Rekvizitləri: VÖEN **********, kod 200695, Müxbir hesab AZ37NAB013501**********1944, BİK AİİBAZ2x. hesabına 222 manat köçürülsün. Hökmün surəti 0,137 qram kustar üsulla hazırlanmış psixotrop maddə - metafetaminə aid hissədə Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsinin tərkib əlamətlərinin olması məsələsinə baxılması üçün Balakən rayon prokuroruna göndərilsin. Hökmdən elan olunduğu andan (həbsdə olan məhkum hökmün surəti ona verildiyi andan) 20 gün müddətində Balakən Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apellyasiya şikayəti və ya protesti verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən H.Q.Səlimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar