Azərbaycan Respublikası adından HÖKM Balakən Rayonu İş № 1(019)-71/2023 07.06.2023 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Səlimov Hümbət Qamuna oğlunun sədrliyi, məhkəmə iclas katibi X2 katibliyi, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin rayon (şəhər) məhkəmələrində dövlət ittihamı müdafiəsi üzrə şöbəsinin prokuroru vəzifəsini icra edən, İİ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, müdafiəçi-Balakən Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə TƏQSİRLƏNDİRİLƏN ŞƏXS- xx.xx.1969-cu ildə Balakən rayonu Mahamalar kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işləməyən, Şəki Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2016-cı il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 237.2.3-cü maddəsi ilə təqsirli bilinərək 04 il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, məhkumluğu ödənilməyən, ünvan 1 ünvanda yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Təqsirləndirilən şəxs 2022-ci ilin oktyabr ayının əvvəllərində Balakən rayonu Mahamalar kəndinin ərazisindən axan Silban çayının kənarında olarkən yerdən bir ədəd sellofan bükümdə taparaq qəsdən, satış məqsədi olmadan, qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda, təmiz çəkisi 45,42 qram olan tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitəqurudulmuş marixuananı əldə edib əynindəki qara rəngli gödəkçənin sağ yan cibinə qoymaqla daşıyaraq şəxsi istehlakı məqsədi ilə üzərində saxlamışdır. 17 mart 2023-cü il tarixdə Balakən RPŞ-nin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Əliyev X1 RPŞ-yə dəvət edilərək şübhəli şəxs qismində tutulub üzərində həmin gün saat 22:00-dan 22:40-dək olan müddət ərzində şəxsi axtarış keçirilərkən qəsdən, satış məqsədi olmadan, qanunsuz olaraq, şəxsi istehlak miqdarından artıq miqdarda şəxsi istehlakı məqsədi ilə əldə edib daşıyaraq üzərində saxladığı bir ədəd sellofan bükümdə təmiz çəkisi 45,42 qram olan tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış həmin narkotik vasitə- qurudulmuş marixuana əynindəki qara rəngli gödəkçənin sağ yan cibindən aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs həmin cinayət əməlini törətməsi məhkəmə iclasında aşağıdakı qaydada tam sübuta yetirildi. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək göstərdi ki, ünvan 2 ünvanında ailəsi ilə birlikdə yaşayır.Heç bir yerdə işləmir. Şəki Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2016-cı il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 237.2.3-cü maddəsi ilə təqsirli bilinərək 04 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. O, əvvəllər narkotik vasitə qəbul etsə də hazırda narkotik vasitə qəbul etmir.xx.xx.2023-cü il tarixdə axşam radələrində Balakən rayonu Mahamalar kəndinin ərazisində olduğu zaman mülki geyimdə olan polis əməkdaşları ona yaxınlaşaraq özlərini təqdim edərək üzərində narkotik vasitə saxlamaqda şübhəli olduğunu bildirərək onu polis şöbəsinə dəvət etmişlər. Polis əməkdaşları ilə birlikdə polis şöbəsinə gəlmişdir. Həmin vaxt onun üzərində narkotik vasitə olmamışdır. lakin Polis Şöbəsində onu döyərək cibinə narkotik vasitə qoymuşlar. Sonra isə onun haqqında cinayət işi başlanmışdır.Cinayət işi yekunlaşanda o, döyülməsi barədə Balakən rayon prokurorluğuna ərizə vermişdir. Lakin cinayət işinin başlanması rədd edilmişdir. Ailə vəziyyətini nəzərə alaraq ona azadlığın məhdudlaşması növündə cəza təyin edilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, Balakən RPŞ-nin CAB-nin baş əməliyyat müvəkkili vəzifəsində işləyir.xx.xx.2023-cü il tarixdə Balakən şəhər sakini Təqsirləndirilən şəxs narkotik vasitələr qəbul etməsi və mütəmadi olaraq üzərində narkotik vasitələr gəzdirməsi barədə Balakən RPŞ-nin CAB-na əməliyyat məlumatlarının daxil olmasını, həmin şəxsin xx.xx.1969-cu ildə Balakən rayonu Mahamalar kəndində anadan olmuş, Balakən şəhəri Z.Əliyeva küçəsində qeydiyyatda olan və yaşayan, əvvəllər Azərbaycan Respublikası CM-nin 237.2.3-cü maddəsi ilə məhkum olunmuş Təqsirləndirilən şəxs olmasının müəyyən edilməsini Balakən RPŞ-nin rəisinə raportla məruzə edib bildirərək daxil olmuş əməliyyat məlumatının yoxlanılması məqsədilə narkotik vasitələr qəbul etməkdə və mütəmadi olaraq üzərində narkotik vasitələr gəzdirməkdə şübhəli olan Təqsirləndirilən şəxs ətrafında müvafiq əməliyyat tədbirlərinin keçirilməsinə icazə istəmişdir. RPŞ rəisinin göstərişinə əsasən onun tərəfindən təxirəsalınmaz əməliyyat tədbirlərinin keçirilməsinə dair qərar qəbul edilmişdir və RPŞ-nin PPXB-nin polis nəfəri, polis serjantı Şahid2 iştirakı ilə onun rəhbərliyi altında əməliyyat qrupu yaradılmışdır. 17 mart 2023-cü il tarixdə axşam radələrində RPŞ-nin PPXB-nin polis nəfəri, polis serjantı Şahid2 ilə birlikdə keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələr qəbul etməkdə və mütəmadi olaraq üzərində narkotik vasitələr gəzdirməkdə şübhəli olan Balakən şəhər sakini Əliyev X1 rayonun Mahamalar kəndində aşkar olunaraq onların tərəfindən əməliyyat müşahidəsinə götürülmüşdür. Təqsirləndirilən şəxs yaxınlaşıb üzərində narkotik vasitələr saxlamaqda şübhəli olduğunu bildirərək üzərində şəxsi axtarış aparılması üçün Balakən RPŞ-yə dəvət edilərək gətirilmişdir. xx.xx.2023-cü il tarixdə Balakən RPŞ-də şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs üzərində həmin gün saat 22 radələrində şəxsi axtarış aparılmasında iştirak etmişdir. Şəxsi axtarışda ondan başqa təhqiqatçı Qasım Hüseynov, şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs, Təqsirləndirilən şəxs hüquqlarını müdafiə edən vəkil Müdafiəçi, RPŞ-nin PPXB-nin polis nəfərləri Şahid2 və Arif Ağcayev də iştirak etmişlər. Şəxsi axtarış başlayarkən təhqiqatçı tərəfindən şübhəli şəxs Təqsirləndirilən şəxs üzərində qanunsuz olaraq saxladığı əşya, predmet və ya narkotik vasitəyə bənzər kütlənin olub-olmaması barədə sual verildikdə Təqsirləndirilən şəxs əynindəki qara rəngli qış gödəkçəsinin sağ yan cibindən bir ədəd sellofan bükümü çıxardıb masanın üzərinə qoymuşdur. Şübhəli şəxs Təqsirləndirilən şəxs təhqiqatçının suallarına cavab olaraq təqdim etdiyi bir ədəd sellofan bükümdə narkotik vasitə- “nəşə” olduğunu, üzərində qanunsuz başqa heç bir şeyin olmadığını, təqdim etdiyi narkotik vasitəni oktyabr ayında çayın kənarında kolun içində həmin sellofan bükümdə tapdığını, tapdığı həmin narkotik vasitənin üzərindən götürüb istifadə etdiyini və həmin narkotik vasitədən hər hansı bir şəxsə satmadığını bildirmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi 01 ədəd sellofan bükümdəki narkotik vasitə-qurudulmuş marixuanaya oxşar bitki kütləsi elektron tərəzidə çəkilərkən sellofan ilə birlikdə çəkisi 49,68 qram olmuşdur. Aşkar edilmiş bir ədəd sellofan bükümdə olan qurudulmuş marixuanaya bənzər bitki kütləsi sellofan ilə birlikdə bir ədəd kağız zərfdə qablaşdırılaraq möhürlənib maddi sübut kimi götürülmüşdür. Şəxsi axtarış zamanı şübhəli şəxs Təqsirləndirilən şəxs üzərindən başqa heç bir qanunsuz əşya və ya predmet aşkarlanmamışdır. Şəxsi axtarış fasiləsiz olaraq videokamera vasitəsi ilə qeydə alınmışdır.Şəxsi axtarış barədə protokol tərtib edilmişdir və iştirakçılar tərəfindən imzalanmışdır. O, həmçinin göstərdi ki, Təqsirləndirilən şəxs Balakən rayon Polis Şöbəsində onun tərəfindən, yaxud digər polis əməkdaşları tərəfindən heç bir fiziki və psixi zorakılıq tətbiq olunmamışdır.Onun üzərində şəxsi axtarış müdafiəçisinin iştirakı ilə keçirilmişdir. Həmin vaxt o cinayət əməlini səmimi etiraf etmiş, onun heç bir şikayəti və narazılığı olmamışdır. Təqsirləndirilən şəxs döyülməsi, cibinə narkotik qoyulması barədə göstərdikləri yalandır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 Şahid1 ilə eyni məzmunlu ifadə verərək onun ifadəsində göstərdiyi xüsusatları təsdiq etmişdir. İşin 23-26-cı vərəqələrində olan və məhkəmə iclasında elan edilməklə tədqiq edilmiş 17 mart 2023-cü il tarixli şübhəli şəxsin üzərində şəxsi axtarış aparılması barədə protokoldan görünür ki, şəxsi axtarış Balakən RPŞ-nin inzibati binasında xx.xx.2023-cü il tarixdə saat 22:00-dan 22:40-dək olan müddət ərzində keçirilmişdir. Şəxsi axtarış zamanı aşağıdakılar müəyyən olunmuşdur: Şəxsi axtarış daxil olmuş məlumat əsasında Balakən RPŞ-nə dəvət olunmuş Təqsirləndirilən şəxs üzərində aparılmışdır. Təqsirləndirilən şəxs əynində qara rəngli gödəkçə, boz rəngli pulover, göy rəngli cins şalvar və qış ayaqqabısı vardır. Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmamışdan əvvəl ona üzərində hər hansı qeyri-qanuni əşya, predmet və narkotik vasitə olub-olmaması barədə sual verildikdə Təqsirləndirilən şəxs əynində olan qara rəngli gödəkçənin sağ yan cibindən 01 ədəd sellofan bükümü çıxarmaqla masanın üzərinə qoymaqla təqdim etmişdir. Təqsirləndirilən şəxs həmin bükümün içərisində nə olması barədə sual verildikdə sellofan bükümün içərisində narkotik vasitə-marixuana olduğunu bildirmiş, həmçinin həmin narkotik vasitəni öz istifadəsi üçün üzərində saxladığını demişdir. Bundan sonra Təqsirləndirilən şəxs təqdim etdiyi sellofan bükümün içərisini açıb baxdıqda içərisində tünd-yaşıl rəngli spesifik iyə malik olan narkotik vasitəyə oxşar bitki kütləsinin olması müəyyən edilmişdir. Aşkar olunmuş sellofan bükümdə narkotik vasitə-qurudulmuş marixuanaya bənzər bitki kütləsi sellofan büküm ilə birlikdə elektron tərəzidə ölçüldükdə çəkisi 49,68 qram təşkil etmişdir. Bundan sonra həmin sellofan büküm içərisindəki narkotik vasitə-qurudulmuş marixuanaya oxşar kütlə ilə birlikdə 01 ədəd ağ rəngli kağız zərfdə qablaşdırılmışdır və maddi sübut kimi təhqiqatçı Qasım Hüseynov tərəfindən götürülmüşdür. Həmin zərfin üzəri təhqiqatçı tərəfindən möhürlənmiş və bütün iştirakçılar tərəfindən imzalanmışdır. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən hər hansı bir qeyri-qanuni əşya və predmet aşkar edilməmişdir.Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs narkotik vasitəyə bənzər kütləni haradan əldə etməsi barədə sual verildikdə təxminən 2022-ci ilin oktyabr ayında Mahamalar kənd ərazisindən keçən Silban çaya balıq tutmağa getdiyi zaman taparaq əldə etdiyini bildirmişdir. Şəxsi axtarış Balakən RPŞnin PPXB-nin polis nəfəri, polis baş serjantı Arif Ağcayev tərəfindən “Panaconic” markalı videokamera ilə qeydə alınmışdır.Tərtib olunmuş protokol təhqiqatçı tərəfindən ucadan oxunmuşdur, hər hansı şikayət və vəsatət daxil olmamışdır və protokol iştirakçılar tərəfindən imzalarla təsdiq olunmuşdur. Şəxsi axtarış zamanı qeydə alınmış videogörüntülərin köçürüldüyü 01 ədəd DVD disk protokola əlavə edilmişdir. Şəxsi axtarış zamanı qeydə alınmış videogörüntülərin köçürüldüyü 01 ədəd DVD diskinə məhkəmə iclas zalında baxış keçirilmiş, protokolda qeyd edilənlərin düzgün qeyd edildiyi müəyyən edilmişdir. İşin 39-40-cı vərəqələrində olan və məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza X10 Bölməsinin 18 mart 2023-cü il tarixli 17/263 nömrəli ekspert rəyində göstərilmişdir: Tədqiqata təqdim olunmuş, üzərində “Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitəyə bənzər kütlə...” sözləri, adlar və imzalar yazılmış zərfin içərisindəki 01 (bir) ədəd sellofan bükümdə, təmiz çəkisi -45,42 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə- qurudulmuş marixuanadır. Qurudulmuş marixuana 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr siyahısı”na daxildir (İ siyahı). İşin 91-ci vərəqəsində olan və məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Gəncə şəhər Səhiyyə İdarəsinin Rayonlararası Narkoloji Dispanserinin Məhkəmə-Narkoloji ekspert komissiyasının 05 aprel 2023-cü il tarixli 562 nömrəli rəyində qeyd edilmişdir ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan kannabinoidlərdən istifadə nəticəsində narkomaniya xəstəliyindən əzab çəkir.Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. İşin 16-cı vərəqəsində olan və məhkəmə iclasında elan olunmaqla tədqiq olunmuş 17 mart 2023-cü il tarixli “şübhəli şəxsin tutulması haqqında” protokoldan görünür ki, 14 mart 2023-cü ildə saat 21:40-da Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuş və Balakən RPŞ-nin MSY-də saxlanılmışdır. İşin 62-65-ci vərəqələrində olan 19 mart 2023-cü il tarixli qətimkan tədbiri seçilməsi barədə qərardan və təqsirləndirilən şəxsin müvəqqəti saxlama yerindən azad edilməsi haqqında aktdan görünür ki, Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş və o, 19 mart 2023-cü il tarixdə saat 19:00-da Balakən rayon PŞ-nin MSY-dən azad edilmişdir. İşin 81-ci vərəqəsində olan və məhkəmə iclasında elan olunmaqla tədqiq olunmuş Balakən rayon İHB-nin şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəsi tərəfindən verilmiş 29 mart 2023-cü il tarixli 626 nömrəli arayışdan görünür ki, Əliyev X1 şəhəri Z.Əliyeva küçəsi 12 ünvanında yaşayır. İşin 82-ci vərəqəsində olan və məhkəmə iclasında elan olunmaqla tədqiq olunmuş Balakən rayon İHB-nin şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəsi tərəfindən verilmiş 29 mart 2023-cü il tarixli 627 nömrəli arayışdan görünür ki, Əliyev X1 şəhəri Z.Əliyeva küçəsi 12 ünvanında yaşayır, himayəsində, qardaşları ,qardaşı uşaqları, işləməyən arvadı, xx.xx.2006-cı il təvəllüdlü qızı Aydan, xx.xx.2008-ci il təvəllüdlü oğlu Əlixan vardır. İşin 118-ci vərəqəsində olan və məhkəmə iclasında elan olunmaqla tədqiq olunmuş Balakən rayon İHB-in şəhər inzibati ərazi dairəsi tərəfindən verilmiş xasiyyətnamədə Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur, barəsində nümayəndəliyə heç bir şikayət daxil olmadığı göstərilir. İşin 72-78-ci vərəqələrində olan və məhkəmə iclasında elan olunmaqla tədqiq olunmuş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi BƏSİİ tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Şəki Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2016-cı il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 237.2.3-cü maddəsi ilə təqsirli bilinib 04 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Şəki Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarı ilə 02 ay 29 gün vaxtından əvvəl şərti azad olunmuş,xx.xx.2020-ci ildə cəza müddəti başa çatdığından şöbədən qeydiyyatdan çıxarılmışdır. İşin 87-88-ci vrəqələrində olan və məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş Şəki Ağır Cinayətlər Məhkəməsinin 31 oktyabr 2016-cı il tarixli 1(091)-145/2016 nömrəli hökmün surətindən görünür ki, həmin hökmlə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 237.2.3-cü maddəsi ilə təqsirli bilinib 04 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. İşin 95-97-ci vərəqələrində olan və məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş Şəki Rayon Məhkəməsinin 19 mart 2020-ci il tarixli 7(075)-59/2020 nömrəli qərarından görünür ki,Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Müəssisəsində cəza çəkən məhkum Təqsirləndirilən şəxs cəzadan şərti olaraq vaxtından əvvəl azad edilməsinə dair ərizəsi təmin edilərək o, cəzadan şərti olaraq iki ay iyirmi doqquz gün vaxtından əvvəl azad edilmişdir. İş materiallarına əlavə edilmiş Balakən rayon prokurorunun köməkçisi vəzifəsi üzrə stajor X4 cinayət işinin başlanmasının rədd edilməsi haqqında 24 may 2023-cü il tarixli qərarından görünür ki, Balakən Rayon Polis Şöbəsinin baş əməliyyat müvəkkili X6,Şahid1, Balakən RPŞ-in PPXB-in polis serjantı Balakən RPŞ-in PPXB-in manqa komandiri polis baş serjantı X7 əməllərində Təqsirləndirilən şəxs işgəncə verilməsi,onu qəddar ,qeyri insani ,yaxud ləyaqəti alçaldan rəftara məruz qoymaları xüsusatında Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 293.1 və 293.2-ci maddələrində nəzərdə tutulan cinayətlərin tərkib əlamətləri müəyyən edilmədiyindən cinayət işinin başlaması rədd edilmişdir. Məhkəmə iş üzrə şahidlər- Şahid1 və Şahid2 ifadələrini, ekspertiza rəylərini, məhkəmə və ibtidai istintaq hərəkətlərinin protokollarını və sair sənədləri tam, hərtərəfli və obyektiv yoxlayıb, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliliyi üzrə qiymətləndirib, həmin sübutları inandırıcı, məntiqli olduqları, ziddiyyət təşkil etmədikləri, əksinə bir-biri ilə uyğun şəkildə işin faktiki hallarını təsdiq etdikləri üçün mötəbər sübutlar kimi qəbul edir. Narkotik vasitənin ona məxsus olmaması, Polis Şöbəsində döyülməsi, narkotik vasitənin cibinə qoyulması barədə Təqsirləndirilən şəxs məhkəmə iclasında göstərdiyi xüsusatlar iş materialları ilə (ibtidai istintaq zamanı müdafiəçinin iştirakı ilə verdiyi ifadələr, şübhəli şəxs qismində üzərində axtarış aparılarkən qeydə alınmış video görüntü, Balakən rayon prokurorluğunun 24 may 2023-cü il tarixli qərarı və s. ) təkzib olunduğundan məhkəmə onun bu ifadəsini cinayət məsuliyyətindən yaxa qurtarmağa hesablanmış, özünü müdafiə məqsədi ilə verilmiş ifadə hesab edərək sübut kimi qəbul etmir. Təqsirləndirilən şəxs məhkəmə baxışında verdiyi ifadəsindən fərqli olaraq ibtidai istintaq zamanı verdiyi bütün ifadələrində göstərmişdir ki, təxminən 20 ildir ki, narkotik vasitə olan qurudulmuş marixuanadan istifadə edir. 2022-ci ilin oktyabr ayının əvvəllərində (dəqiq tarixi xatırlamır) Balakən rayonu Mahamalar kəndinin ərazisindən axan Silban çayının kənarına balıq tutmağa getdiyi zaman həmin çayın kənarında yerdə bir ədəd sellofan büküm olduğunu görmüşdür. Tapdığı sellofan bükümü yerdən qaldırıb açıb baxdıqda sellofan bükümün içərisində narkotik vasitə olan qurudulmuş marixuana olduğunu aşkarlamışdır. Özü narkotik vasitə olan qurudulmuş marixuana aludəçisi olduğundan həmin narkotik vasitəni tanımışdır və gələcəkdə istifadə etmək üçün həmin vaxtı əynində olan qara rəngli gödəkçənin sağ yan cibinə qoyub üzərində saxlamışdır. Həmin vaxtdan sonra tapdığı narkotik vasitənin üzərindən götürüb istifadə etmək istəsə də fürsət tapıb narkotik vasitədən istifadə edə bilməmişdir. xx.xx.2023-cü il tarixdə axşam radələrində Balakən rayonu Mahamalar kəndinin ərazisində olduğu zaman mülki geyimdə olan polis əməkdaşları ona yaxınlaşaraq özlərini təqdim edərək üzərində narkotik vasitə saxlamaqda şübhəli olduğunu bildirərək onu polis şöbəsinə dəvət etmişlər. Polis əməkdaşları ilə birlikdə polis şöbəsinə gəlmişdir. Balakən RPŞ-də ona təqdim edilmiş vəkillər siyahısından dövlət hesabına hüquqlarını müdafiə etmək üçün seçdiyi vəkil Müdafiəçi və polis əməkdaşlarının iştirakı ilə üzərində şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış aparılmazdan əvvəl ona üzərində hər hansı bir qeyri-qanuni əşya və ya predmetin olub-olmaması barədə sual verildikdə əynindəki qara rəngli qış gödəkçəsinin sağ yan cibinə qoyduğu bir ədəd sellofan bükümdə olan narkotik vasitə–qurudulmuş marixuananı çıxardıb polis əməkdaşlarına təqdim etmişdir. Təqdim etdiyi narkotik vasitə üzərindəki sellofan büküm ilə birlikdə təhqiqatçı tərəfindən elektron tərəzidə çəkilərkən çəkisi 49,68 qram təşkil etmişdir. Həmin narkotik vasitə-qurudulmuş marixuana sellofan büküm ilə birlikdə 01 ədəd kağız zərfdə qablaşdırılıb polis əməkdaşları tərəfindən götürülmüşdür.Bundan başqa polis əməkdaşları tərəfindən üzərində şəxsi axtarış aparılan zaman başqa heç bir qanunsuz əşya, vasitə və ya predmet aşkarlanmamışdır. Şəxsi axtarış polis əməkdaşı tərəfindən videokamera vasitəsi ilə fasiləsiz olaraq qeydə alınmışdır. Protokol tərtib olunmuşdur və iştirakçılar tərəfindən imzalanmışdır. Hüquqlarını müdafiə edən vəkil Müdafiəçi iştirakı ilə Azərbaycan Respublikası ƏN MEM X13 tərəfindən verilmiş ekspert rəyi ilə tanış olduğu zaman ona məlum olmuşdur ki,üzərindən bir ədəd sellofan bükümdə aşkarlanmış kütlə təmiz çəkisi 45,42 qram olan tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə- qurudulmuş marixuanadır. Ekspert rəyi ona mahiyyəti üzrə izah olunmuşdur, aydındır, ekspert rəyi ilə razıdır. Təqsirləndirilən şəxs həmçinin ona verilmiş suallara cavab olaraq bildirmişdir ki, 20 ildir ki, mütəmadi olaraq narkotik vasitə olan qurudulmuş marixuanadan istifadə edir. Narkotik vasitə aludəçisidir. Həmin narkotik vasitəni özü istifadə etmək üçün üzərində saxlamışdır. Narkotik vasitələrin satışı ilə məşğul olmur. Özü narkotik vasitə aludəçisi olduğuna görə üzərində narkotik vasitə saxlamışdır. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsi iş materialları ilə təsdiq olunduğundan məhkəmə onun ibtidai istintaq zamanı verdiyi həmin ifadəsini sübut kimi qəbul edir. Beləliklə məhkəmə iclasında tədqiq olunmuş mümkün və mötəbər sübutların məcmuyu ilə müəyyən edildi ki, Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitəni əldə etmiş, saxlamış və daşımışdır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 346-cı maddəsinin tələbinə uyğun olaraq təqsirləndirilən şəxsin əməlinin hüquqi tövsifi məsələsinə baxaraq qeyd edir ki, cinayət məsuliyyətinin əsaslarını müəyyənləşdirən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsində göstərilmişdir ki, yalnız Azərbaycan Respublikasının Cinayət Məcəlləsi ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyətini yaradır. Satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə və ya saxlamağa görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində cinayət məsuliyyəti nəzərdə tutulmuşdur. "Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi haqqında" Azərbaycan Respublikası Qanununun 1.0.5-ci maddəsinə görə narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi- Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələr, psixotrop maddələr və onların prekursorları ilə bağlı törədilən hər hansı hərəkətlərdir. Həmin Qanunun 1.0.9-cu maddəsinə görə narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi-həyata keçirilməsi üsulundan asılı olmayaraq, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlərdir. Həmin Qanunun 1.0.10-cu maddəsinə görə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması-məqsədindən asılı olmayaraq, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlərdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 04 mart 2011-ci il tarixli 02 nömrəli qərarının 4-cü bəndinə görə törədilmiş cinayət əməlinin CM-in 234.1-ci maddəsi ilə tövsif olunması yalnız təqsirkarın bu cinayətin predmetini şəxsi istehlak miqdarından artıq miqdarda əldə etməsi və saxlaması müəyyən edildikdə mümkündür. Narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak miqdarından artıq miqdarı “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə külli miqdarına görə siyahısının təsdiq edilməsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə müəyyən olunmuşdur. Həmin siyahıda bu miqdar heroin üçün 0,15 qram müəyyən edilmişdir. Məhkəmə təqsirləndirilən şəxsin və şahidlərin ifadələrini, dövlət ittihamçısının və müdafiəçinin çıxışlarını dinləyib, Azərbaycan Respublikasının Konstitusiyasının 63-cü maddəsində təsbit edilmiş təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq, məhkəmə baxışında ittihamın baxılması nəticələrinə, məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslanaraq, tədqiq olunan sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq bu nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Həmin əməldə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin tərkibi vardır, həmin əməl təqsirləndirilən şəxs tərəfindən törədilmişdir, təqsirləndirilən şəxs həmin cinayətin törədilməsində təqsirlidir,onun cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir, əməlin cinayət olmasını aradan qaldıran hallar, təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur, təqsirləndirilən şəxs törətdiyi əmələ görə cəzalanmalıdır. Cinayət Məcəlləsinin cəzanın anlayışını və məqsədini müəyyən edən 41-ci maddəsinə görə cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cinayət Məcəlləsinin 58.1 və 58.3-cü maddələrinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. “Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr və dəyişikliklər edilməsi barədə” 11 iyun 2004-cü il tarixli 688-İİQD saylı Azərbaycan Respublikası Qanununun 3-cü hissəsinin 9-cu bəndinin və 4-cü hissəsinin 7-ci bəndinin Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin 9-cu hissəsinə uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 yanvar 2005-ci il tarixli Qərarında qeyd olunur ki, istənilən məhkəmə aktının qanuni və əsaslı hesab olunması üçün mütləq şərtlərdən biri onun ədalətli olmasıdır, çünki, ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir. "Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 4 nömrəli, 25 iyun 2003-cü il tarixli Qərarının 1-ci bəndində məhkəmələrə izah edilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Qərarın 2-ci bəndində göstərilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar yoxdur, onun əməlində cəzanı ağırlaşdıran hal cinayətlərin residividir. Belə ki, Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə görə qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Cinayət Məcəlləsinin 83.3.4-cü maddəsinə əsasən ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində-onlar cəzanı çəkib qurtardıqları gündən 6 il keçdikdə onların məhkumluqları ödənilmiş hesab olunur. İş materiallarından göründüyü kimi Təqsirləndirilən şəxs Şəki Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2016-cı il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 237.2.3cü maddəsi ilə təqsirli bilinib 04 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Şəki Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarı ilə 02 ay 29 gün vaxtından əvvəl şərti azad olunmuş,xx.xx.2020-ci ildə cəza müddəti başa çatdığından şöbədən qeydiyyatdan çıxarılmış,o,məhkumluğu ödənilmədən, yəni cəzadan azad edildiyi vaxtdan 6 il keçməmiş hazırkı cinayət əməlini törətmişdir. Ona görə də onun əməli cinayətlərin residivini yaradır. Cinayət Məcəlləsinin 65.1-65.2-ci maddələrinə görə residivə, təhlükəli residivə və xüsusilə təhlükəli residivə görə cəza təyin edilərkən əvvəllər törədilmiş cinayətlərin sayı, xarakteri, ağırlığı və nəticələri, əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına səbəb olan hallar, habelə yeni cinayətin xarakteri, ağırlığı və nəticələri nəzərə alınır. Residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən ona hansı növ cəzanın təyin olunması məsələsinə baxaraq, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, yaşayış yeri üzrə müsbət cəhətdən xarakterizə olunmasını, cəzanı ağırlaşdıran halı, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, eyni zamanda onun cəmiyyətdən təcrid edilmədən islah olunmasının mümkün olmayacağını nəzərə alaraq ona CM-in 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan həddə, Cinayət Məcəlləsinin 65-ci maddəsinin tələbləri nəzərə alınmaqla azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsini qanuni, əsaslı və ədalətli hesab edir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 346.1.12-ci maddəsinə uyğun olaraq Təqsirləndirilən şəxs təyin ediləcək cəzanın çəkilməli olubolmaması məsələsinə baxaraq, işin hallarını, təqsirləndirilən şəxsin cəzadan azad edilməsi, yaxud barəsində Cinayət Məcəlləsinin 70-ci maddəsinin tətbiq olunması üçün əsasların olmamasını nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxs ona təyin ediləcək cəzanı çəkməlidir. Təqsirləndirilən şəxs hazırkı əməli cinayətlərin residivini yaratdığından və əvvəllər azadlıqdan məhrumetmə növündə cəza çəkdiyindən Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə uyğun olaraq o, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli həbsə alındığı gündən hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri dəyişdirilərək, onun barəsində həbs qətimkan tədbiri seçilməli, o, məhkəmə iclas zalında həbs edilməli, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alana kimi dəyişdirilmədən saxlanmalıdır. Ekspert rəyinə əsasən Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı olduğundan CM-in 93.1.2-ci maddəsinə əsasən ona narkomaniyadan məcburi müalicə təyin edilməli və o narkomaniyadan məcburi müalicə olunmalıdır. O,narkoloji kabinetdə profilaktiki qeydiyyata alınmalı və onun profilaktiki qeydiyyata alınması üçün hökmün surəti yaşayış yeri üzrə Balakən Rayon Mərkəzi X8 Şəxsinə göndərilməlidir. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 35.97 (otuz beş manat doxsan yeddi qəpik) manat Təqsirləndirilən şəxs tutulub Az. MEM; VÖEN **********; AZ34CTRE********************, X3, KOD 210005, VÖEN ********** Müxbir hesab AZ41NABZ ******************** SWİFT BİK CTREAZ22 hesaba köçürülməlidir. İş üzrə maddi sübut kimi tanınmış və Balakən rayon Polis şöbəsinin saxlanc anbarında saxlanılan, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş, ekspert rəyindən sonra təmiz çəkisi 45,37 qram olan narkotik vasitə-qurudulmuş marixuana hökm qanuni qüvvəsini aldıqdan sonra tam həcmdə məhv edilməlidir. İş üzrə maddi sübut olan bir ədəd DVD disk cinayət işinin materiallarında saxlanmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 346.1-ci və 346.1.19-cu maddələrinə uyğun olaraq məhkəmə müsadirə edilməli əmlakın olub-olmaması məsələsinə baxaraq, təqsirləndirilən şəxsin hazırkı cinayəti törətdiyi zaman cinayət yolu ilə hər hansı əmlak əldə etməməsini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulan xüsusi müsadirə edilməli olan əmlak mövcud deyildir. İş üzrə mülki iddia yoxdur. İş materiallarından həmçinin görünür ki, Balakən rayon Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmə icraat zamanı Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsinə 10 iş saatı sərf etmişdir. Azərbaycan Respublikası CPM-nin 193.2-193.3-cü maddələrinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Məhkəmə şübhəli və ya təqsirləndirilən şəxsin orta aylıq gəlirini, maddi, əmlak və ailə vəziyyətini, habelə digər halları nəzərə alaraq həmin şəxsin müdafiəçi tərəfindən göstərilən hüquqi yardımı ödəməkdən azad edilməsi və ödəmənin Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilməsi barədə əsaslandırılmış qərar qəbul edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 3 may 2018-ci il tarixli, 202 №-li qərarı əsasında “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli,11 №-li qərarına edilmiş dəyişikliklərə uyğun olaraq təqsirləndirilən şəxslərin hüquqlarını müdafiə etmələrinə görə müdafiəçilərə hər iş saatı üçün 6 manat məbləğində haqq ödənilməlidir. Məhkəmə hesab edir ki,Təqsirləndirilən şəxs məhkəmə icraatı zamanı göstərilən hüquqi yardımla bağlı Azərbaycan Respublikası Dövlət büdcəsinin vəsaiti hesabından 60 manat tutulub vəkil Müdafiəçi ödənilməsi üçün Balakən rayon Vəkil Bürosunun nəfinə, "xxxx" X9 Rekvizitləri: VÖEN **********, kod 201382, Müxbir hesab AZ37NABZ013501**********1944 hesaba köçürülməlidir. Azərbaycan Respublikası CPM-nin 349-cü maddəsinin tələblərinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Məhkəmənin hökmü Azərbaycan Respublikası Konstitusiyasının, bu Məcəllənin, Azərbaycan Respublikasının cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir. Məhkəmənin hökmü məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə əsaslı hesab edilir. Kondraşinanın Rusiya Federasiyasına qarşı iş üzrə qərarında Avropa Məhkəməsi göstərmişdir ki, məhkəmələr qərar qəbul edərkən hüququn aliliyinə əməl etməlidirlər. Hüququn aliliyinin əsas cəhətlərindən biri hüquqi müəyyənlik prinsipidir ki, onun tələbinə görə məhkəmələr yekun qərarı elə qəbul etməlidirlər ki, o mübahisə olunmasın. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356 və 384.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin, 1(bir) il 6 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin.Onun 17 mart 2023-cü il tarixdən 19 mart 2023-cü il tarixədək şübhəli şəxs qismində tutulub saxlandığı 02 (iki) gün müddət Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən təyin edilmiş cəzanın müddətinə hesablanmaqla həmin cəzadan çıxılsın və üzərində qəti olaraq 1(bir) il 5 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrumetmə cəzası saxlansın. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəza çəkmə müddətinin əvvəli 07 iyun 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs CM-in 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin edilsin və o, narkomaniyadan məcburi müalicə olunsun. Təqsirləndirilən şəxs ərazi narkoloji kabinetində profilaktiki qeydiyyata alınsın, onun ərazi narkoloji kabinetində profilaktiki qeydiyyata alınması üçün hazırki hökmün surəti yaşayış yeri üzrə Balakən Rayon Mərkəzi X8 Şəxsinə göndərilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri dəyişdirilərək,onun barəsində həbs qətimkan tədbiri seçilsin. O, məhkəmə iclas zalında həbs edilsin, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alana kimi dəyişdirilmədən saxlansın. 35.97 (otuz beş manat doxsan yeddi qəpik) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutulub Az. MEM; VÖEN **********; AZ34CTRE********************, X3, KOD 210005,VÖEN ********** Müxbir hesab AZ41NABZ ******************** SWİFT BİK CTREAZ22 hesaba köçürülsün. İş üzrə maddi sübut kimi tanınmış və Balakən Rayon Polis şöbəsinin saxlanc anbarında saxlanılan,Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş, ekspert rəyindən sonra təmiz çəkisi 45,37 qram olan narkotik vasitə-qurudulmuş marixuana hökm qanuni qüvvəsini aldıqdan sonra tam həcmdə məhv edilsin. İş üzrə maddi sübut olan bir ədəd DVD diski cinayət işinin materiallarında saxlansın. Təqsirləndirilən şəxs məhkəmə icraatı zamanı göstərilən hüquqi yardımla bağlı Azərbaycan Respublikası Dövlət büdcəsinin vəsaiti hesabından 60 manat tutulub vəkil Müdafiəçi ödənilməsi üçün Balakən rayon Vəkil Bürosunun nəfinə, "xxxx" ASC-in X9 Rekvizitləri: VÖEN-**********, kod 201382, Müxbir hesab AZ37NABZ013501**********1944 hesaba köçürülsün. Hökmdən elan olunduğu andan (həbsdə olan məhkum hökmün surəti ona verildiyi andan) 20 gün müddətində Balakən Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apellyasiya şikayəti və ya protesti verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən Hümbət Səlimov
Məhkəmə qərarları › İş №1(019)-71/2023
Balakən Rayon Məhkəməsi Hökm — İş №1(019)-71/2023
07.06.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver