Məhkəmə qərarları › İş №1(019)-72/2021

Balakən Rayon Məhkəməsi Hökm — İş №1(019)-72/2021

29.10.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Balakən Rayonu İş № 1(019)-72/2021 29.10.2021 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Tahirov Zamin Cəbrayıl oğlunun sədrliyi, məhkəmə iclas katibi Qədirov İbadullah Şamil oğlunun katibliyi, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı1, müdafiəçi-Balakən rayon Vəkil Bürosunun vəkili-Müdafiəçi və Təqsirləndirilən şəxs iştirakı ilə xx xxxxxx 1976-cı il tarixdə Balakən rayonu Qullar kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs, məhkum olunmamış, Balakən şəhəri, R.Əhmədzadə küçəsi, ev 8-də qeydiyyatda olan və həmin ünvanda daimi yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş- Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası CM) 139-1.1-ci maddəsilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs qəsdən karantin rejimini pozmaqla xəstəliklərin yayılması üçün real təhlükə yaratma cinayət əməlini törətmişdir. Belə ki o, “Covid-19” virusuna yoluxaraq 14 gün ərzində, yəni 20.04.2021-ci il tarixdən 04.05.2021-ci il tarixədək evdən çıxmadan ev şəraitində müalicə almalı olduğu halda və bu barədə xüsusi qaydada məlumatlandırılmaqla ona xəbərdarlıq edilməsinə baxmayaraq, 25 aprel 2021-ci il tarixdə saat 17 radələrində piyada hərəkət edib küçəyə çıxaraq, yaşadığı və “Covid-19” virusundan müalicə aldığı Balakən şəhəri, R.Əhmədzadə küçəsi, ev 8 ünvanını əsaslı səbəb olmadan icazəsiz tərk edib insanların intensiv hərəkət etdiyi Heydər Əliyev prospektinə gedərək qəsdən karantin rejimini pozmaqla “Covid-19” xəstəliyinin yayılması, o cümlədən birbaşa ünsiyyətdə olduğu oğlu Şahid3 yoluxmasına real təhlükə yaradaraq, insanların sıx olduğu və intensiv hərəkət etdiyi, ictimai yer olan Balakən şəhəri, Heydər Əliyev prospekti və R.Əhmədzadə küçəsinə çıxmış, 25 aprel 2021-ci il tarixdə saat 17:20 radələrində Balakən RPŞ-nin əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs ictimai yer olan Balakən şəhəri, Heydər Əliyev prospektindən R.Əhmədzadə küçəsindəki evinə qayıdarkən aşkar edilmişdir. Təqsirləndirilən şəxs həmin cinayət əməlini törətməsi məhkəmə iclasında özünün səmimi etirafedici ifadəsi, şahidlərin ifadələri və məhkəmə iclasında tədqiq olunan digər sübutlarla aşağıdakı qaydada tam sübuta yetirildi. Belə ki, məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 139-1.1-ci maddəsilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək, ifadəsində göstərdi ki, əvvəllər məhkum olunmamış, hər hansı psixi xəstəliklər keçirməmişdir. Azərbaycan Respublikası CM-nin 139-1.1-ci maddəsinin mahiyyətini anlayır və həmin maddədə nəzərdə tutulan cinayət əməlini törətməkdə özünü təqsirli sayır. Heç bir yerdə işləmir.1998-ci il tarixdə ailə həyatı qurmuşdur. Birgə ninahdan iki oğlan övladı dünyaya gəlmişdir. X2 22 fevral 2000-ci il təvəllüdlü, digəri Şahid3 xx xxx 2005-ci il təvəllüdlüdür.Həyat yoldaşı X8 2017-ci il tarixdə vəfat etmişdir. O, iki oğlu ilə birlikdə qeyd etdiyi ünvanda yaşayır. 16.04.2021-ci il tarixdə özünün Covid-19 xəstəliyinə yoluxması ilə bağlı şübhələnərək, Balakən Rayon Mərkəzi Xəstəxanasında analiz vermiş, 19.04.2021-ci il tarixdə onun istifadəsində olan ***-***-**-** saylı mobil telefon nömrəsinə mesaj gəlmiş və bu xəbərdarlıq mesaji olmuşdur. Həmin mesajla verdiyi analizin cavabı pozitiv olduğu, yəni Covid-19 xəstəliyinə yoluxması müəyyən edildiyi üçün ona yaşadığı ünvanı tərk etməmək barədə xəbərdarlıq edilmişdir. Həmçinin mesajda yaşadığı evi tərk etdiyi halda qanunvericiliklə müəyyən edilmiş qaydada məxsuliyyət daşıması qeyd edilmişdir. 25.04.2021-ci il tarixdə o, evdə tək olmuş, ərzaq almaq lazım gəlmiş, ona görə oğlu Tahirə zəng vurmuş, lazım olan ərzaqları almasını və küçəyə gətirməsini tapşırmışdır. Oğlu Tahir ərzaqları almış və ona zəng edib, ərzaqları ona vermək üçün küçəyə gəlməyini bildirmişdir. O, evdən çıxaraq 10-15 metr aralanmış və oğlundan ərzaqları götürüb geri qayıdanda, arxadan onu bir nəfərin çağırdığını və 2 nəfər polisin qaçaraq, ona yaxınlaşdığını görmüşdür. Həmin polis əməkdaşları ondan ad və soyadını soruşmuş və o, ilkin olaraq qorxmuş, həyəcanlanmış və buna görə də ad və soyadını inkar etmişdir. Daha sonra 10-15 addım irəliləmiş və evinə çatmışdır. Polis əməkdaşı səsinin tonunu ucaldaraq, dəfələrlə ona ərzaq lazım olduğu təqdirdə onların gətirəcəyini, nə üçün evdən çölə çıxmasını bildirmişdir. O heç bir söz deməmiş və evin qapısına çatanda, qapını açmaq istəyərkən polis əməkdaşları əvvəlcə onun qapını açıb içəri girməsinə icazə verməmişdir. Sonra o, qapını açıb həyətə girmişdir. Daha sonra isə polis əməkdaşlarını həyətə dəvət etmişdir. Onlar həyətə girməmiş və o da qapını arxadan bağlayıb, evə girmişdir. Ona Covid-19 diaqnozu qoyulduğu və oğlunun evə girməyini istəmədiyi üçün ondan ərzağı küçədə qəbul etmişdir. Oğlu Tahir uşaqlarla parka getdiyindən o, gecikməsin deyə özü qarşısına çıxıb ərzağı ondan götürmüşdür. Oğlu Tahirin gətirdiyi ərzağı götürmək üçün R.Əhmədzadə küçəsinin Heydər Əliyev prospekti ilə kəsişdiyi yerə çıxmış və oğlundan gətirdiyi içərisində ərzaq olan sellofan torbaları götürmüşdür. O, sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxsdir. Əməlindən peşimandır. İlk dəfədir ki, cinayət əməli törədir və himayəsində bir yetkinlik yaşına çatmayan uşaq vardır. Barəsində yüngül cəza tətbiq olunmasını xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Balakən Rayon Polis Şöbəsinin Post Patrul Xidməti Bölüyünün (bundan sonra Balakən RPŞ PPXB) komandiri vəzifəsində xidmət edən, polis mayoru Şahid1 ifadəsində göstərdi ki, 25.04.2021-ci il tarixdə saat təxminən 17:20 radələrində “Covid-19” virusuna yoluxaraq yaşadığı evi tərk etmədən müalicə almalı olan Balakən şəhəri, R.Əhmədzadə küçəsi, ev 8 ünvanında yaşayan Təqsirləndirilən şəxs evdən çıxaraq, Balakən şəhəri, Heydər Əliyev prospekti ilə piyada hərəkət etməsi barədə aldığı məlumat əsasında Balakən RPŞ-nin PPXB-nin polis nəfəri, polis serjantı Şahid2la birlikdə Balakən RPŞ-yə aid “Chevrolet Niva” markalı, **-AP-*** dövlət qeydiyyat nişanlı avtomobillə həmin istiqamətə getmiş, onlar Balakən şəhəri, Heydər Əliyev prospekti ilə hərəkətdə olduqları zaman Təqsirləndirilən şəxs Heydər Əliyev prospekti ilə hərəkət edərək, Balakən şəhəri, R.Əhmədzadə küçəsinə döndüyünü görmüşlər.Onun yanına çatdıqda avtomobildən düşərək, ona yaxınlaşmışlar. Təqsirləndirilən şəxs özünün kimliyini gizlətməyə çalışmış, adının Mirvari olmadığını, Məmmədova Arzu olduğunu bildirmişdir. Lakin portal xidməti vasitəsilə yoxladıqlarına və fotoşəklinə baxdıqlarına görə həmin şəxsin Təqsirləndirilən şəxs olduğu onlara məlum olmuşdur. Təqsirləndirilən şəxs koronavirus xəstəsi olduğu halda nə üçün yaşayış yerini tərk etdiyini soruşduqda o, ilkin olaraq xəstəxanaya xəstəlik əlamətləri olub müraciət etdiyini, sonradan isə özündə hər hansı xəstəlik hiss etmədiyini, evinin yaxınlığına çıxıb ona gətirilən ərzağı götürüb evə qayıtdığını bildirmişdir. Təqsirləndirilən şəxs onlara əsəbi formada cavablar verib, öz hərəkətlərinə haqq qazandırmağa çalışmışdır. Daha sonra Təqsirləndirilən şəxs yaşadığı evin həyət qapısını açıb, həyətinə daxil olub, qapını arxadan bağlamışdır. Təqsirləndirilən şəxs aşkar edib avtomobildən düşdükdən sonra telefonun videokamerası vasitəsilə videoçəkiliş aparmışdır. Videoçəkiliş zamanı Təqsirləndirilən şəxs ilə söhbət aparmışdır. Təqsirləndirilən şəxs gördükləri zaman yanında əlavə kimsə olmamışdır. Həmçinin ona kimsənin içərisində ərzaq olan sellofan torbaları verdiyini görməmişdir. Onlar Təqsirləndirilən şəxs görəndə onun əlində sellofan torbalar olmuşdur. Mirvarini görüb avtomobildən düşdükdən və onun Təqsirləndirilən şəxs olmasına tam əmin olduqdan sonra mobil telefonun videokamerası ilə videoçəkiliş aparmağa başlamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Balakən RPŞ-nin PPXB-nin polis nəfəri, polis serjantı Şahid2 da şahid qismində dindirilmiş Balakən RPŞ-nin PPXB-nün komandiri, polis kapitanı Şahid1 ifadəsində göstərdiklərini təsdiq etməklə onun ifadəsinə uyğun ifadə vermişdir. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdarlıq olunmasına baxmayaraq, iş üzrə yetkinlik yaşına çatmayan Şahid3 məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası CPM) 317.1-ci maddəsinə əsasən bu Məcəllənin 226.1-226.3-cü maddələrinin müddəalarına uyğun olaraq məhkəmə iclasına çağrılmış şahid, ekspert və mütəxəssisdən hər hansı biri məhkəmə iclasına gəlmədikdə, məhkəmə növbə ilə cinayət prosesi tərəflərindən hər birinin fikrini dinlədikdən sonra məhkəmə baxışının davam etdirilməsi və ya onun təxirə salınması haqqında qərar çıxarır. Göstərilən şəxslərdən hər hansı birinin gəlməməsi cinayət təqibi ilə bağlı olan bütün halların hərtərəfli, tam və obyektiv tədqiq edilməsinə mane olmadıqda məhkəmə baxışı davam etdirilə bilər. Azərbaycan Respublikası CPM-nin 329.1-ci maddəsinə əsasən şahid tərəfindən məhkəməyədək icraat, davam edən məhkəmə baxışı zamanı əvvəllər keçirilmiş məhkəmə iclasında və ya cari məhkəmə iclasında verilmiş ifadələrin şahidin məhkəmə iclasında iştirakı olmadan elan edilməsinə, habelə həmin ifadələrin audio yazısının səsləndirilməsinə, video və kino çəkilişinin göstərilməsinə yalnız şahidin məhkəmə baxışına gəlməsini istisna edən səbəblərə görə, həmçinin bu Məcəllənin 327.1-ci maddəsində nəzərdə tutulmuş digər hallarda yol verilir. Azərbaycan Respublikası CPM-nin 327.1.2-ci maddəsinə əsasən məhkəmə baxışı təqsirləndirilən şəxsin iştirakı olmadan aparıldıqda təqsirləndirilən şəxsin məhkəməyədək icraat zamanı, davam edən məhkəmə baxışı zamanı əvvələr keçirilmiş məhkəmə iclasında və ya cari məhkəmə iclasında verdiyi ifadələr və həmin ifadələrin audio yazısı, video və ya kino çəkilişi elan edilə və ya göstərilə bilər. Məhkəmə, yuxarıda göstərilən qanun normalarına istinad edib, ittiham və müdafiə tərəflərinin razılığını nəzərə alaraq, hazırki iş üzrə Şahid3 ibtidai istintaqda şahid qismində verdiyi ifadəsinin elan olunmasını zəruri hesab edir. Məhkəmə iclasında qanuni nümayəndəsinin iştirakı ilə ibtidai istintaqda şahid qismində verdiyi ifadəsi elan olunmuş Şahid3 ifadəsində göstərdi ki, ünvan 3 ünvanında anası Təqsirləndirilən şəxs və qardaşı X7 ilə birlikdə yaşayır. Qardaşı Əli hazırda müvəqqəti olaraq təhsil alması ilə bağlı Bakı şəhərində yaşayır. 19.04.2021-ci il tarixdə anası Mirvarinin “Covid 19” analizinin nəticəsi pozitiv çıxdığına görə 20.04.2021-ci il tarixdən ev şəraitində karantinə alınmışdır. Həmin vaxt o, nənəsi X1 evində qalmışdır. Anasının “Covid 19” testinin nəticəsi pozitiv çıxıdığına görə virusun yoluxma ehtimalı ola biləcəyindən həmin vaxtdan sonra anasının ev şəraitində müailicə aldığı evə getməmişdir. 25.04.2021ci il tarixdə anası ona telefonla zəng edərək, ərzaq alıb aparıb verməsini xahiş etmişdir. O da anasının qeyd etdiyi ərzaqları almış, anasına evə gəlib çatdığını bildirmiş, o, çatanadək anası onu qarşılamaq üçün öz küçələrinin, yəni Balakən şəhəri, R.Əhmədzadə küçəsinin başlanğıcına, küçənin Heydər Əliyev prospekti ilə kəsişməsinə çıxmışdır. O, ərzaqları yolda anasına verib, orada taksiyə əyləşib, Heydər Əliyev parkına getmişdir. Sonradan məlum olmuşdur ki, anası ondan ərzaq torbalarını götürdükdən sonra küçə ilə evə tərəf gedən zaman polis əməkdaşları görmüşlər. O, ərzağı aparıb verib geri qayıdan zaman polis əməkdaşlarına rast gəlməmiş, onları görməmişdir. İş materiallarında olan diskdə olan videogörüntülərə baxış keçirilməsi haqqında 11 iyun 2021-ci il tarixli protokoldan görünür ki, 25.04.2021-ci il tarixdə saat 17:20 radələrində Təqsirləndirilən şəxs Balakən şəhəri, Heydər Əliyev prospektindən R.Əhmədzadə küçəsindəki evinə qayıtdığı zaman Balakən RPŞ-nin əməkdaşları tərəfindən aşkar edildiyi vaxt qeyd alınmış videogörüntüləri əks etdirən 01 ədəd DVD diskə 11.06.2021-ci il tarixdə baxış keçirilmiş və müvafiq protokol (diskdə olan videogörüntülərə baxış keçirilməsi haqqında) tərtib edilmişdir. Baxış zamanı videogörüntüdə Təqsirləndirilən şəxs Balakən şəhəri, R.Əhmədzadə küçəsi ilə piyada hərəkət etdiyi, polis əməkdaşlarının ona yaxınlaşaraq, salamlaşaraq, adının Mirvari olub-olmadığını soruşması, Təqsirləndirilən şəxs isə adının Mirvari olmadığını bildirməsi, polis əməkdaşının ona koronavirus xəstəsi olduğunu bildirərək, nə üçün yaşayış yerini tərk etməsini soruşduqda isə Təqsirləndirilən şəxs özünün xəstə olmadığını, ona uşağının gətirdiyi ərzağı götürmək üçün küçəyə çıxdığını qeyd etməsi, həmin küçədə yerləşən yaşadığı evin həyət qapısını açması, özünü Məmmədova Arzu ad, soyadı ilə təqdim etməsi, polis əməkdaşlarının dayanmaq, gözləmək barədə tələblərini yerinə yetirmədiyi, həyət qapısından içəri əlindəki içərisi dolu halda sellofan torbaları qoyması, daha sonra həyət qapısına yaxınlaşaraq, polis əməkdaşlarını qınaması, özündə yalnız bir gün qızdırma, üşütmə hiss edib analiz verdiyini, Covid 19 xəstəsi kimi qeydiyyatda olmasını təsdiq etməsi, polis əməkdaşlarının bu barədə müvafiq sənədləşdirmə aparılacağı barədə xəbərdarlığı, Təqsirləndirilən şəxs onlara həyətə keçərək söhbət etməyi təklif etməsi, polis əməkdaşlarının bundan imtina etməsi, həmçinin videoçəkiliş aparılan zaman insanların piyada və avtomobillə həmin küçə ilə hərəkəti əks olunmuşdur. İş materiallarında olan Balakən rayonunda aktiv koronavirus xəstələri haqqında məlumatda Təqsirləndirilən şəxs 19.04.2021-ci il tarixdə koronavirus xəstəliyinə yoluxduğu və ailədə 1 nəfərdə yeni yoluxmanın olduğu qeyd edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası İcbari Tibbi Sığorta Üzrə X6 Ərazi Bölmələrini İdarəetmə Birliyi Balakən Rayon X4 Hüquqi Şəxsinin 04.05.2021-ci il tarixli, 70 №-li məktubunda göstərilmişdir ki, Balakən şəhəri, R.Əhmədzadə küçəsində yaşayan 1976-cı il təvəllüdlü Təqsirləndirilən şəxs 16.04.2021-ci il tarixdə xsətəxanaya müraciət etmiş, ona Rentgen cavabı iki tərəfli pnevmaniya diaqnozu qoyulmuş, Covid-19 analizi vermiş, 19.04.2021-ci il tarixdə analizin cavabı pozitiv olmuş, 20.04.2021-ci idl tarixdə xəstə evdə nəzarətə götürülmüşdür. 14 gün ev şəraitində müalicə almışdır. Ailə həkimi Ustayeva Elmira. Hər gün həkim xəstə ilə telefon əlaqəsi saxlamışdır. 04.05.2021-ci il tarixdə xəstənin karantin müddəti bitmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi BƏSİİ tərəfindən verilmiş tələbnamə üzrə 16.05.2021-ci il tarixli, 5 saylı arayışdan görünür ki, Təqsirləndirilən şəxs məhkum olunmamışdır. İş materiallarında olan Balakən RPŞ-nin İB-nin müstəntiqinin sübutların qiymətləndirilməsi və əmələ hüquqi qiymət verilməsi haqqında 25 iyun 2021-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs Balakən şəhəri, Heydər Əliyev prospektindən Rüfət Əhmədzadə küçəsindəki evinə qayıdarkən polis əməkdaşları tərəfindən aşkar edilərək qeydə alınmış videogörüntüləri özündə əks etdirən 01 ədəd DVD diski sübut növü kimi qiymətləndirilmiş və cinayət işinin materiallarına əlavə edilmişdir. İş materiallarından həmçinin görünür ki, Təqsirləndirilən şəxs himayəsində xx.xx.2005ci il təvəllüdlü Şahid3 olmaqla bir yetkinlik yaşına çatmayan uşaq vardır. Beləliklə, məhkəmə iclasında tədqiq olunmuş mümkün və mötəbər sübutların məcmuyu ilə müəyyən edildi ki, Təqsirləndirilən şəxs qəsdən karantin rejimini pozmaqla xəstəliklərin yayılması üçün real təhlükə yaratma cinayət əməlini törətmişdir. Məhkəmə Azərbaycan Respublikası CPM-nin 346-cı maddəsinin tələbinə uyğun olaraq Təqsirləndirilən şəxs əməlinin hüquqi tövsifi məsələsini müzakirə edərək qeyd edir ki, cinayət məsuliyyətinin əsaslarını müəyyənləşdirən Azərbaycan Respublikası CM-nin 3cü maddəsində göstərilmişdir ki, yalnız Azərbaycan Respublikasının CM ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyətini yaradır. Azərbaycan Respublikası CM-nin 139-1.1-ci maddəsində epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və ya karantin rejimlərinin pozulması xəstəliklərin yayılmasına səbəb olduqda və ya xəstəliklərin yayılması üçün real təhlükə yaratdıqda cinayət məsuliyyəti nəzərdə tutulmuşdur. Məhkəmə təqsirləndirilən şəxsin və şahidlərin ifadələrini, dövlət ittihamçısının və müdafiəçinin çıxışlarını dinləyib, işdə olan sübutları bilavasitə tədqiq edib, bu sübutları tam, hərtərəfli və obyektiv yoxlayıb, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib, Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsində təsbit edilmiş təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq, məhkəmə baxışında ittihamın baxılması nəticələrinə əsaslanaraq, tədqiq olunan sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq, bu nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 139-1.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir, həmin əməldə CM-nin 139-1.1-ci maddəsinin tərkibi vardır, həmin əməl təqsirləndirilən şəxs tərəfindən törədilmişdir, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 139- 1.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlinin törədilməsində təqsirli bilinməlidir, onun cinayət əməli Azərbaycan Respublikası CM-nin 139-1.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir, əməlin cinayət olmasını aradan qaldıran hallar, təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur, təqsirləndirilən şəxs törətdiyi əmələ görə cəzalanmalıdır. Azərbaycan Respublikası CM-nin cəzanın anlayışını və məqsədini müəyyən edən 41 ci maddəsinə görə cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-nin 58.1 və 58.3-cü maddələrinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir; cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamının 13.3 v. 13.4-cü bəndlərində məhkəmələrə tövsiyyə edilmişdir ki, cəzanın növü və həddi müəyyən edilərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyi əsas tutulmalı, cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirilməlidir. Həmin Sərəncamın 8-ci bəndində isə tövsiyyə edilmişdir ki, məhkəmələr tərəfindən cəzanın məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza tədbirlərinin tətbiqi genişləndirilsin. "Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 4 nömrəli, 25 iyun 2003-cü il tarixli Qərarının 1-ci bəndində məhkəmələrə izah edilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Qərarın 2-ci bəndində göstərilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə əsasən cəza təyin edilərkən bu Məcəllənin 59.1.1-59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Məhkəmə Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə əsasən ilk dəfə cinayət əməli törətməsini və himayəsində bir yetkinlik yaşına çatmayan uşağın olmasını Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulmuş cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edərkən bir daha qeyd edir ki, Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. Azərbaycan Respublikası CM-nin 9.2-ci maddəsinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Başqa sözlə, cəza «talion» prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Heç təsadüfi deyildir ki, qanunverici cəza təyin edərkən şəxsin bütün sosial-psixoloji keyfiyyətlərinin nəzərə alınmasını tələb edir. Şəxsin ictimai təhlükəliliyi məhz onun şəxsiyyətini xaraketrizə edən amillərdəndir. Bu zəmində şəxsin ictimai təhlükəliliyini müəyyən etmək üçün birinci növbədə onun törətdiyi cinayətin başqa cinayətlərin arasında yeri, şəxsin antisosial yönümünün davamlı olub-olmaması, onun cinayətin törədilməsinə gətirib çıxaran vərdişləri diqqətlə aydınlaşdırılmalıdır. Şəxsin antisosial yönümü onun törətdiyi cinayətdə özünü büruzə verir. Ancaq bu, təkcə şəxsin törətdiyi cinayətin ictimai təhlükəliliyi ilə deyil, eyni zamanda onun əvvəlki dövrlərdəki hərəkətlərində ifadə olunan antisosial davranışı və keyfiyyəti ilə də ölçülür. İnsan öz imkanlarından kənara çıxmaq qabiliyyətinə malik deyil. Ancaq o, öz həyatı baxışlarına uyğun hərəkət vasitəsi seçməkdə azaddır. Əgər o, cəmiyyət tərəfindən qəbul olunmuş sosial-mənəvi normalara zidd olan davranış forması seçirsə, onda bu, şəxsin psixologiyasında antisosial yönümün olduğunu göstərir. Lakin bu yönümün davamlı olması, yəni şəxsin psixologiyasında dominantlıq təşkil edərək model davranışa çevrilməsi, yoxsa təsadüf nəticəsində meydana çıxması hallarını fərqləndirmək lazımdır. Məhkəmə qeyd edir ki, təqsirləndirilən şəxsə cəza təyin edilməsi üçün onun xarakteri, sosial-psixoloji vəziyyətinin bütün çalarları, şəxsiyyətinin xarakterik cəhətləri də nəzərə alınmalıdır. Yalnız bu halda cəzanın ədalətliliyinə və fərdiliyinə, həmçinin onun məqsədlərinə nail olmaq mümkün olar. Şübhəsiz ki, cəza təyin edilərkən şəxsin sosial və psixoloji kriteriyalarına xüsusi önəm vermək lazımdır. Şəxsin sosial kriteriyası onun qanunlara və digər sosial normalara, əməyə, ictimai vəzifələrə, ailəyə münasibətini, təhsilini, tərbiyəsini və sair sosial şərtləri özündə əks etdirir. Şəxsin psixoloji kriteriyası isə onun xarakterini, iradəsini, qabiliyyətini və digər şəxsiyyətə xas olan cəhətlərini özündə ehtiva edir. Bu cəhətlərin tədqiq olunması və qiymətləndirilməsi şəxsin mənəvi deqradasiyaya məruz qalıb-qalmamasını, törətdiyi cinayətin onun anticəmiyyət yönümünün məntiqi nəticəsi olduğunu, yoxsa təsadüfi olaraq baş verdiyini, şəxsin islah olunması üçün hansı imkanların olması və bununla bağlı hansı qanuni vasitələrin seçilməsini müəyyənləşdirmək üçün çox vacibdir. Çünki insan sosiumun tərkib hissəsidir və onun fəaliyyətinin hansı yönümə istiqamətlənməsi cəmiyyət üçün əhəmiyyətlidir. Ancaq hər bir halda bu keyfiyyətlər şəxsin törətdiyi cinayətin xarakteri və ictimai təhlükəliliyi ilə vəhdətdə nəzərə alınmalıdır. Xüsusi ilə nəzərə alınmalıdır ki, cəzanın məqsədlərinə çatmaq üçün hansı yol seçilməlidir: təqsirləndirilən şəxsi azadlıqdan məhrum etməklə onu cəmiyyətdən təcrid etmək, fiziki cəhətdən imkanlarını məhdudlaşdırmaqla cəzanın məqsədlərinə nail olmaq, yoxsa, azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza seçməklə şəxsə etimad göstərib bu yolla onun islah olunmasına və cəzanın digər məqsədlərinə çatmaq. Yuxarıda istinad olunan Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsi cəzanın aşağıdakı məqsədlərini önə çəkir: sosial ədalətin bərpası; məhkumun islah edilməsi; məhkum tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınması (xüsusi prevensiya) və başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınması (ümumi prevensiya). Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsi haqq-ədaləti bərabər mənafelərə bərabər münasibət kimi təsbit edir. Bu xüsusda məhkəmə bildirir ki, Cinayət Məcəlləsinin 41.2-ci maddəsində nəzərdə tutulmuş cəza tətbiq edilmək yolu ilə sosial ədalətin bərpası bütövlükdə cəmiyyətə, burada hökm sürən ictimai münasibətlərə münasibətdə həyata keçirilməklə iki istiqaməti nəzərdə tutur: 1) dövlət cinayət törədən şəxs tərəfindən vurulmuş zərərin ödənilməsini qanunda nəzərdə tutulmuş cəzalar, habelə xüsusi müsadirə növündə cinayət-hüquqi xarakterli tədbir tətbiq etməklə təmin edir. Həm də burada söhbət təkcə maddi zərərdən getmir. Əslində sosial ədalətin bərpası dedikdə, cinayətkarın barəsində təyin edilən qanuni cəza vasitəsilə başqasına vurduğu zərərə adekvat məhrumiyyətlərə məruz qalması başa düşülməlidir. 2) vətəndaşlar dövlətin cinayətkarı cəzalandırmağa qadir olmasına, həm də bu cəzanın təyin edilməsi zamanı humanizm, ədalətlilik, cəzanın törədilmiş cinayətin ağırlığına uyğunluğu, cəzanın fərdiləşdirilməsi prinsipləri əsas götürülməklə qanuna uyğun tətbiq edilməsinin təmin edilməsinə inanırlar. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 139-1.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməli CM-nin 15.3-ci maddəsinə əsasən az ağır cinayətlər kateqoriyasına aiddir. Bu zaman cəza təyinatında onu da nəzərə almaq lazımdır ki, Təqsirləndirilən şəxs ilk dəfədir ki, cinayət əməli törədir, onun himayəsində bir yetkinlik yaşına çatmayan uşaq vardır və həmin uşağın maddi və mənəvi təminatı yalnız ondan asılır. Belə ki, Təqsirləndirilən şəxs əri ölmüşdür və uşağı-xx.xx.2005-ci il tarixdə doğulmuş Şahid3 işləməməklə və məktəbli olmaqla yalnız anası Təqsirləndirilən şəxs maddi vəsaiti hesabına onun himayəsində yaşayır. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. İş materiallarından həmçinin görünür ki, Təqsirləndirilən şəxs əvvələr hüquq pozuntuları törətməmiş, hər hansı antisosial davranışa yol verməmişdir. İlk dəfə cinayət əməli törətməsi halı Təqsirləndirilən şəxs psixologiyasında antososial yönümün model davranışa çevrilmədiyini göstərir. İlk dəfə cinayət əməli törətməsinin nəzərə alınması xüsusanda ona ədalətli, əməlinə adekvat cəzanın təyin edilməsi onun hazırki cinayəti törətməkdə ifadə olunan zərərli sosial-psixoloji meyllərdən uzaqlaşması və qanunlara hörmət ruhunda islah olunması üçün cəmiyyətin və dövlətin ona verdiyi bir şans kimi də dəyərləndirilməlidir. Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 139-1.1-ci maddəsinin sanksiyasında iki min beş yüz manatdan beş min manatadək miqdarda cərimə, üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə növlərində cəzalar nəzərdə tutulmuşdur. Qeyd edildiyi kimi, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası CMnin 139-1.1-ci maddəsinin sanksiyasında azadlıqdan məhrum etmə cəzasından əvvəl cərimə və azadlığın məhdudlaşdırılması növündə cəzalar müəyyən edilmişdir. Yuxarıda istinad olunan Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinin tələbinə görə isə törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilməsin. Məhkəmə nəzərə çatdırır ki, Təqsirləndirilən şəxs şəxsiyyətinin xarakterizasiyası ilə bağlı cəzasını yüngülləşdirən halların olması və cəzasını ağırlaşdıran halların olmaması ilə əlaqədar xüsusatlar onu cinayətə sövq edə bilən zərərli sosial-psixoloji meyllərdən, kriminogen xüsusiyyətlərdən azad olması istəyinə dəlalət edir. Cəzanın əsas məqsədlərindən də biri məhz şəxsin ictimai-faydalı fəaliyyətə qayıtması və islah olunması, həmçinin normal cəmiyyətə qovuşması üçün zəmin yaratmaqdır. Buna görə Azərbaycan Respublikasının cinayət qanunvericiliyi şəxsə cəza təyin edilməsi zamanı həm də hümanizm prinsipini önə çəkir (Cinayət Məcəlləsinin 9-cu maddəsi). Məhkəmə xüsusi qeyd edir ki, humanizm insanın şəxsiyyət kimi dəyərini müəyyən edən, onun ləyaqətinə hörmətlə yanaşmağı aşılayan, onun rifahını ictimai prosesin məqsədi kimi qəbul edən mənəvi mövqedir. Humanizm prinsipi insan şəxsiyyətini əsas prioritet sayan Azərbaycan Respublikasının konstitusion quruluşundan irəli gələn bir meyardır. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 12-ci maddəsinə əsasən insan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsi dövlətin ali məqsədidir. Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinə əsasən Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Azərbaycan Respublikası Konstitusiyasının və qanunlarının qarantı olan Azərbaycan Respublikası Prezidentinin «Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə» 10 fevral 2017-ci il tarixli Sərəncamı da Azərbaycan Dövlətinin humanizm siyasətinin, o cümlədən cəza siyasətində humanizminin bariz nümunəsidir. Həmin Sərəncamda penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi barədə istiqamətlərin müəyyən olunması ilə yanaşı, cinayət qanunvericiliyinin prinsiplərinə və cəza təyin etmənin ümumi əsaslarına ciddi riayət edilməsi, cəza siyasətinin humanistləşdirilməsi barədə qanun layihələrinin hazırlanması, cinayətlərin, xususilə iqtisadi fəaliyyət sahəsində cinayətlərin dekriminallaşdırılması, cinayətlərin sanksiyalarına azadlıqdan məhrum etməyə alternativ cəzaların əlavə olunması və mövcud alternativ cəzaların tətbiqi əsaslarının təkmilləşdirilməsi, törədilən əməlin ictimai təhlükəliliyi maddi ziyanla bağlı olan hallarda vurulmuş ziyan tamamilə ödənildikdə həbslə əlaqədar olmayan qətimkan tədbirlərinin tətbiqi və azadlıqdan məhrum etməyə alternativ cəzaların təyin edilməsi əsaslarının müəyyən olunması, azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş hissəsini daha yüngül cəza ilə əvəz etmə, cəzanın çəkilməmiş hissəsindən şərti olaraq vaxtından əvvəl azad etmə və şərti məhkum etmə institutlarının daha geniş tətbiq edilməsi, həbsə alternativ olan qətimkan tədbirinin tətbiq edilməsi hallarının genişləndirilməsi, həbsin alternativ qətimkan tədbirləri ilə əvəz edilməsi qaydasının sadələşdirilməsi, böyük ictimai təhlükə törətməyən və az ağır cinayətlərə görə həbs qətimkan tədbirinin seçilməsi əsaslarının daha da məhdudlaşdırılması barədə aidiyyəti orqanlara strateji tapşırıqlar verilmiş, o cümlədən məhkəmələrə cəzanın növü və həddini müəyyən edərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyinin əsas tutulması, cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinin tələblərinə riayət edilməsinə xüsusi diqqət yetirilməsi, Azərbaycan Respublikasının Ali Məhkəməsinə isə həbs qətimkan tədbirinin seçilməsi və azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi ilə bağlı məhkəmə təcrübəsinin mütəmadi ümumiləşdirilməsi və bu sahədə ədalətli məhkəmə təcrübəsinin formalaşdırılmasının təmin edilməsi barədə tövsiyyələr verilmişdir. Bununla bağlı cəza siyasətinin humanistləşdirilməsi nöqteyi-nəzərindən də Azərbaycan Respublikasının mövcud qanunvericiliyinə, o cümlədən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə xeyli dəyişikliklər edilmişdir. Göründüyü kimi, Azərbaycan Respublikası cəzanın hümanistləşdirilməsi üçün xüsusilə böyük ictimai təhlükə törətməyən və az ağır cinayətlərə görə azadlıqdan məhrum etməyə nisbətən digər alternativ cəzaların tətbiq edilməsini, şərti məhkum etmə institutunun daha geniş tətbiq edilməsini, mediasiya institutundan daha geniş istifadə edilməsini, cinayətlərin dekriminallaşdırılmasını strateji istiqamət kimi müəyyənləşdirmişdir. Cəza siyasətinə məhz bu mövqedən yanaşan Azərbaycan Respublikası da cəza təyin edilməsi zamanı mediasiya, azadlıqdan məhrum etmə ilə bağlı olmayan və şərti məhkum etmə institutlarının geniş tətbiq olunmasını qanunvericilik qaydasında təsbit edir. Qanunla təqsirləndirilən şəxsin bağışlanması hüququnun sahibi olan o cümlədən dövlət az ağır cinayətə görə təqsirləndirilən şəxsə humanizmlə yanaşılmasını-ona mərhəmət göstərilməsini, onun bağışlanmasını tələb edirsə, Azərbaycan Respublikasının Prezidenti dövlətin strateji xətti kimi cəzanın humanistləşdirilməsini, xüsusilə böyük ictimai təhlükə törətməyən və az ağır cinayətlərə görə azadlıqdan məhrum etməyə nisbətən digər alternativ cəzaların tətbiq edilməsini, şərti məhkum etmə institutunun daha geniş tətbiq edilməsini, mediasiya institutundan daha geniş istifadə olunmasını, bir sıra cinayətlərin dekriminallaşdırılmasını müəyyən edirsə, təbii ki, bu tələblər hazırki iş üzrə də mütləq qaydada nəzərə alınmalıdır. Məhkəmə qeyd edir ki, cinayət qanunvericiliyinin tətbiqi humanizm prinsipinin həyata keçirilməsi üsullarından biridir. Cinayət qanunvericiliyində humanizm prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsində öz əksini tapır. Əks hal, yəni humanizm prinsipinin ancaq zərərçəkmiş şəxslərə tətbiq edilməsi qanunçuluq, ədalət və humanizm prinsiplərinin pozuntusu olardı. Dünya praktikasında cinayət əməli törədən şəxsə qarşı münasibət humanizm prinsipinin cinayət hüququnda həyata keçirilməsinin göstəricisidir. Heç şübhəsiz ki, hazırki iş üzrə də təqsirləndirilən şəxsə, onun islah olunmasına, qanunlara hörmətlə yanaşmasına, yeni cinayət əməlinin törədilməsinin qarşısının alınmasına böyük mənəvi və hüquqi stimul yaradan cəza təyin edilməlidir ki, həmin cəza da həm ədalət prinsipini, həm də humanizm prinsipini özündə ehtiva etsin və fərdin hüquqları ilə cəmiyyətin maraqları arasında ədalət tarazlıq yaratmış olsun. Göstərildiyi kimi, qanunvericilik şəxsə ədalətli cəza, yəni törətdiyi cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilmə hallarına və şəxsiyyətinə uyğun cəza təyin olunmasını tələb edir. Qeyd olunanların işığında heç şübhəsiz ki, Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid edilməsi formasında cəzaya, yəni azadlıqdan məhrum etmə cəzasına məruz qalması törətdiyi cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və şəxsiyyətinə uyğun olmamaqla, ədalətli olmazdı. Belə ki, ilk dəfə cinayət əməli törətməsi və himayəsirndə yetkinlik yaşına çatmayan uşağın olması kimi cəzasını yüngülləşdirən halların olduğu və cəzasını ağırlaşdıran halların olmadığı, həmçinin onun təqsirləndirildiyi maddənin sanksiyasında azadlıqdan məhrum etmədən əvvəl iki cəza növünün nəzərdə tutulduğu şəraitdə, Təqsirləndirilən şəxs ən sərt cəzanın-azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi, onun fərdi azadlıq hüququ ilə digər şəxslərin sağlamlığı ilə bağlı ictimai münasibətlərin qorunmasında ifadə olunan ictimai maraq arasında ədalətli tarazlığı pozmuş olardı, işin hallarına əsasən heç də cəzanın məqsədlərinə nail olunmasına xidmət etməzdi və bir növ ondan qisas almağa xidmət edərdi ki, bu da qanunla yolverilməzdir. Belə ki, qeyd edildiyi kimi, cəza «talion» prinsipinə, yəni təqsirləndirilən şəxsdən əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Cəzanın məqsədi sosial ədalətin bərpası, xüsusi prevensiya (şəxsin özünü cinayət əməlinin törədilməsindən çəkindirmək) və ümumi prevensiyanın (başqa şəxsləri cinayət əməlinin törədilməsindən çəkindirmək) təmin edilməsidir. Qeyd edilənlərə əsasən məhkəmə hazırki işdə cəzanın məqsədlərinə nail olunması üçün Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə cəzasının təyin edilməsinə lüzum görmür. Digər tərəfdən, göstərilən eyni hallar konteksində Təqsirləndirilən şəxs Azərbaycan Respulikası CM-nin 139-1.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsi cəza təyin etmənin ümumi prinsipləri; törədilən əməlin xarakteri və ictimai təhlükəliliyi, təqsirləndirilən şəxsin şəxsiyyəti, təyin ediləcək cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitiniə təsiri, əməlinə adekvatlılığı nöqteyi-nəzərindən şübhə yoxdur ki, Təqsirləndirilən şəxs üçün ağır məhrumiyyətlər yaratmış olardı və qətiyyən cəzanın məqsədlərinə xidmət etməzdi. Ona görə də məhkəmə hesab edir ki, sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs olaraq Təqsirləndirilən şəxs təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulmuş cərimə cəzasının təyin edilməsi, onun islah olunması və cəzanın digər məqsədlərinə nail olunması nöqteyi-nəzərindən daha məqsədəuyğundur. Həm də bu cəza törədilmiş cinayətin xarakterinə, ictimai təhlükəlilik dərəcəsinə, şəxsiyyətinə tam uyğun olmaqla, ədalətlidir. Göstərilənlərə əsasən məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən ona hansı növ cəzanın təyin olunması məsələsinə baxaraq, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, ilk dəfə cinayət əməli törətməsi və himayəsində bir yetkinlik yaşına çatmayan uşağın olması kimi cəzasını yüngülləşdirən halları və cəzasını ağırlaşdıran halların olmamasını, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini,ona törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddinin təyin edilməsi üçün əsasların olmamasını, eyni zamanda hazırkı vaxtda “Covid-19” pandemiyası ilə bağlı mübarizənin daha ciddi aparılmasının zəruriliyini nəzərə alaraq, Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş həddə cərimə növündə cəza təyin edilməsini qanuni, əsaslı və ədalətli hesab edir. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanmalıdır. Məhkəmə hesab edir ki, hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut olan Təqsirləndirilən şəxs Balakən şəhəri, Heydər Əliyev prospektindən Rüfət Əhmədzadə küçəsindəki evinə qayıdarkən polis əməkdaşları tərəfindən aşkar edilərək qeydə alınmış videogörüntüləri özündə əks etdirən 01 ədəd DVD diski hazırki cinayət işi üzrə icraat materiallarının saxlama müddəti ərzində işdə saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası CPM-nin 132.1-ci maddəsinə əsasən maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar məhkəmə yekun qərar çıxararkən aşağıdakı qaydalara riayət etməlidir:... 132.1.6. maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalı və ya maraqlı təşkilatların və şəxslərin vəsatəti olduqda bu Məcəllənin 136.3-cü maddəsində nəzərdə tutulmuş qaydada onlara verilməlidir. Azərbaycan Respublikası CPM-nin 346.1-ci və 346.1.19-cu maddələrinə əsasən, məhkəmə hansı əmlakın müsadirə edilməli olduğu məsələsinə baxaraq, Təqsirləndirilən şəxs hazırkı cinayəti törətdiyi zaman cinayət yolu ilə hər hansı əmlak əldə etməməsini nəzərə alaraq, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 99- 1.1-ci maddəsində nəzərdə tutulan xüsusi müsadirə edilməli olan əmlak mövcud deyildir. İş materiallarından görünür ki, Balakən rayon Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən məhkəmə icraatı zamanı Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsinə 8 iş saatı vaxt sərf edilmişdir. Azərbaycan Respublikası CPM-nin 193.2-193.3-cü maddələrinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının Dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Məhkəmə şübhəli və ya təqsirləndirilən şəxsin orta aylıq gəlirini, maddi, əmlak və ailə vəziyyətini, habelə digər halları nəzərə alaraq həmin şəxsin müdafiəçi tərəfindən göstərilən hüquqi yardımı ödəməkdən azad edilməsi və ödəmənin Azərbaycan Respublikasının Dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilməsi barədə əsaslandırılmış qərar qəbul edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 3 may 2018-ci il tarixli, 202 №-li qərarı əsasında “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli,11 №-li qərarına edilmiş dəyişikliklərə uyğun olaraq təqsirləndirilən şəxslərin hüquqlarını müdafiə etmələrinə görə müdafiəçilərə hər iş saatı üçün 6 manat məbləğində haqq ödənilməlidir. Ona görə də məhkəmə hesab edir ki, hazırki iş üzrə Balakən rayon Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs məhkəmə icraatı zamanı göstərilən hüquqi yardımla bağlı 48 manat Müdafiəçi ödənilməsi üçün Azərbaycan Respublikası Dövlət büdcəsinin vəsaiti hesabından Balakən rayon Vəkil Bürosunun nəfinə, «KAPİTALBANK» X5 Rekvizitləri: VÖEN **********, kod 201382, Müxbir hesab AZ37NABZ******************** hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Azərbaycan Respublikası CPM-nin 349-cü maddəsinin tələblərinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Məhkəmənin hökmü Azərbaycan Respublikası Konstitusiyasının, bu Məcəllənin, Azərbaycan Respublikasının cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir. Məhkəmənin hökmü məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə əsaslı hesab edilir. Kondraşinanın Rusiya Federasiyasına qarşı iş üzrə qərarında Avropa Məhkəməsi göstərmişdir ki, məhkəmələr qərar qəbul edərkən hüququn aliliyinə əməl etməlidirlər. Hüququn aliliyinin əsas cəhətlərindən biri hüquqi müəyyənlik prinsipidir ki, onun tələbinə görə məhkəmələr yekun qərarı elə qəbul etməlidirlər ki, o, mübahisə olunmasın. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 139-1.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və 2500 (iki min beş yüz) manat miqdarında cərimə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs ona təyin edilmiş cərimə məbləğini hökm qanuni qüvvəyə mindiyi gündən bir aydan gec olmayaraq müvafiq bank hesabına köçürməklə ödəsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut olan Təqsirləndirilən şəxs Balakən şəhəri, Heydər Əliyev prospektindən Rüfət Əhmədzadə küçəsindəki evinə qayıdarkən polis əməkdaşları tərəfindən aşkar edilərək qeydə alınmış videogörüntüləri özündə əks etdirən 01 ədəd DVD diski hazırki cinayət işi üzrə icraat materiallarının saxlama müddəti ərzində işdə saxlanılsın. Hökmün icrası Balakən rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Balakən rayon Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs məhkəmə icraatı zamanı göstərilən hüquqi yardımla bağlı 48 manat Müdafiəçi ödənilməsi üçün Azərbaycan Respublikası Dövlət büdcəsinin vəsaiti hesabından Balakən rayon Vəkil Bürosunun nəfinə, «KAPİTALBANK» X5 Rekvizitləri: VÖEN **********, kod 201382, Müxbir hesab AZ37NABZ******************** hesabına köçürülsün. Hökmdən elan olunduğu andan (həbsdə olan məhkum hökmün surəti ona verildiyi andan) 20 gün müddətində Balakən Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən: Z.C.Tahirov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar