Azərbaycan Respublikası adından HÖKM Balakən Rayonu İş № 1(019)-72/2023 07.06.2023 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Səlimov Hümbət Qamuna oğlunun sədrliyi, məhkəmə iclas katibi X1 katibliyi, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin rayon (şəhər) məhkəmələrində dövlət ittihamı müdafiəsi üzrə şöbəsinin prokuroru vəzifəsini icra edən, İİ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, zərərçəkmiş hüquqi şəxs Balakən rayonu Qabaqçöl qəsəbə bələdiyyəsinin nümayəndəsi Nümayəndə, müdafiəçi - Balakən rayon Vəkil Bürosunun vəkili Müdafiəçi2, Təqsirləndirilən şəxs iştirakları ilə TƏQSİRLƏNDİRİLƏN ŞƏXS - xx.xx.1982-ci il tarixdə Balakən rayonu Qaysa kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, məhkum olunmamış, Balakən rayonu Qabaqçöl qəsəbəsində qeydiyyatda olmaqla yaşayan və barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 259.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: Təqsirləndirilən şəxs Balakən rayonu Qabaqçöl qəsəbə bələdiyyəsinə ərizə ilə müraciət edərək Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 7 saylı ərazi Ekologiya və Təbii Sərvətlər İdarəsi ilə razılaşdıqdan sonra ağac kəsməli olduğu halda bunları etməyərək, 2022-ci ilin dekabr ayının sonlarında Qabaqçöl qəsəbə bələdiyyəsinə məxsus, meşə fonduna daxil olmayan torpaq sahəsindəki, həmin Bələdiyyənin mülkiyyətində olan ağacları, qanunsuz olaraq kəsmək qərarına gəlmiş, bu məqsədlə 01 ədəd 17 sm diametrində 180 manat dəyərində, 01 ədəd 20 sm diametrində 180 manat dəyərində, 01 ədəd 23 sm diametrində 200 manat dəyərində, 01 ədəd 25 sm diametrində 250 manat dəyərində, 01 ədəd 26 sm diametrində 250 manat dəyərində, hər biri 250 manat dəyərində 03 ədəd 27 sm diametrində ümumilikdə 750 manat dəyərində, 01 ədəd 28 sm diametrində 250 manat dəyərində, 01 ədəd 34 sm diametrində 350 manat dəyərində qələmə qovaq ağaclarını və 01 ədəd 18 sm diametrində 180 manat dəyərində qızılağac ağacını kəsməklə Balakən rayon Qabaqçöl qəsəbə bələdiyyəsinə xeyli miqdarda, yəni 2590,00 (iki min beş yüz doxsan) manat məbləğində maddi ziyan vurmaqla meşə fonduna daxil olmayan ərazidən qəsdən, tamah niyyəti ilə, qanunsuz olaraq ağac kəsmə cinayət əməlini törətmişdir. Təqsirləndirilən şəxs həmin cinayət əməlini törətməsi məhkəmə iclasında özünün səmimi etirafedici ifadəsi, zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi və şahidlərin ifadələri, işdə olan və məhkəmə iclasında tədqiq olunan digər sübutlarla aşağıdakı qaydada tam sübuta yetirildi. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikasının CM-nin 259.1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək göstərmişdir ki, yaşadığı Qabaqçöl qəsəbəsində yerləşən evinin arxa hissəsində bağ sahəsi vardır. Həmin bağ sahəsini atası Abdulla vaxtilə istifadə etmiş, atası vəfat etdikdən sonra da o, ailəsi ilə birlikdə həmin bağ sahəsindən istifadə edirlər. Həmin bağ sahəsində fındıq və qələmə qovaq ağacları vardır. 2022-ci il dekabr ayının sonlarında həyətində mal tövləsi inşa etmək, həmçinin həmin mal tövləsinin dam örtüyünü düzəltmək məqsədilə həmin qələmə qovaq ağaclarını kəsməyi planlaşdırmışdır. Bunun üçün 2022-ci il dekabr ayının sonlarında özünə məxsus matorlu mişarla həmin bağ sahəsində olan 10 ədəd qələmə qovaq ağaclarını və 01 ədəd qızılağac ağacını kök hissəsindən kəsmişdir. Daha sonra həmin ağaclardan sağlam material əldə etmək üçün ağacların üzərində olan qabıq hissələrini soyub ağacların tam qurumasını gözləməyə başlamışdır. Çünki həmin ağaclar bir müddət qaldıqdan sonra suyu çəkilərək quruyacaq və istifadə üçün yararlı olacaqdı. xx.xx.2023-cü il tarixdə yaşadığı evdə olduğu zaman Balakən RPŞ-nin Qabaqçöl PBnin əməkdaşları yaşadığı evə gələrək kəsmiş olduğu həmin ağacların qanunsuz kəsildiyini deyərək həmin ağaclar kəsilən əraziyə baxış keçirmişlər. Bu barədə protokol tərtib edilərək ucadan oxunduqdan sonra imzalarla təsdiq etmişlər. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri xidmətinin əməkdaşları onun iştirakı ilə ağacları kəsildiyi əraziyə GPS cihazı vasitəsilə baxış keçirərək nəticəsi barədə məlumat veriləciyini bildirmişlər. Sonradan, yəni istintaq zamanı onun tərəfindən kəsilmiş 10 (on) ədəd müxtəlif diametrli qələmə qovaq və 1 (bir) ədəd qızılağac ağaclarının kəsildiyi yerin Balakən rayon Qabaqçöl qəsəbəsinin hüdudları daxilində, Qabaqçöl bələdiyyəsinin mülkiyyətinə aid kənd təsərrüfatı təyinatlı çoxillik əkmələr ərazisində olduğunu bilmişdir. Əməlindən çox peşimandır.O,ağacların özlərinə məxsus olduğunu, özünə məxsus ağacı kəsməyin cinayət olmadığını zənn edərək həmin ağacları kəsmişdir. Bir daha belə əməllərə yol verməyəcəkdir. Barəsində yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş hüquqi şəxs Balakən Rayon Qabaqçöl qəsəbə bələdiyyəsinin nümayəndəsi Nümayəndə ifadəsində göstərdi ki, ailə üzvləri ilə birlikdə yaşayır, Balakən rayon Qabaqçöl qəsəbə bələdiyyəsinin mühasibi vəzifəsində işləyir. Gəncəyev X3 qəsəbə sakinidir. Təqsirləndirilən şəxs ağac kəsməsi ilə bağlı araşdırma aparılmış, onun bildiyi qədəri ilə Təqsirləndirilən şəxs özü dediyinə görə kəsmiş olduğu 11 ədəd qovaq və qızılağac ağaclarını özünə məxsus pay torpaq sahəsindən kəsmişdir. Bələdiyyə torpaq sahəsi ilə həmsərhəd olduğundan həmin ağacların kəsildiyi ərazinin mülkiyyətçisinin dəqiq müəyyən edilməsi üçün Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri tərəfindən qeyd edilən əraziyə GPS aləti vasitəsilə koordianatlar vurulmuşdur. Məlum olmuşdur ki, Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri tərəfindən qeyd edilən əraziyə GPS aləti vasitəsilə koordianatların vurulması nəticəsində Təqsirləndirilən şəxs tərəfindən kəsilmiş 11 ağaclarının olduğu ərazinin Qabaqçöl qəsəbə bələdiyyəsinin mülkiyyətində olması müəyyən edilmiş, eyni zamanda 11 ədəd qovaq və qızılağac ağaclarının kəsilməsi nəticəsində Bələdiyyəyə 2590 manat məbləğində maddi ziyan vurulmuşdur. Həmin kəsilmiş ağacların diamterlərini dəqiq bilmir, Təqsirləndirilən şəxs həmin ağacları kəsməsi ilə bağlı Bələdiyyəyə heç bir müraciət etməmişdir. Çünki Təqsirləndirilən şəxs həmin ağacların özünə məxsus pay torpaq sahəsinə düşdüyünü bildirmişdir. Bələdiyyəyə dəymiş ziyandan 350 manat ödənmişdir. Onların təqsirləndirilən şəxsdən şikayətləri yoxdur. Təqsirləndirilən şəxsə yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, Balakən RPŞ-nin Qabaqçöl PB-nin PPXB-nin polis nəfəri vəzifəsində xidmət aparır. xx.xx.2023-cü il tarixdə Qabaqçöl qəsəbəsi ərazisində Qabaqçöl PB-nin PPXB-nin polis nəfəri Əli Xəlilovla birlikdə xidmətdə olduqları zaman Qabaqçöl qəsəbəsi ərazisində bir nəfər şəxsin ağac kəsməsini müəyyən etmişlər. Həmin şəxsin Qabaqçöl qəsəbə sakini Təqsirləndirilən şəxs olması onlara məlum olmuşdur. Onlar həmin şəxsin barəsində tədbir görülməsi məqsədilə tərəfindən yazılmış raportla müvafiq araşdırma aparılması üçün Qabaqçöl PB-nin rəhbərliyinə müraciət etmişlər. Bundan sonra Təqsirləndirilən şəxs ağac kəsdiyi əraziyə Qabaqçöl PB-nin əməkdaşları tərəfindən baxış keçirilərək müvafiq sənədləşmə işləri aparılmışdır. Həmçinin qeyd etmişdir ki, Təqsirləndirilən şəxs ilk öncə ağacları kəsdiyi ərazinin özünə və ailəsinə məxsus pay torpaq sahəsi olduğunu bildirsə də sonradan həmin ərazinin Qabaqçöl qəsəbə bələdiyyəsinə məxsus ərazi olması müəyyən olunmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 göstərdi ki, Balakən RPŞ-nin Qabaqçöl PB-nin əməliyyat müvəkkili vəzifəsində xidmət aparır. xx.xx.2023-cü il tarixdə Qabaqçöl PB-nin PPXB-nin polis nəfəri X6 qəsəbə sakini Təqsirləndirilən şəxs qanunsuz ağac kəsməsi ilə bağlı araşdırma aparılması üçün raportla Qabaqçöl PB-nin rəhbərliyinə müraciət etmişdir. Bundan sonra isə Təqsirləndirilən şəxs ağac kəsdiyi əraziyə təhqiqatçı Zaur Xəlilovun, Qabaqçöl PB-nin sahə rəisi Şahid3 və mütəxəssis qismində dəvət edilmiş Paşa Koxnayevin iştirakı ilə baxış keçirilməsi üçün getmişlər. Baxış keçirilən zaman 10 ədəd qələmə qovaq ağaclarının və 01 ədəd qızılağac ağaclarının, ümumilikdə 11 ədəd ağacların kəsilməsi müəyyən olunmuşdur. Həmin ağacların kəsildiyi ərazinin fotoşəkilləri çəkilməklə təhqiqatçı Zaur Xəlilov tərəfindən müvafiq protokol tərtib edilmişdir. Protokol ucadan oxunduqdan sonra doğruluğunu imzalarla təsdiq etmişlər. Həmçinin baxışda iştirak edən Təqsirləndirilən şəxs ağacları kəsdiyi ərazinin özünə və ailəsinə məxsus pay torpaq sahəsi olduğunu bildirsə də sonradan həmin ərazinin Qabaqçöl qəsəbə bələdiyyəsinə məxsus ərazi olması müəyyən olunmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 Şahid2 Rəsul oğlu ilə oxşar məzmunlu ifadə vermişdir. İşin 9-22-ci vərəqələrində olan və məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş 15 fevral 2023-cü il tarixli baxış keçirilməsi barədə protokoldan görünür ki, xx.xx.2023-cü il tarixdə saat 14:20-dən 15:00-dək olan müddət ərzində keçirilmiş baxış zamanı müəyyən edilmişdir ki, Balakən RPŞ-nin Qabaqçöl PN-nin polis nəfəri Əli Xəlilovun raportu əsasında Qabaqçöl qəsəbə sakini Təqsirləndirilən şəxs yaşadığı evin arxa hissəsində olan torpaq sahəsinə hal şahidlərinin iştirakı ilə baxış keçirilmişdir. Sahədə fındıq və digər çoxlu növ sayda ağaclar olmuşdur. Sahədə kök hissədən kəsilməklə 11 ədəd ağac növləri və üzəri soyulmuş vəziyyətdə həmin ağacların gövdələri olmuşdur. Baxışda iştirak edən Təqsirləndirilən şəxs sahənin özünə məxsus olduğunu və yaşadığı evinin həyətyanı sahəsində olan mal tövləsinin dam hissəsindəki taxta materiallarını dəyişdirmək üçün həmin ağacları kəsdiyini bildirmişdir. Baxış hal şahidlərinin iştirakı ilə günün təbii işıqlı vaxtında keçirilmişdir. Fotoşəkillər çəkilmiş və həmin fotoşəkillər protokola əlavə edilmişdir. Baxış zamanı protokol tərtib olunmuş, ucadan oxunmuş, əlavə hər hansı şikayət və vəsatət daxil olmadığından doğruluğu imzalarla təsdiq edilmişdir. Həmçinin kəsilmiş ağacların diametrləri ölçülmüş və 10 ədəd qələmə qovaq ağacının diametrləri 27, 26, 34, 27, 17,25, 28, 20, 23, 27 sm, 1 ədəd qızılağac ağacının diametri isə 18 sm təşkil etmişdir. İşin 60-61-ci vərəqələrində olan və məhkəmə iclasında elan olunmaqda tədqiq edilmiş məhkəmə əmtəəşünaslıq ekspertizasının 12 aprel 2023-cü il tarixli 9/2159 saylı rəyindən görünür ki, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 7 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları tərəfindən tərtib edilmiş "Hesablama Cədvəli"nə əsasən Qabaqçöl qəsəbə sakini Təqsirləndirilən şəxs tərəfindən köküstə yaş olmaqla 11 ədəd ağacların qanunsuz kəsilməsi nəticəsində təbiətə dəymiş ziyanın ümumi məbləği 2022-ci ilin dekabr ayına 2590,00 manat müəyyən edilir. Həmin ağacların ayrı-ayrılıqda adları, diametrləri və qiymətləri rəyin tədqiqi hissəsində göstərilmişdir. İşin 33-cü vərəqəsində olan və məhkəmə iclasında elan olunmaqda tədqiq edilmiş Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsindən alınmış xx.xx.2023-cü il tarixli 3-21-3-47/2-826/2023 nömrəli məktubdan görünür ki, 11 ədəd ağacların yerləşdiyi torpaq sahəsi Qabaqçöl qəsəbəsinin hüdudları daxilində Qabaqçöl bələdiyyəsinin mülkiyyətinə aid kənd təsərrüfatı təyinatlı çoxillik əkmələr ərazisində yerləşir. İşin 48-ci vərəqəsində olan və məhkəmə istintaqında elan olunmaqla tədqiq edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İşin 49-cu vərəqəsində olan və məhkəmə istintaqında elan olunmaqla tədqiq edilmiş Balakən rayon Balakən kənd İHB-ın Qabaqçöl qəsəbə kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəsi tərəfindən verilmiş 28 mart 2023-cü il tarixli 37 nömrəli arayışdan görünür ki, Təqsirləndirilən şəxs Balakən rayonu Qabaqçöl qəsəbəsində yaşayır. İşin 50-ci vərəqəsində olan və məhkəmə istintaqında elan olunmaqla tədqiq edilmiş Balakən rayon İH-ın Qabaqçöl qəsəbə İnzibati Ərazi Dairəsi üzrə nümayəndəsi tərəfindən verilmiş 28 mart 2023-cü il tarixli 39 nömrəli arayışdan görünür ki, Təqsirləndirilən şəxs himayəsində pensiyaçı anası, bacısı və qardaşları vardır. İşin 51-ci vərəqəsində olan və məhkəmə istintaqında elan olunmaqla tədqiq edilmiş Balakən rayon İHB-ın Qabaqçöl qəsəbə İnzibati Ərazi Dairəsi üzrə nümayəndəsi tərəfindən verilmiş xasiyyətnamədə Təqsirləndirilən şəxs müsbət cəhətdən xarakterizə olunur. Məhkəmə, zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi Nümayəndə, iş üzrə şahidlər- Şahid1, Şahid2 və Şahid3 ifadələrini, ekspertiza rəylərini, məhkəmə və ibtidai istintaq hərəkətlərinin protokollarını və sair sənədləri tam, hərtərəfli və obyektiv yoxlayıb, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliliyi üzrə qiymətləndirib, həmin sübutları inandırıcı, məntiqli olduqları, ziddiyyət təşkil etmədikləri, əksinə bir-biri ilə uyğun şəkildə işin faktiki hallarını təsdiq etdikləri üçün mötəbər sübutlar kimi qəbul edir. Məhkəmə, eyni zamanda Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 126.6-cı maddəsinin tələbinə əsasən Təqsirləndirilən şəxs ittiham olunduğu əməldə öz təqsirini etiraf etməsini iş üzrə bütün sübutların məcmuyu ilə təsdiq edildiyi üçün ona qarşı ittihamı təsdiq edən əsas kimi qəbul edir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 346-cı maddəsinin tələbinə uyğun olaraq təqsirləndirilən şəxsin əməlinin hüquqi tövsifi məsələsinə baxaraq qeyd edir ki, məhkəmə iclasında tədqiq olunmuş mümkün və mötəbər sübutların məcmuyu ilə müəyyən edildi ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq, xeyli miqdarda ziyan vurmaqla meşə fonduna daxil olmayan ərazidən qanunsuz ağac kəsmə cinayət əməlini törətmişdir. Meşələrdə və ya xüsusi mühafizə olunan təbiət ərazilərində ağacların, kolların və ya digər yaşıllıqların, eləcə də meşə fonduna daxil olmayan ağacların, kolların və ya digər yaşıllıqların qanunsuz kəsilməsi (götürülməsi) xeyli miqdarda ziyan vurmaqla törədildikdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 259.1-ci maddəsində nəzərdə tutulan cinayət məsuliyyəti yaranır. Məhkəmə təqsirləndirilən şəxsin, zərərçəkmiş hüquqi şəxsin nümayəndəsinin və şahidlərin ifadələrini, dövlət ittihamçısının və müdafiəçinin çıxışlarını dinləyib, işdə olan sənədləri bilavasitə tədqiq edib, Azərbaycan Respublikasının Konstitusiyasının 63-cü maddəsində təsbit edilmiş təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq, məhkəmə baxışında ittihamın baxılması nəticələrinə, məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslanaraq, tədqiq olunan sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq bu nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs ittiham olunduğu cinayət hadisəsi baş vermişdir, həmin əməldə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 259.1-ci maddəsinin tərkibi vardır, həmin əməl təqsirləndirilən şəxs tərəfindən törədilmişdir, təqsirləndirilən şəxs həmin cinayətin törədilməsində təqsirlidir, onun cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 259.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir,əməlin cinayət olmasını aradan qaldıran hallar, təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur, təqsirləndirilən şəxs törətdiyi əmələ görə cəzalanmalıdır. Cinayət Məcəlləsinin cəzanın anlayışını və məqsədini müəyyən edən 41-ci maddəsinə görə cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cinayət Məcəlləsinin 58.1 və 58.3-cü maddələrinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamının 13.3 v. 13.4-cü bəndlərində məhkəmələrə tövsiyyə edilmişdir ki,cəzanın növü və həddi müəyyən edilərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyi əsas tutulmalı, cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirilməlidir. Sərəncamın 8-ci bəndində isə tövsiyyə edilmişdir ki, məhkəmələr tərəfindən cəzanın məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza tədbirlərinin tətbiqi genişləndirilsin. “Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr və dəyişikliklər edilməsi barədə” 11 iyun 2004-cü il tarixli 688-İİQD saylı Azərbaycan Respublikası Qanununun 3-cü hissəsinin 9-cu bəndinin və 4-cü hissəsinin 7-ci bəndinin Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin 9-cu hissəsinə uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 yanvar 2005-ci il tarixli Qərarında qeyd olunur ki, istənilən məhkəmə aktının qanuni və əsaslı hesab olunması üçün mütləq şərtlərdən biri onun ədalətli olmasıdır, çünki, ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir. "Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 4 nömrəli, 25 iyun 2003-cü il tarixli Qərarının 1-ci bəndində məhkəmələrə izah edilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Qərarın 2-ci bəndində göstərilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Təqsirləndirilən şəxs cinayət nəticəsində dəymiş ziyanı qismən ödəməsi onun cəzasını yüngülləşdirən haldır. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs əməlini etiraf etməklə əməlindən səmimi peşiman olması onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alınmalıdır. Belə ki, Təqsirləndirilən şəxs cinayət əməlini səmimi etiraf etməklə əməlindən peşiman olmasını, bir daha belə əməllərə yol verməyəcəyini bildirmişdir. Bunlar isə onun ictimai dəyərlərə və ədalət mühakiməsinə hörmət hissini qoruyub saxlamasına dəlalət edir və tutduğu əmələ görə özü-özünü məzəmmət etdiyini təsdiq edir, ciddi cəza növü tətbiq olunmadan da onun islah olunacağı qənaətinə gəlməyə əsas verir. Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən cəza təyin edilərkən bu Məcəllənin 59.1.1-59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Qeyd edilənlərə əsaslanaraq məhkəmə Təqsirləndirilən şəxs əməlini etiraf etməklə əməlindən səmimi peşiman olmasını onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Onun cəzasını ağırlaşdıran hallar yoxdur. Məhkəmə təqsirləndirilən şəxsə hansı növ cəzanın təyin olunması məsələsinə baxaraq, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, əvvəllər məhkum olunmamasını, yaşayış yeri üzrə müsbət cəhətdən xarakterizə olunmasını, cəzanı yüngülləşdirən halları, cəzanı ağırlaşdıran halların olmamasını, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini,daha ciddi cəza növünün təyin edilməsi üçün əsasların olmamasını, onun cəmiyyətdən təcrid edilmədən də islah olunmasının mümkün olmasını, eyni zamanda cərimə və islah işləri cəzalarının təyin edilməsinin cəzanın məqsədlərini təmin edə bilməyəcəyini nəzərə alaraq Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddənin sanksiyasında müəyyən edilmiş həddə azadlığın məhdudlaşdırılması növündə cəzanın təyin edilməsini qanuni, əsaslı və ədalətli hesab edir Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini gecə saat 23:00-dan növbəti gün səhər saat 06:00-a kimi tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək,yaşadığı Balakən və qonşu Zaqatala rayonlarının ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 346.1.12-ci maddəsinə uyğun olaraq Təqsirləndirilən şəxs təyin ediləcək cəzanın çəkilməli olubolmaması məsələsinə baxaraq, işin hallarını, təqsirləndirilən şəxsin cəzadan azad edilməsi, yaxud barəsində Cinayət Məcəlləsinin 70-ci maddəsinin tətbiq olunması üçün əsasların olmamasını nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxs ona təyin ediləcək cəzanı çəkməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəsini alana kimi dəyişdirilmədən saxlanmalıdır. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri olan 50 (əlli) manat Təqsirləndirilən şəxs tutulub Az. MEM; VÖEN **********; AZ34CTRE********************, X2, KOD 210005, VÖEN ********** Müxbir hesab AZ41NABZ ******************** SWİFT BİK CTREAZ22 hesaba köçürülməlidir. Zərərçəkmiş hüquqi şəxs Balakən rayonu Qabaqçöl qəsəbə bələdiyyəsinə izah olunur ki, vurulmuş zərərin ödənməmiş qalan hissəsi ilə bağlı mülki mühakimə icraatı qaydasında məhkəməyə müraciət edə bilər. İş materiallarından həmçinin görünür ki, Balakən rayon Vəkil Bürosunun vəkili Müdafiəçi1 məhkəmə icraat zamanı Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsinə 2 iş saatı sərf etmişdir. Azərbaycan Respublikası CPM-nin 193.2-193.3-cü maddələrinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Məhkəmə şübhəli və ya təqsirləndirilən şəxsin orta aylıq gəlirini, maddi, əmlak və ailə vəziyyətini, habelə digər halları nəzərə alaraq həmin şəxsin müdafiəçi tərəfindən göstərilən hüquqi yardımı ödəməkdən azad edilməsi və ödəmənin Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilməsi barədə əsaslandırılmış qərar qəbul edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 3 may 2018-ci il tarixli, 202 №-li qərarı əsasında “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli,11 №-li qərarına edilmiş dəyişikliklərə uyğun olaraq təqsirləndirilən şəxslərin hüquqlarını müdafiə etmələrinə görə müdafiəçilərə hər iş saatı üçün 6 manat məbləğində haqq ödənilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə icraatı zamanı göstərilən hüquqi yardımla bağlı Azərbaycan Respublikası Dövlət büdcəsinin vəsaiti hesabından 12 manat tutulub vəkil Müdafiəçi1 ödənilməsi üçün Balakən rayon Vəkil Bürosunun nəfinə, "xxxx" ASC-in X5 Rekvizitləri: VÖEN-**********, kod 201382, Müxbir hesab AZ37NABZ013501**********1944 hesaba köçürülməlidir. Azərbaycan Respublikası CPM-nin 349-cü maddəsinin tələblərinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Məhkəmənin hökmü Azərbaycan Respublikası Konstitusiyasının, bu Məcəllənin, Azərbaycan Respublikasının cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir. Məhkəmənin hökmü məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə əsaslı hesab edilir. Kondraşinanın Rusiya Federasiyasına qarşı iş üzrə qərarında Avropa Məhkəməsi göstərmişdir ki, məhkəmələr qərar qəbul edərkən hüququn aliliyinə əməl etməlidirlər. Hüququn aliliyinin əsas cəhətlərindən biri hüquqi müəyyənlik prinsipidir ki, onun tələbinə görə məhkəmələr yekun qərarı elə qəbul etməlidirlər ki, o mübahisə olunmasın. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356 və 384.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə Hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 259.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və 1 (bir) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini gecə saat 23:00-dan növbəti gün səhər saat 06:00-a kimi tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək,yaşadığı Balakən və qonşu Zaqatala rayonlarının ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs cəzasını yaşayış yeri üzrə çəksin, onun cəza çəkmə müddətinin əvvəli cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən qüvvəsində saxlanılsın. İş üzrə 50 ( əlli) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutulub Az. MEM; VÖEN **********; AZ34CTRE********************, X2, KOD 210005,VÖEN ********** Müxbir hesab AZ41NABZ ******************** SWİFT BİK CTREAZ22 hesaba köçürülsün. Hökmün icrası Balakən Rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Zərərçəkmiş hüquqi şəxs Balakən rayonu Qabaqçöl qəsəbə bələdiyyəsinə izah olunur ki, vurulmuş zərərin ödənməmiş qalan -2240 manata aid hissəsi ilə bağlı mülki mühakimə icraatı qaydasında məhkəməyə müraciət edə bilər. Təqsirləndirilən şəxs məhkəmə icraatı zamanı göstərilən hüquqi yardımla bağlı Azərbaycan Respublikası Dövlət büdcəsinin vəsaiti hesabından 12 manat tutulub vəkil Müdafiəçi1 ödənilməsi üçün Balakən rayon Vəkil Bürosunun nəfinə, "xxxx" ASC-in X5 Rekvizitləri: VÖEN-**********, kod 201382, Müxbir hesab AZ37NABZ013501**********1944 hesaba köçürülsün. Hökmdən elan olunduğu andan (həbsdə olan məhkum hökmün surəti ona verildiyi andan) 20 gün müddətində Balakən Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apellyasiya şikayəti və ya protesti verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən Hümbət Səlimov
Məhkəmə qərarları › İş №1(019)-72/2023
Balakən Rayon Məhkəməsi Hökm — İş №1(019)-72/2023
07.06.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver