Azərbaycan Respublikası adından HÖKM Balakən Rayonu İş № 1(019)-72/2025 22.09.2025 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Səlimov Hümbət Qamuna oğlunun sədrliyi, məhkəmə iclas katibi X4 qızının katibliyi, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin rayon (şəhər) məhkəmələrində dövlət ittihamı müdafiəsi üzrə şöbəsinin prokuroru vəzifəsini icra edən, İİ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs1, onun nümayəndəsi Müdafiəçi2 və Təqsirləndirilən şəxs iştirakları ilə TƏQSİRLƏNDİRİLƏN ŞƏXS-xx.xx.1979-cu il tarixdə ünvan 2ində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, FİN xxxxxxx, ali təhsilli, məhkum olunmamış, evli, Bakı-Balakən marşrut xəttində kassir işləyən, Balakən rayon Hənifə kəndində qeydiyyatda olan və həmin kənddə yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 ci maddəsində nəzərdə tutulan cinayət əməllini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: Təqsirləndirilən şəxs tamah niyyəti ilə etibardan aldatma yolu ilə özgənin əmlakını talama, yəni ələ keçirmə məqsədilə tanışı Zərərçəkmiş şəxs2 məxsus olan torpaq sahəsinə çıxarış alacağına dair yalandan vəd verib, vahid niyyətlə əhatə olunan cinayətkar qəsdlə aldadaraq sonuncunun 2023-cü ilin noyabr ayının əvvəllərində 150 manat, 18 noyabr 2023-cü il tarixdə səhər saatlarında isə 800 manat, ümumilikdə 950 manat məbləğində pulunu Balakən şəhəri Heydər Əliyev prospektində yerləşən Balakən regional “ASAN xidmət” Mərkəzinin yaxınlığındakı “Azgranata” adlı mağazanın qarşısında tamah niyyəti ilə qanunsuz olaraq ələ keçirib dələduzluq etmişdir. Bundan başqa o, tamah niyyəti və aldatma yolu ilə özgənin əmlakını talama, yəni ələ keçirmə məqsədilə tanışı Zərərçəkmiş şəxs1 Balakən rayonu ərazisində yerləşən mədəniyyət müəssisələrindən birinə işə düzəldəcəyinə dair yalandan vəd verib aldadaraq sonuncunun 2024-cü ilin yanvar ayında istintaqla dəqiq müəyyən edilə bilməyən tarixdə və saatda Balakən şəhəri Heydər Əliyev prospektində yerləşən Avtovağzalın inzibati binasında olan kafedə əlbəəl verdiyi 4000 manat məbləğində pulu tamah niyyəti ilə qanunsuz olaraq ələ keçirib təkrarən dələduzluq etmişdir. Təqsirləndirilən şəxs həmin cinayət əməllərini törətməsi məhkəmə iclasında özünün qismən etirafı, zərərçəkmiş şəxslərin və şahidin ifadələri və işdə olan sənədlərlə aşağıdakı qaydada tam sübuta yetirildi. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək və ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək göstərdi ki, ünvan 2ində ailə üzvləri ilə birlikdə yaşayır. 2023-cü ilin noyabr ayında Zərərçəkmiş şəxs2 ona zəng edərək torpaq sahəsinə sənəd düzəltmək istədiyini bildirmişdir. O da Zərərçəkmiş şəxs2 düzəldə biləcəyini demişdir. O, Zərərçəkmiş şəxs2 sənəd məsələsini həll etmək üçün 950 manat pul lazım olduğunu demişdir. O, Zaur ilə danışıb 2023-cü ilin noyabr ayının əvvəlində Balakən şəhəri H.Əliyev prospektində yerləşən “Azgranata” mağazasının qarşısında ondan 150 manat pulu əlbəəl götürmüşdür. Bundan bir müddət sonra isə 2023-cü ilin noyabr ayının ortalarında həmin yerdə, yəni, Balakən şəhəri H.Əliyev prospektində yerləşən “Azgranata” mağazasının qarşısında 800 manat pulu əlbəəl götürmüşdür. O, daha sonra “ASAN xidmət”ə onun torpaq sahəsi ilə bağlı sorğu göndərmişdir. Sorğunun nəticəsində həmin torpaq sahəsinin başqa şəxsin adına olması məlum olmuşdur. Sorğunun cavabı 6 aydan sonra gəlmişdir. O, həmin pulun 400 manatını müvafiq rüsumlar üçün xərcləmişdir. Qalan pulu isə öz ehtiyaclarına xərcləmişdir. Zaura torpaq sahəsinin başqa şəxsin adına olduğunu və sənəd düzəltməyin mümkün olmadığını demişdir. Bu zaman Zərərçəkmiş şəxs2 pulunu geri istəmişdir. O isə Zaura pulunun olmadığını və qaytaracağını bildirmişdir. O, hazırda 950 manat pulu Zərərçəkmiş şəxs2 qaytarmışdır. Zərərçəkmiş şəxs2 ondan heç bir şikayəti və tələbi yoxdur. O, Zərərçəkmiş şəxs1 da 2023-cü ilin avqust ayından tanıyır. O, Nailin xalası oğluna iş düzəltmək üçün onun xalasından 4000 manat pul almışdır. O, Nailin özündən isə pul almamışdır. Zərərçəkmiş şəxs1 pulu YAP-da işləyən Cəmilə adlı qadına vermişdir. Zərərçəkmiş şəxs1 mənə pul verməmişdir. Barəsində ədalətli hökm verilməsini xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək ifadəsində göstərmişdir ki, ünvan 1 ünvanında ailə üzvləri ilə birlikdə yaşayır. Təqsirləndirilən şəxs rayon sakini kimi tanıyır. 2023-cü ilin noyabr ayında eşitmişdir ki, Eyvaz sənəd düzəltmək işlərini həll edir. O da Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı mobil nömrəyə zəng edərək torpaq sahəsinə sənəd düzəltmək istədiyini bildirmişdir. Təqsirləndirilən şəxs də ona düzəldə biləcəyini demişdir. Eyvaz ondan sənəd məsələsini həll etmək üçün 950 manat pul istəmişdir. O, həmin pulun 150 manatını 2023-cü ilin noyabr ayının əvvəlində Eyvaza Balakən şəhərində yerləşən “ASAN xidmət”in yaxınlığında “Azgranata” mağazasının qarşısında əlbəəl vermişdir. Daha sonra isə 18 noyabr 2023-cü il tarixdə səhər saatlarında həmin yerdə, yəni, “Azgranata” mağazasının qarşısında 800 manat pulu əlbəəl vermişdir. Bundan 4-5 ay keçsə də, Eyvazdan bir xəbər çıxmamışdır. O, dəfələrlə Təqsirləndirilən şəxs pulunu geri istəsə də, Eyvaz telefonlara cavab verməmişdir. O, Təqsirləndirilən şəxs rayon ərazisində görüb pulunu geri istəyəndə isə müxtəlif bəhanələr gətirərək pulunu qaytarmamışdır.Təqsirləndirilən şəxs hazırda onun pulunu qaytarmışdır. Onun təqsirləndirilən şəxsdən heç bir şikayəti və tələbi yoxdur. Təqsirləndirilən şəxsə yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək göstərmişdir ki, Balakən rayonu Qullar kəndində ailə üzvləri ilə birlikdə yaşayır. Təqsirləndirilən şəxs 2023-cü ilin avqust ayından tanıyır. Həmin vaxt Eyvaz xalası oğlu X1 işə düzəldəcəyini bildirirmişdir. Bu məqsədlə Eyvaz xalası Şahid1 4000 manat pul götürmüşdür. Həmin vaxt Eyvaz onu da işə düzəldə biləcəyini bildirmişdir. O, həmin vaxt razı olmasa da, daha sonra Təqsirləndirilən şəxs ilə razılaşmışdır. Bundan sonra o, Təqsirləndirilən şəxs ilə 4000 manat müqabilində onu Balakən rayonunda yerləşən mədəniyyət müəssisələrindən birində işə düzəltməyinə razılıq vermişdir. 2024-cü ilin yanvar ayında o, Eyvaz ilə Balakən şəhərindəki avtovağzalın binasında yerləşən çayxanada görüşmüşdür. Onlar çayxanaya daxil olduqdan sonra sol tərəfdə yerləşən stolların birində oturmuşlar. O, həmin yerdə Eyvaza 4000 manat pulu əlbəəl vermişdir. Həmin vaxt xalası da yanlarında olmuşdur. Eyvaz pulu götürüb demişdir ki, “ bir ay ərzində sənin işini düzəldəcəm”. Bundan sonra o, gözləməyə başlamışdır, lakin Eyvazdan xəbər gəlməmişdir. Bundan sonra o, dəfələrlə Eyvazın istifadəsində olan ***-***- **-** saylı mobil nömrəyə zəng etsə də, zənglərin çoxuna cavab verməmiş, cavab verdikdə isə “düzələcək, narahat olma” deyərək onu aldatmışdır. O, Təqsirləndirilən şəxs pulu verməsindən 2 aydan çox keçsə də, Eyvaz onu işə düzəltməmiş, buna görə də o, Eyvazdan pulunu geri tələb etməyə başlamışdır. O, Eyvazdan pulunu istədikdə, Eyvaz torpaq satacağını və pulu qaytaracağını bildirmiş və müxtəlif bəhanələr gətirərək pulunu qaytarmamışdır. Təqsirləndirilən şəxs hazıradək onun pulunu qaytarmamışdır. Təqsirləndirilən şəxs onu aldadaraq 4000 manat pulunu ələ keçirmişdir. Təqsirləndirilən şəxs YAP-da işləyən Cəmilə adlı qadının vasitəsilə onu işə düzəldəcəyini demişdir, lakin həmin Cəmilə adlı qadın hazırda vəfat etmişdir. O, həmin Cəmilə adlı qadını ümumiyyətlə görməmişdir, sadəcə olaraq Eyvazın deməsinə görə həmin qadının adını bilir. O, pulunu tələb edir. Pulu ödənmədiyi halda Təqsirləndirilən şəxs ən ağır cəza təyin edilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək ifadəsində göstərdi ki, Balakən rayonu Gərəkli kəndində ailə üzvləri ilə birlikdə yaşayır. Zərərçəkmiş şəxs1 onun bacısı oğludur. O, Təqsirləndirilən şəxs rayon sakini kimi tanıyır. Həmçinin Eyvaz onun oğlunu işə düzətlmək üçün də əvvəllər 4000 manat pul götürmüşdür. 2024-cü ilin yanvar ayında Nail ona bildirmişdir ki, Eyvaz onu Balakən rayonunda yerləşən mədəniyyət müəssisələrindən birinə işə düzəldəcək və bunun müqabilində 4000 manat pul istəyir. Nail ona özü ilə birlikdə Eyvazın yanına getməyini xahiş etmişdir. O da Nail ilə razılaşmışdır. 2024-cü ilin yanvar ayında onlar Eyvaz ilə Balakən şəhərindəki avtovağzalın binasında yerləşən çayxanada görüşmüşlər. Onlar çayxanaya daxil olduqdan sonra sol tərəfdə yerləşən stolların birində oturmuşlar. Nail orada Eyvaza 4000 manat pulu əlbəəl vermişdir. Eyvaz pulu götürüb demişdir ki, “bir ay ərzində sənin işini düzəldəcəm”. Bundan sonra onlar oradan durub evə qayıtmışlar. Lakin daha sonra məlum olmuşdur ki, Eyvaz Naili heç bir yerə işə düzəltmir və pulu da qaytarmır. İşin 10-11-ci vərəqələrində olan və məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş 01 may 2025-ci il tarixdə tərtib olunmuş “Diskə baxış keçirilməsi haqqında” protokoldan görünür ki, Zərərçəkmiş şəxs1 Təqsirləndirilən şəxs 4000 (dörd min) manat pul vermiş, sonuncu həmin pulu torpaq sahəsini sataraq qaytaracağını bildirmişdir. İşin 21-27-ci vərəqələrində olan və məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş 07 may 2025-ci il tarixdə müstəntiq tərtib olunmuş “Diskə baxış keçirilməsi haqqında” protokoldan görünür ki, Zərərçəkmiş şəxs2 Təqsirləndirilən şəxs torpaq sahəsinə sənəd düzəltmək üçün 800 manat pul vermiş, Təqsirləndirilən şəxs torpaq sahəsinə sənəd düzəldəcəyini bildirmişdir. İşin 79-80-cı vərəqələrində olan və məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş qətimkan tədbiri seçilməsi barədə qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. İşin 56-cı vərəqəsində olan elan olunmaqla tədqiq edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İşin 59-cu vərəqəsində olan və məhkəmə iclasında elan olunmaqla tədqiq olunmuş Balakən rayonu İHB- Hənifə kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş arayışdan görünür ki, Çiraqi X3 rayonu Hənifə kənd sakinidir. İşin 61-ci vərəqəsində oloan və məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş Balakən rayonu İHB- Hənifə kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş arayışdan ki, Təqsirləndirilən şəxs ailə üzvləri- atası, bacısı,arvadı 2008-ci il təvəllüdlü qızı Sevda,2009-cu il təvəllüdlü qızı Münəvvər və 2016-cı il təvəllüdlü qızı Əsmadır.ır. İşin 60-cı vərəqəsində olan və məhkəmə istintaqında elan olunmaqla tədqiq edilmiş Balakən rayonu İHB- Hənifə kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamədə Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. İşdə olan və məhkəmə istintaqında elan olunmaqla tədqiq edilmiş Zərərçəkmiş şəxs2 xx.xx.2025-ci il tarxli ərizəsində göstərilmişdir ki, Təqsirləndirilən şəxs ona vurduğu ziyanı tam ödəmişdir.Onun ondan şikayəti yoxdur. Zərərçəkmiş şəxs1 təqdim etdiyi, onunla Təqsirləndirilən şəxs arasında olan danışığın qeydə alındığı diskə məhkəmə iclas zalında baxış keçirilmişdir. Baxış zamanı diskdə aşağıdakı məzmunda səs yazılarının olması müəyyən olundu: 1-ci səs yazısı: Nail: Allah qoysa mənim dörd minimi nə vaxt versən? Eyvaz: Həftənin ikinci günü diyiblərdə hazırdı, ikinci gün saat üçdə, olmasa bürüsüyün daha yüz faiz kupçan gəlir. Anlaşılmayan ifadələr…. Nail: Torpağı nə vaxt satısan, nə vaxt verisən? Eyvaz: Torpağı alan burdadı., anlaşılmayan ifadə... Nail: Anlaşılmayan ifadə.... pul hazırdımı? Eyvaz: Hazırdıda uje satılıbdı. Diyir başqa yer almıram Eyvaz. Bilirəm başqa yer almır... anlaşılmayan ifadə. Nail: Habı həftə versəndə mənim pulumu. Eyvaz: Habı həftə Allah qoysa ha kupçanı götürüb naxadı verirəm Allahın köməkliyiynən.Nail: Allah qoysa, sən canı biraz tez eləyə Eyvaz: Anlaşılmayan ifadə 2-ci səs yazısı: Nail: Əgər vermax fikrin ay Eyvaz bax kişi kimi söz diyirəm.. Eyvaz; Diyirəm satıb diyirəm verirəm qutardı başqa heçkim yoxdu daha Nail: Satannan sonra da qulağ assa, əgər vermax fikrin yoxdusa açıx ma kişi kimi de...anlaşılmayan ifadələr Eyvaz: Verməsəm diyərəm vermirəmdə.. Nail: Mən də büyün lazımi yerə müraciət eliyərəm, dörd min manat az pul döyül a kişi Eyvaz: anlaşılmayan ifadə., mən diyərəm ki vermirəmdə Nail: Sən neçə dəfə balalarının canına and içdin, üç balanın canına and olsun dedin sənin dörd minin məndədi... Eyvaz: Satıb dedim verirəm də hələ satmamışam Nail: Sənin dörd minin.... Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsi: Maddə 124.1-ci maddəsinə əsasən məhkəmənin və ya cinayət prosesi tərəflərinin əldə etdiyi mötəbər dəlillər (məlumatlar, sənədlər, əşyalar) cinayət təqibi üzrə sübutlar hesab olunur. Maddə 124.1.2. Bu sübutlarla hadisənin cinayət hadisəsi olub-olmaması, törədilmiş əməldə cinayətin əlamətlərinin olub-olmaması, bu əməlin təqsirləndirilən şəxs tərəfindən törədilib-törədilməməsi, onun təqsirli olub-olmaması, habelə ittihamın düzgün həll edilməsi üçün əhəmiyyət kəsb edən hallar göstərilməlidir. Maddə 125.1. Məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. Maddə 125.2.1. İnsan və vətəndaşların konstitusiya hüquqlarının və azadlıqlarının, yaxud bu Məcəllənin digər tələblərinin pozulması ilə cinayət prosesi iştirakçılarının qanunla təminat verilən hüquqlarından məhrum etmə və ya onları məhdudlaşdırmaqla bu sübutların həqiqiliyinə hər hansı yolla təsir göstərəcəyi və ya göstərə biləcəyi halda, Azərbaycan Respublikası CPM-nin 125.2.3-cü maddəsinə əsasən şübhəli və təqsirləndirilən şəxsin müdafiə hüquqlarının… pozulması ilə, Azərbaycan Respublikası CPM-nin 125.2.7-ci maddəsinə əsasən istintaq və ya digər prosessual hərəkətlərin icraat qaydaları kobud pozuntularla aparıldıqda… əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir. Maddə 125.3. Bu Məcəllənin 125.2-ci maddəsində nəzərdə tutulmuş hallarda alınmış məlumatlar, sənədlər və əşyalar hüquqi qüvvəsi olmayan hesab edilir və onlar ittihamın düzgün həlli üçün hər hansı halın sübut olunmasında istifadə edilə bilməz. Maddə 137.Əməliyyat-axtarış fəaliyyəti nəticəsində əldə edilmiş materiallar «Əməliyyat-axtarış fəaliyyəti haqqında» Azərbaycan Respublikasının Qanununa uyğun əldə olunduqda və bu Məcəllənin tələblərinə uyğun təqdim edildikdə və yoxlanıldıqda, cinayət təqibi üzrə sübut kimi qəbul edilir. Maddə 144.Cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və birbiri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Maddə 145.1.Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Məhkəmə iş üzrə zərərçəkmiş şəxslər - Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs1 və Şahid1 ifadələrini, ekspertiza rəylərini, məhkəmə və ibtidai istintaq hərəkətlərinin protokollarını və sair sənədləri tam, hərtərəfli və obyektiv yoxlayıb, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliliyi üzrə qiymətləndirib, həmin sübutları inandırıcı, məntiqli olduqları, ziddiyyət təşkil etmədikləri, əksinə bir-biri ilə uyğun şəkildə işin faktiki hallarını təsdiq etdikləri üçün mötəbər sübutlar kimi qəbul edir. Zərərçəkmiş şəxs1 ona pul verməməsi, onun pulu Cəmilə adlı qadına verməsi barədə Təqsirləndirilən şəxs məhkəmə iclasında göstərdiyi xüsusatlar iş materialları ilə (ibtidai istintaq zamanı müdafiəçinin iştirakı ilə verdiyi ifadələr, zərərçəkmiş şəxs və şahidin ifadələri və s.ilə) təkzib olunduğundan, məhkəmə onun bu ifadəsini cinayət məsuliyyətindən yaxa qurtarmağa hesablanmış, özünü müdafiə məqsədi ilə verilmiş ifadə hesab edərək sübut kimi qəbul etmir. Təqsirləndirilən şəxs məhkəmə baxışında verdiyi ifadəsindən fərqli olaraq ibtidai istintaq zamanı təqsirləndirilən şəxs qismində verdiyi ifadələrində göstərmişdir ki, Zərərçəkmiş şəxs1 2023-cü ilin avqust ayından tanıyır. Həmin vaxt Zərərçəkmiş şəxs1 işə düzəlmək istədiyini bildirmişdir. O da Zərərçəkmiş şəxs1 YAPda işləyən Cəmilə adlı qadının əli ilə işə düzəldə biləcəyini bildirmişdir. Bu zaman Nail istəmədiyini bildirmişdir. Lakin bir müddət keçdikdən sonra Zərərçəkmiş şəxs1 ondan özünü işə düzəltməsini istəmişdir. O da Zərərçəkmiş şəxs1 razılıq vermiş və onu Balakən rayonunda olan mədəniyyət müəssisələrindən birinə işə düzəldəcəyini bildirmişdir. O, Zərərçəkmiş şəxs1 işə düzəlmək üçün 4000 manat verməli olduğunu bildirmiş və Nail onunla razılaşmışdır. 2024-cü ilin yanvar ayında o, Nail ilə Balakən şəhərində yerləşən avtovağzalın binasındakı çayxanada görüşmüşdür. Bu zaman Zərərçəkmiş şəxs1 xalası da yanlarında olmuşdur. O, orada Naildən əlbəəl şəkildə 4000 manat pul götürmüş və məsələnin 1 ay ərzində həll olunacağını bildirmişdir. Lakin o, Zərərçəkmiş şəxs1 işə düzəldə bilməmişdir və həmin pulu da öz ehtiyaclarına xərclədiyi üçün pulu geri qaytara bilməmişdir.O, hazıradək həmin pulu qaytarmamışdır. Təqsirləndirilən şəxs ibtidai istintaq verdiyi ifadəsi iş materialları ilə təsdiq olunduğundan məhkəmə onun həmin ifadələrini sübut kimi qəbul edir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 346-cı maddəsinin tələbinə uyğun olaraq təqsirləndirilən şəxsin əməlinin hüquqi tövsifi məsələsinə baxaraq qeyd edir ki, məhkəmə iclasında tədqiq olunmuş mümkün və mötəbər sübutların məcmuyu ilə müəyyən edildi ki, Təqsirləndirilən şəxs təkrarən dələduzluq cinayət əməlini törətmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsində göstərilmişdir ki, yalnız Azərbaycan Respublikasının Cinayət Məcəlləsi ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyətini yaradır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Repsublikası CM-nin 244.1-ci maddəsinin şərh edilməsi haqqında” 17 mart 2011-ci il tarixli qərarında qeyd edilmişdir ki, cinayətin töfsifi törədilən kokret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayəthüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin töfsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir.Töfsif CM-də müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından,cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan inan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli örənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Dələduzluq, yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə əməlinin təkrar törədilməsinə görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsində cinayət məsuliyyəti nəzərdə tutulmuşdur. “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 11 iyun 2015-ci il tarixli 7 nömrəli qərarı: 1-ci bəndinə görə törədilmiş əməl o halda CM-in 178-ci maddəsində nəzərdə tutulmuş dələduzluq, yəni etibardan sui-istifadə və ya aldatma yolu ilə özgə əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə hesab edilir ki, şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakının əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirilməsinə, yaxud da əmlak hüquqlarının əldə edilməsinə yönəlmiş olsun. Dələduzluq yolu ilə əmlak hüquqları əldə etmə dedikdə, mülkiyyət hüququ, girov hüququ, tələb hüququ və varlanmaya səbəb olan sair hüquqları qanunsuz əldə etmə başa düşülməlidir. Bu hüquqlar müqavilələr və digər öhdəliklərdən əmələ gələn müvafiq sənədlərdə (məsələn, etibarnamədə, vəsiyyətnamədə, qiymətli kağızlarda, hesablaşma və sığorta sənədlərində və s.) əks oluna bilər. 2-ci bəndinə görə dələduzluq cinayətinin üsulu kimi aldatma dedikdə, özgə əmlakını (əmlak hüququnu) ələ keçirmək niyyətində olan şəxs tərəfindən bilə-bilə yalan, həqiqətə uyğun olmayan məlumatların verilməsi və ya həqiqi məlumatların gizlədilməsi, yaxud da əmlakın ələ keçirilməsinə yönəlmiş qəsdən törədilən başqa hərəkətlərin edilməsi (məsələn, əqdin predmeti olan saxta əşyaların və ya saxta sənədlərin təqdim edilməsi, onların əldə edilməsi, malların alınması zamanı aldadıcı üsullardan istifadə edilməsi və ya hesablaşma görüntüsünün yaradılması və sair) başa düşülür. Dələduzluğun törədilməsi zamanı həqiqətə uyğun olmayan və ya gizlədilən məlumatlar kimi müxtəlif hallar, məsələn, hüquqi faktlar, əmlakın dəyərinə və keyfiyyətinə, təqsirkarın şəxsiyyətinə, onun səlahiyyətlərinə və niyyətinə dair məlumatlar çıxış edə bilər. 3-cü bəndinə görə dələduzluğun üsulu kimi etibardan sui-istifadə etmə dedikdə, əmlakı ələ keçirmək və ya əmlaka olan hüququ əldə etmək məqsədi güdən şəxs tərəfindən əmlakın mülkiyyətçisi, bu əmlaka sahiblik edən və ya sərəncam vermək hüququ olan şəxslə yaranmış etibarlı münasibətlərdən istifadə olunması başa düşülür. Etibardan sui-istifadə etmə, həmçinin təqsirkar şəxsin qulluq səlahiyyətlərinin həyata keçirilməsi, zərərçəkmiş şəxslə yaxın şəxsi və ya qohumluq münasibətlərinin olması ilə də əlaqədar ola bilər. Etibardan sui-istifadə etmə həm də təqsirkarın əvəzsiz olaraq özünün və ya üçüncü şəxslərin xeyrinə əmlakı və ya ona olan hüququ ələ keçirmək məqsədilə üzərinə götürdüyü hər hansı öhdəliyi yerinə yetirmək niyyətində olmadığı halda, məsələn, kredit müəssisələrindən müəyyən məbləğdə kredit və ya zərərçəkmiş şəxsdən borc alaraq bunları qaytarmaq məqsədi güdmədiyi, hər hansı işin görülməsi, xidmətlərin göstərilməsi öhdəliyini üzərinə götürüb bunun üçün əvvəlcədən avans kimi müəyyən məbləğdə pul alaraq həmin işi görmədiyi (xidməti göstərmədiyi) və görmək (xidmət göstərmək) niyyətində olmadığı hallarda da baş verir. 4-cü bəndində məhkəmələrin nəzərinə çatdırılmışdır ki, dələduzluq cinayəti özgənin əmlakının təqsirkarın və ya üçüncü şəxslərin sahibliyinə keçdiyi və onların bu əmlaka dair istədikləri kimi sərəncam vermək və ya onlardan istifadə etmək imkanının yarandığı andan başa çatmış hesab edilir. Dələduzluq əmlaka olan hüququ ələ keçirmə formasında törədildikdə, cinayət təqsirkarın özgə əmlakına öz əmlakı kimi rəsmən (hüquqi əhəmiyyətli sənəd əsasında) sahib olmaq və onun üzərində sərəncam vermək imkanı əldə etdiyi andan, məsələn, daşınmaz əmlaka mülkiyyət hüququ və yaxud qanuna görə qeydiyyat tələb olunduğu halda digər əmlaka hüquqlar qeydiyyata alındığı, müqavilənin bağlandığı, veksel üzərində köçürmə qeydinin (indossamentin) icra edildiyi andan, şəxsin əmlaka hüququnun tanınmasına dair məhkəmə qərarının qüvvəyə mindiyi gündən və yaxud digər səlahiyyətli orqan tərəfindən hüquq müəyyən edən aktın qəbul edildiyi vaxtdan başa çatmış hesab edilir Məhkəmə təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxslərin ifadələrini, dövlət ittihamçısının və Zərərçəkmiş şəxs1 nümayəndəsinin çıxışlarını dinləyib, Azərbaycan Respublikasının Konstitusiyasının 63-cü maddəsində təsbit edilmiş təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq, məhkəmə baxışında ittihamın baxılması nəticələrinə, məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslanaraq, tədqiq olunan sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq bu nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir, həmin əməldə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsinin tərkibi vardır, təqsirləndirilən şəxs həmin cinayətin törədilməsində təqsirlidir, onun cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsi ilə düzgün tövsif edilmişdir,əməlin cinayət olmasını aradan qaldıran hallar, təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur, təqsirləndirilən şəxs törətdiyi əmələ görə cəzalanmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsi: 41 -ci maddəsinə görə cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir.Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. 58.1 və 58.3-cü maddələrinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir.Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. “Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr və dəyişikliklər edilməsi barədə” 11 iyun 2004-cü il tarixli 688-İİQD saylı Azərbaycan Respublikası Qanununun 3-cü hissəsinin 9-cu bəndinin və 4-cü hissəsinin 7-ci bəndinin Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin 9-cu hissəsinə uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 yanvar 2005-ci il tarixli Qərarında qeyd olunur ki, istənilən məhkəmə aktının qanuni və əsaslı hesab olunması üçün mütləq şərtlərdən biri onun ədalətli olmasıdır, çünki, ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir. "Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 4 nömrəli, 25 iyun 2003-cü il tarixli Qərarı: 1-ci bəndində məhkəmələrə izah edilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. 2-ci bəndində göstərilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Təqsirləndirilən şəxs himayəsində bir nəfər azyaşlı uşağının olması, cinayət nəticəsində dəymiş ziyanın qismən ödənməsi onun cəzasını yüngülləşdirən hallardır. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar yoxdur. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən ona hansı növ cəzanın təyin olunması məsələsinə baxaraq, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, əvvəllər məhkum olunmamasını, yaşayış yerindən müsbət cəhətdən xarakterizə olunmasını, cəzanı yüngülləşdirən halları və cəzanı ağırlaşdıran halların olmamasını, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, onun cəmiyyətdən təcrid edilmədən islah olunmasının mümkün olmasını, daha ciddi cəza növünün təyin edilməsi üçün əsasların olmamasını, hazırkı məhkəmə təcrübəsini nəzərə alaraq Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş həddə azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməsini qanuni, əsaslı və ədalətli hesab edir. Cinayət Məcəlləsinin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir.Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmin Məcəllənin 52-1.2-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: 52-1.2.1. yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; 52-1.2.2. elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; 52-1.2.3. məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; 52-1.2.4. müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. 52-1.3. Məhkəmə məhkum üçün aşağıdakı əlavə vəzifələr müəyyən edə bilər: 52-1.3.1. kütləvi və digər tədbirlər təşkil etməmək və ya belə tədbirlərdə iştirak etməmək; 52-1.3.2. məhkəmənin müəyyən etdiyi ərazi hüdudları daxilində müəyyən yerlərə getməmək; 52-1.3.3. alkoqolizmdən, narkomaniyadan, toksikomaniyadan və ya zöhrəvi xəstəliklərdən müalicə kursu keçmək; 52-1.3.4. məhkumun islah olunmasına kömək edən digər vəzifələr. Azərbaycan Respublikası Cəzaların icrası Məcəlləsinin 51-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. Məhkəmə göstərilən hüquq normalarının tələbinə uyğun olaraq hesab edir ki, Təqsirləndirilən şəxs cəzasını yaşayış yeri üzrə çəkməli, onun üzərinə ünvan 2i ünvanındakı yaşayış yerini gecə saat 22:00-dan növbəti gün səhər saat 07:00-a kimi tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, yaşadığı Balakən rayonun ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalı, cəzaçəkmə müddətinin əvvəli cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 346.1.12-ci maddəsinə uyğun olaraq Təqsirləndirilən şəxs təyin ediləcək cəzanın çəkilməli olubolmaması məsələsinə baxaraq,işin hallarını, təqsirləndirilən şəxsin cəzadan azad edilməsi, yaxud barəsində Cinayət Məcəlləsinin 70-ci maddəsinin tətbiq olunması üçün əsasların olmamasını nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxs ona təyin ediləcək cəzanı çəkməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbirinin şərtlərinə əməl etməsini nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəsini alana kimi dəyişdirilmədən saxlanmalıdır. İş üzrə maddi sübut və mülki iddia yoxdur. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 346.1-ci və 346.1.19-cu maddələrinə əsasən, məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında həm də hansı əmlakın müsadirə edilməli olduğu məsələsinə hakim tərəfindən baxılmalıdır. Təqsirləndirilən şəxs hazırkı cinayəti törətdiyi zaman cinayət yolu ilə hər hansı əmlak əldə etməsi müəyyən edilmədiyindən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulan müsadirə edilməli olan əmlak mövcud deyildir. Zərərçəkmiş şəxs-Zərərçəkmiş şəxs1 izah olunur ki, dəymiş ziyanın ödənilməsi ilə bağlı Təqsirləndirilən şəxs qarşı mülki mühakimə icraatı qaydasında məhkəməyə müraciət etmək hüquqları vardır. Azərbaycan Respublikası CPM-nin 349-cü maddəsinin tələblərinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Məhkəmənin hökmü Azərbaycan Respublikası Konstitusiyasının, bu Məcəllənin, Azərbaycan Respublikasının cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir. Məhkəmənin hökmü məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə əsaslı hesab edilir. Kondraşinanın Rusiya Federasiyasına qarşı iş üzrə qərarında Avropa Məhkəməsi göstərmişdir ki, məhkəmələr qərar qəbul edərkən hüququn aliliyinə əməl etməlidirlər. Hüququn aliliyinin əsas cəhətlərindən biri hüquqi müəyyənlik prinsipidir ki, onun tələbinə görə məhkəmələr yekun qərarı elə qəbul etməlidirlər ki, o mübahisə olunmasın. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356 və 384.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin,03 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs üzərinə ünvan 2i ünvanındakı yaşayış yerini gecə saat 22:00dan növbəti gün səhər saat 07:00-a kimi tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, yaşadığı Balakən rayonunun ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs cəzasını yaşayış yeri üzrə çəksin, onun cəza çəkmə müddətinin əvvəli cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəsini alana kimi dəyişdirilmədən saxlansın. İş üzrə maddi sübut və mülki iddia yoxdur. Hökmün icrası təqsirləndirilən şəxsin yaşayış yeri üzrə Balakən Rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Zərərçəkmiş şəxs1 izah olunur ki, dəymiş ziyanın ödənilməsi ilə bağlı Təqsirləndirilən şəxs qarşı mülki mühakimə icraatı qaydasında məhkəməyə müraciət etmək hüquqları vardır. Hökmdən elan olunduğu andan (həbsdə olan məhkum hökmün surəti ona verildiyi andan) 20 gün müddətində Balakən Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apellyasiya şikayəti və ya protesti verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən H.Q.Səlimov
Məhkəmə qərarları › İş №1(019)-72/2025
Balakən Rayon Məhkəməsi Hökm — İş №1(019)-72/2025
22.09.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver