Məhkəmə qərarları › İş №1(019)-75/2024

Balakən Rayon Məhkəməsi Hökm — İş №1(019)-75/2024

31.07.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Balakən Rayonu İş № 1(019)-75/2024 31.07.2024 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Səlimov Hümbət Qamuna oğlunun sədrliyi, məhkəmə iclas katibi X1 katibliyi, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru vəzifəsini icra edən, İİİ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, zərərçəkmiş hüquqi şəxs- Balakən rayonu Talalar bələdiyyəsinin nümayəndəsi Nümayəndə, Təqsirləndirilən şəxs iştirakları ilə, TƏQSİRLƏNDİRİLƏN ŞƏXS - xx xxxxxxxx 1992-ci il tarixdə Balakən rayonu Talalar kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, natamam orta təhsilli, işsiz, məhkum olunmamış, Balakən rayonu Talalar kəndində qeydiyyatda olan və həmin ünvanda yaşayan, 12 iyun 2024-cü il tarixdə barəsində başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 259.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: Təqsirləndirilən şəxs Veliyev X3 rayonu Talalar Bələdiyyəsinə ərizə ilə müraciət edərək Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 7 saylı ərazi Ekologiya və Təbii Sərvətlər İdarəsi ilə razılaşdırdıqdan sonra ağac kəsməli olduğu halda, bunları etməyərək həmin bələdiyyəyə məxsus torpaq sahəsindən qanunsuz olaraq ağac kəsmək qərarına gəlmiş, bu məqsədlə 29 mart 2024-cü il tarixdə Balakən rayon Talalar kəndi ərazisində qeyd olunan bələdiyyəyə məxsus, meşə fonduna daxil olmayan ərazidə yerləşən, Talalar kənd bələdiyyəsinin mülkiyyətində olan yaşayış məntəqələri torpaqlarına aid kəndin perspektiv inkişafı üçün fərdi yaşayış evlərinin tikintisi məqsədi ilə nəzərdə tutulan torpaq sahəsindən 1 ədəd 14 sm diametrində 150 manat dəyərində, 1 ədəd 34 sm diametrində 350 manat dəyərində, 1 ədəd 36 sm diametrində 350 manat dəyərində və 1 ədəd 50 sm diametrində 900 manat dəyərində ümumilikdə 04 ədəd, köküstə yaş qızılağac və söyüd ağaclarını özünə məxsus motorlu mişarla qanunsuz kəsərək Talalar Bələdiyyəsinə xeyli miqdarda, yəni 1750 (min yeddi yüz əlli) manat məbləğində maddi ziyan vurmaqla meşə fonduna daxil olmayan ərazidən qanunsuz olaraq ağac kəsmişdir. Təqsirləndirilən şəxs həmin cinayət əməlini törətməsi məhkəmə iclasında özünün səmimi etirafedici ifadəsi, zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi və şahidlərin ifadələri, işdə olan və məhkəmə iclasında tədqiq olunan digər sübutlarla aşağıdakı qaydada tam sübuta yetirildi. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 259.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, anası Şahid1 Bəşir qızı ilə birlikdə yaşayır. Əvvəllər məhkum olunmamışdır. Onlar yaşadığı Balakən rayonu Talalar kəndində 0,21 ha boş torpaq sahəsi vardır. Həmin torpaq sahəsi anası Şahid1 başda olmaqla ailəsinə məxsus həyətyanı torpaq sahəsidir. xx.xx.2024-cü il tarixdə anası ilə həmin torpaq sahəsini səliqəyə salmaq, lazımsız ağacları və kolları kəsmək qərarına gəlmişdir. Həm də həmin torpaq sahəsində olan bəzi ağaclar oradan keçən telefon xəttlərinə dəymişdir. Buna görə də o, özünə məxsus olan motopila adlı odun doğrama aləti ilə təxminən saat 12 radələrində 3 ədəd Qızılağac cinsindən olan və 1 ədəd Söyüd cinsindən olan ağacları təxminən 1,5 metr hündürlükdən kəsmişdir. Həmin ağaclar isə kəsildiyi yerdədir. O, həmin ağacları heç kimə verməmişdir və ya satmamışdır. Həmin ağacların kəsilməsində ona heç kim kömək etməmişdir. O, kəsdiyi ağacları odundan hasar çəkməkdə istifadə etmək istəmişdir. O, həmin ağacları özü tək kəsmişdir. O, ağacları kəsdikdən təxminən 1-2 saat sonra həmin yerdə olan zaman ərazidə xidmət aparan polis əməkdaşı ona yaxınlaşaraq ağacları kimin kəsdiyini soruşmuş, o da özünü təqdim edib ağacları onun kəsdiyini bildirmişdir. Bundan sonra o, həmin polis əməkdaşının dəvəti ilə könüllü olaraq Balakən RPŞ-nə gəlmişdir. O, əvvəl elə bilmişdir ki, həmin kəsdiyi ağaclar ailəsinə məxsus pay torpaq sahəsinə düşür, lakin sonradan ona kəsdiyi ağacların Bələdiyyəyə aid torpaq sahəsində yerləşməsi məlum olmuşdur. O, ağacları kəsmək üçün heç bir quruma müraciət etməmişdir. Əməlindən çox peşimandır. Bir daha belə əməllərə yol verməyəcəkdir. Barəsində yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş hüquqi şəxs Balakən Rayon Talalar Bələdiyyəsinin nümayəndəsi Nümayəndə ifadəsində göstərdi ki, rəsmi olaraq 09 aprel 2004-cü ildən etibarən Balakən rayon Talalar kənd bələdiyyəsinin sədri vəzifəsində işləyir. 29 mart 2024cü il tarixdə Balakən rayon polis şöbəsinin əməkdaşları tərəfindən Balakən rayon Talalar kənd sakini Təqsirləndirilən şəxs tərəfindən Balakən rayonu Talalar kənd bələdiyyəsinin mülkiyyətində olan yaşayış məntəqələri torpaqlarına aid kəndin perspektiv inkişafı üçün fərdi yaşayış evlərinin tikintisi məqsədi ilə nəzərdə tutulan torpaq sahəsindən müxtəlif cinsli ağacların qanunsuz kəsilməsi müəyyən edilmişdir. Bununla bağlı 29 mart 2024-cü il tarixdə rayon polis şöbəsinin əməkdaşları tərəfindən qeyd olunan əraziyə baxış keçirilmiş, həmin ərazidən Təqsirləndirilən şəxs tərəfindən 03 ədəd Qızılağac və 01 ədəd Söyüd ağaclarının qanunsuz kəsilməsi müəyyən edilmişdir. Təqsirləndirilən şəxs yaşadığı evin yaxınlığında yerləşən Balakən rayonu Talalar kənd bələdiyyəsinin mülkiyyətində olan yaşayış məntəqələri torpaqlarına aid kəndin perspektiv inkişafı üçün fərdi yaşayış evlərinin tikintisi məqsədi ilə nəzərdə tutulan torpaq sahəsindən ağac kəsilməsi üçün Balakən rayon Talalar kənd Bələdiyyəsindən icazə almamışdır. Veliyev X3 rayonu Talalar kənd Bələdiyyəsinin mülkiyyətinə aid torpaq sahəsindən müxtəlif cinsli ağacları qanunsuz olaraq kəsmiş, bu barədə həm Balakən rayon Talalar Bələdiyyəsinə, həmçinin də hər hansı bir aidiyyəti quruma məlumat verməmişdir. Təqsirləndirilən şəxs vurulmuş ziyandan 150 manat ödəmişdir. Ziyanın qalan hissəsinin hər ay 100-150 manat olmaqla ödənilməsinə razılaşmışlar. Təqsirləndirlən şəxsdən şikayətçi deyildir. Təqsirləndirilən şəxsə yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs onun oğludur. Onların yaşadıqları Balakən rayonu Talalar kəndi ərazisində 21 sot boş torpaq sahəsi vardır. Həmin qeyd etdiyi torpaq sahəsi ona və ailəsinə məxsus pay torpaq sahəsidir. xx.xx.2024-cü il tarixdə oğlu Təqsirləndirilən şəxs həmin torpaq sahəsini səliqəyə salmaq və lazımsız ağacları və kolları kəsmək qərarına gəlmişdir. Həm də həmin torpaq sahəsində olan bəzi ağaclar oradan keçən telefon xəttlərinə dəymişdir. Buna görə də oğlu Təqsirləndirilən şəxs özünə məxsus olan motopila adlı odun doğrama aləti ilə həmin gün təxminən saat 12 radələrində 3 ədəd Qızılağac cinsindən olan və 1 ədəd Söyüd cinsindən olan ağacları təxminən 1,5 metr yüksəklikdən kəsmiş və ağacları kəsildiyi yerdə qoymuşdur. Kənan həmin ağacları heç kimə verməmiş və satmamışdır. Həmin ağacları Kənan tək kəsmişdir və ağacların kəsilməsində Kənana heç kim kömək etməmişdir. O, kəsdiyi ağacları odundan hasar çəkməkdə istifadə etmək istəmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərdi ki, halhazırda Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 7 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin baş məsləhətçi müfəttişi vəzifəsində işləyir. Balakən rayon Talalar kənd sakini Təqsirləndirilən şəxs tərəfindən Balakən rayonu Talalar kəndi ərazisində ağacların kəsilməsi barədə Balakən RPŞ-nə daxil olmuş xx.xx.2024-cü il tarixli məlumat əsasında həmin sözügedən ərazidə baxış keçirilmişdir. Hadisə yerinə keçirilmiş baxış zamanı müəyyən edilmişdir ki, Balakən rayon Talalar kənd sakini Təqsirləndirilən şəxs tərəfindən Talalar kəndi ərazisində kənd yolunun kənarında yerləşən ərazidən 03 ədəd 14, 34 və 36 sm diametrlərdə Qızılağac və 01 ədəd 50 sm diametrdə Söyüd cinsindən olan ümumilikdə 04 ədəd köküstə yaş ağac kəsilmişdir. Onun tərəfindən tərtib edilmiş ziyan aktında da qeyd edilmişdir ki, kəsilmiş ağaclar nəticəsində təbiətə 1750 manat məbləğində ziyan dəymişdir. Sonradan məlum olmuşdur ki, Təqsirləndirilən şəxs kəsdiyi ağaclar Balakən rayon Talalar kənd Bələdiyyəsinə məxsus olan torpaq sahəsində yerləşir. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdarlıq olunmasına baxmayaraq,iş üzrə şahid-Şahid2 məhkəmə iclasına gəlməmişdir. Balakən Rayon Polis Şöbəsinin 31 iyul 2024-cü il tarixli 3-13-66/2-16315/2024 nömrəli məktubundan görünür ki, Balakən RPŞ -nin İTB-nin polis sahə nəfəri,polis serjantı Şahid2 sol ayağın topuq nahiyyəsinin sınığı diaqnozu ilə ambulator müalicə alır. Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 317.1-ci maddəsinə əsasən bu Məcəllənin 226.1-226.3-cü maddələrinin müddəalarına uyğun olaraq məhkəmə iclasına çağırılmış şahid, ekspert və mütəxəssisdən hər hansı biri məhkəmə iclasına gəlmədikdə, məhkəmə növbə ilə cinayət prosesi tərəflərindən hər birinin fikrini dinlədikdən sonra məhkəmə baxışının davam etdirilməsi və ya onun təxirə salınması haqqında qərar çıxarır. Göstərilən şəxslərdən hər hansı birinin gəlməməsi cinayət təqibi ilə bağlı olan bütün halların hərtərəfli, tam və obyektiv tədqiq edilməsinə mane olmadıqda məhkəmə baxışı davam etdirilə bilər. Azərbaycan Respublikası CPM-nin 329.1-ci maddəsinə əsasən şahid tərəfindən məhkəməyədək icraat, davam edən məhkəmə baxışı zamanı əvvəllər keçirilmiş məhkəmə iclasında və ya cari məhkəmə iclasında verilmiş ifadələrin şahidin məhkəmə iclasında iştirakı olmadan elan edilməsinə, habelə həmin ifadələrin audio yazısının səsləndirilməsinə, video və kino çəkilişinin göstərilməsinə yalnız şahidin məhkəmə baxışına gəlməsini istisna edən səbəblərə görə, həmçinin bu Məcəllənin 327.1-ci maddəsində nəzərdə tutulmuş digər hallarda yol verilir. Məhkəmə, yuxarıda göstərilən qanun normalarına istinad edib, ittiham və müdafiə tərəflərinin razılığını nəzərə alaraq, hazırki iş üzrə Şahid2 ibtidai istintaqda şahid qismində verdiyi ifadəsinin elan olunmasını zəruri hesab edir. Məhkəmə iclasında ifadəsi elan olunmaqla tədqiq edilmiş Şahid2 ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, hazırda Balakən RPŞ-nin İTB-nin sahə polis nəfəri vəzifəsində çalışır. 29 mart 2024-cü il tarixdə saat 15 radələrində o, Balakən rayonu Talalar kəndi ərazisində xidmətdə olarkən kənd sakini Təqsirləndirilən şəxs adlı şəxsin bir neçə saat qabaq Talalar kəndi ərazisində yolun kənarında 3 ədəd ağacı kəsməsi barədə məlumat almışdır. Həmin məlumatı dəqiqləşdirmək üçün kənd ərazisində ağacların kəsildiyi bildirilən yerə getmiş və həqiqətən də kənd yolunun kənarında 3 ədəd Qızqılağac və 1 ədəd söyüd cinsindən olan ağacların kəsildiyini görmüşdür. Həmin vaxt oradan biraz kənarda olan bir nəfər şəxsdən bu ağacları kimin kəsdiyini soruşduqda həmin şəxs cavabında qeyd olunan ağacları özünün kəsdiyini bildirmişdir. O, həmin şəxsdən ad və soyadını soruşduqda həmin şəxs Təqsirləndirilən şəxs olduğunu və Talalar kəndində yaşadığını bildirmişdir. O da Kənandan ağacları nə üçün kəsdiyini soruşduqda Kənan ağacların özlərinə məxsus torpaq sahəsində yerləşdiyini və həmin torpaq sahəsini təmizləmək üçün kəsdiyini bildirmişdir. Bundan sonra o, Təqsirləndirilən şəxs Balakən RPŞ-nə gəlməsi üçün dəvət etmiş, Təqsirləndirilən şəxs də etiraz etmədən könüllü şəkildə Balakən RPŞ-nə gəlmiş və o, bu barədə Balakən RPŞ-nin rəhbərliyinə raport ilə məruzə edib araşdırılmasını xahiş etmişdir. İşin 16-22-ci vərəqələrində olan və məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş xx.xx.2024-cü il tarixli “hadisə yerinə baxış keçirilməsi barədə” protokoldan görünür ki, həmin tarixdə saat 18:05-dən saat 18:35-dək olan müddət ərzində Balakən rayonu Talalar kənd sakini Təqsirləndirilən şəxs göstərməsi ilə Balakən rayonu Talalar kəndi ərazisində yerləşən ağaclar kəsilən yerə baxış keçirilmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə saat 12 radələrində özü kəsdiyi 14 sm, 34 sm və 36 sm diametrində olan 03 ədəd Qızılağac və 50 sm diametrdə 01 ədəd Söyüd cinsindən olan ağacları təqdim etdi. Baxış zamanı ətrafda hadisə yerini çəkən heç bir videomüşahidə kamerasının olmadığı müəyyən edildi. Ağacları kəsildiyi ərazi Talalar kəndində kənd yolunun kənarında yerləşir. Mütəxəssis tərəfindən ağaclara baxıldı və ağacların 03 ədədinin Qızılağac cinsindən və 01 ədədinin isə Söyüd cinsindən olduğu bildirilmişdir. Bundan sonra hadisə yerinin və kəsilmiş ağacların fotoşəkilləri çəkilmiş və protokola əlavə edilməsi üçün iştirakçılar tərəfindən baxılmışdır. Baxış zamanı tərtib edilmiş protokol imzalarla təsdiq edilmişdir. İşin 33-cü vərəqələrində olan və məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X4 18 saylı Zaqatala Ərazi idarəsinin xx.xx.2024-cü il tarixli 3-21-3- 47\2-1535\2024 saylı cavab məktubunda göstərilmişdir ki, “Balakən Rayon Polis Şöbəsinin İstintaq bölməsində araşdırılan materialın icrası zamanı yaranmış zərurətlə əlaqədar Balakən rayonu, Talalar kənd sakini Təqsirləndirilən şəxs tərəfindən müxtəlif cinsli kəsilmiş ağacların yerləşdiyi əraziyə baxış keçirərək ərazinin mülkiyyətçisinin müəyyənləşdirilməsi üçün mütəxəssisin ayrılmasına köməklik göstərilməsi barədə məktubunuza “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X4 18 saylı Zaqatala Ərazi İdarəsində baxılmışdır. Çöl-ölçmə işlərinin nəticəsinə və idarənin xidməti istifadəsində olan TEKUİS məlumat bazasına əsasən məlum olmuşdur ki, kəsilmiş ağaçların yerləşdiyi torpaq sahəsi Balakən rayonu Talalar bələdiyyəsinin mülkiyyətində olan yaşayış məntəqələri torpaqlarına aid kəndin perspektiv inkişafı üçün fərdi yaşayış evlərinin tikintisi məqsədi ilə nəzərdə tutulan torpaq sahəsidir. İşin 67-70-ci vərəqələrində olan və məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizasının xx.xx.2024-cü il tarixli 9/3422 nömrəli rəyində göstərilmişdir ki, “Ekspertiza tədqiqatına təqdim edilmiş Azərbaycan Respublikası ETSN-nin 7 saylı RETSİ tərəfindən tərtib edilmiş hesabat cədvəlinə əsasən Balakən rayonunun Talalar kəndi ərazisində Talalar bələdiyyəsinin mülkiyyətində yerləşən torpaq sahəsində meşə fonduna daxil olmayan 1 ədəd d=14 sm, 1 ədəd d=34 sm, 1 ədəd d=36 sm olan qızılağac, 01 ədəd d=50 sm olan söyüd ağacı olmaqla, ümumilikdə 04 ədəd köküstə yaş halda ağacların qanunsuz kəsilməsi (tikinti və abadlaşdırma istisna olmaqla) nəticəsində təbiətə dəymiş ziyanın məbləği Azərbaycan Respublikası Nazirlər Kabinetinin 27 oktyabr 2016-ci il tarixli 421 nömrəli Qərarına əsasən nəzəri qaydada 1750,00 manat müəyyən edilir. Həmin ağacların adları, diametrləri və adları ayrı-ayrılıqda rəyin tədqiqi hissəsində göstərilmişdir.” İşin 39-cu vərəqəsində olan və məhkəmə istintaqında elan olunmaqla tədqiq edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İşin 41-ci vərəqəsində olan və məhkəmə istintaqında elan olunmaqla tədqiq edilmiş Balakən rayon Balakən kənd İHB-ın Talalar kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli 373 nömrəli arayışdan görünür ki, Veliyev X3 rayonu Talalar kəndində yaşayır. İşin 43-cü vərəqəsində olan və məhkəmə istintaqında elan olunmaqla tədqiq edilmiş Balakən rayon İH-ın Talalar İnzibati Ərazi Dairəsi üzrə nümayəndəsi tərəfindən verilmiş 06.05. 2024-cü il tarixli 374 nömrəli arayışdan görünür ki, Təqsirləndirilən şəxs himayəsində pensiyaçı anası, bacısı, qardaşı,qardaşı arvadı və qardaşı uşaqları vardır. İşin 42-ci vərəqəsində olan və məhkəmə istintaqında elan olunmaqla tədqiq edilmiş Balakən rayon İHB-ın Talalar kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəsi tərəfindən verilmiş xasiyyətnamədə Təqsirləndirilən şəxs müsbət cəhətdən xarakterizə olunması qeyd edilmişdir. İş materiallarına əlavə edilmiş ödəniş qəbzlərindən və Balakən Rayon Talalar bələdiyyəsinin 30 iyul 2024-cü il tarixli şəxsi hesab vərəqəsindən görünür ki, Təqsirləndirilən şəxs vurulmuş zərərdən xx.xx.2024-cü ildə 100 manat, xx.xx.2024-cü ildə 50 manat olmaqla cəmi 150 manat ödəniş etmişdir. Məhkəmə, zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi Nümayəndə, iş üzrə şahidlər- Şahid1, Şahid2 və Şahid3 ifadələrini, ekspertiza rəylərini, məhkəmə və ibtidai istintaq hərəkətlərinin protokollarını və sair sənədləri tam, hərtərəfli və obyektiv yoxlayıb, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliliyi üzrə qiymətləndirib, həmin sübutları inandırıcı, məntiqli olduqları, ziddiyyət təşkil etmədikləri, əksinə bir-biri ilə uyğun şəkildə işin faktiki hallarını təsdiq etdikləri üçün mötəbər sübutlar kimi qəbul edir. Məhkəmə, eyni zamanda Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 126.6-cı maddəsinin tələbinə əsasən Təqsirləndirilən şəxs ittiham olunduğu əməldə öz təqsirini etiraf etməsini iş üzrə bütün sübutların məcmuyu ilə təsdiq edildiyi üçün ona qarşı ittihamı təsdiq edən əsas kimi qəbul edir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 346-cı maddəsinin tələbinə uyğun olaraq təqsirləndirilən şəxsin əməlinin hüquqi tövsifi məsələsinə baxaraq qeyd edir ki, məhkəmə iclasında tədqiq olunmuş mümkün və mötəbər sübutların məcmuyu ilə müəyyən edildi ki, Təqsirləndirilən şəxs qəsdən, tamah niyyəti ilə, qanunsuz olaraq, xeyli miqdarda ziyan vurmaqla meşə fonduna daxil olmayan ərazidən qanunsuz ağac kəsmə cinayət əməlini törətmişdir. Meşələrdə və ya xüsusi mühafizə olunan təbiət ərazilərində ağacların, kolların və ya digər yaşıllıqların, eləcə də meşə fonduna daxil olmayan ağacların, kolların və ya digər yaşıllıqların qanunsuz kəsilməsi (götürülməsi) xeyli miqdarda ziyan vurmaqla törədildikdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 259.1-ci maddəsində nəzərdə tutulan cinayət məsuliyyəti yaranır. Məhkəmə təqsirləndirilən şəxsin, zərərçəkmiş hüquqi şəxsin nümayəndəsinin və şahidlərin ifadələrini, dövlət ittihamçısının çıxışını dinləyib, işdə olan sənədləri bilavasitə tədqiq edib, Azərbaycan Respublikasının Konstitusiyasının 63-cü maddəsində təsbit edilmiş təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq, məhkəmə baxışında ittihamın baxılması nəticələrinə, məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslanaraq, tədqiq olunan sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq bu nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs ittiham olunduğu cinayət hadisəsi baş vermişdir, həmin əməldə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 259.1-ci maddəsinin tərkibi vardır, həmin əməl təqsirləndirilən şəxs tərəfindən törədilmişdir, təqsirləndirilən şəxs həmin cinayətin törədilməsində təqsirlidir, onun cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 259.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir,əməlin cinayət olmasını aradan qaldıran hallar, təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur, təqsirləndirilən şəxs törətdiyi əmələ görə cəzalanmalıdır. Cinayət Məcəlləsinin cəzanın anlayışını və məqsədini müəyyən edən 41-ci maddəsinə görə cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cinayət Məcəlləsinin 58.1 və 58.3-cü maddələrinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamının 13.3 v. 13.4-cü bəndlərində məhkəmələrə tövsiyyə edilmişdir ki,cəzanın növü və həddi müəyyən edilərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyi əsas tutulmalı, cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirilməlidir. Sərəncamın 8-ci bəndində isə tövsiyyə edilmişdir ki, məhkəmələr tərəfindən cəzanın məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza tədbirlərinin tətbiqi genişləndirilsin. “Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr və dəyişikliklər edilməsi barədə” 11 iyun 2004-cü il tarixli 688-İİQD saylı Azərbaycan Respublikası Qanununun 3-cü hissəsinin 9-cu bəndinin və 4-cü hissəsinin 7-ci bəndinin Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin 9-cu hissəsinə uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 yanvar 2005-ci il tarixli Qərarında qeyd olunur ki, istənilən məhkəmə aktının qanuni və əsaslı hesab olunması üçün mütləq şərtlərdən biri onun ədalətli olmasıdır, çünki, ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir. "Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 4 nömrəli, 25 iyun 2003-cü il tarixli Qərarının 1-ci bəndində məhkəmələrə izah edilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Qərarın 2-ci bəndində göstərilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Təqsirləndirilən şəxs cinayət nəticəsində dəymiş ziyanı qismən ödəməsi onun cəzasını yüngülləşdirən haldır. Onun cəzasını ağırlaşdıran hallar yoxdur. Məhkəmə təqsirləndirilən şəxsə hansı növ cəzanın təyin olunması məsələsinə baxaraq, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, əvvəllər məhkum olunmamasını, yaşayış yeri üzrə müsbət cəhətdən xarakterizə olunmasını, cəzanı yüngülləşdirən halı, cəzanı ağırlaşdıran halların olmamasını, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini,daha ciddi cəza növünün təyin edilməsi üçün əsasların olmamasını, onun cəmiyyətdən təcrid edilmədən də islah olunmasının mümkün olmasını, eyni zamanda cərimə və islah işləri növündə cəzanın təyin edilməsinin cəzanın məqsədlərini təmin edə bilməyəcəyini nəzərə alaraq Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddənin sanksiyasında müəyyən edilmiş həddə azadlığın məhdudlaşdırılması növündə cəzanın təyin edilməsini qanuni, əsaslı və ədalətli hesab edir Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini gecə saat 23:00-dan növbəti gün səhər saat 07:00-a kimi tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, yaşadığı Balakən və qonşu Zaqatala rayonlarının ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı təhsil və iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 346.1.12-ci maddəsinə uyğun olaraq Təqsirləndirilən şəxs təyin ediləcək cəzanın çəkilməli olubolmaması məsələsinə baxaraq, işin hallarını, təqsirləndirilən şəxsin cəzadan azad edilməsi, yaxud barəsində Cinayət Məcəlləsinin 70-ci maddəsinin tətbiq olunması üçün əsasların olmamasını nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxs ona təyin ediləcək cəzanı çəkməlidir. İş üzrə maddi sübut olan və Balakən rayon Talalar Bələdiyyəsində saxlanılan, kəsilmiş 03 ədəd qızılağac və 1 ədəd söyüd ağacları zərərçəkmiş hüquqi şəxs Balakən rayon Talalar Bələdiyyəsinə verilməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək qətimkan tədbiri tədbiri hökm qanuni qüvvəsini alana kimi dəyişdirilmədən saxlanmalıdır. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri olan 50 (əlli) manat Təqsirləndirilən şəxs tutulub Az. MEM; VÖEN **********; AZ34CTRE********************, X2, KOD 210005, VÖEN ********** Müxbir hesab AZ41NABZ ******************** SWİFT BİK CTREAZ22 hesaba köçürülməlidir. Zərərçəkmiş hüquqi şəxs Balakən rayonu Talalar Bələdiyyəsinə izah olunmalıdır ki, vurulmuş zərərlə bağlı mülki mühakimə icraatı qaydasında məhkəməyə müraciət edə bilər. Azərbaycan Respublikası CPM-nin 349-cü maddəsinin tələblərinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Məhkəmənin hökmü Azərbaycan Respublikası Konstitusiyasının, bu Məcəllənin, Azərbaycan Respublikasının cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir. Məhkəmənin hökmü məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə əsaslı hesab edilir. Kondraşinanın Rusiya Federasiyasına qarşı iş üzrə qərarında Avropa Məhkəməsi göstərmişdir ki, məhkəmələr qərar qəbul edərkən hüququn aliliyinə əməl etməlidirlər. Hüququn aliliyinin əsas cəhətlərindən biri hüquqi müəyyənlik prinsipidir ki, onun tələbinə görə məhkəmələr yekun qərarı elə qəbul etməlidirlər ki, o mübahisə olunmasın. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356 və 384.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə Hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 259.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və 2(iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini gecə saat 23:00-dan növbəti gün səhər saat 07:00-a kimi tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək,yaşadığı Balakən və qonşu Zaqatala rayonlarının ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı təhsilin və iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs cəzasını yaşayış yeri üzrə çəksin, onun cəza çəkmə müddətinin əvvəli cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən qüvvəsində saxlanılsın. İş üzrə 50 ( əlli) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutulub Az. MEM; VÖEN **********; AZ34CTRE********************, X2, KOD 210005,VÖEN ********** Müxbir hesab AZ41NABZ ******************** SWİFT BİK CTREAZ22 hesaba köçürülsün. İş üzrə maddi sübut olan və Balakən rayon Talalar Bələdiyyəsində saxlanılan, təqsirləndirilən şəxs tərəfindən kəsilmiş 03 ədəd qızılağac və 01 ədəd söyüd olmaqla 04 ədəd ağaclar zərərçəkmiş hüquqi şəxs Balakən rayon Talalar bələdiyyəsinə verilsin. Hökmün icrası Balakən Rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Zərərçəkmiş hüquqi şəxs Balakən rayonu Talalar Bələdiyyəsinə izah olunur ki, vurulmuş zərərin ödənməmiş qalan -1600 manata aid hissəsi ilə bağlı mülki mühakimə icraatı qaydasında məhkəməyə müraciət edə bilər. Hökmdən elan olunduğu andan (həbsdə olan məhkum hökmün surəti ona verildiyi andan) 20 gün müddətində Balakən Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apellyasiya şikayəti və ya protesti verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən Hümbət Səlimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar