Məhkəmə qərarları › İş №1(019)-79/2022

Balakən Rayon Məhkəməsi Hökm — İş №1(019)-79/2022

02.08.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Balakən Rayonu İş № 1(019)-79/2022 02.08.2022 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Səlimov Hümbət Qamuna oğlunun sədrliyi, məhkəmə iclas katibi X1 katibliyi, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində DİMÜŞ-nin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçi-Balakən rayon Vəkil Bürosunun vəkili Müdafiəçi2, Təqsirləndirilən şəxs iştirakları ilə TƏQSİRLƏNDİRİLƏN ŞƏXS -xx xxxxxxxx 1982-ci il tarixdə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, məhkumluğu olmayan, işləməyən, Balakən Rayon Məhkəməsinin 04 may 2022-ci il tarixli qərarı ilə barəsində 03 ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, Balakən Rayon Məhkəməsinin 24 may 2022-ci il tarixli qərarı ilə barəsində seçilmiş həbs qətimkan tədbiri ev dustaqlığı qətimkan tədbiri ilə əvəz edilmiş, ünvan 1 ünvanında qeydiyyatda olan və hazırda Balakən rayonu Mahamalar kəndində qeydiyyatsız yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Təqsirləndirilən şəxs 01 may 2022-ci il tarixdə Balakən rayonu Qullar kəndi ərazisində yerləşən avtobus dayanacağının yanından, yerdən taparaq qəsdən, satış məqsədi olmadan, qanunsuz olaraq əldə etdiyi şəxsi istehlak miqdarından artıq miqdarda, yəni sellofana bükülmüş 01 ədəd qara-ağ rəngli kağız bükümdə təmiz çəkisi 0,607 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroini qəsdən, satış məqsədi olmadan, qanunsuz olaraq öz şəxsi istifadəsi məqsədi ilə üzərində daşıyaraq qonaq gəldiyi evə, yəni Balakən şəhəri R.Əhmədzadə küçəsində yaşayan qohumu Mahir Əlibəyovun yaşadığı evə aparıb əynindəki qış gödəkçəsinin sol yan cibində saxlamışdır. 02 may 2022-ci il tarixdə Balakən RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş tədbirlər nəticəsində Təqsirləndirilən şəxs həmin tarixdə günorta saatlarında Balakən şəhəri R.Əhmədzadə küçəsində saxlanılaraq dəvət edilib RPŞ-nə gətirilmiş, şübhəli şəxs qismində tutularaq saat 13:55 dəqiqədən saat 14:25 dəqiqəyədək olan müddət ərzində üzərində şəxsi axtarış aparılan zaman onun qəsdən, satış məqsədi olmadan, qanunsuz olaraq əldə edib öz şəxsi istifadəsi məqsədi ilə üzərində daşıyaraq saxladığı şəxsi istehlak miqdarından artıq miqdarda, yəni sellofana bükülmüş 01 ədəd qara-ağ rəngli kağız bükümdə təmiz çəkisi 0,607 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroin onun əynindəki qış gödəkçəsinin sol yan cibindən aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs göstərilən cinayət əməlini törətməsi məhkəmə iclasında özünün etirafedici ifadəsi, şahidlərin ifadələri, işdə olan ekspertiza rəyləri və digər sübutlarla aşağıdakı qaydada tam sübuta yetirildi. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, ünvan 1 ünvanında qeydiyyatda olsa da, hazırda Balakən rayonu Mahamalar kəndində ailə üzvləri ilə birlikdə yaşayır. Təxminən 03- 04 ildir narkotik vasitə heroindən çəkmək yolu ilə istifadə edir.O, 30 aprel 2022-ci il tarixdə axşam saatlarında Balakən şəhəri R.Əhmədzadə küçəsində yaşayan uzaq qohumu Mahir Əlibəyovun evinə qonaq gəlmişdir. O, 01 may 2022-ci il tarixdə, yəni bazar günü Balakən rayonunu gəzmək üçün səhər saatlarında tək Mahirin evindən çıxaraq bir neçə saat ərzində gəzə-gəzə gedib Balakən rayonu Qullar kəndi ərazisinə çıxmış, Qullar kəndinə çatanda dincəlmək üçün yolun kənarında olan avtobus dayanacağında oturan zaman yolun kənarında yerdə siqaret qutusunun üzərindəki selloafana bükülmüş vəziyyətdə qara rəngli bir büküm olduğunu görmüş, narkotik vasitə istifadəçisi olduğuna görə həmin büküm diqqətini cəlb etmiş və əyilib yerdən həmin bükümü götürmüşdür. Bükümü açıb içərisinə baxanda içərisində “kokos” adlandırılan narkotik vasitə heroin olduğunu görmüş, özü istifadə etmək üçün həmin bükümü tapdığı vəziyyətdə əynindəki qış gödəkçəsinin sol yan cibinə qoyub Mahirin evinə qayıtmışdır. Həmin gün o, yemək yeyərkən spirtli içki qəbul etdiyinə görə tapdığı narkotik vasitəni istifadə etməmiş və elə cibində qalmışdır. Səhəri gün, yəni 02 may 2022-ci il tarixdə təxminən günorta saatlarında o, həmin narkotik vasitədən istifadə etmək üçün evdən bayıra çıxmışdır.O,Mahirin yaşadığı R.Əhmədzadə küçəsində dayanan zaman iki nəfər mülki geyimli şəxslər ona yaxınlaşıb özlərini təqdim edərək Balakən RPŞ-nin əməkdaşları olduqlarını bildirmişlər və üzərində qanunsuz olaraq narkotik vasitə saxlamaqda və daşımaqda şübhəli olduğunu deyərək onu Balakən RPŞ-nə dəvət etmişlər. O da polis əməkdaşları ilə razılaşaraq Polis Şöbəsinə gəlmişdir. PŞ-də xidməti otaqların birində Təhqiqat Bölməsinin təhqiqatçısı Vasif Əliyev tərəfindən ona Balakən rayon Vəkillər Bürosunun siyahısı təqdim edilmiş, daha sonra onun vəkillər siyahısından seçdiyi Müdafiəçi1 PŞ-nə dəvət olunmuş və bundan sonra o, şübhəli şəxs qismində tutulmuşdur.Müdafiəçinin və polis əməkdaşlarının iştirakları ilə təhqiqatçı tərəfindən ona hüquq və vəzifələri izah edildikdən sonra üzərində şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış zamanı təhqiqatçı tərəfindən ona üzərində hər hansı qeyriqanuni əşya, predmet, narkotik vasitə olub-olmaması barədə sual verilmiş, həmin vaxt o, əynindəki gödəkçənin sol yan cibində saxladığı və içərisində narkotik vasitə heroin olan 01 ədəd bükümü çıxarıb masanın üzərinə qoymaqla polis əməkdaşlarına təqdim etmişdir. Şəxsi axtarış zamanı onun üzərindən əlavə 01 manat pul və 01 qutu Winchester markalı siqaret aşkar edilmiş, lakin digər hər hansı bir qeyri-qanuni əşya və ya predmet aşkar edilməmişdir. Daha sonra onun təqdim etdiyi 01 ədəd büküm təhqiqatçı tərəfindən açılaraq içərisinə baxılmış, ona həmin bükümdə nə olması barədə sual verilmiş, o da bükümün içərisində narkotik vasitə “kokos” olduğunu bildirmişdir. Bundan sonra təqdim etdiyi büküm üzərindəki sellofan olmadan təhqiqatçı tərəfindən elektron tərəzidə ölçülmüş və ümumi çəkisi 0,75 qram təşkil etmişdir. Həmin büküm təhqiqatçı tərəfindən yenidən sellofana bükülərək 01 ədəd ağ rəngli kağız zərfə qoyulub qablaşdırılmış, zərf möhürlənmiş və üzəri bütün iştirakçılar tərəfindən imzalanaraq götürülmüşdür. Üzərindən aşkar edilmiş 01 manat pul və 01 qutu Winchester markalı siqaret isə ona geri qaytarılmışdır. Sonda şəxsi axtarış aparılması barədə protokol tərtib edilərək bütün iştirakçılar tərəfindən imzalanmışdır. Şəxsi axtarış bir polis əməkdaşı tərəfindən videokamera vasitəsi ilə fasiləsiz olaraq lentə alınmışdır. Məhkəmə fiziki-kimyəvi ekspertizasının 02 may 2022-ci il tarixli 17/374 nömrəli rəyi ilə tanış olduqdan sonra ona məlum olmuşdur ki, şəxsi axtarış zamanı onun üzərindən aşkar edilərək götürülmüş, yəni sellofana bükülmüş 01 ədəd qara-ağ rəngli kağız bükümdəki kustar üsulla hazırlanmış narkotik vasitə heroinin təmiz çəkisi 0,607 qramdır.O,narkotik vasitələrin satışı ilə məşğul olmur, üzərindən aşkar edilmiş narkotik vasitə heroindən heç kimə pay verməmiş və ya satmamışdır.O,üzərindən aşkar edilmiş narkotik vasitə heroindən istifadə etməmişdir. O, hazırda yaşadığı evdə və ya başqa bir yerdə narkotik vasitə heroin saxlamır. Onun üzərində narkotik vasitə heroin daşıyıb saxlamasından heç kimin məlumatı olmamışdır.Əməlindən peşimandır.Gələcəkdə belə hallara yol verməyəcəkdir. Ona yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, hazırda Balakən RPŞ-nin NMQ-nun əməliyyat müvəkkili vəzifəsində çalışır və polis leytenantı rütbəsini daşıyır. 02 may 2022-ci il tarixdə ünvan 1 ünvanında qeydiyyatda olmaqla Balakən rayonu Mahamalar kəndində yaşayan Təqsirləndirilən şəxs Balakən şəhəri ərazisində qanunsuz olaraq üzərində narkotik vasitə saxlamaqda və daşımaqda şübhəli olması barədə əməliyyat məlumatı daxil olmuş, daha sonra daxil olmuş məlumat onun tərəfindən raportla RPŞ-nin rəhbərliyinə məruzə olunmuş və həmin məlumatın yoxlanılması, yəni Təqsirləndirilən şəxs cinayət əməlinin ifşa olunması məqsədi ilə RPŞnin CAB-nin əməliyyat müvəkkili polis leytenantı Şahid2 ilə birlikdə tərəflərindən keçirilən əməliyyat tədbiri zamanı həmin tarixdə günorta saatlarında Misirov X3 şəhəri R.Əhmədzadə küçəsində saxlanılmış və dəvət olunaraq Balakən RPŞ-nə gətirilmişdir. Təqsirləndirilən şəxs onlarla birlikdə Polis Şöbəsinə gəldikdən sonra əvvəlcə Təhqiqat Bölməsinin təhqiqatçısı polis baş leytenantı Vasif Əliyev tərəfindən şübhəli şəxs kimi saxlanılmış, daha sonra Təqsirləndirilən şəxs vəkillər siyahısından seçdiyi vəkil Müdafiəçi1 PŞ-nə dəvət olunmuş və bundan sonra Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmuşdur. Daha sonra müdafiəçinin və polis əməkdaşlarının iştirakları ilə təhqiqatçı Vasif Əliyev tərəfindən Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış zamanı əvvəlcə təhqiqatçı Vasif Əliyev tərəfindən şübhəli şəxs Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah olunmuş və sonuncuya üzərində hər hansı qanunsuz əşya, predmet, narkotik vasitə olub-olmaması barədə sual verilmişdir. Bu zaman şübhəli şəxs Təqsirləndirilən şəxs əynindəki gödəkçənin sol yan cibindən 01 ədəd sellofan büküm çıxarıb masanın üzərinə qoymuşdur. Şəxsi axtarış zamanı şübhəli şəxs Təqsirləndirilən şəxs üzərindən əlavə 01 manat pul və 01 qutu Winchester markalı siqaret aşkar edilmiş, lakin digər hər hansı bir qeyri-qanuni əşya və ya predmet aşkar edilməmişdir. Şübhəli şəxs Təqsirləndirilən şəxs təqdim etdiyi sellofan büküm təhqiqatçı Vasif Əliyev tərəfindən açılan zaman içərisində 01 ədəd qara rəngli kağız büküm, həmin kağız büküm açılan zaman isə içərisində tünd qəhvəyi rəngli, tozşəkilli, narkotik vasitə heroinə oxşar kütlə aşkar edilmişdir. Daha sonra şübhəli şəxs Təqsirləndirilən şəxs təqdim etdiyi 01 ədəd kağız büküm üzərindəki sellofan olmadan təhqiqatçı tərəfindən elektron tərəzidə ölçülmüş və ümumi çəkisi 0,75 qram təşkil etmişdir. Həmin büküm təhqiqatçı Vasif Əliyev tərəfindən yenidən sellofana bükülərək 01 ədəd ağ rəngli kağız zərfə qoyulub qablaşdırılmış, zərf möhürlənmiş və üzəri bütün iştirakçılar tərəfindən imzalanaraq götürülmüşdür. Şübhəli şəxs Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 01 manat pul və 01 qutu Winchester markalı siqaret isə özünə geri qaytarılmışdır. Sonda şəxsi axtarış aparılması barədə protokol tərtib edilərək bütün iştirakçılar tərəfindən imzalanmışdır. Şəxsi axtarış Balakən RPŞ-nin KTQ-nun ekspert-kriminalisti polis mayoru Sadiq Vəzirov tərəfindən videokamera vasitəsi ilə fasiləsiz olaraq lentə alınmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Balakən RPŞ-nin CAB-nin əməliyyat müvəkkili polis leytenantı Şahid2 Balakən RPŞ-nin NMQ-nun əməliyyat müvəkkili polis leytenantı Şahid1 ilə eyni məzmunlu ifadə vermişdir. İşin 23-26-cı vərəqələrində olan və məhkəmə iclasında elan edilməklə tədqiq edilmiş 02 may 2022-ci il tarixli “şübhəli şəxsin üzərində şəxsi axtarış aparılması barədə” protokoldan görünür ki, həmin tarixdə saat 13:55 dəqiqədən saat 14:25 dəqiqəyədək olan müddət ərzində müdafiəçinin və polis əməkdaşlarının iştirakları ilə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarışa başlamazdan əvvəl Təqsirləndirilən şəxs Balakən rayon Vəkillər Bürosunun siyahısından seçdiyi vəkil Müdafiəçi1 və digər iştirakçıların iştirakı ilə Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah olunmuş, daha sonra ondan üzərində qanunla qadağan edilən hər hansı əşya, predmet və ya vasitə olub-olmadığını soruşduqda, Təqsirləndirilən şəxs əynindəki qış gödəkçəsinin qabaq sol cibində saxladığı kütləni təqdim etmişdir. Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirdikdə başqa qanunla qadağan edilmiş əşya, predmet və ya vasitə aşkar olunmamışdır. Təqsirləndirilən şəxs üzərində olan bir ədəd siqaret qutusuna məxsus sellofanda olan bir ədəd qara rəngli kağız bükümün içərisindəki kütlənin nə olduğunu soruşduqda Təqsirləndirilən şəxs həmin kütlənin “kakos” adlanan narkotik vasitə olduğunu, həmin kütləni 01 may 2022-ci il tarixdə Balakən rayonu Qullar kəndində dayanacağın yanında yerdən tapdığını, həmin kütlənin onda olmasını heç kimin bilmədiyini, həmin kütlədən hələ istifadə etmədiyini, əvvəllər məhkum olunduğunu və əvvəllər narkotik vasitələrdən istifadə etdiyini, üzərində saxladığı kütləni gələcəkdə istifadə etməsi üçün saxladığını bildirmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş bir ədəd qara rəngli kağız bükümdə olan narkotik vasitə heroinə oxşar kütlə elektron tərəzidə çəkildikdə ümumi çəkisi 0,75 qram təşkil etmiş və həmin kağız büküm bir ədəd zərfdə qablaşdırılmış, üzəri möhürlənmiş və doğruluğu iştirakçılar tərəfindən imzalanaraq təsdiqlənmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs ona qarşı Balakən RPŞ-də hər hansı psixi və ya fiziki təsir göstərilib-göstərilmədiyini soruşduqda Təqsirləndirilən şəxs belə bir halın olmadığını bildirmişdir. Şəxsi axtarış videokamera vasitəsilə qeydə alınmış, videogörüntü olan disk protokola əlavə edilmişdir. Şəxsi axtarış zamanı tərtib edilmiş protokol ucadan oxunmuş, heç bir şikayət və ya vəsatət daxil olmamış, protokolun doğruluğu iştirakçılar tərəfindən imzalarla təsdiq edilmişdir.Şəxsi axtarış zamanı qeydə alınmış videogörüntünün əks olunduğu DVD markalı diskə məhkəmə istintaqı zamanı baxış keçirilərkən, protokolda qeyd edilənlərin düzgünlüyü müəyyən edilmişdir. İşin 32-35-ci vərəqələrində olan və məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X9 Bölməsinin 02 may 2022-ci tarixli 17/374 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş kütlə....” sözləri yazılmış zərfin içərisindəki sellofana bükülmüş 01 (bir) ədəd qara-ağ rəngli kağız bükümdə, təmiz çəkisi 0,607 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. İşin 68-69,97-ci vərəqəsində olan və məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Gəncə şəhər Narkoloji Dispanserinin 18 may 2022-ci il tarixli 678 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitə olan heroindən epizodik istifadə etmə halları olub. Narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı yoxdur. Narkoloji kabinetdə proflaktiki qeydiyyata alınması məsləhət görülür. İşin 16-cı vərəqəsində olan və məhkəmə iclasında elan olunmaqla tədqiq olunmuş 02 may 2022-ci il tarixli “şübhəli şəxsi tutulması haqqında” protokoldan görünür ki,Təqsirləndirilən şəxs 02 may 2022-ci ildə saat 13:40-da Azərbaycan Respublikası CMnin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuş və Balakən RPŞ-nin MSY-də saxlanılmışdır. İşin 74-76-cı vərəqələrində olan Balakən Rayon Məhkəməsinin 04 may 2022-ci il tarixli 4(019)-29/2022 nömrəli qərarından görünür ki, həmin qərar ilə Təqsirləndirilən şəxs barəsində 03 (üç) ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. İşin 101-105-ci vərəqələrində olan Balakən Rayon Məhkəməsinin 24 may 2022-ci il tarixli 4(019)-34/2022 nömrəli qərarından görünür ki, həmin qərarla təqsirləndirilən şəxs hesab edilən Təqsirləndirilən şəxs barəsində Balakən Rayon Məhkəməsinin 04 may 2022ci il tarixli qərarı ilə 3 ay müddətinə seçilmiş həbs qətimkan tədbiri hazırki qərarın çıxarıldığı 24 may 2022-ci il tarixdən həbs müddətinin başa çatdığı 02 avqust 2022-ci il tarixədək ev dustaqlığı qətimkan tədbiri ilə əvəz edilməsi və Təqsirləndirilən şəxs məhkəmə iclas zalında dərhal həbsdən azad olunması qərara alınmışdır. İşin 84-cü vərəqəsində olan və məhkəmə iclasında elan olunmaqla tədqiq olunmuş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi BƏSİİ tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu olmayan şəxsdir. İşin 110-cu vərəqəsində olan və məhkəmə iclasında elan olunmaqla tədqiq olunmuş Bərdə rayon İHB-nin şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli 3284 nömrəli arayışdan görünür ki, Təqsirləndirilən şəxs ünvan 5 ünvanında qeydiyyatdadır. Balakən rayonunda müvəqqəti yaşayır. İşin 111-ci vərəqəsində olan və məhkəmə iclasında elan olunmaqla tədqiq olunmuş Bərdə rayon İHB-in şəhər inzibati ərazi dairəsi tərəfindən verilmiş xasiyyətnamədə Təqsirləndirilən şəxs barəsində nümayəndəliyə heç bir şikayət daxil olmadığı göstərilir. İşin 112-ci vərəqəsində olan və məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş Tərtər rayonu Qeydiyyat Şöbəsi tərəfindən 17 aprel 2010-cu il tarixdə verilmiş AZ-İİ seriyalı 417500 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X8 28 yanvar 2010-cu ildə anadan olmuş, atası Təqsirləndirilən şəxs, anası X4 qeyd edilmişdir. Məhkəmə iş üzrə şahidlər- Şahid1 və Şahid2 ifadələrini, ekspertiza rəylərini, məhkəmə və ibtidai istintaq hərəkətlərinin protokollarını və sair sənədləri tam, hərtərəfli və obyektiv yoxlayıb, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliliyi üzrə qiymətləndirib, həmin sübutları inandırıcı, məntiqli olduqları, ziddiyyət təşkil etmədikləri, əksinə, bir-biri ilə uyğun şəkildə işin faktiki hallarını təsdiq etdikləri üçün mötəbər sübutlar kimi qəbul edir. Məhkəmə, eyni zamanda Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 126.6-cı maddəsinin tələbinə əsasən Təqsirləndirilən şəxs ittiham olunduğu əməldə öz təqsirini etiraf etməsini iş üzrə bütün sübutların məcmuyu ilə təsdiq edildiyi üçün ona qarşı ittihamı təsdiq edən əsas kimi qəbul edir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 346-cı maddəsinin tələbinə uyğun olaraq təqsirləndirilən şəxsin əməlinin hüquqi tövsifi məsələsinə baxaraq qeyd edir ki, məhkəmə iclasında tədqiq olunmuş mümkün və mötəbər sübutların məcmuyu ilə müəyyən edildi ki, təqsirləndirilən şəxs şəxs Təqsirləndirilən şəxs qəsdən qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə əldə etmə, daşıma və saxlama cinayət əməlini törətmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsində göstərilmişdir ki, yalnız Azərbaycan Respublikasının Cinayət Məcəlləsi ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyətini yaradır. Satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə və ya saxlamağa görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində cinayət məsuliyyəti nəzərdə tutulmuşdur. "Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi haqqında" Azərbaycan Respublikası Qanununun 1.0.5-ci madəsinə görə narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi- Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələr, psixotrop maddələr və onların prekursorları ilə bağlı törədilən hər hansı hərəkətlərdir. Həmin Qanunun 1.0.8-ci maddəsinə görə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlərdir. Həmin Qanunun 1.0.9-cu maddəsinə görə narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi-həyata keçirilməsi üsulundan asılı olmayaraq, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlərdir. Həmin Qanunun 1.0.10-cu maddəsinə görə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması-məqsədindən asılı olmayaraq, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlərdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 04 mart 2011-ci il tarixli 02 nömrəli qərarının 4-cü bəndinə görə törədilmiş cinayət əməlinin CM-in 234.1-ci maddəsi ilə tövsif olunması yalnız təqsirkarın bu cinayətin predmetini şəxsi istehlak miqdarından artıq miqdarda əldə etməsi və saxlaması müəyyən edildikdə mümkündür. Narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak miqdarından artıq miqdarı “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə külli miqdarına görə siyahısının təsdiq edilməsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə müəyyən olunmuşdur. Həmin siyahıda bu miqdar heroin üçün 0,15 qram müəyyən edilmişdir. Məhkəmə təqsirləndirilən şəxsin və şahidlərin ifadələrini, dövlət ittihamçısının və müdafiəçinin çıxışlarını dinləyib, işdə olan ekspertiza rəylərini və digər sənədləri bilavasitə tədqiq edib, bu sübutları tam, hərtərəfli və obyektiv yoxlayıb, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib, Azərbaycan Respublikasının Konstitusiyasının 63-cü maddəsində təsbit edilmiş təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq, məhkəmə baxışında ittihamın baxılması nəticələrinə əsaslanaraq, tədqiq olunan sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq bu nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir, həmin əməldə Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin tərkibi vardır, həmin əməl təqsirləndirilən şəxs tərəfindən törədilmişdir, təqsirləndirilən şəxs həmin cinayətin törədilməsində təqsirlidir, onun cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir, əməlin cinayət olmasını aradan qaldıran hallar, təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur, təqsirləndirilən şəxs törətdiyi əmələ görə cəzalanmalıdır. Cinayət Məcəlləsinin cəzanın anlayışını və məqsədini müəyyən edən 41-ci maddəsinə görə cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cinayət Məcəlləsinin 58.1 və 58.3-cü maddələrinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. "Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 4 nömrəli, 25 iyun 2003-cü il tarixli Qərarının 1-ci bəndində məhkəmələrə izah edilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Qərarın 2-ci bəndində göstərilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Təqsirləndirilən şəxs himayəsində bir nəfər azyaşlı uşağının olması onun cəzasını yüngülləşdirən haldır, onun cəzasını ağırlaşdıran hallar yoxdur. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən ona hansı növ cəzanın təyin olunması məsələsinə baxaraq, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini,onun şəxsiyyətini, əməlindən peşiman olmasını,yaşayış yeri üzrə müsbət cəhətdən xarakterizə olunmasını,cəzanı yüngülləşdirən halı, cəzanı ağırlaşdıran halların olmamasını,habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, eyni zamanda narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı bütün dünyada ciddi mübarizə aparıldığı bir dövrdə və bəşəriyyət üçün “ağ ölüm” kimi bir bəlaya çevrilmiş bu cinayəti törətmiş bir şəxsin azadlıqda qalmasının cəmiyyətdə mənfi emosiyalar doğura biləcəyini, digər şəxslərin də bu cinayətə meyllənəcəyinə səbəb olacağını, ona azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsinin cəzanın məqsədlərini təmin edə bilməyəcəyini, narkotik vasitə heroindən istifadə etdiyindən onun cəmiyyətdən təcrid edilmədən islah olunmasının mümkün olmayacağını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş həddə azadlıqdan məhrumetmə növündə cəza təyin edilməlidir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 346.1.12-ci maddəsinə uyğun olaraq Təqsirləndirilən şəxs təyin ediləcək cəzanın çəkilməli olubolmaması məsələsinə baxaraq, işin hallarını, təqsirləndirilən şəxsin cəzadan azad edilməsi, yaxud barəsində Cinayət Məcəlləsinin 70-ci maddəsinin tətbiq olunması üçün əsasların olmamasını nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxs ona təyin ediləcək cəzanı çəkməlidir. Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə uyğun olaraq cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli həbsə alındığı 02 may 2022-ci il tarixdən hesablanmalıdır. Belə ki, CPMinin 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə aşağıdakılar daxildir: 158.2.1. tutulduğu və həbsdə saxlanıldığı müddət; 158.2.2. ev dustaqlığında saxlanıldığı müddət; 158.2.3. məhkəmənin qərarı əsasında prosessual məcburiyyət tədbirlərinin tətbiqi ilə tibb müəssisəsində stasionar ekspertizanın keçirilməsi və ya müvəqqəti xəstəliyi ilə əlaqədar saxlandığı müddət. 158.2.4. Azərbaycan Respublikasının hüdudlarından kənarda tutulduğu andan Azərbaycan Respublikasının ərazisində cinayət prosesini həyata keçirən orqana təhvil verilənədək olan müddət . Təqsirləndirilən şəxs barəsində azadlıqdan məhrumetmə növündə cəza təyin edildiyindən onun barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbiri dəyişdirilərək, onun barəsində həbs qətimkan tədbiri seçilməli, o, məhkəmə iclas zalında həbs edilməli, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alana kimi dəyişdirilmədən saxlanmalıdır. Ekspert rəyinə uyğun olaraq Təqsirləndirilən şəxs narkoloji kabinetdə profilaktiki qeydiyyata alınmalı və onun profilaktiki qeydiyyata alınması üçün hökmün surəti yaşayış yeri üzrə Balakən Rayon Mərkəzi X6 Şəxsinə göndərilməlidir. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 71,94 (yetmiş bir manat doxsan dörd qəpik) manat Təqsirləndirilən şəxs tutulub Az. MEM; VÖEN **********; AZ34CTRE********************, X2, KOD 210005, VÖEN ********** Müxbir hesab AZ41NABZ ******************** SWİFT BİK CTREAZ22 hesaba köçürülməlidir. İş üzrə maddi sübut kimi tanınmış və Balakən rayon Polis Şöbəsinin maddi sübutların saxlama yerində saxlanılan, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş və tədqiqata təqdim edilmiş 01 ədəd qara-ağ rəngli kağız bükümdə təmiz çəkisi 0,607 qram olan narkotik vasitə heroinin tədqiqata sərf edilən 0,050 qram miqdarı nəzərə alınmaqla, qalıq təmiz çəkisi 0,557 qram olan narkotik vasitə heroin hökm qanuni qüvvəsini aldıqdan sonra tam həcmdə məhv edilməlidir. İş üzrə maddi sübut olan bir ədəd DVD disk cinayət işinin materiallarında saxlanmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 346.1-ci və 346.1.19-cu maddələrinə uyğun olaraq məhkəmə müsadirə edilməli əmlakın olub-olmaması məsələsinə baxaraq, təqsirləndirilən şəxsin hazırkı cinayəti törətdiyi zaman cinayət yolu ilə hər hansı əmlak əldə etməməsini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulan xüsusi müsadirə edilməli olan əmlak mövcud deyildir. İş üzrə mülki iddia yoxdur. İş materiallarından həmçinin görünür ki, Balakən rayon Vəkil Bürosunun vəkili Müdafiəçi2 məhkəmə icraat zamanı Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsinə 05 iş saatı sərf etmişdir. Azərbaycan Respublikası CPM-nin 193.2-193.3-cü maddələrinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Məhkəmə şübhəli və ya təqsirləndirilən şəxsin orta aylıq gəlirini, maddi, əmlak və ailə vəziyyətini, habelə digər halları nəzərə alaraq həmin şəxsin müdafiəçi tərəfindən göstərilən hüquqi yardımı ödəməkdən azad edilməsi və ödəmənin Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilməsi barədə əsaslandırılmış qərar qəbul edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 3 may 2018-ci il tarixli, 202 №-li qərarı əsasında “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli,11 №-li qərarına edilmiş dəyişikliklərə uyğun olaraq təqsirləndirilən şəxslərin hüquqlarını müdafiə etmələrinə görə müdafiəçilərə hər iş saatı üçün 6 manat məbləğində haqq ödənilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə icraatı zamanı göstərilən hüquqi yardımla bağlı Azərbaycan Respublikası Dövlət büdcəsinin vəsaiti hesabından 30 manat tutulub vəkil Müdafiəçi2 ödənilməsi üçün Balakən rayon Vəkil Bürosunun nəfinə, "xxxx" ASC-in X7 Rekvizitləri: VÖEN:**********, kod 201382, Müxbir hesab AZ37NABZ013501**********1944 hesaba köçürülməlidir. Azərbaycan Respublikası CPM-nin 349-cü maddəsinin tələblərinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Məhkəmənin hökmü Azərbaycan Respublikası Konstitusiyasının, bu Məcəllənin, Azərbaycan Respublikasının cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir. Məhkəmənin hökmü məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə əsaslı hesab edilir. Kondraşinanın Rusiya Federasiyasına qarşı iş üzrə qərarında Avropa Məhkəməsi göstərmişdir ki, məhkəmələr qərar qəbul edərkən hüququn aliliyinə əməl etməlidirlər. Hüququn aliliyinin əsas cəhətlərindən biri hüquqi müəyyənlik prinsipidir ki, onun tələbinə görə məhkəmələr yekun qərarı elə qəbul etməlidirlər ki, o mübahisə olunmasın. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356 və 384.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin, 09 (doqquz) ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəza çəkmə müddətinin əvvəli 02 may 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbiri dəyişdirilsin, onun barəsində həbs qətimkan tədbiri seçilsin. O, məhkəmə iclas zalında həbs edilsin, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alana kimi dəyişdirilmədən saxlansın. Təqsirləndirilən şəxs narkoloji kabinetdə profilaktiki qeydiyyata alınsın və onun profilaktiki qeydiyyata alınması üçün hökmün surəti yaşayış yeri üzrə Balakən Rayon Mərkəzi X6 Şəxsinə göndərilsin. 71,94 (yetmiş bir manat 94 qəpik ) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutulub Az.MEM; VÖEN **********; AZ34CTRE********************, X2, KOD 210005,VÖEN ********** Müxbir hesab AZ41NABZ ******************** SWİFT BİK CTREAZ22 hesaba köçürülsün. İş üzrə maddi sübut kimi tanınmış və Balakən rayon Polis Şöbəsinin maddi sübutların saxlama yerində saxlanılan, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş və tədqiqata təqdim edilmiş 01 ədəd qara-ağ rəngli kağız bükümdə təmiz çəkisi 0,607 qram olan narkotik vasitə heroinin tədqiqata sərf edilən 0,050 qram miqdarı nəzərə alınmaqla, qalıq təmiz çəkisi 0,557 qram olan narkotik vasitə heroin hökm qanuni qüvvəsini aldıqdan sonra tam həcmdə məhv edilsin. İş üzrə maddi sübut olan bir ədəd DVD diski cinayət işinin materiallarında saxlansın. Məhkəmə icraatı zamanı Təqsirləndirilən şəxs göstərilən hüquqi yardımla bağlı Azərbaycan Respublikası Dövlət büdcəsinin vəsaiti hesabından 30 manat tutulub Balakən Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi2 ödənilməsi üçün Balakən rayon Vəkil Bürosunun nəfinə, "xxxx"ASC-in X7 Rekvizitləri: VÖEN: **********, kod 201382, Müxbir hesab AZ37NABZ013501**********1944 hesaba köçürülsün. Hökmdən elan olunduğu andan (həbsdə olan məhkum hökmün surəti ona verildiyi andan) 20 gün müddətində Balakən Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apellyasiya şikayəti və ya protesti verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən Hümbət Səlimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar