Məhkəmə qərarları › İş №1(019)-79/2024

Balakən Rayon Məhkəməsi Hökm — İş №1(019)-79/2024

10.07.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Balakən Rayonu İş № 1(019)-79/2024 10.07.2024 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Səlimov Hümbət Qamuna oğlunun sədrliyi, məhkəmə iclas katibi X2 katibliyi, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin rayon (şəhər) məhkəmələrində dövlət ittihamı müdafiəsi üzrə şöbəsinin prokuroru vəzifəsini icra edən, İİİ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs, onun müdafiəçisi-Balakən rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, TƏQSİRLƏNDİRİLƏN ŞƏXS–xx.xx.1989-cu il tarixdə Gürcüstanın Siteli-Skaro rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay-himayəsində azyaşlı uşağı olan, fərdi əməklə məşğul olan, Balakən Rayon Məhkəməsinin 28 iyun 2022-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 237.1-ci maddəsi ilə 1 il 6 ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuş, məhkumluğu ödənməmiş, ünvan 1 ünvanında qeydiyyatda olan, ünvan 2n, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş- Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1-ci maddəsində nəzərdə tutulan əməli törətməkdə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialına açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə saat 23 radələrində yaşadığı evin arxa hissəsində yerləşən talvarın içərisində aralarında ailə münasibətləri zəminində yaranmış mübahisə zamanı rəsmi nikah bağlamadan ər-arvad münasibətində yaşadığı Zərərçəkmiş şəxs sifət nahiyəsinə qəsdən 1 dəfə yumruqla vuraraq, həmçinin onu 2 dəfə qaldırmaqla yerə çırparaq sonuncunun sifətinin sol yuxarı hissəsində qançır, sağ saidin orta 1/3-də bayır səthində, sol əlinin üstündə sıyrıqlar, sağ baldırın yuxarı 1/3-də bayır səthdə sıyrıq, sol ayağın üstündə şişkinlər, əllədikdə ağrı verən qançır,sol ayağın 3-cü daraq sümüyündə və kubabənzər sümüyündə qapalı yerdəyişməyən sınıqlar xəsarəti alması ilə nəticələnən, ümumilikdə onun sağlamlığının uzun müddətə pozulmasına səbəb olan sağlamlığa Az Ağır zərər vurmaya aid xəsarətlər yetirmişdir. Təqsirləndirilən şəxs həmin cinayət əməlini törətməsi məhkəmə iclasında özünün etirafedici ifadəsi, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, ekspert rəyi və bilavasitə tədqiq olunan digər sənədlərlə aşağıdakı qaydada tam sübuta yetirildi. Məhkəmə iclasında Təqsirləndirilən şəxs özünü Azərbaycan Respublikası CM-nin 127.1-ci maddəsi ilə təqsirli bilərək göstərdi ki,o,9 ildir ki,Zərərçəkmiş şəxs ilə evlidir və onunla birgə dini nikahlarından 1 az yaşlı övladı vardır.xx.xx.2024-cü il tarixdə axşam saatlarından başlayaraq yaşadığı evin arxa hissəsindəki həyətdə tək əyləşərək spirtli içki qəbul etmişdir. Həmin gün saat 23 radələrində artıq dərəcədə sərxoş olduğundan yoldan keçən,tanımadığı, adını bilmədiyi qadınla tanış olaraq danışmışdır. O, həmin qadını yaşadığı evin həyətində yerləşən kirayədə yaşadığı mənzilin yardımçı tikilisi kimi nəzərdə tutulan talvarın içərisində söhbət etmək üçün aparmış, bu zaman həyat yoldaşı Kərimət onun həmin tanımadığı qadınla hər hansı bir münasibətindən şübhələnərək evin həyətinə düşmüş, ondan xəbərsiz həmin talvarın içərisinə daxil olmuşdur.O,Kəriməti talvarın içərisinə daxil olduqdan sonra görmüşdür.Onunla birlikdə talvara söhbət etmək üçün gələn qadın Kəriməti görərək qaçıb oradan uzaqlaşmışdır.Kərimətin onu izləməsindən əsəbləşmiş və həmin talvarın içərisində sərxoş vəziyyətdə Kərimətin sifətinə 1 dəfə yumruqla vurmuş, sonra isə Kəriməti 2 dəfə qaldıraraq yerə çırpmışdır.Bu zaman Kərimət həmin yerə qonşuları Havva və Şaymanı çağırmış, sonuncular gəldikləri zaman o, həmin yerdən uzaqlaşmışdır.Hadisə zamanı yanında başqa heç kim olmamış,ətrafa insanlar toplaşmamış,səs-küy yaranmamışdır. Hadisə yaşadığı evin qarşısındakı talvarın içərisində baş vermiş və 2-3 dəqiqə davam etmişdir. Əməlindən peşimandır.O, zərər çəkmiş şəxslə barışmışdır. Eyni evdə birlikdə yaşayırlar. Ona yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, 9 ildir ki, Təqsirləndirilən şəxs ilə evlidir və ondan 1 azyaşlı övladı vardır. Son zamanlar əri Ruslanın başqa bir qadınla ona xəyanət etməsindən şübhələnmişdir. xx.xx.2024-cü il tarixdə axşam saatlarından başlayaraq Ruslanın yaşadığı evin arxa hissəsindəki həyətdə tək əyləşərək spirtli içki qəbul etdiyini, həmin gün saat 23 radələrində yaşadığı mənzilin pəncərəsindən evin həyətinə baxdığı zaman Ruslanın yolun kənarında dayanaraq kimisə gözləməsini görmüşdür.Ondan şübhələnərək onu pəncərədən izləmiş, bu zaman tanımadığı bir qadının Ruslanla birlikdə yaşadıqları evin həyətindəki kənarları bağlı vəziyyətdə olan talvara daxil olduğunu görmüşdür.Dərhal evin həyətinə düşmüş və Ruslanla tanımadığı həmin qadının talvarın içərisində görmüşdür.Həmin qadın onu görərək oradan qaçıb uzaqlaşmışdır. Ruslan isə həmin talvarın içərisində sərxoş vəziyyətdə onunla mübahisə edərək onun sifətinə 1 dəfə yumruqla vurmuş,sonra isə 2 dəfə qaldıraraq yerə çıprmışdır.Bu zaman sifət nahiyəsindən və sol ayağının dəmirə dəyməsi nəticəsində xəsarət almışdır. Həmin yerə qonşuları Hava və Şaymanı cağırmış,onlar gələrək Ruslanı sakitləşdirmiş və onu yaşadığı evə aparmışlar. Təqsirləndirilən şəxs onu döydüyü zaman yanlarında heç kim olmamış, hadisə zamanı ətrafa insanlar toplanmamış, səs-küy yaranmamış, hadisə təxminən 2-3 dəqiqə davam etmişdir. O, Təqsirləndirilən şəxslə barışmışdır.Onunla birlikdə eyni evdə yaşayırlar. Bir azyaşlı uşaqları vardır. Ona yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş X3 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs onun qonşularıdır, onlarla bir binada yaşayırlar. xx.xx.2024-cü il tarixdə axşam saatlarından başlayaraq Ruslanın yaşadığı binanın arxa hissəsindəki həyətdə tək oturaraq spirtli içki qəbul etdiyini görmüşdür. Həmin gün saat 23 radələrində yaşadığı evdə olduğu zaman binanın arxa həyətində Zərərçəkmiş şəxs qışqıraraq onu və Havva adlı qonşunu çağırmasını eşitmişdir. Tez binanın həyətinə düşmüş, bu zaman Kərimətin qaça-qaça onun üzərinə doğru gəldiyini görmüş, Kərimət əri Ruslanı onu döydüyünü, xəsarət aldığını bildirmişdir. Onunla birlikdə binanın həyətinə Havva adlı qonşusu da gəlmişdir. Havva ilə o, Ruslana öz iradlarını bildirmişlər, həmin vaxt Ruslan binanın həyətindən gedərək uzaqlaşmışdır. Təqsirləndirilən şəxs Kəriməti döydüyü zaman onların yanında olmamışdır.Hadisə zamanı və hadisədən sonra ətrafa insanlar toplaşmamış və səs-küy yaranmamışdır. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdarlıq olunmasına baxmayaraq,iş üzrə şahid-Şahid1 məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 317.1-ci maddəsinə əsasən bu Məcəllənin 226.1-226.3-cü maddələrinin müddəalarına uyğun olaraq məhkəmə iclasına çağırılmış şahid, ekspert və mütəxəssisdən hər hansı biri məhkəmə iclasına gəlmədikdə, məhkəmə növbə ilə cinayət prosesi tərəflərindən hər birinin fikrini dinlədikdən sonra məhkəmə baxışının davam etdirilməsi və ya onun təxirə salınması haqqında qərar çıxarır. Göstərilən şəxslərdən hər hansı birinin gəlməməsi cinayət təqibi ilə bağlı olan bütün halların hərtərəfli, tam və obyektiv tədqiq edilməsinə mane olmadıqda məhkəmə baxışı davam etdirilə bilər. Azərbaycan Respublikası CPM-nin 329.1-ci maddəsinə əsasən şahid tərəfindən məhkəməyədək icraat, davam edən məhkəmə baxışı zamanı əvvəllər keçirilmiş məhkəmə iclasında və ya cari məhkəmə iclasında verilmiş ifadələrin şahidin məhkəmə iclasında iştirakı olmadan elan edilməsinə, habelə həmin ifadələrin audio yazısının səsləndirilməsinə, video və kino çəkilişinin göstərilməsinə yalnız şahidin məhkəmə baxışına gəlməsini istisna edən səbəblərə görə, həmçinin bu Məcəllənin 327.1-ci maddəsində nəzərdə tutulmuş digər hallarda yol verilir. Məhkəmə, yuxarıda göstərilən qanun normalarına istinad edib, ittiham və müdafiə tərəflərinin razılığını nəzərə alaraq, hazırki iş üzrə Şahid1 ibtidai istintaqda şahid qismində verdiyi ifadəsinin elan olunmasını zəruri hesab etmişdir. Məhkəmə iclasında ifadəsi elan olunmaqla tədqiq edilmiş Şahid1 ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs onun qonşularıdır, onlarla bir binada yaşayırlar. xx.xx.2024-cü il tarixdə axşam saatlarından başlayaraq Ruslanın yaşladığı binanın arxa hissəsindəki həyətdə tək oturaraq spirtli içki qəbul etdiyini görmüşdür. Həmin gün saat 23 radələrində yaşadığı evdə olduğu zaman binanın arxa həyətində Zərərçəkmiş şəxs qırşıraraq onu və Şayma adlı qonşunu çağırmasını eşitmişdir. Tez binanın həyətinə düşmüş bu zaman Kərimətin qaça-qaça onun üzərinə doğru gəldiyini görmüş Kərimət əri Ruslanın onu döydüyünü, xəsarət aldığını bildirmişdir.Onunla birlikdə binanın həyətinə Şayma adlı qonşusu da gəlmişdir.Şayma ilə o, Ruslana öz iradlarını bildirmişlər.Həmin vaxt Ruslan binanın həyətindən gedərək uzaqlaşmışdır. Təqsirləndirilən şəxs Kəriməti döydüyü zaman onların yanında olmamışdır. Hadisə zamanı və hadisədən sonra ətrafa insanlar toplaşmamış və səs-küy yaranmamışdır. İşin 28-29-cu vərəqələrində olan və məhkəmə istintaqında elan olunmaqla tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi Publik hüquqi şəxs tərəfindən xx.xx.2024-cü il tarixdə verilmiş 152 saylı ekspert rəyindən göstərilmişdir ki,Zərərçəkmiş şəxs xəsarətlər-sifətinin sol yuxarı hissəsində qançır, sağ saidin orta 1/3-nin bayır səthində, sol əlinin üstündə sıyrıqlar, sağ baldırının yuxarı 1/3-də bayır səthdə sıyrıq, sol ayağın üstündə şişkinli əllədikdə ağrı verən qançır,sol ayağın 3-cü daraq sümüyündə və kubabənzər sümüyündə qapalı yerdəyişlməyən sınıqlar- küt əşyanın (əşyaların) təsirindən törəmişlər, qərarın təsviri hissəsində göstərilən müddətdə yəni, xx.xx.2024-cü ildə əmələ gələ bilərdilər, ümumilikdə onun sağlamlığının uzun müddətə pozulmasına səbəb olan sağlamlığa AZ AĞİR zərərvurmaya aid edilir. İşin 64-cü vərəqəsində olan və məhkəmə istintaqında elan olunmaqla tədqiq edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən verilmiş tələbnamədən görünür ki, Şıxıyev X6 Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-ninin 237.1-ci maddəsi ilə təqsirli bilinib Azərbaycan Respublikası CMnin 69.3-cü maddəsinə əsasən 01 il 05 ay 26 gün azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. İş materiallarında olan və məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Balakən Rayon İcra və Probasiya Şöbəsi tərəfindən Balakən Rayon Məhkəməsinə ünvanlanmış 10 iyul 2024-cü il tarixli 955/7 nömrəli məktubunda göstərilmişdir ki,Şıxıyev X6 Rayon Məhkəməsinin 1(019)-67/2022 nömrəli hökmünə əsasən CM-nin 237.1-ci maddəsi ilə təqsirli bilinərək 1 il 5 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuşdur. Hökm icra olunması üçün Balakən Rayon İcra və Probasiya Şöbəsinə göndərilmişdir. Məhkum şöbədə qeydiyyata alınmışdır. Məhkum Təqsirləndirilən şəxs təyin edilmiş cəza xx.xx.2024-cü il tarixdə başa çatmışdır . İşin 59-cu vərəqəsində olan və məhkəmə iclasında elan olunmaqla tədqiq olunmuş Balakən Rayon Mənzil İstismar Müəssisəsi tərəfindən 20 iyun 2024-cü il tarixdə verilmiş 53 nömrəli arayışdan görünür ki, xx.xx.1989-cu il təvəllüdlü X1 şəhəri, Ə.Ansuxski küçəsi 1 saylı binanın 3-cü mənzilində qeydiyyatdadır. İşin 60-cı vərəqəsində olan və məhkəmə iclasında tədqiq edilmiş Balakən Rayon Mənzil İstismar Müəssisəsi tərəfindən 20 iyun 2024-cü il tarixdə verilmiş 53 nömrəli arayışdan görünür ki, Təqsirləndirilən şəxs himayəsində işləməyən anası və bacısı vardır. İşin 61-ci vərəqəsində olan və məhkəmə istintaqında elan olunmaqla tədqiq edilmiş Balakən rayon Mənzil İstismar İdarəsi tərəfindən verilmiş xasiyyətnamədə Təqsirləndirilən şəxs müsbət cəhətdən xarakterizə olunur. İş materiallarında olan və məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş Balakən rayon Qeydiyyat Şöbəsi tərəfindən 09 iyun 2018-ci il tarixdə verilmiş AZ-İV seriyalı 119596 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X4 11 may 2018-ci il tarixdə doğulmuş, atası Təqsirləndirilən şəxs, anası Zərərçəkmiş şəxs qeyd edilmişdir. İş materiallarında olan və məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş zərərçəkmiş Zərərçəkmiş şəxs Balakən Rayon Məhkəməsinə ünvanladığı ərizəsində göstərilmişdir ki,Təqsirləndirilən şəxs ilə barışmışdır. Onunla birlikdə ər-arvad kimi yaşayırlar.Bir azyaşlı uşaqları vardır.O, heç yerdə işləmir. Ruslan ailəyə tək qazanc gətirən şəxsdir.Ona yüngül cəza təyin edilməsini xahiş edir. Beləliklə məhkəmə iclasında tədqiq olunmuş mümkün və mötəbər sübutların məcmuyu ilə müəyyən edildi ki, Təqsirləndirilən şəxs rəsmi nikah bağlamadan ər-arvad münasibətində yaşadığı Zərərçəkmiş şəxs ümumilikdə onun sağlamlığının uzun müddətə pozulmasına səbəb olan sağlamlığa Az Ağır zərər vurmaya aid xəsarət yetirmişdir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 346-cı maddəsinin tələbinə uyğun olaraq təqsirləndirilən şəxsin əməlinin hüquqi tövsifi məsələsinə baxaraq qeyd edir ki, zərərçəkmiş şəxsin həyatı üçün təhlükəli olmayan və bu Məcəllənin 126-cı maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmayan, lakin sağlamlığın uzun müddət pozulmasına səbəb olmuş və ya ümumi əmək qabiliyyətinin üçdə bir hissəsindən az olmaqla əhəmiyyətli dərəcədə itirilməsi ilə nəticələnən qəsdən sağlamlığa az ağır zərər vurmağa görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1-ci maddəsində cinayət məsuliyyəti nəzərdə tutulmuşdur. Məhkəmə Azərbaycan Respublikasının Konstitusiyasının 63-cü maddəsində təsbit edilmiş təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq, məhkəmə baxışında ittihamın baxılması nəticələrinə, məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslanaraq bu nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir, həmin əməldə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1-ci maddəsinin tərkibi vardır, həmin əməl təqsirləndirilən şəxs tərəfindən törədilmişdir, təqsirləndirilən şəxs həmin cinayətin törədilməsində təqsirlilidir, onun əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir, əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur.Təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur, təqsirləndirilən şəxs törətdiyi əmələ görə cəzalanmalıdır. Cinayət Məcəlləsinin cəzanın anlayışını və məqsədini müəyyən edən 41-ci maddəsinə görə cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cinayət Məcəlləsinin 58.1 və 58.3-cü maddələrinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamının 13.3 v. 13.4-cü bəndlərində məhkəmələrə tövsiyyə edilmişdir ki, cəzanın növü və həddi müəyyən edilərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyi əsas tutulmalı, cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirilməlidir. Sərəncamın 8-ci bəndində isə tövsiyyə edilmişdir ki, məhkəmələr tərəfindən cəzanın məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza tədbirlərinin tətbiqi genişləndirilsin. “Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr və dəyişikliklər edilməsi barədə” 11 iyun 2004-cü il tarixli 688-İİQD saylı Azərbaycan Respublikası Qanununun 3-cü hissəsinin 9-cu bəndinin və 4-cü hissəsinin 7-ci bəndinin Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin 9-cu hissəsinə uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 yanvar 2005-ci il tarixli Qərarında qeyd olunur ki, istənilən məhkəmə aktının qanuni və əsaslı hesab olunması üçün mütləq şərtlərdən biri onun ədalətli olmasıdır, çünki, ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir. "Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 4 nömrəli, 25 iyun 2003-cü il tarixli Qərarının 1-ci bəndində məhkəmələrə izah edilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Qərarın 2-ci bəndində göstərilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Təqsirləndirilən şəxs himayəsində bir azyaşlı uşağının olması, onun zərərçəkmiş şəxslə barışması, zərərçəkmiş şəxsin ondan şikayət və tələbinin olması onun cəzasını yüngülləşdirən haldır. Onun cəzasını ağırlaşdıran hallar yoxdur. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən ona hansı növ cəzanın təyin olunması məsələsinə baxaraq, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, yaşayış yeri üzrə müsbət cəhətdən xarakterizə olunmasını,cəzanı yüngülləşdirən halı və cəzanı ağırlaşdıran halların olmamasını,habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini,eyni zamanda onun məhkumluğunun olmasını nəzərə alaraq Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş həddə azadlığın məhdudlaşdırılması növündə cəzanın təyin edilməsini qanuni, əsaslı və ədalətli hesab edir. Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini-ünvan 4 ünvanını gecə saat 23:00-dan növbəti gün səhər saat 07:00-a kimi tərk etməmək,elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Balakən və Zaqatala rayonlarının ərazi hüdudlarını tərk etməmək,müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək,habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 346.1.12-ci maddəsinə uyğun olaraq təqsirləndirilən şəxsə təyin ediləcək cəzanın çəkilməli olubolmaması məsələsinə baxaraq təqsirləndirilən şəxsin cəzadan azad edilməsi üçün əsasların olmamasını nəzərə alaraq hesab edir ki, o həmin cəzanı çəkməlidir. Təqsirləndirilən şəxs cəzasını yaşayış yeri üzrə çəkməli və onun cəza çəkmə müddətinin əvvəli cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Hökmün icrası təqsirləndirilən şəxsin yaşayış yeri üzrə Balakən rayon İcra və Probasiya Şöbəsinə həvalə edilməlidir. İş üzrə maddi sübut,ekspertiza xərci,mülki iddia və xüsusi müsadirə olunmalı əmlak yoxdur. İş materiallarından həmçinin görünür ki,Balakən rayon Vəkil Bürosunun vəkili Müdafiəçi Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsinə məhkəmə icraatı zamanı 06 iş saatı sərf etmişdir. Azərbaycan Respublikası CPM-nin 193.2-193.3-cü maddələrinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Məhkəmə şübhəli və ya təqsirləndirilən şəxsin orta aylıq gəlirini, maddi, əmlak və ailə vəziyyətini, habelə digər halları nəzərə alaraq həmin şəxsin müdafiəçi tərəfindən göstərilən hüquqi yardımı ödəməkdən azad edilməsi və ödəmənin Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilməsi barədə əsaslandırılmış qərar qəbul edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 3 may 2018-ci il tarixli, 202 №-li qərarı əsasında “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli,11 №-li qərarına edilmiş dəyişikliklərə uyğun olaraq təqsirləndirilən şəxslərin hüquqlarını müdafiə etmələrinə görə müdafiəçilərə hər iş saatı üçün 6 manat məbləğində haqq ödənilməlidir. Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı göstərilən hüquqi yardımla bağlı 36 manat Azərbaycan Respublikası Dövlət büdcəsinin vəsaiti hesabından Balakən rayon Vəkil Bürosunun vəkili Müdafiəçi ödənilməsi üçün Balakən rayon Vəkil Bürosunun nəfinə, “KAPİTALBANK” X5 Rekvizitləri: VÖEN: **********, kod 201382, Müxbir hesab AZ37NABZ******************** hesaba köçürülməlidir. Azərbaycan Respublikası CPM-nin 349-cü maddəsinin tələblərinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Məhkəmənin hökmü Azərbaycan Respublikası Konstitusiyasının, bu Məcəllənin, Azərbaycan Respublikasının cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir. Məhkəmənin hökmü məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə əsaslı hesab edilir. Kondraşinanın Rusiya Federasiyasına qarşı iş üzrə qərarında Avropa Məhkəməsi göstərmişdir ki, məhkəmələr qərar qəbul edərkən hüququn aliliyinə əməl etməlidirlər. Hüququn aliliyinin əsas cəhətlərindən biri hüquqi müəyyənlik prinsipidir ki, onun tələbinə görə məhkəmələr yekun qərarı elə qəbul etməlidirlər ki, o mübahisə olunmasın. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356 və 384.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və 1 (bir) il 6 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini-Balakən şəhəri, H.Əliyev prospekti ev 49, mənzil 6 ünvanını gecə saat 23:00-dan növbəti gün səhər saat 07:00-a kimi tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Balakən və Zaqatala rayonlarının ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs cəzasını yaşayış yeri üzrə çəksin və onun cəza çəkmə müddətinin əvvəli cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı göstərilən hüquqi yardımla bağlı 36 manat Azərbaycan Respublikası Dövlət büdcəsinin vəsaiti hesabından Balakən rayon Vəkil Bürosunun vəkili Müdafiəçi ödənilməsi üçün Balakən rayon Vəkil Bürosunun nəfinə, “KAPİTALBANK” X5 Rekvizitləri: VÖEN: **********, kod 201382, Müxbir hesab AZ37NABZ******************** hesaba köçürülsün. Hökmün icrası təqsirləndirilən şəxsin yaşayış yeri üzrə Balakən Rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Hökmdən elan olunduğu andan (həbsdə olan məhkum hökmün surəti ona verildiyi andan) 20 gün müddətində Balakən Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apellyasiya şikayəti və protesti verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən Hümbət Səlimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar