Azərbaycan Respublikası adından HÖKM Balakən Rayonu İş № 1(019)-8/2022 12.01.2022 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Səlimov Hümbət Qamuna oğlunun sədrliyi, məhkəmə iclas katibi X2 katibliyi,dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində DİMÜŞ-nin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı oğlunun,müdafiəçi-Balakən Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə Təqsirləndirilən şəxs-xx.xx.1989-cu ildə ünvan 3ində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, məhkumluğu olan, fərdi əməklə məşğul olan, Balakən rayonu, Qullar kəndində qeydiyyatda olmaqla, həmin ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr” in İ siyahısına daxil edilən 7,835 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə heroini istintaqa məlum olmayan mənbədən naməlum vaxtda və şəraitdə əldə edib üzərində saxlamaqla daşımış, daxil olmuş məlumat əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən 18 iyun 2021-ci il tarixdə keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində Təqsirləndirilən şəxs həmin gün saat 15:40-da Balakən rayonu, Qullar kəndinin ərazisində saxlanılaraq Balakən RPŞ-in inzibati binasına gətirilərək üzərində şəxsi axtarış keçirilən zaman onun satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda əldə edib üzərində saxlamaqla daşıdığı 7,835 qram çəkidə narkotik vasitə heroin boz rəngli cins şalvarının sağ yan cibindən 02 ədəd sellofan bükümdə, ayrı-ayrılıqda təmiz çəkiləri 4,524 qram və 3,311 qram olmaqla aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs həmin cinayət əməlini törətməsi məhkəmə iclasında özünün etirafedici ifadəsi, şahidlərin ifadələri və məhkəmə iclasında tədqiq olunan digər sübutlarla aşağıdakı qaydada tam sübuta yetirildi. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək göstərdi ki, təxminən 5-6 ay olar ki, narkotik vasitənin heroin növündən istifadə edir. 17.06.2021-ci il tarixdə günorta vaxtlarında Balakən rayonu, Qullar kəndində yaşadığı evin yaxınlığında olan beton dirəklərin dibində 02 ədəd sellofan bükümün olmasını görmüşdür. Həmin sellofan bükümlər maraqlı gəldiyi üçün içərisində nə olmasını bilmək məqsədi ilə sellofan bükümləri götürüb açıb baxmış və içərisində narkotik vasitə olan heroin olmasını görmüşdür. Bəzi vaxtlar narkotik vasitə heroin növündən istifadə etdiyi üçün bükümlərin içərisində olan maddənin heroin olmasını bilmişdir. Özü ara-sıra narkotik vasitənin heroin növündən istifadə etdiyi üçün tapdığı 02 ədəd sellofan bükümdə olan narkotik vasitəni də özünün şəxsi istifadəsi üçün, yəni lazım olduğu vaxt istifadə etmək məqsədi ilə üzərində saxlamışdır. 18 iyun 2021-ci il tarixdə saat 15:40 radələrində Balakən rayonu, Qullar kəndində olduğu zaman ona 3 nəfər mülki geyimdə olan şəxs yaxınlaşıb xidməti vəsiqələrini göstərib özlərini təqdim etmişlər. Bu zaman həmin əməkdaşlardan ikisinin Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları, birinin isə Balakən RPŞ-in əməkdaşı olması ona məlum olmuşdur. Polis əməkdaşları ondan özünü təqdim etməsini xahiş etmişlər, o özünü təqdim etdikdən sonra polis əməkdaşları onun narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz olaraq satışı ilə məşğul olmaqda şübhəli olduğunu bildirib, barəsində qəbul edilmiş “Əməliyyat-axtarış tədbirlərinin keçirilməsi haqqında” qərarla onu tanış etmişlər. O, yalan danışmağın əhəmiyyət kəsb etmədiyini başa düşüb səmimi olaraq etiraf edib hazırda üzərində narkotik vasitə heroin olmasını bildirmişdir. Bundan sonra polis əməkdaşları onu polis şöbəsinə dəvət etmişlər.O, buna etiraz etməyib polis əməkdaşları ilə birlikdə Balakən RPŞ-nə gəlmişdir. Polis şöbəsində hüquqlarının müdafiə edilməsi üçün müdafiəçi ilə təmin edilmiş və şübhəli şəxs qismində tutulmuşdur. Hüquq və vəzifələri izah olunmuşdur. Sonra üzərində video çəkilişdən istifadə edilməklə şəxsi axtarış keçirilmişdir.Şəxsi axtarış zamanı əynində olan şalvarının cibində narkotik vasitə heroin olduğunu bildirib, əynində olan boz rəngli cins şalvarının sağ yan cibində olan 02 ədəd şəffaf sellofan bükümü, şalvarının sol yan cibində olan 01 ədəd “Samsung” markalı mobil telefonu və 01 ədəd “F+” markalı mobil telefonu, şalvarının sol arxa cibində olan 12 manat pulu çıxardıb təqdim etmişdir. Təqdim etdiyi 02 ədəd şəffaf sellofan bükümün içində narkotik vasitə heroin olduğunu bildirmişdir. Təqdim etdiyi 02 ədəd sellofan büküm iştirakçıların şahidliyi ilə açıldıqda bükümlərin içərisində qəhvəyi rəngli, spesifik qoxuya malik, narkotik vasitə heroinə oxşar maddələr olması müşahidə edilmişdir. Şifahi sorğu zamanı üzərindən aşkar edilmiş 02 ədəd şəffaf sellofan bükümdə olan narkotik vasitə heroinə oxşar maddələri 17 iyun 2021-ci il tarixdə günorta vaxtı Balakən rayonu, Qullar kəndində yaşadığı evin yaxınlığından təsadüfən tapdığını və həmin maddələri öz şəxsi istifadəsi üçün götürüb üzərində saxlayıb daşıdığını bildirmişdir. Şəxsi axtarış davam etdirilərkən üzərindən digər əşya və predmetlər aşkar edilməmişdir. Bundan sonra üzərindən aşkar olunmuş 02 ədəd şəffaf sellofan bükümdə olan narkotik vasitə heroin təhqiqatçı tərəfindən 01 ədəd kağız zərfdə qablaşdırılıb, möhürlənmiş, onun və digər iştirakçılar tərəfindən imzalanmışdır.Eyni zamanda aşkar edilmiş 12 manat pul özünə qaytarılmışdır. Həmçinin şəxsi axtarış zamanı üzərindən aşkar edilmiş 01 ədəd “Samsung” markalı və 01 ədəd “F+” markalı mobil telefonlar götürülmüşdür. Əməlindən peşimandır. Gələcəkdə belə hallara yol verməyəcəkdir. Ona yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Azərbaycan Respublikası DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin xüsusilə mühüm işlər üzrə baş əməliyyat müvəkkili Şahid1 göstərdi ki, DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin xüsusilə mühüm işlər üzrə baş əməliyyat müvəkkili vəzifəsində xidmət edir, polis mayorudur. 18 iyun 2021-ci il tarixdə “Tural” adlı şəxsin qanunsuz olaraq satış məqsədi ilə külli miqdarda narkotik vasitə və psixotrop maddə əldə edib, üzərində saxlayaraq daşıması barədə etimad doğuran, məlum, qərəzsiz mənbədən məlumat daxil olmuşdur. Həmin məlumat əsasında keçirilən əməliyyat tədbirləri nəticəsində “Tural” adlı şəxsin şəxsiyyəti müəyyən edilərək onun xx.xx.1989-cu ildə Balakən rayonu, Qullar kəndində anadan olmuş, Balakən rayonu, Qullar kəndində qeydiyyat olmaqla, həmin ünvanda yaşayan Təqsirləndirilən şəxs olması müəyyən edilmişdir. Həmin məlumatın yoxlanılması məqsədi ilə tərəfindən Baş İdarənin rəisinə raportla məruzə edilmişdir. İcazə verildikdən sonra həmin şəxsin ətrafında əməliyyat axtarış tədbirlərinin həyata keçirilməsi üçün qərar qəbul edilmişdir. Daha sonra həmin məlumatın yoxlanılması üçün 3 nəfərdən yəni, ondan, xüsusilə mühüm işlər üzrə baş əməliyyat müvəkkili, polis polkovnik-leytenantı Şahid2 və xüsusilə mühüm işlər üzrə baş təhqiqatçı, polis mayoru X1 ibarət qrup yaradılmışdır. Həmin qrupa o rəhbərlik etmişdir. Həmçinin keçiriləcək əməliyyat tədbirinin Balakən rayonun ərazisində keçiriləcəyini nəzərə alıb zərurət yarandığından, əməliyyat-axtarış tədbirlərinin keçirilməsi üçün müvafiq köməkliyin göstərilməsindən ötrü Balakən RPŞ-dən əməkdaş ayrılmışdır. Bundan sonra Təqsirləndirilən şəxs yerinin müəyyən edilməsi istiqamətində tədbirləri davam etdirmişlər. Keçirilmiş əməliyyat tədbirləri nəticəsində Təqsirləndirilən şəxs ünvan 3i ərazisində olması müəyyən edilmişdir. “Əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında” qəbul edilmiş 18 iyun 2021-ci il tarixli qərarın icra edilməsi ilə əlaqədar Təqsirləndirilən şəxs 18 iyun 2021-ci il tarixdə saat 15:40-da Balakən rayonu, Qullar kəndi ərazisində saxlanılaraq Balakən RPŞ-nə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsində şübhəli olaraq gətirilmiş və barəsində şübhəli şəxs qismində tutma haqqında qərar qəbul edilmişdir. Təqsirləndirilən şəxs paltarında, əşyalarında və ya bədənində narkotik vasitələrin, psixotrop maddələrin, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaların və ya sənədlərin olmasını ehtimal etməyə kifayət qədər əsaslar olduğundan təhqiqatçı tərəfindən Balakən RPŞ-in inzibati binasında video çəkilişdən istifadə edilməklə şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə aparılmasına başlanmışdır. Şəxsi axtarış və götürmə aparılmasından əvvəl təhqiqatçı tərəfindən barəsində axtarış və götürmənin aparıldığı şübhəli şəxs Təqsirləndirilən şəxs şəxsi axtarış və götürmənin videoçəkiliş əsasında həyata keçiriləcəyi barədə məlumat verilmiş, şübhəli şəxs Təqsirləndirilən şəxs buna etiraz etmədiyini bildirdikdən sonra onu şəxsi axtarış və götürmə aparılması haqqında qərarla tanış edərək, ona paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, psixotrop maddələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə təqdim etməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan şalvarının cibində narkotik vasitə heroin olduğunu bildirib, boz rəngli cins şalvarının sağ yan cibində olan 02 ədəd şəffaf sellofan bükümü, şalvarının sol yan cibində olan 01 ədəd “Samsung” markalı mobil telefonu və 01 ədəd “F+” markalı mobil telefonu, şalvarının sol arxa cibində olan 12 manat pulu çıxardıb təqdim etmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi 02 ədəd şəffaf sellofan bükümün içində narkotik vasitə heroin olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi 02 ədəd sellofan büküm iştirakçıların şahidliyi ilə açıldıqda bükümlərin içərisində qəhvəyi rəngli, spesifik qoxuya malik, narkotik vasitə heroinə oxşar maddələr olması müşahidə edilmişdir. Şifahi sorğu zamanı şübhəli şəxs Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 02 ədəd şəffaf sellofan bükümdə olan narkotik vasitə heroinə oxşar maddələri 17 iyun 2021-ci il tarixdə günorta vaxtı Balakən rayonu, Qullar kəndində yaşadığı evin yaxınlığından təsadüfən tapdığını və həmin maddələri öz şəxsi istifadəsi üçün götürüb üzərində saxlayıb daşıdığını bildirmişdir. Şəxsi axtarış davam etdirilərkən Təqsirləndirilən şəxs üzərindən digər əşya və predmetlər aşkar edilməmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş 02 ədəd şəffaf sellofan bükümdə olan narkotik vasitə heroinə oxşar maddələr cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan təhqiqatçı tərəfindən 01 ədəd kağız zərfdə qablaşdırılıb möhürlənərək iştirakçılar tərəfindən imzalanmışdır. Eyni zamanda aşkar edilmiş 12 manat pul iş üzrə əhəmiyyət kəsb etmədiyindən Təqsirləndirilən şəxs özünə qaytarılmışdır. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 01 ədəd “Samsung” markalı və 01 ədəd “F+” markalı mobil telefonlar iş üzrə əhəmiyyət kəsb etdiyindən götürülmüşdür. Məhkəmə iclasında şahid qismində dindirilmiş DİN-in BMCMİ-nin XMİÜ baş əməliyyat müvəkkili Şahid2 şahid qismində dindirilmiş Şahid1 ifadəsi ilə analoji ifadə verərək onun dediklərini təsdiq etmişdir. İşin 27-29-cu vərəqələrində olan və məhkəmə iclasında elan edilməklə tədqiq edilmiş 18 iyun 2021-ci il tarixli “şəxsi axtarış və götürmə aparılması” haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və psixotrop maddələri əldə etməsi, saxlaması, daşıması və satması barədə daxil olmuş məlumat əsasında 18 iyun 2021-ci il tarixdə keçirilmiş əməliyyat-axtarış tədbiri zamanı Təqsirləndirilən şəxs həmin gün saat 15:40-da Balakən rayonu, Qullar kəndi ərazisində saxlanılaraq Balakən RPŞ-in inzibati binasına gətirilmişdir. Balakən RPŞ-in inzibati binasında Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılan zaman boz rəngli cins şalvarın sağ yan cibində 02 ədəd sellofan bükümün içərisindən narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. İşin 38-43-cü vərəqələrində olan və məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin 19 iyun 2021-ci il tarixli 6/2498 nömrəli rəyindən görünür ki; Tədqiqata təqdim edilmiş üzərində “Şübhəli şəxs Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 02 ədəd bükümdə...” yazısı olan paketdəki 02 (iki) ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 4,524 qram və 3,311 qram, ümumi təmiz çəkisi 7,835 qram tünd qəhvəyi rəngli tozşəkilli maddələr xarici əlamətlərinə və tərkiblərindəki komponentlərinə görə eyni olub, kustar üsulla hazırlanmış narkotik vasitə-heroindir. Heroin Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanunu ilə təsdiq olunmuş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”in İ siyahısına daxildir. Həmin rəyin qeyd hissəsindən görünür ki, heroinin ümumi təmiz çəkisi-7,835 qram, tədqiqata sərf edildi-0,1 qram, qalıq- 7,735 qramdır. İşin 172-173-cü vərəqəsində olan və məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş İş üzrə təyin edilmiş məhkəmə-narkoloji ekspertizasının 13 sentyabr 2021-ci il tarixli 3396 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs Opioidlərin qəbulu nəticəsində yaranan Asılılıq Sindromu (Narkomaniya Xəstəliyi) aşkar olunur. Lakin, hal-hazırda abstinensiya, intoksikasiya əlamətlərinin olmamasını nəzərə alaraq, həmçinin öz vəziyyətinə tənqidi münasibətin olması ilə əlaqədar olaraq, narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İşin 18-ci vərəqəsində olan və məhkəmə iclasında elan olunmaqla tədqiq olunmuş 18 iyun 2021-ci il tarixli “şübhəli şəxsin tutulması haqqında” protokoldan görünür ki, 18 iyun 2021-ci ildə saat 15:40-da Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuş və Balakən RPŞ-nin MSY-də saxlanılmışdır. İşin 97-101-ci vərəqələrində olan Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 20.06.2021-ci il tarixli 4(005)-614/2021 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 04 ay müddətə həbs qətimkan tədbiri seçilmişdir. Həbs müddətinin əvvəli 18 iyun 2021-ci il tarixdən hesablanmışdır. İşin 116-cı vərəqəsində olan və məhkəmə iclasında elan olunmaqla tədqiq olunmuş Balakən rayon İHB-nin Qullar kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi tərəfindən verilmiş 30 iyun 2021-ci il tarixli 525 nömrəli arayışdan görünür ki, Xipiyev X6 rayonu Qullar kəndi ünvanında yaşayır. İşin 118-ci vərəqəsində olan və məhkəmə iclasında elan olunmaqla tədqiq olunmuş Balakən rayon İHB-in Qullar inzibati ərazi dairəsi tərəfindən verilmiş xasiyyətnamədə Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur, barəsində nümayəndəliyə heç bir şikayət daxil olmadığı göstərilir. İşin 124-125-ci vərəqələrində olan və məhkəmə iclasında elan olunmaqla tədqiq olunmuş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi BƏSİİ tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Bakı Ağır Cinayətlər Məhkəməsinin 01.01.2011-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə təqsirli bilinib 09 (doqquz) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı Apellyasiya Məhkəməsinin 23.09.2011-ci il tarixli hökmü ilə cəzası 07 ilə endirilmiş,Azərbaycan Respublikası Ali Məhkəməsinin 17.07.2013-cü il tarixli qərarı ilə Bakı Apellyasiya Мəhkəməsinin 23.09.2011-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmış,30.12.2017-ci ildə cəza müddəti başa çatdığı üçün azad edilmişdir. Beləliklə məhkəmə iclasında tədqiq olunmuş mümkün və mötəbər sübutların məcmuyu ilə müəyyən edildi ki, Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitəni əldə etmiş, saxlamış və daşımışdır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 346-cı maddəsinin tələbinə uyğun olaraq təqsirləndirilən şəxsin əməlinin hüquqi tövsifi məsələsini müzakirə edərək qeyd edir ki, cinayət məsuliyyətinin əsaslarını müəyyənləşdirən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsində göstərilmişdir ki, yalnız Azərbaycan Respublikasının Cinayət Məcəlləsi ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyətini yaradır. Satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə və ya saxlamağa görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində cinayət məsuliyyəti nəzərdə tutulmuşdur. "Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi haqqında" Azərbaycan Respublikası Qanununun 1.0.5-ci madəsinə görə narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi- Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələr, psixotrop maddələr və onların prekursorları ilə bağlı törədilən hər hansı hərəkətlərdir. Həmin Qanunun 1.0.9-cu maddəsinə görə narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi-həyata keçirilməsi üsulundan asılı olmayaraq, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlərdir. Həmin Qanunun 1.0.10-cu maddəsinə görə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması-məqsədindən asılı olmayaraq, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlərdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 04 mart 2011-ci il tarixli 02 nömrəli qərarının 4-cü bəndinə görə törədilmiş cinayət əməlinin CM-in 234.1-ci maddəsi ilə tövsif olunması yalnız təqsirkarın bu cinayətin predmetini şəxsi istehlak miqdarından artıq miqdarda əldə etməsi və saxlaması müəyyən edildikdə mümkündür. Narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak miqdarından artıq miqdarı “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə külli miqdarına görə siyahısının təsdiq edilməsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə müəyyən olunmuşdur. Həmin siyahıda bu miqdar heroin üçün 0,15 qram müəyyən edilmişdir. Məhkəmə təqsirləndirilən şəxsin və şahidlərin ifadələrini, dövlət ittihamçısının və müdafiəçinin çıxışlarını dinləyib, Azərbaycan Respublikasının Konstitusiyasının 63-cü maddəsində təsbit edilmiş təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq, məhkəmə baxışında ittihamın baxılması nəticələrinə, məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslanaraq, tədqiq olunan sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq bu nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Həmin əməldə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin tərkibi vardır, həmin əməl təqsirləndirilən şəxs tərəfindən törədilmişdir, təqsirləndirilən şəxs həmin cinayətin törədilməsində təqsirlidir,onun cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir, əməlin cinayət olmasını aradan qaldıran hallar, təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur, təqsirləndirilən şəxs törətdiyi əmələ görə cəzalanmalıdır. Cinayət Məcəlləsinin cəzanın anlayışını və məqsədini müəyyən edən 41-ci maddəsinə görə cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cinayət Məcəlləsinin 58.1 və 58.3-cü maddələrinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. “Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr və dəyişikliklər edilməsi barədə” 11 iyun 2004-cü il tarixli 688-İİQD saylı Azərbaycan Respublikası Qanununun 3-cü hissəsinin 9-cu bəndinin və 4-cü hissəsinin 7-ci bəndinin Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin 9-cu hissəsinə uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 yanvar 2005-ci il tarixli Qərarında qeyd olunur ki, istənilən məhkəmə aktının qanuni və əsaslı hesab olunması üçün mütləq şərtlərdən biri onun ədalətli olmasıdır, çünki, ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir. "Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 4 nömrəli, 25 iyun 2003-cü il tarixli Qərarının 1-ci bəndində məhkəmələrə izah edilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Qərarın 2-ci bəndində göstərilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar yoxdur, onun əməlində cəzanı ağırlaşdıran hal cinayətlərin residividir. Belə ki, Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə görə qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Cinayət Məcəlləsinin 83.3.4-cü maddəsinə əsasən ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində-onlar cəzanı çəkib qurtardıqları gündən 6 il keçdikdə onların məhkumluqları ödənilmiş hesab olunur. İş materiallarından göründüyü kimi Təqsirləndirilən şəxs Bakı Ağır Cinayətlər Məhkəməsinin 07.07.2011-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.4.3cü maddəsi ilə təqsirli bilinib 09 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı Apellyasiya Мəhkəməsinin 23.09.2011-ci il tarixli qərarı ilə cəzası 07 ilə endirilmişdir.O,30.12.2017-ci il tarixdə cəzasını çəkib qurtarmış, o, məhkumluğu ödənilmədən, yəni cəzadan azad edildiyi vaxtdan 6 il keçməmiş hazırkı cinayət əməlini törətmişdir. Ona görə də onun əməli cinayətlərin residivini yaradır. Cinayət Məcəlləsinin 65.1-65.2-ci maddələrinə görə residivə, təhlükəli residivə və xüsusilə təhlükəli residivə görə cəza təyin edilərkən əvvəllər törədilmiş cinayətlərin sayı, xarakteri, ağırlığı və nəticələri, əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına səbəb olan hallar, habelə yeni cinayətin xarakteri, ağırlığı və nəticələri nəzərə alınır. Residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən ona hansı növ cəzanın təyin olunması məsələsinə baxaraq, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, əməlini səmimi etiraf etməklə əməlindən peşiman olmasını, yaşayış yeri üzrə müsbət cəhətdən xarakterizə olunmasını, cəzanı yüngülləşdirən halların olmamasını və cəzanı ağırlaşdıran halı, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, eyni zamanda ona azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsinin cəzanın məqsədlərini təmin edə bilməyəcəyini, onun cəmiyyətdən təcrid edilmədən islah olunmasının mümkün olmayacağını nəzərə alaraq ona CM-in 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan həddə, Cinayət Məcəlləsinin 65-ci maddəsinin tələbləri nəzərə alınmaqla azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsini qanuni, əsaslı və ədalətli hesab edir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 346.1.12-ci maddəsinə uyğun olaraq Təqsirləndirilən şəxs təyin ediləcək cəzanın çəkilməli olubolmaması məsələsinə baxaraq, işin hallarını, təqsirləndirilən şəxsin cəzadan azad edilməsi, yaxud barəsində Cinayət Məcəlləsinin 70-ci maddəsinin tətbiq olunması üçün əsasların olmamasını nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxs ona təyin ediləcək cəzanı çəkməlidir. Təqsirləndirilən şəxs hazırkı əməli cinayətlərin residivini yaratdığından və əvvəllər azadlıqdan məhrumetmə növündə cəza çəkdiyindən Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə uyğun olaraq o, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli həbsə alındığı gündən hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alana kimi dəyişdirilmədən saxlanmalıdır. Ekspert rəyinə uyğun olaraq Təqsirləndirilən şəxs narkoloji kabinetdə profilaktiki qeydiyyata alınmalı və onun profilaktiki qeydiyyata alınması üçün hökmün surəti yaşayış yeri üzrə Balakən Rayon Mərkəzi X4 Şəxsinə göndərilməlidir. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 114 (bir yüz on dörd) manat Təqsirləndirilən şəxs tutulub Az. MEM; VÖEN **********; AZ34CTRE********************, X3, KOD 210005, VÖEN ********** Müxbir hesab AZ41NABZ ******************** SWİFT BİK CTREAZ22 hesaba köçürülməlidir. İş üzrə maddi sübut kimi tanınmış və Azərbaycan Respulikası DİN-nin BMCMİ-nin maddi sübutların saxlama yerində saxlanılan, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş, tədqiqatlardan sonra ümumi təmiz çəkisi 7,735 qram olan narkotik vasitə-heroin hökm qanuni qüvvəsini aldıqdan sonra tam həcmdə məhv edilməlidir. İş üzrə maddi sübut olan bir ədəd DVD disk cinayət işinin materiallarında saxlanmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 346.1-ci və 346.1.19-cu maddələrinə uyğun olaraq məhkəmə müsadirə edilməli əmlakın olub-olmaması məsələsinə baxaraq, təqsirləndirilən şəxsin hazırkı cinayəti törətdiyi zaman cinayət yolu ilə hər hansı əmlak əldə etməməsini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulan xüsusi müsadirə edilməli olan əmlak mövcud deyildir. İş üzrə mülki iddia yoxdur. İş materiallarından həmçinin görünür ki, Balakən rayon Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmə icraat zamanı Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsinə 16 iş saatı sərf etmişdir. Azərbaycan Respublikası CPM-nin 193.2-193.3-cü maddələrinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Məhkəmə şübhəli və ya təqsirləndirilən şəxsin orta aylıq gəlirini, maddi, əmlak və ailə vəziyyətini, habelə digər halları nəzərə alaraq həmin şəxsin müdafiəçi tərəfindən göstərilən hüquqi yardımı ödəməkdən azad edilməsi və ödəmənin Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilməsi barədə əsaslandırılmış qərar qəbul edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 3 may 2018-ci il tarixli, 202 №-li qərarı əsasında “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli,11 №-li qərarına edilmiş dəyişikliklərə uyğun olaraq təqsirləndirilən şəxslərin hüquqlarını müdafiə etmələrinə görə müdafiəçilərə hər iş saatı üçün 6 manat məbləğində haqq ödənilməlidir. Məhkəmə hesab edir ki,Təqsirləndirilən şəxs məhkəmə icraatı zamanı göstərilən hüquqi yardımla bağlı Azərbaycan Respublikası Dövlət büdcəsinin vəsaiti hesabından 96 manat tutulub vəkil Müdafiəçi ödənilməsi üçün Balakən rayon Vəkil Bürosunun nəfinə, "xxxx" X5 Rekvizitləri: VÖEN **********, kod 201382, Müxbir hesab AZ37NABZ013501**********1944 hesaba köçürülməlidir. Azərbaycan Respublikası CPM-nin 349-cü maddəsinin tələblərinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Məhkəmənin hökmü Azərbaycan Respublikası Konstitusiyasının, bu Məcəllənin, Azərbaycan Respublikasının cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir. Məhkəmənin hökmü məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə əsaslı hesab edilir. Kondraşinanın Rusiya Federasiyasına qarşı iş üzrə qərarında Avropa Məhkəməsi göstərmişdir ki, məhkəmələr qərar qəbul edərkən hüququn aliliyinə əməl etməlidirlər. Hüququn aliliyinin əsas cəhətlərindən biri hüquqi müəyyənlik prinsipidir ki, onun tələbinə görə məhkəmələr yekun qərarı elə qəbul etməlidirlər ki, o mübahisə olunmasın. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356 və 384.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Şamil oğlu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin, 2(iki) il 3 (üç) ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin.Cəza çəkmə müddətinin əvvəli 18 iyun 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alana kimi dəyişdirilmədən saxlansın. Təqsirləndirilən şəxs narkoloji kabinetdə profilaktiki qeydiyyata alınsın və onun profilaktiki qeydiyyata alınması üçün hökmün surəti yaşayış yeri üzrə Balakən Rayon Mərkəzi X4 Şəxsinə göndərilsin. 114 (bir yüz on dörd manat) manat ekspertiza xərci Təqsirləndirilən şəxs oğlundan tutulub Az. MEM; VÖEN **********; AZ34CTRE********************, X3, KOD 210005,VÖEN ********** Müxbir hesab AZ41NABZ ******************** SWİFT BİK CTREAZ22 hesaba köçürülsün. İş üzrə maddi sübut kimi tanınmış və Аzərbaycan Respublikası DİN-nin BMCMİ-nin maddi sübutların saxlama yerində saxlanılan,Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş, tədqiqatlardan sonra ümumi təmiz çəkisi 7,735 qram olan narkotik vasitə-heroin hökm qanuni qüvvəsini aldıqdan sonra tam həcmdə məhv edilsin. İş üzrə maddi sübut olan bir ədəd DVD diski cinayət işinin materiallarında saxlansın. Təqsirləndirilən şəxs məhkəmə icraatı zamanı göstərilən hüquqi yardımla bağlı Azərbaycan Respublikası Dövlət büdcəsinin vəsaiti hesabından 96 manat tutulub vəkil Müdafiəçi ödənilməsi üçün Balakən rayon Vəkil Bürosunun nəfinə, "xxxx" ASC-in X5 Rekvizitləri: VÖEN-**********, kod 201382, Müxbir hesab AZ37NABZ013501**********1944 hesaba köçürülsün. Hökmdən elan olunduğu andan (həbsdə olan məhkum hökmün surəti ona verildiyi andan) 20 gün müddətində Balakən Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apellyasiya şikayəti və ya protesti verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən Hümbət Səlimov
Məhkəmə qərarları › İş №1(019)-8/2022
Balakən Rayon Məhkəməsi Hökm — İş №1(019)-8/2022
12.01.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver