Məhkəmə qərarları › İş №1(019)-8/2025

Balakən Rayon Məhkəməsi Hökm — İş №1(019)-8/2025

05.02.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Balakən Rayonu İş № 1(019)-8/2025 05.02.2025 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Səlimov Hümbət Qamuna oğlunun sədrliyi, məhkəmə iclas katibi Dibirova Leyla Rəfail qızının katibliyi, tərcüməçi X8, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru vəzifəsini icra edən,İİ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, təqsirləndirilən şəxslər- Pakistan İslam Respublikasının vətəndaşları Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2, onların müdafiəçiləri- Balakən Rayon vəkil Bürosunun vəkilləri Müdafiəçi1 və Müdafiəçi2 iştirakları ilə, Təqsirləndirilən şəxs- xx xxxxxx 2004-cü ildə Pakistan İslam Respublikasının Peşavar şəhərində anadan olmuş, Pakistan İslam Respublikası vətəndaşı, subay, orta təhsilli, işsiz, Pakistan İslam Respublikasının Peşavar şəhərində qeydiyyatda olan, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1; Təqsirləndirilən şəxs- 01 yanvar 2000-ci ildə Pakistan İslam Respublikasının Peşavar şəhərində anadan olmuş, Pakistan İslam Respublikası vətəndaşı, subay, orta təhsilli, işsiz, Pakistan İslam Respublikasının Peşavar şəhərində qeydiyyatda olan, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 29,318.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Pakistan İslam Respublikasının vətəndaşı Təqsirləndirilən şəxs1 işləmək üçün Gürcüstana qanunsuz olaraq getmək məqsədi ilə, həmyerlisi Təqsirləndirilən şəxs2 ilə birlikdə qabaqcadan əlbir olan bir qrup şəxs halında 10 oktyabr 2024-cü il tarixdə, saat 12 radələrində Azərbaycan Respublikasının mühafizə olunan dövlət sərhədini qəsdən qanunsuz olaraq dövlət sərhədinin nəzarət-buraxılış məntəqələrindən kənarda, yəni Dövlət Sərhəd Xidmətinin N nömrəli hərbi hissəsinin Balakən rayonu, Mazımqara kəndi ərazisində yerləşən 6-cı sərhəd zastavasının 6-cı sahəsindən piyada hərəkət etməklə Azərbaycan Respublikasından Gürcüstan istiqamətində keçməyə cəhd etmiş, həmin gün saat 12:53-də Dövlət Sərhəd Xidmətinin əməkdaşları tərəfindən dövlət sərhəd xəttindən 50 metr məsafədə sərhəd pozucusu qismində saxlanıldığından öz iradələrindən asılı olmayan səbəblərə görə cinayət əməlini başa çatdıra bilməmişdir . Pakistan İslam Respublikası vətəndaşı Təqsirləndirilən şəxs2 işləmək üçün Gürcüstana qanunsuz olaraq getmək məqsədi ilə, həmyerlisi Təqsirləndirilən şəxs1 ilə birlikdə qabaqcadan əlbir olan bir qrup şəxs halında 10 oktyabr 2024-cü il tarixdə, saat 12 radələrində Azərbaycan Respublikasının mühafizə olunan dövlət sərhədini qəsdən qanunsuz olaraq dövlət sərhədinin nəzarət-buraxılış məntəqələrindən kənarda, yəni Dövlət Sərhəd Xidmətinin N nömrəli hərbi hissəsinin Balakən rayonu, Mazımqara kəndi ərazisində yerləşən 6-cı sərhəd zastavasının 6-cı sahəsindən piyada hərəkət etməklə Azərbaycan Respublikasından Gürcüstan istiqamətində keçməyə cəhd etmiş, həmin gün saat 12:53-də Dövlət Sərhəd Xidmətinin əməkdaşları tərəfindən dövlət sərhəd xəttindən 50 metr məsafədə sərhəd pozucusu qismində saxlanıldığından öz iradələrindən asılı olmayan səbəblərə görə cinayət əməlini başa çatdıra bilməmişdir . Təqsirləndirilən şəxslər-Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 sözügedən cinayət əməlini törətmələri məhkəmə iclasında özlərinin etirafedici ifadələri, şahidlərin ifadələri və tədqiq olunan digər sənədlərlə aşağıdakı qaydada tam sübuta yetirildi. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs1 ona Azərbaycan Respublikası CM-nin 29,318.2-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, Pakistan İslam Respublikasında yaşayış səviyyəsi aşağı olduğu üçün yaşamaq və işləmək üçün dostu Təqsirləndirilən şəxs2 ilə birlikdə Gürcüstana getmək istəmişdir. Pakistan İslam Respublikası vətəndaşları üçün Gürcüstana viza əldə etmək çətin olduğundan Azərbaycan Respublikasına gəlib, qeyri qanuni yolla Gürcüstana getmək qərarına gəlmişdirlər. Bu səbəbdən xx.xx.2024-cü il tarixdə Pakistan İslam Respublikasının İslamabad şəhərindən təyyarə ilə dostu Təqsirləndirilən şəxs2 ilə birlikdə Azərbaycan Respublikasının Bakı şəhərinə gəlmiş, Bakı şəhərinə gəldikdən sonra “İstanbul” adlı oteldə qalmış, 3 gün Bakı şəhərində qaldıqdan sonra xx.xx.2024-cü il tarixdə oradan çıxaraq ünvanını tanımadığı günlük olan mehmanxada qalmışdırlar. xx.xx.2024-cü il tarixdə saat 12:00 radələrində dostu Təqsirləndirilən şəxs2 ilə birlikdə Bakı şəhərindən tanımadığı taksi ilə Zaqatala rayonuna gəlmişdirlər və orada “Tala rums” mehmanxanasında 2 gün qaldıqdan sonra xx.xx.2024-cü il tarixdə saat 09:00 radələrində oradan çıxaraq taksi ilə Balakən rayonuna doğru hərəkət etmişdirlər. xx.xx.2024-cü il tarixdə saat 09:40 radələrində sərhəd yanı əraziyə gələrək taksidən enərək və meşəlik əraziyə daxil olaraq sərhədə doğru hərəkət etmiş, hava qaraldıqdan sonra isə orada gecələmişdirlər. xx.xx.2024-cü il tarixdə saat 06:00 radələrində yuxudan qalxaraq sərhədə doğru hərəkət etməyə davam etmişdirlər və sərhədə yaxınlaşanda təxminən saat 12-13 radələrində hərbiçilər tərəfindən saxlanılmışdırlar. Əməlindən çox peşmandır. Bir daha belə əməllərə yol verməyəcəkdir. İlk dəfə cinayət törətdiyini, əməlindən peşman olmasını,ailə vəziyyətini nəzərə alaraq ona yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs2 ona Azərbaycan Respublikası CM-nin 29,318.2-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, Pakistan İslam Respublikasında yaşayış səviyyəsi aşağı olduğu üçün yaşamaq və işləmək üçün dostu Təqsirləndirilən şəxs1 ilə birlikdə Gürcüstana getmək istəmişditr. Pakistan İslam Respublikası vətəndaşları üçün Gürcüstana viza əldə etmək çətin olduğundan Azərbaycan Respublikasına gəlib,qeyri qanuni yolla Gürcüstana getmək qərarına gəlmişdirlər.Bu səbəbdən xx.xx.2024-cü il tarixdə Pakistan İslam Respublikasının İslamabad şəhərindən təyyarə ilə dostu Təqsirləndirilən şəxs1 ilə birlikdə Azərbaycan Respublikasının Bakı şəhərinə gəlmiş, Bakı şəhərinə gəldikdən sonra “İstanbul” adlı oteldə qalmış, 3 gün Bakı şəhərində qaldıqdan sonra xx.xx.2024-cü il tarixdə oradan çıxaraq ünvanını tanımadığı günlük olan mehmanxada qalmışdırlar. xx.xx.2024-cü il tarixdə saat 12:00 radələrində dostu Təqsirləndirilən şəxs1 ilə birlikdə Bakı şəhərindən tanımadığı taksi ilə Zaqatala rayonuna gəlmiş və orada “Tala rums” mehmanxanasında 2 gün qaldıqdan sonra xx.xx.2024-cü il tarixdə saat 09:00 radələrində oradan çıxaraq taksi ilə Balakən rayonuna doğru hərəkət etmişdirlər. xx.xx.2024-cü il tarixdə saat 09:40 radələrində sərhəd yani əraziyə gələrək taksidən enərək və meşəlik əraziyə daxil olaraq sərhədə doğru hərəkət etmiş, hava qaraldıqdan orada gecələmişdirlər. xx.xx.2024- cü il tarixdə saat 06:00 radələrində yuxudan qalxaraq sərhədə doğru hərəkət etməyə davam etmiş və sərhədə yaxınlaşanda təxminən saat 12-13 radələrində hərbiçilər tərəfindən saxlanılmışdırlar. Əməlindən çox peşmandır. Bir daha belə əməllərə yol verməyəcəkdir. İlk dəfə cinayət törətdiyini, əməlindən peşman olmasını ailə vəziyyətini nəzərə alaraq ona yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş N №-li hərbi hissənin 6-cı sərhəd zastavasının rəisi, baş leytenant Şahid1 ifadəsində göstərdi ki, xx.xx.2024-cü il tarixdə daxil olmuş əməliyyat məlumatına əsasən sərhəd zastavasının şəxsi heyəti “Silaha” komandasına qalxaraq dövlət sərhəd boyunca sərhəd xətti bağlanaraq axtarış tədbirləri həyata keçirilmişdir. Axtarış zamanı xx.xx.2024-cü il tarixdə saat 12:53 radələrində 6-cı sərhəd zastavasının 6-cı sahəsi istiqamətində dövlət sərhəd xəttindən 50 (əlli) metr aralıqda meşəlik ərazidə gizlənilmiş 2 nəfər şəxs aşkar olunaraq saxlanılmışdır. Saxlanılan şəxslərin üzərlərində olan sənədlərə əsasən Pakistan İslam Respublikası vətəndaşları Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 olduqları məlum olunmuşdur.Saxlanılan şəxslər sərhəd zastavasına gətirilmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş N nömrəli hərbi hissənin əsgəri Şahid2 Şahid1 ilə eyni məzmunlu ifadə verərək onun ifadəsində qeyd etdiyi xüsusatları təsdiq etmişdir. İşin 4-cü vərəqəsində olan və məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş əməliyyat məlumatından görünür ki, 10 oktyabr 2024-cü il tarixdə saat 10:59 radələrində 2 (iki) nəfər şəxsin Balakən rayonu Arılıqbinə kəndi istiqamətindən dövlət sərhəd xəttinə doğru hərəkət etmələri barədə əməliyyat məlumatı daxil olmuşdur. Daxil olmuş əməliyyat məlumatına əsasən Sərhəd Dəstəsi, 1-ci sərhəd komendantlığı, 6 və 7-ci sərhəd zastavalarının şəxsi heyətləri “Silaha” komandasına qaldırılaraq dövlət sərhəd xətti, həmin istiqamətə gedən yol və cığırlar, eləcədə arxa hüdüdlar qapanaraq həmin ərazidə axtarış tədbirləri həyata keçirilmişdir. Axtarış zamanı xx.xx.2024-cü il tarixdə saat 12:53 radələrində 6-cı sərhəd zastavasının 6-cı sahəsi istiqamətində dövlət sərhəd xəttindən 50 (əlli) metr aralıqda 2 (iki) nəfər şəxs saxlanılmışdır. Saxlanılmış şəxslərin üzərlərində olan sənədlərə əsasən onların Pakistan İslam Respublikası vətəndaşları dostu Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 olmaları məlum olmuşdur.İlkin sorğu zamanı saxlanılan şəxslərin qeyri qanuni yolla Gürcüstan ərazisinə keçmək istədikləri məlum olmuşdur. İşin 25-26-cı vərəqələrində olan və məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş 10 oktyabr 2024-cü il tarixli hadisə yerinə baxış protokolundan görünür ki, Pakistan İslam Respublikası vətəndaşları Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 X1 ərazi N №-li hərbi hissənin Balakən rayonu Mazımqara kəndi ərazisində yerləşən 6-cı sərhəd zastavasının 6-cı sahəsidir. Balakən rayonu Mazımqara kəndindən 6-cı sərhəd zastavasına qədər olan məsafə 300 (üç yüz) metr təşkil edir, 6-cı sərhəd zastavasından 6cı sahəsinə qədər olan məsafə 3000 (üç min) metr təşkil edir. 6-cı sahədən müqabil dövlətin ərazisində Gürcüstan, Laqodexi rayonu Maçimi kəndi yerləşir, oraya qədər olan 1800 (min səkkiz yüz) metr təşkil edir. Azərbaycan Respublikası ərazisində Balakən rayonu Mazımqara kəndi yerləşir, oraya qədər olan məsafə 1000 (min) metr təşkil edir. 6cı sahənin ərazisi sıx meşəlik bir ərazidir. Baxış zamanı saxlanılan Pakistan İslam Respublikası vətəndaşları Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz keçmək məqsədi ilə həmin əraziyə gəldiklərini bildirərək 6-cı sərhəd zastavasının 6-cı sahəsini göstərmişlər. Pakistan İslam Respublikası vətəndaşları Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 X1 yerdən dövlət sərhəd xəttinə qədər olan məsafə 50 (əlli) metr təşkil edir. İşin 171-ci vərəqəsində olan və məhkəmə istintaqında elan olunmaqla tədqiq edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs1 əvvəllər məhkum olunmamışdır. İşin 16-cı vərəqəsində olan və məhkəmə iclasında tədqiq edilmiş inzibati qaydada tutma haqqında 10 oktyabr 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 10 oktyabr 2024-cü il tarixdə saat 17:50-də inzibati qaydada tutulmuşdur. İşin 51-ci vərəqəsində olan və məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş 11 oktyabr 2024-cü il tarixli cinayəti törətməkdə şübhəli olan şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 11 oktyabr 2024-cü il tarixdə saat 15:30-da Azərbaycan Respublikası CM-nin 29,318.2-ci maddələrində nəzərdə tutulmuş əməli törətməsində şübhəli şəxs kimi tutulmuşdur. İşin 134-137-ci vərəqələrində olan və məhkəmə iclasında tədqiq edilmiş qətimkan tədbirinin seçilməsi haqqında Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 12 oktyabr 2024-cü il tarixli 4(009)-541/2024 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs1 barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəli 10 oktyabr 2024-cü il tarixdən (saat 17:50-dən) hesablanmışdır. İşin 172-ci vərəqəsində olan və məhkəmə istintaqında elan olunmaqla tədqiq edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs2 əvvəllər məhkum olunmamışdır. İşin 22-ci vərəqəsində olan və məhkəmə iclasında tədqiq edilmiş inzibati qaydada tutma haqqında 10 oktyabr 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 10 oktyabr 2024-cü il tarixdə saat 17:55-də inzibati qaydada tutulmuşdur. İşin 77-ci vərəqəsində olan və məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş 11 oktyabr 2024-cü il tarixli cinayəti törətməkdə şübhəli olan şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 11oktyabr 2024-cü il tarixdə saat 17:30-da Azərbaycan Respublikası CM-nin 29, 318.2-ci maddələrində nəzərdə tutulmuş əməlin törətməsində şübhəli şəxs kimi tutulmuşdur. İşin 141-144-cü vərəqələrində olan və məhkəmə iclasında tədqiq edilmiş qətimkan tədbirinin seçilməsi haqqında Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 12 oktyabr 2024-cü il tarixli 4(009)-542/2024 nömrəli qərardan görünür ki, Təqsirləndirilən şəxs2 barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəli 10 oktyabr 2024-cü il tarixdən hesablanmışdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinə əsasən: Maddə 124.1-ci maddəsinə əsasən məhkəmənin və ya cinayət prosesi tərəflərinin əldə etdiyi mötəbər dəlillər (məlumatlar, sənədlər, əşyalar) cinayət təqibi üzrə sübutlar hesab olunur. Maddə 124.1.2. Bu sübutlarla hadisənin cinayət hadisəsi olub-olmaması, törədilmiş əməldə cinayətin əlamətlərinin olub-olmaması, bu əməlin təqsirləndirilən şəxs tərəfindən törədilib-törədilməməsi, onun təqsirli olub-olmaması, habelə ittihamın düzgün həll edilməsi üçün əhəmiyyət kəsb edən hallar göstərilməlidir. Maddə 125.1. Məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. Maddə 125.2.1. İnsan və vətəndaşların konstitusiya hüquqlarının və azadlıqlarının, yaxud bu Məcəllənin digər tələblərinin pozulması ilə cinayət prosesi iştirakçılarının qanunla təminat verilən hüquqlarından məhrum etmə və ya onları məhdudlaşdırmaqla bu sübutların həqiqiliyinə hər hansı yolla təsir göstərəcəyi və ya göstərə biləcəyi halda, Azərbaycan Respublikası CPM-nin 125.2.3-cü maddəsinə əsasən şübhəli və təqsirləndirilən şəxsin müdafiə hüquqlarının… pozulması ilə, Azərbaycan Respublikası CPM-nin 125.2.7-ci maddəsinə əsasən istintaq və ya digər prosessual hərəkətlərin icraat qaydaları kobud pozuntularla aparıldıqda… əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir. Maddə 125.3. Bu Məcəllənin 125.2-ci maddəsində nəzərdə tutulmuş hallarda alınmış məlumatlar, sənədlər və əşyalar hüquqi qüvvəsi olmayan hesab edilir və onlar ittihamın düzgün həlli üçün hər hansı halın sübut olunmasında istifadə edilə bilməz. Maddə 137.Əməliyyat-axtarış fəaliyyəti nəticəsində əldə edilmiş materiallar «Əməliyyat-axtarış fəaliyyəti haqqında» Azərbaycan Respublikasının Qanununa uyğun əldə olunduqda və bu Məcəllənin tələblərinə uyğun təqdim edildikdə və yoxlanıldıqda, cinayət təqibi üzrə sübut kimi qəbul edilir. Maddə 144.Cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və birbiri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Maddə 145.1.Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Məhkəmə iş üzrə şahidlər- Şahid1 və Şahid2 ifadələrini, məhkəmə və ibtidai istintaq hərəkətlərinin protokollarını və sair sənədləri tam, hərtərəfli və obyektiv yoxlayıb, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliliyi üzrə qiymətləndirib, həmin sübutları inandırıcı, məntiqli olduqları, ziddiyyət təşkil etmədikləri, əksinə bir-biri ilə uyğun şəkildə işin faktiki hallarını təsdiq etdikləri üçün mötəbər sübutlar kimi qəbul edir. Məhkəmə,eynizamanda Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 126.6-cı maddəsinin tələbinə əsasən təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ittiham olunduğu əməldə öz təqsirlərini etiraf etmələri iş üzrə bütün sübutların məcmuyu ilə təsdiq edildiyi üçün onlara qarşı ittihamı təsdiq edən əsas kimi qəbul edir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 346-cı maddəsinin tələbinə uyğun olaraq təqsirləndirilən şəxsin əməlinin hüquqi tövsifi məsələsinə baxaraq qeyd edir ki, məhkəmə iclasında tədqiq olunmuş mümkün və mötəbər sübutların məcmuyu ilə müəyyən edildi ki, təqsirləndirilən şəxslər-Pakistan İslam Respublikasının vətəndaşları Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 qabacadan əlbir olan bir qrup şəxs halında Azərbaycan Respubliksasının mühafizə olunan dövlət sərhədini dövlət sərhədinin nəzarət buraxılış məntəqələrindən kənarda qəsdən qanunsuz olaraq Azərbaycan Respublikasından Gürcüstan istiqamətində keçməyə cəhd etmişdirlər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsində göstərilmişdir ki, yalnız Azərbaycan Respublikasının Cinayət Məcəlləsi ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyətini yaradır. “Azərbaycan Respublikasının dövlət sərhədi haqqında” Azərbaycan Respublikasının Qanununun 1-ci maddəsinə görə Azərbaycan Respublikasının dövlət sərhədi Azərbaycan Respublikasının dövlət ərazisinin (quru və su ərazisinin, yerin təkinin, dəniz və hava fəzasının) hüdudlarını müəyyən edən xətt və bu xətt üzrə keçən şaquli səthdir. Azərbaycan Respublikasının dövlət sərhədi Azərbaycan Respublikasının dövlət suverenliyinin ərazi hüdududur. Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsinin 9.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşı dövlət sərhədinin buraxılış məntəqələrindən keçərək sərbəst surətdə ölkədən getmək və ölkəyə gəlmək hüququna malikdir. Həmin Məcəllənin 15.1-ci maddəsinə əsasən əcnəbilər və vətəndaşlığı olmayan şəxslər dövlət sərhədinin buraxılış məntəqələrindən keçmək şərti ilə, pasportları və ya digər sərhədkeçmə sənədləri əsasında Azərbaycan Respublikasına gələ və Azərbaycan Respublikasından gedə bilərlər. Azərbaycan Respublikasının mühafizə olunan dövlət sərhədini müəyyən edilmiş sənədlər olmadan və ya dövlət sərhədinin nəzarət-buraxılış məntəqələrindən kənarda keçməyə görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 318.1-ci maddəsində, bu əməllərin qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən, yaxud zor tətbiq etməklə və ya belə zor tətbiq etmə hədəsi ilə törədilməsinə görə isə Cinayət Məcəlləsinin 318.2-ci maddəsində cinayət məsuliyyəti nəzərdə tutulmuşdur. Cinayət Məcəlləsinin 29-cu maddəsinə görə bilavasitə cinayət törətməyə yönəldilmiş qəsdən edilən əməl (hərəkət və ya hərəkətsizlik), şəxsin iradəsindən asılı olmayan səbəblərə görə başa çatdırılmamışdırsa, cinayət etməyə cəhd hesab olunur. Məhkəmə təqsirləndirilən şəxslərin və şahidlərin ifadələrini, dövlət ittihamçısının və müdafiəçilərin çıxışlarını dinləyib, Azərbaycan Respublikasının Konstitusiyasının 63-cü maddəsində təsbit edilmiş təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq, məhkəmə baxışında ittihamın baxılması nəticələrinə, məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslanaraq, tədqiq olunan sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq bu nəticəyə gəlir ki, təqsirləndirilən şəxslər - Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29, 318.2-ci maddələrində nəzərdə tutulan cinayət əməlini törətmişlər, həmin əməldə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29, 318.2-ci maddəsinin tərkibi vardır, həmin əməl təqsirləndirilən şəxslər tərəfindən törədilmişdir, təqsirləndirilən şəxslər həmin cinayətin törədilməsində təqsirlidirlər.Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əməli Azərbaycan Respublikası CM-nin 29,318.2-ci maddəsi ilə düzgün tövsif edilmişdir, əməlin cinayət olmasını aradan qaldıran hallar, təqsirləndirilən şəxslərin cinayət məsuliyyətindən azad edilmələri üçün əsaslar yoxdur, təqsirləndirilən şəxslər törətdikləri əməllərə görə cəzalanmalıdırlar. Cinayət Məcəlləsinin cəzanın anlayışını və məqsədini müəyyən edən 41-ci maddəsinə görə cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cinayət Məcəlləsinin 58.1 və 58.3-cü maddələrinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. “Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr və dəyişikliklər edilməsi barədə” 11 iyun 2004-cü il tarixli 688-İİQD saylı Azərbaycan Respublikası Qanununun 3-cü hissəsinin 9-cu bəndinin və 4-cü hissəsinin 7-ci bəndinin Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin 9-cu hissəsinə uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 yanvar 2005-ci il tarixli Qərarında qeyd olunur ki, istənilən məhkəmə aktının qanuni və əsaslı hesab olunması üçün mütləq şərtlərdən biri onun ədalətli olmasıdır, çünki, ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir. "Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 4 nömrəli, 25 iyun 2003-cü il tarixli Qərarının 1-ci bəndində məhkəmələrə izah edilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Qərarın 2-ci bəndində göstərilmişdir ki,cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Təqsirləndirilən şəxs1 əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1ci maddəsində göstərilən cəzanı yüngülləşdirən hallar və Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar yoxdur. Məhkəmə Təqsirləndirilən şəxs1 cəza təyin edərkən ona hansı növ cəzanın təyin edilməsi məsələsinə baxaraq törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, cəzanı yüngülləşdirən və cəzanı ağırlaşdıran halların olmamasını, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, CM-in 62-ci maddəsinin tətbiq olunması üçün əsasların olmamasını nəzərə alaraq hesab edir ki, onun cəmiyyətdən təcrid edilmədən islah olunması mümkün deyildir, ona görə də Təqsirləndirilən şəxs1 barəsində təqsirli bilindiyi CM-in 29, 318.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş həddə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 346.1.12-ci maddəsinə uyğun olaraq Təqsirləndirilən şəxs1 təyin ediləcək cəzanın çəkilməli olubolmaması məsələsinə baxaraq, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, onun cəzadan azad edilməsi və barəsində CM-in 70-ci maddəsinin tətbiq edilməsi üçün əsasların olmamasını nəzərə alaraq hesab edir ki, o, təyin ediləcək cəzanı çəkməlidir. Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə uyğun olaraq o, cəzasını ümumi rejimli cəza çəkmə müəssisəsində çəkməli, cəzaçəkmə müddətinin əvvəli, bu cinayət əməlinə görə azadlığının faktiki məhdudlaşdırıldığı 10 oktyabr 2024-cü il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alana kimi dəyişdirilmədən saxlanmalıdır. Təqsirləndirilən şəxs2 cəzasını yüngülləşdirən və cəzasını ağırlaşdıran hallar yoxdur. Məhkəmə Təqsirləndirilən şəxs2 cəza təyin edərkən ona hansı növ cəzanın təyin edilməsi məsələsinə baxaraq törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, cəzanı ağırlaşdıran halların olmamasını, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs2 da cəmiyyətdən təcrid edilmədən islah olunması mümkün deyildir,onun barəsində də təqsirli bilindiyi CM-in 29, 318.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş həddə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 346.1.12-ci maddəsinə uyğun olaraq Təqsirləndirilən şəxs2 təyin ediləcək cəzanın çəkilməli olubolmaması məsələsinə baxaraq, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, onun cəzadan azad edilməsi və barəsində CM-in 70-ci maddəsinin tətbiq edilməsi üçün əsasların olmamasını nəzərə alaraq hesab edir ki, o, təyin ediləcək cəzanı çəkməlidir. Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə uyğun olaraq o, cəzasını ümumi rejimli cəza çəkmə müəssisəsində çəkməli, cəzaçəkmə müddətinin əvvəli, bu cinayət əməlinə görə azadlığının faktiki məhdudlaşdırıldığı 10 oktyabr 2024-cü il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alana kimi dəyişdirilmədən saxlanmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 346.1-ci və 346.1.19-cu maddələrinə uyğun olaraq məhkəmə müsadirə edilməli əmlakın olub-olmaması məsələsinə baxaraq, təqsirləndirilən şəxslərin hazırkı cinayəti törətdiyi zaman cinayət yolu ilə hər hansı əmlak əldə etməmələrini nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulan xüsusi müsadirə edilməli olan əmlak mövcud deyildir. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Pakistan İslam Respublikasının vətəndaşları olduqlarından məhkəmə hesab edir ki, onların barəsində Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarma əlavə cəzasının təyin edilməsi məsələsinə də baxılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52.1-ci maddəsinə görə Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarma cəzası bir ildən artıq müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilən əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslərə təyin edilir və onlar əsas cəza növünü çəkdikdən sonra icra edilir. Bir ildən artıq olmayan müddətə azadlıqdan məhrum etmə cəzasına və ya azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəzaya məhkum edilən əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslərə bu Məcəllənin 58.3-cü maddəsində göstərilmiş hallar nəzərə alınmaqla Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarma cəzası təyin edilə bilər. Məhkəmə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Pakistan İslam Respublikasının vətəndaşı olmalarını,Cinayət Məcəlləsinin 52.2-ci maddəsində göstərilən halların olmamasını nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barəsində Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarma əlavə cəzası da təyin edilməli, məhkumluqları ödənilənədək və ya götürülənədək onların Azərbaycan Respublikasına gəlmək hüquqları məhdudlaşdırılmalıdır. İş üzrə maddi sübut və mülki iddia yoxdur. İş materiallarından həmçinin görünür ki,Balakən rayon Vəkil Bürosunun vəkili Müdafiəçi1 məhkəmə icraatı zamanı Təqsirləndirilən şəxs1 hüquqlarının müdafiəsinə 09 iş saatı, Balakən rayon Vəkil Bürosunun vəkili –Müdafiəçi2 məhkəmə icraatı zamanı Təqsirləndirilən şəxs2 hüquqlarının müdafiəsinə 09 iş saatı sərf etmişdir. Azərbaycan Respublikası CPM-nin 193.2-193.3-cü maddələrinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Məhkəmə şübhəli və ya təqsirləndirilən şəxsin orta aylıq gəlirini, maddi, əmlak və ailə vəziyyətini, habelə digər halları nəzərə alaraq həmin şəxsin müdafiəçi tərəfindən göstərilən hüquqi yardımı ödəməkdən azad edilməsi və ödəmənin Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilməsi barədə əsaslandırılmış qərar qəbul edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 3 may 2018-ci il tarixli, 202 №-li qərarı əsasında “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli,11 №-li qərarına edilmiş dəyişikliklərə uyğun olaraq təqsirləndirilən şəxslərin hüquqlarını müdafiə etmələrinə görə müdafiəçilərə hər iş saatı üçün 6 manat məbləğində haqq ödənilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 məhkəmə icraatı zamanı göstərilən hüquqi yardımla bağlı Azərbaycan Respublikası Dövlət büdcəsinin vəsaiti hesabından 54 manat tutulub vəkil Müdafiəçi1 ödənilməsi üçün Balakən Rayon Vəkil Bürosunun nəfinə, Təqsirləndirilən şəxs2 məhkəmə icraatı zamanı göstərilən hüquqi yardımla bağlı Azərbaycan Respublikası Dövlət büdcəsinin vəsaiti hesabından 54 manat tutulub vəkil Müdafiəçi2 ödənilməsi üçün Balakən rayon Vəkil Bürosunun nəfinə "xxxx" ASC-in X14 Rekvizitləri: VÖEN **********, kod 201382, Müxbir hesab AZ37NABZ******************** hesaba köçürülməlidir. Azərbaycan Respublikası CPM-nin 349-cü maddəsinin tələblərinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Məhkəmənin hökmü Azərbaycan Respublikası Konstitusiyasının, bu Məcəllənin, Azərbaycan Respublikasının cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir. Məhkəmənin hökmü məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə əsaslı hesab edilir. Kondraşinanın Rusiya Federasiyasına qarşı iş üzrə qərarında Avropa Məhkəməsi göstərmişdir ki, məhkəmələr qərar qəbul edərkən hüququn aliliyinə əməl etməlidirlər. Hüququn aliliyinin əsas cəhətlərindən biri hüquqi müəyyənlik prinsipidir ki, onun tələbinə görə məhkəmələr yekun qərarı elə qəbul etməlidirlər ki, o mübahisə olunmasın. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356 və 384.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,318.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin, 1(bir) il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 10 oktyabr 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alana kimi dəyişdirilmədən saxlansın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,318.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin, 1(bir) il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 10 oktyabr 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alana kimi dəyişdirilmədən saxlansın. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52.1-ci maddəsi tətbiq olunmaqla təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əsas cəzanı çəkdikdən sonra Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarılsınlar, məhkumluqları ödənilənədək və ya götürülənədək Azərbaycan Respublikasına gəlmək hüquqları məhdudlaşdırılsın. Təqsirləndirilən şəxs1 məhkəmə icraatı zamanı göstərilən hüquqi yardımla bağlı Azərbaycan Respublikası Dövlət büdcəsinin vəsaiti hesabından 54 manat tutulub vəkil Müdafiəçi1 ödənilməsi üçün, Təqsirləndirilən şəxs2 məhkəmə icraatı zamanı göstərilən hüquqi yardımla bağlı Azərbaycan Respublikası Dövlət büdcəsinin vəsaiti hesabından 54 manat tutulub vəkil Müdafiəçi2 ödənilməsi üçün Balakən Rayon Vəkil Bürosunun nəfinə "xxxx"ASC-in X14 Rekvizitləri: VÖEN **********, kod 201382, Müxbir hesab AZ37NABZ******************** hesaba köçürülsün. Hökmdən elan olunduğu andan (həbsdə olan məhkum hökmün surəti ona verildiyi andan) 20 gün müddətində Balakən Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən Hümbət Səlimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar