Azərbaycan Respublikası adından HÖKM Balakən Rayonu İş № 1(019)-80/2022 10.08.2022 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Səlimov Hümbət Qamuna oğlunun sədrliyi, məhkəmə iclas katibi X1 katibliyi, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində DİMÜŞ-nin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçi-Balakən Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə TƏQSİRLƏNDİRİLƏN ŞƏXS-xx xxxxxx 1989-cu il tarixdə Balakən rayonu Tülü kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı,məhkum olunmamış, işləməyən, evli, Balakən rayonu Tülü kəndində pasport qeydiyyatında olmaqla yaşayan və barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: Təqsirləndirilən şəxs 2021-ci ilin sentyabr ayının sonlarında Balakən rayonu Tülü kəndi ərazisindəki çöllük sahədə aşkar etdiyi yabanı halda bitmiş, 01 ədəd narkotik tərkibli çətənə(kannabis) bitkisinin üzərindən yığıb əldə edərək yaşadığı evdə gizlətməklə saxladığı 3(üç) ədəd narkotik tərkibli çətənə(kannabis) bitkisinin toxumlarını 2022-ci ilin may ayının sonlarında yaşadığı evin həyətində dəmir dibçəkdə qəsdən, qanunsuz olaraq əkmiş, bitmiş 3(üç) ədəd xeyli miqdarda hündürlükləri 30 sm-dən 50 sm-dək, ümumi təmiz çəkisi 3,37 qram olan, əkilib becərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə (kannabis) bitkilərini alaq otlarından təmizləyib, suvarmaqla, həmçinin digər tədbirlər görməklə aqrotexniki qaydada qulluq göstərib yetişdirməklə kultivasiya etmiş, 23 iyun 2022-ci il tarixdə həmin dəmir dibçəkdə olan 3(üç) ədəd narkotik tərkibli çətənə(kannabis) bitkilərini 01 ədəd qara rəngli sellofan torbanın içərisində saxlayıb üzərində gəzdirməklə Balakən şəhəri ərazisinə gətirmişdir. 23 iyun 2022-ci il tarixdə Balakən RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş tədbirlər nəticəsində Təqsirləndirilən şəxs rayon polis şöbəsinə dəvət edilib şübhəli şəxs qismində tutulduqdan sonra həmin tarixdə saat 20:45-dən saat 21:15-dək üzərində şəxsi axtarış aparılan zaman qəsdən, qanunsuz olaraq, əkib yetişdirməklə kultivasiya etdiyi xeyli miqdarda yəni 01 ədəd qara rəngli sellofan torbanın içərisindəki dəmir dibçəkdə olan 3(üç) ədəd hündürlükləri 30 sm-dən 50 sm-dək, ümumi təmiz çəkisi 3,37 qram olan əkilib becərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə (kannabis) bitkiləri aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs həmin cinayət əməlini törətməsi məhkəmə iclasında özünün etirafedici ifadəsi, şahidlərin ifadələri və məhkəmə iclasında tədqiq olunan digər sübutlarla aşağıdakı qaydada tam sübuta yetirildi. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, Balakən rayonu Tülü kəndində ailə üzvləri ilə birlikdə yaşayır. Əvvəllər məhkum olunmamış, heç bir psixi xəstəliklər keçirməmişdir. On iki ildir ki, hepatit B xəstəliyindən əziyyət çəkir. Təxminən 2-3 ildir ki, narkotik vasitə olan marixuanadan istifadə edir. Buna görə də narkotik tərkibli bitkiləri tanıyır. Bir neçə dəfə də yabanı halda bitən bitkilərin üzərlərindən yığaraq narkotik vasitə istifadə etmişdir. 2021-ci ilin sentyabr ayının sonlarında yaşadığı Tülü kəndində çöllük sahədə olduğu zaman 1 ədəd yabanı halda bitən çətənə kolunun olduğunu görmüşdür. Həmin zaman bitkinin üzərində toxumlar olduğundan o, həmin toxumları yığaraq gələcəkdə özü istifadə etmək məqsədilə narkotik əkmək qərarına gəlmişdir. Bu məqsədlə həmin bitkinin üzərindən 3 ədəd toxum yığaraq yaşadığı evə aparıb saxlamışdır. 2022-ci ilin may ayının sonlarında həmin çətənə bitkisinin toxumlarını dəmir dibçəkdə əkmişdir. Həmin toxumları əkməkdə məqsədi öz şəxsi istifadəsi üçün narkotik vasitə əldə etmək olmuşdur. Bir müddət sonra həmin 3 ədəd toxumlar cücərib inkişaf etmiş, həmin bitki şitillərinə dibçəkdə qulluq etməyə başlamışdır. O, həmin dibçəkdə olan üç ədəd şitilləri yaşadığı evdə saxlamaq istəmədiyi üçün, yəni ailəsinin və ya başqa şəxslərin məlumatlarının olmasından çəkindiyi üçün həmin dəmir dibçəkdə olan şitilləri Balakən çayının sahilində kolluq ərazidə əkmək qərarına gəlmişdir. Buna görə də 23 iyun 2022-ci il tarixdə həmin dibçəyi qara rəngli sellofan torbaya qoyaraq Balakən şəhəri ərazisinə gəlmiş ki, Balakən çayının kənarına gedərək dibçəkdə olan narkotik şitillərini əksin. Balakən şəhəri ərazisində olduğu zaman saat təxminən 20 radələrində Balakən rayon polis şöbəsinin əməkdaşları ona yaxınlaşaraq qanunsuz olaraq narkotik tərkibli bitkilər əkməkdə və daşımaqda şübhəli olduğunu bildirmiş və onu polis şöbəsinə dəvət etmişlər. O, da polis əməkdaşlarına etiraz etmədən polis əməkdaşları ilə birlikdə polis şöbəsinə gəlmişdir. Polis şöbəsində ona təqdim edilmiş vəkillərin siyahısından seçmiş olduğu vəkil Müdafiəçi iştirakı ilə onu şübhəli şəxs kimi tutmuşlar, daha sonra vəkilinin, polis əməkdaşlarının və dəvət edilmiş mütəxəssisin iştirakı ilə videoçəkiliş vasitəsilə hüquq və vəzifələri izah edilmiş, daha sonra üzərində şəxsi axtarış aparılmağa başlanmışdır. Şəxsi axtarış zamanı üzərindən qanunsuz heç nə aşkar edilməmişdir. Daha sonra da əlində olan qara rəngli sellofan torbaya baxış keçirilmiş, içərisindəki dəmir dibçəkdə olan 3 ədəd narkotik tərkibli çətənə bitkiləri aşkar olunmuşdur. Həmin 3 ədəd bitkilərin hündürlükləri ölçülmüş, 30 sm-dən 50 sm-dək təşkil etmişdir. Şəxsi axtarışda iştirak edən aqranom mütəxəssis əkdiyi həmin bitkilərə aqrotexniki qaydada qulluq edildiyini bildirmişdir. Bundan sonra aşkar edilmiş 3 ədəd narkotik tərkibli çətənə bitkiləri bir ədəd kağız zərfdə qablaşdırılmış, polis əməkdaşları tərəfindən götürülmüşdür. Daha sonra şəxsi axtarış aparılması ilə bağlı protokol tərtib edilmiş, protokol ucadan oxunmuş, doğruluğunu imzalarla təsdiq etmişlər. Üzərində gəzdirdiyi dibçəkdə olan üç ədəd narkotik tərkibli çətənə bitkilərini əkib becərməyindən ailə üzvlərinin və ya başqa şəxslərin məlumatı olmamışdır. Həmçinin Balakən RPŞ-də ona qarşı hər hansı bir psixi və ya fiziki təsir göstərilməmişdir. Əməlindən peşmandır. Gələcəkdə heç vaxt belə əməllərə yol verməyəcəkdir. Ailə vəziyyətini nəzərə alıb ona yüngül cəza verilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, Balakən RPŞ-nin CAB-ın əməliyyat müvəkkili vəzifəsində xidmət aparır. 23 iyun 2022-ci il tarixdə Balakən rayon Tülü kənd sakini Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik tərkibli bitkiləri əkib becərməkdə şübhəli olması və üzərində daşıması barədə Balakən RPŞ-nə məlumat daxil olmuşdur. Həmin məlumatın yoxlanılması məqsədi ilə tərəfindən RPŞ-nin rəhbərliyinə raportla müraciət edildikdən sonra müvafiq göstəriş əsasında həmin gün saat təxminən 20 radələrində Təqsirləndirilən şəxs Balakən şəhəri ərazisində saxlanılaraq RPŞnə gətirilmiş və barəsində tədbir görülməsi məqsədilə RPŞ-nin rəhbərliyinə tərəfindən raportla müraciət edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmuş, hüquq və vəzifələri izah edilmiş, sonra dəvət edilmiş mütəxəssis aqronom Şahid3 və polis əməkdaşlarının iştirakı ilə fasiləsiz videoçəkilişdən istifadə edilməklə üzərində şəxsi axtarış aparılmağa başlanmışdır. Şəxsi axtarışa başlanmazdan əvvəl Təqsirləndirilən şəxs üzərində qanunsuz saxlanılan əşya, vasitə olub-olmaması soruşulmuş, Təqsirləndirilən şəxs da üzərində qanunsuz nə isə olmadığını bildirmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən qanunsuz saxlanılan əşya, predmet və sairə aşkar edilməmişdir. Həmçinin Təqsirləndirilən şəxs əlində gəzdirdiyi qara rəngli sellofan torbanı göstərib içərisində narkotik tərkibli bitkilər olduğunu bildirmişdir. Bundan sonra həmin sellofan torbaya baxış keçirilmiş, içərisindən 01 ədəd dəmir qabın içərisində torpağa əkilmiş 03 ədəd narkotik tərkibli çətənə (kannabis) bitkilərinə oxşar bitkilər aşkar edilmişdir. Təqsirləndirilən şəxs həmin bitkilərin narkotik tərkibli çətənə bitkiləri olduğunu və öz şəxsi istifadəsi üçün narkotik vasitə əldə etmək məqsədi ilə əkdiyini bildirmişdir. Baxışda iştirak edən mütəxəssis aqronom həmin bitkilərə baxaraq bitkilərə aqrotexniki qaydada qulluq edildiyini bildirmişdir. Daha sonra 3 ədəd narkotik tərkibli çətənə bitkilərinə oxşar bitkilər ölçülmüş, kiçik bitkinin hündürlüyünün 30 sm, ən böyük bitkinin hündürlüyünün isə 50 sm olması müəyyən edilmişdir. Aşkar edilmiş 3 ədəd narkotik tərkibli çətənə bitkilərinə oxşar bitkilər 1 ədəd ağ rəngli kağız zərfdə qablaşdırılmış, kağız zərfin üzəri də DİN-nin 185 saylı arayışlar üçün möhürü ilə möhürləndikdən sonra üzərini digər iştirakçılarla birlikdə imzalamışlar. Bundan sonra şəxsi axtarış aparılmasına dair protokol tərtib edilmiş, ucadan oxunmuş, protokola heç bir əlavə, şikayət və vəsatət daxil olmadığından digər iştirakçılarla birlikdə protokolun doğruluğunu imzalarla təsdiq etmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Balakən RPŞ-nin əməkdaşları Şahid2 Şahid1lə oxşar məzmunlu ifadə verərərk onun göstərdiklərini təsdiq etmişdir.. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərdi ki, rəsmi olaraq Kənd Təsərrüfatı Nazirliyi yanında aqrar xidmətlər agentliyinin Balakən regional bitki mühafizəsi və fumiqasiya (zərərsizləşdirmə) mərkəzinin aqrotexniki vəzifəsində çalışır. 23 iyun 2022-ci il tarixdə Balakən RPŞ-nin əməkdaşları onu polis şöbəsinə dəvət etmişdir. O, polis şöbəsinə gələndən sonra polis əməkdaşları ona rayonun Tülü kənd sakini Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik tərkibli çətənə bitkiləri əkdiyini, həmin narkotik tərkibli bitkilərini də üzərində gəzdirməkdə şübhəli olduğundan polis şöbəsinə dəvət edildiyini, həmin şəxsin üzərində şəxsi axtarış aparılacağını, bitkilər aşkar ediləcəyi halda isə həmin bitkilərə aqrotexniki qaydada qulluq edilib-edilmədiyi barədə rəy verməyini xahiş etmişlər.O, da polis əməkdaşlarına razılıq vermişdir. Buna görə də təhqiqatçı, bir qrup polis əməkdaşları, Təqsirləndirilən şəxs və müdafiəçisi Müdafiəçi iştirakı ilə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmağa başlanmışdır. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən qanunsuz saxlanılan əşya və vasitə aşkar edilməmişdir. Bundan sonra isə Təqsirləndirilən şəxs polis şöbəsinə dəvət edilən zaman əlində olan qara rəngli sellofan torbaya baxış keçirilmiş, həmin torbanın içərisindən 01 ədəd dəmir qab, həmin dəmir qabın içərisindən də torpağa əkilmiş vəziyyətdə 03 ədəd narkotik tərkibli çətənə bitkilərinə oxşar bitkilər aşkar edilmişdir. Bundan sonra o, həmin bitkilərə baxaraq əkilib-becərilməsinə görə həmin bitkilərə aqrotexniki qaydada qulluq edildiyini və həmin bitkilərin narkotik tərkibli çətənə bitkilərinə oxşadığını bildirmişdir. Bundan sonra aşkar edilmiş bitkilər köklərindən çıxarılmış, hündürlükləri təxminən ölçülmüş, bitkilərin hündürlüklərinin 30 sm-dən 50 sm-dək olması müəyyən edilmişdir. Bundan sonra aşkar olunmuş bitkilər 01 ədəd ağ rəngli kağız zərfdə qablaşdırılıb möhürlənmiş, həmin bir ədəd ağ zərfin üzərini digər iştirakçılarla birlikdə o da imzalamışdır. Bundan sonra təhqiqatçı şəxsi axtarışın qurtardığını bildirmiş, videoçəkilişi dayandırmışdır. Daha sonra şəxsi axtarış keçirilməsinə dair protokol tərtib edilmiş və ucadan oxunmuş, protokola heç bir əlavə şikayət və vəsatət daxil olmadığından iştirakçılar tərəfindən imzalanmışdır. İşin 29-31-ci vərəqələrində olan və məhkəmə iclasında elan olunmaqla tədqiq olunmuş 23 iyun 2022-ci il tarixli “şübhəli şəxsin üzərində şəxsi axtarış aparılması barədə” protokoldan görünür ki, xx.xx.2022-ci il tarixdə Balakən rayon Tülü kəndində pasport qeydiyyatında olmaqla yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik tərkibli bitkiləri əkib becərməkdə və üzərində daşımasında şübhəli olduğuna görə polis şöbəsinə dəvət edilib şübhəli şəxs qismində tutularaq həmin gün saat 20:45-dən 21:15-dək olan müddətdə üzərində şəxsi axtarış aparılan zaman müəyyən edilmişdir ki, Balakən rayonu Tülü kənd sakini Təqsirləndirilən şəxs əynində ağ rəngli qısaqol yay köynəyi, cins şalvar olmuşdur. Təqsirləndirilən şəxs Balakən rayon vəkillər bürosunun vəkillər siyahısından seçmiş olduğu Müdafiəçi, aqronom Şahid3 və digər iştirakçıların iştirakı ilə üzərində şəxsi axtarış aparılmamışdan əvvəl hüquq vəzifələri izah edilmiş, daha sonra şübhəli şəxs qismində tutulmuşdur. Şübhəli şəxs Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılan zaman qanunla qadağan edilmiş əşya və ya qanunsuz olaraq narkotik tərkibli bitki və ya maddə aşkar edilməmişdir. Şübhəli şəxs Təqsirləndirilən şəxs məxsus qara rəngli sellofan torbaya baxılmış, sellofan torbanın içərisində dəmir dibçəkdə üç ədəd narkotik tərkibli çətənə bitkisinin şitillərinə oxşar bitkilər aşkar olunmuşdur. Aqronom Şahid3 həmin narkotik tərkibli çətənə bitkisinə oxşar bitki şitillərinin dibləri suvarıldığını, alaq otlarından təmizləndiyini bildirmişdir. Daha sonra həmin üç ədəd narkotik tərkibli çətənə bitkisinə oxşar bitki şitilləri kökündən çıxarıldıqdan sonra ölçüldükdə kiçiyinin uzunluğu 30 sm, hündürünün uzunluğu isə 50 sm olmuşdur. Bundan sonra isə həmin üç ədəd narkotik tərkibli çətənə bitkilərinə oxşar bitki şitilləri kağız zərfə qoyularaq möhürlənmiş, üzəri iştirakçılar tərəfindən imzalandıqdan sonra maddi sübut kimi götürülmüşdür. Şəxsi axtarış zamanı videoçəkilişdən istifadə edilmiş, videogörüntülərin olduğu disk protokola əlavə edilmişdir. Daha sonra tərtib edilmiş protokol ucadan oxunmuş, şikayət və vəsatət daxil olmadığından protokolun doğruluğu imzalarla təsdiq edilmişdir. Şəxsi axtarış zamanı qeydə alınmış videogörüntünün əks olunduğu DVD markalı diskə məhkəmə istintaqı zamanı baxış keçirilərkən, protokolda qeyd edilənlərin düzgünlüyü müəyyən edilmişdir İşin 32-ci vərəqəsində olan və məhkəmə iclasında elan edilməklə tədqiq edilən aqronom-mütəxəssis Şahid3 verdiyi 23 iyun 2022-ci il tarixli rəydən görünür ki, xx.xx.2022ci il tarixdə Balakən rayonu Tülü kənd sakini Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış aparılan zaman onun əlindəki qara rəngli selofan torbanının içərisində dəmir dibçəkdə hündürlüyü 30 sm-dən 50 sm-dək 03 ədəd narkotik tərkibli çətənə bitkisinə oxşar bitki şitillərinin dibləri suvarılmış, alaq otlarından təmizlənmiş və aqrotexniki qaydada qulluq göstərilmişdir. İşin 38-41-ci vərəqəsində olan və məhkəmə iclasında elan olunmaqla tədqiq olunmuş Azərbaycan Respublikası ƏN-nin MEM-nin Şəki Regional bölməsindən alınmış 24 iyun 2022-ci il tarixli 17/522 nömrəli ekspert rəyində göstərilmişdir: Tədqiqata təqdim olunmuş, üzərində "Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 03 ədəd..." yazısı olan zərfin içərisindəki, uzunluqları 30 sm-dən 50 sm-dək, ümumi çəkiləri 3,37 qram olan 03 (ədəd) bitki nümunələri əkilib-becərilməsi qadağan olunmuş narkotik təribli çətənə (kannabis) bitkiləridir. Aqronom (mütəxəssis) Şahid3 23 iyun 2022-ci il tarixli rəyinə əsasən 03 (üç) ədəd çətənə (kannabis) bitkilərinə aqrotexniki qaydada qulluq göstərilmişdir. Qeyd: 1) Çətənə bitkilərinin ümumi çəkisi -3,37 qr,. tədqiqata sərf edildi-0,06 qr(hər bitkidən- 0,02 qr.), qalıq-3,31 qr. İşin 101-ci vərəqəsində olan və məhkəmə iclasında elan olunmaqla tədqiq olunmuş Gəncə Səhiyyə İdarəsinin Gəncə şəhər ambulator məhkəmə-narkoloji ekspertizasından alınmış 01 iyul 2022-ci il tarixli 929 nömrəli rəydən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan kannabioniddən sui-istifadə nəticəsində narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. İşin 21-ci vərəqəsində olan və məhkəmə iclasında elan olunmaqla tədqiq olunmuş 23 iyun 2022-ci il tarixli şübhəli şəxsi tutma protokolundan görünür ki, 23 iyun 2022-ci ildə saat 20:30-da Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 237.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuş və Balakən RPŞ-nin MSY-də saxlanılmışdır. İşin 67-68-ci vərəqələrində olan və məhkəmə iclasında elan olunmaqla tədqiq olunmuş 24 iyun 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş və qərarın surəti icra olunması üçün Balakən RPŞ-nə göndərilmişdir. İşin 75-ci vərəqəsində olan və məhkəmə iclasında elan olunmaqla tədqiq olunmuş 24 iyun 2022-ci il tarixli təqsirləndirilən şəxsin müvəqqəti saxlama yerindən azad edilməsi haqqında aktdan görünür ki, Təqsirləndirilən şəxs 24 iyun 2022-ci il tarixdə saat 22:00-da Balakən RPŞ-nin MSY-dən azad edilmişdir. İşin 99-cu vərəqələrində olan və məhkəmə istintaqında elan olunmaqla tədqiq edilmiş Azərbaycan Respublikası DİN-nin BƏSİİ-nin verdiyi tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İşin 95-ci vərəqəsində olan və məhkəmə iclasında elan olunmaqla tədqiq olunmuş Balakən RİHB-nın Tülü kənd inzibati ərazi dairəsi tərəfindən verilmiş xasiyyətnamədə Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Barəsində nümayəndəliyə heç bir yazılı və şifahi müraciət daxil olmamışdır. İşin 93-cü vərəqəsində olan və məhkəmə iclasında elan olunmaqla tədqiq olunmuş Balakən rayon İHB-nın Tülü kənd inzibati ərazi dairəsi tərəfindən verilmiş arayışdan görünür ki, Təqsirləndirilən şəxs Balakən rayonu Tülü kənd sakinidir. İşin 94-cü vərəqəsində olan və məhkəmə iclasında elan olunmaqla tədqiq olunmuş Balakən rayon İHB-nın Tülü kənd inzibati ərazi dairəsi tərəfindən verilmiş arayışdan görünür ki, Təqsirləndirilən şəxs himayəsində arvadı, 2010-cu il təvəllüdlü Rəna və 2013-cü il təvəllüdlü David adında iki uşaqları vardır. Məhkəmə iş üzrə şahidlər- Şahid1, Şahid2 və Şahid3 ifadələrini, ekspertiza rəylərini, məhkəmə və ibtidai istintaq hərəkətlərinin protokollarını və sair sənədləri tam, hərtərəfli və obyektiv yoxlayıb, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliliyi üzrə qiymətləndirib, həmin sübutları inandırıcı, məntiqli olduqları, ziddiyyət təşkil etmədikləri, əksinə, bir-biri ilə uyğun şəkildə işin faktiki hallarını təsdiq etdikləri üçün mötəbər sübutlar kimi qəbul edir. Məhkəmə, eyni zamanda Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 126.6-cı maddəsinin tələbinə əsasən Təqsirləndirilən şəxs ittiham olunduğu əməldə öz təqsirini etiraf etməsini iş üzrə bütün sübutların məcmuyu ilə təsdiq edildiyi üçün ona qarşı ittihamı təsdiq edən əsas kimi qəbul edir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 346-cı maddəsinin tələbinə uyğun olaraq təqsirləndirilən şəxsin əməlinin hüquqi tövsifi məsələsinə baxaraq qeyd edir ki, məhkəmə iclasında tədqiq olunmuş mümkün və mötəbər sübutların məcmuyu ilə müəyyən edildi ki, Təqsirləndirilən şəxs qəsdən qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkiləri xeyli miqdarda əkib yetişdirməklə kultivasiya etmə cinayət əməlini törətmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsində göstərilmişdir ki, yalnız Azərbaycan Respublikasının Cinayət Məcəlləsi ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyətini yaradır. Qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkiləri əkmə, yetişdirmə, onları (onların hissələrini) toplama, habelə çətənə, xaşxaş növlərini və ya tərkibində narkotik maddələr olan digər bitkiləri kultivasiya etməyə görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.1-ci maddəsində cinayət məsuliyyəti nəzərdə tutulmuşdur. "Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi haqqında" Azərbaycan Respublikası Qanununun 1.0.1-ci maddəsinə görə narkotik vasitələr-BMT-nin 1961-ci il tarixli «Narkotik vasitələr haqqında» Vahid Konvensiyasında, 1971-ci il tarixli «Psixotrop maddələr haqqında» Konvensiyasında, 1988ci il tarixli «Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə haqqında» Konvensiyasında, habelə Azərbaycan Respublikasının Qanunu ilə təsdiq olunmuş siyahılarda belə təsnif edilmiş sintetik və ya təbii mənşəli maddələr, onların preparatları, o cümlədən tərkibində narkotik maddələr olan bitkilərdir. Həmin Qanunun 1.0.5-ci maddəsinə görə narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi-Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələr, psixotrop maddələr və onların prekursorları ilə bağlı törədilən hər hansı hərəkətlərdir. Həmin Qanunun 1.0.6-ci maddəsinə görə tərkibində narkotik maddələr olan bitkilərin qanunsuz kultivasiyası-Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla tərkibində narkotik maddələr olan bitkilərin əkilməsi, yetişdirilməsi və ya toplanmasıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 04 mart 2011-ci il tarixli 02 nömrəli qərarının 19-cu bəndində məhkəmələrə izah olunmuşdur ki, şərh olunan cinayətin predmeti əkilməsi, yetişdirilməsi və toplanılması qadağan edilən narkotik xassəli bitkilər, onların hissələri, çətənə, xaşxaş növləri, tərkibində narkotik maddələr olan digər bitkilərdir (siyahı İİİ-qanunsuz kultivasiya edilən, tərkibində narkotik maddələr olan bitkilər).Əkmə dedikdə qanunsuz olaraq narkotik xassəli bitkilərin toxumunu və ya şitillərini hər hansı torpaq sahəsində əkmə başa düşülməlidir. Bu zaman cinayət həmin bitkilərin yetişdirilməsi üçün nəzərdə tutulan torpaq sahələrinə toxum və ya şitilin əkildiyi andan, onların yetişdirilməsindən və sonrakı inkişafından asılı olmayaraq başa çatmış sayılır. Yetişdirmə dedikdə narkotik xassəli bitkilərin əkildiyi və ya təbii şəkildə bitdiyi torpaq sahələrinə və burada böyüyən bitkilərə qulluq etmə başa düşülməlidir. Narkotik xassəli bitkilərin yetişdirilməsi cinayəti qulluq etmənin başlandığı andan başa çatmış hesab olunur. Məhkəmə təqsirləndirilən şəxsin və şahidlərin ifadələrini, dövlət ittihamçısının və müdafiəçinin çıxışını dinləyib, Azərbaycan Respublikasının Konstitusiyasının 63-cü maddəsində təsbit edilmiş təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq, məhkəmə baxışında ittihamın baxılması nəticələrinə, məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslanaraq, tədqiq olunan sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq bu nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Həmin əməldə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.1-ci maddəsinin tərkibi vardır, həmin əməl təqsirləndirilən şəxs tərəfindən törədilmişdir, təqsirləndirilən şəxs həmin cinayətin törədilməsində təqsirlidir, onun cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir, əməlin cinayət olmasını aradan qaldıran hallar, təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur, təqsirləndirilən şəxs törətdiyi əmələ görə cəzalanmalıdır. Cinayət Məcəlləsinin cəzanın anlayışını və məqsədini müəyyən edən 41-ci maddəsinə görə cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cinayət Məcəlləsinin 58.1 və 58.3-cü maddələrinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. "Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 4 nömrəli, 25 iyun 2003-cü il tarixli Qərarının 1-ci bəndində məhkəmələrə izah edilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Qərarın 2-ci bəndində göstərilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Təqsirləndirilən şəxs himayəsində iki nəfər az yaşlı uşaqlarının olması cəzasını yüngülləşdirən haldır və cəzasını ağırlaşdıran hallar yoxdur. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən ona hansı növ cəzanın təyin olunması məsələsinə baxaraq, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, əvvəllər məhkum olunmamasını, cinayət əməlini səmimi etiraf etməklə əməlindən peşiman olmasını, yaşayış yeri üzrə müsbət cəhətdən xarakterizə olunmasını,cəzanı yüngülləşdirən halı, cəzanı ağırlaşdıran halların olmamasını, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, cəmiyyətdən təcrid olunmadan da islah olunmasının mümkünlüyünü, onun barəsində həmin cinayətə görə nəzərdə tutulmuş daha ciddi cəza növünün təyin edilməsi üçün əsasların olmamasını nəzərə alaraq Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddənin sanksiyasında müəyyən edilmiş həddə azadlığın məhdudlaşdırılması növündə cəzanın təyin edilməsini qanuni ,əsaslı və ədalətli hesab edir. Onun 23 iyun 2022-ci il və 24 iyun 2022-ci il tarixlərdə şübhəli şəxs qismində tutulub saxlandığı iki gün müddətin hər bir günü Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən təyin ediləcək azadlığın məhdudlaşdırılması cəzasının 2 gününə bərabər hesablanmaqla həmin cəzadan çıxılmalıdır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 346.1.12-ci maddəsinə uyğun olaraq Təqsirləndirilən şəxs təyin ediləcək cəzanın çəkilməli olubolmaması məsələsinə baxaraq, işin hallarını, təqsirləndirilən şəxsin cəzadan azad edilməsi, yaxud barəsində Cinayət Məcəlləsinin 70-ci maddəsinin tətbiq olunması üçün əsasların olmamasını nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxs ona təyin ediləcək cəzanı çəkməlidir. Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini saat 22:00-dan növbəti gün saat 07:00-a kimi tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Balakən və qonşu Zaqatala rayonunun ərazi hüdudlarını tərk etməmək , müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Təqsirləndirilən şəxs cəzasını yaşayış yeri üzrə çəkməli, onun cəzaçəkmə müddətinin əvvəli cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəsini alana kimi dəyişdirilmədən saxlanmalıdır. Ekspert rəyinə əsasən Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı olduğundan CM-in 93.1.2-ci maddəsinə əsasən ona narkomaniyadan məcburi müalicə təyin edilməli və o narkomaniyadan məcburi müalicə olunmalıdır. O, narkoloji kabinetdə profilaktiki qeydiyyata alınmalı və onun profilaktiki qeydiyyata alınması üçün hökmün surəti yaşayış yeri üzrə Balakən Rayon Mərkəzi X4 Şəxsinə göndərilməlidir. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 34.55 (otuz dörd manat əlli beş qəpik) manat Təqsirləndirilən şəxs tutulub Az. MEM; VÖEN **********; AZ34CTRE********************, X2, KOD 210005, VÖEN ********** Müxbir hesab AZ41NABZ ******************** SWİFT BİK CTREAZ22 hesaba köçürülməlidir. İş üzrə maddi sübut kimi tanınmış və Balakən rayon Polis Şöbəsində saxlanılan Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş bir ədəd kağız zərfdə qablaşdırılmış ekspert rəyindən sonra təmiz çəkisi 3,31 qram 03(üç) ədəd hündürlükləri 30 sm-dən 50 sm-dək, olan əkilib becərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə (kannabis) bitkiləri hökm qanuni qüvvəyə mindikdən sonra tam həcmdə məhv edilməlidir. İş üzrə maddi sübut olan, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmasının videogörüntüsünün əks olunduğu bir ədəd DVD diski iş materiallarında saxlanmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 346.1-ci və 346.1.19-cu maddələrinə əsasən, məhkəmə hansı əmlakın müsadirə edilməli olduğu məsələsinə baxaraq, Təqsirləndirilən şəxs hazırkı cinayəti törətdiyi zaman cinayət yolu ilə hər hansı əmlak əldə etməməsini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulan müsadirə edilməli olan əmlak mövcud deyildir. İş üzrə mülki iddia yoxdur. İş materiallarından həmçinin görünür ki, Balakən rayon Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmə icraat zamanı Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsinə 11 iş saatı sərf etmişdir. Azərbaycan Respublikası CPM-nin 193.2-193.3-cü maddələrinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Məhkəmə şübhəli və ya təqsirləndirilən şəxsin orta aylıq gəlirini, maddi, əmlak və ailə vəziyyətini, habelə digər halları nəzərə alaraq həmin şəxsin müdafiəçi tərəfindən göstərilən hüquqi yardımı ödəməkdən azad edilməsi və ödəmənin Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilməsi barədə əsaslandırılmış qərar qəbul edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 3 may 2018-ci il tarixli, 202 №-li qərarı əsasında “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli,11 №-li qərarına edilmiş dəyişikliklərə uyğun olaraq təqsirləndirilən şəxslərin hüquqlarını müdafiə etmələrinə görə müdafiəçilərə hər iş saatı üçün 6 manat məbləğində haqq ödənilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə icraatı zamanı göstərilən hüquqi yardımla bağlı Azərbaycan Respublikası Dövlət büdcəsinin vəsaiti hesabından 66 manat tutulub vəkil Müdafiəçi ödənilməsi üçün Balakən rayon Vəkil Bürosunun nəfinə, "xxxx" ASC-in X5 Rekvizitləri: VÖEN:**********, kod 201382, Müxbir hesab AZ37NABZ013501**********1944 hesaba köçürülməlidir. Azərbaycan Respublikası CPM-nin 349-cü maddəsinin tələblərinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır . Məhkəmənin hökmü Azərbaycan Respublikası Konstitusiyasının, bu Məcəllənin, Azərbaycan Respublikasının cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir. Məhkəmənin hökmü məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə əsaslı hesab edilir.Kondraşinanın Rusiya Federasiyasına qarşı iş üzrə qərarında Avropa Məhkəməsi göstərmişdir ki, məhkəmələr qərar qəbul edərkən hüququn aliliyinə əməl etməlidirlər. Hüququn aliliyinin əsas cəhətlərindən biri hüquqi müəyyənlik prinsipidir ki, onun tələbinə görə məhkəmələr yekun qərarı elə qəbul etməlidirlər ki, o mübahisə olunmasın. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356 və 384.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə Hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin, 1(bir) il 3(üç) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Onun 23 iyun 2022-ci il və 24 iyun 2022-ci il tarixlərdə şübhəli şəxs qismində tutulub saxlandığı 02 (iki) gün müddətin hər bir günü Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən ona təyin edilən azadlığın məhdudlaşdırılması cəzasının iki gününə bərabər hesablanmaqla həmin cəzadan çıxılsın və Təqsirləndirilən şəxs üzərində qəti olaraq 1(bir) il 2(iki)ay 26 (iyirmi altı ) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlansın. Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini saat 22:00-dan növbəti gün saat 07:00-a kimi tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Balakən və Zaqatala rayonlarının ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs cəzasını yaşayış yeri üzrə çəksin və onun cəzaçəkmə müddətinin əvvəli cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-in 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin edilsin və o, səhiyyə orqanlarında narkomaniyadan məcburi müalicə olunsun. O, narkomaniyadan məcburi müalicə olunduğu müddətdə onun yaşayış yeri cəzanı icra edən orqan tərəfindən müvəqqəti olaraq yerləşdirildiyi müvafiq tibb müəssisəsinin yerləşdiyi ərazi hesab olunsun və göstərilən müddət ərzində cəzanın icrasına nəzarət həmin tibb müəssisəsinin yerləşdiyi ərazi üzrə icra və probasiya şöbəsinə tapşırılsın. Təqsirləndirilən şəxs ərazi narkoloji kabinetində profilaktiki qeydiyyata alınsın, onun ərazi narkoloji kabinetində profilaktiki qeydiyyata alınması üçün hazırki hökmün surəti yaşayış yeri üzrə Balakən Rayon Mərkəzi X4 Şəxsinə göndərilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəsini alana kimi dəyişdirilmədən saxlansın. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 34.55 (otuz dörd manat 55 qəpik) manat Təqsirləndirilən şəxs tutulub Az. MEM; VÖEN **********; AZ34CTRE********************, X2, KOD 210005, VÖEN ********** Müxbir hesab AZ41NABZ ******************** SWİFT BİK CTREAZ22 hesaba köçürülsün. İş üzrə maddi sübut kimi tanınmış, ekspertizadan sonra Balakən rayon polis şöbəsində saxlanılan, Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş bir ədəd kağız zərfdə qablaşdırılmış ekspert rəyindən sonra təmiz çəkisi 3,31 qram 03(üç) ədəd hündürlükləri 30 sm-dən 50 sm-dək, olan əkilib becərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə (kannabis) bitkiləri hökm qanuni qüvvəsini aldıqdan sonra tam həcmdə məhv edilsin. İş üzrə maddi sübut olan, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmasının videogörüntüsünün əks olunduğu bir ədəd DVD diski iş materiallarında saxlansın Hökmün icrası Balakən rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin. Məhkəmə icraatı zamanı Təqsirləndirilən şəxs göstərilən hüquqi yardımla bağlı Azərbaycan Respublikası Dövlət büdcəsinin vəsaiti hesabından 66 manat tutulub Balakən Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi ödənilməsi üçün Balakən rayon Vəkil Bürosunun nəfinə, "xxxx"ASC-in X5 Rekvizitləri: VÖEN: **********, kod 201382, Müxbir hesab AZ37NABZ013501**********1944 hesaba köçürülsün. Hökmdən elan olunduğu andan (həbsdə olan məhkum hökmün surəti ona verildiyi andan) 20 gün müddətində Balakən Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apellyasiya şikayəti və protesti verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən Hümbət Səlimov
Məhkəmə qərarları › İş №1(019)-80/2022
Balakən Rayon Məhkəməsi Hökm — İş №1(019)-80/2022
10.08.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver