Məhkəmə qərarları › İş №1(019)-81/2022

Balakən Rayon Məhkəməsi Hökm — İş №1(019)-81/2022

10.08.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Balakən Rayonu İş № 1(019)-81/2022 10.08.2022 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Səlimov Hümbət Qamuna oğlunun sədrliyi, məhkəmə iclas katibi X1 katibliyi, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində DİMÜŞ-nin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçi-Balakən rayon Vəkil Bürosunun vəkili Müdafiəçi2, Təqsirləndirilən şəxs iştirakları ilə TƏQSİRLƏNDİRİLƏN ŞƏXS- xx xxxxxx 1974-cü il tarixdə Balakən rayonu Qazma kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, əvvəllər məhkum olunmayan, işləməyən, Balakən rayonu Qazma kəndində qeydiyyatda olan və yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Təqsirləndirilən şəxs 2021-ci ilin avqust ayının ortalarında günorta saatlarında Balakən rayonu Gərəkli kəndinin Poştbinə yaşayış məntəqəsi ərazisindən keçən “Mazım” adlı çaya çimməyə gedən zaman çayın kənarında yabanı halda bitmiş 01 ədəd narkotik tərkibli çətənə (kannabis) bitkisinin üzərindən yararlı hissələrini yığaraq əvvəlcə yaşadığı evə aparıb öz şəxsi istifadəsi məqsədi ilə qurudaraq yaşadığı evdə gizlədib saxlamış, daha sonra 14 iyun 2022-ci il tarixdə saat 19:00 radələrində qəsdən, satış məqsədi olmadan, qanunsuz olaraq əldə etdiyi şəxsi istehlak miqdarından artıq miqdarda, yəni 01 ədəd salfet kağızı bükümündə təmiz çəkisi 9,57 qram olan, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananı öz şəxsi istifadəsi məqsədi ilə əynindəki şalvarın sol yan cibində daşıyaraq üzərində saxlamışdır. 14 iyun 2022-ci il tarixdə Balakən RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində Təqsirləndirilən şəxs RPŞ-nə dəvət edilib şübhəli şəxs qismində tutularaq saat 19:55-dəqiqədən saat 20:25-dəqiqəyədək olan müddət ərzində üzərində şəxsi axtarış aparılan zaman onun qəsdən, satış məqsədi olmadan, qanunsuz olaraq, şəxsi istehlak miqdarından artıq miqdarda əldə edib daşıyaraq öz istifadəsi məqsədi ilə üzərində saxladığı 01 ədəd salfet kağızı bükümündə təmiz çəkisi 9,57 qram olan, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana əynindəki şalvarın sol yan cibindən aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs göstərilən cinayət əməlini törətməsi məhkəmə iclasında özünün etirafedici ifadəsi, şahidlərin ifadələri, işdə olan ekspertiza rəyləri və digər sübutlarla aşağıdakı qaydada tam sübuta yetirildi. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, hazırda Balakən rayonu Qazma kəndində ailə üzvləri ilə birlikdə yaşayır və atası Rizvan Əliyevə məxsus VAZ- 2106 markalı avtomobillə fərdi qaydada taksi fəaliyyəti ilə məşğul olaraq pul qazanıb ailəsini dolandırır. Himayəsində biri oğlan, biri qız olmaqla iki övladı var. 17 yaşlı oğlu Məhəmməd Əliyev sümük əriməsi xəstəliyindən əziyyət çəkir, 11 yaşlı qızı Şümeysət Əliyeva isə hazırda 5-ci sinif şagirdidir. O, təxminən 02 ildir narkotik vasitə marixuanadan istifadə edir. O, 2021-ci ilin avqust ayının ortalarında günorta saatlarında Balakən rayonu Gərəkli kəndinin Poştbinə yaşayış məntəqəsindən keçən “Mazım” adlı çaya çimməyə getmiş, həmin vaxt orada çayın kənarında yabanı halda bitmiş 01 ədəd narkotik tərkibli çətənə bitkisi olduğunu görmüş və narkotik vasitə marixuana istifadəçisi olduğuna görə həmin çətənə bitkisinin üzərindən yararlı hissələrini yığıb özü istifadə etmək üçün yaşadığı evə aparmışdır. Daha sonra həmin narkotik vasitə marixuananı ailə üzvlərinin görə bilməyəcəyi bir şəraitdə tam qurutmuş və bir ədəd salfetə bükərək evdə şəxsi əşyalarının arasında gizlədib öz şəxsi istifadəsi üçün saxlamışdır.Həmin narkotik vasitə marixuanadan bir neçə dəfə götürüb istifadə etmişdir. O, 14 iyun 2022-ci il tarixdə saat 19:00 radələrində taksi fəaliyyəti ilə məşğul olmaq üçün idarə etdiyi avtomobillə yaşadığı evdən çıxan zaman evdə gizlədib saxladığı 01 ədəd salfet bükümündə olan narkotik vasitə marixuananı fürsət olanda çəkmək üçün 01 ədəd şəffaf sellofana bükərək əynindəki şalvarın sol yan cibinə qoyub üzərində götürmüşdür. O, idarə etdiyi avtomobillə Balakən rayonu Qazma kəndi ərazisində hərəkətdə olan zaman 02 nəfər mülki geyimli şəxslər ona işarə edərək avtomobili saxlatmışlar. O, avtomobili saxlayan zaman həmin şəxslər ona yaxınlaşıb özlərini təqdim edərək Balakən RPŞ-nin əməkdaşları olduqlarını bildirmişlər və üzərində qanunsuz olaraq narkotik vasitə saxlamaqda şübhəli olduğunu deyərək onu Balakən RPŞnə dəvət etmişlər. O da etiraz etmədən polis əməkdaşları ilə razılaşaraq Polis Şöbəsinə gəlmişdir. Polis Şöbəsinə gəldikdən sonra xidməti otaqların birində Təhqiqat Bölməsinin təhqiqatçısı Məhəmməd Xocaxov tərəfindən ona Balakən rayon Vəkillər Bürosunun siyahısı təqdim edilmiş, daha sonra onun vəkillər siyahısından seçdiyi Müdafiəçi1 PŞ-nə dəvət olunmuş və bundan sonra o, şübhəli şəxs qismində tutulmuşdur. Müdafiəçinin və polis əməkdaşlarının iştirakları ilə təhqiqatçı Məhəmməd Xocaxov tərəfindən ona hüquq və vəzifələri izah edildikdən sonra üzərində şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış zamanı təhqiqatçı tərəfindən ona üzərində hər hansı qeyri-qanuni əşya olub-olmaması barədə sual verilmiş, həmin vaxt o, əynindəki şalvarın sol yan cibində saxladığı, 01 ədəd şəffaf sellofana bükülmüş 01 ədəd salfet bükümündə olan narkotik vasitə marixuananı əynindəki şalvarın sol yan cibindən çıxarıb masanın üzərinə qoymaqla polis əməkdaşlarına təqdim etmişdir. Şəxsi axtarış zamanı onun üzərindən digər hər hansı bir qeyri-qanuni əşya və ya predmet aşkar edilməmişdir. Daha sonra onun təqdim etdiyi 01 ədəd salfet bükümündə olan narkotik vasitə marixuana sellofan torba olmadan,üzərindəki salfetlə birlikdə təhqiqatçı Məhəmməd Xocaxov tərəfindən elektron tərəzidə ölçülmüş və ümumi çəkisi 10,45 qram təşkil etmişdir. Bundan sonra onun təqdim etdiyi 01 ədəd salfet bükümündəki narkotik vasitə marixuana sellofan torba olmadan təhqiqatçı tərəfindən 01 ədəd ağ rəngli kağız zərfə qoyulub qablaşdırılmış, zərf möhürlənmiş və üzəri bütün iştirakçılar tərəfindən imzalanaraq götürülmüşdür.Sonra şəxsi axtarış aparılması barədə protokol tərtib edilərək bütün iştirakçılar tərəfindən imzalanmışdır.Şəxsi axtarış polis əməkdaşı tərəfindən videokamera vasitəsi ilə fasiləsiz olaraq lentə alınmışdır. Məhkəməbioloji ekspertizasının 15 iyun 2022-ci il tarixli 17/489 nömrəli rəyi ilə tanış olduqdan sonra ona məlum olmuşdur ki, şəxsi axtarış zamanı üzərindən aşkar edilərək götürülmüş 01 ədəd salfet bükümündəki, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananın təmiz çəkisi 9,57 qramdır. O, heç vaxt narkotik vasitələrin satışı ilə məşğul olmamış, üzərindən aşkar edilərək götürülmüş 01 ədəd salfet bükümündəki narkotik vasitə qurudulmuş marixuanadan heç kimə pay verməmiş, üzərindən aşkar edilərək götürülmüş 01 ədəd salfet bükümündəki narkotik vasitə qurudulmuş marixuananı özü istifadə etmək məqsədi ilə saxlamışdır. Onun yaşadığı evdə və üzərində narkotik vasitə qurudulmuş marixuana saxlamasından heç kimin məlumatı olmamışdır.Əməlindən peşimandır.Gələcəkdə belə hallara yol verməyəcəkdir. Ailə vəziyyətini nəzərə alaraq ona yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, hazırda Balakən RPŞ-nin CAB-nin əməliyyat müvəkkili vəzifəsində çalışır və polis baş leytenantı rütbəsini daşıyır. 14 iyun 2022-ci il tarixdə Balakən rayonu Qazma kənd sakini Təqsirləndirilən şəxs üzərində qanunsuz olaraq narkotik vasitə saxlaması barədə əməliyyat məlumatı daxil olmuş, daha sonra həmin məlumat onun tərəfindən raportla RPŞ-nin rəhbərliyinə məruzə olunmuş və həmin tarixdə CAB-nin əməliyyat müvəkkili polis leytenantı Şahid2 ilə birlikdə tərəflərindən keçirilən əməliyyat tədbiri zamanı saat 19:00 radələrində Təqsirləndirilən şəxs idarə etdiyi avtomobillə Balakən rayonu Qazma kəndi ərazisində hərəkətdə olan zaman işarə edib avtomobili saxlatmışlar, daha sonra özlərini təqdim edərək Balakən RPŞ-nin əməkdaşları olduqlarını bildirmişlər və üzərində qanunsuz olaraq narkotik vasitə saxlamaqda şübhəli olduğunu deyərək Təqsirləndirilən şəxs Balakən RPŞ-nə dəvət etmişlər. Təqsirləndirilən şəxs də etiraz etmədən onlarla birlikdə Polis Şöbəsinə gəlmişdir. Polis Şöbəsinə gəldikdən sonra xidməti otaqların birində Təhqiqat Bölməsinin təhqiqatçısı Məhəmməd Xocaxov tərəfindən Balakən rayon Vəkillər Bürosunun siyahısı Təqsirləndirilən şəxs təqdim edilmiş, sonuncunun vəkillər siyahısından seçdiyi Müdafiəçi1 PŞ-nə dəvət olunmuş və bundan sonra Təqsirləndirilən şəxs təhqiqatçı Məhəmməd Xocaxov tərəfindən şübhəli şəxs qismində tutulmuşdur. Daha sonra müdafiəçinin və polis əməkdaşlarının iştirakları ilə təhqiqatçı Məhəmməd Xocaxov tərəfindən Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah edilməklə üzərində şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış zamanı təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs üzərində hər hansı qeyri-qanuni əşya olub-olmaması barədə sual verilmiş, həmin vaxt Təqsirləndirilən şəxs əynindəki şalvarın sol yan cibindən 01 ədəd şəffaf sellofana bükülmüş 01 ədəd salfet bükümündə olan narkotik vasitə marixuanaya oxşar kütləni çıxarıb masanın üzərinə qoymaqla təqdim etmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən digər hər hansı bir qeyri-qanuni əşya və ya predmet aşkar edilməmişdir. Daha sonra Təqsirləndirilən şəxs təqdim etdiyi 01 ədəd salfet bükümündə olan narkotik vasitə marixuanaya oxşar kütlə üzərindəki sellofan torba olmadan, üzərindəki salfetlə birlikdə təhqiqatçı Məhəmməd Xocaxov tərəfindən elektron tərəzidə ölçülmüş və ümumi çəkisi 10,45 qram təşkil etmişdir. Bundan sonra Təqsirləndirilən şəxs təqdim etdiyi 01 ədəd salfet bükümündəki narkotik vasitə marixuanaya oxşar kütlə təhqiqatçı tərəfindən 01 ədəd ağ rəngli kağız zərfə qoyulub qablaşdırılmış, zərf möhürlənmiş və üzəri bütün iştirakçılar tərəfindən imzalanaraq maddi sübut kimi götürülmüşdür. Şəxsi axtarış Balakən RPŞ-nin KTQ-nun baş inspektor kriminalisti polis mayoru Sadiq Vəzirov tərəfindən fasiləsiz olaraq videokamera vasitəsi ilə lentə alınmışdır. Sonda təhqiqatçı Məhəmməd Xocaxov tərəfindən şəxsi axtarış aparılması barədə protokol tərtib edilərək bütün iştirakçılar tərəfindən imzalanmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Balakən RPŞ-nin CAB-nin əməliyyat müvəkkili polis leytenantı Şahid2 Şahid1 ilə eyni məzmunlu ifadə verərək onun ifadəsində göstərdiyi xüsusatları təsdiq etmişdir. İşin 23-26-cı vərəqələrində olan və məhkəmə iclasında elan edilməklə tədqiq edilmiş 14 iyun 2022-ci il tarixdə Balakən RPŞ-nin TB-nin təhqiqatçısı polis mayoru Məhəmməd Xocaxov tərəfindən tərtib olunmuş “şübhəli şəxsin üzərində şəxsi axtarış aparılması barədə” protokolda göstərilmişdir ki, həmin tarixdə saat 19:55 dəqiqədən saat 20:25 dəqiqəyədək olan müddət ərzində müdafiəçinin və polis əməkdaşlarının iştirakları ilə üzərində narkotik vasitə saxlamaqda şübhəli olduğundan Balakən RPŞ-nə dəvət edilmiş və şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarışa başlamazdan əvvəl Təqsirləndirilən şəxs üzərində narkotik vasitə və digər qanunsuz olaraq saxladığı əşya, vasitə varsa təqdim etməsi təklif olunmuşdur. Həmin vaxt Təqsirləndirilən şəxs əynindəki şalvarın sol yan cibindən 01 ədəd salfetə bükülmüş və sellofan paketə qoyulmuş bükümü çıxarıb təqdim etmiş, həmin salfetin içərisində nə olması barədə sual verildikdə, marixuana olduğunu bildirmişdir. Şəxsin üzərində şəxsi axtarış davam etdirilərkən əlavə narkotik vasitə və digər qanunsuz əşya, vasitə aşkar edilməmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi 01 ədəd salfetin içərisinə baxıldıqda tünd yaşıl rəngli, spesifik iyə malik olan narkotik vasitə qurudulmuş marixuanaya oxşar bitki kütləsi aşkar edilmişdir. Həmin bitki kütləsi salfetlə birlikdə çəkildikdə çəkisi 10,45 qram gəlmişdir.Daha sonra həmin içərisində marixuanaya oxşar bitki kütləsi olan salfet 01 ədəd zərfə qoyulmuş, üzəri Balakən RPŞ-nin arayışlar üçün 185 nömrəli möhürü ilə möhürlənmiş və iş üçün sübut əhəmiyyətinə malik olduğundan götürülmüşdür. Şəxsi axtarış zamanı Balakən RPŞ-nin KTQ-nun baş inspektor kriminalisti, polis mayoru X7 tərəfindən “Panasonic” markalı videokamera vasitəsi ilə çəkiliş aparılmışdır.Qeydə alınmış videogörüntülərin əks olunduğu DVD disk şəxsi axtarış protokoluna əlavə olunmuşdur. Şəxsi axtarış zamanı iştirakçılardan hər hansı bir şikayət və vəsatət daxil olmamış, protokol ucadan oxunmuş, doğruluğu imzalarla təsdiq edilmişdir. Şəxsi axtarış zamanı qeydə alınmış videogörüntünün əks olunduğu DVD markalı diskə məhkəmə istintaqı zamanı baxış keçirilərkən, protokolda qeyd edilənlərin düzgünlüyü müəyyən edilmişdir. İşin 33-37-ci vərəqələrində olan və məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X6 Bölməsinin 15 iyun 2022-ci tarixli 17/489 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim olunmuş, üzərində “Vət. Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş...” sözləri, adlar və imzalar yazılmış 01 (bir) ədəd zərfin içərisindəki 01 (bir) ədəd salfet kağızı bükümündə təmiz çəkisi 9,57 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. İşin 92-ci vərəqəsində olan və məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Gəncə şəhər Narkoloji Dispanserinin 01 iyul 2022-ci il tarixli 928 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitə olan kannabinoidlərdən epizodik istifadə etmə halları olub. Narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı yoxdur. Narkoloji kabinetdə proflaktiki qeydiyyata alınması məsləhət görülür. İşin 15-ci vərəqəsində olan və məhkəmə iclasında elan olunmaqla tədqiq olunmuş 14 iyun 2022-ci il tarixli “şübhəli şəxsi tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs 14 iyun 2022-ci ildə saat 19:45-də Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuş və Balakən RPŞ-nin MSY-də saxlanılmışdır. İşin 74-cü vərəqəsində olan və məhkəmə iclasında tədqiq edilmiş təqsirləndirilən şəxsin müvəqqəti saxlama yerindən azad edilməsi və barəsində qətimkan tədbirinin seçilməsi haqqında 16 iyun 2022-ci il tarixli qərardan və təqsirləndirilən şəxsin müvəqqəti saxlama yerindən azad edilməsi haqqında aktdan görünür ki, Təqsirləndirilən şəxs 16 iyun 2022-ci il tarixdə saat 19:35-də Balakən Rayon PŞ-nin MSY-dən azad edilmişdir və onun barəsində “polisin nəzarəti altına vermə “ qətimkan tədbiri seçilmişdir. İşin 87-ci vərəqəsində olan və məhkəmə iclasında elan olunmaqla tədqiq olunmuş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi BƏSİİ tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İşin 81-ci vərəqəsində olan və məhkəmə iclasında elan olunmaqla tədqiq olunmuş Balakən rayon İHB-nin Qazma kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli 473 nömrəli arayışdan görünür ki, Əliyev X3 rayonu Qazma kəndində yaşayır. Himayəsində arvadı, oğlu və 2011-ci il təvəllüdlü Şümeysət adlı qızı vardır. İşin 91-ci vərəqəsində olan və məhkəmə iclasında elan olunmaqla tədqiq olunmuş Balakən rayon İHB-in Qazma kənd inzibati ərazi dairəsi tərəfindən verilmiş xasiyyətnamədə Təqsirləndirilən şəxs barəsində nümayəndəliyə heç bir şikayət daxil olmadığı göstərilir. Məhkəmə iş üzrə şahidlər-Şahid1 və Şahid2 ifadələrini, ekspertiza rəylərini, məhkəmə və ibtidai istintaq hərəkətlərinin protokollarını və sair sənədləri tam, hərtərəfli və obyektiv yoxlayıb, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliliyi üzrə qiymətləndirib, həmin sübutları inandırıcı, məntiqli olduqları, ziddiyyət təşkil etmədikləri, əksinə bir-biri ilə uyğun şəkildə işin faktiki hallarını təsdiq etdikləri üçün mötəbər sübutlar kimi qəbul edir. Məhkəmə, eyni zamanda Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 126.6-cı maddəsinin tələbinə əsasən Təqsirləndirilən şəxs ittiham olunduğu əməldə öz təqsirini etiraf etməsini iş üzrə bütün sübutların məcmuyu ilə təsdiq edildiyi üçün ona qarşı ittihamı təsdiq edən əsas kimi qəbul edir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 346-cı maddəsinin tələbinə uyğun olaraq təqsirləndirilən şəxsin əməlinin hüquqi tövsifi məsələsinə baxaraq qeyd edir ki, məhkəmə iclasında tədqiq olunmuş mümkün və mötəbər sübutların məcmuyu ilə müəyyən edildi ki, Təqsirləndirilən şəxs qəsdən qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə əldə etmə, daşıma və saxlama cinayət əməlini törətmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsində göstərilmişdir ki, yalnız Azərbaycan Respublikasının Cinayət Məcəlləsi ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyətini yaradır. Satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə və ya saxlamağa görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində cinayət məsuliyyəti nəzərdə tutulmuşdur. "Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi haqqında" Azərbaycan Respublikası Qanununun 1.0.5-ci maddəsinə görə narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi- Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələr, psixotrop maddələr və onların prekursorları ilə bağlı törədilən hər hansı hərəkətlərdir. Həmin Qanunun 1.0.8-ci maddəsinə görə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlərdir. Həmin Qanunun 1.0.9-cu maddəsinə görə narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi-həyata keçirilməsi üsulundan asılı olmayaraq, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlərdir. Həmin Qanunun 1.0.10-cu maddəsinə görə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması-məqsədindən asılı olmayaraq, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlərdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 04 mart 2011-ci il tarixli 02 nömrəli qərarının 4-cü bəndinə görə törədilmiş cinayət əməlinin CM-in 234.1-ci maddəsi ilə tövsif olunması yalnız təqsirkarın bu cinayətin predmetini şəxsi istehlak miqdarından artıq miqdarda əldə etməsi və saxlaması müəyyən edildikdə mümkündür. Narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak miqdarından artıq miqdarı “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə külli miqdarına görə siyahısının təsdiq edilməsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə müəyyən olunmuşdur. Həmin siyahıda bu miqdar qurudulmuş marixuana üçün 5 qram müəyyən edilmişdir. Məhkəmə təqsirləndirilən şəxsin və şahidlərin ifadələrini, dövlət ittihamçısının və müdafiəçinin çıxışlarını dinləyib, işdə olan ekspertiza rəylərini və digər sənədləri bilavasitə tədqiq edib, bu sübutları tam, hərtərəfli və obyektiv yoxlayıb, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib, Azərbaycan Respublikasının Konstitusiyasının 63-cü maddəsində təsbit edilmiş təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq, məhkəmə baxışında ittihamın baxılması nəticələrinə əsaslanaraq, tədqiq olunan sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq bu nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir, həmin əməldə Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin tərkibi vardır, həmin əməl təqsirləndirilən şəxs tərəfindən törədilmişdir, təqsirləndirilən şəxs həmin cinayətin törədilməsində təqsirlidir, onun cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir, əməlin cinayət olmasını aradan qaldıran hallar, təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur, təqsirləndirilən şəxs törətdiyi əmələ görə cəzalanmalıdır. Cinayət Məcəlləsinin cəzanın anlayışını və məqsədini müəyyən edən 41-ci maddəsinə görə cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cinayət Məcəlləsinin 58.1 və 58.3-cü maddələrinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. "Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 4 nömrəli, 25 iyun 2003-cü il tarixli Qərarının 1-ci bəndində məhkəmələrə izah edilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Qərarın 2-ci bəndində göstərilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Təqsirləndirilən şəxs himayəsində bir nəfər azyaşlı uşağının olması onun cəzasını yüngülləşdirən haldır, onun cəzasını ağırlaşdıran hallar yoxdur. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən ona hansı növ cəzanın təyin olunması məsələsinə baxaraq, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, əvvəllər məhkum olunmamasını, əməlindən peşiman olmasını, cəzanı yüngülləşdirən halı, cəzanı ağırlaşdıran halların olmamasını, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, onun cəmiyyətdən təcrid edilmədən islah olunmasının mümkün olmasını, daha ciddi cəza növünün təyin edilməsi üçün əsasların olmamasını, hazırkı məhkəmə təcrübəsini nəzərə alaraq Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş həddə azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməsini qanuni, əsaslı və ədalətli hesab edir. Onun 14 iyun 2022-ci il tarixdən 16 iyun 2022-ci il tarixədək şübhəli şəxs qismində tutulub saxlandığı 02 (iki) gün müddətin hər bir günü Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən ona təyin ediləcək azadlığın məhdudlaşdırılması cəzasının 2 (iki) gününə bərabər hesablanmaqla təyin ediləcək cəzadan çıxılmalıdır. Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini gecə saat 22:00-dan növbəti gün səhər saat 07:00-a kimi tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, yaşadığı Balakən və qonşu Zaqatala rayonlarının ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 346.1.12-ci maddəsinə uyğun olaraq Təqsirləndirilən şəxs təyin ediləcək cəzanın çəkilməli olubolmaması məsələsinə baxaraq, işin hallarını, təqsirləndirilən şəxsin cəzadan azad edilməsi, yaxud barəsində Cinayət Məcəlləsinin 70-ci maddəsinin tətbiq olunması üçün əsasların olmamasını nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxs ona təyin ediləcək cəzanı çəkməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəsini alana kimi dəyişdirilmədən saxlanmalıdır. Ekspert rəyinə əsasən Təqsirləndirilən şəxs narkoloji kabinetdə profilaktiki qeydiyyata alınmalı və onun profilaktiki qeydiyyata alınması üçün hökmün surəti yaşayış yeri üzrə Balakən Rayon Mərkəzi X4 Şəxsinə göndərilməlidir. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 34.55 (otuz dörd manat əlli beş qəpik) manat Təqsirləndirilən şəxs tutulub Az. MEM; VÖEN **********; AZ34CTRE********************, X2, KOD 210005, VÖEN ********** Müxbir hesab AZ41NABZ ******************** SWİFT BİK CTREAZ22 hesaba köçürülməlidir. İş üzrə maddi sübut kimi tanınmış və Balakən rayon Polis Şöbəsinin maddi sübutların saxlama yerində saxlanılan, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş və tədqiqata təqdim edilmiş 01 ədəd salfet kağızı bükümündəki təmiz çəkisi 9,57 qram olan narkotik vasitə qurudulmuş marixuananın tədqiqata sərf edilən 0,02 qram miqdarı nəzərə alınmaqla, qalıq təmiz çəkisi 9,55 qram olan narkotik vasitə qurudulmuş marixuana hökm qanuni qüvvəsini aldıqdan sonra tam həcmdə məhv edilməlidir. İş üzrə maddi sübut olan bir ədəd DVD disk cinayət işinin materiallarında saxlanmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 346.1-ci və 346.1.19-cu maddələrinə uyğun olaraq məhkəmə müsadirə edilməli əmlakın olub-olmaması məsələsinə baxaraq, təqsirləndirilən şəxsin hazırkı cinayəti törətdiyi zaman cinayət yolu ilə hər hansı əmlak əldə etməməsini nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxs şəxs Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulan xüsusi müsadirə edilməli olan əmlak mövcud deyildir. İş üzrə mülki iddia yoxdur. İş materiallarından həmçinin görünür ki, Balakən rayon Vəkil Bürosunun vəkili Müdafiəçi2 məhkəmə icraat zamanı Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsinə 10 iş saatı sərf etmişdir. Azərbaycan Respublikası CPM-nin 193.2-193.3-cü maddələrinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Məhkəmə şübhəli və ya təqsirləndirilən şəxsin orta aylıq gəlirini, maddi, əmlak və ailə vəziyyətini, habelə digər halları nəzərə alaraq həmin şəxsin müdafiəçi tərəfindən göstərilən hüquqi yardımı ödəməkdən azad edilməsi və ödəmənin Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilməsi barədə əsaslandırılmış qərar qəbul edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 3 may 2018-ci il tarixli, 202 №-li qərarı əsasında “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli,11 №-li qərarına edilmiş dəyişikliklərə uyğun olaraq təqsirləndirilən şəxslərin hüquqlarını müdafiə etmələrinə görə müdafiəçilərə hər iş saatı üçün 6 manat məbləğində haqq ödənilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə icraatı zamanı göstərilən hüquqi yardımla bağlı Azərbaycan Respublikası Dövlət büdcəsinin vəsaiti hesabından 60 manat tutulub vəkil Müdafiəçi2 ödənilməsi üçün Balakən rayon Vəkil Bürosunun nəfinə, "xxxx" ASC-in X5 Rekvizitləri: VÖEN:**********, kod 201382, Müxbir hesab AZ37NABZ013501**********1944 hesaba köçürülməlidir. Azərbaycan Respublikası CPM-nin 349-cü maddəsinin tələblərinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Məhkəmənin hökmü Azərbaycan Respublikası Konstitusiyasının, bu Məcəllənin, Azərbaycan Respublikasının cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir. Məhkəmənin hökmü məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə əsaslı hesab edilir. Kondraşinanın Rusiya Federasiyasına qarşı iş üzrə qərarında Avropa Məhkəməsi göstərmişdir ki, məhkəmələr qərar qəbul edərkən hüququn aliliyinə əməl etməlidirlər. Hüququn aliliyinin əsas cəhətlərindən biri hüquqi müəyyənlik prinsipidir ki, onun tələbinə görə məhkəmələr yekun qərarı elə qəbul etməlidirlər ki, o mübahisə olunmasın. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356 və 384.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin,1(bir) il 6(altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Onun 14 iyun 2022-ci il tarixdən 16 iyun 2022-ci il tarixədək şübhəli şəxs qismində tutulub saxlandığı 02 (iki) gün müddətin hər bir günü Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının 2 (iki) gününə bərabər hesablanmaqla həmin cəzadan çıxılsın və Təqsirləndirilən şəxs üzərində qəti olaraq 1(bir) il 5(beş) ay 26 ( iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlansın. Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini gecə saat 22:00-dan növbəti gün səhər saat 07:00-a kimi tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Balakən və Zaqatala rayonlarının ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs cəzasını yaşayış yeri üzrə çəksin, onun cəza çəkmə müddətinin əvvəli cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs ərazi narkoloji kabinetində profilaktiki qeydiyyata alınsın, onun ərazi narkoloji kabinetində profilaktiki qeydiyyata alınması üçün hazırki hökmün surəti yaşayış yeri üzrə Balakən Rayon Mərkəzi X4 Şəxsinə göndərilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəsini alana kimi dəyişdirilmədən saxlansın. 34.55 (otuz dörd manat 55 qəpik ) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutulub Az.MEM; VÖEN **********; AZ34CTRE********************, X2, KOD 210005,VÖEN ********** Müxbir hesab AZ41NABZ ******************** SWİFT BİK CTREAZ22 hesaba köçürülsün. İş üzrə maddi sübut kimi tanınmış və Balakən rayon Polis Şöbəsinin maddi sübutların saxlama yerində saxlanılan, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş və tədqiqata təqdim edilmiş 01 ədəd salfet kağızı bükümündəki təmiz çəkisi 9,57 qram olan narkotik vasitə qurudulmuş marixuananın tədqiqata sərf edilən 0,02 qram miqdarı nəzərə alınmaqla, qalıq təmiz çəkisi 9,55 qram olan narkotik vasitə qurudulmuş marixuana hökm qanuni qüvvəsini aldıqdan sonra tam həcmdə məhv edilsin. İş üzrə maddi sübut olan bir ədəd DVD diski cinayət işinin materiallarında saxlansın. Hökmün icrası Balakən rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs məhkəmə icraatı zamanı göstərilən hüquqi yardımla bağlı Azərbaycan Respublikası Dövlət büdcəsinin vəsaiti hesabından 60 manat tutulub vəkil Müdafiəçi2 ödənilməsi üçün Balakən rayon Vəkil Bürosunun nəfinə, "xxxx" ASC-in X5 Rekvizitləri: VÖEN-**********, kod 201382, Müxbir hesab AZ37NABZ013501**********1944 hesaba köçürülsün. Hökmdən elan olunduğu andan (həbsdə olan məhkum hökmün surəti ona verildiyi andan) 20 gün müddətində Balakən Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apellyasiya şikayəti və ya protesti verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən Hümbət Səlimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar