Məhkəmə qərarları › İş №1(019)-81/2023

Balakən Rayon Məhkəməsi Hökm — İş №1(019)-81/2023

04.07.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Balakən Rayonu İş № 1(019)-81/2023 04.07.2023 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Səlimov Hümbət Qamuna oğlunun sədrliyi, məhkəmə iclas katibi X1 katibliyi, tərcüməçi- X4 dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin rayon (şəhər) məhkəmələrində dövlət ittihamı müdafiəsi üzrə şöbəsinin prokuroru vəzifəsinin icra edən, İİ dərəcəli hüquqşünas Dövlət ittihamçısı və təqsirləndirilən şəxslər Liberiya Respublikası vətəndaşı Təqsirləndirilən şəxs1(Whyee JR Samie Sye) və Qvineya Respublikası vətəndaşı Təqsirləndirilən şəxs2(Moussa Camara) və onların müdafiəçiləri-Balakən Rayon vəkil bürosunun vəkilləri Müdafiəçi1 və Müdafiəçi2 iştirakları ilə Təqsirləndirilən şəxs- 04 dekabr 1998-ci il tarixdə Liberiya Respublikasının Buşrod Adaları, Monroviya şəhərində doğulmuş, subay, orta təhsili, işləməyən,əvvəllər məhkum olunmamış, Liberiya Respublikasının Buşrod Adaları, Monroviya şəhərində qeydiyyatda olan,Liberiya Respublikasının vətəndaşı Təqsirləndirilən şəxs1 (Whyee JR Samie Sye); Təqsirləndirilən şəxs- 11 sentyabr 1987-ci il tarixdə Qvineya Respublikasının Konakri şəhərində doğulmuş, subay, orta təhsili, işləməyən, əvvəllər məhkum olunmamış, Qvineya Respublikasının Konakri şəhərində qeydiyyatda olan, Qvineya Respublikasının vətəndaşı- Təqsirləndirilən şəxs2 (Moussa Camara) Azərbaycan Respublikası CM-nin 29,318.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Təqsirləndirilən şəxs X14 Sey (Whyee JR Samie Sye) “Covid 19” pandemiyasına görə Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahı tərəfindən Azərbaycan Respublikasının mühafizə olunan dövlət sərhədinin nəzarət-buraxılış məntəqələrində tətbiq edilən məhdudiyyətlərlə bağlı həmin məntəqələrdən piyada keçid zolağı ilə ölkə ərazisini tərk edə bilmədiyindən, həmçinin hava yolu iiə ölkə ərazisini tərk etməyə maddi imkanı olmadığından qanunsuz yol ilə Gürcüstana getmək məqsədilə Qvineya Respublikasının vətəndaşı Musa Komara ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında 10 mart 2023-cü il tarixdə, saat 21:N radələrində Azərbaycan Respublikasının mühafizə olunan dövlət sərhədini dövlət sərhədinin nəzarət-buraxılış məntəqələrindən kənarda, yəni Dövlət Sərhəd Xidmətinin N nömrəli hərbi hissəsinin Balakən rayonunun Poştbinə kəndi ərazisində yerləşən 7-ci sərhəd zastavasının 1- ci sahəsinin xidməti ərazisindən Azərbaycan Respublikasından qəsdən qanunsuz olaraq Gürcüstana keçərkən Dövlət Sərhəd Xidmətinin əməkdaşları tərəfindən saxlanılmaqla bilavasitə cinayət törətməyə yönəlmiş qəsdən edilən əməlini öz iradəsindən asılı olmayan səbəbdən başa çatdıra bilməmişdir. Təqsirləndirilən şəxs Musa Kamara(Moussa Camara) “Covid 19" pandemiyasına görə Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahı tərəfindən Azərbaycan Respublikasının mühafizə olunan dövlət sərhədinin nəzarət-buraxılış məntəqələrində tətbiq edilən məhdudiyyətlərlə bağlı həmin məntəqələrdən piyada keçid zolağı ilə ölkə ərazisini tərk edə bilmədiyindən, həmçinin hava yolu ilə ölkə ərazisini tərk etməyə maddi imkanı olmadığından qanunsuz yol ilə Gürcüstana getmək məqsədilə Liberiya Respublikasının vətəndaşı X14 Sey (Whyee JR Samie Sye) ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında 10 mart 2023-cü il tarixdə saat 21:10 radələrındə Azərbaycan Respublikasının mühafizə olunan dövlət sərhədini dövlət sərhədinin nəzarət-buraxılış məntəqələrindən kənarda, yəni Dövlət Sərhəd Xidmətinin N nömrəli hərbi hissəsinin Balakən rayonunun Poştbinə kəndi ərazisində yerləşən 7-ci sərhəd zastavasının 1-ci sahəsinin xidməti ərazisindən Azərbaycan Respublikasından qəsdən qanunsuz olaraq Gürcüstana keçərkən Dövlət Sərhəd Xidmətinin əməkdaşları tərəfindən saxıanılmaqla bilavasitə cinayət törətməyə yönəlmiş qəsdən edilən əməlini öz iradəsindən asılı olmayan səbəbdən başa çatdıra bilməmişdir. Təqsirləndirilən şəxs1(Whyee JR Samie Sye) və Təqsirləndirilən şəxs2(Moussa Camara) sözügedən cinayət əməllərini törətmələri məhkəmə iclasında özlərinin səmimi etirafedici ifadələri, şahidlərin ifadələri və tədqiq olunan digər sənədlərlə aşağıdakı qaydada tam sübuta yetirildi. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilən X13 Sey (Whyee JR Samie Sye) ona elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, Liberiya Respublikasının Monroviya şəhərində yaşadığı müddətdə "LOFA" futbol klubunda futbolçu olmuş, lakin sonradan klubdan ayrılmış, yaşadığı ölkə çox kasıb və geridə qalmış ölkə olmuş, futbolçu kimi özünə karyera qurmaq istəmiş, bu səbəbdən yaşadığı ölkədən kənarlaşıb sadaladığı problemlərin daha az olduğu ölkələrin birində yaşamaq qərarına gəlmişdir. Bu məqsədlə əvvəlcə yaşadığı ölkədən çıxaraq X3 Dubay şəhərinə getmiş, 22 sentyabr 2022-ci il tarixdə Dubay şəhərindən aviareyslə Bakı şəhərinə gəlmiş, gəlməmişdən öncə xatırlamadığı şəxsin vasitəsilə Bakı şəhərində yaşayan Qvineya Respublikasının vətəndaşı Musa Kamara ilə tanış olmuş və gəldikdən sonra Bakıda onu qarşılamasını xahiş etmişdir. Musa Kamara onu Bakıda qarşılayacağını, sonra da onunla birlikdə kirayə qaldığı evdə yaşayacağını, mümkün köməkliyi ona edəcəyini demiş və həmin tarixdə onu ‘Heydər Əliyev” X5rşılayıb yaşadığı evə aparmışdır. Həmin ev Bakı şəhəri, Yasamal rayonu ərazisində, ünvanını dəqiq bilmədiyi yerdə, lakin Bakı Avrasiya Universitetinə yaxın yerləşmişdir. Musa Kamara ona demişdir ki, o yaşadığı evi tanışı Benson adlı şəxsdən kirayələyib və hər ay ona 500 manat pul verir. Musa Kamara Bakıya 27 dekabr 2021 -ci ıl tarixdə gəlmiş, burada yaşadığı müddətdə xüsusi bir işlə məşğul olmamış, daha doğrusu özünə uyğun bu iş tapa bilməmişdir. Musa Kamara Bakıda yaşayan Afrika ölkələrindən olan tanışlarının köməkliyi ilə maddi cəhətdən təmin olunmuş, bu formada dolanmışdır. Musa Kamara ona atası və anasının öldüyünü, ailə həyatı qurmadığını, vətəndaşı olduğu Qvineya Respublikasındakı sosial vəziyyət çətin olduğunu, bununla da onu öz ölkəsinə bağlayan heç nə olmadığından məcbur qalıb oranı tərk etdiyini və onun kimi daha sivil və həyat şəraitinin yüksək olduğu ölkələrin birində yaşamaq qərarına gələrək öz ölkəsini tərk etdiyini və Azərbaycan Respublikasının Misir Ərəb Respublikasındakı Səfirliyinə müraciət edərək viza əldə edib Azərbaycan Respublikasına gəldiyini bildimişdir. Musa Kamara Azərbaycana gəldikdən sonra ali təhsil almaq istəmiş və bununla bağlı bəzi müraciətlər etmişdir. O, isə futbol karyerasını Azərbaycanda qurmaq və burada yaşamaq istəmiş, lakin bir neçə futbol klubuna müraciət etsə də müsbət nəticə əldə etməmişdir. O və Musa Kamara Bakıda yaşadıqca özlərinə uyğun heç bir iş tapa bilməyəcəklərini görmüş, pulları da olmadığından onlar üçün yaşayış lap çətinləşmiş, ona görə də başqa ölkəyə getmək qərarına gəlmişlər. Həmin, ərəfədə Musanın adını bilmədiyi tanışı ilə görüşmüş, sonuncu onlara Azərbaycanda özlərinə iş tapıb yaşaya bilməyəcəklərini demiş və onların Gürcüstana getmələrinin və istəklərinin orada reallaşdırmalarının daha yaxşı fikir olduğunu bildirmişdir. Onlar həmin şəxsə Gürcüstana getməyə pullarının olmadığını, həmçinin sənədlərinin Gürcüstana getməyə imkan vermədiyini və bu sənədləri düzəltmək üçün onların nə vaxtı, nə də hər hansı imkanlarının olmadığını demişlər. Həmin şəxs onlara Gürcüstana getməklərinə köməklik göstərəcəyini lakin bunun üçün onların Azərbaycandan Gürcüstana qanunsuz yolla, sərhədi pozmaqla getməli olduqlarını bu köməkliyinin müqabilində onlardan 300 ABŞ dolları pul istədiyini bildirmişdir Həmin şəxs hazırda onların pulları yoxdursa da belə, həmin məbləği borc olaraq saydığını və Gürcüstana gedib işlədikdən sonra pulu ona verə biləcəklərinin mümkün olduğunu demişdir. Onlar həmin şəxsin bu təklifi ilə razılaşmışlar. O, həmin şəxsin adını xatırlamamış, həmçinin onun Bakı şəhərində yaşasa da, dəqiq yaşayış ünvanını, nə işlə məşğul olduğunu, mobil nömrəsini bilməmişlər. Təqsirləndirilən şəxs2 mobil telefonunda həmin şəxsin nömrəsi qeyd olunmuşdur. 10 mart 2023-cü il tarixdə, saat 13:30 radələrində Musanın həmin tanışı istifadəsində olan mobil nömrədən "whatsapp” tətbiqi vasitəsilə onlara hazır olmalarını, bır ünvan göndərəcəyini və onların 1 saatdan sonra həmin ünvana getmələrini, əlavə olaraq təhlükəsizlikləri üçün Gürcüstana getməkləri barədə heç kəsə heç nə deməməyi soyuq olmasın deyə qalın paltarlar geyinmələrini tapşırmışdır. Təxminən 1 saat sonra həmin şəxs Musanın nömrəsinə bir konum göndərmiş və onlara tez həmin ünvana getmələrini demiş, onun dostunun onları həmin ünvanda gözlədiyini və onları Gürcüstanla sərhədə aparacaq olan şəxs olduğunu əlavə etmişdir. Onlar “Bolt’ taksi şirkətindən taksi sifariş edib göndərilən konum üzrə hərəkət etmişlər. Ünvana çatdıqda onları boz rəngli, qeydiyyat nişanını xatırlamadığı “Mercedes” markalı avtomobil gözləmiş, həmin avtomobilin sürücüsü avtomobildə tək olmuş və onlar əvvəllər həmin taksi sürücüsünü tanımamışlar. Onlar həmin avtomobilə oturub Azərbaycanın Gürcüstanla sərhədinə getmiş, yolda cəmi bir dəfə təbii ehtiyacları üçün dayanmış, həmin yeri tanımamış, yolda olarkən taksi sürücüsü onlarla heç nə danışmamış, danışmaq istəsə də belə ingilis dilini bilməmişdir. Təxminən 5 saatdan sonra həmin şəxs avtomobili saxlamış və onlara əli ilə işarə edib həmin istiqamət üzrə getməyi və sərhəd çəpərini keçib yollarını davam etmələrini başa salmışdır. Bir qədər həmin istiqamətdə gedəndən sonra orada onları Musanın bu işdə köməklik göstərən həmin dostunun qarşıdlayacağını demişdir. Onlar bu zaman başa düşmüşlər ki, həmin şəxs artıq Gürcüstandadır və onları qarşılamaq üçün Azərbaycanla sərhədə gəlmişdir. Bundan sonra o və Musa həmin şəxsin avtomobilindən düşüb taksi sürücüsünün dediyi istiqamətdə meşəlik əraziyə daxil olmuş və bır qədər getdikdən sonra ucadan səslər eşitmişlər. Musa bu səsləri eşidib yerində durmuş, lakin o sərhəd istiqamətində qaçmış, lakin sərhədçilər onu saxlamışlar. Bundan sonra onlar hərbi hissəyə aparılmış və orada tərcüməçi, müdafiəçi ilə təmin olunmuş, hüquq və vəzifələri izah edilmiş, sonra onlara törətdikləri əməlin cinayət olduğu barədə məlumat verilmiş, daha sonra onlar inzibati qaydada tutulmuş və üzərilərinə, həmçinin içərisində şəxsi əşyaları olan çantalarda şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış zamanı onlardan mobil telefonları və digər əşyaları görürülmüş və müvafiq qaydada qablaşdırılmışdır. Hadisə yerində baxış aparılmış, ən sonda onların izahatları alınmış və Dövlət Sərhəd Xidmətinin Bakı şəhərində yerləşən inzibati binasına gətirilmişlər.Əməlindən peşmandır. Ona yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilən Musa Kamara ona elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, atası və anası öldükdən sonra vətəndaşı olduğu Qvineya Respublikasından kənarlaşıb problemlərin daha az olduğu ölkələrin birində yaşamaq qərarına gəlmiş, bu məqsədlə əvvəlcə yaşadığı ölkədən çıxaraq Misir Ərəb Respublikasına getmiş, əvvəlcədən maraqlandığı üçün Azərbaycan Respublikası haqqında bəzi məlumatlara malik olmuş və mümkün olsa gedib Azərbaycanda yaşamaq qərarına gəlmişdir. Vətəndaşı olduğu ölkədə Azərbaycan Respublikasının heç bir diplomatik nümayənliyi olmadığına görə Azərbaycan Respublikasının Misir Ərəb Respublikasındakı Səfirliyinə müraciət edib viza almış, 27 dekabr 2021-ci il tarixdə Misirdən aviareyslə Azərbaycan Respublikasına gəlmişdir. Azərbaycan Respublikasına gəldikdən sonra özündə olan bir qədər pulla otelə yerləşmiş, yaşamağa başlamış, sonra iş axtarmağa başlamışdır. Lakin Azərbaycan Respublikasında yaşadığı müddət ərzində heç bir daimi iş tapmamış, Bakı şəhərində təsadüfən bir nəfər Benson adlı şəxslə tanış olmuş, lakin onun nə işlə məşğul olması barədə məlumatı olmamış, onun Bakı şəhəri, Yasamal rayonu, H.Zərdabi küçəsində yerləşən evini kirayələmiş və ötən müddət ərzində həmin ünvanda yaşamışdır. O, heç bir yerdə işləmədiyi üçün yaşaması üçün ona əslən Afrika ölkələrindən olub Azərbaycanda tanış olduğu tanışları köməklik göstərmiş, lakin hiss etmişdir ki, Azərbaycanda yaşayışı alınmayacaqdır. Həmin ərəfədə xatırlamadığı tanışları ondan xahiş edərək bildirmişdirlər ki, Liberiya Respublikası vətəndaşı olan X13 Sey adlı şəxs Bakı şəhərinə gəlir və o, futbolçu olduğu üçün Azərbaycanda bu istiqamətdə özünə karyera qurmaq istəyir. Sami Sey onunla əlaqə yaratmış və 22 sentyabr 2022-ci ıl tarixdə Dubay şəhərindən aviareyslə Bakı şəhərinə gələcəyini, onu qarşılamağını ondan xahiş etmişdir O, Sami Seyə onu qarşılaya biləcəyini, lakin maddi cəhətdən çətinliklərinin olduğunu demişdir. Sami Sey pulunun olduğunu, həmin pulla Azərbaycanda birlikdə bir müddət yaşaya biləcəklərini demiş, o, sonuncu ilə razılaşmış və Bakıda ‘‘Heydər Əliyev” X6 sonuncunu qarşılamış və yaşadığı evə aparmışdır. Yaşadığı ünvan Bakı Avrasiya Universitetinə yaxın yerləşmiş, bundan sonra onlar birlikdə yaşamağa başlamış, onun kimi Sami Seyin də işləri alınmamış və futbol karyerasını qura bilməmişdir. Artıq pulları da qurtarmış və bu səbəbdən başqa ölkəyə getmək qərarına gəlmişlər. Həmin ərəfədə onun Bakıda təsadüfən tanış olduğu adını Benson kimi dediyi şəxslə görüşmüşdür. Benson onlara demişdir ki, Azərbaycanda iş tapıb yaşaya bilməyəcəklər. Daha yaxşı olar ki, onlar Gürcüstana getsinlər və istəklərini orada reallaşdırsınlar. Onlar Benson adlı şəxsə Gürcüstana getməyə pullarının olmadığını demişlər. Həmçinin onların sənədləri Gürcüstana getməyə imkan verməmiş və bu sənədləri düzəltmək üçün onların nə vaxtı, nə də hər hansı imkanları olmamışdır. Benson onlara Gürcüstana getməklərinə köməklik göstərəcəyini demişdir. Lakin bunun üçün onlar Azərbaycandan Gürcüstana qanunsuz yolla, sərhədi pozmaqla getməlidirlər. Benson bu köməkliyinin müqabilində onlardan 300 ABŞ dolları pul istəmiş və hazırda onların pulları yoxdursa da belə, həmin məbləği borc olaraq saydığını demiş və Gürcüstana gedib işiədikdən sonra pulu ona verə biləcəklərini əlavə etmiş, onlar sonuncu ilə razılaşmışlar. Həmin şəxsin mobil nömrəsi onun mobil telefonunda “TY 2” kimi qeyd olunmuşdur. Benson Bakı şəhərində yaşasa da, dəqiq yaşayış ünvanını, onun nə işlə məşğul olduğunu bilməmişdir. 10 mart 2023-cü il tarixdə, saat 13:30 radələrində Romea onun istifadəsində olan mobil nömrəyə “whatsapp” tətbiqi vasitəsilə onların hazır olmalarını, onlara bir ünvan göndərəcəyini və 1 saatdan sonra həmin ünvana getmələrini tapşırmışdır. Həmçinin təhlükəsizlikləri üçün Gürcüstana getməkləri barədə heç kəsə heç nə deməmələrini, soyuq olmasın deyə qalın paltarlar geyinmələrini demişdir. Romea təxminən 1 saat sonra onun nömrəsinə bir "konum" göndərmişdir ki, onlar tez həmin ünvana getsinlər. Romea onları həmin ünvanda gözləmiş və onları Gürcüstanla sərhədə aparacaq şəxs olduğunu bildirmişdir. Onlar "Bolt” taksi şirkətindən taksi sifariş edib göndərilən "konum" üzrə hərəkət etmiş və ünvana çatdıqda boz rəngli, qeydiyyat nişanını xatırlamadığı, "Mercedes” markalı avtomobil onları gözləmiş, həmin avtomobilin sürücüsü avtomobildə tək olmuş və onlar taksi sürücüsünü əvvəllər tanımamışlar. Onlar həmin avtomobilə oturub Azərbaycanın Gürcüstanla sərhədinə getmiş, yolda cəmi bir dəfə təbii ehtiyacları üçün dayanmış, həmin yeri tanımamış, yoida olarkən həmin şəxs-onlarla heç nə danışmamış, bəlkə də danışmaq istəmiş, lakin hiss olunmuşdur ki, ingilis dilini bilməmişdir. Təxminən 5 saatdan sonra sürücü avtomobili saxlamış və onlara əli ilə işarə edib bildirmişdir ki, onlar həmin istiqamət üzrə getsinlər və sərhəd çəpərini keçib yollarını davam etsinlər. Bir qədər həmin istiqamətdə gedəndən sonra orada onları Romeo qarşılamalı olmuşdur. Onlar başa düşmüşlər ki, Romeo artıq Gürcüstandadır və onları qarşılamaq üçün Azərbaycanla sərhədə gəlmişdir. Bundan sonra o və Sami Sey həmin şəxsin avtomobilindən düşüb sürücünün dediyi istiqamətdə meşəlik əraziyə daxil olmuş və bir qədər getdikdən sonra ucadan qışqırıq səsləri eşitmişlər. O, bu səsləri eşidib yerində durmuş, lakin Sami Sey sərhəd istiqamətində qaçmış, lakin sərhədçilər onu saxlamışlar. Bundan sonra onlar hərbi hissəyə aparılmış və orada onlar tərcüməçi, müdafiəçi ilə təmin olunmuş hüquq və vəzifələrı izah edilmiş, sonra onlara törətdikləri əməlin cinayət olduğu barədə məlumat verilmiş, daha sonra inzibati qaydada tutulmuşlar və üzərlərinə , həmçinin içərisində şəxsi əşyaları olan çantalara şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış zamanı onlarda mobil telefonları və digər əşyalar götürülmüş və müvafiq qaydada qablaşdırılmışdır. Hadisə yerində baxış aparılmış, ən sonda onların izahatları alınmış və onlar Dövlət Sərhəd Xidmətinin Bakı şəhərində yerləşən inzibati binasına gətirilmişlər.Əməlindən çox peşmandır. İlk dəfə cinayət törətdiyini, peşman olmasını nəzərə alaraq ona yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Dövİət Sərhəd Xidməti Sərhəd Qoşunlarının N nömrəli hərbi hissənin 7-ci sərhəd zastavasının rəisi vəzifələrini icra edən, leytenant Şahid1 ifadəsində göstərmişdir ki, Azərbaycan Respublikasından Gürcüstan istiqamətində dövlət sərhədinin qanunsuz olaraq keçiləcəyi barədə daxil olan əməliyyat məlumatı əsasında bir neçə istiqamətdə “Pusqu’’ xidməti təyin edilmişdir. 10 mart 2023-cü ıl tarixdə, saat 20:00-dan 21:30- dək o və 7-ci sərhəd zastavasına ezam olunmuş müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər Şahid2 ilə həmin zastavanın 1 -cl sahəsi istiqamətində "Pusqu” xidmətinə təyin edilmiş, həmin sahə Balakən rayonunun Poştbinə kəndi ərazisi olmuşdur. Saat 21:N radələrində o və əsgər Şahid2 2 nəfər naməlum şəxsin dövlət sərhəd xətti istiqamətində hərəkət etdiyini müşahidə etmiş, bu zaman o ucadan həmin şəxslərə "dayan!” və “DUR” komandaları vermiş, həmin şəxslərdən biri dərhal yerində dayanmış, digəri isə Gürcüstan istiqamətində sərhədi qanunsuz keçmək məqsədilə qaçmağa başlamışdır. O, əsgər Qarayevə yerində dayanan şəxsi saxlamağı tapşırıb dövlət sərhəd xəttinə doğru qaçan şəxsin arxasınca qaçmış və təxminən 200-250 metr qaçdıqdan sonra dövlət sərhəd xəttinə təxminən 150 metr qalmış onu saxlamışdır. İlkin sorğu zamanı həmin şəxslər ingilis dilində cavab verərək bildirmişdirlər ki, onlardan biri Liberiya Respublikası vətəndaşı X13 Sey, digəri isə Qvineya Respublikası vətəndaşı Musa Kamaradır. Onlar əl-qol hərəkətləri ilə həmin əraziyə gəlməkdə məqsədlərinin dövlət sərhədini qanunsuz olaraq keçib Gürcüstana getmək istəmələri olduğunu, lakin saxlanıldıqları üçün bu əməli başa çatdıra bilmədiklərini qeyd etmişlər. Bundan sonra o, sərhəd pozucularının saxlanılması barədə aidiyyəti üzrə məruzə etmiş və həmin şəxsləri 7-ci sərhəd zastavasına aparmışlar. O, xidmətdə olan zaman həmin şəxslərdən başqa ərazidə hər hansı şübhəli şəxsin olmasını müşahidə etməmiş həmin şəxsləri saxlayan zaman onlara qarşı zor tətbiq etməmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Dövİət Sərhəd Xidməti Sərhəd Qoşunlarının N nömrəli hərbi hissənin X9 atıcısı, müvəqqəti olaraq 7-ci sərhəd zastavasına ezam olunmuş müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu, əsgər Şahid2 da şahid X8 ilə oxşar məzmunlu ifadə verərək onun ifadəsində göstərdiklərini təsdiq etmişdir. İşin 5-ci vərəqəsində olan və məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş Dövİət Sərhəd Xidməti Sərhəd Qoşunlarının N nömrəli hərbi hissənin komandiri, polkovnik Əli Əliyevin 10 mart 2023-cü il tarixli, 3-38/2-16/625/2023 nömrəli məktubundan görünür ki, daxil olmuş əməliyyat məlumatına əsasən xx.xx.2023-cü il tarixdə saat 21:N radələrində N №-li hərbi hissənin 7-ci sərhəd zastavasının 1-cı sahəsi isqamətindən “Pusqu” sərhəd naryadı tərəfindən 2 nəfər şəxsin Azərbayca Respublikasından Gürcüstan ərazisinə doğru hərəkət etdiklərini müşahidə etmişlər və əlverişli mövqe seçərək həmin şəxslərə "Dayan” çağrışını verərək onları saxlamışlar. Saxlanılmış şəxslərin üzərlərində olan sənədlərə əsasən onların Liberiya Respublikası vətəndaşı X12 Sey və Qvineya Respublikası vətəndaşı Musa Kamara məlum olmuşdur, ilkin sorğu zamanı saxlanılan şəxslər qeyriqanunı yolla Gürcüstan ərazisinə keçmək istədikləri məlum olmuşdur. İşin 6-cı vərəqəsində olan və məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş Dövlət Sərhəd Xidməti Sərhəd Qoşunlarının N nömrəli hərbi hissənin əməliyyat-axtarış şöbəsinin rəisi, mayor Rüfət Baxşəiiyevin 10 mart 2023-cü il tarixli 3-38/3-2-646/2023 nömrəli raportundan görünür ki, daxil olmuş qabaqlayıcı əməliyyat məlumatı əsasında xx.xx.2023cü il tarixdə saat 20:55 radələrində 7-ci sərhəd zastavasının 1-ci sahəsində Liberiya Respublikasının vətəndaşı xx.xx.1998-ci il təvəllüdlü X12 Sey və Qvineya Respublikası vətəndaşı 11 09.1987-ci ıl təvəllüdlü Musa Kamara Azərbaycan Respublikasından Gürcüstan istiqamətində dövlət sərhədini qanunsuz keçərkən həmin ərazidə xidmət aparan "Pusqu" sərhəd naryadı tərəfindən sərhəd xəttindən 150-200 metr aralıda saxlanılmışlar. İşin 24-26-cı vərəqələrində olan və məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş 10 mart 2023-cü il tarixli hadisə yerinə baxış keçirilməsi haqqında protokoldan görünür ki, baxış yeri N nömrəli hərbi hissənin Balakən rayonu, Poştbinə kəndi ərazisində yerləşən 7ci sərhəd zastavasının 1-ci sahəsidir. Balakən rayonu Poştbinə kəndindən 7-ci sərhəd zastavasına qədər olan məsafə 50 metr, 7-ci sərhəd zastavasından 1-ci sahəyə qədər olan məsafə 3000 metr, 1-ci sahədən müqabil dövlətin ərazisində Gürcüstanın Laqodexo rayonunun Maçimi kəndi yerləşir və oraya qədər olan məsafə 1800 metr təşkil edir. Azərbaycan Respublikası ərazisində Balakən rayonu, Poştbinə kəndi yerləşir və oraya qədər olan məsafə 4500 metr təşkil edir. 1-ci sahənin ərazisi sıx meşəlik bır ərazidir. Baxış zamanı saxlanılan Liberiya Respublikası vətəndaşı X12 Sey və Qvineya Respubıikası vətəndaşı, Musa Kamara Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz keçmək məqsədilə həmin əraziyə gəldiklərini bildirərək 7-ci sərhəd zastavasının 1-ci sahəsini göstərdilər. İşin 145-146-cı vərəqələrində olan və məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş Təqsirləndirilən şəxs Musa Kamaraya məxsus bir ədəd “OPP” markalı mobil telefon aparatına keçirilmiş 14 mart 2023-cü il tarixli baxış protokolundan görünür ki, "whatsapp" tətbiqində "TY" adı ilə qeyd edilmiş Gürcüstana məxsus mobil operatora aid "+995 *** ** ** 14" saylı mobil nömrə ilə təqsirləndirilən şəxs Musa Kamara arasında yazışmalar aparılmışdır. Həmin yazışmaların məzmunu tərcüməçi Nigar Dadaşova tərəfindən aşağıdakı kimi tərcümə edilmişdir: Aparılan danışıqların tarixi və vaxt intervalı: 10 mart 2023-cü il, 13:26-15:30 “ Ty” “Salam, necəsən? Hazır ol Mən sənə 1 saatdan sonra ünvan göndərəcəyəm. Həmin ünvana gələrsən. Musa Kamara: "OK" “Ty” “Gürcüstana gəlməyiniz iarədə heç kimə heç nə danışma. Bu sizin təhlükəsizliyiniz üçündür. Əyninizi qalın geyinin. Axşamlar hava soyuq olur." Bu yazışmalardan sonra "TY" kimi qeyd edilmiş nömrənin sahibi elektron ünvan (location) göndərir. Həmin ünvanın videçəkilişi "DVD" diskə köçürülərək bu protokola əlavə edilir. Daha sonra yazışmalar davam etdirilir. TY': "Həmin ünvana tez gəlin. Gözləməyin. Mənim dostum sizi orada gözləyir" Musa Kamara: 'Biz boltla gəlirik" "TY": "OK" Musa Kamara: (olduğu yerin elektron ünvanını (location) göndərir.) (Fotoşəkil protokola əlavə edilir; TY' "Gəldiyiniz yolun çıxışına doğru gedin. Onlar sizi girişdə gözləyir." 10 mart 2023-cii il, saat 18:06-18:23 "TY", "Siz haradasınız? Gürcüstana necə keçdiniz? Mən burada sizi gözləyirəm. Siz gəlin. Bildiyiniz yoldan Gürcüstana keçin. Mən sizi qarşılayacağam. İşin 147-148-ci vərəqələrində olan və məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş 14 mart 2023-cü il tarixli maddi sübut kimi tanınması və cinayət işinin materiallarına əlavə edilməsi haqqında qərardan görünür ki, iş üzrə təqsirləndirilən şəxs Musa Kamaraya məxsus "OPPO" markalı mobil telefon aparatının cinayətin törədilməsində vasitə kimi istifadə olunduğunu, həmin telefon aparatı üzərində cinayət hadisəsinin izlərini saxladığını, habelə cinayət təqibi üzrə əhəmiyyət kəsb halların müəyyən edilməsinə kömək etdiyini, eləcə də qeyd olunan mobil telefon aparatının iş üzrə əhəmiyyət kəsb etdiyini nəzərə alaraq mobil telefon aparatı maddi sübut kimi iş və cinayət işinin materiallarına əlavə edilmişdir. İşin 160-cı vərəqəsində olan və məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş DSX BƏAİ-dən 30 mart 2023-cü il tarixdə istintaqa daxil olmuş məktubdan görünür kı, Qvineya Respublikası vətəndaşı Musa Kamara (Moussa Camara) 27 dekabr 2021-ci il tarixdə saat 06:13 radələrində Türkiyədən Azərbaycan Respublikasına gəlmişdir. İşin 161-ci vərəqəsində olan və məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş) DSX BƏAİ-dən 30 mart 2023-cü il tarixdə istintaqa daxil olmuş məktubdan görünür kı,Liberiya Respublikası vətəndaşı X13 Sey (Whyeə JR Samie Saye) 22 sentyabr 2022-ci il tarixdə, saat 12:17 radələrində X2 Azərbaycan Respublıkasına gəlmişdir. İşin 162-ci vərəqələrində olan və məhkəmə istintaqında elan olunmaqla tədqiq edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən verilmiş tələbnamədən görünür ki, X15 Sey (Whyee JR Samje Saye) əvvəllər məhkum olunmamışdır. İşin 22-ci vərəqəsində olan və məhkəmə iclasında tədqiq edilmiş inzibati qaydada tutma haqqında 10 mart 2023-cü il tarixli protokoldan görünür ki, X15 Sey 10 mart 2023cü il tarixdə saat 21:25-də inzibati qaydada tutulmuşdur. İşin 61-ci vərəqəsində olan və məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş 11 mart 2023-cü il tarixli tutma protokolundan görünür ki, X15 Sey 11 mart saat 21:25-də Azərbaycan Respublikası CM-nin 29,318.2-ci maddələrində nəzərdə tutulmuş əməli törətməsində şübhəli şəxs kimi tutulmuşdur. İşin 131-133-cü vərəqələrində olan və məhkəmə iclasında tədqiq edilmiş qətimkan tədbirinin seçilməsi haqqında Bakı şəhəri Səbail Rayon Məhkəməsiniq 13 mart 2023-cü il tarixli 4(009)-166/2023 il tarixli qərardan görünür ki, X15 Sey barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəli 10 mart 2023-cü il tarixdən hesablanmışdır. İşin 163-cü vərəqəsində olan və məhkəmə istintaqında elan olunmaqla tədqiq edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən verilmiş tələbnamədən görünür ki, Musa Kamara (Camara Moussa) əvvəllər məhkum olunmamışdır. İşin 20-ci vərəqəsində olan və məhkəmə iclasında tədqiq edilmiş inzibati qaydada tutma haqqında 10 mart 2023-cü il tarixli protokoldan görünür ki, Musa Kamara (Camara Moussa) 10 mart 2023-cü il tarixdə saat 21:15-də inzibati qaydada tutulmuşdur. İşin 62-ci vərəqəsində olan və məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş 11 mart 2023-cü il tarixli tutma protokolundan görünür ki, Musa Kamara (Camara Moussa) 11 mart saat 21:15-də Azərbaycan Respublikası CM-nin 29, 318.2-ci maddələrində nəzərdə tutulmuş əməlin törətməsində şübhəli şəxs kimi tutulmuşdur. İşin 136-138-ci vərəqələrində olan və məhkəmə iclasında tədqiq edilmiş qətimkan tədbirinin seçilməsi haqqında Bakı şəhəri Səbail Rayon Məhkəməsininin 13 mart 2023-cü il tarixli 4(009)-167/2023 il tarixli qərardan görünür ki, Musa Kamara (Camara Moussa) barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəli 10 mart 2023-cü il tarixdən hesablanmışdır. . Beləliklə məhkəmə iclasında tədqiq olunmuş mümkün və mötəbər sübutların məcmuyu ilə müəyyən edildi ki, təqsirləndirilən şəxslər Liberiya Respublikası vətəndaşı X13 Sey (Whyee JR Samie Sye) və Qvineya Respublikası vətəndaşı Musa Kamara (Moussa Camara) qabaqcadan əlbir olan bir qrup şəxs halında Azərbaycan Respublikasının mühafizə olunan dövlət sərhədini dövlət sərhədinin nəzarət buraxılış məntəqələrindən kənarda qəsdən qanunsuz olaraq Azərbaycan Respublikasından Gürcüstana keçərkən Dövlət Sərhəd Xidmətinin əməkdaşları tərəfindən saxlanılmaqla bilavasitə cinayət törətməyə yönəlmiş qəsdən edilən əməllərini öz iradələrindən asılı olmayan səbəbdən başa çatdıra bilməmişlər. Məhkəmə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 346-cı maddəsinin tələbinə uyğun olaraq təqsirləndirilən şəxslərin əməlinin hüquqi tövsifi məsələsini müzakirə edərək qeyd edir ki, cinayət məsuliyyətinin əsaslarını müəyyənləşdirən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsində göstərilmişdir ki, yalnız Azərbaycan Respublikasının Cinayət Məcəlləsi ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyətini yaradır. “Azərbaycan Respublikasının dövlət sərhədi haqqında” Azərbaycan Respublikasının Qanununun 1-ci maddəsinə görə Azərbaycan Respublikasının dövlət sərhədi Azərbaycan Respublikasının dövlət ərazisinin (quru və su ərazisinin, yerin təkinin, dəniz və hava fəzasının) hüdudlarını müəyyən edən xətt və bu xətt üzrə keçən şaquli səthdir. Azərbaycan Respublikasının dövlət sərhədi Azərbaycan Respublikasının dövlət suverenliyinin ərazi hüdududur. Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsinin 9.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşı dövlət sərhədinin buraxılış məntəqələrindən keçərək sərbəst surətdə ölkədən getmək və ölkəyə gəlmək hüququna malikdir. Həmin Məcəllənin 15.1-ci maddəsinə əsasən əcnəbilər və vətəndaşlığı olmayan şəxslər dövlət sərhədinin buraxılış məntəqələrindən keçmək şərti ilə, pasportları və ya digər sərhədkeçmə sənədləri əsasında Azərbaycan Respublikasına gələ və Azərbaycan Respublikasından gedə bilərlər. Azərbaycan Respublikasının mühafizə olunan dövlət sərhədini müəyyən edilmiş sənədlər olmadan və ya dövlət sərhədinin nəzarət-buraxılış məntəqələrindən kənarda keçməyə görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 318.1-ci maddəsində, bu əməllərin qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən, yaxud zor tətbiq etməklə və ya belə zor tətbiq etmə hədəsi ilə törədilməsinə görə isə Cinayət Məcəlləsinin 318.2-ci maddəsində cinayət məsuliyyəti nəzərdə tutulmuşdur. Cinayət Məcəlləsinin 29-cu maddəsinə görə bilavasitə cinayət törətməyə yönəldilmiş qəsdən edilən əməl (hərəkət və ya hərəkətsizlik), şəxsin iradəsindən asılı olmayan səbəblərə görə başa çatdırılmamışdırsa, cinayət etməyə cəhd hesab olunur. Məhkəmə təqsirləndirilən şəxslərin və şahidlərin ifadələrini, dövlət ittihamçısının və müdafiəçilərin çıxışlarını dinləyib, Azərbaycan Respublikasının Konstitusiyasının 63-cü maddəsində təsbit edilmiş təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq, məhkəmə baxışında ittihamın baxılması nəticələrinə, məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslanaraq, tədqiq olunan sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq bu nəticəyə gəlir ki, təqsirləndirilən şəxslər X13 Sey (Whyee JR Samie Sye) və Musa Kamara (Moussa Camara) Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29, 318.2-ci maddələrində nəzərdə tutulan cinayət əməlini törətmişlər, həmin əməldə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29, 318.2-ci maddələrinin tərkibi vardır, həmin əməl təqsirləndirilən şəxslər tərəfindən törədilmişdir, təqsirləndirilən şəxslər həmin cinayətin törədilməsində təqsirlidirlər. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 (Whyee JR Samie Sye) və Təqsirləndirilən şəxs2 (Moussa Camara) əməli Azərbaycan Respublikası CM-nin 29,318.2-ci maddəsi ilə düzgün tövsif edilmişdir, əməllərin cinayət olmasını aradan qaldıran hallar, təqsirləndirilən şəxslərin cinayət məsuliyyətindən azad edilmələri üçün əsaslar yoxdur, təqsirləndirilən şəxslər törətdikləri əməllərə görə cəzalanmalıdırlar. Cinayət Məcəlləsinin cəzanın anlayışını və məqsədini müəyyən edən 41-ci maddəsinə görə cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cinayət Məcəlləsinin 58.1 və 58.3-cü maddələrinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. “Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr və dəyişikliklər edilməsi barədə” 11 iyun 2004-cü il tarixli 688-İİQD saylı Azərbaycan Respublikası Qanununun 3-cü hissəsinin 9-cu bəndinin və 4-cü hissəsinin 7-ci bəndinin Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin 9-cu hissəsinə uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 yanvar 2005-ci il tarixli Qərarında qeyd olunur ki, istənilən məhkəmə aktının qanuni və əsaslı hesab olunması üçün mütləq şərtlərdən biri onun ədalətli olmasıdır, çünki, ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir. "Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 4 nömrəli, 25 iyun 2003-cü il tarixli Qərarının 1-ci bəndində məhkəmələrə izah edilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Qərarın 2-ci bəndində göstərilmişdir ki,cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Təqsirləndirilən şəxs1 (Whyee JR Samie Sye) əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1-ci maddəsində göstərilən cəzanı yüngülləşdirən hallar və Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar yoxdur. Məhkəmə təqsirləndirilən şəxs X13 Seyə (Whyee JR Samie Sye) cəza təyin edərkən ona hansı növ cəzanın təyin edilməsi məsələsinə baxaraq törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, cəzanı yüngülləşdirən və cəzanı ağırlaşdıran halların olmamasını, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, CM-in 62-ci maddəsinin tətbiq olunması üçün əsasların olmamasını nəzərə alaraq hesab edir ki, onun cəmiyyətdən təcrid edilmədən islah olunması mümkün deyildir, ona görə də Təqsirləndirilən şəxs1 (Whyee JR Samie Sye) barəsində təqsirli bilindiyi CM-in 29, 318.2-ci maddəsi ilə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir.. Məhkəmə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 346.1.12-ci maddəsinə uyğun olaraq təqsirləndirilən şəxs X13 Seyə (Whyee JR Samie Sye) təyin ediləcək cəzanın çəkilməli olub-olmaması məsələsinə baxaraq, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, onun cəzadan azad edilməsi və barəsində CM-in 70-ci maddəsinin tətbiq edilməsi üçün əsasların olmamasını nəzərə alaraq hesab edir ki, o, təyin ediləcək cəzanı çəkməlidir. Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə uyğun olaraq o, cəzasını ümumi rejimli cəza çəkmə müəssisəsində çəkməli, cəzaçəkmə müddətinin əvvəli həbsə alındığı 10 mart 2023-cü il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs1 (Whyee JR Samie Sye) barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alana kimi dəyişdirilmədən saxlanmalıdır. Məhkəmə təqsirləndirilən şəxs Musa Kamaraya (Moussa Camara) cəza təyin edərkən ona hansı növ cəzanın təyin edilməsi məsələsinə baxaraq törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, cəzanı ağırlaşdıran halların olmamasını, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs2 (Moussa Camara) da cəmiyyətdən təcrid edilmədən islah olunması mümkün deyildir, onun barəsində də təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan həddə azadlıqdan məhrumetmə növündə cəza təyin edilməlidir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 346.1.12-ci maddəsinə uyğun olaraq təqsirləndirilən şəxs Musa Kamaraya (Moussa Camara) təyin ediləcək cəzanın çəkilməli olub-olmaması məsələsinə baxaraq, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, onun cəzadan azad edilməsi və barəsində CM-in 70-ci maddəsinin tətbiq edilməsi üçün əsasların olmamasını nəzərə alaraq hesab edir ki, o, təyin ediləcək cəzanı çəkməlidir. Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə uyğun olaraq o, cəzasını ümumi rejimli cəza çəkmə müəssisəsində çəkməli, cəzaçəkmə müddətinin əvvəli həbsə alındığı 10 mart 2023-cü il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs Musa Kamara (Moussa Camara) barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alana kimi dəyişdirilmədən saxlanmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 346.1-ci və 346.1.19-cu maddələrinə uyğun olaraq məhkəmə müsadirə edilməli əmlakın olub-olmaması məsələsinə baxaraq, təqsirləndirilən şəxslərin hazırkı cinayəti törətdiyi zaman cinayət yolu ilə hər hansı əmlak əldə etməmələrini nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxslər X13 Seydə (Whyee JR Samie Sye) və Musa Kamarada (Moussa Camara) Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulan xüsusi müsadirə edilməli olan əmlak mövcud deyildir. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 (Whyee JR Samie Sye) Liberiya Respublikasının vətəndaşı, Musa Kamara (Moussa Camara) isə Qvineya Respublikasının vətəndaşı olduğundan məhkəmə hesab edir ki, onların barəsində Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarma əlavə cəzasının təyin edilməsi məsələsinə də baxılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52.1-ci maddəsinə görə Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarma cəzası bir ildən artıq müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilən əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslərə təyin edilir və onlar əsas cəza növünü çəkdikdən sonra icra edilir. Bir ildən artıq olmayan müddətə azadlıqdan məhrum etmə cəzasına və ya azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəzaya məhkum edilən əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslərə bu Məcəllənin 58.3-cü maddəsində göstərilmiş hallar nəzərə alınmaqla Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarma cəzası təyin edilə bilər. Məhkəmə Təqsirləndirilən şəxs1 (Whyee JR Samie Sye) Liberiya Respublikasının, Təqsirləndirilən şəxs2 (Moussa Camara)isə Qvineya Respublikasının vətəndaşı olmalarını, Cinayət Məcəlləsinin 52.2-ci maddəsində göstərilən halların olmamasını nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxslər X13 Sey (Whyee JR Samie Sye) və Musa Kamara (Moussa Camara) barəsində Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarma əlavə cəzası da təyin edilməli, məhkumluqları ödənilənədək və ya götürülənədək onların Azərbaycan Respublikasına gəlmək hüquqları məhdudlaşdırılmalıdır. İş üzrə maddi sübut olan və cinayət işinə əlavə edilmiş, təqsirləndirilən şəxs Musa Kamaraya (Moussa Camara) məxsus 1 ədəd “OPPO” markalı mobil telefon hökm qanuni qüvvəsini aldıqdan sonra, Musa Kamara (Moussa Camara) əsas cəzasını çəkib qurtardıqda ona qaytarılması üçün onun cəza çəkdiyi cəzaçəkmə müəssisəsinə təhvil verilməlidir. İş üzrə mülki iddia yoxdur. İş materiallarından həmçinin görünür ki,Balakən rayon Vəkil Bürosunun vəkili Müdafiəçi2 məhkəmə icraatı zamanı Təqsirləndirilən şəxs1 (Whyee JR Samie Sye) hüquqlarının müdafiəsinə 07 iş saatı, Vəkil Bürosunun vəkili Müdafiəçi1 məhkəmə icraatı zamanı Təqsirləndirilən şəxs2 (Moussa Camara) hüquqlarının müdafiəsinə 10 iş saatı sərf etmişdir. Azərbaycan Respublikası CPM-nin 193.2-193.3-cü maddələrinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Məhkəmə şübhəli və ya təqsirləndirilən şəxsin orta aylıq gəlirini, maddi, əmlak və ailə vəziyyətini, habelə digər halları nəzərə alaraq həmin şəxsin müdafiəçi tərəfindən göstərilən hüquqi yardımı ödəməkdən azad edilməsi və ödəmənin Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilməsi barədə əsaslandırılmış qərar qəbul edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 3 may 2018-ci il tarixli, 202 №-li qərarı əsasında “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli,11 №-li qərarına edilmiş dəyişikliklərə uyğun olaraq təqsirləndirilən şəxslərin hüquqlarını müdafiə etmələrinə görə müdafiəçilərə hər iş saatı üçün 6 manat məbləğində haqq ödənilməlidir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs X13 Seyə (Whyee JR Samie Sye) məhkəmə icraatı zamanı göstərilən hüquqi yardımla bağlı Azərbaycan Respublikası Dövlət büdcəsinin vəsaiti hesabından 42 manat tutulub vəkil Müdafiəçi2 ödənilməsi üçün Balakən Rayon Vəkil Bürosunun nəfinə, təqsirləndirilən şəxs Musa Kamaraya (Moussa Camara)məhkəmə icraatı zamanı göstərilən hüquqi yardımla bağlı Azərbaycan Respublikası Dövlət büdcəsinin vəsaiti hesabından 60 manat tutulub vəkil Müdafiəçi1 ödənilməsi üçün Balakən Rayon Vəkil Bürosunun nəfinə "xxxx"ASC-in X7 Rekvizitləri: VÖEN **********, kod 201382, Müxbir hesab AZ37NABZ******************** hesaba köçürülməlidir. Azərbaycan Respublikası CPM-nin 349-cü maddəsinin tələblərinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Məhkəmənin hökmü Azərbaycan Respublikası Konstitusiyasının, bu Məcəllənin, Azərbaycan Respublikasının cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir. Məhkəmənin hökmü məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə əsaslı hesab edilir. Kondraşinanın Rusiya Federasiyasına qarşı iş üzrə qərarında Avropa Məhkəməsi göstərmişdir ki, məhkəmələr qərar qəbul edərkən hüququn aliliyinə əməl etməlidirlər. Hüququn aliliyinin əsas cəhətlərindən biri hüquqi müəyyənlik prinsipidir ki, onun tələbinə görə məhkəmələr yekun qərarı elə qəbul etməlidirlər ki, o mübahisə olunmasın. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356 və 384.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs X13 Sey (Whyee JR Samie Sye) Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,318.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin, 1(bir) il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 10 mart 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs X13 Sey (Whyee JR Samie Sye) barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alana kimi dəyişdirilmədən saxlansın. Təqsirləndirilən şəxs Musa Kamara (Moussa Camara)Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,318.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin, 1(bir) il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 10 mart 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs2 (Moussa Camara)barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alana kimi dəyişdirilmədən saxlansın. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52.1-ci maddəsi tətbiq olunmaqla təqsirləndirilən şəxslər X13 Sey (Whyee JR Samie Sye) və Musa Kamara (Moussa Camara) əsas cəzanı çəkdikdən sonra Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarılsınlar, məhkumluqları ödənilənədək və ya götürülənədək Azərbaycan Respublikasına gəlmək hüquqları məhdudlaşdırılsın. İş üzrə maddi sübut olan və cinayət işinə əlavə edilmiş, təqsirləndirilən şəxs Musa Kamaraya (Moussa Camara) məxsus 1 ədəd “OPPO” markalı mobil telefon hökm qanuni qüvvəsini aldıqdan sonra, Musa Kamara (Moussa Camara) əsas cəzasını çəkib qurtardıqda ona qaytarılması üçün onun cəza çəkdiyi cəzaçəkmə müəssisəsinə təhvil verilsin . Təqsirləndirilən şəxs X13 Seyə (Whyee JR Samie Sye) məhkəmə icraatı zamanı göstərilən hüquqi yardımla bağlı Azərbaycan Respublikası Dövlət büdcəsinin vəsaiti hesabından 42 manat tutulub vəkil Müdafiəçi2 ödənilməsi üçün Balakən Rayon Vəkil Bürosunun nəfinə, təqsirləndirilən şəxs Musa Kamaraya (Moussa Camara)məhkəmə icraatı zamanı göstərilən hüquqi yardımla bağlı Azərbaycan Respublikası Dövlət büdcəsinin vəsaiti hesabından 60 manat tutulub vəkil Müdafiəçi1 ödənilməsi üçün Balakən Rayon Vəkil Bürosunun nəfinə "xxxx"ASC-in X7 Rekvizitləri: VÖEN **********, kod 201382, Müxbir hesab AZ37NABZ******************** hesaba köçürülsün. Hökmdən elan olunduğu andan (həbsdə olan məhkum hökmün surəti ona verildiyi andan) 20 gün müddətində Balakən Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən H.Q.Səlimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar