Azərbaycan Respublikası adından HÖKM Balakən Rayonu İş № 1(019)-83/2025 01.10.2025 BALAKƏN RAYON MƏHKƏMƏSİ (başlandı saat 10:20-də, qurtardı saat 10:40-da ) Hakim Səlimov Hümbət Qamuna oğlunun sədrliyi, məhkəmə iclas katibi X6 qızının katibliyi, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru vəzifəsini icra edən, İİ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs iştirakları ilə TƏQSİRLƏNDİRİLƏN ŞƏXS- xx.xx.1970-ci il tarixdə Balakən rayonu Qazma kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, FİN xxxxxxx, orta təhsilli, məhkum olunmamış, evli, fərdi əməklə məşğul olan, Balakən rayonu Qazma kəndində qeydiyyatda olan və həmin kənddə yaşayan, 05 avqust 2025-ci il tarixdə barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə Balakən Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: Təqsirləndirilən şəxs 05 mart 2025-ci il tarixdə saat 09 radələrində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 33-cü maddəsinin 4-cü hissəsinin tələblərini pozaraq, yəni, sürücülük vəsiqəsi olmadan idarə etdiyi VAZ-21074 markalı **- BK-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Balakən rayonu Qazma kənd ərazisində asfalt yolda “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 2-ci hissəsinin 1-ci bəndinin tələblərini pozaraq, yəni, yaşayış məntəqələri daxilində saatda 60 kilometrdən çox sürətlə hərəkət edərək Balakən şəhəri istiqamətində hərəkətdə olarkən “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərini pozaraq, yəni, yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına və başqa əmlaka zərər vurmamalı olduğu halda onunla eyni istiqamətdə arxasında hərəkətdə olan Balakən rayon Qazma kənd sakini Şahid1 etibarnamə əsasında idarə etdiyi VAZ-2103 markalı **-FN-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə, sonuncu ötmə əməliyyatı edən zaman yolun sol hərəkət hissəsində ehtiyatsızlıqdan toqquşmuş, nəticədə VAZ-2103 markalı **-FN-*** dövlət qeydiyyat nişanlı avtomobilin yolun sol ehtiyat hissəsinə aşaraq həmin avtomobilin arxa sərnişin oturacağında əyləşmiş sərnişin Zərərçəkmiş şəxs qapalı fəqərə sütunu travması, Th(döş) 12 fəqərəsinin fəsadlaşmamış kompression qəlpəli sınığı ilə müşayiət olunan sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aid edilən xəsarətlər yetirməsi ilə nəticələnən yol hərəkəti qaydalarını pozma cinayət əməlini törətmişdir. Təqsirləndirilən şəxs sözügedən cinayət əməlini törətməsi məhkəmə iclasında özünün ifadəsi, zərərçəkmiş şəxsin, şahidlərin ifadələri və bilavasitə tədqiq olunan digər sübutlarla aşağıdakı qaydada tam sübuta yetirildi. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə Azərbaycan Respublikası CM-nin 263-1.1-ci maddəsi ilə özünü qismən təqsirli bilərək və ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək göstərdi ki, Balakən rayonu Qazma kəndində ailə üzvləri ilə birlikdə yaşayır. Özünə məxsus “VAZ 21074” markalı, ağ rəngli, **-BK-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edir. xx.xx.2025-ci il tarixdə saat 09 radələrində idarə etdiyi avtomobil ilə yaşadığı evdən çıxıb ərzaq almaq üçün kənddə yerləşən mağazaya gedərkən yolun sağ tərəfindən həmkəndlisi Şahid2 yaşadığı evin həyətindən yola çıxıb piyada getməyə başlamışdır. Həmin vaxt Şahid2 ardınca anidən həyətdən it asfalt yola maşının qarşısına qaçmışdır. O, əyləcdən istifadə etmiş, güzgüdə arxaya baxdıqda təxminən 15-20 metr məsafədə onunla eyni istiqamətdə həmkəndlisi Şahid1 idarə etdiyi VAZ 2103 markalı ağ rəngli **-FN-*** dövlət qeydiyyat nişanlı avtomobillə arxasından gəldiyini görmüşdür. O, əyləcdən istifadə edən zaman Həlimət geri çevrilmiş, özünə məxsus itin asfalt yola çıxdığını 3-4 metr məsafədən görüb, həmin məsafədən iti hürkütmək üçün əlini yuxarı qaldırıb özündən asılı olmadan asfalt yola çıxmışdır. Həmin vaxt onunla Həlimətin arasında təxminən 3-4 metr, qarşısına çıxan it ilə arasında isə təxminən 8-10 metr məsafə olmuşdur. Həlimətin asfalt yola çıxdığını görüb əyləcdən istifadə etmiş və avtomobili dayandırmışdır. Bu zaman arxasında hərəkətdə olan Şahid1 idarə etdiyi avtomobilin sağ tərəfi onun idarə etdiyi avtomobilin sol qanadına və sol təkərinə dəymişdir. Hadisədən sonra Zaurun idarə etdiyi avtomobil yolun sol ehtiyyat hissəsinə, onun idarə etdiyi avtomobil isə fırlanıb yolun sağ ehtiyyat hissəsinə çıxmış və Həlimətin həyət darvazasına dəyib dayanmışdır. Onun avtomobili Həlimətə məxsus darvazanın dəmir borusuna dəyib dayansa da darvazaya yaxud dəmir boruya ziyanlıq dəyməmişdir, darvaza yaxud boru zədələnməmişdir. Hadisə zamanı avtomobildə tək olmuşdur və heç bir xəsarət almamışdır. Zaurun idarə etdiyi avtomobildə arvadı və azyaşlı oğlu olmuşdur. Hadisə nəticəsində Zaur və azyaşlı oğlu xəsarət almamışdır. Lakin arvadı Esmira xəsarət almışdır. Esmira xəsarət aldığı üçün təcili tibbi yardıma zəng etdikdən sonra hadisə yerinə gələn təcili tibbi yardım avtomobili ilə onu xəstəxanaya aparmışlar. Hadisə yerinə Balakən RPŞ-nin əməkdaşları gəlmişlər və müvafiq sənədləşmə aparmışlar. Onun idarə etdiyi avtomobil hadisə baş verən zaman texniki cəhətdən saz vəziyyətdə olmuş,o, həmin vaxt avtomobili 50-60 km/saat sürətlə idarə etmişdir.Zərərçəkmiş şəxslə barışmışdır,zərərçəkmiş şəxsə dəymiş ziyanı tam ödəmişdir, zərərçəkmiş şəxsin ondan heç bir şikayət və tələbi yoxdur. Özü xəstədir, daim müalicəyə ehtiyacı vardır. Barəsində yüngül cəza təyin olunmasını xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək göstərdi ki, Balakən rayonu Qazma kəndində ailə üzvləri ilə birlikdə yaşayır. xx.xx.2025-ci i tarixdə baş vermiş yol nəqiliyyat hadisəsi zamanı xəsarət almışdır. Həmin vaxt əri Şahid1 etibarnamə əsasında VAZ 2103 markalı **-FN-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edirmiş. Hadisə baş verən zaman, yəni, xx.xx.2025-ci il tarixdə saat 09 radələrində o və az yaşlı övladı ərinin idarə etdiyi həmin avtomobil ilə Qazma kənd 2 nömrəli tam orta məktəbinə gedirmişlər. O, az yaşlı oğlu Raul İlə arxa oturacaqda əyləşmişlər. Onlar Qazma kəndi ərazisində Balakən şəhəri istiqamətində hərəkətdə olan zaman qarşılarında təxminən 10-15 metr məsafədə onlarla eyni istiqamətdə həmkəndliləri Təqsirləndirilən şəxs idarə etdiyi ağ rəngli avtomobil hərəkət edirmiş. Zaur həmin avtomobili ötmə əməliyyatı edən zaman Təqsirləndirilən şəxs avtomobili onların qarşısına doğru sürmüşdür. Zaur həmin avtomobili vurmamaq üçün öz avtomobilini sol tərəfə çəksə də yol nəqliyyat hadisəsinin qarşısını ala bilməmiş və avtomobillər bir-birinə dəymişdir. O, bu zaman az yaşlı övladının xəsarət almaması üçün qucaqlayıb özünə sıxmışdır. Hadisədən sonra onların olduğu avtomobil bir dəfə aşaraq yenidən təkərləri üzərində yolun sol tərəfində dayanmışdır. Hadisə nəticəsində Zaur və az yaşlı oğlu xəsarət almamışdır. Hadisə zamanı o xəsarət aldığı üçün təcili tibbi yardım maşını onu xəstəxanaya aparmışdır. Təqsirləndirilən şəxs ona dəymiş ziyanı tam ödəmişdir,o,təqsirləndirilən şəxslə barışmışdır,ondan heç bir şikayəti və tələbi yoxdur. Təqsirləndirilən şəxs yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Balakən rayonu Qazma kəndində ailə üzvləri ilə birlikdə yaşayır. xx.xx.2025-ci il tarixdə o, etibarnamə ilə idarə etdiyi VAZ-2103 markalı ağ rəngli **-FN-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Balakən rayonu Qazma kəndi ərazisindən Balakən şəhəri istiqamətində hərəkətdə olmuş, həmin vaxt avtomobildə arvadı Zərərçəkmiş şəxs və azyaşlı oğlu Məmmədov Raul da olmuşdur. Onlar arxa oturacaqda əyləşmişlər. Həmin gün saat 09 radələrində onlar avtomobillə Qazma kənd 2 nömrəli tam orta məktəbinə gedərkən Qazma kəndi ərazisində qarşısında həmkəndlisi Təqsirləndirilən şəxs idarə etdiyi VAZ 2107 markalı ağ rəngli **-BK-*** dövlət qeydiyyat nişanlı avtomobili hərəkətdə olmuşdur. O, Təqsirləndirilən şəxs idarə etdiyi avtomobili ötmə əməliyyatı etmək istəmişdir. O, ötmə əməliyyatı edən zaman Təqsirləndirilən şəxs qəflətən idarə etdiyi avtomobili onun hərəkət zolağına tərəf, yəni sola tərəf yönəltmiş və avtomobili qarşısına çəkmişdir. O, hadisənin qarşısını almaq üçün idarə etdiyim avtomobili sol tərəfə çəkdim və yolun ehtiyat hissəsinə çıxarkən idarə etdiyi avtomobilin sağ tərəfi Təqsirləndirilən şəxs idarə etdiyi avtomobilin sol ön qanadına və sol ön təkərinə dəymişdir. Bu zaman idarə etdiyi avtomobil yolun sol ehtiyat hissəsində bir dəfə aşaraq yenidən düz vəziyyətdə təkərləri üzərində dayanmışdır. Təqsirləndirilən şəxs idarə etdiyi avtomobil isə yolun sağ ehtiyat hissəsində dayanmışdır. Hadisə nəticəsində o və azyaşlı oğlu Raul heç bir xəsarət almamışlar. Həmçinin Təqsirləndirilən şəxs da hadisə nəticəsində heç bir xəsarət almamışdır. Lakin arvadı Zərərçəkmiş şəxs hadisə nəticəsində xəsarət almış və təcili tibbi yardım gələrək onu xəstəxanaya aparmışdır. Bundan sonra polis əməkdaşları gəlib müvafiq sənədləşmə işləri aparmışlar. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdarlıq olunmasına baxmayaraq,iş üzrə şahid - Şahid2 məhkəmə iclasına gəlməmişdir. Onun xəstə olması və səhhəti ilə əlaqədar məhkəmə iclasına gələ bilməyəcəyi bildirilmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 317.1-ci maddəsinə əsasən bu Məcəllənin 226.1-226.3-cü maddələrinin müddəalarına uyğun olaraq məhkəmə iclasına çağırılmış şahid, ekspert və mütəxəssisdən hər hansı biri məhkəmə iclasına gəlmədikdə, məhkəmə növbə ilə cinayət prosesi tərəflərindən hər birinin fikrini dinlədikdən sonra məhkəmə baxışının davam etdirilməsi və ya onun təxirə salınması haqqında qərar çıxarır. Göstərilən şəxslərdən hər hansı birinin gəlməməsi cinayət təqibi ilə bağlı olan bütün halların hərtərəfli, tam və obyektiv tədqiq edilməsinə mane olmadıqda məhkəmə baxışı davam etdirilə bilər. Azərbaycan Respublikası CPM-nin 329.1-ci maddəsinə əsasən şahid tərəfindən məhkəməyədək icraat, davam edən məhkəmə baxışı zamanı əvvəllər keçirilmiş məhkəmə iclasında və ya cari məhkəmə iclasında verilmiş ifadələrin şahidin məhkəmə iclasında iştirakı olmadan elan edilməsinə, habelə həmin ifadələrin audio yazısının səsləndirilməsinə, video və kino çəkilişinin göstərilməsinə yalnız şahidin məhkəmə baxışına gəlməsini istisna edən səbəblərə görə, həmçinin bu Məcəllənin 327.1-ci maddəsində nəzərdə tutulmuş digər hallarda yol verilir. Məhkəmə, yuxarıda göstərilən qanun normalarına istinad edib, ittiham və müdafiə tərəflərinin razılığını nəzərə alaraq, hazırki iş üzrə Şahid2 ibtidai istintaqda şahid qismində verdiyi ifadəsinin elan olunmasını zəruri hesab etmişdir. Məhkəmə iclasında ifadəsi elan olunmaqla tədqiq edilmiş Şahid2 ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, Balakən rayonu Qazma kəndində oğlu Rasim ilə birlikdə yaşayır. xx.xx.2025-ci ildə saat 09 radələrində yaşadığı evdən çörək almaq üçün yola çıxmışdır. Yaşadığı evdən yola çıxmış və yolun kənarı ilə Şambul kəndi istiqamətinə piyada gedərkən asfalt yolla ağ rəngli avtomobil Balakən şəhəri istiqamətinə hərəkət etdiyini görmüşdür. Avtomobil onun yanına çatmamış ona məxsus itin arxasından təxminən 4-5 metr məsafədən səsini eşidib arxaya çevrilmişdir. Ona məxsus itin asfalt yola çıxdığını görmüş və əlini yuxarı qaldırıb iti yoldan çıxartmaq üçün hürkütməyə çalışmış, həmin vaxt avtomobilin tormoz səsini eşitmiş, avtomobil onun yanından ötüb Balakən şəhəri istiqamətinə getmişdir. O isə yenidən Şambul kəndi istiqamətinə piyada yeriməyə davam etmişdir. Bu zaman digər ağ rəngli avtomobil yanından keçib Balakən şəhəri istiqamətinə getmişdir. Avtomobil onun yanından keçəndən az sonra səs eşidib geri çevrilmişdir. Geri çevriləndə eyni istiqamətdə yəni, Balakən şəhəri istiqamətinə gedən maşınların bir-birinə dəydiyini, maşının birinin yoldan çıxıb Balakən şəhəri istiqamətində yolun sol tərəfində aşaraq yenidən düz təkərləri üstündə dayandığını, o biri maşının yoldan çıxıb Balakən şəhəri istiqamətində yolun sağ tərəfində dayandığını görmüşdür. Səsə kənd sakinləri, qonşular, yol keçən şəxslər həmin yerə yığışmışlar. O da geri, həmin yerə qayıdanda görmüşdür ki, yanından birinci keçən Bağır adlı həmkəndlisinin idarə etdiyi avtomobilin qabağına ona məxsus it çıxmışdır və iti vurmamaq üçün tormoz vermişdir. Həmkəndlisi Bağırın ağ rəngli maşını toqquşmadan sonra ona məxsus evin həyət darvazasına dəyib dayanmışdır. Həmin maşın ona məxsus darvazaya dəyib dayansa da, darvazaya hər hansı bir ziyanlıq dəyməmişdir. Bağır maşında tək olmuşdur. Yolun sol tərəfində aşıb yenidən düzələn maşının sürücüsü həmkəndlisi Zaurun olduğunu öyrənmişdir. Zaurun maşınında özündən başqa həyat yoldaşı, azyaşlı uşağı olmuşlar və hadisədən sonra eşitdiyinə görə uşaq, Zaur və Bağır xəsarət almamışlar, Zaurun həyat yoldaşı xəsarət almışdır. Təcili tibbi yardıma zəng edildikdən sonra hadisə yerinə gələn təcili tibbi yardım avtomobili ilə Zaurun həyat yoldaşını xəstəxanaya aparmışlar. Sonra hadisə yerinə Balakən RPŞ-nin əməkdaşları gəlmişlər və sənədləşmə aparmışlar. İşin 4-15-ci vərəqələrində olan və məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş 05 mart 2025-ci il tarixdə Balakən RPŞ-nin TB-nin təhqiqatçısı, polis polkovnik-leytenantı X4 tərəfindən tərtib olunmuş “Yol-nəqliyyat hadisəsi yerinə baxış keçirilməsi haqqında” protokoldan, həmin protokola əlavə edilmiş sxemdən və fotoşəkillərdən görünür ki, qeyd edilən yol-nəqliyyat hadisəsi 05 mart 2025-ci il tarixdə saat 09 radələrində Balakən rayonu Qazma kəndi ərazisində baş vermişdir. Hadisə yerində yol asfalt beton örtüklü olmaqla düz və quru olmuşdur. Hadisə yerində yolun iki hərəkət zolağı və iki hərəkət istiqaməti vardır. Hadisə baş verdiyi yerdə yolun ümumi hərəkət hissəsinin eni 3 metrdir. Hadisə yerində yolda qarşı-qarşıya nəqliyyat axınını ayıran heç bir xətt yoxdur. Yolun hərəkət hissəsinə sağdan 2.3 metr məsafədə, soldan isə 2.9 metr məsafədə ehtiyyat hissə birləşir. Hadisə yerinin sağ və sol tərəflərində kənd tipli tikililər yerləşir. Hadisə yeri işıqlandırılmır. Toqquşma yeri Balakən rayonu Qazma kəndindən Balakən şəhəri istiqamətində yolun əks hərəkət zolağında, yolun sol ehtiyat hissəsindən 0.20 metr məsafədə yerləşir. Hadisədən əvvəl VAZ-21074 markalı **-BK-*** dövlət qeydiyyat nişanlı və VAZ-2103 markalı **-FN-*** dövlət qeydiyyat nişanlı avtomobillər Balakən rayonu Qazma kəndindən Balakən şəhəri istiqamətində hərəkətdə olmuşlar. Hadisə yerində VAZ-21074 markalı **-BK-*** dövlət qeydiyyat nişanlı avtomobil Balakən rayonu Qazma kəndindən Balakən şəhəri istiqamətində əsas hissəsi yolun sağ ehtiyat hissəsində olmaqla toqquşma yerindən 4.30 metr məsafədə, yola perpendikulyar vəziyyətdə, VAZ-2103 markalı **-FN-*** dövlət qeydiyyat nişanlı avtomobil isə Qazma kəndindən Balakən şəhəri istiqamətində əsas hissəsi yolun sol ehtiyat hissəsində olmaqla toqquşma yerindən 11 metr məsafədə yola perpendikulyar vəziyyətdə dayanmışdır. Yol-nəqliyyat hadisəsi yerində VAZ-21074 markalı **-BK-*** dövlət qeydiyyat nişanlı avtomobilə aid Balakən şəhəri istiqamətində yolun sağ hərəkət hissəsindən sol hərəkət hissəsinə uzanan təkləşmiş 23 metr uzunluğunda tormoz izi vardır. Hadisə yerindəki tormoz və sürtünmə izləri qeyd edilən avtomobillərin Qazma kəndindən Balakən şəhəri istiqamətində hərəkət etdiklərini göstərir. Hadisə yerində hər iki avtomobilə aid çox sayda sınmış, qopmuş şüşə, plastik və boya qalıqları aşkar olunmuşdur. Hər iki avtomobil hadisədən əvvəl saz vəziyyətdə olmuşlar. Protokol iştirakçılara ucadan oxunmuş, onlara protokola daxil edilməli olan qeydlər etmək hüququ və protokolu olduğu kimi və ya qeydlərlə birlikdə imzalamaq vəzifəsi izah olunmuşdur. İştirakçılar tərəfindən şikayət, təklif və protokola qeydlər daxil olmamışdır. Protokol düzgün tərtib edilmiş, imzalarla təsdiq edilmiş və protokola hadisə yerində çəkilmiş fotoşəkillər əlavə olunmuşdur. İşin 32-ci vərəqəsində olan və məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş 07 mart 2025-ci il tarixli 1241 nömrəli sərxoşluq vəziyyətinin tibbi müayinəsinə dair Aktdan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə saat 11:13 radələrində ayıq olmuşdur. İşin 40-41-ci vərəqəsində olan və məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş Məhkəmə-tibbi ekspertizasının 14 mart 2025-ci il tarixli 52 nömrəli rəyindən görünür ki, Vət.Zərərçəkmiş şəxs məhkəmə-tibbi müayinəsinə, tibbi sənədində qeyd edilənlərə, hadisə haqqında olanları nəzərə alaraq, ekspertiza qarşısında qoyulmuş suallara əsasən aşağıdakı nəticəyə gəlinir: Vət.Zərərçəkmiş şəxs müəyyən edilmiş xəsarət Qapalı fəqərə sütunu travması, Th (döş) 12 fəqərəsinin fəsadlaşmamış kompression qəlpəli sınığı küt əşyanın təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən müddətdə və şəraitdə yəni, xx.xx.2025-ci ildə yol nəqliyyat hadisəsi zamanı əmələ gələ bilərdi, dərəcəsinə görə, onun sağlamlığının uzun müddətə pozulmasına səbəb olan sağlamlığa AZ AĞİR zərər vurmaya aid edilir. İşin 51-53-cü vərəqələrində olan və məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş Məhkəmə yol-nəqliyyat hadisələri ekspertizasının 02 may 2025-ci il tarixli 8/753 nömrəli rəyində göstərilmişdir ki: 1a,2a. Təhqiqat tərəfindən göstərilən şəraitdə VAZ-2107 markalı 08BK927 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində tədqiq olunan şəraitdə “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkan olmuşdur. Sürücü Təqsirləndirilən şəxs avtomobili sürücülük vəsiqəsi olmadan idarə etdiyindən onun hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 33-cü maddəsinin 4-cü hissəsinin tələblərinə uyğunsuzluq olmuşdur. Sürücü Təqsirləndirilən şəxs VAZ-2107 markalı avtomobili yaşayış məntəqəsində 60 km/saat sürətdən artıq sürətlə idarə etdiyindən onun hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 2-ci hissəsinin 1-ci bəndinin tələblərinə uyğunsuzluq olmuşdur. 1b,2b. Rəyin tədqiqi hissəsində göstərilənlərə əsasən VAZ-2103 markalı 10FN130 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Şahid1 hadisənin qarşısının alınması ilə əlaqədar hərəkətləri üzrə tədqiqat aparılmır. İşin 82-ci vərəqəsində olan və məhkəmə iclasında elan olunmaqla tədqiq olunmuş Azərbaycan Respublikası DİN-nin BDYPİ Şəki Regional X1 şöbəsinin xx.xx.2025-ci il tarixli 3-13-16-6/2-614/2025 nömrəli məktubundan görünür ki, Balakən rayonu Qazma kəndində qeydiyyatda olan Təqsirləndirilən şəxs adına sürücülük vəsiqəsi aşkar edilməmişdir. İşin 106-cı vərəqəsində olan və məhkəmə iclasında elan olunmaqla tədqiq olunmuş 05 avqust 2025-ci il tarixli təqsirləndirilən şəxsin barəsində qətimkan tədbirinin seçilməsi barədə qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına verə qətimkan tədbiri seçilmişdir. İşin 78-ci vərəqəsində olan və məhkəmə iclasında elan olunmaqla tədqiq olunmuş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İşin 84-cü vərəqəsində olan və məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş Balakən rayon İHB-nın Qazma kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi tərəfindən verilmiş arayışdan görünür ki, Təqsirləndirilən şəxs Balakən rayonu Qazma kənd sakinidir. Himayəsində bacısı,arvadı,oğlu və bacısı qızı vardır. İşin 85-ci vərəqəsində olan və məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş Balakən rayon İHB-nın Qazma kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi tərəfindən verilmiş xasiyyətnamədə Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət cəhətdən xarakterizə olunur. İnzibati ərazi dairəsinə barəsində heç bir şikayət daxil olmadığı göstərilmişdir. İşin 83-cü vərəqəsində olan və məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş Balakən rayon İHB-nın Qazma kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi tərəfindən verilmiş arayışdan görünür ki, Təqsirləndirilən şəxs Balakən rayonu Qazma kəndində yaşayır. İşdə olan və məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş Zərərçəkmiş şəxs Anar qızının xx.xx.2025-ci il tarixli ərizəsində göstərilir ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs ona vurulmuş ziyanı tam ödəmişdir.Onunla barışmışdır, yüngül cəza verilməsini xahiş edir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinə əsasən: Maddə 124.1-ci maddəsinə əsasən məhkəmənin və ya cinayət prosesi tərəflərinin əldə etdiyi mötəbər dəlillər (məlumatlar, sənədlər, əşyalar) cinayət təqibi üzrə sübutlar hesab olunur. Maddə 124.1.2. Bu sübutlarla hadisənin cinayət hadisəsi olub-olmaması, törədilmiş əməldə cinayətin əlamətlərinin olub-olmaması, bu əməlin təqsirləndirilən şəxs tərəfindən törədilib-törədilməməsi, onun təqsirli olub-olmaması, habelə ittihamın düzgün həll edilməsi üçün əhəmiyyət kəsb edən hallar göstərilməlidir. Maddə 125.1. Məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. Maddə 125.2.1. İnsan və vətəndaşların konstitusiya hüquqlarının və azadlıqlarının, yaxud bu Məcəllənin digər tələblərinin pozulması ilə cinayət prosesi iştirakçılarının qanunla təminat verilən hüquqlarından məhrum etmə və ya onları məhdudlaşdırmaqla bu sübutların həqiqiliyinə hər hansı yolla təsir göstərəcəyi və ya göstərə biləcəyi halda, Azərbaycan Respublikası CPM-nin 125.2.3-cü maddəsinə əsasən şübhəli və təqsirləndirilən şəxsin müdafiə hüquqlarının… pozulması ilə, Azərbaycan Respublikası CPM-nin 125.2.7-ci maddəsinə əsasən istintaq və ya digər prosessual hərəkətlərin icraat qaydaları kobud pozuntularla aparıldıqda… əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir. Maddə 125.3. Bu Məcəllənin 125.2-ci maddəsində nəzərdə tutulmuş hallarda alınmış məlumatlar, sənədlər və əşyalar hüquqi qüvvəsi olmayan hesab edilir və onlar ittihamın düzgün həlli üçün hər hansı halın sübut olunmasında istifadə edilə bilməz. Maddə 137.Əməliyyat-axtarış fəaliyyəti nəticəsində əldə edilmiş materiallar «Əməliyyat-axtarış fəaliyyəti haqqında» Azərbaycan Respublikasının Qanununa uyğun əldə olunduqda və bu Məcəllənin tələblərinə uyğun təqdim edildikdə və yoxlanıldıqda, cinayət təqibi üzrə sübut kimi qəbul edilir. Maddə 144.Cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və birbiri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Maddə 145.1.Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Məhkəmə iş üzrə zərərçəkmiş şəxs və şahidlərin ifadələrini, məhkəmə və ibtidai istintaq hərəkətlərinin protokollarını və sair sənədləri tam, hərtərəfli və obyektiv yoxlayıb, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliliyi üzrə qiymətləndirib, həmin sübutları inandırıcı, məntiqli olduqları, ziddiyyət təşkil etmədikləri, əksinə, bir-biri ilə uyğun şəkildə işin faktiki hallarını təsdiq etdikləri üçün mötəbər sübutlar kimi qəbul edir. Məhkəmə,eyni zamanda Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 126.6-cı maddəsinin tələbinə əsasən Təqsirləndirilən şəxs ittiham olunduğu əməldə öz təqsirini etiraf etməsini iş üzrə bütün sübutların məcmuyu ilə təsdiq edildiyi üçün ona qarşı ittihamı təsdiq edən əsas kimi qəbul edir. Məhkəmə iclasında tədqiq olunmuş mümkün və mötəbər sübutların məcmuyu əsasında müəyyən olundu ki, Təqsirləndirilən şəxs yol hərəkəti qaydalarını nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan pozaraq ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurmaya səbəb olan yol-nəqliyyat hadisəsi cinayət əməlini törətmişdir. Yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması, alkoqollu içkilərin qəbulu, narkotik vasitələrdən, psixotrop maddələrdən və digər güclü təsir edən maddələrdən istifadə edilməsi nəticəsində sərxoş halda olan və ya nəqliyyat vasitələrini idarə etmək hüququ olmayan şəxs tərəfindən törədilməsi ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulmasına səbəb olduqda Cinayət Məcəlləsinin 263- 1.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlinin tərkibi yaranır. “Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 15 noyabr 2013-cü il tarixli 5 nömrəli Qərarı: 3-cü bəndində göstərilir ki, “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanunun 1-ci maddəsinin 18-ci bəndinə əsasən, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263 və 263-1.2-ci maddələrində nəzərdə tutulmuş cinayətlərin predmeti olan nəqliyyat vasitələri dedikdə mexaniki nəqliyyat vasitələri, yəni asma mühərrikli velosipedlər və tramvaylardan başqa relsli nəqliyyat vasitələri istisna olmaqla hər hansı özügedən nəqliyyat vasitələri başa düşülür. Bunlara avtomobillər, tramvaylar, trolleybuslar, operativ nəqliyyat vasitələri, qoşqular, yarımqoşqular, uzun ölçülü nəqliyyat vasitələri, özügedən maşınlar, təkərli traktorlar və motosikletlər aiddir. 4-cü bəndində isə göstərilir ki, CM-nin 263 və 263-1.1-ci maddələrində nəzərdə tutulmuş cinayətlərin subyekti yalnız yol-nəqliyyat hadisəsinin törədildiyi anda 16 yaşına çatmış, anlaqlı vəziyyətdə olan və nəqliyyat vasitəsini idarə edən şəxs ola bilər. Nəqliyyat vasitəsini idarə etmək hüququna malik olan şəxs tərəfindən CM-nin 263-cü maddəsində nəzərdə tutulmuş əməlləri törətməsi onun həmin maddə ilə cinayət məsuliyyətinə səbəb olur. Məhkəmə Azərbaycan Respublikasının Konstitusiyasının 63-cü maddəsində təsbit edilmiş təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq, məhkəmə baxışında ittihamın baxılması nəticələrinə, məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslanaraq bu nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir, onun əməlində Cinayət Məcəlləsinin 263-1.1-ci maddəsinin tərkibi vardır, təqsirləndirilən şəxs həmin cinayətin törədilməsində təqsirlidir Həmin əməlin cinayət olmasını aradan qaldıran hallar, təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur, təqsirləndirilən şəxs törətdiyi əmələ görə cəzalanmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsi: 41-ci maddəsinə görə cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. 58.1 və 58.3-cü maddələrinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir.Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. "Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 4 nömrəli, 25 iyun 2003-cü il tarixli Qərarı: 1-ci bəndində məhkəmələrə izah edilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. 2-ci bəndində göstərilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışıq əldə etməsi, cinayət nəticəsində dəymiş ziyanı könüllü olaraq tamamilə ödəməsi onun cəzasını yüngülləşdirən hallardır.Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar yoxdur. Məhkəmə Təqsirləndirilən şəxs hansı növ cəzanın təyin edilməsi məsələsinə baxaraq, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, əvvəllər məhkum olunmamasını, yaşayış yeri üzrə müsbət cəhətdən xarakterizə olunmasını, əvvəllər yol hərəkəti qaydasını pozmağa görə məsuliyyətə cəlb olunmamasını, o cümlədən cəzanı yüngülləşdirən halları, cəzanı ağırlaşdıran halların olmamasını, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxsə ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulan həddə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, həmçinin təqsirləndirilən şəxs nəqliyyat vasitələrini idarəetmə hüququndan müəyyən müddətə məhrum edilməlidir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 346.1.12-ci maddəsinə uyğun olaraq təqsirlndirilən şəxs Təqsirləndirilən şəxs təyin ediləcək cəzanın çəkilməli olub-olmaması məsələsinə baxaraq, işin hallarını, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzadan azad edilməsi, Cinayət Məcəlləsinin 70-ci maddəsinin tətbiq olunması üçün əsasların olmamasını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs ona təyin ediləcək cəzanı çəkməlidir. Cinayət Məcəlləsinin 56.1.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbirinin şərtlərinə əməl etdiyindən onun barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək qüvvədə saxlanmalıdır. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 128 (bir yüz iyirmi səkkiz) manat Təqsirləndirilən şəxs tutulub Az.MEM; VÖEN: **********; AZ34CTRE ********************,X2, KOD 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ******************** SWİFT BİK STREAZ22 hesaba keçirilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 346.1-ci və 346.1.19-cu maddələrinə uyğun olaraq məhkəmə müsadirə edilməli əmlakın olub-olmaması məsələsinə baxaraq, təqsirləndirilən şəxsin hazırkı cinayəti törətdiyi zaman cinayət yolu ilə hər hansı əmlak əldə etməməsini nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxsdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulan xüsusi müsadirə edilməli olan əmlak mövcud deyildir. İş üzrə mülki iddia və maddi sübut yoxdur. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 346.1-ci və 346.1.19-cu maddələrinə uyğun olaraq məhkəmə müsadirə edilməli əmlakın olub-olmaması məsələsinə baxaraq, təqsirləndirilən şəxsin hazırkı cinayəti törətdiyi zaman cinayət yolu ilə hər hansı əmlak əldə etməməsini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulan xüsusi müsadirə edilməli olan əmlak mövcud deyildir. Azərbaycan Respublikası CPM-nin 349-cü maddəsinin tələblərinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Məhkəmənin hökmü Azərbaycan Respublikası Konstitusiyasının, bu Məcəllənin, Azərbaycan Respublikasının cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir. Məhkəmənin hökmü məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə əsaslı hesab edilir. Kondraşinanın Rusiya Federasiyasına qarşı iş üzrə qərarında Avropa Məhkəməsi göstərmişdir ki, məhkəmələr qərar qəbul edərkən hüququn aliliyinə əməl etməlidirlər. Hüququn aliliyinin əsas cəhətlərindən biri hüquqi müəyyənlik prinsipidir ki, onun tələbinə görə məhkəmələr yekun qərarı elə qəbul etməlidirlər ki, o mübahisə olunmasın. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-354, 356 və 384.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və 01(bir) il 06(altı) ay müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 01(bir) il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs ona təyin olunmuş azadlıqdan məhrum etmə cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli onun məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək qüvvədə saxlansın. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 128 (bir yüz iyirmi səkkiz) manat Təqsirləndirilən şəxs tutulub Az.MEM; VÖEN: **********; AZ34CTRE ********************,X2, KOD 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ******************** SWİFT BİK STREAZ22 hesaba keçirilsin. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Balakən rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Hökmdən elan olunduğu andan (həbsdə olan məhkum hökmün surəti ona verildiyi andan) 20 gün müddətində Balakən Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasına apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apellyasiya şikayəti və ya protesti verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən Hümbət Səlimov
Məhkəmə qərarları › İş №1(019)-83/2025
Balakən Rayon Məhkəməsi Hökm — İş №1(019)-83/2025
01.10.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver