Məhkəmə qərarları › İş №1(019)-84/2022

Balakən Rayon Məhkəməsi Hökm — İş №1(019)-84/2022

17.08.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Balakən Rayonu İş № 1(019)-84/2022 17.08.2022 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Səlimov Hümbət Qamuna oğlunun sədrliyi, məhkəmə iclas katibi X1 katibliyi, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçi-Balakən rayon Vəkil Bürosunun vəkili Müdafiəçi,Təqsirləndirilən şəxs iştirakları ilə, TƏQSİRLƏNDİRİLƏN ŞƏXS -xx.xx.1993-cü il tarixdə Balakən rayonu İtitala kəndində anadan olmuş,Azərbaycan Respublikası vətəndaşı, evli, ali təhsilli, işsiz, məhkum olunmamış, Balakən rayonu, İtitala kəndində pasport qeydiyyatında olan və yaşayan,barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 318.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: Təqsirləndirilən şəxs qanunla müəyyən olunmuş qaydada Gürcüstandan Azərbaycan Respublikasına gələ bilmədiyi üçün Azərbaycan Respublikasına qanunsuz yolla gəlmək məqsədi ilə, 02 iyun 2022-ci il tarixdə saat 12 radələrində Azərbaycan Respublikasının mühafizə olunan dövlət sərhədini dövlət sərhədinin nəzarət-buraxılış məntəqələrindən kənarda, yəni Dövlət Sərhəd Xidməti Sərhəd Qoşunlarının N nömrəli hərbi hissəsinin Balakən rayonu ərazisində yerləşən 7-ci sərhəd zastavasının xidməti ərazisinin 3-cü sahəsindən Gürcüstandan Azərbaycan Respublikasına qəsdən qanunsuz olaraq keçdikdən sonra Dövlət Sərhəd Xidmətinin əməkdaşları tərəfindən saxlanılmışdır. Təqsirləndirilən şəxs sözügedən cinayət əməlini törətməsi məhkəmə iclasında özünün səmimi etirafedici ifadəsi, şahidlərin ifadələri və tədqiq olunan digər sənədlərlə aşağıdakı qaydada tam sübuta yetirildi. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 318.2-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, o, 2010-2015-ci illərdə X4 Universitetinin beynəlxalq iqtisadi münasibətlər fakültəsində təhsil almış, universiteti bitirdikdən sonra Tiflis şəhərində yaşayıb tərcüməçi kimi işləmişdir.2017-ci ilə kimi tərcüməçi kimi bir çox yerlərdə işləmiş, daha sonra mebellərin təmiri sexində işləmişdir. Mebellərin təmiri ilə məşğul olduğu illər ərzində maddi vəziyyəti yaxşı olduğundan tez-tez ailə üzvlərini görmək məqsədi ilə Azərbaycan Respublikasına qanuni şəkildə gəlmişdir. 2021-ci ildə "Covid-19” pandemiyası qaydalarını pozduğuna görə ona 10000 (on min) gürcü larisi cərimə tətbiq edilmişdir. Daha sonra, 2022-ci ilin əvvəllərində “çek və invois” yazmadığına görə, 19500 (on doqquz min beş yüz) gürcü larisi cərimə tətbiq edilmişdir. Maddi vəziyyəti yaxşı olmadığından ona yazılan cərimələri ödəyə bilməmişdir. X6 azyaşlı olduğundan və Balakən sərhəd nəzarət məntəqəsindən Azərbaycan Respublikası vətəndaşlarına səfirlikdən icazə qaydasında Azərbaycan Respublikasına qayıdış icazəsi verilmişdir. Bu səbəbdən ailə üzvlərini Azərbaycan Respublikasına göndərmək qərarına gəlmişdir. Dəqiq tarixi xatırlamadığı aprel ayının ortalarında ailə üzvlərini Azərbaycan Respublikasına göndərmişdir. Bir neçə gündən sonra o, Azərbaycan Respublikasına gəlmək məqsədi ilə, Tiflis şəhərində yerləşən Azərbaycan Respublikası səfirliyinə müraciət etmişdir. Təxminən 25-26 aprel aralığında Gürcüstanın Laqodexi buraxılış məntəqəsinə sərhədi keçmək üçün getmiş, ona Gürcüstan sərhəd xidmətinin əməkdaşları onun ölkədən çıxışına qadağa olduğunu bildirmişdirlər. Ona iş üzrə aidiyyəti qurumlarla əlaqə saxlamağını demişdirlər. O, aidiyyəti qurumla mobil telefon əlaqəsi yaratmış və ona bildirmişdilər ki, tətbiq edilən cəriməni ödəməmiş Gürcüstanı tərk edə bilməyəcəkdir. Lakin onun ailə üzvləri Azərbaycan Respublikasında olduğundan, övladının sənəd məsələlərini həll etməli olduğundan qərara gəlmişdir ki, qanunsuz olaraq qaçaq yolla dövlət sərhədini keçib, Gürcüstandan Azərbaycan Respublikasına qayıtsın. Bu məqsədlə də 02 iyun 2022-ci il tarixdə Gürcüstanın Tiflis şəhərindən Azərbaycan Respublikasına qanunsuz keçmək üçün Laqodexi rayonuna getmişdir. Orada gömrük keçid məntəqəsindən 200 metr sağ tərəfə meşəlik olan istiqamətə doğru hərəkət etmişdir. Həmən istiqamətə hərəkət etdikdə Azərbaycan Respublikasının gömrük nəzarət postlarını müşahidə etmişdir.Təxminən yarım saat meşəlik ərazidə hərəkət etmiş, meşənin qurtaracağına çatdıqda, onu hərbçilər görüb saxlamışdırlar. Ondan yaxınlıqda kənddə yaşayıb yaşamadığını soruşmuşdurlar. O, onlara həmən kənddə yaşamadığını və dövlət sərhədini qanunsuz keçdiyini bildirmişdir. Sonra həmin hərbi qulluqçular onu zastavaya aparmışdırlar. Əməlindən çox peşmandır. Bir daha belə hərəkətlərə yol verməyəcəkdir . Ailə vəziyyətini nəzərə alaraq ona yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki,N nömrəli hərbi hissənin 1-ci sərhəd komendantının əməliyyat müvəkkili vəzifəsində xidmət edir. xx.xx.2022-ci il tarixdə 7-ci sərhəd zastavasının xidməti ərazisindən dövlət sərhədinin pozulması barədə məlumat daxil olmuşdur. Məlumata əsasən o, kapitan Şahid1la birlikdə 7-ci sərhəd zastavasına gəlmiş və sərhəd zastavasının şəxsi heyəti ilə birlikdə axtarış tədbirləri həyata keçirtmişdirlər. Axtarış zamanı bir nəfər şəxsin 7-ci sərhəd zastavasının 3-cü sahəsinin arxa istiqamətindən kənd istiqamətinə doğru hərəkət etdiyini müşahidə etmiş və kapitan Şahid1la birlikdə həmin şəxsin kimliyini müəyyən etmək məqsədi ilə ona yaxınlaşmışdırlar. Həmin şəxs özünü Azərbaycan Respublikası vətəndaşı Balakən rayonu İtitala kənd sakini xx xxxxxx 1993-cü il təvəllüdlü Təqsirləndirilən şəxs olduğunu bildirmişdir. O, Gürcüstandan Azərbaycan Respublikasına qeyri qanuni yolla gəldiyini bildirmişdir. O, bu barədə dərhal sərhəd zastavasına məlumat verib həmin şəxsi sərhəd zastavasına gətirmişdirlər. Təqsirləndirilən şəxs saxlanılarkən heç bir qanunsuz hərəkətə yol verməmiş, onların göstərişlərinə əməl etmişdir. İş üzrə şahid qismində dindirilmiş N nömrəli hərbi hissənin 1-ci sərhəd komendantlığının mənəvi psixoloji hazırlığı üzrə müavini vəzifəsində xidmət edən Şahid1 Şahid2la eyni məzmunlu ifadə verib onun ifadəsində qeyd etdiyi xüsusatları təsdiq etmişdir. İşin 3-cü vərəqəsində olan və məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş DSXnin Sərhəd Qoşunları N nömrəli hərbi hisssənin komandiri polkovnik Əli Əliyevin 02 iyun 2022-ci il tarixli məktubunda göstərilir ki, xx.xx.2022-ci il tarixdə “2007” nömrəli hərbi hissəsinin Balakən rayonu, Poştibinə kəndi ərazisində yerləşən 7-ci sərhəd zastavasının xidməti ərazisindən Gürcüstandan Azərbaycan Respublikası istiqamətinə, dövlət sərhədini qanunsuz yolla pozmuş, Azərbaycan Respublikası vətəndaşı,1993-cü il təvəllüdlü Təqsirləndirilən şəxs sərhəd naryadları tərəfindən saxlanılmışlar. İşin 10-11-ci vərəqələrində olan və məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş xx.xx.2022-ci il tarixli hadisə yerinə baxış keçirilməsi haqqında protokoldan görünür ki, baxış keçirilən hadisə yeri Dövlət Sərhəd Xidməti Sərhəd Qoşunlarının “2007” nömrəli hərbi hissəsinin Balakən rayonu Poştibinə kəndi ərazisində yerləşən 7-ci sərhəd zastavasının 3-cü sahəsidir. Balakən rayonu Poştbinə kəndindən 7-ci sərhəd zastavasına qədər olan məsafə 2500 (iki min beş yüz) metr təşkil edir. 3-cü sahədən müqabil dövlətin ərazisində Gürcüstanın Laqodexi rayonu yerləşir, oraya qədər olan məsafə 5000( beş min) metr təşkil edir. Azərbaycan Respublikası ərazisində Balakən rayonu Poştibinə kəndi yerləşir, oraya qədər məsafə 1500 (min beş yüz) metr təşkil edir. 3-cü sahə sıx meşəlik ərazidir. Təqsirləndirilən şəxs saxlanıldığı ərazidən dövlət sərhəd xətinə qədər olan məsafə 1800 (min səkkiz yüz) metr təşkil edir. Hadisə yerinə baxış keçirilən zaman vətəndaş Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə Gürcüstandan Azərbaycan Respublikasına dövlət sərhədini qanunsuz yolla keçdiyini və sərhədçilər tərəfindən saxlanıldığını bildirmişdir. İşin 8-ci vərəqəsində olan və məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş 02 iyun 2022-ci il tarixli inzibati tutma haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs 02 iyun 2022-ci il tarixdə saat 12:15-də inzibati qaydada tutulmuşdur. İşin 38-ci vərəqəsində olan və məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş 03 iyun 2022-ci il tarixli qətimkan tədbiri seçilməsi haqqında qərardan görünür ki, həmin qərarla Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. İşin 42-ci vərəqəsində olan və məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İşin 62-ci vərəqəsində olan və məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş Balakən rayon İHB İtitala kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi tərəfindən xx.xx.2022-ci il tarixdə verilmiş 180 nömrəli arayışdan görünür ki, Təqsirləndirilən şəxs Balakən rayonunun İtitala kənd sakinidir, himayəsində işləməyən arvadı, 2019-cu il təvəllüdlü Melina və 2021-ci il təvəllüdlü Murad adında iki az yaşlı uşaqları vardır. İşin 63-cü vərəqəsində olan və məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş Balakən rayon İHB İtitala kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət cəhətdən xarakterizə olunur, barəsində kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyə heç bir yazılı və şifahi şikayət daxil olmadığı qeyd edilmişdir. Məhkəmə iş üzrə şahidlər- Şahid2 və X2 ifadələrini,məhkəmə və ibtidai istintaq hərəkətlərinin protokollarını və sair sənədləri tam, hərtərəfli və obyektiv yoxlayıb, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliliyi üzrə qiymətləndirib, həmin sübutları inandırıcı, məntiqli olduqları, ziddiyyət təşkil etmədikləri, əksinə, bir-biri ilə uyğun şəkildə işin faktiki hallarını təsdiq etdikləri üçün mötəbər sübutlar kimi qəbul edir. Məhkəmə, eyni zamanda Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 126.6-cı maddəsinin tələbinə əsasən Təqsirləndirilən şəxs ittiham olunduğu əməldə öz təqsirini etiraf etməsini iş üzrə bütün sübutların məcmuyu ilə təsdiq edildiyi üçün ona qarşı ittihamı təsdiq edən əsas kimi qəbul edir. Beləliklə məhkəmə iclasında tədqiq olunmuş mümkün və mötəbər sübutların məcmuyu ilə müəyyən edildi ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının mühafizə olunan dövlət sərhədini qəsdən, qanunsuz olaraq nəzarət-buraxılış məntəqələrindən kənarda Gürcüstandan Azərbaycan Respublikasına keçmişdir. Məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346-cı maddəsinin tələbinə uyğun olaraq təqsirləndirilən şəxsin əməlinin hüquqi tövsifi məsələsini müzakirə edərək qeyd edir ki,cinayət məsuliyyətinin əsaslarını müəyyənləşdirən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsində göstərilmişdir ki, yalnız Azərbaycan Respublikasının Cinayət Məcəlləsi ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyətini yaradır. Azərbaycan Respublikasının mühafizə olunan dövlət sərhədini müəyyən edilmiş sənədlər olmadan və ya dövlət sərhədinin nəzarət-buraxılış məntəqələrindən kənarda keçməyə görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 318.1-ci maddəsində cinayət məsuliyyəti nəzərdə tutulmuşdur. “Azərbaycan Respublikasının dövlət sərhədi haqqında” Azərbaycan Respublikasının Qanununun 1-ci maddəsinə görə Azərbaycan Respublikasının dövlət sərhədi Azərbaycan Respublikasının dövlət ərazisinin (quru və su ərazisinin, yerin təkinin, dəniz və hava fəzasının) hüdudlarını müəyyən edən xətt və bu xətt üzrə keçən şaquli səthdir. Azərbaycan Respublikasının dövlət sərhədi Azərbaycan Respublikasının dövlət suverenliyinin ərazi hüdududur. “Ölkədən getmək, ölkəyə gəlmək və pasportlar haqqında” Azərbaycan Respublikasının Qanununun 12-ci maddəsinə görə əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Qanunda nəzərdə tutulmuş qaydada xüsusi ayrılmış nəzarət məntəqələrindən keçmək şərti ilə şəxsi pasportları və beynəlxalq müqavilələrə uyğun olaraq rəsmiləşdirilmiş icazə-viza əsasında Azərbaycan Respublikasına gələ və Azərbaycan Respublikasından gedə bilərlər. Məhkəmə təqsirləndirilən şəxsin və şahidlərin ifadələrini, dövlət ittihamçısının və müdafiəçinin çıxışını dinləyib, Azərbaycan Respublikasının Konstitusiyasının 63-cü maddəsində təsbit edilmiş təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq, məhkəmə baxışında ittihamın baxılması nəticələrinə, məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslanaraq, tədqiq olunan sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq bu nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 318.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir, həmin əməldə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 318.1-ci maddəsinin tərkibi vardır, həmin əməl təqsirləndirilən şəxs tərəfindən törədilmişdir, təqsirləndirilən şəxs həmin cinayətin törədilməsində təqsirlidir,onun cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 318.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir, əməlin cinayət olmasını aradan qaldıran hallar, təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur, təqsirləndirilən şəxs törətdiyi əmələ görə cəzalanmalıdır. Cinayət Məcəlləsinin cəzanın anlayışını və məqsədini müəyyən edən 41-ci maddəsinə görə cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir.Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 9.2-ci maddəsinə əsasən cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. Cinayət Məcəlləsinin 58.1 və 58.3-cü maddələrinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamının 13.3 v. 13.4-cü bəndlərində məhkəmələrə tövsiyyə edilmişdir ki, cəzanın növü və həddi müəyyən edilərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyi əsas tutulmalı, cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirilməlidir. Sərəncamın 8-ci bəndində isə tövsiyyə edilmişdir ki, məhkəmələr tərəfindən cəzanın məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza tədbirlərinin tətbiqi genişləndirilsin. “Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr və dəyişikliklər edilməsi barədə” 11 iyun 2004-cü il tarixli 688-İİQD saylı Azərbaycan Respublikası Qanununun 3-cü hissəsinin 9-cu bəndinin və 4-cü hissəsinin 7-ci bəndinin Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin 9-cu hissəsinə uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 yanvar 2005-ci il tarixli Qərarında qeyd olunur ki, istənilən məhkəmə aktının qanuni və əsaslı hesab olunması üçün mütləq şərtlərdən biri onun ədalətli olmasıdır, çünki, ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir. "Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 4 nömrəli, 25 iyun 2003-cü il tarixli Qərarının 1-ci bəndində məhkəmələrə izah edilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Qərarın 2-ci bəndində göstərilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Təqsirləndirilən şəxs himayəsində iki nəfər azyaşlı uşağının olması Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsində nəzərdə tutulan cəzanı yüngülləşdirən haldır. Onun cəzasını ağırlaşdıran hallar yoxdur. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən ona məhz hansı növ cəzanın təyin olunması məsələsinə baxaraq, cəzanın sosial ədalətin bərpası və məhkumun islah olunması məqsədi ilə tətbiq olunmasını, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, ali təhsilli mütəxəssis olmasını, əvvəllər məhkum olunmamasını,yaşayış yeri üzrə müsbət cəhətdən xarakterizə olunmasını, cinayət əməlini səmimi etirаf etməklə əməlindən peşiman olmasını, bunun оnun ictimаi dəyərlərə və ədаlət mühаkiməsinə hörmət hissini qоruyub sаxlаmasınа dəlаlət etməsini, cəzanı yüngülləşdirən halı, cəzanı ağırlaşdıran halların olmamasını, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, eyni zamanda onun Azərbaycan Respublikasının vətəndaşı olmasını, Azərbaycan Respublikasının vətəndaşının öz ölkəsinə maneəsiz gəlmək hüququnun olmasını, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasına qanunla müəyyən edilmiş qaydada gələ bilmədiyi üçün bu cinayəti törətməsini, daha ciddi cəza növünün tətbiq edilməsi üçün əsasların olmamasını, onun cəmiyyətdən təcrid edilmədən də islah olunmasının mümkün olmasını, Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamındakı tövsiyyələri, hazırkı məhkəmə təcrübəsini nəzərə alaraq,BMT-nin həbs edilmə ilə bağlı olmayan tədbirlərə dair standart minimal Qaydalarına (Tokio Qaydaları ) uyğun olaraq cinayət işləri üzrə ədalət mühakiməsinin həyata keçirilməsində, xüsusən hüquq pozucuları ilə davranmada ictimaiyyətin daha fəal iştirak etməsini təmin etmək, hüquq pozucularında cəmiyyət qarşısında məsuliyyət hissini inkişaf etdirməyə yardım göstərmək məqsədi ilə Təqsirləndirilən şəxs оğluna təqsirli bilindiyi mаddələrin sаnksiyаsında müəyyən edilmiş həddə cərimə cəzаsının təyin edilməsini qanuni, əsaslı və ədalətli hesab edir. İş materiallarından göründüyü kimi Təqsirləndirilən şəxs hazırkı cinayət əməli ilə bağlı 02 iyun 2022-ci il tarixdə saat 12:15-də inzibati qaydada tutulmuş,03 iyun 2022-ci il tarixdə saat 16:00-dan 17:00-a kimi təqsirləndirilən şəxs qismində dindirilmiş, bundan sonra onun barəsində başqa yerə getməmək haqqında iltizam qəti imkan tədbiri seçilmiş və o azad edilmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə aşağıdakılar daxildir: 158.2.1. tutulduğu və həbsdə saxlanıldığı müddət; 158.2.2. ev dustaqlığında saxlanıldığı müddət; 158.2.3. məhkəmənin qərarı əsasında prosessual məcburiyyət tədbirlərinin tətbiqi ilə tibb müəssisəsində stasionar ekspertizanın keçirilməsi və ya müvəqqəti xəstəliyi ilə əlaqədar saxlandığı müddət. 158.2.4. Azərbaycan Respublikasının hüdudlarından kənarda tutulduğu andan Azərbaycan Respublikasının ərazisində cinayət prosesini həyata keçirən orqana təhvil verilənədək olan müddət. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.4-cü maddəsinə əsasən həbsdə saxlanılan şəxsə cərimə və ya müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə növündə əsas cəza təyin edilərkən məhkəmə həbsdə saxlama müddətini nəzərə alaraq, təyin edilmiş cəzanı yüngülləşdirir və ya şəxsi bu cəzadan tamamilə azad edir. Məhkəmə işin hallarını, Təqsirləndirilən şəxs 02 iyun 2022-ci il və 03 iyun 2022-ci il tarixlərdə bu işlə bağlı iki gün müddətə tutulub saxlanmasını, qanunvericiliyin tələblərini nəzərə alaraq hesab edir ki, onun iki gün tutulub saxlanması nəzərə alınmalı və ona təyin ediləcək cərimə cəzası yüngülləşdirilməlidir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 346.1.12-ci maddəsinə uyğun olaraq təqsirləndirilən şəxsə təyin ediləcək cəzanın çəkilməli olubolmaması məsələsinə baxaraq, işin hallarını, təqsirləndirilən şəxsin cəzadan azad edilməsi, yaxud barəsində Cinayət Məcəlləsinin 70-ci maddəsinin tətbiq olunması üçün əsasların olmamasını nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxs ona təyin ediləcək cəzanı çəkməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəsini alana kimi dəyişdirilmədən saxlanmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 346.1-ci və 346.1.19-cu maddələrinə uyğun olaraq məhkəmə müsadirə edilməli əmlakın olub-olmaması məsələsinə baxaraq, təqsirləndirilən şəxsin hazırkı cinayəti törətdiyi zaman cinayət yolu ilə hər hansı əmlak əldə etməməsini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulan xüsusi müsadirə edilməli olan əmlak mövcud deyildir. İş üzrə maddi sübut və mülki iddia yoxdur. İş materiallarından həmçinin görünür ki, Balakən Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi hazırki cinayət işi üzrə məhkəmə icraat zamanı Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsinə 10 iş saatı sərf etmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 3 may 2018-ci il tarixli, 202 №-li qərarı əsasında “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli,11 №-li qərarına edilmiş dəyişikliklərə uyğun olaraq təqsirləndirilən şəxslərin hüquqlarını müdafiə etmələrinə görə müdafiəçilərə hər iş saatı üçün 6 manat məbləğində haqq ödənilməlidir. Azərbaycan Respublikasının CPM-in 193.3-cü maddəsinə əsasən müdafiəçinin hüquqi yardımının ödənilməsi Azərbaycan Respublikası Dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Ona görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə icraatı zamanı göstərilən hüquqi yardımla bağlı Azərbaycan Respublikası Dövlət büdcəsinin vəsaiti hesabından 60 manat tutulub Balakən rayon Vəkil Bürosunun vəkili Müdafiəçi ödənilməsi üçün Balakən rayon Vəkil Bürosunun nəfinə, "xxxx" ASC-in X5 Rekvizitləri: VÖEN: **********, kod 201382, Müxbir hesab AZ37NABZ******************** hesaba köçürülməlidir. Azərbaycan Respublikası CPM-nin 349-cü maddəsinin tələblərinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Məhkəmənin hökmü Azərbaycan Respublikası Konstitusiyasının, bu Məcəllənin, Azərbaycan Respublikasının cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir. Məhkəmənin hökmü məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə əsaslı hesab edilir. Kondraşinanın Rusiya Federasiyasına qarşı iş üzrə qərarında Avropa Məhkəməsi göstərmişdir ki, məhkəmələr qərar qəbul edərkən hüququn aliliyinə əməl etməlidirlər. Hüququn aliliyinin əsas cəhətlərindən biri hüquqi müəyyənlik prinsipidir ki, onun tələbinə görə məhkəmələr yekun qərarı elə qəbul etməlidirlər ki, o mübahisə olunmasın. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356 və 384.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 318.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və 2000 (iki min) manat cərimə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.4-cü maddəsinə əsasən onun 02 iyun 2022-ci il və 03 iyun 2022-ci il tarixlərdə - iki gün müddətə tutulub saxlandığı müddət nəzərə alınaraq ona təyin edilmiş cərimə cəzası yüngülləşdirilsin və Təqsirləndirilən şəxs üzərində qəti olaraq 1800 (bir min səkkiz yüz) manat miqdarında cərimə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs ona təyin edilmiş cərimə məbləğini hökm qanuni qüvvəyə mindiyi gündən bir aydan gec olmayaraq müvafiq bank hesabına köçürməklə ödəsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəsini alana kimi dəyişdirilmədən qüvvəsində saxlansın. Hökmün icrası Balakən Rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs məhkəmə icraatı zamanı göstərilən hüquqi yardımla bağlı Azərbaycan Respublikası Dövlət büdcəsinin vəsaiti hesabından 60 manat tutulub Balakən Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi ödənilməsi üçün Balakən rayon Vəkil Bürosunun nəfinə, "xxxx" ASC-in X5 Rekvizitləri: VÖEN: **********, kod 201382, Müxbir hesab AZ37NABZ******************** hesaba köçürülsün. Hökmdən elan olunduğu andan (həbsdə olan məhkum hökmün surəti ona verildiyi andan) 20 gün müddətində Balakən Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən Hümbət Səlimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar