Məhkəmə qərarları › İş №1(019)-85/2021

Balakən Rayon Məhkəməsi Hökm — İş №1(019)-85/2021

10.11.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Balakən Rayonu İş № 1(019)-85/2021 10.11.2021 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Səlimov Hümbət Qamuna oğlunun sədrliyi, məhkəmə iclas katibi X9 qızının katibliyi, tərcüməçi X3,dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində DİMÜŞ-nin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı1, müdafiəçilər- Balakən Rayon Vəkil Bürosunun vəkilləri Müdafiəçi1 və Müdafiəçi2 Musa oğlunun, təqsirləndirilən şəxslər X2 və Təqsirləndirilən şəxs2 Georgeviçin iştirakları ilə Təqsirləndirilən şəxs X2 -xx.xx.1999-cu il tarixdə Gürcüstanda anadan olmuş, Gürcüstan vətəndaşı, subay, orta ixtisas təhsilli, işsiz, məhkum olunmamış, Gürcüstanın Tbilisi şəhərində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, barəsində həbs qətimkan tədbiri seçilmiş; Təqsirləndirilən şəxs2 Georgeviçin -xx.xx.1997-ci il tarixdə Gürcüstanda anadan olmuş, Gürcüstan vətəndaşı , subay, ali təhsilli, işsiz, məhkum olunmamış, Gürcüstanın Tbilisi şəhərində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, barəsində həbs qətimkan tədbiri seçilmiş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 318.2-ci maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Təqsirləndirilən şəxslər X7 və Davit Davitaşvili Georgeviç qabaqcadan əlbir olan bir qrup şəxs halında “Covid-19” pandemiyası səbəbindən sərhəd buraxılış məntəqələri müvəqqəti fəaliyyət göstərmədiyindən qanunla müəyyən edilmiş qaydada dövlət sərhədindən keçə bilmədikləri üçün Azərbaycan Respublikasına qanunsuz yolla gəlmək məqsədi ilə 06 iyun 2021-ci il tarixdə saat 07 radələrində Azərbaycan Respublikasının mühafizə olunan dövlət sərhədini dövlət sərhədinin nəzarət-buraxılış məntəqələrindən kənarda, yəni Dövlət Sərhəd Xidmətinin N nömrəli hərbi hissəsinin Balakən rayonu ərazisində yerləşən sərhəd zastavasının xidməti ərazisindən qəsdən qanunsuz olaraq Gürcüstandan Azərbaycan Respublikasına keçdikdən sonra Dövlət Sərhəd Xidmətinin əməkdaşları tərəfindən həmin tarixdə saat 07:30-da sərhəd pozucusu qismində saxlanılmışlar. X2 və Davit Davitaşvili Georgeviçin sözügedən cinayət əməllərini törətmələri məhkəmə iclasında özlərinin səmimi etirafedici ifadələri, şahidlərin ifadələri və tədqiq olunan digər sənədlərlə aşağıdakı qaydada tam sübuta yetirildi. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilən X1 Azərbaycan Respublikası CM-nin 318.2-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək göstərdi ki, o Gürcüstanda polis əməkdaşları tərəfindən təqib edildiyindən, həmçinin karantin rejimi ilə bağlı sərhədlərin bağlı olması səbəbindən Azərbaycan Respublikasına qanuni yolla dövlət sərhədini keçməklə gələ bilmədiyi üçün 06 iyun 2021-ci il tarixdə saat 07:30-da dostu Daviti Davitaşvili ilə birlikdə Gürcüstandan Azərbaycan Respublikası sərhədini qanunsuz keçmiş, sərhəd naryadı tərəfindən saxlanılaraq zastavaya aparılmış, şəxsi axtarış aparılmış və axtarış zamanı üzərindən qanunsuz heç nə aşkar edilməmişdir.Əməlindən çox peşmandır,xəstədir. Qeyd etdiklərini nəzərə alaraq ona yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə iclasında Təqsirləndirilən şəxs2 Georgeviç ona Azərbaycan Respublikası CM-nin 318.2-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək göstərdi ki, o, Gürcüstanda polis əməkdaşları tərəfindən təqib edildiyindən, həmçinin karantin rejimi ilə bağlı sərhədlərin bağlı olması səbəbindən Azərbaycan Respublikasına qanuni yolla dövlət sərhədini keçməklə gələ bilmədiyi üçün 06 iyun 2021-ci il tarixdə saat 07:30-da dostu Levani Xideşeli ilə birlikdə Gürcüstandan Azərbaycan Respublikası sərhədini keçmiş, lakin sərhəd naryadı tərəfindən saxlanılmış, daha sonra onlar sərhəd zastavasına gətirilmiş, sərhəd zastavasına gətirildikdən sonra şəxsi axtarış aparılmış və axtarış zamanı üzərlərindən heç nə aşkar edilməmişdir. Əməlindən çox peşmandır. İlk dəfə cinayət törətdiyini, peşman olmasını, nəzərə alaraq ona yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Sərhəd Xidmətinin N nömrəli hərbi hissəsinin 8-ci sərhəd zastavasının rəisi Şahid1 ifadəsində göstərdi ki, 06.06.2021-ci il tarixdə saat 07:30-da zastava gözətçisi əsgər Şahid2 8-ci sərhəd zastavasının xidməti ərazisinin sağ cinah 12-ci sahəsində Gürcüstandan Azərbaycan Respublikası istiqamətində 2 nəfər şəxsin hərəkət etdiyini rabitə vasitəsilə məruzə etmiş, dərhal sərhəd zastavası silaha komandasına qaldırılmış, "həyəcan qrupu” ilə birlikdə həmin şəxslərin olduğu istiqamətə doğru hərəkət etmiş, 8-ci sərhəd zastavasının xidməti ərazisinin 12-ci sahəsində Dövlət Sərhəd xəttindən 300 metr aralıda sərhəd pozucuları saxlanılmış, ilkin araşdırma zamanı məlum olmuşdur ki, həmin şəxslər Gürcüstandan Azərbaycan Respublikası istiqamətinə qanunsuz olaraq dövlət sərhədini keçərək Zaqatala şəhəri istiqamətində getməyi planlaşdıran Gürcüstan vətəndaşları Davit Davitaşvili və Levan Xidaşelidir. Daha sonra onlar sərhəd zastavasına aparılmışlar. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 Şahid1 ilə oxşar məzmunlu ifadə verərək onun göstərdiklərini təsdiq etmişdir. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş Azərbaycan Respublikası DSX-in N nömrəli hərbi hissəsinin 8-ci sərhəd zastavasının əsgəri olmuş Şahid2, Şahid3 və Şahid5 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə iclasına gəlməmişlər. Şahid2 və Şahid5 məhkəməyə teleqram göndərərək maddi vəziyyətləri ilə bağlı məhkəmə iclasına gələ bilmədiklərini, ibtidai istintaq zamanı verdiyi ifadələrini təsdiq etdiklərini bildirmişlər. Məhkəmə cinayət prosesi tərəflərini dinləyib, işdə olan sənədlərə baxaraq Azərbaycan Respublikası CPM-in 329.1-ci maddəsinə əsasən onların ibtidai istintaq zamanı verdiyi ifadələrini elan etməklə məhkəmə iclasının onların iştirakı olmadan keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə iclasında ifadəsi elan edilməklə tədqiq edilmiş şahid Azərbaycan Respublikası DSX-in N nömrəli hərbi hissəsinin 8-ci sərhəd zastavasının əsgəri olmuş Şahid2 ibtidai istintaq zamanı göstərmişdir ki,o, 06.06.2021-ci il tarixdə saat 04:00-dan 08:00-dək zastava gözətçisi xidmətinə təyin edilmişdir. Xidmətdə olduğu zaman,yəni 06 iyun 2021-ci il tarixdə saat 07:30 radələrində 8-ci sərhəd zastavasının xidməti ərazisinin sağ cinah 12-ci sahəsində Gürcüstandan Azərbaycan Respublikası istiqamətində 2 nəfər şübhəli şəxsin hərəkət etdiyini müşahidə etmişdir. Həmin zaman dərhal rabitə vasitəsi ilə aidiyyəti üzrə məruzə etmişdir. Dərhal “həyəcan qrupu” 8-ci sərhəd zastavasının rəisi baş leytenant Şahid1 başçılığı altında həmin şübhəli şəxslərin olduğu istiqamətə doğru hərəkət etmişdir. Dövlət Sərhəd Xidmətindən 300 metr aralıda həmin şəxslərin saxlanılmasını müşahidə etmişdir. Daha sonra saxlanılan iki nəfər sərhəd pozucusu 8-ci sərhəd zastavasına aparılmışdır. Sərhəd pozucuları saxlanılan zaman heç bir qarşılıqlı münasibət pozuntusu yaşanmamışdır. Məhkəmə iclasında ifadəsi elan edilməklə tədqiq edilmiş şahid Azərbaycan Respublikası DSX-in N nömrəli hərbi hissəsinin 8-ci sərhəd zastavasının əsgəri olmuş Şahid3 ibtidai istintaq zamanı göstərmişdir ki,06.06.2021-ci il tarixdə saat 07:30 radələrində zastava gözətçisi əsgər Şahid2 8-ci sərhəd zastavasının xidməti ərazisinin sağ cinah 12-ci sahəsində Gürcüstandan Azərbaycan Respublikası istiqamətinə iki nəfər şübhəli şəxsin hərəkət etdiyini rabitə vasitəsi ilə məruzə etməsi nəticəsində 8-ci sərhəd zastavasının rəisi baş leytenant Şahid1 tərəfindən sərhəd zastavası silaha komandasına qaldırılmışdır. Sərhəd zastavasının rəisi baş leytenant Şahid1 başçılığı altında “həyəcan qrupu” şübhəli şəxslərin olduğu istiqamətə doğru hərəkət etmiş və o da həmin “həyəcan qrupunun” tərkibində olmuşdur. 8-ci sərhəd zastavasının xidməti ərazisinin 12-ci sahəsində Dövlət Sərhəd Xidmətindən 300 metr aralıda həmin şəxsləri saxlamışlar. Məlum olmuşdur ki, həmin şəxslər Gürcüstan vətəndaşları Təqsirləndirilən şəxs2 və Levan Xidaşelidir.Onlar Zaqatala istiqamətində getməyi planlaşdırdıqlarını demişlər. Tərəflərindən saxlanılan iki nəfər Gürcüstan vətəndaşı olan sərhəd pozucuları 8-ci sərhəd zastavasına aparılmışlar.Sərhəd pozucuları saxlanılan zaman heç bir qarşılıqlı münasibət pozuntusu yaşanmamışdır. Məhkəmə iclasında ifadəsi elan edilməklə tədqiq edilmiş şahid Azərbaycan Respublikası DSX-in N nömrəli hərbi hissəsinin 8-ci sərhəd zastavasının əsgəri olmuş Şahid5 ibtidai istintaq zamanı göstərmişdir ki, 06.06.2021-ci il tarixdə saat 07:30-da zastava gözətçisi əsgər Şahid2 8-ci sərhəd zastavasının xidməti ərazisinin sağ cinah 12-ci sahəsində Gürcüstandan Azərbaycan Respublikası istiqamətində 2 nəfər şəxsin hərəkət etdiyini rabitə vasitəsilə məruzə etmişdir. 8-ci sərhəd zastavasının rəisi baş leytenant Şahid1 tərəfindən sərhəd zastavası dərhal silaha komandasına qaldırılmışdır. "Həyəcan qrupu” ilə birlikdə həmin şəxslərin olduğu istiqamətə doğru hərəkət etmiş, özü də “həyəcan qrupunun” tərkibində olmuşdur. 8-ci sərhəd zastavasının xidməti ərazisinin 12-ci sahəsində Dövlət Sərhəd xəttindən 300 metr aralıda sərhəd pozucuları saxlanılmış, ilkin araşdırma zamanı məlum olmuşdur ki, həmin şəxslər Gürcüstandan Azərbaycan Respublikası istiqamətinə qanunsuz olaraq dövlət sərhədini keçərək Zaqatala şəhəri istiqamətində getməyi planlaşdıran Gürcüstan vətəndaşları Davit Davitaşvili və Levan Xidaşelidir. Daha sonra onlar sərhəd zastavasına aparılmışlar.Sərhəd pozucuları saxlanılan zaman heç bir qarşılıqlı münasibət pozuntusu yaşanmamışdır. İşin 5-ci vərəqəsində olan və məhkəmə istintaqında elan olunmaqla tədqiq edilmiş DSX-nin N №-li hərbi hissə komandirinin 06.06.2021-ci il tarixli məktubundan görünür ki, 06.06.2021-ci il tarixdə dövlət sərhədini Gürcüstandan Azərbaycan Respublikası istiqamətində qanunsuz yolla keçmiş Gürcüstan vətəndaşları Təqsirləndirilən şəxs2 Georgeviç və X7 sərhəd naryadı tərəfindən saxlanılmışlar. İşin 37-38-ci vərəqələrində olan və məhkəmə istintaqında elan olunmaqla tədqiq edilmiş 06.06.2021-ci il tarixli, hadisə yerinə baxış protokolundan görünür ki, Gürcüstan vətəndaşları Təqsirləndirilən şəxs2 Georgeviç və X4 06 iyun 2021-ci il tarixdə dövlət sərhədini qanunsuz yolla Gürcüstandan Azərbaycan Respublikası istiqamətində keçdiyi ərazini göstərmiş və həmin ərazi N nömrəli hərbi hissənin 8-ci sərhəd zastavasının 12-ci sahəsi olmuşdur. İşin 167-ci vərəqəsində olan və məhkəmə istintaqında elan olunmaqla tədqiq edilmiş DSX-nin ƏABİ-dən daxil olmuş sorğuya cavabdan görünür ki,Gürcüstan vətəndaşları Təqsirləndirilən şəxs2 Georgeviç və X7 dövlət sərhədindən hərəkətləri “İAMAS” sistemində qeydə alınmamışdır. İşin 157-ci vərəqələrində olan və məhkəmə istintaqında elan olunmaqla tədqiq edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs2 Georgeviç əvvəllər məhkum olunmamışdır. İşin 90-cı vərəqəsində olan və məhkəmə istintaqında elan olunmaqla tədqiq edilmiş cinayəti törətməkdə şübhəli olan şəxsin tutulması haqqında 07 iyun 2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 Georgeviç 07 iyun 2021-ci il tarixdə saat 11:00-da şübhəli şəxs qismində tutulmuşdur. İşin 141-144-cü vərəqələrində olan Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 08 iyun 2021-ci il tarixli 4(009)-339/2021 nömrəli qərarından görünür ki, həmin qərarla Təqsirləndirilən şəxs2 Georgeviçin barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəli təqsirləndirilən şəxsin inzibati qaydada tutulduğu andan-06 iyun 2021-ci il tarixdən hesablanmışdır. İşin 158-ci vərəqələrində olan və məhkəmə istintaqında elan olunmaqla tədqiq edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən verilmiş tələbnamədən görünür ki, X7 əvvəllər məhkum olunmamışdır. İşin 69-cu vərəqəsində olan və məhkəmə istintaqında elan olunmaqla tədqiq edilmiş cinayəti törətməkdə şübhəli olan şəxsin tutulması haqqında 07 iyun 2021-ci il tarixli protokoldan görünür ki, X7 07 iyun 2021-ci il tarixdə saat 09:00-da şübhəli şəxs qismində tutulmuşdur. İşin 149-152-ci vərəqələrində olan və məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 09 iyun 2021-ci il tarixli 4(009)-338/2021 nömrəli qərarından görünür ki, həmin qərarla X2 barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəli təqsirləndirilən şəxsin inzibati qaydada tutulduğu andan-06 iyun 2021-ci il tarixdən hesablanmışdır. İş materiallarına əlavə edilmiş sağlamlıq vəziyyəti haqqında 1/05472 nömrəli arayışdan görünür ki, Levan Xidaşeli –xoralı-eroziv reflüks ezofaqit-K21, K20.0, d/yırtığı-K44, eroziv qastroduodenit-K-29.6-R29.8, K82.8-s/yollarının diskineziyası ilə xəstədir. Beləliklə məhkəmə iclasında tədqiq olunmuş mümkün və mötəbər sübutların məcmuyu ilə müəyyən edildi ki, təqsirləndirilən şəxslər Levan Xidaşeli və Davit Davitaşvili qabaqcadan əlbir olan bir qrup şəxs halında Azərbaycan Respublikasının mühafizə olunan dövlət sərhədini dövlət sərhədinin nəzarət buraxılış məntəqələrindən kənarda qəsdən qanunsuz olaraq Gürcüstandan Azərbaycan Respublikası istiqamətində keçmişdir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 346-cı maddəsinin tələbinə uyğun olaraq təqsirləndirilən şəxslərin əməlinin hüquqi tövsifi məsələsini müzakirə edərək qeyd edir ki, cinayət məsuliyyətinin əsaslarını müəyyənləşdirən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsində göstərilmişdir ki, yalnız Azərbaycan Respublikasının Cinayət Məcəlləsi ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyətini yaradır. “Azərbaycan Respublikasının dövlət sərhədi haqqında” Azərbaycan Respublikasının Qanununun 1-ci maddəsinə görə Azərbaycan Respublikasının dövlət sərhədi Azərbaycan Respublikasının dövlət ərazisinin (quru və su ərazisinin, yerin təkinin, dəniz və hava fəzasının) hüdudlarını müəyyən edən xətt və bu xətt üzrə keçən şaquli səthdir. Azərbaycan Respublikasının dövlət sərhədi Azərbaycan Respublikasının dövlət suverenliyinin ərazi hüdududur. Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsinin 15.1-ci maddəsinə əsasən əcnəbilər və vətəndaşlığı olmayan şəxslər dövlət sərhədinin buraxılış məntəqələrindən keçmək şərti ilə, pasportları və ya digər sərhədkeçmə sənədləri əsasında Azərbaycan Respublikasına gələ və Azərbaycan Respublikasından gedə bilərlər. Azərbaycan Respublikasının mühafizə olunan dövlət sərhədini müəyyən edilmiş sənədlər olmadan və ya dövlət sərhədinin nəzarət-buraxılış məntəqələrindən kənarda qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən, yaxud zor tətbiq etməklə və ya belə zor tətbiq etmə hədəsi ilə törədilməsinə görə Cinayət Məcəlləsinin 318.2-ci maddəsində cinayət məsuliyyəti nəzərdə tutulmuşdur. Məhkəmə təqsirləndirilən şəxslərin və şahidlərin ifadələrini, dövlət ittihamçısının və müdafiəçilərin çıxışlarını dinləyib, Azərbaycan Respublikasının Konstitusiyasının 63-cü maddəsində təsbit edilmiş təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq, məhkəmə baxışında ittihamın baxılması nəticələrinə, məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslanaraq, tədqiq olunan sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq bu nəticəyə gəlir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Davit Davitaşvili Azərbaycan Respublikası CM-nin 318.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişlər, həmin əməldə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 318.2-ci maddəsinin tərkibi vardır, həmin əməl təqsirləndirilən şəxslər tərəfindən törədilmişdir, təqsirləndirilən şəxslər həmin cinayətin törədilməsində təqsirlidirlər. Təqsirləndirilən şəxslər X2 və Davit Davitaşvili Georgeviçin əməlləri Azərbaycan Respublikası CM-nin 318.2-ci maddəsi ilə düzgün tövsif edilmişdir,əməllərin cinayət olmasını aradan qaldıran hallar,təqsirləndirilən şəxslərin cinayət məsuliyyətindən azad edilmələri üçün əsaslar yoxdur, təqsirləndirilən şəxslər törətdikləri əməllərə görə cəzalanmalıdırlar. Cinayət Məcəlləsinin cəzanın anlayışını və məqsədini müəyyən edən 41-ci maddəsinə görə cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cinayət Məcəlləsinin 58.1 və 58.3-cü maddələrinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. “Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr və dəyişikliklər edilməsi barədə” 11 iyun 2004-cü il tarixli 688-İİQD saylı Azərbaycan Respublikası Qanununun 3-cü hissəsinin 9-cu bəndinin və 4-cü hissəsinin 7-ci bəndinin Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin 9-cu hissəsinə uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 yanvar 2005-ci il tarixli Qərarında qeyd olunur ki, istənilən məhkəmə aktının qanuni və əsaslı hesab olunması üçün mütləq şərtlərdən biri onun ədalətli olmasıdır, çünki, ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir. "Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 4 nömrəli, 25 iyun 2003-cü il tarixli Qərarının 1-ci bəndində məhkəmələrə izah edilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Qərarın 2-ci bəndində göstərilmişdir ki,cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Təqsirləndirilən şəxs X2 əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1ci maddəsində göstərilən cəzanı yüngülləşdirən hallar və Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar yoxdur. Məhkəmə təqsirləndirilən şəxs X5 cəza təyin edərkən ona hansı növ cəzanın təyin edilməsi məsələsinə baxaraq törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, cəzanı yüngülləşdirən və cəzanı ağırlaşdıran halların olmamasını, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, CM-in 62-ci maddəsinin tətbiq olunması üçün əsasların olmamasını nəzərə alaraq hesab edir ki, onun cəmiyyətdən təcrid edilmədən islah olunması mümkün deyildir, ona görə də Levan Xidaşeli barəsində təqsirli bilindiyi CM-in 318.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş həddə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir Məhkəmə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 346.1.12-ci maddəsinə uyğun olaraq təqsirləndirilən şəxs X2 təyin ediləcək cəzanın çəkilməli olubolmaması məsələsinə baxaraq, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini,təqsirləndirilən şəxsin şəxsiyyətini, onun cəzadan azad edilməsi və barəsində CM-in 70-ci maddəsinin tətbiq edilməsi üçün əsasların olmamasını nəzərə alaraq hesab edir ki, o, təyin ediləcək cəzanı çəkməlidir. Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə uyğun olaraq o, cəzasını ümumi rejimli cəza çəkmə müəssisəsində çəkməli, cəzaçəkmə müddətinin əvvəli həbsə alındığı 06 iyun 2021-ci il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs Levan Xidaşelinin barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alana kimi dəyişdirilmədən saxlanmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs2 Georgeviçə cəza təyin edərkən ona hansı növ cəzanın təyin edilməsi məsələsinə baxaraq törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, cəzanı ağırlaşdıran halların olmamasını, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs2 də cəmiyyətdən təcrid edilmədən islah olunması mümkün deyildir, onun barəsində də CM-in 318.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş həddə azadlıqdan məhrumetmə növündə cəza təyin edilməlidir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 346.1.12-ci maddəsinə uyğun olaraq Təqsirləndirilən şəxs2 Georgeviç tərəfindən təyin ediləcək cəzanın çəkilməli olub-olmaması məsələsinə baxaraq, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, onun cəzadan azad edilməsi və barəsində CM-in 70-ci maddəsinin tətbiq edilməsi üçün əsasların olmamasını nəzərə alaraq hesab edir ki, o, təyin ediləcək cəzanı çəkməlidir. Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə uyğun olaraq o, cəzasını ümumi rejimli cəza çəkmə müəssisəsində çəkməli, cəzaçəkmə müddətinin əvvəli həbsə alındığı 06 iyun 2021-ci il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs2 Georgeviçin barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alana kimi dəyişdirilmədən saxlanmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 346.1-ci və 346.1.19-cu maddələrinə uyğun olaraq məhkəmə müsadirə edilməli əmlakın olub-olmaması məsələsinə baxaraq, təqsirləndirilən şəxslərin hazırkı cinayəti törətdiyi zaman cinayət yolu ilə hər hansı əmlak əldə etməmələrini nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Davit Davitaşvilidə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulan xüsusi müsadirə edilməli olan əmlak mövcud deyildir. Təqsirləndirilən şəxslər X7 və Təqsirləndirilən şəxs2 Georgeviç Gürcüstan vətəndaşı olduqlarından məhkəmə hesab edir ki, onların barəsində Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarma əlavə cəzasının təyin edilməsi məsələsinə də baxılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52.1-ci maddəsinə görə Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarma cəzası bir ildən artıq müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilən əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslərə təyin edilir və onlar əsas cəza növünü çəkdikdən sonra icra edilir.Bir ildən artıq olmayan müddətə azadlıqdan məhrum etmə cəzasına və ya azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəzaya məhkum edilən əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslərə bu Məcəllənin 58.3-cü maddəsində göstərilmiş hallar nəzərə alınmaqla Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarma cəzası təyin edilə bilər. Məhkəmə X2 və Təqsirləndirilən şəxs2 Georgeviçin Gürcüstan vətəndaşı olmalarını,Cinayət Məcəlləsinin 52.2-ci maddəsində göstərilən halların olmamasını nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxslər Levan Xidaşelinin və Təqsirləndirilən şəxs2 barəsində Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarma əlavə cəzası da təyin edilməli, məhkumluqları ödənilənədək və ya götürülənədək Azərbaycan Respublikasına gəlmək hüququ məhdudlaşdırılmalıdır. İş üzrə maddi sübut və mülki iddia yoxdur. İş materiallarından həmçinin görünür ki, məhkəmə icraatı zamanı Balakən rayon Vəkil Bürosunun vəkili Müdafiəçi1 təqsirləndirilən şəxs X2 hüquqlarının müdafiəsinə 14 iş saatı və həmin Vəkil Bürosunun vəkili Müdafiəçi2 Təqsirləndirilən şəxs2 hüquqlarının müdafiəsinə 14 iş saatı vaxt sərf etmişdir. Azərbaycan Respublikası CPM-nin 193.2-193.3-cü maddələrinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Məhkəmə şübhəli və ya təqsirləndirilən şəxsin orta aylıq gəlirini, maddi, əmlak və ailə vəziyyətini, habelə digər halları nəzərə alaraq həmin şəxsin müdafiəçi tərəfindən göstərilən hüquqi yardımı ödəməkdən azad edilməsi və ödəmənin Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilməsi barədə əsaslandırılmış qərar qəbul edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 3 may 2018-ci il tarixli, 202 №-li qərarı əsasında “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli, 11 №-li qərarına edilmiş dəyişikliklərə uyğun olaraq təqsirləndirilən şəxslərin hüquqlarını müdafiə etmələrinə görə müdafiəçilərə hər iş saatı üçün 6 manat məbləğində haqq ödənilməlidir. Məhkəmə hesab edir ki, dövlət büdcəsi vəsaitindən məhkəmə icraatı zamanı təqsirləndirilən şəxs X2 göstərilən hüquqi yardıma görə Balakən rayon Vəkil Bürosunun vəkili Müdafiəçi1 hesabına 84 manat, Təqsirləndirilən şəxs2 Georgeviçə göstərilən hüquqi yardıma görə Müdafiəçi2 84 manat ödənilməsi üçün ümumilikdə 168 manat vəsait Balakən rayon Vəkil Bürosunun nəfinə, "xxxx" ASC-nin X8 Rekvizitləri: VÖEN-**********, kod 201382, Müxbir hesab AZ37NABZ******************** hesaba köçürülməlidir.. Məhkəmə, iş materiallarına istinad edib, tərcüməçinin hazırki iş üzrə bütün məhkəmə proseslərində iştirakını, onun gündəlik və nəqliyyat xərclərini, həmçinin ədalət və ağlabatanlıq prinsiplərini nəzərə alaraq, hesab edir ki, hazırki iş üzrə göstərilən tərcümə xidməti ilə bağlı Azərbaycan Respublikası Dövlət büdcəsinin vəsaiti hesabından tərcüməçi X6 çağırışa və gündəlik xərclərə,habelə tərcüməyə görə 90 (doxsan) manat məbləğ ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 197.1.2-ci maddəsinə əsasən o cümlədən pulsuz hüquqi yardım göstərmiş müdafiəçiyə, tərcüməçiyə çağırışa və gündəlik xərclərə görə ödənilmiş məbləğ məhkəmə məsrəflərinə daxildir. Azərbaycan Respublikası CPM-nin 346.1.21-ci maddəsinə əsasən məhkəmə xərclərinin kimin üzərinə və hansı məbləğdə qoyulmalı olduğu məhkəmə baxışının nəticələrinə dair müşafirə otağında müzakirə edilməlidir. Azərbaycan Respublikası CPM-nin 353.5.4-cü maddəsinə əsasən mülki iddianın həlli və məhkəmə xərclərinin ödənilməsi (kimin və hansı məbləğdə ödəməsi) bəraət hökmünün nəticəsi hissəsində göstərilməlidir. Azərbaycan Respublikası CPM-nin 349-cü maddəsinin tələblərinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Məhkəmənin hökmü Azərbaycan Respublikası Konstitusiyasının, bu Məcəllənin, Azərbaycan Respublikasının cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir. Məhkəmənin hökmü məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə əsaslı hesab edilir. Kondraşinanın Rusiya Federasiyasına qarşı iş üzrə qərarında Avropa Məhkəməsi göstərmişdir ki, məhkəmələr qərar qəbul edərkən hüququn aliliyinə əməl etməlidirlər. Hüququn aliliyinin əsas cəhətlərindən biri hüquqi müəyyənlik prinsipidir ki, onun tələbinə görə məhkəmələr yekun qərarı elə qəbul etməlidirlər ki, o mübahisə olunmasın. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356 və 384.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs X7 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 318.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin, 1(bir) il 6 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 06 iyun 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs X2 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alana kimi dəyişdirilmədən saxlansın. Təqsirləndirilən şəxs2 Georgeviç Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 318.2ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin, 1(bir) il 6 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 06 iyun 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs2 Georgeviçin barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alana kimi dəyişdirilmədən saxlansın. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52.1-ci maddəsi tətbiq olunmaqla təqsirləndirilən şəxslər X7 və Təqsirləndirilən şəxs2 Georgeviç əsas cəzasını çəkdikdən sonra Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarılsınlar, məhkumluqları ödənilənədək və ya götürülənədək Azərbaycan Respublikasına gəlmək hüquqları məhdudlaşdırılsın. Dövlət büdcəsi vəsaitindən məhkəmə icraat zamanı təqsirləndirilən şəxs X5 göstərilən hüquqi yardıma görə Emçiyeva Məlahət Maisovnaya ödənilməsi üçün 84 manat və Təqsirləndirilən şəxs2 Georgeviçə göstərilən hüquqi yardıma görə Müdafiəçi2 ödənilməsi üçün 84 manat, ümumilikdə 168 manat vəsait Balakən rayon Vəkil Bürosunun "xxxx" ASC-nin X8 Rekvizitləri: VÖEN-**********, kod 201382, Müxbir hesab AZ37NABZ******************** hesaba köçürülsün. Hazırki iş üzrə göstərilən tərcümə xidməti ilə bağlı Azərbaycan Respublikası Dövlət büdcəsinin vəsaiti hesabından 90(doxsan) manat tərcüməçi X3 "xxxx" ASC-nin Bank Rekvizitləri: VÖEN-**********, kod İBAZAZ2X, Müxbir hesab AZ03NABZ********************, müştərinin hesabı AZ11/BAZ******************** hesabına ödənilsin. Hökmdən elan olunduğu andan (həbsdə olan məhkum hökmün surəti ona verildiyi andan) 20 gün müddətində Balakən Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən Hümbət Səlimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar