Azərbaycan Respublikası adından HÖKM Balakən Rayonu İş № 1(019)-87/2021 13.10.2021 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Səlimov Hümbət Qamuna oğlunun sədrliyi, məhkəmə iclas katibi X13 qızının katibliyi, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində DİMÜŞ-nin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçi Balakən rayon Vəkil Bürosunun vəkili Müdafiəçi və Təqsirləndirilən şəxs iştirakları ilə Təqsirləndirilən şəxs - xx.xx.1992-ci ildə Balakən rayon Mahamalar kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işsiz, məhkumluğu olmayan ünvan 1 ünvanda daimi yaşayan, barəsində polisin nəzarəti altına qətimkan tədbiri seçilmiş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Təqsirləndirilən şəxs 16 may 2021-ci il tarixdə saat 16 radələrində Bakı şəhəri Binəqədi rayonu ərazisində yerləşən Bakı Beynəlxalq Avtovağzal Kompleksinin yaxınlığında piyada gedərkən yolun kənarından yerdən taparaq qəsdən, satış məqsədi olmadan, qanunsuz olaraq, şəxsi istehlak miqdarından artıq miqdarda, yəni 01 ədəd sellofan bükümdə təmiz çəkisi 0,456 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroini əldə edib üzərində daşıyaraq Balakən rayon ərazisinə gətirmiş və öz istifadəsi məqsədi ilə üzərində saxlamışdır. 15 iyul 2021-ci il tarixdə Əliyev X5 RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş tədbirlər nəticəsində RPŞ-nə dəvət edilərək şübhəli şəxs qismində tutulduqdan sonra saat 22:20-dən saat 23:00-dək üzərində şəxsi axtarış aparılan zaman onun qəsdən, satış məqsədi olmadan, qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda əldə edib daşıyaraq öz istifadəsi məqsədi ilə üzərində saxladığı həmin 01 ədəd sellofan bükümdə təmiz çəkisi 0,456 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin əynindəki göy rəngli cins şalvarın sağ yan kiçik cibindən aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs həmin cinayət əməlini törətməsi məhkəmə iclasında özünün etirafedici ifadəsi, şahidlərin ifadələri və məhkəmə iclasında tədqiq olunan digər sübutlarla aşağıdakı qaydada tam sübuta yetirildi. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək göstərdi ki, hal-hazırda atası Fərhad Əliyev və anası Elmira Əliyeva ilə birlikdə Balakən şəhəri N.Nərimanov küçəsi ev 41 ünvanında yaşayır. Heç yerdə işləmir. 2 ay əvvəl, yəni 16 may 2021-ci il tarixdə saat 16 radələrində Bakı şəhəri Binəqədi rayonunda yerləşən avtovağzalın ərazisində olduğu zaman avtomobillərin hərəkət etdiyi yolun kənarında 1 ədəd sellofan bükümün olduğunu görmüşdür. Həmin sellofan büküm diqqətini çəkdiyi üçün yerdən götürmüş, həmin 1 ədəd sellofan bükümün içərisinə baxdığı zaman bükümün içərisində narkotik vasitə “kokos” kimi tanıdığı ekspertizanın rəyindən sonra adı ona məlum olan narkotik vasitə heroin olduğunu görmüşdür. Daha sonra həmin 1 ədəd sellofan bükümdə olan narkotik vasitə heroini əynindəki cins şalvarın kiçik sağ cibinə qoymuş və şəxsi istifadəsi üçün üzərində saxlamışdır. Bundan sonra isə Bakı avtovagzalından avtomobil ilə Balakən rayonuna gəlmişdir. Həmin sellofan bükümdə olan narkotik vasitə heroin şalvarının sağ tərəfində olan kiçik cibində sellofanın içərisində qalmışdır. Həmçinin Bakıdan gəldikdən 3 gün sonra Balakən rayonunda olduğu zaman həmin narkotik vasitə heroindən cüzi miqdarda bir dəfə istifadə etmiş və geri qalan hissəsini isə gələcəkdə istifadə etmək üçün üzərində saxlamışdır.Üzərində narkotik vasitə heroin saxlamağından heç kimin xəbəri olmamışdır. Həmin narkotik vasitə heroin həmin gündən şalvarının sağ yan kiçik cibində qalmışdır. Təxminən 2-3 aydır ki, narkotik vasitə heroindən istifadə edir.Lakin mütəmadi istifadə etmir.15.07.2021-ci il tarixdə polis əməkdaşları Balakən şəhər ərazisində ona yaxınlaşaraq üzərində qanunsuz olaraq narkotik vasitə saxlamaqda şübhəli olduğundan onu Balakən RPŞ-yə dəvət etmişlər. Polis şöbəsində onu şübhəli şəxs kimi tutmuşlar, vəkillər siyahısından seçmiş olduğu vəkil X8 və polis əməkdaşlarının iştirakı ilə üzərində şəxsi axtarış aparmışlar. Şəxsi axtarış zamanı təhqiqatçı ona üzərində narkotik vasitə, yaxud qadağan edilmiş əşya olub-olmamasını soruşduqda o, əynindəki göy rəngli cins şalvarın sağ yan kiçik cibində saxladığı 1 ədəd sellofan bükümdəki narkotik vasitə heroini polis əməkdaşlarına təqdim etmişdir.Onun təqdim etdiyi 1 ədəd sellofan bükümdə saxladığı narkotik vasitə heroin elektron tərəzidə çəkilmiş və üzərindəki sellofan bükümlə birlikdə ümumi çəkisi 0.67 qram təşkil etmişdir. Daha sonra həmin sellofan büküm ağ rəngli kağız zərfə qoyulub möhürlənib götürülmüşdür.Onun üzərindən başqa qanunsuz heç bir əşya, vasitə aşkar edilməmişdir.Ekspert rəyi ilə tanış olduqdan sonra isə üzərində aşkar edilmiş 1 ədəd sellofan bükümdəki narkotik vasitə heroinin təmiz çəkisi 0,456 qram olduğu ona məlum olmuşdur.Törətdiyi əməlindən çox peşimandır. Bir daha belə əməllərə yol verməyəcəkdir. Barəsində yüngül cəza təyin olunmasını xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, hazırda Balakən RPŞ-nin Cinayət Axtarış Bölməsinin baş əməliyyat müvəkkili vəzifəsində çalışır.15 iyul 2021-ci il tarixdə Balakən şəhər sakini Təqsirləndirilən şəxs üzərində qanunsuz olaraq narkotik vasitə saxlamaqda şübhəli bilinərək tərəfindən Polis Şöbəsinə dəvət olunmuşdir. Təqsirləndirilən şəxs Polis şöbəsinə gəldikdən sonra üzərində şəxsi axtarış aparılması üçün Təhqiqat Bölməsinin təhqiqatçısı Natiq Muradov tərəfindən şübhəli şəxs qismində tutulmuş, daha sonra dəvət olunmuş müdafiəçi X4, Balakən RPŞ-nin PPXB-nin manqa komandiri Şahid2, Balakən RPŞ-nin KTQ-nın baş inspektor X1 və onun iştirakı ilə şübhəli şəxs Təqsirləndirilən şəxs təhqiqatçı tərəfindən hüquq və vəzifələri izah olunaraq üzərində şəxsi axtarış aparılacağı bildirilmişdir. Üzərində şəxsi axtarış aparılmamışdan əvvəl Təqsirləndirilən şəxs üzərində olan qanunsuz əşyaları könüllü təqdim etməsi təklif olunmuş, bu təklifdən sonra Təqsirləndirilən şəxs əynindəki göy rəngli cins şalvarın sağ yan kiçik cibindən bir ədəd sellofan bükümü çıxarıb təqdim etmişdir. Daha sonra isə həmin sellofan bükümün içərisində kokos adlandırdığı narkotik vasitə heroin olduğunu bildirmişdir.Həmin sellofan bükümün içərisinə baxılarkən sellofan bükümün içərisində qəhvəyi rəngli tozşəkilli narkotik vasitə heroinə oxşar kütlə olması müəyyən edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmış, lakin üzərindən digər hər hansı qanunsuz əşya və ya predmet aşkar edilməmişdir. Daha sonra da içərisində narkotik vasitə heroinə oxşar kütlə sellofan bükümlə birlikdə elektron tərəzi vasitəsi ilə çəkilmiş, çəkisinin 0,67 qram olması müəyyən edilmişdir. Aşkar edilmiş 01 ədəd sellofan büküm təhqiqatçı tərəfindən ağ rəngli kağız zərfə qoyulub qablaşdırılmış və zərf bütün iştirakçılar tərəfindən imzalanmışdır. Həmçinin Təqsirləndirilən şəxs əlavə olaraq bildirmişdir ki, üzərindən aşkar edilmiş 01 ədəd sellofan bükümdə olan narkotik vasitə heroinə oxşar kütləni 1,5-2 ay əvvəl Bakı şəhərində avtovagzalın yaxınlığında küçədə sellofan bükümdə tapmışdır, bir hissəsini istifadə etmiş, geri qalan hissəsini isə öz şəxsi istifadəsi üçün üzərində saxlamışdır. Şəxsi axtarış zamanı Balakən RPŞ-nin KTQ-nın baş inspektor X2 videokamera vasitəsi ilə axtarış prosesini fasiləsiz olaraq qeydə almışdır. Cinayət işi üzrə şahid qismində dindirilmiş Balakən RPŞ-nin PPXB-nin manqa komandiri Şahid2 Şahid1 ilə eyni məzmunlu ifadə verərək onun ifadəsində göstərdiklərini təsdiq etmişdir. İşin 22-25-ci vərəqələrində olan və məhkəmə iclasında elan olunmaqla tədqiq olunmuş 15 iyul 2021-ci il tarixli şübhəli şəxsin üzərində şəxsi axtarış aparılması barədə protokoldan görünür ki,Balakən şəhər sakini Təqsirləndirilən şəxs üzərində narkotik vasitə saxlamaqda şübhəli olduğundan Balakən rayon polis şöbəsinə dəvət edilmiş, təhqiqatçı Natiq Muradov tərəfindən şübhəli şəxs qismində tutulmuşdur. Şəxsi axtarış zamanı ona təqdim edilmiş Balakən rayonun vəkil bürosunun vəkillərindən seçmiş olduğu vəkil X4 və şəxsi axtarışda iştirak edən polis əməkdaşlarının iştirakı ilə şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış aparılmamışdan əvvəl Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsində nəzərdə tutulmuş hüquq və vəzifələri izah edilmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərində narkotik vasitə yaxud qadağan edilmiş əşya olub-olmaması barədə təhqiqatçı Natiq Muradov tərəfindən sual verilmişdir. Əgər üzərində narkotik vasitə yaxud qadağan edilmiş əşya vardırsa təqdim etməsi təklif edilmişdir. Bu zamanı Təqsirləndirilən şəxs əynindəki göy rəngli cins şalvarın sağ yan kiçik cibindən bir ədəd sellofan büküm çıxarıb təqdim etmiş və həmin bükümdə narkotik vasitə “kokos” yəni heroin olduğunu bildirmişdir. Bundan əlavə Təqsirləndirilən şəxs sağ cibində olan 2 manat məbləğində pulu təqdim etmişdir. Təqsirləndirilən şəxs üzərində saxladığı narkotik vasitə heroinə oxşar maddəni 1,5-2 ay əvvəl Bakı şəhərində avtovagzalın yaxınlığında küçədə 1 ədəd sellofan bükümdə tapdığını şəxsi istifadəsi üçün üzərində saxladığını bir hissəsini isə cəmi 1 dəfə istifadə etdyini bildirmişdir.Təqsirləndirilən şəxs təqdim etdiyi sellofan həmin büküm ilə birlikdə elektron tərəzidə çəkilərkən 0,67 qram olması müəyyən edilmişdir. Həmin kütlə 01 ədəd kağız zərfə qoyulmuş və möhürlənərək təhqiqatçı tərəfindən götürülmüşdür. Şəxsi axtarış prosesi davam etdirilərkən Təqsirləndirilən şəxs üzərində əlavə olaraq narkotik vasitə və qadağan edilmiş əşya aşkar edilməmişdir.Həmçinin Təqsirləndirilən şəxs şəxsi axtarış zamanı təqdim etdiyi 2 manat məbləğində pulu özünə qaytarılmışdır. Şəxsi axtarış “Panasonic” markalı videokamera vasitəsi ilə qeydə alınmışdır və 01 ədəd DVD disk gələcəkdə protokola əlavə olunmuşdur.Protokol tərtib olunmuş, doğruluğu imzalarla təsdiq olunmuşdur. İşin 95-ci vərəqəsində olan və məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş Gəncə Səhiyyə İdarəsinin Rayonlararası Narkoloji dispanserinin 03 avqust 2021-ci il tarixli 899 saylı rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs narkotik vasitə heroindən epizodik istifadə etmə halları olub, narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı yoxdur. Narkoloji kabinetdə profilaktiki qeydiyyata alınması məsləhət görülür. İşin 31-33-cü vərəqələrində olan və məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza X11 Bölməsinin 16 iyul 2021-ci tarixli, 17/516 nömrəli rəyində göstərilmişdir ki, tədqiqata təqdim olunmuş üzərində “Vət.Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş maddə ....” sözləri yazılmış zərfin içərisindəki 01 (bir) ədəd sellofan bükümdə təmiz çəkisi 0,456 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə-heroindir. İşin 17-ci vərəqəsində olan və məhkəmə iclasında elan olunmaqla tədqiq olunmuş 15 iyul 2021-ci il tarixli cinayət işi başlanana kimi şəxsi tutma protokolundan görünür ki, 15 iyul 2021-ci ildə saat 22:00-da Təqsirləndirilən şəxs oğlu Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuş və Balakən RPŞ-nin MSY-də saxlanılmışdır. İşin 79-80-cı vərəqələrində olan və məhkəmə istintaqında elan olunmaqla tədqiq edilən 17 iyul 2021-ci il tarixli qətimkan tədbirinin seçilməsi barədə qərardan görünür ki, Təqsirləndirilən şəxs oğlunun MSY-dən azad edilməsi, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilməsi qərara alınmış və qərar icra edilməsi üçün surəti Balakən RPŞ-nə göndərilmişdir. İşin 92-ci vərəqəsində olan və məhkəmə iclasında elan olunmaqla tədqiq olunmuş Balakən rayon İHB-nın şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəsi tərəfindən verilmiş 16.08.2021-ci il tarixli 1388 nömrəli arayışdan görünür ki, Təqsirləndirilən şəxs oğlu Balakən şəhəri N.Nərimanov küçəsi 41 nömrəli evdə yaşayır, himayəsində işləməyən ata ,anası vardır. İşin 93-cü vərəqəsində olan və məhkəmə iclasında elan olunmaqla tədqiq olunmuş Balakən rayon İH -nın şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəsi tərəfindən verilmiş xasiyyətnamədə Təqsirləndirilən şəxs oğlu yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Barəsində nümayəndəliyə heç bir şikayət daxil olmadığı göstərilir. İşin 89-90-cı vərəqəsində olan və məhkəmə iclasında elan olunmaqla tədqiq olunmuş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 15.01.2011-ci il tarixli hökmü ilə CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinib 1 il 4 ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Qaradağ Rayon Məhkəməsinin 07.08.2014-cü il tarixli qərarı ilə CM-in 76.3.1ci maddəsinə əsasən 5 ay 19 gün vaxtından əvvəl şərti azad edilmişdir, məhkumluğu olmayan şəxsdir. Məhkəmə iş üzrə şahidlər- Şahid1 və Şahid2 ifadələrini, ekspertiza rəylərini, məhkəmə və ibtidai istintaq hərəkətlərinin protokollarını və sair sənədləri tam, hərtərəfli və obyektiv yoxlayıb, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliliyi üzrə qiymətləndirib, həmin sübutları inandırıcı, məntiqli olduqları, ziddiyyət təşkil etmədikləri, əksinə, bir-biri ilə uyğun şəkildə işin faktiki hallarını təsdiq etdikləri üçün mötəbər sübutlar kimi qəbul edir. Məhkəmə, eyni zamanda Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 126.6-cı maddəsinin tələbinə əsasən Təqsirləndirilən şəxs oğlunun ittiham olunduğu əməldə öz təqsirini etiraf etməsini iş üzrə bütün sübutların məcmuyu ilə təsdiq edildiyi üçün ona qarşı ittihamı təsdiq edən əsas kimi qəbul edir. Məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346-cı maddəsinin tələbinə uyğun olaraq təqsirləndirilən şəxsin əməlinin hüquqi tövsifi məsələsinə baxaraq qeyd edir ki, məhkəmə iclasında tədqiq olunmuş mümkün və mötəbər sübutların məcmuyu ilə müəyyən edildi ki, Təqsirləndirilən şəxs qəsdən qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə əldə etmə, daşıma və saxlama cinayət əməlini törətmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsində göstərilmişdir ki, yalnız Azərbaycan Respublikasının Cinayət Məcəlləsi ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyətini yaradır. Satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə və ya saxlamağa görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində cinayət məsuliyyəti nəzərdə tutulmuşdur. "Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi haqqında" Azərbaycan Respublikası Qanununun 1.0.5-ci madəsinə görə narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi-Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələr, psixotrop maddələr və onların prekursorları ilə bağlı törədilən hər hansı hərəkətlərdir. Həmin Qanunun 1.0.8-ci maddəsinə görə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlərdir. Həmin Qanunun 1.0.9-cu maddəsinə görə narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi-həyata keçirilməsi üsulundan asılı olmayaraq, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlərdir. Həmin Qanunun 1.0.10-cu maddəsinə görə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması-məqsədindən asılı olmayaraq, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlərdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 04 mart 2011-ci il tarixli 02 nömrəli qərarının 4-cü bəndinə görə törədilmiş cinayət əməlinin CM-in 234.1-ci maddəsi ilə tövsif olunması yalnız təqsirkarın bu cinayətin predmetini şəxsi istehlak miqdarından artıq miqdarda əldə etməsi və saxlaması müəyyən edildikdə mümkündür. Narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak miqdarından artıq miqdarı “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə külli miqdarına görə siyahısının təsdiq edilməsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə müəyyən olunmuşdur. Həmin siyahıda bu miqdar heroin üçün 0,15 qram müəyyən edilmişdir. Məhkəmə təqsirləndirilən şəxsin və şahidlərin ifadələrini, dövlət ittihamçısının və müdafiəçinin çıxışlarını dinləyib, işdə olan ekspertiza rəylərini və digər sənədləri bilavasitə tədqiq edib, bu sübutları tam, hərtərəfli və obyektiv yoxlayıb, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib, Azərbaycan Respublikasının Konstitusiyasının 63-cü maddəsində təsbit edilmiş təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq, məhkəmə baxışında ittihamın baxılması nəticələrinə əsaslanaraq, tədqiq olunan sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq bu nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir, həmin əməldə Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin tərkibi vardır, həmin əməl təqsirləndirilən şəxs tərəfindən törədilmişdir, təqsirləndirilən şəxs həmin cinayətin törədilməsində təqsirlidir, onun cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir, əməlin cinayət olmasını aradan qaldıran hallar, təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur, təqsirləndirilən şəxs törətdiyi əmələ görə cəzalanmalıdır. Cinayət Məcəlləsinin cəzanın anlayışını və məqsədini müəyyən edən 41-ci maddəsinə görə cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cinayət Məcəlləsinin 58.1 və 58.3-cü maddələrinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. "Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 4 nömrəli, 25 iyun 2003-cü il tarixli Qərarının 1-ci bəndində məhkəmələrə izah edilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Qərarın 2-ci bəndində göstərilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1-ci maddəsində nəzərdə tutulan cəzasını yüngülləşdirən hallar və Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar yoxdur. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən ona hansı növ cəzanın təyin olunması məsələsinə baxaraq, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, əməlini etiraf etməklə əməlindən peşiman olmasını, yaşayış yeri üzrə müsbət cəhətdən xarakterizə olunmasını, cəzanı ağırlaşdıran halların olmamasını, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, eyni zamanda ona azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsinin cəzanın məqsədlərini təmin edə bilməyəcəyini, onun cəmiyyətdən təcrid edilmədən islah olunmasının mümkün olmayacağını nəzərə alaraq ona CM-in 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan həddə azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsini qanuni, əsaslı və ədalətli hesab edir. Onun 15 iyul 2021-ci il tarixdən 17 iyul 2021-ci il tarixədək şübhəli şəxs qismində tutulub saxlandığı 02 (iki) gün müddət Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən təyin ediləcək cəzanın müddətinə hesablanmaqla həmin cəzadan çıxılmalıdır. O, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə uyğun olaraq cəzasını ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkməlidir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 346.1.12-ci maddəsinə uyğun olaraq Təqsirləndirilən şəxs tərəfindən ona təyin ediləcək cəzanın çəkilməli olub-olmaması məsələsinə baxaraq, işin hallarını, təqsirləndirilən şəxsin cəzadan azad edilməsi, yaxud barəsində Cinayət Məcəlləsinin 70-ci maddəsinin tətbiq olunması üçün əsasların olmamasını nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxs ona təyin ediləcək cəzanı çəkməlidir. Təqsirləndirilən şəxs oğlu barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri dəyişdirilərək, onun barəsində həbs qətimkan tədbiri seçilməli, o məhkəmə iclas zalında həbs edilməlidir. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alana kimi dəyişdirilmədən saxlanmalıdır. Təqsirləndirilən şəxs narkoloji kabinetdə profilaktiki qeydiyyata alınması üçün hökmün surəti yaşayış yeri üzrə Balakən Rayon Mərkəzi X9 Şəxsinə göndərilməlidir. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri olan 71.94 (yetmiş bir manat 94 qəpik) manat Təqsirləndirilən şəxs tutulub Az. MEM; VÖEN **********; AZ34CTRE********************, X3, KOD 210005, VÖEN ********** Müxbir hesab AZ41NABZ ******************** SWİFT BİK CTREAZ22 hesaba köçürülməlidir. İş üzrə maddi sübut kimi tanınmış və ekspert tədqiqatından sonra Balakən rayon polis şöbəsində saxlanılan ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş.ekspert tədqiqatından sonra qalıq təmiz çəkisi 0,406 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroin hökm qanuni qüvvəsini aldıqdan sonra tam həcmdə məhv edilməlidir. İş üzrə maddi sübut olan bir ədəd DVD diski cinayət işinin materiallarında saxlanmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 346.1-ci və 346.1.19-cu maddələrinə uyğun olaraq məhkəmə müsadirə edilməli əmlakın olub-olmaması məsələsinə baxaraq, təqsirləndirilən şəxsin hazırkı cinayəti törətdiyi zaman cinayət yolu ilə hər hansı əmlak əldə etməməsini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulan xüsusi müsadirə edilməli olan əmlak mövcud deyildir. İş üzrə mülki iddia yoxdur. İş materiallarından həmçinin görünür ki, Balakən rayon Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmə icraat zamanı Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsinə 7 iş saatı sərf etmişdir. Azərbaycan Respublikası CPM-nin 193.2-193.3-cü maddələrinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Məhkəmə şübhəli və ya təqsirləndirilən şəxsin orta aylıq gəlirini, maddi, əmlak və ailə vəziyyətini, habelə digər halları nəzərə alaraq həmin şəxsin müdafiəçi tərəfindən göstərilən hüquqi yardımı ödəməkdən azad edilməsi və ödəmənin Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilməsi barədə əsaslandırılmış qərar qəbul edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 3 may 2018-ci il tarixli, 202 №-li qərarı əsasında “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli,11 №-li qərarına edilmiş dəyişikliklərə uyğun olaraq təqsirləndirilən şəxslərin hüquqlarını müdafiə etmələrinə görə müdafiəçilərə hər iş saatı üçün 6 manat məbləğində haqq ödənilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə icraatı zamanı göstərilən hüquqi yardımla bağlı Azərbaycan Respublikası Dövlət büdcəsinin vəsaiti hesabından 42 manat tutulub vəkil Müdafiəçi ödənilməsi üçün Balakən rayon Vəkil Bürosunun nəfinə, "xxxx"ASC-in X10 Rekvizitləri: VÖEN **********, kod 201382, Müxbir hesab AZ37NABZ013501**********1944 hesaba köçürülməlidir. Azərbaycan Respublikası CPM-nin 349-cü maddəsinin tələblərinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Məhkəmənin hökmü Azərbaycan Respublikası Konstitusiyasının, bu Məcəllənin, Azərbaycan Respublikasının cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir. Məhkəmənin hökmü məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə əsaslı hesab edilir. Kondraşinanın Rusiya Federasiyasına qarşı iş üzrə qərarında Avropa Məhkəməsi göstərmişdir ki, məhkəmələr qərar qəbul edərkən hüququn aliliyinə əməl etməlidirlər. Hüququn aliliyinin əsas cəhətlərindən biri hüquqi müəyyənlik prinsipidir ki, onun tələbinə görə məhkəmələr yekun qərarı elə qəbul etməlidirlər ki, o mübahisə olunmasın. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356 və 384.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin, 01 (bir) il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Onun 15 iyul 2021-ci il tarixdən 17 iyul 2021-ci il tarixədək şübhəli şəxs qismində tutulub saxlandığı 02 (iki) gün müddət Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən təyin edilmiş cəzanın müddətinə hesablanmaqla həmin cəzadan çıxılsın və üzərində qəti olaraq 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrumetmə cəzası saxlansın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəza çəkmə müddətinin əvvəli 13 oktyabr 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri dəyişdirilsin, onun barəsində həbs qətimkan tədbiri seçilsin, o məhkəmə iclas zalında həbs edilsin. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alana kimi dəyişdirilmədən saxlansın. Təqsirləndirilən şəxs narkoloji kabinetdə profilaktiki qeydiyyata alınsın. Onun profilaktiki qeydiyyata alınması üçün hökmün surəti yaşayış yeri üzrə Balakən Rayon Mərkəzi X9 Şəxsinə göndərilsin. 71.94 (yetmiş bir manat 94 qəpik) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutulub Az. MEM; VÖEN **********; AZ34CTRE********************, X3, KOD 210005,VÖEN ********** Müxbir hesab AZ41NABZ ******************** SWİFT BİK CTREAZ22 hesaba köçürülsün. İş üzrə maddi sübut kimi tanınmış və Balakən rayon polis şöbəsində saxlanılan, ekspert rəyindən sonra qalıq təmiz çəkisi 0,406 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroin hökm qanuni qüvvəsini aldıqdan sonra tam həcmdə məhv edilsin. İş üzrə maddi sübut olan bir ədəd DVD diski cinayət işinin materiallarında saxlansın. Təqsirləndirilən şəxs məhkəmə icraatı zamanı göstərilən hüquqi yardımla bağlı Azərbaycan Respublikası Dövlət büdcəsinin vəsaiti hesabından 42 manat tutulub vəkil Müdafiəçi ödənilməsi üçün Balakən rayon Vəkil Bürosunun nəfinə, "xxxx" ASC-in X10 Rekvizitləri: VÖEN-**********, kod 201382, Müxbir hesab AZ37NABZ013501**********1944 hesaba köçürülsün. Hökmdən elan olunduğu andan (həbsdə olan məhkum hökmün surəti ona verildiyi andan) 20 gün müddətində Balakən Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apellyasiya şikayəti və ya protesti verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən Hümbət Səlimov
Məhkəmə qərarları › İş №1(019)-87/2021
Balakən Rayon Məhkəməsi Hökm — İş №1(019)-87/2021
13.10.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver