Azərbaycan Respublikası adından HÖKM Balakən Rayonu İş № 1(019)-88/2022 24.08.2022 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Səlimov Hümbət Qamuna oğlunun sədrliyi, məhkəmə iclas katibi X1 katibliyi, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı2, müdafiəçi-Balakən rayon Vəkil Bürosunun vəkili Müdafiəçi, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs iştirakları ilə TƏQSİRLƏNDİRİLƏN ŞƏXS - xx.xx.1990-cı ildə Balakən rayonu Şərif kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay,orta təhsilli,fərdi təsərrüfatla məşğul olan, əvvəllər məhkum olunmamış, Balakən rayonu Şərif kəndində daimi qeydiyyatda olan və həmin ünvanda yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə səhər saat 09 radələrində Balakən rayonu Şərif kəndinin ərazisində həmkəndlisi Zərərçəkmiş şəxs özünə məxsus olan bağ sahəsinə qoyunlarını salıb otarmağını ona irad bildirməsini bəhanə edərək ictimai qaydanı kobud surətdə pozmaqla cəmiyyətə açıqca hörmətsizlik ifadə edən qərəzli hərəkətlər edərək sonuncuya qarşı heç bir əsaslı səbəb olmadan fiziki zor tətbiq edərək Zərərçəkmiş şəxs həmin bağ sahəsində və həmkəndliləri Şahid1 məxsus olan yaxınlıqda yerləşən mağazanın qarşısında sifət nahiyəsinə yumruqla vurmaqla sonuncuya sol qaşüstündən gözün bayır bucağına qədər yaradan və sağ qaşının üstündə yaradan ibarət olan cəmi iki ədəd birlikdə və ayrı-ayrılıqda onun sağlamlığının qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngul zərər vurmaya aid edilən, sağ və sol göz altında qançırlardan ibarət olan, cəmi iki ədəd birlikdə və ayrı-ayrılıqda sağlamlığa zərər vurmayan, dərəcələri təyin edilməyən xəsarətlər yetirərək qərəzli hərəkətlər etməklə xuliqanlıq etmişdir. Təqsirləndirilən şəxs sözügedən cinayət əməlini törətməsi məhkəmə iclasında özünün etirafedici ifadəsi, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, ekspert rəyi və digər sənədlərlə aşağıdakı qaydada tam sübuta yetirildi. Məhkəmə iclasında Təqsirləndirilən şəxs özünü Azərbaycan Respublikası CM-nin 221.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilərək göstərmişdir ki, Balakən rayonu Şərif kəndində atası İbrahim, anası Umuksu, qardaşları Mehman, Mais və bacısı Cənnət ilə birlikdə yaşayır. Fərdi təsərrüfatla məşğul olur.Təsərrüfatında xırdabuynuzlu heyvanlar saxlayır. Həmin heyvanları otarmaq üçün yer olmadığına görə çox vaxtı Şərif kəndində yol kənarında otarır. 14 iyun 2022-ci il tarixdə səhər radələrində özünə məxsus olan xırdabuynuzlu heyvanları Şərif kəndində yol kənarında otarmışdır. Özü də əlindəki mobil telefona baxmışdır.Bu zaman həmkəndlisi Zərərçəkmiş şəxs onu çağırmışdır.Rəfailə yaxınlaşdıqda əlində dəmir yaba ilə durduğunu görmüşdür. Rəfail ondan qoyunlarının hansı səbəbdən ona məxsus bağa keçdiyini soruşmuşdur.Baxdıqda Rəfailin bağına bir baş qoyunun keçdiyini görmüş və cəmi bir baş qoyunun bilməyərəkdən onun bağ sahəsinə keçdiyini deyərək ondan üzr istəmişdir. Lakin Rəfail onunla mübahisə edərək söhbəti uzatmış, əvvəllər də ona məxsus qoyunların bağ sahəsinə keçdiyini deyərək mübahisəni davam etdirmişdir. Həmin vaxtı küçədən başqa şəxslər keçdiyinə görə Rəfailin olduğu yerə, bağ tərəfə keçib mübahisələrini davam etdirmişlər. Bağda söhbət əsnasında yenə Rəfaildən üzr istəyərək onu başa salmağa çalışsa da, Rəfail ona qarşı nalayiq söz işlətmişdir. Bu zaman Rəfaili itələmiş, Rəfail də öz növbəsində ona yumruq və kəllə atmışdır. Rəfailin atdığı yumruq və kəllə ona dəyməmişdir. Rəfail ona qarşı yenə nalayiq söz işlətdikdə o da əsəbləşərək cavab verib Rəfailin sifət nahiyəsinə yumruqlar vurmuşdur və aralarında dava başlamışdır. Dava zamanı Rəfailin vurduğu yumruq-təpik ona dəyməsə də Rəfailin sifət nahiyəsinə 3-4 dəfə yumruq vurmuşdur. Rəfail əlini cibinə saldıqda onun cibində bıçaq ola biləcəyini ehtimal edərək “kişi kimi söhbətini elə” demişdir. Belə dedikdə Rəfail ona “sən kişimi axtarırsan?” deyərək kənardakı yabanı götürməyə getmişdir. Rəfaildən tez tərpənərək yabanı götürmüşdür. Yabanı götürdükdə Rəfail onun üzərinə cumduğuna görə əlində olan yabanı kənara atmışdır. Sonra Rəfaildən aralanaraq yaxınlıqdakı Şahid1 məxsus, adı olmayan mağazanın yanına qaçmışdır. Mağazaya çatdığı zaman Rəfail də əlindəki yaba ilə oraya gəlmişdir. Rəfail mağazanın qarşısına çatdıqda onun üzərinə gəlmiş və yenə aralarında dava yaranmışdır. Mağazanın qarşısında dava zamanı Rəfailin başından tutaraq aşağı əymiş və Rəfaili 2-3 dəfə yumruqla vurmuşdur. Həmin vaxtı orada mağazada satıcı işləyən qız, özü, Rəfail, mağazanın sahibi Şahid1 və yol keçən tanımadığı şəxslər olmuşdur. Mağazanın sahibi Şahid1 onları ayırmışdır. Rəfail mağazaya yaxınlaşdığı zaman satıcı qız onun əlindəki yabanı götürüb başqa yerə aparmışdır. Dava zamanı hər ikisinin əli boş olmuşdur. Oradan uzaqlaşıb qoyunların arxasınca getmişdir. Rəfail onu geri çağırmışdır, lakin ona məhəl qoymayaraq oradan uzaqlaşaraq çıxıb getmişdir. Zərərçəkmiş şəxsla mübahisə etməyi və dalaşmağı ümumilikdə təxminən 20-25 dəqiqə çəkmişdir. Mübahisə vaxtı əlində heç nə olmayıb. Rəfailə yumruq zərbələri vurmuşdur. Əməlindən peşimandır. Gələcəkdə belə əməllərə yol verməyəcəkdir. Zərərçəkmiş şəxslə barışmışdır. Ona dəymiş ziyanı ödəmişdir. Zərər çəkmiş şəxsin ondan şikayəti və tələbi yoxdur. Barəsində yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, Balakən rayonun Şərif kəndində valideynləri ilə birlikdə yaşayır. Fərdi təsərrüfatla məşğul olur. Həmkəndlisi Təqsirləndirilən şəxs özünə məxsus olan qoyun sürüsünü həmişə kənd ərazisində otarır. Mahir dəfələrlə həmin qoyun sürüsünü yaşadığı evin yaxınlığında yerləşən içərisinə yonca səpdiyi kənarı tikanlı məftillə bağlı olan ona məxsus olan fındıq bağının ərazisinə salıb otarmışdır. Anası dəfələrlə Mahirdən qoyun sürüsünü onlara məxsus olan bağ sahəsinə salıb otarmamağını xahiş etmişdir. Bu barədə anası ona demişdir. Buna baxmayaraq Təqsirləndirilən şəxs yenə onlara məxsus olan həmin bağ sahəsinə qoyunları salıb otararaq yoncanı pis vəziyyətə salmışdır. 14 iyun 2022-ci il tarixdə səhər radələrində onlara məxsus olan fındıq bağına getdiyi zaman yenə bağda Mahirin qoyunlarının otladığını görmüşdür. Həmin qoyunların Mahirə məxsus olduğunu başa düşmüş və bağdan boylandıqda bir qədər kənarda yerləşən kənd mağazasının qarşısında Mahirin dayandığını görmüşdür. Mahiri görüb onu bağa tərəf səsləyib çağırmışdır. Mahir yanına gəldikdə ondan hansı səbəbdən yenə qoyunlarını onlara məxsus olan bağa salıb otardığını soruşduqda Mahir ona «yaxşı elədim» deyərək cavab vermişdir. Bu sözdən sonra aralarında mübahisə baş vermişdir. Mübahisə zamanı Mahir qəfildən sifət nahiyəsinə yumruqlar vurmuşdur. Həmin vaxtı bağda ondan və Mahirdən başqa heç kim olmamışdır. Mahir onu döydükdən sonra mağazaya tərəf qaçıb getmişdir. O da həmin vaxtı əlində əvvəldən bağda Mahir yaxınlaşanadək mallara ot vermək üçün götürdüyü yaba ilə birlikdə onun arxasınca mağazaya tərəf qaçıb getmişdir. Mahirlə mağazanın qabağında mübahisə etmişlər, Mahir onu döymüşdür. Mahir onu döyən zaman mağazanın sahibi Şahid1 onları ayırmışdır. Mübahisə edərək Mahir onu döyən zaman orada Şahid1, mağazada işləyən satıcı qız və sonradan həmin yerə maşınla gəlmiş həmkəndliləri Şahid4 və Şahid3 qardaşları olmuşdur. Başqa heç kimi görməmişdir. Hadisədən sonra anasını həyəcanlandırmamaq üçün evə yox, yaşadığı evin yaxınlığında yaşayan qohumları Xutrayev İbrahimgilə getmişdir. Ordan qardaşı Ramazana zəng edib baş verən hadisə barədə ona bildirmişdir. Ramazan İbrahimgilə gəlib onu döymüş Mahirin qohumu olan Yeni Şərif kənd sakini Zaur adlı şəxsin avtomobili ilə onu Qabaqçöl xəstəxanasına çatdırmışdır. Orada ona ilk tibbi yardım göstərildikdən sonra qardaşı Ramazan bacısının əri Abukərin maşını ilə onu Balakən MRX-ya aparmışdır. O,təqsirləndirilən şəxslə barışmışdır.Ona dəymiş ziyan tam ödənmişdir. Onun təqsirləndirilən şəxsdən şikayəti və tələbi yoxdur. Təqsirləndiurilən şəxsə yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, Balakən rayonu Şərif kəndində ailəsi ilə birlikdə yaşayır. Şərif kəndində ona məxsus olan ərzaq mağazası vardır və həmin mağazada qohumu Şahid2 satıcı işləmişdir. Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs həmkəndliləridir, onlarla heç bir ədavəti və düşmənçiliyi yoxdur.xx.xx.2022-ci il tarixdə saat 09 radələrində Adilə ilə birlikdə mağazada olmuşdur. Həmin vaxt Adilə mağazada təmizlik işləri görmüş,o isə hesab işlərini aparmışdır. Həmin vaxtı Adilə ona mağazanın qarşısına satış üçün qoyduğu cücə yemini ora yaxınlaşmış qoyunların yediyini bildirərək onları qovmuşdur. Həmin vaxtı mağazaya həmkəndliləri Təqsirləndirilən şəxs yaxınlaşmışdır. Mahir mağazaya yaxınlaşıb bir neçə dəqiqə sonra digər həmkəndliləri Zərərçəkmiş şəxs əlində yaba ilə gəlmişdir. Rəfail mağazaya gəldikdə onun sifəti qan içində olmuşdur. Rəfail mağazanın qarşısına çatdıqda əlindəki yaba ilə mağazaya daxil olmaq istədikdə Rəfailə icazə verməmişdir. Mahir onun üzərinə gedərək yerə yıxdırıb üstünə cummuşdur. Bu zaman mağazanın girişində olan şüşə bankalar da yerə dağılmışdır. Mahir və Rəfail dalaşmağa başlayanda Rəfailin əlindəki yaba yerə düşmüş və mağazada satıcı işləyən Adilə həmin yabanı götürüb mağazanın arxa tərəfinə gizlətməyə aparmışdır.Adilənin yabanı aparıb mağazanın arxasında gizlətdiyini sonradan bilmişdir.Rəfail həmin yabanı Mahirə vurmamışdır. Rəfaillə Mahiri ayırdıqda həmin vaxtı oraya həmkəndliləri Şahid4 və Şahid3 olduğu avtomobil də yaxınlaşmışdır. Onlar yaxınlaşan zaman Rəfaillə Mahir dalaşmasalar da bir-birilərini sözlə təhqir etmişlər. Arif və Aydın da onları sakitləşdirmişlər. Rəfaillə Mahirə mübahisə etməmələrini, küçədə nalayiq ifadələr işlətməmələrini və dalaşmamalarını bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərdi ki, Balakən rayonu Şərif kəndində ailəsi ilə birlikdə yaşayır. 14 iyun 2022-ci il tarixdə səhər radələrində qardaşı Şahid4 ilə birlikdə Aydının idarə etdiyi VAZ-3110 markalı, 90 DP-337 dövlət qeydiyyat nişanlı avtomobil ilə yaşadıqları Şərif kəndindən Qabaqçöl qəsəbəsinə getmişlər. Kənd yolu ilə getdikləri zaman kənddə Şahid1 işlətdiyi mağazanın qarşısına çatdıqları vaxt həmkəndliləri Zərərçəkmiş şəxsla Təqsirləndirilən şəxs sözlə mübahisə etdiklərini, mağazanın sahibi Şahid1 onları sakitləşdirdiyini görmüşlər. Aydın bunu görüb avtomobili saxlamış və onlar yerə düşmüşlər. Yerə düşdükdə Mahirlə Rəfail mağazanın qarşısında qışqıraraq bir-birilərini təhqir etmişlər. Şahid1 onları sakitləşdirə bilmədiyinə görə o və Aydın da onları sakitləşdirməyə başlamışlar. Zərərçəkmiş şəxs üzü qan içində olmuşdur. Bir neçə dəqiqə onları sakitləşdirməyə çalışmışlar.Mahiri mağazanın qarşısından uzaqlaşdırdığı zaman Rəfail Mahirin arxasınca gəlmək istəmiş,lakin buna yol verməmişlər. Mahir oradan uzaqlaşmış, Rəfail isə onların yanında qalmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 Şahid3 ilə eyni məzmunlu ifadə verərək ifadəsində göstərdiyi xüsusatları tam təsdiq etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərdi ki, Balakən rayonu Şərif kəndində ailəsi ilə birlikdə yaşayır. Fərdi təsərrüfatla məşğul olur.14 iyun 2022-ci il tarixdə təxminən günortaya yaxın qardaşı Zərərçəkmiş şəxs ona zəng vuraraq həmkəndliləri Təqsirləndirilən şəxs adlı şəxslə dalaşdığını, Təqsirləndirilən şəxs onu döydüyünü bildirmişdir. Rəfail ona zəng vurduqda Qabaqçöl qəsəbəsində olmuşdur. Rəfailin zəngindən sonra kəndə qayıtmış və həmin vaxtı həmkəndliləri olan qohumları Xutrayev İbrahimgildə olan Rəfaillə görüşdükdə Rəfailin sifətinin qan içində olduğunu görmüşdür. X7 kənd sakini Zaur adlı şəxsin maşını ilə Qabaqçöl qəsəbə xəstəxanasına aparmışdır. Xəstəxanada Rəfailə ilk tibbi yardım göstərərək həkimlər hər iki göz ətrafına tikiş qoymuşlar. Rəfaildən nə baş verdiyini soruşduqda Rəfail ona həmkəndliləri Təqsirləndirilən şəxs qoyunlarını Rəfailə məxsus olan bağ sahəsində otardığına görə Mahirə irad bildirdiyini, bununla bağlı aralarında mübahisə yarandığını və Mahirin dəfələrlə yumruq zərbələri vurmaqla onu əvvəl bağ sahəsində, sonra isə Şahid1 məxsus olan yaxınlıqda yerləşən mağazanın qarşısında döydüyünü bildirmişdir. Həmin vaxtı orada mağazanın sahibi, satıcı qız və yol keçən kənd sakinləri olmuşdur.Həm bağ sahəsində,həm də mağazanın qarşısında münaqişə ümumilikdə təxminən 20-30 dəqiqə davam etmişdir. Bu barədə ona Rəfail bildirib. Evə qayıtdıqdan sonra DİN-in 102 xidmətinə zəng edərək Təqsirləndirilən şəxs şikayət etmişdir. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdarlıq olunmasına baxmayaraq, iş üzrə Şahid2 məhkəmə iclasına gəlməmişdir . Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 317.1-ci maddəsinə əsasən bu Məcəllənin 226.1-226.3cü maddələrinin müddəalarına uyğun olaraq məhkəmə iclasına çağrılmış şahid, ekspert və mütəxəssisdən hər hansı biri məhkəmə iclasına gəlmədikdə, məhkəmə növbə ilə cinayət prosesi tərəflərindən hər birinin fikrini dinlədikdən sonra məhkəmə baxışının davam etdirilməsi və ya onun təxirə salınması haqqında qərar çıxarır. Göstərilən şəxslərdən hər hansı birinin gəlməməsi cinayət təqibi ilə bağlı olan bütün halların hərtərəfli, tam və obyektiv tədqiq edilməsinə mane olmadıqda məhkəmə baxışı davam etdirilə bilər. Məhkəmə,ittiham və müdafiə tərəflərinin razılığını nəzərə alaraq, hazırki iş üzrə Şahid2 ibtidai istintaqda şahid qismində verdiyi ifadəsinin elan olunmasını zəruri hesab edir. Məhkəmə iclasında ifadəsi elan olunmaqla tədqiq edilmiş Şahid2 ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki,Balakən rayonu Şərif kəndində ailəsi ilə birlikdə yaşayır. 2021-ci ilin iyun ayından 2022-ci ilin iyun ayının 20-dək Şərif kəndində yerləşən Şahid1 məxsus mağazada satıcı işləmişdir. xx.xx.2022-ci il tarixdə səhər saat 09 radələrində Şahid1 ilə birlikdə mağazada olmuşdur. Həmin vaxt mağazada təmizlik işləri görmüş, Şahid1 isə hesab işlərini aparmışdır. Birdən mağazanın qarşısına satış üçün qoyulmuş cücə yemini ora yaxınlaşmış qoyunların yediyini görüb onları qovmuşdur. Həmin vaxtı mağazaya həmkəndliləri Təqsirləndirilən şəxs yaxınlaşmışdır. Mahir mağazaya yaxınlaşıb bir neçə dəqiqə sonra digər həmkəndliləri Zərərçəkmiş şəxs əlində yaba ilə gəlmişdir. Rəfail mağazaya gəldikdə onun sifəti qan içində olmuşdur. Rəfail mağazanın qarşısına çatdıqda əlindəki yaba ilə mağazaya daxil olmaq istədikdə Nəcməddin baba ona icazə verməmişdir.Həmin vaxtı Rəfail Mahirə qışqırdıqda Mahir onun üzərinə gedərək yerə yıxdırıb Rəfaili yumruqla vurmağa başlamışdır. Bu zaman mağazanın girişində olan şüşə bankalar da yerə dağılmış, lakin qırılmamışdır. Mahir və Rəfail dalaşmağa başlayanda Rəfailin əlindəki yaba yerə düşmüş və dərhal həmin yabanı götürüb mağazanın arxa tərəfinə gizlətməyə aparmışdır. Rəfail həmin yabanı Mahirə vurmamışdır. Nəcməddin baba Rəfaillə Mahiri ayırdıqda həmin vaxtı oraya avtomobillə iki nəfər tanımadığı şəxs də yaxınlaşmışdır. Onlar yaxınlaşan zaman Rəfaillə Mahir dalaşmasalar da bir-birilərini sözlə təhqir etmişlər. Avtomobillə gələn şəxslər də onları sakitləşdirmişlər. Nəcməddin baba onlara mübahisə etməmələrini, küçədə nalayiq ifadələr işlətməmələrini, mağazada qızın, yəni onun işlədiyini, onun yanında nalayiq sözlər deməyin ayıb olduğunu və dalaşmamalarını dəfələrlə bildirmişdir. İşin 44-46-cı vərəqələrində olan və məhkəmə istintaqında elan edilməklə tədqiq edilən AR Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və X4 X6 Balakən rayon MTE və PA şöbəsinin X6 tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli 139 nömrəli ekspert rəyinin nəticə hissəsində (canlı şəxsin ekspertizası) göstərilmişdir: Vət. Zərərçəkmiş şəxs məhkəmə tibbi müayinəsinə, tibbi sənədlərində qeyd edilənlərə, hadisə haqqında olanları nəzərə alaraq, ekspertiza qarşısında qoyulmuş suallara əsasən aşağıdakı nəticəyə gəlirəm. Vət. Bağdatovda müəyyən edilmiş xəsarətlər aşağıdakılardır: a) sol qaşüstündən gözün bayır bucağına qədər yara. b) sağ qaşının üstündə yara.c) sağ və sol göz altında qançırlar. Vət. Bağdatovda yuxarıda qeyd edilmiş xəsarətlərdən a) bəndində göstərilən iti əşyanın (alətin) təsirindən, b) və c) bəndində göstərilənlər bərk küt əşyanın (əşyaların) təsirindən törənmişlər, qərarın təsviri hissəsində göstərilən müddətdə, yəni, xx.xx.2022-ci ildə əmələ gələ bilərdilər, dərəcələrinə görə a) və b) bəndində göstərilənlər birlikdə və ayrıayrılıqda onun sağlamlığını qısa müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərər vurmaya aid edilirlər,c) bəndində göstərilənlər isə birlikdə və ayrı-ayrılıqda sağlamlığa ZƏRƏR vurmayan xəsarətlər olduqları üçün dərəcələri təyin edilmir. İşin 29-30-cu vərəqələrində olan və məhkəmə iclasında elan edilməklə tədqiq edilmiş 15 iyun 2022-ci il tarixli videodiskə baxış keçirilməsi haqqında protokolda göstərilmişdir ki,xx.xx.2022-ci il tarixdə Balakən MRX-dan həkim Əliyev Balakən RPŞ-yə məlumat verərək və Balakən rayonu Şərif kənd sakini Zərərçəkmiş şəxs Balakən RPŞ-yə ərizə ilə müraciət edərək onun həmkəndlisi Təqsirləndirilən şəxs onu döyərək xəsarət yetirməsini bildirmişdir. Qeyd edilən şikayət əsasında aparılan araşdırma zamanı Təqsirləndirilən şəxs onun həmkəndlisi Zərərçəkmiş şəxs xx.xx.2022-ci il tarixdə səhər saatlarında yaşadıqları Balakən rayonu Şərif kəndində yerləşən fındıq bağında, daha sonra həmin fındıq bağından 100-150 metr aralıda yerləşən adsız mağazanın qarşısında xuliqanlıq etməklə döyməsi məlum olmuşdur. Balakən rayonu Şərif kəndində baş vermiş dava-dalaş yuxarıda qeyd edilən mağazaya məxsus videomüşahidə kamerasında qeydə alınmış iki ədəd videogörüntü bir ədəd videodiskə köçürülmüş və hal-hazırda həmin diskə baxış keçirilir. Həmin videogörüntülərə baxdıqda videogörüntülərin hər birinin 2 dəqiqə 50 saniyədən ibarət olması, videogörüntülərin birinə baxdıqda Təqsirləndirilən şəxs mağazaya gələrək içəriyə daxil olması, Təqsirləndirilən şəxs mağazaya gəldikdən bir neçə saniyə sonra Zərərçəkmiş şəxs sifəti qanlı halda əlində yaba ilə qaça-qaça mağazaya gəlməsi, Zərərçəkmiş şəxs mağazaya gəldikdə mağazanın qarşısında olan Şahid1 onun mağazaya daxil olmasına icazə verməməsi, mağazanın sahibi Şahid1 ilə mağazada satıcı işləyən Şahid2 mağazanın giriş qapısının qarşısında dayanmaları,daha sonra mağazanın girişində Təqsirləndirilən şəxs ilə Zərərçəkmiş şəxs bir-biriləri ilə dalaşmağa başlamaları,dava zamanı Zərərçəkmiş şəxs əlində yaba olması və həmin yabanı Şahid2 götürərərək mağazanın arxa hissəsinə aparması, Təqsirləndirilən şəxs ilə Zərərçəkmiş şəxs dalaşqdıqlarında oradan küçə ilə keçən avtomobilin dayanması, dayanmış həmin avtomobildən Şərif kənd sakinləri Şahid3 ilə Şahid4 düşmələri və düşdükdən sonra davadalaşın yaranmaması üçün Şahid1 ilə birgə səy göstərmələri, Şahid1 Təqsirləndirilən şəxs oradan uzaqlaşdırdığında Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxsla ağızlaşması məlum olmuşdur. Videogörüntülərin digərinə baxdıqda həmin videogörüntünün ilk videogörüntünün davamı olması, videogörüntüdə hadisə yerinə toplaşmış insanların Təqsirləndirilən şəxs oradan uzaqlaşdırdıqları, Təqsirləndirilən şəxs hadisə yerindən uzaqlaşdığını görən avtomobil ilə orada dayanmış Şahid3 və Şahid4 avtomobilə əyləşərək oradan uzaqlaşmaları, sonra mağazanın qarşısında qalan Zərərçəkmiş şəxs mağazaya gətirdiyi yabanı Şahid1 götürmək istəməsi və Şahid1 də yabanı Zərərçəkmiş şəxs verməməsi, Şahid1 yabanı Zərərçəkmiş şəxs vermədikdən sonra Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs getdiyi istiqamət üzrə getməsi məlum olmuşdur.Qeyd edilən 1 ədəd videodiskə köçürülmüş iki ədəd videogörüntüyə təhqiqatçı tərəfindən baxış keçirilmiş və həmin 01 ədəd videodisk iş üçün əhəmiyyət kəsb etdiyindən protokola əlavə edilmişdir. Videogörüntünün əks olunduğu DVD markalı diskə məhkəmə istintaqı zamanı baxış keçirilərkən, protokolda qeyd edilənlərin düzgünlüyü müəyyən edilmişdir. İşin 156-cı vərəqəsində olan və məhkəmə istintaqında elan olunmaqla tədqiq edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İşin 43-cü vərəqəsində olan və məhkəmə istintaqında elan olunmaqla tədqiq edilmiş Balakən rayon İHB-nın Şərif kənd İƏD-si tərəfindən verilmiş xasiyyətnamədə Təqsirləndirilən şəxs müsbət cəhətdən xarakterizə olunur, barəsində nümayəndəliyə heç bir yazılı şikayət ərizəsi daxil olmadığı qeyd edilmişdir. İşin 41-ci vərəqəsində olan və məhkəmə iclasında elan olunmaqla tədqiq olunmuş Balakən rayon İHB-nın Şərif kənd İƏD-si üzrə nümayəndəliyi tərəfindən xx.xx.2022-ci ildə verilmiş 290 nömrəli arayışdan görünür ki, Təqsirləndirilən şəxs Balakən rayonu Şərif kəndində yaşayır. İşin 42-ci vərəqəsində olan və məhkəmə iclasında elan olunmaqla tədqiq olunmuş Balakən rayon İHB-nın Şərif kənd İƏD-si üzrə nümayəndəliyi tərəfindən xx.xx.2022-ci ildə verilmiş 290 nömrəli arayışdan görünür ki,Təqsirləndirilən şəxs himayəsində atası, anası və qardaşı vardır. Məhkəmə iş üzrə şahidlər-Şahid1, Şahid3, Şahid4 və Şahid5 ifadələrini, Şahid2 ibtidai istintaq zamanı verdiyi ifadəsini, ekspertiza rəylərini, məhkəmə və ibtidai istintaq hərəkətlərinin protokollarını və sair sənədləri tam, hərtərəfli və obyektiv yoxlayıb, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliliyi üzrə qiymətləndirib, həmin sübutları inandırıcı, məntiqli olduqları, ziddiyyət təşkil etmədikləri, əksinə, bir-biri ilə uyğun şəkildə işin faktiki hallarını təsdiq etdikləri üçün mötəbər sübutlar kimi qəbul edir. Məhkəmə, eyni zamanda Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 126.6-cı maddəsinin tələbinə əsasən Təqsirləndirilən şəxs ittiham olunduğu əməldə öz təqsirini etiraf etməsini iş üzrə bütün sübutların məcmuyu ilə təsdiq edildiyi üçün ona qarşı ittihamı təsdiq edən əsas kimi qəbul edir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 346-cı maddəsinin tələbinə uyğun olaraq təqsirləndirilən şəxsin əməlinin hüquqi tövsifi məsələsinə baxaraq qeyd edir ki, məhkəmə iclasında tədqiq olunmuş mümkün və mötəbər sübutların məcmuyu ilə müəyyən edildi ki, Təqsirləndirilən şəxs qəsdən ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, vətəndaşın üzərində zor tətbiq olunması ilə müşayiət edilən qərəzli hərəkətləri ilə xuliqanlıq cinayət əməlini törətmişdir. Xuliqanlıq, yəni ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, vətəndaşlar üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlərə görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsində cinayət məsuliyyəti nəzərdə tutulmuşdur. ”Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 23 mart 2004-cü il tarixli, 1 nömrəli Qərarının 2-ci bəndində məhkəmələrə izah edilmişdir ki, Cinayət Məcəlləsinin xuliqanlığa görə məsuliyyət müəyyən edən 221-ci maddəsinin mətnində nəzərdə tutulan mənada ictimai qayda dedikdə, cəmiyyətdə insanlar arasında təşəkkül tapmış, adət və ənənələrlə, əxlaq normaları ilə, habelə qüvvədə olan qanunvericiliklə müəyyən edilən qarşılıqlı davranış və birgəyaşayış qaydalarının sistemi başa düşülür. İctimai qaydanı kobud surətdə pozan hərəkətlər dedikdə ictimai və ya şəxsi mənafelərə əhəmiyyətli zərər vuran və ya cəmiyyətdə insanlararasında bərqərar olmuş birgəyaşayış və davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlər başa düşülür. Cəmiyyətə açıqca hörmətsizlik etmə dedikdə isə təqsirkarın ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik,etinasızlıq göstərməsi, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq, bir çox insanın və ya cəmiyyətin hər hansı bir üzvünün mənafeylərinə toxunan hərəkətlər etməsi başa düşülür. Məhkəmə Azərbaycan Respublikasının Konstitusiyasının 63-cü maddəsində təsbit edilmiş təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq, məhkəmə baxışında ittihamın baxılması nəticələrinə, məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslanaraq, tədqiq olunan sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq bu nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsində nəzərdə tutulan cinayət əməllərini törətmişdir, həmin əməldə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsinin tərkibi vardır, təqsirləndirilən şəxs həmin cinayətin törədilməsində təqsirlidir, onun cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir, əməllərin cinayət olmasını aradan qaldıran hallar, təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur, təqsirləndirilən şəxs törətdiyi əməllərə görə cəzalanmalıdır. Cinayət Məcəlləsinin cəzanın anlayışını və məqsədini müəyyən edən 41-ci maddəsinə görə cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cinayət Məcəlləsinin 58.1 və 58.3-cü maddələrinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. "Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 4 nömrəli, 25 iyun 2003-cü il tarixli Qərarının 1-ci bəndində məhkəmələrə izah edilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Qərarın 2-ci bəndində göstərilmişdir ki,cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Təqsirləndirilən şəxs zərər çəkmiş şəxslə barışıq əldə edilməsi Cinayət Məcəlləsinin 59.1.12-ci maddəsinə və cinayət nəticəsində dəymiş ziyanı könüllü olaraq tamamilə ödəməsi Cinayət Məcəlləsinin 59.1.13-cü maddəsinə əsasən cəzanı yüngülləşdirən hallardır. Onun cəzasını ağırlaşdıran hallar yoxdur. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən ona hansı növ cəzanın təyin olunması məsələsinə baxaraq, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini,onun şəxsiyyətini, əməlini səmimi etiraf etməklə əməlindən peşiman olmasını, yaşayış yeri üzrə müsbət cəhətdən xarakterizə olunmasını, cəzanı yüngülləşdirən halı, cəzanı ağırlaşdıran halların olmamasını, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, daha ciddi cəza növünü tətbiq olunması üçün əsasların olmamasını nəzərə alaraq Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş həddə islah işləri növündə cəza təyin edilməsini qanuni, əsaslı və ədalətli hesab edir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 346.1.12-ci maddəsinə uyğun olaraq Təqsirləndirilən şəxs təyin ediləcək cəzanın çəkilməli olubolmaması məsələsinə baxaraq, işin hallarını, təqsirləndirilən şəxsin cəzadan azad edilməsi, yaxud barəsində Cinayət Məcəlləsinin 70-ci maddəsinin tətbiq olunması üçün əsasların olmamasını nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxs ona təyin ediləcək cəzanı çəkməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəsini alana kimi dəyişdirilmədən saxlanmalıdır. İş üzrə maddi sübut kimi tanınmış və Balakən rayon Polis Şöbəsininin saxlanc anbarına təhvil verilmiş hadisə zamanı Zərərçəkmiş şəxs olmuş bir ədəd dəmir yaba hökm qanuni qüvvəsini aldıqdan sonra mülkiyyətçisi zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs Həybulla oğluna qaytarılmalıdır. İş üzrə maddi sübut kimi tanınmış 1 ədəd DVD diski cinayət işinin materiallarında saxlanmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 346.1-ci və 346.1.19-cu maddələrinə uyğun olaraq məhkəmə müsadirə edilməli əmlakın olub-olmaması məsələsinə baxaraq, təqsirləndirilən şəxsin hazırkı cinayəti törətdiyi zaman cinayət yolu ilə hər hansı əmlak əldə etməməsini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulan xüsusi müsadirə edilməli olan əmlak mövcud deyildir. İş üzrə mülki iddia yoxdur. İş materiallarından həmçinin görünür ki, Balakən rayon Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmə icraat zamanı Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsinə 10 iş saatı sərf etmişdir. Azərbaycan Respublikası CPM-nin 193.2-193.3-cü maddələrinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Məhkəmə şübhəli və ya təqsirləndirilən şəxsin orta aylıq gəlirini, maddi, əmlak və ailə vəziyyətini, habelə digər halları nəzərə alaraq həmin şəxsin müdafiəçi tərəfindən göstərilən hüquqi yardımı ödəməkdən azad edilməsi və ödəmənin Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilməsi barədə əsaslandırılmış qərar qəbul edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 3 may 2018-ci il tarixli, 202 №-li qərarı əsasında “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli,11 №-li qərarına edilmiş dəyişikliklərə uyğun olaraq təqsirləndirilən şəxslərin hüquqlarını müdafiə etmələrinə görə müdafiəçilərə hər iş saatı üçün 6 manat məbləğində haqq ödənilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə icraatı zamanı göstərilən hüquqi yardımla bağlı Azərbaycan Respublikası Dövlət büdcəsinin vəsaiti hesabından 60 manat tutulub vəkil Müdafiəçi ödənilməsi üçün Balakən rayon Vəkil Bürosunun nəfinə, "xxxx" ASC-in X5 Rekvizitləri: VÖEN:**********, kod 201382, Müxbir hesab AZ37NABZ**********0000001944 hesaba köçürülməlidir. Azərbaycan Respublikası CPM-nin 349-cü maddəsinin tələblərinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Məhkəmənin hökmü Azərbaycan Respublikası Konstitusiyasının, bu Məcəllənin, Azərbaycan Respublikasının cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir. Məhkəmənin hökmü məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə əsaslı hesab edilir. Kondraşinanın Rusiya Federasiyasına qarşı iş üzrə qərarında Avropa Məhkəməsi göstərmişdir ki, məhkəmələr qərar qəbul edərkən hüququn aliliyinə əməl etməlidirlər. Hüququn aliliyinin əsas cəhətlərindən biri hüquqi müəyyənlik prinsipidir ki, onun tələbinə görə məhkəmələr yekun qərarı elə qəbul etməlidirlər ki, o mübahisə olunmasın. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356 və 384.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin, aylıq qazancının 20 (iyirmi) faizi dövlət nəfinə tutulmaqla 1(bir) il müddətə islah işləri cəzasına məhkum edilsin.Cəzasını iş yerində çəksin. Cəzaçəkmə müddətinin əvvəli onun qazancından tutulmalar aparıldığı gündən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında qətimkan tədbiri hökm qanuni qüvvəsini alana kimi dəyişdirilmədən saxlansın. İş üzrə maddi sübut kimi tanınmış və Balakən rayon Polis Şöbəsininin saxlanc anbarına təhvil verilmiş, hadisə zamanı Zərərçəkmiş şəxs olmuş bir ədəd dəmir yaba hökm qanuni qüvvəsini aldıqdan sonra mülkiyyətçisi zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs Həybulla oğluna qaytarılsın. İş üzrə maddi sübut kimi tanınmış 1 ədəd DVD diski cinayət işinin materiallarında saxlansın. Hökmün icrası Balakən Rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs məhkəmə icraatı zamanı göstərilən hüquqi yardımla bağlı Azərbaycan Respublikası Dövlət büdcəsinin vəsaiti hesabından 60 manat tutulub vəkil Müdafiəçi ödənilməsi üçün Balakən rayon Vəkil Bürosunun nəfinə, "xxxx" ASC-in X5 Rekvizitləri: VÖEN:-**********, kod-201382, Müxbir hesab AZ37NABZ**********0000001944 hesaba köçürülsün. Hökmdən elan olunduğu andan (həbsdə olan məhkum hökmün surəti ona verildiyi andan) 20 gün müddətində Balakən Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apellyasiya şikayəti və ya protesti verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən Hümbət Səlimov
Məhkəmə qərarları › İş №1(019)-88/2022
Balakən Rayon Məhkəməsi Hökm — İş №1(019)-88/2022
24.08.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver