Məhkəmə qərarları › İş №1(019)-89/2024

Balakən Rayon Məhkəməsi Hökm — İş №1(019)-89/2024

28.08.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Balakən Rayonu İş № 1(019)-89/2024 28.08.2024 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Səlimov Hümbət Qamuna oğlunun sədrliyi, məhkəmə iclas katibi X1 katibliyi, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru vəzifəsini icra edən, İİİ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, zərərçəkmiş hüquqi şəxs- Balakən rayonu Tülü bələdiyyəsinin nümayəndəsi Nümayəndə, Təqsirləndirilən şəxs, onun müdafiəçisi-Balakən Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, TƏQSİRLƏNDİRİLƏN ŞƏXS - xx xxxx 1952-ci il tarixdə Balakən rayonu Tülü kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, pensiyaçı, məhkum olunmamış, Balakən rayonu Tülü kəndində qeydiyyatda olan və həmin ünvanda yaşayan, 25 iyul 2024-cü il tarixdə barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 188.1 və 259.1 -ci maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: Təqsirləndirilən şəxs Puçaxov X7 rayonu Tülü kəndi ərazisində yerləşən və Balakən rayon Tülü Bələdiyyəsinin mülkiyyətində olan 0.03 ha yaşayış məntəqələri torpaqlarına aid ümumi istifadədə olan torpaq sahəsi üzərində qanunla müəyyən edilmiş mülkiyyət, istifadə və icarə hüququ olmadan 2022-ci ilin iyun ayının ortalarından həmin torpaq sahəsinin kənarlarına taxtadan hasar çəkərək özbaşına hasarlamaqla özbaşına tutmuşdur. Bundan başqa o, Balakən rayonu Tülü bələdiyyəsinə ərizə ilə müraciət edərək, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 7 saylı ərazi Ekologiya və Təbii Sərvətlər İdarəsi ilə razılaşdıqdan sonra ağac kəsməli olduğu halda, bunları etməyərək həmin bələdiyyəyə məxsus torpaq sahəsindən qanunsuz olaraq ağac kəsmək qərarına gəlmiş, bu məqsədlə 2024-cü ilin fevral ayının ortalarında Balakən rayon Tülü kəndi ərazisində qeyd olunan bələdiyyəyə məxsus 0.03 ha ərazidə yerləşən, Tülü bələdiyyəsinin mülkiyyətinə aid olan yaşayış məntəqələri torpaqlarına aid ümumi istifadədə olan torpaq sahəsindən hər biri 150 manat dəyərində olmaqla ümumilikdə 600 manat dəyərində 04 ədəd 16 sm diametrində, hər biri 180 manat dəyərində olmaqla ümumilikdə 360 manat dəyərində 02 ədəd 18 sm diametrində, bir ədəd 200 manat dəyərində 22 sm diametrində, bir ədəd 250 manat dəyərində 26 sm diametrində, hər biri 250 manat dəyərində olmaqla ümumilikdə 500 manat dəyərində 02 ədəd 28 sm diametrində qələmə qovaq növündən və bir ədəd 150 manat dəyərində 16 sm diametrində əncir növündən olan, ümumilikdə 11 ədəd köküstə yaş ağacları özünə məxsus motorlu mişarla qanunsuz kəsərək Tülü bələdiyyəsinə xeyli miqdarda, yəni ümumilikdə 2060 (iki min altmış) manat məbləğində maddi ziyan vurmaqla meşə fonduna daxil olmayan ərazidən qanunsuz olaraq ağac kəsmişdir. Təqsirləndirilən şəxs həmin cinayət əməlini törətməsi məhkəmə iclasında özünün qismən etirafedici ifadəsi, zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi və şahidlərin ifadələri, işdə olan və məhkəmə iclasında tədqiq olunan digər sübutlarla aşağıdakı qaydada tam sübuta yetirildi. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 188.1-ci və 259.1-ci maddələri ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, hazırda Balakən rayonu Tülü kəndində ailə üzvləri ilə birlikdə yaşayır.Pensiyaçıdır.Heç yerdə işləmir. Onun yaşadığı evin həyətyanı səhəsinin baş tərəfində altıaçıq sarayının arxa tərəfindən balaca adsız çay axır. Həmin çayın olduğu torpaq sahəsi uzun illərdir ki, onun istifadəsində olmuşdur.O, həmin torpaq sahəsini özü istifadə etdiyi üçün torpaq sahəsinin içərisinə müxtəlif növ ağaclar əkmişdir.Torpaq sahəsinin kənarlarını isə taxta materialdan hasar çəkmişdir.Torpaq sahəsi həmişə onun istifadəsində olmuşdur. Lakin torpaq sahəsini istifadə etməyi ilə bağlı Tülü bələdiyyəsindən rəsmi icazəsi yoxdur.Həmçinin Tülü bələdiyyəsi ilə heç bir müqaviləsi yoxdur.Təxminən 1 ay əvvəl yəni fevral ayının ortalarında yaşadığı Tülü kəndinə yeni sürətli internet xətti çəkilmiş, o, da yeni internet xətti çəkdirmək istəmişdir.Lakin istifadə etdiyi torpaq sahəsində olan ağacları kəsməsə sürətli internet xəttinin çəkilməsi mümkün olmamışdır.Çünki həmin ağacların budaqları internet xəttinin çəkilməsinə çətinlik yaratmışdır.Buna görə o, 2024-cü ilin fevral ayının ortalarında torpaq sahəsində özü əkdiyi 04 ədəd ağacları özünə məxsus motorlu mişar vasitəsi ilə dib kökündən kəsmişdir. Həmin torpaq sahəsində 7 ədəd ağacı isə əvvəldən külək qırmışdır. Kəsdiyi ağacları heç kimə verməmişdir. Ağacları gələcəkdə sobada yandırıb istifadə etmək üçün saxlamışdır. Həmin ağacları özü torpaq sahəsinə əkmişdir. Lakin ağacları nə vaxt əkməsi yadında qalmamışdır.16 mart 2024-cü il tarixdə isə Balakən rayon polis şöbəsinin əməkdaşları həmin ağacların qanunsuz kəsildiyini müəyyən edib qeyd edilən əraziyə onun və 7 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşı Şahid3 iştirakı ilə baxış keçirtmişlər. Baxış zamanı o, özünün kəsdiyi ağacları göstərmişdir.Baxış zamanı ağacların cinsi, diametrləri və sayı müəyyən edilmişdir. Həmçinin baxış zamanı həmin torpaq sahəsini özü istifadə etdiyini və torpaq sahəsinin kənarlarında özü taxta materialla hasarladığını bildirmişdir. Ağacların kəsildiyi torpaq sahəsi 1990-cı ildən onun istifadəsində olmuşdur.O, həmin torpaq sahəsinə 1990-cı ildən nəzarət edir.Torpaq sahəsinin kənarları da o vaxtdan hasarlanmışdır.O,həmin torpaq sahəsini özünün torpaq sahəsi hesab etmişdir. Bu torpaq sahəsinin dəqiq mülkiyyətçisinin müəyyən edilməsi üçün GPS vasitəsi ilə 18 saylı Zaqatala Ərazi İdarəsinin əməkdaşları tərəfindən koordinatları ölçülmüşdür.18 saylı Zaqatala Ərazi İdarəsi tərəfindən göstərilmişdir ki,ağacların kəsildiyi və ətrafını hasarladığı torpaq sahəsi 0.03 ha olmaqla Balakən rayon Tülü bələdiyyəsinin mülkiyyətində olan yaşayış məntəqələri torpaqlarına aid ümumi istifadədə olan torpaq sahəsidir Baxış zamanı mobil telefon vasitəsi ilə fasiləsiz olaraq videoçəkilişdən istifadə edilmişdir.Onun kəsdiyi ağaclar maddi sübut kimi götürülmüşdür. Baxış zamanı protokol tərtib edilmişdir.Tərtib edilmiş protokol ucadan oxunmuş və iştirakçılar tərəfindən imzalanmışdır.Həmin torpaq sahəsini istifadə etməsi ilə bağlı rəsmi icazəsi və müqaviləsidə yoxdur. Həmçinin ağacların kəsilməsi ilə bağlı heç bir aidiyyəti rəsmi qurumlara müraciət edib icazə almamışdır. Bundan başqa məhkəmə əmtəəşünaslıq ekspertizasının rəyindən sonra ona məlum olmuşdur ki, 11 ədəd ağacı kəsməsi nəticəsində təbiətə 2060 manat məbləğində maddi ziyan dəymişdir.Əməlindən çox peşimandır. Bir daha belə əməllərə yol verməyəcəkdir. Barəsində yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş hüquqi şəxs Balakən Rayon Tülü Bələdiyyəsinin nümayəndəsi qismində dindirilmiş Nümayəndə ifadəsində göstərdi ki, ailə üzvləri ilə birlikdə yaşayır. Balakən rayon Tülü bələdiyyəsində vergi müfəttişi vəzifəsində işləyir. 15 mart 2024-cü il tarixdə Balakən rayon polis şöbəsinin əməkdaşları tərəfindən Balakən rayon Tülü kənd sakini Təqsirləndirilən şəxs tərəfindən Balakən rayonu Tülü kənd Bələdiyyəsinin mülkiyyətinə aid yaşayış məntəqələri torpaqlarına aid ümumi istifadədə olan torpaq sahəsindən müxtəlif cinsli ağacların qanunsuz kəsilməsi müəyyən edilmişdir. Bununla bağlı 16 mart 2024-cü il tarixdə rayon polis şöbəsinin əməkdaşları tərəfindən qeyd olunan əraziyə baxış keçirilmiş, həmin ərazidən Təqsirləndirilən şəxs tərəfindən 10 qələmə qovaq növündən və 01 ədəd əncir növündən olan ağacları,ümumilikdə 11 ədəd köküstə yaş ağacların qanunsuz kəsilməsi müəyyən edilmişdir. Təqsirləndirilən şəxs yaşadığı evin yaxınlığında yerləşən Balakən rayonu Tülü kənd Bələdiyyəsinin mülkiyyətinə aid yaşayış məntəqələri torpaqlarına aid ümumi istifadədə olan torpaq sahəsindən istifadə üçün Balakən rayon Tülü kənd Bələdiyyəsindən icazə almamışdır. Həmçinin Tülü bələdiyyəsi ilə heç bir müqavilə bağlamamışdır. Baxış zamanı Təqsirləndirilən şəxs həmin torpaq sahəsini özbaşına taxta hasara aldığı müəyyən olunmuşdur. Puçaxov X7 rayonu Tülü Bələdiyyəsinin mülkiyyətinə aid yaşayış məntəqələri torpaqlarına aid ümumi istifadədə olan torpaq sahəsindən müxtəlif cinsli ağacları qanunsuz olaraq kəsmiş, bu barədə həm Balakən rayon Tülü Bələdiyyəsinə, həmçinin də hər hansı bir aidiyyəti quruma məlumat verməmişdir. Əgər Təqsirləndirilən şəxs bu barədə Balakən rayon Tülü bələdiyyəsinə müraciət edərdisə ona Bələdiyyə mülkiyyətində olan ağacların kəsilməsinə və torpaq sahəsinin kənarlarını hasarlayaraq zəbt edilməsi barədə qəti şəkildə icazə verilməzdi.Təqsirləndirilən şəxs ağacları kəsməklə bələdiyyəyə vurduğu 2060 manatdan 200 manatını Tülü bələdiyyəsinin poçt hesabına ödəmiş və geri qalmış 1860 manatı hər ayda aldığı pensiyasından ödəyəcəyinə söz vermişdir.Odur ki,bələdiyyənin etiraz və şikayəti yoxdur. Təqsirləndirilən şəxs yüngül cəza verilməsini xahiş etdi . Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərdi ki, Balakən rayonu Kortala kəndində ailə üzvləri ilə birlikdə yaşayır. Hal-hazırda Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 7 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin ətraf mühitin mühafizəsi və ekoloji monitorinq sektorunun aparıcı məsləhətçi müfəttişi vəzifəsində işləyir.16 mart 2024-cü il tarixdə Balakən rayon Tülü kənd sakini Təqsirləndirilən şəxs Balakən rayon Tülü kəndi ərazisində olan torpaq sahəsindən qanunsuz olaraq ağac kəsməsi barədə Balakən RPŞ-nə daxil olmuş məlumat əsasında Balakən rayon polis şöbəsinin istintaq bölməsinin müstəntiqi X8 rayon Tülü kəndi ərazisində olan ağacların kəsildiyi əraziyə baxış keçirilməsi və baxış zamanı kəsilmiş ağacların növünün, cinsinin, həmçinin təbiətə dəymiş ziyanın müəyyənləşdirilməsi məqsədi ilə ekologiya sahəsində xüsusi biliyi olan mütəxəssisin iştirakı zəruri olduğundan müstəntiq Tural Mahatovun müvafiq qərarına əsasən o, mütəxəssis qismində dəvət edilərək hadisə yerinə baxış keçirilən zaman orada iştirak etmişdir. Baxış prosesində Təqsirləndirilən şəxs da iştirak etmişdir. Baxış keçirilən ərazi Balakən rayonu Tülü kəndi ərazisində olan torpaq sahəsi idi. Baxış zamanı həmin torpaq sahəsindən 22 sm, 26 sm, 28 sm, 16 sm, 18 sm, 28 sm, 18 sm, 16 sm, 16 sm, 16 sm diametrlərdə olmaqla 10 ədəd qələmə qovaq növündən və 01 ədəd 16 sm diametrdə əncir növündən olan ağacların, ümumilikdə 11 ədəd köküstə yaş ağacların Təqsirləndirilən şəxs tərəfindən kəsilməsi müəyyən edilmişdir. Baxışda iştirak edən Təqsirləndirilən şəxs 11 ədəd ağacı özü kəsdiyini bildirmişdir.Daha sonra isə həmin torpaq sahəsində kəsilmiş ağaclar barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 27 oktyabr 2016-cı il tarixli “Yaşılıqlara dəymiş ziyanın hesablanması və ödənilməsi qaydası” haqqında 421 nömrəli qərarının 1 nömrəli əlavəsinə əsasən dəymiş ziyan hesablanmış, ağacların kəsildiyi ərazi bələdiyyə mülkiyyətinə aid olduğu üçün Təqsirləndirilən şəxs tərəfindən dib kökündən kəsilmiş 11 (on bir) ədəd kök üstə yaş ağacların kəsilməsi nəticəsində təbiətə 2060 manat ziyan dəydiyi müəyyən edilmişdir. Baxış zamanı polis əməkdaşı tərəfindən mobil telefon vasitəsi ilə fasiləsiz olaraq videoçəkilişdən istifadə edilmişdir. Sonda müstəntiq tərəfindən baxış keçirilməsi haqqında protokol tərtib edilmişdir, tərtib edilmiş protokol ucadan oxunmuş və iştirakçılar tərəfindən imzalanmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, hazırda Balakən RPŞ-nin İTB-nin sahə rəisi vəzifəsində xidmət edir. Balakən Rayon Tülü kəndinin sahə rəisidir. 15 mart 2024-cü il tarixdə Balakən RPŞ-nin İTB-nin sahə polis nəfəri Yusifov X5 rayon Tülü kəndi ərazisində xidmətdə olduğu zaman Balakən rayon Tülü kənd sakini Təqsirləndirilən şəxs Balakən rayon Tülü kəndi ərazisində özünə məxsus olmayan torpaq sahəsindən qanunsuz olaraq ağac kəsməsini müəyyən etmişdir. Daha sonra o, bu barədə Balakən rayon polis şöbəsinin rəhbərliyinə raportla müraciət etmişdir. Həmin məlumat əsasında 16 mart 2024-cü il tarixdə Balakən rayon polis şöbəsinin istintaq bölməsinin müstəntiqi Tural Mahatov tərəfindən Təqsirləndirilən şəxs, polis əməkdaşlarının və dəvət edilmiş mütəxəssis Şahid3 iştirakı ilə baxış keçirilmişdir. Baxış keçirilən ərazi Balakən rayonu Tülü kəndi ərazisində olan torpaq sahəsi olmuşdur. Baxış zamanı həmin torpaq sahəsindən qələmə qovaq növündən olan köküstə yaş ağacların Təqsirləndirilən şəxs tərəfindən kəsilməsi müəyyən edilmişdir. Baxışda iştirak edən Təqsirləndirilən şəxs ağacları özünün kəsdiyini bildirmişdir. Baxış zamanı mütəxəssis Şahid3 tərəfindən gələcəkdə təbiətə dəymiş ziyanın müəyyən edilməsi üçün kəsilmiş ağacların diametrləri ölçülmüşdür. Baxışda iştirak edən Təqsirləndirilən şəxs həmin ağacları özünün kəsdiyini bildirmişdir.Həmçinin torpaq sahəsinin də kənarlarını özünün hasarladığını bildirmişdir. Baxış prosesi Balakən rayon polis şöbəsinin ictimai təhlükəsizlik bölməsinin sabiq sahə rəisi Nurlan Bazarov tərəfindən mobil telefon vasitəsi ilə fasiləsiz olaraq videoçəkəlişdən istifadə edilməklə qeydə alınmışdır. Sonda müstəntiq tərəfindən baxış keçirilməsi haqqında protokol tərtib edilmiş, tərtib edilmiş protokol ucadan oxunmuş və iştirakçılar tərəfindən imzalanmışdır Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdarlıq olunmasına baxmayaraq, iş üzrə şahid- Şahid2 məhkəmə iclasına gəlməmişdir. Balakən Rayon Polis Şöbəsindən məlumat verilərək bildirilmişdir ki, Balakən RPŞ-nin İTB-nin sahə polis nəfəri Şahid2 sol ayağının topuq nahiyyəsinin sınığı diaqnozu ilə ambulator müalicə alır. Onun məhkəmə iclasında iştirakı hələlik mümkün deyildir. Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 317.1-ci maddəsinə əsasən bu Məcəllənin 226.1-226.3-cü maddələrinin müddəalarına uyğun olaraq məhkəmə iclasına çağırılmış şahid, ekspert və mütəxəssisdən hər hansı biri məhkəmə iclasına gəlmədikdə, məhkəmə növbə ilə cinayət prosesi tərəflərindən hər birinin fikrini dinlədikdən sonra məhkəmə baxışının davam etdirilməsi və ya onun təxirə salınması haqqında qərar çıxarır. Göstərilən şəxslərdən hər hansı birinin gəlməməsi cinayət təqibi ilə bağlı olan bütün halların hərtərəfli, tam və obyektiv tədqiq edilməsinə mane olmadıqda məhkəmə baxışı davam etdirilə bilər. Azərbaycan Respublikası CPM-nin 329.1-ci maddəsinə əsasən şahid tərəfindən məhkəməyədək icraat, davam edən məhkəmə baxışı zamanı əvvəllər keçirilmiş məhkəmə iclasında və ya cari məhkəmə iclasında verilmiş ifadələrin şahidin məhkəmə iclasında iştirakı olmadan elan edilməsinə, habelə həmin ifadələrin audio yazısının səsləndirilməsinə, video və kino çəkilişinin göstərilməsinə yalnız şahidin məhkəmə baxışına gəlməsini istisna edən səbəblərə görə, həmçinin bu Məcəllənin 327.1-ci maddəsində nəzərdə tutulmuş digər hallarda yol verilir. Məhkəmə, yuxarıda göstərilən qanun normalarına istinad edib, ittiham və müdafiə tərəflərinin razılığını nəzərə alaraq, hazırki iş üzrə Şahid2 ibtidai istintaqda şahid qismində verdiyi ifadəsinin elan olunmasını zəruri hesab edir. Məhkəmə iclasında ifadəsi elan olunmaqla tədqiq edilmiş Şahid2 ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki,hazırda Balakən RPŞ-nin İTB-nin sahə polis nəfəri vəzifəsində xidmət edir. 15 mart 2024-cü il tarixdə Balakən rayon Tülü kəndi ərazisində xidmətdə olduğu zaman Balakən rayon Tülü kənd sakini Təqsirləndirilən şəxs Balakən rayon Tülü kəndi ərazisində özünə məxsus olmayan torpaq sahəsindən qanunsuz olaraq ağac kəsməsini müəyyən etmişdir.Daha sonra bu barədə Balakən rayon polis şöbəsinin rəhbərliyinə raportla müraciət etmişdir.Həmin məlumat əsasında 16 mart 2024cü il tarixdə Balakən rayon polis şöbəsinin istintaq bölməsinin müstəntiqi Tural Mahatov tərəfindən Təqsirləndirilən şəxs, polis əməkdaşlarının və dəvət edilmiş mütəxəssis Şahid3 iştirakı ilə baxış keçirilmişdir.Baxış keçirilən ərazi Balakən rayonu Tülü kəndi ərazisində olan torpaq sahəsi olmuşdur.Baxış zamanı həmin torpaq sahəsindən 10 ədəd qələmə qovaq növündən və 01 ədəd əncir növündən olan ağacların, ümumilikdə 11 ədəd köküstə yaş ağacların Təqsirləndirilən şəxs tərəfindən kəsilməsi müəyyən edilmişdir.Baxışda iştirak edən Təqsirləndirilən şəxs 11 ədəd ağacı özü kəsdiyini bildirmişdir. Baxış zamanı mütəxəssis Şahid3 tərəfindən gələcəkdə təbiətə dəymiş ziyanın müəyyən edilməsi üçün kəsilmiş ağacların diametrləri ölçülmüşdür. Baxışda iştirak edən Təqsirləndirilən şəxs həmin ağacları özünün kəsdiyini bildirmişdir.Həmçinin torpaq sahəsinin də kənarlarını özünün hasarladığını bildirmişdir.Baxış prosesi Balakən rayon polis şöbəsinin ictimai təhlükəsizlik bölməsinin sabiq sahə rəisi Nurlan Bazarov tərəfindən mobil telefon vasitəsi ilə fasiləsiz olaraq videoçəkəlişdən istifadə edilməklə qeydə alınmışdır.Sonda müstəntiq tərəfindən baxış keçirilməsi haqqında protokol tərtib edilmiş, tərtib edilmiş protokol ucadan oxunmuş və iştirakçılar tərəfindən imzalanmışdır. İşin 9-12-ci vərəqələrində olan və məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş 16 mart 2024-cü il tarixdə tərtib olunmuş “baxış keçirilməsi haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs müxtəlif cinsli ağacları kəsdiyi torpaq sahəsi Balakən rayon Tülü kəndi ərazisində yerləşir. Həmin torpaq sahəsi Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı sahəsinin baş tərəfində kəndin içərisindən keçən asfalt yolun kənarındadır. Baxış zamanı Təqsirləndirilən şəxs bildirmişdir ki, qeyd edilən torpaq sahəsində olan ağacları o uzun illər əvvəl əkib. Həmin torpaq sahəsinə 1990-cı ildən nəzarət edir. Kəsdiyi ağaclar onun həyətinə gələn internet xəttinə və elektrik xətlərinə maneçilik etdiyinə görə həmin ağacları 01 ay əvvəl, yəni 2024-cü ilin fevral ayının ortalarında motorlu mişarla kəsmişdir.Torpaq sahəsində kəsilmiş ağaclar Təqsirləndirilən şəxs iştirakı ilə mütəxəssis tərəfindən ölçülüb diamertləri və növləri müəyyən edilmişdir. Baxış zamanı müəyyən edilmişdir ki, torpaq sahəsində 10 ədəd 22 sm, 26 sm, 28 sm, 16 sm, 18 sm, 28 sm, 18 sm, 16 sm, 16 sm, 16 sm qələmə qovaq ağacları, bir ədəd 16 sm diametrində incir ağacının kəsilməsi müəyyən edilmişdir. Baxışda iştirak edən mütəxəssis Şahid3 bildirmişdir ki, həmin kəsilmiş ağaclar köküstə yaş ağaclardır və dib köklərindən kəsilmişdir.Baxış zamanı Təqsirləndirilən şəxs bildirmişdir ki, həmin torpaq sahəsinin kənarlarını da özü hasarlamışdır.Yəni bağlamışdır.Həmin torpaq sahəsinə özü nəzarət etmişdir.Baxış zamanı qeyd edilən yəni ağacların kəsildiyi torpaq sahəsinin Təqsirləndirilən şəxs tərəfindən hasarlandığı müəyyən edilmişdir.Baxış zamanı Təqsirləndirilən şəxs bir daha ağacları özü kəsdiyini, həmin torpaq sahəsinə özünün nəzarət etdiyini, torpaq sahəsini özünün bağladığını, yəni hasarladığını bildirdi.Təqsirləndirilən şəxs kəsdiyi 11 ədəd ağac araşdırılma üçün əhəmiyyət kəsb etdiyindən Balakən RPŞ-də saxlanılması üçün götürülmüşdür.Baxış prosesi Balakən RPŞnin İTB-nin sabiq sahə rəisi Bazarov Nurlan Nəriman oğlu tərəfindən mobil telefon vasitəsi ilə qeydə alınmış və qeydə alınmış videogörüntülərin əks olunduğu 01 ədəd DVD disk baxış protokoluna əlavə olunmuşdur. Baxış zamanı tərtib edilmiş protokol iştirakçılara ucadan oxunmuş, əlavə hər hansı şikayət və vəsatət daxil olmamış, protokolun doğruluğu imzalarla təsdiq edilmişdir. İşin 49-52-ci vərəqələrində olan və məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 28 iyun 2024-cü il tarixli 3-16-16/2-9/4839/2024 nömrəli rəyindən görünür ki, ekspertiza tədqiqatına təqdim edilmiş 7 saylı RETSİ-si tərəfindən tərtib edilmiş 02 may 2024-cü il tarixli, Ç-HH/4624-072 saylı məktuba (kserosurət) və Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2016-cı il tarixli 421 nömrəli qərarına əsasən (tikinti abadlaşdırma istisna olmaqla) Balakən rayonu Tülü kəndi ərazisində Tülü bələdiyyəsinin mülkiyyətində olan torpaq sahəsində köküstə yaş bioloji inkişafda olan 11 ədəd müxtəlif adda və müxtəlif diametrli ağacların qanunsuz kəsilməsi nəticəsində təbiətə dəymiş ziyanın ümumi məbləği nəzəri qaydada 2060,00 (iki min altmış) manat müəyyən olunur. Həmin ağacların ayrıayrılıqda adları, diametrləri və qiymətləri rəyin tədqiqi hissəsində göstərilmişdir. İşin 53-56-cı vərəqələrində olan və məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 11 iyul 2024cü il tarixli 3-16-16/2-10/3819 nömrəli rəyindən görünür ki, tikinti-texniki ekspertizasının təyin edilməsi barədə xx.xx.2024-cü il tarixli qərar ilə birlikdə Məhkəmə ekspertiza mərkəzinə təqdim edilmiş Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti “Daşınmaz Əmlakın Dövlət Kadatrı və Reyestri” publik hüquqi şəxsin 18 saylı Zaqatala Ərazi İdarəsi tərəfindən tərtib edilmiş, xx.xx.2024-cü il tarixli müvafiq mütəxəssis rəyinə əsasən aşağıdakılar müəyyən olunur: Qərarın 1, 2 və 3-cü sualları üzrə Kəsilmiş ağacların yerləşdiyi torpaq sahəsinin ölçüləri 0.03 ha olmaqla Balakən rayonu, Tülü bələdiyyəsinin mülkiyyətində olan yaşayış məntəqələri torpaqlarına aid ümumi istifadədə olan torpaq sahəsidir. Məhkəmə Ekspertiza Mərkəzinə tikinti-texniki ekspertizasının təyin edilməsi barədə xx.xx.2024-cü il tarixli qərar ilə birlikdə təqdim edilmiş, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin 18 saylı Zaqatala Ərazi İdarəsi tərəfindən tərtib edilmiş, xx.xx.2024-cü il tarixli müvafiq mütəxəssis rəyində mübahisə predmeti olan torpaq sahəsinin zəbt olunub-olunmaması, əgər zəbt olunubsa kim tərəfindən zəbt olunmasına dair hər hansı məlumat olmadığından həmin torpaq sahəsinin zəbt olunubolunmamasının müəyyən edilməsi mümkün olmamışdır. İşin 38-ci vərəqəsində olan və məhkəmə istintaqında elan olunmaqla tədqiq edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İşin 31-ci vərəqəsində olan və məhkəmə istintaqında elan olunmaqla tədqiq edilmiş Balakən rayon Balakən kənd İHB-ın Tülü kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəsi tərəfindən verilmiş 17 may 2024-cü il tarixli 391 nömrəli arayışdan görünür ki Puçaxov X7 rayonu Tülü kəndində yaşayır. İşin 33-cü vərəqəsində olan və məhkəmə istintaqında elan olunmaqla tədqiq edilmiş Balakən rayon İH-ın Tülü İnzibati Ərazi Dairəsi üzrə nümayəndəsi tərəfindən verilmiş 17 may 2024-cü il tarixli 392 nömrəli arayışdan görünür ki, Təqsirləndirilən şəxs himayəsində arvadı, oğlanları, gəlini və nəvələri vardır. İşin 32-ci vərəqəsində olan və məhkəmə istintaqında elan olunmaqla tədqiq edilmiş Balakən rayon İHB-ın Tülü kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəsi tərəfindən verilmiş xasiyyətnamədə Təqsirləndirilən şəxs müsbət cəhətdən xarakterizə olunur. İş materiallarına əlavə edilmiş xx.xx.2024-cü il tarixli ********** nömrəli mədaxil qəbzindən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə 200 manat ödəniş etmişdir. İş materiallarına əlavə edilmiş Balakən rayon Tülü Bələdiyyəsi tərəfindən Balakən Rayon Məhkəməsinə ünvanlanmış xx.xx.2024-cü il tarixli 203 nömrəli məktubdan görünür ki,Tülü kənd sakini Təqsirləndirilən şəxs İdlris oğlunun həyətyanı torpaq sahəsinin önündə yerləşən, Bələdiyyə mülkiyyətinə məxsus 0,03 ha torpaq sahəsindən 10 ədəd qələmə ağacı və 1 ədəd əncir ağacı kəsilmiş, kəsilmiş ağacların dəyəri Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Şəki Regional İdarəsinin əməkdaşları tərəfindən 2060 manat qiymətləndirilmişdir. Vətəndaş Təqsirləndirilən şəxs dəyərləndirilmiş 2060 manatdan 200 manatını Tülü bələdiyyəsinin poçt hesabına ödəmiş və geri qalmış 1860 manatı hər ay aldığı pensiyasından ödəniş edəcəyinə söz verdiyi üçün bələdiyyə etiraz və şikayət etmir. Ona görə də ona yüngül cəza verilməsini xahiş edir. Məhkəmə, zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi Nümayəndə, iş üzrə şahidlər- Şahid1, Şahid2 və Şahid3 ifadələrini, ekspertiza rəylərini, məhkəmə və ibtidai istintaq hərəkətlərinin protokollarını və sair sənədləri tam, hərtərəfli və obyektiv yoxlayıb, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliliyi üzrə qiymətləndirib, həmin sübutları inandırıcı, məntiqli olduqları, ziddiyyət təşkil etmədikləri, əksinə bir-biri ilə uyğun şəkildə işin faktiki hallarını təsdiq etdikləri üçün mötəbər sübutlar kimi qəbul edir. Torpaq sahəsinin bələdiyyəyə aid olduğunu bilməməsi, 7 ədəd ağacı küləyin qırması barədə Təqsirləndirilən şəxs məhkəmə iclasında göstərdiyi xüsusatlar iş materialları ilə (ibtidai istintaq zamanı müdafiəçinin iştirakı ilə verdiyi ifadələr, baxış protokolu, zərərçəkmiş hüquqi şəxs Balakən rayonu Tülü bələdiyyəsinin nümayəndəsinin və şahidlərin ifadələri və s. ) təkzib olunduğundan məhkəmə onun bu ifadəsini cinayət məsuliyyətindən yaxa qurtarmağa hesablanmış, özünü müdafiə məqsədi ilə verilmiş ifadə hesab edərək sübut kimi qəbul etmir. Təqsirləndirilən şəxs məhkəmə baxışında verdiyi ifadəsindən fərqli olaraq ibtidai istintaq zamanı verdiyi bütün ifadələrində göstərmişdir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 188.1-ci və 259.1-ci maddələri ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilir.Hazırda Balakən rayonu Tülü kəndində ailə üzvləri ilə birlikdə yaşayır.Pensiyaçıdır.Heç yerdə işləmir. Onun yaşadığı evin həyətyanı səhəsinin baş tərəfində altıaçıq sarayının arxa tərəfindən balaca adsız çay axır. Həmin çayın olduğu torpaq sahəsi uzun illərdir ki, onun istifadəsində olmuşdur.O, həmin torpaq sahəsini özü istifadə etdiyi üçün torpaq sahəsinin içərisinə müxtəlif növ ağaclar əkmişdir.Torpaq sahəsinin kənarlarını isə taxta materialdan hasar çəkmişdir.Həmin torpaq sahəsi Balakən rayon Tülü bələdiyyəsinə məxsus torpaq sahəsidir.Torpaq sahəsi həmişə onun istifadəsində olmuşdur.Lakin torpaq sahəsini istifadə etməyi ilə bağlı Tülü bələdiyyəsindən rəsmi icazəsi yoxdur.Həmçinin Tülü bələdiyyəsi ilə heç bir müqaviləsi yoxdur.Təxminən 1 ay əvvəl yəni fevral ayının ortalarında yaşadığı Tülü kəndinə yeni sürətli internet xətti çəkilirmiş, o, da yeni internet xətti çəkdirmək istəmişdir.Lakin istifadə etdiyi torpaq sahəsində olan ağacları kəsməsə sürətli internet xəttinin çəkilməsi mümkün olmamışdır.Çünki həmin ağacların budaqları internet xəttinin çəkilməsinə çətinlik yaratmışdır.Buna görə o, 2024-cü ilin fevral ayının ortalarında torpaq sahəsində özü əkdiyi 11 ədəd ağacları özünə məxsus motorlu mişar vasitəsi ilə dib kökündən kəsmişdir.Lakin motorlu mişarla kəsdiyi 11 ədəd ağacları həmin torpaq sahəsində qoymuşdur.Kəsdiyi ağacları heç kimə verməmişdir. Ağacları gələcəkdə sobada yandırıb istifadə etmək üçün saxlamışdır.Həmin ağacları özü torpaq sahəsinə əkmişdir. Lakin ağacları nə vaxt əkməsi yadında qalmamışdır.16 mart 2024-cü il tarixdə isə Balakən rayon polis şöbəsinin əməkdaşları həmin ağacların qanunsuz kəsildiyini müəyyən edib qeyd edilən əraziyə onun və 7 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşı Şahid3 iştirakı ilə baxış keçirtmişlər.Baxış zamanı o, özünün kəsdiyi 11 ədəd ağacları göstərmişdir.Baxış zamanı ağacların cinsi, diametrləri və sayı müəyyən edilmişdir. Müəyyən edilmişdir ki, o, Tülü bələdiyyəsinin mülkiyyətinə aid olan torpaq sahəsindən 10 ədəd Qələmə qovaq ağacı,1 ədəd əncir növündən olan ağacı, ümumilikdə 11 ədəd yaş köküstə ağaclar kəsmişdir.Həmçinin baxış zamanı həmin torpaq sahəsini özü istifadə etdiyini və torpaq sahəsinin kənarlarında özü taxta materialla hasarladığını bildirmişdir. Qeyd etmişdir ki, torpaq sahəsi 1990-cı ildən onun istifadəsində olmuşdur.O, həmin torpaq sahəsinə 1990-cı ildən nəzarət etmişdir. Torpaq sahəsinin kənarlarını isə 2022-ci ilin iyun ayının ortalarında taxtadan hasarlamışdır.Baxış zamanı mobil telefon vasitəsi ilə fasiləsiz olaraq videoçəkilişdən istifadə edilmişdir.Onun kəsdiyi ağaclar maddi sübut kimi götürülmüşdür. Baxış zamanı protokol tərtib edilmişdir.Tərtib edilmiş protokol ucadan oxunmuş və iştirakçılar tərəfindən imzalanmışdır. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsi iş materialları ilə tam təsdiq olunduğundan məhkəmə onun ibtidai istintaq zamanı verdiyi həmin ifadəsini sübut kimi qəbul edir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 346-cı maddəsinin tələbinə uyğun olaraq təqsirləndirilən şəxsin əməlinin hüquqi tövsifi məsələsinə baxaraq qeyd edir ki, məhkəmə iclasında tədqiq olunmuş mümkün və mötəbər sübutların məcmuyu ilə müəyyən edildi ki, Təqsirləndirilən şəxs qanunla müəyyən edilmiş mülkiyyət, istifadə və icarə hüququ olmadan torpaq sahəsini özbaşına hasarlamaqla özbaşına tutmuş və xeyli miqdarda ziyan vurmaqla meşə fonduna daxil olmayan ərazidən qanunsuz ağac kəsmişdir. Qanunla müəyyən edilmiş mülkiyyət, istifadə və ya icarə hüququ olmadan torpaq sahəsini özbaşına hasarlama, becərmə və ya dəyişdirmə, yaxud həmin torpaq sahəsini başqa üsullarla özbaşına tutmağa görə Azərbaycan Respublikası CM-in 188.1-ci maddəsində , meşələrdə və ya xüsusi mühafizə olunan təbiət ərazilərində ağacların, kolların və ya digər yaşıllıqların, eləcə də meşə fonduna daxil olmayan ağacların, kolların və ya digər yaşıllıqların qanunsuz kəsilməsi (götürülməsi) xeyli miqdarda ziyan vurmaqla törədildikdə Cinayət Məcəlləsinin 259.1-ci maddəsində cinayət məsuliyyəti nəzərdə tutulmuşdur. Məhkəmə təqsirləndirilən şəxsin, zərərçəkmiş hüquqi şəxsin nümayəndəsinin və şahidlərin ifadələrini, dövlət ittihamçısının və müdafiəçinin çıxışlarını dinləyib, işdə olan sənədləri bilavasitə tədqiq edib, Azərbaycan Respublikasının Konstitusiyasının 63-cü maddəsində təsbit edilmiş təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq, məhkəmə baxışında ittihamın baxılması nəticələrinə, məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslanaraq, tədqiq olunan sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq bu nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs ittiham olunduğu cinayət hadisəsi baş vermişdir, həmin əməldə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 188.1 və 259.1-ci maddələrinin tərkibi vardır, həmin əməl təqsirləndirilən şəxs tərəfindən törədilmişdir, təqsirləndirilən şəxs həmin cinayətin törədilməsində təqsirlidir, onun cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 188.1 və 259.1-ci maddələri ilə düzgün tövsif edilmişdir, əməlin cinayət olmasını aradan qaldıran hallar, təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur, təqsirləndirilən şəxs törətdiyi əməllərə görə cəzalanmalıdır. Cinayət Məcəlləsinin cəzanın anlayışını və məqsədini müəyyən edən 41-ci maddəsinə görə cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cinayət Məcəlləsinin 58.1 və 58.3-cü maddələrinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamının 13.3 v. 13.4-cü bəndlərində məhkəmələrə tövsiyyə edilmişdir ki,cəzanın növü və həddi müəyyən edilərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyi əsas tutulmalı, cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirilməlidir. Sərəncamın 8-ci bəndində isə tövsiyyə edilmişdir ki, məhkəmələr tərəfindən cəzanın məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza tədbirlərinin tətbiqi genişləndirilsin. “Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr və dəyişikliklər edilməsi barədə” 11 iyun 2004-cü il tarixli 688-İİQD saylı Azərbaycan Respublikası Qanununun 3-cü hissəsinin 9-cu bəndinin və 4-cü hissəsinin 7-ci bəndinin Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin 9-cu hissəsinə uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 yanvar 2005-ci il tarixli Qərarında qeyd olunur ki, istənilən məhkəmə aktının qanuni və əsaslı hesab olunması üçün mütləq şərtlərdən biri onun ədalətli olmasıdır, çünki, ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir. "Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 4 nömrəli, 25 iyun 2003-cü il tarixli Qərarının 1-ci bəndində məhkəmələrə izah edilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Qərarın 2-ci bəndində göstərilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Təqsirləndirilən şəxs zərərçəkmiş hüquqi şəxslə barışıq əldə etməsi, vurulmuş zərəri qismən ödəməsi onun cəzasını yüngülləşdirən hallardır. Onun cəzasını ağırlaşdıran hallar yoxdur. Məhkəmə təqsirləndirilən şəxsə hansı növ cəzanın təyin olunması məsələsinə baxaraq, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, əvvəllər məhkum olunmamasını, yaşayış yeri üzrə müsbət cəhətdən xarakterizə olunmasını, cəzanı yüngülləşdirən halları, cəzanı ağırlaşdıran halların olmamasını, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, daha ciddi cəza növünün təyin edilməsi üçün əsasların olmamasını, onun cəmiyyətdən təcrid edilmədən də islah olunmasının mümkün olmasını, eyni zamanda cərimə və islah işləri növündə cəzanın təyin edilməsinin cəzanın məqsədlərini təmin edə bilməyəcəyini nəzərə alaraq Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddələrin sanksiyasında müəyyən edilmiş həddə azadlığın məhdudlaşdırılması növündə cəzanın təyin edilməsini qanuni, əsaslı və ədalətli hesab edir Təqsirləndirilən şəxs üzərinə Balakən rayonu Tülü kəndində yerləşən yaşayış yerini gecə saat 23:00-dan növbəti gün səhər saat 07:00-a kimi tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, yaşadığı Balakən və qonşu Zaqatala rayonlarının ərazi hüdudlarını tərk etməmək,müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək,habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 346.1.12-ci maddəsinə uyğun olaraq Təqsirləndirilən şəxs təyin ediləcək cəzanın çəkilməli olubolmaması məsələsinə baxaraq,işin hallarını, təqsirləndirilən şəxsin cəzadan azad edilməsi, yaxud barəsində Cinayət Məcəlləsinin 70-ci maddəsinin tətbiq olunması üçün əsasların olmamasını nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxs ona təyin ediləcək cəzanı çəkməlidir. İş üzrə maddi sübut olan və Balakən rayon Polis Şöbəsində saxlanılan, təqsirləndirilən şəxs tərəfindən kəsilmiş 10 ədəd qələmə qovaq növündən və 01 ədəd incir növündən olan 11 ədəd ağacın oduncaqları hökm qanuni qüvvəyə mindikdən sonra zərərçəkmiş hüquqi şəxs Balakən rayon Tülü Bələdiyyəsinə verilməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək qətimkan tədbiri tədbiri hökm qanuni qüvvəsini alana kimi dəyişdirilmədən saxlanmalıdır. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri olan 100 (bir yüz) manat Təqsirləndirilən şəxs tutulub Az. MEM; VÖEN **********; AZ34CTRE********************, X2, KOD 210005, VÖEN ********** Müxbir hesab AZ41NABZ ******************** SWİFT BİK CTREAZ22 hesaba köçürülməlidir. Zərərçəkmiş hüquqi şəxs Balakən rayonu Tülü Bələdiyyəsinə izah olunmalıdır ki, vurulmuş zərərlə bağlı mülki mühakimə icraatı qaydasında məhkəməyə müraciət edə bilər. İş materiallarından həmçinin görünür ki, Balakən rayon Vəkil Bürosunun vəkili Müdafiəçi Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsinə məhkəmə icraatı zamanı 06 iş saatı sərf etmişdir. Azərbaycan Respublikası CPM-nin 193.2-193.3-cü maddələrinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Məhkəmə şübhəli və ya təqsirləndirilən şəxsin orta aylıq gəlirini, maddi, əmlak və ailə vəziyyətini, habelə digər halları nəzərə alaraq həmin şəxsin müdafiəçi tərəfindən göstərilən hüquqi yardımı ödəməkdən azad edilməsi və ödəmənin Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilməsi barədə əsaslandırılmış qərar qəbul edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 3 may 2018-ci il tarixli, 202 №-li qərarı əsasında “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli,11 №-li qərarına edilmiş dəyişikliklərə uyğun olaraq təqsirləndirilən şəxslərin hüquqlarını müdafiə etmələrinə görə müdafiəçilərə hər iş saatı üçün 6 manat məbləğində haqq ödənilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə icraatı zamanı göstərilən hüquqi yardımla bağlı Azərbaycan Respublikası Dövlət büdcəsinin vəsaiti hesabından 36 manat tutulub vəkil Müdafiəçi ödənilməsi üçün Balakən rayon Vəkil Bürosunun nəfinə, "xxxx" X6 Rekvizitləri: VÖEN **********, kod 201382, Müxbir hesab AZ37NABZ013501**********1944 hesaba köçürülməlidir. Azərbaycan Respublikası CPM-nin 349-cü maddəsinin tələblərinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Məhkəmənin hökmü Azərbaycan Respublikası Konstitusiyasının, bu Məcəllənin, Azərbaycan Respublikasının cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir. Məhkəmənin hökmü məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə əsaslı hesab edilir. Kondraşinanın Rusiya Federasiyasına qarşı iş üzrə qərarında Avropa Məhkəməsi göstərmişdir ki, məhkəmələr qərar qəbul edərkən hüququn aliliyinə əməl etməlidirlər. Hüququn aliliyinin əsas cəhətlərindən biri hüquqi müəyyənlik prinsipidir ki, onun tələbinə görə məhkəmələr yekun qərarı elə qəbul etməlidirlər ki, o mübahisə olunmasın. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356 və 384.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə Hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 188.1 və 259.1ci maddələrində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin, CM-nin 188.1ci maddəsi ilə 01 (bir) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına, CM-nin 259.1-ci maddəsi ilə 01(bir) il 03 (üç) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq 01(bir) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırıdması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs üzərinə Balakən rayonu Tülü kəndində yerləşən yaşayış yerini gecə saat 23:00-dan növbəti gün səhər saat 07:00-a kimi tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, yaşadığı Balakən və qonşu Zaqatala rayonlarının ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək,habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs cəzasını yaşayış yeri üzrə çəksin, onun cəza çəkmə müddətinin əvvəli cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən qüvvəsində saxlanılsın. İş üzrə 100 ( bir yüz) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutulub Az. MEM; VÖEN **********; AZ34CTRE********************,X2, KOD-210005, VÖEN;**********, Müxbir hesab AZ41NABZ******************** SWİFT BİK CTREAZ22 hesaba köçürülsün. İş üzrə maddi sübut olan və Balakən rayon Polis Şöbəsində saxlanılan, təqsirləndirilən şəxs tərəfindən kəsilmiş 10 ədəd qələmə qovaq növündən və 01 ədəd incir növündən olan 11 ədəd ağacların oduncaqları hökm qanuni qüvvəyə mindikdən sonra zərərçəkmiş hüquqi şəxs Balakən rayon Tülü bələdiyyəsinə verilsin. Hökmün icrası təqsirləndirilən şəxsin yaşayış yeri üzrə Balakən Rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Zərərçəkmiş hüquqi şəxs Balakən rayonu Tülü Bələdiyyəsinə izah olunur ki, vurulmuş zərərin ödənməmiş qalan 1860 manata aid hissəsi ilə bağlı mülki mühakimə icraatı qaydasında məhkəməyə müraciət edə bilər. Təqsirləndirilən şəxs məhkəmə icraatı zamanı göstərilən hüquqi yardımla bağlı Azərbaycan Respublikası Dövlət büdcəsinin vəsaiti hesabından 36 manat tutulub vəkil X3 ödənilməsi üçün Balakən rayon Vəkil Bürosunun nəfinə, "xxxx" ASC-in X6 Rekvizitləri: VÖEN **********, kod 201382, Müxbir hesab AZ37NABZ013501**********1944 hesaba köçürülsün. Hökmdən elan olunduğu andan (həbsdə olan məhkum hökmün surəti ona verildiyi andan) 20 gün müddətində Balakən Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apellyasiya şikayəti və ya protesti verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən Hümbət Səlimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar