Azərbaycan Respublikası adından HÖKM Balakən Rayonu İş № 1(019)-90/2021 10.11.2021 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Səlimov Hümbət Qamuna oğlunun sədrliyi, məhkəmə iclas katibi X8 qızının katibliyi, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində DİMÜŞ-nin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı2, müdafiəçi-Balakən rayon Vəkil Bürosunun vəkili Müdafiəçi və Təqsirləndirilən şəxs iştirakları ilə Təqsirləndirilən şəxs-xx.xx.1990-cı ildə Balakən rayonunun Qullar kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işləməyən, məhkumluğu olmayan, ünvan 1 ünvanda yaşayan, barəsində həbs qətimkan tədbiri seçilmiş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Təqsirləndirilən şəxs 2021-ci ilin iyul ayının əvvəlində Bakı şəhəri Yasamal rayonu ərazisində “20 Yanvar” metrostansiyasının yaxınlığında piyada hərəkət edərkən yerdən bir ədəd gümüşü-ağ rəngli kağız bükümdə taparaq qəsdən, satış məqsədi olmadan, qanunsuz olaraq, şəxsi istehlak miqdarından artıq miqdarda təmiz çəkisi 2,360 qram olan kustar üsulla hazırlanmış psixotrop maddə-metamfetamini əldə edib əynindəki şalvarın sağ yan cibinə qoymaqla daşıyaraq öz istehlakı məqsədi ilə üzərində saxlamışdır.13 iyul 2021-ci il tarixdə Balakən RPŞ-nin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Təqsirləndirilən şəxs Balakən RPŞ-yə dəvət edilərək şübhəli şəxs qismində tutulub üzərində həmin gün saat 15:25-dən 16:00-dək olan müddət ərzində şəxsi axtarış keçirilərkən qəsdən, satış məqsədi olmadan, qanunsuz olaraq, şəxsi istehlak miqdarından artıq miqdarda öz istehlakı məqsədi ilə əldə edib daşıyaraq saxladığı bir ədəd gümüşü-ağ rəngli kağız bükümdə təmiz çəkisi 2,360 qram olan kustar üsulla hazırlanmış həmin psixotrop maddə-metamfetamin əynindəki şalvarın sağ yan cibindən aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs həmin cinayət əməlini törətməsi məhkəmə iclasında özünün səmimi etirafedici ifadəsi, şahidlərin ifadələri və məhkəmə iclasında tədqiq olunan digər sübutlarla aşağıdakı qaydada tam sübuta yetirildi. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs oğlu Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək göstərdi ki, Balakən şəhəri A.Məmmədov küçəsi ev 83 ünvanında ailə üzvləri ilə birlikdə yaşayır. Təxminən beş aya yaxındır ki, bir ay ərzində 2-3 dəfə olmaqla psixotrop maddə olan metamfetamindən istifadə edir. Təxminən 2021-ci ilin iyul ayının ilk günlərində şəxsi işləri ilə bağlı iki günlük Bakı şəhərinə getmişdir. 2021-ci ilin iyul ayının əvvəlində Bakı şəhəri Yasamal rayonu ərazisində yerləşən 20 yanvar metrostansiyasının yaxınlığında piyada yol gedərkən yerdə olan bir ədəd gümüşü rəngli siqaret kağız bükümü diqqətini cəlb etmişdir. Əyilib yerdən həmin bükümü götürmüş və bükümü açıb içərisinə baxanda içərisində ağ rəngli, kristalşəkilli maddə olduğunu görmüşdür. İstifadəçisi olduğuna görə həmin maddənin psixotrop maddə-metamfetamin olduğunu anlamış və özü istifadə etmək üçün həmin bükümü cibinə qoyub üzərində daşıyaraq saxlamışdır. İki gündən sonra yaşadığı Balakən şəhərinə qayıdanda həmin tapdığı bükümü də cibində gətirmişdir. Balakən şəhərinə gələndən sonra həmin psixotrop maddə metamfetamindən cəmi bir dəfə istifadə etmiş, qalanını da ehtiyacı olanda istifadə etmək üçün və ailə üzvləri görməsin deyə üzərində daşıyıb saxlamışdır. 13 iyul 2021-ci il tarixdə günorta saatlarında yaşadığı evdən çıxıb Balakən şəhəri A.Məmmədov küçəsində dayanmışdır. Həmin vaxt psixotrop maddə metamfetamini əynindəki qara rəngli şalvarın sağ yan cibində olan “Magna” markalı siqaret qutusunun üzərindəki sellofanla qutunun arasına qoyub üzərində saxlamışdır. Bu zaman iki nəfər mülki geyimli şəxslər ona yaxınlaşıb özlərini təqdim edərək Balakən RPŞ-nin əməkdaşları olduqlarını bildirmişlər və üzərində psixotrop maddə metamfetamin saxlamaqda şübhəli olduğunu deyərək onu Balakən RPŞ-yə dəvət etmişlər. O da etiraz etmədən polis əməkdaşları ilə birlikdə Polis Şöbəsinə getmişdir. Polis Şöbəsində əvvəlcə təhqiqatçı Məhəmməd Xocaxov tərəfindən şübhəli şəxs kimi tutulmuş, daha sonra ona təqdim edilmiş vəkillər siyahısından seçdiyi vəkil Müdafiəçi qismində Polis Şöbəsinə dəvət olunmuş, bundan sonra müdafiəçinin və polis əməkdaşlarının iştirakları ilə videoçəkiliş aparılmaqla təhqiqatçı tərəfindən ona hüquq və vəzifələri izah edilərək üzərində şəxsi axtarış aparılacağı bildirilmişdir. Daha sonra təhqiqatçı ona üzərində olan psixotrop maddə və ya qanunla qadağan olunmuş əşyaları təqdim etməyi təklif etmişdir. Buna görə üzərində daşıyaraq saxladığı 01 ədəd bükümdə olan psixotrop maddə metamfetamini, həmçinin, 01 ədəd içərisi boş olan “Magna” markalı siqaret qutusunu və 01 ədəd 20 manatlıq pul əskinasını könüllü olaraq əynindəki qara rəngli şalvarın sağ yan cibindən çıxarıb masanın üzərinə qoymuşdur. Təqdim etdiyi 01 ədəd büküm polis əməkdaşları tərəfindən açılarkən içərisində ağ rəngli, kristalşəkilli maddə olması aşkar edilmişdir. Həmin büküm təhqiqatçı tərəfindən elektron tərəzi vasitəsi ilə çəkilmiş və çəkisi 2,63 qram gəlmişdir. Daha sonra üzərində şəxsi axtarış aparılmış, lakin üzərindən əlavə hər hansı qanunsuz əşya və ya predmet aşkar edilməmişdir. Üzərindən aşkar olunmuş 01 ədəd büküm təhqiqatçı tərəfindən 01 ədəd ağ rəngli zərfə qoyularaq qablaşdırılmış, möhürlənmiş və zərf bütün iştirakçılar tərəfindən imzalanmışdır. Sonda təhqiqatçı tərəfindən bu barədə protokol tərtib edilərək bütün iştirakçılar tərəfindən imzalanmışdır. Şəxsi axtarış başa çatdıqdan sonra boş siqaret qutusu və 20 manat pul ona qaytarılmışdır. 14 iyul 2021-ci il tarixdə hüquqlarını müdafiə edən vəkilin iştirakı ilə ekspertizanın rəyi ilə tanış olduqdan sonra ona məlum olmuşdur ki, üzərindən aşkar olunmuş 01 ədəd gümüşü-ağ rəngli kağız bükümdəki psixotrop maddə metamfetaminin təmiz çəkisi 2,360 qramdır. Rəyin mahiyyəti ona izah olunmuşdur, aydındır, üzərindən aşkar edilmiş psixotrop maddənin çəkisinin ekspert rəyində göstərilən qədər ola biləcəyini hesab edir. Psixotrop maddələrin və ya narkotik vasitələrin satışı ilə məşğul olmur, sadəcə özü istifadə edir. Yaşadığı evdə və ya başqa bir yerdə əlavə psixotrop maddə və ya narkotik vasitə saxlamır. Üzərində psixotrop maddə metamfetamin daşıyıb saxlamağı barədə heç kimin məlumatı olmamışdır. Üzərindən aşkar olunmuş 01 ədəd bükümdə olan həmin psixotrop maddə metamfetamindən cəmi bir dəfə cüzi miqdarda götürüb istifadə etmişdir.Əməlindən çox peşimandır.Bir daha belə əməllərə yol verməyəcəkdir. Nəzərə alaraq barəsində yüngül cəza təyin olunmasını xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, Balakən RPŞ-nin CAB-nin baş əməliyyat müvəkkili vəzifəsində işləyir. 13.07.2021-ci il tarixdə Balakən şəhəri A.Məmmədov küçəsi ev 83-də qeydiyyatda olan və yaşayan Təqsirləndirilən şəxs üzərində qanunsuz olaraq psixotrop maddə saxlamaqda şübhəli olduğundan onun tərəfindən və CAB-nin baş əməliyyat müvəkkili Şahid2 tərəfindən yaşadığı evin yaxınlığından, A.Məmmədov küçəsindən dəvət edilərək Balakən RPŞ-yə gətirilmişdir. Təqsirləndirilən şəxs barəsində tədbir görülməsindən ötrü aidiyyəti əməkdaşlara göstəriş verilməsi üçün RPŞ rəisinə həmin tarixdə raportla məruzə etmişdir. 13.07.2021-ci il tarixdə Balakən RPŞ-də şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs üzərində saat 16 radələrində şəxsi axtarış aparılmasında iştirak etmişdir.Şəxsi axtarışda ondan başqa təhqiqatçı Məhəmməd Xocaxov, şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs, Təqsirləndirilən şəxs hüquqlarını müdafiə edən vəkil Müdafiəçi, RPŞ-nin CAB-nin baş əməliyyat müvəkkili Şahid2 və RPŞ-nin PPXB-nin polis nəfəri Arif Ağcayev iştirak etmişlər. Şəxsi axtarış başlayarkən təhqiqatçı tərəfindən şübhəli şəxs Təqsirləndirilən şəxs üzərində qanunsuz olaraq saxladığı əşya varsa təqdim etməsi təklif edilmişdir. Təqsirləndirilən şəxs əynindəki qara rəngli şalvarın sağ yan cibindən bir ədəd gümüşü ağ rəngli kağız bükümü, bir ədəd boş “Maqna” siqaret qutusunu və 20 manatlıq pul əsginasını çıxardıb təqdim etmişdir. Şübhəli şəxs Təqsirləndirilən şəxs tərəfindən təqdim edilmiş büküm təhqiqatçı tərəfindən açıldıqda içərisində ağ rəngli, kristalşəkilli maddə olması aşkar edilmişdir. Təhqiqatçı tərəfindən aşkar edilmiş maddə ilə bağlı verilmiş suallara cavab olaraq şübhəli şəxs Təqsirləndirilən şəxs aşkar edilmiş kütlənin psixotrop maddə-metamfetamin olduğunu, həmin metamfetamin olan bükümü Bakı şəhərində “20 Yanvar” metrostansiyasının yanından tapdığını və şəxsi istifadəsi üçün üzərində saxladığını bildirmişdir. Aşkar edilmiş maddə üzərindəki kağızla birlikdə təhqiqatçı tərəfindən elektron tərəzidə çəkildikdə çəkisi 2,63 qram olmuşdur. Aşkar edilmiş bir ədəd kağız bükümdə olan psixotrop maddə-metamfetaminə bənzər maddə bir ədəd kağız zərfə qablaşdırılaraq möhürlənib maddi sübut kimi götürülmüşdür. Şəxsi axtarış zamanı şübhəli şəxs Təqsirləndirilən şəxs üzərindən başqa heç bir qanunsuz əşya və ya predmet aşkarlanmamıdır. Şəxsi axtarış barədə protokol tərtib edilmiş və iştirakçılar tərəfindən imzalanmışdır. Şəxsi axtarış fasiləsiz olaraq videokamera vasitəsi ilə qeydə alınmışdır. Şəxsi axtarış bitdikdən sonra içərisi boş olan bir ədəd “Maqna” siqaret qutusu və 01 ədəd 20 manatlıq pul əsginası şübhəli şəxs Təqsirləndirilən şəxs qaytarılmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Balakən RPŞ-nin CAB-nin baş əməliyyat müvəkkili Şahid2 Şahid1 ilə eyni məzmunlu ifadə verərək onun ifadəsində göstərdiyi xüsusatları təsdiq etmişdir. İşin 20-23-cü vərəqələrində olan və məhkəmə iclasında elan olunmaqla tədqiq olunmuş 13 iyul 2021-ci il tarixli şübhəli şəxsin üzərində şəxsi axtarış aparılması barədə protokoldan görünür ki, şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış Balakən RPŞ-nin inzibati binasında 13.07.2021-ci il tarixdə saat 15:25-dən 16:00-dək olan müddət ərzində keçirilmişdir. Şəxsi axtarış başlamazdan əvvəl Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah olunmaqla onun üzərində psixotrop maddə və digər qanunsuz olaraq saxladığı əşya, vasitə varsa təqdim etmək təklif olunmuşdur. Həmin vaxt Təqsirləndirilən şəxs əynindəki qara rəngli şalvarın sağ yan cibindən bir ədəd gümüşü-ağ rəngli kağız bükümü, bir ədəd boş “Maqna” siqaret qutusu və 20 manat pul çıxardıb təqdim etmişdir. Həmin bir ədəd gümüş-ağ rəngli kağız bükümün içərisində nə olması barədə sual verildikdə Təqsirləndirilən şəxs içərisində psixotrop maddəmetamfetamin olduğunu bildirmişdir. Şəxsin üzərində şəxsi axtarış davam etdirilərkən əlavə psixotrop maddə, narkotik vasitə və digər qanunsuz əşya, vasitə aşkar edilməmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi bir ədəd gümüşü-ağ rəngli kağız bükümün içərisinə baxıldıqda psixotrop maddə-metamfetaminə oxşar maddə aşkar edilmişdir. Həmin psixotrop maddə metamfetaminə oxşar maddə 1 (bir) ədəd gümüşü-ağ rəngli kağızla birlikdə çəkildikdə ümumi çəkisi 2,630 qram gəlmişdir. Daha sonra həmin içərisində psixotrop maddə-metamfetaminə oxşar kütlə olan kağız bükümü bir ədəd zərfə qoyulmuşdur. Üzəri Balakən RPŞ-nin arayışlar üçün 185 nömrəli möhürü ilə möhürlənmiş və iş üçün sübut əhəmiyyətinə malik olduğundan götürülmüşdür. Şəxsi axtarış zamanı Balakən RPŞ-nin PPXB-nin polis nəfəri, polis baş serjantı X2 tərəfindən “Sony” markalı videokamera vasitəsi ilə çəkiliş aparılmışdır. Şəxsi axtarış zamanı iştirakçılardan hər hansı bir şikayət və vəsatət daxil olmamışdır. Protokol ucadan oxunmuş, doğruluğu imzalarla təsdiq edilmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 1 ədəd boş “Maqna” siqaret qutusu və 20 manat pul Təqsirləndirilən şəxs geri qaytarılmışdır.Şəxsi axtarış zamanı qeydə alınmış videogörüntülərin köçürüldüyü 01 ədəd DVD disk protokola əlavə edilmişdir. İşin 32-ci vərəqəsində olan və məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş AR Ədliyyə Nazirliyinin Məhkəmə X3 Regional Bölməsinin 14 iyul 2021-ci il tarixli 17/509 nömrəli ekspert rəyində göstərilmişdir: Tədqiqata təqdim edilmiş, üzərində “Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş maddi sübut...” sözləri yazılmış zərfin içərisindəki, 01 (bir) ədəd gümüşü-ağ rəngli kağızı bükümdə, təmiz çəkisi –2,360 qram olan maddə kustar üsulla hazırlanmış psixotrop maddə - metamfetamindir. İşin 92-ci vərəqəsində olan və məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Gəncə şəhər Səhiyyə İdarəsinin Rayonlararası Narkoloji Dispanserinin Məhkəmə-Narkoloji ekspert komissiyasının 10 avqust 2021-ci il tarixli 942 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir. Psixotrop maddə olan metamfetamindən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var.Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. İşin 14-cü vərəqəsində olan və məhkəmə iclasında elan olunmaqla tədqiq olunmuş 13 iyul 2021-ci il tarixli cinayət işi başlanana kimi şəxsi tutma protokolundan görünür ki, 13 iyul 2021-ci ildə saat 15:10-da Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuş və Balakən RPŞ-nin MSY-də saxlanılmışdır. İşin 72-75-ci vərəqələrində olan Balakən Rayon Məhkəməsinin 15 iyul 2021-ci il tarixli qərarından görünür ki, həmin qərarla Təqsirləndirilən şəxs barəsində 3(üç) ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli 13 iyul 2021-ci il tarixdən hesablanmışdır. İşin 81-cı vərəqəsində olan və məhkəmə iclasında elan olunmaqla tədqiq olunmuş Balakən rayon İHB-nın şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəsi tərəfindən verilmiş 22.07.2021-ci il tarixli 1304 nömrəli arayışdan görünür ki, Təqsirləndirilən şəxs Balakən şəhəri A.Məmmədov küçəsi ev 83-də yaşayır. İşin 80-cı vərəqəsində olan və məhkəmə iclasında elan olunmaqla tədqiq olunmuş Balakən rayon İHB-nın şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəsi tərəfindən verilmiş 22.07.2021-ci il tarixli 1305 nömrəli arayışdan görünür ki, Təqsirləndirilən şəxs Balakən şəhəri A.Məmmədov küçəsi ev 83 ünvanında yaşayır, himayəsində işləməyən atası,anası, bacısı,qardaşı, arvadı və 26.01.2018-ci il təvəllüdlü Ruslan adında bir oğlu vardır. İşin 82-ci vərəqəsində olan və məhkəmə iclasında elan olunmaqla tədqiq olunmuş Balakən rayon İHB-nın şəhər inzibati ərazi dairəsi tərəfindən verilmiş xasiyyətnamədə Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Barəsində nümayəndəliyə heç bir şikayət daxil olmadığı göstərilir. İşin 77-78-ci vərəqələrində olan və məhkəmə iclasında elan olunmaqla tədqiq olunmuş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən verilmiş tələbnamədən və işin 107-ci vərəqəsində olan “Amnistiya aktının tətbiq edilməsi haqqında”17 iyun 2016-cı il tarixli qərarın surətindən görünür ki, Təqsirləndirilən şəxs Balakən Rayon Məhkəməsinin 31 may 2013-cü il tarixli hökmünə əsasən CM-in 177.2.1-ci maddəsi ilə təqsirli bilinib 3000 manat cərimə cəzasına məhkum olunmuş, “Amnistiya aktının tətbiq edilməsi haqqında”17 iyun 2016-cı il tarixli qərarla cəzasının ödənilməmiş qalan 2000 manat hissəsindən azad edilmişdir. O, məhkumluğu olmayan şəxsdir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında elan olunmaqla tədqiq olunmuş Balakən Rayon Mərkəzi X4 Şəxsinin direktorunun 1735 nömrəli, 28 sentyabr 2021-ci il tarixli tibbi arayışından görünür ki, Təqsirləndirilən şəxs 2002-ci ildə qarının küt travması, dalağın partlaması ilə əlaqədar splenektomiya cərrahi əməliyyatdan sonrakı vəziyyət.Qarın boşluğunun bitişmə xəstəliyi diaqnozu ilə qeydiyyatdadır,mütəmadi olaraq müalicə olunur,həkim cərrahın nəzarətindədir, xəstəliyinə görə son beş il İİİ qrup əlil olub. Məhkəmə iş üzrə şahidlər-Şahid1 və Şahid2 ifadələrini, ekspertiza rəylərini, məhkəmə və ibtidai istintaq hərəkətlərinin protokollarını və sair sənədləri tam, hərtərəfli və obyektiv yoxlayıb, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliliyi üzrə qiymətləndirib, həmin sübutları inandırıcı, məntiqli olduqları, ziddiyyət təşkil etmədikləri, əksinə, bir-biri ilə uyğun şəkildə işin faktiki hallarını təsdiq etdikləri üçün mötəbər sübutlar kimi qəbul edir. Məhkəmə, eyni zamanda Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 126.6-cı maddəsinin tələbinə əsasən Təqsirləndirilən şəxs ittiham olunduğu əməldə öz təqsirini etiraf etməsini iş üzrə bütün sübutların məcmuyu ilə təsdiq edildiyi üçün ona qarşı ittihamı təsdiq edən əsas kimi qəbul edir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 346-cı maddəsinin tələbinə uyğun olaraq təqsirləndirilən şəxsin əməlinin hüquqi tövsifi məsələsinə baxaraq məhkəmə tərəfindən müəyyən edildi ki, Təqsirləndirilən şəxs qəsdən qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə əldə etmə, daşıma və saxlama cinayət əməlini törətmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsində göstərilmişdir ki, yalnız Azərbaycan Respublikasının Cinayət Məcəlləsi ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyətini yaradır. Satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə və ya saxlamağa görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində cinayət məsuliyyəti nəzərdə tutulmuşdur. "Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi haqqında" Azərbaycan Respublikası Qanununun 1.0.5-ci madəsinə görə narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi- Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələr, psixotrop maddələr və onların prekursorları ilə bağlı törədilən hər hansı hərəkətlərdir. Həmin Qanunun 1.0.8-ci maddəsinə görə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlərdir. Həmin Qanunun 1.0.9-cu maddəsinə görə narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi-həyata keçirilməsi üsulundan asılı olmayaraq, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlərdir. Həmin Qanunun 1.0.10-cu maddəsinə görə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması-məqsədindən asılı olmayaraq, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlərdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 04 mart 2011-ci il tarixli 02 nömrəli qərarının 4-cü bəndinə görə törədilmiş cinayət əməlinin CM-in 234.1-ci maddəsi ilə tövsif olunması yalnız təqsirkarın bu cinayətin predmetini şəxsi istehlak miqdarından artıq miqdarda əldə etməsi və saxlaması müəyyən edildikdə mümkündür. Narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak miqdarından artıq miqdarı “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə külli miqdarına görə siyahısının təsdiq edilməsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə müəyyən olunmuşdur. Həmin siyahıda bu miqdar heroin üçünvə psixotrop maddə-metamfetamin üçün 0,15 qram müəyyən edilmişdir. Məhkəmə təqsirləndirilən şəxsin və şahidlərin ifadələrini, dövlət ittihamçısının və müdafiəçinin çıxışlarını dinləyib, işdə olan ekspertiza rəylərini və digər sənədləri bilavasitə tədqiq edib, bu sübutları tam, hərtərəfli və obyektiv yoxlayıb, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib, Azərbaycan Respublikasının Konstitusiyasının 63-cü maddəsində təsbit edilmiş təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq, məhkəmə baxışında ittihamın baxılması nəticələrinə əsaslanaraq, tədqiq olunan sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq bu nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir, həmin əməldə Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin tərkibi vardır, həmin əməl təqsirləndirilən şəxs tərəfindən törədilmişdir, təqsirləndirilən şəxs həmin cinayətin törədilməsində təqsirlidir, onun cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir, əməlin cinayət olmasını aradan qaldıran hallar, təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur, təqsirləndirilən şəxs törətdiyi əmələ görə cəzalanmalıdır. Cinayət Məcəlləsinin cəzanın anlayışını və məqsədini müəyyən edən 41-ci maddəsinə görə cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cinayət Məcəlləsinin 58.1 və 58.3-cü maddələrinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. "Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 4 nömrəli, 25 iyun 2003-cü il tarixli Qərarının 1-ci bəndində məhkəmələrə izah edilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Qərarın 2-ci bəndində göstərilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Təqsirləndirilən şəxs himayəsində bir nəfər azyaşlı uşağının olması onun cəzasını yüngülləşdirən haldır, onun cəzasını ağırlaşdıran hallar yoxdur. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən ona hansı növ cəzanın təyin olunması məsələsinə baxaraq, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini,onun şəxsiyyətini, əməlini səmimi etiraf etməklə əməlindən peşiman olmasını,yaşayış yeri üzrə müsbət cəhətdən xarakterizə olunmasını, cəzanı yüngülləşdirən halı, cəzanı ağırlaşdıran halların olmamasını, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini,eyni zamanda Təqsirləndirilən şəxs narkomaniya xəstəliyindən əzab çəkməsini, CM-in 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan həddə azadlığın məhdudlaşdırılması növündə cəzanın təyin edilməsinin cəzanın məqsədlərini təmin edə bilməyəcəyini, onun islah olunması üçün cəmiyyətdən təcrid edilməsinin zəruri olmasını nəzərə alaraq Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş həddə azadlıqdan məhrumetmə növündə cəza təyin edilməsini qanuni, əsaslı və ədalətli hesab edir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 346.1.12-ci maddəsinə uyğun olaraq Təqsirləndirilən şəxs tərəfindən ona təyin ediləcək cəzanın çəkilməli olub-olmaması məsələsinə baxaraq, işin hallarını, təqsirləndirilən şəxsin cəzadan azad edilməsi, yaxud barəsində Cinayət Məcəlləsinin 70-ci maddəsinin tətbiq olunması üçün əsasların olmamasını nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxs ona təyin ediləcək cəzanı çəkməlidir. Təqsirləndirilən şəxs CM-in 56.1.2-ci maddəsinə uyğun olaraq cəzasını ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alana kimi dəyişdirilmədən saxlanmalıdır. Ekspert rəyinə əsasən Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı olduğundan CM-in 93.1.2-ci maddəsinə əsasən ona narkomaniyadan məcburi müalicə təyin edilməli və o narkomaniyadan məcburi müalicə olunmalıdır. O, narkoloji kabinetdə profilaktiki qeydiyyata alınmalı və onun profilaktiki qeydiyyata alınması üçün hökmün surəti yaşayış yeri üzrə Balakən Rayon Mərkəzi X4 Şəxsinə göndərilməlidir. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri olan 71.94 (yetmiş bir manat 94 qəpik) manat Təqsirləndirilən şəxs tutulub Az. MEM; VÖEN **********; AZ34CTRE********************, X1, KOD 210005, VÖEN ********** Müxbir hesab AZ41NABZ ******************** SWİFT BİK CTREAZ22 hesaba köçürülməlidir. İş üzrə maddi sübut kimi tanınmış və Balakən rayon Polis Şöbəsində saxlanılan, ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs üzərindən aşkarlanaraq götürülmüş, ekspert rəyindən sonra ümumi təmiz çəkisi 2,310 qram olan kustar üsulla hazırlanmış psixotrop maddəmetamfetamin hökm qanuni qüvvəsini aldıqdan sonra tam həcmdə məhv edilməlidir. İş üzrə maddi sübut olan bir ədəd DVD disk cinayət işinin materiallarında saxlanmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 346.1-ci və 346.1.19-cu maddələrinə uyğun olaraq məhkəmə müsadirə edilməli əmlakın olub-olmaması məsələsinə baxaraq, təqsirləndirilən şəxsin hazırkı cinayəti törətdiyi zaman cinayət yolu ilə hər hansı əmlak əldə etməməsini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulan xüsusi müsadirə edilməli olan əmlak mövcud deyildir. İş üzrə mülki iddia yoxdur. İş materiallarından həmçinin görünür ki, Balakən rayon Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmə icraat zamanı Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsinə 11 iş saatı sərf etmişdir. Azərbaycan Respublikası CPM-nin 193.2-193.3-cü maddələrinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Məhkəmə şübhəli və ya təqsirləndirilən şəxsin orta aylıq gəlirini, maddi, əmlak və ailə vəziyyətini, habelə digər halları nəzərə alaraq həmin şəxsin müdafiəçi tərəfindən göstərilən hüquqi yardımı ödəməkdən azad edilməsi və ödəmənin Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilməsi barədə əsaslandırılmış qərar qəbul edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 3 may 2018-ci il tarixli, 202 №-li qərarı əsasında “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli,11 №-li qərarına edilmiş dəyişikliklərə uyğun olaraq təqsirləndirilən şəxslərin hüquqlarını müdafiə etmələrinə görə müdafiəçilərə hər iş saatı üçün 6 manat məbləğində haqq ödənilməlidir. Məhkəmə hesab edir ki,Təqsirləndirilən şəxs məhkəmə icraatı zamanı göstərilən hüquqi yardımla bağlı Azərbaycan Respublikası Dövlət büdcəsinin vəsaiti hesabından 66 manat tutulub vəkil Müdafiəçi ödənilməsi üçün Balakən rayon Vəkil Bürosunun nəfinə, "xxxx" ASC-nin X5 Rekvizitləri: VÖEN **********, kod 201382, Müxbir hesab AZ37NABZ013501**********1944 hesaba köçürülməlidir. Azərbaycan Respublikası CPM-nin 349-cü maddəsinin tələblərinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Məhkəmənin hökmü Azərbaycan Respublikası Konstitusiyasının, bu Məcəllənin, Azərbaycan Respublikasının cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir. Məhkəmənin hökmü məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə əsaslı hesab edilir. Kondraşinanın Rusiya Federasiyasına qarşı iş üzrə qərarında Avropa Məhkəməsi göstərmişdir ki, məhkəmələr qərar qəbul edərkən hüququn aliliyinə əməl etməlidirlər. Hüququn aliliyinin əsas cəhətlərindən biri hüquqi müəyyənlik prinsipidir ki, onun tələbinə görə məhkəmələr yekun qərarı elə qəbul etməlidirlər ki, o mübahisə olunmasın. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356 və 384.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin, 1(bir) il 3 (üç) ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəza çəkmə müddətinin əvvəli 13 iyul 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alana kimi dəyişdirilmədən saxlansın. Təqsirləndirilən şəxs CM-in 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin edilsin və o narkomaniyadan məcburi müalicə olunsun. O, narkoloji kabinetdə profilaktiki qeydiyyata alınsın və onun profilaktiki qeydiyyata alınması üçün hökmün surəti yaşayış yeri üzrə Balakən Rayon Mərkəzi X4 Şəxsinə göndərilsin. 71.94 (yetmiş bir manat 94 qəpik) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutulub Az. MEM; VÖEN **********; AZ34CTRE********************, X1, KOD 210005,VÖEN ********** Müxbir hesab AZ41NABZ ******************** SWİFT BİK CTREAZ22 hesaba köçürülsün. İş üzrə maddi sübut kimi tanınmış və Balakən rayon Polis Şöbəsində saxlanılan, ekspert rəyindən sonra təmiz çəkisi 2,310 qram olan psixotrop maddə- metamfetamin hökm qanuni qüvvəsini aldıqdan sonra tam həcmdə məhv edilsin. İş üzrə maddi sübut olan bir ədəd DVD diski cinayət işinin materiallarında saxlansın. Təqsirləndirilən şəxs məhkəmə icraatı zamanı göstərilən hüquqi yardımla bağlı Azərbaycan Respublikası Dövlət büdcəsinin vəsaiti hesabından 66 manat tutulub vəkil Müdafiəçi ödənilməsi üçün Balakən rayon Vəkil Bürosunun nəfinə, "xxxx" ASC-nin X5 Rekvizitləri: VÖEN-**********, kod 201382, Müxbir hesab AZ37NABZ013501**********1944 hesaba köçürülsün. Hökmdən elan olunduğu andan (həbsdə olan məhkum hökmün surəti ona verildiyi andan) 20 gün müddətində Balakən Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apellyasiya şikayəti və ya protesti verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən Hümbət Səlimov
Məhkəmə qərarları › İş №1(019)-90/2021
Balakən Rayon Məhkəməsi Hökm — İş №1(019)-90/2021
10.11.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver