Məhkəmə qərarları › İş №1(019)-90/2023

Balakən Rayon Məhkəməsi Hökm — İş №1(019)-90/2023

04.10.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Balakən Rayonu İş № 1(019)-90/2023 04.10.2023 BALAKƏN RAYON MƏHKƏMƏSİ Balakən Rayon Məhkəməsinin hakimi Səlimov Hümbət Qamuna oğlunun sədrliyi, məhkəmə iclas katibi X1 katibliyi, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin rayon (şəhər) məhkəmələrində dövlət ittihamı müdafiəsi üzrə şöbəsinin prokuroru vəzifəsini icra edən, İİ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2, müdafiəçi-Balakən rayon Vəkil Bürosunun vəkili Müdafiəçiın və Təqsirləndirilən şəxs iştirakları ilə Təqsirləndirilən şəxs -xx xxxxxx 1983-cü il tarixdə Balakən rayonu Katex kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, məhkum olunmamış, işləməyən, Balakən rayonu Katex kəndində qeydiyyatda olmaqla yaşayan və barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: Təqsirləndirilən şəxs 2023-cü ilin yanvar ayının ortalarında qəsdən, qanunsuz olaraq, tamah niyyəti ilə Balakən rayonu Katex kəndi ərazisində yerləşən, X4 məxsus, faktiki olaraq Zərərçəkmiş şəxs1 nəzarət etdiyi fərdi yaşayış evinin nəzarətsiz qaldığına əmin olub, özgənin əmlakını gizli olaraq talamaq qərarına gəlib, bu niyyətini həyata keçirmək məqsədilə saxlanc yeri olan fərdi yaşayış evinin giriş qapısını sındırmaqla içəri daxil olub,zal otaqdan 01 ədəd 400 manat dəyərində 85 dioqanallı LG markalı televizoru, 01 ədəd 150 manat dəyərində eni 1,5 metr, uzunluğu 2,5 metr, qırmızı rəngli, iki ədəd güllü xalçanı, 01 ədəd 150 manat dəyərində eni 2 metr, uzunluğu 3 metr, qəhvəyi krem rəngli xalçanı, evin mətbəx otağından 01 ədəd 400 manat dəyərində Rusiya istehsalı olan ağ rəngli “stinol” markalı iki qapılı soyuducunu, 02 ədəd hər birinin qiyməti 50 manat olmaqla ümumilikdə 100 manat dəyərində Rusiya istehsalı olan qab-qacaq dəstini, 01 ədəd 20 manat dəyərində “Derya” markalı Türkiyə istehsalı olan elektriklə işləyən sobanı, 01 ədəd 300 manat dəyərində “Luxell” markalı Türkiyə istehsalı olan “3 qaz 1 elektrik (tok) + alışqanlı” qazla işləyən sobanı, evin yataq otağından isə 02 ədəd hər birinin qiyməti 25 manat olmaqla ümumilikdə 50 manat dəyərində dəmir çarpayıları oğurlayaraq Zərərçəkmiş şəxs1 ümumilikdə 1570 (min beş yüz yetmiş) manat məbləğində maddi ziyan vurub saxlanc yerinə daxil olmaqla oğurluq cinayət əməlini törətmişdir. Bundan başqa, o, təkrarən 2023-cü ilin yanvar ayının sonlarında qəsdən, qanunsuz olaraq, tamah niyyəti ilə Balakən rayonu Katex kəndi ərazisində yerləşən Zərərçəkmiş şəxs2 məxsus fərdi yaşayış evinin nəzarətsiz qaldığına əmin olub, özgənin əmlakını gizli olaraq talamaq qərarına gəlib, bu niyyətini həyata keçirmək məqsədilə saxlanc yeri olan fərdi yaşayış evinin pəncərəsini sındırmaqla daxil olub, yaşayış evinin birinci mərtəbəsindəki istifadəsiz otaqdan hər bir metri 2 manat olmaqla ümumilikdə 400 manat dəyərində 200 metr uzunluqda Türkiyə İstehsalı olan 3x4.0 mm qalınlığında mis materialından olan istifadədə olmamış elektrik naqillərini, hər bir metri 50 qəpik olmaqla ümumilikdə 150 manat dəyərində 300 metr uzunluqda Rusiya İstehsalı olan 0,5 mm qalınlığında alüminium materialından olan məftili, 01 ədəd 100 manat dəyərində kiçik həcmli “Bramex” markalı Çin istehsalı olan su nasosunu, 01 ədəd 280 manat dəyərində böyük həcmli Lucky Pro markalı Çin istehsalı olan su nasosunu, hər biri 15 manat olmaqla ümumilikdə 30 manat dəyərində 02 ədəd qaz açarlarını oğurlayaraq zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs2 ümumilikdə 960 (doqquz yüz altmış) manat məbləğində maddi ziyan vurub təkrarən saxlanc yerinə daxil olmaqla oğurluq cinayət əməlini törətmişdir. Təqsirləndirilən şəxs həmin cinayət əməllərini törətməsi məhkəmə istintaqı zamanı özünün etirafedici ifadəsi, zərərçəkmiş şəxslərin və şahidin ifadələri, işdə olan digər sübutların bilavasitə tədqiqi əsasında aşağıdakı qaydada tam sübuta yetirildi. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələri ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək göstərdi ki, Balakən rayonu Katex kəndində ailə üzvləri ilə birlikdə yaşayır. 2023-cü ilin yanvar ayının ortalarında maddi imkanı olmadığı üçün oğurluq etmək qərarına gəlmişdir. Bu məqsədlə yaşadığı Katex kəndi ərazisində Bəşir adlı şəxsə məxsus , faktiki olaraq Katex kənd sakini Zərərçəkmiş şəxs1 nəzarətində olan fərdi yaşayış evinə daxil olub oğurluq etməyi qərarlaşdırmışdır. Çünki Bəşir adlı şəxs təxminən 4-5 ildir ki, ailəsi ilə birlikdə Rusiya Federasiyasında yaşadığı üçün yaşayış evinə həmkəndlisi olan İzrail adlı şəxs nəzarət edir. Lakin İzrail həmin evə gec-gec gəlib getdiyi üçün yaşayış evi nəzarətsiz qalmış, bunun üçün də həmin evdən oğurluq etməyi planlaşdırmışdır. 2023-cü ilin yanvar ayının ortalarında hazırda xatırlamadığı gün günorta saatlarında Bəşirə məxsus evin həyət qapısından içəri daxil olmuş, daha sonra evin giriş qapısını ayağı ilə itələyib sındırmış və içəriyə daxil olmuşdur. Evin içərisindən 01 ədəd televizor, 02 ədəd xalça, 01 ədəd soyuducu, 02 ədəd soba, 02 ədəd çarpayı və bir neçə gündəlik istifadə üçün olan qab qacağı həmin yerdən götürüb az-az yaşadığı evin həyətində olan tövləyə aparıb yığmışdır. Daha sonra həmin əşyaları bir neçə gün aralıqla kənd ərazisinə gələn metallum alan şəxslərə ucuz qiymətə satmışdır. Həmin əşyaların metallum kimi satılması nəticəsində təxminən 35-40 manat məbləğində pul əldə etmişdir. Bir neçə gün həmin pulu xərclədikdən sonra o, yenidən oğurluq etmək qərarına gəlmişdir. Bunun üçün də yenidən yaşayış olmayan yəni nəzarətsiz qalan evin olub-olmamasını axtarmışdır. Bu zaman o, həmkəndlisi Umara məxsus fərdi yaşayış evinin nəzarətsiz qaldığını, yəni həmin evdə yaşayış olmadığından həmin evə daxil olub oğurluq etmək qərarına gəlmişdir. Bu məqsədlə 2023-cü ilin yanvar ayının sonlarında hazırda dəqiq xatırlamadığı gün yaşadığı Katex kəndi ərazisində yerləşən Umara məxsus yaşayış evinin həyətinə daxil olmuş, daha sonra yaşayış evinin arxa pəncərəsini ağacla sındırıb evin içərisinə daxil olmuşdur. Həmin ev iki mərtəbəli fərdi yaşayış evi olmuşdur. O, evin birinci mərtəbəsindəki istifadəsiz otağa daxil olmuş, həmin otaqdan elektrik naqilləri, məftil, 02 ədəd su nasosları, 02 ədəd qaz açarlarını oğurlayıb həyətə çıxmışdır. Həmin yerdən də əşyaları özü ilə yaşadığı evə aparmışdır. O, həmin əşyaları Zaqatala rayon sakini Tunar adlı dəmir alan şəxsə zəng edib yaşadığı evə çağıraraq metallum kimi satmışdır. Bundan sonra isə o, hər hansı bir oğurluq hadisəsi törətməmişdir.O, Zərərçəkmiş şəxs1 məxsus fərdi yaşayış evindən və Zərərçəkmiş şəxs2 məxsus fərdi yaşayış evindən oğurlamış olduğu əşyalardan bir hissəsini Zaqatala rayon sakini Tunar adlı dəmir alan şəxsə yaşadığı evdə metallum kimi satmış, həmçinin kənd ərazisində digər metal alan şəxslərə də həmin əşyalardan bir qədər satmış, lakin həmin şəxslərin kim olmalarını və həmin şəxslərin barəsində hər hansı bir məlumat bilmir. Həmin şəxslərdən bəziləri özlərinə məxsus at arabaları bəziləri isə ayrı-ayrı minik avtomobilləri ilə gəlib metallum üçün əşyaları almışdır. Həmçinin həmin dəmir alan şəxslərə o, bəzi vaxtlarda öz evində olan həqiqətən də özünə məxsus əşyaları satdığı üçün konkret olaraq hansı şəxsə hansı əşyanı satdığını xatırlamır. Zərərçəkmiş şəxs1 nəzarət etdiyi X4 məxsus fərdi yaşayış evindən və Zərərçəkmiş şəxs2 məxsus fərdi yaşayış evindən oğurlamış olduğu əşyaları satdığı Tunar adlı şəxs və digər şəxslər həmin əşyaların oğurluq olduğunu bilməmişdirlər. Çünki o, həmin şəxslərə əşyaların özünə məxsus olduğunu və ehtiyacı olduğu üçün satdığını bildirmişdir. Oğurluq etdiyi zaman ona heç kim köməklik göstərməmişdir. Oğurluğu tək etmişdir. Başqa da kimsənin məlumatı olmamışdır. Törətdiyi cinayət əməlindən çox peşimandır,bir daha belə əməllərə yol verməyəcəkdir.Maddi imkanı olmadığından zərər çəkmiş şəxslərə dəymiş zərəri ödəyə bilmir. Ona yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərdi ki, Balakən rayonu Katex kəndində ailə üzvləri ilə birlikdə yaşayır. Balakən rayonu Katex kəndi ərazisində yaşayan, qardaşının qaynı X5 təxminən 4-5 ildir ki, ailəsi ilə birlikdə Rusiya Federasiyasında yaşayır. Bəşirlə onların ailəvi münasibəti olduğu üçün Rusiyaya getdiyi zaman özünə məxsus fərdi yaşayış evinə nəzarət etməyini ondan xahiş etmişdir. Həmçinin evə məxsus açarları da ona vermişdir ki, evin içərisinə də vaxtaşırı baş çəkib təmizlik və digər işləri görüb evə nəzarət etsin. Bundan başqa da Bəşir həmin evin içərisindən, yəni yaşayış otaqlarından, həyətindən və əşyalarından istifadə etməyi ona həvalə etdiyi üçün, həmin əşyalara dəymiş ziyana görə məsuliyyət də tam olaraq onun üzərinə düşmüşdür. Çünki, həmin yaşayış evindən əldə olunacaq hər hansı bir gəlir ona məxsus olacaqdı . Bunun üçün də hər hansı bir ziyan dəyməsi halında da həmin ziyanı o, qarşılamalı olmuşdur. Həmin vaxtdan etibarən o, vaxtaşırı Bəşirə məxsus evə gedib nəzarət edərək zəruri işləri görmüşdür. Sonuncu dəfə 2023-cü ilin yanvar ayının əvvəllərində o, Bəşirə məxsus evə gedərək baş çəkmişdir. Həmin zaman yaşayış evi və içərisində olan əşyalar öz yerində olmuşdur. Bundan sonra təxminən 07-08 aprel 2023-cü il tarixdə o, həmin evə gedib baxdıqda evin giriş qapısının sındırılmış vəziyyətdə olduğunu görmüşdür. Bu zaman o, dərhal yaşayış evinin içərisinə daxil olub ətrafa baxdıqda zal otaqdan 01 ədəd 400 manat dəyərində 85 dioqanallı LG markalı televizorun, 01 ədəd 150 manat dəyərində eni 1,5 metr uzunluğu 2,5 metr, qırmızı rəngli iki gül xalçanın, 01 ədəd 150 manat dəyərində eni 2 metr uzunluğu 3 metr, qəhvəyi krem rəngli xalçanın, evin mətbəx otağından 01 ədəd 400 manat dəyərində Rusiya istehsalı olan ağ rəngli “stinol” markalı iki qapılı soyuducunun, 02 ədəd hər birinin qiyməti 50 manat olmaqla ümumilikdə 100 manat dəyərində Rusiya istehsalı olan qab-qacaq dəstinin, 01 ədəd 20 manat dəyərində “Derya” markalı Türkiyə istehsalı olan elektriklə işləyən sobanın, 01 ədəd 300 manat dəyərində “Luxell” markalı Türkiyə istehsalı olan 3 qaz 1 elektrik (tok) + alışqanlı qazla işləyən sobanın və evin yataq otağından isə 02 ədəd hər birinin qiyməti 25 manat olmaqla ümumilikdə 50 manat dəyərində 02 ədəd dəmir çarpayıların oğurlanmasını aşkar etmişdir. O, evin içərisinə və həyət hissəyə baxdıqda başqa nəyinsə oğurlanmasını aşkar etməmişdir. Həmin zaman o, ilkin olaraq kənd ərazisində belə hadisənin olduğunu kim etmişsə ziyanı ödəməsini, ziyan ödənəcəyi halda şikayət etməyəcəyini bildirsə də oğurluq edən şəxs bilinmədiyi üçün xx.xx.2023-cü il tarixdə şikayət etmək qərarına gəlmişdir. Bunun üçün də Balakən rayon polis şöbəsinə gələrək ərizə yazaraq şikayət etmişdir. Oğurluq olması nəticəsində ona 1570 manat məbləğində maddi ziyan vurulmuşdur. Ona dəymiş ziyan ödənməmişdir. Təqsirləndirilən şəxsdən şikayətçidir, vurulmuş ziyanı tələb edir. Təqsirləndirilən şəxs barəsində ciddi cəza təyin edilməsini xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərdi ki, Balakən rayonu Katex kəndində ailə üzvləri ilə birlikdə yaşayır. Balakən rayonu Katex kəndi ərazisində yerləşən mərhum valideynlərinin yaşadığı iki mərtəbəli fərdi yaşayış evi var. Həmin ev valideynləri vəfat etdikdən sonra ona qalmışdır, yəni hazırda həmin fərdi yaşayış evi ona məxsusdur. xx.xx.2023-cü il tarixdə həmin yaşayış evinə və evin həyətyanı sahəsinə gedib baxdıqda evin arxa pəncərəsinin sındırılmış vəziyyətdə olduğunu görmüşdür.O, bu zaman oğurluq hadisəsinin olmasından şübhələndiyi üçün tez evin giriş qapısını açaraq evin içərisinə daxil olub ətrafa baxdıqda evin birinci mərtəbəsindəki istifadəsiz otaqdan hər bir metri 2 manat olmaqla ümumilikdə 400 manat dəyərində 200 metr uzunluqda Türkiyə İstehsalı olan elektrik 3x4.0 mm qalınlığında mis materialından olan istifadədə olmamış naqillərin, hər bir metri 50 qəpik olmaqla ümumilikdə 150 manat dəyərində 300 metr uzunluqda Rusiya İstehsalı olan 0,5 mm qalınlığında alüminium materialından olan məftilin, 01 ədəd 100 manat dəyərində kiçik həcmli “Bramex” markalı Çin istehsalı olan su nasosunun, 01 ədəd 280 manat dəyərində böyük həcmli “Lucky Pro” markalı Çin istehsalı olan su nasosunun və hər biri 15 manat olmaqla ümumilikdə 30 manat dəyərində 02 ədəd qaz açarlarının oğurlanmasını aşkar etmişdir. O, evin içərisinə və həyət hissəyə baxdıqda başqa nəyinsə oğurlanmadığını bilmişdir. Həmin evdən oğurluq hadisəsinin nə vaxt olmasını konkret bilmir. Çünki bir müddət onun səhhətində olan xəstəliklərlə bağlı o, həmin evə gedib gəlməmişdir. Bunun üçün də oğurluğun konkret olaraq nə vaxt olmasını dəqiq bilmir. Ona ümumilikdə 960 manat məbləğində maddi ziyan vurulmuşdur.Təqsirləndirilən şəxsdən şikayətçidir, vurulmuş ziyanı tələb edir. Təqsirləndirilən şəxs barəsində ciddi cəza təyin edilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid göstərdi ki, ailə üzvləri ilə birlikdə yaşayır. Fərdi əməklə məşğul olaraq dəmir alqı-satqısı ilə məşğul olur. Təxminən 2 ildir ki, Zaqatala- Balakən rayonu ərazilərində dəmir və metallum üçün köhnə əşyaların alışı ilə məşğul olur. Müxtəlif şəxslərdən dəmir və yararsız halda olan əşyaları alaraq metalluma satır. Hazırda xatırladığı qədəri ilə 2023-cü ilin yanvar ayının ortalarında dəmir almaq üçün Balakən rayonu Katex kəndi ərazisinə getmişdir. O, dəmir almaq üçün Katex kəndi ərazisinə tez-tez gedib gəldiyindən Katex kəndi ərazisində camaatın çoxu onu tanıyır. Həmin vaxt o, Katex kəndi ərazisində Kombinat adlanan yerdə özünə məxsus VAZ-21063 markalı **-BC-*** dövlət nömrə nişanlı avtomaşında dayanıb kənd camaatı ilə söhbət edərkən, sonradan adını Aslan olaraq bildiyi şəxs ona yaxınlaşmış və dəmir alıbalmadığını soruşmuşdur. O da dəmir aldığını bildirmişdir. Bundan sonra Aslan ona yaşadığı evdə satılıq dəmir olduğunu demişdir. Bundan sonra o, Aslanla birlikdə Aslanın yaşadığı evə getmişdir. Aslan həmin vaxt ona yaşadığı evdən metallum üçün müxtəlif dəmirlər satmışdır. O, Aslandan dəmirləri aldıqdan sonra oradan çıxıb getmişdir. Aslan gələcəkdə lazım olarsa əlaqə saxlamaq üçün ondan mobil telefon nömrəsi götürmüşdür. Təxminən bir neçə gün sonra 2023-cü ilin yanvar ayının ortalarında Aslan ona zəng edərək dəmir olduğunu və ala bilib-bilməyəcəyini soruşmuşdur. O da Aslana alacağını, eyni zamanda Balakən rayonu ərazisində olduğunu deyərək Aslanın yaşadığı Katex kəndində yerləşən evinə getmişdir. Aslanın yaşadığı evə əvvəlcədən dəmir almaq üçün getdiyinə görə Aslanın yaşadığı evi tanımışdır. Buna görə də Aslanın yaşadığı evə birbaşa getmişdir. Həmin vaxt Aslan yaşadığı evin həyətində olan məftil, naqil, qaz açarları, soyuducu matoru və su matorunu göstərib köhnə olduğundan satmaq istədiyni bildirmişdir. O da Aslanın göstərdiyi əşyalar həqiqətən də köhnə olduğundan Aslanla razılaşaraq təxminən həmin əşyaları ondan 40 manata almışdır. Həmin zaman o, oradan uzaqlaşaraq yaşadığı evə getmişdir. Təxminən bir neçə gün sonra, yəni 2023-cü ilin yanvar ayının sonlarında Aslan ona yenidən zəng edərək satılıq dəmir olduğunu bildirdiyi üçün o, yenidən Aslanın yaşadığı Katex kəndi ərazisində yerləşən evinə getmişdir. Aslan bu zaman yaşadığı evdən ona 02 ədəd xalça, 01 ədəd LG markalı televizor, bir neçə qabqacaqlar, qazla işləyən sobanı göstərib satdığını bildirmişdir. Artıq Aslan ona iki dəfə metallum üçün əşyalar satdığından bu əşyaların da Aslana məxsus olduğunu düşünüb razılaşmış və Aslanın satdığı 02 ədəd xalçaya, 01 ədəd LG markalı televizora, bir neçə qab-qacaqlara və 01 ədəd qazla işləyən sobanı Aslanla razılaşıb hazırda xatırladığı qədəri ilə 25-30 manat müqabilində almışdır. Aslan ona maddi ehtiyacı olduğu üçün 02 ədəd xalçanı satdığını bildirdiyindən həmin iki ədəd xalçanı da Aslandan almışdır. Xalçaları özü evdə istifadə etmək üçün almışdır.O, Aslandan satdığı əşyaların oğurluq olub-olmadığını soruşmuşdur. Aslan da təkidlə həmin əşyaların özünə məxsus olduğunu bildirmişdir. O da Aslanın dediklərinə inanmış və bundan sonra həmin əşyaları almışdır. Həmçinin Təqsirləndirilən şəxs almış olduğu əşyalardan 01 ədəd LG markalı televizoru, bir neçə qab-qacağı, naqili, qaz açarlarını, soyuducu matoru, məftili, qazla işləyən sobanı və su matorunu metallum halına salıb Bakı şəhərinə göndərdiyi üçün təqdim edə bilməmiş, 02 ədəd xalçanı isə təqdim etmişdir. İşin 10-17-ci vərəqələrində olan və məhkəmə iclasında tədqiq edilmiş 11 aprel 2023-cü il tarixli baxış aparılması haqqında protokoldan görünür ki, xx.xx.2023-cü il tarixdə saat 09:40-dan 10:20-dək olan müddət ərzində Balakən rayonu Katex kəndində yerləşən X4 məxsus, faktiki olaraq Zərərçəkmiş şəxs1 nəzarət etdiyi fərdi yaşayış evinə baxış keçirilmişdir. Fərdi yaşayış evi Balakən rayonu Katex kəndi ərazisində kənd arası yolda yerləşmişdir.Yaşayış evinin giriş qapısı dəmirdən olmaqla iki taylı olmuşdur. Həyətə daxil olduqdan təxminən 20 metr irəlidə 1 mərtəbəli fərdi yaşayış evi vardır. Baxışda iştirak edən Zərərçəkmiş şəxs1 giriş hissədən sol tərəfdə yerləşən mətbəx otağının qapısını göstərib həmin qapının kilidinə müdaxilə edərək içəriyə daxil olan naməlum şəxsin oğurluq etdiyini bildirmişdir. Daha sonra Zərərçəkmiş şəxs1 həmin giriş qapısından daxil olduqda həmin otaqda, yəni mətbəx otağında qapının arxasını göstərmiş və oradan 01 ədəd “Stinol” markalı soyuducunun, 02 ədəd qab-qacaq dəstinin, 01 ədəd elektriklə sobanın, 1 ədəd qazla işləyən sobanın, daha sonra zal otağının giriş qapısından arxa hissədə olan masanın üzərindən 1 ədəd 85 dioqanallı “LG” markalı televizorun, 2 ədəd Türkiyə istehsalı olan xalçaların, həmçinin yataq otağından 2 ədəd dəmir çarpayıların oğurlandığını bildirmişdir. Baxış davam edərkən başqa hər hansı bir əşyanın oğurlanmadığını bildirmişdir. Baxış zamanı iş üçün əhəmiyyət kəsb edən alət, vasitə və iz aşkar edilməmişdir. Baxış zamanı Sony markalı fotoaparatla fotoşəkillər çəkilmiş və protokola əlavə edilmişdir. Baxış keçirilməsi ilə bağlı iştirakçılar tərəfindən əlavə, vəsatət, şikayət daxil olmamış, baxış keçirilməsi ilə bağlı protokol tərtib edilmiş və doğruluğu imzalarla təsdiq edilmişdir. İşin 22-28-ci vərəqələrində olan və məhkəmə iclasında tədqiq edilmiş 11 aprel 2023-cü il tarixli baxış aparılması haqqında protokoldan görünür ki, xx.xx.2023-cü il tarixdə saat 11:30-dan 12:15-dək olan müddət ərzində Balakən rayonu Katex kəndində yerləşən Zərərçəkmiş şəxs2 məxsus fərdi yaşayış evinə baxış keçirilmişdir. Fərdi yaşayış evi Katex kəndi ərazisində kənd arası yolda yerləşmişdir. Həyətə giriş qapısı dəmirdən olmaqla iki taylı olmuşdur. Giriş qapısından içəri daxil olduqda təxminən 30 metr irəlidə 2 mərtəbəli köhnə tikili olan fərdi yaşayış evi vardır. Evin giriş hissəsi ilə üzbə-üz sol tərəfdə altıaçıq yerləşmişdir. Evin giriş qapısının qarşısı mişar daşları ilə yarımçıq hörülmüşdür. Giriş qapısı dəmirdən olmaqla üzərində daxili kilid yerləşmiş və bir taylı olmuşdur. Kilid saz vəziyyətdə olmuş və zədələnməmişdir. Baxışda iştirak edən Zərərçəkmiş şəxs2 yaşayış evinin sol yan tərəfində birinci mərtəbənin pəncərəsi olan plastik pəncərəni göstərib həmin pəncərənin sındırılmaqla içəriyə daxil olan naməlum şəxsin oğurluq etdiyini bildirmişdir. Həmçinin Zərərçəkmiş şəxs2 evin birinci mərtəbəsindəki istifadəsiz qalmış otağı göstərib həmin otaqdan 200 metr uzunluqda elektrik naqillərinin, 300 metr uzunluqda məftilin, 1 ədəd kiçik həcmli Bramex markalı su nasosunun, 1 ədəd böyük həcmli “Lucky pro” markalı su nasosunun və 2 ədəd qaz açarlarının oğurlandığını bildirmişdir. Baxış davam edərkən Zərərçəkmiş şəxs2 evin içərisindən, həyətyanı sahədən və digər yerdən başqa hər hansı bir əşyanın oğurlanmadığını bildirmişdir. Baxış zamanı iş üçün əhəmiyyət kəsb edən alət, vasitə və iz aşkar edilməmişdir. Baxış zamanı “Sony” markalı fotoaparatla fotoşəkillər çəkilmiş və protokola əlavə edilmişdir. Baxış keçirilməsi ilə bağlı iştirakçılar tərəfindən əlavə, vəsatət, şikayət daxil olmamış, baxış keçirilməsi ilə bağlı protokol tərtib edilmiş və doğruluğu imzalarla təsdiq edilmişdir. İşin 153-156-cı vərəqələrində olan və məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş məhkəmə əmtəəşünaslıq ekspertizasının 27 aprel 2023-cü il tarixli 9/2962 saylı rəyindən görünür ki, ekspertiza tədqiqatına təqdim edilmiş, istifadədə olmuş 2 ədəd xalçanın 2023-cü ilin yanvar ayına olan orta bazar qiyməti ilə ümumi dəyəri təxminən 270,00 manat, təqdim edilməyən 10 adda malların 2023-cü ilin yanvar ayına orta bazar qiyməti ilə ümumi dəyəri nəzəri qaydada təxminən 1255,00 manat müəyyən edilir. Həmin malların ayrı-ayrılıqda adları və qiymətləri rəyin tədqiqi hissəsində göstərilmişdir. İşin 46-cı vərəqəsində olan və məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-cü maddəsində nəzərdə tutulan cinayəti törətməkdə şübhəli şəxs qismində 11 aprel 2023-cü il tarixdə saat 22:10 radələrində tutulmuşdur. İşin 87-88-ci vərəqələrində olan və məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş 13 aprel 2023-cü il tarixli təqsirləndirilən şəxsin RPŞ-nin MSY-dən azad edilməsi və barəsində qətimkan tədbirinin seçilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs Balakən rayon PŞ-ninin MSY-dən azad edilmiş və barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. İşin 130-cu vərəqəsində olan və məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İşin 161-ci vərəqəsində olan və məhkəmə istintaqında elan olunmaqla tədqiq edilmiş Balakən rayon Katex inzibati ərazi dairəsi üzrə nümayəndəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 566 nömrəli arayışından görünür ki, Təqsirləndirilən şəxs Balakən rayonu Katex kəndində yaşayır. İşin 162-ci vərəqəsində olan və məhkəmə istintaqında elan olunmaqla tədqiq edilmiş Balakən rayon Katex inzibati ərazi dairəsi üzrə nümayəndəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 566 nömrəli arayışından görünür ki, Təqsirləndirilən şəxs himayəsində pensiyaçı anası və işləməyən qardaşı vardır. İşin 163-cü vərəqəsində olan və məhkəmə istintaqında elan olunmaqla tədqiq edilmiş Balakən rayonu Katex kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi tərəfindən verilmiş xasiyyətnamədə Təqsirləndirilən şəxs yaşayış yeri üzrə mənfi cəhətdən xarakterizə olunur. Spirtli içkilərə aludəçiliyinin olması, kənd sakinləri arasında müsbət xarakterizə olunmaması, onun barəsində nümayəndəliyə dəfələrlə şikayət daxil olduğu göstərilmişdir. Məhkəmə iş üzrə zərərçəkmiş şəxslər -Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2, Şahid ifadələrini, məhkəmə və ibtidai istintaq hərəkətlərinin protokollarını və sair sənədləri tam, hərtərəfli və obyektiv yoxlayıb, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliliyi üzrə qiymətləndirib, həmin sübutları inandırıcı, məntiqli olduqları, ziddiyyət təşkil etmədikləri, əksinə, bir-biri ilə uyğun şəkildə işin faktiki hallarını təsdiq etdikləri üçün mötəbər sübutlar kimi qəbul edir. Məhkəmə, eyni zamanda Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 126.6-cı maddəsinin tələbinə əsasən Təqsirləndirilən şəxs ittiham olunduğu əməldə öz təqsirini etiraf etməsini iş üzrə bütün sübutların məcmuyu ilə təsdiq edildiyi üçün ona qarşı ittihamı təsdiq edən əsas kimi qəbul edir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 346-cı maddəsinin tələbinə uyğun olaraq təqsirləndirilən şəxsin əməlinin hüquqi tövsifi məsələsinə baxaraq qeyd edir ki, məhkəmə iclasında tədqiq olunmuş mümkün və mötəbər sübutların məcmuyu ilə müəyyən edildi ki, Təqsirləndirilən şəxs qəsdən, qanunsuz olaraq, təkrarən tamah niyyəti ilə saxlanc yeri olan yaşayış sahəsinə daxil olmaqla özgənin əmlakını gizli olaraq talayıb oğurluq etmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsində göstərilmişdir ki, yalnız Azərbaycan Respublikasının Cinayət Məcəlləsi ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyətini yaradır. Oğurluq, yəni özgənin əmlakını gizli olaraq talamanın təkrar törədilməsinə görə Cinayət Məcəlləsinin 177.2.2-ci maddəsində, yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla özgənin əmlakının gizli talanmasına görə Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsində cinayət məsuliyyətinəzərdə tutulmuşdur. “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 mart 2005-ci il tarixli Qərarının 1-ci bəndinə görə məhkəmələr oğurluğa, soyğunçuluğa və quldurluğa dair işlərə baxarkən nəzərə almalıdırlar ki, qanuna görə talama dedikdə özgə əmlakının tamah məqsədilə, hüquqazidd, əvəzsiz götürülməsi və bu əmlakın təqsirkarın və ya başqa şəxsin xeyrinə yönəldilməsindən ibarət hərəkətlər başa düşülür. Həmin Qərarın 19-cu bəndində göstərilir ki, yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerinə qanunsuz daxil olmaq dedikdə, oğurluq, soyğunçuluq və ya quldurluq məqsədilə həmin yerlərə gizli və ya açıq formada girmək başa düşülməlidir. Məhkəmə Azərbaycan Respublikasının Konstitusiyasının 63-cü maddəsində təsbit edilmiş təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq, məhkəmə baxışında ittihamın baxılması nəticələrinə, məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslanaraq, tədqiq olunan sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq bu nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətmişdir, həmin əməllərdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələrinin tərkibi vardır, həmin əməllər təqsirləndirilən şəxs tərəfindən törədilmişdir, təqsirləndirilən şəxs həmin cinayətlərin törədilməsində təqsirlidir,onun cinayət əməlləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddəsi ilə düzgün tövsif edilmişdir, əməllərin cinayət olmasını aradan qaldıran hallar, təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur, təqsirləndirilən şəxs törətdiyi əməllərə görə cəzalanmalıdır. Cinayət Məcəlləsinin cəzanın anlayışını və məqsədini müəyyən edən 41-ci maddəsinə görə cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Cinayət Məcəlləsinin 58.1 və 58.3-cü maddələrinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar yoxdur. Məhkəmə Təqsirləndirilən şəxs Ramazhanoviçə cəza təyin edərkən ona hansı növ cəzanın təyin olunması məsələsinə baxaraq, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, əməlini etiraf etməklə əməlindən peşiman olmasını,cəzanı yüngülləşdirən və cəzanı ağırlaşdıran halların olmamasını, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini,eyni zamanda onun yaşayış yeri üzrə mənfi cəhətdən xarakterizə olunmasını, vurulmuş ziyanı ödənməməsini, azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsinin cəzanın məqsədlərini təmin edə bilməyəcəyini, onun islah olunması üçün cəmiyyətdən təcrid edilməsinin zəruri olmasını nəzərə alaraq Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş həddə azadlıqdan məhrumetmə növündə cəza təyin edilməsini qanuni, əsaslı və ədalətli hesab edir. Onun 11 aprel 2023-cü il tarixdən 13 aprel 2023-cü il tarixədək şübhəli şəxs qismində tutulub saxlandığı 02 (iki) gün müddətin hər bir günü Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən ona təyin edilmiş azadlıqdan məhrumetmə cəzasının 01 (bir) gününə bərabər hesablanmaqla həmin cəzadan çıxılmalıdır. . Məhkəmə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 346.1.12-ci maddəsinə uyğun olaraq Təqsirləndirilən şəxs tərəfindən ona təyin ediləcək cəzanın çəkilməli olub-olmaması məsələsinə baxaraq, işin hallarını, təqsirləndirilən şəxsin cəzadan azad edilməsi, yaxud barəsində Cinayət Məcəlləsinin 70-ci maddəsinin tətbiq olunması üçün əsasların olmamasını nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxs ona təyin ediləcək cəzanı çəkməlidir. Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə uyğun olaraq cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli,cəzaçəkmə müddətinin əvvəli həbsə alındığı gündən hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri dəyişdirilərək, onun barəsində həbs qətimkan tədbiri seçilməli, o, məhkəmə iclas zalında həbs edilməli, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alana kimi dəyişdirilmədən saxlanmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 346.1-ci və 346.1.19-cu maddələrinə əsasən, məhkəmə hansı əmlakın müsadirə edilməli olduğu məsələsinə baxaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulan müsadirə edilməli olan əmlak mövcud deyildir. İş üzrə maddi sübut olan Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs1 məxsus fərdi yaşayış evindən oğurladığı istintaq zamanı əldə edilərək götürülmüş 01 ədəd eni 1,5 metr uzunluğu 2,5 metr, qırmızı rəngli iki gül xalça və 01 ədəd eni 2 metr uzunluğu 3 metr, qəhvəyi krem rəngli xalçanın qəbz alınmaqla sahibi Zərərçəkmiş şəxs1 qaytarılması nəzərə alınmalıdır. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 50 (əlli) manat Təqsirləndirilən şəxs tutulub Az. MEM; VÖEN**********; AZ34CTRE********************, X2, KOD 210005,VÖEN ********** Müxbir hesab AZ41NABZ ******************** SWİFT BİK CTREAZ22 hesaba köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Zərərçəkmiş şəxslərə izah olunmalıdır ki, vurulmuş zərərin ödənməsi ilə bağlı mülki mühakimə icraatı qaydasında məhkəməyə müraciət edə bilərlər. İş materiallarından həmçinin görünür ki, Balakən rayon Vəkil Bürosunun vəkili Müdafiəçi Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsinə məhkəmə icraatı zamanı 09 iş saatı sərf etmişdir. Azərbaycan Respublikası CPM-nin 193.2-193.3-cü maddələrinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Məhkəmə şübhəli və ya təqsirləndirilən şəxsin orta aylıq gəlirini, maddi, əmlak və ailə vəziyyətini, habelə digər halları nəzərə alaraq həmin şəxsin müdafiəçi tərəfindən göstərilən hüquqi yardımı ödəməkdən azad edilməsi və ödəmənin Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilməsi barədə əsaslandırılmış qərar qəbul edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 3 may 2018-ci il tarixli, 202 №-li qərarı əsasında “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli,11 №-li qərarına edilmiş dəyişikliklərə uyğun olaraq təqsirləndirilən şəxslərin hüquqlarını müdafiə etmələrinə görə müdafiəçilərə hər iş saatı üçün 6 manat məbləğində haqq ödənilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə icraatı zamanı göstərilən hüquqi yardımla bağlı Azərbaycan Respublikası Dövlət büdcəsinin vəsaiti hesabından 54 manat tutulub vəkil Müdafiəçi ödənilməsi üçün Balakən rayon Vəkil Bürosunun nəfinə, “KAPİTALBANK” X3 Rekvizitləri: VÖEN **********, kod 201382, Müxbir hesab AZ37NABZ013501**********1944 hesaba köçürülməlidir. Azərbaycan Respublikası CPM-nin 349-cü maddəsinin tələblərinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Məhkəmənin hökmü Azərbaycan Respublikası Konstitusiyasının, bu Məcəllənin, Azərbaycan Respublikasının cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir. Məhkəmənin hökmü məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə əsaslı hesab edilir. Kondraşinanın Rusiya Federasiyasına qarşı iş üzrə qərarında Avropa Məhkəməsi göstərmişdir ki, məhkəmələr qərar qəbul edərkən hüququn aliliyinə əməl etməlidirlər. Hüququn aliliyinin əsas cəhətlərindən biri hüquqi müəyyənlik prinsipidir ki, onun tələbinə görə məhkəmələr yekun qərarı elə qəbul etməlidirlər ki, o mübahisə olunmasın. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356 və 384.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinsin, 02 (iki) il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Onun 11 aprel 2023-cü il tarixdən 13 aprel 2023-cü il tarixədək şübhəli şəxs qismində tutulub saxlandığı 02 (iki) gün müddətin hər bir günü Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən ona təyin edilmiş azadlıqdan məhrumetmə cəzasının 01 (bir) gününə bərabər hesablanmaqla həmin cəzadan çıxılsın və Təqsirləndirilən şəxs üzərində qəti olaraq 1(bir) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrumetmə cəzası saxlansın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisələrində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 04 oktyabr 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri dəyişdirilsin,onun barəsində həbs qətimkan tədbiri seçilsin, məhkəmə iclas zalında həbs edilsin. Onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alana kimi dəyişdirilmədən saxlansın. İş üzrə maddi sübut qismində tanınmış, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs1 məxsus fərdi yaşayış evindən oğurladığı, istintaq zamanı əldə edilərək götürülmüş 01 ədəd eni 1,5 metr uzunluğu 2,5 metr, qırmızı rəngli iki gül xalçanın və 01 ədəd eni 2 metr uzunluğu 3 metr, qəhvəyi krem rəngli xalçanın qəbz alınmaqla sahibi Zərərçəkmiş şəxs1 qaytarılması nəzərə alınsın. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 50 (əlli) manat Təqsirləndirilən şəxs tutulub Az.MEM; VÖEN**********; AZ34CTRE********************, X2, KOD 210005,VÖEN ********** Müxbir hesab AZ41NABZ ******************** SWİFT BİK CTREAZ22 hesaba köçürülsün. Zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 izah olunur ki, vurulmuş zərərin ödənməsi ilə bağlı mülki mühakimə icraatı qaydasında məhkəməyə müraciət edə bilərlər. Təqsirləndirilən şəxs məhkəmə icraatı zamanı göstərilən hüquqi yardımla bağlı Azərbaycan Respublikası Dövlət büdcəsinin vəsaiti hesabından 54 manat tutulub vəkil Müdafiəçi ödənilməsi üçün Balakən rayon Vəkil Bürosunun nəfinə, “KAPİTALBANK” X3 Rekvizitləri: VÖEN **********, kod 201382, Müxbir hesab AZ37NABZ013501**********1944 hesaba köçürülsün. Hökmdən elan olunduğu andan (həbsdə olan məhkum hökmün surəti ona verildiyi andan) 20 gün müddətində Balakən Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apellyasiya şikayəti və ya protesti verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən Hümbət Səlimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar