Məhkəmə qərarları › İş №1(019)-91/2022

Balakən Rayon Məhkəməsi Qərar — İş №1(019)-91/2022

28.09.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Balakən Rayonu İş № 1(019)-91/2022 28.09.2022 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Səlimov Hümbət Qamuna oğlunun sədrliyi, məhkəmə iclas katibi X6 katibliyi, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində DİMÜŞ-nin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı2, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Balakən rayon Vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə TƏQSİRLƏNDİRİLƏN ŞƏXS- xx xxx 1986-cı ildə Rusiya Federasiyasının Sortavala şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, natamam orta təhsilli, subay, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, Balakən rayonu Kortala kəndində qeydiyyatda olan və yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təqsirləndirilən şəxs cavabdeh kimi ondan 18 iyun 2020-ci il tarixdən başlayaraq 27 may 2019-cu il tarixdə doğulmuş X5 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay 130,00 manat sabit pul məbləğində alimentin tutularaq Vasiyeva (Abdurahmanova) Arzu Cəlaləddin qızına verilməsinə dair Balakən Rayon Məhkəməsinin 15 iyul 2020-ci il tarixli 2(019)-500/2020 saylı qanuni qüvvəyə minmiş qətnaməsinin icrası ilə bağlı icra məmurunun qanuni tələbini üzrsüz səbəbdən yerinə yetirmədiyinə görə həmin rayon məhkəməsi tərəfindən 07 iyul 2021-ci il tarixdə Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinib 8 gün müddətinə inzibati qaydada həbs edilməsinə, icra üçün yeni müddətin təyin edilməsinə, həmçinin məsuliyyəti barədə sonuncu dəfə 08 yanvar 2022-ci il tarixdə rəsmi xəbərdarlıq edilməsinə baxmayaraq hərəkətlərindən nəticə çıxarmamış və cinayət təqibi başlanılması məsələsinə baxılması üçün təqdimat verilənədək, yəni 15 mart 2022-ci il tarixədək şəxsi maraq niyyətilə cəmi 2150,00 manat aliment borcunu ödəməməklə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini qərəzli olaraq və qəsdən icra etməyərək zərər çəkmiş şəxsə qeyd olunan məbləğdə maddi ziyan vuraraq ədalət mühakiməsinin mənafeyinə xələl gətirmişdir. Təqsirləndirilən şəxs həmin cinayət əməlini törətməsi məhkəmə iclasında özünün səmimi etirafedici ifadəsi, zərərçəkmiş şəxsin və şahidin ifadələri, eləcə də işdə olan digər sübutların tədqiqi əsasında aşağıdakı qaydada tam sübuta yetirildi. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, o, 05 may 2018-ci ildə Vasiyeva (Abdurahmanova) Arzu Cəlaləddin qızı ilə rəsmi nikah bağlamaqla evlənmişdir. Birgə nikahdan 27 may 2019cu il tarixdə Yaqub adını verdikləri övladları anadan olmuşdur. Ailə qurduqdan sonra bir müddət səmimi ailə münasibətləri olsa da sonradan münasibətləri pozulmuş və Arzu 2020-ci ilin may ayında uşağı da götürüb atası evinə qayıtmışdır. Bir müddət ayrı yaşadıqdan sonra Arzu aliment tələbi ilə məhkəməyə müraciət etmişdir. Balakən Rayon Məhkəməsi ondan cavabdeh kimi 18 iyun 2020-ci il tarixdən başlayaraq 27 may 2019-cu il tarixdə doğulmuş X5 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay 130,00 manat sabit pul məbləğində alimentin tutularaq Vasiyeva (Abdurahmanova) Arzu Cəlaləddin qızına verilməsinə dair 15 iyul 2020-ci il tarixli qətnamə çıxartmışdır. Qətnamənin icrası icra məmurları tərəfindən dəfələrlə ondan tələb olunmuşdur. Həmçinin alimenti ödəmədiyinə görə səkkiz gün müddətinə inzibati qaydada həbs edilmişdir. Lakin maddi imkanı zəif olduğuna və Arzu ilə aralarında olan münasibətlərə görə aliment məbləğini ödəməmişdir. O, barışıb ailəsini bərpa etmək istəmiş, lakin Arzu onunla razılaşmayaraq aralarında bağlanmış nikahın pozulması ilə bağlı məhkəməyə müraciət etmiş və nikahları 2021-ci ilin may ayında məhkəmə qaydasında pozulmuşdur. Hazırda zərərçəkmiş şəxsə dəyən zərəri tam ödəmiş, məhkəmə qətnaməsini tam icra etmişdir. Zərərçəkmiş şəxsin ondan heç bir şikayəti və tələbi yoxdur. İşin icraatına xitam verilməsini və məsuliyyətdən azad olunması barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Vasiyeva (Abdurahmanova) Arzu Cəlaləddin qızı göstərdi ki, o, 05 may 2018-ci ildə Təqsirləndirilən şəxslə rəsmi nikah bağlamaqla ailə qurmuşdur. Birgə nikahdan 27 may 2019-cu il tarixdə Yaqub adını verdikləri övladları anadan olmuşdur. Ailə qurduqdan sonra bir müddət səmimi ailə münasibətləri olsa da sonradan münasibətləri pozulduğundan 2020-ci ilin may ayında azyaşlı uşağını da götürüb valideyinlərinin yanına qayıtmışdır. Nikahları da 2021 -ci ilin may ayında məhkəmə qaydasında pozulmuşdur. Ayrı yaşadıqları müddətdə Təqsirləndirilən şəxs uşaqla maraqlanmamış və onun saxlanılmasına maddi köməklik göstərməmişdir.Buna görə də aliment tələbi ilə məhkəməyə müraciət etmişdir. Balakən Rayon Məhkəməsi Təqsirləndirilən şəxs cavabdeh kimi 18 iyun 2020-ci il tarixdən başlayaraq 27 may 2019-cu il tarixdə doğulmuş X5 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay 130,00 manat sabit pul məbləğində alimentin tutularaq ona verilməsinə dair 15 iyul 2020-ci il tarixli qətnamə çıxartmışdır. Alimentin müəyyən edilməsindən iki ildən çox müddətin keçməsinə baxmayaraq Ruslan məhkəmə qətnaməsinə məhəl qoymamış və müəyyən olunmuş aliment məbləğini ödəməmişdir. Halbuki, Ruslan fərdi qaydada işləmiş,təsərrüfatla da məşğul olmuşdur və onun alimenti ödəməyə maddi imkanı olmuşdur. Ruslan alimentlə bağlı mülki işin məhkəmə baxışı zamanı hər ay 110-120 manat aliment ödəyə biləcəyini bildirmiş, sonradan aralarında olan münasibətlərə görə müəyyən edilmiş aliment məbləğini ödəməmişdir. Belə ki, Ruslan onunla barışmaq istəsə də bu mümkünsüz olduğu üçün onunla razılaşmamışdır. Buna görə də Ruslan alimenti ödəməyəcəyini ona açıq şəkildə bildirmişdir. Lakin uşaq böyüdüyündən onun maddi tələbatı xeyli artmışdır. Təkbaşına uşağa baxmaqda çətinlik çəkir. Maddi vəziyyətləri olduqca ağırdır. Uşağa baxmaqda valideyinləri köməklik etsələrdə bu qaydada uşağın zəruri xərclərini ödəmək mümkün olmur. Buna görə də müəyyən edilmiş aliment məbləğinə ehtiyacı çoxdur. Alimenti ala bilmədiyinə görə dəfələrlə icra məmurlarına da müraciət etmişdir. İcra məmurları tərəfindən zəruri tədbirlərin görülməsinə baxmayaraq Ruslan yenə də alimenti ödəməmişdir. Hazırda Təqsirləndirilən şəxs 2150 manat aliment borcunu tam ödəmişdir.Onun təqsirləndirilən şəxsdən şikayət və tələbi yoxdur.Qanuni qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Balakən rayon İcra və Probasiya şöbəsinin böyük icra məmuru Şahid ifadəsində göstərdi ki, 20 iyul 2020-ci il tarixdə icraatına Təqsirləndirilən şəxs cavabdeh kimi 18 iyun 2020-ci il tarixdən başlayaraq 27 may 2019-cu il tarixdə doğulmuş X5 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay 130,00 manat sabit pul məbləğində alimentin tutularaq Vasiyeva (Abdurahmanova) Arzu Cəlaləddin qızına verilməsinə dair Balakən Rayon Məhkəməsinin 15 iyul 2020-ci il tarixli 2(019)-500/2020 saylı qanuni qüvvəyə minmiş qətnaməsi əsasında verilmiş icra sənədi daxil olmuşdur. İcra sənədi üzrə icraata başlanılaraq tələbin könüllü icrası barədə borcluya bildiriş verilmişdir. Lakin borclu tələbin könüllü icrasını təmin etmədiyindən məcburi icra tədbirlərinə başlanılmışdır. Borclu Təqsirləndirilən şəxs icra şöbəsinə çağırılaraq icra sənədinin mahiyyəti ona izah olunmuş, müəyyən edilmiş aliment məbləğinin ödənilməsi ondan tələb olunmuş, məsuliyyəti barədə xəbərdarlıq verilmişdir. Borclu müxtəlif əsassız bəhanələr gətirərək alimenti ödəməkdən yayınmışdır. Alimenti ödəməsi üçün borcluya vaxt verilsə də, xeyli müddətin keçməsinə baxmayaraq borclu alimenti ödəməmişdir. Həmçinin görülmüş icra tədbirləri nəticəsində borclunun olduğu yeri müəyyən etmək mümkün olmadığından 12 mart 2021-ci il tarixli qərarla barəsində axtarış elan edilmişdir. Borclu xx.xx.2021-ci il tarixdə Balakən RPŞ-nin əməkdaşları tərəfindən saxlanılaraq İcra və Probasiya şöbəsinə gətirildikdə, həmçinin 17 may 2021-ci il tarixdə alimentin ödənilməsi ondan tələb edilmiş, məsuliyyəti diqqətinə çatdırılmışdır. Lakin borclu ödəniş etməmiş və bunu rəsmi olaraq boşanmamaları ilə əlaqələndirmişdir. İcra məmurunun qanuni tələblərini yerinə yetirmədiyinə görə borclu barəsində inzibati protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. Balakən Rayon Məhkəməsinin 07 iyul 2021-ci il tarixli 3(019)- 161/2021 saylı qərarına əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası İXM-nin 528.1 -ci maddəsi ilə təqsirli bilinib 8 gün müddətinə inzibati qaydada həbs edilmişdir. İnzibati məsuliyyətə cəlb edildikdən sonra yeni icra müddəti təyin edilərək yaranmış aliment borcunun ödənilməsi borcludan tələb olunmuş, məsuliyyəti barədə dəfələrlə xəbərdarlıqlar verilmişdir. Lakin görülmüş icra tədbirlərinə baxmayaraq Təqsirləndirilən şəxs aliment borcunun ödənilməsi üçün heç bir tədbir görməmiş, icra sənədinin icrasına etinasız yanaşmışdır. Belə ki, borclunun işlə təmin edilməsinə köməklik göstərilməsi məqsədilə X9 12 saylı Ərazi Məşğulluq filialına müraciət edilmiş, filialda Təqsirləndirilən şəxs özünəməşğulluq proqramına cəlb olunması təklif edilmiş, lakin o, bundan imtina etmiş, həmçinin səhhətilə əlaqədar işləmək istəmədiyini bildirmişdir. Eyni zamanda icra sənədinin icraya yönəldilməsindən xeyli müddətin keçməsinə, inzibati qaydada məsuliyyətə cəlb edilməsinə, həmçinin cinayət məsuliyyəti barədə dəfələrlə rəsmi xəbərdarlıqların edilməsinə baxmayaraq Təqsirləndirilən şəxs hərəkətlərində dönüş yaratmamış və 15 mart 2022-ci il tarixədək 2150,00 manat aliment borcunu ödəməməklə qətnamənin icrasından qərəzli olaraq yayınmaqda davam etmişdir. İcra müddətində tələbkar Vasiyeva (Abdurahmanova) Arzu Cəlaləddin qızı isə dəfələrlə İcra və Probasiya Şöbəsinə müraciət edərək uşağın maddi tələbatını ödəməkdə çətinliklər çəkdiyini bildirərək Təqsirləndirilən şəxs aliment borcunun alınaraq ona verilməsində köməklik göstərilməsini xahiş etmişdir.Göstərilənlərə əsasən borclu Təqsirləndirilən şəxs qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini qərəzli olaraq icra etmədiyinə görə onun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306-cı maddəsilə cinayət məsuliyyətinə cəlb olunması məqsədəmüvafiq hesab edildiyi üçün Ədliyyə Nazirliyinin İstintaq idarəsinə müvafiq təqdimat göndərilmişdir. İşin 19,47-49,65-68-ci vərəqələrində olan və məhkəmə istintaqında elan edilməklə tədqiq edilən cinayət işinin materiallarına əlavə edilmiş bildirişdən, xx.xx.2021-ci il, xx.xx.2021 -ci il və 08 yanvar 2022-ci il tarixli xəbərdarlıqlardan görünür ki, Təqsirləndirilən şəxs müəyyən edilmiş aylıq alimentin və yaranmış aliment borcunun ödənilməklə qətnamənin icrası tələb edilmiş, məsuliyyət diqqətinə çatdırılmışdır. İşin 42-46-cı vərəqələrində olan və məhkəmə istintaqında elan edilməklə tədqiq edilən cinayət işinin materiallarına əlavə edilmiş Balakən Rayon Məhkəməsinin inzibati xəta haqqında iş üzrə qərarından görünür ki, Təqsirləndirilən şəxs Balakən Rayon Məhkəməsinin 15 iyul 2020-ci il tarixli 2(019)- 500/2020 saylı qanuni qüvvəyə minmiş qətnaməsi əsasında verilmiş icra sənədinin icrası ilə bağlı icra məmurunun qanuni tələbini üzrsüz səbəbdən yerinə yetirmədiyinə görə 07 iyul 2021-ci il tarixdə məsuliyyətə cəlb edilərək 08 gün müddətə inzibati qaydada həbs edilmişdir. İşin 106-cı vərəqəsində olan və məhkəmə iclasında elan olunmaqla tədqiq olunmuş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İşin 101-cı vərəqəsində olan və məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş Zaqatala rayon Uzuntala kənd inzibati ərazi dairəsi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. İşin 99-cu vərəqəsində olan və məhkəmə iclasında elan olunmaqla tədqiq olunmuş xx.xx.2019-cu il tarixdə verilmiş AZ-İV seriyalı 289718 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki,X8 xx.xx.2019-cu ildə anadan olmuş, atası Təqsirləndirilən şəxs, anası X4 yazılmışdır. İşin 100-cü vərəqəsində olan və məhkəmə iclasında elan olunmaqla tədqiq olunmuş Balakən Rayon Qeydiyyat Şöbəsi tərəfindən 05 avqust 2021-ci il tarixdə verilmiş AZ-İ seriyalı 384280 nömrəli nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, Təqsirləndirilən şəxs ilə X4 arasında olan nikah Balakən Rayon Məhkəməsinin 2(019)- 539/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qətnaməsinə əsasən pozulmuşdur. İşin 138-139-cu vərəqələrində olan və məhkəmə iclasında elan olunmaqla tədqiq olunmuş 28 mart 2022-ci il tarixli,29 aprel 2022-ci il tarixli, 31 may 2022-ci il tarixli, 02 iyul 2022-ci il tarixli və 30 iyul 2022-ci il tarixli qəbzlərdən görünür ki, Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı X3 olan aliment borcundan 650 manat ödəniş etmişdir. İşdə olan və məhkəmə iclasında elan olunmaqla tədqiq olunmuş ödəniş qəbzlərindən görünür ki, Təqsirləndirilən şəxs X1 olan aliment borcundan 31 avqust 2022-ci il tarixdə 70 manat, 12 sentyabr 2022-ci il tarixdə 1400 manat və 13 sentyabr 2022-ci il tarixdə 80 manat ödəniş etmişdir. İşdə olan və məhkəmə iclasında elan olunmaqla tədqiq olunmuş zərər çəkmiş şəxs X2 ərizəsində göstərilmişdir ki, Təqsirləndirilən şəxs ona borclu olduğu 2150 manat maddi ziyanı tam ödəmişdir.Ondan heç bir tələbi yoxdur. Qanuni qərar qəbul edilməsini xahiş edir. Məhkəmə iş üzrə zərər çəkmiş şəxs X2, Şahid ifadələrini, məhkəmə və ibtidai istintaq hərəkətlərinin protokollarını və sair sənədləri tam, hərtərəfli və obyektiv yoxlayıb, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliliyi üzrə qiymətləndirib, həmin sübutları inandırıcı, məntiqli olduqları, ziddiyyət təşkil etmədikləri, əksinə, bir-biri ilə uyğun şəkildə işin faktiki hallarını təsdiq etdikləri üçün mötəbər sübutlar kimi qəbul edir. Məhkəmə, eyni zamanda Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 126.6-cı maddəsinin tələbinə əsasən Təqsirləndirilən şəxs ittiham olunduğu əməldə öz təqsirini etiraf etməsini iş üzrə bütün sübutların məcmuyu ilə təsdiq edildiyi üçün ona qarşı ittihamı təsdiq edən əsas kimi qəbul edir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 346-cı maddəsinin tələbinə uyğun olaraq təqsirləndirilən şəxsin əməlinin hüquqi tövsifi məsələsinə baxaraq qeyd edir ki, məhkəmə iclasında tədqiq olunmuş mümkün və mötəbər sübutların məcmuyu ilə müəyyən edildi ki, Təqsirləndirilən şəxs qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini qərəzli olaraq icra etməmişdir. Qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini, hökmünü, qərardadını, qərarını və ya əmrini qərəzli olaraq icra etməmə və ya həmin məhkəmə aktlarının icrasına maneçilik törətməyə görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsində cinayət məsuliyyəti nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsinin şərh edilməsinə dair” 02 oktyabr 2012-ci il tarixli qərarında göstərilmişdir ki, məhkəmə aktlarını icra etməmə yalnız qərəzli olduqda CM-in 306-cı maddəsində nəzərdə tutulmuş cinayət tərkibini yaradır. İcra etməmə o halda qərəzli olur ki, təqsirkar şəxsə yazılı şəkildə xəbərdarlıq edildikdən sonra da məhkəmə aktının tələbini icra etmir və ya məhkəmə aktlarının icrasını mümkünsüz etməyə yönələn hərəkətlərini davam etdirir. X7 Məhkəməsinin Plenumu tərəfindən qərara alınmışdır ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306-cı maddəsində nəzərdə tutulmuş cinayət tərkibi məhkəmə aktını icra etməməsinə görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 313-1.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edildikdən sonra şəxs tərəfindən həmin icra sənədinin yenidən qərəzli olaraq icra edilmədiyi hallarda yaranır. Məhkəmə Azərbaycan Respublikasının Konstitusiyasının 63-cü maddəsində təsbit edilmiş təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq, məhkəmə baxışında ittihamın baxılması nəticələrinə, məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslanaraq, tədqiq olunan sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq bu nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs ittiham olunduğu cinayət hadisəsi baş vermişdir. Həmin əməldə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsinin tərkibi vardır, həmin əməl təqsirləndirilən şəxs tərəfindən törədilmişdir, təqsirləndirilən şəxs həmin cinayətin törədilməsində təqsirlidir, onun cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Məhkəmə eyni zamanda hesab edir ki, cinayət işinin icraatına xitam verilməklə təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməlidir. Belə ki,Cinayət Məcəlləsinin 306.1-ci maddəsinin qeyd hissəsinə görə bu Məcəllənin 306.1 və ya 306.2-ci maddələrində nəzərdə tutulmuş əməlləri törətmiş şəxs qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini, hökmünü, qərardadını, qərarını və ya əmrini məhkəmə tərəfindən hökm çıxarılanadək tam icra etdikdə cinayət məsuliyyətindən azad edilir. İşdə olan ödəniş qəbzlərindən və Zərərçəkmiş şəxs ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs 2150 manat aliment borcunu Zərərçəkmiş şəxs tam ödəmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin : 43.1. Məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı aşağıdakı hallarda çıxarılır: 43.1.1. dövlət ittihamçısı və xüsusi ittihamçı cinayət təqibindən imtina etdikdə; 43.1.2. Bu Məcəllənin 39.1.4, 39.1.6–39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda. 43.2. Xüsusi ittihamçının üzrlü səbəb olmadan məhkəmə iclasına təkrarən gəlməməsi və ya gəlməməsinə üzrlü səbəb olduğu barədə məhkəməyə məlumat verməməsi öz hüquqi əhəmiyyətinə görə cinayət təqibindən imtina etməyə bərabər tutulur. 43.3. Məhkəmə baxışının gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə, həmçinin bu Məcəllənin 39.1.3, 39.1.12 və 40.2-ci maddələrində nəzərdə tutulmuş hallarda müdafiə tərəfinin razılığı ilə xitam verilməsi barədə məhkəmə qərar çıxarmağa haqlıdır. Məhkəmə iclasında Dövlət ittihamçısı2 təqsirləndirilən şəxsin ziyanı tam ödəməklə Balakən Rayon Məhkəməsinin 15 iyul 2020-ci il tarixli 2(019)-500/2020 saylı qanuni qüvvəyə minmiş qətnaməsini tam icra etdiyindən Cinayət Məcəlləsinin 306-cı maddənin “qeyd” hissəsinə əsasən cinayət təqibinə xitam verilməklə Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi barədə qərar çıxarılmasını təklif etdi. Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi Balakən Rayon Məhkəməsinin 15 iyul 2020-ci il tarixli 2(019)-500/2020 saylı qanuni qüvvəyə minmiş qətnaməsinin tam icra edilməsinin nəzərə alınmasını və Cinayət Məcəlləsinin 306-cı maddəsinin “qeyd” hissəsinə əsasən cinayət təqibinə xitam verilməklə Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi barədə qərar qəbul edilməsini xahiş etdilər. Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs barəsində cinayət təqibinə xitam verilməsinə etirazının olmamasını bildirərək bu barədə müvafiq qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə işin hallarını, dövlət ittihamçısının, təqsirləndirilən şəxsin və zərərçəkmiş şəxsin işin icraatına xitam verilməsini xahiş etmələrini, cinayət prosessual qanunvericiliyin tələblərini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsi ilə olan cinayət təqibinə Cinayət Məcəlləsinin 306cı maddənin “qeyd” hissəsinə əsasən (qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinin tam icra edilməsinə görə) xitam verilməli və o, cinayət məsuliyyətindən azad edilməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv edilməlidir. İş materiallarından həmçinin görünür ki,Balakən rayon Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmə icraatı zamanı Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsinə 10 iş saatı sərf etmişdir. Azərbaycan Respublikası CPM-nin 193.2-193.3-cü maddələrinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Məhkəmə şübhəli və ya təqsirləndirilən şəxsin orta aylıq gəlirini, maddi, əmlak və ailə vəziyyətini, habelə digər halları nəzərə alaraq həmin şəxsin müdafiəçi tərəfindən göstərilən hüquqi yardımı ödəməkdən azad edilməsi və ödəmənin Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilməsi barədə əsaslandırılmış qərar qəbul edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 3 may 2018-ci il tarixli, 202 №-li qərarı əsasında “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli,11 №-li qərarına edilmiş dəyişikliklərə uyğun olaraq təqsirləndirilən şəxslərin hüquqlarını müdafiə etmələrinə görə müdafiəçilərə hər iş saatı üçün 6 manat məbləğində haqq ödənilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə icraatı zamanı göstərilən hüquqi yardımla bağlı Azərbaycan Respublikası Dövlət büdcəsinin vəsaiti hesabından 60 manat tutulub vəkil Müdafiəçi ödənilməsi üçün Balakən rayon Vəkil Bürosunun nəfinə, "xxxx" ASC-in X12 Rekvizitləri: VÖEN-**********, kod 201382, Müxbir hesab AZ37NABZ******************** hesaba köçürülməlidir. İş üzrə maddi sübut, ekspertiza xərci və mülki iddia yoxdur. Yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası CPM-nin 43.3, 321.2.1, 347 və 384.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsində nəzərdə tutulan əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işi üzrə cinayət təqibinə Cinayət Məcəlləsinin 306-cı maddənin “qeyd” hissəsinə əsasən xitam verilsin və Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv edilsin. Təqsirləndirilən şəxs məhkəmə icraatı zamanı göstərilən hüquqi yardımla bağlı Azərbaycan Respublikası Dövlət büdcəsinin vəsaiti hesabından 60 manat tutulub vəkil Müdafiəçi ödənilməsi üçün Balakən rayon Vəkil Bürosunun nəfinə, "xxxx" ASC-in X12 Rekvizitləri: VÖEN-**********, kod 201382, Müxbir hesab AZ37NABZ******************** hesaba köçürülsün. Qərardan elan olunduğu andan 20 gün müddətində Balakən Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Qərardan göstərilən müddətdə apellyasiya şikayəti və ya protesti verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qərar qanuni qüvvəyə minir. Sədrlik edən Hümbət Səlimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar