Məhkəmə qərarları › İş №1(019)-93/2021

Balakən Rayon Məhkəməsi Qərar — İş №1(019)-93/2021

13.10.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Balakən Rayonu İş № 1(019)-93/2021 13.10.2021 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Səlimov Hümbət Qamuna oğlunun sədrliyi, məhkəmə iclas katibi Doldolova Ramilə Kamil qızının katibliyi, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində DİMÜŞ-nin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçi- Balakən rayon Vəkil Bürosunun vəkili Müdafiəçi, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs iştirakları ilə Təqsirləndirilən şəxs- xx.xx.1989-cu ildə Balakən rayonunun Tülü kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, məhkum olunmamış, Balakən rayonu Tülü kəndində qeydiyyatda olan və yaşayan, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulan əməli törətməkdə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialına açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Təqsirləndirilən şəxs oğlu 24.09.2021-ci il tarixdə saat 16 radələrində Balakən rayonu Tülü kəndində yerləşən yaşadıqları fərdi yaşayış evində bacısı Zərərçəkmiş şəxs ilə aralarında yaranmış mübahisə zamanı bacısı Zərərçəkmiş şəxs yumruq və sillə ilə döyərək ona sağlamlığının qısa müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığa YÜNGÜL zərər vuran xəsarət yetirmişdir. Təqsirləndirilən şəxs həmin əməli törətməsi məhkəmə iclasında özünün səmimi etirafedici ifadəsi, zərərçəkmiş şəxsin ifadəsi, bilavasitə tədqiq olunan sənədlərlə aşağıdakı qaydada tam sübuta yetirildi. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək göstərdi ki, bacısı Mətanət iki ilə yaxındır ki, boşanmış, boşandıqdan sonra onunla birlikdə yaşayır. 24.09.2021-ci il tarixdə saat 16 radələrində evdə tək yarım şüşə araq içmiş, bacısı Mətanətin mobil telefonuna mesaj gəldiyini görərək ondan mesajın kimdən gəlməsini soruşduqda həmin mesajın onun istədiyi oğlandan gəlməsini ona bildirmişdir. Mesaja baxmaq istədikdə bacısı mesajı silərək mobil telefonu ona vermişdir.Həmin vaxt Mətanət arvadı Arzuya “ Elçini sən mənim üstümə salmısan ” deyərək onun saçından tutmuşdur. Bu zaman Arzu da Mətanətin saçından tutmuşdur. O, ortalığa girərək Mətanətin sifətinə bir dəfə yumruqla vurmuş, Mətanətin zərbədən qaşı partlamış və yerə yıxılmışdır.Yıxıldığı zaman arvadı Arzunu altına salmasını görərək Mətanətə yıxıldığı yerdə sillə vuraraq onu arvadı Arzudan aralamışdır. Bu zaman oraya anası Şahid2 gəlmiş, Mətanəti yerdən qaldıraraq həkimə aparmışdır. Əməlindən peşimandır. Bir daha belə hərəkətlərə yol verməyəcəkdir. O, Zərərçəkmiş şəxs ilə barışmışdır,ona dəymiş zərər və ziyanı tam ödəmişdir. Zərərçəkmiş şəxsin ondan heç bir şikayəti və tələbi yoxdur. Barəsində olan işin icraatına xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, o, Balakən rayonu Tülü kəndində qeydiyyatda olmaqla həmin ünvanda azyaşlı qızı, anası Şahid2, qardaşı Təqsirləndirilən şəxs və onun ailəsi ilə birlikdə yaşayır. 24.09.2021-ci il tarixdə saat 16 radələrində evdə olduğu vaxt qızının müəlliməsi ilə telefonla yazışdığı zaman qardaşı Təqsirləndirilən şəxs sərxoş vəziyyətdə onun yanına gələrək kiminlə yazışdığını ondan soruşmuşdur.O, qızının müəlliməsi ilə yazışmasını ona bildirmişdir. Qardaşı Elçin telefonu ondan götürərək baxdığı zaman qonşuluqda yaşayan Elmira adlı gəlinin mobil nömrəsini gördüyündə nömrəni bəhanə edərək onun saçından tutaraq yerə yıxıb, onu təpik və yumruqla döyərək xəsarət yetirmişdir. Həmin vaxt oraya gələn anası Şahid2 ortalığa girərək qardaşı Elçini ondan aralamış və onun sifətindən qan gəldiyini görərək onu rayon xəstəxanasına həkimə aparmışdır.Hazırda Təqsirləndirilən şəxs oğlu ilə barışmışdır, Təqsirləndirilən şəxs ona dəymiş zərər və ziyanı tam ödəmişdir,ondan heç bir şikayəti və tələbi yoxdur və işin icraatına xitam verilməsini xahiş etdi. Məhkəmə iclası zamanı şahid qismində dindirilən Şahid1 əri olan, Şahid2 oğlu olan Təqsirləndirilən şəxs barədə ifadə vermək istəmədiklərini bildirdilər. Şahid qismində dindirilmiş Şahid1 ibtidai araşdırma zamanı verdiyi ifadəsində göstərmişdir ki, Balakən rayonunu Tülü kəndində baldızı Mətanət, qaynananası Həlimat, əri Təqsirləndirilən şəxs və iki azyaşlı uşaqları ilə birlikdə yaşayır. Baldızı Mətanət 2019-cü ildə boşanaraq azyaşlı qızı ilə birlikdə onlarla birlikdə yaşayır .Onunla münasibəti normal olmuşdur. 24.09.2021-ci il tarixdə saat 16 radələrində evdə olduğu zaman əri Elçin evdə tək spirtli içki qəbul etmişdir. Sonra baldızı Mətanətin telefonuna baxmaq üçün telefonu ondan istəmiş, Mətanət telefonda olan nömrələri silərək telefonu Elçinə vermişdir. Həmin vaxt Mətanət Elçinə “bilirəm səni Arzu qızışdırıb üstümə salıbdır” dəyərək onun saçından tutmuş, bu zaman özüdə Mətanətin saçından tutmuşdur. Bunu görən əri Elçin ortalığa girərək Mətanətin sifətinə bir dəfə yumruq ilə vurmuş, həmin vaxt hər ikisi yerə yıxılmışdır. Elçin yıxıldıqları yerdə Mətanətə bir neçə dəfə sillə ilə vurmuşdur. Sonra qaynanası Həlimat ortalığa girərək onları aralamışdır. Mətanətin sifətindən qan gəlməsini görərək onu həkimə aparmışdır. Şahid qismində dindirilmiş Şahid2 ibtidai araşdırma zamanı verdiyi ifadəsində göstərmişdir ki, Balakən rayonunun Tülü kəndində qızı Mətanət, oğlu Təqsirləndirilən şəxs və onun ailəsi ilə birlikdə yaşayır. Qızı Mətanət 2012-ci ildə Tülü kəndində yaşayan Rəşad Atayevlə ilə rəsmi olaraq ailə qurmuş, sonradan münasibətləri alınmadığına görə 2019-cu ildə boşanaraq azyaşlı qızı ilə onlarla birlikdə yaşayır. 24.09.2021-ci il tarixdə saat 16 radələrində evdə olduğu zaman qızı Mətanət nəvəsinin müəlliməsi ilə yazışdığı zaman oğlu Təqsirləndirilən şəxs sərxoş vəziyyətdə Mətanətin yanına gələrək ondan telefonla kiminlə yazışmasını soruşduqda qızının müəlliməsi ilə yazışmasını bildirmişdir. Elçin Mətanətin telefonu götürərək baxdıqda telefonda qonşu Elmiranın nömrəsini gördükdə “Elmiranın nömrəsi sənin telefonunda nə gəzir, mən onunla danışmıram" deyərək qızı Mətanəti yumruqla vuraraq yerə yıxmışdır. Sonra onu təpik, sillə ilə vuraraq döymüşdür. Həmin vaxt özü ortalığa girərək Elçini Mətanətdən kənarlaşdırmış, qızı Mətanətin telefonu ilə DİN-nin 102 xidmətinə zəng edərək Elçin tərəfindən döyülməsi barədə məlumat vermişdir. Bundan sonra Mətanətin sifətindən qan gəldiyini görərək onu xəstəxanaya həkimə aparmışdır İşin 54-cü vərəqəsində olan və məhkəmə istintaqında elan olunmaqla tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi Rublik hüquqi şəxs tərəfindən verilmiş 27.09.2021-ci il tarixli 317 nömrəli ekspert rəyində göstərilmişdir ki,Zərərçəkmiş şəxs müəyyən edilmiş xəsarətlər---sağ alında cərrahi tikişə ehtiyacı olan yara, burnunda üst yuxarı səthdə sıyrıq, sol yanaqda, sol bazunun yuxarı 1/3-də bayır səthində, sol əlinin üstündə qançırlar- bərk küt əşyanın (əşyaların) təsirindən törənmişlər. Qərarın təsviri hissəsində göstərilən müddətdə yəni, 24.09.2021-ci ildə əmələ gələ bilərdilər, ümumilikdə dərəcəsinə görə onun sağlamlığının qısa müddətə pozulmasına səbəb olan sağlamlığa Yüngül zərər vurmaya aid edilirlər. İşin 69-cu vərəqəsində olan və məhkəmə istintaqında elan olunmaqla tədqiq edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İşin 57-ci vərəqəsində olan və məhkəmə iclasında elan olunmaqla tədqiq olunmuş Balakən rayon İHB-ın Tülü kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi tərəfindən verilmiş arayışdan görünür ki, Qarayev X1 rayonu Tülü kəndində yaşayır, himayəsində anası, bacısı, bacısı qızı, 2017-ci il təvəllüdlü qızı Zəhra və 2019-cu il təvəllüdlü oğlu Yusif vardır. İşin 59-cu vərəqəsində olan və məhkəmə istintaqında elan olunmaqla tədqiq edilmiş Balakən rayon İH Tülü kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi tərəfindən verilmiş xasiyyətnamədə Təqsirləndirilən şəxs müsbət cəhətdən xarakterizə olunur. İşin 21-ci vərəqəsində olan və məhkəmə istintaqında elan olunmaqla tədqiq edilmiş 24.09.2021-ci il tarixli 345 nömrəli sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə protokolundan görünür ki, Təqsirləndirilən şəxs 24.09.2021-ci il tarixdə saat 20:30 radələrində sərxoş olmuşdur. Beləliklə məhkəmə iclasında tədqiq olunmuş mümkün və mötəbər sübutların məcmuyu ilə müəyyən edildi ki, Təqsirləndirilən şəxs 24.09.2021-ci il tarixdə saat 16 radələrində Balakən rayonu Tülü kəndində yerləşən yaşadıqları fərdi yaşayış evində bacısı Zərərçəkmiş şəxs ilə aralarında yaranmış mübahisə zamanı bacısı Zərərçəkmiş şəxs yumruq və sillə ilə döyərək ona sağlamlığının qısa müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığa YÜNGÜL zərər vurma xəsarət yetirmişdir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 346-cı maddəsinin tələbinə uyğun olaraq təqsirləndirilən şəxsin əməlinin hüquqi tövsifi məsələsinə baxaraq qeyd edir ki, sağlamlığın qısa müddətə pozulmasına və ya ümumi əmək qabiliyyətinin cüzi itirilməsinə səbəb olmuş qəsdən sağlamlığa yüngül zərər vurmaya görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsində cinayət məsuliyyəti nəzərdə tutulmuşdur. Məhkəmə Azərbaycan Respublikasının Konstitusiyasının 63-cü maddəsində təsbit edilmiş təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq, məhkəmə baxışında ittihamın baxılması nəticələrinə, məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslanaraq bu nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir, həmin əməldə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsinin tərkibi vardır, həmin əməl təqsirləndirilən şəxs tərəfindən törədilmişdir, təqsirləndirilən şəxs həmin cinayətin törədilməsində təqsirlilidir, onun əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə düzgün tövsif edilmişdir, əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Məhkəmə eyni zamanda hesab edir ki, cinayət işinin icraatına xitam verilməklə təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməlidir. Belə ki, məhkəmə iclasında Zərərçəkmiş şəxs məhkəməyə ərizə verərək Təqsirləndirilən şəxs ilə barışdığını, ona dəymiş ziyanın tam ödənildiyini, ondan heç bir şikayət və tələbi olmadığını göstərərək işin icraatına xitam verilməsini xahiş etmişdir . Məhkəmə iclasında Təqsirləndirilən şəxs məhkəməyə ərizə verərək Zərərçəkmiş şəxs ilə barışdığını, ona dəymiş ziyanı ödədiyini, əməlindən peşiman olduğunu göstərərək barəsində olan işin icraatına xitam verilməklə cinayət məsuliyyətindən azad olunmasını xahiş etdi. Məhkəmə iclasında dövlət ittihamçısı təqsirləndirilən şəxsin zərərçəkmiş şəxslə barışmasını, ona dəymiş zərəri tam ödəməsini nəzərə alaraq Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən cinayət təqibinə xitam verilməklə Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi barədə qərar qəbul edilməsini təklif etdi. Təqsirləndirilən şəxs müdafiəçisi Təqsirləndirilən şəxs oğlunun Zərərçəkmiş şəxs qızı ilə barışdığını, əməlindən peşiman olduğunu göstərərək onun barəsində olan işin icraatına xitam verilməklə cinayət məsuliyyətindən azad olunması barədə qərar qəbul edilməsini xahiş etdi. Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə görə bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 43.1 və 43.1.1-ci maddələrinə əsasən məhkəmə baxışı gedişində dövlət ittihamçısı və xüsusi ittihamçı cinayət təqibindən imtina etdikdə təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. Məhkəmə işin hallarını, dövlət ittihamçısının cinayət təqibindən imtina etməsini, təqsirləndirilən şəxsin və zərərçəkmiş şəxsin barışmaqla işin icraatına xitam verilməsini xahiş etmələrini, cinayət prosessual qanunvericiliyin tələblərini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə olan cinayət təqibinə Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən xitam verilməli və o, cinayət məsuliyyətindən azad edilməlidir. İş üzrə maddi sübut, ekspertiza xərci və mülki iddia yoxdur. İş materiallarından görünür ki, Balakən rayon Vəkil bürosunun vəkili Müdafiəçi məhkəmə icraat zamanı Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsinə 7 iş saatı sərf etmişdir. Azərbaycan Respublikası CPM-nin 193.2-193.3-cü maddələrinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Məhkəmə şübhəli və ya təqsirləndirilən şəxsin orta aylıq gəlirini, maddi, əmlak və ailə vəziyyətini, habelə digər halları nəzərə alaraq həmin şəxsin müdafiəçi tərəfindən göstərilən hüquqi yardımı ödəməkdən azad edilməsi və ödəmənin Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilməsi barədə əsaslandırılmış qərar qəbul edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 3 may 2018-ci il tarixli, 202 №-li qərarı əsasında “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli,11 №-li qərarına edilmiş dəyişikliklərə uyğun olaraq təqsirləndirilən şəxslərin hüquqlarını müdafiə etmələrinə görə müdafiəçilərə hər iş saatı üçün 6 manat məbləğində haqq ödənilməlidir. Məhkəmə hesab edir ki,Təqsirləndirilən şəxs məhkəmə icraatı zamanı göstərilən hüquqi yardımla bağlı Azərbaycan Respublikası Dövlət büdcəsinin vəsaiti hesabından 42 manat tutulub vəkil Müdafiəçi ödənilməsi üçün Balakən rayon Vəkil Bürosunun nəfinə, “KAPİTALBANK” X2 Rekvizitləri: VÖEN **********, kod 201382, Müxbir hesab AZ37NABZ******************** hesaba köçürülməlidir. Yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası CPM-nin 43.3, 321.2.1, 347 və 384.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulan əməlini törətməkdə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialları üzrə cinayət təqibinə Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən xitam verilsin və Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs Qarayev Elçin İbadullah oğluna məhkəmə icraatı zamanı göstərilən hüquqi yardımla bağlı Azərbaycan Respublikası Dövlət büdcəsinin vəsaiti hesabından 42 manat tutulub vəkil Müdafiəçi ödənilməsi üçün Balakən rayon Vəkil Bürosunun nəfinə, «KAPİTALBANK» X2 Rekvizitləri: VÖEN **********, kod 201382, Müxbir hesab AZ37NABZ******************** hesaba köçürülsün. Qərardan elan olunduğu andan 20 gün müddətində Balakən Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Qərardan göstərilən müddətdə apellyasiya şikayəti və ya protesti verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qərar qanuni qüvvəyə minir. Sədrlik edən Hümbət Səlimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar