Məhkəmə qərarları › İş №1(019)-93/2025

Balakən Rayon Məhkəməsi Hökm — İş №1(019)-93/2025

21.10.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Balakən Rayonu İş № 1(019)-93/2025 21.10.2025 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Cəfərova Arifə Namus qızının sədrliyi, məhkəmə iclas katibi Mirzəyeva Afina Şakir qızının katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru vəzifəsini icra edən, İİ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, müdafiəçi Balakən rayon Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxx 1984-cü il tarixdə Balakən rayonu Tülü kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, natamam orta təhsilli, məhkum olunmamış, fərdi əməklə məşğul olan, Balakən rayonu Tülü kəndində qeydiyyatda olmaqla yaşayan, xx.xx.2025-ci il tarixdə barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan, qanunsuz olaraq xeyli miqdarda narkotik vasitəni əldə etmiş, daşımış və saxlamışdır. Belə ki, o, istintaqa məlum olmayan vaxtda və mənbədən qanunsuz olaraq, satış məqsədi olmadan xeyli miqdarda - 10,14 qram çəkidə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananı əldə edib üzərində saxlayaraq daşımış, Balakən rayon polis şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat axtarış tədbiri nəticəsində 31 iyul 2025-ci il tarixdə saat 13:15-də Balakən şəhəri Atatürk prospekti ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli şəxs kimi saxlanılaraq üstü yoxlanılan zaman həmin narkotik vasitə qurudulmuş marixuana 01 (bir) ədəd sellofan bükümdə olmaqla əyinindəki şalvarın sol yan cibindən aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs elan edilmiş ittiham məhkəmə iclasında tədqiq edilmiş sübutlarla tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilmiş və ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək göstərmişdir ki, tutulmazdan 10 gün əvvəl yaşadığı Tülü kəndi ərazisində çöldə qoyun otaran zaman yerdə bir ədəd sellofan bükümün olduğunu görmüş, həmin bükümü açıb baxdıqda içərisində nəşə olduğunu bilmişdir. Həmin bükümü götürüb özündə saxlamışdır. Onun həmin bükümü götürüb özündə saxlamaqda məqsədi narkotik vasitədən istifadə etmək olmuşdur. 31 iyul 2025-ci il tarixdə Balakən şəhəri Atatürk prospketində yolun kənarında olduğu zaman 3 nəfər polis əməkdaşları ona yaxınlaşaraq özlərini təqdim edib Balakən RPŞ-nin polis əməkdaşları olduqlarını bildirmişlər. Həmçinin onun narkotik vasitələri saxlamaqda şübhəli olduğunu bildirərək, hüquq və vəzifələrini oxuduqdan sonra üzərində narkotik vasitə olub olmadığını soruşmuşlar, olduğu halda təqdim etməsini bildirmişlər. O da əynində olan şalvarının sol yan cibindən 01 ədəd sellofan bükümdə olan narkotik vasitə qurudulmuş marixuananı çıxarıb təqdim etmişdir. Daha sonra onu polis əməkdaşları Balakən rayon polis şöbəsinə aparmışlar. Narkotik vasitə saxlamaqda və daşımaqda şübhəli kimi saxlayaraq, üzərinə baxış keçirən polis əməkdaşlarını əvvəldən tanımır, onlarla hər hansı bir ədavəti və ya düşmənçiliyi yoxdur. Polis əməkdaşları tərəfindən saxlanıldığını heç kim görməmişdir. Saxlanılan zaman ona polis əməkdaşları tərəfindən heç bir zorakılıq tətbiq edilməmişdir. Əməlindən çox peşmandır, evlidir, 2 uşağı var. Bir daha belə əməllərə yol verməyəcəkdir. Ona yüngül cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində bildirmişdir ki, Balakən RPŞ-nin CAB-ın əməliyyat müvəkkili vəzifəsində işləyir. 31 iyul 2025-ci il tarixdə Balakən rayonu Tülü kəndində qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitə əldə edib istifadə etməsi, üzərində saxlaması və daşıması barədə Balakən RPŞ-yə əməliyyat məlumatı daxil olmuşdur. Daxil olmuş məlumatın əməliyyat yolu ilə yoxlanılması, Təqsirləndirilən şəxs cinayət əməllərinin ifşa olunması, onun cinayət törədərkən, yaxud törətdikdən bilavasitə sonra yaxalanması, narkotik vasitə, psixotrop maddələrin, cinayətin izlərinin vaxtında aşkar edilərək götürülməsi məqsədi ilə Balakən RPŞ-nin Kibercinayətkarlıqla Mübarizə Qrupunun baş əməliyyat müvəkkili polis mayoru Şahid2 və Balakən RPŞ-nin İTB-nin polis nəfəri, polis serjantı Şahid3 da iştirak etdiyi əməliyyat qrupu yaradılmışdır. Daha sonra xx.xx.2025-ci il tarixdə saat 13:15-da o, Şahid2 və Şahid3 ilə birlikdə Balakən şəhəri Atatürk prospekti ərazisinə gedərək qanunsuz olaraq narkotik vasitə əldə edib istifadə etməkdə və üzərində saxlamaqda şübhəli bilinən Təqsirləndirilən şəxs saxlamışlar, ona hüquq və vəzifələrini izah etmişlər. Üstünü yoxlama və götürmə aparılmasından əvvəl Təqsirləndirilən şəxs paltarlarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri verməsini təklif etmişlər. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynindəki şalvarın sol yan cibində olan 01 ədəd sellofan bükümü təqdim etmiş və bükümün içərisində narkotik tərkibli bitki olan marixuana olduğunu, özü istifadə etdiyini bildirmişdir. Sonra həmin bükümü elektron tərəzidə çəkən zaman büküm ilə birlikdə ümumi çəkisi 12,18 qram olduğunu müəyyən etmişlər. Sonra həmin kütlə qablaşdırılmış, möhürlənmiş, saxlanılan şəxs və iştirakçılar tərəfindən imzalanmış və götürülmüşdür. Təqsirləndirilən şəxs verilən suallara cavab olaraq, üzərindən aşkar olunmuş narkotik tərkibli bitki olan marixuananı Tülü kəndi ərazisində qoyun otaran zaman zibillik sahədən tapdığını, tapdıqdan sonra 1 dəfə istifadə etdiyini, kiməsə satmaq və ya vermək niyyətinin olmadığını bildirmişdir. Təqsirləndirilən şəxs üstünü yoxlama zamanı videoçəkiliş aparılmışdır. Balakən RPŞ-nin TB-nin təhqiqatçısı, polis leytenantı X1 tərəfindən təqdim etdikləri narkotik vasitəyə oxşar kütləyə videoçəkilişlə baxış keçirilmiş və götürülmüşdür. Məhkəmə iclasında şahid Balakən RPŞ-nin Kibercinayətkarlıqla Mübarizə Qrupunun baş əməliyyat müvəkkili polis mayoru Şahid2 və Balakən RPŞ-nin İTB-nin polis nəfəri Şahid3 Şahid1 ilə eyni məzmunlu ifadə vermişdir. ********** nömrəli cinayət işinin: 8-10-cu vərəqələrində olan xx.xx.2025-ci il tarixli ''əməliyyat-axtarış tədbirinin keçirilməsinə və şübhəli şəxsin üstünün yoxlanılmasına dair” protokoldan görünür ki, 31 iyul 2025-ci il tarixdə saat 13:15 radələrində Balakən Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində qanunsuz olaraq narkotik vasitə əldə edib istifadə etməsi, üzərində saxlamasında, daşımasında şübhəli bilinən Orucov X4 şəhəri Atatürk prospekti ərazisində saxlanılmış, sonuncuya hüquq və vəzifələri, o cümlədən tutulan andan müdafiəçiyə malik olmaq hüququ izah olunmuşdur. Həmin şəxsin saxlanılan zaman paltarında, əşyalarında və ya bədənində narkotik vasitənin, psixotrop maddənin, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaların və ya sənədlərin olmasını ehtimal etməyə kifayət qədər əsaslar olduğundan saxlanıldığı yerdə, yəni Balakən şəhəri Atatürk prospekti ərazisində saxlanılaraq üzərini yoxlamağa başlanılmış, üstünü yoxlama və götürmə aparılmasından əvvəl Təqsirləndirilən şəxs paltarlarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri və psixotrop maddələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri verməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynindəki şalvarın sol yan cibində olan 01 ədəd sellofan bükümü təqdim etmiş və bükümün içərisində narkotik olduğunu, özü istifadə etdiyini bildirmişdir. Sonra həmin büküm elektron tərəzidə çəkilmiş və büküm ilə birlikdə çəkisinin 12,18 qram olduğu müəyyən olunmuşdur. Sonra həmin kütlə saxlanılan şəxs və iştirakçılar tərəfindən imzalanaraq götürülmüşdür. Təqsirləndirilən şəxs verilən suallara cavab olaraq üzərindən aşkar olunmuş narkotiki tutulmamışdan 10 gün əvvəl Balakən rayonu Tülü kəndi ərazisində yerləşən çöllük sahədə qoyun otaran zaman yerdən tapdığını, şəxsi istifadəsi üçün üzərində saxladığını, tapdıqdan sonra bir dəfə istifadə etdiyini, kiməsə satmaq və ya vermək niyyətinin olmadığını bildirmişdir. Üstünü yoxlama Balakən şəhəri Atatürk prospekti ərazisində keçirilmişdir. Üstünü yoxlama zamanı “Samsung A24” markalı kamera ilə Balakən RPŞ-nin İTB-nin polis sahə nəfəri, polis serjantı Şahid3 tərəfindən video çəkiliş aparılmışdır. Protokolu yerində tərtib etmək üçün şərait olmaması səbəbindən Balakən RPŞ-nin inzibati binasında tərtib edilmişdir. Protokol iştirakçılara ucadan oxunmuş, onlara protokola daxil edilməli olan qeydlər etmək hüququ və protokolu olduğu kimi və ya qeydlərlə birlikdə imzalamaq vəzifəsi izah olunmuşdur. İştirakçılar tərəfindən şikayət, təklif və protokola qeydlər daxil olmamışdır. Protokol imzalarla təsdiq edilmişdir. Protokola 01 ədəd DVD disk əlavə olunmuşdur. 12-13-cü vərəqlərində olan xx.xx.2025-ci il tarixli “təqdim olunan əşyaya baxış keçirilməsi və götürmə haqqında” protokoldan görünür ki, Balakən rayonu Tülü kəndində qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs narkotik vasitələri əldə edib üzərində saxlamaqda və gəzdirməkdə şübhəli bilindiyi üçün 31 iyul 2025-ci ildə saat 13:15-də Balakən şəhəri Atatürk prospekti ərazisində saxlanılaraq üstü yoxlanılmış, bu zaman onun üzərindən, əynindəki şalvarın sol yan cibində olan 01 ədəd sellofan bükümdə narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlənin aşkar edilərək 1 (bir) ədəd ağ rəngli zərfdə qablaşdırılması və Təqsirləndirilən şəxs üzərindən götürülməsi raportda qeyd olunmuş və aidiyyəti üzrə təqdim olunmuşdur. Təqdim olunan 01 (bir) ədəd ağ rəngli zərfə və 01 (bir) ədəd DVD diskə baxış keçirilmişdir. Üzərində “Balakən rayon Tülü kənd sakini Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 12,18 qram kütlə” yazılı zərfdən 1 (bir) ədəd sellofan bükümdə, açıq yaşıl rəngli, qurudulmuş marixuanaya bənzər kütlə aşkar olunmuşdur. Sonra həmin kütlə yenidən qablaşdırılıb möhürlənmişdir. Daha sonra 01 (bir) ədəd DVD diskə “HP” markalı kompüterdə baxış keçirilmiş, DVD diskdə olan görüntülərdə təhqiqata təqdim olunan narkotik maddəyə bənzər kütlənin aşkar olunması, Təqsirləndirilən şəxs ondan narkotik vasitə aşkar olunması baradə bildirməsi əksini tapmışdır. Baxış və götürmə təbii işıqlandırma şəraitində keçirilmişdir. Baxış və götürmə zamanı “Samsung A24” markalı kamera ilə Balakən RPŞ-nin İTB-nin polis sahə nəfəri, polis serjantı Şahid3 tərəfindən video çəkiliş aparılmışdır. Protokol iştirakçılara ucadan oxunmuş, onlara protokola daxil edilməli olan qeydlər etmək hüququ və protokolu olduğu kimi və ya qeydlərlə birlikdə imzalamaq vəzifəsi izah olunmuş, iştirakçılar tərəfindən şikayət, təklif və protokola qeydlər daxil olmamış, protokol imzalarla təsdiq edilmişdir. 22-ci vərəqində olan 31 iyul 2025-ci il tarixli “şübhəli şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs azadlığının məhdudlaşdırıldığı vaxtdan, yəni 31 iyul 2025-ci ildə saat 13:15 dəqiqədən tutulmuş hesab edilir. 37-ci vərəqində olan məhkəmə-bioloji ekspertizasının xx.xx.2025-ci il tarixli 17/567 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim olunmuş, üzərində "Balakən rayonu Tülü kənd sakini Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş kütlə" yazısı, adlar və imzalar yazılmış 01 (bir) ədəd zərfin içərisindəki sellofan bükümdə, təmiz çəkisi - 10,14 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. 68-69-cu, 72-ci vərəqlərində olan təqsirləndirilən şəxsin müvəqqəti saxlama yerindən azad edilməsi və barəsində qətimkan tədbirinin seçilməsi haqqında 02 avqust 2025-ci il tarixli qərardan və təqsirləndirilən şəxsin müvəqqəti saxlama yerindən azad edilməsi haqqında aktdan görünür ki, Təqsirləndirilən şəxs 02 avqust 2025-ci il tarixdə saat 13:15də Balakən RPŞ-nin MSY-dən azad edilmişdir və onun barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. 74-cü vərəqində olan Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkum olunmamışdır. 81-ci vərəqində olan xx.xx.2025-ci ıl tarixli 1367 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitə olan kannabinoidlərdən epizodik istifadə etmə halları olub. Narkomaniya xəstəliyindən əzab çəkmir. Nakomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı yoxdur. Narkoloji kabinetdə proflaktiki qeydiyyata alınması məsləhət görülür. 89-cu vərəqində olan Balakən rayon İcra Hakimiyyəti Tülü kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi tərəfindən verilmiş xasiyyətnamədə Təqsirləndirilən şəxs barəsində nümayəndəliyə heç bir yazılı və ya şifahi şikayət daxil olmadığı göstərilir. 91-ci vərəqində olan şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində 2 uşağı – xx.xx.2010-cu il təvəllüdlü X6 və xx.xx.2013-cü il təvəllüdlü X5 vardır. 92-97-ci vərəqlərində olan 22 sentyabr 2025-ci il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, ekspertiza tədqiqatından sonra qalıq qalmış 10.09 qram narkotik vasitə qurudulmuş marixuana iş üzrə maddi sübut kimi tanınmış və Balakən RPŞnin maddi sübutların saxlanc anbarına təhvil verilmiş, 02 ədəd DVD disk iş materiallarına əlavə edilmişdir. Satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri xeyli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşımağa görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində cinayət məsuliyyəti nəzərdə tutulmuşdur. "Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında" Azərbaycan Respublikası Qanununun 1.0.8, 1.0.9 və 1.0.10-cu maddələrinə görə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlərdir; narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlərdir; narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması - məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlərdir. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş siyahıda qurudulmuş marixuana üçün xeyli miqdar 05 qramdan 500 qramadək müəyyən edilmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Həmin Məcəllənin 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Həmin Məcəllənin 146.1-ci maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Məhkəmə təqsirləndirilən şəxsin, şahidlərin məhkəmə iclasında və ibtidai istintaq zamanı verdikləri ifadələrini, əməliyyat-axtarış tədbirinin keçirilməsinə və şübhəli şəxsin üstünün yoxlanılmasına dair, təqdim olunan əşyaya baxış keçirilməsi və götürmə haqqında protokolları, məhkəmə-bioloji ekspertizasının rəyi, ambulator məcburi-narkoloji tibbi yoxlama rəyi və digər iş materiallarını tam, hərtərəfli və obyektiv yoxlayıb, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliliyi üzrə qiymətləndirib, həmin sübutları mötəbər sübutlar kimi qəbul edir və cinayət təqibi üzrə toplanmış həmin sübutlar Təqsirləndirilən şəxs elan edilmiş ittiham üzrə mötəbər və yekun nəticəyə gəlməyə imkan verir. Eyni zamanda Azərbaycan Respublikası CPM-in 126.6-cı maddəsinin tələbinə əsasən təqsirləndirilən şəxsin ittiham olunduğu əməldə təqsirini etiraf etməsi digər sübutların məcmusu ilə təsdiq edildiyi üçün ona qarşı ittihamın əsası kimi qəbul edilir. Beləliklə, məhkəmə Azərbaycan Respublikası CPM-in 346-cı maddəsinin tələbinə uyğun olaraq təqsirləndirilən şəxsin əməlinin hüquqi tövsifi məsələsinə baxaraq qeyd edir ki, məhkəmə iclasında tədqiq olunmuş mümkün və mötəbər sübutların məcmusu ilə cinayət hadisəsinin olması, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CMin 234.1-ci maddəsinin tərkibinin olması, onun cinayətin törədilməsində aidiyyəti və cinayətin törədilməsində təqsirliliyi sübuta yetir. Onun əməli istintaq orqanı tərəfindən Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir, əməlin cinayət olmasını aradan qaldıran hallar, cinayət məsuliyyətindən azad edilmək üçün əsaslar yoxdur, odur ki, həmin maddə ilə təqsirli bilinib cəzalanmalıdır. Azərbaycan Respublikası CM-in: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. 59.1.4-cü maddəsinə əsasən cinayət törətmiş şəxsin himayəsində azyaşlı uşağın olması cəzanı yüngülləşdirən haldır. 59.2-ci maddəsinə əsasən cəza təyin edilərkən bu Məcəllənin 59.1.1-59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 4 nömrəli, 25 iyun 2003-cü il tarixli Qərarının 1-ci bəndində məhkəmələrə izah edilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. 2. Cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hal kimi himayəsində azyaşlı uşağının olması müəyyən edilmişdir. Həmçinin təqsirləndirilən şəxsin əməlini etiraf etməklə səmimi peşman olması onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alınmalıdır. Belə ki, onun ibtidai istintaq və məhkəmə istintaqı zamanı cinayət əməlini səmimi etiraf etməklə əməlindən peşman olmasını bildirməsi ictimai dəyərlərə və ədalət mühakiməsinə hörmət hissini qoruyub saxlamasına dəlalət edir və tutduğu əmələ görə özü-özünü məzəmmət etdiyini təsdiq edir. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs təyin olunacaq cəzanın növü və həddi məsələsinə baxaraq, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, cəzanı yüngülləşdirən halları, cəzanı ağırlaşdıran halların olmamasını, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, onun cəmiyyətdən təcrid edilmədən islah olunmasının mümkün olmasını, daha ciddi cəza növünün təyin edilməsi üçün əsasların olmamasını nəzərə alaraq ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş həddə azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməsini qanuni, əsaslı və ədalətli hesab edir. Onun 31 iyul 2025-ci il tarixdən 02 avqust 2025-ci il tarixədək şübhəli şəxs qismində tutulub saxlandığı 02 (iki) gün müddətin hər bir günü CM-in 69.3-cü maddəsinə əsasən bir günə iki gün hesabı ilə nəzərə alınmaqla təyin ediləcək cəzadan çıxılmalıdır. Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini gecə saat 23:00-dan növbəti gün səhər saat 07:00-a kimi tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Balakən rayonunun ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Cəza çəkmə müddətinin əvvəli cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Məhkəmə Azərbaycan Respublikası CPM-nin 346.1.12-ci maddəsinə uyğun olaraq təqsirləndirilən şəxsə təyin ediləcək cəzanın çəkilməli olub-olmaması məsələsinə baxaraq hesab edir ki, təqsirləndirilən şəxs ona təyin ediləcək cəzanı çəkməlidir. Məhkəmə ambulator məcburi-narkoloji tibbi yoxlama rəyinə əsasən təqsirləndirilən şəxsin narkomaniyadan məcburi müalicəyə ehtiyacı olmadığını nəzərə alır. Təqsirləndirilən şəxs qeydiyyat ünvanı üzrə narkoloji kabinetdə qeydiyyata alınmalıdır. Ekspertiza tədqiqatının dəyəri 34.55 manat Təqsirləndirilən şəxs tutulub Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülməlidir. İş üzrə maddi sübut kimi tanınmış və Balakən rayon Polis Şöbəsinin maddi sübutların saxlanc anbarında saxlanılan, Təqsirləndirilən şəxs üzərindən aşkarlanaraq götürülmüş ekspert tədqiqatından sonra qalıq qalmış çəkisi 10.09 qram olan narkotik vasitə qurudulmuş marixuana hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilməlidir. Əməliyyat-axtarış tədbirinin keçirilməsi və şübhəli şəxsin üstünün yoxlanılması, təqdim olunan əşyaya baxış keçirilməsi və götürməni əks etdirən 02 ədəd disk cinayət işinin materiallarında saxlanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəsini alana kimi dəyişdirilmədən saxlanmalıdır. Azərbaycan Respublikası CPM-nin 346.1.19-cu maddəsinə uyğun olaraq məhkəmə xüsusi müsadirə edilməli əmlakın olub-olmaması məsələsinə baxaraq müəyyən edir ki, təqsirləndirilən şəxsdə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində nəzərdə tutulan xüsusi müsadirə edilməli olan əmlak mövcud deyildir. İş üzrə mülki iddia yoxdur. “Müdafiəçilərə (vəkillərə), tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 fevral 2001-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2, 193.4-cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 11 manat məbləğində müəyyən edilmişdir. Balakən rayon Vəkil Bürosunun vəkili Müdafiəçi Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsinə məhkəmə icraatı zamanı 7 iş saatı sərf etmişdir. Məhkəmə hesab edir ki, dövlət büdcəsinin vəsaiti hesabından 77 manat tutulub vəkil Müdafiəçi ödənilməsi üçün Balakən rayon Vəkil Bürosunun hesabına köçürülməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 144-146, 346-347, 349, 351-353 və 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və 01 (bir) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs 31 iyul 2025-ci il tarixdən 02 avqust 2025-ci il tarixədək şübhəli şəxs qismində tutulub saxlandığı 02 (iki) gün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən bir günə iki gün hesabı ilə nəzərə alınmaqla ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından 04 (dörd) gün çıxılsın və üzərində qəti olaraq 01 (bir) il 05 (beş) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlansın. Təqsirləndirilən şəxs üzərinə yaşayış yeri Balakən rayonu Tülü kəndindəki ünvanını gecə saat 23:00-dan növbəti gün səhər saat 07:00-a kimi tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Balakən rayonunun ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs cəza çəkmə müddətinin əvvəli cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Hökmün icrası təqsirləndirilən şəxsin yaşayış yeri üzrə Balakən Rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəsini alana kimi dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs narkoloji kabinetdə qeydiyyata alınsın. Ekspertiza tədqiqatının dəyəri 34.55 manat Təqsirləndirilən şəxs tutulub Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülsün. İş üzrə maddi sübut kimi tanınmış və Balakən rayon Polis Şöbəsinin maddi sübutların saxlanc anbarında saxlanılan, Təqsirləndirilən şəxs üzərindən aşkarlanaraq götürülmüş ekspertiza tədqiqatından sonra qalıq qalmış çəkisi 10.09 qram olan narkotik vasitə qurudulmuş marixuana hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. Əməliyyat-axtarış tədbirinin keçirilməsi və şübhəli şəxsin üstünün yoxlanılması, təqdim olunan əşyaya baxış keçirilməsi və götürməni əks etdirən 02 ədəd disk cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs məhkəmə icraatı zamanı göstərilən hüquqi yardımla bağlı dövlət büdcəsinin vəsaiti hesabından 77 manat tutulub vəkil Müdafiəçi ödənilməsi üçün Balakən rayon Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Balakən Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apellyasiya şikayəti və ya protesti verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Arifə Cəfərova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar