Məhkəmə qərarları › İş №1(019)-95/2024

Balakən Rayon Məhkəməsi Hökm — İş №1(019)-95/2024

18.09.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Balakən Rayonu İş № 1(019)-95/2024 18.09.2024 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Səlimov Hümbət Qamuna oğlunun sədrliyi, məhkəmə iclas katibi X1 katibliyi, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru vəzifəsini icra edən, İİİ dərəcəli hüquqşünas Dövlət ittihamçısı qızının, Təqsirləndirilən şəxs və onun müdafiəçi-Balakən rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, TƏQSİRLƏNDİRİLƏN ŞƏXS-xx xxxxxx 1981-ci il tarixdə Balakən rayonu Tülü kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, natamam orta təhsilli, məhkum olunmamış, işləməyən, Balakən rayonu Tülü kəndində qeydiyyatda olan və həmin ünvanda yaşayan, 03 avqust 2024-cü il tarixdə barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və mənbədən əldə etdiyi istintaqla dəqiq müəyyən edilməyən sayda narkotik tərkibli çətənə (kannabis) bitkisinin toxumlarını 2024-cü ilin may ayının əvvəllərində yaşadığı Balakən rayonu Tülü kəndində yerləşən evinin həyətində qanunsuz olaraq torpağa əkmiş, həmin toxumlardan bitmiş yaş vəziyyətdə ümumi çəkiləri 330,0 qram olan xeyli miqdarda-04 (dörd) ədəd əkilibbecərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə (kannabis) bitkilərini suvarmaqla, diblərini alaq otlarından təmizləyib aqrotexniki qaydada qulluq göstərib yetişdirməklə kultivasiya etmiş, 01 avqust 2024-cü il tarixdə Balakən rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş tədbirlər nəticəsində Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı sahəsinə onun öz könüllü razılığı və iştirakı ilə saat 13:20-dən 14:00-dək olan müddət ərzində keçirilmiş baxış zamanı onun qanunsuz olaraq əkib-yetişdirməklə kultivasiya etdiyi, xeyli miqdar hesab edilən yəni, 04 (dörd) ədəd uzunluqları 73 sm-dən 167 sm-dək yaş vəziyyətdə ümumi çəkiləri 330,0 qram olan əkilib-becərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə (kannabis) bitkiləri yaşadığı evin həyətyanı sahəsindən aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs həmin cinayət əməlini törətməsi məhkəmə iclasında özünün səmimi etirafedici ifadəsi, şahidlərin ifadələri və məhkəmə iclasında tədqiq olunan digər sübutlarla aşağıdakı qaydada tam sübuta yetirildi. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, Balakən rayonu Tülü kəndində tək yaşayır. Rəsmi olaraq heç yerdə işləmir, ümumiyyətlə işsizdir. Əvvəllər narkotik vasitədən istifadə etmişdir. Bundan 2-3 il əvvəl Balakən rayonu ərazisindən keçən “Mazımçay” çayına getmiş, əvvəllər narkotik vasitədən istifadə etdiyi üçün narkotik kolunu tanıdığına görə çayın kənarında olan narkotik kolunu görüb həmin kolun üzərində olan narkotik toxumlarını yığaraq yaşadığı evə gətirmişdir. Həmin toxumları sellofana büküb evdə saxlamışdır. Toxumları evdə saxladığını unutmuşdur. 2024-cü ilin yaz aylarında həmin toxumların evdə olduğunu görmüş və onları özü çəkmək üçün əkmək qərarına gəlmişdir. 2024-cü ilin may ayının əvvəllərində dəqiq xatırlamadığı tarixdə həmin toxumları seçmiş və 6 ədəd toxumu yaşadığı evin arxa hissəsində həyətyanı sahədə torpağa basdırıb əkmişdir. Əkdiyi toxumlardan 4 ədədi cücərmişdir. Onlara qulluq etmiş, əkdiyi narkotik tərkibli çətənə kollarından əldə edəcəyi narkotiki özü üçün istifadə etmək fikri olmuş və bu məqsədlə əkmişdir. xx.xx.2024-cü ildə saat 13 radələrində yaşadığı evdə olan zaman Balakən RPŞ-nin əməkdaşları yaşadığı ünvana gəlmişlər və onu yoldan çağırmışlar. O, yola çıxanda polis əməkdaşları özlərini təqdim edərək həyətyanı sahədə narkotik vasitə əkib-əkmədiyini soruşmuşlar. Polis əməkdaşlarına həyətyanı sahədə narkotik tərkibli çətənə kolları əkdiyini bildirmişdir. Polis əməkdaşları həyətyanı sahəsinə və yaşayış evinə mütəxəssis-aqronomun iştirakı ilə baxış keçirilməsinə etirazının olub-olmadığını soruşmuşlar. O, da həyətyanı sahəyə və fərdi yaşayış evinə baxış keçirmələrinə etiraz etmədiyini, narazı olmadığını bildirmiş və bu barədə ərizə ilə müraciət etmişdir. Polis əməkdaşları narkotik bitkisini əkdiyi yeri göstərə bilib-bilmədiyini soruşmuşlar və o göstərə biləcəyini demişdir. Sonra video çəkilişlə həyətinə daxil olmuşlar. O, da yaşadığı evin arxa tərəfində həyətyanı sahədə əkdiyi 4 ədəd narkotik bitkisini əkdiyi yeri polis əməkdaşlarına göstərmişdir. Həyətyanı sahədə əkdiyi 4 ədəd çətənə kolları onun, aqronomun və polis əməkdaşlarının iştirakı ilə torpaqdan çıxarılaraq ölçülmüş və hündürlüyü 73 sm-dən 167 sm-dək olduğu müəyyən edilmişdir. Bundan sonra aşkar edilmiş həmin 04 ədəd bitkilər 1 ədəd sintetik kisədə qablaşdırılaraq götürülmüş və polis əməkdaşları onu Balakən RPŞ-yə dəvət etmişlər. O, da onlarla birlikdə Balakən RPŞ-yə getmişdir. Polis şöbəsində ona hüquq və vəzifələri izah olunmuş, hüquq və vəzifələrinin izah edilməsi ilə bağlı bildiriş təqdim edilmişdir. Bundan sonra şübhəli şəxs qismində tutulması ilə bağlı tərtib edilmiş qərar ona elan edilmiş və həmin qərarla tanış olmuşdur. Daha sonra hüquqlarının müdafiə edilməsi məqsədi ilə Balakən rayon Vəkil Bürosunun vəkillər siyahısı ona təqdim edilmiş, o təqdim edilmiş vəkillərin siyahısından Müdafiəçi tərəfindən hüquqlarıınn dövlət hesabına müdafiə edilməsini xahiş etmişdir. Bir neçə dəqiqə sonra Müdafiəçi polis şöbəsinə dəvət edilmiş və müdafiəçi kimi ona təqdim edilmişdir. Daha sonra şübhəli şəxs qismində tutulmağı ilə bağlı protokol tərtib edilmiş, həmin protokol ilə tanış olduqdan sonra imzalarla təsdiq etmişdir. Eyni zamanda tutulmağı ilə bağlı qardaşına telefon vasitəsilə məlumat vermişdir. xx.xx.2024-cü ildə ekspert rəyi ilə tanış olduqdan sonra ona məlum olmuşdur ki, həyətyanı sahəsindən aşkar edilmiş uzunluqları 73 sm-dən 167 sm- dək olan 4 ədəd narkotik tərkibli bitkilərin yaş vəziyyətdə ümumi çəkiləri 330 qramdır. Təqsirləndirilən şəxs əlavə olaraq göstərmişdir ki, həyətyanı sahədə əkdiyi narkotik tərkibli çətənə kollarını 2024-cü ilin may ayının əvvəllərində dəqiq xatırlamadığı tarixdə yaşadığı evin arxa tərəfində torpağa basdırıb əkmişdir. Həmin narkotik tərkibli çətənə kollarını özü istifadə etmək üçün narkotik vasitə əldə etmək məqsədi ilə əkmişdir. Toxumları 2-3 il əvvəl Balakən rayonu ərazisindən keçən “Mazımçay” çayının kənarında gördüyü çətənə kollarının üzərindən yığıb yaşadığı evdə saxlamışdır. 2024-cü ilin may ayının əvvəllərində həmin toxumları evdən tapmış və gələcəkdə özü istifadə etmək məqsədi ilə həyətyanı sahədə əkmişdir. Həyətyanı sahədə əkdiyi 6 ədəd toxumdan 4 ədədi cücərib bitdikdən sonra həmin bitkilərə qulluq etmiş və alaq otlarından təmizləyib sulamışdır. Həmin kolları əkməsini heç kim bilməmiş, bu barədə heç kimə deməmişdir. Ona bu işdə heç kim kömək etməmişdir. Əvvəllər narkotik vasitələrdən istifadə etmişdir. O, narkotik vasitənin əkilibbecərilməsinin qanunsuz olduğunu bilmişdir. O, heç vaxt narkotik vasitələrin satışı ilə məşğul olmamışdır. Əkdiyi narkotik bitkilərini öz şəxsi istifadəsi üçün əkmiş və satmaq fikri olmamışdır. Balakən RPŞ-də ona qarşı hər hansı psixi və fiziki zor tətbiq edilməmişdir.Əməlindən çox peşimandır. Gələcəkdə heç vaxt belə əməllərə yol verməyəcəkdir. Ona yüngül cəza verilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, hazırda Balakən RPŞ-nin NMQ-nin əməliyyat müvəkkili vəzifəsində çalışır və polis baş leytenantı rütbəsini daşıyır. 01 avqust 2024-cü il tarixdə Balakən rayon Tülü kənd sakini Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı sahəsində qanunsuz olaraq narkotik tərkibli çətənə (kannabis) bitkilərini əkib-becərməkdə şübhəli olması ilə bağlı Balakən RPŞ-nə məlumat daxil olmuşdur. Həmin məlumat yoxlanılması məqsədi ilə tərəfindən RPŞ-nin rəhbərliyinə raportla müraciət edilmişdir. Daha sonra həmin gün saat təxminən 13 radələrində Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı sahəsinə baxış keçirilməsi üçün mütəxəssis aqronom Şahid3 polis şöbəsinə dəvət edilmiş və baxış keçirilməsi üçün Təqsirləndirilən şəxs yaşadığı evin qarşısına getmişlər. Onlar Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı sahəsində qanunsuz olaraq narkotik tərkibli çətənə (kannabis) bitkilərini əkib-becərməkdə şübhəli olması ilə bağlı həyətyanı sahəsinə baxış keçirilməsi üçün gəldiklərini bildirmişlər. Təqsirləndirilən şəxs də yaşadığı evə və evin həyətyanı sahəsinə baxış keçirilməsinə etirazının olub-olmaması barədə soruşulduqda, baxış keçirilməsi ilə bağlı heç bir etirazının olmadığını bildirərək baxış keçirilməsi üçün onları yaşadığı evin həyətyanı sahəsinə dəvət etmiş və eyni zamanda etdiyi əməli səmimi etiraf edərək yaşadığı evin həyətyanı sahəsində narkotik tərkibli bitkilər əkdiyini və əkmiş olduğu həmin bitkilərin olduğu yeri göstərə biləcəyini qeyd etmişdir. Bundan sonra Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı sahəsində əkmiş olduğu narkotik tərkibli çətənə bitkilərinə oxşar bitkilərin olduğu yeri göstərmişdir. Həmin yerə baxış zamanı torpağa basdırılmış halda ümumilikdə 04 ədəd narkotik tərkibli çətənə bitkilərinə oxşar bitki kolları aşkar edilmişdir. Baxışda iştirak edən mütəxəssis aqranom həmin bitkilərə baxaraq bitkilərin qulluq edilərək becərildiyini əsas gətirərək həmin bitkilərə aqrotexniki qaydada qulluq edildiyini bildirmişdir. Daha sonra 04 ədəd narkotik tərkibli çətənə bitkilərinə oxşar bitkilərin hündürlükləri ölçüldükdə ən kiçik bitkinin hündürlüyünün 73 santimetr ən böyük bitkinin hündürlüyünün isə 167 santimetr olması müəyyən edilmişdir. Aşkar edilmiş 04 ədəd narkotik tərkibli çətənə bitkilərinə oxşar bitkilər 01 ədəd sintetik kisədə qablaşdırılmışdır. Həmin sintetik kisənin üzəri DİN-nin 185 saylı arayışlar üçün möhürü ilə möhürləndikdən sonra üzərini iştirakçılarla birlikdə imzalamışlar. Baxış zamanı qanunsuz saxlanılan başqa hər hansı əşya predmet aşkar edilməmişdir. Baxış keçirilməsinə dair protokol tərtib edilmiş və ucadan oxunmuşdur. Protokola heç bir əlavə, şikayət və vəsatət daxil olmadığından iştirakçılarla birlikdə protokolun doğruluğunu imzalarla təsdiq etmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Balakən RPŞ-nin İTB-nin polis sahə nəfəri Şahid2 Şahid1 ilə eyni məzmunlu ifadə verərək sonuncunun ifadəsində göstərdiyi xüsusatları təsdiq etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərdi ki, ixtisasca ali təhsilli alim-aqronomdur. Balakən rayon İcra Hakimiyyətinin Balakən rayon Hənifə kənd icra nümayəndəsi vəzifəsində çalışır. 01 avqust 2024-cü il tarixdə Balakən RPŞ-nin əməkdaşları onu Balakən RPŞ-nə dəvət etmişdir. Balakən RPŞ-nə gələndən sonra polis əməkdaşları ona Balakən rayon Tülü kənd sakini Təqsirləndirilən şəxs yaşadığı Balakən rayonu Tülü kəndi ərazisində yerləşən evin həyətində qanunsuz olaraq narkotik tərkibli çətənə bitkiləri əkdiyini, buna görə də həmin yerə baxış keçirəcəklərini, həmin bitkilərə aqrotexniki qaydada qulluq edilib-edilmədiyi barədə rəy verməyini ondan xahiş etmişlər. O, da polis əməkdaşlarına razılıq vermişdir. Buna görə də bir qrup polis əməkdaşları ilə birlikdə Təqsirləndirilən şəxs yaşadığı evin qarşısına getmişlər. Polis əməkdaşları Təqsirləndirilən şəxs yaşadığı evin qarşısına çağırmış və ona həyətyanı sahəsində qanunsuz olaraq narkotik tərkibli çətənə (kannabis) bitkilərini əkib-becərməkdə şübhəli olması ilə bağlı həyətyanı sahəsinə baxış keçirilməsi üçün gəldiklərini bildirmişlər. Təqsirləndirilən şəxs də yaşadığı evə və evin həyətyanı sahəsinə baxış keçirilməsinə etirazının olub-olmaması barədə soruşulduqda, baxış keçirilməsi ilə bağlı heç bir etirazının olmadığını bildirərək baxış keçirilməsi üçün onları yaşadığı evin həyətyanı sahəsinə dəvət etmişdir. Bundan sonra Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı sahəsində əkmiş olduğu narkotik tərkibli çətənə bitkilərinə oxşar bitkilərin olduğu yeri göstərmişdir. Həmin yerə baxış zamanı torpağa basdırılmış halda ümumilikdə 04 ədəd narkotik tərkibli çətənə bitkilərinə oxşar bitki kolları aşkar edilmişdir. O, həmin bitkilərə baxaraq narkotik tərkibli çətənə bitkilərinə oxşar bitkilər olduğunu, həmçinin ətrafının təmizləndiyini, suvarıldğını, diblərinin yumaşıldığını buna görə də həmin bitkilərə aqarotexniki qaydada qulluq edildiyini göstərmişdir. Daha sonra aşkar edilmiş 04 ədəd narkotik tərkibli çətənə bitkilərinə oxşar bitkilər köklərindən çıxarılmış və hündürlükləri ölçülmüşdür. Həmin narkotik tərkibli çətənə bitkilərinə oxşar bitkilərdən kiçik bitkinin hündürlüyü 73 santimetr ən böyük bitkinin hündürlüyü isə 167 santimetr olmuşdur. Aşkar edilmiş 04 ədəd narkotik tərkibli çətənə bitkilərinə oxşar bitkilər 01 ədəd sintetik kisədə qablaşdırılmış və sintetik kisənin üzəri möhürləndikdən sonra üzərini imzalamışlar. Bundan sonra baxış zamanı qanunsuz saxlanılan başqa hər hansı əşya aşkar edilməmişdir. Baxış keçirilməsinə dair protokol tərtib edilmiş və ucadan oxunmuşdur. Protokola heç bir əlavə, şikayət və vəsatət daxil olmadığından iştirakçılarla birlikdə protokolun doğruluğunu imzalarla təsdiq etmişlər. Baxış bir nəfər polis əməkdaşı tərəfindən videokamera vasitəsi ilə fasiləsiz olaraq lentə alınmışdır. İşin 11-14-cü vərəqələrində olan və məhkəmə iclasında elan olunmaqla tədqiq olunmuş 01 avqust 2024-cü il tarixdə Balakən RPŞ-nin TB-nin təhqiqatçısı, polis polkovnik-leytenantı X6 tərəfindən tərtib olunmuş “baxış keçirilməsi barədə” protokoldan görünür ki, baxış həmin tarixdə saat 13:20-dən saat 14:00-dək olan müddət ərzində qanunsuz olaraq narkotik tərkibli çətənə bitkilərini əkib-becərməkdə şübhəli olan Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı sahəsində aparılmışdır. Baxış zamanı Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı sahəsində baxış keçirilməsi ilə bağlı etirazı olmadığını bildirmişdir. Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı sahəsinə baxış keçirildikdə orada narkotik tərkibli çətənə bitkilərinə oxşar bitkilər aşkar edilmiş və baxışda iştirak edən mütəxəssis aqronom həmin bitkilərə aqrotexniki qaydada qulluq edildiyini bildirmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs həyətində aşkar edilmiş hündürlükləri 73 sm-dən 167 sm-dək olan, 04 ədəd narkotik tərkibli çətənə bitkilərinə oxşar bitkilərin hər biri kökündən çıxarılmış və həmin bitkilər 01 ədəd sintetik kisədə qablaşdırılımışdır. Baxış zamanı başqa qanunla qadağan edilən hər-hansı bir vasitə, kütlə aşkar edilməmişdir. Keçirilmiş baxış Balakən RPŞ-nin KTQ-nun baş inspektor kriminalisti polis mayoru X7 tərəfindən videokamera vasitəsi ilə qeydə alınmış və həmin video görüntü protokola əlavə edilmişdir. Tərtib olunmuş protokol ucadan oxunmuş, əlavə hər hansı şikayət və vəsatət daxil olmadığından protokolun doğruluğu imzalarla təsdiq edilmişdir. Baxış zamanı qeydə alınmış videogörüntülərin köçürüldüyü 01 ədəd DVD diskinə məhkəmə iclas zalında baxış keçirilmiş, protokolda qeyd edilənlərin düzgün qeyd edildiyi müəyyən edilmişdir. İşin 15-ci vərəqəsində olan və məhkəmə iclasında elan edilməklə tədqiq edilən aqronom-mütəxəssis Şahid3 verdiyi xx.xx.2024-cü il tarixli rəydən görünür ki, xx.xx.2024cü il tarixdə Balakən rayon Polis şöbəsinin əməkdaşlarının iştirakı ilə Balakən rayonu Tülü kənd sakini Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı sahəsinə baxış keçirilən zaman aşkar edilmiş hündürlükləri 73-sm-dən 1,67 sm-dək 4 ədəd narkotik tərkibli çətənə bitkisinə oxşar bitki kollarına aqrotexniki qaydada qulluq göstərilmiş və dibləri alaq otlarından təmizlənmişdir. İşin 39-cu vərəqəsində olan və məhkəmə iclasında elan olunmaqla tədqiq olunmuş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X5 Bölməsinin 02 avqust 2024-cü tarixli 3-16-16/-17/677 nömrəli rəyində göstərilir ki, tədqiqata təqdim olunmuş, üzərinə yapışdırılmış kağızda "Təqsirləndirilən şəxs yaşayış evinin həyətyanı sahəsindən aşkar edilmiş 4 (dörd) ədəd narkotik tərkibli çətənə bitkisinə oxşar bitki kollarından ibarət maddi sübut.." yazısı, adlar və imzalar olan 01(bir) ədəd sintetik kisənin içərisindəki, uzunluqları 73 sm-dən 167 sm-dək, yaş vəziyyətdə, ümumi çəkiləri-330,0 qram olan 04 (dörd) ədəd, bitki nümunələri əkilib-becərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə (kannabis) bitkiləridir. Aqronom Şahid3 01 avqust 2024-cü il tarixli rəyinə əsasən təqdim edilmiş çətənə (kannabis) bitkilərinə aqrotexniki qaydada qulluq göstərilmişdir. İşin 88-ci vərəqəsində olan və məhkəmə iclasında elan olunmaqla tədqiq olunmuş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Gəncə şəhər Narkoloji Dispanserinin 20 avqust 2024-cü il tarixli 1404 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan kannabinoidlərdən istifadə nəticəsində narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. İşin 25-26-cı vərəqələrində olan və məhkəmə iclasında elan olunmaqla tədqiq olunmuş 01 avqust 2024-cü il tarixli şübhəli şəxsi tutma protokolundan görünür ki, 01 avqust 2024-cü ildə saat 14:20-də Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 237.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuş,onun azadlığının faktiki olaraq 13:20-də məhdudlaşdırıldığı qeyd edilmişdir. İşin 69-70,72-ci vərəqələrində olan və məhkəmə iclasında elan olunmaqla tədqiq olunmuş 03 avqust 2024-cü il tarixli təqsirləndirilən şəxsin MSY-dən azad edilməsi və barəsində qətimkan tədbirinin seçilməsi haqqında qərardan və aktdan görünür ki, Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş və qərarın surəti icra olunması üçün Balakən RPŞ-nə göndərilmiş, Təqsirləndirilən şəxs 03 avqust 2024-cü il tarixdə saat 13:20-də Balakən rayon Polis Şöbəsinin MSY-dən azad edilmişdir. İşin 82-83-cü vərəqələrində olan və məhkəmə istintaqında elan olunmaqla tədqiq edilmiş Azərbaycan Respublikası DİN-nin BƏSİİ-nin verdiyi tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İşin 93-cü vərəqəsində olan və məhkəmə iclasında elan olunmaqla tədqiq olunmuş Balakən RİHB-nın Tülü kənd inzibati ərazi dairəsi tərəfindən verilmiş xasiyyətnamədə Təqsirləndirilən şəxs müsbət cəhətdən xarakterizə olunur,onun barəsində nümayəndəliyə heç bir yazılı və şifahi müraciət daxil olmadığı qeyd edilmişdir. İşin 91-ci vərəqəsində olan və məhkəmə iclasında elan olunmaqla tədqiq olunmuş Balakən rayon İHB-nın Tülü kənd inzibati ərazi dairəsi tərəfindən 23 avqust 2024-cü il tarixdə verilmiş 631 nömrəli arayışdan görünür ki, Nəbiyev X3 rayonu Tülü kənd sakinidir. Məhkəmə iş üzrə şahidlər- Şahid1, Şahid2 və Şahid3 ifadələrini, ekspertiza rəylərini, məhkəmə və ibtidai istintaq hərəkətlərinin protokollarını və sair sənədləri tam, hərtərəfli və obyektiv yoxlayıb, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliliyi üzrə qiymətləndirib, həmin sübutları inandırıcı, məntiqli olduqları, ziddiyyət təşkil etmədikləri, əksinə, bir-biri ilə uyğun şəkildə işin faktiki hallarını təsdiq etdikləri üçün mötəbər sübutlar kimi qəbul edir. Məhkəmə, eyni zamanda Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 126.6-cı maddəsinin tələbinə əsasən Təqsirləndirilən şəxs ittiham olunduğu əməldə öz təqsirini etiraf etməsini iş üzrə bütün sübutların məcmuyu ilə təsdiq edildiyi üçün ona qarşı ittihamı təsdiq edən əsas kimi qəbul edir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 346-cı maddəsinin tələbinə uyğun olaraq təqsirləndirilən şəxsin əməlinin hüquqi tövsifi məsələsinə baxaraq qeyd edir ki, məhkəmə iclasında tədqiq olunmuş mümkün və mötəbər sübutların məcmuyu ilə müəyyən edildi ki, Təqsirləndirilən şəxs qəsdən qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkiləri xeyli miqdarda əkib yetişdirməklə kultivasiya etmə cinayət əməlini törətmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsində göstərilmişdir ki, yalnız Azərbaycan Respublikasının Cinayət Məcəlləsi ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyətini yaradır. Qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkiləri xeyli miqdarda kultivasiya etməyə(əkmə və ya yetişdirmə) görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.1-ci maddəsində cinayət məsuliyyəti nəzərdə tutulmuşdur. "Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi haqqında" Azərbaycan Respublikası Qanununun 1.0.1-ci maddəsinə görə narkotik vasitələr - BMT-nin 1961-ci il tarixli “Narkotik vasitələr haqqında” Vahid Konvensiyasında, 1971-ci il tarixli “Psixotrop maddələr haqqında” Konvensiyasında, 1988-ci il tarixli “Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə haqqında” Konvensiyasında, habelə Azərbaycan Respublikasının Qanunu ilə təsdiq olunmuş siyahılarda belə təsnif edilmiş sintetik və ya təbii mənşəli maddələr, onların preparatları, o cümlədən tərkibində narkotik maddələr olan bitkilərdir (onların hissələridir) Həmin Qanunun 1.0.5-ci maddəsinə görə narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi-Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələr, psixotrop maddələr və onların prekursorları ilə bağlı törədilən hər hansı hərəkətlərdir. Həmin Qanunun 1.0.6-ci maddəsinə görə tərkibində narkotik maddələr olan bitkilərin qanunsuz kultivasiyası-Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla tərkibində narkotik maddələr olan bitkilərin əkilməsi və ya yetişdirilməsidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 14 iyun 2024-cü il tarixli 08 nömrəli qərarının 21-ci bəndinə görə CM-in 237-ci maddəsində işlədilən tərkibində narkotik maddələr olan bitkilərin qanunsuz kultivasiyası anlayışının izahı Qanunun 1.0.6-cı maddəsində verilmişdir. CM-in 237.1-ci maddəsində nəzərdə tutulan cinayətin predmeti xeyli miqdarda əkilməsi və yetişdirilməsi qadağan edilən, tərkibində narkotik maddələr olan bitkilər və ya onların hissələridir. Belə bitkilərin siyahısı, xeyli, külli və ya xüsusilə külli miqdarı (habelə hissələrinin xeyli, külli və ya xüsusilə külli miqdarı) 961-İİQ nömrəli Qanun ilə (İİİ siyahı) müəyyən edilmişdir. Əkmə dedikdə, qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkilərin toxumunu və ya şitillərini hər hansı torpaq sahəsində əkmə başa düşülməlidir. Bu zaman cinayət həmin bitkilərin yetişdirilməsi üçün nəzərdə tutulan torpaq sahələrinə toxum və ya şitilin əkildiyi andan onların yetişdirilməsindən və sonrakı inkişafından asılı olmayaraq başa çatmış sayılır. Yetişdirmə dedikdə, tərkibində narkotik maddələr olan bitkilərin əkildiyi və ya təbii şəkildə bitdiyi torpaq sahələrinə və burada böyüyən bitkilərə qulluq etmə başa düşülməlidir. Tərkibində narkotik maddələr olan bitkilərin yetişdirilməsi cinayəti qulluq etmənin başlandığı andan başa çatmış hesab olunur. Nəzərə alınmalıdır ki, “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237-ci maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair” Konstitusiya Məhkəməsi Plenumunun 2013-cü il 25 fevral tarixli Qərarı ilə müəyyən edilən hüquqi mövqeyə əsasən CM-in 237.1-ci maddəsində nəzərdə tutulan çətənə (kannabis), xaşxaş növlərinin və ya tərkibində narkotik maddələr olan digər bitkilərin kultivasiyası yabanı şəkildə bitən və tərkibində narkotik maddələr olan bitkilərin (onların hissələrinin) toplanmasını ehtiva etmir. Məhkəmə təqsirləndirilən şəxsin və şahidlərin ifadələrini, dövlət ittihamçısının və müdafiəçinin çıxışlarını dinləyib, Azərbaycan Respublikasının Konstitusiyasının 63-cü maddəsində təsbit edilmiş təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq, məhkəmə baxışında ittihamın baxılması nəticələrinə, məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslanaraq, tədqiq olunan sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq bu nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Həmin əməldə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.1-ci maddəsinin tərkibi vardır,həmin əməl təqsirləndirilən şəxs tərəfindən törədilmişdir, təqsirləndirilən şəxs həmin cinayətin törədilməsində təqsirlidir, onun cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir, əməlin cinayət olmasını aradan qaldıran hallar, təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur, təqsirləndirilən şəxs törətdiyi əmələ görə cəzalanmalıdır. Cinayət Məcəlləsinin cəzanın anlayışını və məqsədini müəyyən edən 41-ci maddəsinə görə cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cinayət Məcəlləsinin 58.1 və 58.3-cü maddələrinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir.Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamının 13.3 v. 13.4-cü bəndlərində məhkəmələrə tövsiyyə edilmişdir ki,cəzanın növü və həddi müəyyən edilərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyi əsas tutulmalı, cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirilməlidir. Sərəncamın 8-ci bəndində isə tövsiyyə edilmişdir ki, məhkəmələr tərəfindən cəzanın məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza tədbirlərinin tətbiqi genişləndirilsin. “Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr və dəyişikliklər edilməsi barədə” 11 iyun 2004-cü il tarixli 688-İİQD saylı Azərbaycan Respublikası Qanununun 3-cü hissəsinin 9-cu bəndinin və 4-cü hissəsinin 7-ci bəndinin Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin 9-cu hissəsinə uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 yanvar 2005-ci il tarixli Qərarında qeyd olunur ki, istənilən məhkəmə aktının qanuni və əsaslı hesab olunması üçün mütləq şərtlərdən biri onun ədalətli olmasıdır, çünki, ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir. "Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 4 nömrəli, 25 iyun 2003-cü il tarixli Qərarının 1-ci bəndində məhkəmələrə izah edilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Qərarın 2-ci bəndində göstərilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1-ci maddəsində nəzərdə tutulan cəzanı yüngülləşdirən hallar olmasa da məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməlini etiraf etməklə əməlindən səmimi peşiman olması onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alınmalıdır. Belə ki, Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulub üzərində şəxsi axtarış aparılarkən könüllü olaraq cibində olan narkotik vasitəni çıxarıb təqdim etmiş, ibtidai istintaq və məhkəmə istintaqı zamanı o, cinayət əməlini səmimi etiraf etməklə əməlindən peşiman olmasını bildirmişdir.Bunlar isə onun ictimai dəyərlərə və ədalət mühakiməsinə hörmət hissini qoruyub saxlamasına dəlalət edir və tutduğu əmələ görə özü-özünü məzəmmət etdiyini təsdiq edir, ciddi cəza növü tətbiq olunmadan da onun islah olunacağı qənaətinə gəlməyə əsas verir. Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən cəza təyin edilərkən bu Məcəllənin 59.1.1—59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Qeyd edilənlərə əsaslanaraq məhkəmə Təqsirləndirilən şəxs əməlini etiraf etməklə əməlindən səmimi peşiman olmasını onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar yoxdur. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən ona hansı növ cəzanın təyin olunması məsələsinə baxaraq, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, əvvəllər məhkum olunmamasını, yaşayış yeri üzrə müsbət cəhətdən xarakterizə olunmasını, cəzanı yüngülləşdirən halı, cəzanı ağırlaşdıran halların olmamasını, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, cəmiyyətdən təcrid olunmadan da islah olunmasının mümkünlüyünü, onun barəsində həmin cinayətə görə nəzərdə tutulmuş daha ciddi cəza növünün təyin edilməsi üçün əsasların olmamasını nəzərə alaraq Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddənin sanksiyasında müəyyən edilmiş həddə azadlığın məhdudlaşdırılması növündə cəzanın təyin edilməsini qanuni ,əsaslı və ədalətli hesab edir. Onun 01 avqust 2024-cü il saat 13:20-dən 03 avqust 2024-cü il saat 13:20-yə kimi şübhəli şəxs qismində tutulub saxlandığı 02 (iki) gün müddətin hər günü Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən təyin ediləcək azadlığın məhdudlaşdırılması cəzasının 2 gününə hesablanmaqla həmin cəzadan çıxılmalıdır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 346.1.12-ci maddəsinə uyğun olaraq Təqsirləndirilən şəxs təyin ediləcək cəzanın çəkilməli olubolmaması məsələsinə baxaraq,işin hallarını, təqsirləndirilən şəxsin cəzadan azad edilməsi, yaxud barəsində Cinayət Məcəlləsinin 70-ci maddəsinin tətbiq olunması üçün əsasların olmamasını nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxs ona təyin ediləcək cəzanı çəkməlidir. Təqsirləndirilən şəxs üzərinə Balakən rayonu Tülü kəndindəki yaşayış yerini saat 23:00-dan növbəti gün saat 07:00-a kimi tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Balakən və qonşu Zaqatala rayonunun ərazi hüdudlarını tərk etməmək , müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Eksperyt rəyinə uyğun olaraq Təqsirləndirilən şəxs CM-in 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin edilməli və o, narkomaniyadan məcburi müalicə olunmalıdır. Təqsirləndirilən şəxs narkoloji kabinetdə qeydiyyata alınmalı, onun qeydiyyata alınması üçün hökmün surəti yaşayış yeri üzrə “Balakən Rayon Mərkəzi Xəstəxanası” X8 göndərilməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəsini alana kimi dəyişdirilmədən saxlanmalıdır. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 34.55 (otuz dörd manat əlli beş qəpik) manat Təqsirləndirilən şəxs tutulub Az. MEM; VÖEN **********; AZ34CTRE********************, X2, KOD 210005, VÖEN ********** Müxbir hesab AZ41NABZ ******************** SWİFT BİK CTREAZ22 hesaba köçürülməlidir. İş üzrə maddi sübut kimi tanınmış və Balakən rayon Polis Şöbəsində saxlanılan Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı sahəsinə baxış zamanı aşkar olunmuş 01(bir) ədəd sintetik kisənin içərisində qablaşdırılmış uzunluqları 73 sm-dən 167 sm-dək, qalıq ümumi çəkiləri-329,60 qram olan 04 (dörd) ədəd, əkilib-becərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə (kannabis) bitkiləri hökm qanuni qüvvəyə mindikdən sonra tam həcmdə məhv edilməlidir. İş üzrə maddi sübut olan bir ədəd DVD diski iş materiallarında saxlanmalıdır. İş üzrə mülki iddia yoxdur. İş materiallarından həmçinin görünür ki, Balakən rayon Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmə icraat zamanı Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsinə 06 iş saatı sərf etmişdir. Azərbaycan Respublikası CPM-nin 193.2-193.3-cü maddələrinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Məhkəmə şübhəli və ya təqsirləndirilən şəxsin orta aylıq gəlirini, maddi, əmlak və ailə vəziyyətini, habelə digər halları nəzərə alaraq həmin şəxsin müdafiəçi tərəfindən göstərilən hüquqi yardımı ödəməkdən azad edilməsi və ödəmənin Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilməsi barədə əsaslandırılmış qərar qəbul edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 3 may 2018-ci il tarixli, 202 №-li qərarı əsasında “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli,11 №-li qərarına edilmiş dəyişikliklərə uyğun olaraq təqsirləndirilən şəxslərin hüquqlarını müdafiə etmələrinə görə müdafiəçilərə hər iş saatı üçün 6 manat məbləğində haqq ödənilməlidir. Məhkəmə hesab edir ki,Təqsirləndirilən şəxs məhkəmə icraatı zamanı göstərilən hüquqi yardımla bağlı Azərbaycan Respublikası Dövlət büdcəsinin vəsaiti hesabından 36 manat tutulub vəkil Müdafiəçi ödənilməsi üçün Balakən rayon Vəkil Bürosunun nəfinə, "xxxx" X4 Rekvizitləri: VÖEN **********, kod 201382, Müxbir hesab AZ37NABZ013501**********1944 hesaba köçürülməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 346.1-ci və 346.1.19-cu maddələrinə əsasən, məhkəmə hansı əmlakın müsadirə edilməli olduğu məsələsinə baxaraq, Təqsirləndirilən şəxs hazırkı cinayəti törətdiyi zaman cinayət yolu ilə hər hansı əmlak əldə etməməsini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulan müsadirə edilməli olan əmlak mövcud deyildir. Azərbaycan Respublikası CPM-nin 349-cü maddəsinin tələblərinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır . Məhkəmənin hökmü Azərbaycan Respublikası Konstitusiyasının, bu Məcəllənin, Azərbaycan Respublikasının cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir. Məhkəmənin hökmü məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə əsaslı hesab edilir.Kondraşinanın Rusiya Federasiyasına qarşı iş üzrə qərarında Avropa Məhkəməsi göstərmişdir ki, məhkəmələr qərar qəbul edərkən hüququn aliliyinə əməl etməlidirlər. Hüququn aliliyinin əsas cəhətlərindən biri hüquqi müəyyənlik prinsipidir ki, onun tələbinə görə məhkəmələr yekun qərarı elə qəbul etməlidirlər ki, o mübahisə olunmasın. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356 və 384.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə Hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.1-ci maddəsi ilə təqsirli bilinsin, 02 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Onun 01 avqust 2024-cü ildən 03 avqust 2024-cü il tarixədək şübhəli şəxs qismində tutulub saxlandığı 02 (iki) gün müddətin hər bir günü Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən ona təyin edilən azadlığın məhdudlaşdırılması cəzasının iki gününə hesablanmaqla həmin cəzadan çıxılsın və Təqsirləndirilən şəxs üzərində qəti olaraq 1(bir) il 11(on bir) ay 26 (iyirmi altı ) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlansın. Təqsirləndirilən şəxs üzərinə Balakn rayonu Tülü kəndindəki yaşayış yerini saat 23:00-dan növbəti gün saat 07:00-a kimi tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Balakən və Zaqatala rayonlarının ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs cəzasını yaşayış yeri üzrə çəksin və onun cəzaçəkmə müddətinin əvvəli cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs CM-in 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin edilsin və narkomaniyadan məcburi müalicə olunsun. O, narkomaniyadan məcburi müalicə olunduğu müddətdə onun yaşayış yeri cəzanı icra edən orqan tərəfindən müvəqqəti olaraq yerləşdirildiyi müvafiq tibb müəssisəsinin yerləşdiyi ərazi hesab olunsun və göstərilən müddət ərzində cəzanın icrasına nəzarət həmin tibb müəssisəsinin yerləşdiyi ərazi üzrə İcra və Probasiya Şöbəsinə tapşırılsın. Təqsirləndirilən şəxs narkoloji kabinetdə profilaktiki qeydiyyata alınsın. Onun qeydiyyata alınması üçün hökmün surəti yaşayış yeri üzrə “Balakən Rayon Mərkəzi Xəstəxanası” X8 göndərilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəsini alana kimi dəyişdirilmədən saxlansın. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 34.55 (otuz dörd manat 55 qəpik) manat Təqsirləndirilən şəxs tutulub Az. MEM; VÖEN **********; AZ34CTRE********************, X2, KOD 210005, VÖEN ********** Müxbir hesab AZ41NABZ ******************** SWİFT BİK CTREAZ22 hesaba köçürülsün. İş üzrə maddi sübut kimi tanınmış, Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı sahəsinə baxış zamanı aşkar olunmuş 01(bir) ədəd sintetik kisənin içərisində qablaşdırılmış uzunluqları 73 sm-dən 167 sm-dək, qalıq ümumi çəkiləri-329,60 qram olan 04 (dörd) ədəd, əkilib-becərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə (kannabis) bitkiləri hökm qanuni qüvvəsini aldıqdan sonra tam həcmdə məhv edilsin. İş üzrə maddi sübut olan bir ədəd DVD diski iş materiallarında saxlansın. Hökmün icrası təqsirləndirilən şəxsin yaşayış yeri üzrə Balakən rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs məhkəmə icraatı zamanı göstərilən hüquqi yardımla bağlı Azərbaycan Respublikası Dövlət büdcəsinin vəsaiti hesabından 36 manat tutulub vəkil Müdafiəçi ödənilməsi üçün Balakən rayon Vəkil Bürosunun nəfinə, "xxxx" ASC-in X4 Rekvizitləri: VÖEN-**********, kod 201382, Müxbir hesab AZ37NABZ013501**********1944 hesaba köçürülsün. Hökmdən elan olunduğu andan (həbsdə olan məhkum hökmün surəti ona verildiyi andan) 20 gün müddətində Balakən Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apellyasiya şikayəti və protesti verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən Hümbət Səlimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar