Məhkəmə qərarları › İş №1(019)-98/2023

Balakən Rayon Məhkəməsi Hökm — İş №1(019)-98/2023

19.07.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Balakən Rayonu İş № 1(019)-98/2023 19.07.2023 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Səlimov Hümbət Qamuna oğlunun sədrliyi, məhkəmə iclas katibi X1 katibliyi, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin rayon (şəhər) məhkəmələrində dövlət ittihamı müdafiəsi üzrə şöbəsinin prokuroru vəzifəsini icra edən, İİ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi -Balakən rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, TƏQSİRLƏNDİRİLƏN ŞƏXS - xx.xx.1994-cü ildə Balakən şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, məhkumluğu olmayan, Balakən rayonu Tülü kəndində qeydiyyatda olan və həmin ünvanda yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və istintaqa məlum olmayan mənbədən qəsdən, satış məqsədi olmadan, qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda 01 ədəd şəffaf sellofan bükümdə, təmiz çəkisi 0,715 qram olan kustar üsulla hazırlanmış psixotrop maddə- metamfetamini əldə edib həmin psixotrop maddəni əynindəki cins şalvarın sağ yan cibinə qoymaqla daşıyaraq şəxsi istehlakı məqsədi ilə üzərində saxlamışdır. 16 may 2023-cü il tarixdə Balakən RPŞ-nin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Təqsirləndirilən şəxs Balakən RPŞ-yə dəvət edilərək şübhəli şəxs qismində tutulub üzərində həmin gün saat 18:10-dan 18:40-dək olan müddət ərzində şəxsi axtarış keçirilərkən qəsdən, satış məqsədi olmadan, qanunsuz olaraq, şəxsi istehlak miqdarından artıq miqdarda şəxsi istehlakı məqsədi ilə əldə edib daşıyaraq üzərində saxladığı 01 ədəd şəffaf sellofan bükümdə təmiz çəkisi 0,715 qram olan kustar üsulla hazırlanmış həmin psixotrop maddə- metamfetamin əynindəki cins şalvarının sağ yan cibindən aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs göstərilən cinayət əməlini törətməsi məhkəmə iclasında özünün etirafedici ifadəsi, şahidlərin ifadələri, işdə olan ekspertiza rəyləri və digər sübutlarla aşağıdakı qaydada tam sübuta yetirildi. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək göstərdi ki,əvvəllər məhkum olunsa da məhkumluğu ödənilmişdir.Balakən rayonu Tülü kəndində ailəsi ilə birlikdə yaşayır. Heç bir yerdə işləmir. 2-3 aydır ki psixotrop maddədən istifadə edir. Təxminən 15-20 gün əvvəl Abşeron rayonu Xırdalan şəhərində olduğu zaman həmin vaxtı qaldığı, hazırda ünvanını dəqiq bilmədiyi mənzilə getdiyi vaxtı yolun kənarında yerdə siqaretin üzərindən çıxarılmış sellofan büküm görmüşdür. Həmin sellofan bükümü yerdən qaldırıb açıb baxdıqda onun içərisində əvvəllər bir dəfə istifadə etdiyi “patı” adlandırdığı psixotrop maddənin olduğunu görmüşdür.Həmin maddədən əvvəllər də istifadə etdiyi üçün onun “patı” olduğunu bilmişdir. Tapdığı “patı”nın üzərindən götürüb sonradan iki dəfə istifadə etmişdir. 16 may 2023-cü il tarixdə Balakən Rayon Məhkəməsində olan mülki işlə bağlı Balakənə gəldiyi zaman həmin “patı” nın qalan hissəsini də istifadə etmək üçün üzərində saxlamışdır. 16 may 2023-cü il tarixdə axşam radələrində Balakən şəhəri H. Əliyev prospektində olduğu zaman mülki geyimdə olan polis əməkdaşları ona yaxınlaşaraq özlərini təqdim edərək üzərində narkotik vasitə saxlamaqda şübhəli olduğunu bildirərək onu Balakən rayon Polis Şöbəsinə dəvət etmişlər. Polis əməkdaşları ilə birlikdə polis şöbəsinə gəlmişdir. Balakən RPŞ-də ona təqdim edilmiş vəkillər siyahısından dövlət hesabına hüquqlarını müdafiə etmək üçün seçdiyi vəkil Müdafiəçi və polis əməkdaşlarının iştirakı ilə üzərində şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış aparılmazdan əvvəl ona üzərində hər hansı bir qeyri-qanuni əşya və ya predmetin olub-olmaması barədə sual verildikdə əynindəki cins şalvarının sağ yan cibində saxladığı siqaretin üzərindən çıxmış bir ədəd şəffaf sellofan bükümdə olan “patı”nı çıxardıb polis əməkdaşlarına təqdim etmişdir. Təqdim etdiyi maddə üzərindəki sellofan büküm ilə birlikdə təhqiqatçı tərəfindən elektron tərəzidə çəkilərkən çəkisi 0,91 qram təşkil etmişdir. Həmin maddə sellofan büküm ilə birlikdə 01 ədəd kağız zərfdə qablaşdırılıb polis əməkdaşları tərəfindən götürülmüşdür. Bundan başqa polis əməkdaşları tərəfindən üzərində şəxsi axtarış aparılan zaman başqa heç bir qanunsuz əşya, vasitə və ya predmet aşkarlanmamışdır. Şəxsi axtarış polis əməkdaşı tərəfindən videokamera vasitəsi ilə fasiləsiz olaraq qeydə alınmışdır. Protokol tərtib edilmişdir və iştirakçılar tərəfindən imzalanmışdır. Hüquqlarını müdafiə edən vəkil Müdafiəçi iştirakı ilə AR ƏN MEM X9 tərəfindən verilmiş ekspert rəyi ilə tanış olduğu zaman ona məlum olmuşdur ki, üzərindən bir ədəd şəffaf sellofan bükümdə aşkarlanmış maddə təmiz çəkisi 0, 715 qram olan kustar üsulla hazırlanmış psixotrop maddə -metamfetamindir. O, Vətən Müharibəsində iştirak etmiş, “Suqovuşanın azad olunmasına görə” və “Vətən müharibəsi iştirakçısı “ medalları ilə təltif olunmuşdur. Əməlindən çox peşimandır. Bir daha belə əməllərə yol verməyəcəkdir. Ona yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 göstərdi ki,Balakən RPŞ-nin CAB-nin əməliyyat müvəkkili vəzifəsində işləyir. xx.xx.2023-cü il tarixdə Balakən rayonu Tülü kənd sakini Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələr əldə edib saxlaması və mütəmadi olaraq üzərində narkotik vasitələr daşıması barədə Balakən RPŞnin CAB-na əməliyyat məlumatlarının daxil olmasını, keçirilmiş əməliyyat müəyyənləşdirilməsinin nəticəsində həmin şəxsin xx.xx.1994-cü ildə Balakən rayonunda anadan olmuş, Balakən rayonu Tülü kəndində qeydiyyatda olan və həmin ünvanda yaşayan Təqsirləndirilən şəxs olmasının müəyyən edilməsini Balakən RPŞ-nin rəisinə raportla məruzə edib bildirərək daxil olmuş əməliyyat məlumatının yoxlanılması məqsədilə qanunsuz olaraq narkotik vasitələr əldə edib saxlamaqda və mütəmadi olaraq üzərində narkotik vasitələr daşımaqda şübhəli olan Təqsirləndirilən şəxs ətrafında müvafiq əməliyyat -axtarış tədbirlərinin keçirilməsinə icazə istəmişdir. RPŞ rəisinin göstərişinə əsasən onun tərəfindən təxirəsalınmaz əməliyyat-axtarış tədbirlərinin keçirilməsinə dair qərar qəbul edilmişdir və RPŞ-nin PPXB-nin polis nəfəri, polis serjantı Şahid2 iştirakı ilə onun rəhbərliyi altında əməliyyat-axtarış qrupu yaradılmışdır. 16 may 2023-cü il tarixdə günortadan sonrakı radələrdə RPŞ-nin PPXB-nin polis nəfəri Şahid2 ilə birlikdə keçirilmiş əməliyyat tədbirləri nəticəsində qanunsuz olaraq narkotik vasitələr saxlamaqda və mütəmadi olaraq üzərində narkotik vasitələr daşımaqda şübhəli olan Balakən rayonu Tülü kənd sakini Təqsirləndirilən şəxs Balakən şəhəri H.Əliyev prospektində aşkar olunaraq əməliyyat müşahidəsinə götürülmüşdür. Təqsirləndirilən şəxs yaxınlaşıb özlərini təqdim edərək üzərində narkotik vasitələr saxlamaqda şübhəli olduğunu bildirərək üzərində şəxsi axtarış aparılması üçün onların tərəfindən Balakən RPŞ-yə dəvət edilərək gətirilmişdir. xx.xx.2023-cü il tarixdə Balakən RPŞ-də şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs üzərində həmin gün saat 18 radələrində şəxsi axtarış aparılmasında iştirak etmişdir. Şəxsi axtarışda ondan başqa təhqiqatçı Cəngavər Təhməzli, şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs, Təqsirləndirilən şəxs hüquqlarını müdafiə edən vəkil Müdafiəçi, RPŞ-nin PPXB-nin polis nəfəri Şahid2 və RPŞ-nin KTQ-nun baş inspektoru Sadiq Vəzirov da iştirak etmişlər. Şəxsi axtarış başlayarkən təhqiqatçı tərəfindən şübhəli şəxs Təqsirləndirilən şəxs üzərində narkotik vasitə, psixotrop maddə, qanunsuz olaraq saxladığı əşya, predmet və ya qanunla qadağan edilmiş hər hansı bir əşyanın olubolmaması barədə sual verildikdə Təqsirləndirilən şəxs qeyd edilən əşyanın üzərində olduğunu bildirərək əynindəki cins şalvarın sağ yan cibindən bir ədəd şəffaf sellofan bükümü çıxardıb otaqdakı masanın üzərinə qoymuşdur. Təhqiqatçının suallarına cavab olaraq şübhəli şəxs Təqsirləndirilən şəxs təqdim etdiyi bir ədəd şəffaf sellofan bükümdə metamfetamin olduğunu, həmin metamfetamini 15-20 gün əvvəl Xırdalandan tapdığını, şəxsi istifadəsi üçün üzərində saxladığını, tapdığı həmin metamfetaminin üzərindən götürüb istifadə etdiyini, heç kimə tapdığı metamfetamini satmadığını, əvvəllər istifadə etdiyinə görə tapdığı kütlənin metamfetamin olduğunu bildiyini, əvvəllər bir dəfə metamfetamindən istifadə etdiyini, iki aydır ki narkotik vasitədən istifadə etdiyini bildirmişdir. Şübhəli şəxs Təqsirləndirilən şəxs təqdim etdiyi bir ədəd sellofan büküm açıldıqda həmin bükümün içərisində psixotrop maddə-metamfetaminə bənzər kütlə aşkarlanmışdır. Həmin kütlə üzərindəki sellofanla birlikdə elektron tərəzidə çəkildikdə çəkisi 0,91 qram təşkil etmişdir. Aşkar edilmiş psixotrop maddəyə bənzər kütlə üzərindəki şəffaf sellofan ilə birlikdə bir ədəd kağız zərfə qablaşdırılaraq möhürlənib maddi sübut kimi götürülmüşdür. Şəxsi axtarış zamanı şübhəli şəxs Təqsirləndirilən şəxs üzərindən başqa heç bir qanunsuz əşya və ya predmet aşkarlanmamışdır.Şübhəli şəxs Təqsirləndirilən şəxs vəkil Müdafiəçi suallarına cavab olaraq Balakən RPŞ-də ona qarşı psixi və fiziki zor tətbiq edilmədiyini bildirmişdir.Şəxsi axtarış fasiləsiz olaraq videokamera vasitəsi ilə qeydə alınmışdır.Şəxsi axtarış barədə protokol tərtib edilmişdir və iştirakçılar tərəfindən imzalanmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 Şahid1 ifadəsinə uyğun eyni məzmunlu ifadə vermişdir. İşin 22-24-cü vərəqələrində olan və məhkəmə iclasında elan edilməklə tədqiq edilmiş 16 may 2023-cü il tarixli şübhəli şəxsin üzərində şəxsi axtarış aparılması barədə protokoldan görünür ki, şəxsi axtarış Balakən RPŞ-nin inzibati binasında xx.xx.2023-cü il tarixdə saat 18:10-dan 18:40-dək olan müddət ərzində keçirilmişdir.Şəxsi axtarış zamanı aşağıdakılar müəyyən olunmuşdur: xx.xx.2023-cü il tarixdə Balakən rayonu Tülü kəndində qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs üzərində qanunsuz olaraq narkotik vasitələr daşımaqda və saxlamaqda şübhəli bilinərək Balakən RPŞ-yə gətirilmiş, təhqiqatçı Cəngavər Təhməzli tərəfindən şübhəli şəxs qismində tutulmuş, onun üzərinə vəkillər siyahısından seçmiş olduğu vəkil Müdafiəçi və polis əməkdaşlarının iştirakları ilə şəxsi axtarış aparılmışdır.Şəxsi axtarış aparılmazdan əvvəl Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CPM-də nəzərdə tutulmuş hüquq və vəzifələri izah olunmuşdur. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynindəki göy rəngli cins şalvarın sağ cibindən bir ədəd sellofan bükümdə olan psixotrop maddə-metamfetaminə oxşar kütləni təqdim edərək həmin kütlənin psixotrop maddə metamfetamin olduğunu, şəxsi istifadəsi üçün üzərində saxladığını, həmin kütləni 15-20 gün əvvəl Abşeron rayonu Xırdalan şəhərindəki kirayə qaldığı evə gedərkən yolun kənarından tapdığını, istifadə etmək üçün üzərində saxladığını, həmin kütlədən 2 dəfə istifadə etdiyini, qalanının da əynindəki göy rəngli cins şalvarın cibinə qoyduğunu bildirmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi bir ədəd sellofan bükümdə olan psixotrop maddə-metamfetaminə oxşar kütlə elektron tərəzidə çəkilərkən üzərindəki sellofan bükümlə birlikdə ümumi çəkisi 0,91 qram təşkil etmişdir.Aşkar edilmiş kütlə bir ədəd ağ rəngli kağız zərfə qablaşdırılaraq möhürlənmişdir və təhqiqatçı tərəfindən götürülmüşdür. Bundan əlavə şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən qanunsuz əşya, predmet aşkar edilməmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs Balakən RPŞ-də olduğu zaman ona qarşı hər hansı bir fiziki və ya psixi təsir göstərilmədiyini bildirmişdir. Şəxsi axtarış «Panaconic» markalı videokamera vasitəsilə qeydə alınmışdır. Protokol tərtib olunmuşdur, doğruluğu imzalarla təsdiq olunmuşdur. Şəxsi axtarış zamanı qeydə alınmış videogörüntülərin köçürüldüyü 01 ədəd DVD disk protokola əlavə edilmişdir. Şəxsi axtarış zamanı qeydə alınmış videogörüntülərin köçürüldüyü 01 ədəd DVD diskinə məhkəmə iclas zalında baxış keçirilmiş, protokolda qeyd edilənlərin düzgün qeyd edildiyi müəyyən edilmişdir. İşin 34-cü vərəqəsində olan və məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş AR Ədliyyə Nazirliyinin Məhkəmə X5 Regional Bölməsinin 17 may 2023-cü il tarixli 17/406 nömrəli ekspert rəyində göstərilmişdir: Tədqiqata təqdim edilmiş, üzərində “Vət. Təqsirləndirilən şəxs üzərindən çıxan psixotrop maddəyə bənzər kütlə.” sözləri, adlar və imzalar yazılmış zərfin içərisindəki 01 (bir) ədəd şəffaf sellofan bükümdə, təmiz çəkisi - 0,715 qram olan maddə kustar üsulla hazırlanmış psixotrop maddə - metamfetamindir. Metamfetamin 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələrin siyahısı”na daxildir (İ siyahı). İşin 68-ci vərəqəsində olan və məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Gəncə şəhər Səhiyyə İdarəsinin Rayonlararası Narkoloji Dispanserinin Məhkəmə-Narkoloji ekspert komissiyasının 17 iyun 2023-cü il tarixli 1044 nömrəli rəyində qeyd edilmişdir ki, Təqsirləndirilən şəxs psixotrop maddə istifadə edir. Psixotrop maddə olan metamfetamindən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var.Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. İşin 98-ci vərəqəsində olan və məhkəmə iclasında elan olunmaqla tədqiq olunmuş 16 may 2023-cü il tarixli “şübhəli şəxsi tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs 16 may 2023-cü ildə saat 18:00-da Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuş və Balakən RPŞ-nin MSY-də saxlanılmışdır. İşin 56-57,58-ci vərəqələrində olan və məhkəmə iclasında tədqiq edilmiş qətimkan tədbirinin seçilməsi haqqında 18 may 2023-cü il tarixli qərardan və təqsirləndirilən şəxsin müvəqqəti saxlama yerindən azad edilməsi haqqında aktdan görünür ki, Təqsirləndirilən şəxs 18 may 2023-cü il tarixdə saat 17:30-da Balakən Rayon PŞ-nin MSY-dən azad edilmişdir və onun barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. İşin 76-77-ci vərəqələrində olan və məhkəmə iclasında elan olunmaqla tədqiq olunmuş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi BƏSİİ tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Balakən Rayon Məhkəməsinin 26 aprel 2017-ci il tarixli 1(019)-21/2017 nömrəli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinib 3300 manat məbləğində cərimə cəzasına məhkum edilmiş,Balakən Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 7(019)-14/2019 nömrəli qərarı ilə ona təyin edilmiş və ödənilməmiş qalan 3250 manat cərimə cəzası 480 (dörd yüz səksən) saat ictimai işlər cəzası ilə əvəz edilmişdir.xx.xx.2020-ci ildə cəzası başa çatmışdır. Məhkumluğu olmayan şəxsdir. İşin 94-cü vərəqəsində olan və məhkəmə iclasında elan olunmaqla tədqiq olunmuş Balakən rayon İHB-nin Tülü kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi tərəfindən verilmiş 02 iyun 2023-cü il tarixli 358 nömrəli arayışdan görünür ki, Təqsirləndirilən şəxs Balakən rayonu Tülü kəndində yaşayır. Himayəsində anası, qardaşı və bacısı vardır. İşin 95-ci vərəqəsində olan və məhkəmə iclasında elan olunmaqla tədqiq olunmuş Balakən rayon İHB-in Tülü kənd inzibati ərazi dairəsi tərəfindən verilmiş xasiyyətnamədə Təqsirləndirilən şəxs müsbət cəhətdən xarakterizə olunur, barəsində nümayəndəliyə heç bir şikayət daxil olmadığı göstərilir. İşdə olan və məhkəmə iclasında elan olunmaqla tədqiq olunmuş Azərbaycan Respublikası “X8” İctimai birliyi tərəfindən xx.xx.2021-ci il tarixdə verilmiş 05363 nömrəli vəsiqədən görünür ki, Təqsirləndirilən şəxs Bahaddn oğlu Azərbaycan Respublikasının müstəqilliyi və ərazi bütövlüyü uğrunda gedin döyüşlərdə iştirak etmişdir, müharibə iştirakçısıdır. İşdə olan və məhkəmə iclasında elan olunmaqla tədqiq olunmuş 1-9952 nömrəli Azərbaycan Respublikası Medalının vəsiqəsindən görünür ki, Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 24 iyun tarixli 2720 nömrəli Sərəncamı ilə Təqsirləndirilən şəxs “Suqovuşanın azad olunmasına görə” medalı ilə təltif edilmişdir. İşdə olan və məhkəmə iclasında elan olunmaqla tədqiq olunmuş 1-38278 nömrəli Azərbaycan Respublikası Medalının vəsiqəsindən görünür ki, Azərbaycan Respublikasının Baş Nazirinin 2022-ci il 21 aprel tarixli 250 s nömrəli Sərəncamı ilə Təqsirləndirilən şəxs “Vətən müharibəsi iştirakçısı “ medalı ilə təltif edilmişdir. İşdə olan və məhkəmə iclasında elan olunmaqla tədqiq olunmuş Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş Elektron İnformasiya Sistemi sosial müavinət və təqaüd haqqında xx.xx.2023-cü il tarixli ********** nömrəli arayışdan görünür ki, Təqsirləndirilən şəxs Müharibə veteranlarına Azərbaycan Respublikası Prezidentinin təqaüdü- Vətən müharibəsi iştirakçısı kimi 80 manat müavinət alır. Məhkəmə iş üzrə şahidlər- Şahid1 və Şahid2 ifadələrini, ekspertiza rəylərini, məhkəmə və ibtidai istintaq hərəkətlərinin protokollarını və sair sənədləri tam, hərtərəfli və obyektiv yoxlayıb, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliliyi üzrə qiymətləndirib, həmin sübutları inandırıcı, məntiqli olduqları, ziddiyyət təşkil etmədikləri, əksinə bir-biri ilə uyğun şəkildə işin faktiki hallarını təsdiq etdikləri üçün mötəbər sübutlar kimi qəbul edir. Məhkəmə,eyni zamanda Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 126.6-cı maddəsinin tələbinə əsasən Təqsirləndirilən şəxs ittiham olunduğu əməldə öz təqsirini etiraf etməsini iş üzrə bütün sübutların məcmuyu ilə təsdiq edildiyi üçün ona qarşı ittihamı təsdiq edən əsas kimi qəbul edir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 346-cı maddəsinin tələbinə uyğun olaraq təqsirləndirilən şəxsin əməlinin hüquqi tövsifi məsələsinə baxaraq qeyd edir ki, məhkəmə iclasında tədqiq olunmuş mümkün və mötəbər sübutların məcmuyu ilə müəyyən edildi ki, təqsirləndirilən şəxs şəxs Təqsirləndirilən şəxs qəsdən qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə əldə etmə, daşıma və saxlama cinayət əməlini törətmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsində göstərilmişdir ki, yalnız Azərbaycan Respublikasının Cinayət Məcəlləsi ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyətini yaradır. Satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə və ya saxlamağa görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində cinayət məsuliyyəti nəzərdə tutulmuşdur. "Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi haqqında" Azərbaycan Respublikası Qanununun 1.0.5-ci maddəsinə görə narkotik vasitələrin,psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi- Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələr, psixotrop maddələr və onların prekursorları ilə bağlı törədilən hər hansı hərəkətlərdir. Həmin Qanunun 1.0.8-ci maddəsinə görə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi-həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlərdir. Həmin Qanunun 1.0.9-cu maddəsinə görə narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi-həyata keçirilməsi üsulundan asılı olmayaraq, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlərdir. Həmin Qanunun 1.0.10-cu maddəsinə görə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması-məqsədindən asılı olmayaraq, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlərdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 04 mart 2011-ci il tarixli 02 nömrəli qərarının 4-cü bəndinə görə törədilmiş cinayət əməlinin CM-in 234.1-ci maddəsi ilə tövsif olunması yalnız təqsirkarın bu cinayətin predmetini şəxsi istehlak miqdarından artıq miqdarda əldə etməsi və saxlaması müəyyən edildikdə mümkündür. Narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak miqdarından artıq miqdarı “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə külli miqdarına görə siyahısının təsdiq edilməsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə müəyyən olunmuşdur. Həmin siyahıda bu miqdar metamfetamin üçün 0,15 qram müəyyən edilmişdir. Məhkəmə təqsirləndirilən şəxsin və şahidlərin ifadələrini, dövlət ittihamçısının və müdafiəçinin çıxışlarını dinləyib, işdə olan ekspertiza rəylərini və digər sənədləri bilavasitə tədqiq edib, bu sübutları tam, hərtərəfli və obyektiv yoxlayıb, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib, Azərbaycan Respublikasının Konstitusiyasının 63-cü maddəsində təsbit edilmiş təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq, məhkəmə baxışında ittihamın baxılması nəticələrinə əsaslanaraq, tədqiq olunan sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq bu nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir, həmin əməldə Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin tərkibi vardır, həmin əməl təqsirləndirilən şəxs tərəfindən törədilmişdir, təqsirləndirilən şəxs həmin cinayətin törədilməsində təqsirlidir, onun cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir, əməlin cinayət olmasını aradan qaldıran hallar, təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur, təqsirləndirilən şəxs törətdiyi əmələ görə cəzalanmalıdır. Cinayət Məcəlləsinin cəzanın anlayışını və məqsədini müəyyən edən 41-ci maddəsinə görə cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cinayət Məcəlləsinin 58.1 və 58.3-cü maddələrinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir.Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamının 13.3 v. 13.4-cü bəndlərində məhkəmələrə tövsiyyə edilmişdir ki,cəzanın növü və həddi müəyyən edilərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyi əsas tutulmalı, cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirilməlidir. Sərəncamın 8-ci bəndində isə tövsiyyə edilmişdir ki, məhkəmələr tərəfindən cəzanın məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza tədbirlərinin tətbiqi genişləndirilsin. “Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr və dəyişikliklər edilməsi barədə” 11 iyun 2004-cü il tarixli 688-İİQD saylı Azərbaycan Respublikası Qanununun 3-cü hissəsinin 9-cu bəndinin və 4-cü hissəsinin 7-ci bəndinin Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin 9-cu hissəsinə uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 yanvar 2005-ci il tarixli Qərarında qeyd olunur ki, istənilən məhkəmə aktının qanuni və əsaslı hesab olunması üçün mütləq şərtlərdən biri onun ədalətli olmasıdır, çünki, ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir. "Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 4 nömrəli, 25 iyun 2003-cü il tarixli Qərarının 1-ci bəndində məhkəmələrə izah edilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Qərarın 2-ci bəndində göstərilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən və cəzasını ağırlaşdıran hallar yoxdur. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən ona hansı növ cəzanın təyin olunması məsələsinə baxaraq, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini,onun şəxsiyyətini, yaşayış yerindən müsbət xasiyyətnamə ilə xarakterizə olunmasını, Vətən Müharibəsi iştirakçısı olmaqla göstərdiyi şücaətlərə görə medallarla təltif edilməsini, cəzanı ağırlaşdıran halların olmamasını, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, onun cəmiyyətdən təcrid edilmədən islah olunmasının mümkün olmasını, daha ciddi cəza növünün təyin edilməsi üçün əsasların olmamasını,hazırkı məhkəmə təcrübəsini nəzərə alaraq Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş həddə azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməsini qanuni, əsaslı və ədalətli hesab edir. Onun 16 may 2023-cü il tarixdən 18 may 2023-cü il tarixədək şübhəli şəxs qismində tutulub saxlandığı 02 (iki) gün müddətin hər bir günü Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən ona təyin ediləcək azadlığın məhdudlaşdırılması cəzasının 2 (iki) gününə hesablanmaqla təyin ediləcək cəzadan çıxılmalıdır. Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini gecə saat 23:00-dan növbəti gün səhər saat 07:00-a kimi tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, yaşadığı Balakən və qonşu Zaqatala rayonlarının ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 346.1.12-ci maddəsinə uyğun olaraq Təqsirləndirilən şəxs təyin ediləcək cəzanın çəkilməli olubolmaması məsələsinə baxaraq, işin hallarını, təqsirləndirilən şəxsin cəzadan azad edilməsi, yaxud barəsində Cinayət Məcəlləsinin 70-ci maddəsinin tətbiq olunması üçün əsasların olmamasını nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxs ona təyin ediləcək cəzanı çəkməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəsini alana kimi dəyişdirilmədən saxlanmalıdır. Ekspert rəyinə əsasən Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı olduğundan CM-in 93.1.2-ci maddəsinə əsasən ona narkomaniyadan məcburi müalicə təyin edilməli və o narkomaniyadan məcburi müalicə olunmalıdır. O, narkoloji kabinetdə profilaktiki qeydiyyata alınmalı və onun profilaktiki qeydiyyata alınması üçün hökmün surəti yaşayış yeri üzrə Balakən Rayon Mərkəzi X6 Şəxsinə göndərilməlidir. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 69.10 (altmış doqquz manat 10 qəpik) manat Təqsirləndirilən şəxs tutulub Az. MEM; VÖEN **********; AZ34CTRE********************, X2, KOD 210005, VÖEN ********** Müxbir hesab AZ41NABZ ******************** SWİFT BİK CTREAZ22 hesaba köçürülməlidir. İş üzrə maddi sübut kimi tanınmış və Balakən rayon Polis Şöbəsinin maddi sübutların saxlama yerində saxlanılan, Təqsirləndirilən şəxs üzərindən aşkarlanaraq götürülmüş ekspert rəyindən sonra təmiz çəkisi 0,665 qram olan psixotrop maddə- metamfetamin hökm qanuni qüvvəsini aldıqdan sonra tam həcmdə məhv edilməlidir. İş üzrə maddi sübut olan bir ədəd DVD disk cinayət işinin materiallarında saxlanmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 346.1-ci və 346.1.19-cu maddələrinə uyğun olaraq məhkəmə müsadirə edilməli əmlakın olub-olmaması məsələsinə baxaraq, təqsirləndirilən şəxsin hazırkı cinayəti törətdiyi zaman cinayət yolu ilə hər hansı əmlak əldə etməməsini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulan xüsusi müsadirə edilməli olan əmlak mövcud deyildir. İş üzrə mülki iddia yoxdur. İş materiallarından həmçinin görünür ki,Balakən rayon Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmə icraatı zamanı Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsinə 08 iş saatı sərf etmişdir. Azərbaycan Respublikası CPM-nin 193.2-193.3-cü maddələrinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Məhkəmə şübhəli və ya təqsirləndirilən şəxsin orta aylıq gəlirini, maddi, əmlak və ailə vəziyyətini, habelə digər halları nəzərə alaraq həmin şəxsin müdafiəçi tərəfindən göstərilən hüquqi yardımı ödəməkdən azad edilməsi və ödəmənin Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilməsi barədə əsaslandırılmış qərar qəbul edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 3 may 2018-ci il tarixli, 202 №-li qərarı əsasında “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli,11 №-li qərarına edilmiş dəyişikliklərə uyğun olaraq təqsirləndirilən şəxslərin hüquqlarını müdafiə etmələrinə görə müdafiəçilərə hər iş saatı üçün 6 manat məbləğində haqq ödənilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə icraatı zamanı göstərilən hüquqi yardımla bağlı Azərbaycan Respublikası Dövlət büdcəsinin vəsaiti hesabından 48 manat tutulub vəkil Müdafiəçi ödənilməsi üçün Balakən Rayon Vəkil Bürosunun nəfinə, "xxxx"ASC-in X7 Rekvizitləri: VÖEN **********, kod 201382, Müxbir hesab AZ37NABZ013501**********1944 hesaba köçürülməlidir. Azərbaycan Respublikası CPM-nin 349-cü maddəsinin tələblərinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Məhkəmənin hökmü Azərbaycan Respublikası Konstitusiyasının, bu Məcəllənin, Azərbaycan Respublikasının cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir. Məhkəmənin hökmü məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə əsaslı hesab edilir. Kondraşinanın Rusiya Federasiyasına qarşı iş üzrə qərarında Avropa Məhkəməsi göstərmişdir ki, məhkəmələr qərar qəbul edərkən hüququn aliliyinə əməl etməlidirlər. Hüququn aliliyinin əsas cəhətlərindən biri hüquqi müəyyənlik prinsipidir ki, onun tələbinə görə məhkəmələr yekun qərarı elə qəbul etməlidirlər ki, o mübahisə olunmasın. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356 və 384.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin, 2(iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Onun 16 may 2023-cü il tarixdən 18 may 2023-cü il tarixədək şübhəli şəxs qismində tutulub saxlandığı 02 (iki) gün müddətin hər bir günü Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının 2(iki) gününə hesablanmaqla həmin cəzadan çıxılsın və Təqsirləndirilən şəxs üzərində qəti olaraq 1(bir) il 11(on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlansın. Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini gecə saat 23:00-dan növbəti gün səhər saat 07:00-a kimi tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, yaşadığı Balakən və qonşu Zaqatala rayonlarının ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək,habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs cəzasını yaşayış yeri üzrə çəksin, onun cəza çəkmə müddətinin əvvəli cəzanı icra edən orqanda qeydiyyata alındığı gündən hesablansın. Təqsirləndirilən şəxs CM-in 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin edilsin və narkomaniyadan məcburi müalicə olunsun. O, narkomaniyadan məcburi müalicə olunduğu müddətdə onun yaşayış yeri cəzanı icra edən orqan tərəfindən müvəqqəti olaraq yerləşdirildiyi müvafiq tibb müəssisəsinin yerləşdiyi ərazi hesab olunsun və göstərilən müddət ərzində cəzanın icrasına nəzarət həmin tibb müəssisəsinin yerləşdiyi ərazi üzrə icra və probasiya şöbəsinə tapşırılsın. Təqsirləndirilən şəxs ərazi narkoloji kabinetində profilaktiki qeydiyyata alınsın, onun ərazi narkoloji kabinetində profilaktiki qeydiyyata alınması üçün hazırki hökmün surəti yaşayış yeri üzrə Balakən Rayon Mərkəzi X6 Şəxsinə göndərilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəsini alana kimi dəyişdirilmədən saxlansın. 69.10 (altmış doqquz manat 10 qəpik ) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutulub Az.MEM; VÖEN **********; AZ34CTRE********************, X2, KOD 210005,VÖEN ********** Müxbir hesab AZ41NABZ ******************** SWİFT BİK CTREAZ22 hesaba köçürülsün. İş üzrə maddi sübut kimi tanınmış və Balakən Rayon Polis Şöbəsinin saxlanc anbarında saxlanılan, Təqsirləndirilən şəxs üzərindən aşkarlanaraq götürülmüş ekspert rəyindən sonra təmiz çəkisi 0,665 qram olan psixotrop maddə- metamfetamin hökm qanuni qüvvəsini aldıqdan sonra tam həcmdə məhv edilsin. İş üzrə maddi sübut olan bir ədəd DVD diski cinayət işinin materiallarında saxlansın. Hökmün icrası Balakən rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs məhkəmə icraatı zamanı göstərilən hüquqi yardımla bağlı Azərbaycan Respublikası Dövlət büdcəsinin vəsaiti hesabından 48 manat tutulub vəkil Müdafiəçi ödənilməsi üçün Balakən Rayon Vəkil Bürosunun nəfinə, "xxxx" ASC-in X7 Rekvizitləri: VÖEN-**********, kod 201382, Müxbir hesab AZ37NABZ013501**********1944 hesaba köçürülsün. Hökmdən elan olunduğu andan (həbsdə olan məhkum hökmün surəti ona verildiyi andan) 20 gün müddətində Balakən Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apellyasiya şikayəti və ya protesti verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən Hümbət Səlimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar