Məhkəmə qərarları › İş №1(020)-12/2025

Beyləqan Rayon Məhkəməsi Hökm — İş №1(020)-12/2025

08.01.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Beyləqan rayon İş № 1(020)-12/2025 08.01.2025 BEYLƏQAN RAYON MƏHKƏMƏSİ Beyləqan Rayon Məhkəməsinin hakimi Nurullayev Ramiz Vəliş oğlunun sədrliyi, Quliyev Zaur Qulu oğlunun katibliyi, Dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbənin Şirvan Apellyasiya Məhkəməsinin yurisdiksiyasına aid olan birinci instansiya məhkəmələri üzrə prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs- Zərərçəkmiş şəxs Hüseyn oğlunun, Təqsirləndirilən şəxsin müdafiəçisi- Beyləqan rayon vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1991-ci il tarixdə Beyləqan rayonunda anadan olmuş, azərbaycanlı, ailəli, orta təhsilli, işsiz, Beyləqan şəhəri, M.Müşviq küçəsində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, Beyləqan rayon məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirli bilinərək 2 il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuş, Beyləqan rayon İcra və probasiya şöbəsində cəza çəkən, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq M ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs Beyləqan şəhəri, M.Əsədov küçəsində yaşayan Zərərçəkmiş şəxs Hüseyn oğluna məxsus əmlakı tamah məqsədilə, hüquqazidd və əvəzsiz olaraq oğurlamaq, yəni gizli olaraq talamaq məqsədilə 28 avqust 2024-cü il tarixdə, saat 20 radələrində Zərərçəkmiş şəxs Hüseyn oğluna məxsus Beyləqan şəhəri, H.Hacıyev küçəsində yerləşən təmirdə olan fərdi yaşayış evinin yaxınlığına gələrək, evin həyətyanı sahəsinin ətrafına çəkilmiş mişar daşından inşa edilmiş hasarın üzərindən aşıb saxlanc yeri hesab edilən həyətə qanunsuz daxil olub, həyətdə yerləşən qapısı olmayan saxlanc yeri olan yeni tikilmiş evə qanunsuz daxil olduqdan sonra evin divarlarına bərkidilmiş hər topunda 90 manat dəyərində 90 metr 1 uzunluğunda “Yıldız” markalı, Tp-H07V-K 4.0 ölçülü, mis materialdan olan elektrik naqili olmaqla, ümumi dəyəri 1530 manat olan cəmi 17 top “Yıldız” markalı, Tp-H07V-K 4.0 ölçülü mis materialdan olan elektrik naqilini söküb ağ kisəyə yığıb hasarın üzərindən aşıraraq küçəyə çıxarıb apararaq elektrik naqillərinin üzərindəki örtüyü əritdikdən sonra yerdə qalan mis materialdan olan kütləni Beyləqan şəhəri, Xanlar Səfərəliyev küçəsi, ev 3-də yaşayan Şahid1 38 manata satmış, beləliklə o, saxlanc yeri olan Zərərçəkmiş şəxs Hüseyn oğluna məxsus Beyləqan şəhəri, H.Hacıyev küçəsində yerləşən evdən cəmi 1530 manat dəyərində əmlakı oğurlamış, yəni gizli olaraq talamışdır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bildi və ifadəsində göstərdi ki, hazırda rəsmi olaraq heç bir yerdə işləmir, fəhləlilk edərək günlük qazancını təmin edir. Zərərçəkmiş şəxs Hüseyn oğlunu tanıyır və onunla aralarında hər hansı bir düşmənçilik və ya ədavət olmamışdır. Zərərçəkmiş şəxs Hüseyn oğlunun Beyləqan şəhəri, H.Hacıyev küçəsi ərazisində 6 sot həyətyanı torpaq sahəsi mövcuddur. Orxan adlı usta santexnik ustasıdır və o əvvəllər bir neçə dəfə onun yanında fəhlə kimi işləmişdir. Orxan ona zəng edərək yanında fəhlə kimi işləməsini xahiş etmiş və işlədiyi hər günə görə ona 20 manat pul verəcəyini bildirmişdir. Orxanla razılaşdıqdan sonra Orxanla birlikdə Pərvizin evinə getmiş, orada üç gün işləyib işlərini yekunlaşdırmışlar. O, 3 gün işləməsi müqabilində 60 manat pul almışdır. Onlarla birlikdə Şükür adlı usta da, evdə elektrik işləri görmüşdür. Onlar üç gün işlədikdən sonra işləri yekunlaşdırmışlar. xx.xx.2024-cü ildə yaşadığı evdə pivə içərək sərxoş olmuş, içkili vəziyyətdə olduğu üçün Pərvizin evinə daxil olaraq evdə olan evdə olan elektrik naqillərini oğurlamaq qərarına gəlmiş və saat 20 radələrində Pərvizin evinin yanına getmişdir. Ətrafda heç kimin olmadığını görüb hasardan tullanaraq əvvəlcə həyətə və daha sonra isə evin içərisinə daxil olmuşdur. Evin divarları ilə çəkilmiş elektrik naqillərini əli ilə dartaraq qırmış, sonra divarda olan top halındakı naqilləri də götürüb özü ilə gətirdiyi ağ rəngli kisəyə yığmış və hasardan keçərək məhləyə çıxmışdır. Lakin kimsə onun əlindəki naqilləri görməmişdir. O, saat 20:45 radələrində evə çatmış və həyətdə kisəni alışqanla yandırmışdır. Biraz yandıqdan sonra naqillərin üzərindəki örtük və kisə də yanmış, nəticədə yerdə ancaq naqilin misi qalmışdır. O, həmin misi torbaya yığmış və daha sonra metal qəbulu ilə məşğul olan Şahin adlı şəxsin qapısına getmişdir. O,Şahini çağırmış və biraz sonra Şahin çölə çıxmışdır. Şahinə misin olduğunu bildirmiş və Şahin əvvəlcə ona inanmasa da, sonradan o, həmin misin onun olduğunu Şahinə bildirmiş və həmin misi ev sahibinin ona yararsız olduğu üçün verdiyini demişdir. Şahin ona inanmış və onu həyətə apararaq evdə olan tərəzi ilə misi çəkmişdir. Misin kiloqramına 9 manat verəcəyini demiş, mis tərəzidə 4 kiloqramdan biraz artıq gəldikdən sonra Şahin ona 38 manat pul vermişdir. O, bundan sonra mağazaya gedərək yenidən pivə və digər məhsullar almış və evə getmişdir. Oğurluqla bağlı heç kimin məlumatı olmamış və ona heç kim kömək etməmişdir. Oğurlanmış elektrik naqilləri Zərərçəkmiş şəxs tərəfindən ona həvalə olunmamış, Şahid1 ondan misi alan zaman misin oğurluq olmasını bilməmiş, Şahinə naqilin yararsız olması səbəbindən işlədiyi evin yiyəsi tərəfindən ona verildiyini demişdir. Törətdiyi əməli etiraf edir. Əməlindən peşmandır. Bir daha cinayət törətməyəcəkdir. Zərərçəkmiş şəxsə vurduğu ziyanı ödəmişdir. Zərərçəkmiş şəxslə barışmışdır. Himayəsində azyaşlı uşaqları vardır. Ona yüngül cəza verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Zərərçəkmiş şəxs Hüseyn oğlu ifadəsində göstərdi ki, Beyləqan şəhəri, M.Əsədov küçəsində qeydiyyatda olmaqla yaşayır, Beyləqan şəhəri, H.Hacıyev küçəsində isə özünə məxsus 6 sot həyətyanı torpaq sahəsi vardır. Həmin torpaq sahəsini 1 il öncə ev tikmək məqsədilə almışdır. Həmin torpaq sahəsi aldığı andan etibarən hasarla əhatələnmiş və torpaq sahəsinin köhnə darvazası olmuşdur. Təxminən 6 ay öncə həmin torpaq sahəsində fərdi yaşayış evinin bünövrəsini tökdürərək evin üstünə şifer vurdurmuşdur. Lakin evin içərisini hazırki vaxtadək təmir etdirməmişdir. Hadisədən təxminən 20 gün öncə o, evi təmir etdirməyə başlamış, evdə ilk öncə santexnik işlərini və elektrik işlərini gördürməyə başlamışdır. Santexnik ustasının adı Orxan, elektrik ustası isə Şahid2 olmuşdur. Orxan təxminən 10 gün onun evində işləmiş, lakin o Orxanın yanında olan fəhlələrin kim olmasını bilməmişdir. O, isə elektrik işləri üçün Şükürün yazdığı siyahı əsasında Bakı şəhərində yerləşən Sədərək ticarət mərkəzindən ümumilikdə 22 top yıldız markalı elektrik naqili almış, Şükür isə bir neçə günə elektrik işlərini yekunlaşdırmışdır. xx.xx.2024-cü il tarixdə isə Şükür yenidən evə gələrək evi təmir etməyə davam etmişdir. Bu zaman isə O, Bakı şəhərində olmuşdur. xx.xx.2024- cü il tarixdə səhər saatlarında Şükür ona zəng edərək evə naməlum şəxs və ya şəxslərin daxil olaraq evin elektrik naqillərini kəsib apardığını bildirmişdir. Onun dediyinə əsasən Şükür daha sonra 102 xidmətinə zəng edib bu barədə məlumat vermişdir. O, ertəsi gün Beyləqan rayonuna gəlmiş və evə gələrək evin elektrik naqillərinin bir qisminin kəsilərək oğurlanmasını aşkar etmişdir. Onun “Yıldız” markalı 17 top elektrik naqili oğurlanmış, hər topda olan elektrik naqilinin uzunluğu 90 metr olmuş və hər top elektrik naqilinin hər birini 65 manata almış və oğurluq nəticəsində ona ümumilikdə 1105 manat ziyan dəymişdir. Oğurluq nəticəsində ona dəymiş maddi ziyan təqsirləndirilən şəxs tərəfindən ödənilmişdir. Təqsirləndirilən şəxsdən tələb və şikayəti yoxdur, onunla barışmışdır.Təqsirləndirilən şəxsə yüngül cəza verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, o, işsizdir və dəmir alıb satmaqla günlük qazancımı təmin edir. Zərərçəkmiş şəxs Hüseyn oğlunu əvvəllər tanımamış, onunla düşmənçilik və ədavəti olmamışdır. Təqsirləndirilən şəxs isə rayon sakini tanımış, onunla aralarında ədavət və ya düşmənçilik olmamışdır. xx.xx.2024-cü il tarixində saat 20 radələrində o, Beyləqan şəhəri, Ə.Vahid küçəsində olan atasının yaşadığı evdə olarkən Təqsirləndirilən şəxs əlində olan kisə ilə onun yanına gəlmiş və ona mis gətirdiyini demişdir. O, narahat olmuş və ona demişdir ki, “ birdən oğurluq olar ha” Mobil isə ona ayağında qandal olduğunu və əvvəllər oğurluq etdiyi üçün bu qandalın onda olduğunu demiş və gətirdiyi misin işlədiyi yerdən verildiyini ona bildirmişdir. O, da Mobilə inanmış və misi götürüb atasının yaşadığı evin həyətində olan tərəzi ilə çəkmişdir. Misin çəkisi 4 kiloqramdan biraz artıq gəlmiş və o, misin kilosunu 9 manata aldığı üçün Mobilə 38 manat vermişdir. Mobil pulu aldıqdan sonra çıxıb getmişdir. O, da aldığı misi atasının yaşadığı evin həyətində olan misləri qoyduğu otaqlardan birinə qoymuşdur. Bundan sonra polis əməkdaşları onun işlədiyi yerə gəlmiş və ona mis satan olub-olmadığı soruşmuşlar. O, da Mobil adlı şəxsin ona mis satdığını polis əməkdaşlarına demişdir. O, Təqsirləndirilən şəxs əvvəllər mis almamış və Mobilin ona satdığı misin oğurluq olduğunu bilməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərdi ki, Beyləqan rayonu, Əlinəzərli kəndində qeydiyyatda olmaqla Şəfəq qəsəbəsində yaşayır, ailəlidir. Zərərçəkmiş şəxs Hüseyn oğlunu və Təqsirləndirilən şəxs tanıyır, onlarla aralarında ədavət və düşmənçilik olmamışdır. Təxminən 5-6 ildir ki, o, rayon ərazisində santexnik ustası kimi çalışaraq öz ailəsini dolandırır, rəsmi olaraq heç bir yerdə işləmir. 2024-cü ilin avqust ayında əvvəllər tanıdığı Şükür adlı şəxs zəng etmiş və ona Pərviz adlı şəxsin evinin işlərinin görülməli olduğunu demişdir. O, da, həmin yerə yəni, Beyləqan şəhəri, H.Hacıyev küçəsi ərazisində yerləşən Zərərçəkmiş şəxs məxsus təmirdə olan evin yerləşdiyi ünvana getmiş və orada Şükürlə söhbət edən zaman oranın işlərini görəcəyi barədə razılaşmışdır. O, da, kömək etmək üçün əvvəllər tanıdığı Təqsirləndirilən şəxs zəng etmiş və Mobilə iş olduğu demişdir. Mobil də onunla razılaşmış və o, Mobilə işlədiyi hər gün üçün 20 manat pul verəcəyini demişdir. Mobil həmin yerdə onunla birlikdə 3 gün işləmiş, 3 gün işləməyinə görə o, Mobilə hər gün üçün 20 manat olmaqla ümumilikdə 60 manat pul vermişdir. İşləri yekunlaşdırdıqları üçün artıq Mobilə ehtiyac qalmamış və Mobil bir daha işə gəlməmişdir. O, isə həmin yerdə öz işlərinə davam etmiş, işləri orada yekunlaşdıqdan sonra isə oradan ayrılmışdır. Bundan bir həftə sonra o, öyrənmişdir ki, həmin yerdən naqil oğurluğu olmuşdur. Oğurluq olan zaman onun işlərini bitirdiyi üçün o, həmin yerdə olmamışdır. O, sadəcə həmin yerdə oğurluq olduğunu eşitmişdir. Sonradan məlum olmuşdur ki, həmin oğurluq hadisəsini Təqsirləndirilən şəxs törətmişdir. İş materiallarına əlavə edilmiş cinayət işinin başlanması və icraata götürülməsi barədə qərardan görünür ki, cinayət işinin başlanmasına səbəb və əsas Beyləqan şəhəri, H.Hacıyev küçəsində yaşayan Şahid2 tikinti materiallarının oğurlanması barədə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin 102 xidməti zəng mərkəzinə etdiyi 29 avqust 2024-cü il tarixli müraciəti və Beyləqan şəhəri, M.Əsədov küçəsində yaşayan Zərərçəkmiş şəxs Hüseyn oğlunun 28 avqust 2024-cü il tarixdən 29 avqust 2024-cü il tarixə keçən gecə naməlum şəxs(lərin) ona məxsus təmirdə olan Beyləqan şəhəri, H.Hacıyev küçəsində yerləşən yaşayış evinə daxil olaraq ona məxsus 1105 manat dəyərində 17 top “Yıldız” markalı elektrik naqilinin oğurlaması barədə Beyləqan rayon polis şöbəsinə yazdığı 31 avqust 2024-cü il tarixli ərizə əsasında Beyləqan rayon polis şöbəsinin Təhqiqat bölməsində toplanmış materiallar olmuşdur. İş materiallarına əlavə edilmiş “Baxış keçirilməsi haqqında” 31 avqust 2024-cü il tarixli protokola əsasən baxış gündüz vaxtı, təbii işıqlandırma şəraitində, açıq havada keçirilmişdir. Baxış Zərərçəkmiş şəxs Hüseyn oğlunun və hal şahidlərinin iştirakı ilə Beyləqan şəhəri, H.Hacıyev küçəsində asfalt yolun sağ hissəsində keçirilmişdir. Evin giriş darvazası paslıdır və dəmirdəndir. Evin həyəti torpaqla örtülüdür. Evin hər tərəfi mişar daşı ilə hörülmüşdür və üzəri palıd rəngli şiferlə örtülmüşdür. Ev təmirdə olduğu üçün pəncərələri qoyulmamış və təmir olunmamışdır. Ev giriş, qonaq otağı, mətbəx, 3 ədədə yataq otağı, hamam-tualet və ütü otaqlarından ibarətdir. Evin hər tərəfində yer betonlanmışdır. Evin divarlarında elektrik naqillərinin kəsilərək oğurlanması müşahidə olunmuşdur. İş materiallarına əlavə edilmiş məhkəmə kompleks ambulator məhkəmə-psixatrik və psixoloji ekspertizasının 21 noyabr 2024-cü il tarixli 5195 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs qərarın təsvir hissəsində göstərilmiş əməli törədərkən üzvi (epilepsiya mənşəli) şəxsiyyət pozuntusu müəyyən olunur.Yoxlanılan şəxs Təqsirləndirilən şəxs müəyyən edilən üzvi şəxsiyyət pozuntusu ictimai təhlükəli əməli törətdiyi zaman o dərəcədə ifadə olunmayıb ki, onu öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliyini dərk etmək, onları idarə etmək iqtidarından məhrum etsin.M.A. Abdullayev hazırda da öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək, onları idarə etmək iqtidarındadır. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab edilməlidir. Təqsirləndirilən şəxs əməli hərəkətləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 21-ci və 22-ci maddələrinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs hazırki psixi vəziyyətinə görə barəsində tibbi xarakterli məcburi müalicə tədbirlərinin tətbiq edilməsinə ehtiyac yoxdur. Təqsirləndirilən şəxs emosional halından asılı olaraq öz hərəkətlərini dərk etmək qabiliyyətinə malik olmuşdur. Törətdiyi əməl zamanı Təqsirləndirilən şəxs psixoloji-emosional sferasında iş üçün əhəmiyyət kəsb edən hər hansı mühüm dəyişiklik yaranmamışdır. Təqsirləndirilən şəxs cinayət əməlini törədərkən fizioloji affekt vəziyyətində olmamışdır. Təqsirləndirilən şəxs hazırki emosional vəziyyətində hər hansı gərginlik müşahidə olunmamışdır. İş materiallarına əlavə edilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizasının 23 noyabr 2024-cü il tarixli 3-16/2-9/8515/2024 saylı rəyinə əsasən ekspertiza təyini haqqında qərarda göstərilən “Yıldız” markalı,Tp-H07V-K 4,0 ölçülü, 1 top (90 metr) elektrik naqilinin 2024-cü ilin avqust ayına olan orta bazar qiyməti təxminən 90 manat, 17 topunun qiyməti isə 1530.00 manat müəyyən edilir. Beləliklə, məhkəmə iclasında təqsirləndirilən şəxsin etirafı ilə yanaşı zərərçəkmiş şəxsin və şahidin ifadələri, habelə işin məhkəmə iclasında tədqiq edilib öz təsdiqini tapmış digər materialları ilə Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs Hüseyn oğluna məxsus Beyləqan şəhəri, H.Hacıyev küçəsində yerləşən evdən cəmi 1530 manat dəyərində əmlakı oğurlaması, yəni gizli olaraq talaması kifayət qədər sübuta yetmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs həmin hərəkətlərində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsinin tərkibi vardır. Ona görə də o, həmin maddə ilə təqsirli bilinib cəzalanmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissənin müvafiq maddəsində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Cinayət Məcəlləsinin 58.3cü maddəsinə görə cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinin məzmununa görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistika İnformasiya İdarəsi tərəfindən verilmiş 10 sentyabr 2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Beyləqan rayon məhkəməsinin 26 aprel 2023-cü il tarixli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 29,177.2.3-cü maddəsi ilə təqsirli bilinib 02 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Azərbaycan Respublikası CM-nin 67.1-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Beyləqan Rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş 08 yanvar 2025-ciü il tarixli məktubdan görünür ki, Təqsirləndirilən şəxs Beyləqan rayon məhkəməsinin 1(020)-34/2023 saylı, xx.xx.2023-cü il tarixli hökmə əsasən hal-hazırda Beyləqan rayon İcra və probasiya şöbəsində cəza çəkir, xx.xx.2025-ci il tarixə çəkilməmiş 5 ay 23 gün cəzası qalmışdır. İş materiallarına əlavə edilmiş Beyləqan rayon İcra Hakimiyyəti başçısının Beyləqan şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən alınmış 09 sentyabr 2024-cü il tarixli, 1989 nömrəli arayışdan görünür ki, Təqsirləndirilən şəxs himayəsində 2017-ci il təvəllüdlü qızı Qarayevə Zümrüd və 2020-ci il təvəllüdlü oğlu Qarayev Arif vardır. Məhkəmə Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışıq əldə etməsini, zərərçəkmiş şəxsin ondan heç bir şikayət və tələbinin olmamasını CM-nin 59.1.12-ci maddəsinə, zərərçəkmiş şəxsə dəymiş ziyanın könüllü olaraq tamamilə aradan qaldırılmasını CM-nin 59.1.13-cü maddəsinə, himayəsində üç azyaşlı uşaqlarının olmasını CM-nin 59.1.4-cü maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs hərəkətlərində Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar yoxdur. Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin edilərkən məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2003-cü il 25 iyun tarixli, 4 №-li qərarının 1-ci bəndinin 1 və 2-ci abzasında göstərilmişdir ki, «hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin ediməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-nin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər”. “Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır.” Həmin Qərarın 2-ci bəndində göstərilir ki, “məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla, daha yüngül cəza təyin edilməsi müzakirə etməlidirlər.” Məhkəmə Təqsirləndirilən şəxs barəsində cəza təyini ilə bağlı məsələni müzakirə edib, hesab edir ki, onun əməlini səmimi etiraf etməsini, epilepsiya xəstəsi olmasını və yuxarıda göstərilən cəzanı yüngülləşdirən hallar nəzərə alınmaqla ona təqsirləndiyi maddənin sanksiyasında cəza növü kimi nəzərdə tutulmuş azadlığın məhdudulaşdırılması növündə cəza təyin edilməsi qanuna və məqsədə müvafiqdir. Məhkəmə həmçinin hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə cəzaçəkmə müddəti ərzində yaşayış yerini hər gün saat 22:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, yaşadığı Beyləqan rayon ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifələri qoyulmalıdır. İş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki, Təqsirləndirilən şəxs 08 sentyabr 2024cü il tarixdə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə nəzərdə tutulan cinayəti törətməkdə şübhəli şəxs qismində tutulmuş, 09 sentyabr 2024-cü il tarixdə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilmişdir. 10 sentyabr 2024-cü il tarixdə Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirini seçilməsi üçün məhkəməyə təqdimat verilmiş, Beyləqan rayon məhkəməsinin 10 sentyabr 2024-cü il tarixli qərarı ilə təqdimat təmin edilməmiş və bundan sonra müstəntiq tərəfindən Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. İş üzrə ekspertiza tədqiqatının dəyərini təşkil edən ekspertiza xərci 50 (əlli) manat pul təqsirlənirilən Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Az MEM, VÖİN **********, X1, KOD 21005 VÖEN ********** Müxbir hesabı AZ41 NABZ******************** SWİFT BİK CTREAZ22 hesabına keçirilməlidir. İş üzrə mülki iddia, maddi sübut və xüsusi müsadirə olunması təklif edilən əmlak yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358,384-1-ci maddələrini rəhbər tutaraq məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib 3 (üç) il müddətə azadlığın məhdudlaşdırlması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 67.1-ci maddəsinə əsasən Beyləqan Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə Təqsirləndirilən şəxs təyin olunmuş 2 (iki) il azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş qalan 5 (beş) ay 23 (iyirmi üç) gün hissəsi hazırkı hökmlə təyin edilmiş cəza ilə qismən birləşdirilməklə Təqsirləndirilən şəxs 3 (üç) il 3 (üç) ay müddət azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs 08 sentyabr 2024-cü il tarixdən 10 sentyabr 2024-cü il tarixədək şübhəli şəxs kimi tutulduğu 2 gün müddətin hər bir günü iki gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına hesablansın, üzərində qəti olaraq 3(üç) il 2 (iki) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Cəzanın əvvəli 08 yanvar 2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs üzərinə cəzaçəkmə müddəti ərzində yaşayış yerini hər gün saat 22:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, yaşadığı Beyləqan rayonu ərazisinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifələri qoyulsun. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Beyləqan rayon İcra və Probasiya Şöbəsinə tapşırılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə mindikdən sonra ləğv edilsin. İş üzrə ekspertiza tədqiqatının dəyərini təşkil edən ekspertiza xərci 50 (əlli) manat pul təqsirlənirilən Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Az MEM, VÖİN **********, X1, KOD 21005 VÖEN ********** Müxbir hesabı AZ41 NABZ******************** SWİFT BİK CTREAZ22 hesabına keçirilsin. Təqsirləndirilən şəxs məhkəmə istintaqı dövründə göstərdiyi hüquqi yardıma görə 13 (on üç) saat üçün 78 (yetmiş səkkiz) manat Beyləqan rayon vəkil bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına ödənilsin. Hökmün surəti həmin hissədə icrası üçün Azərbaycan Respublikası Vəkillər X2 və Tədris Mərkəzinə göndərilsin. İş üzrə mülki iddia, maddi sübut və xüsusi müsadirə olunması təklif edilən əmlak yoxdur. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Beyləqan Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Həmin müddət ərzində şikayət və protest verilməzsə hökm həmin müddət bitdiyi gündən sonrakı gün qanuni qüvvəsini alır. Hakim: Ramiz Nurullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar