Məhkəmə qərarları › İş №1(020)-19/2023

Beyləqan Rayon Məhkəməsi Hökm — İş №1(020)-19/2023

06.04.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Beyləqan rayon İş № 1(020)-19/2023 06.04.2023 BEYLƏQAN RAYON MƏHKƏMƏSİ Beyləqan rayon məhkəməsinin hakimi Nurullayev Ramiz Vəliş oğlunun sədrliyi, Quliyev Zaur Qulu oğlunun katibliyi, Dövlət ittihamçısı–Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbənin Şirvan Apelyasiya Məhkəməsinin yurisdiksiyasına aid olan birinci instansiya məhkəmələri üzrə prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs, Təqsirləndirilən şəxsin müdafiəçisi: Beyləqan rayon vəkil bürosunun vəkili Qliyev Vəkil Yelmar oğlunun, Zərərçəkmiş şəxsin hüquqi varisi: X1 iştirakı ilə, xx xxxx 1984-cü ildə Füzuli rayonu, Qarakollu kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, fərdi qaydada taksi fəaliyyəti ilə məşğul olan, əvvəllər məhkum olunmamış, Füzuli rayonu, Qarakollu kəndində qeydiyyatda olmaqla Füzuli rayonu, Dördüncü Zobucuq qəsəbəsində yaşayan, barəsində 31 yanvar 2023-cü il tarixdə polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, M ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs 13 noyabr 2022-ci il tarixdə, saat 15 radələrində BC kateqoriyalı sürücülük vəsiqəsi əsasında, AD № 649620 nömrəli qeydiyyat şəhadətnaməsi ilə özünün mülkiyyətində olan, texniki cəhətdən saz vəziyyətdə “Mercedes Benz E220” markalı, **- LG-*** dövlət qeydiyyat nişanlı avtomobillə Horadiz-Bəhrəmtəpə avtomobil yolunun Beyləqan rayonu, Dünyamalılar kəndi ərazisindən keçən hissəsində Horadiz şəhəri istiqamətində hərəkətdə olarkən “Yol hərəkəti haqqında" Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərini pozaraq hərəkət üçün təhlükə yarandığını gördükdə nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməli olduğu halda buna əməl etməyib göstərilən yol hərəkəti qaydalarını pozub hərəkət zamanı idarə etdiyi nəqliyyat vasitəsinin hərəkəti üçün təhlükə yarandığını gördükdə nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmayaraq hərəkətdə olduğu Horadiz-Bəhrəmtəpə avtomobil yolu Daşburun-Əhmədli- Dünyamalılar yolunun kəsişməsində sağ tərəfdən yolayrıcına daxil olan Zərərçəkmiş şəxs2 idarə etdiyi “Vaz 21060” markalı, **-MF-*** dövlət qeydiyyat nişanlı avtomobilin sol qabaq hissəsi ilə toqquşmuş, onun ehtiyatsızlığından Zərərçəkmiş şəxs2 sol bud sümüyünün açıq yerdəyişmiş, sol körpücük, sol kürək, sol bazu sümüklərinin, sağdan İİİ, İV, soldan İ, İİ qabırğaların qapalı sınıqları, ikitərəfli hemotoraks, ağciyərlərin əzilməsi və cırılması, sol qaş nahiyəsinin və sol saidin əzilmiş-cırılmış yaraları, sol budun cırılmış yarası, burun nahiyəsinin, sol bazunun, sağ dirsək oynağı nahiyəsinin, sol əlin, sağ budun, sol baldırın, sağ ayağın sıyrıqları, ənsə, sol kürək, sol çiyin qurşağı, sol körpücük, sol bazu, sağ dirsək oynağı, sağ said nahiyələrinin dərialtı hematomaları xarakterli həyat üçün təhlükəli olan sağlamlığa ağır, Zərərçəkmiş şəxs1 sağ mil sümüyünün aşağı üçdə-birində qapalı sınığı xarakterli sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır xəsarətlər almasına və Zərərçəkmiş şəxs2 sol bud sümüyünün açıq yerdəyişmiş, sol körpücük, sol kürək, sol bazu sümüklərinin, sağdan İİİ, İV, soldan İ, İİ qabırğaların qapalı sınıqları, ağciyərlərin əzilməsi və cırılması nəticəsində baş vermiş posttravmatikhemorragik şok xarakterli xəsarətlərdən 14 noyabr 2022-ci il tarixdə saat 14:30-da Elmi- Tədqiqat Travmatologiya və Ortopediya İnstitutunda onun ehtiyatsızlığından ölməsinə səbəb olmuşdur. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bildi və göstərdi ki, o, 13 noyabr 2022-ci il tarixdə, günorta saatlarında özünə məxsus “Mercedes Benz E220 minik” markalı avtomobillə Bakı şəhərindən Füzuli rayonuna doğru yola düşmüş, həmin gün saat 15 radələrində Beyləqan rayonu ərazisində daxil olmuşdur. Horadiz-Bəhrəmtəpə avtomobil yolunun Beyləqan rayonu, Dünyamalılar kəndi ərazisindən keçən dairəyə yaxınlaşan zaman “VAZ-2106” markalı avtomobilin onun yolu ilə kəsişən yoldan, sağ tərəfdən dairəyə daxil olduğunu görmüşdür. Bu zaman həmin avtomobillə onun avtomobili arasında təxminən 2-3 metr məsafə olmuş, o, hadisənin qarşısını almaq üçün sükanı sola tərəf çevirsə də hadisənin qarşısını ala bilməmiş, qarşısına çıxan “VAZ-2106” markalı avtomobilin ön hissəsini sol tərəfindən vurmuşdur. O, avtomobili saxlayıb düşmüş, “VAZ-2106” markalı avtomobildə olan sərnişinlərin xəsarət alıb-almadığını öyrənmək üçün onlara tərəf qaçmış, oraya toplaşmış insanların köməyi ilə sürücünü sükanın arxasından çıxarmış, sürücünün yaşlı bir adam olduğunu görmüşdür. O, həmin şəxsi əvvəllər tanımamış, sonradan həmin şəxsin Beyləqan rayonu, Aşqallar kənd sakini Zərərçəkmiş şəxs2 olduğunu öyrənmişdir. Həmin avtomobilin arxa oturacağında bir nəfər qadın əyləşmiş, həmin qadından adını soruşduqda Zərərçəkmiş şəxs1 olduğunu öyrənmişdir. Həmin qadın da hadisə zamanı xəsarət almışdır. Orada olan insanlar Təcilitibbi yardım xidmətinə zəng etmişlər və təcili-tibbi yardım avtomobili gəlib xəsarət alan şəxsləri Beyləqan rayon Mərkəzi Xəstəxanasına aparmışdır. Hadisə nəticəsində onun özünün də sağ budu əzilmişdir. Lakin ağır xəsarəti olmadığı üçün hadisə yerində qalıb rayon polis şöbəsinin istintaq-əməliyyat qrupunun gəlməsini gözləmişdir. Sonra polis əməkdaşları gəlib hadisə yerini müayinə etmişlər və avtomobilləri Beyləqan rayon polis şöbəsinin duracağına yerləşdirmişlər. Zərərçəkmiş şəxs2 Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutuna yerləşdirilməsinə baxmayaraq 14 noyabr 2022-ci il tarixdə aldığı xəsarətlərdən həmin xəstəxanada ölmüşdür. Hadisəni ehtiyatsızlıqdan törətmişdir. Ailə vəziyyətini, zərərçəkmiş şəxsin qanuni nümayəndəsi və zərərçəkmişlə razılıq əldə etməsini nəzərə alıb ona yüngül cəza verilməsini məhkəmədən xahiş etdi. İş üzrə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 məhkəmə iclasına gəlməmiş, məhkəməyə ərizə göndərərək ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etdiyini, səhhəti ilə əlaqədar məhkəmə iclasında iştirak edə bilməyəcəyini, təqsirləndirilən şəxslə barışdığını, ondan heç bir tələb və şikayətinin olmadığını bildirmiş və işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. İş üzrə Zərərçəkmiş şəxs1 ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, mərhum Zərərçəkmiş şəxs2 onun əridir. O, Təqsirləndirilən şəxs əvvəllər tanımamış aralarında ədavət və ya düşmənçilik olmamışdır. 13 noyabr 2022-ci il tarixdə, saat 15 radələrində əri Camalla birlikdə Camalın idarə etdiyi “VAZ-2106” markalı, **-MF-*** dövlət qeydiyyat nişanlı avtomobillə Beyləqan rayonu, Dünyamalılar kəndi ərazisində yerləşən pay torpaq sahəsinə getmişlər. Onların sahədə işləri qısa sürdüyü üçün tez avtomobilə əyləşib geri qayıtmışlar. Onlar avtomobillə Daşburun- Əhmədli-Dünyamalılar avtomobil yolu ilə hərəkət etmişlər. Həmin yolun Beyləqan rayonu, Dünyamalılar kəndi ərazisində Horadiz-Bəhrəmtəpə avtomobil yolu kəsişməsində dairəvi yol vardır. O, avtomobildə arxa oturacaqda əyləşmiş və özünü yaxşı hiss etmədiyi üçün başını arxaya doğru söykəmişdir. Onlar dairəvi yola daxil olan zaman anidən səs eşitmiş və avtomobilin zərblə başqa avtomobilə çırpıldığını görmüşdür. Həmin vaxt hadisənin şokunda olduğu üçün bundan sonra baş verənlər tam yadında qalmamışdır. Lakin həmin vaxt oraya təcili-tibbi yardım avtomobilinin gəldiyini görmüşdür. Təcili-tibbi yardım avtomobili gəldikdən sonra onu və əri Camalı Beyləqan rayon Mərkəzi Xəstəxanasına aparmışlar. Hadisə nəticəsində onun sağ qolu sınmış və bədəninin bəzi nahiyələri əzilmiş, əri Camal isə ağır xəsarətlər almışdır. Həkimlər xəstəxanada onları müayinə etdikdən sonra Camalı Bakı şəhərində yerləşən xəstəxanalardan birinə aparmalarını məsləhət görmüşlər. Onlar həmin gün Camalı Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutuna aparmışlar. Lakin 14 noyabr 2022-ci il tarixdə Camal həmin xəstəxanada vəfat etmişdir. İş üzrə şahid qismində dindirilmiş zərərçəkmiş şəxsin hüquqi varisi X4 ifadəsində göstərdi ki, 13 noyabr 2022-ci il tarixdə, saat 15 radələrində atası Zərərçəkmiş şəxs2 idarə etdiyi “VAZ-2106” markalı avtomobillə Horadiz-Bəhrəmtəpə avtomobil yolunun Beyləqan rayonu, Dünyamalalılar kəndi ərazsindən keçən hissəsində yerləşən dairəvi yolda yol-nəqliyyat hadisəsi törədərək Təqsirləndirilən şəxs idarə etdiyi avtomobillə toqquşmuşdur. Hadisənin baş verməsi barədə hazırda adını xatırlamadığı şəxs telefonla ona zəng edərək məlumat vermiş, həmin vaxt o, evdə olmuşdur. O, dərhal evdən çıxıb hadisə yerinə getmiş, təcili-tibbi yardım avtomobili gəlib atası Camalı Beyləqan rayon Mərkəzi Xəstəxanasına aparmışdır. O, xəstəxanaya getmiş, xəstəxanada atasını müayinə etdikdən sonra həkimlər Bakı şəhərində yerləşən xəstəxanalardan birinə yerləşdirilməli olduğunu bildirmişlər. O, atası Camalı Bakı şəhərində yerləşən Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutuna aparmışdır. 14 noyabr 2022-ci il tarixdə atası Zərərçəkmiş şəxs2 həmin xəstəxanada vəfat etmişdir. Ekspert Camalın meyitini müayinə etdikdən sonra o, meyiti gətirib 15 noyabr 2022-ci il tarixdə Beyləqan rayonu, Aşqallar kənd qəbiristanlığında dəfn etmişdir. Hazırda Təqsirləndirilən şəxs ilə barışmış, ona qarşı heç bir şikayət və tələbi yoxdur, ona yüngül cəza təyin edilməsini xahiş etdi. İş üzrə şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, o, Beyləqan rayonu, 1-ci Şagsevən kəndində yaşayır, Beyləqan rayon Polis şöbəsinin İctimai Təhlükəsizlik bölməsinin polis sahə rəsi vəzifəsində işləyir. Təqsirləndirilən şəxs və mərhum Zərərçəkmiş şəxs2 əvvəllər tanımamış, həmin şəxslərlə arasında ədavət və düşmənçilik olmamışdır. 13 noyabr 2022-ci il tarixdə Beyləqan rayon polis şöbəsinin əməliyyat-istintaq qrupunun üzvü olmuşdur. Həmin gün saat 15:35-də Beyləqan rayon polis şöbəsinin Növbətçi hissəsindən Horadiz-Bəhrəmtə avtomobil yolu ilə Daşburun-Əhmədli-Dünyamalılar avtomobil yolunun kəsişməsində yerləşən dairədə yolnəqliyyat hadisəsinin baş verməsi və avtomobillərdən birində olan iki nəfər şəxsin müxtəlif bədən xəsarətləri alması barədə Beyləqan rayon Mərkəzi Xəstəxanasından məlumat daxil olması barədə ona bildirilnişdir. O, istintaq-əməliyyat qrupunun üzvləri ilə dərhal hadisə yerinə getmiş, onun iştirakı ilə müstəntiq tərəfindən hadisə yeri müayinə edilmişdir. Yol-nəqliyyat hadisəsi törətmiş “Mercedes Benz E220” markalı, **-LG-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs da hadisə yerinə olmuş, Təqsirləndirilən şəxs avtomobildə tək olması, toqquşduğu “VAZ-2106” markalı, **-MF-*** dövlət qeydiyyat nişanlı avtomobildə isə iki nəfər şəxsin olması məlum olmuşdur. Onlar hadisə yerinə çatdıqda “VAZ-2106” markalı, **-MF-*** dövlət qeydiyyat nişanlı avtomobildəki şəxslər artıq Beyləqan rayon Mərkəzi Xəstəxanasına aparılmış, Təqsirləndirilən şəxs qeyd olunan avtomobili Zərərçəkmiş şəxs2 idarə etdiyini və avtomobildə Zərərçəkmiş şəxs2 həyat yoldaşı Zərərçəkmiş şəxs1 da olduğunu, həmin şəxslərin xəsarət aldığı üçün Beyləqan rayon Mərkəzi Xəstəxanasına aparıldıqlarını onlara bildirmişdir. Təqsirləndirilən şəxs yol-nəqliyyat hadisəsinin baş verdiyi yerdə toqquşma yerini təqdim etmiş, müstəntiq tərəfindən hadisə yerinin ətraflı müayinəsi aparılaraq aşkar edilmiş məsələlər protokolda qeyd edilmişdir. Hadisə yerinin müayinəsi yekunlaşdırıldıqdan sonra avtomobillər Beyləqan rayon polis şöbəsinin duracağına yerləşdirilmişdir. İş üzrə şahid qismində dindirilmiş Şahid2 məhkəmədə Şahid1 ilə eyni məzmunlu ifadə verdi. İş materiallarına əlavə edilmiş məhkəmə tibb ekspertizasının 14 dekabr 2022-ci il tarixli, 98/MEŞ nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs2 meyitinin məhkəmə-tibbi ekspertizası zamanı bədənində aşkar edilmiş xəsarətlər- sol bud sümüyünün açıq yerdəyişmiş, sol körpücük, sol kürək, sol bazu sümüklərinin, sağdan İİİ, İV, soldan İ, İİ qabırğaların qapalı sınıqları, ikitərəfli hemotoraks, ağciyərlərin əzilməsi və cırılması, sol qaş nahiyəsinin və sol saidin əzilmiş-cırılmış yaraları, sol budun cırılmış yarası, burun nahiyəsinin, sol bazunun, sağ dirsək oynağı nahiyəsinin, sol əlin, sağ budun, sol baldırın, sağ ayağın sıyrıqları, ənsə, sol kürək, sol çiyin qurşağı, sol körpücük, sol bazu, sağ dirsək oynağı, sağ said nahiyələrinin dərialtı hematomaları bərk küt əşyanın (əşyaların) təsirindən əmələ gəlmişdirlər, həyatidirlər, ölümlə bilavasitə səbəbli əlaqəlidirlər, qərarın təsviri hissəsində göstərilən 13 noyabr 2022-ci il tarixdə yol-nəqliyyat hadisəsi nəticəsində avtomaşının salonunda əmələ gələ bilərdilər, dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmanın əlamətlərinə malikdirlər. Zərərçəkmiş şəxs2 ölümünün bilavasitə səbəbi sol bud sümüyünün açıq yerdəyişmiş, sol körpücük, sol kürək, sol bazu sümüklərinin, sağdan İİİ, İV, soldan İ, İİ qabırğaların qapalı sınıqları, ağciyərlərin əzilməsi və cırılması nəticəsində baş vermiş posttravmatik-hemorragik şok olmuşdur. Zərərçəkmiş şəxs2 ölümü 14 noyabr 2022-ci il tarixdə, saat 14:30-da Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutunda baş vermişdir, bu da ilkin əlamətlərin inkişaf dərəcəsi ilə inkar olunmur. İş materiallarına əlavə edilmiş Məhkəmə-tibb ekspertizasının 15 yanvar 2023-cü il tarixli 18/23 nömrəli rəyinə əsasən Zərərçəkmiş şəxs1 sağ mil sümüyünün aşağı üçdəbirinin qapalı sınığı aşkar olunmuşdur. Qeyd olunan xəsarət bərk küt əşyanın təsirindən törənmişdir, müayinə olunanın göstərdiyi müddətdə və şəraitdə, yəni 13 noyabr 2022-ci il tarixdə baş vermiş yol-nəqliyyat qızası zamanı avtomaşın salonunun qabarıq interyerlərinə dəyməsi nəticəsində əmələ gələ bilərdi və dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aiddir. İş materiallarına əlavə edilmiş “Məhkəmə yol-nəqliyyat hadisələri ekspertizasının” 31 yanvar 2023-cü il tarixli, 8/3597 nömrəli rəyinə əsasən istintaq tərəfindən təqdim edilən məlumatlara əsasən “VAZ-2106” markalı, **-MF-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Zərərçəkmiş şəxs2 hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanunun 77-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisəsinin qarşısını almağa texniki imkanı olmuşdur. İstintaq tərəfindən təqdim edilən məlumatlara əsasən “Mercedes Benz E220” markalı, **-LG-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxsm oğlunun hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanunun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisəsinin qarşısını almağa texniki imkanı olmuşdur. “Yol hərəkəti haqqında" Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinə görə Sürücü hərəkətin intensivliyini, nəqliyyat vasitəsinin, yükün xüsusiyyətlərini və vəziyyətini, yol və meteoroloji şərati, xüsusən hərəkət istiqamətində görmə şəraitini nəzərə almaqla, nəqliyyat vasitəsini müəyyən olunmuş sürət məhdudiyyətindən çox olmayan sürətlə sürməlidir. Sürücü hərəkət üçün təhlükə yarandığını gördükdə, nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməlidir. Beləliklə, məhkəmə iclasında təqsirləndirilən şəxsin etirafı ilə yanaşı, zərərçəkmiş şəxs, şahid ifadələri, habelə işin məhkəmə iclasında tədqiq edilib öz təsdiqini tapmış digər materialları ilə Təqsirləndirilən şəxs 13 noyabr 2022-ci il tarixdə, saat 15 radələrində BC kateqoriyalı sürücülük vəsiqəsi əsasında, AD № 649620 nömrəli qeydiyyat şəhadətnaməsi ilə özünün mülkiyyətində olan, texniki cəhətdən saz vəziyyətdə “Mercedes Benz E220” markalı, **-LG-*** dövlət qeydiyyat nişanlı avtomobillə Horadiz-Bəhrəmtəpə avtomobil yolunun Beyləqan rayonu, Dünyamalılar kəndi ərazisindən keçən hissəsində Horadiz şəhəri istiqamətində hərəkətdə olarkən “Yol hərəkəti haqqında" Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərini pozaraq hərəkət üçün təhlükə yarandığını gördükdə nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməli olduğu halda buna əməl etməyib göstərilən yol hərəkəti qaydalarını pozub hərəkət zamanı idarə etdiyi nəqliyyat vasitəsinin hərəkəti üçün təhlükə yarandığını gördükdə nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmayaraq hərəkətdə olduğu Horadiz-Bəhrəmtəpə avtomobil yolu Daşburun-Əhmədli- Dünyamalılar yolunun kəsişməsində sağ tərəfdən yolayrıcına daxil olan Zərərçəkmiş şəxs2 idarə etdiyi “Vaz 21060” markalı, **-MF-*** dövlət qeydiyyat nişanlı avtomobili sol qabaq hissəsi ilə toqquşmuş, onun ehtiyatsızlığından Zərərçəkmiş şəxs2 sol bud sümüyünün açıq yerdəyişmiş, sol körpücük, sol kürək, sol bazu sümüklərinin, sağdan İİİ, İV, soldan İ, İİ qabırğaların qapalı sınıqları, ikitərəfli hemotoraks, ağciyərlərin əzilməsi və cırılması, sol qaş nahiyəsinin və sol saidin əzilmişcırılmış yaraları, sol budun cırılmış yarası, burun nahiyəsinin, sol bazunun, sağ dirsək oynağı nahiyəsinin, sol əlin, sağ budun, sol baldırın, sağ ayağın sıyrıqları, ənsə, sol kürək, sol çiyin qurşağı, sol körpücük, sol bazu, sağ dirsək oynağı, sağ said nahiyələrinin dərialtı hematomaları xarakterli həyat üçün təhlükəli olan sağlamlığa ağır, Zərərçəkmiş şəxs1 sağ mil sümüyünün aşağı üçdə-birində qapalı sınığı xarakterli sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır xəsarətlər alması və Zərərçəkmiş şəxs2 sol bud sümüyünün açıq yerdəyişmiş, sol körpücük, sol kürək, sol bazu sümüklərinin, sağdan İİİ, İV, soldan İ, İİ qabırğaların qapalı sınıqları, ağciyərlərin əzilməsi və cırılması nəticəsində baş vermiş posttravmatik-hemorragik şok xarakterli xəsarətlərdən 14 noyabr 2022-ci il tarixdə saat 14:30-da Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutunda onun ehtiyatsızlığından ölməsinə səbəb olması kifayət qədər sübuta yetdi. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs həmin hərəkətlərində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsinin tərkibi vardır. Odur ki, o, həmin maddə ilə təqsirli bilinib, cəzalanmalıdır. Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Aərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2003-cü il 25 iyun tarixli, 4 №-li qərarının 1-ci bəndinə görə hər bir konkret halda məhkəmələr təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-nin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanunun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictmai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Həmin qərarın 2-ci bəndinə görə cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. “Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2013-cü il tarixli Qərarının 11-ci bəndinin tələbinə görə yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasında təqsirləndirilən şəxslərə cəza təyin edilərkən məhkəmələr nəzərə almalıdırlar ki, cinayətin ağır nəticələrə səbəb olması CM-nin 263.2, 263.3, 263-1.3, 263-1.4, 351.2 və 351.3-cü maddələrinin dispozisiyasında cinayət tərkibinin zəruri elementi kimi nəzərdə tutulduğundan həmin nəticələrin mövcudluğu özü-özlüyündə CM-nin 61.1.2-ci maddəsinə istinad edilməklə cəzanı ağırlaşdıran hal hesab edilə bilməz.Törədilmiş cinayətə görə nəzərdə tutulmuş daha ciddi cəza növü və həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza cəzanın məqsədlərini təmin edə bilmir. Odur ki, məhkəmələr tərəfindən bu kateqoriyadan olan işlər üzrə işin cəzaya təsir edə biləcək bütün halları, o cümlədən təqsirləndirilən şəxsin əvvəllər yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalar və ya hərəkət təhlükəsizliyi və nəqliyyat vasitələrinin istismarı qaydaları əleyhinə olan cinayətlər törədib-törətməməsi, buna görə onun inzibati məsuliyyətə cəlb edilməmiş sayılıb-sayılmaması və ya məhkumluğunun ödənilib-ödənilməməsi, inzibati və ya cinayət mühakimə icraatı qaydasında nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum edilib-edilməməsi, digər tərəfdən isə yolnəqliyyat hadisəsinin baş verməsində zərərçəkmişin və ya yol hərəkətinin digər iştirakçılarının qarşılıqlı təqsirinin mövcudluğu, təqsirləndirilən şəxsin hadisədən sonrakı davranışı, onun hadisə yerindən qaçmayaraq zərərçəkmişə tibbi və ya digər yardım göstərməsi, yol-nəqliyyat hadisəsi nəticəsində zərər çəkmiş şəxsin təqsirkarın yaxın qohumu olması, təqsirləndirilən şəxsin özünün də hadisə nəticəsində xəsarət alması, onun tərəfindən maddi və mənəvi zərərin ödənilməsi və bu kimi sair hallar araşdırılmalı və cəza təyini zamanı nəzərə alınmalıdır. Təqsirləndirilən şəxs hərəkətlərində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsi ilə nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. Onun zərərçəkmiş şəxs və zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışması, həmin şəxslərin Təqsirləndirilən şəxs heç bir şikayət və tələbinin olmaması, ilk dəfə cinayət törətməsi, əməlindən səmimi peşman olması cəzasını yüngülləşdirən hallardır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən, cəza təyin etmənin ümumi prinsiplərini rəhbər tutmaqla, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamasını, ailəsinin yeganə qazan gətirəni olmasını, yaşadığı yerdən müsbət xarakterizə olunmasını, hərəkətlərində cəzanı ağırlaşdıran halların olmamasını, habelə təyin olunacaq cəzanın onun islah olunması imkanlarına və ailəsinin həyat şəraitinə təsiri ilə yanaşı yuxarıda sadalanan cəzanı yüngülləşdirən halları nəzərə alaraq, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsində nəzərdə tutulan müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsini qanuna və məqsədə müvafiq hesab edir. İş üzrə maddi sübut olan “MercedesBenz E220” markalı, **-LG-*** dövlət qeydiyyat nişanlı avtomobilin Təqsirləndirilən şəxs, Zərərçəkmiş şəxs2 idarə etdiyi “Vaz 21060” markalı, **-MF-*** dövlət qeydiyyat nişanlı avtomobilin hüquqi varis X3 təhvil verilməsi nəzərə alınmalıdır. İş üzrə 128 (yüz iyirmi səkkiz) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutulub, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına keçirilməlidir. İş üzrə mülki iddia yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351- 353, 384.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib 2 (iki) il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəksin. Cəza çəkməsinin əvvəli məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə mindikdən sonra ləğv edilsin. İş üzrə maddi sübut olan “MercedesBenz E220” markalı, **-LG-*** dövlət qeydiyyat nişanlı avtomobilin Təqsirləndirilən şəxs, Zərərçəkmiş şəxs2 idarə etdiyi “Vaz 21060” markalı, **-MF-*** dövlət qeydiyyat nişanlı avtomobilin hüquqi varis X3 təhvil verilməsi nəzərə alınsın. İş üzrə 128 (yüz iyirmi səkkiz) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutulub, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza mərkəzinin hesabına keçirilsin. İş üzrə mülki iddia yoxdur. Təqsirləndirilən şəxs məhkəmə dövründə göstərdiyi hüquqi yardıma görə 12 (on iki) saat üçün 72 (yetmiş iki) manat Beyləqan rayon vəkil bürosunun vəkili Müdafiəçi2 ödənilsin. Hökmün surəti həmin hissədə icrası üçün Azərbaycan Respublikası Vəkillər X2 və Tədris Mərkəzinə göndərilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Beyləqan Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Həmin müddət ərzində şikayət və protest verilməzsə hökm həmin müddət bitdiyi gündən sonrakı gün qanuni qüvvəsini alır. Hakim: Ramiz Nurullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar