Azərbaycan Respublikası adından QƏRAR Beyləqan rayon İş № 1(020)-2/2025 15.05.2025 BEYLƏQAN RAYON MƏHKƏMƏSİ Beyləqan Rayon Məhkəməsinin hakimi Cabbarlı Xatın Mahir qızının sədrliyi, Məhkəmənin məsləhətçisi (məhkəmə iclas katibi) Abbasov Zaur Alı oğlunun katibliyi, Xüsusi ittiham qaydasında şikayət vermiş (zərərçəkmiş) şəxs X10, Barəsində xüsusi ittiham qaydasında şikayət verilən (təqsirləndirilən) şəxs X2, Müdafiəçi Beyləqan rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1994-cü il tarixdə Beyləqan rayonu, Təzəkənd kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, Beyləqan rayonu, Təzəkənd kəndində qeydiyyatda olmaqla yaşayan, X2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra – CM) 147.1, 147.2 və 148-ci maddələri ilə təqsirləndirilməsinə dair xüsusi ittiham qaydasında şikayətə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: X12 xüsusi ittiham qaydasında şikayətlə məhkəməyə müracət edərək, xx.xx.1994cü il tarixdə Beyləqan rayonu, Təzəkənd kəndində doğulmuş, Beyləqan rayonu, Təzəkənd ərazi dairəsi, Təzəkənd kəndində qeydiyyatda olan və yaşayan X7 barəsində CM-in 147.1, 147.2 və 148-ci maddələri ilə cinayət işinin başlanaraq, cinayət məsuliyyətinə cəlb edilməklə, cəzalandırılmasını xahiş etmişdir. Xüsusi ittiham qaydasında şikayət vermiş (zərərçəkmiş) şəxs X12 şikayəti onunla əsaslandırmışdır ki, mərhum bacısı, şəhid Arəstə Baxışova, xx.xx.1994-cü il tarixdə Beyləqan rayonu, Təzəkənd ərazi dairəsi, Təzəkənd kəndində qeydiyyatda olan və yaşayan X7 tərəfindən “İnstaqram” sosial şəbəkəsində təhqir olunduğu üçün həmin şəxsin əməllərinə hüquqi qiymət verilməsi üçün hüquq mühafizə orqanlarına müraciət etmişdir. İş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki, X13 Azərbaycan Respublikası DİN-in 102 xidmətinə zəng edərək, eyni zamanda Binəqədi RP-nin 40-cı PB-nə ərizə ilə müraciət edərək 2-ci Qarabağ müharibəsinin şəhidi, bacısı Arəstə Kərim qızının “İnstaqram” sosial şəbəkəsində, kütləvi informasiya vasitəsi olan “məlumatlı.tv” adlı xəbər portalında, “huseynzadehuseyn9”, “re.hman2874”, “polad.hashimov.75” hesablarının sahibləri tərəfindən 04 noyabr 2022-ci il tarixdə təhqir olunmasına dair faktlar üzrə, həmin saxta məlumatları yayan şəxslərin cinayət məsuliyyətinə cəlb edilərək cəzalanmasını xahiş etmişdir. Araşdırma zamanı bildirilmişdir ki, hazırkı şikayəti üzrə ən yaxşı hüquqi müdafiə üsulu xüsusi ittiham qaydasında məhkəməyə müraciət etməsi olacaqdır. Həmçinin iş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki, X7 04 noyabr 2022-ci il tarixdə ona məxsus “huseynzadehuseyn9” hesabında şəhid bacısını təhiq edərək, aşağıdakı məzmunda təhqiredici yazı yazmışdır. “Bu xanım şəhid deyil gəzdiyi iş yoldaşından uşaqa qalib. Aldırmayıb deye qoyub gotbaş edib”. Həmçinin ərizəsinə əlavə etdiyi səs yazısından görünür ki, X7 öz cinayət əməlini etiraf etmişdir. Həmçinin iş materiallarından görünür ki, “***-***-**-**” saylı mobil nömrə ilə əlaqə saxlanılmış və mobil nömrənin sahibinin X8 olduğu müəyyənləşdirilmişdir. Daha sonra həmin şəxslə əlaqə saxlanılmış və çağırış məktubu göndərilmişdir. Hesab edir ki, xx.xx.1994-cü il tarixdə Beyləqan rayonu, Təzəkənd ərazi dairəsi, Təzəkənd kəndində qeydiyyatda olan və yaşayan X7 barəsində CM-in 147.1, 147.2 və 148-ci maddələri ilə cinayət işi başlanılmalı və cinayət məsuliyyətinə cəlb edilərək, cəzalandırılması barədə qərar qəbul edilməlidir. Çünki, hazırda qüvvədə olan qanunvericiliyə görə, yəni CM-in 147-ci maddəsinə görə (Böhtan, yəni yalan olduğunu bilə-bilə hər hansı şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatları kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında yayma) sanksiyalar 1000 manatdan 1500 manatadək miqdarda cərimə ilə və ya 240 saatdan 480 saatadək müddətə ictimai işlər və ya 1 ilədək müddətə islah işləri və ya 6 ayadək müddətə azadlıqdan məhrum etmə ilə cəzalarından ibarətdir. Həmçinin, Maddə 148-də də (Təhqir, yəni kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında şəxsiyyətin şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltma) cəzalarında yuxardakı sanksiyalar qədərdir. Maddə 148-1-də isə (İnternet informasiya ehtiyatında saxta istifadəçi adlar, profil və ya hesablardan istifadə edərək kütləvi nümayiş etdirməklə böhtan atma və ya təhqir etmə) sanksiyalar hazırda 1000 manatdan 2000 manatadək miqdarda cərimə və ya 360 saatdan 480 saatadək müddətə ictimai işlər və ya 2 ilədək islah işləri və ya 1 ilədək müddətə azadlıqdan məhrum etmə cəzalarından ibarətdir. CM-in 147.2-ci maddəsinə əsasən böhtan, yəni yalan olduğunu bilə-bilə hər hansı şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatları kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında yayma cinayət məsuliyyəti yaradır. Beləliklə, hesab edir ki, xx.xx.1994-cü il tarixdə Beyləqan rayonu, Təzəkənd ərazi dairəsi, Təzəkənd kəndində qeydiyyatda olan və yaşayan X7 qəsdən, yalan məlumatlar yaymaqla, bu yalan məlumatların yayılmasına şərait yaratmışdır. Bu baxımdan hesab edir ki, xx.xx.1994-cü il tarixdə Beyləqan rayonu, Təzəkənd ərazi dairəsi, Təzəkənd kəndində qeydiyyatda olan və yaşayan X7 CM-in 147.2 və 148-ci maddələri ilə cinayət işi başlamaqla cinayət məsuliyyətinə cəlb edilb cəzalandırılması barədə qərar qəbul edilməlidir. Məhkəmə iclasında barəsində barəsində xüsusi ittiham qaydasında şikayət verilən (təqsirləndirilən) şəxs X7 ifadəsində göstərmişdir ki, o, Beyləqan rayonu Təzəkənd kəndində yaşayır. Təxminən 3 il bundan əvvəl sosial şəbəkədə şəhid X6 fotoşəkili paylaşılmışdı. O da həmin paylaşımən şərh Bölməsinə fikir bildirmişdir. Belə ki, Arəstə Baxışovanən şəhid olmaması və onun hərbi hissə qarşısında vurulduğu deyilirdi. Bu barədə Füzuli Hərbi Məhkəməsində cinayət işi olmuşdur. O da bu səbəbdən öz fikrini bildirmişdir. Onun şəhidlərə böyük hörməti var, O, şəhidlərə hörmətsizlik edilməsin deyə elə şərh yazmışdır. Məhkəmə iclasında xüsusi ittiham qaydasında şikayət vermiş (zərərçəkmiş) şəxs X12 şikayətində qeyd edilən məzmunda ifadə vermiş və əlavə olaraq bildirmişdir ki, bacısının şəkili 04 noyabr 2022-ci il tarixdə paylaşılıb və Hüseynzadə Hüseyn də şərhlərdə təhqir yazmışdır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Törədilmiş cinayət haqqında məlumatın istintaq aidiyyəti üzrə göndərilməsi haqqında xx.xx.2022-ci il tarixli qərardan görünür ki, X10 ərizəsi Binəqədi RPİ-nin 40-cı Polis Bölməsində 1NK/2128 sayı ilə qeydə alınmış və toplanmış materialda CM-in 148-ci maddəsinin tərkib əlamətləri olduğundan material aidiyyəti üzrə Binəqədi RPİ-nin İstintaq Şöbəsinə göndərilmişdir. Cinayət işinin başlanmasının rədd edilməsi haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, X10 müraciəti əsasında toplanmış HK-1/2128 nömrəli material cinayət işinin başlanması cinayət hadisəsi olmaması əsası ilə rədd edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 1-1(102)-84/2022 nömrəli qərarından görünür ki, Füzuli Hərbi Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə X9 (silahla davranış qaydalarını pozmaqla ehtiyatsızlıqdan X6 ölümünə səbəb olmuş) CMin 350.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, verilmiş apellyasiya şikayətinə münasibətdə Şirvan Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 1-1(106)- 16/2022 nömrəli qərarı ilə Füzuli Hərbi Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü dəyişdirilmədən saxlanılmış, həmçinin verilmiş kassasiya şikayətinə münasibətdə Şirvan Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 1-1(106)-16/2022 nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2025-ci il tarixli, 4/1771 nömrəli rəyindən görünür ki, X7 tərəfindən “İnstaqram” sosial şəbəkəsində xüsusi ittihamçı X10 bacısı X11 barəsində “Bu xanım şəhid deyil, gəzdiyi iş yoldaşından uşağa qalib, aldırmayıb deyə qoyub götbaş edib” yazdığı ifadədə mənəvi dəyərlər baxımından xüsusi ittihamçı X10 şərəf və ləyaqətini ləkələyən məlumatlar yer almışdır. Bu kimi məlumat mərhum şəxsin xatirəsinə təhqir hesab edilir. “İnstaqram” sosial şəbəkəsində X7 tərəfindən yazılmış məlumatlar doğruluğu sübut edilmədiyi təqdirdə böhtan hesab edilir. Məlumatların həqiqiliyinin müəyyən edilməsi hüquqi araşdırmaya aid məsələdir. Beyləqan Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 1(020)-20/2024 nömrəli qərarından görünür ki, xüsusi ittihamçı X10 X7 barəsində verdiyi xüsusi ittiham qaydasında şikayətin icraata qəbul edilməsindən imtina edilmişdir. Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat Statistik İnformasiya İdarəsinin xx.xx.2025-ci il tarixli tələbnaməsindən görünür ki, barəsində xüsusi ittiham qaydasında şikayət verilən (təqsirləndirilən) şəxs X7 əvvəllər məhkum olunmamışdır. X7 ərizə ilə məhkəməyə müraciət edərək, bildirmişdir ki, barəsində xüsusi ittihamla cinayət təqibi təqsirləndirilən şəxsə 2 illik müddət keçdiyinə görə cəza təyin edilə bilməz. Ona görə də, barəsində olan cinayət təqibinə xitam verilməsini xahiş edir. Məhkəmə, barəsində xüsusi ittiham qaydasında şikayət verilən (təqsirləndirilən) şəxs X7 tərəfindən xüsusi ittiham qaydasında şikayət vermiş (zərərçəkmiş) şəxs X10 şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatları yayması, eləcə də təhqir etməsi ilə bağlı xüsusi ittiham qaydasında şikayətin dəlillərinə münasibət bildirərək hesab edir ki, həmin dəlillər əsaslıdır və məhkəmə araşdırması zamanı tədqiq olunmuş, biri digərini tamamlayan mötəbər sübutlarla barəsində xüsusi ittiham qaydasında şikayət verilən (təqsirləndirilən) şəxs X2 CM-in 147.1 və 148-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməsi açıq-aşkar təsdiq olunur. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin “Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması təcrübəsi haqqında” 21 fevral 2014-cü il tarixli qərarının 5ci bəndində göstərilmişdir ki, böhtan və təhqir xarakterli məlumatlar mətbuatda dərc edilməklə, radio və televiziya verilişlərində səsləndirilməklə, elektron vasitələrlə yayınlanmaqla, kinoxronikal proqramlarda nümayiş etdirilməklə, əsərlərdə təsvir edilməklə, yığıncaq və toplantılarda deyilməklə, məktub, ərizə və şikayətlərdə göstərilməklə, idarə, müəssisə və təşkilatlardan çıxan sənədlərdə əks etdirilməklə və sair üsullarla yayıla bilər. Lakin, CM-in 147 və 148-ci maddələrinin mənasına görə, şəxs böhtana, yəni yalan olduğunu bilə-bilə hər hansı şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatları yaymaya və təhqirə, yəni şəxsiyyətin şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltmaya görə o halda cinayət məsuliyyətinə cəlb edilə bilər ki, təhqir və böhtan xarakterli məlumatlar onun tərəfindən kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında yayılmış olsun. Azərbaycan Respubikası Konstitusiyasının 46-cı maddəsinə əsasən hər kəsin öz şərəf və ləyaqətini müdafiə etmək hüququ vardır. Hər kəsin şərəfi dedikdə onun cəmiyyətin üzvü kimi əxlaqi, mənəvi keyfiyyətlərinə, digər insanlara, dövlətə, cəmiyyətə münasibətinə görə ona verilən qiymət, ləyaqəti dedikdə şəxsin öz mənəvi və əqli keyfıyyətlərini, cəmiyyətdəki mövqeyini və nüfuzunu dərk etməsi və özünün özünə verdiyi qiymət, nüfuzu dedikdə isə şəxsin cəmiyyətdə, kollektivdə, dostlarının əhatəsində, təşkilatda öz qabiliyyətinə görə tutduğu mövqe başa düşülür. Belə olan halda aydın olur ki, barəsində xüsusi ittiham qaydasında şikayət verilən (təqsirləndirilən) şəxs X7 tərəfindən “İnstaqram” sosial şəbəkəsində xüsusi ittihamçı X10 bacısı X11 barəsində yazdığı ifadədə mənəvi dəyərlər baxımından xüsusi ittihamçı X10 şərəf və ləyaqətini ləkələyən məlumatlar yaymış və həmin məlumatların doğruluğu məhkəmə araşdırması zamanı öz təsdiqini tapmamışdır. Bununla da X2 törətmiş olduğu bu əməl CM-in 147.1 və 148-ci maddələrinin təsiri altına düşür. Qeyd edilməlidir ki, iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş sübutlarla X2 X10 bacısı barədə təhqir və böhtan xarakterli məlumatlar yayması öz təsdiqini tapmış, həmçinin məhkəmədə həmin məlumatların təhqir və ya böhtan xarakterli olmasını istisna edəcək sübuta rast gəlinməmişdir. Məhkəmə, X5 istinad edilən (CM-in 147.1 və 148-ci maddələri ilə) cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, xüsusi ittihamın əsası kimi məhkəmədə tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu xüsusi ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə, iş üzrə toplanmış sübutların və onların məcmusunu tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, CM-in 147.1 və 148-ci maddələrində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində X2 təqsirliliyi tam sübuta yetirilir. X2 hərəkətlərinə münasibətdə əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. X2 cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar vardır. Belə ki, X2 təqsirli bilindiyi CM-in 147.1 və 148-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməlləri üzrə cinayət məsuliyyətinə cəlb etmə müddəti keçmişdir. Çünki, CM-in 147.1-ci maddəsinə əsasən böhtan, yəni yalan olduğunu bilə-bilə hər hansı şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatları kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, mediada və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında yayma min manatdan min beş yüz manatadək miqdarda cərimə ilə və ya iki yüz qırx saatdan dörd yüz səksən saatadək müddətə ictimai işlər və ya bir ilədək müddətə islah işləri və ya altı ayadək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. CM-in 148-ci maddəsinə əsasən təhqir, yəni kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, mediada və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında şəxsiyyətin şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltma min manatdan min beş yüz manatadək miqdarda cərimə və ya iki yüz qırx saatdan dörd yüz səksən saatadək müddətə ictimai işlər və ya bir ilədək müddətə islah işləri və ya altı ayadək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. CM-in 15.2-ci maddəsinə əsasən qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə bu Məcəllə ilə azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza nəzərdə tutulmuş əməllər, yaxud qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə bu Məcəllə ilə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi iki ildən artıq olmayan əməllər böyük ictimai təhlükə törətməyən cinayətlər hesab olunur. Qanunvericiliyin tələblərindən göründüyü kimi, barəsində xüsusi ittiham qaydasında şikayət verilən (təqsirləndirilən) şəxs X2 təqsirləndirildiyi CM-in 147.1 və 148-ci maddələri cinayətlərin təsnifatına görə böyük ictimai təhlükə törətməyən cinayətlər hesab olunur. Bununla yanaşı, xüsusi ittiham qaydasında verilmiş şikayətdən, eləcə də məhkəmə baxışında tədqiq edilmiş sübutların məcmusundan müəyyən olunur ki, barəsində xüsusi ittiham qaydasında şikayət verilən (təqsirləndirilən) şəxs X7 tərəfindən CM-in 147.1 və 148-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərinin törədilməsi 04 noyabr 2022-ci il tarixə təsadüf edir. Göründüyü kimi, hal-hazırkı tarixədək böyük ictimai təhlükə törətməyən cinayət hesab olunan CM-in 147.1 və 148-ci maddələrində nəzərdə tutulan cinayət əməlləinin törədildiyi vaxtdan iki ildən artıq müddət keçmişdir. Bu əsasa görə də, X7 CM-in 75.1-ci maddəsinə əsasən həmin maddələr ilə cinayət məsuliyyətinə cəlb edilə bilməz. CM-in 75.1.1-ci maddəsinə əsasən böyük ictimai təhlükə törətməyən cinayətin törədildiyi gündən iki il keçdikdə şəxs cinayət məsuliyyətinə cəlb edilə bilməz. CM-in 75.2-ci maddəsinə əsasən müddətlər, cinayətin törədildiyi gündən ittiham hökmünün qanuni qüvvəyə mindiyi anadək hesablanır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 39.1.3-cü maddəsinə əsasən cinayət məsuliyyətinə cəlb etmə müddətləri keçdikdə (cinayət məsuliyyətinə cəlb etmə müddətinin dayandırılması halları istisna olmaqla) cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanmış cinayət işi üzrə icraata xitam verilməlidir). Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 43.3-cü maddəsinə əsasən məhkəmə baxışının gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə, həmçinin bu Məcəllənin 39.1.3, 39.1.12 və 40.2-ci maddələrində nəzərdə tutulmuş hallarda müdafiə tərəfinin razılığı ilə xitam verilməsi barədə məhkəmə qərar çıxarmağa haqlıdır. Beləliklə, qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, X7, təqsirli bilindiyi CMin 147.1 və 148-ci maddələrində nəzərtdə tutulmuş cinayət əməlləri böyük ictimai təhlükə törətməyən cinayət cinayətlər kateqoriyasına aid olduğundan və sonuncu tərəfindən qeyd olunan cinayət əməllərinin törədilməsindən 2 (iki) ildən artıq müddət keçdiyindən, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 39.1.3-cü maddəsinə əsasən X7, təqsirli bilindiyi CM-in 147.1 və 148-ci maddələri ilə nəzərdə tutulmuş cinayət məsuliyyətindən azad edilməli və xüsusi ittiham qaydasında şikayət üzrə icraata cinayət məsuliyyətinə cəlb etmə müddətinin keçməsi əsası ilə xitam verilməlidir. Bundan başqa, məhkəmə Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 197-198-ci maddələrinə əsasən hesab edir ki, məhkəmə ekspertizasının keçirilməsinə xərclənmiş 100 (yüz) manat məbləğində pul vəsaiti X3 tutulmalıdır. Xüsusi ittiham qaydasında şikayət CM-in 99-1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə ediləcək əmlak müəyyən edilməmişdir. Həmçinin iş üzrə mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 39, 43, 197-198, 321 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 39.1.3-cü maddəsinə əsasən X7, təqsirli bilindiyi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 147.1 və 148ci maddələrində nəzərdə tutulmuş cinayət əməlləri üzrə cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyindən, həmin maddələrlə nəzərdə tutulmuş cinayət məsuliyyətindən azad edilsin və xüsusi ittiham qaydasında şikayət üzrə icraata xitam verilsin. İş üzrə məhkəmə ekspertizasının keçirilməsinə xərclənmiş 100 (yüz) manat məbləğində pul vəsaiti X1 tutularaq X4 KOD 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ ******************** S.W.İ.F.T. BİK CTREAZ 22 saylı məhkəmə ekspertizası mərkəzi VÖEN ********** hesab AZ34CTRE******************** saylı hesaba keçirilsin. Qərardan elan olunduğu andan 20 gün müddətində və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 385-ci maddəsində müəyyən edilmiş qaydada Şirvan Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Qərardan apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə, qərar həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim: Xatın Cabbarlı
Məhkəmə qərarları › İş №1(020)-2/2025
Beyləqan Rayon Məhkəməsi Qərar — İş №1(020)-2/2025
15.05.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver