Məhkəmə qərarları › İş №1(020)-22/2025

Beyləqan Rayon Məhkəməsi Hökm — İş №1(020)-22/2025

16.04.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Beyləqan rayon İş № 1(020)-22/2025 16.04.2025 BEYLƏQAN RAYON MƏHKƏMƏSİ Beyləqan Rayon Məhkəməsinin hakimi Nurullayev Ramiz Vəliş oğlunun sədrliyi, Quliyev Zaur Qulu oğlunun katibliyi, Dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbənin Şirvan Apellyasiya Məhkəməsinin yurisdiksiyasına aid olan birinci instansiya məhkəmələri üzrə prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs- Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs- Təqsirləndirilən şəxs və onun müdafiəçisi Beyləqan rayonu Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx.xx.1989-cu ildə Füzuli rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, evli, orta təhsilli, əvvəllər məhkum olunmamış, fərdi əməklə məşğul olan, Füzuli rayonu, Horadiz kəndində qeydiyyatda olmaqla Beyləqan rayonu Yuxarı Aran kəndində yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs etibardan sui istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədilə Beyləqan rayonu Mayak qəsəbəsində yaşayan Zərərçəkmiş şəxs yaşadığı evə üçfazalı işıq sayğacı quraşdıracağı barədə qəsdən yalan vəd verib, belə niyyəti olmadan aldadaraq vahid niyyətlə əhatə olunan qəsdlə 10 iyun 2023-cü il tarixdə Zərərçəkmiş şəxs yaşadığı evin qarşısında 850 manat pulu nağd şəkildə, 15 iyun 2023-cü il tarixdə Zərərçəkmiş şəxs yaşadığı evin qarşısında 450 manat pulu nağd şəkildə ələ keçirib, vədinə əməl etməyərək əldə olunmuş məbləği şəxsi ehtiyaclarına sərf edərək Zərərçəkmiş şəxs cəmi 1300 manat maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, o, təkrarən etibardan sui istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədilə Beyləqan rayonu Mayak qəsəbəsində yaşayan Zərərçəkmiş şəxs Dövlət Təhlükəsizlik Xidmətinin Hərbi əks-kəşfiyyat baş idarəsində əməliyyat müvəkkili vəzifəsinə işə düzəldəcəyi barədə qəsdən yalan vəd verib, belə niyyəti olmadan aldadaraq vahid niyyətlə əhatə olunan qəsdlə 25 iyun 2024-cü il tarixdə Zərərçəkmiş şəxs yaşadığı evin qarşısında 3000 manat pulu nağd şəkildə, Zərərçəkmiş şəxs qardaşı Şahid tərəfindən 17 avqust 2023-cü il tarixdə, saat 12:19-da Beyləqan şəhəri, Magistral küçəsi ərazisində yerləşən “Ay market” adlı ərzaq mağazasının daxilində yerləşən “PashaPay“ Məhdud Məsuliyyətli Cəmiyyətinə məxsus “MilliÖn” ödəmə terminalından ona məxsus +994 99 *** ** ** saylı m10 hesabına göndərilmiş Zərərçəkmiş şəxs məxsus 1500 manat pulu hesabdan çıxarmaqla və 21 avqust 2023cü il tarixdə Beyləqan rayonu Mayak qəsəbəsi ərazisində Zərərçəkmiş şəxs yaşadığı evin qarşısında 200 manat pulunu nağd şəkildə ələ keçirib, vədinə əməl etməyərək əldə olunmuş məbləği şəxsi ehtiyaclarına sərf edərək Zərərçəkmiş şəxs cəmi 4700 manat maddi ziyan vurmaqla təkrar dələduzluq etmişdir. Məhkəmədə iclasında Təqsirləndirilən şəxs özünü elan edilmiş ittiham üzrə təqsirli bilərək göstərdi ki, Füzuli rayonu, Horadiz kəndində qeydiyyatda olmaqla Beyləqan rayonu Yuxarı Aran kəndində yaşayır. Beyləqan rayonu Mayak qəsəbə sakini Zərərçəkmiş şəxs bir neçə ildir ki tanıyır, onunla ədavət və düşmənçiliyi yoxdur. Onun elektrik işindən başı çıxdığı üçün əvvəllər bir neçə dəfə yaşadığı kənd ərazisində və qonşu kəndlərdə işıq nəzarətçisinin yanında müxtəlif yerlərə getmiş və lazım olduqda müstəqil olaraq elektrik işi görmüşdür. Həmin vaxtlardan Muradla münasibəti yaranmışdır. O bir neçə dəfə müstəqil olaraq Muradın qapısında müxtəlif elektrik xəttlərinin çəkilməsi işini görmüşdür. Murad özü yaşadığı evin həyətində qaynaq işi ilə məşğul olur. Lakin onun yaşadığı kənd ərazisində işıq zəif olduğu üçün o qaynaq işini görə bilməmişdir. 2023-cü ilin iyun ayının əvvəlində Murad yaşadığı evə üç fazalı işıq sayğacı quraşdırmaq istədiyini ona bildirmişdir. Həmin vaxt onun pula ehtiyacı olduğu üçün o Muraddan bir qədər pul əldə etmək qərarına gəlmiş və Murada yaşadığı evə üç fazalı işıq sayğacı quraşdıra biləcəyini, lakin çox xərci çıxacağını bildirmişdir. Murad onunla razılaşaraq nə xərci olsa ödəyəcəyini bildirmişdir. Murada hal-hazırda sayğacın təxminən 1300 manata quraşdırılacağını demiş, Murad da razılaşmışdır. Buna görə o 10 iyun 2023-cü il tarixdə sayğac üçün ilk olaraq Muraddan 850 manat pul istəmişdir. Murad həmin gün yaşadığı evin qarşısında ona 850 manat pul vermişdir. O pulu almış və Muradı aldadaraq sayğac gələn kimi quraşdıracağını bildirmişdir. Sonra o pulu şəxsi ehtiyaclarına xərcləmişdir. Bundan sonra 15 iyun 2023-cü il tarixdə ona yenədə pul lazım olmuş və sayğac üçün Muraddan yerdə qalan 450 manat pulu istəmişdir. Murad həmin pulu da yaşadığı evin qarşısına ona vermişdir. Həmin pulu da şəxsi ehtiyaclarına xərcləmişdir. Muradla söhbət əsnasında X1 Xidmətində tanışlarının olduğunu bildirmişdir. Murad ondan onu Dövlət Təhlükəsizlik Xidmətində asabist kimi işə düzəldə bilib- bilməyəcəyini soruşmuşdur. Ona pul lazım olduğu üçün o Muradı aldadıb pulunu ələ keçirmək qərarına gəlmiş və onu Dövlət Təhlükəsizlik Xidmətində asabist kimi işə qəbul etdirə biləcəyini demişdir. Murada işə görə xərcinin çıxacağını bildirmişdir. Murad onunla razılaşmışdır. 25 iyun 2023-cü il tarixdə Murada zəng edib iş üçün ilk öncə 3000 manat pul lazım olduğunu demişdir. Murad evinin qarşısında ona 3000 manat pul vermiş, həmin pulu da şəxsi ehtiyaclarına sərf etmişdir. Bundan sonra 17 avqust 2023-cü il tarixdə ona yenə də pul lazım olmuş və o yenə Murada zəng edərək iş üçün 1500 manat pul istəmişdir. Murad ona hesab nömrəsi göndərməyini demiş və o ona özünə məxsus +994 99 *** ** ** saylı m10 hesabını göndərmişdir. Murad həmin gün onun göndərdiyi hesaba 1500 manat pul göndərmişdir. O həmin pulu hesabdan çıxarıb öz şəxsi ehtiyaclarına sərf etmişdir. Bundan sonra 21 avqust 2023-cü il tarixdə Muraddan 200 manat da almışdır. Muraddan pulu alarkən işin qısa müddətə düzələcəyini bildirmişdir. Bundan sonra Murad tez-tez işin niyə düzəlmədiyini ondan soruşmuşdur. O, hər dəfə müxtəlif bəhanələr gətirsə də Murad nə işıq sayğacının quraşdırılmadığı, nə də Dövlət Təhlükəsizlik Xidmətinə işə düzəlmədiyini görmüş və ondan pullarını geri istəmişdir. Lakin o pulları xərclədiyi üçün ona pul qaytara bilməmiş və tez bir zamanda geri qaytaracağını bildirmişdir. Lakin uzun müddət keçməsinə baxmayaraq Muraddan aldığı pulları geri qaytara bilməmişdir. Buna görə də Murad onu aldadıb pulunu ələ keçirməsi barədə şikayət etmişdir. Zərərçəkmiş şəxs aldığı puldan heç kəsə verməmiş, onun yaşadığı evə üç fazalı sayğac quraşdırmaq və onu Dövlət Təhlükəsizlik Xidmətinə asabist vəzifəsinə düzəltmək üçün heç kəsdən xahiş etməmişdir. Zərərçəkmiş şəxsə dəymiş ziyanı ödəmiş, zərərçəkmiş şəxslə barışmış və zərərçəkmişin ondan tələb və şikayəti yoxdur. Göstərilənləri nəzərə alaraq ona yüngül cəza verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs verdiyi ifadəsində göstərdi ki, Beyləqan rayonu Mayak qəsəbəsində yaşayır. Təqsirləndirilən şəxs bir neçə ildir ki tanıyır, aralarında ədavət və düşmənçilik yoxdur. O N saylı hərbi hissədə MAHHXHQ kimi xidmət edir və 11 illik iş stajı vardır. Təqsirləndirilən şəxs bir neçə il işıq nəzarətçisinin yanında yaşadığı qəsəbədə görmüşdür. Həmin vaxtlardan onunla münasibəti yaranmışdır. Əli həmin vaxtlar elektrik işindən anladığını və işıq, elektrik xətti çəkilməsi ilə bağlı müxtəlif işlər bacardığını ona bildirmişdir. Əli bir neçə dəfə yaşadığı evdə də elektrik xətti çəkmişdir. O asudə vaxtlarında qapıda qaynaq işi ilə məşğul olmuşdur. Lakin yaşadığı kənd ərazisində işıq zəif olduğu üçün qaynaq işlərini rahat görə bilməmişdir. Buna görə də o yaşadığı evə üçfazalı sayğac quraşdırmaq qərarına gəlmişdir. 2023-cü ilin iyun ayında Əliyə yaşadığı evə üçfazalı işıq sayğacı quraşdırmaq istədiyini bildirmişdir. Əli ona həmin sayğacı onun quraşdıra biləcəyini, lakin xərcinin çox çıxacağını bildirmiş, o isə nə qədər pul lazım olsa ödəyəcəyini bildirmişdir. Əli sayğacın quraşdırılmasının təxminən 1300 manata başa gələcəyini demişdir. 10 iyun 2023-cü il tarixdə Əli ilk olaraq sayğac üçün ondan 850 manat pul istəmişdir. O həmin 850 manat pulu evinin qarşısında Əliyə vermişdir. Əli pulu ondan almış və sayğac gələn kimi quraşdıracağını deyib çıxıb getmişdir. Bundan sonra 15 iyun 2023cü il tarixdə sayğac üçün Əliyə yenidən 450 manat pul vermişdir. Həmin vaxtlar Əli ilə yaxın münasibətləri yaranmışdır. O Əliylə söhbət edərkən Əli ona Dövlət Təhlükəsizlik Xidmətində tanışlarının olduğunu bildirmişdir. O, həmin vaxtlar Dövlət Təhlükəsizlik Xidmətində asabist vəzifəsinə düzəlmək istəmişdir. Buna görə də Əlidən onu Dövlət Təhlükəsizlik Xidmətində asabist kimi işə düzəldə bilib-bilməyəcəyini soruşmuşdur. Əli onu Dövlət Təhlükəsizlik Xidmətində asabist kimi işə qəbul etdirə biləcəyini demiş, lakin işə düzəlməyə görə pulunun çıxacağını bildirmişdir. O Əli ilə onunla razılaşaraq işi danışmasını bildirmişdir. 25 iyun 2023-cü il tarixdə Əli ona zəng edib iş üçün ilk öncə 3000 manat pul lazım olduğunu demişdir. O həmin gün yaşadığı evin qarşısında Əliyə 3000 manat pul vermişdir. 17 avqust 2023-cü il tarixdə Əli yenə də zəng edərək iş üçün 1500 manat pul istəmişdir. O pulu Əlinin kartına göndərə biləcəyini deyib hesab nömrəsini ona göndərməsini demişdir. Əli özünə məxsus +994 99 *** ** ** saylı m 10 hesabını ona göndərmişdir. O özü işə tələsdiyi üçün qardaşı Şahid 1500 manat pul verib həmin pulu Əlinin hesabına göndərməsini xahiş etmişdir. Rəşad həmin gün Beyləqan şəhəri ərazisində yerləşən Ay market adlı mağazada quraşdırılmış ödəmə terminalı vasitəsilə Əlinin göndərdiyi +994 99 *** ** ** saylı mlO hesabına 1500 manat pul göndərmiş və qəbzini ona vermişdir. Bundan sonra 21 avqust 2023-cü il tarixdə Əli ona zəng edib iş üçün yenə də 200 manat da pul lazım olduğunu demişdir. O həmin 200 manat pulu evinin qarşısında Əliyə vermişdir. Əli işin tez bir zamanda düzələcəyini bildirib çıxıb getmişdir. Bundan sonra o teztez Əliylə danışıb işin niyə düzəlmədiyini soruşmuşdur. Əli hər dəfə müxtəlif bəhanələr gətirərək işin qısa zamanda düzələcəyini demişdir. Lakin xeyli müddət keçməsinə baxmayaraq o nə işıq sayğacının quraşdırılmadığını, nə də Dövlət Təhlükəsizlik Xidmətinə işə düzəlmədiyini görüb Əlinin onu aldatdığını başa düşmüş və ona verdiyi pulları geri qaytarmasını tələb etmişdir. Lakin Əli pulları xərclədiyini və tez bir zamanda geri qaytaracağını bildirmişdir. Həmin vaxtdan da uzun müddət keçsə də Əli ondan aldığı pulları geri qaytarmamışdır. Buna görə də o Əlinin onu aldadıb pulunu ələ keçirməsi barədə şikayət etmişdir. Hazırda ona dəymiş ziyan tam ödənmiuşdir, Təqsirləndirilən şəxs heç bir şikayət və tələbi yoxdur, yüngül cəza təyin edilməsini xahiş edir. Zərərçəkmiş şəxs məhkəməyə ərizə təqdim edərək ona dəymiş ziyanın Təqsirləndirilən şəxs tərəfindən tam şəkildə ödənildiyini, təqsirləndirilən şəxsdən tələb və şikayətinin olmadığın göstərmiş və təqsirləndirilən şəxsə həbslə əlaqədar olmayan daha yüngül cəza verilməsini məhkəmədən xahiş etmişdir. İş üzrə şahid qismində dindirilmiş Şahid məhkəmədə verdiyi ifadəsində göstərdi ki, Beyləqan rayonu, Mayak qəsəbəsində yaşayır. Zərərçəkmiş şəxs qardaşıdır. Təqsirləndirilən şəxs tanıyır, aralarında ədavət və ya düşmənçilik yoxdur və əvvəllər də olmamışdır. Təqsirləndirilən şəxs bir neçə ildir ki, yaşadığı qəsəbədə işıq nəzarətçisinin yanında görmüşdür. Qardaşı Murad asudə vaxtlarında yaşadığı evin qapısında qaynaq işi ilə məşğul olur. Lakin yaşadıqları kənd ərazisində işıq zəif olduğu üçün Murad qaynaq işlərini rahat görə bilmədiyindən yaşadığı evə üçfazalı sayğac quraşdırmaq qərarına gəlmişdir. 2023-cü ilin iyun ayında Murad Əlidən onun qapısına üçfazalı sayğac quraşdırmasını xahiş etmişdir. Əli sayğacı quraşdıra biləcəyini, lakin xərcinin çox çıxacağını bildirmiş, Murad da onunla razılaşmışdır. 10 iyun 2023-cü il tarixdə Əli ilk olaraq Muraddan 850 manat pul istəmiş və Murad Əliyə 850 manat pul vermişdir. Bundan sonra Əli 15 iyun 2023-cü il tarixdə Muraddan yenə də 450 manat pul istəmiş, Murad həmin gün Əliyə 450 manat pul vermişdir. X5pısına üçfazalı sayğac quraşdırmamışdır. Həmin vaxtlar isə Əli X1 Xidmətində tanışlarının olduğunu və həmin tanışları vasitəsilə X2 Xidmətində asabist kimi işə düzəldə biləcəyini bildirmişdir. Murad Əlidən onu Dövlət Təhlükəsizlik Xidmətində asabist kimi işə düzəldə bilib-bilməyəcəyini soruşmuş, Əli onu Dövlət Təhlükəsizlik Xidmətində asabist kimi işə qəbul etdirə biləcəyini, lakin işə düzəlməyə görə pulun çox çıxacağını demişdir. İyun ayının axırlarında Əli iş üçün Muraddan 3000 manat pul istəmiş və Murad da evinin qarşısında Əliyə 3000 manat pul vermişdir. 17 avqust 2023-cü ildə isə Əli yenidən Muraddan iş üçün pul istəmiş, Murad işə getdiyi üçün ona 1500 manat pul verib Əlinin hesabına göndərməyini ondan xahiş etmişdir. Mən pulu alıb Beyləqan şəhəri Ay marketdəki terminal vasitəsilə Əlinin göndərdiyi +994 99 320 20 83 saylı m10 hesabına 1500 manat pul göndərib çekini də Murada vermişdir. Bir müddət sonra Murad yenə də evinin qarşısında Əliyə iş üçün 200 manat pul vermişdir. Lakin xeyli müddət keçə də Əli nə işıq sayğacını quraşdırmış, nə də X2 Xidmətinə işə düzəlmişdir. Bundan sonra Murad Əlinin onu aldatdığını başa düşüb verdiyi pulları geri qaytarmasını tələb etmişdir. Əli pulları xərclədiyini və tez bir zamanda geri qaytaracağını desə də, uzun müddət keçməsinə baxmayaraq Əli aldığı pulları geri qaytarmamışdır. Buna görə də Murad Əlinin onu aldadıb pulunu ələ keçirməsi barədə şikayət etmişdir. İş materiallarına əlavə edilmiş cinayət işinin başlanması və icraata qəbul edilməsi barədə qərardan görünür ki, cinayət işinin başlanması üçün səbəb və əsas Beyləqan rayonu, Mayak qəsəbəsi sakini Zərərçəkmiş şəxs 2023-cü ilin yay aylarında yaşadığı evə işıq sayğacı quraşdırması və onu Dövlət Təhlükəsizlik Xidmətinə işə düzəltməsi məqsədilə Təqsirləndirilən şəxs ümumilikdə 6000 manat pul verməsi, lakin onun vədinə əməl etməməsi barədə 29 avqust 2024-cıı il tarixdə Dövlət Təhlükəsizlik Xidmətinin Beyləqan rayon şöbəsi və Daxili İşlər Nazirliyinin Beyləqan rayon polis şöbəsinə etdiyi müraciət əsasında Beyləqan rayon polis şöbəsinin Təhqiqat və İstintaq bölmələrində toplanmış materiallar olmuşdur. İş materiallarına əlavə edilmiş “Baxış keçirilməsi haqqında” 20 yanvar 2025-ci il tarixli protokoldan görünür ki, baxış keçirilən qəbzin yuxarı hissəsində mlO hesabının artırılması sözləri yazılmışdır. Həmin qəbzdə +994 99 *** ** ** nömrəli hesaba xx.xx.2023-cü il tarixdə saat 12:19:23-də Beyləqan şəhəri. Magistral küçəsində yerləşən Ay market adlı mağazada MilliÖN ödəmə terminalı vasitəsilə 1500 (min beş yüz) manat pul göndərilməsi göstərilmişdir. Beləliklə, məhkəmə iclasında Təqsirləndirilən şəxs öz etirafı ilə yanaşı, zərərçəkmiş şəxs, şahid ifadələri, habelə işin məhkəmə iclasında tədqiq edilib öz təsdiqini tapmış digər materialları ilə Təqsirləndirilən şəxs etibardan sui-istifadə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədilə təkrarən dələduzluq etməsi kifayət qədər sübuta yetmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs həmin hərəkətində Azərbaycan Respublikası CM-in 178.2.2-ci maddəsinin tərkibi vardır. Ona görə də o, həmin maddə ilə təqsirli bilinib cəzalandırılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissənin müvafiq maddəsində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə görə cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinin məzmununa görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı Qərarının 2-ci bəndində göstərilir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarının 3-cü bəndinə əsasən, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası CM-nin 58 və 59-cu maddəsinin tələblərini, o cümlədən, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, habelə təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistika İnformasiya İdarəsi tərəfindən verilmiş 20 noyabr 2024-cü il tarixli tələbnaınədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarına əlavə edilmiş Beyləqan rayon İcra hakimiyyəti başçısının Yuxarı Aran kəndi inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən verilmiş 03 fevral 2025-ci il tarixli, 37 nömrəli arayışından görünür ki, Bayramov X4 rayonu Yuxarı Aran kəndində yaşayır və himayəsində 2014-cü il təvəllüdlü oğlu Hüseyn Bayramov və 2019-cu il təvəllüdlü oğlu Tərxan Bayramlı vardır. İş materiallarına əlavə edilmiş Beyləqan rayon İcra hakimiyyəti başçısının Yuxarı Aran kəndi İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs müsbət xaraterizə olunmuşdur. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində 2 azyaşlı uşağının olmasını Azərbaycan Respublikası CM-in 59.1.4-cü maddəsinə, Zərərçəkmiş şəxs ilə barışıq əldə etməsini CM-nin 59.1.12-ci maddəsinə, iş üzrə törətdiyi cinayət əməli nəticəsində sonuncuya vurduğu maddi ziyanı tam ödəməsini həmin Məcəllənin 59.1.13-cü maddəsinə, yaşayış yeri üzrə müsbət xarakterizə edilməsini, əməlindən səmimi peşman olmasını həmin Məcəllənin 59.2-ci maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs hərəkətlərində Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs barəsində cəza təyini ilə bağlı məsələni müzakirə edib, hesab edir ki, yuxarıda göstərilən cəzanı yüngülləşdirən hallarla yanaşı onun şəxsiyyəti, ailə vəziyyəti, nəzərə alınmaqla ona Azərbaycan Respublikası CM-in 178.2.2-ci maddələsinin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudulaşdırılması növündə cəza təyin edilməsi qanuna və məqsədəmüvafiqdir. Məhkəmə həmçinin, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə cəzaçəkmə müddəti ərzində yaşayış yerini hər gün saat 22:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, yaşadığı ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifələri qoyulmasını qanuna və məqsədə müvafiq hesab edir. İş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki, Təqsirləndirilən şəxs 24 dekabr 2024-cü il tarixdə saat 00:25 radələrində şübhəli şəxs kimi tutulmuş və həmin gün saat 11:55-də barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilməklə həbsdən azad edilmişdir. Ona görə də Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması cəzası Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinin tələbləri nəzərə alınmaqla təyin edilməlidir. İş üzrə mülki iddia və ekspertiza xərci yoxdur, xüsusi müsadirə təyin edilməsi üçün əsas müəyyən edilməmişdir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358, 384cü maddələrini rəhbər tutaraq məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, ona 1(bir) il 6(altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 24 dekabr 2024-cü il tarixdə şübhəli şəxs kimi tutulduğu 1 gün müddət 2 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına hesablansın, üzərində qəti olaraq 1(bir) il 5(beş) ay 28(iyirmi səkkiz) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Cəzanın əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə cəzaçəkmə müddəti ərzində yaşayış yerini hər gün saat 22:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, yaşadığı Beyləqan rayonu ərazisinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifələri qoyulsun. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Beyləqan rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə mindikdən sonra ləğv edilsin. İş üzrə maddi sübut olan - Zərərçəkmiş şəxs təqdim etdiyi 01 ədəd ödəniş qəbzi cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs məhkəmə istintaqı dövründə göstərdiyi hüquqi yardıma görə 25 (iyirmi beş) saat üçün 150 (yüz əlli) manat Beyləqan rayon vəkil bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına ödənilsin. Hökmün surəti həmin hissədə icrası üçün Azərbaycan Respublikası Vəkillər X3 və Tədris Mərkəzinə göndərilsin. İş üzrə mülki iddia, məhkəmə xərcləri və xüsusi müsadirə olunması təklif edilən əmlak yoxdur. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Beyləqan Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Həmin müddət ərzində şikayət və protest verilməzsə hökm həmin müddət bitdiyi gündən sonrakı gün qanuni qüvvəsini alır. Hakim: Ramiz Nurullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar