Məhkəmə qərarları › İş №1(020)-28/2024

Beyləqan Rayon Məhkəməsi Hökm — İş №1(020)-28/2024

25.04.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Beyləqan rayon İş № 1(020)-28/2024 25.04.2024 BEYLƏQAN RAYON MƏHKƏMƏSİ Beyləqan Rayon Məhkəməsinin hakimi Nurullayev Ramiz Vəliş oğlunun sədrliyi, Quliyev Zaur Qulu oğlunun katibliyi, Dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbənin Şirvan Apellyasiya Məhkəməsinin yurisdiksiyasına aid olan birinci instansiya məhkəmələri üzrə prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs- Zərərçəkmiş şəxs1, Təqsirləndirilən şəxs- Təqsirləndirilən şəxs və onun müdafiəçisi Beyləqan rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxxxx 1981-ci ildə Beyləqan rayonu, İİ Şahsevən kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, Beyləqan rayon məhkəməsinin 26 oktyabr 2009-cu il tarixli hökmünə əsasən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.2-ci maddəsi ilə təqsirli bilinərək CM-in 62-ci maddəsi tətbiq edilməklə üç min manat cərimə cəzasına məhkum edilmiş, CM-nin 69.4-cü maddəsinə əsasən həbsdə olduğu bir ay iyirmi üç gün müddət nəzərə alınaraq ona təyin edilmiş cəza yüngülləşdirilməklə üzərində qəti olaraq min manat cərimə cəzası saxlanılmış, Beyləqan rayonu, İİ Şahsevən kəndində qeydiyyatda olmaqla yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, M ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs 18 noyabr 2023-cü ildə, saat 19 radələrində Beyləqan şəhəri, Akif Əkbərov küçəsində Şahid məxsus “Mercedes Benz” markalı, **-BJ-*** dövlət qeydiyyat nişanlı avtomobilin qabaq oturacaqları arasında yerləşən əşya qutusundan Şahid anası Zərərçəkmiş şəxs2 adına olan "xxxx" Açıq Səhmdar Cəmiyyətinə məxsus elektron məlumat daşıyıcısı hesab olunan **********976811 nömrəli bank kartını götürüb, həmin gün saat 22:36-da Beyləqan rayonu, Birinci Şahsevən kəndində yerləşən “Davud" marketin qarşısında quraşdırılmış "xxxx" Açıq Səhmdar Cəmiyyətinə məxsus bankomata həmin elektron məlumat daşıyıcısını daxil edib bankomatdan Zərərçəkmiş şəxs2 bank hesabında olan 342 manat pulu çıxararaq oğurlamış, yəni gizli olaraq talamışdır. Bundan başqa o, təkrarən 18 noyabr 2023-cü ildə, saat 19 radələrində Beyləqan şəhəri, Akif Əkbərov küçəsində Şahid məxsus “Mercedes Benz” markalı, **-BJ-*** dövlət qeydiyyat nişanlı avtomobilin qabaq oturacaqları arasında yerləşən əşya qutusundan Şahid arvadı Zərərçəkmiş şəxs1 adına olan "xxxx" Açıq Səhmdar Cəmiyyətinə məxsus elektron məlumat daşıyıcısı hesab olunan **********428601 nömrəli bank kartını götürüb, 20 noyabr 2023-cü il tarixdə, saat 18:39-da Beyləqan rayonu, Birinci Şahsevən kəndində yerləşən “Davud” marketin qarşısında quraşdırılmış "xxxx" Açıq Səhmdar Cəmiyyətinə məxsus bankomata həmin elektron məlumat daşıyıcısını daxil edib bankomatdan Zərərçəkmiş şəxs1 bank hesabında olan 288 manat pulu çıxararaq təkrar oğurlamış, yəni gizli olaraq talamışdır. Məhkəmə iclasında təqsirləndirilən şəxs- Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bildi və ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 Gülalı qızı onun həmkəndliləridir, həmin şəxslərlə münasibəti normaldır, aralarında heç bir ədavət və düşmənçilik yoxdur. 17 noyabr 2023-cü il tarixdə axşam saatlarında Höküm ona zəng edərək ekskavatorunun xarab olduğunu, ekskavatoru düzəltmək lazım olduğunu demişdir. O, əvvəllər də bir neçə dəfə Hökümün ekskavatorunu düzətmişdir. Höküm ekskavatoru xarab olanda onu aparmış, o da ekskavatoru düzəltməyə köməklik etmişdir. Höküm zəhmət haqqı olaraq ona bəzən 10 manat, bəzən də 15 manat pul vermişdir. Onun özünün əvvəllər traktoru olduğu üçün traktor və ekskavator təmir etməyi bacarır. Höküm ona zəng edən gün gec olduğu üçün Hökümə sabah gedib ekskavatoru düzəltməyi bildirmiş, Höküm də onunla razılaşmışdır. 18 noyabr 2023-cü il tarixdə 16 radələrində Höküm ona zəng edib Beyləqan rayonuna gəlməsini bildirmişdir. O, Hökümə piyada olduğunu demişdir. Höküm ona yaşadığı evə getməsini və ona məxsus “Mercedes Benz” markalı avtomobillə oğlu Zamini də evdən götürüb Beyləqan şəhərinə gəlməsini bildirmişdir. O, Hökümün yaşadığı evə gedib Zamini çağırmışdır. Zamin evdən çölə çıxdıqda Zamin atası Hökümlə danışdığını bildirmiş, Zaminlə avtomobilə əyləşib Beyləqan şəhərinə yola düşmüşlər. Zamin də sağ qabaq oturacaqda əyləşmişdir. O, Hökümün dediyi kimi Beyləqan şəhəri, Akif Əkbərov küçəsinə gəlmiş və Hökümün ekskavatorun yanında dayandığını görmüşdür. O, avtomobildin düşüb Hökümlə salamlaşmış və ekskavatorun yanına gedib onu təmir etməyə başlamışdır. Ekskavatoru yoxlayaraq yağ borusunun partladığını müəyyən etmişdir. Onlar bir saata ekskavatoru düzəltmişlər. O, ekskavatoru təmir etdikdən sonra Hökümə məxsus “Mercedes Benz” markalı avtomobilə minmişdir. Höküm və Zamin ona kömək etdikləri üçün əlləri çirkli olmuş, onlar əllərini yumuşlar. O, tək olduğu üçün avtomobildən oğurluq etmək qərarına gəlmiş və avtomobilin içərisini gəzməyə başlamışdır. 18 noyabr 2023-cü ildə, saat 19 radələrində o, avtomobilin qoltuqaltı yerini açan zaman orada iki ədəd "xxxx" Açıq Səhmdar Cəmiyyətinə məxsus göy rəngli plastik kart olduğunu görmüşdür. Həmin kartların üzərində Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 sözləri yazılmışdır. Tamara Bayrova adı yazılan kartın üzərində **********428601 saylı hesab nömrəsi, Zərərçəkmiş şəxs1 yazılan kartın üzərində isə **********976811 saylı hesab nömrəsi olmuşdur. O, kartların Hökmün anası Tamara və arvadı Könülə məxsus olmasını bilmişdir. Tamara xəstə olduğu üçün təqaüd alır, Könül isə müəllimə olduğu üçün maaş alır. Tamarının kartının üzərində 1941 şifrəsi yazılmışdır. Könülün kartında isə kod yox idi. Uzun müddət əvvəl Hökümün oğlu Zamin ona anasının kartından pul çıxarmaq üçün bank kartını vermiş və Zamindən kartın kodunu öyrənmişdir. Könülün də kartının kodunun 1980 olmasını bilmişdir. O, bank kartlarını götürüb pulu çıxarmaq qərarına gəlmiş, kartı götürüb pulu çıxarıb kartı yenidən yerinə qoymağı düşünmüşdür. O, kartı götürüb şalvarının sağ cibinə qoymuş, Höküm və Zamin əllərini yuduqdan sonra gəlib avtomobilə əyləşmişlər. Höküm avtomobili idarə edərək onları yaşadıqları kəndə aparmışlar. Höküm kənd ərazisində avtomobili saxlamış və o, avtomobildən düşmüş, Hökümgil isə yaşadıqları evə getmişlər. O, həmin gün axşam Beyləqan rayonu, Birinci Şahsevən kəndinə gedib saat 22:36-da Davud marketin qarşısında yerləşən "xxxx" Açıq Səhmdar Cəmiyyətinə məxsus bankomatdan əvvəlcə Tamaranın kartını bankomata daxil edib 1941 şifrəsini yazmışdır. Kart hesabında 342,36 manat pul olmuş, o, həmin hesabdan 342 manat pulu çıxarmışdır, ikinci kartı daxil etmək istədikdə bankomat işləməmiş, o da bir saat gözləmişdir. O, bankomatın işləmədiyini görüb yaşadığı evə getmişdir. O, 20 noyabr 2023-cü il tarixdə, saat 18:39-da Beyləqan rayonu, Birinci Şahsevən kəndinə gedib Davud marketin qarşısında yerləşən "xxxx" Açıq Səhmdar Cəmiyyətinə məxsus bankomata Könülə məxsus kartı daxil edib 1980 şifrəni yazmış, hesabda 288,94 manat pul olduğunu görmüşdür. O, həmin hesabdan 288 manat pulu da çıxarmış, sonra isə yaşadığı evə getmişdir. O, 21 noyabr 2023-cü il tarixdə Hökümün yaşadığı evə getmiş, həmin vaxt Zamin həyətdə olmuşdur. Hökümə məxsus “Mercedes Benz” markalı avtomobil həyətdə olmuş, o, Zaminə mahnıya qulaq asacağını bildirib avtomobilə yaxınlaşmışdır və qapı açıq olduğu üçün sürücü tərəfdən avtomobilə əyləşmişdir. O, Zaminin ona fikir vermədiyini görüb kartları cibindən çıxarmış və yenidən qoltuqaltı yerinə qoymuşdur. Bir neçə dəqiqədən sonra avtomobildən düşüb Zaminlə sağollaşmış və həyətdən çıxıb evinə getmişdir. O, Könülə və Tamaraya məxsus oğurladığı pulları şəxsi ehtiyacları üçün xərcləmişdir. Bir neçə gün sonra polis əməkdaşları onu polis şöbəsinə dəvət etmişlər. O da gəlib izahat verərək oğurluq etdiyini bildirmişdir. Törətdiyi əməli etiraf etmişdir. Əməlindən peşmandır. Bir daha cinayət törətməyəcəkdir. Zərərçəkmiş şəxslərlə vurduğu ziyanı ödəmişdir. Zərərçəkmiş şəxslərlə barışmışdır. Ona yüngül cəza verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Zərərçəkmiş şəxs1 ifadəsində göstərdi ki, Şahid onun əridir. O, əri Höküm və qaynanası Zərərçəkmiş şəxs2 ilə birlikdə Beyləqan rayonu, İkinci Şahsevən kəndində yerləşən fərdi yaşayış evində yaşayırlar. O, Beyləqan rayonu, İkinci Şahsevən kəndində yerləşən Dayandur Əliyev adına tam orta məktəbdə ibtidai sinif müəllimi işləyir. O, əmək haqqını **********428601 seriya nömrəli Kapital banka aid bank kartından alır. Qaynanası da təqaüdçüdür. Qaynanasə Zərərçəkmiş şəxs2 da təqaüdünü Kapital banka aid kart vasitəsilə alır. Onun və qaynanasının bank kartları həyat yoldaşı Şahiddır. Hər ay Höküm əmək haqqı karta yükləndikdə bankomatdan onun pulunu çıxarır. 27 noyabr 2023cü il tarixdə Höküm evə gələrək ona onun kartında olan 288 manat pulun, qaynanasının kartından 342 manat pulun naməlum şəxs tərəfindən çıxarılmasını bildirmişdir. O da kartların onda olduğunu, kartın kodunu da ondan və Hökümdən başqa heç kimin bilmədiyini demişdir. Əmək haqqı kartı da Hökümdə olduğu üçün o, kartdan pulu kiminsə oğurlamasını düşünmüşdür. Hökümlə birlikdə banka müraciət etmişlər. Bankdan onlara 18 noyabr 2023-cü il tarixdə, saat 22:33-də qaynanası Zərərçəkmiş şəxs2 kartından 342 manat pul, 20 noyabr 2023-cü il tarixdə saat 18:37-də onun kartından 288 manat pulun çıxarılmasını bildirmişlər. Buna görə də Höküm Beyləqan rayon Polis Şöbəsinə gedərək ərizə ilə müraciət etmişdir. Bundan sonra araşdırma zamanı polis əməkdaşları onun və qayınanasının kartından pul çıxaran şəxsin həmkəndliləri Təqsirləndirilən şəxs olmasını müəyyən etmişlər. Təqsirləndirilən şəxsdən şikayət və tələbi yoxdur, ona dəymiş maddi ziyan ödənmişdir. İş üzrə Zərərçəkmiş şəxs2 məhkəmə iclasına gəlnməmiş, məhkəməyə ərizə göndərərək təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyan tam ödənməsini, təqsirləndirilən şəxsdən tələb və şikayətinin olmadığını göstərmişdir. Zərərçəkmiş şəxs2 ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, o, Beyləqan rayonu, İkinci Şahsevən kəndində qeydiyyatda olmaqla yaşayır, Əliyev X2 onun həmkəndlisidir, onunla aralarında hər hansı ədavət və ya düşmənçilik yoxdur. O, insult xəstəsidir, yaşına görə təqaüd alır. Onun təqaüdü 342 manatdır. O, xəstə olduğu üçün təqaüd kartı oğlu Şahid olur. Höküm onun kartından pulunu çəkib onun müalicəsi üçün dərmanları alır, onu xəstəxanaya həkimə aparır. 2023-cü ilin noyabr ayının sonlarında oğlu Höküm ona həmkəndlisi Müqabilin kartı onun maşınından götürüb bankomatdan pulu çəkərək oğurladığını və sonra kartı gətirib yerinə qoyduğunu bildirmişdir. Beləliklə, həmkəndlisi Müqabil onun təqaüd kartından 342 manat pulu oğurlamışdır. İş üzrə şahid qismində dindirilmiş Şahid məhkəmədə verdiyi ifadəsində göstərdi ki, o, 27 noyabr 2023-cü il tarixdə Beyləqan rayon polis şöbəsinə ərizə ilə müraciət edərək naməlum şəxs və ya şəxslərin anası Zərərçəkmiş şəxs2 məxsus təqaüd kartından 342 manat pulun və arvadı Zərərçəkmiş şəxs1 məxsus əmək haqqı kartından 288 manat pulun çıxarılaraq oğurlaması barədə məlumat vermişdir. X1 təqaüdçüdür, onunla birlikdə Beyləqan rayonu, İkinci Şahsevən kəndində yerləşən fərdi yaşayış evində yaşayır. Anası yaşa görə təqaüd alır. Anası Tamaranın 82 yaşı olduğu üçün və həyat yoldaşı Zərərçəkmiş şəxs1 ilə birlikdə anasına baxırlar. Anasının da təqaüd kartı ondadır. Anası 342 manat hər ay təqaüd alır. Arvadı Zərərçəkmiş şəxs1 isə Beyləqan rayonu, İkinci Şahsevən kənd tam orta məktəbində ibtidai sinif müəllimi vəzifəsində işləyir. Könülün də əmək haqqı kartı ondadır. O, hər ay anası Tamara və arvadı Könülün kartından pulu Beyləqan rayonu, Birinci Şahsevən kəndində yerləşən Davud marketdə olan Kapital banka məxsus bankomatdan çıxarır. 27 noyabr 2023-cü il tarixdə Beyləqan rayonu, Birinci Şahsevən kəndində yerləşən Davud marketdə olan Kapital banka məxsus bankomata gedərək kartı daxil etdikdə kartda pulun olmamasını görmüşdür. Anası Zərərçəkmiş şəxs2 məxsus olan kartda 342 manat pul və arvadı Zərərçəkmiş şəxs1 məxsus kartda isə 288 manat pul olmalı imiş, lakin kartlardan kimsə pulları çıxarmışdır. O, buna görə Kapital banka gedərək müraciət etmiş, bankda ona anası Zərərçəkmiş şəxs2 məxsus təqaüd kartından 342 manat pulun və arvadı Zərərçəkmiş şəxs1 məxsus əmək haqqı kartından 288 manat pulun çıxarılmasını bildirmişlər. Onlar qadın olduğu üçün o, özü Beyləqan rayon Polis Şöbəsinə gələrək oğurluq barədə ərizə ilə müraciət etmişdir. Polis əməkdaşları tərəfindən anası və arvadının kartından pul oğurlayan şəxsin həmkəndlisi Təqsirləndirilən şəxs olması müəyyən edilmişdir. O, hər zaman anasının və yoldaşının bank kartlarını özünə məxsus olan “Mersedes Benz” markalı, **-BJ-*** dövlət qeydiyyat nişanlı avtomobilin salonunda saxlayır. Müqabil də bank kartlarını avtomobilin salonunda yerləşən qoltuqaltı yerindən götürüb gedib bankomatdan pulu çıxararaq oğurlamış, sonra da kartları gətirib yerinə qoymuşdur. İş materiallarına əlavə edilmiş cinayət işinin başlanması və icraata götürülməsi barədə qərardan görünür ki, cinayət işinin başlanmasına səbəb və əsas Beyləqan rayonu, İkinci Şahsevən kənd sakini Şahid anası Zərərçəkmiş şəxs2 məxsus təqaüd kartından 342 manat pulun və arvadı Zərərçəkmiş şəxs1 məxsus əmək haqqı kartından 288 manat pulun naməlum şəxs və ya şəxslər tərəfindən çıxarılaraq oğurlaması barədə ərizə ilə Beyləqan rayon Polis şöbəsinə 27 noyabr 2023-cü il tarixdə etdiyi müraciət əsasında Beyləqan rayon Polis şöbəsinin Təhqiqat bölməsində, daha sonra istintaq bölməsində toplanmış materiallar olmuşdur İş materiallarına əlavə edilmiş“Şahidin ifadəsinin yerində yoxlanılması haqqında” 14 fevral 2024-cü il tarxili protokoldan görünür ki, Təqsirləndirilən şəxs 18 noyabr 2023-cü il tarixdə Beyləqan şəhəri, Akif Əkbərov küçəsində dayanmış vəziyyətdə olan Şahid məxsus “Mercedes Benz” **-BJ-*** dövlət-qeydiyyat nişanlı avtomobilin sol qabaq yan qapısını açaraq həmin avtomobilin sürücü oturacağında əyləşib qabaq oturacaqların arasında yerləşən əşya qutusundan Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 məxsus bank kartlarını götürdüyü və "Davud” marketin qarşısında quraşdırılmış bankomatdan həmin kartlardan pul çıxardığı yeri və şəraiti əyani olaraq təqdim etmişdir. İş materiallarına əlavə edilmiş “Baxış keçirilməsi haqqında” 01 dekabr 2023-cü il tarixli protokola əsasən Beyləqan rayonu, İkinci Şahsevən kənd sakini Şahid məxsus “Mercedes Benz” markalı avtomobilə baxış keçirilmişdir. Avtomobilin **-BJ-*** dövlətqeydiyyat nişanlıdır. Avtomobil boz rənglidir. Avtomobilin arxa alın və arxa yan şüşələri qara rənglidir. Avtomobilin salonu qara rənglidir. Salonda qara rəngli, dəri örtüklü oturacaqlar vardır. Mərkəzdə sürətlər qutusu vardır. Sürətlər qutusunun arxa tərəfində qara rəngli qoltuqaltı yeri vardır. Şahid qoltuqaltı yerindən iki dədə bank kartını çıxarıb təqdim edərək Təqsirləndirilən şəxs tərəfindən qoltuqaltı yerindən həmin bank kartlarının götürüldüyünü və içərisindəki pulu oğurladıqdan sonra geri qaytarıb yerinə qoyduğunu bildirmişdir. Bank kartlarından birinin üzərində Zərərçəkmiş şəxs1 sözləri və **********428601 rəqəmləri, digərinin üzərində Zərərçəkmiş şəxs2 sözləri və **********976811 rəqəmləri yazılmışdır. İş materiallarına əlavə edilmiş “Baxış keçirilməsi haqqında” 12 mart 2024-cü il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs1 məxsus "xxxx" Açıq Səhmdar Cəmiyyətinə aid olan **********428601 nömrəli bank kartının bağlı olduğu hesabdan 20 noyabr 2023-cü il tarixdə saat 18:39-da 288 manat pul Beyləqan rayonu, Birinci Şahsevən kəndi ərazisində yerləşən “Davud” marketin qarşısında quraşdırılmış "xxxx" Açıq Səhmdar Cəmiyyətinə məxsus bankomatdan məxaric edilmiş, kart hesabında 0,94 manat pul qalmışdır. Zərərçəkmiş şəxs2 məxsus "xxxx" Açıq Səhmdar Cəmiyyətinə aid olan **********976811 nömrəli bank kartının bağlı olduğu hesabdan 18 noyabr 2023-cü il tarixdə saat 22:36-da 342 manat pul Beyləqan rayonu, Birinci Şahsevən kəndi ərazisində yerləşən “Davud” marketin qarşısında quraşdırılmış "xxxx" Açıq Səhmdar Cəmiyyətinə məxsus bankomatdan məxaric edilmiş, kart hesabında 0,36 manat pul qalmışdır. Qeyd olunan pul vəsaitlərinin ATM vasitəsilə aparılan nağdlaşdırma əməliyyatına dair mövcud görüntülərin olduğu DVD diskə baxış keçirilən zaman görüntülərdə qaranlıq olduğu üçün hər hansı qeyd olunan pul vəsaitlərini məxaric edən şəxsin görüntülərini və şəxsiyyətini müəyyən etmək mümkün olmamışdır. Təqsirləndirilən şəxs həmin pul vəsaitlərini qeyd olunan vaxtlarda özü məxaric etdiyini bildirmişdir. Beləliklə, məhkəmə iclasında təqsirləndirilən şəxsin etirafı ilə yanaşı zərərçəkmiş şəxsin və şahidin ifadələri, habelə işin məhkəmə iclasında tədqiq edilib öz təsdiqini tapmış digər materialları ilə Təqsirləndirilən şəxs 18 noyabr 2023-cü ildə, saat 19 radələrində Beyləqan şəhəri, Akif Əkbərov küçəsində Şahid məxsus “Mercedes Benz” markalı, **-BJ- *** dövlət qeydiyyat nişanlı avtomobilin qabaq oturacaqları arasında yerləşən əşya qutusundan Şahid anası Zərərçəkmiş şəxs2 adına olan "xxxx" Açıq Səhmdar Cəmiyyətinə məxsus elektron məlumat daşıyıcısı hesab olunan **********976811 nömrəli bank kartını götürüb, həmin gün saat22:36-da Beyləqan rayonu, Birinci Şahsevən kəndində yerləşən “Davud" marketin qarşısında quraşdırılmış "xxxx" Açıq Səhmdar Cəmiyyətinə məxsus bankomata həmin elektron məlumat daşıyıcısını daxil edib bankomatdan Zərərçəkmiş şəxs2 bank hesabında olan 342 manat pulu çıxararaq oğurlaması, yəni gizli olaraq talaması və təkrarən 18 noyabr 2023-cü ildə, saat 19 radələrində Beyləqan şəhəri, Akif Əkbərov küçəsində Şahid məxsus “Mercedes Benz” markalı, **-BJ-*** dövlət qeydiyyat nişanlı avtomobilin qabaq oturacaqları arasında yerləşən əşya qutusundan Şahid arvadı Zərərçəkmiş şəxs1 adına olan "xxxx" Açıq Səhmdar Cəmiyyətinə məxsus elektron məlumat daşıyıcısı hesab olunan **********428601 nömrəli bank kartını götürüb, 20 noyabr 2023-cü il tarixdə, saat 18:39-da Beyləqan rayonu, Birinci Şahsevən kəndində yerləşən “Davud” marketin qarşısında quraşdırılmış "xxxx" Açıq Səhmdar Cəmiyyətinə məxsus bankomata həmin elektron məlumat daşıyıcısını daxil edib bankomatdan Zərərçəkmiş şəxs1 bank hesabında olan 288 manat pulu çıxararaq təkrar oğurlaması, yəni gizli olaraq talaması kifayət qədər sübuta yetmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs həmin hərəkətlərində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3-1-ci maddələrinin tərkibi vardır. Ona görə də o, həmin maddələrlə təqsirli bilinib cəzalanmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissənin müvafiq maddəsində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə görə cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinin məzmununa görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. İş materiallarına əlavə edilmiş Beyləqan rayon polis şöbəsindən verilmiş 24 fevral 2016-cı il tarixli, AZE seriyalı, ******** nömrəli şəxsiyyət vəsiqəsinə əsasən Təqsirləndirilən şəxs xx xxxxxx 1981-ci il tarixdə Beyləqan rayonu, Şahsevən kəndində anadan olmuş, həmin kənddə qeydiyyatdadır. İş materiallarına əlavə edilmiş Beyləqan rayon İcra hakimiyyəti başçısının İkinci Şahsevən kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən verilmiş 22 yanvar 2024-cü il tarixli xasiyyətnaməyə əsasən Təqsirləndirilən şəxs qeydiyyatda olduğu və yaşadığı yer üzrə müsbət xarakterizə olunmuşdur. Məhkəmə Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslərlə barışıq əldə etməsini, zərərçəkmiş şəxslərin ondan heç bir şikayət və tələblərinin olmamasını CM-nin 59.1.12-ci maddəsinə, zərərçəkmiş şəxslərə dəymiş ziyanın könüllü olaraq tamamilə aradan qaldırılmasını CM-nin 59.1.13-cü maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs hərəkətlərində Azərbaycan Respublikası CM-in 61-ci maddəsində göstərilən cəzanı ağırlaşdıran hallar yoxdur. Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin edilərkən məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2003-cü il 25 iyun tarixli, 4 №-li qərarının 1-ci bəndinin 1 və 2-ci abzasında göstərilmişdir ki, «hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin ediməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-nin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər”. “Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır.” Həmin Qərarın 2-ci bəndində göstərilir ki, “məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla, daha yüngül cəza təyin edilməsi müzakirə etməlidirlər.” Məhkəmə Təqsirləndirilən şəxs barəsində cəza təyini ilə bağlı məsələni müzakirə edib, hesab edir ki, yuxarıda göstərilən cəzanı yüngülləşdirən hallarla yanaşı onun şəxsiyyətini, ailə vəziyyətini, əməlidən səmimi peşimançılıq çəkməsini, nəzərə almaqla ona Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə cinayət əməlini törətməsinə görə, həmin maddənin sanksiyasında cəza növü kimi nəzərdə tutulmuş azadlığın məhdudulaşdırılması cəzası təyin edilməsini qanuna və məqsədə müvafiqdir. Məhkəmə həmçinin hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52- 1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə cəzaçəkmə müddəti ərzində yaşayış yerini hər gün saat 22:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, yaşadığı Beyləqan rayon ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifələri qoyulmalıdır. İş materiallarına əlavə edilmiş cinayət işinin materiallarına əlavə edilmiş Beyləqan rayon məhkəməsinin 26 oktyabr 2009-cu il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.2-ci maddəsi ilə təqsirli bilinərək Cinayət Məcəlləsinin 62-ci maddəsi tətbiq edilməklə üç min manat cərimə cəzasına məhkum edilmiş, Cinayət Məcəlləsinin 69.4-cü maddəsinə əsasən həbsdə olduğu bir ay iyirmi üç gün müddət nəzərə alınaraq ona təyin edilmiş cəza yüngülləşdirilməklə üzərində qəti olaraq min manat cərimə cəzası saxlanılmışdır. Beyləqan rayon İcra və Probasiya Şöbəsinin 12 mart 20024-cü il tarixli 07/2024 məktubuna əsasən müəyyən edilir ki, Təqsirləndirilən şəxs 177.2.2-ci maddəsi ilə məhkum edilməsi barədə Beyləqan rayon məhkəməsinin 26 oktyabr 2009-cu il tarixli hökmü həmin Şöbənin icraatına daxil olmamışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 80.1.2-ci maddəsinə əsasən, az ağır cinayət törətməyə görə məhkum edilərkən, məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən yeddi il keçdikdə icra edilməmişdirsə, məhkum edilmiş şəxs cəza çəkməkdən azad olunur. Bundan başqa, iş materiallarına əsasən müəyyən edilir ki, Təqsirləndirilən şəxs barəsində Beyləqan rayon məhkəməsinin 26 oktyabr 2009-cu il tarixli hökmünün icra edilməməsində onun heç bir təqsiri yoxdur. Beləliklə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2-ci maddəsi ilə məhkum edilməsi barədə Beyləqan rayon məhkəməsinin 26 oktyabr 2009-cu il tarixli hökmü Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67-ci maddəsinə əsasən hazırki hökmlə birləşdirilə bilməz. İş üzrə maddi sübut, xüsusi müsadirə təyin edilməsi üçün hər hansı əsas və digər tələb yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-1-ci maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib 2 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Cəzanın əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə cəzaçəkmə müddəti ərzində yaşayış yerini hər gün saat 22:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, yaşadığı Beyləqan rayonu ərazisinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifələri qoyulsun. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Beyləqan rayon İcra və Probasiya Şöbəsinə tapşırılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə mindikdən sonra ləğv edilsin. Təqsirləndirilən şəxs məhkəmə istintaqı dövründə göstərdiyi hüquqi yardıma görə 16 (on altı) saat üçün 96 (doxsan altı) manat Beyləqan rayon vəkil bürosunun vəkili Müdafiəçi ödənilsin. Hökmün surəti həmin hissədə icrası üçün Azərbaycan Respublikası Vəkillər X4 və Tədris Mərkəzinə göndərilsin. İş üzrə maddi sübut, xüsusi müsadirə təyin edilməsi üçün hər hansı əsas və digər tələb yoxdur. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Beyləqan Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Həmin müddət ərzində şikayət və protest verilməzsə hökm həmin müddət bitdiyi gündən sonrakı gün qanuni qüvvəsini alır. Hakim: Ramiz Nurullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar