Məhkəmə qərarları › İş №1(020)-32/2023

Beyləqan Rayon Məhkəməsi Hökm — İş №1(020)-32/2023

20.04.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Beyləqan rayon İş № 1(020)-32/2023 20.04.2023 BEYLƏQAN RAYON MƏHKƏMƏSİ Beyləqan rayon məhkəməsinin hakimi Seyfullayev Seyfəli İzzət oğlunun sədrliyi, Abbasov Zaur Alı oğlunun katibliyi, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbənin Şirvan Apelyasiya Məhkəməsinin yurisdiksiyasına aid olan birinci instansiya məhkəmələri üzrə prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs, Təqsirləndirilən şəxsin müdafiəçisi: Müdafiəçi iştirakları ilə, xx xxxx 1967-ci ildə Beyləqan rayonu, Mil qəsəbəsində anadan olmuş, orta təhsilli, azərbaycanlı, Azərbaycan Respublikasının vətəndaşı, evli, məhkumluğu olmayan, Beyləqan rayon Qaz idarəsində nəzarətçi köməkçisi işləyən, Beyləqan rayonu, Mil qəsəbəsində qeydiyyatda olmaqla yaşayan, barəsində 09 yanvar 2023-cü il tarixdə polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təqsirləndirilən şəxs 2022-ci ilin noyabr ayının ortalarında istintaqa məlum olmayan vaxtda Beyləqan rayonu, Mil qəsəbəsi ərazisində 450 manat pulun qarşılığında tanışı X1 məqsədi olmadan istintaqa məlum olmayan miqdarda tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuananı qanunsuz olaraq əldə edib üzərində saxlamaqla daşımış, o, 07 yanvar 2023cü il tarixdə, saat 16:50-də Beyləqan rayon Polis şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbiri nəticəsində Beyləqan rayonu, Mil qəsəbəsində saxlanılaraq Beyləqan rayon Polis şöbəsinin inzibati binasına gətirilib həmin gün saat 18:30-da üzərində şəxsi axtarış aparılarkən onun satış məqsədi olmadan qanunsuz olaraq əldə edib əynində olan qara rəngli gödəkçənin sol iç cibində iki ədəd kibrit qutusunda saxlamaqla daşıdığı ayrı-ayrılıqda təmiz çəkiləri 3,36 qram və 3,31 qram olmaqla ümumi təmiz çəkisi 6,67 qram şəxsi istehlak miqdarından artıq miqdarda tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə ona elan ediliş ittiham üzrə özünü təqsirli bilərək bildirdi ki, o, Beyləqan rayonu Qaz idarəsində fəhlə kimi işləyir, 30 ilə yaxın müdddir ki, narkotik vasitə olan qurudulmuş marixuana istifadə edir. O, istifadə etdiyi narkotik vasitələri ayrı-ayrı vaxtlarda tanımadığı rayon sakinlərindən alıb çəkmişdir. 2022-ci ilin noyabr ayının ortalarında yaşadığı qəsəbə ərazisində olarkən həmkəndlisi X7 ilə qarşılaşmışdır. O, Müşviqlə söhbət edən zaman Müşviq onda narkotik vasitə qurudulmuş marixuana olduğunu və əgər ona lazım olsa 1 kibrit qutusunu 50 manat pul qarşılığında ona sata biləcəyini bildirmişdir. O, Müşviqdən cəmi neçə qutu qurudulmuş marixuanası olduğunu soruşmuş, Müşviq 9 qutu marixuanası olduğunu və cəmi 450 manata ona sata biləcəyini bildirmişdir. O, Müşfiqə 9 qutu qurudulmuş marixuananın hamısını ona satmasını bildirərək 150 manat pulu hal-hazırda ona verməsini, yerdə qalan 300 manat pulu isə hissə-hissə verəcəyini bildirmişdir. Müşviq onunla razılaşmış və onlar birlikdə onun yaşadığı evin qarşısına getmişlər. Müşviq yaşadığı evə daxil olaraq evdən bir ədəd göy rəngli sellofan torba gətirib ona vermiş, o, torbanın içərisinə baxdıqda torbanın içərisində 9 ədəd kibrit qutusu olduğunu görmüşdür. O, həmin kibrit qutularının hər birini ayrı-ayrılıqda açıb içərisinə baxmış və hər birinin içərisində narkotik vasitə olan qurudulmuş marixuana olduğunu görmüşdür. O, kibrit qutularının yığıldığı sellofan torbanın ağzını bağlayıb cibinə qoymuş və üzərində olan 150 manat pulu Müşviqə vermişdir. Sonra o, Müşviqlə sağollaşıb kənd ərazisində olan su arxının yanına getmiş və içərisində narkotik vasitələr olan kibrit qutularını arxın kənarında olan kolluğun içərisində gizlətmişdir. O, ayrı-ayrı günlərdə narkotik vasitələri gizlətdiyi yerə gedərək narkotik vasitələrdən götürüb istifadə etməyə başlamışdır. Bundan başqa o, narkotik vasitələrin pulundan yerdə qalan 300 manat pulu noyabr ayının sonlarında Müşviqə tamamilə ödəmişdir. O, aldığı 9 ədəd kibrit qutusunda olan narkotik vasitələrin 7 ədəd kibrit qutusunda olanını hissə-hissə çəkib qurtarmışdır. Bu gün, yəni 07 yanvar 2023-cü il tarixdə saat 16 radələrində o, narkotik vasitələri gizlətdiyi yerə gedib yerdə qalan 2 ədəd kibrit qutusunda olan narkotik vasitələri axşam saatlarında çəkmək üçün götürmüş və içərisinə qoyulduğu göy rəngli sellofan torba ilə birlikdə əynində olan qara rəngli gödəkçənin içəri tərəfdən sol döş cibinə qoymuşdur. Bundan sonra o, həmin yerdən uzaqlaşıb yaşadığı Beyləqan rayonu, Mil qəsəbəsi ərazisində gəzişməyə başlamışdır. O, qəsəbə ərazisində gəzən zaman mülki formada olan 3 nəfər şəxs ona yaxınlaşaraq Beyləqan rayon polis şöbəsinin əməliyyat müvəkkilləri olduqlarını bildirib özlərini təqdim etmişlər. Polis əməkdaşları onun qanunsuz olaraq narkotik vasitə istifadə etməkdə və üzərində daşımaqda şübhəli olduğunu bildirmişlər. Bundan sonra polis əməkdaşları üzərinə şəxsi axtarış keçirilməsi üçün əlverişli şərait olmadığını görüb onlarla birlikdə Beyləqan rayon polis şöbəsinə gəlməsini bildirmişlər. O, etiraz etmədən onlarla birgə polis şöbəsinə gəlmiş, polis şöbəsinə gəldikdən sonra onu xidməti otağa gətirmişlər. Polis geyimində olan və özünü Beyləqan rayon Polis şöbəsinin İstintaq bölməsinin müstəntiqi Qoşqar Hacıyev kimi təqdim edən şəxs qanunsuz olaraq üzərində narkotik vasitə saxlamaqla daşımaqda şübhəli olduğunu və bu səbəbdən saxlanılaraq polis şöbəsinə gətirildiyimi deyərək şübhəli şəxs kimi hüquq və vəzifələrimi ona elan edib bu barədə yazılı bildiriş vermişdir. Daha sonra o, ərizə ilə müraciət edərək maddi imkanı olmadığına görə dövlət büdcəsi hesabına müdafiəçi ilə təmin olunmaq istədiyini bildirmişdir. Müdafiəçi hüquqlarının müdafiəçisi kimi dəvət olunmuşdur. Müstəntiq onun üzərinə aparılacaq şəxsi axtarış zamanı video-çəkilişdən istifadə olunacağını bildirmişdir. Bundan sonra polis əməkdaşlarının və müdafiəçinin iştirakı ilə üzərində şəxsi axtarış aparılması barədə Q.Hacıyev məlumat vermişdir. Müstəntiq üzərində qanunla qadağan olunmuş hər hansı maddə, predmet və ya əşya varsa, təqdim etməsini təklif etmişdir. O, əynində olan qara rəngli gödəkçənin içəri tərəfdən sol döş cibindən içərisində 2 ədəd kibrit qutusunda qablaşdırılmış narkotik vasitə qurudulmuş marixuana olan göy rəngli sellofan torbanı çıxarıb təqdim etmiş, X6 tərəfindən həmin sellofan torba açılmış və kibrit qutuları açılaraq içərilərinə baxış keçirilmişdir. Baxış keçirilən zaman həmin kibrit qutularının içərisində tünd yaşıl rəngli, kəskin qoxulu narkotik vasitə olan qurudulmuş marixuana olduğu məlum olmuşdur. O, həmin kibrit qutularında olan kütlələrin narkotik vasitə qurudulmuş marixuana olduğunu və öz istifadəsi üçün üzərində gəzdirdiyini bildirmişdir. Sonra həmin kibrit qutuları elektron tərəzidə çəkilmişdir. Sonra müstəntiq tərəfindən üzərinə axtarış davam etdirilmiş, şəxsi axtarış zamanı əynində olan qara rəngli gödəkçənin sol yan cibindən “Nokia” markalı mobil telefon, gödəkçənin sağ yan cibindən isə 01 ədəd cib dəsmalı aşkar edilmiş, lakin dövriyyəsi qanunla qadağan olunan digər hər hansı bir əşya, predmet və ya maddə aşkar olunmamışdır. Sonra müstəntiq tərəfindən üzərinə şəxsi axtarış keçirilən zaman aşkar edilmiş kibrit qutularında olan kütlələr ağ rəngli zərfə qoyularaq möhürlənmiş, üzəri DİN-nin 86 saylı ştamp əksi ilə möhürlənmiş və iştirakçılar tərəfimizdən zərfin üzərinə imzalar edilmişdir. Sonra üzərinə şəxsi axtarış keçirilməsi barədə protokol tərtib olunmuş və imzalarla həmin protokolu təsdiq etmişlər. Təqsirləndirilən şəxs həmçinin bildirdi ki, o, sonradan əməlindən peşman olmuş və gələcəkdə bir daha belə hərəkətlərə yol verməyəcəyinə söz verir. Odur ki, sadaladığı halların nəzərə alınaraq ona yüngül cəza verilməsini xahiş edir. Şahid1 ifadəsində göstərdi ki, Beyləqan rayon Polis şöbəsinin Narkotiklərlə Mübarizə qrupunun əməliyyat müvəkkili vəzifəsində işləyir. 07 yanvar 2023-cü il tarixdə Beyləqan rayonu, Mil qəsəbəsində qeydiyyatda olan və yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələri əldə etməkdə, daşımaqda və üzərində saxlamaqda şübhəli olması barədə icraatına əməliyyat məlumatı daxil olmuşdur. O, daxil olmuş əməliyyat məlumatının yoxlanılmasına icazə verilməsi üçün raportla rəhbərliyə məruzə etmiş, bundan sonra “təxirəsalınmadan əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə” qərar qəbul etmiş və müvafiq əmrlə onun rəhbərliyi altında Beyləqan rayon Polis şöbəsinin Cinayət-Axtarış bölməsinin baş əməliyyat müvəkkili, polis mayoru Şahid2, Beyləqan rayon Polis şöbəsinin İstintaq bölməsinin müstəntiqi, polis baş leytenanatı X3, Beyləqan rayon Polis şöbəsinin Cinayət-Axtarış bölməsinin əməliyyat müvəkkili, polis kapitanı Şahid3 iştirakı ilə əməliyyat-istintaq qrupu yaradılmışdır. Əməliyyat-istintaq qrupunun iştirakçıları təlimatlandırıldıqdan sonra birlikdə Beyləqan rayonu ərazisində Təqsirləndirilən şəxs ətrafında əməliyyat-axtarış tədbirləri keçirilməsinə başlanılmışdır. 07 yanvar 2023-cü il tarixdə, saat 16:50-də Əsədov X5 rayonu, Mil qəsəbəsi ərazisində onlar tərəfindən saxlanılmışdır. Onlar Təqsirləndirilən şəxs xidməti vəsiqələrini təqdim edərək Beyləqan rayon Polis şöbəsinin əməkdaşları olduqlarını bildirmiş və özlərini təqdim etmişlər. Təqsirləndirilən şəxs saxlanılan zaman hərəkətləri ilə özünü daha da şübhəli aparmışdır. Həmin ərazidə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsi üçün əlverişli şərait olmadığından onu dəvət edib Beyləqan rayon Polis şöbəsinə gətirmişlər. Təqsirləndirilən şəxs istintaq əməliyyat qrupunun üzvü, Beyləqan rayon Polis şöbəsinin müstəntiqi polis baş leytenantı, Qoşqar Hacıyev tərəfindən şübhəli şəxs qismində tutulduqdan sonra dövlət büdcəsinin vəsaiti hesabına müdafiəçi ilə təmin olunmasını istəmiş, X6 Beyləqan rayon Vəkil bürosunun vəkili Müdafiəçi Təqsirləndirilən şəxs müdafiəçi qismində təyin edib ona hüquq və vəzifələrini izah edərək hüquq və vəzifələrinə dair yazılı bildirişi təqdim etmişdir. Təqsirləndirilən şəxs müdafiəçi Vəkil Quliyev tərəfindən hüquqlarının müdafiə olunmasına etirazı olmadığını bildirmiş, sonra həmin gün saat 18:30-da Təqsirləndirilən şəxs üzərinə polis şöbəsinin inzibati binasında Müdafiəçi və polis əməkdaşlarının iştirakı ilə şəxsi axtarış keçirilmişdir. X6 şəxsi axtarışın keçirilməsinə başlayaraq Təqsirləndirilən şəxs üzərində qanunla dövriyyəsi qadağan edilmiş hər hansı əşya və ya predmet varsa könüllü olaraq təqdim etməsini təklif etmiş, bu zaman Təqsirləndirilən şəxs əlini əynində olan qara rəngli gödəkçənin içəri tərəfdən sol iç cibinə salaraq içərisində 02 ədəd kibrit qutusu olan göy rəngli sellofan torba çıxarıb təqdim etmişdir. Həmin göy rəngli sellofan torbanın içərisində olan 02 ədəd kibrit qutusu açılaraq baxış keçirilmiş və həmin kibrit qutularının içərisində tünd yaşıl rəngli, kəskin qoxulu narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlələr olduğu məlum olmuşdur. Daha sonra həmin kibrit qutuları elektron tərəzidə çəkilmişdir. Həmin kütlələrə baxış keçirildikdən sonra Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış davam etdirilmiş, lakin dövriyyəsi qanunla qadağan olunan digər hər hansı bir əşya, predmet və ya maddə aşkar olunmamışdır. Daha sonra Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 02 ədəd kibrit qutusunda olan tünd yaşıl rəngli, kəskin qoxulu narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlələr video çəkiliş vasitəsilə, müdafiəçinin iştirakı ilə götürülüb protokollaşdırılmış, zərfə qoyularaq qablaşdırıldı və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin 86 saylı möhürü ilə möhürlənmişdir. Sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsi barədə protokol tərtib olunmuş və imzalarla həmin protokolu təsdiq edilmişdir. Şahidlər- Şahid2 və Şahid3, Şahid1 ilə eyni məzmunlu ifadə vermişdir. Cinayət işinə əlavə edilmiş: “Şəxsi axtarış və götürmə haqqında” haqqında 07 yanvar 2023-cü il tarixli protokola əsasən Təqsirləndirilən şəxs əynində olan qara rəngli gödəkçənin sol iç cibindən içərisində 02 ədəd kibrit qutusu olan göy rəngli sellofan torba çıxarıb təqdim etmiş, həmin göy rəngli sellofan torbanın içərisində olan 02 ədəd kibrit qutusu açılaraq baxış keçirilərkən həmin kibrit qutularının içərisində tünd yaşıl rəngli, kəskin qoxulu narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlələr olduğu məlum olmuşdur. Həmin kibrit qutuları elektron tərəzidə çəkilərək kütlələrinin ayrı-ayrılıqda müvafiq olaraq 6 qram və 6.04 qram olması müəyyən olunmuşdur. Məhkəmə-bioloji ekspertizanın 08 yanvar 2023-cü il tarixli 18/20 nömrəli rəyə əsasən tədqiqata təqdim olunmuş üzərində: “Təqsirləndirilən şəxs üzərindən...” sözləri yazılmış və imzalar olan kağız paketdəki 2 ədəd kibrit qutusunda ayrı-ayrılıqda təmiz çəkiləri 3,36 qram, 3,31 qram, ümumi çəkisi 6,67 qram olan bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır.Marixuana(kannabis) 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr siyahısı”na daxildir (İ siyahı). Məhkəmə-narkoloji ekspertizasının 24 yanvar 2023-cü il tarixli 343 nömrəli rəyinə əsasən müayinə zamanı Təqsirləndirilən şəxs kannabinoidlərin qəbulu nəticəsində yaranan asılılıq (narkomaniya xəstəliyi) aşkar olunur. Lakin, hal-hazırda abstinensiya, intoksikasiya əlamətlərinin olmamasını nəzərə alaraq, həmçinin öz vəziyyətinə tənqidi münasibətin olması ilə əlaqədar olaraq narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Azərbaycan Respublikası DİN BƏSİİ tərəfindən verilmiş tələbnamədən və iş materiallarından görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu yoxdur. Sübutların qiymətləndirilməsi barədə 14 mart 2023-cü il tarixli qərara əsasən müəyyən edilir ki, X4 barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1-ci maddəsi ilə, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci və 234.4.1-ci maddələri ilə, cinayət işinin başlanması rədd edilmiş, Təqsirləndirilən şəxs narkotik vasitə olan qurudulmuş marixuananı əldə etdiyi mənbəyi ilə bağlı həmin narkotik vasitəni ona satmış X4 barəsində cinayət işinin materiallarından Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə ********* nömrəli cinayət işi ayrılmışdır. Beləliklə də, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, o cümlədən təqsirləndirilən şəxsin özünün səmimi etirafedici ifadəsi, şahidlərin ifadələri, ekspert rəyləri və digər iş materialları ilə tamamilə sübuta yetirildi. Odur ki, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə tövsif edilmiş və o, həmin maddə ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən, Azərbaycan Respublikası CMin 8, 41.2 və 58.3-ci maddələrinə müvafiq olaraq, ədalət prinsipini və sosial ədalətin bərpasını, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumu 04 mart 2011-ci il tarixli 2 saylı Qərarının 25-ci bəndində qeyd etmişdir ki, «Məhkəmələr narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsi ilə əlaqədar cinayətləri törətmiş şəxslər barəsində cəza təyin edərkən CM-in 58-ci maddəsində göstərilmiş cəza təyin etmənin ümumi prinsiplərini rəhbər tutmalıdır. Bu zaman törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsinə, o cümlədən cinayətin törədilmə şəraitinə (belə cinayətlər törədilərkən zor və silah tətbiq edildikdə, humanitar əməliyyatları həyata keçirmək üçün nəzərdə tutulmuş nəqliyyat və s. vasitələrdən narkotik vasitələrin, psixotrop maddələrin qanunsuz daşınması üçün istifadə edildikdə, bu növ cinayətlər islah, hərbi, tibbi müalicə, maarif və təhsil müəssisələrində, idman və ictimai tədbirlər keçirmək üçün nəzərdə tutulan digər yerlərdən istifadə etməklə törədildikdə, narkotik vasitələr və psixotrop maddələr azyaşlı və əqli cəhətdən inkişaf etməmişlərə təklif və təqdim edildikdə, narkotik vasitələrin və psixotrop maddələrin satılması, insan ölümü və sağlamlığa ziyan vurmaqla nəticələndikdə və s.), təqsirkarın şəxsiyyətinə (residivistlər, mütəşəkkil qruplar tərkibində həmin cinayətləri törətmiş şəxslər, narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsi ilə mübarizə aparmalı olan, narkotik vasitələrin saxlanması həvalə edilən, onlardan müalicə və digər məqsədlər üçün istifadə hüququ olan şəxslər və s.) diqqət yetirilməlidir». Təqsirləndirilən şəxs cinayət əməlindən peşman olması Azərbaycan Respublikasının CM-nin 59.2-ci maddəsinə əsasən məsuliyyətini yüngülləşdirən haldır, CM-nin 61-ci maddəsində sadalanan məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində deyilir ki, satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələbinə və Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli qərarının məhkəmələrə tövsiyyəsinə görə, belə hallarda maddənin sanksiyasındakı yüngül cəza növünün deyil, daha ciddi cəza növlərinin seçilməsi əsaslandırılmalıdır və sanksiya hüdudlarında ağır cəza növü yalnız o halda tətbiq oluna bilər ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilməsin, həmçinin məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Yuxarıda qeyd edildiyi kimi Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddənin sanksiyasında azadlıqdan məhrum etmə cəzasına alternativ cəza olaraq azadlığın məhdudlaşdırılması cəzası da nəzərdə tutulmuşdur. Məhkəmə hesab edir ki, cəzanın məqsədləri və cəza təyin etmənin ümumi əsasları baxımından Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması cəzası deyil, azadlıqdan məhrum etmə cəzasının təyin olunmasını əsaslandırmaq mümkün deyil və bu, cinayət qanunvericiliyinin fundamental prinsiplərindən olan ədalət və humanizm prinsiplərinə ziddir. Təqsirləndirilən şəxs etdiyi cinayət əməlindən səmimi peşmançılıq hisslərini biruzə verməsi məhkəməyə bunu deməyə əsas verir. Azərbaycan Respublikası CM-in 52-1-ci maddəsinə əsasən, azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. 52-1.2. Azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: 52-1.2.1. yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; 52-1.2.2. elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; 52-1.2.3. məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; 52-1.2.4. müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. Cinayət işi üzrə Təqsirləndirilən şəxs 07 yanvar 2023-cü il tarixdə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayəti törətməkdə şübhəli şəxs qismində tutulmuş, 09 yanvar 2023-cü il tarixdə Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddə ilə ittiham elan edilmiş və barəsində polisin nəzarəti altına vermə növündə qətimkan tədbiri seçilmişdir. Odur ki, qeyd olunanları yekunlaşdıraraq məhkəmə bu qənaətə gəlir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi AR CM-in 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəza növü nisbətən yuxarı həddə təyin edilməli, Azərbaycan Respublikası CM-in 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulduğu müddət nəzərə alınmaqla təyin olunmuş cəzadan çıxılmalı və ona qəti olaraq azadlığın məhdudlaşdırılması cəzası təyin edilməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserdə profilaktiki qeydiyyata alınmalı, iş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının dəyəri olan 49,74 manat pul Təqsirləndirilən şəxs tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. Beyləqan rayon Polis şöbəsinin “maddi sübutların saxlanması otağı” saxlanılan iş üzrə maddi sübut- keçirilmiş ekspertizadan sonra qalıq qalmış 6,63 qram qalmış narkotik vasitə olan qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, “şəxsi axtarış və götürmə haqqında” haqqında 07 yanvar 2023-cü il tarixli protokola əlavə edilmiş, 12 fevral 2023-cü il tarixli qərarla cinayət işi üzrə maddi sübut kimi tanınmış 01 ədəd DVD disk cinayət işinin materiallarında saxlanmalıdır. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Odur ki, məhkəmə “məhkəmə göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 132, 197, 198, 344-349, 351-353, 356, 358, 381-385-cü maddələrini rəhbər tutaraq, HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, 02 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-in 69.3-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs 07 yanvar 2023-cü il tarixdən 09 yanvar 2023-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu iki günün bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki gününə bərabər tutulmaqla təyin olunmuş cəzadan çıxılsın və Təqsirləndirilən şəxs qəti olaraq 1 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs daimi yaşayış yerini axşam saat 22:00-dan səhər saat 07:00dək tərk etməsinə və yaşadığı Beyləqan rayonunun ərazi hüdudlarını cəza müddəti ərzində tərk etməsinə məhdudiyyətlər qoyulsun. Təqsirləndirilən şəxs üzərinə daimi yaşayış yerini axşam saat 22:00-dan səhər saat 07:00-dək və yaşadığı Beyləqan rayonunun ərazi hüdudlarını cəza müddəti ərzində tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Cəzanın icrası Beyləqan rayonu İcra və Probasiya Şöbəsinə həvalə olunsun və cəzaçəkmə müddətinin əvvəli həmin şöbədə qeydiyyata alındığı andan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserdə profilaktiki qeydiyyata alınsın. İş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının dəyəri olan cəmi 49,74 manat pul Təqsirləndirilən şəxs tularaq Məhkəmə Ekspertizası Mərkəzinin (AZ34CTRE********************) hesabına keçirilsin. Beyləqan rayon Polis şöbəsinin “maddi sübutların saxlanması otağı” ndasaxlanılan iş üzrə maddi sübut- keçirilmiş ekspertizadan sonra qalıq qalmış 6,63 qram qalmış narkotik vasitə olan qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, “şəxsi axtarış və götürmə haqqında” haqqında 07 yanvar 2023-cü il tarixli protokola əlavə edilmiş, 12 fevral 2023-cü il tarixli qərarla cinayət işi üzrə maddi sübut kimi tanınmış 01 ədəd DVD disk cinayət işinin materiallarında saxlansın. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Beyləqan Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya protesti və ya şikayəti verilə bilər. Hökmdən əgər həmin müddət ərzində apelyasiya protesti və ya şikayəti verilməzsə, həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün bu hökm qanuni qüvvəyə minir. Hakim Seyfəli Seyfullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar